ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


XIII. YEKANAT VƏ HƏMƏDAN FOLKLORU



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

XIII. YEKANAT VƏ HƏMƏDAN FOLKLORU 

 

Yekanat mahalında Novruz bayramı 

 

Kəhrizyekəndə Novruz  bayramına  “Əmir  bayramı” da deyir-



lər. Bildiyimizə görə Həzrəti-Əli Əleyhəssəlam Novruz bayramın-

da xilafətdə oturmuşdur. Beləliklə, bu bayrama məzhəbi rəng verə-

rək bu rəsmləri mütəəssib adamların etirazlarından qorumuşlar.  

“Novruz”  kəlməsi  müxtəlif  anlamlarda  yozulub.  O  cümlə-

dən  Novruz  kişilərə  qoyulan  adlardandır.  Habelə  Novruz  gül 

adıdır.  Yazın  ilk  günlərində  qar  əriməyə  başladıqda,  hələ  başqa 

otlar,  güllər  göyərməmişdən  təpələrdə,  dağlarda  ərimiş  qar  ara-

sından özünü eşiyə atmış, bir ağ saqəli, göy rəngli, tək güllü, ba-

laca və zərif bir gülün adına da Novruzgülü deyirlər. 

 

Axır çərşənbə 



 

İlin  axır  çərşənbəsi  müxtəlif  mərasimlərlə  tutulur.  Çərşən-

bədən  qabaqkı  axşam  od  yandırıb,  üstündən  atlanarlar.  Odun 

üstündən  atılanda  bu  sözləri  deyərlər:  “Ağırlığım,  uğurluğum 

düşsün bu od üstünə”. Bu gecə “yeddi ləvin” hazırlanar. “Yeddi 

ləvin” yeddi növ quru yemişdən olur. O cümlədən, iydə, kişmiş, 

cövüz (qoz), badam, basdıq, tut qurusu və sairləri demək olar. 

Bu gecə evlərdə küftə bişirilər, sayı ailənin sayına görə olar 

və bir dənə də “qayib payı” adı ilə artıq salınar ki, qonaq yetişsə, 

onun da payı olsun.  

Arvadlar  və  qızlar  niyyət  edib  qonşu qapılardan  qulaq  asar-

lar,  ya  bir  neçə  nəfər  danışan  adamların  yanından  keçərək,  eşit-

dikləri sözləri öz yanlarında təbir edərlər. Ona görə hər evdə yaxşı 

sözlər danışmağa çalışarlar ki, əgər qulaq asan olmuş olsa, xeyrə 

yoza  bilsin.  Ata-ana  uşaqlara,  danışıqlarına  məvazib olmaq  üçün 

təkid  edərlər.  Özləri  də  o  gecə  uşaqları  danlamaqdan  və  qarğış 

etməkdən çəkinərlər, xüsusilə ölüm barəsində söhbət etməzlər.  

Bu gecənin rəsmlərindən biri şal, ya bərək sallamaqdır. Cavan 

oğlanlar qonum-qonşu damına gedərək, şal, ya bərəklərini (bel şa-


 

303 


lını)  bacadan  içəriyə  sallayarlar.  Ev  sahibi  onun  ucuna  bayramlıq 

olaraq bir zad bağlayar, nişanlı oğlanlar qaynatanın damına gedib, 

şal  sallayarlar.  Sabah  hamı  səhər  tezdən  yuxudan  durar.  Oğlan 

uşaqları evdən çıxıb, üç dəfə su arxından atılarlar. Bəziləri qəbiris-

tanlığa gedib, orada olan daş qoçun qarnının altından keçərlər.  

Arvadlar isə o başdan özlərini kəhrizə yetirərlər və səhəng-

lərini  doldurub  qayıdarlar.  Bu  su  gərək  gün  çıxmamışdan  evə 

yetişmiş  ola.  Su  qabı  evə  yetişincə  yerə  qoyulmamalıdır.  Bu 

suya çərşənbə suyu deyirlər. O gün çay gərək bu su ilə qoyulsun. 

Deyərlər çərşənbə suyu üçün hər kimin muradı olsa, ona yetişər.  

Bayramdan  qabaq  evləri  tökər,  təmizlər  və  çırparlar.  Ev 

çırpmaq  bu  mənadadır  ki,  qəbiristanlığın  şimalında  “Əliyar  gü-

neyinin”  ətəyində  olan,  məxsus  ağ  (müxtəsər  sarıya  çalan)  bir 

torpaqdan  gətirib,  yekə  teştlərdə  suya  töküb,  süpürgəni  ona 

batırıb divarlara çırparlar. Beləliklə, divarları ağardarlar.  

Ürfə.  İlin  axır  gününə  ürfə  deyirlər.  Hər  evdə  bu  gündə 

halva  bişirilib  novalaya  (lavaş  arasına)  büküb  dəstərxana  

bağlayıb, qəbiristanlığa apararlar.  

Hər  tayfa  öz  qəbiristanlığında  bir  başdan  başlayaraq,  hər 

kəsin  ən  yaxın  və  əziz  adamının  qəbrinə  yetişdikdə  qəlbirlərini 

qəbrin  üstünə  qoyub,  fatihə  verərlər.  Fatihə  verildikdən  sonra 

dəstərxan  açılar,  qəlbirlərdəki  halva  orada  olanların  arasında 

paylanar. Bu iş axıracan davam edər. Beləliklə, bir növ halva ilə 

dolu gedən qəlbirlər cürbəcür halvalarla dolu evə qayıdar.  

İlin  təhvil  olması.  İlin  təhvil  olması  zamanı  qabaqcadan 

təqvimlərə  yazılmış  olar.  Lakin  o  zaman  yaxınlaşdıqda,  bir 

məryəm  qurdunu  bir  mis  tasın  içinə  salıb  ətrafında  oturub,  ona 

göz tikərlər.  Məryəm  qurdu  dalısı  üstə  aşanda  deyərlər  il  təhvil 

oldu.  Bir-birləri  ilə  görüşüb-öpüşüb  bayramı  təbrik  edərlər. 

Uşaqlara  bayramlıq  verərlər.  Uşaqlara  alınan  təzə  paltarları 

bayramın qabaqkı axşamı onların ixtiyarlarında qoyarlar. Ciblə-

rinə,  ovuclarına  yemiş,  şirni  tökərlər.  Uşaqlar  təzə  paltarlarını 

başları üstə qoyub sabahın həvəsi ilə şirin yuxuya dalarlar. 


 

304 


Hüzür  yerləri.  Bayramın  ilk  günü  hüzür  yerlərinə  gedərlər. 

Hüzür yeri keçən ildə bir adamı ölmüş evə deyirlər. Son illərdə hü-

zür yerlərinə getmək rəsmini də ürfə gününə salıblar ki, daha bay-

ram günü qəm-qüssə və ölüm söhbəti arada olmasın. Bayram günü 

hamı  təzə  paltar  geyib,  görüş  üçün  bir-birlərinin  evinə  gedərlər. 

Uşaqlara hər yerdə pul, rəngli yumurta kimi bayramlıqlar verərlər.  

Tayfa  əhalisi  bir  yerə  yığışıb,  birlikdə  tayfa  evlərinə  gedib, 

bayramı təbrik edərlər. Hər evdə, şirni, quru yemişlər, plov, halva, 

qızılgül  mürəbbəsi  və  sairə  yeməklər  qaba  qoyular.  Ev  sahibi  gə-

lənlər  üçün,  alma,  boyalı  yumurtadan-zaddan  verər  və  bu  bay-

ramlıqlar arada paylanar. Əlbəttə, payın çoxunu uşaqlara verərlər. 

İl  təhvil  olanda  hamı  çalışır  ki,  öz  evində  ailəsinin  yanında 

olsun. Bayramın ilk dörd günü o ilin dörd fəslinin nümunəsi kimi 

nəzərdə  tutular,  onların  üzü  ilə  gələn  fəsillər  barəsində  qəzavət 

olunar. Bayram günləri “sizdəh” gününə qədər böyüklü-uşaqlı kü-

çələrdə (arvadlar həyətlərdə) cürbəcür oyunlar oynarlar. Böyüklər 

badam  ilə  “təkmə  cüt”  (tək,  ya  cüt)  oynarlar.  Bu  oynanılan  ba-

damların sayı çox olduğuna görə ovucda gətirmək əvəzində yerdə 

bir miqdar ayırıb əl altda saxlayaraq, hərifdən tək, ya cüt dediyini 

soruşar,  sonra  bir  dəfə  badamları  cüt-cüt  sayıb  udub  –  uduzanı 

təyin  edərlər.  Badam  sayı  əl-əl  sayılar,  hər  əl  də  beş  dənədir, 

məsələn, 42 dənə badam olsa, bu hesabla səkkiz əl ilə bir cüt olar. 

Kişilər  küçələrdə  pullu  aşıq  qumarı  oynayar,  yumurta 

döyüşdürərlər. Arvadlar da “löpik  mıncıq” (beşdaş) oyunu kimi 

oyunlarla məşğul olarlar.  

Sizdəh günü (13-cü gün). Sizdəh günü Yekanatda başqa yer-

lər kimin tutulmaz, təkcə oğlan uşaqları, yeniyetmələr iştirak edər, 

neçə nəfər birlikdə naharlarını götürüb çölə, yaxın dağlara gedərlər. 

Böyüklər demək olar ki, bu işə qarışmaz, kənddən eşiyə çıxmazlar. 

Bəzən qızlar, arvadlar fürsətdən istifadə edərək, çölə pencərə gedib, 

eyni  halda  şənlik  edərlər.  Üst-üstə  demək  olar  ki,  sizdəh  /13/ 

mərasimi Yekanatda məxsusən, fars tərəfləri kimi tutulmaz.  

Sizdəh  günü,  demək  olar  ki,  bayram  günlərinin  qurtarmağı 

deməkdir.  Bu  gündən  sonra  səfərə  gedən  çoxalar.  Kəhrizlərin 

suyuna  qıra  (qərə)  atılar  və  əkinçilərə  su  verilər.  Mədrəsələr 



 

305 


açılar, iş günləri rəsmən başlayar. Deməli sizdəh günü qış rahat-

lıqlarının,  bayram  günlərinin  sonu,  ciddi  çalışmaların,  fəaliy-

yətlərin başlanğıcının bəşarətçisidir. 

 

BAYRAM OYUNLARINDAN ÖRNƏKLƏR 

 

Yumurta döyüşdürmə (çaqqışdırma) 

 

Kəhrizyekənddə Novruz bayramı günlərində müxtəlif oyun-

lar  oynanılır.  Bu  oyunların  biri  yumurta  döyüşdürmək  oyunudu 

ki,  bişmiş  yumurta  ilə  iki  adam  arasında  iki  (ya  bir  qatar) 

yumurta  ilə  oynanılır.  Oyunçuların  biri  (yumurtası  bərk  olan) 

yumurtanı ovucunun  içində gizlədib, təkcə onun  baş tərəfini  bir 

az açıq qoyaraq yatar, o biri açıq qalan yerindən mülayim döyər. 

Hər kəsin yumurtasının başı sınsa, o biri tərəfini (künəsini-arxa-

sını) döndərib ovucun  içində saxlayır. O biri  hərif yumurtasının 

başı  ilə  yenə  də  çaqqışdırar.  Bu  zaman  iki  halət  üz  verə  bilər. 

Əgər  o  yumurtanın  künəsi  sınsa,  yumurtanı  hərifə  verməlidi. 

Əgər  o  biri  salim  yumurtanın  başı  sınsa,  bu  dəfə  o,  yumurtanı 

döndərib,  yatar  və  yumurtasının  hər  iki  tərəfi  sınan  hərif 

yumurtanı  o  biri  hərifə  verməli  olar.  Bu  oyunda  bəzən  hər  iki 

yumurtanın  hər iki tərəfi sınar. Bu zaman udub, uduzmaq arada 

olmaz, hər kim öz yumurtasına sahib olar. 

Lakin  bu  oyun  sadə  yox,  çoxlu  təşrifat,  çənə  vurmaqla 

keçirilər.  O  cümlədən  hər  iki  hərif  hər  iki  yumurtanı  dəfələrlə 

dadarlar. Yumurtanı dadmaq  belədir ki,  həriflər  yumurtanın  hər 

iki tərəfini ehmalca üst ənglərinin qabaq dişinə döyərlər. Onların 

səsindən  yumurtaların  hansının  bərk  olduğu  bilinər.  O  zaman 

bir-birlərinə  “Sən  yat...,  sən  yat”  deyirlər.  Əlbəttə,  yumurtası 

bərk  olan  yatmalıdı.  Yatmaq  isə  haman  yumurtanı  ovcunda 

gizlədib, aşağıda saxlamaqdır. Bəzən yumurtaların biri bərklikdə 

tapılmış  olursa,  o  biri  hərif  onu  başa-baş  döyüşdürməyə  hazır 

olmaz. O şəxs yumurtasının başını bir az əyməlidir. O biri tərəf 

mürəttəbən  “əy”,  ya  “əyil”  deyə  yumurtanı  əyməyə  əmr  edir. 

Yumurtanın nə qədər əyilməli olduğunu təyin etmək üçün o şəxs 



 

306 


(yumurta  sahibi)  barmağında  ağzından  bir  az  tüpürcək  götürüb 

yumurtanın  başından  bir  az  aşağı  tüpürcək  ilə  bir  xal  salar.  Bu 

zaman yenə də çənə vurmaq başlanır. 

–  Yox...  bir  az  aşağılıq  (xal)  sal...hər  halda  razılaşdıqdan 

sonra  o  xal  salınan  (əyilən)  yumurta  yatmalı,  o  biri  tərəf  yu-

murtasının  başı  ilə  mülayimətlə  o  xalın  yerindən  o  yumurtanın 

başına çalmalıdır. Bəzən hərif çətin razılaşsa, o biri hərif haman 

şəraitdə yumurtaları əvəz etməkdə hazır olar. 

Qatar  oyununda  bir  neçə  (məmulən  –  10)  yumurtanı  qatar 

düzərlər. Bu oyun məlulən çoxlu bişmiş yumurta hazırlamış olan 

dükanlarda oynanılmış olar. 

Hər iki  hərif  yumurtaları dadıb  neçə dəfə  yerlərini dəyişdi-

rəndən sonra nəhayət onların biri bir tərəfdən yumurtanı götürüb 

yatar (ovcunun içində saxlayar), o biri hərif də ikinci yumurtanı 

götürüb,  onun  ovcundakı  yumurtanın  açıq  qalan  yerindən 

(başından) çalır. Yumurtalar bu çaqqışdırmada bir-bir sınarlar və 

hər  kəsin  əlindəki  yumurtanın  hər  iki  tərəfi  sınsa,  onu  yerə 

qoyub, qatardan bir ayrı yumurta (tərtib üzü ilə) götürər. Burada 

yumurtası  sınan  yatmalıdır.  Oyunun  sonunda  hər  kimin  əlində 

bir tərəfi, ya iki tərəfi salim yumurta qalsa, o, oyunu udmuş olur, 

yumurtaları  götürər.  O  biri  tərəf  isə  yumurtaların  pulunu  dü-

kançıya  verər.  Söz  yox  iki,  bu  oyunların  şirinliyi,  gözəlliyi  də 

haman təşrifatlarda, çənə vurmaqlardadır.  

Buna  görə  də  Yekanatda  bərk  yumurtalayan  toyuq  qədri 

bilinər.  Bir  atalar  sözündə  deyilir  ki:  “Toyuğun  pisi  bərk  yu-

murtalar”.  Misri  toyuq  (morql-şaxdar)  adlanan  ev  quşlarının 

yumurtası məmuli toyuqlardan çox bərk olar. 

 

RƏSMLƏR, QAYDALAR 



 

Xüsusi qonaqlıqlarda çay verəndə əgər doymuş olsan, gərək 

stəkanı nəlbəkidə yanı üstə yatırdasan, yoxsa nə qədər ki, stəkan 

yatmayıbdı çay veriləcək. 

– Biri ilə əl verəndən sonra əli (işarə barmağının yanından) 

öpərək alına qoyarlar. 



 

307 


– Arvad çətin doğanda, bir nəfər çıxıb damda əzan verər. 

– Ölü öləndə qara paltar əvəzinə göy paltar geyilər. Amma 

gəlinlərə ərindən savayı hər kimi də ölsə ər evi tərəfindən “Sənin 

ərin hələ sağdır” deyə qara, ya göy geyməyə icazə verilməz. 

–  Ölünü  taxta  üstə  (məmulən  küçə  qapısının  bir  yanını 

çıxarıb) qazanlarda qızdırılmış su ilə yuyurlar. 

Sonra  pambıq  taxıb,  kafur  vurub,  iki  dənə  qoltuq  ağacı 

qoltuqlarına  qoyarlar.  Bu  ağaclar  söyüd  ağacından  kəsilər, 

təqribən  bir  qarış  boyda  olur.  Yolda  tabut  aparanlar  tez-tez 

dəyişərlər. Qəbiristanlığa yetişməmiş tabutu yerə qoyub, kəndin 

mollasının dalında üzü tabuta eyni  halda üzü qibləyə sarı durub 

meyit  namazı  qılırlar.  Sonra  aparıb  iki  ip  köməkliyi  ilə  qəbrə 

sallayar,  qəbrin  içində  bir  iki  nəfər  ölünü  sağ  çiyni  üstə  (üzü 

qibləyə)  qəbrin  dar  qismətində  (ləhəd)  zorla  yerləşdirib,  bir 

nəfər əlini çiyninə qoyub, təlqin edəndən sonra sal daşları üstünə 

qoyub, sonra torpağı töküb qəbri doldururlar. 

–  Qurban  bayramı  yeddi  ləvin  günü  (axır  çərşənbə)  hər 

evdə küftə bişirilər. 

–  Qara  bayram  –  ölüsü  ölənlər  üçün  qabaqdan  gələn 

məzhəbi bayram (qurban, ya oruc bayramı, hansı olsa) və gələn 

Novruz bayramı o ölünün qara bayramı sayılır.  

– Oğlan uşaqları mədrəsə yaşına yetişməmiş 5-6 yaşlarında 

kəsilərlər (xətənə olarlar) . 

–  Yekanatda  o  biri  yerlər  kimi  müxtəlif  münasibətlərdə 

“pay”  aparılar.  Bu  isə  çox  evlərə  ağırlıq  edər,  bu  paylar 

məmulən neçə dənə yumurta, ya bir tas qatıq, ya çox vaxt bir-iki 

tikə qənd olar, çox mühüm olsa isə “kəllə qənd” aparılar. 

– Orucluğun 28-də (İbni-Müncəm günü) məmulən sarımsaq 

yeyərlər ki, ağızlarından pis qoxu gəlsin. 

– Yekanatda yas məclisində ölü sahibi (arvadlar) ölən şəxsə 

ağlayarlar.  Başqa  arvadlar  isə  hər  kəs  öz ölülərini  yanarlı  sözlə 

ağılarla  oxşayıb  ağlayar,  bəzən  keçmiş  babalarını,  atasını 

oxşayıb ağlayar, beləliklə, ölülər heç vaxt yaddan çıxmazlar. 

 


 

308 


İNAMLAR 

 

Yekənlilərin (bəzi ayrı  yerlər kimi)  inamlarına görə heyva-



natın çoxu əvvəlcə adamlar imiş, sonra dönüb heyvan olublar. 

Məsələn: 

– Meymun adam  imiş,  lakin  əli  bitli-bitli (dırnaqları  ilə  bit 

öldürdüyü halda) əlini xəmirə vurub, odur ki, meymun olub. 

–  Tısbağa  –  dəyirmançı  imiş,  özgələrə  un  borc  verərmiş, 

lakin  unu  verəndə  bala  kasa  ilə  verib,  alanda  böyük  çanaqla 

alarmış. Odur ki, Allahın əmri ilə tısbağa olub, kiçik kasa altda, 

böyük  kasa  üstündə  qalaraq  bu  iki  kasanın  içində  həmişəlik 

zindanda yaşamışdır. 

Bubəbu  –  bir  gəlin  imiş.  Bir  gün  həyətdə  lüt  oturub  başını 

daramaqda  ikən  qaynatası  xəbərsiz  həyətə  daxil  olurkən  gəlin 

xəcalətindən Allahdan istəyir ki, onu bir quş eləsin. Elə oradaca 

darağı başında quş şəklinə düşür.  

– Qəyələnquş (qaranquş)  – Qəyələnquş  iki cürdü, biri düm 

qara  olub,  saatlarla  göydə  uçar.  Heç  yerdə  qonub  qalmaz. 

Yuvadan  çıxıb,  yuvaya  da  bir  baş  qayıdar.  Uca  yerlərdə  yuva 

qoyar, adamdan uzaq gəzər. Bir növü isə qanadları qara, bədəni 

ağ,  uzun  quyruğu  olur.  Adama  çox  yovuşar,  yuvasını  evlərin 

içində, ya eyvanda nifən (səqf)nin tirlərinin böyründə, ya divar-

ların  lap  başında  (evin  içində)  ağızlarında  palçıq  çöp  gətirərək 

möhkəm  bir  şəkildə  qayırar.  Bu  quşlar  fəzlərini  yuvadan  eşiyə 

salarlar,  amma  ev  əhli  bundan  narahat  olmaz.  Ancaq  yuvanın 

altına kağız, ya köhnə parça salar, gündə süpürərlər.  

Kimsə bilməz ki, hər il yazda tapılıb gələn bu quşlar keçən ilki 

quşlardır,  yainki  onların  bildirki  böyümüş  balalarıdır.  Çünki 

əhalinin  əqidəsinə  görə  qəyələnquş  bir  ildən  artıq  yaşamaz.  Buna 

görə də qalib bir əfsanələri də var: deyirlər, dünyanın əvvəllərində 

ömür paylananda hamı quşlar paylarını almışdılar. Təkcə sərçə ilə 

qəyələnquş  qalıbmış.  İki  qalan  ömrün  də  biri  “min”  il,  o  biri  isə 

“bir”  il  imiş.  Sərçə  bir  hoqqa  qayıraraq,  qəyələnquşdan  soruşur: 

“Sən  bu ömürlərin  hansını  götürmək  istəyirsən,  Min  ili  istəyirsən, 

ya  bir...  ili”  (bir  kəlməsini  çox  uzadır).  Qəyələnquş  bir  ilin  çox 



 

309 


olduğunu zənn edərək, deyir ki, mən həmən o bir .... ili istəyirəm. 

Odu ki, sərçə min il yaşayır, qəyələnquş isə bir il. 

Bir  ayrı  əfsanədə  deyilir  ki,  İbrahim  peyğəmbəri  oda  atıb, 

yandırmaq  istəyəndə  qəyələnquşlar  dimdiyində  su  gətirib,  odun 

üstünə tökürdü. Sərçə isə dimdiyində çöp gətirib oda salaraq onu 

daha da qızışdırırdı.  

Sərçə  kənddə  çox  olur.  Heç  kəsin  ondan  acığı  gəlməz. 

Ancaq  yaz-yay  ox  atan  ilə  vuran  olsa,  yaxud  qışda  otağa  salıb 

qapını  bağlayıb,  bir-bir  tutub  boğazlarını  üzüb  bir  tərəfə  atan 

olsa, kiminsə ürəyi yanmaz.  

–  Qəcələ-(sağsağan)  –  qəcələ  xoş  xəbərlər  gətirər.  Hansı 

həyətdə  otursa,  bu  deməkdir  ki,  onların  səfərdən  gələnləri  ola-

caq.  Bu  zaman  ev  sahibi  oturub  kimin  səfərdən  gəlməyi  barə-

sində fikirləşər. İllərlə gedib unudulmuş adamlar yada düşərlər. 

–  Bayquş  –  (bəyquş)  bəd  əməl  olar,  hansı  evə  qonsa,  ora 

tezliklə darmadağın olar. Xaraba yerləri sevər, oralarda yaşayar. 

–  Cərcək  –  (Xərçəng)  adamı  dişləsə,  eşşək  anqırmayınca, 

gecələr adamın yuxusuna gələr. 

–  İsti  suyu  yerə  tökəndə,  ya  gecə  qaranlıqda  gedəndə 

“bismillah”  deməsən,  cinlər  arxalanar,  adama  sələmə  yetirərlər. 

Çünki cin “bismillah”dan qorxar, eşidən kimi qaçar.  

– Qəbiristanlığı barmaq ilə göstərmək yaxşı deyil. Əgər biri iş-

tibahən görsətsə, tez barmağını dişləyib, ayağının altına qoymalıdı. 

–  Ayət-ül-kürsi  oxuyub,  ətrafa  püfləsən  dövrəndə  bir  qala 

düzələr ki, oğru yol tapıb, içəri gələ bilməz. 

Deyirlər, keçmişdə bir tacir çöldə yükləri açıb qalmalı olur. 

Gecə ayət-ül-kürsi oxuyub, ətrafa püfləyib yatır. Ancaq demə ki, 

onun  bir  kəlməsini  qələt  oxumuş  imiş,  elə  ordan  da  bir  dəlik 

qalır,  oğru  gəlib  haman  dəlikdən  girib  şeylərin  aparır.  Səhər 

taciri-binəva  durub  görər  ki,  lələ  köçüb  yurdu  qalıb,  ticarədən 

heç zad qalmayıbdır. 

–  Şiələrin  nəzərincə  “Quran”  33  cüzv  imiş.  3  cüzvünü 

ikinci  xəlifə  oğurlayıb,  odur  ki,  indi  30  cüzv  qalıbdır  (Əlbəttə, 

bu yanlış bir fikirdir. “Quran” əvvəldən də 30 cüzv imiş). 



 

310 


Deyərlər,  bir  evdə  oxuyan  olmasa,  o  evdə  kitab  saxlamaq 

günahdı.  Odur  ki,  bir  savadlı  adam  ölüb  gedəndə  kitabları  ya 

ayrı  adama  verməli,  ya  aparıb  məscidə  qoymalısan.  Odur  ki, 

bəzi  məscidlərdə  minbərin  altı  kitabla  dolu  olar,  xüsusən, 

İmamzadə minbərinin altı. 

Amma təzə dərs oxuyan, ağ ilə qaranı seçən uşaqlar hərdən 

gedib,  minbərin  altında  toz  basmış  kitabları  alt-üst  edərək,  “əz-

vareq”  (vərəq-vərəq)  edərlər.  Beləliklə,  kitablar  dağılıb  aradan 

gedər.  Bu  kitablar  içində  “Quran”  kimi  kitablar  da  olar.  Onları 

dağıdıb, ayaqlamaq günah sayılır. Buna görə bu kitabları aparıb, 

qəbiristanlıqda yer qazıb hamısını quylamışlar. Ancaq gələcəkdə 

əgər  ittifaqən  bu  çürümüş  kar-kağızlar  torpaq  altından  kəşf 

olunsa, nə kimi fərziyyələrin qabağa gələcəyi məlum deyil. 

– Səfərə çıxanda tülkü qabağa çıxsa,  ya pul sikkəsi tapılsa, 

səfər xoş olar. 

– Düyü dənəsi yerə düşsə, insan onu kirpikləri ilə yığmalıdır.  

–  Biri  and  versə,  əlbəttə  anddan  keçmək  olmaz,  ancaq  o 

andı  batil  etmək  üçün  lazımdır  deyilsin:  “Aşqa-puşqa,  tu,  qara 

yerə”. Əlbəttə, bu uşaqlar arasında rəsmdir.  

–  Nəqqaşlıq  etmək  günahdı,  çünki  çəkilən  adam  və  hey-

vanlar o dünyada nəqqaşdan can istəyəcəklər. 

–  Havada  bir  neçə  bulud  tikəsi  olub,  yağış  yağanda,  bir 

tərəfdə də gün görsənəndə deyərlər ki, “Qurd doğur”. 

–  Hava  guruldayanda  deyərlər  ki,  “imam”lar  at  çapırlar, 

atların ayaqlarının səsidi. 

–  Uşaqlar  oynayanda  əgər  yağış  başlasa,  anasının  ilki  olan 

bir uşaq bir “ərsin”,  ya ayrı dəmir parçası eşiyə atıb, bu  ibarəni 

desə -“mən anamın ilkiyəm, ağzı qara tülküyəm” yağış kəsər.  

– İldırım  yerə düşəndə  “almaz” olar. Həmçinin deyərlər  il-

dırım  keçədən  keçməz.  Deyilənə  görə  xarici  məmləkətlərin  bi-

rində  olsun  ki,  Rusiyətdə  bu  işi  təcrübə  edib  bolluca  almaz  ələ 

keçirtmişlər.  

–  Əjdahanın  vücuda  gəlməsi:  -  deyirlər  pələng  özündən 

ucasını görə bilməz. Ay çıxanda ayı bütünlükdə başının üstündə 



 

311 


görəndə,  dağlardan  yuxarı  gedər,  lap  başa  çatanda  genə  də  ayı 

özündən üstdə gördükdə, hirslənib aya tərəf atılar, dərəyə düşüb 

ölər, bədəni qurdlanar, həmən qurdlar böyüyüb əjdaha olarlar. 

–  Əjdaha  yer  üzündə  qalmaz,  göydən  zəncir  sallanıb,  onu 

yuxarıya  çəkərlər.  Bunu  öz  gözləri  ilə  görüb,  ya  zəncirlərin 

səsini eşitmək iddiası edənlər də olur.  

– İlan  əti  yeyən adam cadu qüdrəti tapar. İlanı  bişirib  yemək 

üçün gərək bir qarış başından və bir qarış da quyruğundan kəsəsən. 

–  Biri  kefsiz  olub,  başı  ağrısa,  bir  Quranı  gətirib  onun 

üzünün  qabağında  saxlayıb  üç  dəfə  açıb,  möhkəm  büküb,  onun 

tozunu naxoşun burnuna versən, yaxşı olar. 

–  Bəzi  uşaqların  boğazları  ağrayanda  məşhur  olan  bəzi 

arvadlar gəlib, onun boğazında bir şeyin qaldığını iddia edir, çox 

təşrifatdan  sonra  görürsən  ki,  onun  burnundan  püfləyərək, 

boğazından  toxum,  toxum  qabığı,  bəzən  də  alça,  ya  ərik  dənəsi 

kimi bir şeylər çıxardarlar ki, guya boğazında qalmış imiş. Hətta 

bəziləri çıxardılan toxumun, ya  ərik dənəsinin orda göyərib zoğ 

və yarpaq verdiyindən də söhbət edir.  

–  Qırxlı  uşağın  üstünə  getsən,  o  adamın  ağırlığı  uşağın 

üstünə  düşər.  Odur  ki,  uşağın  qırx  günü  olunca  evə  gələnlər 

eşikdə  dayanarlar,  uşağı  evdən  çıxarıb,  həyətə,  ya  soyuq  olsa, 

ayrı  otağa  keçirdərlər.  Gələn  qonaq  evə  girəndən  sonra  uşağı 

onun dalısınca evə gətirirlər. Əlbəttə, o adam dubarə o evə gəlsə, 

daha bu işə ehtiyac yoxdur. 

–  Zahı  arvad  başının  altına  bir  dəmir  bıçaq,  qayçı  kimi  bir 

şey  qoymalıdı.  Eşiyə  çıxanda  da  o  bıçaq  ağzı  açıq  halda  əlində 

olmalıdı.  Bu  iş  görülməsə,  al  onu  aparar  yəni  –  alıbani  –  al 

arvadı  ona  və  uşağına  xətər  yetirər.  Bəziləri  deyərlər  uşağı 

aparar,  ya  öldürər,  yaniki  zahının  ciyarını  çıxardar.  Odu  ki, 

zahını heç vaxt tək qoymaq olmaz. 

– Albani (alyabani) başqa “al”, ya “al arvadı” kimi adlar ilə 

İranın  hər  yerində  mərufdur.  Deyilənlərdən  məlum  olur  ki, 

əvvələn,  dişidi,  lüt  və  paltarsız  dolanar,  çox  da  uzun  olur.  Odu 

ki, çox uzun adamı ona oxşadarlar. Onun rəngi barəsində söhbət 



 

312 


olmayıbdırsa,  lakin  ağ  dərili  olduğu  güman  olunur.  Buna  aşa-

ğıda  verdiyimiz  məlumatlar  yol  göstərə  bilər.  Dediyimiz  kimi, 

inamlara görə bu  mövcud zahı arvadlara ziyan  yetirə bilər. Xü-

susən altıncı gecə onun xətəri lap çoxdur. Ancaq onun barəsində 

bir dastan hamı tərəfindən mənimsənilərək nəql olunur.  

Çox  adamlar  iddia  edirlər  ki,  onların  ikinci,  ya  üçüncü 

babaları  bir alyabanini tutub saxlamış  imiş. Guya bu  mövcudun 

döşünə  sancaq  taxsan  heç  yerə  gedə  bilməz,  özü  də  guya  o 

sancağı çıxartmağa qadir olmaz. 

Azad  olandan  sonra  guya  bir  dəfə  gəlib  damın  bacasından 

başını  içəri  soxaraq,  ev  əhli  ilə  danışıbdı.  Ondan  insanın  ətinin 

harasının çox ləzzətli olduğunu soruşanda: “dabanı”, deyə cavab 

vermişdir. Beləliklə, məlum olur ki, o zavallı mövcud elə hamı-

nın  babasına  tutulub  və  hamısına  da  onların  yeddi  arxdan  dö-

nənləri ilə işi olmadığı barədə söz verib və bunların hamısından 

da  iki  nəsildən  artıq  keçməmişdir.  Və  hələlik  5  nəslə  qədər  xə-

yalları  rahat  olmalıdı.  Çünki  kişinin  qızı  söz  verib  və  sözünün 

üstündə  durubdu.  Amma  bununla  belə  genə  də  arvadlar  qor-

xurlar,  dəmirsiz  eşiyə  çıxmazlar,  başlarının  altına  da  bir  zad 

qoyarlar. Bu barədə məzəli məsəl vardır. 

– Bir nəfər qaranlıqda gedərkən, demə, börkünün dimdiyindən 

bir ağ sap sallanmış imiş. Amma o sapa yaxın olduğuna görə onu 

bir  uzun  ağ  bir  şey  kimin  qabağında  durduğunu  zənn  edir.  Bu  ağ 

mövcud o, qabağa getdikcə onunla gedir. Bədənini qorxu bürüyür. 

Onun  nə  ucalıqda  olduğunu  bilmək  üçün  başını  yavaş-yavaş 

yuxarıya qovzayır, görür ki, hər nə qədər yuxarıya baxırsa, o göyə 

çəkilib, başı görsənmir. Bu zaman bu ağ, uzun mövcudun alyabani 

olduğunu yəqin edərək, elə oradaca bağrı çatlayıb ölür.  

– Deyərlər “Buvə” nifildən adamın üstünə düşsə çala bilər. 

Çalanda  adam  tez  ölə  bilər.  Odu  ki,  buvə  adamı  çalan  kimi  o, 

gedib  qəbiristanlıqda  yol  üstündə  durub  deyər:  “İndi  çaldığım 

adamın cənazəsini gətirəcəklər”. 

– Süftə – dükançılar süftə eləməmiş nisyə verməzlər. Çünki 

əvvəl  satım,  hər  nə  cür  olsa,  axşamacan  o  cür  gələr.  Bəzi 



 

313 


adamların  “əli”  yüngül  olar,  əgər  səhər  əvvəl  müştəri  bu  cür 

adam olsa, o gün alver yaxşı gedər.  

–  Su  içəndə  bir  əlini  başına  qoymalısan.  Bu  cür  eləməsən, 

içilən su başa çıxar.  

–  İnama  görə  buludlar  dəryadan  su  götürüb  başqa  yerlərə 

səpərlər. 

–  Yağış  –  bəziləri  öz  gözləri  ilə  buludu,  dəryadan  su 

götürüb qovzananda gördüklərinə and içərlər. 

– Göydə ulduz axanda deyərlər ki, bir nəfər öldü. Çünki hər 

kəsin göydə bir ulduzu var, o, ölən kimi ulduzu axıb yerə düşər. 

–  Gün  tutulanda  deyərlər  İrana  zərəri  var,  amma  ay 

tutulanda Osmanlıya zərər eylər. Günün tutulmağına deyirlər ki, 

bir  əjdaha  göydə  günəşi  kamına  çəkmək  istəyir.  Bu  zaman 

arvadlar  əjdahanı  ürküdüb,  günəşi  qurtarmaq  üçün  damlara 

çıxıb,  mis  qabları  bir-birinə  çalıb,  səs  salırlar.  Beləliklə,  əjgaha 

günü boşlayıb qaçır, gün azad olub yenə də parlayır.  

–  Yekanatda  yağış  az  yağsa  da,  qar  çox  gəlir.  Deyərlər  ki, 

Həzrəti-Peyğəmbər  qar  gələndə  əbasını  başına  çəkərək,  deyərdi 

ki, o qar anbarını ki, mən göydə görmüşəm.... o, qurtaran deyil.  

–  Məkkə  yolu  –  göyün  ortasından  –  Şimaldan  Cənuba 

çəkilən  Məkkə  yoludur.  Oradan  karvanlar  gəlib  getdiyi,  çoxlu 

saman töküldüyünə görə bu yol ağdır. 

–  İt  uluyanda  –  qurd  səsi  verəndə  deyərlər  ki,  göydən  bəla 

gələcəkdir. Bu zaman insanın bədənini qorxu bürüyür.  

– Toyuq banlasa başı kəsilməli, ya bir seyidə verilməlidir. 

–  Yuxuda  “diş  düşmək”  insanın  bir  yaxın  adamının  ölmə-

yinin əlamətidi. 

Yuxuda ata minmək böyüklük əlamətidi. Hər halda yuxunun 

özündən  mühüm  onun  yozulmasıdır.  Onu  əvvəl  yozmaq  çox 

əhəmiyyətlidir. Odur ki, yuxunun mənası yaxşı olmasa da, “Allah 

xeyir  eləsin”,  “xeyirdir,  inşallah”,  “bir  kaffarə  ver”  kimi  sözlər 

deyərlər.  Hətta  yuxu  sahibi  yuxusunu  nəql  eləməkdən  qabaq  bir 

yuxu  görmüşəm,  “Allah  xeyir  eləsin”  deyir.  Deyərlər  bir  nəfər 

yuxuda  görür  ki,  hamıdan  ucada  duracaqdır.  Həmən  yuxunu  bir 



 

314 


başqasına  dedikdə,  deyir  ki,  bu  yuxunun  mənası  odur  ki,  sən 

padşah olub, hamıdan başda olacaq idin, lakin o, əvvəl təbir edən 

pis  təbir  etdiyinə  görə  səni  dara  çəkəcəklər.  Və  o  cür  də  olur. 

Axşam olmamış o biçarəni günahsız dara çəkirlər. Odur ki, yuxu-

nu hər kəsə deməzlər, başı çıxana, yaxşı yozana müraciət edərlər. 

– Yeriyə-yeriyə aya baxmaq yaxşı deyil. 

– Aya çox baxan dəli olar. 

– Bizdə “yeylər” “cin” adlı əfsanəvi mövcudlara deyirlər, on-

ların  aşkar  adlarını  çəkməkdən  qorxurlar.  Guya  insanın  gözə  gö-

rünməyən,  ya  hər  vaxt  istəsələr  görükən  mövcudların  içində  bir 

həmzadı  bahəm doğulmuş  vardır ki,  hərdən əziyyət eylər. Bismil-

lahdan qaçarlar. Gecə qaranlıqda yol gedəndə “Bismillah” deməsən 

mümkündür  ki,  ayaqlanar.  İsti  su  da  eşiyə  atanda,  bu  kəlməni 

deməsən, onlar yanar. Onda adama ziyan yetirmiş olarlar. Bunların 

yeri məmulən hamamlarda, xaraba dəyirmanlar kimi yerlərdə olar.  

–  İtmiş  bir  şeyi  axtaranda  şeytana  nəhlət,  lənət  desən,  tez 

tapılar. Çünki çox vaxt bu şeyləri şeytan gizlətmiş olur.  

– Süpürgə ilə süpürəndə əgər bir adama dəysə, onda süpür-

gədən bir çöp sındırıb atarlar. 

–  Yol  yeriyəndə  biri-birinin  ayağını  ayaqlasa,  ayağı  ayaq-

lanan dönüb o birisilə “ayaqlaşdıq, gəl əl verək” deyə əl verər. 

–  Deyirlər  şeytanın  bir  qıçı  arvad,  bir  qıçı  isə  kişidi,  bir-

birinə sürtdükcə balalayıb tökər.  

– Donuza barmaq vursan yumaq ilə təmizlənməz, o barmaq 

gərək kəsilə. 

–  Qarışqa:  Deyərlər,  Həzrəti-Süleyman  bir  gün  bir  qarış-

qaya  deyir  ki,  nədəndi  sənin  belin  belə  nazik,  amma  başın  belə 

yekədi?  Qarışqa  cavab  verir  ki,  belimin  nazikliyi  qənaətcillik-

dəndi.  Çünki  mən  ildə  fəqət  bir  dənə  buğda  yeyirəm,  başımın 

yekəliyi isə ağlımın çoxluğundandı. 

Həzrəti  Süleyman  “İmtahan  edirik”  deyə,  əmr  edir  qarış-

qanı bir mücrüyə salıb, bir buğda dənəsi də yanına qoyub, ağzını 

bağlayıb  möhürləyirlər.  Bir  ildən  sonra  açanda  görürlər  ki, 

qarışqa  buğdanın  təkcə  yarısını  yeyib.  Bunun  illətini  soruşanda 



 

315 


deyir  ki,  “dedim  bəlkə  yadından  çıxdı  bu  mücrünün  ağzını  il 

başında  açmadız,  barı  bir  illik  də  xörəyim  olsun”.  Beləliklə, 

qarışqa hər iki iddiasını sübut edir.  

–  Üzərlik  salmaq  nəzərlənməyin  qabağını  alır,  adamı  bəd 

nəzərdən  qoruyur.  Nəzərlənməyə  göz  vurmaq  da  deyilər,  uşaq-

ların qollarında dua, ya pitik olar. Bu pitik göy parçaya müsəlləs 

şəklində  tikilər,  üstünə  bir  göy  mıncıq  xərmöhrə  tikilər.  Bu  da 

uşağı bəd nəzərdən, başqalarından hifz edər.  

– Gələcək işlərdən söhbət edəndə “inşallah” demək lazımdı.  

– Bir uşağı tərif edəndə “maşallah”deməsən göz dəyər.  

–  Bıçağın  ağzını  açıq  qoymaq  yaxşı  deyil.  Gecə  yatanda 

xüsusən  yaşlı  arvadlar  təşəhhüdlərini,  əşhhüdlərini  deyərlər: 

yataram  inşallah,  duraram  inşallah,  durmasam  əgər  əşədü  iləhə 

illəllah”. Əgər yuxuda ölsən, dünyadan müsəlman kimi gedərsən.  

–  Qarğa  yol  yeriyəndə  hoppana-hoppana  gedər.  Deyərlər  bir 

zaman qarğa istədi ki, kəklik kimin yerisin, çox çalışdı, amma gördü 

ki, işi deyil, qayıtdı ki, öz yerişini yerisin, gördü ki, yadından çıxıbdı. 

O  vaxtdan  demə  atılı-atılı  qaldı.  Ordan  da  bu  məsəl  qalmışdı  ki, 

“Qarğa gəldi kəklik yerişi yerisin, öz yerişini də yadından çıxartdı”.  

–  Deyərlər,  Ay  oğlandı,  Gün  qız,  ha  gedərlər  bir-birlərinə 

yetişməzlər.  

– Deyərlər: pis vaqiə üçü bir-birinin dalısınca gələr. Odu ki, 

iki bəd ittifaq xətərsiz keçəndə deyərlər ki: “Allah üçüncüsündən 

saxlasın”. 

– Bir zad sınanda, sahibinin dilxoşluğu üçün deyərlər: “Ey-

bi  yoxdu, qada, bəla  idi, getdi”. Yəni  mal  ziyanı  cana  yetişəcək 

ziyanların qabağını tutar.  

–  Subay  qalmaq  dinin  dediyinə  görə  günahdı.  Deyərlər, 

subay adama dam, divar qarğış edər, oruc-namazı da düz olmaz. 

Odu ki, sini keçmiş arsız qarılar özlərini zahiri olaraq, bir kiçik 

oğlan uşağına, ya bir kor, ya əlil dilənçiyə siğə edir.  

– Qurbağaya əl vursan, əlinə ziyil düşər.  



 

316 


–  Keçi,  ya  qoyun  itib  gecə  çöldə  qalsa,  bir  məxsus  dua 

oxuyub,  bir  bıçağa  püflüyüb,  bıçağı  bağlarlar:  –  Deyərlər  “qur-

dun ağzını bağladım”. Daha qurd o davarı yeyə bilməz.  

– Diz qucaqlamaq, ya əli qoltuğuna qoymaq yaxşı deyil.  

– Bir oğlan uşağının  əli ağır olsa birini vuranda çox incitsə 

deyərlər, dul arvad alacaq.  

– Hər kəs çölmək, ya qazan dibi yalasa, deyərlər ki, toyun-

da qar yağar.  

–  Bəzilərinin  dilinin  üstünə  pay  çıxar.  Deyərlər,  özgə 

adamın payını yeyəndə o cür olar. Onun əlacı budu ki, bir nəfərə 

deyər  “dilimə pay çıxdı”, o da deyər ki,  “tüpür yerə düşsün”, o 

da tüpürər, pay bərtərəf olar.  

– Deyərlər, şeytan kiçik uşaqları aldadır, deyər ki, axşamacan 

mənlə işlə, axşam bir şahı verəcəm. Axşam olanda, onu da verməz. 

Odu  ki,  kiçik  yaşlı  uşaqlar  axşamacan  çabalarlar,  heç  yorulmaq 

bilməzlər. Bir məsəl də var deyərlər ki, “uşaq şeytan qalasıdı”. 

– Biri gedib bir yerdə ölsə, deyərlər ki, torpaq çəkdi. 

–  Evdən  çıxıb  səfərə  gedənin  dalısınca  su  səpsən tez  qayı-

dar,  ya  müzahim  qonaq  çıxıb  gedəndə,  dalısınca  qara  çölmək 

sındırsan bir də qayıtmaz.  

–  Adamın  gözü  atsa,  qonaq  gələcək.  Söz  olanda  deyərlər: 

elə filankəsdən ötrü, gözümüz atır. Adamın əli qaşınsa, deyərlər 

“əlinə pul gələcəkdi”. 

– Çörəyi ayaqlasan, gözünü tutar, evin bərəkəti qaçar. 

–  Uşaqlar  böyüklərin  dövrəsinə  dolananda  mane  olub 

deyərlər ki, “başa dolanmaq pis olar”. 

– İt qorxaq adamı tanıyar, ona da hücum edər. Çünki  itdən 

qorxan  adamın  başından  yaşıl  işıq  qövzanar  və  beləliklə,  it 

qorxaq adamı tanıyar.  

–  Bir  evdə  ilan  olsa,  onu  öldürməzlər.  Deyərlər,  o  ilan  o 

evin sahibidi. Əməldə də bu ilanın ev əhli ilə işi olmaz, bəlkə də 

onlara adət etmiş olar. 

– Qarpız qabığı kəmirənin başına keçəl düşər. 


 

317 


– Bir məclisdə çox məzəli sözlər deyilib gülüşülsə, deyərlər 

çox güldük ziyanını çəkərik. 

–  Adam  birinin  bədbəxtliyinə,  ya  pis  gününə  gülsə, 

deyərlər, gülmə, başıya gələr.  

–  Tək  səbir  –  bir  yerə  yollananda,  ya  bir  məsələ  barəsində 

danışılanda,  səbr  gəlsə  o  işdən  əl  çəkmək  yaxşı  olar.  Getmək 

məcburi  olsa,  bir  az  ayaq  saxlayıb,  bir  salavat  çevirib  sonra 

getmək lazımdır. 

–  Çoxlarının  bu  işdə  dərin  etiqadları  var  və  səbir  gələn  işi 

görməyə  onları  heç  vəsilə  ilə  razı  salmaq  olmaz.  Amma  əgər 

səbir  cüt  gəlsə  əsəri  olmaz.  İkidən  artıqda  gəlsə  ki,  “soyuq 

dəymə”dir  deyə  işlərinin  dalısınca  gedərlər.  Beləliklə,  səbir  ilə 

asqırmanın  fərqi  var.  Səbir  o  işin  şərli  və  ziyanlı  olduğunu 

göstərir.  Bir  az  ayaq  saxlamaq  onların  nəzərincə,  o  xətərin 

soruşub getməyinə səbəb olur.  

Deyirlər,  məsələn,  əgər o saat eşiyə çıxsan  mümkündür ki, 

səni maşın bassın. Amma bir az gec getsən, o maşın keçmiş olar. 

Əgər  bir  iş  barəsində  və  gələcəkdə  nə  iş  görüləcəyi 

barəsində  fikir  qabaqdan  tutulubsa  söhbət  olanda  səbir  gəlsə,  o 

səbri  təyid  və  ümidvarlıq  əlaməti  sayaraq,  deyələr  “Səbir  gəldi, 

ya səbr sahibi! Səbir deyir səbr eylə, işlər hamısı düzələr”.  

–  Səfərə  çıxanda  səbir  gəlsə,  hökmən  səfər  dala  salınma-

lıdır.  Odur  ki,  o  zaman  çalışarlar  ki,  kiçik  uşaqlar  yaxında 

olmasınlar.  

– İstixarə etmək də işlərdə, məxsusən əgər adam iki köyüllü 

olsa,  təsmim  tuta  bilməsə,  onun  müsbət,  ya  mənfən  təsmim 

tutmağına  köməklik  edər.  İstixarəni  bəzən  mollaya,  savadlı 

adam yanına gedib “Quran”dan tutarlar. 

Məmuli  işlərdə  təsbih  və  ya  çərəkədən  istifadə  edərlər. 

Məsələn, bir neçə dənə mıncıq ayırıb, bir çərək bir dəfə “xeyir” 

gəlsə,  istixarə  yol  verib,  “şər”  gəlsə  məlumdur  ki,  istixarə  yol 

verməyib və görülən iş zərərli olacaqdır.  

– Bir kibrit ilə üç siqar yandırmaq yaxşı deyil, üçüncü siqar 

üçün o kibriti keçirdib, bir ayrı kibrit yandırılmalıdır. 



 

318 


– Boylu arvadın başına özü bilmədən duz töksən, əgər o, əlini 

başına çəksə, qız doğar, burnunun altına çəksə isə oğlan doğacaq. 

–  Cavan  arvad,  əri  ölsə  bir  kuzə  su  aparıb,  onun  qəbrinin 

üstünə tökməli, kuzəni orada daşa çırpıb sındırmalıdır.  

–  Əjdaha  dağı  –  Yekanatın  cənub  səmtində  qərar  tutan  iki 

hündürlüyə  ağ  və  qara  əjdaha  deyərlər.  Qara  əjdahanın  bir  yeri 

çuxurdu. Belə deyirlər ki, ora onun boynudur, ağ əjdaha ilə dava 

edərkən o çuxur ağ əjdahanın onun boynundan qopartdığı yerdi.  

–  Ölü  dəfn  olunan  günün  axşamı  qəbrin  ayaq  tərəfində  od 

yandırırlar.  

– Xoş saat – Səfərə çıxmaq üçün “xoş saat” təyin olmalıdı. 

Talibən  molla,  ya  savadlı  yanına  gedib  səfərə  çıxmaq  gününü 

təyin edirlər. Bəzi günlər “nəsdir, o günlərdə mühüm iş görmək, 

o  cümlədən,  səfərə  çıxmaq  yaxşı  deyil.  Üst-üstə  hər  qəməri 

ayında yeddi gün nəhs sayılır. Bu günlər ibarətdir ayın üçü, beşi, 

on  üçü,  on  altısı,  iyirmi  biri,  iyirmi  dördü,  iyirmi  beşi.  Bu 

məsələ qədimdən İranda rəsm  imiş. Necə ki,  Əbu Nəsr Fərhani 

öz “Nəsib-əl-subyan” əsərində bu günləri belə nəzmə çəkmişdir. 

Sətri tərcüməsi belədir: 

“Yeddi gün hər ayda, bil, nəhs sayılır, 

Çalış o günlərdə əzaba düşmə, 

Üçü, beşi, on üçü bir də on altısı 

İyirmi bir, iyirmi dörd, iyirmi beşlə”, 

–  Müsəlləh  –  el  ocağı  kimi  anılır.  Yekəndə  yağışı  çağırış 

kimi  keçirilir.  Xüsusən  yazın  orta  və  axır  aylarında  əkinəcəklər 

susuzluqdan  yanıb,  quruyur.  Havada  bir  tikə  də  olsa  bulud 

tapılmaz.  Hər  yerdə,  hər  məclisdə  söz-söhbət  elə  bu  barədə 

yağışın  yağmamasından  olar.  Bir  gün  qərar  qoyub  hamı  kişilər 

kəndin şərqində olan imamzadəyə gedərlər.  

Kəndin  mollası,  bəzən  yuxarı  Yekənin  mollası  da  gəlib 

“növhə” və  “mərsiyyə” oxuyar, kişilər doyunca ağlayıb  əl göyə 

götürüb  Allahdan  yağış  istəyirlər.  Əgər  o  günlərdə  yağış 

yağmasa, bu səfər arvadların  növbətidir ki, el ağacına çıxsınlar. 

Amma  arvadların  getməsi  kişilərdən  tamamilə  fərqlidir.  Onlar 



 

319 


“pinik” deyilən bir şəkildə gedər, ağlamaq əvəzinə çətir tutarlar. 

Təyin  olunmuş  gündə  arvadlar  qab-qacaq,  samavar,  çaydan  və 

sursat götürüb, imamzadəyə yollanar, onun ətrafında dəstə-dəstə 

ocaq  qurub  samavara  od  salıb  çay  qoyub  şənlik  salır,  oynayıb 

oxuyurlar.  Onlar  kişidən  xali  olan  çölü,  dağ-daşı  başlarına 

alırlar. Qavalaşma-sulaşma... şuluq  və şadlıq, gülüş səsləri dağ-

daşı  bürüyər.  Günü  bu  cürə,  şənliklə  başa  yetirib,  axşamçağı 

şuxluq  ilə  kəndə  qayıdarlar.  Gah  da  görərsən  ki,  o  günlərdə 

yağış yağdı. O zaman arvadlar döş verib şişərlər ki, “Hə gördüz? 

Kişilər yağış yağdıranmadılar, amma biz yağdırdıq”.  



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin