Tərbiyənin prinsipləri


Yaş xüsusiyyətlərinin nəzərə alınması prinsipi



Yüklə 60,52 Kb.
səhifə4/10
tarix24.05.2023
ölçüsü60,52 Kb.
#121363
1   2   3   4   5   6   7   8   9   10
referat 4152

4.3. Yaş xüsusiyyətlərinin nəzərə alınması prinsipi. Uşaqların yaş dövrlərini tarixən müxtəlif şəkildə təsnif etmişlər. Bir vaxtlar Aristotel (Ərəstu) gənc nəslin həyatını yeddi-yeddi olmaqla üç dövrə ayırmışdır: 0-7 yaş (bitki dövrü, başqa sözlə, bitkiyə göz qoymaq, qulluq göstərmək vacib olduğu kimi, uşağa da baxılmalı, qayğısını çəkmək lazımdır); 7-14 yaş (heyvani dövr, başqa sözlə, uşaqlarda iradi keyfiyyətlərin tərbiyə olunması); 14-21 yaş (insani dövr, başqa sözlə, gənclərin zehni tərbiyəsi qayğısına qalmaq).
Nizami Gəncəvi də hər yeddi ildən bir oğlu Məhəmmədə nəsihət yazmış, övladının həyatında yeni mərhələ başlandığını ona xatırlatmış, bu yaş dövrlərində oğlunun qarşısında duran vəzifələri, görməli olduğu şeyləri ona açıqlamışdır.
Çex pedaqoqu Y.A. Komenski yaş dövrlərini altı-altı olmaqla dörd dövrə bölmüşdür: 0-6 yaş (ailədə ana məktəbi – məktəbəqədər ailə tərbiyəsi); 6-12 yaş (hər kənddə və qəsəbədə “ana dili” məktəbi); 12-18 yaş (hər şəhərdə “latın məktəbi”); 18-24 yaş (akademiya – ali məktəb).
Jan Jak Russonun bölgüsü digərlərinkindən köklü surətdə fərqlənir. Diqqət yetirək: 0-2 yaş – uşağın fiziki tərbiyəsi diqqət mərkəzində dayanır.
2-12 yaş - əqli yuxu dövrü. Uşaq guya bu müddət ərzində hələ müstəqil şəkildə fikir söyləmək, mücərrəd anlayışları qavramaq iqtidarında deyil.
12-15 yaş - əqli və əmək tərbiyəsi kimi səciyyələnən dövr.
15 yaş – yetkinlik yaşına qədər olan əxlaq tərbiyəsi dövrü.
Hazırda aşağıdakı yaş dövrlərini qeyd etmək lazımdır:
1) Məktəbəqədər yaş dövrü (0-6 yaş); 2) Məktəb yaşı dövrü (16-17 yaş).
Məktəbəqədər yaş dövrü kimi şərti olaraq uşağın anadan olduğu gündən məktəbə gedənə qədərki müddəti götürür və buraya aid edirik: çağalıq dövrü (0-6 yaş), körpəlik dövrü (0,6-2 yaş), erkən uşaqlıq dövrü (2-3 yaş), və məktəbəqədər yaş dövrü (3 yaşdan 6 yaşa qədər). Məktəbəqədər yaş dövrü üç yerə bölünür: kiçik məktəbəqədər yaş (3-4,5 yaş), orta məktəbəqədər yaş (1,5 - 5,5 yaş), böyük məktəbəqədər yaş (5,5-6 yaş).
Məktəb yaşı dövrü də üç yerə bölünür: kiçik məktəb yaşı (6-10 yaş), orta məktəb yaşı (10-15 yaş), böyük məktəb yaşı (15-17 yaş).
Göstərilən yaş dövrlərində uşaqların inkişafı üç istiqamətdə gedir: 1) anatomik-fizioloji inkişaf; 2) psixoloji inkişaf; 3) intellektual-mənəvi inkişaf
Orta məktəb yaşı dövrünü yeniyetməlik yaşı, böyük məktəb yaşı dövrünü isə ilk gənclik yaşı adlandırırlar. Yeniyetməlik yaşı dövrü də iki yerə ayrılır: kiçik və böyük yeniyetməlik yaşı.
Hər bir yaş dövrünə xas səciyyəvi xüsusiyyətlər mövcuddur. Məktəbdə ayrı-ayrı siniflərdə müxtəlif yaşlı uşaqlar təhsil alırlar. Təbii ki, I sinifdə oxuyanla V sinifdə, VI sinifdə oxuyanlarla X-XI siniflərdə təhsil alan şagirdlərin xarakteri, fərdi xüsusiyyətləri, əqli inkişafının səviyyəsi, dünyagörürşü, hətta anatomik-fizioloji məlumatları və s. eyni deyildir. I sinif şagirdinin xarakteri, temperament tipi V sinifdə oxuyanınki ilə, V-VI siniflərdə təhsil alanlarınkı VII-XI siniflərdə təhsil alanlarınkı ilə uyğun gələ bilər. Lakin hər bir yaş dövrünə məxsus xüsusiyyətlər eyniyyət təşkil etməyə bilər.
Ibtidai siniflərdə oxuyan şagirdlərin təlim materialı orta və yuxarı siniflərə nisbətən asan olur. Eləcə də kiçik məktəb yaşlı şagirdlərlə müqayisədə orta və böyük yaşlı məktəblilərə daha mürəkkəb tələblər irəli sürülür. Deməli, yaş xüsusiyyətləri nəzərə alınır. Konkret şəxsin, şagirdin hər birinə xas özünəməxsus fərdi xüsusiyyətləri vardır. Lakin müvafiq yaş dövründə bütün məktəblilər üçün eyni dərəcədə səciyyəvi sayılan xüsusiyyətlər də mövcuddur.
Kiçik məktəb yaşı dövründə (I-IV siniflər) şagirdlər emosionallıq, tərifi xoşlamaq və bundan ruhlanmaq, müəllimə böyük ehtiram, hörmət və inam bəsləmək, tez yorulmaq, diqqətdə davamsızlıq, səmimi olmaq və s.-lə seçilirlər. Digər yaş dövrləri ilə müqayisədə ibtidai sinif şagirdləri təlimə səyli münasibət, sözə baxmaq, sinifdənxaric tədbirlərə, əyləncə və bayramlara, gəzintiyə, ekskursiyaya böyük maraq göstərmək, həssaslıq, intizamı gözləmək və eyni zamanda tənəffüslərdə dəhlizdə qaçmaq, bir-biri ilə tutaşmaq və s.-lə fərqlənirlər. Müəllimin məktəblilərlə ünsiyyəti, rəftar və münasibət tərzi onların bir-birilə də qarşılıqlı münasibətlərinin xarakterini müəyyənləşdirir. Istər valideynlərin, istərsə də müəllimlərin şəxsi nümunəsinin şagirdlər üçün böyük əhəmiyyəti vardır. Onlarda özlərini ata-analarına, müəllimlərinə bənzətmək meyli qüvvətli olur.
Bu yaş dövründə şagirdlərdə təlimə şüurlu münasibəti, iradi keyfiyyətləri inkişaf etdirib formalaşdırmaq nəticəsində dərsdə onlarda fəallıq, müstəqillik, öyrənilən mövzulara maraq yaradılır. Get-gedə onların müqayisə və ümumiləşdirmələr aparmaq, müvafiq nəticələrə gələ bilmək bacarıq və vərdişlərinə yiyələnmələri üçün əlverişli zəmin meydana gəlir. Bu yaş dövründə insanlara və təbiətə qayğılı münasibət, xeyirxahlıq, vətən sevgisi, böyüyə hörmət, düzlük və doğruçuluq, yoldaşlıq kimi müsbət keyfiyyətləri uğurla inkişaf etdirmək mümkündür.
Orta məktəb yaşı (V-XI siniflər) dövründə şagirdlərdə orqanizmin bütün sistemi, əsasən formalaşır. Anatomik-fizioloji inkişaf əsaslı dəyişikliklərlə müşayiət olunur. Bu dəyişikliklər məktəblilərin psixikasında öz izlərini buraxır. Haqqında danışılan yaş dövrü yeniyetməlik yaşına düşür. Yeniyetməlik yaşı digər yaş dövrləri ilə müqayisədə özünəməxsus ziddiyyətləri ilə seçilir və uşaqlıq dövrü ilə gənclik yaşı dövrü arasında bir növ körpü rolunu oynayır. Şagirdlərdə böyüklərə xas əlamətlər meydana gəlir. Onlar yaşlıların nümunəsini mexaniki təkrarlamaqdan azad olur, öz hərəkət, davranış və rəftarlarına tənqidi yanaşmağa başlayırlar.
Böyük məktəb yaşı (X-XI siniflər) dövrünü bioloji yetişkənliyin başa çatması dövrü kimi səciyyələndirmək mümkündür. Yuxarı sinif şagirdləri ilk gənclik yaşı dövrünə qədəm qoyurlar. Onlarda təbiətdə və cəmiyyətdə baş verən hadisələrə, insanların qarşılıqlı münasibətlərinin xarakterinə kompleks baxışlar sistemi təşəkkül tapır, psixikalarında köklü dəyişikliklər baş verir, maraqları bir tərəfdən dərinləşir, digər tərəfdən fərdiləşir. Məktəblilər müstəqil həyatın astanasında dayandıqları üçün istər-istəməz öz gələcəkləri barədə düşünməli olurlar. Öz hisslərini tənzimləməyi və idarə etməyi bacarırlar.
Bu yaş dövründə əvvəlki yaş dövrlərindən fərqli olaraq peşə seçməyə daha ciddi yanaşır, bir çoxları artıq “hansı sənətə yiyələnmək yaxşıdır?” sualını öz-özlərinə vermirlər. Təbii ki, valideynləri ilə də məsləhətləşir, müvafiq qərara gəlirlər.
Yuxarı sinif şagirdləri yoldaşlıq və dostluq münasibətlərində daha sabitqədəm olur, yoldaşları arasından baxışları, maraqları, əqidələri, xarakterləri uyğun gələn dostlarını müəyyənləşdirirlər. Bəzən bu dostluq illərlə, ömürlərinin sonuna kimi davam edir. Böyük məktəb yaşı dövründə oğlanlar və qızların qarşılıqlı münasibətlərində də əsaslı dəyişiklik baş verir. Ilk sevgi bir sıra hallarda məhz bu yaş mərhələsində yaranır. Bəziləri sinif, yaxud məktəb yoldaşları arasından gələcək ömür-gün yoldaşlarını seçirlər.
Pedaqoji kollektivin üzvləri, müəllimlər, sinif rəhbərləri şagirdlərin yoldaşlıq, dostluq, məhəbbət hisslərinə qayğı ilə yanaşmalı, yersiz eyhamlara, sorğu-suallara yol verməməlidirlər.



Yüklə 60,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin