AZƏrbaycan diLİ VƏ tariXİ



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix31.01.2017
ölçüsü1,83 Mb.
#7201
1   2   3   4   5   6   7   8   9   ...   16

PƏNAH XAN KİM İDİ? 
 
Şuşa haqqında danışmaqdan qabaq onun bani və müəssisi olan Pənah 
xan haqqında bildiklərimi, yəni onun kim olduğunu  əsili-nəsəbi 
haqqında topladığını məlumatı qısaca olaraq qeyd etməyi lazım bildim... 
Qədim tayfalardan olan Cavanşirlərin əmirlərindən biri olan Pənahəli 
bəy bir müddət Gəncə xanlarının
1
 yanında eşik ağası  işlə-yirdi. Bir 
müddət işlədikdən sonra bu xidməti özünə "ar" hesab edərək oradan 
köçüb yenidən Qarabağın Cavanşir oymağına gəldi. 
Pənahəli bəyin var-dövləti günü-gündən artıb çoxalır. Bu səbəbdən 
də hörmət, şövkət və izzəti də artıb Qarabağda ən məşhur bir adam olur. 
O, Qarabağda evlənir, ailə sahibi olur. Yenicə doğulmuş oğlunun adını 
Əli qoyurlar. Ata-anasının sevgili övladı bir az sarışın olduğu üçün onu 
Sarıca  Əli deyə çağırırlar. Pənahəli bəyin  ətrafına toplanan nökər, 
çoban, ilxıçı və qeyri xidmətçilərdən ibarət yeni təşkil olunmuş obanın 
adını  bəyin sevimli oğlunun  şərəfinə Sarıcallı (Sarıca  Əlili) qoyurlar... 
Vaxt keçir Sarıca  Əlidən olan oğlu  İbrahim Xəlil ağa ata babasının 
dövlətini daha da artırır. O, Ağdamda bağ və mülk, Arazbarda və Araz 
qırağında mülk və yataq yerləri alır. Yaylaqda da özünə  məxsus bir 
imarəti var idi ki, bu "İbrahim Xəlil qalası" adı ilə məşhur idi. 
İbrahimxəlil ağanın iki oğlu var idi. Bunlardan birinin adı  Fəzləli 
bəy, digərinin adı  Pənahəli bəy idi. Hər ikisi cəsur, rəşid, bacanqlı  və 
ağıllı gənclər idi. 
İranda Nadir Qulu xan hakimiyyəti öz əlinə almış, Azərbaycanın bir 
çox yerlərini, o cümlədən, Cavanşir oymağını da işğal etmişdi. Adəti 
üzrə Nadir Qulu xan hər yerdə cəsur və rəşadətli gəncləri öz ordusuna 
cəlb edirdi. O, Cavanşir oymağından da İbrahimxəlil ağanın  oğlanları 
Fəzləli bəyi və  Pənahəli bəyi öz ordusunda xidmətə almışdı. 
Göstərdikləri  şücaətə görə Nadir şah Fəzləli bəyi  əvvəlcə naib, sonra 
eşik ağası  təyin etmişdi. Çox keçmədi ki, xain adamların fitvası ilə 
Fəzləli bəy öldürüldü. Onun vəzifəsini kiçik qardaşı  Pənahəli bəyə 
tapşırdılar. Çox keçmədi ki, xain və düşmən adamların fitnə və fəsadı ilə 
Nadir  şah Pənahəli bəydən də  şübhələndi və ona qarşı  rəftarı  dəyişdi. 
Nadir şahın ona qarşı olan qorxulu baxışlarından 
                                                           
1 Söhbət mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyindən gedir. 
 
 
79

və  qəzəbli rəftarından Pənahəli bəy anlayır ki, şah tez-gec onu məhv 
edəcəkdir. Eyni zamanda əlinə çomaq alıb yasavullarla həmsöhbət 
olmağı özünə ar hesab edib, fürsət tapan kimi oradan qaçmağı  qərara 
alır. Bunun üçün də miladi 1745-ci ildə Nadir şahın hüzurundan qaçaraq 
Qarabağa - öz yaxın adamlarının içərisinə  gəlib, orada sakin olur. 
Pənahəli bəy öz yaxın adamlarından bir dəstə təşkil edərək gah Qarabağ 
yollarında, gah da Şirvan çəmənliklərində dolanır və günü-gündən işləri 
tərəqqi etməkdə idi. Nadir şah dəfələrlə  Şirvan və  Təbriz hakimlərinə 
fərmanlar göndərib Pənahəli bəyin tutulmasını  və  şahın hüzuruna 
göndərilməsini təkidlə tapşırmışdı. Lakin bu fərmanı icra etmək heç də 
mümkün olmamışdı. Səbəbi bu idi ki, xalq Pənahəli bəyi müdafiə  və 
mühafizə edirdi. Bu vəziyyət 1747-ci il camadiyəl axır ayının sonuna 
qədər davam etdi. Həmin tarixdə Nadir şah Xorasanda öldürüldü. şahın 
ölüm xəbərini eşidən kimi Pənahəli bəy qızmış bir şirə döndü. Hər tərəfə 
hücum edərək onu narahat edən düşmənlərə  zərbə endirdi. Nadirin 
zülmü nəticəsində Xorasana və Gilana sürgün edilmiş Kəbirli, Cavanşir 
və başqa Qarabağ tayfalarının vətənə qayıtmağına  şərait yaratdı. 
Pənahəli bəy onları qarşılamaq üçün Azərbaycan və  İraq sərhədinə 
qədər gedib, onlara kömək göstərdi. Əlsiz-ayaqsız müflis olmuş qaçqın 
həmvətənlərinə  mənzil, yer-yurd verib yaşayış üçün şərait yaratdı. 
Bununla o, əhali arasında son dərəcə böyük bir hörmət, nüfuz və rəğbət 
qazandı. 
Pənahəli bəy öz nüfuzundan siyasi məqsədlə istifadə etdi. Artıq 
onunla Naxçıvan, Təbriz, Ərdəbil və başqa vilayətlərdə hesablaşırdılar. 
Bu vəziyyətdən istifadə edən Pənahəli bəy heç bir hakimdən fərman 
almadan özünü Xan elan edib Qarabağı, eləcə də qismən Gəncə, Təbriz, 
Ərdəbil və Naxçıvan vilayətlərinin bəzi torpaqlarını idarə etməyə 
başladı. 
Pənahəli xanın bu şöhrəti Cənubi Azərbaycan hakimi Əmiraslan 
xana da yetişdi. Əmiraslan xan vaxt itirmədən şəxsən Qarabağa gəlir və 
Pənahəli xanla görüşür. Pənahəli xanın işlərini bəyənib həmin axşam 
ona sultan səhəri xanlıq rütbəsi verir. Nadir şahdan sonra İranda 
hökmdarlıq edən Adil şahdan xahiş edir ki, Pənahəli xana xanlıq 
rütbəsini təsdiq etsin... Adil şah öz növbəsində  rəsmi surətdə  Pənahəli 
xana xanlıq rütbəsi fərmanı, eləcə də cavahiratla bəzənmiş qılınc, çoxlu 
hədiyyələr göndərir. Pənahəli xanın şöhrəti gündən-günə ucalırdı. 
  
 
80

PƏNAH XANIN İNŞA ETDİYİ İLK QALALAR VƏ 
ŞƏHƏRLƏR 
 
Biz burada ilk qala və  şəhərlər sözünü şərti mənada işlədirik. 
Məlumdur ki, Qarabağ  ərazisində  Bərdə, Örənqala və Beyləqan kimi 
tarixi  şəhərlər və qalalar vardır. Bu şəhər və qalalar Pənahəli xan 
dövründən  əsrlərcə  əvvəl yaranıb-yaşayıb, dəfələrlə dağılıb, xarab 
edilib, yenidən həyata qayıdıb. Bizim məqsədimiz tarixin yaddaşına 
sadiq qalan Pənahəli xanın inşa və təsis etdiyi ilkии qala şəhərlər haqda 
məlumat verməkdir. Məlumdur ki, Pənahəli xan hakimiyyətinin ilk 
illərində Bayat və Şahbulaq qalalarını tikmiş, orada hakimiyyət sürmüş 
və oranı  tərk etmişdir. Bunun səbəblərini oxucuya çatdırmaq bizim 
məqsədimizdir. Həmin qalaları  tərk etmək zərurəti isə  Şuşa qalasının 
inşa edilməsinə  şərait yaratmışdır. Yuxarıda dediyimiz kimi Pənahəli 
xanın dövlət, izzət və  şöhrəti günü-gündən artıb yüksəlməkdə idi. Bu 
yüksəliş  və inkişafı görən qonşu bəylər və xanların bir çoxu onun 
qarşısında əyilməyə və dostluq binası qoymağa başlamışlar. 
Bununla belə  Pənahəli bəy hakimiyyətə başlar-başlamaz, qarşısında 
belə bir vəzifə qoymuşdu: Qarabağı əhatə edən xanların bir çoxu zahirdə 
dost və müttəfiq olsalar da, fürsət məqamında qanlı bir düşmənə çevrilə 
bilərlər. Odur ki, xanlığın möhkəm bir istinadgahı yaradılmahdır. Bu 
daldalanacaqda yaşayış üçün zəruri binalar, eləcə  də  səngər, müdafiə 
hasarı tikilməli idi. 
Bu məqsədlə  Pənahəli xan 1747-ci ildə Bayat qalasının binasını 
qoydu. Qısa müddətdə qalaya hasar çəkdi, xəndək və başqa istehkamlar 
tikdirdi. Sonra Pənahəli xan ailəsini, qonşularını, mahalın başqa nüfuzlu 
şəxslərini köçürüb Bayatda sakin etdi. 
Pənahəli xan bir müddət Bayatda yaşadı.  Şəki xanı Hacı  Çələbiyə 
burada qalib gəldi. Bu sınaq dövründə Bayatın coğrafi  şəraitinin 
əlverişli olmaması meydana çıxdı.  Əvvələn, yaz və yay vaxtı elat 
yaylağa getdiyindən qalanın ətrafında  əhali azaldı. Bu səbəbdən qalanı 
elə yerdə tikmək qərara alındı ki, o həm dağ, həm də aranla əlaqədar 
olsun. Bu məqsədlə bir çox fikir, məsləhət və  məşvərətdən sonra 
Ağdamın 5-6 kilometrliyində yerləşən və  Şahbulaq adlanan yerdə qala 
və istehkam düzəltmək qərara alındı. Həqiqətdə  də  Şahbulaq Bayata 
nisbətən daha əlverişli müdafiə yeri idi. Miladi 1748-ci ildə 
  
 
81

Şahbulaqda sürətlə qala və lazımi inşaat işləri aparıldı. Elə bu zaman 
Xaçın məliki Pənahəli xana mane olmaq istədi. Onlar ətraf ermənilərdən 
iki minə yaxın qüvvə toplayaraq Ballıqaya adlı yerdə səngər qurdular və 
Pənahəli xana qarşı üsyan qaldırdılar. Pənahəli xan əvvəlcə  nəsihət və 
mülayimliklə erməniləri intizama çağırdı  və dedi ki, Şahbulaqda qala 
tikmək onlara ziyanlı deyil, bəlkə  həddən artıq mənfəətlidir. Lakin 
erməni bandaları Pənahəli xanı eşitməyib öz inadlarından əl çəkmədilər. 
Nəhayət, qanlı vuruşma başladı. Pənahəli xan özündən artıq silahlı 
ermənilərin səngərinə hücum edib üç günlük vuruşmadan sonra onları 
məğlub və darmadağın etdi. Bu hadisə  Şahbulağın tikintisini daha da 
sürətləndirdi. Tezliklə Şahbulaq kiçik qala-şəhər halına salındı: Burada 
hamam, bazar, məscid və başqa zəruri binalar tikildi. Pənahəli xan 
Bayatdan və  ətraf kəndlərdən öz etibarlı adamlarını  Şahbulaq qalasına 
köçürtdü. 
Əlbəttə, Şahbulaq Bayata nisbətən nə qədər əlverişli və möhkəm olsa 
belə, yenə  də xanlığın artan tələbatına və  məqsədlərinə cavab vermək 
səviyyəsində deyildi. Bu səbəbdən xan özünə daha qüdrətli bir müdafiə 
qalası yaratmaq qərarına gəldi. 
O öz yaxın adamları ilə müzakirə, müşavirə edərkən Vərəndə məliki 
Şahnəzər onun köməyinə gəldi. Onun məsləhəti ilə Şuşa qalasının əsası 
qoyuldu. 
Məlik  Şahnəzərin Qarabağ  Xəmsə  məlikləri ilə münasibəti 
pozulmuşdu. Bu səbəbdən Pənahəli xana pənah gətirib xanın dostu və 
müttəfiqi olmuşdu. Məlik Şahnəzər qızı Hürzad xanımı Pənahəli xanın 
böyük oğlu  İbrahimxəlil ağaya  ərə vermişdi. Məlik  Şahnəzər onu 
öldürmək istəyən digər erməni məliklərindən xilas olmaq yolunu Pənah 
xanla sıx dostluqda görürdü... Şüşə kəndinin 6 verstliyində mənzərəli bir 
yerdə, hər tərəfdən sıldırım qayalarla əhatə olunub, yalnız bir tərəfdən 
gəlib-getmək mümkün olan yer yeni qala üçün seçildi. Qalanın yeri 
meşə ilə örtülü idi, yalnız az hissəsi otlaq üçün istifadə olunurdu. 
Pənahəli xan yeni iqamətgahının yerinə baxıb çox bəyəndi. xanın əmri 
ilə salmacaq qala şəhərin yerini öyrənmək üçün bir heyət yaradıldı. 
Həmin komissiyanın qarşısında yeganə çətinlik burada suyun olmaması 
idi. Lakin tezliklə aydın oldu ki, burada bəzən çox dayaz yerdən su 
çıxır. Bir neçə yerdən quyu qazdırıb su çıxdığına şahid oldular. Pənahəli 
xan dərhal həmin ərazidə qala salmaq və şəhər tikmək əmrini verdi. 
 
82

Miladi 1750-ci ildə Şuşa şəhərinin binası qoyulmuşdur. Pənahəli xan 
tezliklə  şəhərin  ətrafına möhkəm bir hasar çəkdirib hər növ təcavüzə 
qarşı müdafiə sistemi və möhkəm bir səngər düzəltdikdən sonra daxili 
islahat və inşaat işlərinə başladı. 
Bayat və  Şahbulaq qalalarında olduğu kimi Şuşa qalasında da ilk 
tikililər sırasında hamam və  məscid var idi. Şəhər meydanında tikilən 
məscidi yenidən İbrahimxəlil xan təzələdi. XIX əsrdə isə İbrahim xanın 
qızı Gövhər ağa bu məscidi tamamilə söküb yenidən tikdi. Xalq 
arasında bu məscidə Yuxarı  məscid də deyilir. Sonralar xalqın 
ehtiyacına görə daha əzəmətli Aşağı  məscid tikildi. Biz memarlıq 
abidələrindən danışanda bu haqda ətraflı  məlumat verəcəyik. 
Ümumşəhər hamam və  məscidlərindən başqa, məhəllə  məscid və 
hamamları da var idi. 
Yuxarı  məscid  şəhər meydanına baxırdı, meydan və Rasta bazarla 
bazarbaşına doğru 300 metr uzanırdı. Bazarbaşında divanxana binası 
tikilmişdi. Divanxana Qarabağın Rusiya ilə birləşməsinə qədər işləyirdi. 
Sonra rus qoşun hissələri bu binaya zəng asıb, qüllə tikib rus hərbi 
kilsəsi etdilər. Həmin kilsə Sovet hakimiyyətinə  qədər işləyirdi. 
Əsrimizin 20-ci illərindən başlayaraq 60-cı illərə qədər kilsə binasından 
(qədim divanxanadan) şəhər klubu kimi istifadə olundu. Pənah xan 
Şuşanı qədim Azərbaycan memarlıq abidələri ənənələri əsasında tikmək 
üçün adamlar göndərib Təbriz,  Ərdəbil və başqa  şəhərlərdən ustalar 
gətirmişdi. Sonralar həmin ustaların özləri də Şuşada sakin oldular. 
Təbii olaraq xan Şuşaya öz adını verərək onu Pənahabad 
adlandırmışdı.  Şuşa  şəhəri bina olan kimi xan burada zərbxana açdırıb 
pul kəsdirdi. Xanlığın gümüşdən kəsdirdiyi pula da şəhərin adı 
"Pənahabad" verilmişdi. Xalq arasında bu ad dəyişdirilib sadəcə olaraq, 
"Pənavat" deyirdilər. Bu pul əski çar Rusiyasının gümüş pulu ilə 15 
qəpik dəyərində idi. Eyni zamanda, bu pul "təklik" və "cütlük" olmaqla 
iki növ idi. Təklik 15 qəpik, cütlük 30 qəpik hesab olunurdu. Qarabağda 
"Xan  ərşini" adı ilə bir ölçu miqyası  dəxi var idi. Bu ərşin hazırkı 
metrdən 5-10 santimetr artıq olmuşdur... Eyni zamanda çəki daşı olaraq 
"İstil" deyilən ağırlıq (miqyası) ölçüsü tətbiq olunurdu. Bu da təxminən 
800 qram ağırlığında idi. Həmin çəki daşı haqqında xalq arasında 
müxtəlif rəvayətlər vardır. Bəziləri onun ağırlığını 600 qr, bəziləri isə 
bir kiloqram hesab edirlər. Amma bizim zənnimizcə 800 qram daha 
doğrudur. 
 
83

Xalq arasında yaşayan belə bir mahnı var: 
 
Ay qurtarıb, bayrama üç gün qalıb,  
Pinti arvad qovurmanı qurtarıb.  
Kişi gedib istilyarım yağ alıb... 
 
İstilyarım rusun qədim çəki daşı etibarilə üç girvənkə (funt) 
miqdarında, yəni 1200 qrama bərabərdir. 
Pənahabad gündən-günə, ildən-ilə inkişaf edərək abadlaşır, döyüşə-
döyüşə böyüyürdü. "Pənah xanın qalası" "Pənahabad qalası" da gələ-
gələ xalq dilində ixtisarlaşıb yalnız "Qala" şəklini alırdı: 
- Hara gedirsən? 
- Qalaya! 
- Hardan gəlirsən? 
- Qaladan. 
- Keçən həftə Qalada idim. 
- Sən öləsən Qalada yaman bazar var və s. 
Bununla belə, bəzən qala sözünü "Şuşa qalası"  şəklində  də 
deyirdilər. Az sonra "Şuşa qalası" "Şəhri  Şişə", yaxud "Şişə"  şəklində 
işlənməyə başlandı. Rus dilində isə şəhərə "Şuşa" deyildi. 
 
...Arazi-ali Qarabağın güli-sirabıdır, 
Şişə şəhərindən gəlibdir bu pərivar erməni... 
 
S.Ə.Şirvani 
 
 
...Şəhri-Şişə ki, əcəb abi-havayi barəd,  
Xürrəm an ki, bəsəri-kuyi o, cayi-darəd... 
 
Mehdiquluxan Vəfa 
 
 
...Şişədə-Şirvanda vurur tək səbir... 
 
M.Ə.Sabir 
  
 
84

Şuşa şəhəri dəniz səthindən 1500 metr yüksəklikdə olan maili bir dağ 
yamacı üzərində salınmışdır.  Şəhərin yuxarı hissəsi aşağı hissəsinə 
nisbətən 300-400 metr yüksəkdir. 
Şəhərin şimal tərəfindən Xəlfəli çayı, sol tərəfindən Qarqar çayı axır. 
Şəhər hər tərəfdən sıldırım qayalarla əhatə olunub, yalnız baş  tərəfdə 
"İrəvan qapısı", ayaq tərəfdə "Gəncə qapısı" vardır. 
Şuşa cənub tərəfdən "Cıdır düzü", "Üç mıx" təpələri, Daşaltı  kəndi 
və Kirs dağ silsiləsi ilə əhatə olunmuşdur.  Şimaldan  şəhəri "Dövtələb" 
təpəsi, Xəlfəli çayı  və  Xəlifəli kəndi, "Mıx tökən" yamacı  əhatə edir. 
Qərbdə Şuşanın Zarıslı və Qala dərəsi kəndləri, məşhur Turşsu yaylası 
və Sağsağanlı dağı kimi mənzərəli yerləri vardır.  Şərqdən  Şüşə  kəndi, 
Bağrıqan dağı, Topxana meşəsi və  təpəciyi və  Xəzinə qayası  Şuşanı 
əhatə etmişdir. Şuşanın şimali qərbində təxminən şəhərdən 2-3 kilometr 
aralı gözəl və səfah bir meşə yerləşmişdir. Bu meşədə ayna kimi saf və 
şəffaf, buz kimi soyuq olan məşhur  İsa bulağı, Damlı bulaq, Soyuq 
bulaq yerləşmişdir. Meşələrin heyvanlar aləmi son dərəcə zəngindir. 
 
 
* * * 
 
Şuşa  şəhəri yenicə bina olunub, yavaş-yavaş  şəhər halına düşürdü. 
Bu zaman İranın Mazandaran və Gilan tərəflərində  Məhəmmədhəsən 
xan Qacar (Ağa Məhəmməd  şah Qacarın atası) hökmranlıq iddiasına 
düşür. 
Məhəmmədhəsən xan Pənah xanın Qarabağda istiqlaliyyətini və 
şöhrətini eşidib, bunu özü üçün bir təhlükə hesab etdi. Ona görə 
Mazandaran, Gilanq və Astarabaddan hədsiz qoşun toplayıb Şuşa qalası 
üzərinə yürüş etdi. Şuşa qalasının tikilməsindən (1750-1751-ci illər) bir 
il keçməmiş  şəhərin təzə-təzə dirçəldiyi vaxtda Məhəmmədhəsən xan 
Qarabağa soxulub Şuşanın 4 ağaclığında (təxminən 28 kilometrliyində) 
olan "Xatun arx" adlı yerdə dayandı və burada Pənah xanın qüvvələrilə 
üz-üzə gəldi. 
Məhəmmədhəsən xan Xatun arxda ordugah qurub tüfəngçiləri, 
topçuları, atlı  və piyadaları nizamla yerləşdirib, hamısını döyüşə hazır 
bir vəziyyətə gətirdi. Digər tərəfdən Pənah xanın döyüşçüləri də onlarla 
üzbəüz mövqe tutub hər bir vəziyyətə hazır oldular... 
 
85

Məhəmmədhəsən xan bir ay burada oturdu, gah vuruşmaqla, gah 
başqa üsullarla Pənah xanı özünə tabe və  təslim-əsir etmək üçün min 
növ hiylə  və planlar düşündü. Çox düşündüsə  də, heç bir kələk tapa 
bilmədi. O, Qarabağı dağıdıb məhv etmək istərkən, qarabağlılar onu 
məhv etməyə başladılar. 
Qarabağın cəsur və igid gəncləri hücum edərək onun sərbazlarını, at-
qatır və b. heyvanlarını tutub aparırdılar. Sərbazlara yemək üçün ət-yağ 
gətirən karvanlarını dağıdıb, azuqələrini əllərindən alırdılar. 
Məhəmmədhəsən xan Qarabağda belə  çıxılmaz vəziyyətdə ikən 
İranda Kərim xan Zənd padşahlıq xəyalma düşüb hədsiz qüvvə ilə 
İsfahanı,  Şirazı  və başqa Fars əyalətlərini  ələ keçirərək  İraq, 
Azərbaycan
1
  və Mazandaran vilayətlərini işğal etmək məqsədilə 
irəliləməyə başladı. Kərim xanın irəliləməsini və niyyətini 
Məhəmmədhəsən xana xəbər verdilər. Məhəmmədhəsən xan Şuşanı 
almaq xəyalından, Gəncə, Şirvan və başqa yerlərə sahib olmaq fikrindən 
əl çəkib öz top və topxanasını da "Xatun arx"dan aparmağa imkan 
tapmayıb təcili surətdə İraq və Mazandaran tərəflərə hərəkət etdi. Pənah 
xan "Xarun arx"da qalmış iki ağır topu Şuşa qalasına gətirdi. Bu 
hadisədən təxminən 75 il sonra 1826-cı ildə  İran sərbazları Abbas 
Mirzənin başçılığı ilə  Şuşa  şəhərini mühasirə edərkən həmin toplardan 
müdafiə məqsədilə istifadə etmişdilər. 
Məhəmmədhəsən xan Qarabağa uğursuz səfərdən sonra İrana 
qayıdıb Kərim xan Zəndin üzərinə gedərkən yolda yaxın adamlarının 
xəyanəti nəticəsində öldürüldü... Onun başını  kəsib Kərim xana 
apardılar ki, əvəzində ondan mükafat və yüksək mənsəb alsınlar. Lakin 
Kərim xan bu caniləri təltif etmək, pul və  mənsəb vermək  əvəzinə, 
başqalarına ibrət olsun deyə onları ağır cəzalandırıb tənbeh etdi... 
 
Təqdiri-qəza, qüvvəti-bazu ilə dönməz,  
Bir şəm ki, haqdan yana heç badilə sönməz. 
 
                                                           
1 Söhbət Cənubi Azərbaycandan gedir. 
 
 
86

 
KARTLİ-KAXETİYA ÇARI II İRAKLİNİN 
PƏNAH XANI 
BAŞQA XANLARLA BİRLİKDƏ 
HƏBS ETMƏSİ 
 
Şəki və  Şirvan vilayətinin hakimi Hacı  Çələbi xan çox məğrur, 
sərkeş  və kimsəyə etina etməz və saymaz bir xan idi. Eyni zamanda 
dostluqda da möhkəm deyildi. Bu səbəbdən qarabağlı  Pənah xan, 
qaradağlı Kazım xan, naxçıvanlı Heydərqulu xan və  gəncəli  Şahverdi 
xan bir yerə  yığışıb məsləhət və  məşvərətdən sonra qərara gəldilər ki, 
Hacı  Çələbi xana bir qulaqburması versinlər. Bəlkə o, məğrurluq 
yuxusundan ayılıb,  ətrafındakılar ilə hesablaşsın. Həmin xanlar öz 
fikirlərini Gürcüstan valisi II İrakliyə də bildirdilər. İrakli bu fikrə şərik 
olduğunu bildirib, bu məqsədi ürəkdən bəyəndi. Vali hiylə  işlətmək 
yoluna qədəm qoydu. 
Vali yuxarıda adı  çəkilən xanlara təklif etdi ki, fürsət var ikən tez 
Gəncə xanlığı  sərhədinə  gəlsinlər. Xanlar valinin sözünə inanıb 
əvvəlcədən razılaşdırılmış yerə  gəldilər. Vali isə  xəyanət edib Pənah 
xanı, Kazım xanı, Heydərqulu xanı,  Şahverdi xanı  həbsə aldı  və Tiflis 
tərəfə apardı. Belə  çıxılmaz vəziyyətə xanlar, həm də onların məiyyəti 
heyran qaldılar. Bu zaman gəncəli Şahverdi xanın nökəri sürətlə qaçan 
bir ata minib Kür çayına,  Şəki sərhədinə doğru qaçdı. Bu zaman 
xanların ona qarşı ittifaqından xəbər tutan Hacı Çələbi xan öz qoşunu ilə 
Mingəçevir keçidində müharibəyə hazır vəziyyətdə durmuşdu. Hacı 
Çələbi Kürün o biri sahilində sürətlə gedən bir atlı görüb, o atlının 
hüzuruna gətirilməsini əmr etdi. 
Fərraşlar Kürü keçərək atlını tutub xanın hüzuruna gətirdilər. Həmin 
atlı  (Şahverdi xanın nökəri) Hacı  Çələbini görən kimi həyəcanlı bir 
vəziyyətdə dedi: 
- Qoca baba! Vali xanları tutub həbs və  əsir etdi. Hacı  Çələbi 
cavabında: 
- Qorxma! Qoca baban onları xilas edər. 
Hacı Çələbi dərhal ordunun atlanıb Kürü keçməsini əmr etdi. Onlar 
Gürcüstan istiqamətində sürətlə  hərəkət edirdilər. Hacı  Çələbinin 
gəlməsini Gürcüstan valisi II İrakliyə  xəbər verdilər. Vali bu işdən 
qorxuya düşüb özünü itirdi. Çünki o, Hacı Çələbinin zərbi-dəstini hələ 
1751-ci ildə çar vilayətində olan vuruşmada görmüşdü. 
 
87

Vali bu dəfə  də  əlacsız olaraq Hacı  Çələbinin qarşısına çıxdı.  Şeyx 
Nizami məqbərəsi yanında iki qoşun üz-üzə  gələrək döyüşə başladılar. 
Bu müharibədə gürcü qoşunları biabırçılıqla məğlub olub qaçmağa üz 
qoydular. Hətta valinin özü qoşundan ayrı düşüb əvvəlcə qaçdı. Gürcü 
qoşunlarının var-yoxu və hərbi ləvazimatı, eləcə də əsir alınmış xanlar 
Qızıl qaya adlı yerdə Hacı  Çələbinin  əlinə keçdi. Hacı  Çələbi bununla 
kifayətlənməyib gürcü qoşunlarını  təqib etməkdə idi. Qaçmaqda olan 
gürcü qoşunundan  Şəmkir (Şamxor),  Şəmsəddin və Qazaxda çoxlu 
adam tələf oldu. Hacı Çələbi Baydar torpağında səngər qurub, öz oğlu 
Ağakişi bəyi Tiflis yaxınlığında olan müsəlmanlara hakim təyin etdi. 
Eyni zamanda əsir düşmüş xanları da azad edib öz vətənlərinə göndərdi. 
Yuxarıda zikr olan hadisənin tarixi mənbələrdə müxtəlif  şəkildə 
göstərilir. Mirzə Adıgözəl bəy 1752, bəziləri isə 1756-cı il tarixlərini 
göstərirlər.  Əslində isə bu hadisə  Məhəmmədhəsən xanın Qarabağda 
məğlubiyyətindən bir neçə il sonra 1753-1754-cü illərdə vaqe olmuşdur. 
 
 
FƏTƏLİ XAN ƏFŞARIN ŞUŞA ÜZƏRİNƏ HÜCUMU, 
MƏĞLUBİYYƏTİ VƏ HİYLƏ İŞLƏTMƏSİ 
 
Məhəmmədhəsən xan Qacarın faciəsindən sonra təxminən 1757-
1758-ci illərdə Urmiyalı  Fətəli xan Əfşar baş qaldırıb padşahlıq 
iddiasına düşdü. O, başdan-başa Cənubi Azərbaycanı tutaraq Arazın 
şimal sahilindəki xanlıqları  ələ keçirmək eşqinə düşdü. O, yaxşı başa 
düşürdü ki, Zaqafqaziyanı  ələ keçirmək üçün Pənah xanın qüvvələrini 
məğlub etməlidir. Ona görə  Fətəli xan Əfşar qarabağlı  Pənah xanı 
məğlub və əsir etmək, beləliklə də onu itaətə gətirmək xəyalına düşdü. 
Pənah xan Fətəli xan Əfşarın itaətə çağıran elçilərini kobud və  ağır 
cavablarla geri qaytardı. Beləliklə, Fətəli xan Əfşarın Qarabağa yürüşü 
başladı. O, Cənubi Azərbaycandan, Urmiyadan və başqa vilayətlərdən 
çoxlu qoşun toplayaraq Qarabağa hücum etdi. 
Fətəli xan Əfşar  Şuşanın yaxınlığında Balhca çayı ilə Xocalı çayı 
arasındakı geniş  ərazidə ordugah qurdu. Xəmsə  məliklərindən Talış 
məliki Hatəm və Çiləbörd məliki Usub xeyli silahlı qüvvə toplayıb 
Fətəli xan Əfşarın yanına gəldilər və Pənah xana qarşı müharibədə 
  
 
88

ona fəal kömək göstərdilər. Fətəli xan Əfşarla erməni Xəmsə 
məliklərinin birləşmiş qüvvələri Şuşanı məğlub edib almaq üçün 7 dəfə 
hücum  əməliyyatı apardılar. Müharibə 7-8 ay davam etdi. Fətəli xan 
Əfşar ermənilərlə  bərabər çoxlu səngər və istehkamlar düzəltmişdilər. 
Bütün bu tədbirlərə baxmayaraq, hər dəfə  Fətəli xan məğlub olub 
biabırcasına geri qayıdırdı. Altı-yeddi aydan sonra hərbi və iqti-sadi 
vəziyyətinin ağırlaşdığını görən Fətəli xan bir gün erməni və 
iranlılardan ibarət olan bütün qüvvələrini ayağa qaldırıb  Şuşa üzərinə 
qəti, ümumi və inadlı hücuma başladı. Onlar çox çətinliklə Qarqar 
çayını keçib Qara qaya və  Kəhər adlı  təpələrə  qədər irəlilədilər. Digər 
tərəfdən Pənah xanın cəsur və rəşid adamları, Qarabağ atlı və piyadaları 
onlara müqabil duraraq şiddətli və  qızğın vuruşa başladılar. Döyüşün 
nəticəsi olaraq Fətəli xan Əfşar və onun müttəfiqi olan iki erməni 
məlikinin hərbi qüvvələri nizamsız və biabırçı surətdə məğlub və məyus 
halda geri çəkildilər. Bu tarixi vuruşmada Fətəli xan və müttəfiqlərdən 
iki mindən artıq adam məhv olmuş, çoxlu atlı və piyada əsir alınmışdı. 
Bundan əlavə, çoxlu ərzaq və hərbi ləvazimat Pənah xanın əlinə qənimət 
keçmişdi. Həmin şeyləri Pənah xan Şuşa şəhərinə daşıtdırmışdı. 
Bu məğlubiyyətdən sonra Fətəli xan Əfşar zorla Qarabağı özünə tabe 
etməyin mümkün olmadığını yəqin etdi və hiyləyə əl atdı. 
Fətəli xan vasitəçilərin  əli ilə  Pənah xanı barışığa dəvət etdi. Bu 
məqsədlə diliyağlı olan elçilər göndərib qəliz andlarla Pənah xana 
aşağıdakı vədləri verdi: "Əgər Pənah xan qoşunumuzdan aldığı əsirləri 
geri qaytararsa və mənimlə müttəfiq olub dostluq etsə, qızımın kəbinini 
onun oğlu  İbrahimxəlil ağaya kəsdirəcəyəm və beləliklə, biz dost və 
qohum olacağıq. Bundan sonra dövlətlərimiz arasında düşmənçilik 
olmayacaq.  İndi sizdən xahişim budur ki, hörmətli Xanzadəni 
(İbrahimxəlil ağanı) neçə günlüyə bizim çadırlara qonaq göndərəsiniz; 
ordugahda kəbin kəsilib  əqd oxunduqdan sonra İbrahim Xəlil ağa 
hörmət və ehtiramla geri qaytarılsın". 
Hiylə  və  kələk nə olduğunu bilməyən Pənah xan onun yalan 
sözlərinə  və  qəliz andlarına inandı. Eyni zamanda, dini etiqada görə: 
"Bacardığın zaman qəzəbini saxla və müqəssiri bağışla! Çünki bu gözəl 
və alicənab bir işdir". (Quran ayəsidir) Fətəli xanın sülh təklifini qəbul 
edərək böyük oğlu İbrahimxəlil ağanı bir neçə inanılmış adamlarla onun 
çadırına göndərdi. 
  
 
89

Fətəli xan Əfşar  İbrahimxəlil ağanın gəlməsini eşidən kimi çox şad 
və  məsrur olub, övlad, əqrəba və  sərkərdələrindən bir neçə  nəfəri onu 
qarşılamağa göndərərək, sonsuz hörmət və hədsiz ehtiramlarla ordugaha 
gətirdi. 
Fətəli xan hiylə ilə "Bu gün saat xoş deyildir" bəhanəsilə saatın nəhs 
olmasını bəhanə edib İbrahimxəlil ağaya "hələ bir neçə gün kef eylə" - 
deyə ordugahda saxladı. Eyni zamanda bu müddət içərisində şirin dilli 
və hiyləgər elçilər göndərib "dostluq və qohumluq naminə" bütün əsir 
və dustaqları azad etdirdi. 
İbrahimxəlil ağa baxıb gördü ki, Şuşaya qayıtmağa icazə yoxdur. Hər 
gün bəhanə ilə bir xan, hər gecə bir əmir, bir sərkərdə tərəfindən qonaq 
edilir, nə məqsədlə isə işi yubandırır. Ona görə atası Pənah xana məktub 
yazıb bildirdi ki, "Vəziyyətdən belə məlum olur ki, Fətəli xan məni də 
özü ilə aparmaq istəyir. Mənim Qalada (Şuşada) olan kəhər atımı təcili 
surətdə göndərin, bəlkə o atın köməyi ilə qaçım..." 
At Fətəli xan Əfşarın ordugahına yetişənə kimi Fətəli xan köçüb 
getdi və İbrahim Xəlil ağanı da özü ilə apardı. Bu dəhşətli hadisə Pənah 
xana yetişdi. Pənah xanı  və bütün Qarabağ  əyanlarını  kədərləndirdi, 
hamını pərişan etdi. Bunun üçün məsləhət və məşvərət məclisi qurulub, 
bu dərdə bir çarə aparmağa başladılar. 
 
İstərsən ildırım ol, hər nə bilirsən qayır, 
Sən saydığın qoy dursun, bax gör fələk nə sayır. 
 
Fətəli xan Əfşar, göründüyü kimi, zorla Qarabağı  fəth edə bilmədi, 
hiylə  və  kələk yolu ilə  İbrahim Xəlil ağanı guya əsir apardı. Bu 
səbəbdən də  Fətəli xan hiylə  və siyasətdə qalib gəlmiş kimi şad və 
xürrəm Urmiyaya qayıtdı. O öz iqamətgahına qayıdan zaman İranın 
İsfahan və  Şiraz tərəflərində  Kərim xan Zənd hökmranlığa başlayıb 
özünü "Vəkili-şahi-İran" adlandıraraq istiqlaliyyət əldə etmişdi. 
Fətəli xan Əfşar Qarabağdan qayıdan zaman Kərim xan Zənd ilə 
qardaşı  İskəndər xanı  sərkərdə  təyin edərək Fətəli xan Əfşar üzərinə 
göndərdi. İsfahan yaxınlığında olan vuruşmada İskəndər xan öldürüldü. 
Kərim xan Zəndin qoşunları məğlub oldular. Bundan qəzəblənən Kərim 
xan Zənd Fətəli xanla qəti döyüşə hazırlaşdı. 
Kərim xan eyni zamanda Pənah xana məktub yazıb ondan hərbi 
kömək istədi. Kərim xan Zənd Pənah xana belə yazmışdı: "...Fətəli 
  
 
90

xan nəinki bizim düşmənimizdir, eyni zamanda o, bizim qanlımızdır. O 
mənim qardaşımı öldürdüyü kimi, sənin oğlunu da hiylə  və  kələklə 
aldadıb əsir və dustaq etmişdir. İndi sən də var qüvvən ilə bizə kömək 
etməli və bu işdə əlindən gələni müzayiqə etməməlisən. Çünki intiqam 
alsaq və sənin oğlunu xilas etsək, siz sevindiyiniz kimi biz də arzumuza 
çatarıq..." 
Pənah xan bu təklifdən çox xoşhal olub, fürsətdən istifadə ilə Kərim 
xanın köməyinə getdi. Kərim xan da bu köməkdən çox şad olub Pənah 
xana hörmət və ehtiram göstərdi. Beləliklə, hər ikisi ittifaq bağlayıb 
Fətəli xan üzərinə hücum etdilər. Bu vuruşmada Fətəli xan Əfşarın 
ordusu məğlub oldu və Fətəli xanın özü əsir alındı. 
Kərim xan Zənd Fətəli xan Əfşardan qisas alaraq onu İsfahan 
yaxınlığında qardaşı İskəndər bəyin öldürüldüyü yerdə edam etdi. 
Pənah xanın oğlu İbrahimxəlil ağa Urmiyada əsirlikdən azad edildi. 
Kərim xan Zənd  İbrahim Xəlil ağaya qiymətli bir xələt, cavahiratla 
bəzənmiş bir qılınc, qızıl yəhərli və yaraqlı bir at bağışlayıb Qarabağ 
xanlığının fərmanını da ona verərək, Qarabağı idarə etməyə göndərdi. 
Kərim xan İbrahim xanı Qarabağa yola saldıqdan sonra Pənah xana 
dedi: "...Mənə qarşı etdiyin hörmət və  sədaqətə görə sizə  təşəkkür 
edirəm. Gəl mənimlə gedək, bir az Şirazda qal və  mənə qonaq ol!" 
Beləliklə, Pənah xanı Urmiyadan Şiraza apardı. 
Kərim xan Zənd Pənah xanı zahirdə qonaq və dost, müttəfiq kimi 
hörmət və ehtiramla Şiraza aparmışdı. Həqiqətdə isə o, Pənah xanı 
Şirazda bir girov kimi saxlayırdı. Pənah xan dəfələrlə ondan icazə 
istəyib, öz yurduna qayıtmaq niyyətində olmuşsa da, Kərim xan bu 
təklifə mane olub onu vətənə buraxmamışdı. Pənah xan bir müddət 
Şirazda qaldıqdan sonra orada vəfat etdi. Nəşini Qarabağa gətirib 
Ağdamda olan "İmarət" adlı mülkündə dəfn etmişdilər. 
Ümumiyyətlə, Pənahəli xan Qarabağda 12 ilə yaxın xanlıq etmişdir. 
Onun ölüm tarixini qəbri üstündəki kitabədə belə yazmışdılar: 
 
"Qələm be dəftəri-rəhmet nəvişt tarixəş,  
Rəfiqi-həmdəmi-vey şod Pənahi-cümlə güruh. 
 
Tərcüməsi: 
Onun tarixini rəhmət dəftərində qələm belə yazdı:  
Onun dost və yoldaşı cümlə xanların pənahı oldu. 
  
 
91

Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin