ABĠd tahġRLĠ


Mühacir qəlbində və qələmində  28 May və 28 Aprel



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

Mühacir qəlbində və qələmində  28 May və 28 Aprel 
 
Mühacir mətbuatı və 28 Aprel 
Azərbaycanda sovet hakimiyyəti illərində 28 Aprel günü rəsmən təntənə ilə 
qeyd  olunur,  «azadlıq»,  «səadət»,  «bərabərlik»  simvolu  kimi  səciyyələndirilir, 
şəninə  mahnılar,  nəğmələr  qoşulurdu.  28  Aprel  hadisələrini  ötən  əsrin  80-ci 
illərinin  sonlarından  etibarən  əvvəl  ayrı-ayrı  adamlar,  sonra  isə  xalqın  böyük 
əksəriyyəti açıq-aşkar istila, işğal günü, Şərqdə ilk dünyəvi, demokratik dövlət olan 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  devrildiyi  gün  kimi  qiymətləndirməyə  və 
lənətləməyə başladılar. 
Bəs  28  Apreli  həmin  illərdə  Azərbaycan  mühacirəti  necə  qarşılamışdır? 
1920-ci il hadisələrindən sonra pərən-pərən düşmüş Azərbaycan mühacirəti 1923-
cü  ildən  sonra  İstanbulda  təşkilatlanmağa,  ciddi  və  məhsuldar  fəaliyyətə  başladı. 
Həmin  ilin  sentyabrında  təsis  olunan  «Yeni  Qafqasya»  məcmuəsi  rus 
imperializminə və bolşevik istilasına qarşı milli istiqlal davasını yürüdən ilk dərgi 
idi. Öz simasını «millətçi, radikal, demokrat, türkçü» kimi xarakterizə edən «Yeni 
Qafqasya»  ilk  nömrələrindən  28  Aprel  və  onunla  başlayan  sovet  rejiminə  qarşı 
amansız  mövqe  tutmuşdu.  Təsadüfi  deyil  ki,  20-ci  illərdə  Sovet  İttifaqı  «Yeni 
Qafqasya»nın nəşrinin dayandırılması üçün dəfələrlə Türkiyəyə müraciət etmişdi. 
«Yeni  Qafqasya»  öz  yerini  1928-ci  ildə  eyni  proqram  və  eyni  hərarətlə  çıxan 
«Azəri  türk»ə  vermişdir.  «Azəri  türk»ü  «Odlu  yurd»  məcmuəsi  və  həftəlik 
«Bildiriş»  qəzeti  əvəz  etmişdir.  Sovet  hökumətinin  müdaxiləsi  nəticəsində  bu 
nəşrlərin  qarşısının  alınmasıyla  milli  nəşrlərimizin  İstanbul  dövrü  başa  çatmış, 
1932-ci  ildən  etibarən  Avropa  dövrü  başlamışdır.  Həmin  qəzetlərin  bazasında 
1932-ci  il  dekabrın  10-dan  Berlində  çıxan  «İstiqlal»  qəzeti,  1934-cü  ildən  nəşr 
olunan «Qurtuluş» məcmuəsi və digər nəşrlərdə və 28 aprelin və onunla yaranan 
sovet rejiminin mahiyyəti, məzmunu barədə xeyli məqalə dərc edilmişdir. 
İkinci Dünya müharibəsindən sonra keyfiyyət və kəmiyyət baxımından xeyli 
dəyişmiş mühacirət 28 Aprel mövzusunu nəinki unutmamış, əksinə tamamilə yeni 
baxışlarla  zənginləşdirmişdir.  40-cı  illərin  sonundan  yenidən  Türkiyəyə  qayıdan 
mühacirlərlə  Avropada  məskunlaşan  həmvətənlər  arasında  istiqlal  mücadiləsi 
tarixinə münasibətdə ciddi fikir ayrılığı bəzən sərt ittihamlarla müşayiət olunsa da, 
nəticə etibarilə mühacirətin hər iki qolu 28 Aprelin Azərbaycan xalqının tarixində 
və taleyində oynadığı mənfur rolu qeyd edirdilər. 
Azərbaycan  Milli  Birliyinin  1952-ci  ildən  Münhendə  nəşr  olunan  orqanı 
«Azərbaycan»  jurnalının  aprel  1953-cü  il  11-ci  nömrəsində  E.Sultan  imzası  ilə 
dərc  olunmuş  «Azərbaycanın  matəm  günü»  adlı  məqalə  mühacirətin  bu  tarixi 
hadisəyə  münasibətini  tam  əks  etdirir.  Məqalə  belə  başlayır:  «Sovet  mətbuatı, 

 
191 
sovet  radioları  hər  il  aprel  ayının  28-də  «aprel  inqilabı»  adlandırdığı  bu 
təbəddülatdan  bəhs  edir.  Bu  «inqilaba»  həsr  olunan  cildlərlə  əsərlərdə  28  Aprel 
günü Azərbaycan xalqının istiqlala qovuşduğu gün kimi göstərilir». Müəllif daha 
sonra «həqiqətən böylə bir inqilab hadisəsi olmuşdumu?» - deyə sual verir və 28 
Aprel  hadisəsinin  əsl  mənasını  açmağa  cəhd  göstərir,  dövrün  ictimai-siyasi 
xarakteristikasını  verir,  Kremlin  məkrli  niyyətlərini  açır  və  «sovet  hürriyyətinin 
mahiyyətini»  tarixi  sənədlərlə  ifşa  edir.  Müəllif  27  aprel  gecəsi  Stalinin  göstərişi 
ilə  Kirov  və  Orconikidzenin  başçılıq  etdiyi  XI  Qızıl  Ordunun  Azərbaycan 
torpaqlarına  soxulduğunu  qeyd  edir  və  yazır:  «Beləliklə,  gənc  Azərbaycan 
demokratisi  sovetlərin  hiyləsinə  qurban  getdi…  28  Aprel  günü  Azəri  türklərinin 
istiqlal  günü  deyil,  o  oktyabr  inqilabından  doğan  qırmızı  sovet  diktatorlarının 
Azərbaycan  istiqlalını  qanlar  içərisində  boğduğu  gündür.  28  Aprel  müdhiş  bir 
əsarətin ifadəsidir. İstiqlal eşqi ilə dolu qəlblər hər il 28 Apreldə bir daha acıyır və 
yarası dərinləşir». 
E.Sultan  məqalədə  XI  Qızıl  Ordunun  Azərbaycana  gətirdiyi  fəlakətlərdən, 
kəndlilərə  məxsus  «yeyəcək  və  geyəcək  bütün  şeylərin»  talanmasından, 
«Azərbaycan alimlərinin, yazıçı, şair və digər sənət sahiblərinin böyük bir qisminin 
həbsə  alınmasından,  Sibirə  sürgün  edilməsindən,  xalqın  yetişdirdiyi  ən  dəyərli 
övladlarının»  itirilməsindən  ürək  ağrısı  ilə  bəhs  edir.  Müəllif  eyni  zamanda 
azərbaycanlıların  azadlıqsevər  xalq  olduğunu,  onların  «heç  bir  zaman  işğalçı 
qüvvələrin  qarşısında  boyun  əymədiyini»  qürurla  qələmə  alır,  sovet  hakimiyyəti 
illərində Gəncə, Qarabağ, Şəki və Şəmkir üsyanlarını misal gətirir. 
Müəllif  1939-cu  ildə  latın  əlifbasının  rus  əlifbası  ilə  əvəz  edilməsini  sovet 
rejiminin xalqımıza vurduğu mənəvi zərbələrdən biri hesab edir, əlifba siyasətinin, 
habelə  bir  sıra  milli  və  dini  bayramların,  adət  və  ənənələrin  qadağan  edilməsinin 
məqsədini  açıqlayır.  O  yazır:  «Gözlərə  milli  görünəcək,  beyinlərdə  milli 
düşünüləcək  nə  varsa,  məhv  etmişlər».  Müəllif  məqalənin  sonunda  göstərir  ki, 
azəri  türkləri  sovet  imperiyası  siyasəti  əleyhinə  yürütdüyü  inadlı  mücadilədə  bir 
dəqiqə də olsun tərəddüd etməmiş və istiqlal idealını zəiflətməmişdir. 
Jurnalın  həmin  nömrəsində  Azərbaycanın  sabiq  naziri  Əkbər  Ağa 
Şeyxülislamzadənin  «Azadlıq»  radiosu  ilə  xalqımıza  müraciəti  dərc  edilmişdi. 
Müraciətdə  deyilir  ki,  28  Aprel  1920-ci  ildə  Qızıl  Kreml  Azərbaycan  istiqlalını 
qanlar  içində  boğdu.  Bu  gün  Azərbaycanın  ən  qara  günüdür.  Bu  gün  istiqlal 
günəşinin Şimaldan gələn qara buludlarla örtüldüyü gündür. Dəhşətli bir  əsarətin 
ifadəsi olan 28 Aprel yalnız Azərbaycanın deyil, bütün Qafqaz və türk-müsəlman 
dünyasının matəm günüdür. Müraciətdə daha sonra sovet hökumətinin Azərbaycan 
xalqına  vurduğu  sağalmaz  yaralardan  bəhs  olunur  və  dünya  dövlətləri  Birləşmiş 
Millətlər  Təşkilatı  qarşısında  türk-müsəlman  xalqları  məsələsini  qaldırmağa 
səslənir.  Sənəd  inamlı,  qətiyyətli  ifadələrlə  bitir:  «Mən  əminəm  ki,  azad  dünya 
xalqları  ilə  sovet  məhkumu  xalqlarının  dostluğu  kommunizm  istibdadına  son 
verəcək  və  bütün  dünya  xalqlarını  səadət  və  rifaha  qovuşduracaqdır.  Vətənimizin 
üfüqlərində istiqlal günəşi doğacaqdır. Bu günəşin altında azəri türkləri ilham dolu 
ürəklə yaşayacaq və yaradacaqlar. Yaşasın azad və müstəqil Azərbaycan! Yaşasın 
azəri-türk milləti!» 

 
192 
Azərbaycanın  istiqlalı  uğrunda  mübarizə  tarixinin  ən  ləyaqətli  və  mübariz 
nümayəndələrindən  biri  olan  C.Hacıbəyli  28  Aprelin  tariximizdə  qanlı  bir  səhifə 
olduğuna işarə edərək yazırdı: «O mənhus 28 Aprel günündən bəri azəri milləti öz 
milli bayramını (28 May İstiqlal Günü nəzərdə tutulur – A.T.) yalnız qəlbində qeyd 
etməyə  məcbur  qalmış,  mühacirətə  qaldıqda,  bizlər  də  bu  bayramı  ümid  və 
iztirablar  içində  qeyd  etmək  zərurətindəyik».  Azərbaycanın  azad,  müstəqil  
olacağına  bir  an  da  inamını  itirməyən  C.Hacıbəyli  mövcud  şəraitdə  mühacirətin 
üzərinə düşən vəzifədən bəhs edir və təəssüflə yazırdı ki, bəzən oturduğumuz isti 
künclər bizim  hissiyyatımızı  korlaşdırır. «O  qədər də  ümidsizliyə  düşməyəlim»  - 
deyə  yazan  C.Hacıbəyli  bütün  mühacirləri  «millət  və  vətənimizin  yardımına 
qoşulmağa»  dəvət  edirdi.  Adı  çəkilən  məqalədə  C.Hacıbəyli  yazırdı:  «…Min  cür 
fədakarlıqlar  nəticəsində  əldə  etdiyimiz  neməti  birdən-birə  qeyb  etdik.  Əvət, 
istiqlalımızı  biz  rahatlıqla  qazanmadıq.  Parlament  rəisi  rəhmətlik  Həsən  bəyin 
söylədiyi  kimi,  «başqaları  yüz  il  ərzində  vermiş  olduqları  qurbanları  biz  bir  il 
ərzində  verdik».  Rahatlıqla  itirdiyimiz  yurdumuzun  istiqlalı  üçün  daha  nə  qədər 
qurbanlar  verəcəyik, bunu  Allah  bilir.  Hər  halda,  bizə  düşən  vəzifə  bu  qurbanları 
mümkün dərəcə azaltmaq və bəlkə də məsələni qan tökməməklə həll etmək: zatən 
28  Aprel  faciəsindən  bəri  millətimizin  qanı  axmaqda  davam  edir,  tənəffüs 
yoxdur…». 
ABŞ-da  –  Nyu-Yorkda  fəaliyyət  göstərən  Azərbaycan  cəmiyyətinin  sədri 
Məcid  Musazadənin  «Azərbaycan»  jurnalının  (Münhen)  may  1952-ci  il 
nömrəsində çap olunmuş «Azərbaycan matəm içində» yazısı ətraflı araşdırmaları, 
dərin  təhlili,  ciddi  nəticələri  ilə  diqqəti  cəlb  edir.  Müəllif  tutarlı  tarixi  fakt  və 
dəlillərlə 28 Aprelin Azərbaycan xalqına gətirdiyi fəlakət və faciələrdən bəhs edir, 
sovet rejiminin mənfur məqsəd və niyyətlərini açıb göstərir. O, 28 Aprelə işarə ilə 
yazır:  «Bu  gün  Azərbaycanın  tarixində  məhkumiyyəti  andıran  gündür.  Bu  gün 
istiqlal günəşinin, milli Azərbaycan bayrağının Qızıl Ordu çəkmələri altına atıldığı 
gündür». 
Müəllif «türk və müsəlman məmləkətləri tarixində ilk dəfə olaraq demokrasi 
prinsiplərinə  dayanan  milli  cümhuriyyətin»  qurulmasından,  onun  dövlət 
quruculuğu sahəsində həyat keçirdiyi tədbirlərdən, universitetin, ali texniki və xalq 
məktəblərinin  yaradılmasından,  Avropanın  ali  təhsil  ocaqlarına  yüzlərlə  tələbənin 
göndərilməsindən söz açır və yazır: «Bir sözlə, məmləkət kəlmənin tam mənasında 
milli sima almışdı». 
Azərbaycan  xalqının  heç  bir  işğalçı  qüvvənin  qarşısında  boyun  əymədiyini 
göstərən müəllif azadlıq uğrunda mübarizə tarixini vərəqləyir: «1802-ci ildə Gəncə 
çar qüvvətləri tərəfindən işğal edildikdən bu günə qədər Azərbaycan daima üsyan 
və 
mücadilə  halında  olmuşdur.  M.Musazadə  Moskvanın  ruslaşdırma, 
kollektivləşdirmə,  sənayeləşdirmə  siyasətinin,  dil,  əlifba  və  s.  sahələrdəki 
«islahatlarının» Azərbaycanda etiraz və üsyanlarla qarşılandığını yazır. 
«Azərbaycan  türklərinin  tarixi,  ədəbiyyatı,  sənəti,  teatr  həyatı  xüsuslarında 
yurddaşlara  mümkün  mərtəbə  geniş  bilgilər  vermək»  niyyəti  ilə  1952-ci  ilin 
aprelində  Ankarada  nəşr  olunmağa  başlayan  «Azərbaycan»  jurnalı  elə  ilk 
nömrəsindən  28  Aprelin  xalqın  tarixində  oynadığı  dəhşətli  rolu  oxucularına 
çatdırdı.  «Azərbaycan  Cümhuriyyəti  haqqında  ümumi  məlumat»  adlı  məqalədə 

 
193 
deyilir  ki, bolşeviklər  mövcud  vəziyyətdən  istifadə  edərək 27 apreldə  Qızıl  Ordu 
vasitəsilə Azərbaycanı işğal etmiş, sovetləşdirmişlər. 
Jurnalın  həmin  nömrəsində  Azərbaycan  ədəbiyyatı  mövzusunda  dəyərli 
tədqiqatları  ilə  diqqəti  cəlb  edən  Əbdülvahab  Yurdsevər  göstərir  ki,  28  Apreldə 
yurdumuz  təkrar  qaranlıqlarda  boğuldu.  Lakin  müəllif  böyük  inam  və  ümidlə 
qurtuluş  gününün  gələcəyini  də  qeyd  edir.  Jurnalın  aprel  1953-cü  il  tarixli  2-ci 
nömrəsində qara haşiyə ilə verilmiş «27 aprel» adlı məqalədə türk tarixinin bu qara 
günündən  bəhs  olunur  və  rusların  təcavüzü  ilə  Şərqdə  ilk  modern  demokratik 
dövlət olan  Azərbaycan  Xalq  Cümhuriyyətinin süquta  yetirildiyi  acı təəssüf hissi 
ilə  qeyd  edilir.  Yazıda  Azərbaycanın  yenidən  istiqlala  qovuşacağı  fikri  xüsusi 
vurğu ilə qeyd olunur. Məqalədə deyilir: «27 aprel faciəsini birlikdə və dərin ürək 
acısı  ilə  bir  kərə  daha  anarkən,  ali  insanlıq  vicdanının  belə  haqsızlıqlara  uzun 
müddət  təhəmmül  edilməyəcəyi  ümidi  ilə  təsəlli  tapır  və  yaxın  istiqbalda  digər 
məhkum  türk  elləri  ilə  birlikdə  Azərbaycan  türklərinin  də  hürriyyət  və  istiqbal 
haqlarına qovuşacağına əmin olduğumuzu bildiririk». 
 
“Xalq qəzeti”, 28 aprel  2001 
 
 
Mühacir mətbuatı 28 May haqqında 
 
 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  Heydər  Əliyevin  imzaladığı 
“Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  onuncu  ildönümü  haqqında” 
20  mart    2001-ci  il  tarixli  Fərman  müstəqilliyin  dəyərləndirilməsi,  ötən  illər 
ərzindəki  daxili  və  xarici  siyasətin  obyektiv  xarakterizə  olunması,  eyni  zamanda 
gənc  dövlətin  on  illik  salnaməsinin  yaradılması  baxımından  xüsusi    əhəmiyyət 
kəsb edir. Bu mühüm sənəd, həm də XX əsrin əvvəllərində yaradılan Azərbaycan 
Xalq  Cümhuriyyəti  tarixinin  daha  dərindən  öyrənilməsi  üçün  əsas  verir.  Təsadüfi 
deyil  ki,  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  onuncu  ildönümü  ilə 
bağlı  tədbirlər  planında  “Müstəqil  Azərbaycan  Respublikası  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  varisidir”  mövzusunda  beynəlxalq  konfransının  keçirilməsi  də 
nəzərdə  tutulmuşdur.  Fikrimizcə,  Azərbaycan  Xalq  Cümhuriyyətinin    tarixi  və 
taleyi  ilə  bağlı  mühacir  mətbuatının  yazdıqları  da  böyük  maraq  doğurur  və  geniş  
tədqiqat predmetinə çevrilə bilər. 
 
1920-ci  il  27-28  aprel  hadisələri  nəticəsində  islam  və  türk  dünyasında  ilk 
demokratik  dövlət  olan  Azərbaycan  Xalq  Cümhuriyyəti  süqut  etdi.  1918-ci  il 
mayın  28-də  yaradılmış  Azərbaycan  Xalq  Cümhuriyyətinin  ömrü  qısa  olsa  da,  o 
nəinki Azərbaycanın, eləcə də bütün Şərqin tarixində silinməz iz buraxdı. Təsadüfi 
deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən indiyədək bu dövlətin 
yaranması,  strukturu,  atributları,  rəmzləri,  elm,  təhsil,  mədəniyyət  sahələrindəki 
islahatları,  daxili  və  xarici  siyasəti,  süqutu  səbəbləri,  tarixi  əhəmiyyəti  barədə 
yüzlərlə əsər yazılmışdır. Doğrudur, Sovet hakimiyyəti  illərində Azərbaycan Xalq 
Cümhuriyyətinin  tarixi,  mahiyyəti  saxtalaşdırılmış,  ünvanına  böhtanlar 
yağdırılmışdır.  Bununla  belə,  bütün  mənəvi  və  fiziki  təzyiqlərə  baxmayaraq,  bu 
dövlətə  məhəbbət  hissi  böyük  əksəriyyətin  qəlbində  illərcə  yuva  salmışdır.  Eyni 

 
194 
zamanda SSRİ-dən kənarda – Türkiyə, ABŞ, Fransa, Almaniya, Polşa və sair kimi 
ölkələrdə Azərbaycan Xalq Cümhuriyyəti barədə kifayət qədər yazılmışdır. 
 
Xaricdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında ilk sanballı əsərlər Versal 
(Paris)  sülh  konfransında  iştirak  etmək  üçün  Fransaya  göndərilən  nümayəndə 
heyəti  tərəfindən  nəşr  edilmişdir.  Əlimərdan  bəy  Topçubaşov,  Məmməd  Həsən 
Hacınski,  Əkbər  Ağa  Şeyxülislamov,  Mir  Yaqub  Mehdiyev,  Məmməd 
Məhərrəmov,  Əhməd  bəy  Ağayev,  Ceyhun  bəy  Hacıbəylinin  və  sonradan  heyətə 
qatılan  A.Atamalıbəyov  və  Ə.Qafarovun  da  daxil  olduğu  nümayəndə  heyətinin 
Parisə yetişən üzvləri (Ə.Ağayev yolda ingilislər tərəfindən həbs olunaraq Maltaya 
sürgün  edilmişdir)  böyük  həvəslə  Fransanın  paytaxtında  kitab  və  bülletenlər  çap 
etməyə  başladılar.  Fransız  və  ingilis  dillərində  nəşr  edilmiş  “Qafqaz  Azərbaycanı 
Respublikası”,  “Qafqaz  Azərbaycanı  Respublikasının  sülh  konfransına 
memorandumu”  kimi  materiallarda  Azərbaycan  Xalq  Cümhuriyyəti  haqqında 
dolğun  məlumatlar  öz  əksini  tapmışdır.    C.Hacıbəylinin  həmin  vaxtlar  Parisin 
nüfuzlu  jurnallarından  birində  çap  etdirdiyi  “İlk  müsəlman  respublikası  
Azərbaycan”  adlı  məqaləsi  də  bu  mənada  böyük  maraq  doğurur.  Yeri  gəlmişkən 
qeyd edək ki, hələ bundan bir qədər əvvəl – 1918-ci ilin noyabr ayında Azərbaycan 
Xalq 
Cümhuriyyətinin  xarici  işlər  naziri  Ə.Topçubaşovun  İstanbulda 
“Azərbaycanın təşəkkülü” kitabı çapdan çıxmışdır.  
 
Qırmızı  terrordan,  təqib  və  təzyiqlərdən  qurtulan  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  bir  sıra  liderləri  20-ci  illərin  əvvəllərindən  qürbətdə  xalqın 
azadlığı  uğrunda  fəal  ideoloji  mübarizəyə  başlamışdılar.  Bu  mənada  İstanbulda 
nəşr edilən “Yeni Qafqasya” (1922-1929), “Azəri-türk” (1927-1929), “Odlu yurd” 
(1929-1931),  “Azərbaycan  yurd  birgisi”  (1932),  Berlində  azərbaycan  və  alman 
dillərində  buraxılan  “İstiqlal”  (1932-1934),  “Qurtuluş”  (1935-1939),  Parisdə 
fransızca çıxan “Promotey” (1929-1938), rus dilində nəşr olunan “Qafqaz” (1932-
1938)  kimi  qəzet  və  jurnallarda,  habelə  İkinci  Dünya  müharibəsindən  sonra 
Ankarada 
buraxılan  “Azərbaycan”,  “Mücahid”,  Münhendə  çap  edilən 
“Azərbaycan”  kimi  nəşrlərdə  də  mühacir  müəlliflər  28  May  və  onunla  əsası 
qoyulan  Şərqin  ilk  demokratik  dövləti  olan  Azərbaycan  Xalq  Cümhuriyyəti 
haqqında fəxarətlə, eyni zamanda dərin kədər və qüssə ilə söz açmışlar. 
 
Məmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Məmməd Əli Rəsul-
zadə,  Ceyhun  bəy  Hacıbəyli,  Mustafa  bəy  Vəkilov,  Əkbər  Ağa  Şeyxülislamov, 
Xəlil  bəy  Xasməmmədov,  Əlimərdan  bəy  Topçubaşov,  Şəfi  bəy  Rüstəmbəyov 
kimi xadimlər Türkiyə, Polşa, Fransa və Almaniyada buraxılan mühacir nəşrlərdə 
Azərbaycan istiqlal tarixinin ən şanlı səhifəsi olan və əsası 1918-ci ilin 28 mayında 
qoyulan  Azərbaycan  Xalq  Cümhuriyyəti  haqqında  faydalı  əsərlər  çap  etdirmişlər. 
Ümm-ül-Banu,  Yusif  Vəzir  Çəmənzəminli,  Əhməd  bəy  Ağayev,  Əli  bəy 
Hüseyzadə,  Əhməd  Cəfəroğlu,  Hüseyn  Baykara,  Almas  İldırım,  Kərim  Yaycılı, 
Gültəkin,  Alazan  Baycan,  Əhməd  Qaraca,  Həmid  Dönməz,  Süleyman  Təkinər, 
Kərim  Odər,  Mustafa  Türkəqul,  Əbdülvahab  Yurdsevər,  Məcid  Musazadə və  sair 
kimi    qələm  sahibləri  xaricdə  Azərbaycan  ədəbiyyatı,  tarixi,  mədəniyyəti 
xəzinəsinə qiymətli töfhələr verirdilər. 

 
195 
 
Ankaradakı Azərbaycan Kültür dərnəyinin orqanı olan “Azərbaycan” jurnalı 
özünün  1952-ci  il  1  may  tarixli  2-ci  nömrəsində  yazırdı:  “28  May  Azərbaycanı 
milli  müstəqil  kültürə,  milli  məktəbə,  milli  iqtisadiyyata,  insan  haqlarına  və  milli 
orduya  qovuşdurmuşdur”  (“Ayın  təqvimi”  məqaləsindən).  Jurnalın  “28  May 
Azərbaycanın istiqlal günüdür” (1 iyun 1952-ci il, №3) adlı məqaləsində bu tarixi 
gün  –  Milli  Azərbaycan  bayramı  münasibətilə  Azərbaycan  kültür  dərnəyinin 
Ankarada  keçirdiyi  böyük  tədbir  barədə  ətraflı  məlumat  verilir.  “Azərbaycan” 
jurnalının (Ankara) 1953-cü il tarixli 2-ci nömrəsində dərc olunmuş “Türkün nəşə 
və  zəfər  ayı”  adlı  məqaləsində  də  28  May  müqəddəs  gün  kimi  anılır,  bu  qutsal 
yolun yolçuları – şəhidləri və mücahidləri sayqı ilə yad edilir. 
 
Münhendə  nəşr  olunan    “Azərbaycan”  jurnalı  1952-ci  il  tarixli  2-ci 
nömrəsində  dərc  etdiyi  Ceyhun  Hacıbəylinin  “28  May  hissiyatı”  və  Əkbər  Ağa 
Şeyxülislamovun  “Azərbaycan  necə  quruldu”  (məqalə  Parisdə  rus  dilində  çıxan 
“Azərbaycan”  və  Ankarada  nəşr  olunan  “Mücahid”  jurnallarında  da  dərc 
edilmişdir)  adlı  məqalələrində  Azərbaycan  Xalq  Cümhuriyyətinin  tarixinə  nəzər 
salınır, onun əhəmiyyətindən bəhs olunur və xalqın yenidən istiqlala qovuşacağına 
ümid edilir. “Baharın ən gözəl ayı may Tiflisdə daha da qüvvətli bir surətdə insana 
təbiətin  oyanmasını  və  yeni  bir  ömrə  hazırlaşmasını  göstərir.  Parlayan  günəş, 
buludsuz  göy,  hər  tərəfdən  sizi  səssiz  yaşamağa  dəvət  edib,  bütün  Qafqazı  sizə 
bəxşedər  kimidir.  Bu  nemətdən  istifadə  edə  bilməniz  üçün  hər  şey  əmrinizə 
hazırdır”.  Belə  bir  təsvirlə  başlayan  “Azərbaycan  necə  quruldu”  adlı  məqalədə 
Tiflisdə  26  maydan  sonra  cərəyan  edən  hadisələr,  Qafqaz  seyminin dağılması,  üç 
müstəqil  dövlətin  yaradıldığının  elan  edilməsi  təfərrüatı  ilə  qeyd  olunur.  “Tarixi 
qiyməti  yalnız  Azərbaycan  milləti  üçün  deyil,  eyni  zamanda  bütün  islam  aləmi 
üçün  də  əhəmiyyətli  olan  bu  gün  ilk  dəfə  bir  cümhuriyyət  elan  edilməkdədir. 
Həsən  bəy  Ağaoğlu  məclisi  açdı.  Anlaşma  indi  bütün  üzvlər  arasında  tamamdır. 
Rəy  vermək  hər  üzvün  vəzifəsidir.  Bitərəf  qalmaq  istəyənlər  lütfən  məclisi  tərk 
etsinlər.  Heç  kim  yerindən  tərpənmir.  Həsən  bəy  Azərbaycanın  “müstəqil  və  hür 
bir  dövlət  olmasını”  rəyə  qoyur.  Katib  Mustafa  Mahmudi  isimləri  oxuduqca  hər 
üzv “razıyam” cavabını verir. Hər kəsin üzü nəşəli və məmnun kimi görünür. Sədr 
Həsən bəy qalxaraq bütün üzvlərə:  
-  Bu  saatdan,  yəni  saat  8
10
  dəqiqədən  Azərbaycanın  istiqlaliyyəti  Milli 
Azərbaycan Şurası tərəfindən qəbul edilmişdir- deyir. 
Gözü yaşlı Milli Şura üzvləri bir-birlərinin əllərini sıxırlar”. 
Məqalədə  daha sonra Ə.A.Şeyxülislamov Azərbaycanın istiqlalını elan edən 
tarixi  şəxsiyyətlərin  adını  çəkir  və  Milli  Şuranın  6  maddədən  ibarət  verdiyi 
bəyanatı oxuculara təqdim edir. 
Maraqlı  və  təbiidir  ki,  80-ci  illərin  sonunda  Azərbaycanda  milli-azadlıq 
hərəkatının  vüsət  alması  ilə  respublika  kütləvi  informasiya  vasitələrində  olduğu 
kimi,  mühacir  mətbuatında  da  28  May  mövzusu  aktuallaşdı.  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  tarixi,  liderləri,  atributları    barədə  yazılar  qəzet  səhifələrinə 
çıxarıldı.  Xaricdəki  həmvətənlərimiz,  onları  birləşdirən  mədəniyyət  mərkəzləri 
Azərbaycan Xalq Cümhuriyyətinin il dönümünü geniş qeyd etməyə başladı. 

 
196 
Bu gün də ölkədəki bütün həmvətənlər kimi Azərbaycan mühacirəti də illər 
boyu  dönə-dönə  və  sevə-sevə  “səadət  yolu”  kimi  dəyərləndirdikləri  28  May 
gününü Milli bayram kimi təntənəli qeyd edirlər. 
 
 
 
28 may 2002 
 
 
 
Qalxansız  hücum 
 
 
Alxan  Bayramoğlunun  məqaləsininmi  –  yoxsa,  məktubununmu  birinci 
abzasında mənim «Ədəbiyyat qəzeti»nin 2 fevral 2007-ci il tarixli nömrəsində dərc 
edilmiş  «Bir  daha  mühacirət  mətbuatının  tarixi  haqqında»  başlıqlı  yazım  elmi, 
siyasi-ideoloji  və  tarixi  baxımdan  aktual  hesab  olunur,  dərhal  da  əlavə  edilir  ki, 
qaldırılan məsələlər aydınlıq tələb edir. Elə bilirəm ki, qaldırdığım problemə özüm 
mötəbər  məxəz  və  sənədlərə  istinad  edərək  tutarlı  faktlarla,  dolğun,  elmi-nəzəri 
cəhətdən əsaslandırılmış şəkildə aydınlıq gətirmişəm.  
Müəllif  ikinci  abzasda  sovet  ideoloqlarını  gah  «təqdir  edib»  onlara 
əsaslandığıma, gah da onları «tənqid atəşinə» tutduğuma görə məni qınayır. Əgər 
söhbət  sovet  ideoloqlarından,  sovet  ideologiyasından  gedirsə,  bütün  yazılarımda 
onlar  birmənalı  şəkildə  tənqid  olunur,  rədd  edilir.  Yox,  əgər  opponent  sovet 
dövründəki  Azərbaycan  mətbuat  tarixinin  tədqiqi  ilə  məşğul  olan  alimlərimizi 
nəzərdə  tutub  belə  söyləyirsə,  bəli,  mən  yenə  bu  fikrimdə  qalıram  ki,  həmin 
«qələm sahiblərinin ayrı-ayrı nəşrlər, mühərrirlər və onların yaradıcılığı haqqında 
tədqiqatları  təqdirəlayiqdir  və  yüksək  dəyərləndirilməlidir».  Lakin  ümumən, 
mətbuat  tarixinin  araşdırılmasına  münasibət  partiyalı  və  sinfi  olmuşdur,  rejim  və 
ideologiyaya  xidmət  etmişdir,  bəzən  faktlar  təhrif  olunmuş,  saxtalaşdırılmışdır, 
Cənubi Azərbaycan və mühacirət mətbuatı mövzusuna isə heç toxunulmamışdır. 
Doğrudur,  üçüncü  abzasdakı  «sümükləri  qovrulanadək»,  «işıqlı  zəkalarının 
qüdrətli  hayqırtıları»,  «SSRİ  yalanlarını  dünyanın  qulaqlarına»  kimi    «uğurlu» 
istiarə,  mübaliğə  və  məcazlar  bizim  deyil,  amma  burada  söylənilən  fikirlər 
yazdıqlarımızın başqa və bəsit formada təkrarıdır. 
Mən son illər mühacirətşünas tədqiqatçı kimi də çıxış edən müəllifi bu işinə 
görə  günahlandırmıram,  amma  bu  problemdən  bəhs  edərkən  Alxan  müəllimi 
ehtiyatlı  olmağa  dəvət  edirəm.  Ən  əvvəl,  «mühacir»,  «diaspor»,  «emiqrasiya», 
«miqrasiya»  terminlərinin  mənasını,  mahiyyətini  araşdırmaq,  ensiklopedik 
nəşrlərdən,  o  cümlədən  lüğətlərdən  həmin  alınma  sözlərin  məzmununu, 
etimologiyasını öyrənmək lazımdır. 
Əks  təqdirdə  müəllifin  yazdığı  «Bütün  bunlar  göstərir  ki,  «mühacir»lə, 
«diaspor» sözü və fəaliyyətinin arasında müəyyən yaxınlıq olsa da, onlar tamamilə 
fərqli  (kursivlər  bizimdir  –  T.A.)  anlayışlardır,  yaxud  «Bu  gün  xaricdə 
məskunlaşan bütün soydaşlarımıza istinasız olaraq diaspor (və ya mühacir) demək 
doğru  deyil  (?  –  T.A.).  Onların  bəziləri,  sadəcə  olaraq,  ölkəni  tərk  ediblər,  yəni 
miqrasiya  ediblər.  Belələri,  emiqrantdır»  (?  –  T.A.)    kimi  bir-birini  təkzib  edən, 

 
197 
dolaşıq,  ziddiyyətli,  elmi-məntiqi  yükü  olmayan  cümlələrə,  mülahizələrə  rast 
gələcəyik. 
Yeri  gəlmişkən  «mühacirət»,  «diaspor»,  «miqrasiya»  və  «emiqrasiya» 
sözləri elmi mənbələrdə də aşağıdakı kimi izah edilir. 
Mühacirət – öz vətənini tərk edib başqa bir ölkəyə köçmə. 
Mühacir – köçmüş, öz yerini tərk edib başqa yerə köçən adam (Ərəb və fars 
sözləri lüğəti. Bakı, Yazıçı, 1985, səh.448).  
Mühacir – ərəb sözüdür və başqa yerə keçən, keçmək – tərk etmək. 
Mühacirət – adamların ölkədən könüllü köçməsi və ya məcburi köçürülməsi. 
Əsasən iqtisadi (işsizlik), yaxud siyasi (inqilab, müharibə) səbəblərindən irəli gəlir 
(ASE, VII c., səh.137). 
Miqrasiya – latın sözüdür. Yaşayış yerinin dəyişilməsi ilə əlaqədar əhalinin 
bir yerdən başqa yerə köçməsi. (ASE, VI c., səh.542). 
Diaspor  –  xalqın  (etnik  birliyin)  xeyli  hissəsinin  yaşadığı  ölkədən  xaricdə 
olması.  Diaspor  zorla  köçürmə,  genosid  təhlükəsi,  iqtisadi  və  coğrafi  amillərin 
təsiri nəticəsində yaranmışdır. (ASE, III c., səh.437). 
Emiqrasiya  –  latın  mənşəli  sözdür,  mühacirət,  mühacirlik  (Rusca-
Azərbaycanca lüğət, Bakı, 2005, Şərq-Qərb, III cild, səh.652). 
Cəmaləddin  Əfqanini  Azərbaycan  mühacirləri  sırasına  aid  etməyimiz 
müəllifin  xoşuna  gəlmir:  «Çünki  C.Əfqaninin  Azərbaycana  və  Azərbaycan 
mühacirətinə birbaşa dəxli yoxdur. O, Əfqanidir». (? – T.A.).  Heç olmasa və ən 
azı  Ə.Ağaoğlunun,  M.Ə.Rəsulzadənin,  Ş.Qurbanovun  Əfqani  ilə  bağlı  fikirlərinə 
hörmət etmək lazımdır.  
Ümumiyyətlə,  mühacirətdən,  onun  problemlərindən  yazmaq,  bəhs  etmək 
«mühacir» və «diaspor» sözlərini «döyüşdürmək» demək deyildir. Bu problem ona 
daha dərindən və daha geniş yanaşmağı tələb edir. A.Bayramoğlunun mülahizələri 
ilə  tanış  olan  və  xaricdə  məskunlaşmağa  məhkum  olan  milyonlarla  (!!)  Cənubi 
Azərbaycandan olan həmvətənlər təəccüb edər: Bəs, baba, biz nə karəyik?! Biz fars 
şovinizminin, molla rejiminin qurbanları deyilikmi? Biz mühacir deyilikmi?  
Biz  xaricdə  yaşayan  insanlara  «mühacir»,  yaxud  «diaspor»  sözü  ilə  yox, 
əməllərinə görə dəyər verməliyik: Bir mühacir-diaspor üzvü Vətən naminə çalışır, 
fədakarlıq  edir,  digər  mühacir-diaspor  üzvü  passivdir,  laqeyddir.  Eyni  ilə  Sovet 
hakimiyyəti  illərində  on  minlərlə  mühacir  olmuşdur  -    hansı  səbəbdənsə,  rejim 
onları ölkədən didərgin salmışdır. Bu gün biz onların hamısına – bütün mühacirlərə 
mücahid  demirik  ki!  Biz  onların  hamısının  fəaliyyətini  təqdir  etmirik  ki!  Biz 
bolşevizmə,  rus  imperiyasına  qarşı  amansız  mübarizə  aparanlardan, 
ümumazərbaycan mədəniyyətinə töhfə verənlərdən, qəzet-jurnal, dərnək təsis edən 
mühacirlərdən  –  mübarizlərdən  bəhs  edirik.  Bəli,  bu  gün  Şimali  Azərbaycandan, 
Türkiyədən  olan  mühacirlərin  funksiyası,  vəzifəsi  başqadır.  Onlar  Azərbaycan 
dövlətçiliyinin  möhkəmləndirilməsinə,  ölkənin  ərazi  bütövlüyünün  təmin 
olunmasına, mədəniyyətimizin təbliğinə kömək etməlidir. 
Xaricdə  yaşayan  Azərbaycanlıların  fəaliyyətinə,  gücünə  böyük  dəyər  verən 
ümumilli  liderimiz  H.Əliyev  həmrəylik  günü  münasibəti  ilə  Dünya 
Azərbaycanlılarına  1997-ci  ildə  ünvanladığı  müraciətdə  deyilirdi:  «Bu  gün 
Azərbaycanın 
müstəqilliyə  qovuşmasında  yaxın-uzaq  xaricdə  yaşayan 

 
198 
soydaşlarımızın  da  diqqətəlayiq  xidmətləri  vardır.  Harada  yaşamasından  asılı 
olmayaraq,  öz  ənənələrinə  sadiq  qalan,  milli-mənəvi  köklərinə  bağlı  olan 
vətənpərvər  soydaşlarımız  tarixi  Vətənə  –  Azərbaycana  müqəddəs  övladlıq 
borcunu  ləyaqətlə  yerinə  yetirir,  Azərbaycan  həqiqətinin,  xalqımızın  haqq  səsinin 
dünyaya obyektiv çatdırılmasında ardıcıl fəaliyyət göstərir, dərdimizə, sevincimizə 
şərik  olurlar.  Məhz  bu  mənəvi  birlik  və milli  həmrəylik  dövlət  müstəqilliyimizin 
daha  da  möhkəmləndirilməsinə  və  bu  yolda  yeni  uğurlar  qazanılmasına  xidmət 
edir». 
 Azərbaycan  xalqının  ümumilli  lideri  H.Əliyevin  mühacirətlə  bağlı 
söylədikləri  həm  xaricdə  yaşayan  soydaşlarımız,  həm  də  ölkə  vətəndaşları 
qarşısında  bu  sahə  ilə  bağlı  aydın  və  perspektivli  proqramdır:  «Bu  gün  harada 
yaşamasından  asılı  olmayaraq  Azərbaycanı  özlərinin  tarixi  Vətəni  sayan  bütün 
insanlar  ölkəmizin  müstəqilliyini  qoruyub  saxlamaq  naminə  dövlətçilik  ideyaları 
ətrafında  sıx  birləşməli,  sarsılmaz  həmrəylik  nümayiş  etdirməlidir.  Vətənini, 
millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin dönməz 
olması  üçün  səy  göstərməlidir.  Bütün  azərbaycanlılarda,  bu  və  ya  digər  tellərlə 
ölkəmizlə bağlı olan hər bir şəxsdə azərbaycançılıq, vətənpərvərlik hissləri,  tarixi 
torpağımıza,  yurdumuza,  mədəniyyətimizə  məhəbbət  aşılamaq  hamımızın  ümdə 
vəzifəsidir.  Vətənimizin,  respublikamızın  taleyi  hər  bir  soydaşımızın  taleyi 
olmalıdır». 
Amma  nə  qədər  təəssüf  doğuran  olsa  da,  xaricdə  yaşayan  Azərbaycanlılar 
arasında  passivlər,  laqeydlər,  müşahidəçilər,  hətta  əleyhimizə  işləyənlər  də  var. 
Azərbaycan  xalqının  ümumilli  lideri  H.Əliyevin  belələrinə  münasibəti  təbii  ki, 
mənfi  olmuşdur.  O,  çıxışlarının  birində  Azərbaycanı  layiqincə  təmsil  etməyən 
həmvətənlərə  sərt  və  sərrast  şəkildə  bildirmişdir:  «Əgər  təbliğat  işi  ilə  məşğul 
olursunuzsa,  Azərbaycan  dövlətinin,  hökumətinin  siyasətini,  Azərbaycanın 
nailiyyətlərini təbliğ edin». 
Müəllifin «Ancaq qocalıq, uzun illərin bir sıra müxtəlif səpkili diqtəsi onları 
hələ  də  xaricdə,  ömürlərinin  qalan  hissəsini  də  vərdiş  etdikləri  mühitdə  davam 
etdirməyə saxlayırdı» -  cümləsi üslub baxımından nə qədər qüsurludursa, məzmun 
cəhətdən də o qədər nöqsanlıdır. Belə çıxır ki, müəllifin nəzərdə tutduğu o adamlar 
hələ də SSRİ-yə, bolşevizmə qarşı mübarizə aparırlar?! 
A.Bayramoğlunun  bu  yazısında  bir-birini  təkzib  edən,  bir-birinə  daban-
dabana zidd mühakimələr çoxdur. Lakin onun bir mülahizəsi bu cəhətdən əndazəni 
aşır.  O,  «S.C.Pişəvəri  hökuməti  SSRİ-nin  razılığı  ilə  İran  şahlığı  tərəfindən 
devriləndən  sonra  oradan  bizə  –  o  zamankı  sovet  Azərbaycanına  gələnlər  
doğrudan  da,  mühacirdirlər»  -  yazaraq,  Cənubi  Azərbaycandan  Şimali 
Azərbaycana  gələnləri  mühacir  hesab  edir.  Amma,  nədənsə,  minlərlə  insan  kimi, 
1920-ci  il  aprel  inqilabından  –  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulandan  az 
sonra  C.Məmmədquluzadənin  də  gizli  və  uzun  yollarla  Cənubi  Azərbaycana 
keçməsini  mühacirət  saymır!  Qəribə  məntiqdir.  A.Bayramoğlu  sovet  dövründə 
M.Ə.Sabirin,  M.Cəlilin  cibinə  az  qala  «Kommunist  Partiyasının  üzvlük  biletini» 
qoyan  tədqiqatçılarla  yarışa    girir:  onu  Xiyabani  hərəkatına  «yardıma  göndərir». 
Müəllif bir az sonra isə yazır ki, nə M.Cəlil, nə də onun jurnalı siyasətlə məşğul 
olub… 

 
199 
A.Bayramoğlu  yazır:  «C.Məmmədquluzadə  «Molla  Nəsrəddin»i  o  zaman 
Bakı  qoçularının  qorxusundan  Bakıya  gətirə  bilmədiyi  kimi,  Tiflisdə  də  fanatik 
müsəlmanlardan  ehtiyat  edərək  şəhərin  müsəlman  məhəlləsində  yox,  yəhudilər 
yaşayan  küçəsindəki  evdə  çıxarırdı.  Onda  belə  çıxır  ki,  jurnalın  Tiflis  nəşri  də 
mühacirət  hesab  edilə  bilər.  Əvvəla,  M.Cəlilin  ünvanına  «qorxaraq»,  «ehtiyat 
edərək» ifadəsi heç yaraşmır. Bu, onun irsinə və ruhuna hörmətsizlikdir. O, qələmi 
silaha  çevirib  bütün  Şərq  cəhalətinə,  mövhumatına  qarşı  üsyan  etmişdir,  o  əlinə 
silah  alıb  Qarabağda  ermənilərlə  döyüşmüşdür.  İkincisi,  təkcə  mühacirət 
mətbuatını yox, həm də ümumiyyətlə, mətbuat tarixini öyrənmək pis olmazdı: axı, 
Mirzənin nə günahı vardı ki, onun A.M.Şahtaxtlıdan satın aldığı mətbəə (sonra onu 
«Qeyrət»  adlandırdılar)  həmin  ünvanda  yerləşirdi.  Üçüncüsü,  sabirşünas  alim 
yəqin  bilməmiş  deyil  ki,  «Molla  Nəsrəddin»də  ən  kəskin  satiraları  dərc  olunan 
M.Ə.Sabir  Bakıda  –  A.Bayramoğlunun  təbirincə  desək  «Bakı  qoçularının» 
əhatəsində  yaşayırdı.  Bəyəm,  Sabirin  cangüdənləri  vardı?!  Dördüncüsü,  biz 
mühacir  mətbuatı  deyəndə,  ölkə  sərhədlərindən  kənarda  buraxılan  bizim  mətbu 
orqanları  nəzərdə  tuturuq.  Bakı,  Tiflis,  Peterburq,  Simferopol  çar  Rusiyasının  – 
imperiyanın  –  bir  ölkənin  sərhədləri  daxilindəki  şəhərlərdir.  A.Bayramoğludan: 
«Milli  kadrlarımız  çoxalanadək,  sovet  hakimiyyəti  illərində  də  bu  alimlər  Bakı 
Dövlət Universitetində dərs dedilər». Bu dəfə isə müəllif Bakının da daxil olduğu 
Sovetlər Birliyindən danışdığını unudub… 
A.Bayramoğlu 
yazır: 
«Əli 
Nəzmidən 
gətirdiyiniz 
şeirdə 
də 
C.Məmmədquluzadənin  Təbriz  səfəri,  haqlı  olaraq  «köçməsi»  kimi  təqdim  edilir, 
mühacirəti yox». Əli Nəzminin günahıdırmı ki, o sizin kimi düşünməmişdir, yaxud 
«mühacirət  etmək»  -  köçmək  yox,  getməkdir,  uçmaqdır,  qaçmaqdır,  nədir?! 
M.Cəlilin  yerdəyişməsini  «mühacirət»  sözü  ilə  xarakterizə  edən  ifadə 
axtarırsınızsa, buyurub tənqid etdiyiniz məqaləni bir də oxuyun. Mərhum professor 
Əziz  Mirəhmədovdan  orada  belə  sitat  gətirilmişdir:  «…fevral  və  oktyabr 
inqilabları  adı  ilə  məşhurlaşan  hadisələrin  imperiya  xalqlarına,  o  cümlədən 
azərbaycanlılara  xoşbəxtlik  gətirə  bilməyəcəyini  dərk  edirdi:  arvadı  Həmidə 
xanımın  malikinə,  torpaq,  məktəb  sahibi,  «mülkədar-xeyriyyəçi  qadın»  olması, 
qardaşı  Ələkbərin  isə  İran  inqilabı  fədailərindən  və  Səttarxanın  yaxın 
silahdaşlarından  biri  kimi  tanınması,  erməni-daşnak  canilərinin  Qarabağdakı 
vəhşilikləri  zamanı  silah götürüb  Xankəndindəki vuruşlarda  iştirak  etməsi  s.  kimi 
səbəblər əlindən Təbrizə mühacirətini (kursiv bizimdir – T.A.) labüd etmişdir». 
Bir  tərəfdən  A.Bayramoğlu  canfəşanlıqla,  fədakarlıqla  «mühacir»  sözü  ilə 
«diaspor» sözü arasında Çin səddi çəkir, yaxud mühacirət mətbuatının özü demiş 
«Müasir mühacir mətbuatı», yaxud «Azərbaycan mühacirət mətbuatı» adı ilə tədris 
edilməsinə  etiraz  edir,  digər  tərəfdən  «Azərbaycan  mühacirət  mətbuatına  dair 
mülahizələr»  yazır?!  Bu,  hansı  məntiqə  sığır?  Mən  təvazökarlıq  edərək,  hələ  bu 
«mühazirələrin»  nəyin  əsasında,  hansı  mənbədən  istifadə  edilərək  qələmə 
alındığını soruşmuram. 
Ümumiyyətlə,  A.Bayramoğlunun  adı  çəkilən  yazısındakı  yenə  bir  sıra 
məqamlar  var  ki,  kiçik  tənqidə  tab  gətirmir.  Onların  üstündə  dayanmayacağam. 
Amma insafən son cümlə dəyərlidir: «Fakt faktlığında qalır». Doğrudur, bu fikir də 
Leninin  «Fakt  inadkar  şeydir»  -  deyiminin  başqa  formada  təkrarıdır.  Hər  halda 

 
200 
təfəkkürə  qida  və  cila  gətirən  bütün  xoş  niyyətli  məsəllər,  misallar  məqbuldur, 
təqdirəlayiqdir.  
Mühacirət  problemi,  xüsusilə  mühacirət  mətbuatı  ilə  bağlı  tədqiqatlarımla 
bağlı prof.Xeyrulla Məmmədov bir yazısında araşdırmaları təqdir etmiş və yüksək 
dəyərləndirmişdir,  sərlövhəyə  isə  bu  sözləri  çıxarmışdır:  Sahənin  lokomotivi. 
Ümid  edir  və  inanmaq  istərdim  ki,  istər-istəməz  bu  lokomotivin  arxasınca 
getməyə,  ona  qoşulmağa  məcbur  olan  dostum,  hörmətli  Alxan  Bayramoğlunun 
məqaləsi heç də qısqanclıq hisslərinin təzahüratı, məhsulu deyil. 
 
“525-ci qəzet”, 29 dekabr 2007 
 
 
 
 
 
 
 
 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin