ABĠd tahġRLĠ



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

Rəssamlıq. «Türkiyə karikaturası müasir dövrdə dünyanın ən yüksək bədii-
estetik  səviyyəli  karikaturalarından  biridir.  Mən  İstanbul  Karikatura  Muzeyində 
«İnsan hüququ» mövzusunda açılmış karikatura sərgisinə baxdım və uzun müddət 
bu sərginin təsiri altında qaldım».   

 
90 
Kino.  «…  «onuncu  sənət»  başqa  ölkələri  olduğu  kimi,  Türkiyəni  də  fəth 
etməyə başladı və hazırda Türkiyə hər il 250 bədii film istehsal edən və 300 xarici 
filmi  türk  dilinə  dublyaj  edən  bir  kino  ölkəsidir:  burasını  da  qeyd  edim  ki, 
Türkiyədə ilk milli film (xronika) 1914-cü, ilk bədii film (komediya) 1917-ci ildə 
çəkilmişdir». 
Ədəbiyyat.  «Bugünkü  türk  ədəbiyyatı,  bir  tam  halında  və  sözün  yüksək 
mənasında,  özünü  ifadə  və  təsdiq  edə  bilən  bir  ədəbiyyatdır».  «Müasir  türk 
ədəbiyyatı bir küll halında öz xalqını tanıyan, onun həyatına, arzularına, təbiətinə 
bələd  olan  psixoloji  bir  ədəbiyyatdır».  «Türkiyədə  uşaq  ədəbiyyatı  çox  inkişaf 
etmiş  və  geniş  yayılmışdır:  poliqrafiya  və  tərtibat  baxımından  nəfis  şəkildə 
buraxılan uşaq kitabları çox çap olunur, çox satılır və çox oxunur». 
Atatürkə  məhəbbət  və  əlifba  islahatı: «Türkiyədə dini fanatiklərin, eləcə 
də  həmişə  hər  cür  yeniliyə  qarşı  çıxış  edən  reaksiyanın  kəskin  müqavimətinə 
baxmayaraq, Atatürkün polad iradəsi ərəb əlifbasını latın əlifbası ilə əvəz etdi və 
bu, əhalinin savadlanmasında əhəmiyyətli rol oynadı».  70-80-ci illərin gəncləri bu 
sətirlərin  sevgisi  ilə  sehrlənmiş  və  onların  qəlbinə  Türkiyəyə  məhəbbət  közü, 
qığılcımı düşmüşdür. 
Elçinin  Nazim  Hikmətə,  Əziz  Nesinə,  Yaşar  Kamala  olan  sonsuz  sevgisi 
ötən  əsrin  70-80-ci  illər  oxucusuna  sirayət  etmişdir.  Ümumiyyətlə,  oçerk  türk 
ədəbiyyatı  tarixi  və müasir  dövrü barədə  məlumatlarla  zəngindir.  Bu  da  təbiidir. 
Səfər  Yazıçılar  İttifaqı  tərəfindən  təşkil  edilmişdir  və  nümayəndə  heyəti  Türkiyə 
Yazarlar  Sindikasının  dəvəti  ilə  Türkiyədə  qonaqdırlar.  Məqsəd  müasir  türk 
yazıçıları,  mədəniyyət  xadimləri  ilə  tanışlıq  və  ən  müxtəlif  problemlər  ətrafında 
fikir  mübadiləsidir.  Maraqlıdır  ki,  müəllif  səfərin  məqsədi  barədə  məlumat 
verərkən  bura  «hər  birimizin  bir  yazıçı  kimi  fərdi  marağımız»  sözlərini  də  əlavə 
etmişdir. Elçinin «fərdi marağı» təbii ki, «ictimai və milli mənafe» anlamındadır və 
bu maraq ədəbi-bədii, sənət çərçivələrilə məhdudlanmır. Məhz buna görə də oçerk, 
əslində Türkiyənin bütün mənzərəsi – ictimai-siyasi, iqtisadi, tarixi, ədəbi-mədəni 
həyatına  bir  işıq  salır.  Bununla  belə,  türk  ədəbi  mühiti  əsərdə  daha  geniş  əksini 
tapmışdır. 
Elçin türk ədəbi nümunələrini dünya, o cümlədən Azərbaycan ədəbiyyatı ilə 
müqayisədə  təhlil  edir,  maraqlı  və  qəti  qənaətə  gəlir:  vicdanlı  ədəbiyyat.  Elçin 
Atatürkün Tofiq Fikrət haqqında söylədiyi «bütün həyatı boyu yalnız öz vicdanının 
sözünə  baxan  bir  şair»  fikrini  o  dövrdə  yaşayıb  yaratmış  bir  çox  türk  yazıçı  və 
şairlərinin xarakterik cəhəti kimi xüsusi qeyd edir və yazır ki, onuncu illərin sonu, 
iyirminci  illərin  əvvəllərində  türk  milli-azadlıq  hərəkatı  və  bu  hərəkatın  rəhbəri 
Atatürk  qabaqcıl  türk  ədəbiyyatının  böyük  mənəvi  dayağını  hiss  etmişdir. 
Diqqətçəkəndir  ki,  müəllifi  cəmiyyətin  müxtəlif  təbəqələrinin  fikirləri  də 
düşündürür.  O,  fəhlədən,  taksi  sürücüsündən,  şəhər  bələdiyyəsinin  əməkdaşından 
da  hansı  əsəri  oxuduğunu  soruşur.  Polis  nəfərinin,  məmurun  Nazim  Hikməti 
oxuyub-oxumadığı  ilə  maraqlanır.  Elçinin  Nazim  Hikmət  sevgisi  suyu  gözünə 
sığmayan, daim çağlayan bulağa bənzəyir: aşıb-daşır. Gah bu qüdrətli türk şairini – 
«hündür boylu, sarışın, göy gözlərindən işıq və hərarət saçan yaraşıqlı insanı» ilk 
dəfə  gördüyü  günü  və  heç  vaxt  unutmadığını  xatırlayır,  gah  Gülxanə  parkında 
ceviz  ağacı  axtarır,  tapmayanda  içdən  kədərlənir,  gah  bugünkü  Türkiyədə 

 
91 
N.Hikmətin  çox  çap  olunduğunu,  çox  oxunduğunu,  çox  sevildiyini  öz  oxucusuna 
sevinclə  çatdırır,  gah  məhəbbətlə  Nazim  Hikmətin  adının  Azərbaycanda, 
Azərbaycan  yazıçıları,  şairləri  ilə  bir  cərgədə  çəkildiyini  söyləyir,  Bolqarıstanda 
səkkiz  cildliyinin  nəşr  edildiyini  dilə  gətirir,  gah  da  Nazim  Hikmətlə  bağlı  dildə 
dastanlaşan hekayətləri nəql edir. Elçinin Dəmirdaş Ceyhun, Selnur Sezər, Adnan 
Özyalçınər, Tomris Uyar, Turqut Uyar, Aydın Hətiboğlu, Çingiz Bəktaş, Müjdak 
Gəzən, Əsən Yel, Elmil Qalib kimi tanınmış yazıçı, şair, jurnalistlərlə görüşü, fikir 
mübadiləsi böyük maraqla oxunur və yadda qalır. Elçin qələminin qüdrəti ondadır 
ki,  o,  oxucunu  yormadan,  incitmədən  əsrlərdən-əsrlərə,  əsərlərdən-əsərlərə,  
ölkələrdən-ölkələrə  apara  bilir.  O,  öz  fikirlərini  Yunus  İmrə,  Qul  Hümmət, 
M.Ə.Sabir,  Nazim  Hikmət  misraları,  Yaşar  Kamal,  Lev  Tolstoy,  Pobindranat 
Taqor  kəlamları,  Nəsrəddin  Xoca  lətifələri,  xalq  mahnıları,  nağıllar,  atalar  sözü, 
zərb-məsəllərlə  zənginləşdirir,  mülahizə,  mühakimələrini  əsaslandırır  və  daha 
təsirli  edir.  O,  söz  azadlığı  və  onun  uğrunda  türk  sənətkarlarının  mübarizəsi 
haqqında yazanda Əziz Nesinin məşhur «Cərrahların konqresi» hekayəsini, şöhrətli 
rəssam  Səmih  Balçıoğlunun  karikaturasını  xatırladır.  Ərəb  əlifbası  ilə  bağlı 
Türkiyədə  həyata  keçirilən  reforma  haqqında  bəhs  edəndə,  o,  bu  sahədə 
M.F.Axundov və F.Köçərlinin fəaliyyətini yada salır. 
Elçin  Türkiyənin  uğurları  ilə  oxucunu  müjdələyir,  eyni  zamanda  oranın 
problemlərindən də  kədərlə, təəssüf  hissi  ilə  söz  açır. O, bu  mövzuda da  yazanda 
Türkiyəyə  məhəbbətini  gizlədə  bilmir.  Terror,  siyasi  çəkişmələr,  maoçu,  xocaçı, 
trotskiçi,  qevaraçı,  qəddafiçi,  marksçı,  engelsçi  adları  ilə  cavanların  arasında 
yayılmış  siyasi  hərdəmxəyallıq,  dəmdəməkilik,  porno-albomlar,  porno-şəkillər, 
pornofilmlər,  seks  jurnalları  Türkiyə  həyatının  cizgiləridir  və  müəllifi  qəlbdən 
üzür:  «Bu  gün  terrorçuluq  Türkiyə  kimi  gözəl  təbiətli,  qonaqcıl,  mülayim  və 
mehriban  əhalisi  olan,  zəngin  ədəbi-mədəni  irsə  malik  dünya  tarixini  yaradan 
ölkələrdən birini tamam sarsıtmışdır». 
Elçinin  səyahətnamələrini  müəyyən  mənada  səfər  etdiyi  əcnəbi  ölkənin 
ədəbi  oçerki  də  adlandırmaq  olar.  Bu  baxımdan  Qanaya  («Yanan  ağacın 
şəfəqləri»),  Tunisə  («Palma  ülfəti»),  Macarıstana  («Dyula  Çak  ilə  söhbət»)  
səfərlər  xüsusi  ilə  xarakterikdir.  «Yanan  ağacın  şəfəqləri»  oçerkində  qədim  və 
zəngin  Afrika  ölkəsi  Qanada  məskunlaşan  xalqlar, onların  həyat  və  düşüncə  tərzi 
haqqında  maraqlı,  ibrətamiz  məlumatlar verilir.  Müəllifin təbirincə  desək,  «əbədi 
bir  mövzu:  xalq  və  ədəbiyyat»  isə  oçerkin  ruhuna  tam  hakimdir.  XIX  əsrin 
sonlarından  başlayan  ingilisdilli  Qana  ədəbiyyatında  son  illərdə  milli  dillərdə  də 
nümunələr  yaranır.  Elçin  ədəbi  mövzunu  oxucuya  hərtərəfli,  detalları  ilə  təqdim 
üçün diqqətçəkən forma seçir. O, müasir Qananın ən görkəmli nümayəndələrindən 
biri  Atukvey  Okay  ilə  ədəbi  polemikaya  girir.  Təxəllüs-ad  seçməkdən, 
müstəmləkəçiliyin  fəsadları  və  ədəbi  proses,  özünüifadə  yolları,  milli  dil,  təhsil, 
sosial  problemlər,  irqlər,  ədəbi  qəhrəmanlar  və  əsl  sənətin  kriteriyalarınadək 
müxtəlif  səpgili  məsələlər  diskussiyanı  daha  ehtiraslı,  canlı  və  yaddaqalan  edir. 
Söhbət  bitdikdən  sonra  sanki  Qana  ədəbiyyatının  tarixi  və  bu  günü  barədə  bir 
ensiklopedik mənbə oxumuş kimi olursan… 
Eləcə  də,  müəllifin  «Palma  ülfəti»  oçerkində  Tunisin  və  ümumiyyətlə, 
müasir  ərəb  ədəbiyyatının  tanınmış  nümayəndələrindən  biri  Mustafa  Əl-Farsi  ilə 

 
92 
ədəbi  söhbəti  eyni  təsir  bağışlayır.  Burada  da  oxucu  ərəb  dünyasının  bir  parçası 
Tunisin tarixi və müasir görkəmli simaları, yerli əhalinin məşğuliyyəti barədə çox 
maraqlı,  yaddaqalan  məlumatlar  alır.  Müəllifin  də  yazdığı  kimi,  otellərin  gəldi-
gedəri  nömrələrində,  Əbdülrəhmanın  sürdüyü  maşında,  Mustafagilin  hər  küncü 
yazmaqdan,  qələm  işindən  xəbər  verən,  başdan-başa  yazıçı  ovqatı  ilə  nəfəs  alan 
evində, Tunis Mədəniyyət Nazirliyinin, Ədəbiyyat departamentinin keçirdiyi rəsmi 
tədbir  və  yığıncaqlarda,  Tunis  Yazıçılar  Birliyində,  eləcə  də  ölkənin  görkəmli 
yazıçı və ədəbiyyatşünasları – Nurəddin Səmmudla, Ömər ben Salemlə, professor 
Mühəmməd Fantarla, Mədəniyyət İşləri üzrə Milli Komitənin rəisi Ömər Süxeyri 
və bir çox başqaları ilə bədii ədəbiyyatın predmeti, müasir dövrdə oynadığı rol və 
vəzifələri barədə geniş söhbətlər, ədəbi mübahisələr canlı, ehtiraslı dillə nəql edilir 
və böyük maraq doğurur.  
«Dyula  Çak  ilə  söhbət»  adlı  oçerki  həm  Macarıstana  səfər,  həm  də  macar 
ədəbiyyatına  –  onun  tarixinə  və  bu  gününə  səyahət  adlandırmaq  olar.  Müəllif 
oçerkdə Budapeştlə bağlı ilk təəssüratını, - «Yevropa» nəşriyyatı tərəfindən macar 
dilində  «Gümüşü  furqon»  adı  ilə  kitabının  nəşri  haqqında  xəbəri  oxucu  ilə 
məmnunluqla bölüşdükdən sonra söhbəti orijinal forma ilə davam etdirir: 
«İştirakçılar: Dyula Çak, mən, tərcüməçimiz və mənim dostum Adam, bir də 
ki, maqnitofon. 
Məkan: Budapeşt. Macarıstan Yazıçılar İttifaqı. 
Zaman: 27 yanvar 1983. Saat 10
30
». 
Bu  cür  təqdimatdan  sonra  sərhədsiz  sənət-ədəbiyyat  mövzusunda  iki 
yazıçının  maraqlı  mübahisəsi  başlayır.  Ədəbi  cərəyanlar,  mövzu,  forma,  söz 
sənətinin  həyata  təsiri,  ədəbiyyatda  milli,  bəşəri  problemlər,  əsl  sənətin 
göstəriciləri  kimi  məsələlər  ətrafında  ciddi  müzakirələr  dünya,  Azərbaycan  və 
Macarıstan  ədəbiyyatının  klassiklərinin  irsindən  nümunələr  gətirilməklə  aparılır. 
Fikir mübadiləsi nə qədər qızğın, ehtiraslı olsa da, qənaətlər bir o qədər dolğun və 
yaxındır: «…hər bir yazıçı qələmi ilə ağ kağızın üzərində yalnız özünü deyil, eyni 
zamanda, özü ilə birlikdə öz xalqını da ifadə edir»; «Milliliyin fövqündə bəşərilik 
olmadığı  kimi,  cəmiyyətin  də  fövqündə,  ümumiyyətlə,  ədəbiyyat  yoxdur»; 
«Ədəbiyyatın  vətəndaşlığı…  həmin  ədəbiyyatın  milliliyindən  asılıdır»;  «Elm 
təbiəti,  xarici  aləmi  dərk  və  izah  edir,  ədəbiyyat  isə,  -  söhbət  istedaddan  gedir!  – 
insanın  daxili dünyasını  dərk və izah  etməlidir»;  «Tənqid bir tərəfdən  ədəbiyyatı 
dərk etmək üçün oxucuya köməklik göstərməlidir, digər tərəfdən isə dünyanı dərk 
etmək  üçün  yazıçının  özünə  köməklik  göstərmək  iqtidarında  olmalıdır»;  «Yazıçı 
sözü  oxucu  üçündür.  Tənqidçi  isə  öz  sözünü  həm  oxucuya,  həm  də  yazıçıya 
deməlidir»;  «…formaya  etinasız  yanaşmaq  da,  formaya  aludə  olmaq  kimi 
zərərlidir» və s. və i.  
… «Başqa bir şəhərdən gəlmiş bir impressario zırpı bir kişini bazar başında 
qurduğu səhnəyə çıxarıb camaata göstərir, tərifləyir ki, ay camaat, bu kişi dünyanın 
ən böyük pəhləvanıdır, dünyada bundan güclü məxluq yoxdur, bir dəfə bir öküzün 
buynuzlarından yapışıb yerə mıxlayıb, bir dəfə də yumruğu ilə kəlin belini sındırıb, 
bir  dəfə  də  filan  işi  görüb.  Bazardakı  adamlardan  heç  kəs  onların  yanında  ayaq 
saxlamır, hərə öz işi ilə məşğul olur. İmpressario yanından ötən bir nəfəri saxlayıb 
soruşur  ki,  mən  bu  şəhərə  belə  bir  məşhur  pəhləvan  gətirmişəm,  niyə  heç  kim 

 
93 
tamaşa eləmək istəmir. Şəhərli cavab verir ki, sən bir belə təriflər deyincə, elanlar 
verincə, qoy bu pəhləvan əl atıb bu yekə daşlardan birini götürsün, elə oynatsın ki, 
camaat  da  yığışsın  başınıza».  Bu  qaravəllini  Elçin  «Dünyada  amur  üzürdü»  adlı 
səyahət  oçerkində  xatırladır  və  əvvəlcədən  hamının  bildiyi  faktlarla,  hamının 
gördüyü  hadisələrlə  oxucunu  yormayacağını  bəyan  edir:  «Yəni  ki,  televizorda 
gördüklərimizdən  başqa,  kitablarda 
oxuduqlarımızdan 
və 
ya 
oxuya 
biləcəklərimizdən  başqa,  sən  özün  nə  görmüsən?  Nə  görmüsən,  yəni  nə  hiss 
etmisən,  nə  düşünmüsən?».  «Yaxın,  uzaq  Türkiyə»də  isə  Elçin  Marko  Polo, 
Afanasi Nikitin, Zeynalabdin Şirvaninin və onlarla, yüzlərlə, minlərlə digər məşhur 
və  qeyri-məşhur  səyyahların  yaşadıqları  dünyanı  insanlara  tanıtdıqlarını,  lakin  bu 
cəsur  və  müdrik  sələflərin  əzab-əziyyətlərə  sinə  gərib  beş  ilə,  on  ilə  yer  üzündə 
Şimaldan  Cənuba,  Şərqdən  Qərbə,  necə  deyərlər  çarıq  yırtıb,  dərə-təpə  aşıb 
gördüklərini, qələmlə təsvir etdiklərini bugünkü texnikanın bir anda etdiyini xüsusi 
vurğulayır. Bu qeydlər Elçinin həm bu işə girişməyin – səyahətnamə yazmağın nə 
qədər  məsuliyyətli  olduğuna,  eyni  zamanda  bununla  yanaşı,  oxucuya  yeni  söz 
deyəcəyinə bir işarədir. Və bu Söz deyilir. 
Çağdaş  Azərbaycan  ədəbiyyatının  canlı  klassiki  Elçinin  yaratdığı 
belletristika  nümunələri  («Mahmud  və  Məryəm»,  «Ağ  dəvə»,  «Ölüm  hökmü» 
romanları,  «Toyuğun  diri  qalması»,  «Dolça»,  «Bir  görüşün  tarixçəsi»  povestləri, 
«Baladadaşın ilk məhəbbəti», «Sarı gəlin», «Araba» hekayələri, «Ah, Paris, Paris», 
«Mənim sevimli dəlim», «Mənim  ərim dəlidir», «Şekspir» dram  əsərləri və s. və 
i.).  XX  əsrin  60-cı  illərinin  və  XXI  əsrin  əvvəllərinin  Azərbaycan  bədii-estetik 
fikrinin  təzahüratı  və  danılmaz  nailiyyəti,  səyahətnamələri  bəhs  olunan  yerin  və 
dövrün aynası, özünüifadənin publisistikada təkrarsız təcəssümüdür. 
 
“525-ci qəzet”,7 may 2008, 
“Mədəniyyət” qəzeti ,9 may 2008 
 
Dahi ġekspir, möhtəĢəm  “ġekspir” 
 
          Tarixi  on  illərlə  ölçülən  Azərbaycan  teatrlarının  cərgəsinə  yenicə  qoşulan 
“ÜNS”  yaradıcılıq  səhnəsi  “  cəsarətli  ,  ciddi,  orijinal  addımları  ,  axtarışları  ilə 
mədəni  həyata  fəal  nüfuz  etməkdədir.  Xalq  yazıçısı  Elçinin  “Şekspir”  pyesi 
əsasında səhnələşdirilən tamaşa ilə isə fikrimizcə,   “ÜNS” özünün səhnə tarixinə 
bir  möhür  vurdu.  Təsadüfü  deyil  ki,  bu möhtəşəm  tamaşanın  üstün  məziyyətləri-
rejissor,  rəssam  işi,  aktyorların  mahir  bənzərsiz  ifası  KİV-də  böyük  əks-səda 
vermişdir. Aktyorların hər birinin canlandırdıqları obrazların, xarakterlərin hiss və 
düşüncələri,  “ciddi  və  kədərli  komediya  “nın  probleminin  və  predmetinin 
açılmasına xidmət  edən oyun tərzi,  rəngarəng  jest   və  mimikaları, bir-birini  əvəz 
edən dinamik və çevik hərəkətləri sahə mütəxəssislərinin də diqqətini çəkmişdir. 
 
Doğrudan  da,  əsərin-tamaşanın  ideya-istiqaməti,  aktuallığı,  pyesin  uğurlu 
səhnə  həlli  üçün  bədii  rəhbər  Nərgiz  xanım  Paşayevanın,  rejissor  Bəhram 
Osmanovun  və  rəssam  Nüsrət  Hacıyevin  özünəməxsus,  sadə,  həm  də  qeyri-adi, 

 
94 
cox maraqlı yaradıcılıq axtarışları, tapıntıları, təşəbbüsləri, cəhdləri yüksək diqqətə 
layiqdir.  Məkan  baxımından  hadisələrin  cərəyan  etdiyi  ünvan  bütün  tamaşa  boyu 
dəyişmir:  ruhi  xəstəliklər  klinikası.  Buradakı  hadisələr  dramatik,  gərgin  eyni 
zamanda  ibrətamizdir.  Cəmi  8  aktyorun  iştirak  etdiyi  tamaşada  az  qala  800 
adamlıq  qələbəlik  yaşanır.  Səhnə  içərisində  eyni  vaxtda  bir-birindən  diqqətçəkən 
2-3 , bəzən 4-5 səhnə yaranır: veneralı öz aləmindədir: həsrətlə, həyacanla, ümidlə 
səmaya boylanır, Stalin törətdiklərinə görə yenə təkəbbürlə tövbə etməkdədir, Ər-
Arvad öz dünyasında...   
 
 
 
 
 
 
Ruhi xəstəliklər klinikasında baş verənlər – ağıllıların və dəlilərin istər ayrı-
ayrılıqda,  istərsə  də  bir  yerdə  ehtiraslı  mübahisələri,  mükalimələri,  hay-küylü 
dialoqları  əcayib-qərayib  jestləri,  rəqsləri,  “Romeo  və  Cülyetta”dan  səhnəcikləri, 
eləcə də səhnənin ekranında bir-birini əvəz edən tablolar, bütün bu mənzələrin təsir 
gücünü artıran işıq, tüstü fonu, digər elementlər həyatın və bəşər övladının bir sıra 
ədəbi  və  əzəli  problemlərinin  yazıçının  təsvir  etdiyi  kimi  təqdiminə  yönəlmişdir. 
Ən  müxtəlif  səbəblərdən,  xüsusi  ilə  klassik  ədəbi  nümunələrdə  dəli,  təlxək 
obrazları vasitəsi ilə yazıçı cəmiyyətdə, daha çox onun ali təbəqəsində baş verən 
ədalətsizliyə,  haqsızlığa,  çirkin  əməllərə,  yalana,  məkrə,  hiyləyə,  zülmə  qarşı 
üsyan, etiraz edir.   
 
 
 
 
 
 
 
 
 
 
Bugünkü  ədəbiyyatda  konkret  “Şekspir”  pyesində  “dəlinin”  təyinatı 
“dəliliyin”  anatomiyası dəyişmişdir.  Söz  azadlığının, digər demokratik  dəyərlərin 
bərqərar  olduğu  cəmiyyətdə  yuxarıda  söylədiyimiz  eybəcərliklərin  ifşası  üçün 
“dəli”nin  tribunasına  ehtiyac  yoxdur.  “Şekspir”də  yazıçı  tamamilə  başqa  niyyət 
güdür.  Ən  əvvəl  qeyd  olunmalıdır  ki,  burada  qoyulan  mövzu  millidən  daha  çox 
bəşəridir,  ikincisi  isə  əsərdə  ictimai  formasiyadan,  quruluşdan  asılı  olmayaraq 
insanlığa, yer üzünün əşrəfi” adına ləkə gətirən xüsusiyyətlər-xəyanət, yalan, kin-
küdurət,  nifrət,  hiylə  hədəfə  götürülür.  Müəllif  bizi  klinikanın  cəmi  3  nəfər 
personalı  ilə  tanış  edir:  Baş  həkim,  həkim  və  sanitar.  Baş  həkim  həyatdan  və 
işindən sanki narazıdır. Lakin işi və vəzifəsi üçün adama elə gəlir ki, baş kəsməyə 
də  hazırdır.  Qorxaq  və  hiyləgərdir,  tərəddüdlər  və  şübhələr  onu  üzür,  işçilərini 
ciddi  nəzarətdə  və  itaət  altında  saxlayır;  saxta  hərəkət  və  təbəssümlər  onun 
simasızlığını  daha  parlaq  əks  etdirir.  Onun  dəlilərlə  rəftarı,  ünsiyyəti  olduqca 
maraqlı  və  yaddaqalandır.  Məbud  Məhərrəmov-baş  həkim,  həm  də    qətiyyətsiz, 
iradəsiz və zəif xarakterlidir. O da finalda klinikada hökm sürən mənəvi-psixoloji 
gərginliyə dözmür, dəlilərin təsirinə düşür, Yer kürəsindən getmək sevdası ona da 
sirayət edir. Həkim-Sənubər İsgəndərli danışığı, hərəkətləri, replikaları və üzünün 
ifadələri, ədaları, kinayəli baxış və təbəssümləri ilə tamaşaçının ürəyinə yol tapır, 
hafizəsində qalır. O, da özünü xoşbəxt hesab etmir: əri ilə problemləri var, gözünü 
dikdiyi  baş  həkim  kreslosu  da  ondan  hələ  çox  uzaqlardadır.  Həkim  obrazında 
cəmləmiş bütün xüsusiyyətlər təbiidir: onun həyat və düşüncə tərzinin məhsuludur, 
mənəvi  keyfiyyətlərinin  göstəricisidir.  Baş  həkimə  nisbətən  o  daha  səmimi 
görünür.  Həkimin  sarsıntıları,  ətrafdakılarla  emosional  rəftarı  əslində  klinikadakı 
mövcud  vəziyyətin  bir  insan  qəlbində  təzahüratıdır.  Məhrəm  mövzularda  onun 
həmsöhbəti  yoxdur,  məcbur  olur  “dəli”ni  dindirməklə  öz  ehtiyaclarını  ödəsin. 
Dəlilərlə, xüsusi ilə Sara Bernarla təması, ünsiyyəti onu da tədricən dəyişir:  O, da 
Şekspir yaradıcılığına maraq göstərir.  
 
 
 
 
 
 

 
95 
 
Sanitar  –  Fuad  Osmanov  iş  yoldaşlarından  “bir  baş  yuxarıdır”  –  o  həm  də, 
oğrudur.  Xəstələrin  ərzağını  mənimsəyir.  Mövcud  mühiti  əsas  gətirərək  özünün 
alçaq  hərəkətlərinə  bəraət  qazandırır.  Lakin  klinikada  cərəyan  edən  hadisələr 
ondan  da  yan  keçmir,  o  da  Yer  kürəsindən  uzaqlaşmağı  üstün  tutur.  Tamaşadakı 
dəlilərin  hər  biri  fərdi  cəhətləri  ilə  fərqlidir.  Stalin  –Siyavuş  Aslan  ciddi, 
təkəbbürlü,  ağır  çəkilidir;  Sara  Bernar  –  Şükufə  Yusupova  çoxyüklü  obrazdır,  - 
Cülyetdadır,  diqqət  mərkəzində  olan  heykəltəraşdır,  Parislilərin  kumiridir:  Ər-
Arvad  –Ayan  Mirqasımova  zənnim  məni  aldatmırsa,  ədəbiyyatda  yeni  hadisədir: 
Bir  orqanizmdə  iki  nəfərin  mövcudluğu.  Bədii  əsərdə,  təsvirdə  bu  obrazın 
yaradılması Elçin kimi  yazıçıya bir o qədər problem  yaratmaz, lakin  səhnədə bir 
bədəndə iki nəfəri “gəzdirmək” – bu, kişi-qadın maneraları, səs dəyişmələri əlbəttə, 
ifaçıdan  xüsusi  məharət  tələb  edir.  Drob-13,  başqa  sözlə,  Van-der-pran-dur-
Firdovsi  Atakişiyev  digərlərinə  nisbətən  səhnədə  gec  görünür,  lakin  yaddaşlara 
həmişəlik  həkk  olunur.  Sara  Bernarla  bal  rəqsi,  maraqlı  fikirləri  onu  tamaşaçıya 
bağlayır.  Veneralını  –  Rafiq  Əliyevi  dialoq  və  monoloqla  səhnədə  iştirakı 
baxımından epizodik rol hesab etmək olar: nisbətən az danışır, digər qəhrəmanlarla 
az  təmasda  olur.  Lakin  əvvəldən  axıra  kimi  o,  tamaşaçının  nəzərində,  diqqətində 
qalır.  Veneralı  səhnənin  bir  küncündə  çox  tələsən,  avtobusun  gəlməməməsindən  
əndişələnən,  həyəcanlanan  sərnişinə  bənzəyir.  Əslində  onun  digərləri  ilə 
danışmağa nə həvəsi, nə də vaxtı var o, bir an tez Yer kürəsini tərk etmək istəyir. 
Tamaşadakı  hər  bir  aktyorun  ifası  ayrıca  söhbətin  mövzususdur.  Odur  ki, 
aktyorlarla  bağlı  qısaca  söylənilənləri  yekunlaşdırsaq,  bu qənaətə gəlmək  olar ki, 
yaradıcı heyət “ağıllı” və “dəli” personajlardan ibarət mükəmməl, bütöv ansambl 
yarada  bilmişdir.  İnsanları,  bəşər  övladlarını,  kiçik  Yer  kürəsində  o  cümlədən 
bizim  həmvətənlərimizi  kiciçik,  Azərbaycanda  ali  dəyərlərlə  yaşamağa,  hər  cür 
hiylə və məkrdən, uzaq, xeyirxah, ədalətli əməl sahibləri kimi iz qoymağa səsləyən 
tamaşanı  mübaliğəsiz,  müstəqillik  dövrünün  ən  uğurlu  səhnə  əsəri  hesab  etmək 
olar.  
 
“Kaspi” qəzeti, 10 aprel 2007 
 
 
Söz və sənətkar qüdrəti haqqında düĢüncələr 
 
(Elçinin 60 illiyinə) 
 
Göydən tək-tək iri, ilıq damcılar düşməyə başlayanda dünyagörmüş qocalar 
üstlərindən  ağır  yük  götürülürmüş  kimi  dərindən  köks  ötürər,  uca  dağların 
arxasından  sürtələ  kəndin  üzərinə  axışan  parçalı  qara  buludlara  işarə  vuraraq, 
təbəssümlə dillənərdilər: 
-  Yer-yurd  qurumuşdu.  Toz,  bürkü  nəfəsimizi  kəsmişdi.  Axır  ki,  yağacaq. 
Sərinləyərik. Təbiət də dirçələr, canlanar. 

 
96 
Yayın  uzun  cırhacırından  sonra  yağış  həsrəti  ilə  göyə  boylanan,  dua  edən, 
qurbanlar  kəsən  əzabkeş,  dözümlü,  fədakar  sakinlərin  istəyi  nəhayət  ki,  həyata 
keçərdi… 
…  «Azərbaycan  cəmiyyətinin  qaranlıq  dövrü»  (H.Zərdabi  «Kəşkül»dən, 
«Şərqi-Rus»adək olan müddəti nəzərdə tutaraq, belə yazırdı – T.A.) başa çatdıqdan 
sonra «Həyat», «İrşad», «Tərəqqi», «Füyüzat», «Molla Nəsrəddin» nəşrə başladı», 
«Nəşri-maarif»,  «Nicat»,  «Səadət»  xeyriyyə  cəmiyyətləri  yarandı,  fəaliyyətlərini 
genişləndirdilər.  Məhəmməd  Ağa  Şahtaxtlı,  Əlimərdan  bəy  Topçubaşı, 
Məhəmməd Hadi, İbrahim Tahir, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, 
Əli  bəy  Hüseynzadə,  Nəriman  Nərimanov,  Cəlil  Məmmədquluzadə,  Haşım  bəy 
Vəzirov,  Üzeyir  və  Ceyhun  Hacıbəyli  qardaşları,  Əbdürrəhim  bəy  Haqverdiyev, 
Abbas  Səhhət,  Mirzə  Ələkbər  Sabir,  Ömər  Faiq  Nemanzadə  qələmə  sarıldılar, 
xalqın tarixinə və taleyinə qızıl səhifələr yazdılar… 
«Şərqi-Rus» nəşrə başlayandan 15 il sonra Şərqdə, türk-islam dünyasında ilk 
dünyəvi,  demokratik  respublika  Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandı.  Bu 
cəmiyyətdə  gedən  təbii,  tarixi  prosesin  məntiqi  nəticəsi  idi.  Azərbaycan  Xalq 
Cümhuriyyəti xalqın həyat və düşüncə tərzinin məhsulu, yetkinləşmiş, formalaşmış 
ideoloji, siyasi, ədəbi-mədəni, mənəvi mühitin yetirməsi idi. 
XX  əsrin  ilk  onuncuları  1918-ci  ildə  başları  üzərində  üçrəngli  bir  bayraq 
yüksəltdilər.  Amma  regiondakı  təbəddülatlar,  böyük  dövlətlərin  Qafqazda 
toqquşan  maraqları  Azərbaycan  xalqına  baha  başa  gəldi:  Azərbaycan  Xalq 
Cümhuriyyəti  süqut  etdi.  Sonra  cəmiyyət  təzadlı,  bir-birinə  zidd  axın  və 
cərəyanlarla,  təqib,  təzyiq,  terror,  edam,  sürgün  və  qanlarla  dolu  20-30-cu  illəri 
yaşamağa məcbur və məhkum edildi. Həmin dövrün ədəbi mühiti bəlkə heç vaxt 
olmadığı kimi ictimai həyatın aynasına çevrilmişdi. Ədəbi proses cəmiyyətlə nəfəs 
alırdı, cəmiyyətin nəbzi ədəbi mühitdə vururdu. 30-cu illərin sonlarına doğru ədəbi 
çarpışmalara,  əqidə  və  ideya  mücadiləsinə  son  qoyuldu.  Milli  və  istiqlalçı 
ədəbiyyatın, həqiqi söz sənətinin nəfəsi kəsildi. Sosializm realizmi «qələbə» çaldı, 
hamı «ələmdən nəşəyə» keçdi, ədəbiyyat «kolxozlaşdı», «fəhlələşdi» (staxanovçu 
oldu),  söz  çərçivəyə  salındı,  senzura  ehkamların  keşiyində  ayıq-sayıq  durmağa 
başladı. Yeni ideoloji qəliblər, mənəvi-estetik ölçülər ədəbiyyatı partiyalaşdırmış, 
onun  proqramının  bədii  sözlə  icraçısına  çevrilmişdi.  Kolxoz  fermasında  ictimai 
mal-qara  yetişdirildiyi  kimi,  ədəbiyyat  sexinin  şablon  bədii  forma  və  üslub 
konveyerində  də  sovet  rejimi  və  ideologiyasına  xidmət  edən  ədəbi  nümunələr 
buraxılırdı. 
Böyük Vətən müharibəsindən qalib çıxan Sovet imperiyası ABŞ-ın liderlik 
etdiyi Qərb dünyasına soyuq müharibəni – ideoloji mübarizəni uduzmağa başladı. 
Qərbin  təbliğat  maşını  –  xüsusilə  radiodalğaları  dəmir  pərdəni  deşərək  SSRİ-ni 
silkələyirdi.  İmperiyadakı  proses  Azərbaycan  SSR-dən  də  yan  keçmirdi.  Stalinin 
ölümü  ilə  ictimai  mühitdə  və  münasibətlərdəki  dəyişiklik  ədəbiyyata,  sənətə  də 
sirayət  edirdi.  Azərbaycanın,  bütün  türk  dünyasının  şah  əsəri  «Kitabi-Dədə 
Qorqud»  bəraət  aldı.  50-ci  illərin  sonunda  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət 
heyəti  Azərbaycan  dilinin  dövlət  dili  olduğu  barədə  fərman  verdi.  Bəxtiyar 
Vahabzadənin «Gülüstan»ı yarandı və ictimai rəyə təsir edəcək qədər diqqət çəkdi. 

 
97 
Sonradan  ədəbiyyat  tarixinə  «60-cılar»  kimi  düşəcək  şair  və  yazıçılar  bir 
tərəfdən  həmin  dövrdə  baş  verən  ictimai-siyasi  proseslərin  nəticəsi  kimi  yetişir, 
meydana çıxırdılarsa, digər tərəfdənsə, özləri həmin dəyişikliklərin qidalandırıcısı, 
sürətləndiricisi qismində iştirak edirdilər. Ədəbiyyat ideoloji silahdan, cəmiyyətin 
siyasi  taleyini  həll  edən  alətdən  fərdin  xarakter,  hiss,  fikir  və  duyğularının  bədii 
tərənnümü olan söz sənətinə çevrildikcə sətirlər cəmiyyətə nüfuz edən, ona hakim 
kəsilən təbii gücə, qüvvəyə dönür. Milli nəyi varsa, hamısının – dili, adət-ənənəsi, 
həyat və düşüncə tərzi, psixologiyası üzərinə kölgə salınmış oxucu, sovet rejiminin 
əsarət  və  inhisarından  çıxmaq  üçün  çapalayan  ədəbiyyatı  narahatlıqla  izləyir, 
kitabları sətiraltı, yaxud məcazi məna tapmaq eşqi, həvəsi ilə vərəqləyir. 
Ədəbi anlamda «60-cılar» riyazi onluqda nəzərdə tutulan çərçivəyə sığmır. 
Azərbaycanda  «60-cı  illər  ədəbiyyatı»  istilahı  adı  altında  anlaşılan  yeni  ədəbi 
mərhələnin  rüşeymləri  50-ci  illərin  sonunda  əmələ  gəlmiş,  60-cı  illərdə 
formalaşmağa başlamış, 70-ci illərdə ən məhsuldar dövrünü yaşamış, 80-ci illərin 
ikinci  yarısınadək  –  yenidənqurma  və  aşkarlıq  siyasətinin  elan  edildiyi  dövrədək 
davam  etmişdir.  Bu,  Azərbaycan  sovet  və  ümumiyyətlə  Azərbaycan  ədəbiyyatı 
tarixində  mövzusu,  forması,  ideyası,  dili,  üslubi  sənətkarlığı  ilə  fərqli  bir 
mərhələdir, onun spesifik xarakteristikası var. 
Bu dövr ədəbiyyatının yaradıcılarından və aparıcılarından biri Xalq yazıçısı 
Elçindir. Elçin tarixi baxımdan 60-cı illərin əvvəllərindən ilk yaradıcılığa başladığı 
üçün yox (həmin vaxt yazanların, yaxud yazmağa başlayanların hamısı «60-cılar» 
ədəbi  nəslinə  mənsub  deyil  ki!),  yeni  ədəbi  hərəkatın  və  həyatın  öndərlərindən 
olduğuna  görə,  60-cılardan  sayılır.  60-cılar  əslində  inqilabçı  yox,  islahatçı,  bir 
qədər  obrazlı  desək,  körpüsalanlardır.  Onlar  sovet  dövründə  (!!!)  rejimin  ötən 
illərində  qırılmış  milli  ədəbi  rabitəni,  eybəcər  hala  salınmış,  təftiş  olunmuş 
ənənələri bərpa etdilər. Ədəbiyyatı sənətə çevirdilər. 
Elçinin  qəhrəmanları  yaradıldığı  tarix  baxımından  ehkamçı  və  totalitar 
sosialist realizmin ərsəyə gətirdiyi obrazlarla çox yaxındır. Amma bu qəhrəmanlar 
milli xarakter, düşüncə tərzi, hiss və duyğuları, davranış və danışığı ilə daha çox 
M.F.Axundzadə,  N.Vəzirov,  Ə.Haqverdiyev,  Mirzə  Cəlil  personajları  ilə 
qohumdurlar.  Sovet  dövründə  qələmə  alınmış  Baladadaş  (Baladadaşın  ilk 
məhəbbəti)  sovet  ədəbiyyatının  kolxozçu,  komsomol,  kommunist,  qırmızı  papaq 
qəhrəmanlarından  ruhən  və  mənən  Novruzəliyə  (Poçt  qutusu)  daha  doğmadır. 
Xatırlanan  hekayələrin  mövzu,  məzmun,  süjet,  kompozisiya,  obrazların  reallığı, 
dinamikliyi,  elə  lap  dil,  üslub  fərqlərindən  xeyli  danışmaq  olar,  lakin  kamil  bədii 
sənət  nümunəsi  olan  bu  hekayələri  birləşdirən  tellərin  təbii  və  möhkəm  olduğu 
fikrinə  yəqin  ki,  etiraz  edən  olmaz.  60-cı  illər  ədəbi  nəslinin  bu  xidməti  –  milli 
klassik  ədəbiyyatla  varisliyin  bərpası  probleminin  araşdırılması, dəyərləndirilməsi 
müasir ədəbiyyatşünaslığın yeni, həm də aktual vəzifələrindəndir… 
Sosialist  realizminin  ehkam  və  çərçivələrini  darmadağın  edən  Elçin  və 
qələmdaşları  yeni  tip  əsərləri  ilə,  belə  demək  mümkünsə,  ədəbiyyatı  öz  işi  ilə 
məşğul  olmağa  vadar  etmiş,  milli  ənənələrlə  çağdaş  mədəniyyətin  vəhdətindən, 
sintezindən parlaq sənət nümunələri yaratmışdır. 
Üç il əvvəl Elçin ilk yaradıcılığından ötən 32 il ərzində qələmə aldığı 40-a 
yaxın  hekayəni  «Baladadaşın  ilk  məhəbbəti»  adı  altında  nəşr  etdirmişdir  (Bakı, 

 
98 
QAPP  –  Poliqraf,  2000-ci  il,  480  səh.).  Müəllif  kitaba  yazdığı  «Mənlə  mən 
arasında»  adlı ön  sözdə toplunu  niyə  «Baladadaşın ilk  məhəbbəti»  adlandırdığını 
açıqlayır:  «Yəqin  daha  çox  ona  görə  ki,  Baladadaşın  varlığı,  onun  təmizliyi, 
iddiasızlığı,  səmimiyyəti  mənim  üçün bu 32  ilin daşınan  yükün  müqabilində  çox 
əhəmiyyətli bir şeydir». Səmimi olduğu qədər də təvazökar bir etirafdır. «Daşınan 
yük»ün  arxasında  yuxusuz  gecələr,  saysız-hesabsız  mütaliələr,  yaradıcılıq 
axtarışlarından  yaranan  hiss-həyəcanlarla  bərabər,  mübarizələrlə  dolu  bir  səhnə, 
həyat 
göz 
önünə 
gəlir. 
Partiya-sovet 
aparatının 
proqramlaşdırdığı, 
təlimatlandırdığı,  istiqamətləndirdiyi  sosialist  realizmi,  onun  keşiyində  və 
qulluğunda  duran  mühafizəkar,  ehkamçı  tənqid  həqiqi  sənətin  buxovuna 
çevrilmişdi. 
Qələminin  qüdrəti,  istedadının  gücü  sayəsində  Elçin,  yaradıcılığının  45, 
anadan olmasının 60 illiyini zəngin ədəbi irslə qarşılayır. «Mahmud və Məryəm», 
«Ağ  dəvə»,  «Ölüm  hökmü»  adlı  romanları,  «Bir  görüşün  tarixçəsi»,  «Dolça», 
«Toyuğun diri qalması» və başqa povestləri, onlarca hekayə və səhnə əsərləri ilə 
Elçin Azərbaycan ədəbiyyat tarixində silinməz iz buraxmışdır. 
Elçinin  yaradıcılıq  fəaliyyəti  bədii  əsərlərlə  məhdudlanmır.  Filoloji 
araşdırmalar  sahəsində  ciddi,  sanballı  elmi-nəzəri  əsərlərin  müəllifi  prof. 
E.Əfəndiyev  Azərbaycan  ədəbiyyatşünasları,  tənqidçiləri  sırasında  nüfuzlu, 
mötəbər  simalardandır.  Elçinin  tənqidi  üçün  obyektivlik,  cəsarətli  elmi-nəzəri 
mülahizələr,  şablon,  ehkamçı  fikirlərlə  barışmazlıq,  aydın,  səlis  dil  xarakterikdir. 
Sovet  dövründə  Kommunist  Partiyasının  ədəbiyyat  və  incəsənətə  dair  çox  sayda 
qərarlarında  söz  sənəti  qarşısında  partiyalılıq,  tarixi  hadisələr  və  xadimlərə  sinfi 
mövqedən münasibət bildirilməsi əsas tələb kimi irəli sürülürdü. Elçin isə öz yolu 
ilə  gedir,  bir  tərəfdən  sənətin  aktual  problemlərini  müasir  tələblər  baxımından 
dəyərləndirir,  digər  tərəfdən  isə  saxta,  qərəzli,  ideologiyaya  qulluq  göstərən 
tənqidin  tənqidi  ilə  məşğul  olurdu.  Söz  sənətinə  məsuliyyətli,  prinsipial 
münasibətin  nəticəsidir  ki,  Elçin  yazdıqlarına,  söylədiklərinə  həmişə  sahib 
çıxmışdır. Qələmə alındığı vaxtdan düz otuz il (1979), ilk nəşrindən (1981) 20 ilə 
yaxın  müddət  keçdikdən  sonra  1999-cu  ildə  Elçin  «Tənqid  və  nəsr»  adlı  əsərini 
«vaxtıyla necə yazılmışdırsa, eləcə də bu gün onu həmin oxucuya təqdim edirəm» 
qeydi ilə təkrar çap etdirir (Bakı, «Günəş» nəşriyyatı, 1999). Həmin kitaba yazdığı 
«Bir  neçə söz»də  Elçin  yaşadığı və  yaratdığı  çətin dövrün  sınaqlarından  şərəf və 
ləyaqətlə çıxdığının sevincini oxucusundan gizlətmir: 
«Qürurlanıram ona görə ki, hakim və hikkəli partiya ideologiyasının fironluq 
etdiyi  dövrdə,  estetikanı,  sənəti,  o  cümlədən  ədəbiyyatı  «sosializm  realizmi»nin 
cansıxıcı, boz və şablon qəliblərinə pərçim etməyə çalışan (və əsas etibarilə buna 
nail  olan!)  nəzəriyyəçiliyin  hökmranlıq  sürdüyü  bir  zamanda  bu  əsəri  yazarkən, 
ədəbiyyat haqqında mülahizələr irəli sürərkən, təhlil aparıb bədii qiymət verərkən, 
əslində  mütləq  mahiyyətli  bir  konyunkturadan  nəinki  uzaq  olmuşam,  hətta  əsas 
götürüb  dirsəkləndiyim  prinsiplər  o  konyunkturaya  qarşı  tam  müxalifətdə 
durubdur». 
Elçin  həmişə  ədəbiyyatşünaslığın  çətin,  lakin  prinsipial  və  həlledici 
məsələlərinə  toxunmuşdur.  O,  dövrün  ədəbi  tənqidinin  Azərbaycan  bədii  nəsrinin 
müxtəlif  problemlərinə  –  müasirlik,  xarakter,  sənətkarlıqla  bağlı  ortaya  çıxardığı 

 
99 
qənaətlərə  münasibətini  bildirmişdir.  Ədəbi  tənqidlə  bağlı  yazdığı  onlarca 
məqalədə Elçinin meyarı dəyişməz olmuşdur: həqiqi sənətə xidmət. Dünən – sovet 
dövründə də belə idi, bu gün də belədir. 
Sovet  dövründə  söz  sənətini  ona  təcavüz  etmiş  ideologiyadan  xilas  etmək 
uğrunda  mübarizə  aparan  Elçin  bu  gün  ədəbiyyatı  yad  və  bayağı  missioner 
«izm»lərin eybəcər hala salmaq cəhdlərindən qoruyur. 
Elçinin  hekayə,  povest,  pyes,  romanları,  tərcümələri,  ədəbi  tənqid  və  onun 
problemləri haqqında məqalələri barədə xeyli yazılmış, bədii əsərlərinin mövzusu, 
ideyası,  dili,  üslubu,  sənətkarlığı,  süjet  və  kompozisiyası  ilə  bağlı  sanballı 
tədqiqatlar aparılmış, əsərləri bir çox xarici dilə tərcümə olunmuş, xarici ölkələrdə 
nəşr  edilmiş,  pyesləri  respublikanın  və  Türkiyənin  ən  nüfuzlu  teatrlarında 
oynanılmışdır.  Bütün  bu  sahələrdə  həmin  işlər  daha  ciddi  və  əhatəli  davam 
etdiriləcəkdir. Elçinin ədəbi irsi bu hüquqa sahib olmuşdur. 
Son dövr ədəbi mühitində də hadisəyə çevrilən əsərləri göstərir ki, tükənməz 
enerji və ehtirasla yazmaqda olan Elçin hələ neçə-neçə yeni yaradıcılıq uğurlarına 
imza atacaqdır. 
 
 
 
 
 
 
 
  «Mars» jurnalı, № 3-4, aprel 2003 
 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin