Azər Turan



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix31.01.2017
ölçüsü2,06 Mb.
#7202
1   2   3   4   5   6   7   8   9   ...   19

* * * 
 
Əli  bəy  Hüseynzadə  1903-1910-cu  illərdə  indiki  İstiqlaliyyət  küçəsində 
Bakı meriyası ilə üzbəüz binada yerləşən mənzildə yaşayıb. 
Abdulla  Şaiqin  oğlu  Kamal  Talıbzadəyə,  Kamal  Talıbzadənin  Əli  bəyin 
qardaşı oğlu Şəmsəddin Hüseynzadəyə, Şəmsəddin Hüseynzadənin isə qızı Cəmilə 
xanıma,  onun  da  mənə  danışdığına  görə  Bakıda  yaşayarkən,  Əli  bəyin  evdəki 
səliqə-sahmanına nəzarət edən Akulina adlı qoca bir rus xidmətçisi varmış. İşə son 
dərəcə  intizamlı  gəlib-gedən  Əli  bəy  "Füyuzat"da  redaktor  olduğu  dövrdə  bir-iki 

36 
 
gün işə çıxmır. Abdulla Şaiqgil Əli bəyin mənzilinə gəlib onu evdə də tapmırlar. 
Qərara alırlar ki, Akulina xanımın yaşadığı yarımzirzəmi evə gedib, Hüseynzadəni 
görüb-görmədiyini  qulluqçudan  soruşsunlar.  Gəlirlər  və  Əli  bəy  Hüseynzadəni 
yüksək hərarət içində xəstə yatan Akulinanın xidmətində görürlər. Həkim Əli bəy 
qəfil xəstələnən qulluqçusunun evinə gəlib ona qulluq edirmiş... 
 
* * * 
 
1903-1910-cu illər Əli bəy Hüseynzadənin simasında  Azərbaycan tarixinin 
ən  verimli  dövrü  kimi  yaşandı.  "Həyat"  və  "Füyuzat"  milli  oyanış  tariximizdə, 
milli-özünüdərk prosesində öndə gedən mətbuat orqanları kimi nəşr olunurdu. 
Ancaq  Ə.  Mirəhmədov  "Həyat"ı  çarizm  önündə  ikiüzlülük  edən,  fəhlə 
hərəkatının düşməni, hakim dairələrə ixlasla yanaşan bir qəzet adlandırırdı.
80
 Çox 
maraqlı olan isə bu idi ki, Mirəhmədovun az qala çar siyasətinin təbliğatçısı olaraq 
yamanladığı  "Həyat"  qəzetinə  çar  senzurası  yaşamaq  üçün  yalnız  1-2  il  möhlət 
verdi.  Qafqaz  Mətbuat  Komitəsinin  sədri  Qakkel,  komitənin  məmuru  Kişmişov 
"Həyat"ın  çarizm  üçün  zərərli  fəaliyyəti  barədə  təqdimatlar  yazdılar.  "Həyat"ın 
simasında  çar  senzurası  özünün  açıq  rəqibini  görürdü.  "Həyat"  diri-diri  vəfat 
etdi"
81
  (Hüseyn  Cavid),  daha  doğrusu,  öldürüldü.  (Əli  bəy  isə  "Həyat"ın  ölməsi, 
öldürülməsi  fikrini  qəbul  etmirdi:  "Xeyr,  xeyr  "Həyat"  bir  kərrə  deyil,  hətta  yüz 
kərrə,  min  kərrə  doğursa  da  ölməz".  Çünki  artıq  meydanda  "Həyat"ın  balaları, 
övladları  —  "İrşad",  "Ülfət",  "Vətən  xadimi",  "Bürhani  tərəqqi",  "Dəbistan"  və 
sairə vardı...). 
1905-ci  ildə  Əli  bəy  tərəfindən  "türklər  kimdir  və  kimlərdən  ibarətdir?" 
sualı  bəlkə  də  mübaliğə  etmərik  belə  desək  ki,  ilk  dəfə  daha  geniş  və  siyasi  bir 
müstəvidə qaldırıldı, çözüldü. Bu barədə danışarkən böyük amerikan alimi Tadeuş 
Svyataxovskinin dediklərindən daha mükəmməlini və sərrastını söyləmək bəlkə də 
mümkün  deyil.  Amerikalı  alim  deyirdi  ki,  XX  əsrin  əvvəllərində  türk  xalqlarına 
onun kimliyini bildirən bir nəfər var idi. O da Əli bəy Hüseynzadəydi. 
 
Əli bəy Hüseynzadə «Leyli və Məcnun» operasının tərtibatçı  
rəssamı olmuşdur. 
 
Musiqi  ictimaiyyəti  arasında  son  illər  belə  bir  fikir  təzahür  etməkdədir  ki, 
"Leyli  və  Məcnun"  operasının  ilk  tamaşasının  (1908)  bədii  tərtibatı  Əli  bəy 
Hüseynzadəyə məxsusdur. 
Əli  bəyin  qardaşı  oğlu  Şəmsəddin  Hüseynzadə  1926-cı  ildə  şəxsən 
əmisindən  eşitdiyini  qələmə  almışdı:  Hüseynzadə  Teatr  Cəmiyyətinin  dəvəti  ilə 
"Leyli və Məcnun" tamaşasının ilk məşqlərində iştirak edib və bədii tərtibat işləri 
ilə məşğul olub. 
Bu isə yeni dövr üzeyirbəyşünaslarının qənaətidir: 

37 
 
"...Məcnun  ifaçısı  Hüseynqulu  Sarabski  sağlığında  tanınmış  alim  Ü. 
Hacıbəyov  publisistikasının  tədqiqatçısı  Mirabbas  Aslanova  demişdir  ki,  ilk 
tamaşanın  rəssamı  türk  dünyasının  tanınmış  simalarından  biri...  Əli  bəy 
Hüseynzadə olmuşdur: "Bir gün Əli bəy teatra gəldi. Tamaşanın məşqləri gedirdi. 
Məcnunun  səhra  həyatını  məşq edirdik. Əli bəy baxan kimi dedi ki,  səhrada  kol-
kosun  arasında  yaşayan  Məcnun  belə  səliqəli  geyimdə  ola  bilərmi?  Mənə  qayçı 
verin.  Əli  bəy  qayçını  götürüb,  Məcnunun  paltarının  aşağısını  bir  neçə  yerdən 
kəsdi və dedi ki, indi oldu səhrada yaşayan Məcnun". 
Beləliklə,  tamaşanın  uğurlu  alınmasında  tərtibatçı  rəssam  kimi  Əli  bəy 
Hüseynzadənin də xüsusi xidməti qeyd olunmalıdır".
82 
 
Əli bəyin romanı 
 
Hüseynzadənin  Bakıda  yaşadığı  illərdə  yazıldığını  ehtimal  etdiyimiz 
maraqlı  bir  məktubu  var.  Rusca  yazılmış  və  on  səhifədən  ibarət  olan  bu  məktub 
"Romandan parça" adlanır. 
Əli bəyin roman yazmağa hazırlaşdığını, yaxud yazdığını təsdiqləyəcək heç 
bir vəsiqə yoxdur. Əslində bu məktub Əli bəyin aşiq olduğu bir qıza ünvanlanmış 
sevgi  etirafları  təsirini  bağışlayır.  Təsvirdən  aydın  olur  ki,  qız,  əsilzadə  mühitə 
mənsub  kübar  bir  xanımdır  və  Əli  bəy  sözün  həqiqi  mənasında  onun  dəli  bir 
aşiqinə,  aciz  bir  əsirinə  çevrilib.  Hər  halda  yazının  üslubu  şəxsi  məktub  təsirini 
bağışlayır və "Romandan parça"da bunu  təsdiqləyəcək bir-çox məqamlar var. Əli 
bəy:  "Nə  vaxtsa  mən,  bir  jurnal  üçün...  bəli,  hansısa  bir  gözəl  üçün  deyil,  məhz 
jurnal üçün fars dilindən türkcəyə bu mənada bir şeir tərcümə etmişdim"  — deyə 
yazır və həmin şeri misal göstərir: 
 
Derlər ki könül könüldən anlar  
Əsli yox imiş bu fikrin, eyvah!  
Könlüm qəmü qüssədən qan ağlar  
Könlün sənin ondan olmaz agah!.. 
 
Əsas  məsələ  isə  ondan  ibarətdir  ki,  Əli  bəy  sevgi  hisslərində  və  onların 
izharında  da  incədir,  estetdir,  filosofdur:  "Mən  dəli  kimiyəm.  Gecə-gündüz  Sizi 
düşünürəm.  Sizin  adınız,  dərviş  duaları  kimi  daim  dilimdədir.  Sükut  içində  sizin 
cazibədar ilahi zikrinizi bir an belə tərk etmirəm". 
O qız kim idi? Yaxud o roman yazılıbmı? Məlum deyil... 
 
 
 

38 
 
Əli bəy Hüseynzadənin Bakıdan gedişi 
 
Əli  bəy  Hüseynzadənin  Bakıdan  İstanbula  gedişi  Azərbaycanın  ziyalı 
mühitində az qala milli fəlakət səviyyəsində qəbul və dərk edilirdi. Çünki Əli bəy 
Əlabbas  Müznib  demişkən  "bir  böyük  aləm  kəşf"  etmişdi,  "millətə  milləti 
qandırmışdı", onun gedişiylə "Qafqaz əhalisi başsız, böyüksüz" qalırdı, "dilsizlərin 
dili,  karların  qulağı,  korların  görən  gözü",  "bir  bölük  maarif  yetimi  olan  Qafqaz 
müsəlmanlarının  atası"
83
  Bakını  tərk  edirdi  və  Əliqulu  Qəmküsar  bu  ərəfədə  Əli 
bəyə xitabən "Getmə, bizi naümid etmə!" — deyirdi. 
 
Cism və canımda ehtisasatım,  
Şu kədərli fəraqə nifrət edər.  
Getdiyin yerlərə xəyalatım  
Sürünüb əcalə təkyicə gedər. 
 
Bu  sözlər  isə  müəllim  Ağababazadənin  həmin  kədərli  hicrətlə  bağlı 
dediklərindəndir: "O, ...həyati-ictimaiyyəmizi yoluna salmağı həkimanə, filosofanə 
sözlər ilə dedi, yazdı, söylədi. Dilini bilmədik. Sözünü düşünmədik və daha başqa 
səbəblərə məbna axırda acı bir "əlvida" deyib getdi". 
Əli  bəyin  Bakıdan  getməsi  ilə  əlaqədar  "Səadət"  məktəbində  Azərbaycan 
ziyalıları  onun  şərəfinə  böyük  ziyafət  veriblər.  Ziyafət  süfrəsində  şərab  olmayıb. 
Əli  bəy  isə  plovu  el  adətincə  əlilə  yemişdi.
84
  Ayrılıq  mərasimi  barədə  geniş 
məlumat  verən  "Yeni  Füyuzat"  yazırdı:  "Əli  bəy  doğru  düşünən,  doğru  yazan, 
doğru yaşayan bir ədibi-təbibdir. Qafqaz ondan, o Qafqazdan razı qalaraq İstanbula 
gediyor". 
 
* * * 
 
Əlabbas  Müznib  isə  Əli  bəyin  gedişinin  imperiya  məqamlarının  təzyiqi 
nəticəsində  baş  verdiyini  yazırdı:  "Nəhayət,  get-gedə  Rusiya  hürriyyəti  təxfif  və 
səhvin  edilərək  şiddətli  istibdad  şəklinə  qonuluncə  artıq  burada  təzyiqata  təhmil 
edəməmiş, yenə Türkiyəyə ezamiyyətə məcbur olmuşdur".
85 
 
* * * 
 
"Bakıdan ayrılarkən bütün ev əşyamı  -  mebel, bufet dəsti, kitablarımın bir 
qismi və sairə - "Səadət" məktəbinə hədiyyə etdim" (Ə. Hüseynzadə). 
 
* * * 
 

39 
 
İstanbula  yola  düşməzdən  əvvəl  Əli  bəy  Hüseynzadə  ata  yurduna  baş 
çəkmək üçün gəldiyi Salyanda bir neçə həftə qalır (Ş.Hüseynzadə). 
 
* * * 
 
Nəhayət, Əli bəy "başladığı cihad ilə az bir zaman içində bu əcəm əyalətini 
məfkurəli və imanlı bir türk yurdu yaparaq"
86 
(Bay Mehmed Tevfiq) Bakıdan getdi. 
Və  Əli  bəyin  gedişiylə  "bədbəxtlik  bayquşu  Qafqazın  ən  uca,  ən  ali 
binalarını  viranə  hesab  etməklə  üstündə  oturub  ürək  sıxan  bir  sövt  ilə 
vaqqıldamağa başladı"
87
 (Ə.Müznib). 
 
1910-cu ildən sonrakı həyatı 
 
1910-cu  il  dekabr  ayının  4-də  Əli  bəy  Bakını  tərk  etdi  və  1911-ci  ilin  5 
yanvarında İstanbula çatdı. 
Abdulla  Şaiq  yazır:  "Əli  bəy  Hüseynzadə  və  onun  tərəfdarları 
Azərbaycanda özlərinə yer edə bilmədilər. Yerli qabaqcıl ziyalılar tərəfindən ciddi 
müqavimətə rast gələrək bir-bir Türkiyəyə qayıtmağa başladılar".
88
 
Eyni fikri bir az başqa biçimdə Ə. Mirəhmədov təkrar edir: "...istər ictimai-
siyasi,  istərsə  də  mədəni,  ədəbi,  elmi-pedaqoji  fəaliyyətində  uğursuzluğa  düçar 
olan Ə. Hüseynzadə öz vətənində yad bir adama çevrilmiş və 1910-cu ildə vətənini 
atıb  Türkiyəyə  köçmüşdü".  Əvvəla  "Vətəni  atıb  getdi"  Əli  bəy  Hüseynzadə 
miqyaslı  bir  şəxsiyyətə  yaraşan  ibarə  deyil.  Bunu  ən  azı  Əli  bəyin  Bakıdan 
İstanbula  hicrəti  kimi  dəyərləndirmək  daha  məqsədəuyğun  olardı.  Əli  bəyin  istər 
Peterburqdan  İstanbula,  istər  İstanbuldan  təkrar  Bakıya,  yaxud  yenidən  Bakıdan 
İstanbula  köçlərini  yalnız  hicrət  adlandırmaq  olardı.  Hüseynzadənin  1905-ci  ildə 
"Kaspi"  qəzetində  yazdığı  "Gənctürklük  nədir?"  məqaləsində  də  həmin  bu  hicrət 
motivi əsas idi. Əbdülhəq Hamidin İngiltərədə (!) qələmə aldığı və Cenevrədə (!) 
dərc olunmuş bir şerinə istinad edən Əli bəy onun rus dilində tərcüməsini verirdi:  
«Выйдя в путь, я с такой силой решил никогда не возвращаться назад, что 
не  вернусь,  если  даже  предо  мною  предстанет  в  виде  препятствия 
надгробный камень моей могилы. Ни бурный океан, ни гроза с ее молниями и 
громом не устрашат меня и не заставят вернуться! Нет, я не вернусь, если 
даже со всех сторон будут угрожать мне огнедышащие вулканы»
89 
Digər tərəfdən,   Bakıdan  İstanbula  köçən  ədibi-möhtərəmin hansı elmi, 
ədəbi,  pedaqoji  süqutundan  danışmaq  olar  ki,  məhz  bu  illərdə  Əli  bəyin 
Azərbaycan  naminə  gördüyü  işləri  qiyaslandırmaq  üçün  heç  bir  ölçü  təsəvvür 
etmək  olmur?  Peterburqda  səmərəsi  də  göz    qabağında  olan  siyasi  dartışmalar, 
"Həyat", "Füyuzat" dərgiləri, "Kaspi" qəzetindəki fəaliyyəti, bu illərdə yazdığı  və 
ümumiyyətlə,  Əli  bəy  Hüseynzadənin  milli-ideoloji      müstəvidə  sözün  tam  və 
gerçək  mənasında  dahiliyinə  dəlalət  edən  yazıları,  1908-ci  ildə  qələmə  aldığı  və 

40 
 
ədəbi-ictimai fikir tariximizin şah əsərlərindən biri hesab edə biləcəyimiz, janr və 
mündəricə  etibarilə  nəinki  Azərbaycanda,  hətta  Türkiyədə  o  zamana  qədər 
bənzərinə rast gəlinməyən "Siyasəti-fürusət" əsəri, "Səadət" məktəbindəki geniş və 
parlaq  pedaqoji  fəaliyyəti  hər  hansı  bir  süqutun  deyil,  əksinə  milli-intellektual 
qiyamın,  intibahın  göstəricisi  kimi  anlaşıla  bilərdi.  Əli  bəy  Rusiya  imperiyasının 
əyalət  şəhəri  olan  Bakını  dünya  türklüyünün  mərkəzlərindən  birinə  çevirməyi 
bacarmışdı.  Hələ  üstəlik,  "Əli  bəy  həzrətləri  mətbuat  aləmində  fövqəladə  bir 
məharət  göstərdi,  farslaşıb  bərbad  olan  Qafqazdakı  türk  balalarına  türklüyü 
bildirdi, həsbi-nəsəbini öyrətdi, abavü əcdadını tanıtdı".
90 
 
* * * 
 
Əli  bəy  yazırdı:  "Məşrutiyyət  dövründə,  31  mart  vaqeəsindən  bir  müddət 
sonra, mərhum Baha Şakirin və digər ittihadçı dostların dəvəti üzərinə, Qafqazdan 
İstanbula avdət etdim".
91
 
"...O, Bakıya o zamanlar Türkiyədə canfəşanlıq edən və Türkiyənin özünü 
də  uçuruma  aparan  pantürkist  və  panislamist  "İttihad  və  Tərəqqi"  firqəsinin 
tapşırıqları ilə gəlmişdi. Türk sistemli dillərdə (?  — A.T.) danışan bütün xalqları, 
müsəlman  aləmini  islamın  yaşıl  bayrağı  altında  birləşdirmək  kimi  xam  xəyal 
bəsləyən pantürkist və panislamistlər Ə.Hüseynzadəyə Azərbaycan mədəniyyətinin 
müxtəllif sahələrində təbliğat aparmağı tapşırmışdılar"
92
 - deyən,  yaxud Əli bəyin 
"Həyat"  dövründə  guya  ittihadçıların  "Parisdəki  başçıları  ilə  məktublaşaraq, 
onlardan pantürkizm və panislamizmi yaymaq barədə göstərişlər"
93
 aldığını yazan 
Mirəhmədov  haqlı  deyildi.  Parisdə,  Cenevrədə  Əli  bəyi  "rəsuli-həqq"  adlandıran 
ittihadçılar fəaliyyət göstərirdi və tutaq ki, Abdulla Cövdətin o vaxt Əli bəyə hansı 
tapşırıqları verəcəyini təsəvvürə belə gətirmək olmur. Əksinə, Əli bəy Avropdakı 
məfkurə  dostlarına  Bakıdan  səslənərək  yazırdı:  "Ey  Türkiyənin,  İranın  vətəndən 
dur  və  cüda  düşən  hürriyyət  yetimləri!  İsveçrənin  sizə  biganə  olan  soyuq 
alplarından, Misirin lal və samit ehramlarından,  hətta bütün  Avropanın  mərakizi-
qeylü-qalından  imdad  gözləməyərək,  oralardan  səsinizi,  fəryad  və  fəqanınızı 
vətənə  eşitdirəməzsiniz.  Oralarda  sizi  kimsə  himayə  edəməz!  Gəliniz,  gəliniz 
Qafqaza, Simurğun qanadları altına!.. İran və Türkiyə istibdadını bir Arximed kimi 
yerindən  qaldıra  bilmək,  tamamilə  kökündən  qopara  bilmək  üçün  nöqtəyi-
istinadınız, istinadgahınız ancaq Kuhi-Qaf ola bilir!.."
94
 
Göründüyü  kimi,  Əli  bəy  yenə  də  hürriyyət  rəsulu  kimi  danışır  və 
hürriyyətə  türk  və  müsəlman  xalqlarının  sonuncu  və  yeganə  xilas  imkanı  kimi 
baxırdı. 
Parisdə  olan  ittihadçılar  Əli  bəyin  elmi  və  siyasi  türkçülüyünü  belə  təsnif 
edirdilər:  "Hüseynzadənin  bütün  əməli  Adriatik  dənizindən  Çinə  qədər  olan 
məmləkətlərdə bir türk birliyi hasilə gətirməkdir. Bu müqəddəs əməlin baş tutması 
üçün  ən  əvvəl  atılacaq  addımın  dil  birliyi  olduğunu  dərk  edən  bu  qeyrətpərvər 

41 
 
Rusiyadakı  mətbuat  hürriyyətindən  istifadə  edib  fikrini  öz  vətəndaşlarına  qəbul 
etdirmək  üçün qəzetində  heç  bir fürsəti qaçırmır".
95
  Kifayət  qədər  böyük,  dəyərli 
və  Əli  bəyə  yaraşan  bir  qiymətdir.  Əli  bəyi  İstanbula  dəvət  edən  Baha  Şakir  bu 
sözləri 1906-cı ilin avqustunda Parisə — "Şurayi-ümmət" qəzetinin redaktoru Sami 
Paşazadəyə yazırdı. 
Baha Şakirin Əli bəyi səciyyələndirərkən dedikləri İsmayıl bəy Qaspıralının 
sözlərini  yada  salır: "Nəcib,  cəsarətli olan türk  millətinin  pərakəndə  düşüb səddi 
Çindən  Ağ dənizə  qədər cayradığı halda  nüfuzsuz... qaldığı lisansızlığından,  yəni 
lisani-ümumiyə malik olmadığından irəli gəlmişdir". 
Əli  bəy  isə  ittihadçı  varisləri  arasında  Adriatik  dənizindən  Çin  səddinə 
qədər  olan  bir  ərazidə  dil  birliyinə  söykənən  bir  türk  birliyi  yaratmaq  ideyasının 
müəllifi kimi tanınırdı. 
 
* * * 
 
Mollanəsrəddinşünas  alimin  Parisdəki  ittihadçıların  daha  açıq,  işgüzar  və 
intensiv  əlaqədə  olduğu  mollanəsrəddinçi  Ömər  Faiq  Nemanzadənin  bu 
istiqamətdə  yazdıqlarına  deyil,  Ə.  Hüseynzadənin  onlarla  əlaqələri  barədə  öz 
subyektiv  və  dəlil-sübutsuz  təxminlərinə  istinad  etməsi  yalnız  heyrət  doğurur. 
Ömər Faiq yazırdı ki: "...intibahnamələri burada çap edib Türkiyəyə aparmaq üçün 
prins  Səbahəddin  Parisdən  buraya  Hüseyn  Tosun  adında  bir  gənc  türkü  xüsusi 
olaraq göndərmişdi. 
Avropada,  Misirdə,  Türkiyənin  xilası  uğrunda  çalışan  gənc  türklərdən 
Əhməd  Rizaini,  Abdulla  Cövdəti  çoxdan  tanıyırdım...  Məhz  mənim  köməyimə 
ümid  edərək  Parisdən  buraya  inqilab  xatiri  üçün  göndərilmiş  Hüseyn  Tosunun 
şəxsi fədakarlıq və cəsarəti mənim təzədən Parisdə olanlarla əlaqəyə girişməyimə 
səbəb oldu".
96
 
Digər tərəfdən, Əli bəy bir çoxlarının qeyd etdiyi kimi 1903-cü ildə Bakıya 
ittihadçıların  xüsusi  təlimatıyla  gəlmiş  olsaydı,  7  ildən  sonra  təkrar  İstanbula 
qayıtmazdı.  Qayıdırdı  ona  görə  ki,  artıq  Türkiyəni  konstitusiyalı  parlament  idarə 
edirdi.  1908-ci  ilin  17  dekabrında  İkinci  Məşrutiyyət  Məclisi  açılmış,  Məclisi-
məbusan  fəaliyyətə  başlamışdı.  1909-cu  ilin  27  aprelində  Əbdülhəmid  taxtdan 
endirilmiş  və  1909-cu  ilin  iyun  ayında  o  illərdə  İstanbulda  olan  Hüseyn  Cavidin 
yazdığı kimi: "İdareyi-ürfiyyə qalqmış, sükunət və əmniyyət hökmfərma, ciddiyyət 
və fəaliyyət azacıq görünməyə başlıyor"du.
97 
Əli bəy Hüseynzadə Türkiyəyə belə 
bir vaxtda qayıdırdı. 
"İstanbula  yetişincə  durmuş  və  tiyət  yetişdirdiyi  gənc  və  hüquqşünas 
ənsarlər tərəfindən kəmali-məmnuniyyətlə tibbi fakültəyə müdir edilmişdir".
98 
 

42 
 
1911-1914-cü illər 
 
1911-ci  ildə  Əli  bəy  Hüseynzadə,  dr.  Nazim,  Əyyub  Səbri,  Midhət  Şükrü, 
Hacı Adil, Ziya Gökalp, Xeyri bəy, Ömər Naci, Tələt Paşa, Əli Fəthi, Xəlil bəy və 
Əhməd  Nəşimi  "İttihad  və  Tərəqqi"  Cəmiyyətinin  mərkəzi-ümumisinin  (rəyasət 
heyətinin) üzvü seçildilər.
99
 
...  1911-ci  ilin  9  mayında  gecədən  keçmişə  qədər  Cavid  bəyin
*
  evində  Əli 
bəy  Hüseynzadə,  Tələt  Paşa,  Ziya  Gökalp,  Ömər  Naci  "İttihad  və  Tərəqqi" 
partiyasında  təmsil  olunan  gənclər  üçün  idarə  binası,  elmi  dərgi  nəşr  etmək 
məsələlərini müzakirə edirlər.
100
 
1911-ci  il  sentyabr  ayının  1-də  "Türk  Yurdu"  cəmiyyəti  quruldu.  Əli  bəy 
Hüseynzadə  cəmiyyətin  qurucuları  sırasında  milli  şair  Məhməd  Əmin  Yurdaqul, 
Əhməd Hikmət bəy, Ağaoğlu Əhməd bəy, Akil Muxtar bəy, Akçoraoğlu Yusuflə 
bir  yerdəydi  (həmin  təşkilatda  Əhməd  Hikmət  bəyi  sonralar  Ziya  Gökalp  əvəz 
edəcəkdi). 
Əli  bəyin  "Türk  yurdu"ndakı  fəaliyyətini  az  qala  heçə  çıxaran,  bu  barədə 
istər  Türkiyədə,  istərsə  də  Azərbaycanda,  xüsusən  son  dövrdə  çox  ehtiyatla 
danışan, fəaliyyətinin bu  mərhələsində  onu az qala  sıradan biri kimi təqdim edən 
müəlliflərlə mübahisə açmağa lüzum görmürəm. 
Əli  bəyin  özü  də  "Türk  Yurdu"ndakı  fəaliyyəti  barədə  xüsusi  danışmağa 
ehtiyac  görməyib.  Amma  bunun  da  səbəblərini  aydınlaşdırmalıyıq.  Nə  üçün  Əli 
bəy  bu  ilk  türkçü  təsisatdakı  iştirakını,  eyni  zamanda,  türkçülük  naminə 
xidmətlərini  qabartmağa,  xatırlatmağa  ehtiyac  duymur?  "Əbədi  gözəlliklər" 
dəftərindəki  "Bioqrafik  müxtəsər  məlumat"a  "Əlavə"  bölümündə  Əli  bəy  yazır: 
"Azərbaycanda  bana  dair  bir  çox  nəşrlər  yayınlanmışdır  (məsələn,  "Füqəra 
füyuzatı"nın  ilk  nüsxəsində.  Türkiyədə  yazılanların  mühümləri  şunlardır:  Yusuf 
Akçuranın  məqalələri ("Türk  yurdu"nda  və  "Türk  yılı"nda), Ziya Gökalp (Böyük 
və  ya  kiçik  məcmuə"də?),  Ab.  Cövdət  "İctihad"da;  M.T.  (Məhmət  Əli  Tevfiq: 
"Təsvir əfkar"da"). 
Deməli,  Əli  bəy  bu  məqalələrdə  keçən  fikirləri  özü  haqqında  yazılanların 
mühümlərindən  hesab  edirdi.  Bay  Məhməd  Əli  Tevfiqin  məşhur  "Turanlının 
dəftəri" xatirə yazısından bəzi parçaları Sadəddin Nüzhət Ergün 1936-cı ildə nəşr 
etdiyi "Türk şairləri" adlı fundamental  tədqiqatının ikinci cildində təqdim etmişdir. 
"Fuad  Köprülü  miqyasında  yurdsevər  bir  türk"
101
  olaraq  dəyərləndirilən 
Məhməd  Əli  Tevfiq  Əli  bəyin  ikinci  dəfə  İstanbula  gəldiyi  dövr  və  onun  "Türk 
yurdu"ndakı xidmətləri barədə orijinal mülahizələr irəli sürür: "...İkinci dəfə olaraq 
İstanbula gəldiyi zaman bir az kəndi övladı olan məfkurə yavaş-yavaş iməkləməyə 
başlamışdı. Bu gürbüz yavrunun bir an əvvəl inkişafını təmin etmək lazımdı. Çünki 
                                                           
*
  Cavid  bəy  1926-cı  ildə  İstiqlal  məhkəməsinin  qərarı  ilə  edam  olunmuşdu.  Bütün  mənbələrdə  onun 
1926-cı il hadisələrində günahsız olduğu qeyd edilməkdədir - müəllif. 
 

43 
 
bir kaç ay sonrakı hadisənin fəci bir vüzuh ilə həpimizə göstərdiyi kibi, düşmanlar 
onu boğmağa  əzm  etmişlərdi. "Türk  yurdu" və "Türk ocağı"nın təsisində  fəal bir 
amil  olan  Hüseynzadə  nevzadın  çocuqluq  və  gənclik  dövrlərini  heyrətverici  bir 
sürətlə  adlayaraq  kühulət  çağına  gəlməsinə  bütün  mövcudiyyətilə  çalışanların  ilk 
səfindədir.  Milli  məfkurənin  atası,  eyni  zamanda,  türklüyün  mükəmməl  bir 
örnəyidir".
102 
Yusif  Vəzir  Çəmənzəminli  isə  xatırladırdı  ki,  Əli  bəy  "Türk  Yurdu" 
məcmuəsinin  müəssislərindəndir;  "Türk  ocağı"nın  ağsaqqalları  sırasına 
seçilmişdir.
103
 
1932-ci  il  yanvarın  3-də  Leninqraddan  Əli  bəyə  yazdığı  məktubda  Pavlov 
"Türk  ocağı"nda  Hüseynzadənin  vasitəsilə  tanış  olduğu  Xalidə  Ədib  Adıvara  və 
onun həyat yoldaşı Adnan bəyə salam göndərirdi
*

 
* * * 
 
9 iyul 1912-ci ildə Əli bəy Ədhiyə xanımla ailə qurur.  Əli bəyin Ədhiyə 
xanımla harada görüşüb tanışdıqlarının tarixçəsi barədə əlimizdə heç bir məlumat 
yoxdur... 
Oğlu  Səlim  Turanın  və  qızı  Saidanın  bildirdiyinə  görə
104
  Ədhiyə  xanım 
əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı idi. 
 
* * * 
 
1913-cü ildə Əli bəy Hüseynzadəni akademiya tipində olan və Cəlal Sahirin 
rəhbərlik  etdiyi  Türk  Bilgi  Dərnəyinin  Türkiyyat  komissiyasında  Nəcib  Asim, 
Köprülüzadə Məhməd Fuad, Akçuraoğlu Yusuf, Ağaoğlu Əhməd, Əhməd Cövdət, 
Ziya, Bursalı Tahir, Arif, Fuad Rauf, Mahmud Muinlə bir yerdə görürük. O, 1913-
14-cü  illərdə,  eyni  zamanda,  "Kafqasyalılar  Nəşri-Maarif  Cəmiyyəti"nin  (Qafqaz 
Türkləri Maarif Cəmiyyəti) üzvü kimi fəaliyyət göstərmişdi. 
Əli  bəy  Hüseynzadə  isə  bu  illərdəki  görəvlərini  xatırladarkən  türkçülük 
sahəsindəki xidmətlərinin üstündən sükutla keçirdi: "Balkan hərbində (1912-1913) 
daima  "Hilal-Əhmər"in  hizmətində  bulunaraq,  müxtəlif  xəstəxanalarda  yaralı  və 
xəstələrin tədavisiylə, əlimdən gəldiyi qədər uğraşmışdım".
105 
 
                                                           
*
  "Yeni  Turan",  "Türkün  atəşlə  imtahanı",  "Atəşdən  köynək",  "Türkiyədə  Şərq,  Qərb  və  Amerikan 
təsirləri"  əsərlərinin  müəllifi  görkəmli  yazıçı  Xalidə  Ədib  Adıvar  "İslam  Ansiklopedisi"nin  baş 
redaktoru  Adnan  Adıvarla  1917-ci  ildə  evlənib.  Bu  isə  belə  deməyə  əsas  verir  ki,  Pavlov  "Türk 
Ocağı"na  Əli  bəylə  birlikdə  1917-dən  sonrakı  illərdə  və  1928-ci  ilə  qədərki  bir  dövrdə  gəlib.  Çünki 
Adıvarlar ailəsi 1928-ci ildə artıq Türkiyəni tərk etmişdi - müəllif. 
 

44 
 
Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin