ABĠd tahġRLĠ


«Dədə Qorqud» bülleteni, Bakı, 1999



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

«Dədə Qorqud» bülleteni, Bakı, 1999,      
   
     «Ozan» nəĢriyyatı 
 
 
 
 
 
 
 
Bir kitab, 99 sual 
 
 
 
Mərhum məşhur tarixçi alim, professor Xəlil Əlimirzəyevi tanıyanlar onu bir 
çox  cəhətləri  ilə  yanaşı  tədqiqatçılar  barəsində  maraqlı  fikirləri  ilə  də  yəqin  ki, 
xatırlayırlar. O, alimləri bir neçə kateqoriyaya bölərdi: I qrupa daxil olan alimlər 
sahəsinin mükəmməl mütəxəssisidir və bildiklərini həm gözəl nitqi, həm də qələmi 
ilə  izhar  edir;  II  qrupa  daxil  olan  alimlər  öz  sahəsini  dərindən  bilir,  bildiklərini 
yaxşı  yazı  ilə  ifadə  edir,  lakin  nitqində  büdrəyir;  III  qrup  alimlər  isə  əksinə,  öz 
sahəsini  dərindən  bilsə  də,  yazıda  axsayır,  bildiklərini  daha  çox  natiqlik  məharəti 
hesabına  çatdırır.  Professor  X.Əlimirzəyev  birincilərə  üstünlük  verər,  digərləri 
haqqında  söz  düşəndə  susar  və  bu  zaman  onun  nurlu  çöhrəsinə  özünəməxsus 
təbəssüm qonardı… 
Professor  Nizami  Məmmədov  (Tağısoy)  haqqında  düşünəndə  sövq-təbii  bu 
təsnifatı xatırladım. Doğrudan da, bu gün ölkədə minlərlə alim olsa da, həm yazısı, 
həm də yüksək nitq mədəniyyəti ilə geniş ictimaiyyət arasında tanınanlar seyrəkdir. 
N.Məmmədov  tədqiqat  sahəsinin  genişliyi,  zənginliyi,  qələminin  itiliyi,  natiqlik 
məharəti  ilə  fərqlənən  araşdırıcılardandır.  Mətbuatda  onun  bir-birindən  maraqlı, 
mövzu  baxımından  rəngarəng,  müasir  tələblər  nöqteyi-nəzərindən  aktual  və 
əhəmiyyətli yazılarını izlədikcə, elə təəssürat yaranır ki, bu tədqiqatçı gecə-gündüz 
işləyir,  yazır,  daim  axtarışdadır.  Professorun  bir-birinin  ardınca  mətbuatda  dərc 
olunan  məqalələri  ilə  yanaşı  bu  yaxınlarda  nəşr  edilən  «Qaraqalpakskaya 
literatura» adlı dərs vəsaitini (Bakı Slavyan Universiteti, «Kitab aləmi» nəşriyyat-

 
121 
poliqrafiya mərkəzi, Bakı-2007, 292 səh.) görəndə, qənaətimdə yanılmadığıma bir 
daha  əmin  oldum.  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  tövsiyəsi  ilə  nəşr 
edilən  bu  əsərin  redaktoru  f.e.n.  dos.  R.Rəsulov,  rəyçiləri  f.e.d.  prof.  M.Qasımlı, 
f.e.n. dos. Ə.Nəzərova, f.e.n. dos. F.Məmmədovdur. 
Adından da göründüyü kimi, dərs vəsaiti Azərbaycan oxucusu, auditoriyası 
üçün  maraqlı  olduğu  qədər  də  qaranlıq  bir  sahəyə  tarixi,  mədəni  dəyərləri,  soy 
kökü  ilə  xalqımıza  doğma  olan  qaraqalpaqların  ədəbiyyatına  həsr  edilmişdir. 
Ümumiyyətlə, türkologiyada bu sahə, nədənsə, həmişə bir qədər diqqətdən kənar 
qalmışdır.  F.e.n.  dos.  Rüstəm  Rəsulovun  əsərə  ön  söz  əvəzi  yazdığı 
«Türkologiyamızda  qaraqalpaq  ədəbiyyatı  haqqında  yeni  söz»  adlı  məqaləsində 
dediyi  kimi,  qaraqalpaq  ədəbiyyatı  Azərbaycan  alimlərinin  dərin  analitik  tədqiqat 
predmeti  olmamışdır.  Məqalə  müəllifi  göstərir  ki,  oxucuların  diqqətinə  təqdim 
edilən kitabda onlar bir tərəfdən qaraqalpaq ədəbiyyatının folklordan qaynaqlanan 
milli özünəməxsusluqlarını hiss edə bilər, digər tərəfdən isə müasir yazıçıların xalq 
həyatından  qidalanan  folklora  meylini  görə  bilər.  Buradaca  qeyd  etmək  yerinə 
düşər  ki,  Azərbaycan  oxucusu  qaraqalpaq  şair  və  yazıçılarının  həyat  və 
yaradıcılığı,  ədəbi  nümunələri  ilə  tanışlıqla  həm  də,  xalqlarımızın  məişət  və 
düşüncə tərzlərindəki yaxınlığın, çox vaxt eyniliyin də şahidi olacaqlar. 
Professor N.Məmmədov haqlı olaraq qaraqalpaq xalqının ədəbi həyatını bu 
ulusun  tarixində  və  daxilində  baş  verən  ictimai-siyasi  proseslərlə,  azadlıq 
uğrundakı  mübarizə  ilə  vəhdətdə  götürür.  Məhz  bu  yanaşma  tədqiqatçıya  ədəbi 
prosesi  də  düzgün,  obyektiv  izləməyə,  nəticədə  onun  inkişaf  mərhələləri    barədə 
dolğun,  sanballı  elmi-nəzəri  qənaətlər  hasil  etməyə  imkan  vermişdir. 
N.Məmmədov tədqiqat predmetinə bir neçə rakursdan baxmağı, onu dərindən təhlil 
etməyi,  dəyərləndirməyi,  müvafiq  nəticələr  çıxarmağı  bacaran  səriştəli 
alimlərdəndir.  «Qırx-qız»,  «Şəryar»  kimi  epik  dastanların,  digər  şifahi  xalq  ədəbi 
nümunələrinin,  XVIII  əsrdən  müasir  dövrə  qədər  yaşayıb  yaratmış,  bu  gün  də 
fəaliyyətini  davam  etdirən  bir  sıra  şair  və  yazıçıların  əsərlərinin  çağdaş 
ədəbiyyatşünaslığın  tələbləri  baxımından  tədqiqat  müstəvisinə  cəlb  etməsi  və 
məqsədinə uğurla nail olması dediklərimizi bir daha təsdiqləyir. Bir qədər obrazlı 
desək, N.Məmmədov az qala bir elmi-tədqiqat institutunun işini öz çiyinləri üstünə 
götürmüşdür. O, şifahi xalq ədəbi nümunələrini, 20 nəfər yazıçı və şairin həyat və 
yaradıcılığını  öyrənmiş,  onların  əsərlərini  mövzu,  kompozisiya,  janr,  sənətkarlıq 
baxımından dərindən, hərtərəfli təhlil etmiş, qaraqalpaq ədəbiyyatının bel sütununu  
təşkil  edən  Jien  Jıray,  Hunxoca,  Hacıniyaz,  Berdah,  A.Musayev,  A.Dabılov, 
S.Məcidov,  A.Bəyimov,  İ.Yusupov,  T.Kabulov,  T.Kaipberqov,  X.Əhmədov,                    
G. Aymirzəyev və digərlərinin irsini fundamental şəkildə araşdırmışdır. 
Əsərin  üstün  keyfiyyətlərindən  biri  də  budur  ki,  müəllif  tədqiqat  sahəsinin 
yeniliyini  nəzərə  alaraq,  Qaraqalpaq  xalqının  tarixinə  qısaca  nəzər  salır,  onun 
coğrafi  mövqeyi,  əhalisi,  kompakt  şəkildə  yaşadığı  ərazilər,  iqtisadiyyatı,  iqlimi, 
qədim  mədəni-memarlıq  abidələri  haqqında  məlumat  verir,  Qaraqalpaq 
Respublikasının  dövlət  quruluşu,  bayrağı,  himni,  gerbi,  hətta  ayrı-ayrı  rayonlar, 
şəhərlər,  qəsəbə  və  aulları  barədə  müəllifin  yazdıqları  oxucunun  bir  tərəfdən 
tədqiqat  predmetinə  marağını  artırır,  digər  tərəfdənsə,  mövzuya  daha  dərindən 
nüfuz  etməyə  həvəsləndirir,  hazırlayır.  Türk  xalqlarından  olan  Qaraqalpaqların 

 
122 
mətbəxi,  milli  geyimi,  xalq  sənətkarları,  yurtların  özünəməxsus  konstruksiyası, 
adət-ənənələri böyük maraqla, məhəbbətlə təqdim edilir. 
Özü də bu zaman prof.N.Məmmədov mötəbər mənbə və məxəzlərə istinad 
edir,  qaraqalpaqşünaslığın  ən  dəyərli  nümayəndələrinə  üz  tutur,  ən  etibarlı 
nümunələrdən  sitat  gətirir.  Prof.N.Məmmədov  Qaraqalpaq,  Azərbaycan  türk,  rus 
dillərində  olan  müxtəlif  mənbələrdən,  internet  saytlarından  istifadə  etməklə 
toxunduğu problemin hərtərəfli, həm də sanballı elmi-nəzəri həllinə nail olmuşdur. 
200-ə  yaxın  məxəzin  hər  birinə  diqqətlə,  eyni  zamanda  yaradıcı  şəkildə  yanaşan 
tədqiqatçı  mövzu  ilə  bağlı  mövcud  fikirlərə,  mühakimələrə,  mülahizələrə 
münasibət  bildirmiş,  öz  mövqeyi,  rəyini  əsaslandırmaq  üçün  tutarlı  faktlardan, 
sitatlardan,  nümunələrdən  yerli-yerində  istifadə  etmişdir.  Bir  sözlə,  tədqiqat 
predmeti  ilə  bağlı  söylənilənləri  yeni  baxışlarla,  müasir  tələblərə  uyğun  şəkildə 
daha  da  zənginləşdirmişdir.  P.İvanov,  H.Baskakov,  C.Malov,  C.Tolstov, 
C.Tolstova, 
T.Jdanko, 
E.Bertels, 
Y.Qulamov, 
A.Sadıqov, 
İ.Möminov, 
M.Nurməhəmmədov,  A.Ərcilasun,  Z.Bünyadov,  C.Qasımova  kimi  alimlərin 
tədqiqatları  Qaraqalpaqların  tarixi,  mədəniyyəti  barədə  dolğun,  geniş  təsəvvür 
yaratmağa  imkan  verir.  Bütün  bu  hazırlıqlardan  sonra  müəllif  əsas  mətləbə  – 
Qaraqalpaq yazarlarının, ədəbi nümunələrinin təqdiminə və tədqiqinə başlayır. 
Prof.  N.Məmmədov  Qaraqalpaq  ədəbiyyatı  barədə  tam  təsəvvür  yaratmaq 
üçün uğurlu, münasib metoddan – tədqiqat predmetinə tarixi-xronoloji yanaşmadan 
məharətlə yararlanmışdır. O, əvvəlcə, ilk Qaraqalpaq ədəbi nümunələrindən – lirik-
epik  poema,  xalq  mahnıları,  nağıllardan  bəhs  edir,  sonra  XVIII-XIX  əsr  ədəbi 
nümunələrinə  müraciət  edir,  daha  sonra  XX  əsr  ədəbiyyatını  təhlilə  başlayır. 
Beləliklə, Qaraqalpaq ədəbiyyatının bütün səhifələrini vərəqləyir, onlara münasibət 
bildirir, bir sözlə, türk xalqları cərgəsində Qaraqalpaq ədəbiyyatının yeri və rolunu 
dəqiq  müəyyənləşdirir,  onun  özünəməxsus  məziyyətlərini  məharətlə  açıqlayır. 
Prof. N.Məmmədovun təqdim edilən kitabı dərslik kimi nə qədər dəyərlidirsə, elmi 
mənbə kimi türkologiyaya əvəzsiz töhfədir.  
Prof.  N.Məmmədov  bu  əsərinə  qədər  uzun,  gərgin  və  qeyd  etdiyimiz  kimi, 
məhsuldar  yaradıcılıq  yolu  keçmişdir.  «XX  əsr  rus  poeziyası  Azərbaycan 
tərcümələrində» 
(1992),  «Qazax  ədəbiyyatı»  (1993),  «Orijinalın  milli 
özünəməxsusluğu  və  tərcümə»  (1998),  «Səməd  Vurğun  dramaturgiyası  rus 
dilində»  (1999),  «Poetik  tərcümə»  (2001),  eləcə  də  «Məni  axtaracaqsan»  (2000), 
«Bəlkə dünya yolunu azıb» (2004) kitabları, onlarca sanballı məqaləsi, tərcümələri, 
ali  məktəb  tələbələri  üçün  tədris  proqramları  alimin,  tərcüməçinin,  şair  və 
publisistin yaradıcılıq tərcümanıdır. 
Dünyada  baş  verən  ictimai-siyasi  proseslər  fonunda,  xüsusilə  türk  xalqları 
arasında  əlaqə  və  əməkdaşlığın  tarixi  zərurətə  çevrildiyi  bir  zamanda  öz 
ulusumuzdan  olan  bir  qövmün  ədəbiyyat  tarixinə  həsr  edilmiş  möhtəşəm  əsərin 
ərsəyə  gəlməsi  onun  dəyərini  dəfələrlə  artırır,  desək  –  burada  mübaliğə 
axtarmayın.  Xüsusi  ilə  yetişməkdə  olan  gənc  nəslin  –  ali  məktəb  tələbələrinin 
böyük  türk  xalqının  bəşər  sivilizasiyasındakı  xidmətlərini,  rolunu,  yerini  bilməsi 
əlbəttə,  zəruridir,  təqdirəlayiqdir.  Tənqidçi,  ədəbiyyatşünas  alim  N.Məmmədov 
həm  də,  təcrübəli  pedaqoq  olduğundandır  ki,  tələbələrin  qəlbinə  və  beyninə  təsir 
etməyin yolunu bilir, bu işin mahir ustasıdır.  

 
123 
Əsərə elmi üslub hakim olsa da, o müasir gənclərin tələblərinə, qavrama və 
dərketmə  keyfiyyətlərinə  hesablanmışdır.  Sadəlik,  lakoniklik,  fikrin  tam,  eyni 
zamanda  ardıcıl  çatdırılması  əsəri  oxunaqlı  edir.  Digər  tərəfdən  bölmələrin 
sonunda mövzu ilə bağlı tərtib edilmiş suallar olduqca ustalıqla hazırlanmışdır və 
mövzunun mənimsənilməsini asanlaşdırır. Tələbələrin öz biliyinin yoxlaması üçün 
onlara  ünvanlanan  sualların  sayı  99-dur  və  bu  rəqəm  şərtidir.  Mövzulara  istinad 
edib  bu  qəbildən  ən  azı  on  dəfə  çox  sual  tərtib  etmək,  o  qədər  suala  da  cavab 
tapmaq mümkündür. Əsas və təqdirəlayiq odur ki, artıq Qaraqalpaq ədəbiyyatı ilə 
bağlı bütün suallara cavab verəcək bir mənbə – ensiklopedik nəşr, dərslik var. 
 
“Ədəbiyyat qəzeti” , 28 dekabr 2007  
 
 
Ehkamın uçqunu 
 
 
Tanınmış  şair,  publisist,  tərcüməçi  Dilsuzun  müasir  Türkiyə  ədəbiyyatının 
görkəmli nümayəndələrindən biri Tuncər Cücənoğlunun «Uçqun» («Çığ») əsərini 
tərcümə  etdiyindən  xəbərdar  idik.  Bilirdik  ki,  əsərin  Azərbaycan  səhnəsində 
tamaşası nəzərdə tutulmuşdu. Bir sözlə, neçə müddət idi ki, «Uçqun»u gözləyirdik. 
Onun  səsini-sədasını  eşidir,  amma  özünü  görmürdük.  Nəhayət,  dekabrın  8-də 
Akademik Milli Dram Teatrının səhnəsində «Uçqun» oynanıldı… 
Bəri başdan  deyək  ki,  tamaşa  böyük uğur qazandı, artistlərin ifası  dəfələrlə 
alqışlandı.  Səhnədə  cərəyan  edən  hadisələr,  obrazların  yaratdığı  dinamizm  və 
dramatizm, hərəkət və ehtiraslar, qızğın dialoqlar tamaşaçı alqışları və göz yaşları 
ilə izlənirdi. Finalda isə səhnənin dekorasiyası başqa görkəm almışdı: sadə və kasıb 
kəndli  koması  artistlərə,  yaradıcı  kollektivə  tamaşaçıların  bəxş  etdiyi  gül-çiçəyə 
qərq olmuşdu. 
Bu  tamaşa  haqqında  resenziyaya  nədən  başlamalı?  Əsərin  maraqlı  və 
mükəddər  məzmunundan,  bəşəri  ideyasından,  mövzunun  aktuallığından, 
əhəmiyyətindən,  yoxsa  uğurlu  rejissor  (Əməkdar  incəsənət  xadimi  Bəhram 
Osmanov), rəssam (Əməkdar incəsənt xadimi Ağarəhim Əliyev) işindən, səhnənin 
sadə, lakin yaddaqalan tərtibatından, münasib musiqi (Xalq artisti Səyavuş Kərimi) 
seçimindən,  obrazların  xarakterini  tamamlayan  rəngarəng  libaslarından?!  Fərqi 
yoxdur! Nədən və necə başlasan son qənaət, nəticə bir olacaqdır: «Uçqun» uğurlu 
səhnə həyatı yaşadı, qar uçqunu yox, qorxuların, ehkamın uçqunu baş verdi! 
Başı  qarlı  uca  dağların  ağuşuna  sığınmış  kiçik  bir  kənddə  sakinlər  ilin  9 
ayında səssiz-səmirsiz yaşamağa məhkumdurlar. Səbəb sadədir: ucadan çıxan hər 
hansı  səs  –  atəş,  asqırmaq,  bağırmaq  dağlarda  güclü  əks-səda,  titrəyiş  yarada  və 
güclü  buz-qar  uçqunu  törədə  bilər.  Nəticədə  bütün  kənd  uçqun  altında  qala  və 
sakinlər  məhv  ola  bilər.  Odur  ki,  onlar  sakit-səssiz  yaşamaq  qaydalarına  ciddi 
riayət  edirlər.  İllərlə  sürən  bu  cür  həyat  və  düşüncə  tərzi  kəndin  özünəməxsus 
qanunlarını  yaratmışdır.  Ehkama  çevrilmiş  bu  adətlərə  hər  kəs  əməl  etməlidir. 
Yalnız  üç  ay  ərzində  kənddə  toy  etmək,  atəş  açmaq,  qışqırmaq,  uşaq  dünyaya 
gətirmək  olar.  Əks  təqdirdə  qaydanı  pozanı  kəndin  «məhkəmə»si    ən  ağır  cəzaya 

 
124 
məhkum  edir:  diri-diri  torpağa  gömür.  Kənd  növbəti  faciə  ərəfəsindədir:  hamilə 
Gənc qadını (Vəfa Rzayeva) vaxtından əvvəl doğuş sancısı tutmuşdur. Lakin hələ 
qar  uçqunu  təhlükəsi  sovuşmamışdır.  Doğmaq  olmaz:  yenicə  dünyaya  göz  açan 
körpə  də,  sancılardan  əziyyət  çəkən  ana  da  qışqıracaq.  Bu  isə  böyük  faciə  ilə  – 
uçqunla  nəticələnəcəkdir.  Hamı  təlaş,  həyəcan  içərisindədir.  Dünyanın  bütün 
kədəri,  qüssəsi,  hüznü  Gənc  qadının  –  Vəfa  Rzayevanın  çiyninə,  çöhrəsinə 
çökmüşdür.  O,  körpəsini  itirəcəyindən,  ailəsinin  dağılacağından  əndişələnir. 
İstedadlı aktrisa V.Rzayeva təbii ah-naləsi, təsirli, qırıq-qırıq ifadələri, hıçqırtıları, 
çırpıntıları ilə tamaşaçını sehrləyir, onu ətrafdan təcrid edir, öz təsir dairəsinə salır. 
O, Gənc qadının mənəvi-psixoloji durumunu, sarsıntı və iztirablarını yaşayır qədər 
məharətlə  ifa  edir:  tamaşaçını  fəlakətin,  faciənin  böyüklüyünə  inandırır.  Əslində, 
Gənc  qadını  təbiət  hadisəsi  –  uçqun  yox,  ətrafındakıların  qəddarlığı,  amansızlığı 
daha  çox  qorxudur.  V.Rzayeva  yaratdığı  bu  obrazla  öz  aktyorluq  istedadını  daha 
parlaq şəkildə  nümayiş  etdirdi.  Nəticədə Gənc  qadın  mükəmməl  və  özünəməxsus 
məziyyətləri ilə yaddaşlara həkk olundu. 
Gənc kişi (İlyas Əhmədov) həyat yoldaşının və gələcək övladının xilası üçün 
vurnuxur,  atasına  (Əməkdar  artist  Kazım  Abdullayev),  anasına  (Əməkdar  artist 
Mətanət  Atakişiyeva),  əvəçi-mamaçaya  (İradə  Həsənova),  baş  hakimə  (Əməkdar 
artist  Sadıq  İbrahimova)  –  hər  kəsə  yalvarır,  yaxarır.  Lakin  kəndin  qanunları 
müdhiş, hakimin hökmü qətidir: hamilə qadın diri-diri tabuta qoyulmalı və torpağa 
basdırılmalıdır.  Səhnədə  gərginlik,  tamaşaçıda  həyəcan  son  həddə  çatır: 
mühafizəçilər  (Elnar Qarayev,  Elnur  Qədirov)  hökmün  icrasına  başlayırlar:  Gənc 
qadının ağzını əski parçaları ilə tıxayır, əl-qolunu bağlayırlar. Bu zaman Gənc kişi 
tüfəngi  əlinə  alır,  tətiyi  çəkmək  üçün  hazır  vəziyyətə  gətirir  və  qərarın  icrasının 
dayandırılmayacağı təqdirdə atəş açacağını bildirir. Hər kəs bunun daha ağır nəticə 
verəcəyini – dərhal uçqun olacağını düşünür. Odur ki, heç kim tərpənmir, hər kəs 
atəş  açmaması  üçün  Gənc  kişiyə  yalvarır.    O  isə  fikrində  qətidir.  Hökmün  icrası 
dayandırılmasa,  atəş  açılacaq.  Bu  zaman  Gənc  qadının  sancıları  yenə  başlayır. 
Gənc kişinin tələbi ilə onu doğdurmaq üçün qonşu otağa aparırlar. Həyəcanlı anlar 
yenidən  başlanır.  Dünyaya  gələcək  körpənin  qışqırtısı  da  uçquna  səbəb  ola  bilər. 
Odur ki, onu ana bətnindən çıxan kimi boğmaq, qışqırmağa macal verməmək təklif 
edilir. Gənc kişi isə buna da imkan vermir. O biri otaqdan doğulan uşağın qışqırığı 
gəlir,  hamı  dəhşətlə  yerə  sərilir,  uzanır,  uçqunu  gözləyir,  lakin  faciə  baş  vermir, 
uçqun olmur. Tamaşanın lap əvvəlindən təbii hərəkətləri və danışıq tərzi ilə diqqəti 
çəkən  yaşlı  kişi  (Əməkdar  artist  Telman  Əliyev)  nəvəsinin  əlindən  tüfəngi  alır, 
dünyaya yenicə göz açan nəticəsi ilə fəxr etdiyini uca səslə bildirir və dayanmadan 
atəş  açır.  Beləcə,  kəndin  illərdən  bəri  formalaşan  ehkamlarına,  zərərli  adətlərinə, 
həm  də  qorxu  və  həyəcan,  təlaş  dolu  günlərinə  son  qoyulur.  Yaşlı  kişi  müəllifin 
uğurlu tapıntısıdır. Rejissor da bu obrazdan əsərin ideyasını qabartmaq, tamaşaçıya 
çatdırmaq  üçün  məharətlə  istifadə  etmişdir.  Əslində,  Yaşlı  kişi  səhnədə  cərəyan 
edən  hadisələri  idarə  edir,  istiqamətləndirir,  qardaşının  qətli  ilə  bağlı  fasilələrlə 
davam etdirdiyi rəvayəti ilə Gənc kişinin üsyanına, etirazına təbii zəmin hazırlayır: 
Uçqun təhlükəsi törətdiyinə – bağırmaq istədiyinə görə mühakimə edilən və qətlə 
yetirilən  qardaşının  faciəsini  göz  yaşları  ilə  ətrafındakılara  söyləyən  Yaşlı  kişi 
mühafizəçilərin  üstünə  cumur,  məhkəməni  ittiham  edir.  Tamaşaçı  hər  an  onun 

 
125 
indicə  bağıracağını  gözləyir.  Onun  qəlbində  kükrəyən  etiraz  hissləri  Gənc  kişidə 
üsyan kimi təzahüratını tapır. 
Maraqlı  və  diqqətçəkəndir  ki,  tamaşada  ənənəvi  baş  qəhrəman,  yaxud 
epizodik  rollar  kimi  bölgü  aparmaq  qeyri-mümkündür:  tamaşanı  hətta  çox  az 
görünən  mühafizəçilərsiz,  yaxud  demək  olar  ki,  heç  səsi  belə  çıxmayan 
hakimlərsiz  (Əməkdar  artistlər  Firuz  Xudaverdiyev,  Məzahir  Cəlilov)  təsəvvür 
etmək  çətindir.  Səhnədə  sözün  həqiqi  mənasında  bir  ansambl  işləyirdi,  bitkin  və 
bütöv bir kollektiv çalışırdı. 
Baş hakim  rolunu  Sadıq  İbrahimov özünəməxsus ifa  edir.  Geyimi,  ədaları, 
amansızlığı,  yalançı  humanizmi,  riyakarlığı  ilə  yadda  qalan  baş  hakim  tamaşanı 
daha baxımlı, daha məzmunlu edir. S.İbrahimov – baş hakim ətrafındakılara hakim 
kəsilmək  üçün  dim-dik  yerişdən,  amiranə  göstərişlərdən,  kəskin  baxışlardan,  qəti 
hökmlərdən  ustalıqla  istifadə  edir.  Tamaşaçının  gözləri  qarşısında  tipik  ədalətsiz, 
yekəxana,  zalım  və  qorxaq  hakim  obrazı  canlanır.  Tamaşada  digər  obrazlar  kimi 
gah  gəlinindən,  gah  ərindən  giley-güzar  edən  yaşlı  qadın  (Əməkdar  artist  Səidə 
Quliyeva),  arvadını  yaxşı  gəlin  və  yaxşı  qaynana  olmamaqda  qınayan,  zəif 
xarakterli  kişi  də  (Əməkdar  artist  Kazım  Abdullayev)  təbii  və  səmimi  simaları, 
özünəməxsus xarakterləri ilə tamaşasında böyük təəssürat oyadır. 
«Uçqun»  Bakıya  qışda  gəldi  –  2007-ci  ilin  son  ayında.  Və  ilin  Bakıda 
keçirilən və yaddaqalan mədəni hadisələrdən birinə çevrildi. Azərbaycan-Türkiyə 
ədəbi-mədəni  əlaqələrinin  inkişafında,  möhkəmləndirilməsində  növbəti  uğurlu 
addım kimi də tarixə düşdü. 
Müstəqilliyin  ilk  illərindən,  hələ  ondan  bir  qədər  də  əvvəl  Xalq  yazıçıları 
İlyas  Əfəndiyevin,  Bəxtiyar  Vahabzadənin,  Elçinin,  Anarın  əsərləri  və  səyləri 
sayəsində  Azərbaycan-Türkiyə  ədəbi-mədəni  əlaqələri  yaranmağa  və  inkişaf 
etməyə  başlamışdı.  Qardaş  ölkədə  Azərbaycan  dramaturqlarının  əsərlərinin 
oynanılması bu işin daha  canlı və həyəcanlı olmasını, həyata  keçirilməsini təmin 
edirdi.  Son  vaxtlar  teatr  sahəsindəki  əməkdaşlıq  xüsusi  ilə  diqqəti  çəkir.  Xalq 
yazıçısı  Elçinin  «Qatil»  pyesinin  İstanbul  Böyük  Bələdiyyə  Teatrı  tərəfindən 
Azərbaycan  Musiqili  Dram  Teatrının  səhnəsində  çox  böyük  uğurla  oynanılması 
dediklərimizə parlaq misaldır. Tuncər Cücənoğlunun «Uçqun» əsərinin tamaşası da 
Azərbaycan-Türkiyə  teatrları  arasında  əməkdaşlığın  bundan  sonra  da  davam 
etdiriləcəyindən,  daha  da  möhkəmləndiriləcəyindən  xəbər  verirdi.  «Uçqun» 
tamaşası  bitdikdən  sonra  tamaşaçıların  və  yaradıcı  heyətin  alqışları  ilə  səhnəyə 
qalxan T.Cücənoğlu çox həyəcanlı görünürdü, amma ürəyindən keçənləri söyləyə 
bildi: 
-  Mənim  əsərlərim  dünyanın  onlarca  ölkəsinin  səhnəsində  oynanılıb.  Lakin 
rejissor Bəhram Osmanovun quruluşunda o daha möhtəşəm idi… 
Beləliklə, Akademik Milli Dram Teatrında oynanılan «Uçqun» Azərbaycan-
Türkiyə mədəni əlaqələrin inkişafına da təkan verən uğurlu bir addım oldu. 
 
“525-ci qəzet”, 11 dekabr 2007 
 
 
 
 
 
 
 
 
 
 
 

 
126 
Məhəbbət və səriĢtə ilə yazanda 
 
 
XIX  əsrin  sonları,  daha  çox  isə  XX  əsrin  əvvəlləri  Azərbaycanın  ictimai-
siyasi  həyatında,  milli-maarifçilik  hərəkatında  olduğu  kimi  ədəbi,  mədəni,  mətbu 
mühitində də bir canlanma, oyanış hiss olunurdu. Bu intibah, dirçəliş eyni dərəcədə 
musiqi sahəsinə də aid idi. XIX əsrin sonlarında Rusiya və digər xarici ölkələrdən 
Bakıya  qastrol  səfərlərinə  gələn  çoxsaylı  musiqi  truppaları  şəhərdə  opera  və 
operettalar, müxtəlif konsert proqramları ilə çıxış etməyə, simfonik, kamera musiqi 
gecələri  keçirməyə  başladı.  Təsadüfi  deyil  ki,  ilk  musiqi  məktəbinin  açılışı  da 
həmin  dövrə  təsadüf  edilir  (1896).  Xalq  mahnılarının,  rəqs  musiqilərinin  və 
muğamların  səsləndirildiyi  musiqi  axşamlarının  keçirilməsi  ənənə  halını  alırdı. 
Mirzə  Mənsur  Mənsurov,  Mirzə  Fərəc  Rza  oğlu,  Məmmədrza  bəy  Bakıxanov, 
Qurban Pirimov (tarzən), Mirzə Səttar (kamançaçı), Ağabala Səidoğlu, Kərim Hacı 
Zeynaloğlu, Kərimağa Salik Rəsulov, Əlağa Zöhrabov, Seyid Mirbabayev, Cabbar 
Qaryağdıoğlu  (xanəndə)  kimi  sənətkarların  fəaliyyəti  mədəni  həyatı  maraqlı  və 
zəngin  edirdi.  Professor  Minirə  Dilbazi  «Bakının  musiqi  həyatı:  XIX  əsrin  ikinci 
yarısı  –  XX  əsrin  əvvəlləri»  adlı  fundamental  əsərində  (Bakı,  «Mütərcim» 
nəşriyyatı, 2007, 256 səh.) haqlı olaraq qeyd edir ki, XIX əsrin ikinci yarısı və XX 
əsrin əvvəlləri Azərbaycan musiqi tarixinin çox mühüm mərhələsi idi və məhz bu 
mərhələ  sonralar  musiqi  mədəniyyətinin  inkişafında  böyük  əhəmiyyət  kəsb  etdi. 
Bu,  bir  tərəfdən,  milli  incəsənətin  (xalq  musiqisi,  aşıq  yaradıcılığı,  şifahi  ənənəli 
professional musiqi-muğam sənəti) yüksəliş dövrü, digər tərəfdən, mütərəqqi ruhlu 
rus və Avropa incəsənətinin Azərbaycan mühitinə sirayət etdiyi bir dövr idi. Belə 
bir mühitin dahi Ü.Hacıbəyov tərəfindən milli bəstəkarlıq məktəbinin yaradılması 
üçün zəmin olduğunu qeyd edən professor M.Dilbazi yazır: «XX əsrin əvvəllərində 
Bakıda  peşəkar  musiqinin  yeni  formaları  meydana  gəldi:  ilk  Azərbaycan 
operasının  yaranması  da  bu  dövrə  təsadüf  edir.  Bu  dövrdə  Üzeyir  Hacıbəyov  və 
onun  silahdaşları  –  Müslim  Maqomayev,  Zülfüqar  Hacıbəyov,  Hüseynqulu 
Sarabski, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov və başqaları Azərbaycan musiqi 
mədəniyyətinin quruculuğu yolunda çiyin-çiyinə əzmlə çalışırdılar. Bu sənətkarlar 
sonrakı  illərdə  də,  yəni  Azərbaycanda  Sovet  hakimiyyəti  dövründə  də  musiqi 
mədəniyyətinin  ön  sıralarında  gedərək,  onun  yüksəlişi  yolunda  öz  qüvvələrini 
əsirgəmirdilər»  (yenə  orada,  səh.10).  Musiqi  xadimlərinin  milli  mədəniyyətin 
inkişafı  yolundakı  fədakar  fəaliyyətinin  nəticəsi  kimi  həmin  dövrdə  yuxarıda  adı 
çəkilən  əsərdə  deyildiyi  kimi,  Bakıda  ictimai  musiqi  həyatı  öz  axarını  tapır, 
peşəkar  milli  musiqiçi  kadrlar  yetişir,  dövlət  tərəfindən  musiqi  müəssisələri  və 
kollektivləri,  ilk  Azərbaycan  musiqi  məktəbi,  konservatoriya,  opera  truppası, 
simfonik orkestr təşkil olunurdu. 
Bax,  belə  bir  dövrdə  və  mühitdə  Azərbaycan  professional  musiqisinin 
klassiklərindən  biri,  görkəmli  bəstəkar,  pedaqoq  və  ictimai  xadim  Asəf  Zeynallı 
yetişmiş  və  fəaliyyət  göstərmişdir.  Azərbaycan  bəstəkarlıq  məktəbinin 
yaradıcılarından  və  parlaq  simalarından  olan  Asəf  Zeynallının  həyat  və 
yaradıcılığından  bəhs  edən  professor  Nazim  Kazımovun  «Asəf  Zeynallı»  adlı 

 
127 
dəyərli  monoqrafiyası  (Bakı,  «Elm  və  təhsil  nəşriyyatı”,  2009,  110  səh.,  elmi 
redaktoru  Əməkdar  incəsənət  xadimi,  fəlsəfə  elmləri  doktoru,  professor  Gülnaz 
Abdullazadə,  rəyçilər  AMEA-nın  müxbir  üzvü,  SSRİ  Xalq  artisti,  professor  Arif 
Məlikov,  Əməkdar  incəsənət  xadimi,  sənətşünaslıq  namizədi,  professor  Vaqif 
Əbdülqasımov) musiqi tarixinin tədqiqi, eyni zamanda tədrisi baxımından da çox 
aktual və əhəmiyyətlidir. Kitaba yazdığı «Asəf Zeynallı haqqında ilk monoqrafiya» 
adlı  ön  sözdə  akademik  Arif  Məlikov  Asəf  Zeynallının  yaratdığı  bütün  əsərləri 
Azərbaycan  klassik  musiqi  irsinin  «ən  dəyərli  bədii  inciləri»  adlandırır  və  haqlı 
olaraq  yazır  ki,  professor  N.Kazımovun  Asəf  Zeynallı  yaradıcılığına  peşəkar, 
təcrübəli  musiqi  xadimi  və  pedaqoqu  kimi  diqqət  göstərməsi,  ilk  böyük  həcmli 
monoqrafiya yazması çox vacib və təqdirəlayiq işdir. Prof. Nazim Kazımov da öz 
növbəsində  bu  vaxtadək  böyük  sənətkarın  irsinə  dair  mətbuat  səhifələrində  dərc 
olunmuş məqalə və xatirələri, digər nəşrləri, xüsusi ilə görkəmli musiqişünas-alim 
Xanlar Məlikovun 1956-cı ildə rus dilində çapdan çıxmış kiçik həcmli broşurasını 
qədirbilənliklə  xatırlayır,  bununla  belə  Asəf  Zeynallının  həyat  və  yaradıcılığının 
layiqincə  tədqiq  və  təhlil  edilib  musiqi  ictimaiyyətinə,  xalqa  çatdırılmağını 
vurğulayır. 
Monoqrafiyanın elə ilk səhifəsindən prof. Nazim Kazımov oxucuda ustalıqla 
Asəf  Zeynallının  həyat  və  irsinə  böyük  maraq  oyadır.  Əsərin  «Müəllifdən»  adlı 
hissəsində Nazim Kazımov Asəf Zeynallının parlaq və tükənməz istedadı, musiqi 
sənətinə  sonsuz  məhəbbəti,  güclü  həyat  və  yaradıcılıq  eşqi  sayəsində  yazdığı 
əsərləri ilə öz adını  əbədi olaraq Azərbaycanın mədəniyyət tarixinə həkk etdiyini 
vurğulayır və 23 illik ömrü, 7 illik yaradıcılığı ərzində özündən sonra qərinələrin, 
əsrlərin sınağından cəsarətlə çıxan, gənclik təravətini, sənət dəyərini saxlayan bir 
irs yaratdığını yazır. 
Asəf Zeynallının çox qısa ömür yolu, zəngin və dəyərli irsi haqqında qələmə 
alınan  monoqrafiyanın  strukturu  uğurludur  və  7  hissədən  ibarətdir.  Əsərdə 
bəstəkarın həyatı, simfonik, kamera-instrumental, kamera-vokal yaradıcılığı, eləcə 
də  folklorşünaslıq  və  pedaqoji  fəaliyyəti  geniş  araşdırılmış,  hərtərəfli  təhlil 
olunmuş,  layiqincə  dəyərləndirilmişdir.  Tədqiqatçının  maraqlı  elmi-nəzəri 
qənaətləri  musiqişünaslıq  xəzinəsinə  qiymətli  töhfədir.  Asəf  Zeynallının  həyat  və 
fəaliyyətindən bəhs  edən  fotoşəkillər, eyni  zamanda  bəstəkarın yaradıcılığına  dair 
digər sənədlər, materiallar kitabı daha sanballı, daha maraqlı edir. 
Asəf Zeynallının çox qısa ömür yolundan bəhs edən müəllif onun 1909-cu il 
aprelin 5-də qədim Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Dərbənddə 
anadan  olduğunu,  şəhərdəki  realnı  məktəbində  ilk  təhsilini  aldığını  yazır.  Atasını 
erkən  yaşlarından  itirən  Asəfgilin  ailəsində  ciddi  maddi  problemlərinin 
yaranmasına  baxmayaraq,  mütərəqqi  görüşlü,  xalq  musiqisinin  vurğunu  və 
qarmonun  mahir  ifaçısı  olan  Asəfin  anası  Əsbənd  xanım  oğlunda  da  musiqiyə 
böyük  marağın  olduğunu  hiss  etdiyindən  onu  realnı  məktəbdəki  nəfəs  alətləri  və 
orkestr dərnəklərinə qoyur. Dərbənddəki ağır, dözülməz həyat şəraiti 1920-ci ildə 
Əsbənd  xanımın  ailəsinin  Bakıya  köçməsi  ilə  nəticələnir.  Bu  vaxt  11  yaşlı  Asəf 
Bakıda  9  illik  məktəbdə  təhsilini  davam  etdirməklə  yanaşı,  hərbi  məktəbdəki 
orkestrdə də özünü sınayır, tezliklə burada kornet və truba ifaçısı kimi tanınır. Asəf 
1923-cü  ildə  musiqi  təhsilini  davam  etdirmək  üçün  Bakıda  1898-ci  ildə  Moskva 

 
128 
Konservatoriyasının məzunu, məşhur pianoçu A.N.Yermolayeva tərəfindən açılan 
ilk musiqi məktəbinə daxil olur. Həmin dövrdə məktəbə dahi Azərbaycan bəstəkarı 
Ü.Hacıbəyov  rəhbərlik  edirdi.  N.Kazımov  qeyd  edir  ki,  böyük  bəstəkarla  Asəfin 
ilk  görüşü  təsirli  və  unudulmaz  olur.  Asəfin  istedadını  yüksək  qiymətləndirən 
Ü.Hacıbəyov fəhmində yanılmamışdı. Asəf hələ I kursda oxuyarkən – 1923-cü ildə 
«Truba üçün marş» yazır, elə həmin il «Azərbaycan musiqi məktəbi şagirdlərinin 
ilk baxış-konsertində» uğurla çıxış edir. İstedadlı tədqiqatçı Nazim Kazımov Asəf 
Zeynallının təhsil və musiqi sahəsindəki fəaliyyətini və ilk uğurlarını qeyd edərkən 
maraqlı üsul seçir. O, nadir istedadı ilə hamını heyran edən Asəf Zeynallı haqqında 
böyük  məhəbbətlə  söz  açan  Xalq  artistləri  Əfrasiyab  Bədəlbəylinin,  Səid 
Rüstəmovun,  Bülbülün,  Tofiq  Quliyevin  böyük  təəssürat  oyadan  xatirələrinə 
müraciət  edir.  Bununla,  N.Kazımov  bir  tərəfdən  öz  mülahizələrini  sənədlərlə 
əsaslandırırsa,  digər  tərəfdən  də  sənətkarlıq  baxımından  əsərin  daha  oxunaqlı, 
maraqlı  olmasına  çalışır  və  istəyinə  nail  olur.  1926-cı  ildə  Musiqi  Texnikumu 
Konservatoriya ilə birləşdiriləndə Asəf Zeynallı Konservatoriyanın orkestr sinfinə 
daxil  olur,  lakin  çox  çəkmir  ki,  A.Zeynallının  təbiri  ilə  desək,  «bizim  mənəvi 
atamız» Ü.Hacıbəyovun məsləhəti ilə təhsilini bəstəkarlıq şöbəsində davam etdirir 
(1926-1931).  Yeri  gəlmişkən  qeyd  edək  ki,  bu  addımı  ilə  də  Asəf  Zeynallı  ilk 
professional ali musiqi təhsili olan Azərbaycan bəstəkarı kimi tarixə düşür. 
Asəf  Zeynallının  ömür  yolunu  izləyən  müəllif  N.Kazımov  onun 
konsertlərdə,  müxtəlif  mədəni-kütləvi  tədbirlərdə  fəal  iştirakını  işıqlandırmaqla 
yanaşı,  gənc  bəstəkarın  yetişdiyi  mühitin  xarakteristikasını  da  verməyi  unutmur. 
Konservatoriyanın  müəllimləri  B.V.Karaqıçev,  L.E.Ab,  L.P.Yablonko  Asəf 
Zeynallıya  dirijor  və  bəstəkar  kimi  yetişməsində,  dahi  Ü.Hacıbəyov  onun  xalq 
musiqisinin  əsaslarını  dərindən  mənimsəməsində,  Leopold  Rastropoviç  (Mstislav 
Rastropoviçin  atası)  isə  violonçeldə  mahir  ifaçı  kimi  formalaşmasında  böyük  rol 
oynamışlar. 
Nazim  Kazımov  qeyd  edir  ki,  A.Zeynallı  hələ  tələbə  ikən  Azərbaycan 
bəstəkarlıq  məktəbinin  inkişafı  və  formalaşmasına  təsir  göstərən  əsərlər  yazır, 
özünəməxsus  üslubu,  fərdi  yaradıcılıq  manerası  ilə  milli  və  klassik  incəsənətin 
klassiklərindən birinə çevrilir. Maraqlıdır ki, tədqiqatçı A.Zeynallının professional 
məşğuliyyətindən  kənar  fəaliyyətini  də  araşdırmağı,  işıqlandırmağı  unutmur.  O, 
Azərbaycan aşıqlarının 1928-ci ildə keçirilən I qurultayının işində yaxından iştirak 
edir,  Türk  İşçi  Teatrı  ilə  sıx  əməkdaşlıq  edir,  Proletar  Musiqiçiləri 
Assosiasiyasının,  Sovet  İncəsənət  İşçiləri  İttifaqının  tədbirlərinə  qatılır,  musiqi 
sahəsində  zərərli  cərəyan,  təmayül  və  axınlara  qarşı  kəskin  tənqidi  mövqe  tutur, 
musiqiyə  sinfi,  partiyalı  münasibətin  əleyhinə  çıxır,  muğamın,  xalq  çalğı 
alətlərinin, o cümlədən tarın qızğın müdafiəsi kimi edirdi. 
Səriştəli  tədqiqatçı  N.Kazımov  fikirlərini  tarixi  sənədlərə,  ciddi,  mötəbər 
mənbələrə  istinadən  əsaslandırır,  Asəf  Zeynallının  «Tarın  müdafiəsinə»  adlı 
cəsarətli məqaləsinə müraciət edir. Məqalədə artıq fərdi yaradıcılıq üslubu və dəst-
xətti ilə böyük nüfuz qazanmış A.Zeynallı milli musiqiyə, xüsusilə muğama qarşı 
inkarçı mövqe tutan Xalq Maarif Komissarını çox kəskin tənqid edir və heç nədən 
çəkinmədən öz qəti, prinsipial sözünü deyir: «Bizim təbiətən xalqın özünəməxsus 
olanı  müsadirə  etmək  hüququmuz  yoxdur».  Təsadüfi  deyil  ki,  dahi  Ü.Hacıbəyov 

 
129 
Asəf  Zeynallı  haqqında  danışanda  deyirdi  ki,  o, diletantizm  xarakteri  daşıyan  hər 
cür  çıxışa  nifrət  edir,  istər  Konservatoriyada,  istərsə  də  başqa  yerlərdə  lazımi 
musiqi  hazırlığına  ciddi  yanaşılmamasına  amansız  münasibət  bəsləyirdi. 
N.Kazımov Asəf Zeynallının xalq musiqisinin, xalq çalğı alətlərinin keşiyində necə 
cəsarətlə durduğunu bütün gücü ilə göstərmək üçün Xalq artisti Səid Rüstəmovun 
xatirələrinə  üz  tutur.  Professor  S.Rüstəmov  tələbə  dostu  haqqında  söhbət  açanda 
xatırlayır  ki,  Asəf  Zeynallı  Azərbaycan  musiqisinin  tezliklə    dünya  şöhrəti 
qazanacağını  deyir  və  əlavə  edirdi  ki,  bizim  yeni  musiqi  alətinə  deyil,  yeni 
inkişafa, yeni zirvələrə ehtiyacımız var. 
Təqdirəlayiqdir  ki,  əsərdə  tədqiqatçı-alim  Nazim  Kazımov  A.Zeynallının 
vəfatından  sonrakı  illərdə  dahi  bəstəkar  haqqında  mətbuatda  dərc  olunan 
materialların,  unudulmaz  bəstəkarın  xatirəsi  ilə  əlaqədar  keçirilən  tədbirlərdəki 
çıxışların  təhlil  edilməsinə  də  kifayət  qədər  yer  ayırmışdır.  Bu  baxımdan 
A.Zeynallının vəfatının birinci ildönümü münasibəti ilə 1933-cü il noyabrın 11-də 
Azərbaycan  Dövlət  Konservatoriyasında  keçirilən  gecədə  Ü.Hacıbəyovun  öz 
tələbəsi  haqqında  etdiyi  məruzə,  görkəmli  ədəbiyyatşünas-alim  prof.  Mikayıl 
Rəfilinin  1933-cü  il  dekabrın  18-də  «Bakinskiy  raboçiy»  qəzetində  dərc  etdirdiyi 
«Asəf  Zeynallının  xatirəsinə»  adlı  məqaləsi  təsirlidir  və  böyük  əhəmiyyət  kəsb 
edir. 
Musiqişünas-alim  Xanlar  Məlikovun  «Asəf  Zeynallı»  adlı  rus  dilində 
broşurası (Bakı, Azərnəşr, 1956), bəstəkarın anadan olmasının 50 illiyi münasibəti 
ilə Xalq artisti Süleyman Ələsgərovun «İstedadlı bəstəkar» («Bakı» qəzeti, 4 aprel, 
1959, № 80), Xalq artisti Əfrasiyab Bədəlbəylinin «Kommunist» qəzetinin 1959-
cu  il  5  aprel  tarixli  nömrəsində  dərc  etdirdiyi  «Asəf  Zeynallının  xatirəsi»,  Xalq 
artisti Səid Rüstəmovun «Biz dost idik» («Ədəbiyyat və incəsənət» qəzeti, 19 aprel 
1969),  Xalq  artisti  Tofiq  Quliyevin  «Mənim  ilk  müəllimim»,  Cəfər  Zeynallının 
«Asəf yada düşür», Elmira Zeynallının «O, mənim bacılarıma musiqi əsərləri həsr 
etmişdi»  adlı  məqalələri,  jurnalist  Qvami  Məhəbbətoğlu  ilə  Məmmədrza 
Bakıxanovun «Qısa ömrün uzun akkordları» adlı müsahibəsi («Zaman» qəzeti, 24 
oktyabr  2002),  eləcə  də  Azərbaycan  televiziyasının  Asəf  Zeynallının  həyat  və 
yaradıcılığından  bəhs  edən  sənədli  filmi  də  Azərbaycan  romansının,  simfonik 
musiqisinin banisi Asəf Zeynallının həyatı və irsi barədə maraqlı mənbələrdir. 
1923-cü  ildə  Asəf  Zeynallı  14  yaşında  ikən  Azərbaycan  musiqi  məktəbi 
şagirdlərinin  Ü.Hacıbəyov  tərəfindən  keçirilən  ilk  baxış-konsertini  Əfrasiyab 
Bədəlbəyli  yuxarıda  adı  çəkilən  məqalədə  belə  xatırlayır:  «O  vaxta  kimi  trubanı 
əsas  etibarı  ilə  hərbi  marş  aləti  kimi  tanıyan  bir  çox  dinləyici  Asəfin  «Rast» 
muğamı  əsasında  bəstələdiyi  musiqi  pyesinin  gözəl  təranəsindən  vəcdə  gəldilər. 
Asəf  öz  çalğısını  bitirincə,  bütün  salon  onu  sürəkli  alqışlarla  qarşıladı,  əsərin  bir 
daha  təkrar  çalınmasında  israr  etdi.  3-4  dəfə  səhnəyə  gəlib  utana-utana 
salondakılara baş əyən Asəf öz əsərini bir daha ifa etdi». 
Xalq artisti, bəstəkar Tofiq Quliyev özünün, eləcə də Qara Qarayev, Cövdət 
Hacıyev və Zakir Bağırovun da müəllimi olmuş Asəf Zeynallını bir müəllim və bir 
insan kimi güclü cazibə qüvvəsi olan adam kimi xarakterizə edir. Səid Rüstəmov 
Asəf  Zeynallının  ömrünü  bitməmiş,  yarımçıq,  lakin  gözəl  bir  musiqi  əsərinə, 
mahnıya,  romansa  bənzədir.  Süleyman  Ələsgərov  A.Zeynallının  əsərlərinin 

 
130 
həmişəyaşarlığının,  geniş  yayılmasının  səbəbini  onun  melodiyalarının  orijinallığı, 
sadəliyi,  xalq  mahnıları  və  musiqisi  ilə  qırılmaz  tellərlə  bağlı  olmasında  görür. 
Mikayıl Rəfili Asəf Zeynallının musiqi irticasına, ekzotik xalturaya qarşı mübarizə 
apardığını qeyd edir və onu muğamların və türk mahnılarının ardıcıl qammasında 
yeni Azərbaycan musiqisi yaratmaq üçün zəmin axtardığını yazırdı. 
Bütün  bu  mənbələri  xatırladan,  onlara  müraciət  edən  müəllif  Nazim 
Kazımov  Asəf  Zeynallının  xatirəsinin  əbədiləşdirilməsi  üçün  mühüm  addımlar 
atıldığını da qeyd edir. 1933-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına Asəf 
Zeynallının adı verilmiş (Ü.Hacıbəyovun vəfatından sonra onun adı 1953-cü ildən 
Azərbaycan Dövlət Konservatoriyasına, tələbəsi Asəf Zeynallının adı isə vaxtı ilə 
təhsil aldığı Dövlət Musiqi Texnikumuna verildi), 1942-ci ildə onun adına təqaüd 
təsis  edilmiş, bəstəkarın bir  çox  əsəri nəşr  olunmuş, Asəf  Zeynallının  yubileyləri, 
xatirə  gecələri,  elmi-praktik  konfranslar,  «Azərbaycan  Respublikasının  gənc 
musiqi  ifaçılarının  Asəf  Zeynallı  adına  I  müsabiqəsi»  keçirilmiş  (1993), 
konsertlərdə bəstəkarın əsərləri ifa olunmuşdur. 
Asəf  Zeynallının  simfonik  musiqi  yaradıcılığını  araşdıran  N.Kazımovun 
fikrincə,  onun  irihəcmli  simfonik  janra  müraciət  edərək  məşhur  «Fraqmentlər» 
süitasını  yazması  təsadüfi  deyil.  O,  artıq  özünü  dram  əsərləri  üçün  yazdığı 
simfonik musiqi parçaları ilə sınamışdı. Asəf Zeynallı 1928-1931-ci illərdə – Türk 
İşçi  Teatrında  çalışdığı  dövrdə  bir  çox  dram  tamaşalarına,  o  cümlədən  «Sevil», 
«Dönüş»  (C.Cabbarlı),  «Hind  qızı»  (Ə.Həmid),  «Gizli  əl»,  «Qanlı  səhra»  (Cəfər 
Xəndan)  və  s.  kimi  çox  sayda  tamaşalara  musiqi  bəstələmişdir.  Həmin  musiqi 
parçalarını yüksək qiymətləndirən N.Kazımov yazır: «Bəstəkar tamaşalara yazdığı 
musiqidə onların mövzu və dramaturgiyasını, hadisələrin və obrazların xarakterini 
açmağa,  təsvir  və  ifadə  etməyə  nail  olmuşdur».  7  fraqmentdən  ibarət 
«Fraqmentlər»  simfonik  süitası  7  tamaşaya  yazılmış  parçalardan    ibarət  olsa  da, 
süitanın hissələri arasında ustalıqla məzmun, forma vəhdəti yaradılmış və simfonik 
musiqi  kamil  əsər  təsiri  bağışlayır.  N.Kazımov  «Fraqmentlər»in,  eləcə  də 
A.Zeynallının  digər  simfonik  janrda  yazdığı  əsərlərin  təhlili  zamanı 
Ü.Hacıbəyovun, görkəmli musiqişünas D.Danilovun, professor Validə Şərifovanın 
bəstəkarın yaradıcılığı ilə bağlı fikirlərinə də istinad edir. Qeyd etmək lazımdır ki, 
A.Zeynallının  Bakının  tarixi  və  müasir  dövrünü  tərənnüm  edəcək  «Bakı» 
simfoniyası  üzərində  işi  yarımçıq  qalmışdır.  Qəfil  ölüm  bəstəkarın  planlarını 
yarımçıq qoymuşdur. 
Nazim  Kazımov  A.Zeynallının  kamera  instrumental  yaradıcılığından  bəhs 
edərkən  göstərir  ki,  bəstəkarın  bu  janrdakı  əsərləri  sənətkarın  fərdi  yaradıcılıq 
üslubunun, milli kolorit və özünəməxsusluğun, melodik və harmonik dilinin, güclü 
bədii təxəyyülünün və novatorluğunun daha qabarıq üzə çıxması ilə xarakterikdir. 
Tədqiqatçı  bəstəkarın  kamera-instrumental  yaradıcılığındakı  əsərlərə  aşağıdakı 
kimi təsnifat verir: 
- fortepiano əsərləri; 
- simli-kamanlı alətlər üçün pyeslər. 
Belə  bölgüdən  sonra  N.Kazımov  A.Zeynallının  fortepiano  üçün  yazılmış 
əsərlərini  –  6  hissədən  («Kuklaların  yürüşü»,  «Uşaq  və  buz»  (mahnı),  «Oyun», 
«Rəqs», «Qoyunlar» (xalq mahnısı), «Deyişmə») ibarət «Uşaq» süitası, «Durna», 

 
131 
«Cahargah»  pyesləri  və  mürəkkəb  polifonik  formanın  səciyyəvi  olduğu  9  fuqanı 
sənətkarlıq  baxımından  təhlil  edir,  dəyərləndirir  və  onların  Azərbaycan  kamera 
musiqisindəki  yerini  müəyyənləşdirir.  Xüsusi  ilə  vurğulanır  ki,  A.Zeynallı  «Uşaq 
süitası»  ilə  Azərbaycanda  uşaq  fortepiano  miniatürünün  əsasını  qoymuş,  milli 
fortepiano musiqi üslubunu yaratmışdır. 
Asəf  Zeynallının  yaradıcılığının  janr  etibarı  ilə  rəngarəng  olduğunu  qeyd 
edən N.Kazımov sənətkarın kamera-vokal yaradıcılığı barədə də geniş söhbət açır 
və  göstərir  ki,  vokal  musiqi  onun  yaradıcılığının  əsasını  təşkil  edir.  Bəstəkarın  5 
romansından  («Ölkəm»,  «Sual»,  «Seyran»,  «Sərhədçi»,  «Çadra»)  birincisi 
A.Zeynallıya sənətkar həmişəyaşarlığı bəxş etmiş, ona əbədi şöhrət qazandırmışdır. 
Bu əsərlə, eyni zamanda o, Azərbaycan klassik romans janrının əsasını qoymuşdur. 
Romansın sözləri böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlıya aiddir. Bu şeir 
dilinin  sadəliyi,  səmimiliyi,  canlılığı,  oynaqlığı,  obrazlılığı  ilə,  eyni  zamanda 
Vətənə yüksək məhəbbət ruhu ilə seçilir. Asəf Zeynallının ona bəstələdiyi musiqi 
isə  şeirin  təsir  gücünü  daha  da  artırmış,  onu  dillər  əzbəri  etmişdir.  N.Kazımov 
yazır:  «Az  qala  bir  əsrə  yaxın  müddət  ərzində  vokalçıların,  müğənnilərin 
repertuarından və tədris-vokal repertuarından düşməyən məşhur «Ölkəm» romansı 
bu gün də sevilə-sevilə ifa olunur və dinlənilir». Tədqiqatçı romansın forma, lad, 
tonallıq  xüsusiyyətlərini  təhlil  edir,  onun  bədii  məziyyətlərini  araşdırır  və  bu 
qənaətə gəlir ki, əsərin bu qədər sevilməsinin, populyarlığının kökündə onun milli 
ruhunda, eyni zamanda bəşəri dəyərindədir. 
Asəf  Zeynallının  digər  romanslarını  da  təhlil  edən  N.Kazımov  sənətkarın 
vokal  yaradıcılığında  mühüm  yer  tutan  mahnı  janrında  yazdığı  əsərlərə  diqqəti 
çəkir  və  S.Rüstəmin  sözlərinə  səs  ilə  fortepiano  üçün  «Qızıl  bayraqlı  Türk  İşçi 
Teatrosu marşı», M.S.Ordubadinin sözlərinə ikisəsli xor ilə fortepiano üçün «10 il» 
mahnıları, Rəsul Rzanın sözlərinə soprano və messa-soprano ilə simfonik orkestr 
üçün  «Araz»  mahnı-romansı,  səs  ilə  simfonik  orkestr  üçün  «Seyran»  mahnı-
romansı  ilə  peşəkar  vokal  incəsənətini  zənginləşdirdiyini,  milli  vokal  ifaçılıq 
imkanlarını genişləndirdiyini qeyd edir. Asəf Zeynallı eyni zamanda «Sarı gəlin», 
«Səndən  mənə  yar  olmaz»,  «Durna»,  «O  qara  qaşlar»  kimi  xalq  mahnılarını  da 
fortepiano üçün işləmiş və onların hər birini yüksək səviyyəli romans-mahnı kimi 
də musiqi xəzinəmizə bəxş etmişdir. 
Təqdirəlayiqdir  ki,  tədqiqatçı  N.Kazımov  A.Zeynallının  qısa  –  23  illik 
həyatındakı çoxşaxəli fəaliyyətini bütün istiqamətlərdə araşdırmağa səy göstərmiş, 
bu  işi  peşəkarlıqla  yerinə  yetirmişdir.  Bəstəkarın  folklorşünaslıq  və  pedaqoji 
fəaliyyəti  də  izsiz  qalmamışdır.  A.Zeynallı  xalq  musiqi  nümunələrinin 
toplanılmasına, notlaşdırılmasına böyük əhəmiyyət verirdi və bu işdə özü nümunə 
göstərirdi. O, xalq nəğmələrini, əmək, mərasim mahnılarını, aşıq mahnılarını, rəqs 
havalarını  toplamaq  üçün  Qarabağa  ezamiyyətə  gedən  ilk  ali  təhsilli  bəstəkardır. 
Bu səfər ona həyatı bahasına başa gəlsə də (o, ağır xəstəliyə düçar olmuş və vəfat 
etmişdir)  o,  onlarca  xalq  mahnısına,  rəqs  və  diringələrə,  təsnifə,  mərasim 
nəğmələrinə yeni həyat vermiş, onları notlaşdırmışdır. N.Kazımov nota alınmış bu 
cür əsərlərin bəzilərinin – 60-a yaxınının adını çəkir. 
Hələ  Konservatoriyada  təhsil  alan  vaxt  ora  müəllim  kimi  işə  götürülən 
A.Zeynallının  pedaqoji  fəaliyyəti  barədə  N.Kazımov  yazır:  «O,  müəllimi 

 
132 
Ü.Hacıbəyovla,  digər  müəllimlərlə  əlbir  şəkildə  peşəkar  musiqiçi  kadrlarının 
yetişməsi  işində  fəal  iştirak  edirdi.  Pedaqoji  fəaliyyətinin  az  müddət  davam 
etməsinə  baxmayaraq,  onun  müəllimliyi  musiqi  incəsənətimiz  üçün  faydalı  və 
səmərəli  olmuşdur.  Belə  ki,  dərs  verdiyi  tələbələr  arasında  sonrakı  illərdə 
Azərbaycan  musiqisinin  görkəmli  simaları  yetişmişlər:  Q.Qarayev,  C.Hacıyev, 
S.Rüstəmov, T.Quliyev, Z.Bağırov, M.S.İsmayılov, Əminə Dilbazi… 
Musiqi 
nəzəriyyəsindən, 
solfeciodan 
Konservatoriya 
və 
Musiqi 
Texnikumunda  dərs  deyən  A.Zeynallı,  həm  də  musiqi  nəzəriyyəsinə  dair 
Azərbaycan  dilində  ilk  kitabın  («İbtidai  not  savadı»)  həmmüəllifidir  (müəlliflər: 
A.Zeynallı, 
S.Rüstəmov, 
F.Əfəndiyev, 
Ə.Həsənov). 
Asəf 
Zeynallının 
Konservatoriyada  dərs  verən  ilk  azərbaycanlı  bəstəkar  kadrlardan  biri  olduğunu 
göstərən N.Kazımov sənətkarın təkcə yaradıcılıqla yox, həm də pedaqoji fəaliyyəti 
ilə  Azərbaycan  musiqi  incəsənətinin  və  təhsilin  inkişafında  da  böyük  rol 
oynadığını xüsusi qeyd edir. 
Professor N.Kazımovun böyük və nakam bəstəkar Asəf Zeynallının həyat və 
yaradıcılığı haqqında  yazdığı monoqrafiya ilə bağlı dediklərimizi  yekunlaşdırsaq, 
bir  cümlə  ilə  bu  qənaətə  gəlmək  olar:  istedad  haqqında  məhəbbət  və  səriştə  ilə 
yazanda ortaya sanballı və kamil əsər çıxır. 
Elə  buradaca  qeyd  etmək  yerinə  düşər  ki,  zəngin  elmi-pedaqoji  təcrübəsi 
olan  tədqiqatçı,  Əməkdar  incəsənət  xadimi,  pedaqoji  elmlər  namizədi,  professor 
Nazim  Kazımov  «Asəf  Zeynallı»  adlı  monoqrafiyasınadək  özünü  istedadlı 
musiqişünas  kimi  təsdiq  etmişdir.  1997-ci  ildə  o,  «Ümumtəhsil  məktəblərində 
şagirdlərin  musiqi  qabiliyyətlərinin  inkişafında  muğam  nümunələrindən  istifadə 
üzrə  işin  sistemi»  mövzusunda  namizədlik  dissertasiyasını  müdafiə  etmişdir. 
N.Kazımov «Tar ilə fortepiano üçün pyeslər» (1999), «Ümumtəhsil məktəblərində 
muğamların tədrisi məsələləri» («Çaşıoğlu», 2000), «Səid Rüstəmov» («Çaşıoğlu», 
2007), «Azərbaycan Milli Konservatoriyası xalq çalğı alətləri fakültəsinin bakalavr 
pilləsi və orta ixtisas musiqi məktəbləri üçün «Pedaqoji təcrübə» (2007), «Musiqi 
Kolleci  –  110»  («Nurlan»,  2008)  kimi  dərs  vəsaitlərinin  müəllifi,  ümumtəhsil 
məktəblərinin rus bölməsinin 7-ci, 8-ci sinifləri üçün «Muzıka» («Olaylar», 2006; 
«Maarif», 2006), ümumtəhsil məktəblərinin Azərbaycan bölməsinin 5-ci, 7-ci, 8-ci 
sinifləri  üçün  «Musiqi»  («Kövsər»,  2007;  «Maarif»,  2007)  kimi  dərsliklərin 
həmmüəllifidir.  Alimin  onlarca  elmi-metodik  vəsaiti,  elmi,  elmi-publisistik 
məqaləsi  nəşr  olunmuşdur.  Haqqında  bəhs  etdiyimiz  «Asəf  Zeynallı» 
monoqrafiyası da Təhsil Nazirliyinin əmri ilə dərs vəsaiti kimi çap olunmuşdur. 
 
 
“Qobustan” sənət toplusu, 2-ci nömrə 2010 
 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin