Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu il tarixli



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix07.01.2017
ölçüsü4,11 Mb.
#5016
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   14

Arxeoloji  mədəniyyət  -  İnsan  fəaliyyətinin  nəticəsi  olan  torpaq 
altındakı  qalıqları  aşkara  çıxararkən  arxeoloqlar  bir  çox  hallarda  insanların 
mədəni,  dini  həyatlarını  özündə  əks  etdirən  mənbələrlə  üzləşirlər.  Arxeoloji 
mədəniyyətlər  aid  olduqları  dövrlərə  görə  bir-birindən  fərqlənirlər.  Hər  bir 
dövrün abidələri öz növbəsində xronoloji cəhətdən və ərazi baxımından fərqli 
olurlar. Arxeoloqlar böyük xronoloji və sahə kompleksləri ilə işləyirlər və bu 
komplekslərin  tərkibindən  tarix  üçün  maraqlı  olan  arxeoloji  mədəniyyət 
abidələrini ayırırlar. 
Arxeoloji  mədəniyyət  -  bu  termin  müəyyən  bir  ərazidə  cəmləşmiş 
eyni  dövrə  aid  edilən  arxeoloji  abidələrin  və  əşyaların  toplusunu  bildirir. 
Arxeoloji  mədəniyyətin  müəyyən  olunmasında  yaşayış  məskənləri  qəbir 
abidələri, əmək alətləri, dulusçuluq məmulatları və bəzək əşyaları əsas ünsür 
hesab olunur. 
Bəzən  arxeoloji  mədəniyyət  konkret  bir  xalqın  tarixinə  uyğun  gəlir. 
Lakin  heç  də  həmişə  maddi-mədəniyyət  elementlərinin  uyğunluğu  etnik 
cəmiyyəti  əks  etdirmir.  Deməli,  arxeoloji  mədəniyyət  hamımız  tərəfindən 
qəbul olunmuş mədəniyyət anlayışından fərqlənir. 
Arxeoloji  mədəniyyətin  adı  bir  çox  hallarda  bu  mədəniyyətin  ilk 
tapıntılarının  aşkar  edildiyi  yerin,  yaxud  da  daha  önəmli  hesab  olunan 
abidənin adı ilə adlandırılır. Məs., Quruçay, Kür-Araz, Koban, Andropovski, 
yaxud da arxeoloji əlamətlərə uyğun olaraq: ağacdan, katakombalı və.s. 
Bütövlükdə, arxeoloji mədəniyyətlərə verilən adlar nisbidir. 
 
2. Qafqazda arxeologiya elminin inkişaf tarixi 
 
Qafqaz  ilk  insan  məskənlərinin  formalaşdığı  başlıca  ərazilərdən 
biridir.  Qafqaz  ərazisində,  demək  olar  ki,  bütün  arxeoloji  mərhələlərə  aid 
abidələr  mövcuddur.  Bu  abidələrin  sayca  sıxlığı,  xarakteri,  ərazinin  təbii 
şəraiti,  coğrafi  mövqeyi  Ön  Asiya  ölkələri  ilə  qonşuluqda yerləşməsi ilə  də 
əlaqədardır. 
Qafqazda  arxeoloji  abidələrin  tədqiqinə  ilk  dəfə  1829-cu  ildə 
başlanılmışdır.  Bu  zaman  rus  alimi  A.Yanovski  İmperator  Arxeoloji 
Komissiyası ilə birgə Plininin məşhur "Təbiət tarixi" əsərinin öyrənilməsinə 

22 
 
başlamış və əsər əsasında Qafqazın toponimlərinin yerləşmə əraziləri barədə 
"Qafqaz Albaniyasının qədimliyi" məqaləsini çap etdirmişdir. XIX əsrin 30-
cu  illərindən  etibarən  Qafqaza  əcnəbilərin  axını  başlayır.  İlk  dəfə  1834-cü 
ildə  İsveç  əsilli  alim  Dubua  de  Manperi  tərəfindən  indiki  Göygöl  rayonu 
ərazisində qazıntı işləri aparılmış və nəticədə tədqiqatçı aşkar etdiyi qiymətli 
tapıntıları  Fransaya  göndərmişdir.  1848-ci  ildə  rus  şərqşünası  V.Xanikov 
Bərdə  və  Naxçıvanda  qazıntı  işləri  aparmışdır.  1862-ci  ildə  franzsız  səyyahı 
A.Berje  Muğanda  olmuş  və  Muğan  düzündəki  abidələr  haqqında  qısa 
məlumat çap etdirmişdi. 
1871-ci  ildə  Gürcüstanda  Qafqaz  Arxeoloji  Komitəsi  yaradılır  və 
1881-ci  ildə  V  Arxeoloji  Qurultay  üçün  hazırlıq  işləri  görülməyə  başlanılır. 
Bu zamanlar təkcə Azərbaycanın deyil, ümumi Qafqaz abidələrinin tədqiqinə 
də xüsusi maraq göstərilirdi. M.Polyakovun rəhbərliyi altında Naxçıvanda və 
N.Selosaninin rəhbərliyi ilə Bərdədə qazıntı işlərinə başlanır. Bundan başqa, 
bütün Qafqaz ərazisi boyu aşkar olunmuş tunc və erkən dəmir dövrü kurqan 
tipli  qəbir  abidələrindən  əldə  olunmuş  əşyalara  maraq  artır.  Belə  qeyri-elmi 
qazıntı işləri Daşkəsən və Gədəbəy rayonlarında misəritmə sahəsində çalışan 
alman  Valdemar  Belk  tərəfindən  aparılmışdı.  1888-1890-cı  illər  arasında 
aparılan qazıntılar  zamanı  300-dən  artıq  abidə  daş  qutu  qəbir açılmış,  qarət 
olunmuş  və  qiymətli tapıntılar  Almaniyanın  Hamburq,  Münhen  və  Prussiya 
Xalqları Dövlət muzeylərinə göndərilmişdir. 1880-1882-ci illərdə fransız Jak 
de  Morqan  Talış  ərazisində  230  qəbir  abidəsi  açmış  və  ən  qiymətli  hesab 
etdiyi  əşyaları  Parisin  Sen-Jermen  muzeyinə  aparmışdır.  1892-1903-cü 
illərdə  Şuşada  alman  dili  müəllimi  işləmiş  Emil  Resler  Qarabağ  və  Gəncə 
çayı vadisində arxeoloji abidələrin tədqiqi ilə məşğul olmuşdur, eneolit, tunc 
və dəmir dövrlərinə aid maraqlı material toplamış və yuxarıda adları çəkilən 
"nadir əşya həvəskarları"ndan fərqli olaraq öz işi barədə ətraflı hesabat qoyub 
getmişdir.  Həmin  hesabat  bu  günə  qədər  arxeoloqlar  və  tarixçilər  üçün 
qiymətli mənbə hesab olunur. 
1903-cü  ildən  etibarən  Yelenendorfda  (indiki  Göygöl)  əczaxanada 
kimyaçı  işləyən  Q.Rozendorf  Yelizavetpol  quberniyasının  arxeoloji 
abidələrində  araşdırmalar  aparmış,  əldə  etdiyi  nəticələr  haqqında  Sankt-
Peterburqda «İmperator yanında arxeoloji komissiyanın hesabatı»nda məqalə 
dərc etdirmişdi. Elə həmin dövrdə 1901-ci ildə yaradılmış Moskva Arxeoloji 
Cəmiyyətinin  Qafqaz  bölməsi  Tiflisdə  fəaliyyət  göstərməkdə  idi.  Bu  xətlə 
1902-ci  ildə  M.Mayevski  adlı  şəxs  tərəfindən  Kür-Araz  ovalığı  abidələrinin 
bir hissəsi qeydə alındı. 1905-ci ildən hərbi zabit V.Skinder tərəfindən Gəncə 
çayı vadisində arxeoloji qazıntı işləri aparılmışdır. 
Beləliklə,  yuxarıda  adı  çəkilən  bütün  şəxslər  professional  arxeoloq-
alim  deyildilər  və  öz  işlərində  həmişə  xəzinə  axtaranlar-antikvar  həvəskarı 
mövqeyindən  çıxış  etmişlər.  Buna  görə  də  Qafqazda  arxeologiya  elminin 

23 
 
formalaşması  üçün  sanballı  heç  nə  etməmişlər.  1918-ci  ildə  Azərbaycan 
Cümhuriyyətinin  yaranmasından  sonra  "İstiqlal"  muzeyi  təşkil  olundu. 
Muzeyə  müntəzəm  olaraq  arxeoloji  tapıntılar  daxil  olurdu.  1920-1930-cu 
illərdə  Azərbaycanın  Sovet  İttifaqı  tərkibinə  daxil  olmasından  sonra  bütün 
abidələr  ümumxalq  sərvəti  elan  olunur  və  onların  əsaslı  araşdırılmasına 
başlanılır.  1920-ci  ildə  Azərbaycanda  yeni  mərkəz  -  Azərbaycan  Arxeoloji 
Komitəsi  yaradılır.  Bu  yönümlü  komitələr  həmin  dövrdə  Azərbaycanla 
yanaşı  Gürcüstan  və  Ermənistanda  da  təşkil  olunmuşdu.  1924-cü  ildə 
Zaqafqaziya  respublikaları  (Cənubi  Qafqaz)  Xalq  Komissarları  tərəfindən 
arxeoloji  abidələrin  öyrənilməsi  barədə  xüsusi dekret imzalanmışdı.  İlk  dəfə 
olaraq  orta  əsr  şəhərlərinin  (Bakı,  Bərdə,  Lənkəran)  öyrənilməsi  məsələsi 
ortaya  qoyulur.  1925-ci  ildən  etibarən  D.Şərifovun  rəhbərliyi  ilə  Qəbələ 
şəhərində ilk elmi-arxeoloji qazıntı işləri başlanılır. Məhz həmin illərdə yerli 
arxeoloqlara olan  ehtiyac hiss edilirdi. Bu zaman Azərbaycanda qazıntılarda 
işləmək məqsədilə rus arxeoloq və şərqşünasları təyin olundular. Belə alimlər 
arasında İ.Meşşanov, A.Miller, A.İessen, T.Passek, V.Latminin adları xüsusi 
qeyd  olunmalıdır.  1928-ci  ildən  Naxçıvanda  arxeoloji  qazıntılar  başlanılır. 
Ekspedisiya  nümayəndələri  Ordubaddakı  Xaraba-Gilan  abidəsində  tədqiqat 
işləri  aparmışdılar.  Bu  illərdə  hökumət  tərəfindən  aparılan  qazıntıların 
nəticələrinin  elmi  dərcinə  başlanıldı.  1930-cu  ildən  başlayaraq  Azərbaycan 
ərazisində  yerli  arxeoloqların  rəhbərliyi  ilə  arxeoloji  qazıntı  işləri  aparılır. 
Ekspedisiyadan A.Ələkbərov, İ.Cəfərzadə, D.Şərifov, S.Qaziyev və digərləri 
iştirak  edirdilər.  İşlər  II  Dünya  müharibəsindən  sonra  daha  da  genişlənir. 
1945-ci  ildə  Azərbaycan  Elmlər  Akademiyasının  yaradılmasından  sonra 
Tarix  İnstitutunun  tərkibində  Arxeologiya  və  Etnoqrafiya  bölməsi  açılır. 
1946-cı ildə Mingəçevir arxeoloji eskpedisiyası S.Qazıyevin rəhbərliyi ilə işə 
başlayır.  Qazıntılar  zamanı  20  mindən  artıq  elmi  əhəmiyyətli  və  qiymətli 
eksponatlar  aşkar  olunub  götürülmüşdü.  Bu  eksponatlar  haqqında  məlumat 
"Azərbaycanın  maddi  mədəniyyəti  məcmuəsi"ndə  öz  əksini  tapmışdı. 
Məcmuənin  ilk  üç  sayı  Mingəçevir  qazıntılarının  nəticələrinə  həsr 
olunmuşdur. 
1947-ci  ildə  Azərbaycanın  görkəmli  arxeoloqu  İ.Cəfərzadənin 
rəhbərliyi  ilə  Qobustan  qayaüstü  rəsmlərinin  tədqiqinə  başlanıldı.  1951-ci 
ildə  isə  O.Həbibullayev  Naxçıvan  ərazisində  məşhur  çoxtəbəqəli  Kültəpə 
abidəsini  aşkar  edir.  1953-cü  ildən  etibarən  Azərbaycanın  müxtəlif 
bölgələrində  stasionar  arxeoloji  işlər  aparılır.  1956-cı  ildə  M.Hüseynov 
paleolit abidələrinin öyrənilməsi ilə məşğul oldu. Azıx mağarasında tədqiqat 
işləri 1960-cı ildən başlamış 1980-ci ilədək davam etdirilmişdir. Bununla da 
Azərbaycanın ilk insan məskənlərindən biri olması təsdiq olunur. 
XX  əsrin  60-70-ci illərində  İ.Nərimanov  tərəfindən  fasilələrlə  eneolit 
dövrünə  aid  bir  sıra  yaşayış  yerləri,  Şomutəpə,  Töyrətəpə,  İlanlıtəpə, 

24 
 
Qarğalar  təpəsi  və  s.  tədqiq  edilmişdir  və  abidələr  Cənubi  Qafqazın  qədim 
əkinçilik  mədəniyyətini  özündə  əks  etdirdiyinə  görə  Şomutəpə  mədəniyyəti 
adlandırılmışdır. İlk əkinçilik mədəniyyəti abidələri İ.Nərimanovun rəhbərliyi 
ilə Azərbaycanın Mil-Qarabağ və Muğan düzündə də tədqiq olunmuşdur. Bu 
abidələr  içərisində  Əliköməktəpədə  (Cəlilabad  rayonu)  hazırda  da  tədqiqat 
işləri davam etdirilir. 
Prof.  Q.S.İsmayılzadənin  rəhbərliyi  ilə  Azərbaycanın  çoxtəbəqəli 
abidələrindən  olan  Qaraköpəktəpə  yaşayış  yeri  və  Kəlbəcərin  qayaüstü 
təsvirləri XX əsrin 70-ci illərində öyrənilmişdir. 
Prof.  V.Əliyevin  Naxçıvanda  ardıcıl  apardığı  tədqiqatlar  zamanı 
Gəmiqaya petroqliflərinin öyrənilməsinə başlanılmışdır. 
1992-ci  ildə  Arxeologiya  və  Etnoqrafiya  İnstitutu  yaradıldı.  İnstitut 
tərəfindən  mütəmadi  olaraq  bütün  Azərbaycan  ərazilərində  yüksək  elmi 
səviyyəli arxeoloji qazıntı işləri aparılır. Yalnız Bakı-Ceyhan, Bakı-Ərzurum 
və digər kommunikasiya xətləri deyil, bütün problemli məsələlər olan yerlər 
araşdırılır. 
Azərbaycanın  antik  və  orta  əsr  şəhərlərinin  öyrənilməsində 
İ.Babayevin,  Q.Əhmədovun,  R.Göyüşovun,  R.Məlikovun,  T.Dostiyevin, 
A.Məmmədovun və başqalarının əməyi böyükdür. 
Şimali Qafqazın Krasnodar vilayətində 1898-ci ildə fransız alimi Jozef 
de Bau tərəfindən II mustye düşərgəsi qeydə alınmışdır. 1899-1902-ci illərdə 
fransız  alimi  Jak  de  Morqan  Qafqazda  apardığı  arxeoloji  kəşfiyyat  işləri 
zamanı üst paleolit və müstye mədəniyyətinə aid yerüstü arxeoloji materiallar 
toplamışdır. 
1925-1928-ci illərdə S.N.Zamyatnin Qafqazın II paleolit düşərgəsində 
arxeoloji  tədqiqat  işləri  aparmış,  paleolit  dövrünə  aid  arxeoloji  materiallar 
əldə edilmişdir. 
1934-1950-ci  illərdə  S.N.Zamyatnin,  M.Z.Paniçkina,  A.A.Formozov 
Qafqaz  ərazisində  geniş  miqyasda  arxeoloji  tədqiqat  işləri  aparmış  və 
nəticədə Axştır, Navalişin, Voransov, Asin və digər arxeoloji abidələri qeydə 
almışdır. 
1955-1990-cı  illər  ərzində  fasilələrlə  Cənubi  Osetiya  ərazisində 
V.P.Lubinin rəhbərliyi  altında  arxeoloji  kəşfiyyat  işləri  aparılmış  və  Kudaro 
I, II, III, V və Toni mağara düşərgələri tədqiq olunmuşdur. 
1960-1970-ci  illərdə  Qafqaz  ərazisində  aparılan  arxeoloji  kəşfiyyat 
işləri zamanı Ortava, Yaştux, Curcula, Laşe-Balta, Manaş, Sakariya, Sisxvati, 
Abadzex və digər paleolit düşərgələri qeydə alınmışdır. 
Qafqazın  mezolit  dövrünün  çöl  tədqiqat  işlərində  B.A.Kuftin, 
S.N.Zamyatin, 
L.N.Salavyov, 
L.N.Maruaşvili, 
L.N.Kalanadze, 
A.D.Neoradze,  İ.Caparidze,  M.M.Hüseynov,  İ.Cəfərzadə,  X.A.Əmirxanov, 
V.P.Lyubin, Q.S.İsmayılzadə və başqaları iştirak etmişlər. 

25 
 
Şomutəpə  tipli  abidələrə  Gürcüstan  ərazisində  də  təsadüf  edilmişdir. 
Bu  tip  yaşayış  yerlərindən  İmirisqora,  Xramis  Didiqora,  Sosi,  Aruxlo, 
Qadaçrimeqora,  Danqreuliqora  və  başqa  abidələrdə  1965-ci  ildə  Tibilisi 
Dövlət  Universiteti  və  Gürcüstanın  Dövlət  Tarix  Muzeyi  tərəfindən 
ekspedisiyalar  təşkil  olunmuşdur.  O.M.Caparidze,  A.İ.Cavaxişvili  və 
Gürcüstan  EA-nın  Tarix  İnstitutu,  arxeologiya  və  Etnoqrafiya  İnstitutu  bu 
abidələrin  bəzilərində  -  Şulaverisqora,  İmirisqora,  Xramis  Didiqora  və 
Aruxlo I-də arxeoloji tədqiqat işləri aparmışdır. 
Qərbi  Azərbaycan  ərazisində  (İndiki  Ermənistan)  Ağrı  düzənliyində 
(Ararat düzənliyi) Texut, Şenqavit, Adablur (Kzyaxblur), Saxkunk, Xatunarx 
və  başqa  oturaq  əkinçi  tayfalarına  məxsus  abidələrdə  qazıntı  işləri  1965-
1968-ci illərdə aparılmışdır. 
Dağıstan  ərazisində  XX  əsrin  60-cı  illərində  (Dağıstanın  dağlıq 
ərazilərində)  Qinçi  yaşayış  yerində  eneolit  dövrü  Kür-Araz  mədəniyyətinə 
aid maddi mədəniyyət qalıqları tapılmışdır. Abidədə M.Q.Hacıyev tərəfindən 
tədqiqat  işləri  aparılmışdır.  Bu  ərazidə  Qanşima,  Yuxarı  Labkomaxi 
abidələrində də 1975-ci ildə tədqiqat aparılmışdır. 
 
3. Arxeoloji dövrləşmə və xronologiya 
 
Məlumdur  ki,  insan  tarixi  bu  və  ya  digər  formasiyanın  inkişafı  ilə 
bağlı olaraq dövrlərə bölünür. Arxeologiya elmində xüsusi dövrləşmə işlənib 
hazırlanmışdır.  Bu  dövrləşmə  müvafiq  dövrü  xarakterizə  edən  əmək 
alətlərinin  hazırlandığı  materiallara,  hazırlanma  texnikasına  və  maddi 
istehsalata əsaslanır.  Ümumilikdə,  bəşər  tarixi  üç  böyük  dövrə  bölünür: daş, 
tunc  və  dəmir  dövrü.  Bu  mərhələlərin  hər  biri  də  öz  növbəsində  müxtəlif 
mədəniyyətlərə  və  dövrlərə  ayrılır.  İstənilən  arxeoloji  dövr  tarixi  inkişafın 
uzunmüddətli bir zaman kəsiyidir. Məs., daş dövrünün əhatə etdiyi təxminən 
2,5  mln.  il  ərzində  əmək  alətləri,  onların  hazırlanma  üsulları 
mükəmməlləşdirilmiş,  insanın  özü  dəyişmiş,  bacarıq  və  təcrübəsi  artmışdır. 
Məhz bu səbəbdən də, daş dövrü aşağıdakı mərhələlərə bölünür: 
1.Paleolit  (qədim  daş  dövrü);  2.Mezolit  (orta  daş  dövrü);  3.Neolit 
(yeni daş dövrü). 
Daş dövrü ilə tunc dövrü arasında eneolit yaxud «mis-daş» dövrü kimi 
tanınan keçid mərhələ olmuşdur. Bu mərhələ əsas etibarilə daşdan olan əmək 
alətlərinin  istifadəsi,  əmək  prosesi  və  mis  alətlərin  tətbiq  olunması  ilə 
xarakterizə olunur. 
Daha sonrakı mərhələ tunc dövrü adlanır. Bu dövrün səciyyəvi əlaməti 
misin  tərkibinə  bir  sıra  komponentlər  əlavə  etməklə  yeni  metal  olan  tuncun 
kəşfidir. 

26 
 
Nəhayət,  dəmirin kəşfi  və  intensiv  tətbiq  olunması ilə  (e.ə.  təxminən 
IX-VI əsrlər) bəşər tarixinin yeni mərhələsi-dəmir dövrü başlanır. 
Beləliklə, arxeoloji dövrlər əsas əmək alətlərinin təkamülü və onların 
hazırlanma  üsuluna  əsaslanaraq  insan  tarixinin  başlıca  xüsusiyyətlərini 
özündə  əks  etdirir.  Lakin  insan  cəmiyyətinin  formalaşması  və  ictimai 
münasibətlər haqqında tam dolğun təsəvvür yaratmır. Arxeoloji dövrləşmənin 
işlənib - hazırlanması arxeologiyanın inkişafı ilə birbaşa əlaqədardır. Müasir 
arxeoloji  dövrləşmənin  əsasları  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində 
hazırlanmışdır. Arxeologiyanın vəzifəsi təkcə maddi və ictimai həyatın tarixi 
proseslərinin  araşdırılması  ilə  məhdudlaşmır,  həmçinin  tarixi  hadisələrin 
xronologiyasını da müəyyənləşdirir. Xronologiya arxeologiyanın əsas hissəsi 
kimi çıxış edir və tarixi proseslərin gedişini özündə əks etdirir. Arxeologiya 
həm  nisbi,  həm  də  mütləq  dəqiq  xronologiyadan  faydalanır.  Nisbi 
xronologiyanın köməyi ilə dövrlərə uyğun arxeoloji materialların yerləşməsi 
müəyyən  olunur,  hadisələrin  ardıcıllığı,  eyni  yaxud  müxtəlif  dövrlərə  aid 
olması aşkar olunur. Məs.: konkret bir ərazidəki arxeoloji abidə çərçivəsində 
hansı mədəniyyət nümunələrinin daha qədim olması, tikililərin nisbi yaşı və 
s. 
Bütün  bunlarla  yanaşı  arxeoloqları  dəqiq  mütləq  xronologiya  da 
maraqlandırır.  Konkret  tarixlərin  müəyyən  olunmasında  il  hesabı  tətbiq 
olunur. 
Arxeoloji  əşyalar,  komplekslər,  ayrı-ayrı  mədəniyyət  və  abidələrin 
xronologiyası  arxeologiya  və  təbiət  elmləri  tərəfindən  hazırlanmış  müxtəlif 
metodlarla  müəyyənləşdirilir.  Nisbi  xronologiyanın  öyrənilməsi  zamanı 
müqayisəli,  yaxud  tipoloji  analiz  üsulundan  istifadə  olunur.  Arxeoloqlar 
mədəni təbəqələrdən və qəbirlərdən üzə çıxarılmış çoxlu sayda əşya və maddi 
komplekslərlə  işləyirlər.  Bu  zaman  nisbi  xronologiya  həmin  əşyaların 
hazırlandığı material və hazırlanma texnikası, mədəni təbəqədə yerləşmə yeri 
əsasında  dəqiqləşdirilir.  Arxeoloji  kompleksdə  dəqiq  tarixləri  məlum  olan 
əşyalar  - sikkələr, qədim yazılar olduğu halda arxeoloq dəqiq xronologiyanı 
müəyyən edə bilir. 
Daş dövrü yaşayış məskənlərinin araşdırılması zamanı tez-tez geoloji, 
paleontoloji,  paleobotanik  məlumatlar  nəzərə  alınır.  Yerin  dərin  qatlarından 
çıxarılmış  heyvan  sümükləri  və  qədim  bitkilərin  tozlarının  nümunələrinə 
əsaslanaraq arxeoloji abidənin yaşını öyrənmək olur. Bu zaman həmin bitki 
və heyvanların müvcud olduğu geoloji dövr əsas götürülür. 
Dəqiq  elmlər  tərəfindən  işlənmiş  digər metodlar da  eyni  üsulla  tətbiq 
olunmaqdadır.  Məs.,  radiokarbonal  dövrləşmə.  Bitkilərdə  və  heyvan 
sümüklərində  atom  çəkisi  14  (C14)  olan  karbon  toplanır.  Tarixi  yaşı 
müəyyən  etmək  üçün  karbonun  orqanik  maddədə  parçalanma  dərəcəsini 

27 
 
bilmək  lazımdır.  Bu  zaman  karbon  tərkibli  maddə  nə  qədər  təmiz  olarsa, 
onun tarixinin müəyyənləşdirilməsində də bir o qədər az səhvə yol verilər. 
Dulusçuluq  məmulatları,  qədim  metal  mədənləri  və  gil  sobalar  olan 
arxeoloji  komplekslərin  tarixi  yaşını  vermək  üçün  paleomaqnit  üsulu  tətbiq 
olunur. Gil çox  maraqlı xüsusiyyətə malikdir  - soyutma zamanı (800 C-dən 
200 C-yə qədər) o təzyiqin və dövrün maqnit sahəsinin istiqamətinin izlərini 
özündə  saxlayır.  Lakin  yerin  maqnit  qütbü  dəyişkəndir.  Maqnit  qütbünün 
illik dəyişməsini bilərək əşyanın tarixini müəyyən etmək olar. 
Bəzən  dəqiq  xronologiyanı müəyyənləşdirmək  üçün  kimyəvi  üsuldan 
istifadə  olunur  ki,  bu  zaman  tapılmış  sümük  qalıqlarının  tərkibindəki  ftorun 
səviyyəsi  nəzərə  alınır.  Sümüklərin  ftorla  zənginləşməsi  uzun  sürən  bir 
prosesdir  və  yerləşdiyi  təbəqədəki  suyun  tərkibindən  asılıdır.  Bu  metod 
sümüklərin  yaşı  10  min  ildən  artıq  olduğu  halda  effektlidir.  Sümük 
qalıqlarının  yaşının  müəyyənləşdirilməsində  daha  bir  üsul  -  ultrasəslərin 
yayılma  tezliyidir.  Zamanla  bu  dalğaların  sümükdə  yayılma  sürəti  dəyişir. 
Ultrasəs metodu da məhz bu xüsusiyyətə əsaslanır. 
Göstərilən  metodlar  məhdud  tətbiq  sahəsinə  malikdirlər.  Belə  ki, 
dendroxronologiya  yaxşı  qorunub  saxlanmış  ağac  gövdəsinə  tətbiq  olunur; 
geomaqnit  üsulunun  istifadəsi  yalnız  gildən  hazırlanmış  əşyanın  bişirilmə 
yeri dəqiq məlum olan zaman mümkündür. Bu səbədən də hər hansı əşyanın 
tarixini  müəyyənləşdirmək  üçün  müxtəlif  metodlardan  istifadə  olunur. 
Müqayisəli-tipoloji  analizin  nəticələri  isə  uyğun  gələn  hər  hansı  digər 
metodun köməyi ilə yoxlanılır və yaxud dəqiqləşdirilir. 
 
4. Arxeologiyanın bəzi tədqiqat üsulları 
 
Arxeoloqun  işində  iki  araşdırma  mərhələsi  aid  edilir.  Onlardan  biri 
maddi  obyektlərlə  birbaşa  işi  əhatə  edir.  Geniş  anlamda  bu  işə  qazıntı 
təcrübəsi,  axtarış  metodları,  nümunələrin  götürülməsi  texnikası,  yerində  və 
yaxud da laborator şəraitdə arxeoloji materialın konservasiya üsulu aid edilir, 
daha  sonra  nəticələrin  çıxarılmasına  başlanır.  Arxeoloqlar  əldə  etdikləri 
materiala  əsaslanaraq  öz  mülahizələrini  irəli  sürürlər.  Bu  mülahizələr 
müxtəlif  istiqamətdə  irəli  sürülür:  xronoloji,  yaxud  coğrafi  yerləşmənin 
dəqiqləşdirilməsi,  tarixi  hadisələrin  bərpası,  sosial  qurumlar  barədə  fikirlər, 
iqtisadiyyat, dini, texniki təcrübə haqqında və s. 
Kataloqlaşdırma.  Araşdırmaçı  yalnız  bir  məqsədlə  müxtəlif 
abidələrin  təsvirini  verərək  sadə  fikirlər  irəli  sürür:  abidənin  təbiəti  və 
xarakteri  barədə  mülahizələrin  verilməsi  elmi  analizə  qədər,  yaxud  paralel 
şəkildə aparılır. Bu cür dərclər müxtəlif xarakterlidir. Məs., arxeoloji hesabat, 
materialların  təsviri,  milli  muzey  kataloqları,  abidələrin  beynəlxalq  siyahısı 
və  s.  Onları  birləşdirən  cəhət  eyni  xarakteristikaya  malik  olan  abidə 

28 
 
komplekslərinin  ətraflı  təsvirinin  verilməsidir.  Bura  qazıntılar  haqqında 
hesabat,  əşyanın  tipi  və  funksiyası  (heykəllərin  kataloqları,  silahların 
siyahısı),  saxlanma  yeri  (muzeylərin  kataloqu)  və  s.  daxil  edilir.  Bütün 
bunları  yalnız  bir  janrda-geniş  anlamda  kataloqda  toplamaq  mümkündür. 
Kataloqdakı  ilkin  məlumatlar  haqqında  olan  nəzəriyyə  ayrı-ayrı  abidələrin 
konkret təsvirindən daha çox bu abidənin ilk dəfə aşkar olunduğu dövrlə daha 
sonrakı  elmi  mülahizələrin  irəli  sürüldüyü  vaxta  qədərki  zaman  kəsiyində 
verilən  təsviridir.  Bu  qəbildən  ən  yaxşı  nümunə  arxeoloji  obyektlərin 
təsnifatıdır. Hər bir arxeoloq bu və ya digər dərəcədə araşdırılan materialların 
qruplaşdırılması  ilə  məşğul  olur  və  bu  iş  müxtəlif  adlarla  adlandırılır  - 
siniflər, 
tiplər, 
formalar, 
məktəblər, 
mədəniyyətlər 
və 
s. 
Belə 
təsnifatlaşdırma  daha  dərin,  struktur  fərqlərin  nümayiş  etdirilməsi  üçün 
şərait  yaradır.  Təsnifatlaşdırmada  tədqiq  olunan  obyektlərin  nəzərə  çarpan 
fərqləri  öz  əksini  tapır.  Lakin  bu  metod  mənbəşünaslığın  əsas  aləti  hesab 
oluna bilməz. Yuxarıda təsvir olunan metod və onun izahı artıq tarixi nəticə 
hesab  olunur.  Abidələrin  səciyyəvi  elementlərinə,  məsələn,  dulusçuluq 
nümunələrinə, hər hansı heykəllər, divar, qayaüstü rəsmlərə əsaslanaraq bəzi 
mülahizələr  irəli  sürmək  olar.  Beləliklə,  kataloqların  nəticəsində  təxmini 
təsnifatlaşdırma 
aparmaq 
və 
məntiqi 
düşüncə 
əsasında 
tipləri 
müəyyənləşdirmək mümkün olur. Həmçinin müəyyən olunmuşdur ki, zaman 
və  məkandan  asılı  olaraq  onlar  müxtəlif  cür  paylaşdırılır.  Buradan  da 
arxeoloji  obyektlərin  müxtəlif  şəkildə  yayılması  və  onların  evolyusiyası 
haqqında nəticəyə  gəlinir.  Arxeoloqlar  qədim tikililər  və  bu  tikililərdən  əldə 
olunmuş əşyaların xarici görünüşünə əsaslanaraq sosial fərqlər, onların hansı 
məqsədlə istifadə olunması və s. haqqında mülahizələr irəli sürürlər. 
Beləliklə,  arxeoloji  nəticələrin  əldə  olunması  üsullarını  aşağıdakı 
şəkildə təsnifləşdirmək mümkündür: 
1.
 
Araşdırılan  obyektlər  haqqında  təsəvvürlərin  xüsusi  təsvir 
sistemində cəmləşdirilməsi - kataloqlar; 
2.
 
Obyektlərin  sinif  və  seriyalar  üzrə  bu  və  ya  digər  dərəcədə 
sistemləşdirilməsi metodu - təsnifatlaşdırma; 
3.
 
Tədqiq  olunan  təsvirin  eyniləşdirilməsi,  yəni  elementlər  arasında 
əlaqəni aşkar edən mətnlərin tərtib olunması; 
4.
 
Arxeoloji  faktların  izahı,  onların  digər  mənbələrdən  -  ədəbi 
mətnlərdən, əlyazmalardan və s.-dən əldə olunmuş ilkin məlumatlar əsasında 
öyrənilməsi, sosial və tarixi nəticələrin çıxarılması. 
 
Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin