AZƏrbaycan diLİ VƏ tariXİ


 QARABAĞ XANLIĞININ TƏŞƏKKÜLÜ



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə14/16
tarix31.01.2017
ölçüsü1,83 Mb.
#7201
1   ...   8   9   10   11   12   13   14   15   16

4. QARABAĞ XANLIĞININ TƏŞƏKKÜLÜ.  
PƏNAHƏLİ XAN 
 
XVIII  əsrin  əvvəllərində Azərbaycanı  ələ keçirmək uğrunda çar Rusiyası, 
Sultan Türkiyəsi və İran şahlığı arasında siyasi mübarizə kəskinləşmişdi. 
Zaqafqaziya hüquqi cəhətdən  İran  şahlığına tabe olmasına baxmayaraq, I 
Pyotrun dövründə  Xəzərsahili Azərbaycan  ərazisi Rusiya tərəfindən zəbt 
olunmuşdu. İngiltərə və Fransa imperialistlərinin təhriki ilə XVIII əsrin 20-30-
cu illərində Zaqafqaziyanın geniş  ərazisi Osmanlı imperiyası  tərəfindən işğal 
edilmişdi. Zaqafqaziya uğrunda hərbi-siyasi mübarizənin güclənməsinə  İran 
mərkəzi dövlətinin zəifləməsi səbəb olmuşdur... 
XVIII  əsrin 30-cu illərində Nadir şah  Əfşarın hərbi yürüşləri  İranda və 
Zaqafqaziyada vəziyyəti müvəqqəti olaraq dəyişdi. Zaqafqaziya xalqları Nadir 
şahın mütləq hakimiyyəti altına keçdi. Onun ağır hərbi cəza tədbirləri çox baha 
başa gəldi. Azərbaycanın  Şamaxı kimi qədim  şəhəri viranəyə çevrildi. 
Azərbaycanı aclıq, səfalət bürüdü. Nadir şah əleyhinə narazılıq və üsyanlar ara 
vermədi. 
Nadir şah iki əsrdən artıq mövcud olmuş Qarabağ bəylərbəyiliyinə də divan 
tutdu. Buna görə  də, qarabağlıların bir qismi öz torpaqlarından  Əfqanıstan 
sərhədlərinə köçürüldü. Bu qanlı cinayətə  səbəb erməni Xəmsə  məliklərinin 
təşəbbüsü və Nadir şahın Qarabağda ağılsız hərəkəti idi. 1736-cı il Muğan 
                                                           
1 Bax: Azərbaycan tarixi, c. I. Bakı, 1958, səh.263.
 
196

tacgüzarlıq qurultayında Qarabağ  bəylərbəyiliyi Nadirin şah elan olunmasına 
etirazını bildirmişdi. XIX əsrin Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy yazır: 
"Beləliklə, Gəncə xanları tamamilə öz hüquq və  səlahiyyətlərindən mərhum 
oldular. Hakimiyyətin cilovu onların elindən düşdü və onlar qanadı sınmış quş 
vəziyyətində qaldılar..." Nadir şahın zülmü Azərbaycan xalqının istiqlaliyyət 
mübarizəsinə  səbəb oldu. Nadir şah dövründə Azərbaycanda yalnız Quba və 
Talış xanlıqları mövcud idi. Nadir şahın vəfatından sonra Azərbaycan kiçik 
feodal dövlətlərinə - xanlıqlarına bölündü: Qarabağ, Şəki, Şirvan, Gəncə, Bakı, 
Ərdəbil, Xoy, Qaradağ, Dərbənd, Naxçıvan, Təbriz, Urmiya, Marağa, Maku 
xanlıqları... 
Qarabağ xanlığının yaranması tarixi bir zəruriyyət idi. Qarabağ xanlığının 
banisi Pənahəli xan (1703-1763) Cavanşir nəslindən idi. O, uşaqlıqdan at 
minməyi, qılınc oynatmağı, nişan almağı yaxşı öyrənmişdi. Nadir şahın 
qoşununda xidmət edərkən igidliyə görə  fərqlənmiş, Türkiyə ilə müharibədə 
onun xüsusi rəğbətini qazanmışdı. Qardaşı Fəzləli bəy də onun kimi igid idi. Bu 
səbəbdən hər iki qardaş  şah sarayına aparılmışdı. Lakin Qarabağda Cavanşir, 
Otuziki, Kəbirli tayfalarının Xorasan yaxınlığına sürülməsi hər iki qardaşı 
narazı salmışdı. Bunu duyan Nadir şah  əvvəlcə  eşikağası  vəzifəsində  işləyən 
Fəzləli bəyi öldürdü, onun yerinə qardaşı  Pənahəlini təyin etdi. Pənahəli isə 
qardaşı kimi öldürüləcəyini hiss edərək 1745-ci ildə  İrandan Zaqafqaziyaya 
qaçdı... və partizan müharibəsinə başladı. Pənahəli bəyin gənc arvadı üç uşaqla 
(İbrahimxəlil ağa, Mehrəli bəy və Tahbxan bəy) birlikdə Sərəxsə sürülmüşdü. 
Atasının sarayından qaçıb qaçaqçılıq etdiyini bilən 15 yaşlı  İbrahimxəlil ağa 
uzaq Əfqan sərhədindən Qarabağa gəlib tezlikle Çuxur Qəbələdə atasını tapdı. 
"Qarabağnamə"lərdə Qarabağ xanlığının yaranması, təşəkkül tapmasını 
şərtləndirən ictimai-siyasi amillər ön plana çəkilir. Qarabağ xanlığı məhz Nadir 
şahın ölümündən sonra İranın siyasi, hərbi iqtidarının zəifləməsi nəticəsində 
mümkün olmuşdur... 
Qarabağ xanlığının təşəkkül tarixini öyrənmək üçiin ən etibarlı mənbələrdən 
biri Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi" əsəridir. Mirzə Camal 
və onun oğlu Rzaqulu bəy digər "Qarabağnamə" müəlliflərindən fərqli olaraq 
öz  əsərlərində siyasi məsələlərlə yanaşı iqtisadi məsələlərə  də diqqət 
yetirmişlər. 
Pənahəli xan hakimiyyətinin ilk illərində yeni şəhər və  kəndlər salmağa 
xüsusi əhəmiyyət verirdi. 1750-ci ildə Azərbaycanın şöhrəti olan Şuşa şəhərinin 
salınması məhz onun adı ilə bağlıdır. Qarabağ xanları qədim Beyləqan ətrafında 
olan arxların bərpasına böyük əhəmiyyət verirdilər. O yazır: "Pənah xan və 
İbrahim xanın hökmranlığının ilk illərində bu arxlardan istifadə olunur və 
xanlar onlardan gəlir  əldə edirdilər. Arxların adı belədir: Kürək arxı, Luvar 
arxı, Mehmənə arxı, Gəmiçi arxı, Sarı arxı, Ayaz arxı, Taşqay arxı, Xan arxı
1

                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.124.
 
197

  
Mirzə Camal yazır ki, torpağın məhsuldarlığı, suyun bolluğu hər arxın 
ətrafında 5-6 min ailənin yaşamasına imkan verirdi, həmin arxların suyu ilə 
suvarılan əkin yerlərində taxıl, çəltik, pambıq, çəkil (tut) və başqa hər cür bitki 
əkilərsə, bollu məhsul  əldə etmək olar. Belə ki, bir çətvər buğdadan iyirmi, 
hətta ondan da artıq məhsul yığmaq olar. Xüsusilə buranın çəltiyi və dansı bol 
olur. Əgər bu bitkilərdən bir çətvər əkilərsə, təxminən əlli çətvər, hətta ondan 
daha artıq məhsul əldə edilə bilər
1
... 
Əsərin "Qarabağ vilayətinin təbəəliyi, köhnə adət və qaydaları haqqında" 
adlanan ikinci fəslində Qarabağın son əsrlərdə siyasi və coğrafi vəziyyətindən 
söz açılır. Müəllif yazır ki, Qarabağ və ona daxil olan Xəmsə məlikləri (Dizaq, 
Vərəndə, Xaçın, Çiləbörd, Talış) Gəncə bəylərbəyiliyinə tabe olmuşlar. 
Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si ilə Mirzə Camalın "Qarabağ tarixi" 
əsərlərinin müqayisəli təhlili göstərir ki, bu əsərlər biri-birini tamamlayır, 
zənginləşdirir. 
Mirzə Adıgözəl bəyin əsərlərinin I fəsli "İranın tənəzzül dövründən, Nadir 
şahın taxta çıxmasından və emələ gələn başqa hadisələrdən" bəhs edir: 
"Pənahəli bəy  əslən Sancalı tayfasındandır... Gəncə vilayəti xanlarının işi 
tərəqqidə olduğu zaman o, Gəncə  tərəfinə gedib onların (Gəncə xanlarınm) 
hüzurunda xidmət etdi. Uca hümmet sahibi olan Pənahəli bəy qulluq etməyi 
özünə layiq görmədi. O, Qarabağ vilayətinin Cavanşir oymağına gəldi.  Şir 
qüvvət cavanın bəxti ona yar olub, çox varlandı. Evləndi,  əziz və xoşbəxt bir 
oğlu oldu. O, yüksəklik səması parlaq ulduzunun adını Əli qoydu. Onun aləmi 
işıqlandıran sarı  bənizi ata-ananın ürəyini, kəhrəba səmanı  çəkən kimi, özünə 
cəlb edirdi. Buna görə onu "Sarıca Əli" deyə çağırırdılar"
1

Daha sonra Mirzə Adıgözəl bəy yazır ki, hazırda Qarabağda mövcud 
Sarıcalı kəndi bu adı daşıyır. Çox dövlət və nüfiız sahibi olduğuna görə onun 
başına neçə naxırçı, muzdur, xidmətkər, çoban və ilxıçı toplandı və böyük bir 
oba oldu. O obanın adı isə "Sarıcalı" qaldı. Pənahəlidən sonra onun oğlu 
İbrahimxəlil atasına layiqli varis oldu: "...Bu dövlət və nüfiız  İbrahimxəlil 
ağanın ixtiyarına keçdiyi zaman daha da artdı. O, böyük dövlət sahibi 
olduğundan adı dillərə düşüb məşhur oldu. Onun Ağdamdakı bağı  və  həsər-
divarı, Araz kənarındakı mülkü, mal-qarasının otlaq və yataqları, yaylaqda 
"İbrahimxəlil qalası" adı ilə  məşhur olan bir sıra imarəti onun varlı  və böyük 
calal sahibi olmasına adil bir şahiddir"
2

Rzaqulu bəy Mirzə Camal oğlunun "Qarabağnamə"si özünün qeyd etdiyi 
kimi, atası Mirzə Camalın "Qarabağ tarixi" əsərinin xülasəsindən başqa bir şey 
deyildir. Lakin Rzaqulu bəy bəzi məsələləri atasına nisbətən daha aydın  şərh 
etmişdir. Rzaqulu bəy yazır: "...Mərhum Pənah xanın xatirindən hökumət 
qurmaq fikri keçdikdə Qarabağ  kəndlilərinin, elatının  əhalisini öz başına 
                                                           
1 B ax: "Qarabağnamolər", bu nəşrin I kitabı, səh.37 
 
2 Yenə orada 
 
198

toplamağa başladı. Iranda hökmü keçən nüfuzlu, müstəqil padşah 
olmadığından, həm də  Gəncə hakiminin (Qarabağ  bəylərbəyiliyi nəzərdə 
tutulur (N.A) öz hökmünü Qarabağ ellərində  və  kəndlərində yeridə 
bilmədiyindən Pənah xanın başına toplaşanlar ona itaət etdilər"
1

Pənahəli xanın başçılıq etdiyi Qarabağ xanlığı heç bir dövlətdən asılı 
olmayan suveren feodal dövləti kimi yaradıldı. Rzaqulu bəy yazır ki, ...Pənahəli 
xanın Qarabağın bütün elatını və kəndlərini, həmçinin mahallarını ələ keçirib, 
hökmranlıq etdiyi dövrdə, onun vəfatından sonra isə  mərhum  İbrahim xanın 
müstəqil hakimiyyəti dövründə Qarabağ vilayətindən heç bir padşaha istər külli 
və istərsə də cüzi olaraq xərc və vergi verilməmişdir. 
"Qarabağnamələr"də tez-tez "Otuziki" tayfasının adı  çəkilir. (Hazırda 
Azərbaycanın  İmişli rayonu ərazisində "Otuzikilər" adlı bir kənd vardır). 
Mənbələrdə göstərilir ki, bu adın yaranması XVI əsrə aiddir. Həmin  əsrdə 
Qarabağda yerli tayfaların birləşməsi nəticəsində "Otuzikilər" yaranmışdır. Bu 
tayfalar içərisində Cavanşir tayfası sayca və qüdrətcə başqa tayfalardan 
seçilirdi. Cavanşirdən çıxanlar eyni zamanda "Otuziki"lərə başçılıq etmişlər. 
Həmin tayfaya aid kəndlərin bir çoxu XVIII əsrin sonu XIX əsrin əvvəllərində 
hazırkı Mirbəşir (indiki Tərtər), Kəlbəcər, Bərdə, Qasım  İsmayılov (indiki 
Goranboy), Yevlax, Ağdam  ərazilərində yerləşmişdir. Bu səbəbdən çarizm 
dövründə Yelizavetpol quberniyasının tərkibinə daxil olan Cavanşir qəzası 
(Mərkəzi Tərtər qəsəbəsi idi) əsasən həmin tayfalara mənsub yaşayış ərazisini 
əhatə etmişdir. Cavanşir qəzası Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinə 
qədər mövcud idi. 
Pənahəli xan Qarabağın Gəncədən və  Şirvandan asılı olmaması üçün 
müdafiə  tədbirləri görməyə başladı: "...Məşvərətdən sonra Kəbirli mahalı 
içində olan Bayat qalasının əsası qoyuldu. Qısa bir zamanda möhkəm hasar və 
xəndək çəkdirdi. Bu qalada bazar, hamam və  məscid tikdirdi. Bütün ailəsini, 
qohumlarını və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat, 
hetta xanın tərəqqisini, onun rəftar və  məhəbbətini eşidən Təbriz və  Ərdəbil 
vilayətlərinin bir çox əhalisi və  sənətkarları belə öz ailələri ilə birlikdə Bayat 
qalasında yerləşdilər"
2

Əhməd bəy Cavanşir Pənahəli xanın  İran dövləti ilə diplomatik əlaqələri 
haqda yazır: "Nadir şah öldürüldükdən sonra İran taxtına onun qardaşı  oğlu 
Adil şah çıxdı. İşğal edilmiş yerlər onun tərəfdarları arasında bölüşdürülərkən o 
zaman Zaqafqaziyanı da əhatə edən Azərbaycan valiliyi Sərdar  Əmiraslan 
xanın payına düşmüşdü. Pənah xan isə  məliklərə  rəğbət bəsləyərək və ona 
həsəd aparan qonşu xanların fitnələrindən qorxuya düşüb, xaricdən kömək və 
ya himayə axtarmağa məcbur oldu. Buna görə də, o, Sərdar Əmiraslanın yanına 
                                                           
1 Bax: "Qarabağnamələr", bu neşrin II kitabı, səh.242. 
2 Yenə orada, səh.243. 
 
199

elçi göndərib  şaha öz itaətini bildirdi. Yenicə  Təbrizə  gəlmiş olan və belə 
iğtişaşlı  məmləkətdə müttəfiq tapmaqda çətinlik çəkən Sərdar  Əmiraslan xan 
üçün bu göydəndüşmə bir şey oldu. Bundan bir az sonra Sərdar çoxlu qoşunla 
Bayata gəldi. Burada o, Pənah xanla birlikdə  Şamaxı, Nuxa və  Gəncə 
xanlıqlarını Adil şahın təbəəliyinə tabe etdi. Pənah xanın hökumətə göstərdiyi 
bu xidmət müqabilində Sərdarın xahişi ilə Adil şah tərəfindən verilmiş fərmana 
əsasən Qarabağ xanlığı xüsusi bir malikanə kimi ona verildi. Lakin Adil şahın 
və onun valisi Əmiraslan xanın hökmranlığı çox sürmədi: birincini (Adil şahı) 
Nadir  şahın nəvəsi  Şahrux Mirzə, ikincini (Əmiraslan xanı) isə qaradağlı 
Kazımxan öldürdü..." 
Xanlığın ilk illərində  İran feodal hakimləri ilə çox ehtiyatla rəftar etməsi 
Pənah xanın diplomatik manevri idi. Burada Pənahəli xanla Əmiraslan xan 
arasındakı yaxın dostluğun sirləri açılmamış qalır. Necə olur ki, Pənahəli xan 
ona Şamaxı, Nuxa və Gəncə xanlığının itaətə gəlməsində kömək göstərdi? Az 
sonra Təbrizin  Əfqanlı Azad xan qüvvələrindən müdafiəsi üçün Pənahəli xan 
oğlu Mehrahbəyi üç minlik süvari ilə Məhəmmədhəsən xan Qacarın ordusuna 
köməyə göndərdi? 
Məsələ burasındadır ki, heç bir mənbədə Nadir şahın sərkərdələrindən biri 
olan  Əmiraslan xanın Pənahəli xanın ögey qardaşı olması haqqında məlumat 
verilmir. Yalnız P.Butkovun "Qafqazın yeni tarixi üçün materiallar" əsərində 
bu haqda danışılır
1

Mirzə Adıgözəl bəy yazır ki, Bayat qalası 2 yanvar 1748-ci ildə tikilməyə 
başlanmış həmin ilin 22 noyabrında başa çatmışdır. Qalanın ətrafında səngər və 
başqa müdafiə tikintiləri də olmuşdur. "Pənahəli xan yaxın adamlarını  yığıb 
dedi ki, "bundan sonra çöllərdə vaxt keçirməklə istənilən məqsədə çatmaq 
oltnaz. Yaxşısı  və münasibi budur ki, möhkəm bir bina və qala tikilsin. Bir 
hadisə üz verdiyi zaman ora məskən... aman evi olsun. Çünki şir nə  qədər 
heybətli olsa da, ona bir hin lazımdır..."
2

Pənahəli xanın hakimiyyəti dövründə ilk müharibə Bayat qalasında, 1748-ci 
ilin son günlərində baş verdi. Bu müharibə  şəkili Hacı  Çələbi xanın Bayata 
hücumu ilə əlaqədar idi. Çələbi xanı Pənahəli xan üzərinə qızışdıranlar Xəmsə 
erməni məlikləri idi. Pənah xanı aradan qaldırmaq üçün Şirvan və  Şəki 
hakimləri böyük qoşunla Bayat qalasına hücum edərək onu mühasirə etdilər... 
Həmin mühasirə bir aydan artıq davam etmişdir. Bu müddətdə  Pənahəli xan 
dəfələrlə qaladan çıxaraq öz döyüşçüləri ilə Şəki və Şirvan qüvvələrinə zərbələr 
endirmişdir. 
Mirzə Camal yazır: "Şirvan və  Şəki xanları heç bir iş görə bilmədilər... 
Zəmanəsinin kamil adamlarından olan Şəki vilayətinin hakimi Hacı Çələbi 
                                                           
1 В ах: П.Бутков. Материалы для новый истории Кавказа, ч. I. СПб., 1896,
 
стр.235-236.
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.40 
 
200

qayıdan zaman bu sözləri dedi: "Pənah xan bir xan idi. Biz gəldik onunla dava 
elədik və bir iş də görə bilmədik. Biz indi onu şah edib qayıdırıq"
1

Qarabağ xanlığının şöhrəti Bayat qalasındakı döyüşlərlə başlamışdır. Lakin 
bu böyük abidədən bu gün bir iz belə qalmamışdır. 
Pənahəli xanın nəvəsi Məhəmməd bəy Cavanşirin həyatından povest yazmış 
Aqil Abbas doğma kəndi Bayatdakı tarixi qala haqqında yazır: 
"Kəndimizdə bir qala vardı. Pənah xanın qalası deyərdilər. Və biz uşaqlıqda 
o qala divarlarının üstündə dava-dava oynardıq. Bir gün əmilər həmin qalanı 
elə sökdülər ki, indi heç bir arxeoloq haçansa bu yerlərdə qala olduğunu sübut 
eləyə bilməz. Qala söküləndə hamı tamaşasına
 
yığılmışdı. Mən də  nənəmin 
ətəyindən yapışıb baxırdım. Bir də gördüm ki, Əsmət nənənin gözlərindən yaş 
axır və qarı qalanı sökənləri lənətləyir. Bu qalanı niyə sökürsünüz, ay bala? 
Onu sizin babalar tikmişdi axı? Onların ruhundan qorxun. Bu qala Qacara can 
verməyən qaladı"
2

Pənahəli xanın qat-qat güclü olan Şəki və  Şirvan xanlığına qalib gəlməsi 
onun  şöhrətini xeyli ucaltdı. Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sində 
oxuyuruq: "...Onlar (yəni Şəki və Şirvan xanları - N.A.) həmişə bu dövlətin yox 
olması uğrunda son dərəcə səy və qeyrət edirdilər. Onlar Xəmsə məliklərini də 
özlərinə  həmməslək və müttəfiq etmişdilər. O zaman bütün Şirvanatda  əbədi 
ixtiyar sahibi və hökmran olan Hacı Çələbiyə ərizələr yazdılar. Ona bildirdilər 
ki, Pənah xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər dəfində bir 
qədər təxir edilsə, sonra onun qarşısında durmaq mümkün olmayacaqdır..." 
"...Hacı Çələbi də bu hiyləyə aldanıb fitnəkarlığa başladı. Dərbənd, Car və 
Balakənədək bütün Şirvanat qoşununu cəm etdi... Saysız  əsgər və hesabsız 
qoşunla, tam bir calal və vəsfəgəlməz bir dəbdəbə ilə gəlib Bayat qalasını dörd 
bir tərəfdən mühasirəyə aldı. Pənah xan da qabaqcadan bütün elata bu əhvalatı 
bildirmiş  və hamısını  yığıb səngərə dolduraraq sığınaq etmişdi. Hacı  Çələbi 
gəldi və mühasirə ilə  məşğul oldu. Hər gün müharibə gedir, didişib-
döyüşməkdən  əl çəkmirdilər. Axırda Hacı  Çələbi məqsədinə çatmadan, külli 
zərərlə qayıtmaq təbilini vurdurdu. O, yolda gedərkən dedi: "Pənah xan bu 
vaxtacan bir sikkəsiz gümüş idi. Biz gəldik ona sikkə vurduq və qayıtdıq". Bu 
söz xalqın dilində və camaatın ağzında bir məsəl olaraq qalmışdır"
3

Pənahəli xan Bayat qalasının strateji baxımdan zəif olduğunu, orada qoşun 
saxlamağın çətinliyini, iqlimin istiliyini nəzərə alıb yeni müdafiə qalası 
tikdirməyi qərara aldı. "İndi  Şahbulaq adı ilə  məşhur olan Tərnəküt qalasının 
binası qoyuldu. Məsləhətə görə, Bayat qalasını  tərk etdilər.  Şahbulaqdakı 
böyük çeşmə 
                                                           
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.127. 
2 Aqil Abbas. Batman qılınc. "Ulduz", 1988, №1 
3 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.41. 
 
201

yanında qala tikərək, onun ətrafında yüksək yerdə geniş hasar hördülər. Bazar, 
çarsu (meydan), hamam və məscid tikdilər"
1

Bayat qalası  və orada Pənahəli xanın qələbələri, Tərnəkütdə  Şahbulaq 
qalasının tikilməsi, Xəmsə  məliklərinin itaət altına alınması  Pənahəli xanın 
nüfuzunu sürətlə artırdı. Azərbaycan xanlıqları onu tanımağa, əlaqə yaratmağa 
səy göstərdilər. Bununla da, İran dövlətinin Pənahəli xanı Qarabağ  ərazisinin 
müstəqil hakimi kimi tanınmasına siyasi şərait yarandı. 
Pənahəli bəyə xanlıq fərmanı da məhz Bayat qalasında təqdim olunmuşdur. 
Adil  şahın hakimiyyəti də uzun sürmədi. Nadir şahın oğlu  Şahrux Mirzə 
onu öldürdü və  şahlıq taxtına oturdu. İranda mürəkkəb siyasi böhran davam 
edirdi. 
Qarabağda isə  Pənahəli xanın  şöhrəti gün-gündən artırdı: "Şirvan,  Şəki, 
Gəncə, İrəvan, Naxçıvan, Təbriz və Qaradağ xanları Pənahəli xanın yanına elçi 
və məktub göndərib, onunla dost və müttəfiq olmaq istədiklərini bildirdilər
2

Pənah xan bir çox yeni əraziləri Qarabağa ilhaq etdi: "...Naxçıvan, Təbriz, 
Qaradağ hakimlərini hökmü altında olan Naxçıvanın Zəngəzur, Təbrizin Qapan 
və Qaradağın Çuldur və Meqri mahallarına əl uzadaraq hamısına sahib oldu.
3
 
Onları Qarabağın başqa rəiyyətlərinə qataraq, hamısına məliklər və sultanlar 
təyin etdi. 
Pənahəli xanın Gəncə, İrəvan, Naxçıvan və xüsusilə Ərdəbil üzərində təsiri 
güclü idi: "Sarıcalı Dərgahqulu bəyi Ərdəbilə hakim təyin etmişdi"
4

Pənahəli xanın  Şahbulaqda möhkəmlənməsi  ərəfəsində erməni Xəmsə 
məlikləri
5
 ilə münasibətlərini qaydaya saldı. Xəmsə məlikləri XVI əsrdən bəri 
Qarabağ  bəylərbəyiliyinə tabe idilər. Onlar Pənahəli xanın Qarabağ xanı elan 
olunması ilə razılaşmadılar. Xəmsə  məliklərindən ilk dəfə könüllü olaraq 
Pənahəli xanın itaətini qəbul edən və onunla dostluq əlaqəsi saxlayan Vərəndə 
məliki  Şahnəzər idi. Bundan bir qədər  əvvəl isə Xaçın məlikinin silahlı qüv-
vələri Ballıqaya deyilən yerdə Pənahəli xanla üz-üzə gəlib məğlub olmuşdular. 
Tərəddüddən sonra Xaçın məliki də  Pənah xana "...Tabe oldu və  mərhum 
Pənah xan tərəfindən ata-babasından qalmış… ayrıca mülkünə  təyin edildi. 
Bütün Xaçın  əhalisi itaət edərək tapşırılan xidmətləri düzgün yerinə 
yetirirdilər"
6

Pənahəli xanın müstəqil Qarabağ xanlığı yaratmasına xüsusilə Talış  və 
Çiləbörd məlikləri ciddi müqavimət göstərirdilər. Rzaqulu bəy yazır: 
"...Çiləbörd və Talış mahallarının qədim məlikləri olan Məlik Hətəm və Məlik 
                                                           
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.129. 
2 Yenə orada 
3 Vaxtilə Qarabağ xanlığına tabe olan Zəngəzurun Qapan, Mehri, Gorus, Sisyan ərazisi Ermənistan SSR-ə 1920-ci 
ildə verilib. 
4 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.130.
5 Xəmsə  məlikləri  ərəbcə beş sahibkar mənası ifadə edir; Xəmsə  məlikləri XVII əsrdən başlayaraq onlara xalq 
tərəfindən verilən addır. Əsilləri qədim Alban knyazlıqlarındandır. 
6 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh. 128.
 
202

Usub bəy birləşərək, möhkəm və keçilməsi çətin olan yerlərdə Pənah xanla 
bir neçə  dəfə vuruşdular, gah qalib gəlib, gah da məğlub oldular. Bu surətlə, 
Çiləbörd və Talış mahallarının  əhalisi asudə dolanıb,  əkin  əkib, rahat yaşaya 
bilməyirdilər. Həmişə davada idilər. Pənah xanın atlı  və piyada əsgərlərinin 
əlindən  əziyyət çəkirdilər. Nəhayət, çətin keçilən yerlərdə, dərin dərələrdə  və 
yüksək dağlarda yaşamaqdan təngə  gəlib, evlərini, bağlarını  və  əkinlərini 
buraxıb ailələri ilə birlikdə  cəlayi-vətən oldular. Onlar Gəncə  tərəfə qaçıb 
Şamxor mahalında və  Gəncənin dağlıq kəndlərində  məskən saldılar. Bu 
yerlərdə onlar yeddi il qaldılar. Yeddi ildən sonra İbrahim xanın Qarabağda 
müstəqil hakim olduğu və Qarabağ vilayəti  əhalisinin bütünlüklə ona tabe 
olduğu vaxtda Xaçın və Çiləbörd mahallarının  əhalisi də Qarabağa qayıdıb, 
ürəkdən ona tabe oldular...."
1

Əhməd bəy Cavanşir Xəmsə  məliklərinin Pənah xanla münasibətlərini 
qısaca olaraq belə xülasə etmişdir: "...Pənah xanın igidliyi haqqında dillərə 
düşən dastan, o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını 
müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi. Bu hərc-mərclik dövründə bir 
növ müstəqilləşən erməni Xəmsə  məliklərindən  Şahnəzər könüllü surətdə 
Pənah xanın təbəəliyini qəbul etdi. Qalan dörd məlikdən Xaçın məliki Ulubab 
Balhca oymağı yanında oğlanları ilə birlikdə  qılıncdan keçirildi. Qonşu 
vilayətlərdən toplanmış  xəzinə pullarını saxlayan Tuğ  və ya Dızaq məliki 
Yeqan öz oğulları  və qohumları ilə birlikdə  kəskin müqavimət göstərdikdən 
sonra onların bir hissəsi qırılmış, birhissəsi isə islam dinini qəbul etmişdi. 
Türklərə qarşı Nadir şahın müharibəsində öz igidliyinə görə Sultan rütbəsi 
almış Çiləbörd məliki Allahqulu - Sultan əvvəlcə onun təbəəliyini qəbul etmiş, 
lakin sonralar xəyanətdə ittiham edilərək Pənah xanın  əmri ilə öldürülmüşdü. 
Onun qardaşı  Məlik Hətəm Talışın beşinci məliki Məlik Usubla ittifaq 
bağlayıb, uzun müddət öz obalarını  Pənah xan dəstələrinin hücumlarından 
müdafiə etmiş, lakin Mardakert kəndində  uğradıqlan məğlubiyyətdən sonra 
Tərtər çayının yuxarılarında yerləşən alınmaz Çınnıx qalasına çəkilmişdilər. Bir 
ilə qədər qalada qaldıqdan sonra nəhayət, öz ailələri ilə birlikdə qürbət ellərdə 
nicat axtarmah olmuşdular. Lakin onlar bununla öz siyasi fəaliyyətlərini 
bitirmədilər. Belə ki, sonralar onların həm özləri və həm də övladları (birincinin 
oğlu Məlik Məcnun) daim Qarabağa hücumlar edirdilər..."
2

Bu məliklər sonralar Gülüstan məlikləri adlandırılırdılar. Çünki onlar öz 
iqamətgahını  Gəncədən cənub-şərqdə yerləşən  İncəçayın yuxarısındakı 
Gülüstan qalasına köçürmüşdülər. Pənahəli xanın Xəmsə  məlikləri ilə 
əlaqəsindən danışan Mirzə Yusif Nersesov yazır ki, Məlik  Şahnəzər Qarabağ 
xanlıqları dövründə onlara çox xidmət göstərmişdir. Buna görə  də böyük 
hörmətə malik idi. Hətta Məlik  Şahnəzər işin və  vəziyyətin yazşılaşması 
xatirəsi üçün qızı Hürzəti Pənah xanın oğlu İbrahim xana ərə verdi. Beləliklə, 
onların arasında yaxınlıq və qohumluq yarandı. 
                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.245. 
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh. 180-181. 
 
203

Pənah xana ən çox müqavimət göstərən Çiləbörd məliki Allahqulu Sultan 
idi. Allahqulu Pənah xanla danışıq aparmaq üçün onunla Ağoğlanda 
görüşmüşdür. Bu görüşlərdə  iştirak edən Naxçıvan xanı Heydərqulu xanın 
təhriki ilə Allahqulu Sultan öldürülmüşdür. Onun yerinə keçən Məlik Hətəm, 
qardaşının intiqamını almağa çalışırdı. Bu işə Talış məliki Məlik Usubu da cəlb 
etdi. Pənah xan onların yerləşdiyi Çırmıx qalasını almaq üçün dəfələrlə döyüşə 
girməyə məcbur oldu. Məlik Hətəm məğlub oldusa da, uzun müddət Qarabağ 
xanlığına qarşı düşmən münasibət bəslədi. Məsələn, 1795-ci ildə  Ağa 
Məhəmməd  şah Qacar Qarabağa hücum edərkən Məlik Hətəmin oğlu Məlik 
Məcnun onun yanında idi. Şuşanı ala bilməyən Ağa Məhəmməd  şah Qacarı 
Tifiisə qədər müşayiət etmişdir. Mirzə Adıgözəl bəyin Xəmsə məlikləri barədə 
rəyi daha səhihdir. O yazır ki, Vərəndə  məliyi Məlik  Şahnozər  əmisi Məlik 
Hüsünü öldürüb məlik olmuşdur. Bu səbəbdən Xəmsə  məlikləri Vərəndəni 
qarət etdilər, Çanaqçı qalasını ala bilmədilər. Əhd etdilər ki, gələn bahar qalanı 
alsınlar. Bu səbəbdən Məlik  Şahnəzər Pənah xana pənah apardı: "Məlik 
Şahnəzər özünü zəif və qol-qanadını  sınmış  gördü.  O,  gələcəyi gördüyündən, 
niyaz üzünü qul bəsləyən xanın kandarına sürtdü, itaət sırğasını qulağına asdı 
və xidmət komərini belinə bağladı. Xanın hüzurunda lazımi dərəcədə 
canfəşanlıq etdi və son dərəcə mehribanlıq göstərdi.  İndiki  Şuşa  şəhərinin 
yerini mərhum xanın yadına salıb, ona tərif etdi. Sonra xanı gətirib bu yeri ona 
göstərdi. O da bu yeri bəyənmiş olduğundan, həmin  şəhərin binasını qoyub 
orada məskən etdi. Bu qalanı da möhkəm... düzəldib ölkənin mərkəzi etdi... 
Pənah xan Mehri, Güney mahallarını  Bərgüşada qədər Qaradağ hakiminin 
əlindən alıb özünə tabe etdi. Tatef və Sisyan mahallarını Naxçıvan hakimindən, 
Zəngozur və Qapan mahallarını Təbriz bəylərbəyisindən aldı..."
1

Məşhur  Şuşa  şəhəri Xəmsə  məlikləri itaətə alındıqdan sonra (1750-1751) 
salınmışdır. Yuxarıda adı  çəkilən Məlik Cümşüd sonralar Qarabağ xanlığına 
qarşı  çıxmış,  İbrahim xanın xaincəsinə öldürülməsində  iştirak etmişdir. O 
zaman Məlik Cümşüd çar hökumətindən 1400 manat təqaüd alıb Tiflisdə 
yaşayırdı. 
Pənahəli xanı dinc quruculuq işi aparmağa qoymurdular. Şuşa tikildikdə 
Pənahəli xan Məhəmmədhəsən xan Qacara (1751), Fətəli xan Əfşara (1758) və 
başqa İran feodallarına qarşı hərbi əməliyyatlar aparırdı. V.N.Leviatovun yaz-
dığı qeyddə deyilir ki, Məhəmmədhəsən xan Qacarın qoşunları Qarabağda olan 
zaman (1751) Şuşa qalası mövcud idi. Məhəmmədhəsən xan Qarabağda cəmisi 
bir aya qədər qalmış, sonra isə cənuba tərəf geri çəkilməyə məcbur olmuşdur. 
Pənahəli xanın düşmənlərini narahat edən  ən  əvvəl Zaqafqaziyada tayı-
bərabəri olmayan Şuşa qalasının tikilməsi idi. 1751 -ci ildən sonrakı siyasi 
hadisələrdə həmişə Şuşa şəhərinin adı çəkilir. Şuşa qalasını tikmək ərəfəsində 
Pənah xan Şahbulaqda geniş  məsləhət  şurası çağırmışdı: "Biz gərək dağların 
içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu 
                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.42.
 
204

güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan 
ellərin üzünə açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz kəsilməməlidir". 
Mirzə Camal yazır ki, xanın etibarlı adamları qalanın yerini müəyyən 
etdilər. Lakin gələcək şəhəri su ilə təmin etmək müşkül məsələ idi: "...Qalanın 
içində iki-üç bulaqdan başqa axar su yox idi. Bu bulaqların suyu isə qala 
camaatma kifayət etməzdi. Ona görə, güman gedən yerlərdə quyu qazdırıb 
müəyyən elədilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq 
mümkündür. Bu xəbəri mərhum Pənah xana çatdırdılar. Xan sevinərək, bir neçə 
nəfər öz yaxın adamı ilə buraya gəldi, yerlə tanış olub, ezmlə qalanın binasını 
qoydu". 
Şuşa şəhərində əvvəl orada "Şoşu" adlı şəhər olması barədə müasir erməni 
ekstremistlərinin uydurmalarını heç bir mənbə  təsdiq edə bilməz.  Şuşa  şəhəri 
əvvəlcə Pənahabad adlanırdı... 
Şuşa  şəhərinin tikilib ohalinin istifadəsinə verilməsi misli görünmomiş bir 
sürotlə  həyata keçirilirdi, artıq 1751-ci ildən  əhalinin oraya köçürülməsinə 
başlandı. Şuşa şohəri salınana qədər onun ərazisində guya insan məskəni olması 
barədə uydurmanı Mirzə Camal belə  rədd edir. Şuşa tikilənə (1756) qədər 
burada yaşayış evləri yox idi. İlk dövrdə  Şuşaya köçürülənlər kimlər idi?.. 
Şahbulaq qalasının sakinləri olan bütün rəiyyətləri, mülazimləri, bir sıra 
kəndləri kəndxudalarının ailələrini köçürüb bu qalanın içində yerləşirdi... Xalqı 
yerləşdirib, hamıya, xüsusilə özü üçün yurd və imarət müəyyən etdikdən sonra 
mahir ustalar, ağıllı, işgüzar adamlarla qalanın hasarını çəkdirdi
1

Bütün yuxarıda deyilənlərə  əsasən müəyyən etmək olar ki, Şuşa qalasının 
bünövrəsi  ən geci 1750-ci ilin ikinci yarısında qoyulmuşdur. T.İ.Ter-
Qriqoryanın verdiyi məlumata görə erməni müəllifləri, o cümlədən Raffinin 
"Beş  məliklik" və Barxııdaryanın "Arstax" adlı  əsərlərində  Şuşa qalası 
binasının tarixi Mirzə Camal Cavanşir Qarabaği və Mirzə Adıgözəl bəyin 
verdikləri məlumata əsasən qeyd olunur. 
Pənahəli xanın Bayat qalasında  şəkili Hacı  Çələbi xanı  məğlub etməsi, 
Şahbulaq və Şuşa qalasını bina etməsi, Gəncə, Naxçıvan, Qaradağ xanlığını öz 
təsiri altına alması, onun şöhrətini get-gedə artırır. Hacı Çələbi xan 1748-ci ildə 
Bayatdakı məğlubiyyətdən narahat idi, tez-tez Pənahəli xanı hədələyirdi. Digər 
tərəfdən Hacı  Çələbi xanın Gürcüstan vadisi II İraklinin iki hücumunu 
müvəffəqiyyətlə dəf etməsi Pənah xanı daha da narahat etmişdi. Bu səbəbdən 
Pənahəli xan Qaradağ, Naxçıvan, Gəncə  hərbi qüvvələrini birləşdirib Hacı 
Çələbiyə qarşı hücuma başladı. Onlar II İrakliyə  xəbər göndərərək müttəfiq 
olması haqda razılığını almışdır. "Qarabağnamələr"dən göründüyü kimi, dörd 
hakimin birləşib  Şəki xanını  məğlub etmək məqsədi çox qəribə bir sonluqla 
nəticələnmişdi. II İrakli vədə xəyanət edərək Gəncədən azca yuxarıda Qızılqaya 
adlı yerdə dörd xanı (Qarabağ, Gəncə, Qaradağ  və Naxçıvan xanlarını) həbs 
etmişdi. 
                                                           
1 B ax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.248.
 
205

Xanları II Iraklinin əsirliyindən azad etmək vəzifəsi şəkili Hacı Çələbi xanın 
öhdəsinə düşdü. 
Pənahəli xanın qəhrəmanlığı  və  ədaləti bütün Zaqafqaziyaya digər qonşu 
xanlıqlardan Püsyan, Qaraçarh, Çinli, Dəmirçi gəlirdilər.  Əhmədbəy Cavanşir 
yazır ki, Pənahəli xanın hakimiyyəti "...dövründə  və bundan bir qədər sonra 
Gürcüstandan və digər qonşu xanlıqlardan Püsyan, Qaraçarh, Çinli, 
Dəmirçihəsənli, Qızılhacılı, Səfikürd, Boyəhmədli, Saatlı, Kəngərli tayfaları və 
bir çox başqaları Qarabağa, Pənah xanın yanına köçüb gəldilər"
1

XVIII əsrin ortasında İranda hakimiyyət uğrunda mübarizədə daha təhlükəli 
bir qüvvə meydana çıxdı, Bu, Qacarlar sülaləsinin hakimiyyətinə yol açmış 
Məhəmmədhəsən xan Qacar idi (Ağa Məhəmməd şah Qacarın atası - N.A.). 
Pənah xan onun şəxsində qorxulu bir düşməni görürdü. 
Mirzə Camal yazır: "Qala tikilib qurtarandan bir il sonra Ağaməhəmməd 
şahın atası Məhəmmədhəsən xan Qacar İraq və Azərbaycan qoşunları ilə Şuşa 
qalasını tutmaq və Pənah xanı özünə tabe etmək üçün Arazdan keçib, qalanın 
dörd ağaclığında ordu qurdu. Mərhum Pənah xanı özünə tabe etmək və  Şuşa 
qalasını ələ keçirmək üçün çox fikirləşdi, tədbirlər tökdü, lakin baş tutmadı. Bir 
ay orada dayandısa da, o qədər qoşunla qalaya yaxınlaşa bilmədi. Qarabağın 
qoçaq  əhalisi onun ordusunun at, dəvə  və başqa heyvanlarını gizlində  və 
aşkarda qarət edib, Məhəmmədhəsən xanın qoşununa çoxlu ziyan vurdular"
2

Pənahəli xanın təzyiqinə davam gətirməyən Məhəmmədhəsən xan Arazı 
keçib İrana qayıtmağa məcbur oldu. Bu tarixi hadisə Pənahəli xanı Azərbaycan 
və İran miqyasında ən güclü hakim kimi tanıtdı. 
Məhəmmədhəsən xan Qacarın Pənah xan tərəfindən məğlub edilməsi 
haqqında Mirzə Yusif Nersesovun "Tarixi-Safi" kitabında da maraqlı faktlar 
vardır. O yazır ki, Məhəmmədhəsən xan Qacar Qarabağdan geri çəkilərək 
qarabağlıların əlinə qənimət olaraq iki top keçmişdi. Hasar topu adı ilə məşhur 
olan bu toplar Xatın arxında qalmışdı. İran qoşunları gedəndən sonra bu toplar 
Şuşa qalasına gətirildi. Müəllif qeyd edir ki, son İran-Rusiya müharibəsində 
(1826-1827-ci ildə) Şuşa qalası qızılbaşlar tərəfindən mühasirəyə alınarkən bu 
toplardan istifadə olunurdu. Rus soldatları  həmin toplardan İran qoşunları 
üzərinə atəş açdılar. 
Məhəmmədhəsən xandan sonra Nadir şahın sərkərdələrindən biri olan 
Urmiyah Fətəli xan Əfşar Pənah xanın yanına mahir elçilər göndərib onu itaətə 
və ittifaqa dəvət etdi. Lakin Pənah xan belə sərdarlara itaət etməyi haqlı olaraq, 
özü üçün əskiklik və ar bilib, elçiləri kobud cavablarla geri qaytardı. Beləliklə, 
Pənahəli xanın daha qorxulu düşməni Fətəli xan Əfşarla müharibəyə 
başlamasına zəmin yarandı: "...Fətəli xan Azərbaycan, Urmiya və başqa 
vilayətlərin  əhalisindən çoxlu qoşun toplayıb qalanı almaq, Qarabağı  ələ 
keçirmək 
                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.182. 
2 Yenə orada, səh.248. 
 
206

və  Pənahəli xanı aradan qaldırmaq məqsədilə  Şuşa qalasına gəlib qalanın bir 
ağaclığında düşərgə qurdu". 
Fətəli xanla Pənah xanın müharibəsi 7-8 ay çəkdi. Lakin Fətəli xan qələbə 
qazana bilmədi. Məsələni mürəkkəbləşdirən bəzi erməni məliklərinin həmin 
xarici işğala qarşı mübarizədə satqın mövqeyi idi. Mirzə Camal yazır: 
"Gizlində Pənah xana ədavət bəsləyən Çiləbörd və Talış mahallarının məlikləri 
Fətəli xanın yanına getdilər. Onlar 6 ay qalanın yaxınlığında oturdular. Hər 
neçə gündən bir mərhum Pənah xanın qoşunu ilə  Fətəli xan ordusu arasında 
vuruşma üz verir və hər dəfə mərhum Pənah xanın qoşunu Qızılbaş ordusuna 
qalib gəlirdi. Bu müddətdə bir iş görə bilməyən Fətəli xan vəziyyətin gündən-
günə çətinləşdiyini və məğlubiyyətinin artdığını müşahidə edirdi"
1

Göründüyü kimi, Fətəli xana qarşı ölüm-dirim mübarizəsində  Vərəndə  və 
Xaçın erməni məlikləri Pənah xana kömək etmiş, Çiləbörd və Talış  məlikləri 
isə düşmən tərəfdən vuruşmuşlar. Xocalı kəndi ətrafında baş verən müharibədə 
erməni məliklərinin xain çıxması faktını Mirzə Yusif Qarabaği də təsdiq edir: 
"O zaman Çiləbörd və Talış  məlikləri - Məlik Hətəm, Məlik Usub da Fətəli 
xanın yanına gəlib onun qoşunu ilə birləşdilər və onun yanında özləri üçün 
səngər tikdilər.  İran qoşunları 6 ay burada qaldı. Amma bir nəticə  əldə 
edilmədi. Nəhayət, məliklərin köməyi ilə... qətiyyətlə döyüşə hazır bir halda 
müharibə meydanına qədəm qoydular. Pənah xan da düşmən öldürməkdə, 
sədaqətlə... tərifə ehtiyacı olmayan bir dəstə qarabağlılarla qarşıya çıxdı, 
düşmənlə müharibə etməyə başladı. Hər iki tərəf bu döyüşdə öz igidlik və 
rəşadətini göstərdi... Fətəli xan gördü ki, bu müharibədən bir nəticə çıxmayacaq 
və məqsədinə nail olmayacaq, bu qədər çalışmaq və səy hədər getdi..." 
Mirzə Adıgözəl bəy yazır ki, Fətəli xanın Qarabağa yürüşünün əsas səbəbi 
Pənahəli xanın simasında əsas rəqibini görməsi idi: "Fətəli xan bilirdi ki, Pənah 
xandan başqa bir kimsə onun dövlət və  şövkətini pozub dağıda bilməz. Buna 
görə onun ədavətini ürəyində gizli saxlayırdı. Zatının xəmirəsi ona (Pənah 
xana) qarşı  bəslədiyi gizli ədavətin suyu ilə yoğrulmuşdu. O, mərhum xana 
qarşı hərb etmək məqsədi ilə 7 dəfə fitnə-fəsadı göylərə qaldırdı. Lakin hər dəfə 
məqsədinə çatmadan, külli tələfatla geri qayıtdı. Axırıncı  dəfə ulduzlar qədər 
saysız qoşunla gəlib Ballıca çayı ilə Xacə Əlili çayı (hazırkı Xocalı çayı -7V.A) 
arasında olan geniş bir səhrada düşdü. Ümumi yol kənarında olan bu yerdə 
səngər düzəltdi. O səngərin asarı  və barılarının divarı indi də durur. Xalq 
arasında "Fətəli xan səngəri" adı ilə  məşhurdur. O, qış  fəslini də burada 
keçirtdi. 
Bu zaman Çiləbörd və Talış  məlikləri - Məlik Hətəm və  Məlik Usub da 
gəlib Fətəli xanın qoşunları ilə birləşdilər. Onların yanında bir səngər 
düzəltdilər. Bu səngərin də asarı və nişanəsi indiyə qədər durur. Altı ay burada 
oturdular. Fətəli xan arzusuna çatmaq məqsədi ilə  hər gün canından keçib 
meydana atıhrdı. Lakin peşmançılıq və zərərdən başqa bir şey əldə edə bilmirdi. 
                                                           
1 B ax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.249.
 
207

Axırda o, məliklərlə  bərabər böyük bir qüvvə ilə hücuma keçdi. İgidlik 
meydanına  şücaət qədəm qoydu. Pənah xan da müharibə meydanında üz 
ağardan və düşməni qırmaq üçün ürəkləri lalətək dağlı olan Qarabağ qoşunu ilə 
müdafiəyə girmişdi. Fətəli xan gördü ki, arzusunun gözəli varlıq aynasında 
görünmür. Ciddi-cəhdinin ağacı  zərər və peşmançılıqdan başqa bir səmərə 
vermir. Tədbirlər gördü, vasitəçilər saldı, saziş və barışıq binası qoydu. Ədavət 
və düşmənçiliyi aradan qaldırmaq istədi. Pənah xan da: "bacardığı" zaman 
müqəssiri bağışla; çünki bu gözəl bir işdir. Sözünün məzmununca, onun 
xahişini qəbul etdi. Onlar Ağa körpüsündə görüşərək sülh etdilər. Barışıq əhd 
və peymanla möhkəmləndi. Fətəli xan mərhum Pənah xana dedi: Bundan sonra 
dövlətlərimiz arasında ayrılıq və  məmləkətlərimiz arasında düşmənçilik 
olmayacaqdır. Bunun əksini düşünmək ağılagəlməz bir xəyaldır.  İndi sizdən 
dostcasına xahiş  və ricamız budur ki, əgər mümkün olsa uca xasiyyətli 
xanzadəni bir neçə günlüyə bizim çadırımıza qonaq göndərəsiniz. Bu bizə qarşı 
böyük qonaqpərvərlik və (bizdən ötrü də) son dərəcə başıucalıq olar: çünki 
İbrahim ağanın məhəbbəti ürəyimizi kabab edib, gözlərimizi yaşla 
doldurmuşdur. Bu vasitə ilə biz də onun ziyarətinə nail olanq, onu görüb 
ürəyimiz təsəlli tapar. Sonra onu böyük bir ehtiramla və calalla hüzuruna 
göndərərik". 
Mərhum Pənah xan da onun qəliz və yalan sözlərinə etibar etdi. Gözünün 
işığı olan igid oğlunu bilikli və natiq adamlarla Fətəli xanın ordusuna göndərdi. 
Bu xəbər Fətəli xana yetişincə, fərəh və  şadlıq izhar etdi. Övlad və 
əqrəbasından, əmir və sərkərdələrindən bir neçə nəfərini İbrahim Xəlil ağanın 
istiqbalına göndərdi. (Xanzadə) sonsuz hörmət və  hədsiz ehtiramla (Fətəli 
xanın ordugahına) yetişdi. 
Bir neçə gün qaldıqdan sonra o baxıb gördü ki, qayıtmağa izin ala bilmir; 
hər gün bir xana, hər gecə bir əmirə qonaq olub, onların süfrəsi başında vaxt 
keçirməkdən bir şey çıxmır. (Buna görə) Pənah xana yazdı: "Belə məlum olur 
ki, Fətəli xan məni də özü ilə  bərabər aparmaq fikrindədir. Mənim qaladakı 
(Şuşadakı) kürən atımı təcili surətdə mənə göndərin... səba yelitək mənzil kəsən 
o atın köməyilə qaça bilim". At, Fətəli xanın ordusuna yetişincəyə qədər, Fətəli 
xan köçmək təbilinin sədasını mavi göylərə yetirdi
1

"Qarabağnamə"lərdə  həmin müharibənin nəticəsi eyni şəkildə, gedişi isə 
müxtəlif variantlarda qələmə almır. 
Fətəli xan Pənah xanın oğlu  İbrahimxəlil ağanı  əsir edib Urmiyaya 
aparmaqla ona böyük mənəvi əzab verdi. Pənahəli xan Fətəli xandan qisas alıb 
oğlunu xilas etmək fikrinə düşdü. Belə bir məqsədi həyata keçirmək üçün 
Pənahəli xan hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndlə birləşdi. 
Pənah xanın Fətəli xan əleyhinə mübarizə  məqsədilə  Kərim xan Zənd ilə 
ittifaq yaratmasını  Əhməd bəy Cavanşir belə  təsvir edir: "O zaman İranda 
Fətəli 
                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.53.
 
208

xandan başqa bir də  Kərim xan Zənd məşhur idi. O, hakimiyyət arzusunda 
olmaqdan başqa, həm də döyüşdə onun qardaşını öldürən Fətəli xana qan 
ədavəti bəsləyirdi. Pənah xan bu ədavətdən istifadə edib onun anına qasidlər 
göndərdi. Onlar öz birgə  hərəkətləri barəsində razılığa gəlib hər iki tərəfdən 
Fətəli xanın üzərinə hücuma keçdilər və onu məğlub edib özünü əsir aldılar və 
İbrahim xanı da sağ-salamat geri qaytardılar. 
Ümumi düşmən üzərində  əldə edilmiş birgə  qələbədən sonra qaliblərdən 
yalnız biri üstün olmalı idi. Şübhəsiz ki, bu birincilik, artıq, demək olar ki, 
bütün  İranı özünə tabe etmiş  Kərim xan Zəndin elinə keçdi. Kərim xan 
təcrübəli bir məsləhətçi adı ilə  həm onun özünü, həm də  oğlunu  Şiraza öz 
yanına apardı. Az sonra İbrahimxəlil ağaya xanlıq fərmanı  və  hədiyyələr 
verərək Qarabağa yola saldı. Pənah xan bir müddət sonra Şirazda vəfat etdi. 
Mirzə Yusif Qarabaği Pənah xanın ölümü barədə yazır: "...Deyirlər ki, 
Pənah xan qəsdən özünü ölülüyə vurmuş idi: o, öz yaxın adamlarına vəsiyyət 
etmişdi ki, öləndən sonra onun cənazəsini Qarabağa aparsınlar. Bu hiylə  və 
xüsusi məqsədlə Şirazdan çıxıb yolda ata minib Qarabağa getsin və burada da 
öz hökmranlığını davam etdirsin. Kərim xan Pənah xanın fikrini başa düşərək 
deyir: "Pənah xan mənim xeyirxah dostumdur. Buna görə də mən gərək onun 
cənazəsini tam hörmətlə Qarabağa göndərəm. Onun qarnını yarıb ədviyyat ilə 
doldurduqdan sonra Qarabağa yola saldı...". 
A.Bakıxanov yazır ki, Kərim xan Zənd  İbrahim xana fərman verərək onu 
Qarabağa hakim göndərmişdir
1

Mirzə Adıgözəl bəy isə bu hadisəni belə qələmə almışdır: "Kərim xan Zənd 
...İbrahimxəlil ağanı hüzuruna çağıraraq ona qiymətli xələt, cavahiratla 
bəzədilmiş bir qılınc, qızıl yəhər və yaraqlı bir at bağışladı. Qarabağ vilayəti-
nin xanlıq fərmanını ona verib, evə qayıtmasına izin verdi"
2

Əhməd bəy Cavanşir Pənah xanın vəfatı barədə  aşağıdakı  məlumatı verir: 
"Hicri 1174-cü ildə  İbrahim xan Şuşaya qayıtdı, bundan iki ay sonra isə 
Şirazdan mərhum Pənah xanın cənazəsi gətirildi
3
. Əslində Pənahəli xan 1763-
cü ildə vəfat etmişdi. 
Mirzə Yusif Qarabaği "Tarixi-Safi" əsərində  Pənahəli xan dövründə 
Şuşanın  memarlıq abidələri haqqında da bəzi maraqlı məlumatlar verir. O yazır 
ki,  Şuşa ilk dəfə tikilərkən onun dörd darvazası olmuşdur. Bu darvazalardan 
biri şəhərin şimali-şərq tərəfində yerləşirdi ki, Şuşakəndə tərəf idi və ona xalq 
arasında Müxətər darvazası adı qoymuşdular.  İki darvaza isə  şimal ilə  qərb 
arasında idi. Bu darvazaların birinə  İrəvan darvazası, digərinə isə  Gəncə 
darvazası deyilirdi. Dördüncü darvaza isə cənuba tərəf açılırdı ki, bu darvazanı 
yenidən hörmüşdülər. 
                                                           
1 Bax: Abbasqulu ağa Bakıxanov. "Gülüstani-İrəm". Bakı, 1926, səh.131. 
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.212. 
3 Yenə orada, səh.185. 
 
209

XIX  əsrin  əvvəllərində  Şuşanın yalnız üç darvazası qalmışdı. Sonrakı 
dövrlərdə yalnız iki - giriş və çıxış darvazası qalmışdı ki, bunlardan biri İrəvan, 
biri isə  Gəncə istiqamətində idi. "Qarabağnamə"lərdə  Pənah xanın  Şuşada 
hakimiyyətə başlamasından az sonra xüsusi zərbxana düzəldib pul kəsməsini 
qeyd edirlər. Mirzə Yusif yazır ki, Şuşada Pənah xan tərəfindən sikkəxana 
tikildi. Pənahi adı ilə bir misqal vəznində gümüşdən pul sikkəsi vurulurdu. 
Sikkənin bir tərəfindən Pənahabad, o biri tərəfində isə "Lailahəilləllah, 
Məhəmmədən Rəsullüllah" sözləri yazılmışdır. Pənahinin altısı bir manat, 
səkkizi isə Qarabağ tüməni adlanırdı. Pənah xanın buraxdığı pul Qarabağın 
Rusiya tərkibinə daxil edilməsindən sonra da öz dəyərini saxlamışdı. 
Şuşa şəhərinin binası qoyularkən Pənahəli xan şəhərin ərazisini məhəllələrə 
(kvartallara) bölmüşdü. Mirzə Yusif Qarabağiyə görə,  Şuşa  şəhərindəki ilk 
məhəllələrin sırasında Qurdlar, Quyuluq, Çuxur, Hacıyusifli, Merdinli, 
Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Hamam arası  və ümumən 16 
məhəllə salınmışdır. Tədricən bu məhəllələrdə su quyuları qazılır, hamamlar 
tikilir, məscidlər bina olunurdu. Şəhərin bütün məhəllələrində çirkli suları 
şəhərdən uzaqlaşdırmaq üçün geniş kanalizasiya sistemi mövcud idi. 
İbrahim Xəlil xan dövründə Şuşa şəhərində 17 məhəllə mövcud idi. Məhəllə 
məscidlərindən başqa ümumşəhər  əhalisinin istifadəsi üçün iki Cümə  məscidi 
tikilmişdir. 
Pənahəli xan 1748-1759-cu illər arasında 12 il Qarabağ xanı olmuşdur. 
Onun hakimiyyəti dövrü aşağıdakı mühüm hadisələrlə  səciyyələnir: Pənahəli 
xan iki əsrdən artıq davam edən Qarabağ  bəylərbəyiliyinə son qoydu. Həmin 
ərazidə iki xanlıq: Qarabağ  və  Gəncə xanlığı yaratdı. Qarabağ  Xəmsə 
məliklərini öz itaəti altına aldı. Kəbirli mahalında Bayat qalasını tikdi, həman 
qalada  şəkili Hacı  Çələbi xana qalib gəldi. Xanlığın müdafiə qabiliyyətini 
gücləndirmək üçün Şahbulaqda Tərənküt qalasını tikdi. Şirvan, Gəncə,  Şəki, 
Naxçıvan,  İrəvan, Qaradağ xanlıqlarını onunla hesablaşmağa məcbur etdi. 
Təbriz, Qaradağ, Naxçıvan xanlıqları hesabına Qarabağ xanlığının  ərazisini 
genişləndirərək, Zəngəzur, Qapan, Mehri yaşayış  ərazilərini Qarabağa 
birləşdirirdi. Nüfuzu artan Pənahəli xan daha böyük müharibələrə sinə gərmək 
üçün  Şuşa qalasını tikdi. O, Şuşa qalası  ətrafında Qarabağa hücum etmiş 
Məhəmməd Həsən xan Qacara qalib gəldi. Fətəli xan Əfşarın Qarabağda 8 aya 
yaxın davam edən müharibəsində onu geri oturtdu. Pənahəli xana qarşı hiylə 
işlədən və onun oğlunu xəyanətlə Qarabağdan Urmiyaya əsir aparan Fətəli xanı 
qəti ezmək üçün Kərim xan Zəndle ittifaqa girdi və onu Urmiya yanında 
məğlub etdi. Şirazda 1763-cü ildə vəfat edən Pənahəli xan öz vəsiyyətinə görə 
Ağdama gətirildi və ata-baba mülkündə dəfh olundu. Sonralar Qarabağ xanları 
və onların övladları, arvadları  və yaxın  əqrəbaları da Ağdamda xanlıq 
qəbiristanlığında dəfn edildilər... 
  
 
210

 
Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin