ABĠd tahġRLĠ


C.Hacıbəylinin publisistikasında xeyriyyəçilik



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   2   3   4   5   6   7   8   9   ...   43

C.Hacıbəylinin publisistikasında xeyriyyəçilik,  
maarifçilik və məktəb problemi 
 
Xeyriyyəçilik  xalqımızın  yol  yoldaşıdır,  onun  tarixi  əsrlərlə  ölçülür. 
Folklorumuzda, digər ədəbi nümunələrimizdə xeyriyyəçiliklə bağlı küllü miqdarda 
misallar  var.  Lakin  xeyriyyəçiliyin  təşkilatlanma  tarixi  XIX  əsrin  əvvəllərindən 
başlayır. 1899-cuilin avqust ayında Şuşada Ə.Haqverdiyevin «Dağılan tifaq» əsəri 
oynalınır  və  tamaşadan  əldə  olunan  vəsait  şəhərin  rus-müsəlman  məktəbi 
şagirdlərinin  təhsil  haqlarını  ödəməyə  sərf  olunur.  Həmin  dövrdə  «Şərqi-Rus», 
«Kaspi»  qəzetlərində  xeyriyyəçiliklə  bağlı  xəbərlər  dərc  olunur,  xeyriyyə 
cəmiyyətlərinin təşkilinin vacibliyi vurğulanırdı. 
Azərbaycan mətbuatı tarixində silinməz iz buraxmış «Şərqi-Rus» qəzeti 1903-
cü  ildə  yazırdı  ki,  Bakıda  kasıbların  ev-bə-ev,  dükan-ba-dükan  gəzib 
dilənmələrinin  qarşısını  almaq  üçün  xeyriyyə  cəmiyyətlərinin  təşkili  vacibdir. 
«Kaspi»  qəzeti  həmin  ilin  aprel  ayının3-də  xəbər  verirdi  ki,  Bakıda-müsəlman 
qiraətxanasında  Novruz  bayramı  münasibətilə  yığılan  833  rubl  pul  kasıb  və 
ehtiyacı  olan  şagirdlərə  paylanmışdır.  «İrşad»  qəzeti  Bakıda  xeyriyyəçiliyin 
yayılması,  təşkilatlanması  sahəsində  əvəzedilməz  rol  oynamışdır.  Xalqın 
tərəqqisini maariflənməkdə görən ziyalılar xeyriyyə cəmiyyətlərinin rolunu yüksək 
qiymətləndirir,  «millətin  diriliyinə  səbəbi  elmdə  görür  və  xalqa  xitab  edirdilər: 
«Düşmən qabağına düşmən əlində olan yaraqla çıxarlar. Tüfəng qabağında qılınc, 
elm qabağında nadanlıq, həmiyyət qabağında yalquzluq yaramaz». («İrşad» qəzeti, 
1906-cı il,6 yanvar, № 12). 
Göstərilən səy və təşəbbüslər nəticəsində əsrin əvvəllərində bir-birinin ardınca 
xeyriyyə  cəmiyyətləri  fəaliyyətə  başlayırdı.  «Cəmiyyəti-xeyriyyə»,  «Səadət», 
«Nicat»,  «Nəşri-maarif»  cəmiyyətləri  qiraətxana  və  kitabxanalar,  məktəblər  açır, 
kitablar  nəşr  edir,  daha  istedadlı  şagirdləri  nüfuzlu  məktəblərə  göndərir,  təcrübəli 
müəllimləri  toplayır,  ədəbi  müsamirələr  təşkil  edir,  tamaşalar  göstərir,    əlsiz-
ayaqsızlara, ehtiyacı olanlara yardım edirdi. 

 
22 
Əgər  H.Z.Tağıyev,  İ.Hacıyev,  İ.Səfərəliyev,  Ə.Əhmədov,  A.Aşurov, 
M.Muxtarov,  İ.Aşurbəyov,  M.Nağıyev,  İ.Əsədullayev  və  başqaları  xeyriyyə 
cəmiyyətlərini maliyyələşdirirdilərsə, Ə.Ağayev, H.Zərdabi, S.Qənizadə, Üzeyir və 
Ceyhun  Hacıbəyov  qardaşları,  Ə.Haqverdiyev,  H.Vəzirov,  N.Nərimanov, 
Ə.Topçübaşov və b. ziyalılar bu cəmiyyətlərin mənəvi dayaqları idilər. 
Şübhəsiz  ,  xeyriyyə  cəmiyyətlərinin  fəaliyyəti  C.Hacıbəylinin  daim  diqqət 
mərkəzində  saxladığı  mövzulardandır.  C.Hacıbəyli  bir  tərəfdən  xeyriyyə 
cəmiyyətlərinin  fəaliyyətində,  tədbirlərində  yaxından  iştirak  edirdisə,  digər 
tərəfdən  bu  cür  cəmiyyətlərin  gördüyü  işlərdən,  qarşısında  duran  vəzifələrdən 
yazır, geniş oxucu kütləsinin diqqətini bu sahəyə yönəltməyə səy göstərirdi. Onun 
xeyriyyəçilik  mövzusunda  yazdığı  məqalələr,  toxunduğu  problemlər  bu  gün  də 
aktual  səslənir.  Bazar  iqtisadiyyatına  keçidin  çətinlikləri,  Ermənistanın 
Azərbaycana  təcavüzü  bir  çox  problemlər  yaratmışdır.  1988-ci  ildə  yüz  minlərlə 
azərbaycanlı  Ermənistandan-ata  yurdundan  didərgin  salınanda,  daha  sonralar 
Dağlıq  Qarabağdan  və  ona  yaxın  bölgələrdən  həmvətənlərimiz  qaçqın  düşəndə 
hökumət onların bütün məsələlərini həll etməyə qadir deyildi. Bu zaman ayrı-ayrı 
xeyriyyəçilər, 
bir 
qədər 
sonra 
xeyriyyə 
cəmiyyətləri 
dara 
düşmüş 
həmvətənlərimizə qayğı göstərir, onları ərzaq və geyimlə təmin edirdilər. XX əsrin 
əvvəllərində  də  mənzərə  acınacaqlı  idi.  Ağır  iqtisadi  şərait,  I  Dünya 
müharibəsindən Bakıya pənah gətirmiş on minlərlə qaçqın xeyriyyəçilik hərəkatını 
zəruri  etmişdi.  Məhz  belə  bir  vaxtda  C.Hacıbəyli  qələmi  ilə  xeyriyyəçiliyin 
inkişafına təkan verir, imkanlıların bu işə səfərbər olunmasına çalışırdı.  
«Baku»  qəzeti  «Yeni  cəmiyyət»  (1909-cu  il,  29  mart,  №70)  adlı  məqalədə 
xəbər  verirdi  ki,  Çəmbərəkənddə  yaşayan  bir  qrup  müsəlman,  «Səfa»  maarifçi 
cəmiyyəti  açmağa  təşəbbüs  göstərmişdir.  Məqsəd  yeni  məktəb  və  mədrəsələrin 
açılması,  xalq  tamaşalarının  səhnəyə  qoyulması,  rus  və  tatar  dillərində  kitabların 
nəşri,  habelə  şagirdlərə  yardım  göstərilməsidir.  Cəmiyyətin  Nizamnaməsi 
hazırlanmış və yaxın günlərdə təsdiq ediləcəkdir. 
Ceyhun  Hacıbəyli,  «1912-ci  il  müsəlman  həyatı»  adlı  məqaləsində  («Kaspi» 
qəzeti, 1913-cü il, 1 yanvar, №1; 3 yanvar, №2; 4 yanvar, №3) göstərirdi ki, yenicə 
yaranmış «Nicat» və «Səfa» cəmiyyətləri fəaliyyətlərini genişləndirmiş, məktəblər 
açmış, səhnəyə yeni tamaşalar qoymuşlar. «Nəşri-maarif»in məktəbləri» («Kaspi» 
qəzeti 1913-cü il, 17iyul, №153) adlı məqalədə C.Hacıbəyli yazırdı ki, hazırda bu 
cəmiyyətin məktəblərində 600 nəfər uşaq təhsil alır. Fərəhləndiricidir ki, son vaxt 
qızların  təhsilə  yiyələnmələri  geniş  yayılır.  «Nəşri-maarif»in  məktəblərində  30 
nəfər  qız  təhsil  alır.  Müəllif  mövcud  vəziyyəti  işıqlandırmaqla  kifayətlənmir, 
cəmiyyətin vəzifələri haqqında bəhs edir. 
C.Hacıbəyli  cəmiyyətdəki  tərəqqipərvər  qüvvələrin  birləşməsi,  onlar 
arasındakı  fikir  ayrılığının  ümumi  işə  ziyan  verməməsi  naminə  var  qüvvə  ilə 
çalışmışdır.  Müəllif  həmişə  xeyriyyə  cəmiyyətlərini  əməkdaşlıq  etməyə, 
birləşməyə  səsləmişdir  («Kaspi»  qəzeti,  1912-ci  il,  21  noyabr  №264).  Onun 
«Aydın  deyil»  («Kaspi»  qəzeti,  1913-cü  il,  14  mart,  №106)  adlı  məqaləsi  də  bu 
təmiz  niyyətə  xidmət  edir.  Müəllif  xeyriyyəçilik,  xüsusilə  maarifçilik  sahəsində 
«Səfa» və «Nicat» cəmiyyətlərinin xidmətini təqdir edir. Sonra qeyd edir ki, hər iki 
cəmiyyət  eyni  məqsədə  qulluq  edir,  eyni  vəzifələri  həyata  keçirir.  Onların 

 
23 
birləşməsinə nə mane olur? Axı, bu iki qüvvə birləşərsə, birgə hərəkət edərsə, daha 
böyük uğurlar qazanılar. 
Salnaməçi-jurnalist  öz  ənənəsinə  sadiq  qalaraq,  1914-cü  ildə  qələmə  aldığı 
«1913-cü ildə müsəlman həyatı» («Kaspi» qəzeti, 1 yanvar, №1; 3 yanvar, №2; 4 
yanvar,  №3;  5  yanvar,  №5)  adlı  məqaləsində  ədəbiyyat,  teatr,  incəsənət, 
mədəniyyət  və  s.  sahələrlə  yanaşı  maarif  sahəsindəki  nailiyyətlərdən,  o  cümlədən 
«Nəşri-maarif»in fəaliyyətindən ətraflı bəhs etmişdir. 
«İşığın  şüası»  adlı  məqaləsində  («Kaspi»  qəzeti,  18  noyabr,  №259)  müəllif 
mövzu dairəsini bir qədər genişləndirmiş «Cəmiyyəti xeyriyyə», «Səfa», «Nicat», 
«Nəşri-maarif» haqqında sanballı məqalə yazmışdır. Müəllif maarifçiliyi yaymaq, 
məktəblər  açmaq  sahəsində  bu  cəmiyyətlərin  rolunu  yüksək  qiymətləndirməklə, 
təqdir etməklə yanaşı daha böyük nəticələrə nail olmaq yollarından söhbət açır. 
«1914-cü  il  müsəlman  həyatı»  («»Kaspi»  qəzeti,  1915-ci,  1  yanvar,  №1;  6 
yanvar, №4; 9 yanvar, №6) adı ilə dərc olunmuş məqaləsində Ceyhun bəy yazırdı 
ki,  xalq  arasında  maarifi  və  mədəniyyəti  yayan  maarif  cəmiyyət  və təşkilatlarının 
sayı  artmışdır.  «Səadət»,  «Səfa»,  «Nicat»  cəmiyyətləri  xeyli  iş  görmüşdür.  İlk 
qadın xeyriyyə cəmiyyəti yaradılmışdır. 
C.Hacıbəyli  «Nəşri-maarif»in  məktəbləri»  («Kaspi»  qəzeti,  1915-ci  il,  26 
may,  №114;  2  iyun,  №120)  adlı  məqaləsində  Cəmiyyətlə  Bakı  quberniyası  və 
Dağıstan  vilayəti  xalq  məktəblərinin  direktorluğu  arasındakı  mübahisə  doğuran 
məsələlərdən bəhs edir. Müəllif «Nəşri-maarif»in Bakı və ümumiyyətlə, Qafqazın 
həyatında  oynadığı  müsbət  rolu  yüksək  qiymətləndirir,  göstərir  ki,  özünün  8  illik 
fəaliyyəti dövründə Cəmiyyət müsəlman kütlələrinin savadlanmasında misilsiz rol 
oynamışdır. Müəllif 5-6 il əvvəlin mənzərəsini təsvir edir, xatırladır ki, həmin vaxt 
«məktəb»  adı  çəkiləndə  onun  əleyhdarları    qıcıqlanır,  məktəbə,  maarifə  az  qala 
şeytan  əməli  kimi  baxırdılar.  «Nəşri-maarif»  məhz  belə  bir  şəraitdə  fəaliyyətə 
başlamışdı.  Böyük  səy,  işə  alovlu  məhəbbət  maariıfçilər  qarşısına  çəkilmiş  süni, 
təbii  maneələri  məhv  etdi.  Onlar  ötən  illər  ərzində  parlaq  nəticələr  qazandılar. 
Fəaliyyətinin  ilk  dövründə  «Nəşri-maarif»  təkcə  Bakıda  iş  görürdüsə,  sonradan  o 
kənddə maarifi yaymağa başladı. «Rus-tatar məktəblərindən başqa şəhərdə elə bir 
məktəb yox idi ki, az, ya çox dərəcədə müsəlman uşaqları sözün müasir mənasında 
təhsilə yiyələnsinlər». Belə bir vəziyyətdə Cəmiyyət  Bakıda üç yerdə – Hacı Banu 
məscidinin  yanında,  Hacı  İmam  Əli  məscidinin  yanında  və  Hacı  İbrahim 
məscidinin yanında məktəblər açdı. 
Məktəbləri  əhali  böyük  rəğbətlə  qarşıladı.  1907-11-ci  illərdə  həmin 
məktəbləri  275  nəfər  şagird  bitirmişdir.  Təqdirəlayiqdir  ki,  Cəmiyyətin 
məktəblərində təhsil yeni metodla aparılırdı. 
Cəmiyyətin rəhbərləri gözəl bilirdi ki, təhsil işinin düzgün həyata keçirilməsi 
üçün təkcə məktəbin olması kifayət deyil. Hazırlıqlı müəllimlərin olması zəruridir. 
Seminariya  və  institut  təhsilli  müəllimlər  azlıq  edir,  onlar  da  xidmət  şərtləri  daha 
sərfəli  olan  dövlət  müəssisələrində  işləməyi  üstün  tuturdular.  Odur  ki,  «Nəşri-
maarif»  müəllim  hazırlığı  üçün  əməli  tədbir  görürdü.  «Darülmüəllim»  3  illik 
fəaliyyəti  dövründə  28  nəfər  müəllim  buraxmışdı.  Həmin  müəllimlər  «Nəşri-
maarif»in, «Səadət» və başqa cəmiyyətlərin məktəblərində dərs deyirdilər. 

 
24 
Kənddə  fəaliyyətini  genişləndirən  «Nəşri-maarif»  ilk  vaxtlar  ciddi 
müqavimətə rast gəldisə də, işin düzgün təşkili, adamlarla yaxın münasibət tezliklə 
öz  faydasını  verdi.  Qısa  müddətdə  14  kənddə  16    ibtidai  məktəb  açıldı  ki,  bu 
maarif müəssisələrində 1200 nəfər kəndli uşağı təhsil alırdı. Əlamətdar faktdır ki, 
təhsil  alanlar  arasında  qızlar  da  (130  nəfər)  vardı.  Elə  təkcə    bu  faktın  özü 
Cəmiyyətin kənddə etibarına, nüfuzuna dəlalət edir. 
«Nəhşri-maarif»in müəllimləri əvvəlcədən xəbərdar edilirdilər ki, onlar təhsil 
məsələlərində  yalnız  direktorluğa,  bütün  digər  məsələlərdə,  o  cümlədən  maliyyə-
təsərrüfat işində Cəmiyyətə tabedirlər. 
C.Hacıbəyli  direktorluq  və  Cəmiyyət  arasındakı  ixtilafa  işarə  vuraraq 
göstərirdi  ki,  məktəblərin  açılması,  fəaliyyəti  ilə  bağlı  bütün  təşəbbüs  və 
məsuliyyət Cəmiyyətin üzərinə düşür. Direktorluğun fəaliyyəti onunla məhdudlaşır 
ki,  qanunlar  çərçivəsində  məktəblərə  cüzi  maddi  yardım  göstərir.  Həmin  vəsait 
Cəmiyyətin büdcəsinə daxil edilir və ehtiyaca uyğun sərf olunur. 
Beləliklə,  C.Hacıbəyli  özünün  güclü  məntiqi,  ağıllı  dəlillərilə  direktorluqla 
Cəmiyyət  arasındakı  münaqişənin  mənasız  olduğunu,  Cəmiyyətin  fəaliyyətini 
məhdudlaşdırmağa yönəldilən cəhdlərin işə ziyan gətirdiyini üzə çıxarır. 
Qafqazın  ictimai-siyasi,  ədəbi-mədəni  həyatında  misilsiz  xidmətləri  olan 
xeyriyyə 
cəmiyyətlərinin 
fəaliyyəti  C.Hacıbəyli 
publisistikasının  aparıcı 
mövzularındandır.  Bu  baxımdan  onun  «Xeyriyyəçiliyimizin  10  illiyi»  adlı 
məqaləsi  («Kaspi»,  qəzeti,  1915-ci  il,  15  noyabr,  №256)  böyük  əhəmiyyət  kəsb 
edir.  Məqalə  bir  tərəfdən  10  illk  tarixə  malik  xeyriyyəçilik  hərəkatına  baxışdırsa, 
digər  tərəfdən  xeyriyyə  cəmiyyətləri  qarşısında  duran  vəzifələri  göstərən  dəyərli 
mənbədir. 
«Bu  gün  ehtiyacı  olan  qardaşlarına  təşkilatlanmış  qaydada  yardım  etmək 
istəyən  Bakı  müsəlmanlarının  arzusunun  həyata  keçməsinin  10  ili  tamam  olur». 
Ceyhun  bəy  göstərir  ki,  müsəlmanlar  xeyriyyə  cəmiyyətləri  yaratmağa  dəfələrlə 
cəhd  göstərmişlər.  Amma  buna  mane  olmuşlar.  Erməni,  yəhudi,  gürcü  xeyriyyə 
cəmiyyətlərinin  tarixi  isə  on  illərlə  ölçülür.  İlk  dəfə  «Cəmiyyəti-xeyriyyə» 
fəaliyyətə  başlamışdır.  Onun  qarşısında  kasıb  müsəlmanlara  yardım  etmək, 
həmçinin müsəlman şagirdlərin orta və ali təhsil almasına kömək etmək vəzifələri 
dururdu. 
Cəmiyyətin təsisçiləri həm varlılar, həm də ziyalılar idi: 
1.
 
Kommersiya məsləhətçisi - Hacı Zeynalabdin Tağıyev; 
2.
 
«Əkinçi»nin sabiq redaktoru, «Kaspi» və «Həyat»ın əməkdaşı -Həsənbəy 
Məlikov; 
3.
 
«Həyat» qəzetinin sabiq redaktoru-Əhməd bəy Ağayev; 
4.
 
«Həyat» qəzetinin redaktoru-Əli bəy Hüseynzadə; 
5.
 
İsmayıl bəy Səfərəliyev; 
6.
 
Hacı Aslan Aşurov; 
7.
 
Tacir İsa bəy Hacınski; 
8.
 
Bakı şəhər upravdomunun üzvü-Kamil bəy Səfərəliyev; 
9.
 
Doktor-Abdul Xalıq Axundov; 
10.
 
 Doktor-Həsən bəy  Ağayev; 
11.
 
 Şəhər Dumasının iclasçısı-Kərbəlayı Nəcəfqulu Sadıqov; 

 
25 
12.
 
 Şəhər Dumasının iclasçısı-Kərbəlayı İsrafil Hacıyev; 
13.
 
 Şəhər Dumasının iclasçısı-Həsən Ağa Həsənov; 
14.
 
 Doktor-Məmməd Rza bəy Vəkilov; 
15.
 
 Tacir-Mirzə Əsədullayev; 
16.
 
 Praporşik-Əsəd bəy Səlimxanov; 
17.
 
 Tacir-Ağabala Quliyev; 
18.
 
 Şəhər Dumasının iclasçısı-Əsədulla Əhmədov; 
19.
 
 Şəhər Dumasının iclasçısı-Hacı Həsən Atamalıyev; 
20.
 
 Tacir-Nəcəf Əmiraslanov; 
21.
 
 «Kaspi» qəzetinin redaktor-naşiri Əlimərdan bəy Topçubaşov. 
Cəmiyyətin  Nizamnaməsi  1905-ci  il,  oktyabrın  10-da  təsdiq  edilmiş,  təsis 
yığıncağı noyabrın 15-də keçirilmişdir. Tədbirdə 136 nəfər Cəmiyyətə üzv olmaq 
və  üzvlük  haqqı  vermək  niyyətində  olduğunu  bildirmişdir.  Təsis  yığıncağında 
Cəmiyyətin idarə heyətinin üzvləri (H.Z.Tağıyev (sədr), Kərbalayı İsrafil Hacıyev 
(müavin),  Ə.Ağayev  (katib),  H.Rəsulov  (kassir),  İsmayıl  bəy  Səfərəliyev, 
Ə.Əhmədov, Ə.Topçubaşov (üzvlər) seçilmişlər. İdarə heyətinin ilk iclası 1905-ci 
ilin  20  dekabrında  olmuşdur.  10  ildə  idarə  heyətinin  cəmi  36  iclası  keçirilmişdir. 
İdarə  heyətinin  tərkibi  3  dəfə  dəyişilmişdir.  H.Z.Tağıyev  1905-1910-cu  illər, 
A.Nağıyev  1911-ci  il,  Ə.Əsədullayev  1912-ci  ildən  İdarə  Heyətinin  sədri 
seçilmişlər. 
«Cəmiyyəti-xeyriyyə»nin 10 illik fəaliyyəti haqqında danışanda heç şübhəsiz, 
onu  digər  xalqların  bu  cür  təşkilatları  ilə  eyniləşdirmək    olmaz.  Bununla  belə, 
«Cəmiyyəti-Xeyriyyə» də xalqın həyatında müəyyən iz qoymuşdur. 1914-cü ildən-
müharibə  başlayandan  sonra  Cəmiyyətin  fəaliyyət  dairəsi  xeyli  genişlənmişdir. 
«1915-ci  il  müsəlman  həyatı»  («Kaspi»  qəzeti,  1  yanvar,  №  1;  3  yanvar,  №  2;        
8 yanvar, № 5; 9 yanvar, №6; 13 yanvar, № 9; 15 yanvar, №11) adlı məqaləsində 
C.Hacıbəyli həyatın digər sahələri kimi maarifçilikdə, xüsusilə qızların təhsilə cəlb 
olunması sahəsində görülən işləri qiymətləndirir, qeyd edir ki,  bu sahədə fəaliyyət 
gücləndirilməlidir. 
Ceyhun  Hacıbəyli  xeyriyyə  cəmiyyətlərinin  mədəni-maarif  sahəsindəki 
fəaliyyətləri ilə yanaşı digər tədbirlərindən də müntəzəm yazmışdır. Təəssüflər ki, 
ayrı-ayrı xeyriyyəçilərin və xeyriyyə cəmiyyətlərinin işi heç də həmişə təqdirəlayiq 
olmamışdır.  Ceyhun  bəy  belə  hala  göz  yummamış,  həyəcan  təbili  vurmuş, 
cəmiyyətin  diqqətini  müşahidə  etdiyi  nöqsana  tərəf  yönəltməyə  çalışmışdır. 
«Aktyora  kömək  edin»  («Kaspi»  qəzeti,  1912-ci  il,  31  oktyabr,  №246)  adlı 
məqalədə şöhrətli komik aktyor Mirzə Ağa Əliyevin böyük maddi köməyə ehtiyacı 
olduğunu  yazır  və  xeyriyyəçiləri  yardıma  çağırır.  «Cəmiyyətin  artistə 
«ehtiramı»nda («Kaspi» qəzeti, 1912-ci il, 14 noyabr, №258) müəllif yenidən bu 
mövzuya  qayıdır.  Kədərlə  qeyd  edir  ki,  çağırışlarımıza  baxmayaraq,  istedadlı 
artistə  indiki  vəziyyətdə  əl  tutan  yoxdur.  Müəllif  qəzəblə  yazır  ki,  M.Əliyevə 
yardım niyyəti ilə səhnəyə qoyulan «Nadir şah» tamaşasına da dəvət edilənlərdən 
savayı  heç  kim  gəlməmişdir.  C.Hacıbəyli  məqaləsini  belə  bitirir:  «Buna  nə  ad 
vermək olar, diqqətsizlik, yoxsa bundan daha pis?» 
Bundan təxminən bir il sonra C.Hacıbəyli taleyin hökmü ilə yenə bu mövzuya 
toxunmalı  olur.  Bu  dəfə  o,  vərəm  xəstəliyinə  tutulan  şöhrətli  səhnə  ustası 

 
26 
H.Ərəblinskinin  təcili  köməyə  ehtiyacı  olduğunu  yazır.  Üzünü  «Xeyriyyə 
cəmiyyətlərinə,  varlılara,  gənclərə»  tutur,  onlara  müraciət  edir  ki,  ilk  artistimizə 
yardım etsinlər. Sonra gec olar. («Kömək lazımdır», «Kaspi» qəzeti, 1913-cü il, 24 
avqust,  №190).  Amma  bu  dəfə  də  jurnalistin  harayına  cavab  verən  tapılmadı. 
«Müsəlman  səhnəsinin  ilk  istedadlı  artisti  ağır  xəstələnib  əlini  cəmiyyətə 
uzatmışdı.  O  Cəmiyyətə  ki,  ona  çox  əl  çalmışdı».  Bəs  Cəmiyyət  artistin 
müraciətinə necə  cavab verdi?  Biganəliklə,  laqeydliklə.  Cəmiyyət  susdu.  Tək-tək 
adamlar  kömək  əli  uzatdı.  C.Hacıbəyli  üzünü  oxuculara  tutub  təəssüflə  soruşur: 
«Belə  vəziyyətdə  yaşadığımız  mühiti  cəmiyyət  adlandırmaq  olarmı?».  («Kaspi» 
qəzeti, «Bizdə cəmiyyət varmı?», 1913-cü il, 8 sentyabr, №202). 
Cəmiyyətdə  bir  qism  adamlar  var  ki,  onlar  hay-küysüz,  səssiz-səmirsiz  iş 
görməklə,  xalqa  fayda  verməklə  məşğuldurlar.  Onlar  şan-şöhrət  naminə  yox, 
xalqın  tərəqqisi,  maariflənməsi  üçün  ömür-günlərini  şama  döndərirlər. 
C.Hacıbəylinin  fikrincə,  bu  cür  şəxsiyyətlərdən  biri,  «xalqın  xilaskarı»,  «xalq 
ziyalısı» İmran Qasımovdur.  («Xalq xadiminin xatirəsi», «Kaspi» qəzeti, 1914-cü 
il, 11 fevral, №34). 
C.Hacıbəylinin  qəti  qənaətinə  görə  «…  İmran  Qasımovun  sayəsində  ilk 
müsəlman operası işıq üzü görmüşdür». İndi çox populyar olan ziyalılardan biri ilk 
opera haqqında söhbət düşəndə demişdi: «- Cənablar, bir baxın, heç ermənilərin öz 
operası  yoxdur,  biz  onu  necə  səhnəyə  qoya  bilərik?».  İ.Qasımov  çoxları  kimi 
«bundan heç nə olmaz» deməmişdi. Əksinə, o, həvəsləndirir, «hər cür süni və təbii 
maneələrə  sinə  gərirdi».  Operanın  ilk  məşqi  də  mərhumun  mənzilində  keçmişdi. 
Məqalənin  sonunda  C.Hacıbəyli  xalq  qarşısında  böyük  xidməti  olan  belə  bir 
şəxsiyyətin adının əbədiləşdirilməsinin zəruri olduğunu söyləyir. 
Mətbuat  və  mədəniyyət  tariximizdə  silinməz  iz  buraxan  «Əkinçi»  qəzetinin 
redaktoru H.Məlikovun vəfatının beş illiyi münasibətilə C.Hacıbəyli yazırdı ki, hər 
bir  jurnalistin  borcudur  ki,  bu  əlamətdar  tarixi  günü  qeyd  etsin.  Bu  ictimai  və 
mənəvi şüura təsir edir, onu dirçəldir («Həsən bəy Məlikovun xatirəsinə», «Kaspi», 
1912-ci il, 28 noyabr, №269). 
C.Hacıbəyli H.Məlikovu «nəhəng» adlandırır və yazırdı: «O, bizim Cəmiyyəti 
belə  xarakterizə  edirdi:  «Çağırıram-gəlmir,  göstərirəm-görmür,  deyirəm-eşitmir». 
C.Hacıbəyli  öz  müəlliminin  dedikləri  ilə  razılaşır  və  bu  qənaətə  gəlirdi  ki,  istəyə 
nail  olunanadək  çalışmaq  lazımdır.  Verdiyi  sözə  sadiq  olan  Ceyhun  bəy  böyük 
alim  və  maarifçi  mühərrir  Həsən  bəy  Zərdabinin  vəfatının  7  illiyi  münasibəti  ilə 
yazırdı: «Bü gün müsəlman maarif işinin pioneri sayılan  H.Məlikovun ölümündən 
7 il keçir. Gurultulu nitq və təntənəli mərasimlə dəfn olunan Məlikovun vəfatından 
7  il  keçir».  («Kaspi»  qəzeti,  1914-cü  il,  28  noyabr,    №267).  Mərasimdən  sonra 
H.Məlikova  münasibətlə  bağlı  hansı  işlər  görüldüyünü  araşdırmaq  istəyir.  Bu 
qənaətə gəlir ki, deyəsən, o çıxışları elə həmin gün külək aparmışdı. 
Böyük xalq xadimi təntənə ilə dəfn olundu, qəzetlər iki-üç gün yazdı, şəkil və 
tərcüməyei-halı dərc edildi. Vəssalam. Müsəlman Cəmiyyəti bu nəhəng şəxsiyyəti 
unutdu.  Həsən  bəyə  abidə  qoymadı.  Mərhuma  baş  daşı  qoymaq  üçün  onun 
xanımına yardım belə etmədi. C.Hacıbəyli bu münasibətin təsirilə hiddətlə yazırdı 
ki,  vəhşilər  belə  öz  rəhbərlərinin  qəbrini  abadlaşdırır,  bəzəyirlər.  Görünür, 
C.Hacıbəyli  bir  qədər  əvvəl  «Müsəlmanın  qeydləri»ndə  («Kaspi»  qəzeti, 1914-cü 

 
27 
il, 29 yanvar, № 10) Cəmiyyətin diqqətini bu məsələyə yönəldəndə ümid edirdi ki, 
Xeyriyyə cəmiyyətləri onun dediklərindən nəticə çıxaracaq. 
«Bütün həyatını xalqına həsr etmiş, xalq naminə şəxsi səadətdən imtina etmiş, 
bir  çox  sahələrdə  pioner  olan  bu  şəxsə  müsəlman  cəmiyyətində  adi  baş  daşı 
qoymağa pul tapılmadı». 
Ceyhun bəy böyük satira ustası M.Ə.Sabir və xalqın tərəqqisi, maariflənməsi 
yolunda ömrünü şama döndərən H.Vəzirovun da irsinin toplanması, gələcək nəslə 
çatdırılması,  adlarının  əbədiləşdirilməsini  çox  zəruri  vəzifə  kimi  irəli  sürürdü. 
(«Bir  ölüm  ətrafında».  «Kaspi»  qəzeti,  1913-ci  il,  20  aprel,  №  87;  «Kədərli 
ildönümü», «Kaspi» qəzeti, 1917-ci il,5 fevral, № 29). 
«Bir ölüm ətrafında» adlı məqaləsində Volqaboyu müsəlmanlarının adlı-sanlı 
söz ustası Abdulla Tukayevin vəfatının adamları nə qədər sarsıtdığından bəhs edən 
C.Hacıbəyli göstərir ki, biz istedadlı şair Sabiri ləyaqətlə dəfn edə bilmədik. Onun 
əsərlərinin çapı üçün isə qəpik-qəpik vəsait toplamaq məcburiyyətində qaldıq. 
H.Vəzirovun  fəaliyyətini  ehtiramla  yad  edən  C.Hacıbəyli  təlaşla  soruşur: 
«Haşım  bəyin  adı  Qafqaz  müsəlmanlarının  ictimai-milli  dirçəliş  tarixinə 
düşəcəkmi?».  Cəmiyyətdə  hökm  sürən  etinasızlıq  müəllifi  kədərləndirir.  Müəllif 
H.Vəzirovun  əsərlərinin  çapını,  tərcümeyi-halının  tərtib  edilməsini,  xidmətlərinin 
qələmə alınmasını günün təxirəsalınmaz vəzifəsi hesab edir. 
C.Hacıbəyli  xeyriyyə  cəmiyyətlərinin  təkcə  maarifi  yaymağa,  məktəblər 
açmağa,  ziyalılara  yardım  etməyə  yox,  həm  də  kasıblara,  müharibə  nəticəsində 
Bakıya pənah gətirmiş on minlərlə qaçqına kömək etməyə səsləyirdi. 
«1914-cü ildə müsəlman həyatı»nda («Kaspi» qəzeti, 1 yanvar, №1; 3 yanvar, 
№ 2; 6 yanvar, № 4; 9 yanvar, № 6) Ceyhun bəy göstərir ki, xeyriyyəçilər əvvəlki 
illərə  baxanda  nisbətən  fəallaşmış,  müharibədən  qaçqın  düşən  müsəlmanlara 
yardımı artırmışlar. Bununla belə, müəllif göstərir ki, yerlərdə qaçqınlarla məşğul 
olacaq  bir  təşkilatın  yoxluğu  ucbatından  bu  iş  yarıtmaz  həyata  keçirilir. 
Qaçqınların sayı, onların ehtiyacının dərəcəsi məlum deyil. Harada nə qədər qaçqın 
yerləşdirildiyi  də  bilinmir.  Heç  kim  onlara  heç  adi  məsləhət  belə  vermir».  Bütün 
bunları  işıqlandırmamaqda  Ceyhun  bəy  mətbuatı  da  qınayır.  Müəllif  müşahidə 
etdiyi  bir  hadisəni  təsvir  edir.  Qars  vilayətindən  Bakıya  pənah  gətirmiş  bir  neçə 
yüz ailə şəhər rəhbərliyinə müraciət etmişlər. Onlar yardım üçün vəd versələr də, 
hələlik  qaçqınlara  heç  bir  yardım  göstərilməmişdir.  Müəllif  bu  qənaətə  gəlir  ki, 
qaçqınlara  «geniş  ictimai  kömək  lazımdır».  C.Hacıbəyli  yazır  ki,  Bakıda  öz 
millətinə yardım məqsədilə ermənilərin, gürcü və polyakların «Qaçqınlara yardım 
komitəsi»  yaradılmışdır.  Müəllif  haqlı  olaraq,  bəs  biz  müsəlmanlar  nə  üçün  belə 
komitə  yaratmamalıyıq?  –  sualını  verir  və  ictimaiyyəti  tezliklə  belə  bir  təşkilat 
yaratmağa çağırır. 
«Bacarıqsızlıq, yoxsa cinayət» («Kaspi» qəzeti, 1916-cı il, 25 yanvar, №20) 
məqaləsində  qaçqınlar  probleminə  çox  kəskin  toxunan,    müəllif  göstərir  ki,  10 
aydan  çoxdur  ki,  Qars  qaçqınları  bizə  pənah  gətirmişdir.  Ceyhun  bəy  öz  doğma 
yurd-yuvasından,  isti  ocağından  didərgin  düşən  müsəlmanların  son  dərəcə  ağır 
vəziyətini  təsvir  edib  yazır:  «Soruşulur:  Biz  öz  can  verən  qardaş,  bacı,  ana  və 
arvadlarımızın  vəziyyətini  yüngülləşdirmək  üçün  nə  etmişik?  Bu  müddət  ərzində 
onların heç olmazsa, acından ölməməsi üçün nə etmişik?» Müəllif sonra soruşur: 

 
28 
hanı  bizim  xeyriyyəçilər?  Hanı  bizim  ziyalılar?  Ötən  müddətdə  biz  ətrafda  baş 
verən  fəlakəti  müşahidə  etmişik.  Fikirləşməmişik  ki,  ağır  xəstənin  təcili  yardıma 
ehtiyacı  olduğu  kimi,  indiki  vəziyyətdə  zərərçəkənlərə  də  dərhal  kömək 
göstərilməlidir.  Xilas  olmaq  ümidi  ilə  öz  Vətənini  tərk  edən  neçə-neçə  bədbəxt 
burada  acından  həlak  olmuşdur.  Ceyhun  bəyin  fikrincə,  bütün  bunlarda  biz 
günahkarıq.  Müəllif  biganəliyi,  laqeydliyi,  etinasızlığı,  şəxsi  mənfəəti  hər şeydən 
üstün tutmağı tənqid edir və sonra bu sualı verir: «Bu nədir, bacarıqsızlıq,  yoxsa 
sadəcə olaraq, cinayət?». 
C.Hacıbəyli publisistikasının səciyyəvi cəhətlərindən biri də budur ki, müəllif 
gördüyü,  müşahidə  etdiyi  hadisəni,  problemi  qələmə  almaqla  kifayətlənmir, 
cəmiyyət üçün ləkə sayılan nöqsanların aradan qaldırılması yollarını araşdırır. «Biz 
nə  etməliyik»  adlı  məqalə  də  («Kaspi»  qəzeti,  1915-ci  il,  7  fevral,  №29)  bu 
baxımdan  xarakterikdir.  Məqalədə  göstərilir  ki,  Bakı  müsəlman  xeyriyyə 
cəmiyyətləri  Qars  zərərəçəkənlərinə  ianə  toplamaq  üçün  icazə  almışlar.  İndi  iş 
görmək vaxtı çatmışdır. Ac və köməksiz qaçqınların göz yaşını qurutmaq, öz qayğı 
və nəvazişimizlə onların dərdlərini yüngülləşdirmək vaxtı çatmışdır. 
C.Hacıbəyli  ianə  toplayan  komitənin  tərkibinin  genişləndirilməsinin,  buraya 
bütün  sinif  və  təbəqələrin  nümayəndələrinin  cəlb  olunmasının  vacibliyini  qeyd 
edirdi. Yalnız belə bir tərkiblə faydalı iş görmək, adamlarla ümumi dil tapmaq olar. 
Bu, həm də ona görə zəruridir ki, əhalinin 80-90 faizi qəzet oxumur, 60-70 faiz isə 
ətrafda  baş  verən  hadisələrdən,  onun  mahiyyətindən  xəbərsizdir.  Odur  ki,  ianə 
toplayan  komitənin  əməkdaşları  yerlərdə  güclü  təbliğat  işi  görməli,  adamlarla 
işləməlidirlər. C.Hacıbəyli bu işdə ziyalıların da üzərinə böyük vəzifə düşdüyünü 
qeyd  edir  və  təəssüflənir  ki,  ziyalıların  böyük  əksəriyyəti  hadisələrə  passiv 
müşahidəçi mövqeyindən yanaşır, bu məsul, milli işdə iştirak etmirlər. Sinfi birlik, 
barışıq  naminə  qarşılıqlı  güzəşt  vacibdir.  Ambisiyalı  ziyalılar  unutmamalıdır  ki, 
məsul ictimai-milli məsələlərdə «şəxsi münasibətlər» arxa plana çəkilməlidir. «Biz 
nə  etməliyik»  adlı  məqalənin  II  hissəsində  (“Kaspi”  qəzeti,  1915-ci  il,  13  fevral, 
№34) müəllif göstərir ki, artıq müsəlman qaçqınlara yardım komitəsi yaranmışdır. 
Bundan əlavə Qadın xeyriyyə cəmiyyətləri də Qars zərərçəkənlərinə yardım etmək 
üçün  ianə  toplamağa  icazə  almışlar.  C.Hacıbəyli  bununla  kifayətlənmək, 
arxayınlaşmaq  «olmaz»  deyir.  «İanə  verən  əvvəlcədən  bu  işə  hazırlanmalıdır,  o, 
bilməlidir ki, onun pulu hansı məqsədlə toplanır, hara xərclənəcək? Qoy hər kəs bu 
işi şüurlu görsün». C.Hacıbəyli qəti əmindir ki, «belə olmazsa, ianənin miqdarı onu 
toplayana şəxsi münasibətdən asılı olacaqdır». Müəllif hesab edir ki, ianə toplayan 
adamları  «divara  söykəməməli»,  «ey  filankəs,  əlini  cibinə  sal,  deməməlidir». 
Ceyhun  bəy  qeyd  edir  ki,  bu  cür  hallara  yol  verməmək  üçün  yerlərə  getmək, 
adamlarla  işləmək,  onları  başa  salmaq,  ianəni  könüllülük  əsasında,  şüurlu  şəkildə 
yığmaq  lazımdır.  «Az  da  olsa,  şüurlu  verilən  ianə,  pis  niyyətlə  verilən  böyük 
məbləğli vəsaitdən daha qiymətlidir». 
C.Hacıbəyli Qadın Xeyriyyə cəmiyyətinin də bu işə – zərərçəkənlərə yardım 
kompaniyasına qoşulmalarını alqışlayır, lakin onun qaçqınlara yardım komitəsi ilə 
birgə,  əməkdaşlıq  şəraitində  çalışmasının  vacibliyini  qeyd  edir.  «Bu  işdə  məqsəd 
vacibdir.  Ona  nail  olmaq  vasitəsi  yox».  Qadınların  müstəqil  fəaliyyəti,  ictimai 
hərəkatda  iştirakı  təqdirəlayiq  olsa  da,  ümummilli  mənafe  birgə  fəaliyyəti  tələb 

 
29 
edir.  «Bizim  üçün  kimin  işləməsi  yox,  necə  işləməsi  vacibdir».  Bunun  üçünsə, 
qüvvələrin birləşdirilməsi, hərəkatın əlaqələndirilməsi, razılaşdırılması zəruridir. 
C.Hacıbəyli  zərərçəkənlərə  yardımla  bağlı  daha  bir  vacib  məsələyə  toxunur. 
O  qeyd  edir  ki,  qaçqınlara  yardım  yalnız  Bakı,  Nuxa,  Yelizavetpolda  toplanır. 
Qafqazın  digər  iri  şəhərlərində  hələlik  hərəkət  yoxdur.  Müəllifin  fikrincə,  eyni 
məqsədə  yönələn  qüvvələri  bölməmək  üçün  müxtəlif  şəhərlərdəki  komitələr 
birləşməlidir.  Qafqazın  digər  şəhərlərində    də  belə  komitələr  yaradılmasına  nail 
olmaq  lazımdır.  «Beləliklə,  ona  çalışmaq  lazımdır  ki,  zərərçəkən  qardaşlarımıza 
yardım bütün Qafqazı əhatə etsin. Bu yardım planlı, nizamlı olsun, hisslərdən yox, 
şüurdan yaranan olsun». 
C.Hacıbəylinin  irsi,publisistikası  həm  də  ona  görə  böyük  maraq  doğurur  və 
əhəmiyyətlidir  ki,  o,  toxunduğu  problemlərə  kompleks  yanaşmağı,  bütün 
tərəflərdən ona nəzər salmağı bacarır. «Biz nə etməliyik» adlı məqaləsinin üçüncü 
hissəsi  («Kaspi»  qəzeti,  1915-ci  il,  14  fevral,  №35).  Qars  qaçqınlarına  yardımla 
bağlı  daha  bir  vacib  məsələnin  araşdırılmasına  həsr  olunmuşdur.  Bu  «yardımın 
zərərçəkənlər  arasında  bölüşdürülməsi»  məsələsidir.  Müəllifin  qənaətinə  görə, 
«zərərçəkənlərə  yardımın  paylanmasına  daha  çox  diqqət  yetirməli    və  daha  çox 
qüvvə  sərf  etməliyik»  Ceyhun  bəy  yazır  ki,  Komitənin  yerlərdə  komissiyaları 
işləməlidir,  onlar  ilk  növbədə  qaçqınların  sayını,  ehtiyacını  öyrənməli,  dəqiq, 
müfəssəl  məlumat  verməlidir.  Məhz  bundan  sonra  yardım  paylanmalıdır.  Əks 
təqdirdə hər cür kömək təsadüfi olacaq, istənilən nəticəni verməyəcək. 
Yazılarında  mənəviyyat,  tərbiyə  məsələlərinə  həmişə  geniş  yer  verən 
C.Hacıbəyli  bu  işdə  də  maddi  yardımla  kifayətlənməməyi  tövsiyyə  edir.  Müəllif 
hesab  edir  ki,  zərərçəkənlərə  mənəvi  cəhətdən  mütləq  yardım  göstərilməlidir. 
Bundan  başqa,  Ceyhun  bəy  Qars  qaçaqları  ilə  işin  çox  mühüm  bir  hissəsi  kimi 
statistika ilə məşğul olmağın vacibliyini qeyd edir. İllər keçəcək, yaralar sağalacaq. 
Lakin  tarixin  unudulmaması,  hadisələrin  izinin  silinməməsi  üçün  statistik 
müşahidələr aparmaq zəruridir. 
Böyük  publisist  adamlara    təsir  etmək,  onların  hisslərinə  toxunmaq,  onları 
hərəkətə  gətirmək  üçün  sözün  qüvvəsindən  çox  məharətlə  istifadə  edirdi:  «Bizim 
üçün adət və ənənələrimiz nə qədər əziz olsa da, real həyatda baş verən təzahurlərə 
göz  yuma  bilmərik  və  göz  yummamalıyıq».  Bu,  Novruz  bayramı  ərəfəsində 
Ceyhun  bəyin  qələmə  aldığı  «Qarşıdan  gələn  bayram  haqqında»  («Kaspi»  qəzeti, 
1915-ci  il,  4  mart,  №50)  adlı  məqaləsindən  götürülmüşdür.  Məqalənin  müəllifi 
yazır ki, öz uşaqlarımız və qonaqlara müxtəlif şirniyyat, bayram hədiyyələri üçün 
xeyli pul xərcləyəndə digər övladlarımızı – şirniyyat üçün yox, bir tikə çörək üçün 
göz yaşı axıdan balalarımızı unuda bilərikmi? Öz ailə üzvlərimizə təzə, təmiz, isti 
paltar  geyindirəndə  qar  və  şaxtada  çılpaq  bədənlərini  cındırla  belə  örtmək 
iqtidarında olmayan arvadları, körpələri unuda bilərikmi? Biz qonaqlarımızı zəngin 
bayram  süfrəsi  arxasında  əyləndirərək  rütubətli  torpaqda,  mağaralarda  acından 
ölən,  zarıyan,  inləyən  qardaşlarımızı  unuda  bilərikmi?  Çoxsaylı  qadın  və  uşaq 
harayına, ah-naləsinə biganə qalıb şən müsiqiyə qulaq asa bilərikmi? On minlərlə 
qaçqına  yeni  ilə  çıxmaq  nəsib  olmayacağı  təqdirdə  biz  qapı-qapı  gəzib  dost-
tanışlarımızı yeni il münasibəti ilə təbrik etməliyikmi? 

 
30 
Ceyhun  bəy  bu  ritork  suallarla  oxuculara  müraciət    edir,    onları  Qars 
qaçqınlarına  ianə  toplanması  məqsədilə  martın  8-də  görüləcək  tədbirə  çağırır. 
«Aldanılmış  gözləmə»  məqaləsində  («Kaspi»  qəzeti,  1915-ci  il,  13  mart,  №58) 
yenidən bu mövzuya qayıdan müəllif Qars qaçqınlarına yardım niyyəti ilə nəzərdə 
tutulan  tədbirə  işarə  vuraraq  təəssüflə  yazırdı:  «Bizim  tədbir  baş  tutmadı.  Bu  acı 
həqiqəti  etiraf  etməliyik».  80  minlik  müsəlman  əhalisi  olan  şəhərdə  cəmi  5  min 
rubl  toplanmışdı.  Buraya  digər  xalqların  nümayəndələrinin  verdiyi  vəsait  də 
daxildir.  Müəllif  yazır  ki,  istər-istəməz  düşünməli  olursan:  ah-zar  edən,  əzab-
əziyyət çəkən, fəryad qoparan, acından ölən bizim qardaşlarımız deyilmi? Fayton 
və avtomobillərin səsi, şənlik edən adamların qəhqəhəsi, xoş musiqi sədaları… bir 
sözlə,  adi  Novruz  bayramlarından  biri.  C.Hacıbəyli  bütün  bunlardan  belə  nəticə 
çıxarır:  «Bu,  ümui  iş  naminə  bizim  hazırsızlığımızı,  təşkilatlanmağı 
bacarmamağımızı  bir  daha  üzə  çıxardı:  «Bizim  xəbərimiz  olmayıb»  -  belə 
söyləyənlərin  dediklərində  də  bir  həqiqət  var,  axı  qəzetlər  yazmamış,  adamlar 
tədbirə əvvəlcədən hazırlanmamışlar. 
C.Hacıbəylinin  toxunduğu  mövzuları,  onun  publisistikasını  maraqlı  edən 
cəhətlərdən  biri  də  faktları,  hadisələri  müqayisələrlə  təqdim  etməsidir.  Bu,  bir 
tərəfdən yazını oxunaqlı edir, digər tərəfdən oxucunu inandırır. 
«Biz  nə  etməliyik»  adlı  məqaləsinin  dördüncü  hissəsində  («Kaspi»  qəzeti, 
1915-ci  il, 28  mart,  №67)  Ceyhun  Hacıbəyli  hiddətlə  yazır  ki,  Qarsın 200  minlik 
müsəlman  əhalisinə  baş verən  faciə  rus  mətbuatında özünə  yer  tapmadı,  halbuki, 
onlar ermənilərin, polyakların, yunanların, asurların əzablarına böyük canfəşanlıqla 
öz səhifələrində tez-tez yer ayırırlar. 
Digər  xalqlar  həyatın  bütün  elementlərini  ölçüb-biçir,  müəyyən  proqramlar 
əsasında  hərəkət  edir,  bizsə,  özümüzü  həyatın  axarına  tabe  etdiririk.  Ətrafda 
möhkəm,  dözümlü  dayaq  tapmadan  gözümüzü  yumub  güclü  axına  atılırıq. 
Təşkilatlanmaq  mədəniyyətimiz  aşağıdır.  Ceyhun  bəyin  80  il  bundan  əvvəl  təsvir 
etdiyi  mənzərə  bu  gün  nə  qədər  aktual  səslənir.  Elə  bil  heç  nə  dəyişməyib! 
İnformasiya  blokadası,  təklənmək  təhlükəsi  Ceyhun  bəyi  elə  o  vaxtdan  narahat 
edirdi.  Petroqraddakı  və  Rusiyanın  digər  şəhərlərindəki  müsəlman  ziyalılarını, 
Rusiya Dumasındakı müsəlman fraksiyasının üzvlərini fəal olmağa səsləyirdi. 
C.Hacıbəyli publisistikasını cəsarətlə ideyalar publisistikası adlandırmaq olar. 
Onun  qələmə  aldığı  elə  bir  mövzu,  toxunduğu  elə bir  problem  yoxdur ki,  müəllif 
təklifsiz keçinsin. Elə «Biz nə etməliyik» məqaləsinin beşinci hissəsində («Kaspi» 
qəzeti,  1915-ci  il,  29  mart,  №68)  C.Hacıbəyli  Petroqradda  qəzet  nəşr  etməyi, 
bununla  da  müsəlmanların  problemlərinin  paytaxta  çatdırılmasına  nail  olmağı 
günün  tələbi  sayırdı.  O,  qeyd  edirdi  ki,  bu  məsələ  ziyalılarımızı  1905-ci  ildən 
düşündürür.  Müəllif  paytaxtda  müsəlmanların  mənafeyini  müdafiə  edən  qəzetin 
nəşrə başlamasının əhəmiyyətini dönə-dönə təkrarlayır və yazırdı: «Təkrar edirəm, 
əgər nə vaxtsa, belə bir qəzetin nəşri yalnız arzu olunurdusa, bu gün, bu, zəruridir». 
C.Hacıbəyli  publisistikasında  Qars  qaçqınları,  onlara  yardım  edilməsi, 
didərginlərin  yerləşdirilməsi  məsələsi  mühüm  yer  tutur.  O,  istər  dini, istərsə  milli 
bayramlar  haqqında,  yaxud  hər  hansı  bir  adət-ənənəmiz  barədə  yazanda  hökmən 
onu  Qars  qaçqınları  ilə  əlaqələndirir  və  adamları  zərərçəkənlərə  kömək  etməyə 
səsləyir. «Müsəlmanlara müraciəti»ndə («Kaspi» qəzeti, 1915-ci il, 8 aprel, №76) 

 
31 
C.Hacıbəyli  öz  din  və  dil  qardaşlarına  üz  tutur  ki,  Quranda  buyurulanlara  əməl 
edin,  həlak  olmuş  qardaşlarımızın  balalarını  taleyin  ixtiyarına  buraxmayın,  onları 
evinizin  bir  küncündə  yerləşdirin.  C.Hacıbəyli  «Böyük  ehtiyac»,  «Cəmiyyətlərin 
birləşməsinə dair» adlı məqalələrində  («Kaspi» qəzeti, 1915-ci il, 10 aprel, №78) 
gürcü  və  müsəlman  xeyriyyə  cəmiyyətlərinin  Qars  qaçqınlarına  yardım 
məsələsində birləşməsinin əhəmiyyətindən bəhs edir. 
«Qadın qaçqınların məsələsi haqqında» məqaləsi («Kaspi» qəzeti, 1915-ci il, 
18  aprel,  №85)  müəllifin  bu  mövzunu  nə  qədər  dərindən  mənimsədiyinə, 
qaçqınların  problemlərinə  nə  qədər  məsuliyyətlə  yanaşdığına  parlaq  misaldır. 
C.Hacıbəyli 
qadın 
qaçqınlara 
xüsusi 
diqqətlə 
yanaşmağı, 
onların 
yerləşdirilməsində ehtiyatlı tərpənməyin vacibliyini qeyd edir. 
«Qardaş  köməyi»  («Kaspi»  qəzeti,  1915-ci  il,  6  may,  №99;  9  may,  №102 
məqaləsindən  məlum  olur  ki,  Bakı  müsəlman  xeyriyyə  cəmiyyəti  ilə  Qadın 
xeyriyyə  cəmiyyətinin  «Qardaş  köməyi»  adı ilə keçirdiyi  tədbir  uğurlu  olmuşdur. 
Bu  barədə  fərəhlə  öz  oxucularına  məlumat  verən  C.Hacıbəyli  tədbirin  ümidləri 
doğrultduğunu yazır. 
«Nəhayət,  nə  vaxt?»  («Kaspi»  qəzeti,  1915,  9  may,  №102)  adlı  məqalə  isə 
tənqidi  ruhda  qələmə  alınmışdır.  Bakı  xeyriyyə  cəmiyyətlərinin  Qars 
zərərçəkənlərinə  yardım  etmək  üçün  rəsmi  icazə  aldığı  vaxtdan  2  ay  keçir. 
C.Hacıbəyli  həmin  müddət  ərzində  görülən  işlərə  nəzər  salır  və  bu  yardımın  son 
dərəcə cüzi olduğuna işarə vuraraq yazır: «Təkcə moskvalı ermənilər öz qaçqınları 
üçün  120.000  rubl  toplamışlar.  Başqa  sözlə,  bütün  Rusiya  müsəlmanlarının  öz 
zərərçəkənlərinə  topladıqlarından  2  dəfə  çox!»  Müəllif  qeyd  edir  ki,  15  nəfər 
petroqradlı  yəhudi  öz  qaçqınları  üçün  nə  az,  nə  çox  265.000  rubl  toplamışlar. 
Ceyhun  bəy  bizdəki  acınacaqlı  vəziyyəti  məyus  halda  bildirir  və  nə  üçün  belə 
olduğunu  araşdırmağa  çalışır.  Göstərir  ki,  bizimkilər  «Biz  də  toplayırıq,  60  min 
rubl    toplamışıq»  deyə  hay-küy  qaldırırlar.  Digər  millətin  nümayəndələri  pul 
haqqında yox, düçar olduqları fəlakətdən, bəladan elə kədərlə danışırlar ki, bizim 
heç    mərsiyəxanlarımız  belə  bacarmazlar.  C.Hacıbəyli  məqalənin  sonunda  qeyd 
edir ki, iki aydan çoxdur ki, zərərçəkənlərə yardım üçün hesab açılmışdır. Yardıma 
ehtiyacı  olanların  gözü  hələ  yoldadır.  Pessimistlər  yardımdan  əl  üzmüşlər, 
optimistlər isə varlıların, xeyriyyəçilərin böhran anında hərəkətə gələcəkləri ümidi 
ilə yaşayırlar. Amma nə vaxtadək? 
Maraqlı  və  təqdirəlayiqdir  ki,  C.Hacıbəyli  eyni  mövzuya  nə  qədər  müraciət 
edir-etsin,  oxucunu  yormur.  Təsvir,  ifadə,  ona  yanaşma  tərzi  rəngarəng,  müxtəlif 
olduğundan məqalə oxucunu cəlb edir. Bu mənada qaçqınlara yardım mövzusuna 
həsr  olunmuş  «Bu  bayramın  fitrəsi»  («Kaspi»  qəzeti,  1915-ci  il,  31  iyul,  №170) 
istisna deyil. Məlum olur ki, Zaqafqaziya müftisi və şeyxül-islamı bu ilki bayram 
fitrəsini  qarslı  qaçqınlara  verməyi  məsləhət  bilmişlər.  Müəllif  bu  təşəbbüsü 
alqışlayır və arzu edir ki, təkcə Qafqaz yox, bütün Rusiya müsəlmanları gərək bu 
nəcib  işə  qoşulaydı.  Məqalə  belə  qurtarır:  «Qoy  Oruc  bayramı  günü  hər  bir 
müsəlman yalnız bir sözü yada salsın: Qars! Sonra vicdanı necə məsləhət bilərsə, o 
cür hərəkət etsin». 
C.Hacıbəylinin  publisistikasında  ilk  baxışda  çox  adi  görünən,  diqqətdən 
kənarda  qalan  mövzu  elə  təqdim  edilir  ki,  heyrətamiz  mənzərə  yaranır.  «Dəri 

 
32 
məsələsi»  («Kaspi»  qəzeti,  1915-ci  il,  4  oktyabr,  №220)  belə  məqalələrdəndir. 
Qurban bayramında qoyun kəsilir, dərisi soyulur. Dərinin qiyməti 50-60 qəpikdir. 
Bu  dəri  insan  taleyini  həll  edə  bilərmi,  onu  ölümdən  qurtara  bilərmi? 
C.Hacıbəyliyə görə, bu suala məsələnin mahiyyətinə varmadan «yox» demək olar. 
Lakin … əgər qurban kəsən hər kəs desə ki, 50 qəpik dəyəri olan dəri ehtiyacı olan 
bədbəxtə,  qaçqına  nə  verəcək?  Yaxud,  hər  kəs  düşünsə  ki,  qaçqınlara  yardım 
məqsədilə minlərlə dəri toplanacaqsa, mənim verəcəyim bir dəriyə ehtiyac qalırmı? 
Lakin  fikirləşmək  lazımdır  ki,  həmin  minlər  sizin  verəcəyiniz  birlərdən  əmələ 
gəlir.  Əgər  hamı  yuxarıdakı  kimi  fikirləşsə,  onda  nəinki  min,  yüz,  heç  on  da 
düzəlməz. 
C.Hacıbəyli  qurbanlıq  qoyunların  dərisi  ilə  Qars  zərərçəkənlərinə  böyük 
miqdarda  yardım  etmək  mümkün  olduğunu  statistika  vasitəsi  ilə  sübuta  yetirir: 
Rusiyada  20-25  milyon  nəfər  müsəlman  yaşayır.  Hər  ailədə  orta  hesabla  5  nəfər 
olduğunu nəzərə alsaq, bu 4-5 milyon ailə edər. Tutaq ki, 1 milyon ailənin qurban 
kəsmək  imkanı  yoxdur.  Hər  ailədə  kəsilən  qoyunları  hesablasaq,    bu  ən  azı  3-4 
milyon  dəri  edər.  Elə  imkanlı  bəy,  xan  var  ki,  bir  yox,  bir  neçə  qoyun  kəsir. 
Kəsilmiş  qoyunların  dərisini  pula  çevirəndə  bu  1,5  milyon-2  milyon  rubl  edər. 
Müharibədən zərər çəkənlərə həmin vəsaitin bir hissəsi uzun müddət kifayət edər. 
C.Hacıbəyli  bütün  bunlardan  sonra  oxucusuna  müraciət  edir  ki,  Qurban  bayramı 
günü qoyun kəsəndə bunu unutmasın. 
«Yetimləri  unutmayın»  («Kaspi»  qəzeti,  12915-ci  il,  5  oktyabr,  №222) 
məqaləsini  də  böyük  publisistin  harayı  adlandırmaq  olar.  Siz  bu  gün  (Qurban 
bayramı  nəzərdə  tutulur  –  T.A.)  şəriətin  buyurduğu  kimi  10-20  rubl  xərcləyir, 
qurbanlıq qoyun alırsınız. O zaman  yetimləri  yedirməyə 50-60  qəpik xərcləməyə 
də  təəssüflənməyin.  Axı,  belələrinə  əl  tutmağı  da  şəriətimiz  bizə  buyurur. 
C.Hacıbəyli publisistikasında inandırmaq məharəti, dəmir məntiq çox böyük gücə 
malikdir. 
Böyük publisist ehtiyacı olanlara, xüsusilə Qars qaçqınlarına maddi yardımla 
kifayətlənməməyi, onlara mənəvi dayaq olmağı vacib məsələlərdən sayır. Müəllif 
hesab  edir  ki,  əgər  müharibədən  zərər  çəkən  uşaqdırsa,  o  zaman  onun  mənəvi 
dayağa,  tərbiyəyə  ehtiyacı  iki  qat  artıqdır.  C.Hacıbəylinin  «Uşaq  evləri»  adlı 
məqaləsi  («Kaspi»  qəzeti,  1915-ci  il,  8  oktyabr,  №223)  bu  məsələyə  həsr 
olunmuşdur. Qars qaçqınları bizə üz tutduqda onları qəbul etməyə hazır deyildik. 
Mətbuat  vasitəsilə  bu  barədə  ictimaiyyət  məlumatlandırıldıqdan  sonra  Qafqazın 
müxtəlif  bölgələrindən  adamlar  yetim  uşaqlara  yardım  etməyə,  bəziləri  isə 
övladlığa  götürməyə  hazır  olduqlarını  bildirirdilər.  C.Hacıbəylinin  fikrincə,  bu 
təqdirəlayiq olsa da, uşaq evləri şəbəkəsini genişləndirmək lazımdır. 
Qafqazda  Bakı  və  Tiflisdən  başqa  yetim  uşaqlara  yalnız  ailələrdə  baxılır. 
Müəllif  hesab  edir  ki,  uşaq  evləri  pansionat  funksiyasını  yerinə  yetirməməlidir: 
yemək,  içmək,  yatmaq,  geyindirməklə  kifayətlənməməlidir.  Uşaq  evləri,  həm  də 
tərbiyə  ocağı  olmalıdır.  Körpələrə  mənəvi  qida  verməlidir.  Ceyhun  bəy  uşaq 
evlərində  böyüməkdə  olan  nəslin  tərbiyəsində  ziyalıların  böyük  rol  oynaya 
biləcəklərini qeyd edir. 
«Müvəqqəti  Müsəlman  Komitəsində»  («Kaspi»  qəzeti,  1915-ci  il,  19 
sentyabr,  208),  «Cəmiyyətimizin  borcu»  («Kaspi»  qəzeti,  1915-ci  il,    20  noyabr, 

 
33 
260). «Kəndə kömək» («Kaspi» qəzeti, 1917-ci il, 5 mart, 51) və b. məqalələrində 
C.Hacıbəyli  ehtiyacı  olanlara,  xüsusilə  müsəlman  qaçqınlara  yardım  göstərilməsi 
sahəsindəki nöqsanlardan bəhs edir, xeyriyyəçiləri fəallığa çağırır. 
İstedadlı  publisist  C.Hacıbəylinin  yaradıcılığında  əhəmiyyətli    yer  tutan 
xeyriyyəçilik mövzusu bu gün də çox aktualdır. Onun bu mövzudakı əsərləri: 
-  tariximizi,  ənənələrimizi  öyrənmək,  tədqiq  etmək  baxımından  zəngin, 
maraqlı mənbədir; 
-  tariximizin  müəyyən  bir  dövrünün  mənzərəsini  əks  etdirən  faktlar 
toplusudur; 
- xeyriyyəçilik mövzusunda yazan jurnalist-publisistlər üçün məktəbdir; 
- indiki dövrdə xeyriyyəçilik hərəkatının güclənməsinə, ona təkan verilməsinə 
təsir edən amil kimi dəyərlidir; 
-  iş  adamlarını,  biznesmenləri  müəyyən  bir  məsələ  ətrafında  səfərbər  edə 
biləcək qüvvədir; 
- böyüməkdə olan nəslin mənəvi tərbiyəsində güclü vasitədir; 
- nəhayət, həyatın ibrət dərsidir. 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin