ABĠd tahġRLĠ



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

«525-ci qəzet» 
 
 
 
 
 
 
 
 
 
  24 iyul 2003 
 
 
HəmiĢəyaĢar sənət və sənətkar 
 
1996-cı  il  oktyabr  ayının  3-də  –  5  il  bundan  əvvəl  görkəmli  nasir  və 
dramaturq,  Xalq  yazıçısı  İlyas  Əfəndiyev  dünyasını  dəyişmişdir.  Lakin  o,  miras 
qoyub  getdiyi  zəngin  irsində,  çoxsaylı  oxucuların,  teatrsevərlərin  qəlbində,  ədəbi 
mühitə  vəsiqə  verdiyi  onlarca  obrazda  bu  gün  yaşayır,  yəqin  ki,  sabah  da 
yaşayacaqdır. Çünki bu qəhrəmanlar Azərbaycan cəmiyyətinin, tarixinin, həyat və 
düşüncə tərzinin, adət və ənənəsinin, məişətinin, təbiətinin bir parçasıdır. 
Böyük  yazıçının  vəfatının  5-ci  ildönümü  ərəfəsində  yaşına,  təhsilinə, 
peşəsinə görə fərqlənən müxtəlif adamların İlyas Əfəndiyev və onun irsi haqqında 
təəssüratları fikrimizcə, çox maraqlıdır. 
Məhərrəm  Qasımlı,  filologiya  elmləri  doktoru,  Milli  Elmlər  Akademiyası 
Ədəbiyyat İnstitutunun direktor müavini: 

 
75 
-  İlyas  Əfəndiyev  elə  qüdrətli  qələm  sahibidir  ki,  onun  haqqında  nə  qədər 
deyilsə, yazılsa yenə azdır. Qısaca onu söyləmək istəyirəm ki, İlyas müəllim istər 
Azərbaycan  dramaturgiyasına,  istər  teatrına  təbii  insan  nəfəsi  gətirmişdir.  Məncə, 
teatr  İlyas  Əfəndiyevlə  həm  forma,  həm  də  məzmunca  dəyişərək  yeni  inkişaf 
mərhələsinə qədəm qoyur. Bundan əvvəl səhnə sanki pafoslu sözlər, qışqırıq, hay-
küy  meydanı  idi.  İlyas  Əfəndiyevlə  teatr-dramaturgiya  ürək  söhbəti  etməyə 
başladı. 
Mən cəsarətlə deyərdim ki, İlyas Əfəndiyev dramaturgiyamızda, bütövlükdə 
ədəbiyyatda lirik-psixoloji üslubun yaradıcısı idi. Hekayə ustası kimi orijinal yazıçı 
olan İlyas Əfəndiyev bu üslubu məharətlə səhnə əsərlərinə də tətbiq etmişdir. 
Mənim  bu  yazıçı  ilə  şəxsi  münasibətim,  əlaqəm  olmayıb.  Amma  onun 
yaradıcılığını müntəzəm izləmişəm. O, ədəbiyyatın qara fəhləsi idi, sakit, hay-küy 
salmadan  ədəbiyyat  yaradırdı.  Bir  də  görürdün  İlyas  Əfəndiyevin  aylarla  səsi 
gəlmir:  bu  zaman  bilirdin  ki,  İlyas  müəllim  yenidən  gözəl  bir  əsəri  ilə  ədəbi 
mühitdə, teatrda bir canlanma yaradacaq. Elə də olurdu. 
Əminəm  ki,  Azərbaycan  teatrını  on  illər  boyu  yaşadan  İlyas  Əfəndiyevi 
Azərbaycan teatrı əbədi yaşadacaqdır. «Bahar suları», «Atayevlər ailəsində», «Sən 
həmişə  mənimləsən»,  «Unuda  bilmirəm»,  «Məhv  olmuş  gündəliklər»,  «Mənim 
günahım»,  «Qəribə  oğlan»,  «Xurşudbanu  Natəvan»,  «Büllur  sarayda»,  «Şeyx 
Məhəmməd  Xiyabani»,  «Sevgililərin  cəhənnəmdə  vüsalı»  pyesləri  ədəbiyyat  və 
teatr tariximizə belə demək mümkünsə, daimi qeydiyyata düşmüş əsərlərdir. 
Qəzənfər Kazımov, filologiya elmləri doktoru, professor: 
XX  əsr  2-ci  minilliyin  son  vərəqi  kimi  qapandı,  geridə  qaldı,  lakin  əsrin 
yetirdiyi böyük ədəbi simalar, nəhəng poeziya ustaları tarixin əbədi yol yoldaşları 
kimi  gələcəyə  doğru  irəliləməkdədir.  Bu  günlərdə  vəfatının  5  ili  tamam  olan 
unudulmaz  yazıçımız  İlyas  Əfəndiyev  məhz  bu  əsrdə  məzmun  və  forma 
baxımından bənzərsiz nəsri, teatrımızda xüsusi mərhələ yaradan silsilə pyesləri ilə 
klassiklər sırasında yer tutdu. 
«İlyas Əfəndiyev» sözündə əbədi bir işıq, bir kövrəklik, yuxu aləmində uca 
insanın  hiss  etdiyi  rahatlıq,  yüngüllük,  ecazkarlıq  var.  Bunlar  yazıçının  insan 
qəlbində  fırtına  doğuran  duyğu  və  düşüncələri  pərdələnməməsi,  pərdələməyə 
çalışmaması,  saxtalaşdırmaması,  zorla  «vahid  ideya»ya  tabe  etməməsi,  hər kəsdə 
görünə  bilməyən  böyük  yazıçı  demokratizmi  ilə  bağlıdır;  bunlar  həyatın  həqiqi 
poeziyasını  poeziyanın  şirin  dili  ilə  daha  həyati  ifadə  edə  bilmək  qüdrəti  ilə 
bağlıdır.  Zəhmətə  bağlanmayan  istedad  qanadsız  quş  kimidir.  «At  işləməsə,  ər 
öyünməz».  İlyas  Əfəndiyev  ilhamının  al  rəngli  yel  qanadlı  atı  onun  ilk 
hekayələrindən  oxucunun  başı  üzərindən  uçaraq  əfsunlamışdır,  -  təbii  boyası, 
ahəngdarlığı,  insan  hisslərinin,  insan  duyğularının  dibi  görünməz  dərinliklərinə 
enən  lirizmi  ilə…  Həqiqi  nəsrin  xalis  poeziya  olduğunu  unudanlar  və  «Mənim 
nəsrim  –  mənim  poeziyam»  prinsipinə  əməl  edənlər  sırasında  İlyas  Əfəndiyev 
ikincilərdəndir.  Digər  nəsr  ustalarımızın  böyük  zəhmətinə,  müqəddəs  ruhuna 
etinasızlıq  göstərmədən  deyə  bilərik  ki,  əgər  nəsrin  şeriyyətini  öyrənmək  lazım 
gələrsə,  «Dədə  Qorqud»dan  sonra  İ.Əfəndiyevin  «Qarı  dağı»,  «Qəhrəman  ilə 
bülbülün  nağılı»,  «Tar»,  «Kiçik  bir  poema»,  «Apardı  sellər  Saranı»  və  başqa 
hekayələrini öyrənmək lazım gələrdi. Bu əsərlərdəki şeriyyət tədricən genişlənərək 

 
76 
«Söyüdlü  arx»a,  «Körpüsalanlar»a,  «Sarıköynəklə  Valehin  nağılı»na  və  başqa 
əsərlərə  hopmuşdur.  Bu  üslub  «Geriyə  baxma,  qoca»  romanında  hər  kəlməsində 
xəlqilik, kamillik və müdriklik görünən dastanvarı cilalanma yolu ilə getmişdir. 
İlyas Əfəndiyev nəsrinin dili, aparıcı keyfiyyətləri ilə, çox zaman hadisələrin 
birinci  şəxsin  dilindən  söylənməsinə  əsaslanan  üslubi-poetik-bədii  tədqiqatla 
bağlıdır.  Lirik  «mən»  insan  təbiətindəki  bütün  ziddiyyətləri  gözləməyə,  obrazın 
mümkün  hissi-psixoloji  aləmini  vüsətlə  üzə  çıxarmağa  imkan  vermiş,  yazıçı  öz 
«mən»ini  obrazın  –  birinci  şəxsin  «mən»i  timsalında,  bir  növ,  insan  təbiətinə 
müdaxilə etmədən səciyyələndirə bilmişdir. Artıq haşiyə və dialoqların redaktəsi, 
təhkiyə və dialoqların ümumiləşdirmə gücü, xalq dilinə, xalqın müdrikliyinə inam 
hissi hadisə və obrazların təsviri prosesində yazıçıya hüdudsuz imkanlar vermişdir. 
Qarşıda  böyük  ədiblər  ordusu  dururdu.  Odur  ki,  ilk  qələm  təcrübələri 
dövründən M.F.Axundov, Mirzə Cəlil, Ə.Haqverdiyev, müasirləri Mir Cəlal, Sabit 
Rəhman,  H.Mehdi,  M.S.Ordubadi,  S.Rəhimov  kimi  nəhəngləri  göz  önündə 
saxlamış, oxucunun zövqünü düşünmüş, sözə necə rəng vuracağını dəfələrlə götür-
qoy etmiş, ədəbiyyatımızda seçilən, sevilən və insanın mənəvi aləminə nüfuz edən 
orijinal bir üslub formalaşdırmışdır. İ.Əfəndiyev süni obrazlılıq yaratmaq yolu ilə 
getməmiş,  bədiiliyi  hadisənin,  xarakterin  sadə,  təbii  təsvirində  görmüşdür. 
Nəsrindəki  lirizm,  psixoloji  dərinlik  dramaturgiyasında  ona  görə  qabarıqdır  ki, 
səhnədə obraz bütövlükdə görünür. Əslində, nəsr və dramaturgiyasında dilin ədəbi-
estetik  dəyəri  eyni  dərəcədə  yüksəkdir;  buna  görə  də,  İ.Əfəndiyev  lirik-psixoloji 
dram  və  nəsr  dilinin  yeni  vüsətlə  inkişafında  dövrün  bani  səviyyəli  ən  müqtədir 
sənətkarı sayılır. Dramaturgiyamızdakı ritorikliyi ustalıqla təbii insan mükalimələri 
ilə əvəz edə bilmiş, sadə, sərrast, təbii-emosional replikalarla nəsihətçilik ənənəsini 
geridə buraxmışdır. Sözləri fraza mühitində əlaqələndirərək fikri irəlilətmə üsuluna 
üstünlük  vermişdir.  Sintaktik  bütövlərdən  bir-birinə  usta  məntiqi  keçidlər  poetik 
mətnin təşəkkülündə həlledici amil olmuşdur. Hadisələrin çox zaman kulminasiya 
nöqtəsindən  başlanması,  maraqlı  və  gözlənilməz  başlanğıc  və  sonluqlar,  süjet 
rəngarəngliyi,  ahəngdarlıq  və  musiqilik,  intonasiyanın  dolğun  nəfəsdərmə  ilə 
tamamlanması, dialoq nitqinin qısa, yığcam, emosional quruluşu, poetik sintaksis – 
rasional fikrin saxlanması ilə «məlum olanlar»ın ixtisarı, söz sırası, məntiqi vurğu, 
müxtəlif üzvlərin və mürəkkəb cümlə komponentlərinin aktuallaşdırılması üsulları, 
müraciət  və  münasibət  bildirən  söz  və  birləşmələr,  presupposizisional  imkanlar 
əsasında  bir  çox  şeylərin  xatırlanmasının  oxucunun  ixtiyarına  buraxılması  – 
implisit  ifadə  forması,  xalq  frazeologiyasından  yeni  çalarda  istifadə  və  s.  yazıçı 
ideyasını  dəyərləndirən,  əsəri  ədəbi  aləmin  sevgi  mənbəyinə  çevirən  əsas  amillər 
olmaqla, özünəməxsusluğu ilə seçilir. 
İlyas  Əfəndiyevin  dili  və  orijinal  üslub  gerçəklikləri  gənc  nasirlər  üçün 
məktəb olmaqla, yüzilliklər keçidində XX əsr Azərbaycan bədii dilinin şirinliyi və 
gözəlliyi timsalı kimi daim heyrət doğuracaqdır. 
Salehə Əmrahzadə – Bakıdakı 151 nömrəli məktəbin biologiya müəllimi: 
- Ədəbiyyatçılar İlyas Əfəndiyev yaradıcılığından danışanda İlyas Əfəndiyev 
məktəbi,  yaxud  İlyas  Əfəndiyev  teatrı  ifadələrini  işlədirlər.  Mən  isə  İlyas 
Əfəndiyevin  əsərlərini  həyat  dərsliyi,  onun  özünü  isə  həyat  müəllimi 
adlandırardım. 

 
77 
İlyas müəllimin obrazları oxucu və tamaşaçılarda ülvi, sarsılmaz məhəbbət, 
saflıq,  sədaqət,  humanistlik,  bir  sözlə,  nəcib  hisslər  yaradır,  haqsızlığa, 
ədalətsizliyə,  varlanmaq  ehtirasına,  acgözlüyə,  əyyaşlığa,  yüngül  həyat  tərzinə 
nifrət aşılayır. 
Teatrlarımızın,  xüsusilə  Dram  teatrının  repertuarında  İlyas  Əfəndiyevin 
əsərlərinin tez-tez oynanılmasını arzulayardım. 
Azərbaycan  Respublikası  Prezidentinin  İlyas  Əfəndiyevin  xatirəsinin 
əbədiləşdirilməsi haqqında sərəncamı hamının ürəyindən olmuşdur.  
Sənəddə  Bakının  küçələrindən  birinə  Xalq  yazıçısının  adının  verilməsi, 
tələbələr  üçün  İlyas  Əfəndiyev  adına  xüsusi  təqaüd  təsis  edilməsi,  dramaturqun 
«Hökmdar  və  qızı»  əsəri  əsasında  iki  seriyalı  bədii  filmin  çəkilməsi  nəzərdə 
tutulmuşdur. Yazıçının oncildliyinin nəşr olunması xüsusilə təqdirəlayiqdir. Latın 
əlifbası ilə çap olunacaq bu kitabların on minlərlə yeni-yeni oxucusu olacaqdır. 
Məhəmməd Baharlı – jurnalist: 
-  İlyas  müəllim  82  yaşında  vəfat  etmişdir.  Bu,  böyük  yaşdır.  Amma  istər 
sağlığında  və  istərsə  də  bu  gün  o  mənim  üçün  gənclik  simvoludur.  Çünki  İlyas 
müəllimi  mən  əsərləri  ilə,  obrazları  ilə  tanıyıram.  Burada  hər  şey  təzədir, 
təravətlidir,  burada  həyat  qaynayır,  gənclik,  məhəbbət  mühitə  hakimdir.  Odur  ki, 
İlyas  Əfəndiyevin  obrazlarını  qocalmayan  qəhrəmanlar,  onun  özünü  ölməz 
sənətkar adlandırsaq, səhv etmərik. 
Bir  məsələni  də  qeyd  etmək  istərdim.  Milli  mənlik  hissinin,  milli  qürurun, 
milli şüurun formalaşması və inkişafında İlyas müəllimin rolu misilsizdir. Əlbəttə, 
o  heç  bir  əsərində  «gəlin  milli  şüurumuzu  yüksəldək»,  yaxud  «eşq  olsun  bizim 
millətə» yazmayıb. Lakin 60-70-80-ci illərdə (mən bu illəri milli özünüdərkin yeni 
təzahür dövrü adlandırardım) yeni söz eşitmək ehtirası ilə yaşayan nəslə tarixçilər, 
elm  adamları  heç    nə  demirdi,  yaxud  deyə  bilmirdi.  Amma  İlyas  müəllimin 
qəhrəmanlarının gur səsi salonu titrədir, qəlblərə od salırdı. Səhv etmirəmsə, Xalq 
artisti  Amalya  Pənahova  İlyas  müəllim  haqqında  yazmışdı  ki,  heç  kəsin  cəsarəti 
çatmayanda onun qələmi qılınc kimi parlayır və həqiqəti söyləyirdi… 
Dağlar Səfərov – xalça ustası, iş adamı: 
-  Dünyanın  bir  çox  şöhrətli,  adlı-sanlı  şəxsiyyətlərinin  obrazını  xalçalarda 
əks  etdirmişəm.  Bu,  milyonlarla  insanın  idealına  çevrilmiş  həmin  adamlara 
məhəbbətimin,  sevgimin  izharıdır.  Böyük  dramaturq  İlyas  Əfəndiyevin  də  xalça 
üzərində obrazını yaratmaq niyyətindəyəm. Fikirləşirəm ki, bu sadəcə bir fotonun 
ilmələr  vasitəsilə  xalçaya  çevrilməsi  yox,  bütün  həyatını  xalqına,  onun 
çiçəklənməsinə,  tərəqqisinə,  maariflənməsinə  həsr  etmiş  ədibin  özünəməxsus 
xarakter  və  simasını  əks  etdirən  portret  olacaqdır.  Mən  öz  peşəmin  vurğunuyam. 
Amma demək olar ki, respublikanın bütün yazıçı və şairləri ilə şəxsi münasibətim 
var.  Bu  əlaqələrdə  mütaliəm  mühüm  rol  oynamışdır.  İlyas  Əfəndiyevi  oxumaqla 
yanaşı,  səhnə  əsərlərinə  də  tamaşa  etmişəm.  Onun  əsərlərindəki  xarakterlər  və 
obrazlar  qalereyasını  xalçanın  rəngləri  ilə  müqayisə  edərdim:  bir-birindən  fərqli, 
bir-biri ilə əlaqəli, həm də biri digərini tamamlayan, nəticədə göz oxşayan mənzərə 
yaradan rənglərlə. 
Az-çox  ədəbiyyatla  maraqlandığım  üçün  özümdə  cəsarət  tapıb  İlyas 
müəllimin  dili  ilə  bağlı  da  bir  fikir  söyləmək  istəyirəm.  Vaqifin  dili  poeziyada 

 
78 
nədirsə,  İlyas  Əfəndiyevin  dili  nəsrdə  odur.  Bir  nəfər  mənə  söyləyəndə  ki,  mən 
İlyas müəllimin bəzi əsərlərini əzbərdən bilirəm, inanın, təəccüblənmədim. Bu dil, 
onun sahibi olan xalq durduqca İlyas Əfəndiyev də yaşayacaqdır… 
Aygün Həsənoğlu – Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk 
Yazarlar  Birliyinin  Baş  katibi,  Dövlət  Gənc  Tamaşaçılar  Teatrının  ədəbi-dram 
hissə rəhbəri, Beynəlxalq Münasibətlər İnstitutunun aspirantı: 
-  Azərbaycan  dramaturgiyası  nisbətən  gənc  olsa  da,  ədəbiyyatımıza 
M.F.Axundov,  C.Cabbarlı,  H.Cavid  kimi  nəhənglər  bəxş  etmişdir.  Lakin  bu  üç 
böyük  dramaturqdan  sonra  uzun  müddət  dramaturgiyamızda  bir  boşluq  yarandı. 
Ayrı-ayrı maraqlı əsərlər yaransa da, bütövlükdə Azərbaycan teatrının ağırlığını öz 
çiyinlərinə götürə bilən dramaturqun nəfəsi duyulmurdu. Belə bir nəfəsi teatrımıza 
İlyas  Əfəndiyev  gətirdi.  İlyas  Əfəndiyev  bir-birinin  arxasınca  səhnəmizə  yeni 
obrazlar qalereyası təqdim etdi və tezliklə ölkəmizin aparıcı teatrı olan Akademik 
Dövlət Dram Teatrının repertuarında əsas yeri qazandı. Bu əsərlər böyük tamaşaçı 
kütləsinin teatra axınına səbəb oldu. 
Mənim  üçün  maraqlı  cəhətlərdən  biri  də  odur  ki,  İlyas  Əfəndiyev  hətta 
durğunluq  dövründə  belə,  teatrı  sovet  ideologiyasının  tribunasına,  silahına 
çevirmədi,  süni,  bir-birinə  bənzər  sovet  obrazları  ilə  səhnəni  doldurmadı,  əksinə, 
sözün həqiqi mənasında maraqlı, rəngarəng, köhnə çərçivələri dağıdıb parçalayan, 
sosialist realizminin qəliblərindən cəsarətlə kənara çıxa bilən qəhrəmanlar yaratdı, 
İ.Əfəndiyevin qadın qəhrəmanları özünün ziddiyyətli, möhkəm xarakterləri, axına 
qarşı durması ilə diqqəti cəlb edir. O, teatrı «kolxoz teatrı» anlamına sığışdırmadı, 
onun daha geniş məkanlarını, bu məkanlardakı qəhrəmanların daxili aləmini bütün 
təzadları ilə kəşf etməyə çalışdı. 
İ.Əfəndiyevin yaradıcılığında dövrün sosial və siyasi problemləri çox zaman 
məhəbbət  mövzusu  fonunda  verilirdi.  Bununla  da,  onun  yaratdığı  əsərlər  dərhal 
mübahisələrə  və  ziddiyyətli  fikirlərin  yaranmasına  səbəb  olur,  bəzən  qamçılanır, 
bəzən  də  sadəcə  bu  qəhrəmanlar  amansızlıqla  görməməzliyə  vurulurdu.  Məsələn, 
«Sən həmişə mənimləsən» əsərində sovet obrazlarına uyğun olmayan,  əslində isə 
bu  cəmiyyətin  çirkinliklərini  üzə  çıxaran  maraqlı  qəhrəmanlar  vardır.  «Büllur 
sarayda»  əsəri  isə  sovet  cəmiyyətində  baş  verən  sosial-mənəvi  haqsızlıqları  ifşa 
edən  maraqlı  bir  əsərdir.  İ.Əfəndiyev  Cavid  və  Cabbarlıdan  sonra  yeganə 
dramaturqdur  ki,  onun  yaratdığı  obrazlar  teatrımızda  onlarla  aktyorun  və 
rejissorların yetişməsində çox mühüm bir rol oynamışdır. 
 
 
 
 
 
 
      «Azərbaycan qəzeti», 4 oktyabr 2001 
 
 
Yazıçı ömrü, ədəbiyyat tarixi 
 
«Gənclik»  nəşriyyatının  bu  yaxınlarda  nəfis  tərtibatla  çap  elədiyi  görkəmli 
yazıçı-dramaturq  İlyas  Əfəndiyevlə  bağlı  «Sən  həmişə  bizimləsən»  adlı  xatirələr 
toplusunu (tərtibçilər: Dilsuz, A.Tahirli, redaktoru: Dilsuz, 392 səh.) mübaliğəsiz, 
həm  də  ədəbiyyat  tariximizin  son  60  ilinin  salnaməsinə  gözəl  töhfə  adlandırmaq 

 
79 
olar. Böyük ədib İ.Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən xatirələr 30-cu 
illərdən  üzü  bəri  ictimai-siyasi,  mədəni  və  xüsusilə  ədəbi  mühitdə  baş  verən 
prosesləri  dərindən  dərk  etmək,  qavramaq,  öyrənmək  baxımından  da  maraq 
doğurur. 
Əsərdə Azərbaycan ədəbiyyatının parlaq simalarından sayılan görkəmli nasir 
və  dramaturq,  Xalq  yazıçısı,  mədəniyyətimizin  qocaman  və  nüfuzlu 
nümayəndələrindən  olan  İ.Əfəndiyevin  vəfatı  ilə  əlaqədar  ölkə  rəhbərliyinin, 
tanınmış  ədəbiyyat  və  mədəniyyət  xadimlərinin  nekroloqu,  yazıçı  ilə  vidalaşma 
mərasiminin  materialları,  vəfatından  sonra  mətbuatda  İ.Əfəndiyev  haqqında 
yazılardan  seçmələr,  qələm,  sənət  dostlarının,  onu  tanıyanların  xatirələri  çap 
olunmuş,  habelə  dramaturqun  Azərbaycan  Milli  Akademik  Dram  Teatrında 
tamaşaya  qoyulmuş  pyeslərinin  siyahısı  verilmişdir.  Kitabda  həmçinin  yazıçının 
həyat və yaradıcılığı ilə bağlı bir sıra fotoları çap olunmuşdur. 
«Özümüzdən  sonra»nın  ilkini»  adı  ilə  ön  söz  əvəzi  yazmış  Xalq  yazıçısı 
Elçinin  təbirincə  desək,  «bu  kitab  «özümüzdən  sonra  xalqın  yadına  düşəcəyik» 
sualına cavab yox, heç zaman yaddan çıxılmayacağın ifadəsidir». 
Müasir Azərbaycan ədəbiyyatının, mədəniyyətinin aparıcı simalarından olan 
Bəxtiyar  Vahabzadənin,  Kamal  Talıbzadənin,  Hüseyn  Abbaszadənin,  Sofa 
Bəsirzadənin,  Süleyman  Ələsgərovun,  Qabilin,  Nəbi  Xəzrinin,  Bəkir  Nəbiyevin, 
Cabir 
Novruzun, 
Fərəməz 
Maqsudovun, 
Həsənağa 
Turabovun,  Şəfiqə 
Məmmədovanın,  Mirvarid  Dilbazinin,  Tofiq  Quliyevin,  Qılman  İlkinin,  Əziz 
Mirəhmədovun, Əzizə Cəfərzadənin, Ələviyyə Babayevanın, Leyla Bədirbəylinin, 
Tahir  Salahovun,  Anarın  …  böyük  ədib  İ.Əfəndiyev  haqqında  ürək  sözləri  ustad 
sənətkar, dost, qələm yoldaşı, həmkar barədə xatirələr çərçivəsinə sığmır. Bu, artıq 
Azərbaycan ədəbi həyatının, teatrının bütöv bir dövrü haqqında, onu yaradanlardan 
biri barədə sanballı məxəzdir, mənbədir. 
«Kənddən məktublar», «Söyüdlü arx», «Körpüsalanlar», «Dağlar arxasında 
üç  dost»,  «Geriyə  baxma,  qoca»,  «Sarıköynəklə  Valehin  nağılı»,  «Üçatılan», 
«Bahar suları», «Atayevlər ailəsində», «Sən həmişə mənimləsən», «Qəribə oğlan», 
«Məhv  olmuş  gündəliklər»,  «Mənim  günahım»,  «Unuda  bilmirəm»,  «Mahnı 
dağlarda  qaldı»,  «Xurşidbanu  Natəvan»,  «Büllur  sarayda»,  «Şeyx  Məhəmməd 
Xiyabani» və s. kimi əsərlər parlaq yazıçı təxəyyülünün, fitri istedadının məhsulu 
olmaqla  yanaşı,  həm  də  Azərbaycan  cəmiyyətinin,  ona  məxsus  hadisələrin 
inikasıdır. 
Qələm,  sənət,  ədəbiyyat,  mədəniyyət  xadimləri,  dostları  onu  «çağdaş 
ədəbiyyatımızın  klassiki»  (Hüseyn  Abbaszadə),  «indiki  zamanda  gündüz  çıraqla 
axtarılan  ziyalı»  (Anar),  «…dramaturgiyamızda  xüsusi  məktəb  yaradan,  40  ildən 
çox  teatrlarımızın  repertuar  ağırlığını  çiynində  daşıyan  misilsiz  korifey»  (Polad 
Bülbüloğlu),  «əfsanə,  möcüzə»  (Ramiz  Məmmədzadə),  «el  məhəbbəti  qazanmış 
xoşbəxt  sənətkar»  (Mirvarid  Dilbazi),  «məhəbbətin  ustad  tərənnümçüsü»  (Kamal 
Talıbzadə), «zaman çərçivəsini qırıb parçalayan nadir yazıçılardan» (Nəbi Xəzri), 
«qüdrətli bir sənətkar, işıqlı bir ziyalı, bütün həyatı boyu yalnız və yalnız sözünə, 
sənətinə  fanatik  bir  məhəbbətlə  bağlı  nadir  bir  yazıçı»  (Cabir  Novruz),  «böyük 
sənətkarlardan  biri  və  ən  görkəmlisi»  (Şəfiqə  Məmmədova),  «xalqın  taleyində, 
tarixində  xidmətləri  və  izi  olmuş  bir  şəxsiyyət»  (Mövlud  Süleymanlı),  «millətin 

 
80 
yaddaşına ana dili ilə birgə həkk olunan səmimi insan, böyük ədib, unudulmaz və 
təkrarsız  dramaturq»  (Kamil  Vəli  Nərimanoğlu)  adlandırırlar.  Bunlar  gəlişigözəl 
ifadələr  yox,  20  əsəri  səhnədə  uğurla  tamaşaya  qoyulmuş,  istedadlı  aktyor  və 
rejissorlar  nəslinin  yetişdirilməsində  misilsiz  xidmətlər  göstərmiş,  Azərbaycan 
ədəbiyyatı  kimi  zəngin  bir  xəzinədə  «İlyas  Əfəndiyev  məktəbi»  yaratmış  bir 
yazıçının  əməyinin  tutarınca  qiymətləndirilməsi  üçün  diqqətlə,  məsuliyyətlə 
seçilən sözlərdir. 
İ.Əfəndiyevin  yaradıcılığının  əsas  hissəsi  sovet  imperiyası  dövrünə  təsadüf 
edir. Sənətkarın böyüklüyü, elə xoşbəxtliyi də ondadır ki, sovet rejimi şəraitində o, 
ədəbi  yaradıcılığında  əsrlərin  sınağından  çıxmış  milli  dəyərləri  ön  plana  çəkə 
bilmiş,  onlara  yeni  ruh  vermiş,  yaşatmış  xalqı  düşündürən,  onu  narahat  edən 
problemlərdən  bəhs  etmiş,  oxucularda,  tamaşaçılarda  Vətənə  məhəbbət,  yüksək 
ideyalarla  yaşamaq,  sədaqət,  ülvilik,  dözümlülük,  cəsarətlilik,  prinsipiallılıq  kimi 
hisslərin yaranmasına xidmət edən əsərlər yazmışdır. Elə təsadüfi deyil ki, məhz bu 
xidmətlərinə  görə  müstəqil  Azərbaycanın  «Şöhrət»  ordenini  alan  ilk  sənətkar  da 
İ.Əfəndiyev olmuşdur. 
Böyük  dramaturqun  vəfatının  3-cü  ildönümü  ərəfəsində  «Sən  həmişə 
bizimləsən»  adlı  kitabın  nəşri  İ.Əfəndiyevin  xatirəsinə,  onun  pərəstişkarlarına 
gözəl hədiyyədir. 
 
“Ədəbiyyat qəzeti”, 7 iyul 2000 
 
Özündən sonra da, özü var kimi 
 
Altı  il  əvvəl  oktyabr  ayının  3-də  xalqımız  özünün  parlaq  zəkalarından, 
ədəbi-mədəni  fikir  tariximizin  qüdrətli  simalarından  birini,  görkəmli  nasir  və 
dramaturqu, xalq yazıçısı  İlyas Əfəndiyevi itirdi. Böyük qələm sahibi dünyasını 
dəyişdi,  lakin  onun  dühası,  irsi  xalqla  qaldı.  Onun  «Bahar  suları»,  «Atayevlər 
ailəsində»,  «Sən  həmişə  mənimləsən»,  «Unuda  bilmirəm»,  «Məhv  olmuş 
gündəliklər»,  «Mənim  günahım»,  «Qəribə  oğlan»,  «Xurşudbanu  Natəvan», 
«Büllur  sarayda»,  «Şeyx  Məhəmməd  Xiyabani»,  «Sevgililərin  cəhənnəmdə 
vüsalı»,  «Hökmdar  və  qızı»,  «Polkovnik  Allahyarov»  kimi  pyesləri,  «Söyüdlü 
arx»,  «Körpüsalanlar»,  «Sarıköynəklə  Valehin  nağılı»,  «Geriyə  baxma,  qoca», 
«Üçatılan»  kimi  romanları,  çox  sayda  hekayəsi  ədəbi  xəzinəmizin  əbədi 
nümunələri  sırasında  durdu.  Əslində  İlyas  Əfəndiyev  hələ  sağlığında  «canlı 
klassik» adını, əsərləri ölməzlik statusunu almışdı. 
Tanınmış  ədəbiyyatşünas  Vilayət  Quliyev  dramaturqun  vəfatından  bir  il 
sonra yazırdı ki, İlyas müəllim bütün həyatı boyu üzü gələcəyə gedən sənətkar 
olmuşdu,  «…  hər  şeyə  qadir  saydığımız  ölüm  də  onu  bu  bitib-tükənmək 
bilməyən  yoldan  saxlaya  bilməyib»  («Ədalət»  qəzeti,  1  oktyabr  1997-ci  il). 
Ondan  ayrıldığımız  ötən  illər  bir  daha  göstərdi  ki,  doğrudan  da  İ.Əfəndiyev 
«üzü  gələcəyə  gedən  sənətkar»dır.  O,  bu  gün  də  sevilə-sevilə  oxunur,  onun 
tamaşaları  bu  gün  də  anşlaqla  keçir,  «İlyas  Əfəndiyev  teatrı»nın,  «İlyas 
Əfəndiyev məktəbi»nin gücü, təsiri bu gün də hiss olunur. 

 
81 
Təsadüfi deyil ki, təmirlə əlaqədar 6 illik fasilədən sonra Akademik Milli 
Dram  Teatrı  1996-1997-ci  il  teatr  mövsümünü  öz  səhnəsində  dramaturqun 
«Hökmdar  və  qızı»  tamaşası  ilə  açmışdır.  1999-cu  ildə  «Gənclik»  nəşriyyatı 
böyük  ədibin  həyatı  və  irsi  haqqında,  qələm,  sənət  dostlarının,  oxucularının, 
tamaşaçılarının xatirələri, ürək sözləri toplanmış «Sən həmişə bizimləsən» adlı 
kitab nəşr etmişdir. 
Azərbaycan  Respublikası  Prezidentinin  «İ.M.Əfəndiyevin  xatirəsinin 
əbədiləşdirilməsi  haqqında»  2001-ci  il  9  mart  tarixli  Sərəncamını  isə  İlyas 
Əfəndiyevə ümumxalq məhəbbətinin təzahürü adlandırmaq olar. Sənəddə Bakı 
şəhərinin  küçələrindən  və  orta  məktəblərindən  birinə  onun  adının  verilməsi, 
yaşadığı  binaya  xatirə  lövhəsinin  vurulması,  Azərbaycan  Mədəniyyət  və 
İncəsənət  Universitetinin  tələbələri  üçün  İlyas  Əfəndiyev  adına  təqaüdün  təsis 
edilməsi,  xalq  yazıçısının  əsərlərindən  ibarət  on  cildliyin  nəşr  olunması, 
«Hökmdar  və  qızı»  əsəri  əsasında  ikiseriyalı  bədii  filmin  çəkilməsi  kimi 
tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur və hazırda icra edilməkdədir. 
…  Xalq  yazıçısı  Elçin  Əfəndiyev  İlyas  Əfəndiyev  haqqında  buraxılan 
«Sən  həmişə  bizimləsən»  adlı  xatirə  kitabına  yazdığı  «Özümüzdən  sonra»nın 
ilkini» adlı «Ön söz əvəzi»ndə böyük ədibin 20 ildən də əvvəl sadə, səmimi və 
təbii  hisslərini  ifadə  edən  «…  yəni  deyirsən  özümüzdən  sonra  xalqın  yadına 
düşəcəyik?»  sualına  adı  çəkilən  xatirə  kitabına  işarə  vuraraq  belə  cavab  verir: 
«Bu  kitab  «özümüzdən  sonra  xalqın  yadına  düşəcəyik?»  sualının  cavabı  yox, 
heç  zaman  yaddan  çıxmayacağının  ifadəsidir»  («Sən  həmişə  bizimləsən», 
«Gənclik» nəşriyyatı, 1999-cu il, səh.4). Dəqiq, sərrast və təkzibolunmaz fakta, 
güclü  məntiqə  söykənən  qənaətdir.  Yalnız  onu  əlavə  etmək  olar  ki,  İlyas 
Əfəndiyevin vəfatından ötən illər də göstərdi ki, böyük yazıçı özündən sonra da 
özü var kimidir. 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin