AZƏrbaycan diLİ VƏ tariXİ


 QARABAĞ XANLIĞININ RUSİYA TƏRKİBİNƏ



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə16/16
tarix31.01.2017
ölçüsü1,83 Mb.
#7201
1   ...   8   9   10   11   12   13   14   15   16

6. QARABAĞ XANLIĞININ RUSİYA TƏRKİBİNƏ  
DAXİL EDİLMƏSİ 
 
1797-ci ildə  İbrahimxəlil xan Car-Balakəndən  Şuşaya qayıtdı. Ağa 
Məhəmməd  şahın ölümündən qəzəblənmiş  İran  şahlığı ilə münasibətləri 
yaxşılaşdırmaq siyasəti yürütdü. Lakin İbrahimxəlil xanın 1797-1805-ci illərin 
əvvəllərində  İranla dinc yanaşı yaşamaq siyasəti istənilən nəticəni vermədi. 
Fətəli  şah öz sələfi Ağa Məhəmməd  şah Qacarın cənazəsini ehtiramla İrana 
yola salan və əlavə olaraq oğlu Əbülfət xanı onun himayəsinə, qızı Ağabəyim 
ağanı şaha ərə verən İbrahimxəlil xana hörmətlə yanaşsa da, tezliklə onu özünə 
tabe etmək üçün yollar axtardı. 
Buna rəğmən  İbrahimxəlil xanın Rusiyaya dostluq, itaətkarlıq siyasətində 
ardıcıllıq var idi. Bu siyasət müxtəlif məktub və  sənədlərdə, eləcə  də 1805-ci 
ilin mayında Kürəkçayda bağlanmış sazişdə öz ifadəsini tapmışdır. Rus dövləti 
İbrahimxəlil xanın sədaqətini nəzərə alaraq onun əleyhinə  nə XVIII əsrdə, nə 
də XIX əsrin  əvvəllərində heç bir güc işlətməmişdir. Buna baxmayaraq, 
çarizmin milli müstəmləkə siyasətini icra edən dargörüşlü mayor Lisaneviç 
  
 
 
231

Kürəkçay sazişindən bir il keçməmiş  İbrahimxəlil xanın Rusiyaya 
sədaqətinə  şübhə edərək, eləcə  də erməni məliklərinin, xüsusilə  Məlik 
Cümşüdün donosları əsasında xan ailəsi və yaxın adamları ilə birlikdə 11 iyul 
1806-cı ildə Şuşa qalası yaxınlığında öldürüldü. Böyük dövlət xadimi, misilsiz 
sərkərdə, Rusi-yanın sədaqətli dostu İbrahimxəlil xanın öz "dostlarının"  əlilə 
öldürülməsi Qarabağ ehalisini narazı saldı  və onlar kütləvi etirazlarını çara 
bildirdilərsə də, bir nəticə vermədi. Əksinə Lisaneviçin hərbi rütbəsi artırıldı... 
O,  əvvəlcə polkovnik, sonra isə general rütbəsi aldı.  İbrahimxəlil xanın 
qətlindən sonra oğlu general-mayor Mehdiqulu xan Qarabağ xanı təyin edildi. 
Mehdiqulu xan Qarabağ xanlığının ləğvinə qədər (1822) xanlıq vəzifəsini icra 
etdi... 
Mirzə Camal "Qarabağ tarixi"nin yeddinci fəslini "Ağa Məhəmməd  şah 
öldürüldükden və  İbrahim xan Balakəndən Qarabağa qayıtdıqdan sonra baş 
vermiş hadisələr haqqında" adlandırmışdır. Həmin fəsildə  Ağa Məhəmməd 
şahın talançı hücumlarından sonra Qarabağ xanlığının dağılmış  təsərrüfatının 
bərpasından, xalqın güzəranını yaxşılaşdırmaq tədbirlərindən söhbət açılır. 
Nəhayət, Qarabağ xanlığının Rusiya himayəsini təsdiq edən 1805-ci il 
Kürəkçay müqaviləsi və  İbrahim xanın öldürülməsi səbəbləri göstərilməklə 
həmin fəsil tamamlanır. 1797-1804-cü illərdə  İbrahim xanla Fətəli  şah Qacar 
arasında dostluq əlaqəsi davam edirdi. Lakin Zaqafqaziyanın çar Rusiyası 
tərəfindən tutulması haqda geniş  hərbi-siyasi plan bu dostluğun pozulmasına 
səbəb oldu. 
İbrahimxəlil xan öz vəziyyətini möhkəmləndirmək və düşmənlərin Rusiyanı 
onun  əleyhinə yönəltməsinin qarşısını almaq məqsədilə general-poruçik 
Q.A.Potyomkinə  məktub yazıb bildirdi ki, Rusiya təbəəliyini qəbul edib ona 
bac verməyə hazırdır
1

Bu mühüm sənəd göstərir ki, II Yekaterina hələ 1783 -cü ildə bütün 
Zaqafqaziyanı Rusiyaya tabe etməyə hazır idi. 
İbrahimxəlil xan öyrəndi ki, knyaz Q.A.Potyomkin Asiyada xristian dövləti 
yaratmaq istəyir və bu məqsədlə Qarabağ  məliklərinə arxalanmaq fikrindədir. 
Bu planın yerinə yetirilməsi İbrahimxəlil xan üçün hakimiyyəti itirmək demək 
idi
2

Lakin o, Rusiya komandanlığı ilə özünü elə aparırdı ki, guya təbəəliyə 
keçmək meylindədir; o, ümid verir və lakin ondan gözlənilən addımı atmırdı. 
Niyyəti özünə  sərfəli olan şərtlər barədə razılığa gəlmək idi. Bu məqsədlə o, 
1784-cü ilin əvvəllərində Rusiyaya öz elçisi ilə  məktub göndərib bildirdi ki, 
himayəni xahiş edir, bununla birlikdə onun daxili işlərinə qarışılmasını istəmir. 
Eyni zamanda II Yekaterina İbrahim xanla daha çox maraqlanmağa 
başlamışdı. 1784-cü ilin mayında o, Q.A.Potyomkinə yazırdı: "Deyəsən, 
İbrahim 
                                                           
1 В ах: П.Бугков. Материалы для новой истории Кавказа, ч. II., СПб., 1869,
 
стр.142. 
2 Yenə orada, səh.l 15. 
 
232

xanın məktubu türklərin və digər iranlıların mənə çatan məktubundan daha 
nəzakətli yazılıb. Xahiş edirəm, onu mənə tanıt. O, necə xan olub? Cavandırmı, 
qocadırmı, güclüdürmü, zəifdirmi, iranlılar ona meyillidirmi"
1

Məlumdur ki, Qudoviçi baş komandan əvəzinə general Kovalevski əvez 
etdi. Bu dəfə  İbrahimxəlil xan onun yanına "elçi ilə  hədiyyələr göndərib, öz 
dostluğunu bildirdi. Həqiqətdə  də general Kovalevski elçiləri böyük hörmətlə 
qarşılayıb, xüsusi sovqat və töhvələr göndərərək mərhum  İbrahimxəlil xanın 
haqqında olduqca mehribanlıq göstərdi"
2
. Göründüyü kimi, Rusiyaya dostluq 
münasibətində qubalı Fətəli xanla yanaşı, ən ardıcıl olanı İbrahimxəlil xan idi. 
Əhməd bəy Cavanşirin yazdığına görə, Rusiyanın Zaqafqaziyanı  ələ 
keçirmək, burada İran mənafeyini alt-üst etmək və  nəticədə Zaqafqaziyanı öz 
tərkibinə daxil etmək siyasətini həyata keçirməkdə Gürcüstan dayaq nöqtəsi idi. 
Mirzə Adıgözəl bəy "Qarabağnamə"nin "Rusiya qoşunlarının Qafqazın bu 
tərəfinə  təkrar gəlməsi və  əmələ  gələn hadisələr haqqındadır" adlandırdığı 
doqquzuncu fəslində XVIII əsrin sonu XIX əsrin əvvəllərində Qarabağ və ona 
qonşu  əyalətlərdə baş verən hadisələri təsvir edir. Onun fikrincə, Gürcüstan 
valisi yenicə hakimiyyət başına keçən Fətəli şahdan qorxurdu və bu səbəbdən 
"öz böyük oğlu Davud Mirzəni yalvarıcı ərizələr və səmimi məktub"larla böyük 
imperator Pavel Petroviçin uca dərgahının astanasına göndərdi"
3

Doğrudan da, Fətəli  şah Cənubi Azərbaycandan sürətlə Zaqafqaziyaya 
yaxınlaşır, Rusiyaya meyil edən Qarabağ xanlığını, Gürcüstanı  və başqa 
əraziləri tutmağa hazırlaşırdı. 
Valinin məktubu Peterburqa yetişən kimi Davud Mirzə ilə Kovalevski bir 
polk soldatla valinin sərəncamma, Tiflisə yola salındı. Onunla birlikdə general-
mayor Lazarev 1799-cu ildə Tiflisə daxil oldular. 
Daha sonra Mirzə Adıgözəl bəy Ümmə xanla general Lazarevin hərbi toq-
quşmasını  qələmə almışdır. General-mayor Lazarevin Ümmə xanla apardığı 
hərbi  əməliyyatların prinsipial əhəmiyyəti var idi. Fətəli  şah bu döyüşlərə 
böyük ümid bəsləyirdi. Lakin uzun sürən müharibədə Ümmə xan məğlub 
edildi. Ümmə xandan Cavad xan da narazı idi. Çünki onun qüvvələri Gəncə 
xanlığını qarət etmişdilər... 
Ümmə xanın vəfatı Fətəli şahın ümidini boşa çıxardı və Tiflis üzərinə qoşun 
göndərmək fikrindən çəkindirdi. 
II İraklidən sonra Gürcüstan hakimi olmuş XII Georgi 1800-cü il dekabrın 
29-da vəfat etdi. General-leytenant Knorrinq Gürcüstanda rus movqeyini möh-
kəmlətmək meqsədilə 1801-ci ilin may ayında Tiflisə gəldi. 
                                                           
1 (Собственноручное письмо императрицы Екатрины II кн. Г.А.Потемкину.
 
28 мая 1784 г.). 
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.130. 
3 Yenə orada, səh.67. 
 
 
233

Mirzə Adıgözəl bəy yazır ki, Knorrinq Gürcüstanı idarə etmək məqsədilə 
gürcü tavadlarından dörd nəfəri seçib divanbəyi təyin etdi. Mirzə Adıgözəl 
bəyin verdiyi məlumat tarixi həqiqətə də uyğun gəlir
1

1803-cü ilin əvvəlinə  qədər Zaqafqaziyada, o cümlədən, Qarabağda 
vəziyyət bu şəkildə inkişaf edirdi. 1803-cü ilin fevralında Sisianovun 
Gürcüstanı idarə etməsi ilə vəziyyət dəyişdi. 
Gürcü vəliəhdlərini itaətə çağıran general-mayor Lazarev 1803-cü il aprelin 
21-də çariça Dariya Georgiyevna tərəfindən öldürüldü. General Sisianovun 
əmrilə Dariya Georgiyevna 1803-cü il oktyabrın 26-da Rusiyaya yola salındı. 
Bundan sonra Sisianov Azərbaycan xanlıqlarını Rusiyaya tabe etmək fikrinə 
düşdü. Mirzə Camal Sisianovun əməliyyatlarına geniş yer verir. 1803-cü ilin 
fevral ayında general Sisianov Tiflisə gəldi. Onun ilk tədbirlərindən biri Car və 
Tala ləzgilərinin Gürcüstana basqınlarına son qoymaq idi və tezliklə, öz 
məqsədinə nail oldu. Bundan sonra Sisianov gəncəli Cavad xanı aradan 
qaldırmağa çalışdı. 
Mirzə Camalın yazdığına görə, Sisianovun qoşunları 1803-cü ilin 
axırlarında gəlib Gəncəni mühasirə etdi. Lakin Cavad xan son nəfəsinə  qədər 
müqavimət göstərmək qərarına gəldi. Sisianov təslim olmaq barədə Cavad xana 
29 noyabr və 9, 11, 26, 28, 29 dekabr tarixli məktublar yazdı
2

Cavad xan qalanı döyüşsüz təslim etməyə razı olmadıqda 1804-cü il yanvar 
ayının üçündə Ramazanın axırmcı gecəsi xan, oğlu Hüseynqulu ağa ilə birlikdə 
ümumi hücumda qala divarları üzərində mayor Lisaneviç tərəfindən 
öldürüldü
3

Gəncə qalası alınan kimi Sisianov Cavad xanın qatili mayor Lisaneviçi 
Şuşaya  İbrahim xanın yanına göndərib itaət etməyə çağırdı  və  İbrahimxəlil 
xandan Rusiya himayəsinə keçməsi barədə məktub aldı. Bu səbəbdən Sisianov 
Gəncədən Qarabağa gəlmədi. Daha narahat saydığı başqa xanlıqlar üzərinə 
getdi. 
1804-cü ilin yazında  İrəvan xanı  Məhəmməd xan və Naxçıvan hakimi 
Kəlbəli xan Sisianovdan kömək istədilər. Onlar yazmışdılar: "Fətəli şah oğlu və 
vəliəhdi Abbas Mirzəni İrəvan üzərinə göndərmişdir. Əgər Sərdar təşrif gətirib, 
bizə kömək etsə, biz İrəvan qalasını  Sərdara verib, yüksək Rusiya dövlətinə 
tabe olmağı qəbul edərik". 
Sisianovun hərbi qüvvələri  İrəvana doğru yürüş etdi. 1804-cü ilin iyun 
ayında rus qoşunu ilə Abbas Mirzə qoşunu arasında Üçkilsə (Eçmiadzin) 
yaxınlığında  şiddətli müharibə oldu. Həmin döyüşdə ruslar İran qoşunlarının 
hücumlarını dəf etdilər. Vəziyyətin gərginliyini görən Fətəli şah güclü qoşunla 
oğlu-nun köməyinə getdi. Məhəmməd Həsən xan və  Kəlbəli xan Sisianova 
verdikləri vədi açıq-aşkar pozur, rus qoşunlarına qarşı vuruşurdular. 
                                                           
1 B ax: AKAK, I cild, sənəd 542, səh.425. 
2 B ax: AKAK, II cild, sənəd 1172, 1178-1179, səh.588, 590-591. 
3 Bax: "Rnyaz Sisianovun Qafqaz mülki qubernatoruna yazdığı 1804-cü il 8 yanvar tarixli 5 nömrəli teliqə, AKAK, 
II cild, sənəd 1189, səh.592. 
 
234

Ermənilərin Rusiya 
himayəsinə keçmək barədə  hələ 1783-cü il müraciəti də özünü doğrultmadı, 
çətin vəziyyətdə qalan Sisianovun ordusu azuqə  cəhətdən də korluq çəkirdi. 
Mirzə Camal və Mirzə Adıgözəl bəy bu xəyanəti ermənilərin ruslara qarşı 
xəyanəti kimi qələmə almışlar. Sənədlər də bu həqiqəti təsdiq edir
1
. Beləliklə, 
Sisianov İrəvan qalasını ala bilmədi və Tiflisə qayıtdı. 
Məqsəddən uzaq düşməmək üçün burada Mirzə Adıgözəl bəyin  İrəvan 
müharibəsi haqqında fikir və mülahizələrini  şərh etməyə ehtiyac hiss etmirik. 
Bununla yanaşı, onu xatırlatmaq istəyirik ki, knyaz Sisianovun ağır döyüşlər 
nəticəsində ala bilmədiyi  İrəvan 40 ildən artıq (1754-1797) Pənahəli xan və 
İbrahimxəlil xanın hökmranlıq etdiyi Qarabağ xanlığının itaəti və təsiri altında 
olmuşdur. 
İrəvan qalası rus qoşunları tərəfindən 1804-cü il iyul ayının 2-dən etibarən 
mühasirəyə alınsa da təslim olmadı: "Şah, mərhum  İbrahim xanla Rusiya 
sərdarı arasında dostluq əlaqəsinin olmasını  və elçilərin gedib-gəlişini eşitdi-
yinə görə  İrəvandan qayıtdığı zaman Əbülfət xana beş min nəfərlik qoşun 
verib, atasına yardım və kömək göstərmək adı ilə Qarabağa  İbrahim xanın 
yanına göndərdi və tapşırdı ki, Məhəmmədhəsən ağanı bir neçə Qarabağ 
bəyzadələri ilə  Fətəli  şahın hüzuruna göndərsin,  Əbülfət xan İbrahim xanın 
həyatının axırına qədər vəkil sifətilə Qarabağda qalsın və  Əbülfət xandan 
icazəsiz və məsləhətsiz heç bir iş görməsin"
2

Fətəli  şahın təklifinin mahiyyəti aydın idi. O, İbrahimxəlil xanın 
suverenliyini pozmaq istəyir, özünün tabeçiliyinə almağa cəhd göstərirdi. 
Qarabağ xanlığı yaranandan beri ilk dəfə idi ki, İbrahimxəlil xana belə bir 
təlıqiranə təklif edilirdi. Bu səbəbdən İbrahim xan Fətəli şahdan incidi. 
Mirzə Camal yazır: "Mərhum  İbrahim xan Fətəli  şahın belə  təkliflərindən 
inciyib,  Əbülfət xana ağır cavablar verərək, yazdı ki, Qarabağ torpağına 
girmədən geri qayıtsın.  Əbülfət xan möhtərəm atasının sözünə baxmayıb, 
İbrahim xan və  Məhəmmədhəsən xan Dizaq mahalının Tuğ  kəndində 
olduqlarından, Qızılbaş qoşununu götürüb, o tərəfdəki dağların qoçaq 
tüfəngçilərini, özünün işgüzar nökərlərini və başqalarını toplayıb tam bir surət 
və böyük izdihamla mərhum  İbrahim xanın və öz böyük qardaşı 
Məhəmmədhəsən ağanın hüzuruna gəldi. Hamin gecə Mehdiqulu xan da gəlib 
çatdı. Səhər  Əbülfət xan böyük dəstə ilə Tuğ  kəndinə hücum etdi. Mərhum 
xanın və  oğlanlarının yanında olan qoçaq tüfəngçilər və adlı-sanlı atlılar 
hücuma keçərək Qızılbaş qoşununu məğlub edib, düşmən ordusunun bütün at 
və heyvanını qarət etdilər. Düşməndən çoxlu əsir düşən və ölən oldu. Əbülfət 
xan Arazın o tayına qaçdı"
3
. Anası erməni qızı 
                                                           
1 Sisianovun 1804-cü il 2 iyulda Rusiya qoşunlarının vəziyyoti barədə  məktubu Bax: AKAK, II cild, sənəd 1168, 
səh.810. 
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.151. 
3 Yenə orada, səh. 150. 
 
235

olan  Əbülfət xan həm Fətəli  şaha, həm də erməni məliklərinə xidmət 
göstərərək, İbrahimxəlil xan əleyhinə fəal mübarizə aparırdı. 
Fətəli  şah  Əbülfət xanın məşhur Tuğ döyüşündə biabırcasına məğlub 
olmasından təşvişə düşdü. O, hər vasitə ilə İbrahimxəlil xanla Sisianov arasmda 
və ümumən onun Rusiya ilə dostlaşmasına mane olmağa çalışırdı. Bu məqsədlə 
Fətəli şah yeni diplomatik manevrə əl atdı. O, "... iki-üç nəfər xanı elçi adı ilə 
İbrahim xanın yanına göndərdi,  Əbülfət xanı isə danlayıb, məzəmmət etdi. 
Kərim xan, Rəhim xan və Abdulla xandan ibarət olan bu elçiləri mülayim və 
şəfqətli sözlər, möhkəm təəhhüdlər və qəliz andlarla dolu fərmanla İbrahimxəlil 
xanın yanına göndərib söz verdi ki, bütün Qaradağ mahalını  şah xəzinəsinə 
çatmalı olan mədaxili ilə birlikdə  əbədi olaraq mərhum  İbrahim xan nəslinə 
verəcəkdir, övladlarından iki nəfərini də  Şuşa qalasına  İbrahim xanın yanına 
girov göndərəcəkdir. Müqabilində  İbrahim xan Şuşa qalasının üç ağaclığında 
Tifiis və  Gəncə yolunun üstündə olan Əsgəranın hər iki qalasını (Qızılbaş) 
qoşununa təhvil verməlidir. Rus qoşununun qabağını kəsmək üçün hər iki qala 
möhkəmləndirilib içərisində qoşun saxlanmalıdır. Habelə qalanın bir 
ağaclığında olan çay, Şuşa qalasının üç verstliyindəki səngərlə birlikdə Qızılbaş 
qoşununun ixtiyarına verilməlidir..."
1

Hələ bunlar az imiş kimi, Şahbulaq qalasının da Fətəli şaha verilməsi tələb 
olunurdu. Fətəli şah Qarabağda yerləşəcək bütöv bir ordunu pulla satın alınan 
ərzaqla təchiz etməyə söz verirdi. İbrahimxəlil xan Fətəli şahın təkliflərinə heç 
bir məhəl qoymadı. Onun qızı  Ağabəyim ağa  şahın hərəmi olmasına, oğlu 
Əbülfət xanın nüfuzlu mövqe tutmasına rəğmən İbrahimxəlil xan müdriklik və 
tarixi  şəraitlə hesablaşmağı  zəruri saydı. O, Tiflisə general Sisianovun yanına 
nümayəndə göndərərək onunla görüşmək və Rusiyaya itaət  şərtlərini 
müəyyənləşdirməyi təklif etdi. Sisianov İbrahim xanın elçilərini "hörmət və 
ənamla geri qaytarıb" onunla 1805-ci ilin yazında görüşəcəyini bildirdi. 
Əhməd bəy Cavanşir yazır: "Bu hadisədən sonra Məhəmmədhəsən ağa öz 
tərəfdarları ilə birlikdə  qəti qələbə çaldı. Onun təkidi ilə bir neçə  nəfər adlı-
sanlı  bəy xanın admdan knyaz Sisianova məktub apardılar. Həmin məktubda 
xan iranlıların pis niyyətlərindən  şikayətlənib, rus imperatorunun təbəəliyinə 
daxil olmaq haqqında özünün əyanları  və  təbəələrinin qəti arzusunu bildirdi. 
Məktubun cavabını bir nəfər qərargah zabiti gətirdi; həmin cavabda müqavilə 
bağlanmasının vaxtı və yeri haqqında əvvəlcədən razılığa gəlmək təklif edilirdi. 
Beləliklə, 1805-ci ilin mayında, xanlığın sərhədində, Kürəkçay sahilindəki 
düşərgədə (Yelizavetpolun 20 verstliyində) knyaz Sisianov Qarabağ xanlığının 
rus imperatoruna sədaqəti haqqında andını qəbul etdi..."
2

                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.151. 
2 Yenə orada, səh.206. 
 
236

Sisianovla İbrahim Xəlil xanın 1805-ci ilin mayında Gəncə yaxınlığındakı 
məşhur görüşü başlandı. 
İbrahim Xəlil xanın Rusiya təbəəliyinə keçməsi haqqındakı traktat 1805-ci 
il may ayının 14-də, Səlim xanın isə Rusiya ilə bağladığı traktat həmin il may 
ayının 21-də imzalanmışdır
1

Mirzə Camal traktatın bağlanması  şəraitini belə  qələmə alır: "Kürəkçayın 
qırağında bir neçə gün bayram, şənlik və qonaqlıq oldu. Sonra traktat və 
əhdnamə yazıldı.  İbrahim xan və  Şəki hakimi Səlim xan ona möhür basdılar, 
böyük sərdar isə ona qol çəkdi. Bir-birinə böyük hörmət ve ehtiram 
göstərdikdən sonra geri qayıtdılar.  Şərtə görə, Məhəmmədhəsən ağanın ikinci 
oğlu Tiflisdə girov qalmalı idi. Mərhum İbrahim xanın xahişinə görə bir dəstə 
rus qoşunu topxana ilə həmişə Şuşa qalasında xanın yanında qalmalı idi. Həmin 
yığıncaqda  İbrahim xana və  Səlim xana general-leytenanthq, mərhum 
Məhəmmədhəsən ağaya və Mehdiqulu xana general-mayorluq, mərhum Xanlar 
ağaya isə polkovniklik rütbəsi verilməsi haqqında sərdarın vasitəçiliyi ilə 
padşaha ərizə yazıldı. Dörd aydan sonra bu iltifat və daimiməvacibli dərəcələrin 
verilməsi haqqında fərman gəlib çatdı"
2

Kürəkçay müqaviləsi (may 1805) İran şahlığının qəzəbinə səbəb oldu. Fətəli 
şah bu müqaviləni pozmaq və böyük strateji əhəmiyyəti olan Şuşa qalasını, 
Əsgəran və  Şahbulaq qalalarını almaq məqsədilə son dərəcə ciddi hazırlığa 
başladı. Kürəkçaydan qayıdarkən  İbrahimxəlil xanla Lisaneviçin hərbi dəstəsi 
də  gəlmişdi. Lisaneviçin hərbi bölməsi və topxanası  hələlik  Şuşanın 10 
kilometrliyində olan Xan bağında yerləşdirilmişdi. Bu zaman İran hərbi 
qüvvələrinin Araz sahillərinə yaxınlaşdığı  xəbəri gəldi.  İranlılarla müharibə 
aparmaq üçün Məhəmməd Həsən ağanın rəhbərlik etdiyi Qarabağ süvariləri 
göndərildi. Mayor Lisaneviçin hərbi hissələri də  Məhəmmədhəsən ağaya 
kömək edirdilər.  İran qoşunu ilə Qarabağ döyüşçüləri arasında müharibə 
Cəbrayıl qəsəbəsi yanında baş verdi. Məhəmmədhəsən ağa  İran qüvvələrinin 
güclü olduğunu nəzərə alaraq Şuşanın müdafiəsi məqsədilə qalaya qayıtdı. 
Qızılbaş qoşunu Şuşanın dörd ağaclığında olan Ağoğlana girdi. Beş minə yaxm 
İran qoşunu Əsgəran qalasını almaq üçün onu mühasirə etdi. Mayor Lisaneviç 
vəziyyət barədə Sisianova təcili çaparlar vasitəsilə xəbər verib kömək istəmişdi. 
Bu zaman İran vəliəhdi naibüssəltənə Abbas Mirzə yeni qüvvələrlə Çanaxçı 
kəndinə yaxınlaşıb hərbi düşərgə qurdu... 
"...Şah özü Qarabağın Təxti-tavus adlı yerinə və naibüssəltənə də Ağoğlan 
və Çanaxçı yolundan Əsgəranın aşağısına gəldi. Naibüssəltənə  Gəncədən bir 
dəstə soldatla Şuşaya gedən polkovnik Karyagin ilə döyüşə başladı. Polkovnik 
qayıdıb Şahbulaq yanında olan Tərnəküt qalasına gəldi..."
3

                                                           
1 AKAK, II cild, sənəd 1436, 1437, səh.700. 
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.152. 
3 A.Bakıxanov. "Gülüstani-İrəm", Bakı, 1951, səh.195. 
 
 
237

 Göründüyü kimi, 1805-ci ildə naibüssəltənə Abbas Mirzənin və sonra ona 
köməyə  gələn Fətəli  şahın müharibə yolu ilə Kürəkçay  əhdnaməsini pozmaq 
səyləri boşa çıxdı. 
Sisianov tərəfindən göndərilən rus hərbi qüvvələri polkovnik Karyagin və 
polkovnik Kotlyarevskinin komandası altında Qarabağ xanlığının köməyinə 
gəldi. Həmin döyüşün təfsilatını Mirzə Camal belə təsvir edir: 
"Polkovnik Karyagin və podpolkovnik Kotlyarevski böyük sərdarın əmrinə 
görə qoşun və topxana ilə  Şahbulaq qalasının yaxınlığına çatdılar. 
Naibüssəltənə Çanaxçıdan köçüb, polkovnik Karyaginin üstünə getdi. Bunlar 
vuruşa-vuruşa Əsgəranın yaxınlığına çatdılaf. Qızılbaş qoşunu hər yeri, bütün 
yolları və Əsgəran qalasını tutub möhkəmləndirdiyinə görə qoşunun və topların 
hərəkəti çətinliyə düşdü. Buna görə bir dəstə rus qoşunu orada səngərə girib, on 
bir gün ərzində, gecə-gündüz bütün Qızılbaş qoşunu ilə vuruşdu. Bundan başqa 
rus qoşununun səngəri sudan da uzaq idi. On bir gündən sonra polkovnikin 
(Karyaginin və Kotlyarevskinin) yaralandığına və rus qoşununun yarısının 
davada tələf olduğuna və yaralandığına baxmayaraq, üç yüzə yaxın soldat 
bütün topları götürüb, Vanya yüzbaşının bələdçiliyi ilə  Şahbulağa 
qayıtdılar..."
1

1805-ci ilin sonu 1806-cı ilin əvvəllərində Rusiya - İran müharibəsi daha 
geniş miqyas aldı.  Əvvəlcə bu müharibə Qarabağı Rusiya himayəsindən 
çıxarmaq məqsədi daşıyırdı. Bu səbəbdən  İran hərbi qüvvələri Qarabağ 
ərazisində cəmləşdirilmişdi. 
Mirzə Camal Qarabağ  uğrunda Rusiya - İran müharibəsindən sonra 
Sisianovun həyata keçirdiyi başqa tədbirlərdən söz açaraq yazır: "Həmin ilin 
(1805-ci il - N.A.) qış  fəslində (knyaz) böyük Rusiya dövlətinin qoşunu ilə 
Kürdən keçib, Şirvan, Bakı, Quba və  Dərbəndi tutmaq üçün Şəkiyə  tərəf 
hərəkət etdi. Böyük Rusiya dövlətinə  səmimiyyət bəsləyən  İbrahim xan öz 
istəkli oğlu Mehdiqulu ağanı Qarabağ qoşunu və bir neçə bəyzadə ilə birlikdə 
padşah  əsgərləri sırasına, tapşırılan vəzifələri yerinə yetirmək üçün sərdarın 
hüzuruna göndərdi. Böyük (Rusiya) dövləti itaəti altında olan Şəki hakimi 
Səlim xan sərdarı lazım olan tədarükat və layiqli peşkəşlərlə  Şəki vilayəti 
sərhədindən götürüb Şirvan vilayəti sərhədinə çatdırdı. 
Öz dövlətinə, gücünə və ölkənin çətin yollarına qürrələnən Mustafa xan bir 
neçə gün sərdara qürurla cavablar yazaraq itaətdən boyun qaçırtdı. Lakin 
qüdrətli rus əsgərləri, Qarabağ  və  Şəki qoşunu qarşısında müqavimət göstərə 
bilməyəcəyini və Qarabağ qoşununun fürsət tapıb  Şirvan kəndlərinə  əl 
uzatdığını gördükdə o, Mehdiqulu xanla Səlim xanın göstərişi ilə itaət 
edəcəyinə yalandan söz verdi. İbrahim xan və  Səlim xan kimi müqavilə  və 
əhdnamə yazıb, üzdə Rusiya dövlətinin itaəti altına girdi"
2

                                                           
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh. 153. 
2 Yenə orada, səh.155. 
 
238

Mirzə Camal Sisianovun Bakı üzərinə yürüşü dövründə Qarabağda baş 
verən hadisələri və onun siyasi-ictimai həyata təsirini də  qələmə almışdır: 
"Böyük sərdar  Şirvandan gəlib Bakı  tərəfə  hərəkət etdi. Bu zaman mərhum 
İbrahim xanın xəstə olan böyük oğlu general-mayor Məhəmmədhəsən ağa 
Allah rəhmətinə getdi. Bu kədər gətirən hadisədən Qarabağ vilayətini qəm və 
pərişanlıq basdı. Ürəkdə rus dövlətinə itaət etməyə razı olmayan bir para 
adamlar Məhəmmədhəsən ağanın vəfatından, Mehdiqulu ağanın vilayətdən 
uzaqlaşmasından, mərhum  İbrahim xanın xəstəliyi, yaşının çoxluğu və 
qüvvəsinin azlığından istifadə edərək müqavilə və əhdnamənin əksinə olan işlər 
görməyə başladılar. Buna görə böyük sərdar Mehdiqulu xanı Qarabağ qoşunu 
ilə birlikdə geri göndərməyi məsləhət bilərək, onu böyük ehtiram, izzət, layiqli 
ənam və xoş  xəbərlər ümidi ilə Qarabağa qaytardı. Mərhum general-mayor 
Məhəmməd Həsən ağaya xüsusi səmimiyyəti və  məhəbbəti olduğundan 
hörmətli cənab polkovnik Cəfərqulu ağaya sevgi və ehtiramını andıran məktub 
yazıb, mərhum Məhəmmədhəsən ağanın vəfatından son dərəcə təəssüfləndiyini, 
ona məhəbbət bəsləyib, qeydinə qalmağa hazır olduğunu bildirdi. 
General-mayor Mehdiqulu xan Qarabağ qoşunu və  bəyzadələri ilə 
möhtərəm atasının hüzuruna gəlib, böyük sərdarın məhəbbətli və ümidverici 
sözlərini söylədi, fəsadlıq törədən bəzi  şəxslərin qarşısını almağa başlayıb, 
yüksək (rus) dövlətinin qanunlarının yerinə yetirilməsi uğrunda çalışırdı..."
1

Mirzə Camal Cavanşir Bakıda Sisianovun öldürülməsinin Qarabağ 
xanlığında yaratdığı  əhval-ruhiyyəni, xüsusilə  İbrahim xana pis təsir etməsini 
də  qələmə almışdır: "Bu zaman xəbər çatdı ki, Hüseynqulu xan və onun 
adamlarından alçaq və pis hərəkətlərin baş verə biləcəyini güman etməyən 
böyük sərdar, Bakı vilayətində iki nəfər bəyzadə ilə birlikdə (xanla) söhbət 
etməyə getmiş  və bu zaman pusquda durmuş  İbrahim bəy və iki nəfər başqa 
adam onu və yoldaşlarını güllə ilə yaralayıb öldürmüş  və bununla da özlərini 
padşahın əsgərlərinə müxalif və düşmən olduqlarını bildirmişlər. 
Bu xəbərdən İbrahim xan, övladı və vilayət əhli kədərlənib pərişan oldular. 
Çünki bunlar hələ Rusiya dövlətinin qayda-qanunlarından xəbərdar deyildilər. 
Fikirləri  İrana gedirdi. Çünki orada belə bir böyük sərdar vəfat etsə idi, 
qoşunun və vilayətin işlərində böyük pozğunluq  əmələ  gələrdi.  Əksinə, 
düşmənlə müharibədə rus dövlətinin neçə sərdarı və sərkərdəsi öldürülsə belə, 
ondan yüksək dövlətin möhkəm qayda-qanunlarına heç bir xələl dəyməz və 
ölkədə heç bir iğtişaş baş verməz. 
Sərdar Sisianov vəfat etdikdən sonra general Nesvetayev Tiflis şəhərində 
qoşunu və vilayəti idarə etməyə  məşğul oldu. Mərhum  İbrahim xanın adamı 
(elçisi) məhəbbət və  səmimiyyət andıran məktublarla generalın yanına getdi. 
Hər cəhətdən xatircəmlik əldə edildi". 
 
 
                                                           
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.155. 
 
 
239

Mirzə Camal 1806-cı ildə Rusiya - İran müharibəsinin yenidən başlanması 
ərəfəsində İbrahim Xəlil xanın öldürülməsini də qələmə almış, Qarabağ xanlığı 
uğrunda İran və Rusiyanın apardığı mübarizənin bəzi cəhətlərini işıqlandırmış-
dır: "Həmin il, yəni 1806-cı ilin yaz fəslində  Qızılbaş qoşunu Qarabağ 
torpağına yenidən hücuma keçməyə başladı. Gizlincə adamlar göndərib, 
mərhum  İbrahim xana yenidən vədə  və ümidlər verməyə davam etdilər. Elə 
qüdrətli düşmənin qabağını almaq üçün Qarabağda mayor Lisaneviç və yeger 
dəstəsindən başqa qoşun olmadığından və  məhsul vaxtı  gəlib çatdığından 
İbrahim xan Qarabağ elləri və  kəndlərinin ayaq altında dağıdılmaması üçün 
qızılbaşlarla xoşluqla rəftar etməyə başladı. O hər bir iş barəsində mayorla 
məsləhətləşirdi. Mayor isə yüksək rus dövləti qoşununun tezliklə  gəlib 
çatacağını  İbrahim xana vəd edirdi: həqiqətdə isə (rus) qoşunu çox yubandı. 
Qızılbaşlar və onların qoşunu qalanın iki ağaclığına çatmışdı. Mərhum İbrahim 
xan evini və köçünü Xan bağından köçürüb, qalanın yaxınlığına gətirdi. 
Dələduzların bir neçəsi mayora nə isə danışdılar. Gecə mayor bir dəstə qoşunla 
İbrahim xanın yaşadığı  mənzilə getdi. Hökmü dəyişilməz olan fələkin 
qəzasından mərhum  İbrahim xan bir neçə  nəfər  əhli-əyalı  və yaxın adamı ilə 
orada öldürüldü"
1

İbrahim Xəlil xanın ölçülüb biçilmədən, gizli donoslar nəticəsində 
öldürülməsi xalqın böyük narazılığına səbəb olmuşdu. Onun öldürülməsi 
haqqında çoxlu şikayətlər bürokratik quruluşda uzun müddət ləngidilmiş, 
nəticəsiz qalmış, hətta həmin hadisədən sonra mayor Lisaneviç general 
rütbəsinə yüksəldilmişdi. Buna baxmayaraq Mirzə Camal yazır ki, İbrahim 
xanın xələfləri onun ölümündən sonra Şuşada və bütün Qarabağda sabitliyi, 
Rusiya ilə bağlanmış Kürəkçay  əhdnaməsini saxlamağa müvəffəq oldular: 
"General-mayor Mehdiqulu xan və polkovnik Cəfərqulu ağa qalanın içində 
idilər. Onlardan yüksək (rus) dövlətinə  bəslədikləri səmimiyyət qaydalarını 
poza biləcək heç bir hərəkət baş vermədi"
2

1806-cı ilin iyul ayında Xonaşen (hazırkı Martuni qesəbəsi)  ətrafında 
Qarabağ və rus hərbi qüvvələrinin Abbas Mirzəyə qarşı müharibəsi başlandı: 
"Naibüssəltənə öz qoşunu ilə köçüb müharibəyə gəldi. Xonaşen mənzilinin 
yaxınlığında iki qoşun üz-üzə dayandı. Müharibə odu alovlandı. Mehdiqulu 
xan, adamları  və Qarabağ qoşunu ilə daim yol göstərir, kömək edir, döyüş 
zamanı isə Qızılbaş qoşununu məğlub etmək uğrunda bilavasitə çalışırdı. 
İyul ayının 15-də Xonaşen mənzilində yeddi saat davam edən döyüşdən 
sonra generalın tədbiri, Kotlyarevskinin mərdliyi və Mehdiqulu xanın köməyi 
ilə Qızılbaş qoşunu məğlub edildi. Qoşunun bir parası öldürüldü, bir parası əsir 
düşdü (qalanları isə Araza tərəf qaçdı). Kotlyarevski də yaralandı. Otuz nəfərə 
yaxın zabit və əsgər yaralandı və öldürüldü. 
                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.156. 
2 Yenə orada, səh.157. 
 
240

General qoşun götürüb (düşmənin ardınca) Qozlu çaya qədər getdi lakin 
onlardan  əsər tapmadı. Naibüssəltənə  ağır yükünü atıb qaçaraq, iki günün 
ərzində Qızılbaş qoşunu ilə Arazın o tayına keçdi
1

Fətəli şah tərəfindən təhrik edilən və erməni məliklərinə satılan Əbülfət xan 
Qarabağda ciddi pozuculuq işi aparırdı. Onun bir məqsədi də Qarabağın  əsas 
tayfalarını  İrana aparmaq idi. Əbülfət xan bu sahədə  təxribata başlasa da 
qarabağlılar onun qeyri-vətənpərvər hərəkətini pozurdular. 
İranlılar 1806-cı ilin payız və  qış aylarında da Qarabağı  işğal etmək üçün 
inadlı müharibə apardılar. Bu müharibələrdə Qarabağ əhalisi özünün Kürəkçay 
müqaviləsinə sədaqətini bir daha nümayiş etdirdi. 
Mirzə Camal "Qarabağ tarixi"ni 1806-cı ilin sonunda Mehdiqulu xanın 
hakimiyyətə gəlməsi ilə bitirir. O, Mehdiqulu xanın 1807-1822-ci illərdə davam 
etmiş hakimiyyətini təsvir etməməsi səbəbini qısaca olaraq belə əsaslandınr 
"Mehdiqulu xanın hakimiyyəti göstərilən tarixdən başlayaraq, 1822-ci ilin 
oktyabr ayına qədər davam etmişdir. Bunun təfsilatı yüksək dövlətin 
kargüzarları tərəfindən dəfələrlə qeyd edildiyinə görə sizə məlumdur və mənim 
ərz etməyimə ehtiyac yoxdur"
2

1807-1828-ci illərdə Qarabağ  ərazisində baş verən hadisələr, xüsusilə 
Rusiya və  İran dövlətləri arasında bağlanan Gülüstan (1813) və Türkmənçay 
(1828) müqavilələrinə  gətirib çıxaran hərbi-siyasi hadisələr Mirzə Adıgözəl 
bəyin "Qarabağnamə"sində, Mirzə Yusif Nersesovun "Tarixi-safi" əsərlərində 
qələmə alınmışdır. 
Məlumdur ki, "Gülüstan" müqaviləsinə  əsasən  İrəvan və Naxçıvan 
müstəsna olmaqla bütün Zaqafqaziya ərazisi Rusiya tərkibinə daxil edildi. 
Ermənilər dəfələrlə  vədlərinə xilaf çıxıb  İrəvan qalasının ruslar tərəfindən 
alınmasına mane oldular. "Gülüstan" müqaviləsindən narazı qalan İran dövləti 
Rusiya ilə yeni müharibəyə hazırlaşdı. Müharibəyə hazırlıqda İrana Fransa və 
İngiltərə hökumətləri yaxından kömək edirdilər. Bu səbəbdən naibüssəltənə 
Abbas Mirzənin koman-dası altında böyük bir ordu artıq 1825-ci ildə 
müharibəyə hazır idi... "...1813-cü ilin baharında isə  İran dövləti ruslar 
tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (osmanlı) 
barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində, şah barışığa meyil göstərdi. 
Mirzə Əbdülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Rtişşev 
də  gəldi. Qarabağın Gülüstan adlı yerində hicri 1228 (1813)-ci ildə, təşrini-
əvvəl (oktyabr) ayının 12-də, Rusiya ilə  İran dövləti arasında  əhdnamə 
bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ Talış, Şəki, Şirvan, 
Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı  və ona 
həmhüdud olan ölkələri Rusiya dövlətinə  tərk etdi. Onlar haqqında hər cür 
iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını 
vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin" 
                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.157. 
2 Yenə orada, səh.158. 
 
241

Mirzə Adıgözəl bəy "Türkmənçay" müqaviləsi (1828) ilə nəticələnən 1826-
1827-ci illər Rusiya - İran müharibəsini "Qarabağnamə"nin 12-ci fəslində 
qələmə almışdır. Həmin fəslə də müəllif maraqlı ad vermişdir: "Qızübaşların öz 
əhdlərini dübarə  sındırıb  əzəmətli dövlətə qarşı  ədavət və inad göstərmələri 
haqqındadır". 
Burada "Qızılbaşların öz əhdlərini dübarə  sındırıb  əzəmətli dövlətə qarşı 
ədavəti" ifadəsində  İranın "Gülüstan" müqaviləsi  şərtlərini pozaraq Rusiyaya 
qarşı müharibəyə başlaması fikri nəzərdə tutulmuşdur. 
Həmin fəsli yazarkən Mirzə Adıgözəl bəy iştirakçısı olduğu bir sıra tarixi 
faktları nəzərə çatdırmış, bəzən xırda təfərrüatları da verməyə çalışmışdır. 
Bu dəfə  də  İran-Rusiya müharibəsi  İran qoşunlarının böyük hissələrinin 
1826-cı ilin iyununda Xudafərin köıpüsünü keçib Qarabağ  ərazisinə daxil 
olması ilə başlanmışdı
1

Qarabağın və ümumən Azərbaycanın dincliyi yenidən pozulub müharibə 
meydanına döndü. 
XIX  əsrin I rübündə Azərbaycan ilə Rusiyanın birləşməsinə  səbəb olan 
amilləri hər şeydən əvvəl biz ölkənin iqtisadi və ictimai həyatındakı gerilikdə 
və siyasi cəhətdən xanlıqlara parçalanmasında axtarmalıyıq. 
Bu konkret tarixi şəraiti yaxından görən İbrahimxəlil xan çox yaxşı bilirdi 
ki, yalnız Rusiya dövlətinin tərkibinə daxil olmaqla xarici düşmənlərin 
hücumundan və dözülməz daxili feodal müharibələrindən xilas olmaq 
mümkündür. 
Məlumdur ki, artıq 1822-ci ildən Qarabağ xanlığı ləğv edilmişdi. Bununla 
belə,  Şuşanın müdafiəsini  şuşalılar və onlara kömək edən rus hərbi hissələri 
həyata keçirirdilər. Mirzə Adıgözəl bəy yazır ki, 42-ci yeger polkunun 
komandiri polkovnik Reytt doqquz rotadan ibarət soldatla cəld  Şuşaya gəldi. 
1826-cı il iyulun 25-dən başlayaraq Şuşa qalası yenidən İran qoşunu tərəfindən 
mühasirə olundu. İran hərbi qüvvələri az sonra Şamxora qədər irəliləyə bilsələr 
də Şuşanı təslim edə bilmədilər. 
Mirzə Adıgözəl bəy 1826-1827-ci illər  İran-Rusiya müharibəsində 
iranlıların məğlub olma səbəblərini təfsilatı ilə göstərir. O, yeni Qafqaz canişini 
Paskeviçin müharibəyə son qoymaq səylərini işıqlandırır.  İrəvanın çox 
çətinliklə alınması rus qoşunlarının Arazı keçib Təbrizə  qədər irəliləməsinə 
şərait yaradır
2

General V.Mədədovun Türkmənçay müqaviləsi  ərəfəsində Azərbaycan 
xanları ilə pis münasibəti, onlarla hesablaşmaması nəticəsində bir çox xanlar, o 
cümlədən Mehdiqulu xan İrana getmişdilər. Paskeviç tezliklə Mehdiqulu xanın 
öz yaxın adamları ilə Qarabağa qayıtmasına nail oldu. Mirzə Adıgözəl bəy 
yazır: "Bu əsnada, Darlagəzdə olan Qarabağ hakimi həmail sahibi general-
mayor Mehdiqulu xana Paskeviç arasında gəliş-gediş oldu. Mehdiqulu xan İran 
                                                           
1 Bax: General-leytenant Velyaminovun çara 1826-cı il 30 iyul tarixdə göndərdiyi raport - AKAK, c. VI, h. II, sənəd 
651, səh.367. 
2 Bax: AKAK, c. VI, h. II, sənəd 698, səh.385. 
 
242

dövlətindən üz çevirib bu işıqlı dövlətin itaətinə  gəlmək istəyirdi. Knyaz 
Abxazov Pankratiyevlə müşavirə etdi. İki batalyon qoşun götürüb Mehdiqulu 
xanın yanına getdi. İki dövlətin sərhədində olan Ağ karvansarada görüşdülər. 
Knyaz onu xatircəm etdi. Ona qoşulan və tabe olan adamları köçürməklə 
məşğul oldu"
1

Mehdiqulu xan 1827-ci ildə Qarabağa qayıtdıqdan sonra ömrünün sonuna-
dək (1845) dinc şəraitdə yaşamış, öz mülklərini və təsərrüfatını idarə etmişdir. 
Mirzə Camal "Qarabağ tarixi" əsərinin sonunda "Mehdiqulu xanın varis və 
vəliəhd olmasının səbəbi" adlı  əlavə bir fəsil də yazmışdır. Burada deyilir: 
"Mərhum  İbrahim xan birinci dəfə Kürəkçay qırağında knyaz Sisianovla 
görüşdüyü zaman varislik və vəliəhdlik adı onun böyük oğlu mərhum Məhəm-
mədhəsən ağaya verilmişdi. O zaman Məhəmmədhəsən ağanın ikinci oğlu 
girov adı ilə Sisianovun yanına göndərildi. General-mayor Məhəmmədhəsən 
ağa mərhum İbrahim xanın sağlığında öldüyündən xanın yerdə qalan oğlanları 
içərisində  ən böyüyü general-mayor Mehdiqulu ağa idi. Buna görə  mərhum 
İbrahim xanın öz sağlığında varislik və vəliəhdlik kağızı, xanın və Qarabağın 
başqa əyalının möhrü ilə Mehdiqulu ağaya verildi, xan və varis adlandırıldı. 
Bu səbəbə görə Lisaneviç, mərhum  İbrahim xan öldükdən sonra general 
Nesvetayevin hüzuruna raport yazmış  və ona əsasən 1807-ci ildə böyük 
imperator mərhum Aleksandr Pavloviçin fərmanı üzrə Mehdiqulu xana 
Qarabağın xanı adı, hakimiyyət bayrağı və cavahirə tutulmuş qılınc verildi..."
2

Məhəmmədhosən ağanın oğlu Cəfərqulu ağa  əmisi Mehdiqulu ağanın 
Qarabağa xan təyin edilməsindən narazı idi. O, əvvəllər Rusiyaya rəğbət 
bəsləməsinə baxmayaraq, bu dəfə ondan üz çevirməyə cəsarət etdi. 
A.Bakıxanov yazır: "1811 -ci ilin axırında, İrana tərəfdar olması qəti zənn 
edilən polkovnik Cəfərqulu ağa Məhəmmədhəsən ağa oğlu həbsə alınıb, 
ruslardan bir dəstə piyada və bir neçə kazakla Tiflisə göndərildi. Tərtər çaym-
dan keçərkən, Cəfərqulu ağa atının cilovunu soldatın  əlindən qapdı, özü ilə 
bərabər atın sağnsında oturan o biri soldatı suya salaraq, Cəbrayıllı elinin 
arasına qaçdı. Bu xəbər naibüssəltənəyə çatan kimi Qarabağa gəldi. Əmir xan 
Qacarı, Cəfərqulu ağa ilə Cəbrayıllı elini və Qarabağın sair elatını köçürməyə 
məcbur etdi. Özü isə Topxana və  sərbazla Sultanbud səngəri üzərinə  gəldi. 
Burada qarabağlı Mehdiqulu xanla bir rus batalyonu var idi. Bunları  məğlub 
edib bir çoxunu öldürdü və sağ qalanlarını əsir aldı. Mehdiqulu xan isə qaçıb 
canını qurtardı. 
Əmir xan və Cəfərqulu ağa beş-altı min ailəni Arazdan keçirib, naibüssəltənə 
ilə birləşdilər. Naibüssəltənə Qarabağ elatını yerbəyer edib, Qaradağ kəndləri-
nin hökumətini xanlıq ləqəbilə Cəfərqulu ağaya verdi. Özü də Təbrizə qayıtdı"
3
  
1828-ci il Türkmənçay müqaviləsindən sonra Qarabağ bir müddət rus hərbi 
komendantlığı tərəfindən idarə olundu. 
                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.98. 
2 Yenə orada, səh.166. 
3 A.Bakıxanov. "Gülüstani-İrəm", Bakı, 1951, səh.202.
 
243

XIX  əsrin 20-60-cı illərində Qarabağ  Mərkəzi  Şamaxı  şəhəri olan Şamaxı 
quberniyası tərkibinə verilmişdi. 1868-ci ildən başlayaraq Azərbaycanda Sovet 
hakimiyyətinin qələbə çaldığı 1920-ci ilə qədər Qarabağ, mərkəzi Gəncə şəhəri 
olan Yelizavetpol quberniyası tərkibində olmuşdur. Yaxın tarixi keçmişdə, yəni 
1501-ci ildən başlayaraq Qarabağ Azərbaycan ərazisində mühüm inzibati ərazi 
olaraq əvvəl Qarabağ bəylərbəyiliyi (1501-1747), sonra Qarabağ xanlığı (1747-
1822), XIX əsrin  əvvəlindən isə yuxarıda qeyd olunan rus ərazi-inzibati 
bölgüsündə  zəmanəmizə  qədər öz Azərbaycan varlığını saxlamışdır.  Əsrlər 
boyunca  İrəvan xanlığı fars və Azərbaycan feodallarının, Türkmənçay 
müqaviləsindən (1822), sonra isə (1920-ci ilədək) çar general-qubernatorlarının 
idarəsində idi... 
 
* * * 
Qarabağ xanlığı (1747-1822) Pənahəli xan və  İbrahimxəlil xanın haki-
miyyətləri dövründə (1747-1806) öz suverenliyini saxlaya bilən Azərbaycan 
feodal dövləti idi. Onun paytaxtı Şuşa şəhəri yarım əsrdən çox Zaqafqaziyanın 
xarici istilalardan mühafizəsində əsas dayaq mərkəzi olmuşdur. 
Qarabağ xanlığının daxili və xarici siyasətinə qarşı Qarabağ  Xəmsə 
məliklərinin çoxu müxalifətdə olmuş  və  ağır müharibələrdə düşmən tərəfə 
keçmişlər. Eyni zamanda, Xəmsə  məlikləri Qarabağın iqtisadi həyatında da 
əhəmiyyətli rol oynamamışdır. 
Qarabağ xanlığının Rusiya tərkibinə daxil olmasını  təsdiq edən Kürəkçay 
(1805), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrindən sonra 
Qarabağda ermənilərin sayı mühacirət hesabına artdı. Buna Zaqafqaziyada 
hakimlik edənlərin xristian dininə mənsub olmaları da şərait yaradırdı. Xaçatur 
Abovyan "Ermənistan yaraları"nın sağalmasınım başlanğıcını  məhz 
Zaqafqaziyada çar Rusiyasının hakimiyyəti ilə  əlaqələndirirdi. Zaqafqaziyaya 
ermənilərin axmı yazıçıya bu fikri söyləməyə imkan verirdi. 
1804-1813 və 1826-1828-ci illər Rusiya-İran müharibəsinin gedişində  və 
onlardan sonra ermənilərin Zaqafqaziyaya, o cümlədən Qarabağa kütləvi 
surətdə köçməsi başlanır... "...Biz 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 
40 mindən çox fars, 84 min türk ermənisi köçürmüşük. Onları erməni əhalisinin 
az olduğu Yelizavetpol və  İrəvan quberniyalarındakı  ən yaxşı dövlət 
torpaqlarında yerləşdirmişik. Bu məqsədlə 200 min desyatin dövlət torpağı 
ayrılmış, müsəlmanlardan 2 milyon manatlıqdan çox torpaq satın alınmışdır. Bu 
ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində və Göyçə (İndi Sevan - 
N.A.) gölünün sahillərində yerləşdirilmişlər. Köçənlərin sayı  rəsmi məlumata 
görə 124 min olmasına baxmayaraq, əslində onların sayı 200 mini keçmişdir
1

                                                           
1 Н.Н.Шавров. Новая угроза русскому делу в Закавказье: Предстоящая распродажа Мугани инородцам. СПБ, 
1911, 8ЭП.59-60.
 
244

Torpaqların köçənlərə verilməsi yerli azərbaycanlıları narahat etməyə 
bilməzdi. Bu hadisələrin şahidi, məşhur rus diplomatı və şairi A.S.Qriboyedov 
yazmışdır: "Biz onunla (knyaz Arqutinski ilə -N.A.) həmçinin müsəlmanların 
ağırlaşmış  vəziyyətləri ilə necə barışdırmaq, ermənilərin onların torpaqlarını 
həmişəlik tutmayacaqlarına inandırmaq barədə də fikir mübadiləsi aparırdıq
1

Ermənilərin Zaqafqaziyaya, o cümlədən Qarabağa köçürülməsi sonrakı 
illərdə  də davam etdirilmiş  və böyük vüsət almışdı: "...köçənlər içərisində 
çoxluq ermənilərə  məxsusdur. Belə ki, hazırda Zaqafqaziyada yaşayan 1 
milyon 300 min nəfərin 1 milyondan çoxu yerli sakinlərə  mənsub deyil və 
bizim tərəfimizdən köçürülmüşdür. Son 13 ildə köçürülən ermənilərin sayının 
çoxluğu aşağıdakı müqayisədən aydın görünür: 1896-cı ildə general-adyutant 
Şeremetyev Zaqafqaziyada yaşayan ermənilərin sayının 900 minə yaxın 
olduğunu, 1908-ci ildə isə 1 milyon 300 minə çatdığını qeyd edir. Başqa sözlə, 
bu müddət ərzində onların sayı 400 min nəfər artıb
2

Qarabağ xanlığı Rusiyaya birləşərkən - 14 may 1805-ci ildə regionda 
ermənilər  əhalinin cəmi beşdə birini təşkil edirdilər. 1823-cü ildə çar 
məmurlarının tərəfindən tərtib edilmiş "Qarabağ  əyalətinin təsviri"ndə verilən 
məlu-matlara görə "...Qarabağ xanlığında 90 min əhali, 1 şəhər, 600 kənd 
(onların 150-si erməni kəndidir) olmuşdur. Şuşada təxminən 1948 azərbaycanlı, 
474 erməni ailəsi yaşayırmış. Kəndlərdə bu rəqəmlər müvafiq surətdə belə 
imiş: 12.902 və 4.331". 
Köçürmə Qarabağın dağlıq hissəsində milli tərkibin dəyişilməsinə  səbəb 
oldu. Belə ki, XIX əsrin 80-ci illərinin sonunda Şuşa qəzasında (indiki Dağlıq 
Qarabağın təxminən bütün ərazisi onun tərkibinə daxil idi -N.A.) ermənilərin 
sayı əhalinin artıq 58 faizini təşkil edirdi
3

Gətirilən rəqəmlər bu gün Dağlıq Qarabağ  ərazisində ermənilərin nə üçün 
çox olduğunu sübut etmək üçün kifayətdir. 
Türkmənçay müqaviləsinə  qədər  Şuşa  şəhərinin yerləşdiyi dağın yuxarısı 
şəhər təsərrüfatı məqsədilə istifadə olunurdu. Lakin XIX əsrin 30-cu illərindən 
başlayaraq Şuşa şəhərinin yuxarı-hündür hissəsində sürətlə erməni məhəllələri 
salındı. 
Şuşada komendantlıq illərində yeganə rus kilsəsi şəhərin bazarbaşı adlanan 
hissəsində tikilmişdi. Rus hərbi işçilərinə xidmət edən bu kilsə sovet dövründə 
30 ildən artıq şəhər klubu kimi istifadə olunmuşdu. 
XIX əsrin II yarısında Şuşada erməni kilsələri meydana gəldi. Çox qəribədir 
ki, bu kilsələr erməni Qriqoryan kilsələri kimi qotik üslubda deyil, qədim alban 
kilsələri memarlığı üslubunda tikilmişdir. 
Əgər XVIII əsrdə Qarabağ öz iqtisadi və  hərbi gücü ilə Zaqafqaziyada 
aparıcı rol oynayırdısa, XIX əsrdə Qarabağ ədəbiyyatı və incəsənəti bütün 
                                                           
1 А.С.Грибоедов. Соч. в 2-х томах, т. 2, М., 1971, səh..341.. 
2 N.N.Şavrov. Göstərilən əsəri, səh.59-61. 
3 Bax:  Кавказский календарь на 1896 г., стр. 48-61. 
 
245

Zaqafqaziya xalqlarının qəlbini fəth etmişdi. Qarabağda doğulan və 
tərbiyətəhsil alan Q.Zakir, Aşıq Pəri, M.M.Nəvvab, X.Natəvan, 
C.Qaryağdıoğlu, Ü.Hacıbəyov, H.Vəzirov,  Ə.Ağayev,  Ə.Haqverdiyev, 
Y.V.Çəmənzəminli, F.Köçərli və onlarca başqaları  mədəniyyət tariximizdə 
parlaq səhifələrdir. 
Bizim günlərdə  Şuşanı erməni mədəniyyəti mərkəzi adlandıran ekstre-
mistlər faktik olaraq Qarabağda ədəbi-mədəni hadisə sayıla bilən bir nəfər belə 
erməni yazıçısının adını çəkə bilməzlər. 
Şimali Azərbaycan Türkmənçay müqaviləsindən sonra (1828) Rusiyanın 
inzibati-ərazi bölgüsünə daxil edildi. Qarabağ xanlığı  ərazisi  əvvəlcə  Şamaxı, 
sonra Yelizavetpol (Gəncə) quberniyasının Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, 
bir qismi isə Cavad uyezdlərinə daxil olmuşdu. Böyük Oktyabr sosialist 
inqilabının qələbəsinə qədər Qarabağın inzibati-ərazi bölgüsü bu şəkildə idi. İki 
ilə yaxın davam edən, müsəlman  Şərqində ilk demokratik respublika 
"Azərbaycan Demokratik Cümhuriyyəti" dövründə  də  ərazidə  dəyişiklik 
edilməmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonrakı illərdə 
(1920-1923) sabiq Qarabağ xanlığı  və Yelizavetpol quberniyasının inzibati-
ərazi bölgü-sündə bir sıra ciddi dəyişikliklər edilmişdir. O cümlədən sabiqdə 
əsrlər boyu Qarabağ bəylərbəyiliyi və xanlığı ərazisi olan Zəngəzur mahalı (o 
cümlədən Mehri, Qapan (indiki Qafan - N.A.), Gorus və başqa  ərazilər) 
Ermənistan SSR-ə verildi. Tarixdə ilk dəfə olaraq Qarabağın dağlıq hissəsində 
Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olundu (1923). Şuşa şəhərinin köməkçi 
hərbi və təsərrüfat qəsəbəsi olan Xan kəndi DQMV-nin mərkəzi elan olundu və 
bu qəsəbə Stepanakert şəhəri adlandırıldı. 10-dan artıq dağıdıcı müharibəyə 
sinə gərmiş, dörd yüzə qədər memarlıq abidəsi olan Şuşa şəhəri 1923-cü ildən 
sonra ikinci plana, Xan kəndi birinci plana keçdi... 1920-ci ildə 50 mindən çox 
əhalisi olan Şuşa şəhərinin hazırda 13 min, cəmi 1500 nəfərə yaxın əhalisi olan 
Xan kəndinin hazırda 50 minə yaxın  əhalisi vardır. Bu tarixi ədalətsizlik, 
əhalinin tərkibini süni yollarla azaldıb-artırmaq 1988-ci ilin fevralından 
başlayaraq Dağlıq Qarabağ hadisələri adlanan hərc-mərcliyə  gətirib çıxardı... 
Bu hadisələrin mahiyyətində ise yeganə  bəhanə Dağlıq Qarabağda erməni 
əhalisinin azərbaycanlılara nisbətən sayca çoxluğudur. 
Axı başqa inkarolunmaz - tarixi dəlillər də var: Qarabağ birdir; onun dağı da 
var, aram da. Hazırda Qarabağda milyon nəfərdən çox əhali yaşayır ki, onun 
yalnız onda bir hissəsi ermənilərdir. Digər tərəfdən Qarabağ tarixin heç bir 
mərhələsində Ermənistan torpağı olmamışdır. 
 
Nazim Axundov 
  
 
246

 
 
MÜNDƏRİCAT 
 
 
 
Tərtibçidən………………………………………………………………….5 
 
 
Mirzə Rəhim Fəna 
Tarixi-cədidi-Qarabağ 
(Ön söz N.Axundovun, transliterasiya A.Ramazanovundur)……… ……....7 
 
 
Baharlı 
Əhvalati-Qarabağ 
(Ön söz və transliterasiya N.Axundovundur)..…………………………….31 
 
 
Həsən İxfa Əlizadə 
Şuşa şəhərinin tarixi 
(Ön söz, transliterasiya N.Axundovundur) ………………………………..75 
 
 
Həsənəli Qaradaği 
Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları, 
Pənah xan, İbrahim xan və Mehdiqulu xan 
əyyami-hökumətlərinin əksər vəqaye və hekayətləri 
(Ön söz, transliterasiyası N.Axundovundur)…………………………..…121 
 
 
Abbasqulu ağa Bakıxanov 
Gülüstani-İrəm. V fəsil…………………………………………………...131 
 
 
 
Son söz…………………………………………………………………...174 
  
 
  
 
247

 
 
 
 
 
 
Buraxılışa məsul:  
 
Əziz Güləliyev 
 
 
Texniki 
redaktor: 
 
  Rövşən Ağayev 
 
 
Tərtibatçı-rəssam: 
 
  Nərgiz Əliyeva 
 
 
Kompyuter səhifələyicisi:  
 
Aslan Almasov 
 
 
Korrektorlar: 
   Elnaz 
Xəlilqızı 
 
 
 
 
 
Tutu Məmmədova 
 
 
 
 
Yığılmağa verilmişdir 25.07.2006. Çapa imzalanmışdır 14.12.2006. 
Formatı 60x90 V16. Fiziki çap vərəqi 15,5. Ofset çap üsulu. 
Tirajı 25000. Sifariş 191. 
 
 
DÜST 5773-90, DÜST 4.482-87 
Tel/Fax:447 75 04.Tel.:447 75 05 
  
 
Kitab "CBS-PP" MMC mətbəəsində çap olunmuşdur.  
Bakı, Şərifzadə küçəsi, 3. 
 
248

Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin