VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi


-2007-ci illər üzrə Azərbaycan Respublikasının



Yüklə 7,05 Mb.
səhifə44/51
tarix10.03.2017
ölçüsü7,05 Mb.
#10912
1   ...   40   41   42   43   44   45   46   47   ...   51

2003-2007-ci illər üzrə Azərbaycan Respublikasının

əsas makroiqtisadi göstəriciləri. (mln. manat)





2003

2004

2005

2006

2007

ÜDM bazar qiymətləri ilə

7146, 5

8530, 2

12522, 5

18746, 2

25228, 1

Qeyri-neft sektoru, ÜDM, bazar qiymətləri ilə

4997, 4

5858, 3

7001, 7

8654, 4

11131, 1

Neft sektoru, ÜDM, bazar qiymətləri ilə

2149, 1

2671, 9

5520, 8

10091, 8

14097, 0

Son beş il ərzində qeyri-neft sektoru ikirəqəmli rəqəmlərlə inkişaf etmişdir və onun həcmi 2, 2 dəfə artmışdır. Bu da analoqu olmayan bir hadisədir. Təsadüfi deyildir ki, 2007-ci il ərzində büdcəyə qeyri-neft sektorundan vergi daxil olmaları 57. 1% artmışdır. Büdcəyə 2007-ci ildə qeyri-neft sektorundan 1635. 9 mln. manat vəsait daxil olmuşdur. Müqayisə üçün göstərmək lazımdır ki, 2003-cü ildə dövlət büdcəsinin cəmi gəlirləri 1220. 9 mln. manat təşkil etmişdir. Azərbaycanda neft ehtiyatları tükəndikdən sonra ölkənin iqtisadi inkişafına bədbin gözlə baxanlara həmin rəqəmlər tutarlı cavabdır.

Dövlət başçısı 2008-ci ildə Azərbaycanda sənayeləşmənin daha sürətlə getməsi vəzifəsini qarşıya qoymuşdur. Bunun üçün də hər cür imkan var: maliyyə çətinliyi yoxdur; üstəlik ölkənin 10 mlrd. dollar valyuta ehtiyatı mövcuddur.

Təsadüfi deyildir ki, nüfuzlu investisiya bankı olan “Qodman Saks” tərəfindən aparılmış iqtisadi inkişaf indeksi üzrə Azərbaycan bütün MDB ölkələrini qabaqlayaraq 170 ölkə arasında 61-ci yerdədir. Sevindirici haldır ki, bu indeks makroiqtisadi göstəricilərlə yanaşı kompyuter, telefon, internetdən istifadə, orta təhsil səviyyəsi, orta ömürlülük, qanunun aliliyi və siyasi sabitlik kimi mühüm sosial-iqtisadi göstəriciləri də özündə birləşdirir.

İqtisadi müstəqilliyin təmin olunmasının aparıcı istiqamətlərindən biri də enerji təhlükəsizliyidir. Ümumimilli liderimiz Heydər Əliyevin uzaqgörən neft strategiyasının həyata keçirilməsi nəticəsində yanacaq energetika kompleksinin sürətli inkişafı və ölkəmizdə enerji təhlükəsizliyi təmin edilmişdir. Bu o deməkdir ki, enerji siyasəti reallaşdıqca ölkənin həyati əhəmiyyət kəsb edən enerji daşıyıcılarına olan ehtiyacı tam şəkildə ödənilir, dövlətə kənardan təzyiqlər minimuma endirilir. Bu tarixi naliyyət yalnız ölkənin enerji potensialının artmasının deyil, həm də Prezident İlham Əliyevin apardığı beynəlxalq və xüsusən regional balanslaşdırma siyasətinin nəticəsidir. İlk növbədə öz milli maraqlarını əsas götürən ölkə başçısı həm Qərb, həm region, həm də digər əlaqədar dövlətlərin maraqlarını diqqətlə öyrənir və onlara böyük həssaslıqla yanaşır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da Azərbaycanın rolu artır.

6 iyun 2008-ci ildə ABŞ-ın “United Press İnternational” internet nəşri Azərbaycan haqqında geniş material dərc etmişdir. Məqalədə deyilir ki, 1991-ci ildə Sovet İttifaqının süqutu Xəzər regionunun coğrafiyasını tamamilə dəyişmişdir. Əgər əvvələr Xəzər SSRİ ilə İran arasında bölünmüşdüsə, ittifaq dağılandan sonra Xəzər ətrafında 4 dövlət – Rusiya Federasiyası, Azərbaycan, Qazaxıstan və Türkmənistan dövlətləri yaranmışdır.

Məqalədə xüsusi vurğulanır ki, sovet dövründən qalma neft kəmərlərinə malik Rusiyadan hələ də asılı olan Qazaxıstan və Türkmənistandan fərqli olaraq, hazırda Azərbaycan Moskvanın nəzarət etdiyi ixrac marşrutlarından asılı deyildir və dünyanın ən sürətlə inkişaf edən iqtisadi sisteminə malikdir.

Mürəkkəb dünya təsərrüfatı sisteminə yenicə qaynamağa başlayan ölkəmizin nüfuzu beynəlxalq aləmdə durmadan artır. Vətənimiz az müddət ərzində regional liderə çevrildi. Türkiyənin elmi və siyasi dairələrində Azərbaycanı Qafqazın parlayan ulduzu adlandırırlar. Məhz bunun nətəcəsidir ki, ölkəmiz super güclərin təzyiqlərini belə dəfələrlə dəf etmişdir.

Dövlət başçısı xüsusi vurğulayır ki, Azərbaycan özünün ərzaq təhlükə­sizliyini də təmin etməlidir. O haqlı olaraq qeyd edir ki, ərzaq təhlükəsizliyi heç də enerji təhlükəsizliyindən az əhəmiyyət daşımayan sahədir. Həqiqətən ərzaq problemi bütün dünyada olduğu kimi Azərbaycan üçün də olduqca aktualdır. Çünki əhalinin, xüsusən az təminatlı təbəqəsinin yemək rasionu o qədər də geniş deyildir, bir çox məhsullar üzrə istehlak normadan aşağıdır. İstehlak mallarının bir çoxunun xeyli hissəsi xaricdən idxal edilir. Ona görə də Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi problemini ön plana çəkmişdir. Çünki ölkənin iqtisadi inkişafı sürətləndikcə, əhalinin alıcılıq qabiliyyəti artır, lakin aqrar-sənaye kompleksinin inkişafı əhalinin artan tələbatını ödəməkdən geri qalır. Yəni əhalinin gəlirləri artdıqca yeyinti məhsullarına olan tələbatını hələlik kifayət qədər ödəyə bilmir. Bazar iqtisadiyyatı kənd təsərrüfatı istehsalçıları qarşısında bir çox problemlər yaratdı. Ona görə də ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün kənd təsərrüfatının inkişafında ciddi dönüş yaradılması dövlət orqanları qarşısında bir vəzifə kimi qoyulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Res­publikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminata dair Dövlət Proqra­mının hazırlanması haqqında ” 01. 05. 2008-ci il tarixli sərəncamında qeyd edildiyi kimi ölkəmizdə əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi dövlətin iqtisadi siyasətində mərkəzi yer tutur. Bu məqsədlə ölkədə ərzaq istehsalı sahəsində, xüsusilə aqrar bölmədə bir sıra köklü islahatlar aparılmış, kompleks tədbirlər sistemi həyata keçirilmişdir. Bütün bunlar sahənin sürətli inkişafı üçün əlverişli şərait yaratmışdır. Bir çox kənd təsərrüfatı məhsullarının (taxıl, kartof, ət, tərəvəz, meyvə və. s.) istehsalında son illər ciddi artım əldə edilmiş, ölkədə istehlak mallarının tərkibində yerli malların xüsusi çəkisi hiss olunacaq dərəcədə artmışdır, kənd təsərrüfatı mallarının ixracında canlanma müşahidə olunur.

Bütün bunlarla yanaşı, ölkədə əsas ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına tam təminatı hələ ki, mümkün olmamışdır. Dünya ərzaq bazarında da tələb və təklif arasındakı nisbət birincinin xeyrinə dəyişmiş və dünya bazarlarında ərzağın qiyməti hiss ediləcək dərəcədə artmışdır. Qlobal proseslərin tələblərinə uyğun olaraq bu işə Azərbaycanın ərzaq bazarına da göstərilən istiqamətdə təsir etmişdir. Ona görə də Prezident İlham Əliyevin adı çəkilən sərəncamı ilə ölkədə kənd təsərrüfatı məhsullarının artırılmasını və əhalinin ərzaqla təminatının yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə üç ay müddətinə Dövlət Proqramının hazırlanması tapşırığı verilmişdir.

Dünyada kəskin qütbləşmə prosesi gedir. Dünya iqtisadi baxımdan varlı və kasıb ölkələrə bölünür. Ölkəmiz yalnız təbii resurslarına görə deyil, güclü elmi potensialına və həyat səviyyəsinə görə də inkişaf etmiş ölkələr səviyyəsinə çıxmalıdır.

Dövlətin iqtisadi strategiyası həm daxili, həm də xarici siyasətdə milli mənafeyi, təhlükəsizliyi və büdcə xərclərinin daha vacib istiqamətlərə yönəldil­məsini nəzərdə tutur. İqtisadi strategiya sənaye sisteminin modernləşdirilməsini, yenidən milli mənafeyə uyğun qurulmasını, aqrar investisiya sahəsini və sosial siyasəti əhatə edir. [77, s15]

Dövlətin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi qüdrətinin daha da gücləndirilməsi daim diqqət tələb edən məsələdir. Yeni imkanların aşkara çıxarılması və onlardan səmərəli şəkildə istifadə olunması, ölkədə modernləşdirmə proseslərinin intensivləşdirilməsi bu prosesin vacib şərtidir. Məhz buna görə də Respublika Prezidenti xüsusi vurğulayır: “Biz hələ çox işləməliyik, ölkəmizi möhkəmləndirməliyik. Biz hələ sadəcə olaraq inkişafın birinci mərhələsindəyik. Birinci mərhələni uğurla başa vurduq, öz müstəqilliyimizi sübut etdik, iqtisadi potensialımızı özümüz gücləndirdik. Gələcəkdə həm regionda, həm də daha geniş mənada Avropada gedən işlər bizim əməkdaşlığımızdan xeyli dərəcədə asılı olacaqdır. ” [322. 10 Fevral 2002]

Beləliklə, Respublikanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin təbii və insan resursları iqtisadiyyatın inkişafına yönəldilərək islahatların həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə çıxarılmış və ölkədə bu vaxta kimi görünməyən sosial-iqtisadi artım templəri əldə olunmuşdur . Bunun müqabilində ölkəmizin maliyyə durumu möhkəmlənmiş, 2007-ci illə müqayisədə icmal və dövlət büdcələrinin gəlirləri və xərcləri dəfələrlə artmış, dövlətin öz funksiyalarını tam şəkildə yerinə yetirməsinə təminat yaradılmışdır.

“Əsrin müqaviləsi” də daxil olmaqla, dünyanın aparıcı şirkətləri ilə neft müqavilələrinin imzalanması, uğurlu makroiqtisadi siyasət, aqrar islahatlar və özəlləşdirilmənin davam etdirilməsi, “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət poqramı (2003-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı (2004-2008-ci illər)”, “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”, “Azərbaycan Respub­likasının Milli Təhlükəsislik konsepsiyası” kimi sənədlərin qəbulu və icrası, bir sıra sahəvi proqramların həyata keçirilməsinin tamamlanması və digərinin icrası üzrə tədbirlərin davam etməsi qeyd olunan inkişafın əldə olunmasında böyük əhəmiyyət kəsb etmişdir.

Artıq karbohidrogen gəlirləri qəbul olunmuş strategiyaya uyğun olaraq, qeyri-neft sektorunun inkişafına, “insan kapitalının” artırılmasına və gücləndiril­məsinə, mövcud istehsal və sosial infrastrukturun yenidənqurulmasına, bu qəbildən olan yeni obyektlərin tikilməsinə, müasir texnologiyaların gətirilməsinə və səmərəli innovasiya siyasətinin aparılmasına yönəldilir.

Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi: “Müasir Azərbaycan bir çox beynəlxalq təşkilatlarda təmsil olmuşdur, bir çox qlobal nəqliyyat-kommunikasiya layihələrinin iştirakçısıdır, dünya bazarlarına enerji daşıyıcıları göndərir. Azərbay­can Avropa və Asiya ilə uzunmüddətli strateji tərəfdaşlıq üçün geosiyasi və geo­iq­tisadi meydandır. Çox mühim nəqliyyat dəhlizi və qloballaşma proseslərinin tərkib his­səsi olaraq Azərbaycanın inkişaf sürətini azaltmaması, yeni layihələrin yara­dılması və gerçəkləşdirilməsində düşünülmüş və fəal iştirakı son dərəcə vacib­dir”.

Ölkənin sosial-iqtisadi inkişafının bu gün və gələcəkdə də daxili resurlarla yanaşı, xarici imkanlar hesabına yüksək səviyyədə saxlanılmasını təmin etmək məqsədi ilə, onun geosiyasi əhəmiyyətini nəzərə alaraq, xarici ölkələrlə, beynəlxalq maliyyə institutları və təşkilatları ilə, regional birliklərlə əməkdaşlığı genişlən­dirilmiş, dünya inteqrasiya prosesi dərinləşdirilmişdir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatının tam üzvü olması istiqamətində ciddi addımlar atılmış, Avropa ittifaqı ilə “Bir tərəfdən Avropa İttifaqı və onun üzvü olan dövlətlər və digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ” imzalanmış, Azərbaycan Respublikası Avropa Qonşuluq Siyasətinə daxil edil­mişdir.

11. 3. Beynəlxalq maliyyə-iqtisadi təşkilatları ilə əlaqələrin milli dövlətlər tərəfindən təşkili problemləri.
İstehsal, kommunikasiya, ticarət, investisiya və maliyyə sahəsində XX əsrin ikinci yarısında beynəlxalq miqyasda baş verən köklü dəyişikliklər ölkələri dünya maliyyə-təsərrüfat əlaqələrinə cəlb olunma proseslərini sürətləndirmiş və dünya iqtisadiyyatını vahid qlobal orqanizmə çevirmişdir. Yaranmış müasir şəraitdə milli dövlətlər tamamilə yeni situasiya ilə qarşı-qarşıya qalmışlar: onların idxalın məh­dudlaşdırılması və ixracat subsidiyaları, milli valyuta məzənnəsinin və Mərkəzi Bankın yenidən maliyyələşdirmə faiz dərəcələrinin dəyişdirilməsi kimi makro­iqtisadi tənzimləmə vasitələrindən istifadə etmə imkanları məhdudlaşmışdır. Xüsusən valyuta-maliyyə sahəsində bir sıra proseslər qlobal miqyas almış və artıq ayrı-ayrı dövlətlər onları tənzimləməyə qadir deyillər. Qlobal proseslərin dərinləş­məsi milli səviyyədə iqtisadi tənzimləmələrin səmərəsini azaltmış və dövlətlərüstü tənzimləmə orqanlarının yaradılması zərurətini doğurmuşdur.

İqtisadi fəaliyyət və texnologiyanın yeni formalarının doğurduğu qlobal­laşma proseslərinin bir çox elementləri, məlum olduğu kimi II dünya müharibəsi qurtardıqdan dərhal sonra özünü göstərməyə başlamışdır. Dünya birliyi hələ o zamandan qarşılıqlı əlaqəli və sıx birləşmiş iqtisadi sistem yaratmağa cəhd göstərməyə başladılar. Əsas məqsəd o qövr üçün xarakterik olan himayəçilik və iqtisadi məhdudlaşdırmaları aradan qaldırmaq idi. Etiraf edilmişdir ki, iqtisadiy­yatın çiçəklənməsi sülh və təhlükəsizliyin, təmin olunması üçün çox vacibdir, yeni iqtisadi qaydalar isə dünya siyasi sisteminin səmərəli fəaliyyətinin əsasıdır.

Bu siyasətin tərkib hissəsi kimi 1944-cü ildə keçirilmiş Bretton-Vuds konfransında ödəmələr rejimi haqqında razılıq əldə edilmiş, BVF və Dünya Bankı yaradılmış, 1945-ci ildə isə BMT təşkil edilmişdir. Bu zaman etiraf edilmişdir ki, valyuta və maliyyə məsələləri üzrə razılaşma beynəlxalq ticarət haqqında daha geniş ümumdünya sazişinin ayrılmaz tərkib hissəsidir. Ona görə də BMT-nin İqtisadi və Sosial Şurası özünün ilk konfransında (fevral 1946-cı il) beynəlxalq iqtisadi əməkdaşlıqla məşğul olan üçüncü təşkilatın (QATT-ın) yaradılmasını təklif etdi.

İkinci dünya müharibəsindən sonra yeni iqtisadi qaydaların formalaşması prosesinə cəlb edilmiş dövlətlərin mühüm məqsədlərindən biri - dünya xalqlarının rifahının və məşğulluq səviyyəsinin yüksəldilməsinin, iqtisadi tərəqqinin vacib şərti kimi - iqtisadiyyatının liberallaşdırılması təşkil edir. Liberallaşdırma məsələləri ilə valyuta və maliyyə sahəsində BVF və Dünya, Bakı məşğul olur.

Breton - Vuds İnstitutları kimi QATT-da ticarətin liberallaşdırılması yolu ilə azad bazar iqtisadiyyatı qurmağa çalışır. İki sənəd onun fəaliyyətinin əsasını təşkil edir:

Ən əlverişli rejim haqqında saziş. Həmin Sazişə uyğun olaraq ölkələr özlərinin ticarət tərəfdaşlarına qarşı ayrı-seçkilik siyasəti tətbiq etməməlidirlər;

«Milli status» haqqında saziş. Həmin sazişə uyğun olaraq xarici mal və xidmətləri satanlar da yerli mal satıcıları ilə eyni hüquqlara malik olmalıdırlar.

Beynəlxalq maliyyə-iqtisadi təşkilatları tərəfindən həyata keçirilən çoxtərəfli tənzimləmələrin inkişafı istiqamətləri həmin məsələlərdə iştirak edən dövlətlərin konkret maraqlarından, milli dövlətlərin həyata keçirdiyi siyasətdən asılıdır. Bu zaman çoxtərəfli razılaşmalar iştirakçıların milli suverenliyinə toxunmadan höku­mətlər tərəfindən ticarət, maliyyə, valyuta məsələləri üzrə qəbul olunan qərarlara təsir göstərir. Bu sahəyə, dövlət siyasətində həyata keçirilən tənzimləmə tədbirləri ilə yanaşı, beynəlxalq iqtisadi əlaqələrin inkişafına təsir mexanizmi də daxildir. Çoxtərəfli tənzimləmələrin mərkəzi həlqəsini beynəlxalq ticarət, maliyyə, valyuta, invetisiya sahəsində hamı tərəfindən qəbul edilən normaların yaradılması təşkil edir.

Nəzərə almaq lazımdır ki, qlobal proseslərin dünya miqyasında idarə olunmasında mühüm rol oynayan BVF, Dünya Bankı qrupu və ÜTT haqqında beynəlxalq ictimai fikirdə ziddiyyətli fikirlər formalaşmışdır. Bu nəhəng beynəl­xalq maliyyə-iqtisadi təşkilatların yetirdiyi siyasətin hər şeydən əvvəl transmilli şirkətlərin, yüksək inhisarçı dövlətlərin mənafeinə və xarici kapitalın höküm­ranlığının təmin olunması məntiqinə uyğun olaraq həyata keçirildiyi inkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrində ciddi narahatlıq doğurur. Bu cəhət həmin ölkələrdə demək olar ki, mübahisəsiz qəbul edilir. Digər tərəfdən isə, həmin ölkələrin tədiyə balansı kəsirlərinin ödənilməsi, iqtisadi islahatların keçirilməsi, gənc valyutaların sabitləşdirilməsi, gömrük tariflərinin tədricən azaldılması məq­sədilə BVF-dan və Dünya Bankından ciddi yardım aldıqları da göz qabağındadır.

İqtisadiyyat üzrə 2001-ci ildə Nobel mükafatı laureatı C. Stiqlis haqlı olaraq qeyd edir ki, qloballaşma məsələlərində Qərb ölkələri ikiüzlü siyasət yeridirlər. Onlar kasıb ölkələri ticarət maneələrini ləğv etməyə təhrik etdikləri halda özləri həmin maneələri saxlayırlar, inkişaf etməkdə olan ölkələrdən kənd təsərrüfatı məhsullarının ixracına mane olurlar. Qərb qloballaşma proqramını kasıb ölkələrə elə «sırıyırlar» ki, həmin ölkələr hesabına özlərinə ən çox fayda əldə etsinlər. Qərbin bankları Latın Amerikası və Asiyada kapital bazarı üzərində nəzarətin zəifləməsindən də böyük fayda əldə etdilər. C. Stiqlis belə bir nəticəyə gəlir ki, qloballaşmanın xeyri onu müdafiə edənlərin gözlədiklərindən çox az olmuşdur, bu prosesin özü isə xalqlar üçün çox baha başa gəlir. O, hesab edir ki, qloballaşmanın əksər aspektləri hər yerdə alqışlanır. Onun yalnız dar mənada iqtisadi aspekti, ha­belə «oyun» qaydalarını müəyyən edən kapital bazarının liberallaşması kimi tədbirləri qanuniləşdirən və zorla qəbul etdirən beynəlxalq iqtisadi təşkilatların fəaliyyəti mübahisə doğurur.

Lakin C. Stiqlisin qloballaşmanın iqtisadi aspektindən başqa digər aspekt­lərinin alqışlanması haqqında fikri mübahisəlidir. Çünki məlum olduğu kimi qlo­ballaşma bəzən yüz illər boyu sınaqdan çıxmış ənənəvi milli mənəvi dəyərlərin aşınması üçün də ciddi təhlükə törədir.

İqtisadi qloballaşmanın neqativ nəticələrini və onun istiqamətləndirilməsində buraxılan səhvləri C. Stiqlis bu prosesləri tənzimləyən beynəlxalq təşkilatların, ilk növbədə Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) fəaliyyətini təhlil etməklə inandırıcı şəkildə nümayiş etdirir. O, hesab edir ki, BVF və DB son iki onilliyin əsas iqtisadi problemlərinin həll edilməsində mərkəzi mövqedə olmuşlar. BVF 1944-cü ildə yaradılarkən onun qlobal sabitliyi təmin edəcəyi nəzərdə tutulurdu. Onun yaradılmasının nəzəri əsaslarını hazırlayan və 1944-cü il konfransında əsas iştirakçılardan biri olan ingilis iqtisadçısı C. M. Keynisin fikrinə görə iqtisadi böhranlar məcmu tələbin çatışmazlığının nəticəsidir. Bu çatışmazlığı isə dövlət öz siyasəti ilə təşviq edə bilər. Kredit-pul siyasəti səmərəli olmadıqda dövlət xərcləri artırmaqla yaxud da vergiləri azaltmaqda fiskal siyasətdən də istifadə edə bilər. Keynisin modeli sonralar tənqid edilsə də getdikcə daha aydın dərk edildi ki, nə üçün bazar qüvvələri iqtisadiyyatı tam məşğulluq səviyyəsinə qaytara bilmir və onun gəldiyi əsas nəticələr qüvvədə qalır. BVF-na yeni qlobal depressiyaların qarşısının alınması tapşırılmışdır. Hesab edilirdi ki, Fond bunu qlobal məcmu tələbin dəstəklənməsinə töhfə verə bilməyən və iqtisadi azalmaya yol verən ölkələrə təzyiq göstərilməsini təşkil etməklə həyata keçiləcəkdir. Zəruri hallarda o həmçinin çətinliyə düşmüş ölkələrə kredit şəklində nəqdiyyə vəsaiti verməlidir.

BVF-nun ilkin konsepsiyası belə idi ki, bazar mexanizmi çox vaxt işləmir, bu isə küt­lə­vi işsizliyə səbəb ola bilər; Fond iqtisadiyyatı bərpa etmək üçün bütün ölkələri vəsaitlə təmin edə bilməz. Ona görə də qlobal iqtisadi sabitliyin təmin edilməsi üçün qlobal səviyyədə kol­lek­tiv əməkdaşlıq zəruridir. BVF bütün dünyanın vergi ödəyicilərinin pulu hesabına ya­ra­dıl­mışdır. Lakin Fond onu maliyyələşdirən vətəndaşlar qarşısında hesabat vermir. Onun idarə olunmasında inkişaf etmiş ölkələr əsas rol oynayır, ABŞ isə əslində təkbaşına veto hüququna malikdir. BVF yaradıldıqdan sonra fəaliyyət prinsipi ciddi dəyişikliyə məruz qalmışdır. Etiraf edilmişdir ki, bazar mexanizmi çox vaxt qeyri-kafi fəaliyyət göstərir və onun ideologiyasında bazarın üstünlüyü birinci plana keçdi. Hal-hazırda Fond, bir qayda olaraq o zaman kredit verir ki, ölkələr büdcə kəsirinin azaldılması, vergilərin və ya faiz dərəcələrinin artırılması siyasətinin həyata keçirilməsinə, yəni iqtisadiyyatın daraldırılması xəttinə razılıq verirlər.

BVF və DB-nın fəaliyyətində azad bazar ideologiyasını mədh edən R. Reyqan və M. Tetçerin hakimiyyətdə olduqları 80-ci illərdə ciddi dəyişiklik baş verdi. Bu təşkilatlar həmin ideologiyaya müqavimət göstərən, lakin kredit və qrantlara böyük ehtiyacı olan kasıb ölkələrə məcburi qəbul etdirmək vasitəsinə çevrilərək, yeni missioner institutu rolunu oynayırlar. Kasıb dövlətlərin əksəriyyəti təkliflərin səmərəliliyinə şübhə etsələr də, onları qəbul etməyə məcbur olurdular. Maraqlıdır ki, bu dövrdən etibarən, BVF və DB-nın fəaliyyəti əlaqələndirildi. Dünya Bankının fəaliyyəti getdikcə layihə kreditləri çərçivəsindən çıxdı və struktur uyğunlaşma üçün geniş miqyaslı kreditlər verməyə başladı. Lakin həmin kreditləri yalnız BVF-nın razılığı olduqda verir.

C.Stiqlis BVF-in fəaliyyətini təhlil edərək belə nəticəyə gəlir ki, həmin təşkilatın strategiyası Vaşinqton konsensusu adlanan üç prinsipə əsaslanır: sərt fiskal qənaət, liberallaşdırma (dövlətin iqtisadiyyatdan çıxması) və özəlləşdirmə. Onun fikrinə görə belə yanaşma nəticəsində BVF-in fəaliyyəti iflasa uğramış və xalqlara çoxlu iztirablar gətirmişdir. Çünki BVF-in öz fəaliyyətində əsas götürdüyü «bazar fundamentalizmi» nəzəri konsepsiyası müasir iqtisad elminin nailliyyətləri baxımından çoxdan köhnəlmişdir. Lakin Fond öz fəalliyyətində bu konsepsiyaya hər hansı bir dəyişiklik etməyə tələsmir. Kitabda BVF-in fəaliyyətində, (alimin fikrinə görə) iki mühüm uğursuzluq ətraflı nəzərdən keçirilir: 1997-98-ci illərdə baş vermiş Şərqi Asiya böhranı və Rusiyada islahatlar. Professor hesab edir ki, Şərqi Asiya böhranının yaranması və dərinləşməsinin əsas səbəbi dünya maliyyə möhtəkirlərinin fəaliyyəti üçün geniş meydan açan kapital bazarının liberallaşdırılması olmuşdur. O, eyni zamanda keçid iqtisadiyyatı ölkələrində, ilk növbədə Rusiyada BVF-in sxemi əsasında həyata keçirilən islahatları da kəskin tənqid atəşinə tutur. C.Stiqlis Fondu uzağı görməyən siyasətinə görə tənqid edir və hesab edir ki, belə münasibət istər həmin ölkələrin daxilində, istərəsə də kasıb dövlətlərlə varlı dövlətlər arasında dərin qütbləşməyə, dünyanın bir çox region­larında sosial və siyasi qeyri-sabitliyə yol açmışdır. C. Stiqlis öz fəaliyyətində çalışır ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qarşılıqlı faydalı iqtisadi münasibətlər təmin edilsin, möhtəkir beynəlxalq maliyyə kapitalının dağıdıcı fəaliyyəti cilovlansın, iş yerləri açılsın, kiçik və orta biznes inkişaf etdirilsin. Alim keçid iqtisadiyyatı sahəsində həyata keçirilən yenidənqurma işlərində tədricilik və optimal dərəcədə ardıcıllıq prinsipini müdafiə edir. O, «şok müalicəsinin» qəti əleyhinədir.

BVF və Dünya Bankından fərqli olaraq QATT öz fəaliyyətini razılaşmalarda iştirak edən dövlətlər arasında konsensusun təmin olunması prinsipi əsasında təşkil edir. Lakin bu prosesdə həmin təşkilatın mütəxəssizlərinə heç bir rol ayrılmır. Çünki bütün qərarlar iştirakçı dövlətlərin hökumətləri tərəfindən konsensus əsasında qəbul edilir. Eyni ənənə ÜTT-nin fəaliyyətində də saxlanılmışdır.

Bəzi mütəxəssislərin fikrinə görə nə Bretton - Vuds İnstitutları, nə də QATT-UTT - öz qərarlarında beynəlxalq hüquq normalarını əsas götürmürlər. [326, №6, 2003, s. 3-4]

Tanınmış iqtisadçı U. Esterli Dünya Bankının yardım etmə nəzəriyyəsi və praktikasını təhlil edərək belə bir nəticəyə gəlir ki, bankın mövcud olduğu bütün illər ərzində böhranların aradan qaldırılması və iqtisadi artımın təmin olunması məqsədilə həmin bank həmişə universal reseptlər vermiş və onlar çox vaxt təsirsiz qalmışlar. P. Bauer isə hətta belə bir qənaətə gəlir ki, ölkələr tərəfindən verilən yardımların səmərəliliyinin artırılması üçün beynəlxalq maliyyə institutlarını ləğv etmək lazımdır. [271, 2003, 6, s. 54] Bu onun reallıqdan uzaq olan bir fikridir. Real­lıq isə tələb edir ki, beynəlxalq iqtisadi maliyyə təşkilatlarının tövsiyə və tələbləri milli mənafelər baxımından təhlil edilsin.

Beynəlxalq Valyuta Fondu (BVF). Məlum olduğu kimi 1944-cü ildə Bretton-Buds konfransının qərarı ilə yaradılmış Beynəlxalq Valyuta Fondunun əsas funksiyası açıq dünya iqtisadiyyatında valyuta sabitliyinin təmin olunmasıdır. 70-ci illərdə sərbəst dəyişən valyuta sisteminə keçildikdən sonra onun funksiyaları transformasiya etmişdir. Müasir mərhələdə onun başlıca vəzifələrindən biri inkişaf etməkdə olan ölkələrdə struktur dəyişikliklərinin və keçid iqtisadiyyatı ölkələrinin beynəlxalq valyuta sistemi ilə inteqrasiyasının tənzimlənməsi təşkil edir.

Dünya valyuta sisteminin sabitliyinin təmin olunmasında, beynəlxalq valyuta mexanizminin liberallaşdırılmasında mühüm rol oynayan BVF-nun fəaliyyəti zidiyyətlidir və xüsusən inkişaf etməkdə olan ölkələrdə ciddi tənqidə məruz qalır. Dünya ədəbiyyatında bu tənqidlər adətən aşağıdakı kimi qruplaşdırılır:

1. BVF-nun fəaliyyəti - onun təşkil olunmasında aparıcı rol oynayan ABŞ-ın mənafeini daha çox əks etdirir. Bu fondun beynəlxalq valyuta sisteminə müdaxi­lələri həmin sistemdə ABŞ-ın tam nəzarətinin təmin edilməsinə yönəldilmişdir. ABŞ bu məqsədlə maliyyə cəhətdən özündən asılı olan və üzərinə qoyulan funksiyaların yerinə yetirilməsi sahəsində məsuliyyəti isə bütün üzv ölkələr ara­sında bölüşdürülən nəhəng bir beynəlxalq təşkilat yarada bilmişdir. BVF beynəlxalq valyuta sistemində katalizator rolu oynasa da, maliyyə mənbələrinin məhdudluğu (yəni maliyyə asılılığı) ilə əlaqədar olaraq tam sərbəst hərəkət edə bilmir.

2. BVF yaradılarkən onun qarşısına qoyulan funksiyaların məntiqinə zidd olaraq inkişaf etmiş sənaye ölkələrində xarici iqtisadi müvazinat nə qədər kəsirli olsa da, onlara müvafiq (məsələn, inkişaf etməkdə olan və transformasiya edən ölkələrə göstərdiyi qədər) sərt təzyiq göstərə bilmir.

3. Üçüncü dünya ölkələrinin ən çətin problemlərdən biri - onların məruz qaldıqları dərin borc böhrandır. Bu böhran keçən əsrin 70-ci illərində əsl fəlakət halını almışdır. Lakin BNF nə bu borcun artmasına mane olmaq, nə də onların azaldılması üçün təsirli heç bir iş görə bilməmişdir. Onun əsas məqsədi borcların və faizlərinin ödənilməsinin təmin edilməsi üçün struktur dəyişikliklərinin məcburi qaydada həyata keçirilməsidir (həmin struktur dəyişiklikləri iqtisadi inkişafa zərər versə də).

4. Postsosialist ölkələri ilə yaranan yeni münasibətlərdə BVF-u valyuta əməliyyatlarının liberallaşdırılması və milli valyutaların dönərliliyinin qısa bir zamanda təmin olunması məqsədini qarşıya qoymuşdur. Halbuki, həmin proses Qərbi Avropa ölkələrində ikinci dünya müharibəsindən sonra uzun müddət (15-20 il) davam etmişdir.

5. Qarşısına qoyulan geniş funksiyalara baxmayaraq Fond adekvat səlahiyyətlərə malik deyildir [271, s. 34-40]

Məlum olduğu kimi Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunmasının mühüm vasitələrindən biri Azərbaycanın iqtisadi təsisatlarında islahatların aparılmasıdır. Bu məsələdə BVF respublikmıza hərtərəfli yardım edir, tövsiyələr verir. Lakin həmin tövsiyələrə baxılarkən dünya iqtisadi fikrində BVF haqqında yaranmış fikirlər nəzərə alınır.

Dünya Bankı. 1944-cü ildə Bretton-Vuds Konfransında yaradılmış Yenidənqurma və İnkişaf bankı ilə əlaqələrin səmərəli təşkili üçün onun fəaliyyə­tinin bir sıra spesifik cəhətləri nəzərə alınmalıdır. ABŞ-ın strateji məqsədlərinin həyata keçirilməsində mühüm rol oynayan Dünya Bankının tarixi inkişaf etməkdə olan və sonralar da keçid iqtisadiyyatı ölkələrinin inkişafı layihəsi ilə sıx bağlıdır. Onun dəstəyi ilə beynəlxalq maliyyə və kredit təşkilatlarının böyükmiqyaslı maliyyə vəsaitləri üçüncü dünya ölkələrinin ehtiyaclarının ödənilməsinə yönəldilir. Onun dəstəklədiyi kapital qoyuluşları avadanlıq satıcıları üçün genişmiqyaslı bazarlar yaradır. Bank bu ölkələrdə dağ-mədən sənayesinin inkişafına geniş yardım edir. Bank beynəlxalq riskə görə təminat alır və infrastruktur (yollar salınması, elektrikləşdirmə, tunel, dəmir yolları, limanlar tikilməsi və s. ) layihələrinin məsuliyyətini öz üstünə götürür. Bununla da o dağ-mədən sahəsində fəaliyyət göstərən şirkətlərə dolayı maliyyə yardımı edir. Bank həmin ölkələrdə kənd təsərrüfatının modernləşdirilməsi və «yaşıl inqilabın» qələbəsinə də yardım edir. Lakin bir sıra mütəxəssislərin fikrinə görə bank üçüncü dünya ölkələri iqtisadiy­yatlarının dünya bazarı ilə inteqrasiyası prosesində onların «asılı» vəziyyətinin konservləşdirilməsi üçün də xeyli işlər görür [271, s. 42]. Avtomobil yollarının istismarını dəstəkləyir, neft ixracatçılarına bazarlar tapılmasında yardım edir. Bu zaman bir çox hallarda perspektiv inkişaf imkanlarına, ətraf mühitin çirklənməsinə kifayət qədər məhəl qoymur. Bankın inkişaf tarixi göstərir ki, o üçüncü dünya ölkələrində sənayenin inkişaf etdirilməsinə az maraq göstərir.

Lakin bankın əsas qlobal strategiyası yoxsulluq problemi ilə əlaqədardır. Tədqiqatçıların nəzərindən o da qaçmır ki, bank ABŞ və müttəfiqlərini dəstəkləyən rejimlərə daha çox yardım edir.

QATT - ÜTT. QATT-ÜTT qlobal tənzimləmə sisteminin üçüncü mühüm təşkilatıdır. Onun öz fəaliyyətində rəhbər tutduğu əsas prinsiplər açıq iqtisadiyyat və sərbəst ticərətdir. İstehsalçılara qarşı ayrı-seçkiliyi qadağan etmiş, ixracatçıların təcavüzkar (dempinq) siyasətinə mane olur, gömrük və qeyri-tarif məndudlaşma­larının aradan qaldırılmasına çalışır. Belə ki, ticərətin liberallaşdırılması dünyanın iqtisadi potensialından daha səmərəli istifadə olunması üçün şərait yaradır.

QATT-ın yaradılması tarixi dünya müstəmləkəçilik sisteminin dağılması və inkişaf etməkdə olan müstəqil dövlətlərin meydana gəlməsi tarixi ilə eyni vaxta düşür. Dünya iqtisadiyyatının liberallaşdırılması prosesi bu ölkələrdə sürətli və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi tələblərinə cavab verir. Ona görə üçüncü dünya ölkələri də sərbəst ticarəti müdafiə edirlər. Çünki sərbəst ticarət sənayeləşməni başlıca məqsədlərindən biri hesab edən bu ölkələrə imkan verir ki, onlar texnologiya və yeni texnika idxal etmək üçün Şimal bazarlarına asanlıqla daxil ola bilsinlər. Xammal ixrac edən ölkələr də bu baxımdan alternativsizdirlər.

Bununla yanaşı dünya dövlətlərinin təcrübəsi göstərir ki, həmin mərhələdə bazar qədər dövlətin rolu da olduqca əhəmiyyətlidir. Bu isə həmin ölkələrin problemlərinə xüsusi münasibət göstərilməsini tələb edir. Bu baxımdan hələ 1957-ci ildə həmin ölkələr üçün məhdudiyətlər qoyulması işində müəyyən istisnalar verilmişdir. Dövlətin iqtisadiyyata müdaxiləsinin inkişafı prosesinə ÜTT-nın nizamnaməsi məhdudlaşdırıcı təsir göstərir. Mütəxəssis­lərin rəyinə görə həmin nizamnamə bütün bazar subyektlərinin hüquqlarını, onların kamilliyi dərəcəsindən asılı olmayaraq qlobal rəqabətdə eyni dərəcədə müdafiə etmir. Adaptasiya üçün verilən 8 illik güzəştli müddət isə kifayət deyildir. [326, 2003, №1, s. 14. ]

ÜTT çərçivəsində qlobal danışıqlar və «oyun qaydalarının» müəyyən edilməsində adətən kasıb ölkələr iştirak etmirlər. Onun fəaliyyəti isə yarandığı gündən investisiya və xidmətlər bazarlarının liberallaşmasına yönəldilmişdir.

İnkişaf etmiş sənaye ölkələri QATT tərəfindən icazə verilmiş idxalatın miqar məhdudlaşdırmalarını öz nəzarətinə tabe etməyə çalışırlar. Bu məqsədə çatmaq üçün Qərb dövlətləri miqdar məhdudlaşdırmalarını fiskal xarakter daşıyan valyuta problemləri ilə əlaqələndirməyə çalışırlar. Təsadüfi deyildir ki, miqdar məhdudlaş­dırmalarının tətbiqi məsələləri müvafiq dövlətlər tərəfindən deyil, BVF-nun ekspertlərinin «texniki tövsiyələri» əssında həll edilir.

İnkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrinin maraqlı olduqları kənd təsərrüfatı, toxuculuq və digər mallar bazarında tarif və qeyri-tarif maneələri yüksək səviyyədə və geniş qalmaqda davam edir.

Dünya iqtisadiyyatının qloballaşmasının mühüm aspektlərindən biri kənd təsərrüfatı məhsulları ticarəti üzrə dövlətlərarası strategiyanın formalaşmasıdır. Bu formalaşma prosesində müxtəlif qrup ölkələrin mənafeləri toqquşur. Aqrar sektor inkişaf etmiş sənaye ölkələrində tarif sistemi, qeyri-tarif məhdudlaşdırmaları, idxalatın miqdar məhdudlaşdırılması, ixracın könüllü məhdudlaşdırmaları və s. vasitələrindən istifadə edilməklə mürəkkəb və səmərəli dövlət tədbirləri sistemi ilə himayə edilir. Həmin himəyəçilik tədbirlərinə milli kənd təsərrüfatı istehsalçılarına külli miqdarda subsiyaları da əlavə etmək lazımdır. Bəzi hesablamalara görə inkişaf etmiş ölkələrdə aqrar istehsalçılara verilən subsidiyalar hər il 140 mlrd. dollara çatır. [326, 2003, №1 s. 59]

Kənd təsərrüfatı subsidiyaları kasıb ölkələr üçün diskriminasiya mahiyyəti almağa başlamışdır. Çünki inkişaf etmiş ölkələrdə aqrar bölməyə hər il verilən subsidiyalar həmin bölmədə istehsal edilən məhsulların dəyərinin yarısına qədərini təşkil edir. [152, s. 25] . Bu isə kənd təsərrüfatı məhsulları üzrə qeyri-bərabər rəqabət mühiti yaradır və həmin məhsulların inkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrindən ixracı üçün ciddi maneçilik törədir.

Tədqiqat göstərir ki, inkişaf etməkdə olan ölkələrin ənənəvi olaraq ən çox maraqlı olduqları mallar toxuculuq, paltar, kənd təsərrüfatı məhsulları üzrə ticarət səhəsində ÜTT-nın şərtləri yerinə yetirilməkdən uzaqdır. ÜTT-nın səylərinə baxmayaraq, inkişaf etmiş sənaye ölkələri tərəfindən həmin məhsullara qoyulmuş yüksək tariflərin aşağı salınması mümkün olmamışdır. Bu isə üçüncü dünya ölkələrindən həmin malların ixracının artmasına mane olmuşdur. Qeyri-tarif məhdudlaşdırmaları da əvvəllər olduğu kimi yüksək səviyyədə qalmaqda davam edir. [326, 2003, №6, s. 4-6]

QATT-ın ÜTT-na çevrilməsi 1993-cü ildə keçirilmiş Uruqvay raundunda qərara alınmış və daha sıx inteqrasiya etmiş dünya iqtisadiyyatının yaradılması, istehsal və əmtəə mübadiləsinin genişləndirilməsi məqsədini güdür.

Lakin inkişaf etmiş sənaye ölkələrinin bazara buraxılma probleminə münasi­bəti belə iqtisadi mexanizmin yaradılması məntiqinə ziddir. ÜTT-nın nizamnamə­sinə görə bu təşkilatın qoyduğu şərtlər güclü dövlətlərin birtərəfli qərarları ilə deyil, beynəlxalq hüquq normalarına əsaslanan çoxtərəfli razılaşmalar əsasında qoyulma­lıdır. Lakin ÜTT-nın təcrübəsi göstərir ki, bu heç də belə deyildir və həmin qərar çox vaxt kağız üzərində qalır.

ÜTT-na üzvlük məsələsinin həll edilməsi prosesində Azərbaycanın bu təşkilata daxil olması ilə konkret hansı məsələlərin həll ediləcəyi, ölkənin dünya tica­rətində hansı rol oynayacağı və bu zaman hansı güzəştlərə gediləcəyi qəti şəkildə aydınlaşdırılır. Özümüz üçün müəyyənləşdirməliyik ki, gömrük siyasəti necə aparılacaqdır.

Azərbaycan Respublikasının iqtisadi inkişaf Naziri Heydər Babayevin məlu­matlarına əsasən: ölkəmizin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün müraciət etdiyi vaxtdan keçən dövr ərzində üzvülük prosesi üçün zəruri olan bir çox işlər görülmüşdür. İlk növbədə Azərbaycanın ÜTT-yə üzv olma prosesini sürətləndirmək üçün ölkə qanunvericiliyinin ÜTT-nin tələblərinə uyğunlaşdırılması məqsədilə bir sıra qanunverici sənədlərə əlavə və dəyişikliklər olunmuş, Azərbay­canın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın 8 iclası keçirilmiş, quruma üzv olan ölkələrin sualları cavablandırılmışdır. Komissiyanın 2007-ci ilin iyun ayında keçirilmiş sonuncu iclasında ölkə qanunvericiliyinin təkmilləşdirilməsi planının icra vəziyyəti və bu işin sürətləndirilməsi yolları hərtərəfli müzakirə edilmiş, aidiyyatı dövlət qurumları arasında əlaqələndirmənin gücləndirilməsi və institutsional potensialın artırılması məqsədilə Komissiyanın tərkibi təkmilləş­dirilmişdir. Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı danışıqlar həlledici mərhələyə qədəm qoymuşdur. Artıq Azərbaycan Türkiyə ilə ÜTT-yə üzv olmağa dair 2007-ci ildə və xidmətlər üzrə ikitərəfli Protokol imzalamışdır. Türkiyə ilə yanaşı, Gürcüstan, Moldova, Oman və Birləşmiş Ərəb Əmirliyi ilə ikitərəfli dasnışıqlar tamamlanmış və protokolların imzalanması razılaşdırılmışdır. Hazırda isə Azər­baycan bir sıra ölkələrlə, o cümlədən Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Yaponiya, Kanada, Cənubi Koreya, Çinin Tayvan əyaləti ilə mal və xidmətlərə dair ikitərəfli danışıqlar aparır. Hesab edirik ki, Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı görülən işlər qısa vaxt ərzində ölkəmizin bu quruma üzv olmasını təmin edəcəkdir.

Beləliklə, mürəkkəb qloballaşma prosesində beynəlxalq iqtisadi təşkilatların ziddiyətli xarakterinə baxmayaraq Azərbaycan höküməti tarazlaşdırılmış siyasət yeridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13. 11. 2007-ci ildə qeyd etmişdir: “Azərbaycan iqtisadiyyatı demək olar ki, tam şəkildə müasir metodlarla idarə olunur. Biz özümüzü həm siyasi cəhətdən, həm də iqtisadi cəhətdən dünyaya inteqrasiya edirik. Beynəlxalq təşkilatlarla uğurlu və qarşılıqlı maraq əsasında əməkdaşlıq edirik”


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin