Azər Turan



Yüklə 2.06 Mb.
Pdf просмотр
səhifə8/19
tarix31.01.2017
ölçüsü2.06 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

* * * 
 
"Qərbin  iki  dastanında  türk"  əsərində  belə  bir  fraza  var:  "Portəkizlilərə 
xidmət  edən,  fəqət  bir  az  sərsəriyə  bənzəyən  və  bəlkə  də  "faidəm  nerədə  isə 
vətənim orasıdır" deyənlərdən bulunan bu Mun Səid nami şəxs..." 
Əsərə şərh yazan O. Bayramlı Mun Səidin Xəlil Paşa olduğu qənaətindədir. 
Amma gizli siyasətlərin altını-üstünü bilən Əli bəy məhdud Azərbaycan davasının 
deyil,  böyük  türklük  düşüncəsinin  peşində  olanlardan  biriydi  və  1926-cı  ildə 
Bakıda nəşr edilmiş kitabında da o, məhz həmin illərin sözünü demişdi. "Qazinin 
mənqəbəsini"  belə  çatdırmışdı.  Mun  Səidin  Xəlil  Paşa  olduğunu  kim  deyə  bilər? 
Mun Səidin şeyx Səid olması daha yaxın ehtimal deyilmi? 
 
* * * 
 
İstiqlal  məhkəməsində  Ə.Hüseynzadənin  sorğulanmasının  şahidi  olmuş 
Səməd  Ağaoğlu  yazır:  "Qara  Kamalla
*
  dostluğunun  mahiyyəti  sorulunca  da  heç 
çəkinmədən  "mütənaim  oluyordum  (nemətlənirdim)"  cavabını  verdi.  O,  bunu 
söylərkən Qara Kamalla həqiqi dostluğunun səmimiyyəti dışında deyildi. Bu adamı 
bütün digər arkadaşları kimi ciddiyyətlə sevirdi. Fəqət üç kiçik çocuq, kəndisindən  
çox  gənc  bir qadın,   bir  qayınvalidə,   bir baldız, ayrılmaqları mümkün olmayan 
                                                           
*
  Qara  Kamal  Türkiyənin  görkəmli  siyasət  adamlarından  biridir.  Bəzi  mənbələrdə  Qara  Kamal 
Robespiyer,  Trotski,  Göbbelslə  müqayisə  edilir  (S.Ağaoğlu).  "İttihad  və  Tərəqqi"  partiyasının  milli 
iqtisad  proqramını  hazırlamışdı.  Qurdurduğu  anonim  şirkətlər  vasitəsilə  xristian  və  musəvi  azlıqların 
nəzarətindəki  ticarət  həyatını  türkləşdirməyə  çalışırdı.  1917-ci  ildə  Tələt  Paşanın  hökumətində  iaşə 
naziri  olmuşdu.  İstiqlal  məhkəməsi  tərəfindən  Qara  Kamala  qiyabi  ölüm  hökmü  çıxarılmış  və 
İstanbuldakı evində yaxalanacağını başa düşən Q. Kamal mənzilində intihar etmişdi - müəllif. 
 

61 
 
uzaq  bir  əqraba  ilə  bütün  gəlir  mənbələrinin  tükəndiyi  bir  zamanda  Qara  Kamal 
ona  yardım əlini uzatmışdı. Söylədiyi sözün əsl mənası bu idi. Amma bu mənanı 
elə  kəlmələr,  elə  məzlum  bir  əda  ilə  anlatdı  ki,  İstiqlal  məhkəməsi  hakimlərinin 
sərt,  acı  üzləri  acıyan  bir  təbəssümlə  gevşədilər.  Məhkum  olması  üçün  heç  bir 
səbəb yoxdu. Buna rəğmən onu bu aqibətdən qurtaran bəlkə də bu sözü, bu duruşu 
oldu".
129 
 
* * * 
 
Sadıq  bəy  Ağabəylinin  İstiqlal  məhkəməsindən  üç  ay  sonra  -  30  noyabr 
1926-cı  ildə  Nissadan  Əli  bəy  Hüseynzadəyə  yazdığı  məktubda  belə  sətirlər  var: 
"Qəzetdən  xoşagəlməz  hadisələri  oxuyanda  ağlıma  pis  fikirlər  gəldi  və  bu,  məni 
çox  narahat  etdi.  Sənin  məktubun  isə  məni  sakitləşdirdi  və  sevindirdi  ki,  sən  və 
bütün ailən sağ və salamatsınız". 
 
1928-ci il 
 
1928-ci ildə Əli bəy elmi fəaliyyətinin başqa  — fərqli bir tərəfi ilə təzahür 
edir. Dahi şotland alimi və  filosofu Adam Smitin 1776-cı ildə  yazdığı və Parisdə 
1881-ci  ildə  nəşr  olunmuş  "Sərvəti-miləl"  ("Təbiətin  tədqiqi  və  millətlərin 
zənginliyinin səbəbləri" - A.T.) əsərini fransızcadan tərcümə edir. Əlyazma nüsxəsi 
Əli  bəyin  qızları  tərəfindən  Türkiyənin  Anabilim  kitabxanasına  hədiyyə  verilmiş 
tərcüməni mütaliə etdikcə bu nadir kitab Hüseynzadənin iki xüsusiyyətini  — həm 
böyük  bir  siyasi  iqtisad  alimi  və  həm  də  mükəmməl  bir  fransızca  mütəxəssisi 
olduğu  qənaətini  doğurur  (Əli  bəy  tərcümə  zamanı  fransız  mətnində  çoxlu 
düzəlişlər  edib.  Məsələn,  "Fransızcada  yanlışlıqla  hausser  yerinə  baisser 
denmişdir" və s...) 
Yenə  də  1928-ci  ildə  Kamal  Cənabla  birlikdə  Əli  bəy  Hüseynzadə  elmi 
mündəricəsi etibarilə bu gün də çox nadir və əhəmiyyətli olan "Ensieklopedik tibb 
lüğəti"ni yazır. Xatırladım ki, ensiklopediyanın təkcə "A" hərfi ilə başlayan qismi 
600-ə yaxın tibbi termini ehtiva edir. 
Əli bəyin "Ensiklopedik tibb lüğəti" barədə qismən təsəvvür yaratmaq üçün 
kitabdan bəzi maddələri təqdim edirəm: 
Anomali: (fr.Anomalie) yaradılış yanlışı, təbiət xilafı, "qələti-təbiət", İnsan 
əlinin altı barmağı, və ya doğuşdan safen daxilində husyenin tək olaraq bulunması 
(monorchidie)  bir  anomalidir.  Anomalilərin  tədqiq  və  mütaliəsi  teratoloji  elminə 
aiddir... 
Əziz  Bəy  (Kırımi):  (Əziz  İdrisi).  Kırımlı  ləqəbiylə  məşhur  təbib  və 
professor ki, İstanbulda məktəbi-Tibbiyyəyi Mülkiyənin və Cəmiyyəti-Tibbiyyəyi-
Osmaniyyənin  qurucularından  olub  1234-cü  ildə  mərhum  olmuşdur.  Kimyayi-
Tibbi, Əmrazi-ümumiyyə və sairə kimi əsərləri vardır. Əziz bəyin türklüyə və türk 

62 
 
təbabətinə ən böyük xidməti tibb tədrisinin fransızcadan türkcəyə çevrilməsindədir. 
Bunun lüzumunu İkinci Sultan Mahmud da hiss etmişdi, fəqət ətrafında müşkülat 
çıxaranlar çox idi. Tibbin türkcə tədrisi qabil olub-olmadığını müzakirə və nəticədə 
bir  qərar  ittihaz  etmək  üçün,  Əziz  bəyin  iştirakı  ilə  Cəmiyyəti-Tibbiyyəyi-
Osmaniyyə  üzvlərinin  keçirdiyi  tarixi  iclas  haqqında  Rza  Təhsin  "Mirati-
Tibbiyyə"sində belə məlumat verir..." və s. 
Abühava: (f.Ab: su; hava) bir yerin iqlimi şəraiti-səhiyyəsinin məcmusuna 
verilən  ism  (fr.  Contition  climaterique).  Məsələn:  İstanbul  abühavası  ilə  də 
məşhurdur. 
 
Hər mizaca mutədil abü havası saz-kar. 
(Füzuli) 
 
Afoni:  (fr.  Aphonie,  yun.a  nefy  edatı:phone:  səs).  Səs  itikliyi,  fakdi-savt. 
Tasavvut üzvünün (orqane de la phonation) felc, yara və sairə kimi bir pozuqluğu 
dolayısı  ilə  səsin  kamilən  qeyb  olmasından,  çıxa  bilməməsindən  ibarət  mərəzi-
arizə. Bunu səs qısıqlığı və ya səs pozuqluğu (raucite) ilə qarışdırmamalıdır"... 
 
1930-1940-cı illər 
 
1933-cü  ilin  iyul  ayında  Əli  bəy  Hüseynzadə  Türkiyənin  maarif  naziri  dr. 
Rəşid  Qalibin  əmrilə  bir  il  müddətində  yeni  iş  yeri  tapana  qədər  aylıq  maaşı 
saxlanılmaqla  təqaüdə  çıxarılmışdır.  Təqaüdə  çıxarılması  ilə  əlaqədar  ona 
göndərdiyi  məktubda  maarif  naziri  Rəşid  Qalib  "uzun  illərdən  bəri  həyatını 
məmləkətə  münəvvər  yetişdirməyə  vəqf  etmiş  və  çox  zaman  zorlu  şərait  içində 
böyük  hizmətlər  görmüş  olan  zatialilərinin"  —  Əli  bəyin  xidmətlərini  də  qeyd 
etməyi unutmamışdı. 
 
* * * 
 
Türkiyədə  soyadı  haqqında  qanun  qəbul  edilərkən  Əli  bəy  1934-cü  ildə 
Turan  soyadını  götürdü.  "Turani  adından  nisbət  "i"sini  qaldırıb  bunu  kəndimə 
soyadı  olaraq  seçdim.  "Turani"  ləqəbini  1904-cü  yılında  "Türk"  qəzetəsindəki 
türklük,  türkçülük  üzərinə  yazdığım  bitülərdə  (məqalələrdə),  düzgülərdə 
kullanmışdım".
130
 
Beləliklə,  tariximizdə  Akçuranın  dediyi  kimi,  ilk  Turani  olan  Hüseynzadə 
həm də  1934-cü  ildə  Türkiyə hüdudlarında Turan adına rəsmi status  verərək onu 
soyadına çevirir. 
Xatırladım  ki,  Əli  bəy  Hüseynzadə  soyadı  olaraq  zadə,  li,  gil,  oğul  kimi 
sonluqları  qəbul  etmirdi.  Çünki  "zadə"  hər  şeydən  öncə  farscadır  və  zadəganlığı 
xatırladır... "Oğul" ataya intisabla soya intisabı qarışdırır. Eyni problem  ədatında 

63 
 
da var... Burada bir məhəllə, bir şəhərə intisabla bir ailəyə intisab qarışır... Türkcə 
izafət  ədatı olan  in-ə  gəlincə  bu da  adı başda  olsaydı,  bir dərəcəyə  qədər kullana 
bilərdi.  Sona  gəlincə  dəyərini  itirir.  Toyğarın  Məhməd  nə  isə,  amma  Məhməd 
Toyğarın  pək  tühaf  oluyor.  Sübhinin  Həmdullah,  Hüseynin  Əli  deyəməyiz..." 
Azərbaycanda  işlənən  gil  təbiriylə,  bunun  İstanbul  şivəsində  qarşılığı  olan  lər 
haqqında  Əli  bəyin  şərhi  belədir:  "Gil  nəsəbə,  dədələrə  dəlalət  etmir.  Ancaq  bir 
ailənin  həyatda  olan  üzvlərindən  ən  mühüm  bir  simanı  alaraq  bunun  adını  bütün 
əqrabaya  yayır.  O  halda  soy  kimi  mənalı  bir  kəlmənin  yardımına  baş  vuracağız. 
Soy kəlməsi irq, nəsəb, sülalə, babalar, nəvələr, əqraba  kimi bir çox mənalar ifadə 
edər. Bu halda mənim adım Hüseynsoyu, yaxud Hüseynsoylu olacaq. Fəqət bu soy 
sözü gizli qalmaq şərtiylə müxtəsərliyi tərcih ediyorum".
*
 
 
* * * 
 
1930-cu  illər  həm  də  Əli  bəy  Hüseynzadənin  dilinin  sürətli  şəkildə  turançı 
düşüncə  sistemini  ehtiva  etməsi  kimi  maraqlıdır.  Artıq  Əli  bəy  Ulu  Tanrı 
ifadəsindən də irəli gedərək yaradanın əski türkcədəki daha qədim versiyalarından 
olan Oğan kəlməsini işlədir. Peyğəmbər əvəzinə Yalavac, metod əvəzinə oran, şair 
əvəzinə  ozan,  saz  əvəzinə  çoğur-çökür,  hökumət  yerinə  törü  və  s.  sözlərdən 
istifadə etməyə başlayır. 
 
* * * 
 
Əmisi  oğlu  general  Sadıqpaşa  Ağabəyzadənin  1923-cü  ilin  18  avqustunda 
Əli  bəyin  23  iyul  tarixli  məktubuna  yazdığı  cavabında  isə  belə  bir  məqam  var: 
"Sənə  Ankarada  "Təlif  və  Tərcümə"  heyətinin
**
  sədri  vəzifəsinin  təklif  edilməsi 
                                                           
*
  Hüseynzadənin  soyadı  haqqında  mülahizələrini  təqdim  edərkən  onun  Həmdulla  Sübhinin  sorğusuna 
1925-ci ilin sentyabrında yazdığı şərhlərə istinad etdik — müəllif. 
**
 Bu barədə dəqiq olmayan belə bir qənaət də var: "Atatürk hakimiyyətə gələndən sonra Ə.Hüseynzadə 
Ankaraya  dəvət  olunur.  1923-cü  il  iyulun  23-də  Milli  Maarif  Nazirliyinin  "Təlif  və  Tərcümə" 
komissiyasında  tərcüməçi  vəzifəsinə  təyin  olunur  və  ona  ingilis  iqtisadçısı  Adam  Smitin  "Millətlərin 
sərvəti" əsərinin tərcüməsi tapşırılır. Lakin bu əsər kitab kimi dövlət mətbəəsində çap edilərkən, əlifba 
inqilabı  ilə  əlaqədar  əsərin  nəşri  dayandırılmışdır".  (Ə.Hüseynzadə  "Seçilmiş  əsərləri"  "Çaşıoğlu"  — 
2007,  səh.18). Bu qeydlərdəki  bəzi məqamlara  aydınlıq  gətirilməlidir:    1)  1923-cü il  iyulun 23-ü  Əli 
bəyin hər hansı bir vəzifəyə təyin olunmasının tarixi deyil, ona sədr vəzifəsinin təklif edilməsi barədə 
Sadıq  bəy  Ağabəyzadəyə  yazdığı  məktubun  tarixidir.  2)  O,  tərcüməçi  vəzifəsinə  təyin  olunmamışdır, 
ona  sədr  vəzifəsi  təklif  edilmişdir.  3)  Hüseynzadə  A.Smitin  xatırlanan  əsərini  1928-ci  ildə  tərcümə 
etmişdir. Bu barədə yuxarıdakı fikri Hilmi Ziya Ülken "Türkçülügün və türk sosializminin babası Ali 
Turan"  məqaləsində  belə  təqdim  edir:  "Adam  Smitin  "Millətlərin  zənginliyi"  əsərini  Maarif  Vəkaləti 
Təlif və Tərcümə heyətinin istəyi üzərinə tərcümə etmiş, fəqət əsər dövlət mətbəəsində basılırkən hərf 
inqilabı  üzündən    yarım    qalmışdır".    Hüseynzadənin  özü  isə  bunu  belə  xatırladır:  Tərcümə  etdiyim 
Adam  Smitin  "Sərvəti  miləl"  əsəri  hüquq  fakültəsinin  təqdirnaməsinə  haiz  olaraq  Dövlət  mətbəəsinə 
verilmişdir. Fəqət, hərf inqilabı dolayısıyla basılması indiyə qədər geri qalmışdır" — müəllif. 
 

64 
 
məsələsinə gəldikdə onu deyə bilərəm ki, o iş tamamilə sənə  uyğundur və  maddi 
baxımdan  indiki  işindən  çox-çox  sərfəlidir".
131
  Lakin  Əli  bəy  həmin  məktubdan 
sonra  qələmə  aldığı  "Bioqrafik  müxtəsər  məlumat"  yazısında  bu  barədə  məlumat 
vermir.  O,  işləmək  üçün  İstanbuldan  heç  vaxt  Ankaraya  köçüb  getməyib. 
(Xatırladım ki, Əli bəyə təklif olunan və hansı səbəblərdənsə qəbul etmədiyi həmin 
vəzifədə əvvəllər Ziya Gökalp çalışmışdı). 
Əli  bəy  Ankarada  işləməyib  və  yaşamayıb.  28  aprel  1925-ci  il  tarixdə 
Əlimərdan bəy Topçubaşovun Əli bəy Hüseynzadəyə yazdığı məktubdan öyrənirik 
ki,  Əli bəyin həmin ərəfələrdə  səhhətində  problem olub və o, bir müddət  Ankara 
yaxınlığındakı  bir  kənddə  dincəlib.  Kənddə  dincəldiyi  müddətdə  görüşdüyü 
adamlardan  biri  də  Əhməd  bəy  Ağaoğlu  olub.
132
  Tədqiqatçılarının  bəziləri  onun 
Mustafa  Kamal  Atatürk  hökumətində  bir  sıra  mühüm  vəzifələrdə  çalışdığını 
bildirirlər.
133
  Ancaq  bu  fikrin  də  etibarlı  əsası  yoxdur.  Əli  bəy  heç  vaxt,  heç  bir 
ölkədə,  o  cümlədən  çox  sevdiyi  Türkiyədə  hakimiyyət  məqamlarında  təmsil 
olunmayıb. 
Onu da xatırladım ki, bu illər barədə danışan tədqiqatçıları bir qayda olaraq 
Əli bəyin artıq əməkli, sakit bir həyat sürdüyünü yazırlar, onun yaradıcılıqla guya 
çox az məşğul olduğunu bildirirlər. Ancaq məsələ heç də bu qəbildən deyil, bunun 
psixoloji-mənəvi aspekti var. Əli bəyin düşüncələrini, həyat mübarizəsini diqqətlə 
izləyənlər    bir    həqiqəti      mübaliğəsiz    qəbul    etməlidirlər.  Onun  ideallarının, 
məfkurəsinin  son  rəmzi  obrazı  Qazi  Mustafa  Kamal  Paşadır.  Doğrudur,  Əli  bəy 
otuzuncu illərdə az yazıb. Ancaq artıq uzun, davamlı, sabit davası,  mübarizəsi öz 
bəhrəsini  vermişdi.  Meydanda  ən  böyük  əsər  -  Türkiyə  Cümhuriyyəti  və  Atatürk 
vardı. 1938-ci  ilə  qədər — Atatürk dünyasını dəyişənəcən  Əli  bəy fəaliyyətdədir. 
1938-ci  ildən  sonra  Atatürkün  ölümü  Əli  bəyi  gerçək  bir  təziyadara  çevirmişdi. 
Ömrünün lap son anınacan Hüseynzadə Atatürkün xiffətini çəkdi. 
 
Gözələ aşiq idi,  
Sevgilisiydi vatan.  
Şimdi o yüksək Qazi  
Qəribi-hüsni-Canan. 
 
Əli bəy Hüseynzadənin mətbuatda dərc olunmuş son yazısı "Afət qarşısında 
şair, alim və gənclik" şeri oldu. Şeir Ərzincanda baş vermiş zəlzələyə və Qızılaya 
ithaf edilmişdi. 1940-cı ilin 15 yanvarında "Tan" qəzetində dərc olunmuş şerin ilk 
misraları mistik bir xəbərçiyə bənzəyirdi: 
 
Ərzincanda bir quş var  
Dalda yuva arıyor.  
Qanadından qan sızar  
Dərdə dəva arıyor. 

65 
 
 
Gördü fəci bir ölüm  
İraq yerdən gələn var.  
Üzərində kəfən: Qar,  
Ya rəbb, nədir bu zülüm? 
 
Şeri bütövlükdə mütaliə edib əslində belə bir qənaətə gəlmək olur ki, burada 
ifadə  olunan  fikirlər  bütün  həyatı  boyu  təlqin  etdiyi  milliyyətçi  əxlaqın  yekun 
sözləri və Əli bəyin vəsiyyətiydi. 
Zəlzələ  baş  verib,  ozan,  geoloq,  memar,  tarixçi,  qızılay,  gənclik  zəlzələyə 
münasibət  bildirir.  Geoloqa  görə  bu  təbiətin  gözlənilən  bir  hadisəsidir.  Dünya 
dəyirmidir,  mərkəzi  atəş  buxarıdır.  Memara  görə  tikilən  evlərin  inşa  tərzi 
bərbaddır,  təməl  sağlam  deyil.  Tarixçiyə  görə  günahkar  istibdad  dövrüdür. 
Geotexniki tədqiqlər aparılmadan evlər vulkanik ərazilərdə tikildiyi üçün zəlzələyə 
davamlı deyil. Qızılay bu darmacalda günahkar axtarmağın əleyhinədir. "Yardıma 
qoşmaq lazımdır" — deyir. Gənclik isə zəlzələni yurdun ortaq dərdi kimi görür. Bu 
isə şairin — Əli bəyin mövqeyidir: 
 
Ölən öldü, dirilməz,  
Sağı qurtarmağa bax.  
Viran evlər düzəlməz,  
Yeni yurd qurmağa bax.  
Modern olsun, dayansın,  
Sarsıntıya, yanğına;  
Yıxmasın, uçurmasın  
Zəlzələ, sel, fırtına.  
Yaşasın ulu millət.  
Yüksək Kamal ülküsü  
Yaşasın Cümhuriyyət... 
 
Ölümqabağı  bunu  yalnız  Əli  bəy  kimi  böyük  bir  şəxsiyyət  yaza  bilərdi. 
Zəlzələ  öz  yerində.  Əslində  söhbət  dünyanın  siyasi  silkələnməsindən,  siyasi 
zəlzələlərdən,  sel  və  fırtınalardan  gedirdi.  Atatürk  ölmüşdü.  Əli  bəy  Türkiyənin 
taleyindən  narahat  idi.  Yüksək  Kamal  ülküsünün,  Cümhuriyyətin  yaşamasını 
istəyirdi. 
1930-cu  illərdə  yazdıqlarının  böyük  əksəriyyəti  —  xüsusən  şeirləri  - 
Mustafa  Kamala  həsr  olunub.  Bu  illərdə  rəssam  Əli  bəy  həm  də  Atatürkün 
portretini çəkib. 
 
* * * 
 

66 
 
Tibb  professoru  Əli  bəy  Hüseynzadə  1933-cü  ildə  "Siflomani  və  frəngiyə 
dair bilgilərimizin tarixindən bir nəbzə"
134
 əsərini dərc etdirir. 
 
* * * 
 
İctimai  fəaliyyətini  isə  lap  sonacan  davam  etdirən  Əli  bəy  Hüseynzadənin 
adı bu illərdə adətən böyük təsisatların qurucuları sırasında çəkilir. 
Əli  bəy  böyüklük,  birincilik  davasında  olmayan  nadir  şəxsiyyətlərdən 
biriydi. Onun bir alim, bir həkim olaraq fəaliyyəti də, bədii yaradıcılığı da, şairliyi, 
rəssamlığı  da  məfkurəsinin  dışarıya  çıxmış  təcəssümü  kimi  maraq  doğurur. 
Ömrünün  son  dörd  ilində  Hüseynzadə  iki  rəsmi  və  genişmiqyaslı  tədbirdə  iştirak 
edib: 1936-cı ildə Üçüncü Türk Dil Qurultayında, 1940-cı ildə isə Dəri və Zöhrəvi 
Xəstəlikləri Cəmiyyətinin təsis yığıncağında. 
 
* * * 
 
Əli  bəy  Hüseynzadə  ilə  əlaqədar  faktların  kifayət  qədər  qıt  olduğu  bir 
dövrdə  —  1970-ci  ilin  5  sentyabrında  yazdığı  və  sonralar  demək  olar  ki,  bütün 
verdiyi  məlumatların  yüzdə-yüz  həqiqət  olduqları  təsdiqini  tapan  qeydlərində 
Şəmsəddin  Hüseynzadə  Əli  bəyin  Paris  Akademiyasının  üzvü  olduğunu  bildirir. 
Bunu təsdiq, yaxud təkzib edəcək sənədin olub-olmadığı məlum deyildir... 
 
Müasirləri onu belə səciyyələndirir 
 
Hüseynzadə Əli bəy "bəyaz saqqallı, pəmbə üzlü, gözəl gözlü... Həyatında 
az qızan, daha az da heyrət edən, ağır, sakit adam" idi (S.Ağaoğlu). 
"Sabahları üzünü qırxması bir saat, geyinməsi iki saat sürərdi" (S. Ağaoğlu). 
Əli bəy "sülh və sükun, anlaşma və ahəng tərəfdarı" idi (Yusuf Akçura). 
Daim düşünür və "tənhalığı sevirdi" (A. Cövdət). 
"Yaradılış  etibarı  ilə  filosof  təbiətli,  dərvişməşrəb"  idi  (İstanbul  seririyatı, 
2-cild). 
"Bitkilərə  qarşı  böyük  sevgisi  səbəbiylə,  evinin  bağçası  adətən  botanik 
serası  idi.  Fakültə  bağçasında  çiçək  açmış  bir  bitkinin  önündə  dəqiqələrcə  durub 
onu  sevgi  ilə  seyr  edər,  kiçik  mişarıyla  qurumuş  budaqları  kəsərdi"  (Cavad 
Sarğın). 
"Evinin  bağçası  böyük  bir  botanik  bağı  halındaydı.  Təbiət  elmlərinə  və 
təbiətə  olan  sevgisi  nəzəri  olaraq  qalmazdı.  Günlərinin  bir  qismini  bağçada 
yetişdirdiyi  çiçək  və  bitki  ləklərinin  içində  keçirir,  müsafirlərinə  bunları  göstərir, 
hər biri haqqında latınca adları ilə ətraflı izahlar verirdi (H.Ziya). 
"Süleymaniyədəki evdə çeşidli heyvanlar  — toyuq-cücə, pişik,  göyərçinlər 
və s." bəsləyərmiş (S.Turan). 

67 
 
"Danışmağa başladığı zaman hekayələri, xatirələri, şakaları, fıkraları, iynəli 
atmacalarıyla qarşısındakıları heç yormadan dinlədərdi" (S. Ağaoğlu). 
"On  doqquzuncu  yüzilin  qərbli  elm  adamları  tipində,  orta  boylu,  narın, 
üzünə çox gözəl bir ifadə verən bəyaz saqqallı..." (Hilmi Ziya Ülken). 
Əli  bəy  Hüseynzadə  ailənin  yeyəcəyini  tədarük  etmək  üçün  adətən  balıq 
bazarına gedərmiş. 
Yeyəcəklərdən  daha  çox  badımcandan  hazırlanmış  xörəklərə  üstünlük 
verərmiş (qızı Feyzavər). 
Əli  bəy  Hüseynzadənin  də  qardaşı  İsmayıl  Hüseynzadə  kimi  gözləri  mavi 
olub.  Hüseynzadələr  nəslində  kişilərin  boyu  adətən  1,74  olur.  Əli  bəyin  də  bu 
boyda olduğunu atası Ş. Hüseynzadənin və Əli bəyin qızları Saida və Feyzavərin 
söhbətinə istinad edərək Cəmilə Hüseynzadə deyir. 
 
1940-cı il 17 mart. Əli bəy Hüseynzadə dünyasını dəyişdi 
 
Ömrünün  sonlarında  Əli bəy  Hüseynzadə  İstanbulda  Üsküdarın Ehsaniyyə 
məhəlləsində yaşayır. Və 1940-cı il mart ayının 17-də bazar günü buradakı evində 
də  dünyasını  dəyişir.  Ev  Əli  bəyin  deyildi.  Türkçülüyün  dahi  qurucularından  biri 
Əli bəyin Türkiyədə öz evi, mülkü olmayıb. Uşaqlar Çağaloğlunda dünyaya gəlib, 
sonra  Süleymaniyədə  və  Üsküdarda  kirəkeş  yaşayıb.  Keçindiyi  ev  də  bacanağı 
Kamal Muxtara
*
 məxsusdu. "İndi orada Mustafa Nevzat laboratoriyası yerləşir".
135 
 
* * * 
 
Ev  Üsküdarda,  İhsaniyyədəydi.  Əvvəllər  isə  Əli  bəygil  Namik  Kamalın 
əqrabası  Hamid  Salahorun  Süleymaniyədəki  evində  yaşayıblar.  Səlim  Turanın 
bildirdiyinə  görə,  Hamid  Salahor  çox  müasir  düşüncəli  bir  insan  olub.  Atatürkün 
diş həkimi Hamid bəylə Əli bəy yaxın dostluq münasibətlərində bulunublar
**
. Əli 
bəy  Hüseynzadəyə  rus  alimi  V.  Pavlovun  yazdığı  3  yanvar  1932-ci  il  tarixli 
məktubdan anlaşılır ki, professor Hamid bəy "Türk ocağı"nın üzvlərindən olub.
136 
                                                           
*
  Kamal  Muxtar  1923-cü  ildə  Əli  bəyin  baldızı  Səadət  xanımla  ailə  qurmuşdu.  Əli  bəyin  bacanağı  - 
professor Kamal bəy onun yaxın dostlarından olan Akil Muxtarın qardaşı idi. Akil Muxtar Türkiyənin 
böyük  mütəfəkkiri  və  İstanbul  Universitetinin  tibb  professorlarından  olmuşdur.  Türkiyənin  ictimai 
həyatında  çox  ciddi  nüfuz  sahibi  olan  A.Muxtar  xərçəng  xəstəliyindən  vəfat  etmişdir.  Akil  Muxtarın 
həyat yoldaşının atası sonralar Gürcüstan KP MK-nın birinci katibi işləmişdi. Muxtarın qayınatasının 
kimliyini hələlik müəyyənləşdirə bilmədim — müəllif. 
**
  Əli  bəy  Hüseynzadənin  Sadıq  Ağabəyzadəyə  yazdığı  məktubdan  Hamid  bəyin  1939-cu  ildə  vəfat 
etdiyi bilinir; "Süleymaniyədəki əski ev sahibəsi Kərimə xanımın zevci, dişçi məktəbi professorlarından 
Hamid bəy bir kaç ay əvvəl, sizlərə ömür, mərhum oldu. Münasib görürsən qadıncığaza bir təziyətnamə 
yaz".  Bu  sonuncu  məktubun  üzərində  başqa  bir  kədərli  nişanə  də  var.  Sadıq  bəy  1939-cu  ilin  9 
sentyabrında yazılmış məktubu 1940-cı ilin 31 martında aldığını bildirir. Yəni Sadıq Ağabəyli Əli bəy 
Hüseynzadənin  son  məktubunu  alanda  artıq  Əli  bəy  14  gündü  ki,  dünyasını  dəyişmişdi.  Sadıq  bəy 
aprelin 7-də həyatda olmayan Əli bəyə cavab yazırdı — müəllif. 

68 
 
* * * 
 
Ölümündən altı ay əvvəl Sadıq bəy Ağabəyzadəyə  yolladığı məktubda Əli 
bəy  səhhətində  problem  olmadığını  bildirir:  "Bizi  soracaq  olursan,  cümləmiz 
iyiyiz, sihhatteyiz, yalnız Ethiye bu yaz olduqca ağır böhranlar keçirdiyi üçün hələ 
yataqdadır. Bir türlü doğrulamadı, evdən bir tərəfə çıkamıyor".
137
 
Ədhiyə  xanım  1939-cu  ildən  infarkt  xəstəliyindən  yatır  və  1944-cü  ildə 
dünyasını  dəyişir.  Ədhiyə  xanım  Əli  bəydən  24  yaş  kiçik  idi.
*
  Ədhiyənin  məzarı 
Əli bəyin başucundadır. 
 
* * * 
 
Atasının ölüm anını xatırlayan Saida  T.Abdinlə  söhbətində demişdi: "Mən 
lap yanındaydım öləndə... bacımın əri də bizdəydi, radioda bir şeylər anladırdılar, 
Hindistanda  azadlıq  hərəkatından  söhbət  gedirdi  və  bu  azadlıq  hərəkatına 
ingilislərin müdaxilə etdiyi söylənirdi, atam da hürriyyət tərəfdarı. Bacımın əri də 
ingilislərin tərəfini tutan bir adam idi. Atam coşqulu olaraq Hindistanın tərəfində. 
Bir az sonra mübahisə kəsilir. Səlim də üzünü qırxırdı. Atam onu güzgüdə görür və 
arxa-arxaya geri qayıdır, Səlim də güzgüdən görür ki, atasında bir dəyişiklik əmələ 
gəldi,  qohumu  çağırır,  o  da  bizə  söyləyə  bilmir  və  atam  yatağa  uzanır  və  bir  də 
gözümüzü açdıq ki, ölmüş..." 
Əli  bəy  belə  tamama  yetir.  Hürriyyətin  və  hürriyyətpərəstlərin  təəssübünü 
çəkərək dünyasını dəyişir. 
Əli  bəy  Hüseynzadə  Qaracaəhməd  məzarlığında  Səlimiyyə  təkkəsinin 
qarşısında, böyük divan şairi Nədimin yaxınlığında, ailə qəbrində dəfn edilib. 
P.S. Bir məsələni də unutmayaq. Bunu Əli bəyin qızı  Saida  Santur  deyib: 
"İki çox mühüm dəftəri vardı.Onu  itirdik.  Tapa  bilmədik.  Birisi  əski  əlifbayla  idi, 
birisi  yeni əlifbayla"
138
.  
 


Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə