ABĠd tahġRLĠ



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

 
 
“Xalq qəzeti”, 1 oktyabr 2002 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
82 
• Elçin 
 
ġairin  ölümü ... və faciəsi 
 
Azərbaycan  ədəbiyyat  tarixində  xüsusi  mərhələ  kimi  dəyərləndirilən  60-cı 
illər ədəbi mühitinin yaradıcılarından, avanqardlarından biri Xalq yazıçısı  Elçin bu 
dövrdə  söz  sənətinə  əbədi  iz  salan,  lakin  bununla  kifayətlənməyən  onu 
genişləndirən,  cilalayan,  tükənməyən,  əksinə,  barını  artıran  istedadlı 
sənətkarlardandır. Onun hekayə, povest, roman, yaxud dram əsərləri həmişə diqqət 
çəkmiş,  əbədi  hadisəyə  çevrilmiş,  tələbkar  tənqidçi,  çoxsaylı  oxucu  münasibəti, 
rəyi ilə qiymətləndirmişdir. 
«Bədii  dərk  duyğusu  güclü  və  cəlbedici»  (Məmməd  Cəfər),  «sinəsində 
şəfqətli sənətkar ürəyi gəzdirən» (Əziz Mirəhmədov) Elçin «rəmzdən, bədii-fəlsəfi 
şərtilikdən,  kəskin  məcazdan  cəsarətlə  istifadə  edir,  psixoloji  əhvali-ruhiyyəni 
detalda  əyaniləşdirən  mizanlar  və  cizgilər  axtarır,  onlara  görümlü,  baxımlı, 
obrazlara çevirən epitetlər tapır» (Yaşar Qarayev ), odur ki, «əsərlərində ən xırda, 
gözəgörünməz obraz belə az və ya çox dərəcədə, öz dünya tutumunda filosofdur» 
(Aydın  Məmmədov).  Bütün  bunlar  və  onlarca  bu  cür  qənaətlər  1959-cu  ildə  «O 
inanırdı» adı hekayəsi ilə ədəbiyyata qədəm qoyan, sonralar çox  sayda hekayənin, 
«Toyuğun diri qalması», «Dolça», «Poçt şöbəsində xəyal», «Bir görüşün tarixçəsi» 
və sair kimi povestlərin, «Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü» adlı 
romanların, son dövr ədəbi, mədəni həyatında əks-səda doğuran bir sıra pyeslərin 
müəllifi  Elçinin  -  «Azərbaycan  nəsrinin  görkəmli  nümayəndələrindən  birinin» 
(Kamal  Talıbzadə)  özünəməxsus,  təkrarsız  yaradıcılığına  layiqli,  qədirli 
münasibətin təzahürüdür. 
Qeyd etdik ki, Elçin yazdıqca, dərinə nüfuz edir, daha çox çəkir, daha güclü 
cəzb  edir.  Bu  fikri  onun  sonuncu  iki  əsəri  -  «Sarı  gəlin»  və  «Araba»  («525-ci 
qəzet»  №78,  27  aprel  2002-ci  il)  hekayələri  bir  daha  təsdiq  etdi.  «Sarı  gəlin»lə 
bağlı  mətbuatda  müəyyən  fikirlər  səslənmişdir.  Fikrimizcə,  «Araba»nın  taleyi 
bənzərsiz  olacaqdır.  Az  qala  hər  bir  hekayəsi  klassik  əsər  səviyyəsinə  yüksələn 
Mirzə 
Cəlilin 
«Poçt  qutusu»,  bir-birindən  gözəl  hekayələr  müəllifi 
Ə.Haqverdiyevin  «Marallarım»ı  müəlliflərə  adı  ilə  eyni  vaxtda  yada  düşən  nadir 
incilərdəndir.  Bundan  sonra  yəqin  ki,  «Araba»nın  ədəbi  karvanla  əbədi 
irəliləyəcəyi vurğulanacaqdır. 
Hekayənin  süjeti  ilk  baxışda  sadə  və  adi  görünən  hadisədən  -  bir  şairin 
həyatından,  daha  çox  onun  ömrünün  son  məqamlarından  və  bununla  bağlı  yada 
düşən xatirələrdən götürülmüşdür. Yazıçı bu hadisəyə elə məharətlə ştrixlər vurur 
ki, nəticədə oxucunun qəlbini fəth edən, onu həyəcanlandıran, düşündürən, haldan-
hala salan, dünyanın mənasını anlamağa, dərk etməyə sövq edən, müəyyən zaman 
içində insanda formalaşan düşüncə və duyğuları təmizləyib (azad edib), onun hiss 
və  fikirlərinə  hakim  kəsilən  lirik-dramatik-fəlsəfi  bir  hekayət,  bir  hekayə  yaranır. 
Bəli,  əsəri  janr  etibarı  ilə  hekayə  adlandırmaq  olar.  Amma  çəkisi  və  yükünə  görə 
bəxtinə  «bu  dünya  bir  pəncərədir,  hər  gələn  baxıb  keçər»  qədər  qısa  müddətdə 
yaşamaq düşən, lakin onu istədiyi kimi yaşaya bilməyən şair haqqında kədərli bir 

 
83 
dastandır.  «Araba»  cilovlanmayan,  sərhədsiz,  ipə-sapa  yatmayan,  yozulması 
müşkülə çevrilən, sonu görünməyən, bitməyən duyğu və düşüncələrin, həyəcan və 
iztirabların  gurultusuz,  hay-küysüz,  sakit,  eyni  zamanda  canlı,  yığcam,  oynaq  və 
obrazlı ifadəsidir. 
Bəzən  cəmiyyətdə  üzdə  və  ilk  baxışda  görünməyən  xarakteri,  onun    həyat, 
düşüncə  tərzi  və  psixoloji  durumunu  məharətlə  yaradan  yazıçının  qələmini 
qiymətləndirmək  üçün  «o,  həyatın  dibinə  enmiş,  qəhrəmanını  oradan  seçmişdir» 
deyirlər.  Fikrimizcə,  «Araba»da  əksinədir.  Elçin  burada  həyatın  dibinə  enmir, 
həyatın dibindəkiləri üzə, işığa çıxarır, onlara bütün bucaqlardan baxır ... 
«Araba»nın  qəhrəmanı  dövrün  tanınmış  şairlərindəndir.  Onun  altmış  yaşı 
ölkədə təntənə ilə qeyd edilmiş, şair «Şərəf» ordeninə layiq görülmüşdür. İndi o, 
ağır  xəstədir,  yataqda  can  üstədir.  Ağlı  kəsəndən  6-7  yaşından,  arabaya  mindiyi 
vaxtdan  üzü  bu  tərəfə  həyatını,  yaradıcılığını  xatırlayır.  Onun    mətbuatda  dərc 
olunan,  çoxları  kimi  atasının  da  «ürəyini  uçuran»  ilk  şeri  Stalinin  ölümü 
münasibəti  ilə  yazılmışdır.  Şair  şerdən  bir  parçanı  yadına  salır.  Bir  misra  daha 
təsirlidir:  «necə  yaşayacağıq  sənsiz?».  Şair  təkrar  edir  və  çoxmənalı  gülümsəyir. 
Elə  gülümsəyir  ki,  «...  elə  bil  ...  o  təbəssümə  başqa  bir  dünyanın  kölgəsi 
düşmüşdü». 
Zənci  qızı  Ancela    Devisin  şərəfinə  yazdığı  şer  də  böyük  əks-səda 
doğurmuşdur.  Başqa  dillərə  tərcümə  edilmiş,  «Pravda»da  dərc  olunmuş,  hətta 
dərsliklərə  salınmışdır.  İndi  heç  kim  o  şeri  də,  müəllifi  də  xatırlamır.  Şerin  
qəhrəmanı  indi  qocalmış  və  eybəcərləşmiş  Ancela  Devis  isə  «yuxu  ilə  gerçəklik 
arasındakı bir görüm» kimi təzahür edir və «həmişəlik yox olmazdan əvvəl şairə 
(nədənsə, rus dilində) dedi: «Durak». 
Bu  şerlər  şairin  yaradıcılığının  timsalıdır.  Lakin  bütün  yaradıcılığını  əks 
etdirmir.  Axı,  onun  yazılmış  şerləri  ilə  yanaşı,    yazılmamış  şerləri  də  var.  Bax, 
bəlkə ikinci olmasaydı, şair ömrünün qürub çağına və xəstəliyinə baxmayaraq, öz 
xoşbəxt  ölümünü  (?!)  «güləcəyik  əvvəlki  tək,  sevəcəyik  əvvəlki  tək»  -  deyə 
qarşılayacaqdı.  Lakin  şairin  faciəsi  (faciəsimi?)  bir  tərəfdən  onun  gec  də  olsa, 
həyatı anlamağında, digər tərəfdən ətrafındakıların da onu başa düşməməsindədir. 
Şair  puç,  mənasız  bir  həyat  yaşadığını  bilir,  psixoloji  gərginlik,    mənəvi  sarsıntı 
keçirir.  Onun  əhatəsindəkilərin  problem  və  qayğıları  çox  fərqlidir.  Həyat  yoldaşı 
şairin  yeni il gecəsi öləcəyini fikirləşir  və  buna görə də  «Əminə xanım  səhərdən 
axşamacan  ürəyində  Allaha  yalvarırdı  ki,  bu  münasibətin  son  ucu  Yeni  il 
çiyinlərində  daşımasınlar».  Şairin  kiçik  qızı  yubileyinin  Respublika  sarayında 
keçirilməsini  istəməyən  atasının  hərəkətindən  gileylidir.  Oğlu  Yeni  il  gecəsini 
ölümlə əlbəyaxa olan atasının yanında keçirdiyini az qala qəhrəmanlıq və övladlıq 
borcunu  şərəflə  yerinə  yetirmək  hesab  edir.  Qızı  Əminaşkaya  heyranlığını, 
babasına məhəbbətini anası addımbaşı izhar etsə də, şair nəvəsinin də soyuqluğunu 
duyur: «... və o tamam  yad adamların əhatəsində idi, yəni şair bilirdi, görürdü ki, 
bu  -  Əminə  xanımdır,  bu  -  böyük  qızıdı,  bu  -  balaca  Əminaşqadı,  nəvəsidi,  kiçik 
qızı da şairin gözünün qabağına gəldi, oğlu da, amma hamısı yad idi... 
yad idi... 
yad idi... 
yad idi... 

 
84 
hamısı, Məmməd müəllim kimi yad idi». 
Təəssübləndirmək,  düşündürmək  və  həm  də  inandırmaq  ustası  Elçin  bütün 
hadisə, epizod və xatirələri, onların qəhrəmanlarını bir məcraya istiqamətləndirir - 
şairin ölüm çarpayısı ətrafına. Dramatizm, gərginlik son həddə çatır. Şair axırıncı 
anlarını yaşayır «Bu evdə hamı belə bir məqama hazır idi (əslində, bu evdə hamı 
belə  bir  məqamı  gözləyirdi)».  Şairin  qudası  Məmməd  müəllim  də  daxil  olmaqla 
hamı xəstənin uzandığı otağa toplanmışdır. 
KQB  polkovniki  Məmməd  müəllim  dünyanın  altını  da  bilir,  üstünü  də. 
Təcrübəli,  həm  də  təhlükəlidir.  Burada  da  başqalarından  fərqli  görünür:  şairin 
vəsiyyət edib-etməməsi ilə maraqlanır, «yox» cavabını alanda şairdən yavaş səslə 
soruşur: «Bir sözün yoxdur? Nə istəyirsən?». Hekayə boyu bir-iki məqamda oxucu 
ilə «üzləşən» Məmməd müəllim bitkin, tipik obraz kimi yaddaşlarda qalır. Gödək 
boyu,  hamar  yanaqları,  qırmızı,  yumru,  daz  başı  ilə  diqqətçəkən  Məmməd 
müəllimin  iti  zəkası,  hiyləgərliyi  və  ehtiyatlılığı,  göz  yaşlarından  məhrum  yaşıl 
gözləri onun zahiri və daxili portretinin spesifik cizgiləridir. Məmməd  müəllimin 
xəstəyə  təkrar  müraciətindən  sonra  şairin  «tamam  arıq  və  qansız  sifətindən  güclə 
seziləcək  bir təbəssüm ötüb keçdi və şair eləcə tavana baxa-baxa zəif səsilə: 
- Araba ... dedi, - Araba istəyirəm...» 
Bu  zaman  bütün  doğmaları  (yadlar!),  hətta  qudası  Məmməd    müəllim  də 
(bəlkə ilk dəfə) yanıldı, şairin sözünə sayıqlama kimi baxdı. Amma şair özündə idi, 
o  istədiyini  bilirdi.  O,  arabasını,  uzaqlığını  istəyirdi,  hədər  başa  vurduğu  dünyanı 
yenidən yaşamaq istəyirdi, «o uşağı, o araba yükünün üstündən çəkib aşağı salan» 
dünyaya qarşı üsyan edirdi. 
Elçinin hekayəsində irəli sürülən ideya ciddi olduğu qədər də əhəmiyyətli və 
aktualdır: qələm əhlinin, söz sahibinin ən zəif və ən zərif yeri imzasıdır. Yazıldığı 
dövr  və  şəraitdən  asılı  olmayaraq,  müəllif  hər  vaxt  öz  imzasına  sahib  çıxmağı 
bacarmalıdır,  daha  dəqiq  desək,  elə  əsərlər  yaratmalıdır  ki,  təlatümlər  və 
təbəddülatlar  onu  imzasından  imtina  etdirməsin.  Bu  ideyanın,  mövzunun  uğurlu 
bədii həlli Elçinin özünəməxsus üslubu, orijinal bədii ifadə tərzi, zəngin və obrazlı 
dili, fərqli müşahidələri, müqayisələri, dərin, duyğulu ifadə və tərənnüm formaları 
fakt  və  hadisələri  dəyərləndirmək,  onlardan  məharətlə  istifadə  etmək  bacarığı 
sayəsində  mümkün  olmuşdur:  «...  arabanın  təkəri hərdən  palçıq  çuxura düşürdü», 
ayağı  qaloşlu,  şalvarı  əynindən  tez-tez  sürüşüb  düşən  uşaq  da  hər  dəfə  hıqqına-
hıqqına  güc  verib  «o  təkəri  palçıq  süxurundan»  çıxarırdı.  Bir  dəfə  uşağın 
qaloşunun  «bir  tayı  ayağından  çıxıb  palçıqda  qalmışdı».  Bu,  faciə  deyildi.  Uşaq 
qaloşunun  tayını  tapır,  amma  günlərin  bir  günü  təkər  9  çərxi-fələk)  fırlananda 
arabanın  üstündəki  uşağı  (şairi)  həmin  o  palçıq  çuxura,  bataqlığa  (yaşayıb-
yaratdığı, Stalin və Ancela Devisi vəsf etdiyi, şan-şöhrət sahibi olduğu cəmiyyətə) 
salır.      Uşaq  öz  qaloşunu  palçıqdan  çıxarsa  da,  şairi  o  bataqlıqdan  (mövcud 
rejimdən)  çəkən-cıraxan  olmur.  Əslində  şair  də  oradan  çıxmaq  üçün  çapalamır, 
təşəbbüs göstərmir (qaloş kimi), əksinə «sevir», «gülür», «yeyir», «içir». 
«Araba»da Elçin kiçik bir işarə, eyhamı ilə böyük mətləbə toxunur, sözün, 
sənətin  sehrinə  söykənib  yadda  qalan  xarakter  yaradır,  2-3  cümlə  ilə  göz  önündə 
unudulmaz  səhnə,  mənzərə  canlandırır:  «həmin  gün  -  şairin  dəqiq  yadındaydı  -  o 
araba yolunu da, bütün o ətrafdakıları da çən basmışdı, narın-narın çiskinləyirdi və 

 
85 
odunların üstündən  yerə enmiş o altı yaşlı oğlan gah sinəsini, gah kürəyini, təkəri 
palçığa batıb yerindən tərpənməyən arabanın arxasına dirəyib hıqqına-hıqqına güc 
verərək, tez-tez də nazik belindən sürüşüb düşən şalvarını yuxarı çəkərək, arabanı 
itələyirdi  və  axır  ki,  araba  yerindən  dəbərdi,  o  altı  yaşlı  oğlan  da  dörd-beş  addım 
arabanın dalınca gedib yenə öz yerinə - odunların üstünə dırmaşdı və bir müddət o 
çənin-çiskinin  içi  ilə  eləcə  getdilər,  sonra  birdən  atasının  gözü  oğlunun  yükün 
üstündən sallanmış ayağına sataşdı: 
- Qaloşun hanı?» 
Bu  parça    hətta  həvəskar  rəssama  kifayət  edər  ki,  fırçası  ilə  möhtəşəm 
mənzərəni  bütün  çalarları  ilə  birlikdə  əks  etdirsin,  tabloya  köçürsün.  Yaxud, 
Ancela Devis «şairə (nədənsə, rus dilində) dedi: Durak» gəlişi gözəl, yaxud göydən 
düşmə, təsadüfü ifadə deyil. Ancela Devis sovet rejimi və ideologiyasının - rusun 
qəhrəmanı idi. Yazıçı üç sözdən ibarət və mötərizədəki  «nədənsə, rus dilində»nin 
açılmasını haqlı olaraq oxucunun ixtiyarına buraxır. Başqa bir misal daha maraqlı, 
yaddaqalan və düşündürücüdür: «Məmməd müəllimin gözləri axırıncı dəfə düz on 
yeddi il bundan əvvəl-onda gözləri konyunktivit olmuşdur - yaşarmışdır, bir də ki, 
bax  indi,  xalqın  bu  boyda  şairinin  son  məqamında  beləcə  də  araba  istəməsi  onu 
kövrəltdi».  Əvvəla,  Məmməd  müəllimin  bura  qədər  təsviri  onun  bu  hisləri 
ətrafında  oxucunu  düşündürür;  o,  səmimiyyətdən  daha  çox  KQB  polkovnikinin 
mühitə uyğun görüntü yaratması fikrinə üstünlük verir. Digər tərəfdən və başlıcası 
bu  bir  cümlə  Məmməd  müəllimin  bütün  simasına,  ömür  yolu  və  taleyinə,  puç  və 
aşınmış mənəviyyatına gur işıq salır. 
Yazıçı  «Araba»dakı  hadisələrə  birbaşa,  yaxud  dolayısı  ilə  müdaxilə  etmir, 
münasibət  bildirmir,  obrazların  açıq-aşkar,  elə  lap  sətiraltı  təqdirinə,  yaxud 
tənqidinə  yol  vermir.  Heç  bir  personaja  «yaxşıdır»,  yaxud  «pisdir»  demir,  şairin 
şerlərinə  «zəifdir»,  yaxud  «güclüdür»  söyləmir.  Hekayəyə  başlamazdan  əvvəl-
sərlövhədən  sonra  «şairin  ölümü  haqqında  hekayə»  yazmaqda,  o  sanki  belə  bir 
öhdəlik  götürmüşdür.  Müəllif  «vədinə»  sonadək    sadiq  qalaraq  şairin  ölümü  və 
bununla  bağlı  əhvalatları  şərhsiz,  lakin  orijinal  şəkildə,  güclü  bədii  ifadə 
vasitələrindən istifadə etməklə təhkiyə üsulu ilə nəql edir, danışır. Oxucunun gözü 
qarşısında  tədricən  şairin  fizioloji  ölümündən  daha  çox  mənəvi  iflası,  fəlakəti, 
faciəsi  səhnəsi  yaranır.  Onun  fiziki  ölümündən  isə,  mənəvi  məhvi  daha  təsirlidir, 
düşündürücüdür, ibrətamizdir və acı təəssüf doğurur. 
Hippokrat  andı  həkim  üçün  yaddaş,  «Araba»dakı  şairin  acı,  ağır  taleyi 
yazarlar üçün xəbərdarlıqdır: sözə və həqiqətə xəyanət etmək olmaz! 
 
“525-ci qəzet”, 18 may 2002, 
“Mədəniyyət” qəzeti, 1iyun 2002 
 
 
 
 

 
86 
Elçinin səyahətnamələri: özünüifadənin parlaq nümunələri 
 
 
Bədii  ədəbiyyat  janrlarının  demək  olar  ki,  hamısında  qələmini  uğurla 
sınayan Xalq yazıçısı Elçin həm də, publisistikamızın nadir, klassik nümunələrini 
yaratmışdır. Böyük, zəngin tarixə malik Azərbaycan publisistikasının ən populyar, 
maraqlı qollarından olan səyahət oçerkləri Elçin yaradıcılığında özünəməxsus yer 
tutur.  Onun  səyahətnamələri  maraqlı  görüşlərlə,  unudulmaz  təəssüratlarla, 
xarakterik, tipik hadisələrlə zəngindir. 
Azərbaycanın qələm sahibləri səfərnamə yaradıcılığına geniş yer ayırmışlar. 
Səbəb sadədir. Səyahətnamələr bir turistin digər  milyonlarla turist kimi başqasına 
həvəslə, hay-küylə söylədiyi təəssüratı deyil. Səyahət oçerkində yazıçı özünüifadə 
üçün,  əgər  belə  demək  mümkünsə,  «daha  münasib  münbit,  fürsət»  tapır,  özünün 
müşahidə etdiyi, ondan başqa heç kimin görmədiyi, yaxud görə bilmədiyi  hadisə 
və  faktları,  şahidi,  iştirakçısı  olduğu  görüşləri,  tədbirləri,  xoş  xatirələri,  ünsiyyət 
qurduğu, təmas yaratdığı insanların daxili aləmini, hiss-həyəcanını gerçək,  həm də 
canlı, obrazlı təsvir, təqdim etmək imkanı qazanır. 
Publisistika  tarixində  belə  nümunələr  çox  olmuşdur.  Azərbaycan 
publisistikasının tanınmış tədqiqatçılarından biri prof.Famil Mehdi özünün «Bədii 
publisistika» əsərində (Bakı, «Maarif»  nəşriyyatı, 1982) yazır: «Elmi mənbələrdən 
məlum  olduğu  kimi,  IX  əsrdən  bəri  Azərbaycanda  məşhur  səyyah  və 
coğrafiyaşünaslar yaşamış, onlar bir sıra ölkələri gəzmiş, maraqlı əsərlər yazmışlar. 
Bunlardan Məkki Əhməd oğlu Əl-Bərdai (IX əsr), Əhməd Mirzə (IX-X əsr), Ömər 
Ərdəbili,  Məhəmməd  Marağalı  (X  əsr),  Fələki  Məhəmməd  Şirvani  (1108-1146), 
Səfvəddin  İsa  Əl-Qadiri  (XVII  əsr)  və  başqalarını  göstərmək  olar.  Həmin 
müəlliflərin  əsərlərində  –  səfərnamələrində  həm  də  yeri  gəldikcə  dövrün  ictimai 
hadisələrinə  toxunulmuşdur.  Təəssüf  ki,  həmin  əsərlərin    əksəriyyəti  hələlik 
toplanıb  geniş  oxucu  kütləsinə  çatdırılmamışdır»  (səh.42).  XVIII  əsrin sonu  XIX 
əsrin birinci yarısında yaşayıb-yaratmış Hacı Zeynalabdin Şirvani bir sıra məşhur 
səyahətnamələrin  müəllifidir.  Azərbaycan  maarifçi-realist  bədii  nəsrinin  və  yeni 
dövr  publisistikasının  əsasını  qoyan  İsmayıl  bəy  Qutqaşınlının  «Səfərnamə», 
Zeynalabdin  Marağalının  «İbrahimbəyin  səyahətnaməsi»,  Məhəmmədağa 
Şahtaxtlının «Buxaraya səfər», «Bakıya səfər», Firudin bəy Köçərlinin «Üç günlük 
səfər»,  eləcə  də  kollektiv  jurnalist-publisist  əməyinin  məhsulu  olan  «Azərbaycan 
İnqilab  Komitəsi  sədri  yoldaş  Nəriman  Nərimanovun  Azərbaycan  Cümhuriyyəti 
daxilində  müsafirəti»  adlı  səyahət  oçerkləri  bədii  publisistika  tarixində  xüsusi  ilə 
diqqəti çəkir. Sovet dövründə Mirzə İbrahimov («Hindistan görüşləri», «Afrikada 
nələr gördüm»), İmran Qasımov («Fransa qobeleni», «İtaliya  mozaikası»), Çingiz 
Hüseynov  («İngiltərə  dəftəri»,  «Fransa  dəftəri»,  «Ölkələr  gəzdim,  dostlar 
tapdım»), Süleyman Vəliyev («Afrika xatirələri»), Mehdi Hüseyn («Bir ay və bir 
gün»), Bəxtiyar Vahabzadə («İki həftə»), Anar («Fransa mayı»), Həsən Seyidbəyli 
(«On  beş  gün  Yaponiyada»,  «Yuqoslaviya  xatirələri»),  Qasım  Qasımzadə 
(«Getdim,  gördüm,  düşündüm»),  Cəmil  Əlibəyov  («Tyan-Şanın  ətəklərində», 
«Afrika  möcüzələri»),  Məmməd  Araz  («Fransa  və  …  üçüncü  Fransa»),  Əzizə  
Cəfərzadə  («Qızıl  sahilə  səyahət»),  Q.Paşayev  («Yeddi  il  Dəclə  Fərat  çayı 

 
87 
boyunca»), M.Aslan («Ərzurumun gədiyinə varanda»), M.Hacıyev («Beş il qonşu 
diyarda»)  kimi  yazıçı,  şair  və  alimlərin  səyahət  oçerkləri,  əslində  Azərbaycan 
oxucusunu sovet dövründə tez-tez işlənən «o dünya, onların həyat tərzi» haqqında 
kommunist  ideologiyasının  yaratdığı  ehkamları,  təsəvvürləri  dağıtmaq  və  geniş 
auditoriyanı  məlumatlandırmaq  baxımından  da  çox  dəyərli  publisistik 
nümunələrdir. 
«Dünyada «Amur» üzürdü» (1967), «Yaxın, uzaq Türkiyə» (1979), «Dyula 
Çak  ilə  söhbət»  (1983),  «Qabrovo  görüşləri»  (1983),  «Palma  ülfəti»  (1983), 
«Yanan  ağacın  şəfəqləri»  (1986)  kimi  kamil  nümunələrlə  Elçin  publisistika 
tarixinə  sanballı  töhfələr  vermişdir.  O,    həmin  əsərlərlə  bu  janrın,  eyni  zamanda 
özünüifadə  imkanlarının  çərçivəyə  sığmadığını,  tükənməzliyini  bir  daha  təsdiq 
etdi.  Elçinin  səyahət  oçerklərinin  aktuallığını,  tarixi  əhəmiyyətini,  toxunulan 
mövzu  barədə  ictimai  rəyin  formalaşmasına  təsirini  araşdırmaq  nə  qədər 
maraqlıdırsa,  həmin  əsərlərin  bədii  məziyyətlərini  təhlil  etmək,  sənədli  əsər  kimi 
fakt  və  hadisələrin  təsvirində  obyektivliyə  sədaqətini  dəyərləndirmək  o  qədər 
vacibdir. 
Elçinin səyahət oçerklərində bir neçə keyfiyyət özünü daha qabarıq göstərir: 
yazıçı  obrazının  səmimiliyi,  lirik  «mən»in  sanbalı,  müəllifin  dərin  müşahidə 
bacarığı,  güclü  fəhmi  və  məntiqi,  təsirli,  lirik  ricətləri,  yeri  gəldikdə  kəskin, 
prinsipial  mövqeyi,  ətrafda  cərəyan  edən  hadisələrə  çevik  və  dəqiq  reaksiyası, 
maraqlı mülahizələri… 
Səmimiyyət, ümumiyyətlə, Elçinin həyat kredosudur. Müxtəlif illərdə KİV-ə 
verdiyi  müsahibələrdə  («Elçin:  «Bir  parça  gün  işığı»,  1982;  «Elçin  və  İlyas 
Əfəndiyev»,  1994  və  s.)  insani  keyfiyyətlər  sırasında  səmimiyyətə  daha  çox 
üstünlük  verdiyini  deyən  müəllif  səyahət  oçerklərində  məxsusi  olaraq  bu  cəhəti 
xüsusi  vurğulamasa  da,  yazıların  hər  birinə    səmimi  hisslərin  hakim  kəsildiyini 
söyləyə  bilərik.  O,  qoca  Avropanı  istehza  ilə  ittiham  edəndə  –  «Vyanada 
Bethovenin yaşadığı evi görmək istəyənlərin sayı yox. Buyurun cənablar, muzeyə 
bənzər bir şey yoxdur? Nə olar, qəminiz kəm. Yaxşı sərin pivə ki, var. Bəlkə, elə 
belə  yaxşıdır  –  bir  vaxt  Bethovenin  yaşadığı  yerdə  indi  pivəxana?  Bəlkə,  bir 
qeyrətli  adam  tapıldı,  Bethovenin  şərəfinə  qədəh  qaldırdı?  Hərçənd  burada  qədəh 
yox, iri parçlardır…»  - yazanda da («Dunayda «Amur» üzürdü»), qara Afrikanın 
qaniçənlərini qəzəblə qamçılayanda da – «Hərgah son dərəcə zəngin və rəngarəng 
adət-ənənələrə  malik  Afrika  xalqının  milli  mərasimi  şnapsla  icra  edilirsə,  bu, 
əslində, milliyə gülmək, millini ələ salmaq deyilmi?» - deyə soruşanda da («Yanan 
ağacın  şəfəqləri»),  bədəvi  ərəbin  qəlbinin  közünü,  gözünün  atəşini,  işıqlı 
təbəssümünü Tunisdən Azərbaycana «gətirəndə» də, eyni dərəcədə səmimidir… 
«Ötən  əsrin  yetmişinci  illərinin  sonunda  respublikada  ən  çox  oxunan 
publisistik yazı hansı olmuşdur?» - sualı ilə sorğu keçirilərsə, ilk iki əsərdən biri, 
bəlkə də birincisi «Yaxın, uzaq Türkiyə» səyahət oçerkinin olacağı şəksizdir. 
Bu əsər diqqəti həm yüksək sənətkarlıqla işləndiyi, həm də bizə ruhən yaxın 
qardaş  Türkiyədən  bəhs  etməsi  ilə  cəlbedicidir.  «Yaxın,  uzaq  Türkiyə»  yalnız 
Elçin  yaradıcılığında  yox,  bütünlüklə  Azərbaycan  publisistikası  nümunələri 
cərgəsində  xüsusi  yer  tutur.  Odur  ki,  səyahət  oçerkinin  məziyyətləri  barədə  bir 
qədər ətraflı bəhs etmək yerinə düşərdi. 

 
88 
Qələmə  alındığı  dövrdə  –  Laosu,  Kambocanı,  Çilini,  yaxud  Vyetnamı 
Türkiyədən daha yaxşı tanıdığımız sovet vaxtı çox böyük marağa səbəb olan oçerk 
bu gün də – Azərbaycan-Türkiyə mədəni-ədəbi əlaqələrinin, iqtisadi əməkdaşlığın 
yüksələn  xətlə  inkişaf  etdiyi,  yeni  keyfiyyət  göstəriciləri  əxz  etdiyi  müstəqillik 
illərində  də  aktuallığını  itirməmişdir,  yəqin  ki,  heç  zaman    da    itirməyəcəkdir. 
Elçinin uzaqgörən və dərin düşüncə tərzindən, qeyri-adi fəhmindəndir ki, bu əsər 
qələmə alınandan 20 ildən də çox bir vaxt keçdikdən sonra (bu dövrdə SSRİ adlı 
imperiyanın  dağılması  və  nəticədə  müstəqil  respublikaların,  o  cümlədən 
Azərbaycan  Respublikasının  yaranması  kimi  tarixi  hadisənin  baş  verdiyini  xüsusi 
vurğulamağa  ehtiyac  var)  o  deyəcəkdir:  «Mən  1979-cu  ildə  Türkiyə  haqqında 
yazdığım  kitabın  bütün  cümlələrinin  altından  bu  gün  məmnuniyyətlə  qol 
çəkərəm». (Hacı Azər Əbilov. «Mən insanın içərisindəki azadlığın tərəfdarıyam»  
(Elçinlə müsahibə), 2001). 
Fikrimizcə, bu əsərə dəfələrlə müraciət edilməli, sovet dövrü kontekstində o 
dərindən  təhlil  edilməli,  dəyərləndirilməlidir.  Burada  müəllif  dərin  müşahidəsi, 
mütaliəsi  və  çoxsaylı  görüşləri  sayəsində  Türkiyənin  mövcud  ictimai-siyasi 
həyatını,  partiya,  axın  və  cərəyanların  cəmiyyətdəki  rolunu,  ölkəni  çalxalayan 
terrorçuluğu, onu törədən səbəbləri obyektiv şərh edir, dəyərləndirir. 
KİV  Sovet  İttifaqında  –  bir  partiyalı  sistemdə  kommunist  ideologiyasının 
itaətkar  icraçısı  funksiyasını  daşıyanda  Elçin  cəsarətlə  yazırdı:  «Yeri  gəlmişkən, 
demək  istəyirəm  ki,  Türkiyədə  qəzet  institutu  çox  geniş  yayılmışdır  və  qəzetin 
nüfuzu böyükdür. Saysız-hesabsız bulvar, maqazin qəzetlərindən tutmuş, müxtəlif 
siyasi  amallı  «Cümhuriyyət»,  «Milliyyət»,  «Hürriyyət»,  «Tərcüman»,  «Politika» 
və  s.  kimi  ciddi  (bizdə  qəzetə  şamil  edilərkən  bu  söz  qəribə  səslənir)  qəzetlər 
əhalinin məişətinə daxil olmuşdur». Bu gün, senzuranın ləğv edildiyi, söz, mətbuat 
azadlığının, digər demokratik dəyərlərin bərqərar olunduğu bir şəraitdə bu sətirlər 
rahatlıqla, həyəcansız, həsədsiz oxunur. Lakin 70-ci illər oxucusu həmin qəzetlərin 
adını yanğı, sevgi ilə təkrarlayardı, təşnəli insan suyu necə içərsə, oxucu sözləri o 
cür  ehtirasla  «udardı».  Qəzet,  jurnal  buraxmağı  xəyalına  belə  gətirməyən 
təhsilindən,  peşəsindən,  cəmiyyətdə  tutduğu  mövqedən  asılı  olmayaraq  sovet 
oxucusuna  Elçin  qocaman  türk  yazıçısı  Yusif  Ahuşkalının  dili  ilə  zarafatla 
söyləyir: «…indi kimin əlinə qələm keçir, qəzet, ya dərgi buraxır». 
Yeri  gəlmişkən,  Azərbaycan  mühacirlərinin  həyatını,  fəaliyyətini  dilə 
gətirməyin yasaq olduğu bir dövrdə Elçin Türkiyədəki soydaşlarımızın həyatından, 
xüsusi  ilə  nəşri  fəaliyyətindən  geniş  bəhs  edir.  Məlum  olur  ki,  «Türkiyədə,  əsas 
etibarı  ilə  İstanbul  və  Ankarada  azərbaycanlı  mühacirlər  də  var  və  bunların  bir 
qismi  iyirminci  ildə,  Azərbaycanda  sovet  hakimiyyəti  qurulanda,  digər  bir  qismi 
isə II Dünya  müharibəsindən sonra qaçıb Türkiyəyə gedənlərdir». Müəllif Qarsda 
anadan olub böyümüş, hazırda İstanbulda yaşayan musiqiçi, folklorçu, jurnalist, bir 
sözlə,  İstanbuldakı  azərbaycanlıların  «patriot»  adlandırdıqları  Erol  Özaydın 
haqqında,  onun  «Həmşəhri»  adlı  8  səhifəlik  aylıq  «mədəniyyət,  sosial  və  aktual 
qəzetə»si barədə geniş bəhs edir. Qəzetin əsas amalı milli adət-ənənələri qorumaq, 
yaşatmaq, azərbaycanlıların birliyini təmin etməkdir. 
Qəzet  Azərbaycan  dilinin,  ədəbiyyatının,  mədəniyyətinin  təbliğinə  böyük 
səy göstərir. Qəzetin bütün yükünü «mənim üçün çox çətindir, işim ağırdır, amma 

 
89 
çətinlik  nə  qədər  çoxdursa,  bu  işin  şirinliyi  də  bir  o  qədər  artıqdır»  -  deyən 
E.Ozaydın  çəkir.  Elçin  həyatını  «milli  vətəndaş  xidməti»nə  həsr  edən  həmvətəni 
ilə  qürur  duyduğunu,  onunla  fəxr  etdiyini  gizlətmir,  qəlbində  oyanan  xoş  hissləri 
oxucu ilə bölüşür: «…heç kim onu məcbur etmir ki, sən min bir əziyyətlə, həm də 
əlinə  keçən  bütün  xırda-xuruş  paranın  hesabına  «Həmşəhri»  qəzeti  çıxar;  bu, 
müqəddəs və qüdrətli bir duyğunun nəticəsidir». 
1979-cu  ildən  İstanbulda  nəşrə  başlayan  «Xəzər»  aylıq  «Ədəbiyyat 
dərgisi»nin (sahibi Həmid Turan, yazı işləri müdiri Kamal Güngörən, məsləhətçisi 
Xavər  Aslanqızı,  texniki  katibi  Cumhur  Turan)  başlıca  məqsədi  1-ci  nömrəsində 
verilmiş  proqram  məqaləsində  deyildiyi  kimi,  Azərbaycan  ədəbiyyatı  və 
mədəniyyətini  tanıtmaq,  köklü,  klassik  ədəbiyyatımızı  türk  oxucularına 
sevdirməkdir.  Jurnal  xəbər  verir  ki,  oxucular  dərgidə  Azərbaycan  ədəbiyyatı 
haqqında elmi-nəzəri araşdırmalarla yanaşı, klassik və çağdaş şeir və nəsrimizdən, 
folklordan  gözəl  və  dolğun  örnəklərlə  də  tanış  olmaq  imkanı  tapacaqlar.  Bu  xoş 
xəbərlərlə  öz  oxucusunu  müjdələyən  Elçin  haşiyəyə  çıxır  və  təəssüflə  bildirir  ki, 
Türkiyədə Azərbaycan ədəbiyyatı az çap olunur, az tədqiq və təbliğ edilir. Elçin 32 
səhifəlik  jurnalın  ilk  3  nömrəsinin  demək  olar  ki,  bütün  materiallarını  təhlil  edir, 
yüksək dəyərləndirir. 
Oçerk  müəllifi  Türkiyədə  Azərbaycana  olan  marağı  gizlətmir,  əksinə  bunu 
gur  səslə  bəyan  edir:  «onlar  Azərbaycanla  maraqlanır  desəm,  əslində  heç  nə 
deməmiş  oluram;  onlar  bizim  həyatımızla  yaşayırlar…». Etiraf edək  ki, SSRİ-nin 
ideoloji  və  hərbi  (NATO  –  Varşava)  düşməni  olan  bir  ölkədəki  həmvətənlər 
haqqında  belə  mehr-məhəbbətlə  söz  açmaq  böyük  cəsarət  və  Vətən  sevgisi  tələb 
edirdi.  Elçin  Türkiyəyə,  «müasir  mədəniyyətin  mərkəzi»  İstanbula  sevgisini 
gizlətmir. Zəngin Osmanlı tarixinə müraciət edir, oxucunu «Topqapı», Aya-Sofiya, 
Süleymaniyyə  məscidi,  muzeylər,  məşhur  türk  memarı  Sinanın  yaratdığı  nadir 
incilərlə tanış edir. 
İnformasiya  ötürücülərinin  –  onlarca  teleradio  kanallarının,  yüzlərlə  qəzet, 
jurnalın, kitabların, xüsusi ilə internet xidmətinin sədd-sərhəd tanımadığı, üstəgəl 
Azərbaycan-Avropa, o cümlədən Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə 
vüsət  aldığı  indiki  zamanda  «dəmir  pərdə»  dövrünün  qayda-qanunlarını 
xatırlamaq, mənzərəsini təsvir etmək belə ağırdır… 
Elçin Türkiyə həyatının ən müxtəlif sahələrindən, fərqli mövzulardan qürur, 
fəxarət, sevgi hissi ilə yazır: Türkiyə tarixi. «1921-ci il yanvar ayının 10-da İnönü 
kəndinin yaxınlığında 15 minlik türk ordusu 60 minlik, dövrün ən yeni silahları ilə 
silahlandırılmış, arxasında Antanta dayanmış yunan ordusunu darmadağın etdi və 
bu, türk milli-azadlıq hərəkatının gələcək parlaq qələbələrinin başlanğıcı oldu; 15 
minlik,  demək  olar  ki,  silahsız,  ərzaqsız,  sursatsız  türk  ordusu  azadlıq 
ideallarından, milli qürur hissindən qüvvət alaraq bir daha sübut etdi ki, qəsbkarlıq 
öz mahiyyəti etibarı ilə ölümə məhkumdur». 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin