ABĠd tahġRLĠ



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

 
 
 
“525-ci qəzet”,14  , 21 iyul 2007 
 
Ġdrak və irĢad iĢığı 
 
(Mirzə Fətəli Axundzadə haqqında oxuduğum pyesdən təəssürat) 
 
Ədəbi-mədəni  mühitin,  xüsusilə  teatr  ictimaiyyətinin  yaxşı  tanıdığı  Arif 
Mədətovun bir sıra pyeslərinin səhnədə uğurla oynanıldığını bilsəm də, etiraf edim 
ki,    dramaturqun  yaradıcılığına  dərindən  bələdliyim  yox  idi.  Bu  yaxınlarda  onun, 
nəşrləri  ilə  respublikada,  eləcə  də  ölkəmizdən  kənarda  yaxşı  tanınan  «Çinar-çap» 
nəşriyyatında işıq üzü görən «Şeytan» adlı kitabı diqqətimi çəkdi. 
Burada  müəllifin  4  pyesi  toplanmışdır:  «Aylı  gecə»  (psixoloji  dram), 
«Şeytan»  (tragikomediya)  «Sezarın  taleyi»  (bədi-tarixi  faciə)  və  «İdrak  işığında» 
(tarixi dram).  Tanınmış şair - publisist Dilsuzun redaktor, Qoşqar İsmayıloğlunun 
naşir  olduğu  kitaba  sənətşünaslıq  doktoru,  professor  İlham  Rəhimli  «Psixoloji 
insan  münasibətləri»  adlı  ön  söz  yazmışdır.  İstedadlı  teatrşünas  İ.Rəhimli  Arif 
Mədətovun  pyeslərinin  janr  xüsusiyyətlərinə,  hadisələrin  dram  prinsiplərində 
bədii-estetik  təsvirinə,  xarakterlərin  əlvanlığına,  tarixi  reallıqlara  çağdaş  fəlsəfi 
baxışlarına görə diqqət çəkdiyini xüsusi vurğulayır,  hər bir əsərin ideya-məzmunu 
barədə  çox  yığcam  məlumat  verir  və  əmin  olduğunu  bildirir  ki,  teatrlarımızın 
orijinal  pyeslər  baxımından  korluq  çəkdiyi  bir  mərhələdə  «Şeytan»  kitabındakı  4 
yeni və maraqlı pyes bu sahədəki boşluğu müəyyən mənada doldurmuş olacaqdır.  
Ön  sözdən  məlum  olur  ki,  A.Mədətovun  «İdrak  işığında»  adlı  pyesi 
Azərbaycanın  böyük  mütəfəkkir  yazıçısı,  dramaturgiyamızın  banisi  Mirzə  Fətəli 
Axundzadənin  həyatından  bəhs  edir.  Professor  İlham  Rəhimliyə  görə,  M.F. 
Axundzadənin  həyatından  bir  neçə  dram  əsəri  yazılsa  da,  Arif  Mədətovun  pyesi 
müəllifin  tarixi  həqiqətlərə  yeni  estetik  prizmadan  yanaşması  və  Mirzə  Fətəlinin 
həyatının son dərəcə maraqlı epizodlarını dramaturji konfliktin mərkəzinə çəkməsi, 

 
114 
eyni  zamanda  əsərin  milli  meydan  teatrının  oyun  təsvir  estetikasının  poetika 
səciyyələri əsasında işlənilməsi ilə seçilir. 
Çağdaş Azərbaycan mədəniyyətinin patriarxı M.F.Axundzadənin əbədiyaşar 
irsinə tükənməyən marağım məni A.Mədətovun «Şeytan» kitabında sonda verilmiş 
«İdrak işığında» pyesini əvvəl oxumağa sövq etdi. Bəri başdan deyim ki, həyat və 
yaradıcılığına  heç  kimlə  müqayisəolunmaz  dərəcədə  maraq  göstərdiyim,  meyil 
saldığım,  əsərlərini,  xüsusi  ilə  məqalələrini  az  qala  əzbərdən  bildiyim  M.F. 
Axundzadənin  xalqımızın  tarixində  və  taleyində  misilsiz  xidmətlərinə,  milli-
mədəni  inkişafımızdakı  yeri  və  roluna  işıq  salan  bu  əsəri  mütaliə  etməkdən  çox 
məmnun  qaldım.  Dram  əsərlərinin  janr,  forma,  dil-üslub,  tipologiyaları  barədə 
çoxsaylı ədəbi materiallara, elmi-nəzəri mənbələrə istinad etmədən də, iddia etmək 
olar  ki,  A.Mədətovun  «İdrak  işığında»  pyesi  məzmun,  ideya  cəhətdən  nə  qədər 
aktual,  maraqlı  və  əhəmiyyətlidirsə,  forma,  kompozisiya  baxımından  da 
özünəməxsus  və  orijinaldır.  İki  hissəli  tarixi  dramın    qəhrəmanları  Mirzə  Fətəli, 
oğlu Rəşid bəy, milli mətbuatımızın banisi H.Zərdabi, Tiflisin general-qubernatoru 
D.Staroselski,  baron  Aleksandr  Pavloviç,  Mirzə  Hüseynxan,  Mirzə  Yusifxan, 
Makulu Sahib, altı nəfər aktyor və Mirzə Fətəlinin məşhur komediyalarındakı bəzi 
obrazlar:  Müsyo  Yordan,  Divanbəyi,  Birinci  ərizəçi,  İkinci  ərizəçi,  Heydər  bəy, 
Hacı Qara, kimyagər Molla İbrahim Xəlil, Hatəmxan və digərləridir. 
Maraqlı  və  diqqətçəkəndir  ki,  bütün  dialoq,  monoloq  və  səhnələr  M.F. 
Axundzadə  ideyalarının  daha  qabarıq  və  canlı  verilməsinə  xidmət  edir, 
ümumiyyətlə,  bu  pyesi  M.F.  Axundzadə  ideallarını  təcəssüm  etdirən,  onları  sərf-
nəzər  edən,  bir-bir  göstərən  ədəbi  mənbə  də  adlandırmaq  olar.  Müasir  və  hətta 
gələcək  Azərbaycan  cəmiyyətinin  seçdiyi,  getdiyi  yolun  bütün  konturları  Mirzə 
Fətəlinin  qələmində  əksini  tapmışdır.  Demokratiya,  azadlıq,  insan  haqları,  elm, 
mədəniyyət, tərəqqi, təhsil, sivilizasiya M.F. Axundzadənin vəsf etdiyi, arzuladığı 
ali,  bəşəri  dəyərlərdir,  mütilik,  köləlik,  fanatizm,  ətalət,  cəhalət,  yalan,  fırıldaq, 
xəsislik, hərislik isə onun cəmiyyət üzvlərində görmək istəmədiyi məziyyətlərdir.  
Dramaturq  Arif  Mədətov  pyesdəki  6  nəfər  aktyorun  dili  ilə  Mirzə  Fətəli 
düşüncələrini, ideyalarını bəyan edir: «Qoy bizim millətimizin də bir az gözü açılıb 
fanatiklikdən çıxsın, vətənpərvər olsun…; «bəşəriyyətin qələbəsi və səadəti ancaq 
o  zaman  mümkün  ola  biləcəkdir  ki,  insan  ağlı  tamamilə  əbədi  həbsdən  azad 
edilsin, bütün işlərdə və fikirlərdə rəvayətlər deyil, insan ağlı yeganə sənəd, sübut 
və hakimi - mütləq kimi tanınsın»; «… təqlid boyunduruğunu boynumuzdan ataraq 
qaranlıqdan işığa çıxaq, azad və sərbəst fikirli yaşayaq»; «fanatik əqidələr xalqın 
haqgörən gözünə pərdə çəkir, dünya işlərində yeniliklər və yüksəlişlər yaratmasına 
mane olur» və s. və i.  
A.Mədətov  aktyorların  dialoquna  Mirzə  Fətəlini  cəlb  etməklə  bir  tərəfdən 
səhnəyə bir sanballılıq, canlanma gətirir, digər tərəfdən əsl xalq xadiminin obrazını 
təqdim  edir.  Onun  fəlsəfi,  müdrik,  uzaqgörən  kəlamları  oxucunu,  tamaşaçını 
ovsunlayır,  düşündürür,  səfərbər  edir:  «Gəlin  əl-ələ  verək.  Xalqın  xoşbəxtliyi 
barədə  düşünək…Bilik    elə  bir  şeydir  ki,  başqalarına  bağışlanılmasa,  onun  sahibi 
dərdə  düşər,  ömrü  qüssə  və  kədər  işində  keçər…»,  «nəğmə  oxuma,  haramdır, 
nəğməyə  qulaq  asma,  haramdır,  rəqs  etmə,  məkruhdur,  rəqsə  tamaşa  etmə, 
məkruhdur,  saz  çalma,  haramdır,  saza  qulaq  asma,  haramdır,  şahmat  oynama, 

 
115 
haramdır,  nərd  oynama,  haramdır,  şəkil  çəkmə,  haramdır,  mənzilində  heykəl 
saxlama,  haramdır,  halbuki,  bunların  hər  birisi  müəyyən  ölçüdə  olursa,  insanın 
düşüncəsinə  cila  verir,  əqli  saflaşdırır  və  artırır».  M.Fətəlinin  ayrı-ayrı  bədii  və 
publisistik əsərlərində irəli sürdüyü  fikriləri, müddəaları A.Mədətov pyesdə onun 
öz  dilindən  səsləndirir.  Mirzə  Fətəliyə  görə,  cəmiyyətdə  asayişin  və  səadətin  
bərqərar olması, ədalətin zəfər çalması üçün qanunların olması,  millətin bəsirət və 
elm  sahibi  olması  zəruridir.  Böyük  filosof-yazıçısının  fikrincə,  fanatizm  xalqı 
qabiliyyət  cövhərindən,  insanlıq  şərəfindən  məhrum  edir,  fanatizm  insanların 
əlindən  azadlığı  alır,  fanatiklər  yüksək  fikir  və  sağlam  ağıl  sahiblərinə  danışmaq 
imkanı  vermirlər,  onları  mənəvi  zövqdən  məhrum  edirlər,  fanatizm  qadını  ömrü 
boyunca bədbəxt edir. 
Bütün  həyatını  xalqının  maariflənməsinə,  tərəqqisinə,  elmə,  təhsilə,  əlifba 
islahatına həsr edən Mirzə Fətəlinin bu işə nə qədər diqqət, enerji sərf etdiyini, eyni 
zamanda  cəhalətlə  dolu  cəmiyyətə  qarşı  inadkar  və  fədakar  mübarizəsini  əyani 
göstərmək  üçün  dramaturq  A.Mədətov  maraqlı  priyom  işlətmişdir.  O,  səhnədəki 
aktyorlara  müraciət  edərək,  paylamaq  üçün  onlara  verdiyi  kitabların  taleyi  ilə 
maraqlanır.  Məlum  olur  ki, «bir  müsəlman kitaba  yaxın düşmür», bu  azmış kimi, 
M.Fətəlinin  -  kitab  müəllifinin  ünvanına  hədyanlr,  təhqirlər  yağdırılır.  Hələ  bu 
harasıdır?! Günlərin birində bir mollanın təhriki ilə kitabların bir qisminə od vurub 
yandırırlar, bir qismini də ermənilərə satıblar.  
Çox  ibrətamizdir  ki,  Mirzə  Fətəli  bu  zərbələrdən  sonra  sarsılmır,  sınmır,  
yolundan  əqidəsindən  dönmür,  sabaha  inamını  itirmir:  «  Camaatın  avamlığına 
baxma, mən səpdiyim toxum münbit torpağa səpilib. Mən millətimizin gələcəyinə 
və  xoşbəxt  günlərinə  xatircəməm….  Hər  bir  qaranlığın  axırı  işıqdır  və  mənim 
millətim  də  yəqinimdir  ki,  əbədi  zülmət  içində  deyil,  onun  da  bir  işıqlı  günləri 
var… ». 
Pyesin «Bir neçə söz» adlı epiloqunda müəllif A.Mədətovun da qeyd etdiyi 
kimi,  «əsər  tarixi  sənədlər  əsasında  qələmə  alınmışdır.»  M.F.  Axundzadənin 
çoxşaxəli  ədəbi,  ictimai-siyasi  fəaliyyəti xronoloji  ardıcıllıqla,  konkret  mənbələrə 
istinad edilərək təqdim olunur. Məsələn, pyesdə oxuyuruq: «İkinci aktyor. 1851-ci 
il  6  fevral,  «Qafqaz»  qəzeti  bu  yaxınlarda  Mirzə  Fətəli  Axundovun  iki 
komediyasını çap  edəcəyini xəbər verir»; «Üçüncü aktyor. Ştabs  kapitan  Mirzə 
Fətəli Axundovun yazılı məruzəsi. 04.05.1853-cü il Tiflis»; «Birinci aktyor 13 may 
«Qafqaz» qəzeti. «Bakıdan bizə yazırlar ki, keçən aprel ayının 17-də xeyriyyəçilik 
məqsədi  ilə  ikinci  teatr  tamaşası  vermişlər»;  «Beşinci  aktyor  Tiflis.  Qafqaz 
Canişinliyi  Baş  İdarəsi  naçalniki  dəftərxanası  284  nömrəli  təliqə  ilə  Qafqaz 
senzorundan  soruşmuşdur…».  Yeri  gəlmişkən  deyək  ki,  A.Mədətov    arxiv 
sənədlərinə,  məxəzlərə  istinad  etməklə,  bir  tərəfdən  oxucunu  tam  inandırır,  digər 
tərəfdənsə,  Mirzə  Fətəlinin  iş  üslubuna,  sənədlərlə  işləmək  səriştəsinə  sadiq 
qaldığını  nümayiş  etdirir.  «M.F.Axundovun  yeni  əlifba  layihələri  və  məktubları» 
adlı  məqaləsində  professor  Həmid  Məmmədzadə  yazır:  «Yazıçı  və  şairlərimizin 
çoxunun  arxivi  itib  batmışdır.  Bizə  gəlib  çatan  arxivlər  içində  M.F.  Axundovun 
bilavasitə özü  tərəfindən  yaranıb  nizama  salınmış  arxivi zənginliyi  və  yaşı  etibarı 
ilə  birinci  yeri  tutur…  Bu  fondda  mütəfəkkir  yazıçının,  demək  olar  ki,  bütün 
əsərlərinin  əlyazmasını,  onların  müxtəlif  variantlarını,  onlarca  məktublarının 

 
116 
avtoqrafı  və  ya  katib  tərəfindən  ağardılmış  sürətini  görmək  olar.  Məktubların 
əhəmiyyətini    hamıdan  əvvəl  özü  düzgün  başa  düşən  ədib  onların  səliqə  ilə 
qorunub  saxlanılması  qeydinə  qalmış  və  yaxın  dostlarına  da  həmin  məktubları 
gələcək nəsillər üçün qorumağı tövsiyə etmişdir.». (Mirzə Fətəli Axundov. Əsərləri 
III cild, «Elm» nəşriyyatı, 1988, səh. 5) Mirzə Fətəli ölümündən bir neçə ay əvvəl 
Mirzə  Melkum  xana  ünvanlandığı  məktubda  yazırdı:  «Mənim  sizə  göndərdiyim 
məktubları əvvəldən axıra qədər xüsusi bir dəftərə köçürüb saxlayın! Bu məktublar 
biz  öləndən  sonra  gələcək  nəsil  üçün  tarixi  və  əntiqə  sənədlər  olacaqdır»  (yenə 
orada. səh. 15). 
«İdrak  işığında»  pyesində  Mirzə  Fətəlinin  öz  qəhrəmanları,  xüsusi  ilə 
komediyalarında  yaratdığı  obrazlarla  görüşü,  dialoqu  böyük  maraq  doğurur.  Bu 
səhnələr  hər  şeydən  öncə  Mirzə  Fətəlinin  feodal  əsarəti  və  orta  əsr  geriliyinə, 
fanatizmə, cəhalətə qarşı neçə ardıcıl və amansız mübarizə apardığını göz önündə 
canlandırır.  Kimyagər  Molla  İbrahim  Xəlil  öz  əməllərindən  əl  çəkməmişdir, 
əksinə, daha da quduzlaşmış, həyasızlaşmışdır, o, Mirzə Fətəliyə hücum çəkir, onu 
təhqir edir, fırıldaqlarını «peyğəmbərlərdən qalan elm»lə ört-basdır etməyə çalışır. 
O, hay-küylə cahil və avamları Mirzə Fətəliyə qarşı qaldırır. Mirzə Fətəli təmkinini 
pozmur,  Molla  İbrahim  Xəlilin    hədə-qorxularından  çəkinmir,  əksinə,  onu  yeni 
faktlarla  ifşa  edir  və  sonda  deyir:  «Get,  nə  edəcəksən,  et!  (Stolun  üstündəki  bir 
dəstə  kağızı  göstərir).  Budur,  bax,  Gəncədən  təkfir,  Nuxadan  nifrin,  Qarabağdan 
donos,  Bakıdan  təlin,  Şirvandan  həcv,  Dərbənddən  fəhş!  Get,  sən  də  təkfir  et, 
qəbulumdur».  Bunları  dinlədikcə,  cəhalətin  nə  qədər  dərinə  işlədiyinə,  zülmətin 
qalınlığına,  zalımın  nadanlığına  heyrət  edirsən,  eyni  zamanda  Mirzə  Fətəli 
mübarizəliyinə,  əzmkarlığına,  dönməzliyinə,  əzəmətinə  valeh  olursan.  Digər 
tərəfdən  isə  böyük  demokrat-yazıçının  nikbinliyinə,  sabaha  inamına,  məsləkinə, 
sədaqətinə  heyran  qalırsan:  «Hamı  məndən  üz döndərib və buna da səbəb  mənim 
həqq  yazmağım,  həqq  danışmağım  və  camaatın  ayıbını  açıb  üzünə  deməyimdir. 
Həqq acı isə də meyvəsi şirin olar!» Gələcəyə inam Mirzə Fətəlini dindən-imandan 
uzaqda  olmaqda,  «bir  nəfər  çör-çöp  yığan  kafir  firəngi»  onun  evində  qonaq 
saxlamaqda,  «övrətinin,  qızının  adını  camaata  bildirməkdə»  qınayan,  bununla  da 
kifayətlənməyib  onu  donosla,  Sibirlə,  sürgünlə  hədələyən  Hətəmxanla  dialoqda 
daha  qabarıq  üzə  çıxır:  «Hətəmxan  ağa!  Mən  əlimə  qələm  alanda  rüsvayi-cahan 
olmağı, təkfiri, vəhsü, hətta ölümü qəbul etmişəm. Sən nə deyəcəksən, de! Hamısı 
qəbuldur və nə səbəbə də qəbul etmişəm, onu sən anlamazsan. Ancaq bir vaxt olar, 
sənin oğlun və nəvən anlar. Sən məni söyürsən, amma sənin oğlun və nəvən mənə 
rəhmət oxuyacaqlar, yəgin bil!» 
Mirzə  Fətəlinin  məşhur  «pulu  batan,  malı  tutulan,  evi  yıxılan»,  həm  də 
məsxərəyə qoyulan Hacı Qara ilə görüşü də diqqəti çəkir. Hacı Qara öz əməllərinə 
məharətlə don geyindirir, «rus malı alıram, solgün çıxır, qızılbaş malı alıram, çürük 
çıxır»  -  deyərək  sızıldayır,    «saqqal  gətirməyə  gedəndə  bığı  da  qoyub  gəldiyini» 
göz yaşları ilə bəyan edir, Mirzə Fətəlidən kömək umur, ona dua edir… 
Dərviş  Məstəli  şah  isə  qəzəblidir,  ağzından  od  püskürür:  «Ya  hu,  ya  haqq! 
Sənsən  biz  dərviş  sinfini,  məsxərə  edən?  Sənsən  caduya,  sehrə  şəkk  gətirən? 
Sənsən  cəmi  əcinnə  taifəsinin  mənim  həyətimdə  olmağını  inkar  edən?  Sənsən 
mənim  Parisi  dağıtmağıma  inanmayan?»  M.Fətəlinin  kimyagər  Molla  İbrahim 

 
117 
Xəlil,  Hətəmxan  və  Hacı  Qara  ilə  sərt  dialoqu  dərvişlə  söhbətdə  istehzaya, 
kinayəyə çevrilir: «Səbr et, ağa dərviş, səbr et! Mən sənin barəndə səhv etmişəm və 
kitabımda  da  səndən  yazmağıma  peşman  olmuşam.»  Əlbəttə,  bununla  dramaturq 
A.Mədətov  həm  bütövlükdə  əsərə,  həm  də  dialoqlara  bir  çalar,  rəngarənglik 
gətirmişdir.  Əsərdə  Mirzə  Fətəlinin  Həsən  bəy  Zərdabi,  general-qubernator  D. 
Staroselski, Qafqaz Canişini dəftərxanasının direktoru A.F. Kruzenştern, akademik 
Dorn,  Mirzə  Hüseyn  xan,  Qafqaz  Canişinliyi  Baş  idarəsinin  direktoru  N.İ. 
Baranovski, Osmanlı dövlətinin sədr əzəmi,  Manuklu, oğlu Rəşid bəy və digərləri 
ilə  təmaslarını,  əlaqələrini  münasibətlərini  əks  etdirən  yazışmalar,  teleqramlar, 
məktublar,  dialoqlar  böyük  mütəfəkkir-yazıçının  həm  həyatının,  həm  də  bədii 
yaradıcılığının,  sosial  fəlsəfi  düşüncələrinin,  tənqidi  görüşlərinin,  əlifba  islahatı 
uğrunda  fəaliyyətinin  və  sensura  ilə  inadkar,  fasiləsiz  və  fədakar  mübarizəsinin 
işıqlandırılmasına  xidmət  edir.  Mirzə  Fətəlinin  Mirzə  Yusif  xanla  mükaliməsi 
gərgin olduğu qədər də səmimi və mənalıdır. İranın viran qalması, əlifba islahatı və 
digər  problemlərlə  bağlı  Mirzə  Yusif  xanın  Mirzə  Fətəliyə  ünvanladığı  saysız-
hesabsız suallara böyük maarifçi-filosof-reformator inandırıcı, təkzibolunmaz fakt 
və  dəlillərlə,  dəmir  məntiqlə  cavab  verir.  Onun  fikrincə,  İran  xalqının  Allahın 
verdiyi  nemətlərdən  faydalanması  üçün  «İran  camaatı  istər  şəhərli,  istər  kəndli, 
istər elat olsun, istinasız, qadınlı-kişili, Rusiya ölkəsinin əhalisi kimi, başdan-başa 
savadlı olmalı, təbiətin sirlərini öyrənməli, elmin gücü və qüdrətinə arxalanmalı», 
«hər bir məsələ də avropalıların təcrübəsini tətbiq etməyi» bacarmalıdır. 
Azərbaycan  mədəniyyətinin  iki  nəhəng,  parlaq  siması  Mirzə  Fətəli  və 
Həsənbəy  Zərdabinin  əlaqəsi,  əməkdaşlığı  da  pyesdə  epizodik,  lakin  yaddaqalan 
əksini  tapmışdır.  Müəllif  A.Mədətov  bunu,  həm  dahilərin  məlum  məşhur,  tarixi 
məktubları  ilə,  həm  də  mükalimələri  ilə  tamaşaçıya,  oxucuya  təqdim  edir.  Xalqın 
iki  böyük  xadimi  savadsızlığa,  fanatizmə  qarşı  mübarizə  yolları  barədə  düşünür, 
problemlərin  həlli  üçün  fikir  mübadiləsi  edir,  qarşılıqlı  tövsiyələr  verir,  bir-birini 
ruhlandırırlar. 
 
Mirzə  Fətəli  H.Zərdabiyə  bildirir  ki,  qəzetinizin  şriftindən  razıyam.  Amma 
türk  dilində  mətnləri  hazırlayan  mühərririn  işindən  çox  narazıyam.  O,  kiçik  bir 
elanda  bağışlanılmaz  səhvlərə  yol  vermişdir.  Onu  başqa  bir  savadlı  adamla  əvəz 
edin.  Sizin  qəzetinizin  əsas  vəzifələrindən  biri  ifadənin  gözəlliyi,  ibarələrin 
zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Qəzetiniz dilimizi yad 
ifadələrdən  təmizləməyə  çalışmalı,  bu  dildə  yazan  bütün  adamlar  üçün  nümunə 
olmalıdır.  H.  Zərdabi  də  Mirzə  Fətəliyə  xalqa  xidmət  yolunda  yorulmamağı, 
mübarizədən geri çəkilməməyi, ruhdan düşməməyi məsləhət bilir: «Boynuma alım 
ki,  təəccüb  eyləyirəm,  nədən  başqaları  yaşa  dolduqca  da  təcrübələri  artır,  əsərləri 
daha  ciddi  olur.  Siz  isə  etiraf  edirsiniz  ki,  əksinə,  heç  əlinizə  qələm  ala 
bilmirsiniz». Azərbaycan mədəniyyətinin iki korifeyinin həyatı və irsi bugünkü və 
gələcək  nəsil  üçün  örnək,  məktəb,  beyinlərə  qida,  gözlərə  nur  verən  tükənməz 
enerji mənbəyi, idrak işığıdır. 
Pyesdə müəllif A.Mədətov Mirzə Fətəlinin çoxşaxəli, eyni zamanda maraqlı 
və  mürəkkəb  işini  daha  qabarıq  vermək  üçün  diqqətçəkən  üslubdan  istifadə 
etmişdir. Mirzə Fətəli - əsərlərinin qəhrəmanları, Mirzə Fətəli - müasirləri, Mirzə 
Fətəli  -  aktyorlar,  Mirzə  Fətəli  -  oğlu  Rəşid  bəy  kimi  xətlər  böyük  demokratın, 

 
118 
qüdrətli  maarifçinin,  görkəmli  filosofun,  qayğıkeş  atanın  siyasi  -  fəlsəfi 
ideyalarının, müdrik düşüncələrinin, valideynlik duyğularının təcəssümünə xidmət 
edir. Əsərdə Mirzə Fətəli - akademik Dorn əlaqəsi cəmi 2 məktubda öz əksini tapır. 
Bununla  belə,  təkcə  bu  məktublar  həm  münasibətlərin  səmimiliyi,  həm  də  Mirzə 
Fətəlinin  idealları  və  xidmətləri  barədə  kifayət  qədər  təəssürat  yaradır.  Akademik 
Dorn  Mirzə  Fətəliyə  yazır:  «…  mən  belə  qərara  gəldim  ki,  müsəlman  ədəbiyyatı 
zənginliklərini  ümumin  malı  etmək  arzusundan  doğan  yeni  sisteminiz    sizin  bu 
məsələni hərtərəfli bilməklə qeyri-adi zəka  sahibi olduğunuzu sübut edir». 
Əsərin  finalını  da  Arif  Mədətov  Mirzə  Fətəli  ruhu,  inamı  ilə  tamamlayır. 
İdeyalarının, başladığı işlərin həyata keçiriləcəyinə bütün varlığı ilə inanan böyük 
maarifçi - demokrat, dahi filosof-yazıçı əsən küləyə - müqavimətə, qaranlığa sinə 
gərərək  işığa  doğru  irəliləyir,  üzünü  bütün  xalqa  tutub  gur  səslə  xitab  edir:  «  … 
Mən  millətimin  sabahına  inanıram.  İdrak  işığında  azad  Azərbaycan  bizi  səsləyir. 
Elə  bilməyin  ki,  mən  uzaqdayam.  Mən  bu  cahanda,  bu  torpaqda,  sizin 
aranızdayam! » 
 
“525-ci qəzet”, 1 noyabr 2008, 
 “Xalq qəzeti”,23 noyabr 2008  
 
 
«Kitabi-Dədə Qorqud» dastanın  
tədqiqində uğurlu addım 
 
Filologiya  elmləri  doktoru  Elməddin  Əlibəyzadənin  «Kitabi-Dədə  Qorqud: 
Tarixi hadisələri bədii təsdiq abidəsi» (Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1999, 
səh.332) əsəri yenicə çapdan çıxmışdır. Əsər müəllifin uzunmüddətli axtarışları və 
ciddi tədqiqatının uğurlu nəticəsidir, qarşıdakı yubileyə ən yaxşı töhfələrdən sayıla 
bilər. 
Ciddi  axtarışların  əsasında  yazılmış  bu  kitab  Azərbaycan  xalqının 
islamaqədərki VI-VII əsrlər tarixini bədii şəkildə əks etdirən parlaq səhifələri kimi 
təqdim  olunur.  Müəllif  tədqiqatı  məhz  bu  istiqamətdə  aparır,  elmi  faktlar  və 
məntiqi mühakimələrlə oxucunu inandırmağa çalışır, məqsədinə də nail olur. 
«Kitabi-Dədə Qorqud» 100 ildən artıq bir müddətdir ki, öyrənilir, araşdırılır. 
Uğurlarla yanaşı yanlış, ziddiyyətli və mübahisəli fikirlər də söylənilir. Xüsusilə, 
«Dədə  Qorqud  kitabı»nın  yaranma  tarixi,  coğrafiyası,  hansı  xalqa  mənsubluğu, 
islamla  bağlılığı,  Dədə  Qorqudun  şəxsiyyət  olub-olmadığı  və  s.  barədəki  fikir  və 
rəylər dəqiqləşdirilir. Bu barədə dünya fikri tədqiqat mərkəzinə çəkilir, araşdırılır, 
müvafiq elmi nəticələr çıxarılır. 
Budur:  «Dədə  Qorqud  kitabı»  mətninin  birinci  cümləsi,  başlanğıcı:  «Rəsul 
əleyhissəlam  zamanına  yaxın  Bayat  boyundan,  Qorqud  Ata  derlər  bir  ər  qopdı. 
Oğuzun ol kişi tamam bilicisi idi…» (dastan, səh.2). Tədqiqatçı qarşıya haqlı sual 
qoyur: bu «Rəsul əleyhissəlam, yəni Məhəmməd peyğəmbərin zamanına yaxınlıq» 
nə qədər ola, düşünülə bilər? 50 ilmi, 100 ilmi?! 

 
119 
Amerikalı  alimin  tədqiqatında  deyilir:  «Dastanların  tarixi  çox  qədimdir; 
İslam tarixindən xeyli əvvəl yaranmış bu dastanlar köçəri Oğuzların həyat tərzilə 
islam  mədəniyyətini  birləşdirir»  (Bax:  The  Book  of  Dede  Gorgud,  University  of 
Texas  rress,  Austin-London,  1972).  Tədqiqatçı  yenə  qarşıya  sual  qoyur:  «İslam 
tarixindən xeyli əvvəl», «Çox qədim tarix» nə qədər ola, düşünülə bilər?! 50 ilmi, 
100 ilmi?!» 
İngiltərə  aliminin  tədqiqatında  deyilir:  «Çadra,  hərəm,  çoxarvadlılıq 
ərəblərin  islam  dinini  qəbul  etdirdikləri  vaxtdan  sonra  başlanır.  Dastanlarda 
qadınlara  bir  ana  kimi  sitayiş  edilir:  bir  arvad,  bir  həyat  yoldaşı  kimi  hörmət 
göstərilir…» (Bax: The Book of Dede Gorgud, Pengvim Boks, London, 1974). 
Rus tədqiqatında deyilir: «Eposda çoxarvadlılıqdan əsər-əlamət yoxdur. Hər 
bir  igidin  «Göz  açıban  gördüyü»,  «Könül  verib  sevdiyi»  ancaq  bir  həyat  yoldaşı 
var» (Bax: V.V.Bartolgd, «Kniqa moeqo deda Korkuda, M.-L., 1962, str.115). Bu 
məsələdə  ingilis  alimi  L.Cöfrey  də  eyni  mövqedən  çıxış  edir  və  deyir:  hər  cür 
imkan  və  şəraitə  baxmayaraq,  «Oğuz  bəylərinin  ancaq  bir  arvadı  olur»  və 
ömürlərinin  sonunadək  ona  sadiq  qalırlar  (Bax:  The  Book  of  Dede  Gorgud, 
Pengvim Boks, London, 1974). 
Yunan tarixçisi F.Simokatta və b. rəyləri də bu fikirlərlə səsləşir və s. 
Tədqiqatçı  E.Əlibəyzadə  yazır  ki,  bütün  bu  fikir  və  rəylər  «Dədə  Qorqud 
kitabı»nın  öz  mətnindən,  oradakı  real  həyat  və  hadisələrdən  çıxış  edilərək 
söylənildiyi  üçün  bizi  dastanın  tamamlanma  tarixinin  ən  geci  islamiyyətin  ilk 
əsrinə aid etmək qənaətinə gətirir və onun müəllifinin indi azı 1500 yaşı olduğuna 
inam yaradır. 
«Dədə  Qorqud  kitabı»ndakı  VI-VII  əsrlərə  aid  hadisə  və  əhvalatlarda 
Azərbaycan dövlətçilik ənənəsi öz əksini tapmışdır. Bu, tamamilə yeni bir problem 
kimi  qoyulur  və  ilkin  həllini  tapır.  Bu  ənənənin  əsasları  çox  qədim  dövrlərlə 
bağlanır. Dastanda dönə-dönə xatırlanan, təsviri verilən dövlət qurumu və ənənəsi 
Göy Türk xaqanlığının dövlət qurumuna tam uyğun gəlir. Aşkar olur ki, o vaxtlar, 
yəni V-VI əsrlərdə Azərbaycan torpağı, bütövlükdə Qafqaz Göy Türk xaqanlığına 
daxil  idi  (Bax:  Lev  Nikolayeviç  Qumilyovdan  götürülüb,  kitabda  verilən  xəritə, 
səh.46). Azərbaycan müstəqil dövlət olaraq fəaliyyət göstərirdi. 
Azərbaycan  tarixinin  bu  istiqamətdə  tədqiqi  çox  gərəkli  bir  işdir  və 
gələcəkdə ön plana çəkilməlidir, tədqiqat bu istiqamətə yönəlməlidir. 
Tədqiqatda  «Oğuz  elinin  igidləri»  bölməsi  məhz  bu  dövləti  yaşadan,  onu 
xarici düşmənlərdən qoruyan bahadırların fəaliyyətinə həsr olunub. Qəhrəmanların 
xəlqi-milli xarakteri, dönməzliyi, mübarizliyi, vətənə, elə sədaqəti Qorqud Atanın 
ağlı,  zəkası  və  məntiqinin  qüdrətilə  açılır,  təsdiqlənir.  Dastanlarda  Bayandır  xan, 
Qazan  xan,  Beyrək,  Bəkil,  Qaragünə,  Bükdüz  Əmən,  Əmran,  Əkrək  və  b. 
xalqımızın  VI-VII  əsrlər  tarixinin  yaradıcıları,  əsl  oğulları,  kamil  insanları  kimi 
tədqiq və təqdim olunur. 
Bu, tədqiqatçının ciddi elmi qənaəti, tədqiqatın uğuru və nailiyyətidir. 
Kitabda  «Oğuzlarda  ailə-məhəbbət  mənəvi  aləmi»  (səh.125-139),  «Oğuz 
elinin 
qadınları» 
(səh.148-157) 
bölmələri 
xalqımızın 
bəşəri-insani 
keyfiyyətlərindən bəhs edir. 

 
120 
Kitabın  «Dədə  Qorqud»un  dili  və  üslubu»  adlı  bölməsi  xüsusi  diqqət  cəlb 
edir;  burada  «Drezden»  əlyazma  nüsxəsinin  imlası  üzərində  dayanılır.  «Orxan-
Yenisey» kitabələrinin əlifbası, imlası və dili ilə müqayisələr aparılır. 
Azərbaycan  türk  dilinin  inkişaf  səviyyəsi,  poetik  qüdrəti,  saz-söz  sənətinin 
vəhdəti,  xalq  danışıq  dili  və  nitq  mədəniyyəti,  onun  ətraf  mühitə  təsiri  və  s. 
məsələlər  kitabda  öz  elmi  həllini  tapır.  Frazeoloji  ifadə  və  vahidlərə  ayrıca  yer 
verilir.  Əsir-bə-əsir  dastanlar  yazıya  alınıb  köçürüldükcə,  ora  daxil  olan  «yad 
qatlar», ərəb-fars sözləri, islam dini təsir və təsəvvürlərinin şərhi və təhlili diqqət 
mərkəzinə çəkilir. 
«Dədə  Qorqud  kitabı»  öyrənilməkdə  davam  edir.  Bu  tarixi  abidə  elə  bir 
mənəvi xəzinədir ki, onu tədqiq edib sona varmaq mümkün olan iş deyil. 
 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin