ABĠd tahġRLĠ



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   2   3   4   5   6   7   8   9   ...   43

«ġamaxıdan-QutqaĢınadək» adlanan parçada müəllif məqsədini – Allahın 
mərhəməti ilə həcc ziyarətinə yola düşdüyünü bildirir. Məmur kimi Şamaxıda 4 il 
çalışdığı  müddətdə  böyük  nüfuz,  hörmət  qazanan  İ.Qutqaşınlını  böyüklü-kiçikli 
şəhər əhalisi iki saatdan da çox müşayiət edir və qonşu rayonun sərhədinə qədər – 
Ağsu çayınadək ötürür. 
Maçaxıda  –  İsmayıllı  rayonunun  Tircan  dərəsində  yerləşən  kənddə  müəllif 
öz qohumlarının qəbirlərini ziyarət edir. Publisist 2-3 cümlə ilə bu kənd haqqında 
geniş  məlumat  verir:  «Maçaxı  gəryəsi  Qasanı  mahalının  bəyləri  oturan  kənddir. 
Müqəddəm  abadan  və  gur  kənd  imiş.  İndi  həştada  qədər  ev  həmin  olur.  Özünün 
yaxşı  bol  suları  və  qabağından  cari  olan  Girdman  adlı  çay  və  ətrafında  yaxşı 
bulaqları və ziyadə meyvə bağları və çəməngahları  vardır». İ.Qutqaşınlı «kənd və 
ziyarətgahları», «çaylar yarmış dərələrin arasından görünən», «ətəyi qalın meşələr, 
göyçəmən  qarlı  dağları,  məşəqqət  qayaları»  böyük  məhəbbətlə  təsvir  edir  və 
oxucunun  diqqətini  mərhum  Şirvan  xanı  Mustafa  xanın  saldığı  və  indi  xarabaya 
çevrilmiş Fit qalası və şəhərinə yönəldir. 

 
13 
Bu yerlərin təbiətinin dəyişkən, sərt olduğunu maraqlı epizodla təqdim edir 
və  göstərir  ki,  biz  Lahıcda  olan  gecə  dağlar  tamam  qar  ilə  örtüldü,  isti 
məmləkətlərdə olan üçün bu çox qəribədir ki, novruzdan bir ay keçmiş qar yağır. 
İ.Qutqaşınlı  Lahıc  əhalisinin  sənətkar  olduğunu  vurğulayır,  onların  yaxşı  tüfəng, 
tapanca düzəldiklərini qeyd edir. 
Qutqaşın sərhədinə xeyli qalmış «tamam Qutqaşın Sultanzadələri səgirən və 
kəbirən  və  sair  alimlər    və  hacılar»  karvanı  qarşılayır.  Müəllif  ona  məxsus 
Məhəmmədağalı,  Qalacıq  kəndlərini  seyr  edəndə,  bu  yerlərdə  keçirdiyi  günləri 
xəyalına  gətirir,  nəzəri  Dəvədatan  dağına  sataşanda  isə  babası  Haşı  Şəfi  sultanın 
burada Nadir şah qoşunu ilə döyüşünü xatırlayır. 
Qutqaşının  yaxınlığındakı  Nohurqışlaq  kəndində  istirahət  edəndən  sonra 
karvan  «tamam  Qəbələnin  əyan  və  əşxası,  alim-üləması»  ilə  birlikdə  Qutqaşına 
daxil olur. 
«QutqaĢından  Trabuzonadək»  adlı  parçada  müəllif  Qutqaşında  keçirdiyi 
günlərlə bağlı həzin və kövrək hisslərini oxucularla bölüşür. «Öz əlim ilə saldığım 
bağda  bir  gün  istirahət  edib»  təkrar  yola  çıxdığını  yazan  Qutqaşınlı  bu  bölgənin 
Hacallı  kəndindən  Ərəş  mahalına,  sonra  «Kürün  üstündən  Mingəçevir  yanında 
qurulmuş  parom  ilə  keçib,  öz  vilayətimizdən  ayrılıb  Gəncə  torpağına  ayaq 
basdığı»nı  yazır.  Bu  hissədə  Qutqaşınlı  həyat  yoldaşının  adını  «zövcəmiz  Hacı 
Bikə» - deyə ilk dəfə təqdim edir. 
Gəncə generalın yadına özünün də zabit kimi iştirak etdiyi döyüş səhnələrini 
xatırladır. Müəllifin izaholunmaz hisslərilə qələmə aldığı «…bizi Yaradanın evinin 
ziyarətinə  haman  məkandan  keçirəm»  cümləsini  həyəcansız  oxumaq  mümkün 
deyil. 
Qutqaşınlı  qələminin  gücü,  qüdrəti  hər  sətirdə,  hər  abzasda  görünür.  O, 
Nizami Gəncəviyə xitabən yazır: «Ey Şeyx Nizami, qəbrini görüb, rəhmət oxuyub 
ruhundan  təvəqqe  edirəm:  kamalının  nöqtə  qədərini  bizə  bəxş  edəsən.  Rütbətə 
çatmaq mümkün deyil». 
Qədim  Gəncənin  təsviri  də  maraqlı  və  diqqətçəkəndir.  Şəmkir,  Zəyəm, 
Tovuz,  Salahlı,  Tiflis,  Qori,  Suram,  Kartskal,  Kutaisi,  Minqrel,  Qulab,  Şəfqətil, 
Rizə  kimi  şəhər,  qəsəbə  və  kəndlərin,  çoxlu  qala,  körpü,  çay,  dağların  təsviri 
yığcam olduğu qədər də maraqlıdır, müəllif gördüklərini elə şəkildə təqdim edir ki, 
oxucu yorulmur, özünü də ziyarətə gedənlərin sırasında hiss edir. 
«Qırmızı dəniz sahillərində» adlı parçanın təəssüf ki, xeyli hissəsi cırılmış, 
mətndə  böyük  bir  hissə  yararsız  hala  düşmüşdür.  Bununla  belə,  burada  bədəvi 
ərəblərin  məişəti,  həyat  tərzi,  sahilboyu  yaşayış  məskənlərinin  konstruksiyası, 
həddən artıq rütubətli havası barədə müəyyən təəssüratlar yaranır.  
«Misirdən  ta  SüveyĢ»  adlı  hissədən  məlum  olur  ki,  zəvvarların  hərəkəti 
üçün Misir valisi yolboyu çaparxanalar tikdirib,  at və arabalar ziyarətçilərə xidmət 
göstərir.  Burada  Süveyş  şəhərinin  təsviri  də  maraqlıdır.  Həcc  ziyarəti  dövründə 
şəhər  izdihamlı  olur.  Süveyişin  özündə  su  yoxdur,  bura  at-eşşəklə  bir  neçə 
kilometrlikdən  tamlı  quyu  suyu  gətirilir.  Havası  gündüzləri  isti  və  gecələr  çox 
rütubətlidir. 
«SüveyĢdən  ta  Ciddə»  adlı  parçada  zəvvarların  gəmi  ilə  hərəkəti  təsvir 
olunur. Gəminin Tur limanına yan alması ilə su, xurma, qarğıdalı, üzüm, eləcə də 

 
14 
dənizdən  yığılmış  sədəf,  möhrə,  xırda  satan  bədəvilər  cəm  olur:  «Dərya  kənarı 
döndü kiçik bazara. Təzə gələn gəmilərin adamları da kənara çıxdılar ki, bir qədər 
nəfəs alsınlar, çün oturduqları gəmilər o qədər izdihamlıdır ki, dolanmağa, yatmağa 
və oturmağa çox zəhmətlə yer tapırlar». 
Həcm,  məzmun,  hətta  dil  etibarı  ilə  «Mədineyi-münəvərədən  ġamadək» 
adlı  hissə  digərlərindən  xeyli  fərqlidir.  Ən  iri  həcmli  bu  hissədə  həcc  ziyarəti 
zamanı  rituallar,  müxtəlif  ölkələrdən  bura  gələn  zəvvarların  marşrutları  haqqında 
ətraflı  bəhs  olunur,  görüşlər,  söhbətlər,  elmi,  dini  ədəbiyyata  istinadən  şərhlər, 
mülahizələr  geniş  yer  tutur.  Mədain  haqqında  söhbət  açarkən  Məhəmməd  Ədib 
əfəndinin  «Mənasük»indən,  Səmud  gövmündən  danışanda  «Təsviri-tibyan» 
kitabından gətirdiyi sitatlar bir tərəfdən Qutqaşınlının toxunduğu mövzunu açmağa 
yardım  edirsə,  digər  tərəfdən  müəllifin  Şərq  mədəniyyətinə,  o  cümlədən  dini-
sxolastik  cərəyanlara  bələdliyinə,  Qərb,  rus  mühitinin  təsiri  ilə  yetişən  müəllifin 
dünyagörüşünün  nə  qədər  geniş,  zəngin,  eyni  zamanda  təzadlı  olduğuna  dəlalət 
edir. Prof.Əziz Mirəhmədov «Qəribə tale» adlı məqaləsinin «Səfərnamə» ilə bağlı 
hissəsində  bu  qənaətində  tam  haqlıdır  ki,  İ.Qutqaşınlı  bir  yazıçı  və  mütəfəkkir 
olaraq Qərb və rus mədəniyyəti ilə nə qədər bağlı isə, bir o qədər, bəlkə daha artıq, 
Yaxın  və  Orta  Şərq  mədəniyyəti  ilə  bağlıdır;  həm  də  bu  mədəniyyətin  təkcə 
mütərəqqi cəhətləri ilə, Firdovsi, Nizami və Sədisi ilə deyil, dini-sxolastik cəhətləri 
ilə də bağlıdır. 
«ġami-Ģərif»  f.e.n.  Ədalət  Tahirzadənin  sonradan  üzə  çıxardığı 
parçalardandır.  Məkkənin  «yandırıcı  gününün  altında  duman,  bulud  və  yağış» 
arzusu  ilə  yaşayan  zəvvarların  Şamda  bu  istəklərinə  çatdığını  yazan  müəllif, 
şəhərdə  onları  qarşılayan  yağışdan  da  çox  əziyyət  çəkdiyini  təsvir  edir.  Palçığa 
batan  yüklü  dəvələrin  sürüşdüklərini,  ora-bura  ləngər  vurub  yıxıldıqlarını, 
zəvvarların  həyəcan  və  təlaşlarını  canlı  dillə  oxucuya  çatdıran  İ.Qutqaşınlı 
yaddaqalan səhnələr yaradır. «Müqəddəm Şamın tərifini çox eşitmişdik, lakin bizə 
o qədər xoş görünmədi» - yazan müəllif təəssüratlarında səmimidir, eyni zamanda 
oxucunu  da  qənaətində  inandırmağı  unutmur:  ev  və  dükanlar  səliqəsiz,  küçələr 
palçıqlı, divarları sadə, bəzi yerdə uçub-dağılmış vəziyyətdə. Lakin müşahidələrini 
oxucudan  gizlətməyən  yazıçı  həyət-bacaların,  evlərin  içərisinin  fərqli  –  gözəl 
görkəmli  olduğunu  vurğulayır:  çarhovuzlu,  fəvvarəli  həyətlər  mərmər  və  digər 
yonma  rəngbərəng  daşlarla  döşənmişdir,  nəqqaşlı,  əlvan  şüşəli  pəncərələr  göz 
oxşayır… 
Bu  parça  digər  bir  cəhəti  ilə  də  yadda  qalır.  İ.Qutqaşınlı  Şamda  bir  sıra 
tanınmış  insanlarla  –  Rusiyanın  Şamdakı  vəkili  Leonid  Telatenidi,  Şamın  qaim-
məqamı  İshaq  Paşa,  dəftərdar  Xəlil  bəy,  ordu  müşiri  Məhəmməd  Paşa,  Ərəbistan 
ordusu  məclisinin  rəisi  Fərid  Davud  Paşa,  türbədar  Şeyx  İbrahim  əfəndi  Fəraqi, 
miralay  Həmid  bəy  Qarslı  və  digərləri  ilə  görüşür,  ən  müxtəlif  mövzularda  fikir 
mübadiləsi edir. Qədim Şamın tarixi abidələrinə, ziyarətgahlarına tükənməz sevgi 
və  maraqla  tamaşa  edən  İ.Qutqaşınlı  seyrici,  təsvirçi  deyil.  O,  gördüklərinə, 
müşahidə  etdiklərinə  münasibət  bildirir.  Yezidin  xaraba  qalmış  imarətini 
«murdarlığa» bənzədən və bura nifrət edən müəllif yazır: «Ata-anasından küsən və 
hərzə  gəzən  zükur-ünas  qumar  oynamağa  və  fəna  işlərə  cəm  olan  yerdir  və  xeyli 
daldalanacaq  yerləri  dəxi  vardır.  Biz  ordan  keçərkən  dəxi  çox  qumar  oynayan 

 
15 
uşaqlar gördük və  hərzə gəzən övrət və yanlarında kişilər gördük». Şamın mövcud 
vəziyyəti  yazıçının  ürəyini  göynədir,  şəhərin  keçmiş  şan-şöhrətini  bərpa  etmək 
arzusunu gizlətmir: «Şami-şərif qədim şəhərdir və çox şərafətli məkandır və ziyadə 
iyi  kəsləri  olmuş,  amma  şimdi  hər  xüsusda  köhnəlmiş  kibi  görünür  və  xalqının 
təbiəti nəfsaniyyətdə ziyadədir. Qüdrəti-ilahidən iyi kəslər və mövsim istər ki, bir 
qədər  Şamı  oynağa  salsın.  Və  iyi  qalası  varmış:  şimdi  xarabadır  və  özləri 
sərəncamsız…». 
«ġamdan  Beyruta  qədər»  adlı  hissə  səfərin  3  gününü  əhatə  edir. 
İ.Qutqaşınlı burada əsasən Beyrutun təsvirinə, şəhərdəki ziyarətgahlara və bir sıra 
rəsmi şəxslərlə görüşə aid təəssüratlara yer ayırıb. 
«Qüdsi-ġərifdən  Ġzmirədək»  adlı  parça  «Səfərnamə»nin  əldə  olan 
nüsxəsinin  son,  həm  də  tam  olmayan  hissəsidir.  Burada  səfərin  təxminən  ay 
yarımlıq  dövrü  qələmə  alınıb.  Diqqətçəkəndir  ki,  müəllif  rus  dilində 
«Yerusəlimdə» adı altında Qüdsə səyahətlə bağlı plan da tutmuşdur. 
Bu hissə İ.Qutqaşınlının təbii gözəlliyə məftunluğunu, vurğuluğunu, təbiətin 
təsvirinə  marağını  bir  daha  təsdiqləyir.  Hələ  Şamaxıdan  –  səfərin  ilk  günündən 
oxucu  yazıçının  çəmənlərə,  çaylara,  dağlara,  dərələrə  necə  heyranlıqla  tamaşa 
etdiyinin və gözəlliyi məhəbbətlə qələmə aldığının şahididir. 
İfadə  vasitələrinin  şirinliyi,  zənginliyi  və  təbii  gözəlliyi  təsvir  üsulu 
oxucunun  gözləri  qarşısında  təsirli  səhnələr  yaradır:  «Yafədə  söhrü  qılıb,  konsul 
vəkil  cənab  Mir  Əbut  hazır  edən  atlara  süvar  olub  şəhərdən  çıxdıq.  Bağçalar 
arasıyla və kəndlər kənarından – gözəl çəməngah və laləzar düz ilə dörd saat yol 
edib, axşama Rəmlə qəsəbəsinə çatdıq. Rum monastırına düşdük. Ay işığı və hava 
gözəl olduğuna, dam üstə oturub ətraf cəvanili (tərəfləri – T.A.) seyr etdik. Bizim 
məmləkətdə çillənin otuz beşində kürksüz evdə oturmaq mümkün deyil. Şimdi biz 
böylə, çöldə oturmuşuq». 
Bu  parçada  müəllifin  «dərə  arasına  düşüb  başladıq  dağa  çıxmağa»,  «bulaq 
üstə  düşüb  namaz  qıldıq»,  «Yusifət  dərəsindən  çıxıb,  Turi-Zeyta  dağının  qiblə 
tərəfindən  keçib»,  «incir  və  zeytun  ağaclarının  altında  durub  seyr  etdik», 
«çəməngah və ağacları seyr etdikcə insanın qəlbi müfərrih olur», «Qışın ortasında 
tənəkdə saxlanmış üzüm gördük», «…çeşmədən və həm yağmur suyundan bərgəni 
doldurub…,  dağları,  təpələri  dolandıra-dolandıra»,  «üzüm  və  zeytun  bağçaları  ilə 
gəlib…  dağa  çıxıb,  oradan  dərya…  və  dağın  dibindəki  köylər  və  ətrafında 
bağçaları  və  keçi  və  mal  sürüləri  və  çəməngahlar  qayətdə  müfərrih  etdi  bizi», 
«Gecə  külək  əsib  və  bərk  yağış  yağıb  həyətimiz  göl  kimi  oldu  və  dəryanın 
ləpəsinin  sədası  bizi  əyləndirdi»,  «bağçaları  qəribədir,  …ətrafında  çəpər  yerinə 
firəng incili o qədər sıx əkilibdir ki, arasından keçmək olmaz – xüsusən tikan olan 
vaxt,  …bir  əncir  üstündə  24  ədəd  əncir  saydım.  Portağal  və  limon,  şirin  limu  və 
narınc  və  türünc  və  ağacgavanı  qayətdə  sıx  əkilmiş;  sıxlığından  dili  kölgədir. 
Üstündə hədsiz meyvələri vardı. Bir budaq kəsdim. Üstündə üzüm salxımı kimi on 
yeddi  portağal vardı.  Bizim  yerdə  qızıləhmədi  alma  gətirəndə ona  ağacdan  dayaq 
vuran kimi burda da vurmuşdular. Və qeysi və ərik və badam ağacları da çoxdur. 
Bəzi  badamlar  çiçək  açmışdı.  Özümüz  neçə  yüz  portağal  seçib  qırdıq»,  «və  bir 
qədər  getdikdə  dağın  dibində  və  dərya  kənarında  qədim  Dura  (şimdi  Fantur)  və 
Ataliyə xarabaları görünür» kimi ifadələr, cümlələr, mətnlər, lövhələr, təsvirlər bir 

 
16 
tərəfdən  İ.Qutqaşınlı  dilinin  zənginliyinə,  digər  tərəfdən  də  onun  təbiətə 
vurğunluğuna  dəlalət  edir.  Yeri  gəlmişkən,  buradaca  Azərbaycan  ədəbi  dilinin 
təşəkkülü  və  inkişafı  ilə,  eləcə  də  publisistika  tarixi  ilə  bağlı  bəzi  tədqiqatlarda, 
İ.Qutqaşınlının  «Səfərnamə»sinin  xatırlanmadığını,  ondan  bəhs  edilmədiyini 
təəssüf və təəccüblə qarşıladığımızı gizlətməyəcəyik. 
XIX  əsrin  ortalarında,  həm  də  dil  hadisəsi  kimi  təzahürat  edən 
«Səfərnamə»nin bu istiqamətdə – ədəbi-bədii dilimizin keyfiyyət baxımından yeni 
mərhələ kimi geniş araşdırılması və dəyərləndirilməsinin də zəruri olduğunu təkrar 
vurğulayıb mətləbə qayıdırıq. 
Həcmcə  ikinci  olan  «Qüdsi-Şərifdən  İzmirədək»  olan  parçada  da  ayrı-ayrı 
məntəqələrin,  qala,  ziyarətgah,  məscid,  kilsə  və  monastırların,  meydan  və 
bazarların,  qədim  mədəniyyət  məskənlərinin  rəvan,  axıcı,  aydın  ana  dilində  
təsvirinə  geniş  yer  ayrılıb,  müsəlman,  xristian  və  musəvilərin  cəm  olduğu 
müqəddəs  dini  mərkəzin  özünəməxsus  xüsusiyyətləri,  dindarların  ritualları, 
tarixdə, dini kitablarda rast gəlinən hadisə, rəvayətlər şərh edilir. 
İ.Qutqaşınlı bu bölgədə də nüfuzlu insanlarla görüşür, danışıqlar aparır və ən 
müxtəlif mövzularda fikir mübadiləsi aparır. 
Qələmə alındığı dövrdə təmizliyi, zənginliyi, anlaşıqlığı, ifadə imkanlarının 
genişliyi  baxımından  «Səfərnamə»nin  lüğəti  bənzərsizdir.  Obrazlı  desək,  XVIII 
əsrdə poeziyada Vaqif ədəbi-bədii dili hansı yüksəkliyə qaldırmışdırsa, XIX əsrdə 
Qutqaşınlı  həmin  zirvəni  nəsrdə  fəth  etmişdir.  Filologiya  elmləri  doktoru, 
prof.N.Xudiyev  dilimizin  təşəkkülü  və  inkişafı  mərhələlərini  fundamental  şəkildə 
araşdırmış  və  tədqiqatlarını  «Azərbaycan  ədəbi  dili  tarixi»  adlı  sanballı  əsərində 
təqdim etmişdir (Ankara, 1997, 491 səh.). Burada müəllif milli dildə elmi üslubun 
formalaşması  prosesindən  bəhs  edərkən  yazır:  «Tədqiqatçılar  çox  doğru  olaraq 
göstərirlər  ki,  Azərbaycan  dilində  əsər  yazanlarımız  Nəsimi,  Füzuli,  M.Fətəli 
elmində, səviyyəsində olmamışlar. Onların səviyyəsində olan azərbaycanlılar elmi 
əsərlərini  ərəb  və  fars  dilində  yazmışlar;  XIX  əsrdə  buraya  rus  dili    də  əlavə 
olunmuşdur, məsələn, A.Bakıxanov, M.Kazım bəy kimi əsrin böyük alimləri elmi 
əsərlərini ana dilində yazmayıblar. Buraya onu əlavə etmək lazımdır ki, XIX əsrdə 
M.Fətəli  elmi  əsərlərini  –  traktat  və  məqalələrini,  əsasən  Azərbaycan  türkcəsində 
yazır və ana dilinin ən müasir elmi mülahizələri, mühakimələri ifadə etməyə qabil 
bir dil olduğunu təsdiqləyir» (səh.379). 
Burada qeyd etmək yerinə düşərdi ki, elmi publisistikada M.Fətəli dilimizin 
nəyə  qabil  olduğunu  təsdiqləmişdirsə,  İ.Qutqaşınlı  «Səfərnamə»  ilə  bədii 
publisistikamızın  nəyə  qadir  olduğunu  –  dilimizin  obrazlılığını,  oynaqlılığını, 
canlılığını ifadə, təsvir qüdrətini, lüğət zənginliyini göstərmişdir. Elə buna görə də 
prof.N.Xudiyev kimi görkəmli bir tədqiqatçının nəzərindən bədii publisistikamızın 
ən bariz, parlaq nümunələrindən birinin, həm də birincisinin diqqətindən kənarda 
qalması  inandırıcı  olmasa  da…  faktdır.  Təbii  ki,  ötən  əsrin  70-ci  illərində  isə 
publisistika barədə yazılan tədqiqatlardan bunu gözləmək, ummaq olmazdı, çünki 
«Səfərnamə»nin əlyazması hələ «yol gəlirdi». 
Beləliklə,  Azərbaycan  tarixində  ədəbi,  hərbi,  maarifçi  və  xeyriyyəçi 
fəaliyyəti ilə silinməz, əbədi iz buraxmış İ.Qutqaşınlının bizə məlum olan irsindən 
–  xüsusi  ilə  «Səfərnamə»dən,  onun  ideya,  məzmun,  kompozisiya,  dil,  üslub, 

 
17 
sənətkarlıq  problemlərindən,  əsərin  əlyazmasının  tapılması  və  tədqiqi  tarixindən, 
aktuallığı və əhəmiyyətindən bəhs etdik. Bununla da, böyük tarixi simanın – xarici 
dildə  yazılmış  və  xarici  ölkədə  nəşr  olunmuş  ilk  yeni  məzmunlu,  yeni  formalı 
hekayənin  müəllifinin  -  çağdaş  bədii  nəsrimizin  və  publisistikanın  səyahət  oçerki 
janrının banisinin, Qafqazşünasın, Şərqşünasın, coğrafiyaşünasın, Azərbaycanın ilk 
generalının 200 illik yubileyi ərəfəsində ictimaiyyətin və söz sahiblərinin diqqətini 
İ.Qutqaşınlı irsi və şəxsiyyətinə yönəltməyə çalışdıq. 
 
 
 
 
 
 
 
 
 
 
     
02.02.08 
 
 
 
 
 
 
«Ulduz» jurnalı № 3, 2008 
 
 
ƏDƏBĠYYAT  SĠYAHISI 
 
 
1.  Mümtaz  Salman.  «Rəşid  bəy  və  Səadət  xanım»  hekayəsi  mühərriri 
Qutqaşınlı İsmayıl bəyin həyatı. «Ədəbiyyat qəzeti», 8 iyun 1936. 
2.  V.Q.Belinski.  Rus  ədəbiyyatı  klassikləri  haqqında.  Azərbaycan  Uşaq  və 
Gənclər Ədəbiyyatı Nəşriyyatı, Bakı, 1954. 
3.  Əfəndiyev  Hidayət.  Azərbaycan  bədii  nəsrinin  tarixindən.  Azərbaycan 
Dövlət Nəşriyyatı, Bakı, 1963. 
4.  Feyzulla  Qasımzadə.  XIX  əsr  Azərbaycan  ədəbiyyatı  tarixi.  «Maarif» 
nəşriyyatı, Bakı, 1966. 
5.  İsmayıl  bəy  Qutqaşınlı.  Əsərləri.  Azərbaycan  SSR  EA  nəşriyyatı,  Bakı, 
1967. Redaktə, müqəddimə və qeydlər Əziz Mirəhmədovundur. 
6.  Kuznetsov  Feliks.  Publisistı  1860-x  qodov.  Moskva,  «Molodaya 
qvardiya», 1981. 
7. Mehdi Famil. Bədii publisistika. «Maarif» nəşriyyatı, Bakı, 1982. 
8. Məmmədli Cahangir. Jurnalistikaya giriş. Bakı Universitetinin nəşriyyatı, 
Bakı, 2001. 
9.  Qarayev  Yaşar.  Azərbaycan  ədəbiyyatı:  XIX  və  XX  yüzillər  (iki  min  ili 
tamamlayan iki yüz il – XIX və XX yüzillər), Bakı, «Elm», 2002. 
10.  Qutqaşınlı  Hacı  İsmayıl  bəy.  Əsərləri.  Tərtibçi  və  elmi  redaktor  Ədalət 
Tahirzadədir. 
11.  Məmmədov  Xalis.  İsmayıl  bəy  Qutqaşınlının  xatirə  ev-muzeyi.  Bakı, 
«Şirvannəşr», 2004. 
12.  Voroşilov  V.V.  Jurnalistika.  İzdatelstvo  Mixaylova  V.A.  Sankt-
Peterburq, 2004. 
13.  İsmayılov  E.E.  Georgiyevskiye  kavalerı-azerbaydjansı.  Moskva, 
«Geroyi Oteçestva», 2005. 
14.  Quseynov  Abdul.  Azerbaydjansı  v  istoriyi  Rosiyi.  İzdatelstvo 
«Overley», Moskva, 2006. 
15. Kavkazskiy kalendar na 1861 qod. Tiflis, 1860, səh.24. 

 
18 
16.  Aktı  Kavkazskoy  arxeoqrafiçeskoy  komissiyi.  Tiflis,  1885,  10-cu  cild, 
səh.49.  
17.  Jan  Reycnman.  Stosunkı  Literackie  polsko-azerbeydzanskie  w  XIX 
wieku. http: 
www.polska.internet.az/index.php?moc=zasobyxid=28

(Məqalə  «Przeqlad  Humanistyczny»  jurnalından  (№  6  (39),  1963) 
götürülmüşdür). 
18. İ.Qutqaşınlının mülkiyyət hüququnu təsdiq edən bəzi sənədlər. ARDTA, 
fond 69, siy.1, iş 71, vər. 16, 17, 18, 19; fond 44, siy.1, iş 590
a
, vər.1. 
19. Kratkaya Literaturnaya Ensiklopediya. III tom, Moskva, 1966. 
 
 
 
Çəkilməyən çən, dağılmayan duman 
 
İsmayıl bəy Qutqaşınlının həyat və yaradıcılığı barədə qələmə aldığımız eyni 
adlı  (“525-ci  qəzet”,  30  mart  2008)  və  «Bir  səfərin  ədəbi  və  əbədi  sədası» 
(«Ulduz» jurnalı, № 3, 2008)  sərlövhəli yazılarda qutqaşınlışünaslığın qarşısında 
duran  çox  ciddi  vəzifələrin  bir  qismini  sadalamışdıq.  Onların  sırasında  generalın 
fotosunun  əldə  edilməsinin  vacibliyi  də  qeyd  olunmuşdu.  Məlum  olduğu  kimi, 
hələlik bu sahədəki təşəbbüslər təəssüf ki, uğurla nəticələnməmişdir. Bununla belə, 
biz də fotonun əldə olunması üçün səylər göstərdik. Generalın əksinin tapılmasının 
bəzi qaranlıq mətləblərə də aydınlıq gətirəcəyinə tam əminik. Ən azı İsmayıl bəyin 
zahiri,  fiziki  görkəmi,  boyu  ilə  bağlı  bir  sıra  tədqiqatçıların  söylədiyi  əsassız 
fikirlər  dövriyyədən  çıxarılacaq.  O  zaman  gənc  yaşlarında  Peterburq  kadet 
məktəbinə  daxil  olan,  hərb  sənətinin  yüksək  inkişaf  etdiyi  Rusiyada  (o  vaxtlar 
Rusiya  imperiyasını  «Avropa  jandarmı»  adlandırdılar)  qısa  müddət  ərzində  hərb 
elminin  incəliklərinə  yiyələnən,  at  belində  Böyük  Qafqazın  qarlı,  əlçatmaz, 
ünyetməz zirvələrini, gözqaraldan dərələrini, sərt, sıldırım qayalarını aşan, Polşanı 
qarış-qarış  qət  edən,  döyüş  zəfərlərinə  görə  orden-medallarla  layiq  görülən,  az 
vaxtda  general  rütbəsinədək  yüksələn  İsmayıl  bəy  Qutqaşınlının  əsl  obrazını 
yaratmaq,  xarakterizə  etmək  mümkün  olacaqdır…  Başqa  bir  tərəfdən  isə,  əgər 
İsmayıl bəyin qoşa, yaxud kollektiv arasında olan fotosu tapılarsa, bu zaman da bir 
çox suallara aydınlıq gətiriləcək. Əlbəttə, fotonun nə vaxt, harada, kimlərlə birgə 
və  nə  münasibətlə  çəkildiyi  məlum  olduqdan  sonra,  ola  bilsin  ki,  «Rəşid  bəy  və 
Səadət  xanım»ı  qələmə  almaq  ideyasının  haradan  gəldiyi,  yaxud  İ.Qutqaşınlının 
Moskvada yaşayıb yaşamadığı və s. kimi çoxsaylı sualların da cavabı tapılsın… 
Bir  sıra  tədqiqatçıların  haqlı  olaraq  «müəmmalı»,  yaxud  «dumanlı» 
adlandırdıqları  İ.Qutqaşınlının  tərcümeyi-halının  ən  böyük  sirlərindən  biri  məhz 
generalın  fotosunun  tapılmamasıdır.  XIX  əsrin  ortalarında  Rusiyada  çap 
mədəniyyətinin, kitab və mətbu orqanların geniş inkişaf etdiyi, hərbin, hərbçilərin 
rus  cəmiyyətində  çox  böyük  nüfuz  qazandığı  bir  dövrdə  rus  generalının  (!!) 
fotosunun  yoxluğu,  heç  olmazsa  kalendarlarda,  ensiklopedik  nəşrlərdə  «ilişib-
qalmaması»,  hətta  kollektiv  fotolardan  birində  olmaması  mümkünsüzdür, 
möcüzədir, inanılası deyildir… 

 
19 
Yuxarıda qeyd etdiyimiz kimi, biz də imkanlarımız daxilində İ.Qutqaşınlının 
fotosunu ayrı-ayrı adamlardan, arxiv və muzeylərdən soraqladıq. Yazıçı-generalın 
həyatı  və  irsinə  dair  bir  sıra  çox  maraqlı  materiallar  əldə  etsək  də,  təəssüf  ki, 
hələlik  onun  fotosu  ilə  bağlı  nəticə  əldə  olunmayıb.  Polşanın  Azərbaycan 
Respublikasındakı  Səfirliyi  ilə  əlaqə  saxlamaq  və  Varşavadakı arxivlərdən  nə  isə 
öyrənmək  cəhdlərimiz  nəticəsiz  qaldı.  İnternet  axtarışlarımız  da  fayda  vermədi. 
Moskvada,  Peterburqda,  Tiflisdə  nəşr  olunan  bəzi  kitab  –  təqvim  və  mətbu 
orqanlarda  da  həmin  dövrdə  və  sonralar  mövzu  ilə  az-çox  əlaqədar  ümidverici 
işarələrə belə rast gəlmədik. Xahişimlə Peterburq arxivlərində axtarış aparan yaxın 
qohumum  Zakir  Abdullayevi  də  «bizdə  bu  ad-familiyaya  aid  heç  nə  yoxdur»  - 
deyə  naümid  etmişlər. Hələ  bu harasıdır?  Xahişimə  böyük  məmnuniyyətlə  razılıq 
verən Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev Rusiya Federasiyası Mədəniyyət 
Nazirliyi  Federal  Arxiv  Agentliyinin  Rusiya  Dövlət  Hərbi-Tarix  Arxivinə  rəsmi 
məktubla  müraciət  etdi.  Həmin  arxivin  sənədləri  arasında  İ.Qutqaşınlıya  aid  çox 
sayda  sənədlərin  olduğunu  dəqiq  bildiyim  halda,  yuxarıda  adı  çəkilən  arxivin 
direktor  müavini  N.Y.Yeliseyeva  Milli  Arxiv  İdarəsinin  rəisi  A.Paşayevin  14 
yanvar  2009-cu  il  tarixli  1/15  nömrəli  məktubuna  bir  cümlə  ilə  cavab  verməklə 
kifayətlənməyi  nədənsə,  özünə  rəva  görmüşdür:  «Bildiririk  ki,  arxiv  sənədləri 
arasında  İsmayıl  bəy  Qutqaşınlı  ilə  bağlı  heç  bir  məlumat  tapılmamışdır.  3  mart 
2009-cu il». 2010-cu ilin avqust ayında Yesentukidə - sanatoriyada tanış olduğum 
Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti İvan İvanoviç Şevçukla 
ilk  söhbətdən  sonra  onun  yazıçı-generalın  həyat  və  yaradıcılığına  böyük  maraq 
göstərdiyini hiss etdim. Sonda ona dedim: 
-  Təəssüf  ki,  nə  bütün  həyatını  həsr  etdiyi  Rusiyada,  nə  də  doğma  Vətəni 
Azərbaycanda onun irsi, həyatı kifayət qədər araşdırılmayıb. 
Bundan təsirlənən dosent çox təəssüf və təəccüblə başını buladı: 
- Eh, biz, biz… Tariximizin qədrini bilmirik ki, - dedi. 
İ.Şevçukun  xoş  məramına,  mövzu  ilə  ürəkdən  maraqlandığına  əmin 
olduğumdan ona rus atalar sözünü xatırlatdım: 
- Luçşe pozdno, çem nikoqda. 
O, dərhal reaksiya verdi: 
- Mənim sahəm deyil, mən filosofam. Amma nə bacarıramsa, əsirgəmərəm. 
Nədən başlayaq? 
- Elə fotosundan! – dedim. 
-  Bəyəm,  o  da  problemdir,  generalın  fotosu  yoxdur  ki?  –  həmsöhbətimin 
alnını sual dolu qırışlar bürüdü. 
- Bəli, bəli, yoxdur, varsa da, tapılmır, - dedim. 
- Bax, mən onu tapmağa kömək edərəm, yəqin Moskva arxivlərinin birində 
generalın fotosu mütləq var, - deyə İ.İ.Şevçuk inamla bildirdi. 
Hər  dəfə  sanatoriyanın  həyətində  qarşılaşanda  İ.İ.Şevçuk  mehribanlıqla 
«Mən  sizə  kömək  edəcəyəm»  deyirdi.  O,  ev,  mobil,  iş  telefonlarını  mənə  verdi. 
Düz  2  ay  sonra  onun  dediyi  vaxt  –  noyabrın  1-də  Moskvaya  zəng  vurdum.  İvan 
İvanoviç  səsimi  dərhal  tanıdı.  Sağ  olsun.  Hal-əhvaldan  dərhal  sonra  İ.Qutqaşınlı 
haqqında  sənədlərlə,  xüsusilə  fotosu  ilə  maraqlandığını,  qısa  bioqrafiyasından 
başqa hələ heç nə tapmadığını üzrxahlıqla söylədi. Beləliklə, növbəti cəhdlərimin 

 
20 
biri  də  boşa  çıxdı.  Amma  bu  o  demək  deyil  ki,  ümidlər  tükəndi.  Növbəti  addımı 
atdıq.  Bu  dəfə  Yoşkar-olada  fəaliyyət  göstərən  Azərbaycan  Mədəniyyət 
Mərkəzinin rəhbəri, həmvətənimiz Namiq Muradova məqsədimizi bildirdik. O da, 
çox  böyük  həvəslə  bu  işə  qoşulacağını,  Moskvadakı,  Rusiyanın  digər 
şəhərlərindəki dostlarını da bu işə cəlb edəcəyini bildirdi… 
…Hər  dəfə  xarici  ölkələrdə  yaşamış  həmvətənlərimizin  –  bir  sıra  böyük 
xadimlərimizin irsi, həyat, fəaliyyətləri haqqında düşünəndə onlarla birlikdə Ramiz 
Abutalıbovu  da  böyük  minnətdarlıq  hissi  ilə  xatırlayıram.  Bu  gün  həmin  tarixi 
şəxsiyyətlərə  Azərbaycanın  ictimai-siyasi,  ədəbi-mədəni,  mətbu  həyatında  layiq 
olduqları  diqqətin  göstərilməsində  onların  arxivlərinin  Bakıya  gətirilməsi  üçün 
fədakarlıq etmiş Ramiz Abutalıbovun xidməti şəksizdir. Həsən Həsənovun yazdığı 
kimi,  məhz  Ramiz  müəllim  siyasi  mühacirlərimizin  məzarları,  Fransa  və 
Avropanın ali məktəblərində təhsil olan tələbələr, Fransa Müqavimət Hərəkatında 
azərbaycanlıların iştirakı, doğma vətənində unudulmuş heykəltəraş Zeynal Əliyev, 
Parisdəki  rus  ağ  mühacirləri,  Fransada  Azərbaycan  neftinə  maraq,  «Arşın  mal 
alan»  operettasının  1925-ci  ildə  Parisdə  səhnəyə  qoyulması  barədə  unikal 
informasiyaları  Azərbaycan  cəmiyyətinə  çatdırmışdır.  Ramiz  Abutalıbov  Parisdə 
Nizami  Gəncəvinin  «Yeddi  gözəl»  poemasının  1741-ci  ildə  türkoloq  Klerambol 
tərəfindən fransız dilinə tərcüməsini əldə etmiş və fotosurətini Bakıya ötürmüşdür. 
O,  Yusif  Vəzir  Çəmənzəminlinin  kitabını,  M.F.Axundovun  1904,  1906-cı  illərdə 
Parisdə nəşr olunmuş iki komediyasını, Nəriman Nərimanov haqqında 1925-ci ildə 
Parisdə  dərc  olunmuş  məqaləni,  Məmməd  Əmin  Rəsulzadənin  və  Ceyhun 
Hacıbəylinin  məktublarını,  Ə.M.Topçubaşovun  Azərbaycanın  Avropada 
tanıdılması istiqamətində coşqun fəaliyyətini əks etdirən sənədləri də Azərbaycana 
çatdırmışdır  (ətraflı  bax:  Ramiz  Abutalıbov.  Parisdə  keçən  illər  və  görüşlər  (rus 
dilində).  Moskva.  «SJS  Media»  nəşriyyatı,  2006,  222  səh.  Kitaba  ön  söz  əvəzi. 
Həsən  Həsənov.  Xoşbəxt  taleli  insan).  Yenicə  müstəqilliyə  qədəm  qoyan 
Azərbaycanı  Avropada  tanıtmaq  üçün    Fransaya  –  Versal  sülh  konfransına  yola 
düşən  nümayəndə  heyətinin  bu  sahədəki  işi  –  xüsusilə  nəşri  fəaliyyəti, 
Ə.M.Topçubaşının,  Y.V.Çəmənzəminlinin,  Umm-ül-Banunun,  Səlim  Turanın, 
C.Hacıbəylinin,  M.Ə.Rəsulzadənin,  neçə-neçə  digər  həmvətənimizin  həyatına, 
irsinə dair nadir sənədlər Ramiz Abutalıbovun səyi sayəsində üzə çıxarılmışdır.  
Əhməd Ağaoğlu, Səməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Məmməd Sadıq Aran, 
türk ordusunun generalları – Məmməd Nuri və Mahmud Bərköz qardaşları, Nazan 
Ölçər kimi dünya şöhrətli azərbaycanlıların ölkəmizdə tanıdılmasında prof.Vilayət 
Quliyevin  səylərini,  mübaliğəsiz  deyirəm,  tarixi  xidmət  adlandırmaq  olar  (ətraflı 
bax:  Vilayət  Quliyev.  Son  illərin  yazıları.  Bakı,  “Ozan”,  2009,  600  səh.). 
Filologiya  elmləri  namizədi  Asif  Rüstəmli  adını  indicə  çəkdiyimiz  kitaba  ön  söz 
kimi  yazdığı  «Tale  yazıları»  adlı  məqaləsində  qədirbilənliklə  qeyd  edir: 
“V.Quliyevin bir vətəndaş-alim fədakarlığının nəticəsində Türkiyədə yaxşı tanınan 
Azərbaycan  əsilli,  ədəbiyyatşünas-alim,  türkoloq  Əhməd  Cəfəroğlunun  «Seçilmiş 
əsərləri» (2008), görkəmli ictimai-siyasi xadim, modern yazıçı Səməd Ağaoğlunun 
«Hekayələr,  memuarlar»  (2008),  «Behbud  Xan  Cavanşirin  məhkəmə  prosesi» 
(2008)  və  Azərbaycan  Xalq  Cümhuriyyəti  Milli  Məclisinin  sədri,  Paris  sülh 
konfransında  nümayəndə  heyətimizin  rəhbəri  Əli  Mərdan  Bəy  Topçubaşovun 

 
21 
«Azərbaycan Paris sülh konfransında» (2008) kitabları Azərbaycan oxucusuna ilk 
dəfə  təqdim  edilmişdir.  Bu  kitabların  tərtibi,  çapa  hazırlanması,  onlara  geniş 
müqəddimə,  izah  və şərh  yazılması  və  geniş  ədəbi-elmi  ictimaiyyətə  çatdırılması 
Vilayət  müəllimin  böyük  əzmkarlığı  və  yorulmaz  səyi  sayəsində  mümkün 
olmuşdur” (səh.5). 
Vaxtı  ilə  prof.Cahangir  Qəhrəmanov  İsmayıl  bəy  Qutqaşınlını,  onun  irsini 
ilk  dəfə  Azərbaycan  ictimaiyyətinə  təqdim  edən  Salman  Mümtazı  insanları 
qaranlıqdan işığa çıxaran simurqa bənzətmişdi. 
Ramiz Abutalıbovun, Vilayət Quliyevin və onlar kimi çalışan digərlərinin də 
fəaliyyəti  göstərir ki,  Salman  Mümtaz  ənənəsini, fədakarlığını yaşadanlar, simurq 
missiyasını daşıyanlar bu gün də var. Odur ki, hələ İ.Qutqaşınlı ilə bağlı yeni-yeni 
materialların,  o  cümlədən  generalın  fotosunun  da  üzə  çıxacağına,  200  illik  çənin 
çəkiləcəyinə, dumanın dağılacağına hələ ümid etmək olar... 
                       30.11.2010 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin