VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi


QLOBALLAŞMANIN MİLLİ SƏRHƏDLƏR DAXİLİNDƏ İDARƏ OLUNMASI VƏ MİLLİ MARAQLARIN QORUNMASI



Yüklə 7,05 Mb.
səhifə43/51
tarix10.03.2017
ölçüsü7,05 Mb.
#10912
1   ...   39   40   41   42   43   44   45   46   ...   51

QLOBALLAŞMANIN MİLLİ SƏRHƏDLƏR DAXİLİNDƏ İDARƏ OLUNMASI VƏ MİLLİ MARAQLARIN QORUNMASI


Biz elə etməliyik ki, Azərbaycan xalqının

maraqları tam şəkildə qorunsun.
Ilham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

14. 04. 2008
11. 1. Qloballaşma prosesində milli maraqların və milli təhlükəsizliyin təmin olunması problemləri (nəzəri baxış)
Mürəkkəb və ziddiyyətli qloballaşma prosesləri onun, istər ümumdünya miqyasında, istərsə də milli səviyyədə idarə olunmasını tələb edir. Bu proseslər milli dövlətlər qarşısında keyfiyyətcə yeni tələblər qoyur.

Qloballaşma dövrünün tələbləri haqqında fundamental əsərin müəllifi Aka­demik Ramiz Mehdiyevin qeyd etdiyi kimi “Dünyada gedən proseslər birmənalı şəkildə göstərir ki, 21-ci əsrdə bəşəriyyətin inkişaf strategiyasını xeyli dərəcədə məhz qloballaşma müəyyənləşdirəcəkdir. Bu da qanunauyğunluqdur, Çünki biz tarixdə ilk dəfə olaraq Şekspirin ritorik “olum, ya ölüm” sualının bəşəriyyət qarşısında duran problem kimi yeni səpkidə səsləndiyi və yeni məna kəsb etdiyi bir dövrə qədəm qoymuşuq” [76, s. 121]

Milli maraqların qorunması və milli təhlükəsizliyin təmin edilməsi prob­lemləri milli dövlətlər, xüsusən müstəqillik yoluna yenicə qədəm qoymuş ölkələr üçün həyati əhəmiyyət kəsb edir.

Qloballaşma inkişaf səviyyəsindən asılı olmayaraq milli iqtisadi sistemləri qlobal səviyyədə fəaliyyət göstərən «oyunçuların» sərt rəqabət mübarizəsinə cəlb edir. Ona görə də milli iqtisadiyyatın qlobal mühitə itkisiz və səmərəli uyğunlaşdırılması bu gün milli dövlətlər qarşısında duran və həyati əhəmiyyət kəsb edən məsələdir. Milli iqtisadiyyatın getdikcə daha çox meqacəmiyyətin tərkib hissəsinə çevrilməsi, bu funksiyanın əhəmiyyətini daha da artırır.

Zaman tələb edir ki, onlar adət etdiyimiz makro və mikroiqtisadi tənzimlə­mələrlə yanaşı - beynəlxalq əmtəə, xidmət, kapital və işçi qüvvəsi axınlarına müdaxilə etmək, proqnozlaşdırmaq və istiqamətləndirmək kimi çox mühüm funksiyaları da yerinə yetirsinlər. Ənənəvi dövlətlər qloballaşma şəraitində iki cəbhəyə qarşı mübarizə aparmağa məcburdurlar: 1) Ölkənin daxili problemlərinə qarşı 2) nəzarətdən çıxma təhlükəsi doğuran transmilli qüvvələrə qarşı.

Milli dövlətlər transmilli qüvvələri vergiqoyma, iqtisadiyyatın tənzim­lənməsi, iqtisadi təhlükəsizliyin təmin edilməsi məsələlərində öz nəzarətinə tabe etməyə çalışırlar.

Ümumiyyətlə qəbul edilir ki, qloballaşma prosesində beynəlxalq əmək bölgüsünün üstünlükləri inkişaf etmiş sənaye ölkələri üçün daha faydalıdır. Buna baxmayaraq, transformasiya prosesini keçirən ölkələr bu proseslərdə iştirak etməyə həm məcburdurlar, həm də belə iştirakda çox maraqlıdırlar. Çünki artıq bir aksio­ma kimi qəbul edilir ki, müasir şəraitdə hər hansı bir dövlətin dünya bazarından təcrid olunması, onun iqtisadi inkişafının son nəticədə geriləməsi ilə nəticələnə bilər. Lakin bəşər tarixinin yeni mərhələsində bir çox iqtisadi proseslərin qlobal mahiyyəti ilə onların milli dövlətlər çərçivəsində tənzimlənməsi arasında kəskin ziddiyyət özünü göstərir. Bu isə səmərəli dövlətlərüstü tənzimlənmə mexanizminin yaradılmasını tələb edir. Çünki dövlətlər hələ qloballaşma prosesinə müxtəlif dərəcələrdə qoşulmuşlar, onların özlərinin «çəkiləri» müxtəlifdir, qlobal bazalardan əldə etdikləri faydaları isə fərqlidir. Qloballaşma prosesində maraqlar ziddiyyət­lidir. Çünki xarici satış bazarlarına, maliyyə mənbələrinə, texnoloji və idarəetmədə mövcud olan yeniliklərə çıxış imkanları bütün dövlətlərdə eyni deyildir. Ən güclü dövlətlər bunlardan daha çox, zəiflər isə az faydalanırlar.

Dünya dövlətlərinin təcrübəsi göstərir ki, milli bazarların müasir şəraitdə xarici təsirlərə həssaslığı (xüsusən böhran dövründə) sürətlə artmışdı. Qloballaş­manın dərinləşməsi inkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrində iqtisa­diyyatın idarə olunmasında milli dövlətlərin vəziyyətlərinin pisləşməsinə səbəb olur. Bu prosesdə zəngin və kasıb ölkələr arasında mövcud olan dərin uçurum daha da dərinləşir, inkişaf etməmiş Cənub ölkələrində yüz milyonlarla insanlar informasiya inqilabının bəhrələrindən istifadə etmək və qüdrətli Şimalın firavan həyatını kənardan seyr etmək imkanı əldə etmişlər.

İşçi qüvvəsi bazarının liberallaşdırılması sahəsində məhdudiyyətlərin saxla­nılması da bu ölkələr üçün ciddi nəticələr doğurur. Əslində, yalnız nadir yüksək ixtisaslı mütəxəssislər üçün bu məhdudiyyətlər aradan qaldırılmışdır ki, bu da «beyin axını» ilə nəticələnir. Nəticədə kasıb Cənubda texnoloji gerilik, ümidsizlik və məyusluq hissləri sürətlə artmış, ekstremizm və terrorizm dalğaları özünü göstərmişdir. Bir çox alimlər haqlı olaraq 11 sentyabr hadisələrini bir növ bu dərin kontrastın məhsulu kimi dəyərləndirirlər. Ona görə də qloballaşmanın bəhrələrinin ölkələr arasında qeyri-bərabər bölgüsünün azaldılması və qlobal qütbləşmənin qarşı­sının alınması yalnız kasıb Cənubun deyil, eyni zamanda bütün dünya birliyinin həll etməli olduğu mühüm qlobal problemdir. Milli dövlətlərin qlobal ierarxiyada mövqeyi onun dünya bazarındakı rəqabət gücü ilə müəyyən edilir. Lakin bu rəqabət mübarizəsi milli dövlətlər, xüsusən gənc ölkələr üçün qeyri-bəra­bərdir. Onlar qlobal iqtisadi-maliyyə mühitində inkişaf etmiş dövlətlərin nəzarəti altında olan böyük inhisarlar ilə qarşı-qarşıya qalırlar. Bu nəhəng inhisarlara transmilli şirkətlərin texnologiya sahəsində olan inhisarçılığı, dünya maliyyə bazarlarında maliyyə nəzarətini, nəqliyyat sahəsində inhisarçılığını aid etmək olar. Qlobal prosesləri tənzimləyən beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının da onların nəzarəti altında olması mühüm amil kimi nəzərdən qaçırılmamalıdır.
Yuxarıda göstərildiyi kimi qlobal texnoloji piramidanın zirvəsinə gedən yol çoxpilləlidir. Ayrı-ayrı ölkə qrupları özünün iqtisadi və sosial-mədəni səviyyəsini yüksəltməklə və zəngin Şimaldan öz fərqlərini azaltmaqla bu zirvəyə doğru irəliləyirlər. Təbiidir ki, ayrı-ayrı ölkələr bu pillələrdən müxtəlif dərəcədə istifadə edirlər. Cənubi Koreya, Tayvan, Qonkhonq, Sinqapur, Vyetnam, müasir dünya iqtisadi sisteminə uğurla qoşulmuşlar və artıq 80-cı illərdə adambaşına ÜDM istehsalının artım sürətinə görə Şimal ölkələrini iki dəfə ötüb keçmişlər. 90-cı illərdə həmin qrupa Hindistan, Çili, Şrilanka, Dominikan Respublikası, Yamayka və digər ölkələr əlavə olundular. Onlarda adambaşına ÜDM istehsalı öz sürətinə görə dünya liderlərini 1, 5-2, 0 dəfə ötüb keçdi. Üçüncü qrupda eyni göstərici 1, 0-1, 5 dəfə təşkil edir. Dördüncü qrup ölkələr inkişaf etməkdə olan ölkələrdir ki, orada adambaşına ÜDM istehsalı inkişaf etmiş ölkələrə nisbətən zəif inkişaf edir. Axırıncı qrupu ən kasıb ölkələr təşkil edir ki, onlarda adambaşına məhsul istehsalı azalır, avanqard ölkələrlə olan uçurum isə dərinləşir. [326, 2003, № 4, s. 13. ]

Tədqiqatlar eyni zamanda göstərir ki, milli dövlətlərin qloballaşma şəraitində də milli çərçivədə proseslərə təsir etmə imkanları yüksəkdir. Dövlətin iqtisadi funksiyası əslində yalnız bir sıra məsələlərdə, məsələn, sosial və xarici iqti­sadi sahələrdə zəifləyir. Müasir milli dövlətlər ən vacib olan təhsil, infrastruk­tura ki­mi məsələlərin həll edilməsində əsas rol oynamaqda davam edirlər. Onların tə­min olunmasında bazar, vətəndaş cəmiyyəti və dövlət orqanlarının proporsional rolu mütənasib olmalıdır. Müasir iqtisadiyyatda dövlətin tənzimləyici rolu artmışdır. Tənzimləmə tədbirləri ətraf mühitin qorunması, maliyyə sektoru və in­hisarların fəaliyyətini əhatə edir. Dövlətin rolu ölkə iqtisadiyyatının rəqabət qabi­liy­yətinin artırılmasında elmi-texniki tərəqqinin stimullaşdırılmasında, infra­struk­turanın yaradılmasında, informasiyanın toplanması və işlən­məsində, milli sahib­karlar üçün əlverişli işgüzar və vergi mühitinin yara­dılmasında, xarici kapital və iş­çi qüvvəsi axınının tənzimlənməsində artmışdır. Qloballaşma prose­sin­də dövlətin rolu trans­formasiya edir və o qlobal sahibkar kimi çıxış etməyə başla­yır.

Belə bir şəraitdə ölkənin beynəlxalq əmək bölgüsündə iştirakının iqtisadi səmərəliliyinin müəyyən edilməsi vacibdir. Məlum olduğu kimi ölkənin beynəlxalq əmək bölgüsü sistemində ixtisaslaşması bir tərəfdən, xarici iqtisadi məkanın tələbləri ilə, digər tərəfdən də həmin ölkənin dünya meyarlarına uyğun olaraq rəqabətqabiliyyətli mal və xidmət istehsal edə bilməsi bacarığı ilə müəyyən edilir. O da məlumdur ki, məhsul istehsalçıları və satıcıları əksər hallarda müstəqil milli təsərrüfat subyektləridirlər. Qloballaşma şəraitində məhsulların getdikcə daha çox hissəsi milli sərhədlərdən kənara çıxır və özünə daha tutumlu bazarlar axta­rırlar. Bu zaman vahid struktur kimi dünya bazarının mövqeyi baxımından iqtisadi səmərəliliyin meyarı məhsul dünya qiymətləri ilə satıldıqda istehsalçı (ixracatçı) üçün rentabelliyi təmin edən istehsal xərclərinin səviyyəsidir. Müstəqil istehsalçılar həmin beynəlxalq meyara orientasiya edirlər və əgər belə məhsullar ona mənfəət təmin edirsə, onlar dünya bazarlarına çıxırlar. İdxalatçılar da idxalat əməliyyat­larının xüsusiyyətlərini nəzərə alaraq eyni qaydada hərəkət edirlər.

Qloballaşmanın yaratdığı yeni mühit ictimai rifah anlayışının konseptual şə­kildə inkişaf etdirilməsini tələb edir. Məlum olduğu kimi bu anlayışa birgə istehlak edilən məhsul və xidmətlərin geniş spektri daxildir. Yeni mühitdə həmin məhsul­ların istehlakının kəmiyyət və keyfiyyətcə azaldılmaması ilə yanaşı, onların bölgüsünün tənzimlənməsi tələb olunur. Bazarların qloballaşması ictimai rifah ünsürlərinin (mülkiyyət hüququnun qorunması, bazarlarda rəqabət mühiti, təbiəti mühafizə tədbirləri, ictimai obyektlərin və infrastruktura obyekt­lərinin inşası, səhiyyə və təhsilin böyük bir hissəsi) bir çoxunu sual altında qoymuşdur. Təsadüfi deyildir ki, onların getdikcə daha çox qloballaşan bazar prinsiplərinə çevrilməsinə qarşı bütün dünyada müqavimət hərəkatı genişlənir.

Qlobal iqtisadi-maliyyə mühitə inteqrasiya prosesində milli inkişafın zəruri şərtləri təmin edilərək dəstəklənməli, mövcud olan disproporsiyaların daha da də­rin­­ləşməsinə yol verməmək və onları aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Mil­li iqtisadiyyat qloballaşma proseslərinə qoşulduqca, respublikada hal-hazırda mövcud olan bir sıra sosial-iqtisadi problemlərin sərbəst bazar iqtisadiyyatı prinsip­ləri əsasında deyil, genişmiqyaslı dövlət tənzimləmələrindən istifadə etməklə həll edilməsi tamamilə əsaslıdır.

İntensiv qloballaşma prosesində beynəlxalq müna­sibətlər qeyri-bərabər qüvvələrin kəskin mübarizə meydanına çevrildiyi üçün milli (siyasi, iqtisadi, mədəni-mənəvi) təhlükəsizliyin təmin olunması ənənəvi dövlətlərin başlıca funksiyasıdır. Qloballaşma yalnız o halda səmərəlidir ki, o milli maraqlara cavab verir və milli təhlükəsizliyi təmin edir.

Akademik Ramiz Mehdiyev Azərbaycanda Milli təhlükəsizliyin təmin edilməsinin əhəmiyyəti və strateji istiqamətlərini müəyyən etmişdir. “Yeni dünya ni­zamının təşəkkülü perspektivini nəzərə almağın zəruriliyi belə bir real faktı inkar etmir ki, bu gün formalaşmaqda olan Azərbaycan cəmiyyətinin mahiyyəti milli siyasətlə, milli təhlükəsizlik və milli inkişaf konsepsiyaları ilə müəyyənləşdirilir. Daha geniş səpkidə götürdükdə, milli təhlükəsizlik dövlətin öz yaxın və uzaq qonşu­ları ilə münasibətlərinin necə təşəkkül tapmasından asılıdır. Bu ölkələrlə iqtisadi, siyasi, mənəvi, mədəni münasibətlərin yaradılması və onların inkişaf etdiril­mə­si prinsipcə hər bir dövlətin uzunmüddətli milli mənafelərinə cavab verməlidir. Azərbaycan kimi gənc və müstəqil dövlət onun inkişaf strategiyasının bu proseslərə arzu edilən istiqamət və konfiqurasiya verən xüsusi dünyagörüşü paradiqmaları çərçivəsində həyata keçirilməsi xəttinə ciddi əməl etməlidir. ” [76, s 15] Çünki müasir vəziyyət tarixi, siyasi, iqtisadi və sosial baxımdan kəskin zid­diyətlər kompleksi ilə xarakterizə edilir. Həmin ziddiyətlərin yumşaldılması və həll edilməsi dərindən düşünülmüş və əsaslandırılmış yanaşma tərzini tələb edir. Ter­minoloji lüğətlərdə “təhlükəsizlik” anlayışı təhlükənin olmaması, etibarlılığın tə­min olunması kimi izah edilir. İnkişaf və təhlükəsizlik anlayışları bir-biri ilə qarşılıqlı əlaqədədir və əslində cəmiyyətin həyat prosesinin iki tərəfidir.

Milli təhlükəsizlik ölkənin davamlı inkişafını təmin etmək məqsədilə fərdlərin, cəmiyyətin və dövlətin müxtəlif fəaliyyət sahələrində daxili və xarici təhdidlərdən qorunması deməkdir. Təhlükəsizliyin təmin edilməsinin meyarı milli inkişafa müasir dövrdə və gələcəkdə aradan qaldırılması çətin olan siyasi, sosial, iqtisadi, texnogen və təbii hadisələrin ziyanlı nəticələrinin hüdudlarının və sər­hədlərinin müəyyən edilməsidir. [225, s. 11-13]. Milli təhlükəsizliyin təmin olunması prinsipləri-milli məqsədlərin reallaşdırılmasına yönəldilmiş mühüm yol göstərici ideyalardır. Dövlət özünün milli təhlükəsizliyini təbii ehtiyatları, iqtisadi inkişaf səviyyəsi, əhalinin siyasi-mənəvi potensialı, hərbi gücünün vəziyyəti ilə müəyyən edilən məcmu qüdrəti ilə təmin edir. Ona görə də dövlət nə qədər qüdrətlidirsə, milli təhlükəsizlik bir o qədər etibarlı şəkildə qorunur.

Ölkənin beynəlxalq təhlükəsizliyi onun beynəlxalq münasibətlər sisteminin qeyri-sabitlik, konfrantasiyalar, silahlı konflikt və müharibə təhdidlərindən qorunmasını tələb edir.

Milli “təhlükəsizlik” anlayışı milli “maraqlar” anlayışı ilə sıx əlaqədardır. Təhlükəsizlik milli maraqların törəməsidir. Milli təhlükəsizlik son nəticədə - dövlətin, cəmiyyətin və fərdin həyati əhəmiyyətli maraqlarının təmin olunmasına yönəldilmiş strategiyadır. [225, s. 15-18]

Qloballaşma milli təhlükəsizliyin və milli maraqların təmin olunmasına geosiyasi yanaşma tərzini tələb edir. Belə yanaşma tərzi dövlətin məkan xarakteris­ti­kasının kompleksli dəyərləndirilməsini və cəmiyyətin həyat fəaliyyətinin bütün tərəfləri ilə əlaqəsinin aşkara çıxarılmasını zəruri edir.

Milli təhlükəsizlik və milli maraqların qorunması strategiyasında iqtisadi təhlükəsizlik və iqtisadi maraqların qorunması strategiyası mühüm yer tutur.

Azərbaycan Respublikasının Milli təhlükəsizliyi 23 may 2007-ci ildə Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Milli təhlükə­sizlik” konsepsiyası ilə təmin edilir.

Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası (bundan sonra Konsepsiya) dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişaf yolunu, strateji seçimi kimi Avratlantik məkana inteqrasiyasını, bununla yanaşı, tarazlaşdırılmış xarici siyasətin çoxşaxəliliyini vurğulayan, Azərbaycan Respubli­ka­sında şəxsiyyət, cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorunmağa yönəlmiş siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur.

Konsepsiyada göstərilmişdir ki, Azərbaycan Respublikasının milli maraq­ları Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbat­ların məcmusundan ibarət olmaqla, aşağıdakılardır:


  • dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi;

  • Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançı­lıq ideyasının təşviqi;

  • vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və əsas azadlıq­larının təmin olunması;

  • demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi, asayişin təmin edilməsi yolu ilə dövlətin funksiyalarının yerinə yetiril­məsinin gücləndirilməsi, əhalinin təhlükəsizliyinin qorunması;

  • beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsiz­lik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsi;

  • bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdiril­məsi, iqtisadi sabitliyin təmin olunması məqsədilə daxili və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması;

  • təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişafı, ətraf mühitin qorunması, tədris, elmi və texnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi;

  • dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi;

  • Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intelektual potensialının inkişaf etdirilməsi.

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində əsas vəzifələrdən biri onun milli təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması və ya nəzarətdə saxlanılmasıdır.

Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər aşağıdakı­lardır:



  • Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər;

  • qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması və insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət;

  • separatçılıq, etnik, siyasi və dini ekstremizm;

  • terrorçuluq və kütləvi qırğın silahlarının yayılması;

  • regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq;

  • Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət;

  • xarici siyasi, hərbi və ya iqtisadi asılılıq;

  • iqtisadi qeyri-sabitlik;

  • peşəkar insan ehtiyatlarının çatışmazlığı;

  • regional hərbiləşdirmə;

  • ekoloji problemlər.

Ölkəmizdə milli təhlükəsizliyin təmin olunması vasitələri bunlardır:

  1. xarici ticarət siyasəti;

  2. müdafiə qabiliyyətinin möhkəmləndirilməsi;

  3. uzaqgörən daxili siyasət.

Qəbul edilmiş Konsepsiya qloballaşma dövründə milli maraqların etibarlı şəkildə qorunması üçün müvafiq dövlət strukturlarının üzərinə xüsusi vəzifələr qoyur və bu konteksdə onların fəaliyyətinin əlaqələndirilməsini zəruri edir.

Akademik Ramiz Mehdiyevin aşağıdakı sözləri olduqca əhəmiyyətlidir: “Qloballaşan dünyanın bir hissəsi olaraq Azərbaycan Qərbin nəaliyyətlərindən istifadə etməyə çalışmaqla yanaşı, öz mentalitetinin bütün xüsusiyyətlərini, adət ənənələrini, milli tarixini son dərəcə qayğı ilə qoruyub saxlayır. Bu, dərk edilmiş, dövlətin və cəmiyyətin inkişafına istiqamətlənmiş strateji xətdir. 1993-cü ildən etibarən məhz bu xətt həyata keçirilir və o, ölkəni tərəqqiyə və firavanlığa gətirib çıxarmağa qadirdir. ənənələrin və mədəniyyətin əleyhinə deyil, onlara uyğun şəkildə inkişaf bu siyasətin mahiyyətini təşkil edir”. [76, s. 161]

Deyilənlərə yekun vuraraq göstərmək lazımdır ki, dünya maliyyə-iqtisadi mühitində baş verən köklü dəyişikliklər milli dövlətlər qarşısında zamanın çağırışına onun çevik və adekvat reaksiya göstərməsi, kapital, əmtəə, xidmət, texnologiya, informasiya və işçi qüvvəsinin liberallaşdığı bir şəraitdə ölkənin rəqabət qabiliyyətinin təmin edilməsi üzrə yeni tələblər qoyur. Yeni şəraitdə iqtisadiyyatın tənzimlənməsi, təşəbbüskarlıq fəaliyyətinin həyata keçirilməsi, milli sahibkarlar üçün əlverişli şəraitin yaradılması, sosial mühitin təmin olunması üçün kompakt dövlətin formalaşdırılması vəzifələri qarşıda durur.

11. 2. Azərbaycanın iqtisadi müstəqilliyinin reallaşdırılması -İlham Əliyev siyasətinin tarixi nailiyyətidir
Azərbaycan iqtisadi təhlükəsizliyini, enerji təhlükəsizliyini təmin edibdir və başqa ölkələrin enerji təhlükəsizliyində iştirak edir. Ərzaq təhlükəsizliyi də ondan az əhəmiyyət daşımayan sahədir.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti
XX əsr bəşəriyyət tarixinə yalnız elmi-texniki inqilablar əsri kimi daxil olmamışdır. O həm də milli-azadlıq hərəkatları milli dövlətlərin yaranması və bəşəri inkişaf prosesinə müstəqil subyekt kimi öz tövhələrini verməyə başlamaları ilə səciyyələnir. Bütün XX əsr tarixi göstərir ki, siyasi azadlıq, müstəqil dövlət­çiliyin möhkəmləndirilməsi, həmin azadlığın ölkə xalqlarının həyatında hərtərəfli dönüş nöqtəsi rolunu oynaması əhəmiyyətli dərəcədə iqtisadi sahədə aparılan mübarizənin uğurundan, iqtisadi cəhətdən də müstəqilliyin əldə edil­məsindən asılıdır. Bəzən belə bir səhv fikir tez-tez səslənir ki, guya dünyada iqti­sadi cəhətdən müs­təqil heç bir dövlət yoxdur. Çünki heç bir dövlət özünün bütün ehtiyaclarını təkbaşına təmin edə bilməz. Bu məsələyə səthi yanaşmaqdır. İqtisadi müstəqillik dedikdə bütöv milli iqtisadiyyatda geniş təkrar istehsalını zəruri ehtiyatlarla təmin etməyə qadir olan müstəqil təsərrüfat mexanizminin formalaşdırılması, xüsusən əhalinin maddi və mədəni rifah səviyyəsinin öz milli gəliri hesabına təmin edilməsi nəzərdə tutulur.

Doğma respublikamızda müstəqilliyin siyasi proqramını ümummilli liderimiz Heydər Əliyev böyük inamla formalaşdırmış və reallaşdırmış, iqtisadi müstəqillik uğrunda mübarizənin möhkəm təməlini atmışdır.

Siyasi istiqlaliyyətin və onun iqtisadiyyat cəbhəsinin daha da möhkəmləndirilməsinin sükanı artıq beş ildir ki, Prezident İlham Əliyevin etibarlı əlindədir. Əminliklə demək olar ki, Azərbaycanın iqtisadi müstəqilliyinin reallaşdırılması İlham Əliyev siyasətinin tarixi naliyyətidir. Layiqli varis öz üzərinə düşən tarixi missiyanı böyük həssaslıqla dərk edərək, ölkənin strateji kursunu bütün sahələr üzrə qəbul edilən və elmi cəhətdən əsaslandırılmlş proqram sənədləri ilə müəyyən etdi. Əslində MDB məkanında ilk dəfə olaraq sosial-iqtisadi inkişafı müasir prinsiplər əsasında tərtib edilmiş Dövlət Proqramları ilə tənzimləyərək, ölkəni yeni üfüqlərə, iqtisadi müstəqilliyin əldə edilməsinə doğru istiqamətləndirdi.

İqtisadi müstəqilliyin mühüm tərkib hissəsi iqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi və ərzaq təhlükəsizliyidir.

İqtisadi təhlükəsizlik - iqtisadiyyatın elə bir vəziyyətidir ki, bu zaman dayanıqlı iqtisadi artım, ictimai ehtiyaclar, yüksək keyfiyyətli idarəçilik, iqtisadi maraqların qorunması milli və beynəlxalq səviyyədə səmərəli şəkildə təmin olunur.

İqtisadi təhlükəsizlik problemi dövlətin yaradılması ilə eyni zamanda yaranır və milli təhlükəsizliyin onurğa sütununu təşkil edir.

Ölkəmizin milli təhlükəsizlik və onun mühüm tərkib hissəsi olan iqtisadi təhlükəsizlik konsepsiysı Prezident İlham Əliyevin imzaladığı 23 may 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Həmin konsepsiyada iqtisadi təhlükəsizlik problemləri olduqca əhatəlidir. Bu konsepsiya bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması məqsədilə daxili və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişaf, ətraf mühitin qorunması, tədris, elmi və texnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi kimi taleyüklü problemlərin həll edilməsini Azərbaycan dövləti qarşısında bir vəzifə kimi qoyur. [313, may 2006]

İqtisadi təhlükəsizliyin əsas göstəriciləri aşağıdakılardır: ÜDM-un artımı, iqtisadiyyatın strukturu və rəqabətqabiliyyəti, həyat səviyyəsi və keyfiyyəti, inflyasiya sürəti, işsizlik norması, idxaldan asılılıq, daxili və xarici borcların səviyyəsi və s.

Dövlətin iqtisadi təhlükəsizliyi probleminin mahiyyəti və əhəmiyyətini müəyyən etmək üçün iqtisadi ədəbiyyatda təxminən 25 göstərici təhlil edilir. Onlar arasında ən vacibləri aşağıdakılardır: adambaşına ÜDM, digər ölkələrlə müqayisədə onun dinamikası, ÜDM-un tərkibində emaledici sənaye məhsullarının xüsusi çəkisi, ÜDM-un tərkibində elmi-tədqiqat işləri və təcrübə-konstruktor işlərinin payı; beynəlxalq standartlar baxımından yoxsulluq səviyyəsi; orta ömür səviyyəsi; 10% ən təminatlı əhali qrupu gəlirlərinin, 10% ən yoxsul əhalinin gəlirlərinə nisbəti; işsizlik səviyyəsi; inflyasiya səviyyəsi; dövlət, o cümlədən xarici borcun ÜDM-a və büdcə gəlirlərinə nisbəti; idxalatın ÜDM-a nisbəti; istehlak məhsullarının tərkibində idxal edilən ərzağın xüsusi çəkisi və s.

Akademik Z. Səmədzadə haqlı olaraq vurğulayır ki, ölkənin iqtisadi təhlükəsizliyinə bu və ya digər şəkildə təsir göstərən hər hansı bir problem diqqətlə təhlil edilmədən dövlətin iqtisadi qüdrətinin və tərəqqisinin artırılması sahəsində qarşıda duran heç bir məsələni həll etmək olmaz. [23].

Bütün dünya dövlətlərində ərzaq təhlükəsizliyinin təmin olunmasında bey­nəl­xalq ticarətin rolu böyükdür. Belə ki, beynəlxalq ticarət ölkənin iqtisadi inki­şa­fı­na təkan verməklə həmin məhsulların satışına şərait yaradır, dünya ehtiyatlarından sə­mərəli istifadə edilməsini təmin edir, bu sahədə beynəlxalq ixtisaslaşmaya yol açır.

Ərzaq təhlükəsizliyinin əsasını aşağıdakılar təşkil edir:

1. Bu və ya digər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün ölkə­nin ehtiyaclarını tam ödəyən ərzağın davamlı və kifayət qədər istehsalı qaran­ti­ya edil­məlidir.

2. Ərzaq təhlükəsizliyi yalnız o zaman təmin edilə bilər ki, ərzağın əldə edilməsi üçün fiziki və iqtisadi şərtlər olsun.

3. Ərzaq təhlükəsizliyinə nail olmaq üçün kənd təsərrüfatı məhsulları sabit şəkildə və kifayət qədər dünya bazarlarına çıxarılsın.

4. Ərzaq təhlükəsizliyinin mühüm elementlərindən biri də əhalinin səhhətinə ziyan verməyən keyfiyyətli ərzaqla təmin olunmasıdır. [326, 2003, № 1, s. 60].

Hesab olunur ki, milli səviyyədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün iki yol mövcuddur: 1) özünü təmin etməyə çalışmaq və 2) idxalın sistematik şəkildə ödənilməsi üçün imkan yaratmaq.

Ərzaqla özünütəminetmə - ona olan tələbatın əvvəlcə xarici ticarətdən minimum dərəcədə asılı olmaqla, daha çox daxili istehsal hesabına ödənilməsi deməkdir. Özünütəminetmə konsepsiyasına bir sıra amillər təsir edir. Onlardan - məhsuldarlığı artıran texnologiyadan istifadə etmək imkanını, kənd təsərrüfatına siyasi və sosial partlayışın təsirini, habelə ətraf mühitin tənəzzülünü göstərmək olar.

Daxili kənd təsərrüfatı ehtiyatlarının davamlı istifadəsi hər bir ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm rol oynayır. Daxili kənd təsərrüfatı istehsalının himayə edilərək qorunub saxlanılması və inkişaf etdirilməsi gözlənilməz hadisələr baş verərsə, əhalinin ərzaq çatışmazlığı hallarının baş verməsi barədə narahatlığını azaldır.

Ərzaq idxalı ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya bilər. Problemi bu yolla həll etmək istəyən ölkələr qarşısında iki ciddi vəzifə durur:

1. Ərzaq idxalını tələb olunan səviyyədə saxlamaq üçün valyuta ehtiyatına malik olmaq;

2. Etibarlı idxal mənbələrini əlində saxlamaq.

Ölkənin özü tərəfindən ödənilməsi zəruri olan həcmdə ərzaq idxalı üçün valyuta ehtiyatlarının daxil olması məqsədilə ixracat poten­sialının yaradılmasını tələb edir. Bu zaman nəzərə almaq lazımdır ki, ərzaq idxal edən ölkə üçün həmin ərzaq əmtəə də olsa, strateji əmtəədir. Onun davamlı olaraq satın alınması cəmiyyətdə sabitliyə təminat verir. İxracatçı ölkə üçün isə, həmin əmtəələr siyasi və iqtisadi təzyiq vasitəsi (embarqo qoymaqla və s. ) kimi istifadə edilə bilər.

Ərzaq idxalının bir xüsusiyyəti də odur ki, onların qiyməti qeyri-sabit olmaqla, bir çox hallarda öz real dəyərinə adekvat olmur. Ərzaq təhlükəsizliyini təmin etmək üçün dövlət müəyyən hallarda strateji malların idxalı məqsədilə yüksək qiymət ödəmək məcburiyyəti qarşısında qalır.

İdxalat vasitəsilə ölkənin ərzaq təhlükəsizliyini təmin edən zaman hökumət əsas diqqəti xarici bazarlarda maksimum səmərə ilə satılması mümkün olan malların istehsalına yönəldir.

Son beş ildə, xüsusən 2007-ci ildə ölkənin sosial-iqtisadi inkişafı nəticələrinin təhlili göstərir ki, həmin çoxtərkibli problemlərin həllində dönüşə nail olunmuşdur.

Müstəqillik əldə etmiş ölkələrin təcrübəsi göstərir ki, milli geriliyin aradan qaldırılmasında açar rolunu oynayan milli iqtisadiyyatın, milli sənayenin, kənd təsərrüfatının, infrastrukturanın inkişafında ciddi dönüş yaradılması, müstəqil və bir-birini tamamlayan istehsal komplekslərinin təsis edilməsi iqtisadi müstəqilliyin və iqtisadi təhlükəsizliyin onurğa sütunudur.

Əsas göstərici olan ÜDM-un artımı nəzərdən keçirildikdə məlum olur ki, 2003-2007-ci illərdə iqtisadiyyatın həcmi 2, 6 dəfə artmışdır. Dünya dövlətlərinin təcrübəsi isə göstərir ki, ÜDM-un iki dəfə artırılması üçün 10-15 il və bəzən daha çox müddət tələb olunur. Məsələn, 1990-2000-ci illərdə 10 il ərzində yalnız Çin və Hindistan ÜDM-u iki dəfə artıra bilmişdir. Neftlə zəngin olan Yaxın və Orta Şərq ölkələri isə həmin dövrdə ÜDM-u cəmisi 38% artıra bilmişlər. [283, p. 91-92]

Sənaye ənənəvi olaraq Azərbaycan iqtisadiyyatının aparıcı sahəsidir. Son beş ildə bu sahədə ardıcıl olaraq özünü göstərən sıçrayışlı artım Azərbaycanın tarixində olmamışdır. Bu sahədə artım 2004-cü ildə 5, 7%-dən, 2005-ci ildə 33, 5%-ə, 2006-cı ildə 36, 6%-ə və 2007-ci ildə 35%-ə yüksəlmişdir. Sənaye məhsullarının həcmi isə 5 il ərzində iki dəfədən çox artmışdır.

Azərbaycan iqtisadiyyatının qısa tarixi dövr ərzində iqtisadi müstəqilliyə nail olunmasının və getdikcə möhkəmləndirilməsinin əsasında İlham Əliyevin daim modernləşmə və yeniləşmə siyasəti dayanır. Akademik Ramiz Mehdiyev “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” adlı konseptual məqalədə tam əminliklə qeyd edir: “Məhz iqtisadi modernləşmə, bazarın sabitliyi, bank mühitinin təkmilləşməsi, orta sinfin formalaşması və ölkənin ÜDM-ində özəl sahibkarlığın rolunun güclənməsi ictimai şüuru latent şəkildə təzələyəcək, onu yeni demokratik ənənələr və təsisatlar müstəvisinə yönəldəcəkdir. ” [317, 2008, №1, s. 118-119]

İlham Əliyevin “Bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir” ifadəsi ölkənin uzunmüddətli strateji kursudur.

İlham Əliyev Nazirlər Kabinetində keçirilən müşavirədə xüsusi vurğula­mışdır: Elə etməliyik ki, “qısa müddət ərzində ölkəmizə gələn maliyyə resursları ölkəmizin hərtərəfli inkişafına xidmət göstərsin. Ölkəmiz müasirləşsin, modernləşsin, ən qabaqcıl texnologiyalar Azərbaycana gətirilsin. Bütün sahələrdə - istər tikinti, istərsə də səhiyyə, təhsil, infrastruktur - bütün sahələrdə ən qabaqcıl texnologiyalar Azərbaycana gətirilməlidir. Biz bunu görürük. Azərbaycanda son illər ərzində, xüsusilə dövlət xətti ilə yaradılan müəssislələr, həyata keçirilən infrastruktur layihələri, tikilən obyektlər dünyanın ən yüksək standartlarına cavab verir.

“Biz iqtisadiyyatımızı şaxələndiririk” deyən Prezident İlham Əliyevin iqtisadi siyasətinin proritet istiqaməti iqtisadiyyatda dərin struktur dəyişiklikləri aparılmaqla iqtisadi inkişafın çoxşaxəliliyinin təmin olunmasıdır. Yanacaq energetika sektorunun sürətli inkişafı ilə yanaşı qeyri-neft sektoruna yüksək dina­mizm verilməsi dövlət başçısının daim diqqət mərkəzində olan məsələlərindəndir. O adı çəkilən müşavirədə xüsusi vurğulamışdır ki, Azərbaycanda enerji layihələrinin böyük əksəriyyəti başa çatdırılmış, neft-qaz yataqlarına böyük sərmayə qoyuluşu artıq demək olar ki, başa çatmışdır. Buna baxmayaraq investisiyalar sürətlə artaraq, 2007-ci ildə 6, 837 mlrd. dollara çatmışdır. Onun isə böyük əksəriyyəti qeyri-neft sektorunun inkişafı ilə əlaqədardır. İnvestisiyaların 52%-i qeyri-neft sektorunun payına düşür.


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin