ABĠd tahġRLĠ


“Respublika” qəzeti ,27 noyabr 1997



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   2   3   4   5   6   7   8   9   ...   43

 
“Respublika” qəzeti ,27 noyabr 1997 
 
C.Hacıbəylinin publisistikasında mənəviyyat,  
maarif məsələləri 
 
Xalqımızın ictimai fikir tarixində müstəsna iz buraxmış XX əsrin əvvəlləri 
ziddiyyətli,  mürəkkəb,  həm  də  çox  zəngin  ədəbi  proseslər    dövrüdür.  Əsrin 
əvvəllərində  fəaliyyət  göstərən  «Şərqi-Rus»,  «Təkamül»,  Yoldaş»,  «Dəvət-Qoç», 
«Bakinski  raboçi»,  «Bakinski  proletari»,  «İskra»,  «Novoye  slovo»,  «Qolos 
raboçeqo»,  «Ryadovoy»,  «Qudok»,  «Prizıv»,  «Baku»,  «Proqress»,  «Molla 
Nəsrəddin»,  «Zənbur»,  «Məzəli,  «Həyat»,  «Fyuzat»,  «Şəlalə»,  «Dirilik», 
«Qurtuluş»,  «Kaspi»,  «Dəbistan»,  «Rəhbər»,  «Məktəb»,  «İrşad»,  «Yeni  İrşad», 
«Açıq  söz»,  «Azərbaycan»,  «İşıq»,  «İstiqlal»  və  s.  kimi  qəzet,  jurnallar  müxtəlif 
qüvvə və təbəqələrin cəmiyyətdəki yerini, rolunu, ziyalılar arasında ictimai-siyasi-
ədəbi  fikrin  istiqamətini,  məslək,  əqidə  mübarizəsini,  amal,  məramını  parlaq  əks 
etdirməklə yanaşı tərəqqi, təkamül amili idi. 
Mətbuat  cəmiyyətdə  gedən  proseslərin  güzgüsü,  həm  də  təkanverici 
qüvvəsidir. Mətbuatla yanaşı məktəb, maarif müəssisələrinin sayı artır, bir-birinin 
ardınca  məktəblər  açılır,  dünyəvi  elmlər  tədris  edilirdi.  Böyüməkdə  olan  nəslin 
təlim-tərbiyəsi,  onların  maariflənməsi,  tərəqqiyə  meyl  etməsi  hər  bir  ziyalını 
düşündürürdü. 
Belə  bir  dövrdə,  mühitdə  ilk  yaradıcılığa  başlayan  C.Hacıbəyli  (1893,  Şuşa, 
1962,  Paris)  xalqın  maarifə,  mədəniyyətə,  tərəqqiyə  yiyələnməsi  üçün  böyük 
sevinc  və  coşğunluqla  mübarizəyə  atılır.  O,  cəhaləti,  nadanlığı  amansız  tənqid 
atəşinə  tutur,  xilas  yolunu  maariflənməkdə  görürdü.  «İncəsənət  və  müsəlmanlar» 
adlı  məqaləsində  («Bakı»,  1909,  2  sentyabr,  №196)  gənc  qələm  sahibi  yazırdı: 
«Avropada  yalnız  güc  və  qılınc  meydan  sulayanda,  Şərqdə  poeziya  və  incəsənət 

 
34 
hakim idi». Sonra müəllif indiki acınacaqlı vəziyyətə son qoymağın vaxtı çatdığını 
və  bunun  mümkünlüyünü  qeyd  edir.  C.Hacıbəyliyə  görə,  mövcud  cəhalətdən  bir 
çıxış  yolu  var:  maariflənmək.  O,  yazır:  «Qələm  –  qələbənin  və  təntənənin 
simvoludur».  Məqalənin  müəllifi  təəssüf  və  kədərlə  qeyd  edir  ki,  həkim, 
hüquqşünas,  mühəndis,  aqronomlarımız  olsa  da,  bir  nəfər  belə  rəssamımız, 
heykəltəraşımız,  artistimiz  yoxdur.  Yazıçı  və  şairlərimiz  çoxdurmu?  C.Hacıbəyli 
məqalənin  sonunda  bu  qənaətə  gəlir  ki,  maarifsiz,  incəsənətsiz  xalq  məhvə 
məhkumdur. Odur ki, bu vəziyyətə son qoymaq lazımdır. 
C.Hacıbəyli böyük yanğı və kədər hissi ilə xalqın müəyyən təbəqələrində hiss 
etdiyi,  gördüyü  passivliyi,  durğunluğu,  naqis  cəhətləri  qamçılayır,  onları  əsrin 
tələbi ilə ayaqlaşmağa dəvət edir, maarifə, mədəniyyətə, xeyriyyəçiliyə səsləyirdi. 
Bu  zaman  müəllif  publisistikanın  bütün  imkanlarından  məharətlə,  maksimum 
istifadə 
edir, 
oxucunu 
inandırır, 
onu 
silkələyir, 
ayıldır. 
«Bizim 
sentimentalizmimiz»  adlı  məqaləsində  («Kaspi»  qəzeti,  1912-ci  il,  7  aprel,  №78) 
müəllif  yazır:  «Bizim  yalançı  xeyirxahlığımıza  lazımsız  sentimentalizmimizi  də 
əlavə etmək olar. Mən müsəlmanların (Azərbaycan türkləri nəzərdə tutulur - A.T.) 
sentimentalizm haqqında düşünəndə yadıma çox yayılmış bir lətifə düşür. Bir varlı 
dərddən ağlayan kasıba yardım etmək, onun əlindən tutmaq əvəzinə, bu bədbəxtin 
halına ağlayır. Məsələ burasındadır ki, ağlayanın hər ikisi – kasıb da, varlı da bizim 
xalqın  nümayəndəsidir.  Hər  ikisi kasıbdır.  Ağlamaq  əvəzinə  hər  ikisinin  mübtəla 
olduqları kasıblıqdan xilas yolu var. Ağlamağa nə var ki… Çıxış yolu isə «mənəvi 
gümrahlıq, cəsarət, fəallıq enerji tələb edir». 
Müəllif  varlının  mənəvi,  lütün  maddi  kasıblığını  üz-üzə  qoyur,  hər  ikisinin 
xalqa, onun tərəqqisinə zərbə olduğunu söyləyir. 
C.Hacıbəyli  bir  tərəfdən  lüt-üryanlara  yardım  etməyə  səsləyirsə,  digər 
tərəfdən  cəmiyyətin  yarasına  çevrilmiş  bu  cəhətin  səbəblərini  araşdırmağa  səy 
göstərir,  onu  sağaltmaq  yollarından  bəhs  edir.  Adı  çəkilən  məqalədə  müəllif 
cəsarətli bir misal çəkir. Göstərir ki, ilk operamız «Leyli və Məcnun»un çox böyük 
uğur  qazanması  qələm  dostum,  cənab  Avaranın  hesab  etdiyi  kimi,  heç  də  əsərin 
təkmil  musiqisində  deyil.  Məlumdur  ki,  bu  opera  gənc  bəstəkarın  ilk  təcrübəsidir 
və  musiqi  də  çox  sadədir.  Şübhəsiz,  bəstəkarın  sonrakı  əsərləri  daha  təsirlidir. 
Bəlkə,  qələm  dostum  cənab  Qubalının  dediyi  kimi,  Füzulinin  operadakı  qəzəlləri 
tamaşaçıları  riqqətə  gətirmişdir?  Xeyr!  Məlum  operada  Füzulinin  poemasından 
cüzi  istifadə  edilmişdir.  C.Hacıbəyli  maraqlı  nəticəyə  gəlir:  qəlbin  əbədi  matəmi 
bizim  tərbiyəmizdədir.  O  da  bizə  farslardan  keçmişdir.  Digər  müsəlman 
xalqlarında ərəb, türk və başqalarında bu yoxdur. Farslarda isə bu cəhət ədəbiyyat 
və  ruhanilik  vasitəsilə  formalaşmışdır.  Əlbəttə,  müəllifin  bu  qənaəti  ilk  baxışda 
inandırıcı görünsə də, xeyli mübahisəlidir. 
C.Hacıbəyli fikrini sübuta yetirmək üçün faktlara müraciət edir. İl ərzində 10 
ay  ağlamağa  məhkum  olan  müsəlman  sentimentalist  olmaya  bilərmi?  Üç  ay  – 
Məhərrəm,  Səfər  və  Ramazanda  ağlayırıq.  Üç  ay  hissə-hissə  digər  müqəddəs 
günlərə  təsadüf  edir,  yenə  ağlayırıq,  4  ay  öz  ölülərimizə  ağlayırıq.  Normal 
vəziyyətdə  2  ay  oluruq,  ondan  da  öz  günümüzə  ağlamalıyıq.  Müəllif  yazır:  «Biz 
matəm  içində  doğulur,  matəm  içində  ölürük.  Anamız  bizə  süd  əvəzinə  göz  yaşı 
əmizdirir».  Əlbəttə,  müəllifin  qəzəbini,  hiddətini  başa  düşmək  olar.  «Anlamaq 

 
35 
dərdi» ona öz oxucusunu C.Məmmədquluzadə, M.Ə.Sabir kimi qamçılamağa sövq 
edirdi. 
Müəllifin  toxunduğu  mövcud  problemlər  niyə  yaranmışdır?  Niyə  cəhalət, 
nadanlıq,  ağlamaq  əhval-ruhiyyəsi  maarifi,  tərəqqini,  mədəniyyəti  üstələmişdir? 
C.Hacıbəylinin  fikrincə,  məktəblərin  yoxluğu,  mədəni-kütləvi  tədbirlərin  təşkil 
edilmədiyi bir mühit bu vəziyyətə məhkumdur. 
C.Hacıbəyli yazılarında qonşu xalqlarda maarifin geniş yayıldığını, nəticədə 
onların xeyli tərəqqi etdiyini həsədlə göstərmişdir. Maarifin məqsədyönlü, sistemli, 
daimi  olmadığı  bir  cəmiyyətdə  mənəvi  şikəstlik  üçün  zəmin  yaranır.  Müəllifin 
gəldiyi qənaət budur. C.Hacıbəyli müşahidə etdiyi naqis cəhətləri ört-basdır etmir, 
gizlətmir, əksinə onu cəsarətlə mətbuat səhifəsinə çıxarır və tənqid edir. «Paxıllıq» 
adlı  məqaləsində  («Kaspi»  qəzeti,  1913-cü  il,  17  mart,  №  62)  bu  xasiyyəti 
«tərəqqiyə  mane  olan  səciyyəvi  cəhətlərimizdən  biri»  hesab  edir,  ondan  əl 
çəkməyin vacibliyini vurğulayır. 
«Bizim  degeneratlarımız»  adlı  məqalədə  («Kaspi»,  1912,  8  aprel,  №79) 
müəllif göstərir ki, bir nəfər 13 yaşlı qızı qaçırmaq istəyəndə xoşbəxtlikdən hay-
küyə polis gəlir və zorakılıq baş tutmur. Müəllif bu xuliqanlığın arxasında böyük 
ictimai bəlanın durduğunu məharətlə açıqlayır. Məlum olur ki, qızı qaçırmağa cəhd 
göstərən  elə  qızın  öz  nişanlısıymış.  Kəbin  pulunda  valideynlər  razılaşmırlar  və 
oğlan qızı qaçırmağı qərara alır. 
«- Qızınızı mənə verin. 
-
 
Çox gözəl. Kəbinə nə verəcəksiniz? 
-
 
300. 
-
 
Razı deyiləm. 1000 ver». 
Bu  dialoqu  verməklə    C.Hacıbəyli  acınacaqlı  bir  səhnə  təsvir  edir.  Burada 
sanki  insan  taleyindən    yox,  mal  alverindən  danışırlar.  Ərə  gedənin  özünün  razı 
olub-olmaması barədə düşünən yoxdur. Buna ehtiyac da yoxdur. Qız ata-anasının 
iradəsini  sözsüz  qəbul  etməlidir.  Ceyhun  bəy  həyatda  təsadüf  olunan  bu  cür 
hadisəni  təsvir  etməklə  kifayətlənmir.  O,  cəmiyyətin  və  ruhanilərin  belə  hallara 
münasibətini araşdırır. Dolğun faktlarla sübut edir ki, İslamda qadına qarşı bu cür 
alçaldıcı  münasibət  yoxdur,  bunlar  sonradan  formalaşmışdır.  Cəmiyyət,  mövcud 
mühit belə halların baş verməsinə səbəb olur. Nə qədər ki, təhsil, maarif, tərəqqiyə 
biganəlik  var,  bizim  cismani  və  ruhani  pozğunluğu  olan  adamlarımız-
degeneratlarımız da olacaq. 
C.Hacıbəyli  ilk  publisistika  yaradıcılığında  maarif,  tərbiyə,  mənəviyyat, 
mədəniyyət  məsələlərinə geniş  yer  verirdi.  Bu təsadüfi deyildi.  Peterburqda,  daha 
sonra  Parisdə  təhsil  alan  gənc  qələm  sahibi  doğma  Vətəndə  cəhalətlə  barışmaq 
istəmir,  ona  qarşı  mübarizə  aparırdı.  «Etinasızlığımız»  adlı  məqalə  («Kaspi» 
qəzeti,  1912-ci  il,  28  aprel,  №  96)  bu  cəhətdən  çox  ibrətamizdir.  Müəllif  təəssüf 
hissi  ilə  qeyd  edir  ki,  etinasızlığımız,  laqeydliyimiz  daha  çox  mənəvi  sahədə  üzə 
çıxır.  O,  yazır:  «Ədəbiyyatımız  var-oxuyarıq,  yoxdur-oxumarıq.  Rəsmimiz  var-
baxarıq, yoxdur-baxmarıq. Musiqimiz var – qulaq asarıq, yoxdur-asmarıq. Təhsilli 
adamlarımız  var-lazımdır,  yoxdur-lazım  deyil».  Bu  düşüncə  tərzi  ilə  barışmayan 
müəllif kədərlə yazır ki, nəyəsə nail olmağa çalışmaq hissi bizdə yoxdur. Biz ancaq 
hay-küy  salmağı  bacarırıq.  C.Hacıbəyli  toxunduğu  mövzunu  «Ev  tərbiyəsi 

 
36 
haqqında bəzi qeydlər» məqaləsində («Kaspi» qəzeti, 1912-ci il, 2 may, № 99) bir 
qədər  də  inkişaf  etdirir,  etinasızlığın,  biganəliyin  ailə  tərbiyəsi  ilə  sıx  bağlı 
olduğunu göstərir. «Tərbiyə-insan həyatında başlıca amildir» – yazan müəllif qeyd 
edir ki, mədəni xalqlar uşaqların tərbiyəsinə çox erkən başlayırlar. Hələ körpə ikən 
onların gələcək həyatlarının proqramları müəyyənləşdirilir. Biz isə uşağın tərbiyəsi 
ilə o, 7-10 yaşına çatanda – məktəbə gedəndə başlayırıq. Həmin vaxta kimi ailədə 
uşağa «pərəstiş edilən zərif predmet» kimi baxırıq. 7 yaşa qədər uşaq hər şey edə 
bilər. Məktəb yaşından isə onun həyatında kəskin dəyişiklik baş verir. 
«Ata uşağı mədrəsəyə verəndə deyir: 
-
 
Molla, bu uşağı al, özünü pis aparsa, döy, öldür». 
Bəzi hallarda isə valideyn mövqeyini lap kəskinləşdirir: 
« – Al, bu sənin şagirdindir. Əti sənin, sümüyü mənim». 
Şübhəsiz,  fallaqaya  hər  uşaq  dözmür  və  onun  tərbiyəsi  ilə  «küçələr  məşğul 
olur». Bu uşaqdan nə olacaq? 
C.Hacıbəyli  cəmiyyətdə  baş  verən  cinayət  hadisələrini  bu  cür  tərbiyənin 
nəticəsi  hesab  edir.  Məqalənin  sonunda  müəllif  yazır  ki,  səhv  tərbiyənin  sonunu 
daim artan cinayət statistikası daha parlaq əks etdirir. 
C.Hacıbəyli  uşaqların  milli  ruhda  tərbiyə  olunmasının,  öz  dilinə  mükəmməl 
yiyələnməsinin, ədəbiyyatına, mədəniyyətinə sahib olmasının vacibliyi  məsələsini 
məqaləsində  dəfələrlə  qaldırmışdır.  Bu  mənada  onun  «Özümüzünkülər»  adlı 
məqaləsi  («Kaspi»,  1912-ci  il,  24  aprel,  №  92)  diqqəti  cəlb  edir.  Müəllif 
Zaqafqaziya  şəhərlərinin  birində  maarifçi-müəllim  ailəsində  qonaq  olur.  Ev 
sahibinin körpə qızına tatarca müraciət edən müəllif qızın ona təəccüblə baxdığını 
yazır. Qızcığazın «köməyinə» atası gəlir: «Mənim Hellim tatarca bilmir». Müəllif 
qonaq  qıza  rusca  müraciət  edir.  O,  bülbül  kimi  ötür.  C.Hacıbəyli  yazır  ki,  mən 
ondan nə üçün tatarca bilmədiyini soruşanda qız sifətini turşutdu: 
«- Fu, tatarca istəmirəm, bu ayıbdır. Düzdürmü, ata?» 
C.Hacıbəyli maarifçi-müəllif ailəsində rast gəldiyi bu hadisəni bədii əsər yox, 
fakt adlandırır. Qeyd edir ki, bu cür tərbiyənin nəticəsidir ki, Nigar Şelli olmuşdur. 
Onlar müsəlman teatrına getməyi özlərinə təhqir sayırlar: «Fu, düz-əməlli adam da 
müsəlman  teatrına  gedər?  Bu  cür  ailə  tərbiyəsi  alan  uşaq  böyüdükcə  yad  təsirlər 
altına  düşür,  öz  mədəniyyətindən,  maarifindən  xəbərsiz  olur.  C.Hacıbəyli 
toxunduğu mövzuları, problemi taleyin ixtiyarına buraxmır, ona dönür, ondan bir 
də  bəhs  edir.  Elə  bu  mövzunun  davamı  kimi,  «Ordan-burdan»  adlı  məqaləsində 
(«Kaspi» qəzeti, 1913-cü il, 7 aprel, № 79) də müəllif dil və mədəniyyətimizə ögey 
münasibətin  acı,  ağır  nəticələrini  göz  yaşı  ilə  qələmə  alır.  Peterburqda  İmperator 
kütləvi  kitabxanasının  dövri  mətbuat  şöbəsində  bir  qafqazlının  erməni  qəzeti 
oxuduğunu  görür.  «İqbal»  sözü  yazılmış  vərəqi  şöbə  müdirinə  uzadanda  o  xeyli 
təəccüb edir: 
«Bu  ki,  müsəlman  qəzetidir!  Bizdə  müsəlman  qəzeti  olmur-deyə  o,  dərhal 
qəzeti qaytardı. 
-
 
Niyə erməni, gürcü, yəhudi, latış, polyak qəzeti olur, lakin…? 
-
 
Çünki,  müsəlman  qəzetini  heç  kim  soruşmur.  Siz  birinci  adamsınız  ki, 
müsəlman  qəzeti  ilə  maraqlanırsınız.  Nahaq  yerə  qəzeti  saxlamağın  mənası  
nədir?»  C.Hacıbəyli  yazır  ki,  kitabxananı  acı  hisslərlə  tərk  etdim,  iki  sual  məni 

 
37 
rahat  buraxmırdı:  nə  üçün  Peterburqda  belə  mötəbər  kitabxanaya  müsəlman 
tələbələr gəlmir? Nə üçün onlar doğma dildə oxumurlar? Ümumiyyətlə, tələbələrin 
təhsilə,  doğma  adət-ənənəyə,  mədəniyyətə  münasibəti  mövzusu  C.Hacıbəylinin 
tez-tez  üz  tutduğu  məsələlərdəndir.  «Tələbələrimiz  barədə»  («Kaspi»  qəzeti,    
1913-cü il, 23 aprel, №69). «Bir etirazla bağlı» («Kaspi» qəzeti, 1913-cü il, 7 may, 
№  101)  məqaləsində  peterburqlu  müsəlman  tələbələrin  həyatından  bəhs  edilir. 
Birinci  məqalədə  müəllif  göstərir  ki,  Novruzda  tələbələr  üçün  kiçik  məclis 
düzəltmək niyyəti ilə onlara müraciət etdim. Təklifimi hamı ürəkdən bəyənsə də, 
hərə bir bəhanə gətirirdi. C.Hacıbəylinin fikrincə, bu cür mədəni-kütləvi tədbirlərin 
birgə keçirilməməsi də tələbələrin təlim-tərbiyəsinə təsir edən amillərdəndir. 
C.Hacıbəyli  daha  bir  acı  faktı  qələmə  alır.  Gimnaziya  tələbəsindən  hansı 
millətə  mənsub  olduğunu  soruşsan,  o,  nə  isə  oğurlayıbmış  kimi,  qızaracaq,  sonra 
cavab verəcək: müsəlman. O, heç vaxt «tatar» deməyəcək. Belə bir ictimai mühit, 
tərbiyə üsulu cəmiyyətin tərəqqisinə nə dərəcədə təkan verər? 
Müəllif sanki bütün bunların nəticəsi kimi sual verir ki, belə bir şəraitdə bir 
ziyalımız ad-san çıxarsa, cəmiyyət onu necə qarşılayar? Daş-qalaqla. Cəmiyyətin 
ziyalıya  cinayətkar  münasibəti  nəticəsində  heç  bir  istedad,    o  hətta  dahi  olmağa 
layiqdirsə belə, inkişaf edə bilməz. 
Ziyalı,  maarif,  mədəniyyət,  sivilizasiya  bizə  yad  olmayanda  başqa  xalqlarla 
ayaqlaşa  biləcəyik.  Müəllifin  fikrincə,  biz  geyimimizi  avropalılara  oxşatmışıq, 
lakin həm də həyatımızı avropalaşdırmalıyıq. 
Dil və məktəb mövzusu C.Hacıbəyli yaradıcılığında xüsusi yer tutur,  müəllif 
bu  məsələyə  dönə-dönə  qayıtmışdır.  «Dil  və  məktəb»  məqaləsində  («Kaspi» 
qəzeti, 1917-ci il, № 11) müəllif yazırdı ki, son illər yerli xalqların ruslaşdırılması 
sürətlə,  maneəsiz  həyata  keçirilirdi.  Lakin  xalqların  özünüdərk  hissi,  milli  şüuru 
inkişaf  etdikcə,  bu  ziyanlı,  zərərli  proses  ləngiyir.  C.Hacıbəyli  haqlı  olaraq  sual 
verir: Nə üçün biz öz doğma dilimizdə danışmamalıyıq? Nə üçün doğma dilimizin 
öyrənilməsinə sədd çəkilməlidir? İnanmaq olmur ki, yerli xalq öz dilini bilərsə, o 
pis vətəndaş kimi yetişəcək. Tutaq ki, yerli xalq süni yolla öz dilini öyrənməkdən 
məhrum  edildi,  bu  o  deməkdirmi  ki,  o,  cəmiyyətin  bütün  qüsurlarına, 
problemlərinə  göz  yumacaq,  kor  kimi  hər  şeyə  boyun  əyəcək,  özününkülərdən 
imtina edəcək? Bu cür ənənə bir dəfə uğur gətirsə də, gec-tez məhvə məhkumdur. 
«Ruslaşdırma» siyasətini müəllif kinayə ilə «müdrik siyasət»- deyə damğalayır. 
Məqalədə  müəllif  məktəbin  qarşısında  duran  vəzifələrdən  bəhs  edir.  Məktəb 
həyatla  ayaqlaşmalı,  onun  tələbatını  ödəmək  vasitəsi  olmalıdır.  Əgər  əvvəllər 
məktəb  öz  üzərinə  düşən  vəzifənin  öhdəsindən  gəlmirdisə,  buna  göz  yumulurdu. 
İndi  isə  bu  cəhət  edilir  və  etirazla  qarşılanır.  C.Hacıbəyli  yazırdı  ki,  Qafqaz 
xalqlarından erməni və gürcülərdə öz dillərini öyrənməyə meyl daha güclüdür. Son 
vaxtların müşahidəsi göstərir ki, müsəlmanlarda da öz dillərini öyrənməyə maraq 
artmışdır.  Lakin  mövcud  təlim-tərbiyə  üsulu  ilə  bu  sahədə  tezliklə  böyük  uğur 
qazanılacağına  da  ümid  etmək  olmaz.  Ana  dilinin  tədrisində  əsaslı  islahatlar 
etməklə indiki vəziyyəti düzəltmək olar. 
C.Hacıbəyli  yalnız  şagirdlərin  ev-məktəb  tərbiyəsi  haqqında  yox,  həm  də 
müəllimlərin  təlim-tərbiyə  metodundan  yazır,  onların  istək-arzularından,  maddi 
çətinliklərindən,  dərs  vəsaitlərinin  olmamasından,  yaxud  indiki  tələblərlə 

 
38 
ayaqlaşmamasından  da  yazırdı.  Müəllifin  «Müəllimlərin  təqdimatı»  («Kaspi» 
qəzeti,  1912-ci  il,  17  may,  №  109),  «Tiflisdəki  Xeyriyyə  Cəmiyyətinin  qadın 
gimnaziyası  açmasına  dair»  («Kaspi»  qəzeti,  1912-ci  il,  4  aprel,  №  75),  «Şəhər 
ibtidai məktəblərinin müəllimləri haqqında» («Kaspi» qəzeti, 1912-ci il, 23 dekabr, 
№ 290), «Xanımlarımız haqqında» («Kaspi» qəzeti, 1912-ci il, 6 dekabr, № 276), 
«Vacib  məsələ»  («Kaspi»  qəzeti,  1912-ci  il,  3  noyabr,  №  249)  məqalələrində 
maarifin  aktual  problemlərinə  toxunulur,  cəmiyyətin  və  dövlətin  diqqətini  bu 
sahəyə yönəltməyə səy göstərilir. 
C.Hacıbəyli  mənəvi  şikəstliyin  ayrı-ayrı  fərdlərə  yox,  bütövlükdə  cəmiyyətə 
bir zərbə olduğunu deməkdən, yazmaqdan usanmır,  maariflənməyi ilə bu bəladan 
xilas olmağı, yeganə düzgün vasitə hesab edir. 
«Sərlövhəsiz»  adlı  məqaləsində  («Kaspi»  qəzeti,  1912-ci  il,  30  noyabr, 
№271) qeyd edir ki, Bakı kəndlərinin birində toyda cahillik ucbatından mübahisə 
düşmüş,  atışma  olmuş,  nəticədə  9  nəfər  ölmüşdür.  Nadanlığın,  cəhalətin 
nəticəsində bir evdəki şadlıq,  9 ailəyə yas gətirmişdir. 
Mətbuatın  cəmiyyətdəki  rolunu  yüksək  qiymətləndirən  C.Hacıbəyli  qəzet 
mövzusunda tez-tez yazır, maarifin yayılmasında onun xüsusi rolunu qeyd edirdi. 
«Qəzet  işi  haqqında»  adlı  məqaləsində  («Kaspi»  qəzeti,  1912-ci  il,  7  oktyabr,       
№  226)  yazırdı:  «Əgər  xalqın  mədəni  səviyyəsi  onun  mətbuat  orqanının  sayı  ilə 
ölçülsəydi,  o  zaman  biz  yalnız  amerikalı  hindularla  bəhsə  girə  bilərdik».  O,  acı 
təəssüf hissi ilə yazırdı ki, Rusiyada yaşayan 20 milyon müsəlmanın cəmi 8 qəzeti 
və 3 jurnalı var. 2,5 mln. nəfərə 1 jurnal! 
Bu  mövzuya  həsr  etdiyi  ikinci  məqalədə  («Kaspi»,  1912-ci  il,  12  oktyabr,    
№  230)  müsəlman  mətbuatının  ağır  vəziyyətə  düşməsinin  səbəblərini  araşdıran 
C.Hacıbəyli  bu  qənaətə  gəlir  ki,  qəzetlərin  dilini  xalq  anlamır.  Fikrimizcə,  dildə 
dəyişikliyi    qəzet  yox,  məktəb  etməlidir.  Elə  məktəblər  yaradın  ki,  orada  ali 
müsəlman  ədəbiyyatı  tədris  edilsin,  sonra  da  qəzetlər  həmin  dildə  danışsın.  Nə 
qədər  ki,  belə  məktəblər  yoxdur,  qəzetlər  kütlə  başa  düşən  dildə  yazmalıdır. 
C.Hacıbəyli  kinayə  ilə  qeyd  edir  ki,  bəzi  qələm  sahibləri  beynəlxalq  terminləri 
bəyənmir,  söz  qondarmaqla  məşğul  olur.  «Sosialist»,  «teleqraf»,  «telefon» 
sözlərini tərcümə etməyə cəhd göstərmək çox gülüncdür. C.Hacıbəyli israr edir ki, 
jurnalist  qəzet  etikasına  riayət  etməlidir,  naşir  redaksiyasının  daxili  işinə 
qarışmamalıdır.  Məqalədə  müəllif  «həyat»,  «İrşad»,  «Tərəqqi»  və  s.  nəşrlər 
haqqında, onların qüsurları barədə ətraflı bəhs edir. 
Maarifçiliyin,  maarifin yayılmasına, tərəqqiyə əngəl olan alimlərdən biri də, 
C.Hacıbəylinin  fikrincə,  ərəb  əlifbasının  mövcud  vəziyyətidir.  Elmi  və  texniki 
tərəfdən ərəb əlifbası indiki vəziyyətində bir çox çətinliklər törədir. «Mətbəə işinin 
təkmilləşdirilməsi»  («Kaspi»  qəzeti,  1914-cü  il,  21  mart,  №  66)  məqaləsində 
müəllif göstərir ki, ərəb əlifbasında islahat aparmaq vaxtı çatmışdır və təklif olunan 
bir neçə variantdan biri həyata keçirilməlidir. 
C.Hacıbəyli  Azərbaycan  mətbuatı  tarixində  yeganə  jurnalistdir  ki,  1913-cü 
ildən  başlayaraq,  1917-ci  ilədək  hər  ilin  başlanğıcında  Rusiya  müsəlmanlarının 
ictimai-siyasi, mədəni-maarif ədəbi və s. sahələrdəki nailiyyətlərini sadalayır, təhlil 
edir, növbəti ilin vəzifələri haqqında geniş bəhs edir. Bu mənada onun «1912-ci il 
müsəlmanlar həyatı» («Kaspi» qəzeti, 1913-cü il, 1 yanvar, № 1; 3 yanvar, № 2;    

 
39 
4 yanvar, №3) və «Yeni ildə vəzifələrimiz» («Kaspi» qəzeti, 1913-cü il, 8 yanvar, 
№  6,  11  yanvar,  №  9)  adlı  silsilə  məqalələri  həmin  dövrün  maarif,  təhsil 
sahəsindəki mənzərənin təsəvvür edilməsi üçün əvəzolunmaz mənbədir. 
Bu  məqalələrdə  müəllif  digər  sahələrdəki  nailiyyətləri  qeyd  etməklə  yanaşı, 
xalq  təhsilinin,  o  cümlədən  qadınların  təhsilinin  kəmiyyət  və  keyfiyyət  etibarilə 
yeni  mərhələyə  qədəm  qoyduğunu,  «Səadət»  məktəbinin,  «Səfa»  Xeyriyyə 
Cəmiyyətinin,  «Nicat»  və  «Səfa»  Xeyriyyə  cəmiyyətləri  tərəfindən  bir  çox 
əsərlərin  səhnələşdirildiyini,  Ü.Hacıbəyovun  iki  yeni  operasını  «Şah  Abbas»  və 
«Əsli və Kərəm»in yarandığını qələmə alır. 
Maarif  sahəsində  qarşıda  duran  vəzifələrdən  bəhs  edən  müəllif  göstərir  ki, 
ümumiyyətlə, maarif, xüsusilə məktəb işi sahəsində iki vəzifə yerinə yetirilməlidir: 
birinci,  məktəblərin  sayını  artırmaq,  ikinci,  müsəlman  şagirdlərin  öz  dillərində 
təhsilə yiyələnmələrinə nail olmaq. 
C.Hacıbəyli  yazır:  «Təhsil  müəssisələrinin  artırılmasına  səy  göstərilməsi  ilə 
yanaşı, müsəlman şagirdlərin öz dillərini öyrənməsinə diqqəti artırmalıyıq… Ana 
dilinin  tədrisi  sistemini  təkmilləşdirməliyik»  («Kaspi»  qəzeti,  1913-cü  il,             
11  yanvar,  №  ).  Müəllif  hər  vasitə  ilə  köhnəlmiş  təlim-tərbiyə  üsullarından  əl 
çəkməyə, xalq müəllimi buraxan öz seminariyalarımızı açmağa səsləyir. 
Maarif  işini  diqqətlə  izləyən,  bu  sahədəki  hər  bir  yeniliyi  alqışlayan 
C.Hacıbəyli  böyük  xeyriyyəçi  H.Z.Tağıyevin  Aleksandrinsk  qadın  uçilişinin 
açılışını  maarifçilik  tariximizdə  «Yeni  dövr»  kimi  dəyərləndirir.  («Yeni  dövr» 
məqaləsi,  «Kaspi»  qəzeti,  1913-cü  il,  28  fevral,  №  47).  Təkcə  Bakıda  yox,  digər 
şəhər və kəndlərimizdə məktəb, gimnaziya açılmağın vacibliyini təşviq, təbliğ edən 
C.Hacıbəyli  Nuxada  gimnaziya  açılması  məsələsində  ortaya  çıxan  problemlərin 
həlli yollarını göstərir. («Nuxada gimnaziya haqqında», «Kaspi» qəzeti, 1913-cü il, 
3 mart, №50). Müəllif maarif sahəsindəki uğurları alqışlamaqla yanaşı, təhsilin, o 
cümlədən qadınların təhsilinin ehtiyacları haqqında ətraflı yazır: («Qadın təhsilinin 
ehtiyacları»,  «Kaspi»  qəzeti,  1915-ci  il,  5  iyun,  №  123)  «Artıq  müsəlman 
qadınlarının  təhsil  sahəsindəki  böyük  uğurlarını  inkar  etmək  ağlabatan  deyil». 
Aleksandrinsk  qadın  uçilişindən  sonra  qısa  zamanda  4  rus-tatar  qadın  məktəbinin 
açıldığını da fərəhlə oxucuya çatdıran C.Hacıbəyli öz sevincini onunla bölüşür. 
C.Hacıbəyli  maarif,  mənəviyyat,  mədəniyyət  sahəsindəki  qüsurları  maarif 
ocaqlarının  olmaması  ilə  əlaqələndirir.  «Səhnəmiz  haqqında»  («Kaspi»  qəzeti, 
1913-cü  il,  12  avqust,  №  181,  23  avqust,  №  189)  məqaləsində  C.Hacıbəyli 
mədəniyyətimizin mühüm bir sahəsi haqqında geniş bəhs edir və bu nəticəyə gəlir: 
«Xüsusi məktəbimiz olmazsa, diplomlu artistlərimiz olmayacaq». Yaxud başqa bir 
misal.  «Mətbuat  haqqında  qanun  layihəsi  və  müsəlman  redaktorlar  haqqında» 
(«Kaspi» qəzeti, 1914-cü il, 4 aprel, № 77) məqaləsində C.Hacıbəyli çox cəsarətlə 
onu düşündürən məsələni qəzet səhifəsinə çıxarır: «Bir sual ortaya çıxa bilər. Elə 
bir  müsəlman  orta    təhsil  müəssisəsi  varmı  ki,  oranı  bitirdikdən  sonra  məzunun 
redaktor  olmaq    hüququ  olsun?»  Məlum  olur  ki,  yoxdur.  Publisist  məqalənin 
sonunda bu qənaətə gəlir: «Deməli, qanun layihəsi real həyatdan çox uzaqdır». 
C.Hacıbəylinin  publisistikasının  səciyyəvi  cəhətlərindən  biri  onun  faktlara, 
statistik rəqəmlərə daha çox meyl etməsidir. Bu faktlar o qədər maraqla seçilir ki, o 
oxucunu yormur, əksinə toxunulan mövzu haqqında daha dolğun təsəvvür yaradır, 

 
40 
təsvir  edilən  mənzərə  daha  qabarıq  təqdim  olunur.  «Qafqaz  müsəlmanlarının 
maarifi»  («Kaspi»  qəzeti,  1914-cü  il,  22  aprel,  №  89)  məqaləsində  faktlar 
müddəaları  müşayiət  edir,  odur  ki,  deyilənlər  inandırıcı,  əsaslı  olur.  Adı  çəkilən 
məqalə  1908-12-ci  illər  ərzində  Qafqaz  müsəlmanlarının  təhsilə  yiyələnmə 
səviyyəsi göstərilir. Həmin dövrdə 3 milyona yaxın müsəlman əhalisindən vur-tut 
17.725  nəfəri  ümumi    təhsil  almışdır.  O  zaman  hər  100  rus  uşağından  58  nəfəri 
təhsilə yiyələnmişsə, bu rəqəm müsəlmanlarda 7 nəfər olmuşdur. Digər millətlərlə 
müqayisədə təhsilimiz çox geri qalır – müəllifin gəldiyi kədərli nəticə budur. Hələ 
1912-ci ildə isə C.Hacıbəyli yazırdı: «Böyüməkdə olan nəslə isə daha çox məktəb, 
daha çox maarif lazımdır». («Yaralı yerimiz haqqında» («Kaspi» qəzeti, 1912-ci il, 
24 oktyabr, № 240). 
Maarifin yaranmasında məktəblərin rolunu qiymətləndirən C.Hacıbəyli hesab 
edirdi 
ki, 
müəllimlərin 
özlərinin 
yetişdirilməsi, 
hazırlanması 
vacib 
məsələlərdəndir.  Bu  mənada  o,  Qori  və  İrəvan  seminariyaların  artan  tələbatı 
ödəmədiyini  dəfələrlə  qeyd  etmiş,  Bakıda  seminariya  açılmasının  zəruriliyini 
göstərmişdir. «Müəllim seminariyası haqqında» («Kaspi» qəzeti, 1915-ci il, aprel, 
№73)  məqaləsində müəllif xəbər  verir  ki,  Xalq  Təhsili  Nazirliyi  Bakıda  müəllim 
seminariyası yaratmağa icazə vermişdir. Bu faktın əhəmiyyətini şərh edən müəllif 
göstərir  ki,  son  vaxtlar  Bakıda  məktəblərin  sayı  artmışdır.  Lakin  hər  il  rus-tatar 
məktəbləri üçün 8 müəllim buraxan Qori müəllimlər seminariyası və ildə 2-3 nəfər 
müəllim yetişdirən İrəvan seminariyası indiki  tələbatı ödəmir. Odur ki, vaxtı əldən 
verməmək, Bakıda müəllim seminariyasının açılmasını sürətləndirmək lazımdır. 
Bu  mövzuya  bir  müddət  sonra  yenidən  qayıdan  C.Hacıbəyli  («Sabunçu 
seminariyası  haqqında»,  «Kaspi»  qəzeti,  1915-ci  il,  25  oktyabr,  №  238)  yazırdı: 
«Maariflənmək  ehtirası,  yanğısı  –  indiki  dövrdə  müsəlmanların  böyük 
əksəriyyətini  əhatə  edən  əhval-ruhiyyəni  dəqiq  ifadə  üçün  bundan  başqa  söz 
seçmək  çətindir…  Avropa  təhsilinə  qarşı  çıxmaq  dövrü  keçmişdir».  Görünür, 
kütlədəki  yüksək  əhval-ruhiyyə  müəllifə  də  sirayət  etmişdir.  Bir  tərəfdən  xalqın 
maariflənməyə  meyli,  digər  tərəfdən  cəhalət,  nadanlıq,  zülmət  tərəfdarlarının  geri 
çəkilməsi C.Hacıbəylini ruhlandırmışdır. O, coşğun ehtirasla yazırdı: «Buna qarşı 
(təhsilə qarşı çıxanlar nəzərdə tutulur – A.T.) çıxan cənablar anlamırlar ki, saman 
çöpü ilə güclü selin qarşısını kəsmək  mümkün olmadığı kimi,  həyatın tələbindən 
irəli gələn bu təbii prosesin önünə də sədd çəkmək mümkün deyil». 
Müəllif yazır ki, 5-6 il əvvəl Bakı kəndlərində «müəllim» kəlməsini ehtiyatla 
işlədirdik.  Bu  gün  isə  kəndlilər  məktəb  açmağı  təkidlə  xahiş  edir,  bu  işə  maddi 
yardım  göstərməyə  hazır  olduqlarını  bildirirlər.  «İndi  əhali  daha  irəli  baxır. 
Adamlar  yalnız  özləri  haqqında  fikirləşmir,  qardaş,  qonşusu  barədə  də  düşünür, 
onların da maarifə can atmasına çalışır». 
C.Hacıbəyli  göstərir  ki,  bu  mənada  Sabunçu  əhalisi  xüsusi  fəallıq  göstərir. 
Qori  və  İrəvan  müəllimlər  seminariyalarının  tələbatı  ödəmədiyi  üçün,  yeni 
seminariya haqqında düşünürlər. 
C.Hacıbəyli məktəb, maarif işi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərlə, 
ziyalıların  bu  sahədəki  səy  və  təşəbbüsləri  ilə  yanaşı  ayrı-ayrı    mesenatların, 
xeyriyyə  cəmiyyətlərinin  fəaliyyətinə  də  böyük  əhəmiyyət  verirdi.  Xeyriyyə 

 
41 
cəmiyyətlərinin  maarif,  məktəb  sahəsindəki  işinə  dair  C.Hacıbəylinin  yaradıcılığı 
haqqında ayrıca bəhs ediləcəkdir. 
 
“Azərbaycan müəllimi” qəzeti, 8 oktyabr 1996 
 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin