Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu il tarixli



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix07.01.2017
ölçüsü4,11 Mb.
#5016
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   14


 
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ 
BAKI DÖVLƏT UNİVERSİTETİ 
 
 
 
 
İradə Avşarova  
Qənirə Pirquliyeva 
 
 
 
QAFQAZ ARXEOLOGİYASI 
 
Dərslik 
 
 
Azərbaycan Respublikası Təhsil  
Nazirliyinin 10.07.2009-cu il tarixli  
920 saylı əmri ilə təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
BAKI-2010 
 


 
Elmi redaktor:   Q.S.İsmayılzadə 
                             tarix elmləri doktoru, professor 
 
Rəyçilər:            V.H.Əliyev 
                           AMEA-nın müxbir üzvü, t.e.d., professor 
                           K.X.Məmmədov 
                           dosent, tarix elmləri namizədi 
 
Avşarova İ.N., Pirquliyeva Q.Ə. Qafqaz arxeologiyası. 
Dərslik. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2010, 248 s. 
 
Oxucuya  təqdim  etdiyimiz  bu  kitab  Qafqazın  maddi  mədəniyyət 
abidələrinin ən parlaq nümunələrinin təsvirinə və analizinə həsr olunmuşdur. 
Ümumiləşdirici xarakter  daşıyan bu  əsər əslində  150 ildən  artıq  bir  zaman 
ərzində  arxeologiya  elminin Cənubi  Qafqazdakı  nailiyyətlərinin  təsnifatıdır. 
Yaşadığımız  məkanda  ilk  dəfə  araşdırılan  arxeoloji  abidələr  dövrü 
xronologiyaya uyğun olaraq öyrənilmişdir. 
Kitabın  ərsəyə  gəlməsində  həm  Azərbaycanın  məşhur  arxeoloq-
alimlərinin  uzun  illər  apardıqları  araşdırmaların  nəticələrindən,  həm  də 
keçmiş Sovet məkanında ərazimizdə öyrənilən maddi mədəniyyət qalıqları ilə 
bağlı  ən  maraqlı  elmi  mülahizələrdən  istifadə  olunmuş,  həmçinin XXI  əsrin 
əvvəllərində  aparılan  elmi tədqiqatların  ilkin  nəticələrindən  müəyyən  qədər 
istifadə edilmişdir. 
Kitab  tarixçilər,  o  cümlədan  dissertantlar,  magistr  və  bakalavr 
pillələrində  təhsil  alan  tələbələr  və  ümumiyyətlə  arxeologiya  elmi  ilə 
maraqlananlar  üçün  nəzərdə  tutulmuşdur.  Bütün  oxucularımıza  əvvəlcədən 
təşəkkür  edir,  bütün  irad  və  təkliflərini  aşağıdakı  ünvana  çatdırmaqlarını 
xahiş edirik. 
 
p_qanira@hotmail.com 
i_avsharova@hotmail.com 
 
 
A 5030209080 - 013  013 - 2010 
   M - 658(07) - 013  
 
 
© «Bakı Universiteti» nəşriyyatı, 2010 


 
MÜƏLLİFLƏRDƏN 
 
Məlumdur  ki,  arxeoloji  materiallar  bəşər  tarixinin  uzun  bir  dövrünü 
öyrənmək baxımından çox mühüm mənbələr sayılır. 
Oxuculara  təqdim  olunan  bu  dərslikdə  Qafqazın  qədim  dövr  tarixinə 
həsr  edilmiş  ümumiləşdirici  əsərlərdən,  monoqrafiyalardan  və  bir  çox  elmi 
məqalələrdən istifadə olunmuşdur. 
Bildiyimiz kimi, Qafqazın təbii şəraiti ən qədim dövrlərdən insanların 
bu  ərazilərdə  məskunlaşması  üçün  zəmin  yaratmışdır.  Arxeoloji  qazıntılar 
nəticəsində  aşkar  olunmuş  qədim  yaşayış  məskənləri  və  qəbir  abidələri 
ərazisində yaşayan insanlar öz inkişaflarında ibtidai cəmiyyətdən başlayaraq 
tarixin bütün inkişaf mərhələlərini keçmişlər. 
Əsərdə  Qafqaz  ərazisində  yaşayan  qədim  insanların  həyat  tərzi, 
məşğuliyyəti,  sənətkarlığı,  təsərrüfat  həyatı  və  Yaxın  Şərq  ölkələri  ilə 
iqtisadi-mədəni  əlaqələri  barədə  məlumat  verilmişdir.  Dərslikdə  zəngin 
illüstrativ materiallar, şəkillər və tablolar da öz əksini tapmışdır. Arxeologiya 
elmində  istifadə  olunan  metodlar,  o  cümlədən  ən  yeni  informasiya 
texnologiyalarının imkanlarından nə  dərəcədə  bəhrələnməyin  üsulları xüsusi 
bir mövzuda göstərilmişdir. Bununla da keçən 150 ildə arxeologiya elminin 
Qafqazdakı  bütün  abidələri  gənc  tarixçilər,  arxeoloqlar  və  qədim  dövrlə 
maraqlananlar üçün dərslikdə kifayət qədər araşdırılmışdır. 


 
ÖN SÖZ 
 
İki  yüzillikdən  artıqdır  ki,  Qafqazın  arxeoloji  abidələri,  Qafqaz 
arxeologiyası  diqqət  mərkəzindədir.  Qeyri-adi  coğrafi  mövqeyə,  zəngin  və 
əlverişli  təbii  şəraitə,  tükənməz  yerüstü  və  yeraltı  sərvətlərə  malik  olan  bu 
diyar  saysız-hesabsız  minillikləri  əhatələyən  uzun  bir  yol  keçmiş, 
bəşəriyyətin  mədəni-tarixi  inkişafında  əsaslı  rol  oynamışdır.  Şərqlə  Qərbin 
yol  ayrıcında  yerləşən,  onları  qırılmaz  tellərlə  bir-birinə  bağlayan  Qafqaz 
məkanı  özündə  sulu  çayları  və  gölləri,  hüdudsuz  dənizləri,  qarlı  dağ 
silsilələrini,  münbit  torpaqlı  ovalıqları  və  vadiləri,  geniş  düzləri 
cəmləşdirməklə  yüksək  fiziki  coğrafi  ehtiyatlara  malik  olmuş,  qədim 
dövrlərdən mövcud cəmiyyətlərin iqtisadi ictimai və mədəni inkişafına böyük 
təsir göstərmişdir. 
Arxeoloji materialla müəyyən edilmişdir ki, Qafqaz, o cümlədən onun 
tarixi  hissəsini  təşkil  edən  Azərbaycan  ərazisi  antropogenezin  erkən 
ocaqlarından  biri  olmuş,  sonrakı  tarixi  mərhələlərdə  ilkin  əkinçilik 
mədəniyyətlərinin,  yüksək  sivilizasiyalara  və  siyasi  qurumların  -  ilk 
dövlətlərin yaranma mərkəzlərindən birinə çevrilmişdir. Paleolit dövrünə aid 
mağara  düşərgələri,  tunc  dövrünün  qədim  yaşayış  yerləri  və  zəngin  qəbir 
abidələri,  ilkin  şəhər  mərkəzlərinin  qalıqları,  misilsiz  qayaüstü  təsvirlər 
dediklərimizə əyani nümunələrdir. 
Qafqaz 
arxeologiyasının  keçən 
dövr  çərçivəsindəki  kəşfləri 
ümumilikdə  ümumbəşər  tarixinin  qanunauyğun  inkişaf  xüsusiyyətlərini  üzə 
çıxarmaqla  yanaşı  ayrı-ayrı  qədim  mədəni  mərkəzlərin  səciyyəvi 
xüsusiyyətlərini müəyyən etməyə imkan vermişdir. 
Coğrafi  və  tarixi  şəraitin  məcmuu  Qafqazın  ayrı-ayrı  qədim 
mədəniyyətlərinin  xarakterində  və  inkişaf  tərzində  daha  parlaq  şəkildə  əks 
olunmuşdur. 
Bəşər  tarixinin  ən  qədim,  xüsusən  yazıya  qədərki,  tarixinin 
öyrənilməsində  Qafqaz  arxeologiyasının  əhəmiyyəti  xüsusilə  danılmazdır. 
Təqdirəlayiq haldır ki, Bakı Dövlət Universitetində Qafqaz arxeologiyası ilə 
bağlı xüsusi kursların keçirilməsi tarixi diyarın elmi əhəmiyyətini daha parlaq 
şəkildə  əks  etdirir.  Bu  zəmində  universitetin  dosenti  tarix  elmləri  namizədi 
İradə  Avşarova  və  AMEA  Arxeologiya  və  Etnoqrafiya  İnstitutunun  aparıcı 
elmi  işçisi,  tarix  elmləri  namizədi  Qənirə  Pirquliyevanın  Qafqaz 
arxeologiyasına aid birgə hazırladıqları dərslik xüsusilə diqqətəlayiqdir. 
Tələbələr  üçün  nəzərdə  tutulan  bu  dərslik  geniş  arxeoloji  materiallar 
əsasında  yazılmışdır.  Müəlliflər əsərdə  Qafqazın  daş dövründən  tutmuş  orta 
əsrlər daxil olmaqla bütün tarixi abidələrinin geniş icmalını vermiş və hər bir 
abidənin  səciyyəvi  xüsusiyyətlərini,  eləcə  də  elmi  dəyərini  diqqətə  çatdıra 
bilmişlər. 


 
Dərslikdə  müqayisəli  materiallara  geniş  yer  verilməsi  də,  müsbət  hal 
kimi  qiymətləndirilə  bilər.  Əsərin  çox  oxunaqlı  və  aydın  dili  vardır.  Şübhə 
yoxdur  ki,  təqdim  olunan  dərslik  Azərbaycanda  Qafqaz  arxeologiyası  ilə 
bağlı  ilk  təşəbbüs  olmaqla  tələbələr  tərəfindən  böyük  sevinclə  qarşılanacaq 
və eyni zamanda geniş elmi ictimaiyyətin böyük marağına səbəb olacaqdır. 
Bakı Dövlət Universiteti 
Tarix fakültəsi «Arxeologiya və Etnoqrafiya» 
kafedrasının müdiri, tarix elmləri doktoru, professor 
Q. S.İsmayılzadə 
 
 


 
RƏYÇİDƏN 
 
Qafqaz  və  Ön  Asiya  dünyada  ilk  insanların  yaşayış  üçün  məskən 
seçdikləri  ən  qədim  ərazilər  hesab  olunur.  Azərbaycan  və  Gürcüstan 
ərazilərində XIX-XX və XXI əsrin əvvəllərində aparılan arxeoloji tədqiqatlar 
və  əldə  edilən  maddi  mədəniyyət  nümunələrinin  öyrənilməsi  belə  bir  fikir 
söyləməyə əsas verir. 1960-cı ildə məşhur Azərbaycan alimi, t.e.d., professor 
M.Hüseynov  tərəfindən  Füzuli  rayonu  ərazisində  Azıx  mağarasının  aşkar 
edilməsi  və  1968-ci  ildə  burada keçmiş  SSRİ  məkanında ən qədim insana  - 
azıxantropa  məxsus  çənə  sümüyünün  tapılması  əslində  Qafqaz  regionu 
tarixinin  tədqiqində  böyük  bir  elmi  çevrilişə  səbəb  oldu.  Azıx  mağarasının 
kompleks 
tədqiqi  ilə 
D.V.Hacıyev,  Ə.M.Məmmədov,  H.Ş.Şirinov, 
V.V.Veliçko,  Ə.Q.Cəfərov,  V.M.Hacıyev,  S.D.Əliyev  və  digər  alimlərin 
yekun  fikrinə  əsasən,  bu,  Qafqazda  öz  böyüklüyünə  görə  karst  boşluqları 
arasında  ən  möhtəşəmidir.  Ümumi  sahəsi  8000  m
2
  olan  Azıx  mağarasını 
Qafqaz  arxeologiyasının  şah  əsəri  hesab  etmək  olar.  Burada  aşkar  olunan 
maddi mədəniyyət  nümunələri  bu  əraziyə  ilk insan  ayağının  təxminən  1,5-2 
mln.  il  bundan  əvvəl  dəydiyini  təsdiq  edir.  Qafqaz  regionunun,  o  cümlədən 
Şimali  Azərbaycan  ərazilərinin  arxeoloji  tədqiqi  1829-cu  ildən  başlanır. 
Həmin  ildə  Rusiya  İmperator  Arxeoloji  Komissiyası  tərəfindən  Aleksandr 
Yanovski  Cənubi  Qafqaza  göndərilmiş  və  o  burada  apardığı  tədqiqatların 
nəticələrini  1846-cı  ildə  «Qədim  Qafqaz  Albaniyası  haqqında»  adlı  çap 
etdirdiyi  məqalədə  şərh  etmişdir.  Bundan  əlavə,  1834-cü  ildə  Şimali 
Azərbaycana gələn İsveçrə səyyahı Dübua de Manperi indiki Göygöl rayonu 
ərazisində  arxeoloji  qazıntılar  aparmış  və  əldə  etdiyi  ümumi  nəticələri 
Fransaya  göndərmişdir.  Qafqazın,  o  cümlədən  Azərbaycanın  arxeoloji 
tədqiqatı  işi  XIX  əsrin  II  yarısında  da  davam  etdirilmişdir.  Rus  şərqşünası 
N.Xanıkov,  Fransız  tədqiqatçısı  Jak  de  Morqan,  alman  tədqiqatçısı  Emil 
Resler, Moskva Arxeologiya Cəmiyyətinin üzvü A.İvanovski və digər alimlər 
Cənubi  Qafqazın  və  ilk  növbədə  Azərbaycanın  arxeoloji  tədqiqi  ilə  məşğul 
olmuşlar. 
Azərbaycan  milli  tarix  elminin  çox  mühüm  sahəsi  olan  arxeologiya 
elminin  formalaşması  məsələsinə  gəldikdə  isə,  qeyd  etmək  lazımdır  ki,  bu 
sahənin  formalaşması  XX  əsrin  20-30-cu  illərinə  təsadüf  edir.  1920-ci  ildə 
Azərbaycan  Dövlət  Tarix  Muzeyinin  yaradılması  arxeoloji  abidələrin  qeydə 
alınması işində çox mühüm bir hadisə idi. Bu dövrdə Azərbaycanın arxeoloq 
alimləri Ələsgər Ələkbərov, İshaq Cəfərzadə, Davud Şərifov, Saleh Qazıyev, 
Yakob  Hummelin,  Y.Paxomov,  50-90-cı  illərdə  M.Hüseynov,  İ.Nərimanov, 
Q.Əhmədov,  R.Vahidov,  R.Göyüşov,  İ.Babayev,  F.Qədirov,  C.Xəlilov, 
A.Nuriyev,  R.Qasımova  və  digərləri  çox  böyük  elmi  potensiala  malik 
akademik  məktəbin  əsasını  qoymuşlar.  Bu  alimlər  öz  tədqiqatları  ilə  bütün 


 
Cənubi  Qafqaz  ərazisinin  əksər  hissəsinin,  o  cümlədən  Qərbi  Azərbaycan 
(indiki Ermənistan Respublikası - C.B.) torpaqlarının azərbaycanlılara - yəni 
regionun  avtoxton  əhalisinə  məxsus  olduğunu  sübut  etmişlər.  Qeyd  etmək 
lazımdır  ki,  Azərbaycan  ərazisində  ibtidai  icma  quruluşunun  bütün 
mərhələləri izlənilir. Paleolit, mezolit, neolit, eneolit və tunc dövrünün bütün 
mərhələlərinə  aid  arxeoloji  abidələr  bu  ərazidə  yaşamış  əhalinin  müasir 
azərbaycanlıların  əcdadları  olduqlarını  təsdiqləyir.  Arxeoloji,  antropoloji, 
odontoloji, etnoqrafik, epiqrafik və tarix elminin digər sahələri müasir dövrdə 
təcavüzkar  erməni  ideologiyasına  qarşı  ağır mübarizə  şəraitində  Azərbaycan 
alimləri  tərəfindən  çox  uğurla  istifadə  olunur.  1945-ci  ildən  bu  günə  qədər 
ermənilərin  Azərbaycan  xalqına  qarşı  ərazi  iddialarının  qətiyyətlə  dəf 
olunması  işində  arxeoloji  nümunələrlə  yanaşı  qədim,  antik,  ilk  orta  və  orta 
əsrlər dövrünə dair yazılı mənbələrdən də geniş istifadə olunmuş və onların 
böyük  əksəriyyəti  çap  olunmuşdur.  Azərbaycan  alimlərinin  Qafqaz  və  ilk 
növbədə Cənubi Qafqaz tarixi ilə bağlı apardıqları tədqiqatlar Rusiya, ABŞ, 
Fransa,  Almaniya,  İngiltərə,  Yaponiyadan  olan  alimlərin  böyük  əksəriyyəti 
tərəfindən  aparılan  tədqiqatlarla  elmi  yanaşma  metodologiyası  baxımından, 
demək olar ki, eynilik təşkil edir. 
Rusiya  alimləri  -  İ.M.Dyakonov,  B.Piatrovski,  ABŞ  alimi,  mənşəcə 
erməni  olan  N.Qarsoyan,  Azərbaycan  alimləri  akademik  İ.H.Əliyev,  t.e.n. 
S.M.Qaşqay, 
akademik 
Z.M.Bünyadov, 
akademik 
N.M.Vəlixanlı, 
Ə.Ə.Əlizadə; t.e.d. V.Z.Piriyev, t.e.d., prof. M.Şərifli, akademik İ.Hüseynov, 
AMEA-nın  müxbir  üzvləri  O.Ə.Əfəndiyev,  Y.M.Mahmudov,  M.Nemətova, 
t.e.d.  M.X.Heydərov,  t.e.d.  S.C.Əsədov,  t.e.n.  İ.S.Məmmədov  və  digərləri 
son 60 ildə nəşr etdirdikləri əsərlərində mövcud yazılı mənbələrə əsaslanaraq 
Cənubi  Qafqazın  aborigen  əhalisinin  azərbaycanlılardan  ibarət  olduğunu 
təsdiq etmişlər. Bu baxımdan BDU-nun Tarix fakültəsinin əməkdaşları t.e.n. 
İ.N.Avşarova və t.e.n. Q.Ə.Pirquliyeva tərəfindən çapa hazırlanmış «Qafqaz 
arxeologiyası» adlı dərslik diqqəti cəlb edir. 7 hissə, 9 fəsil, istifadə olunmuş 
ədəbiyyat  siyahısı,  illüstrasiyalardan  ibarət  olan  bu  dərslik  öz  strukturuna 
görə  elmi  baxımdan  düzgün  tərtib  edilmişdir.  «Qafqaz  arxeologiyası» 
dərsliyinin  çapı  tarix  elminin  arxeologiya  sahəsinə  olan  marağın  təmin 
edilməsi  işində,  arxeoloji  biliklərin  tələbələr  tərəfindən  daha  uğurla 
öyrənilməsində mühüm rol oynaya bilər. 
AMEA Tarix İnstitutunun  
Elmi işlər üzrə direktor müavini, t.e.n. 
C.Ə.Bəhramov 


 
I HİSSƏ.  İBTİDAİ İCMA QURULUŞUNUN TARİXİ 
 
I FƏSİL 
 
İBTİDAİ İCMA QURULUŞUNUN 
ÖYRƏNİLMƏ TARİXİ 
 
1. İnsanın yaranması
 
 
Bəşər  tarixinin  ən  qədim  dövrü  olan  ibtidai  icmanın  tarixini 
öyrənərkən  müxtəlif  mənbələrdən  -  arxeologiyadan,  etnoqrafiyadan, 
dilşünaslıqdan,  antropologiyadan,  geologiyadan  və  digər  elmlərdən  istifadə 
edilir.  Lakin  bu  dövrün  öyrənilməsində  əsas mənbə  arxeoloji,  etnoqrafik  və 
antropoloji məlumatlar sayılır. 
İbtidai  icma  tarixinin  öyrənilməsində  əsas  mənbələrdən  birinin 
arxeologiya  olduğu  üçün  biz  şərhimizdə  bilavasitə  maddi  mədəniyyət 
abidələri  qalıqlarının  öyrənilməsindən,  tarixi  dövrlərin  işıqlandırılmasında 
onların rolundan başlayacağıq. 
Ulu  babalarımız  öz  dövrlərində  yaşayıb-yaradaraq,  həyat  səhnəsini 
təbii  və  təsadüfi  hadisələr  nəticəsində  tərk  etmişlər.  İnsanlar  harada 
olmuşlarsa orada müəyyən iz qoyub getmişlər. Qədim dövrün insanlarının da 
özlərinə  görə  nailiyyətləri  olmuşdur,  bunlar  nəsillərdən-nəsillərə  keçmiş, 
artıb-çoxalmış, təkmilləşmiş,  köhnələri  yox  olmuş  və  daha  mükəmməl  olan 
yeniləri ilə əvəz  olunmuşlar.  Belə  silsilə  şəklində  olan inkişaf  yolunu  ancaq 
maddi mədəniyyət abidələrinin vasitəsilə öyrənmək mümkündür. Bu abidələr 
qədim 
dövr  yaşayış  yerlərindən,  onlara  aid  qəbiristanlıqlardan, 
emalatxanalardan,  qayaların  üstündəki  rəsmlərdən,  müxtəlif  müdafiə 
qurğularından, ibadətxanalardan, dini ocaqlardan və s. ibarətdir. Belə abidələr 
tədqiq  edilərkən  (qazılarkən)  onların  torpaq  qatında,  yəni  insanların  həyat 
fəaliyyəti  və  bu  fəaliyyətin  qalıqlarından  əmələ  gəlmiş  təbəqədə 
(arxeologiyada  bu,  «mədəni  təbəqə»  adlanır)  vaxtilə  işlədilmiş  məişət  və 
təsərrüfat  alətləri,  silahlar,  bəzək  əşyaları,  sümük,  bitki  qalıqları  və  başqa 
maddi  mədəniyyət  vasitələri  tapılır.  Bu  tapıntıların  hamısı  insan  əməyinin 
məhsulu olmaqla ibtidai icma tarixinin əsas mənbəyini təşkil edir. 
Antik  dövrün  filosof-materialisti  Demokritə  (e.ə.  460-370)  görə, 
insanlar ilk  dəfə  Yer üzünə heyvan  aləmindən dönmüşlər: «Onlar kobud  və 
vəhşi həyat keçirərək bitkilər və təsadüfi meyvələrlə qidalanmaqla, bir yerdən 
başqa yerə köçmüşlər». Deməli, Demokritə görə, qidalanma və özünü vəhşi 
heyvanlardan  müdafiə  etmək  zərurəti  insanları  bir  yerdən  başqa  yerə 
keçməyə,  təbiətə qarşı mübarizə aparmağa  sövq  edirdi.  Əlbəttə,  Demokritin 
baxışlarında  ibtidai  icma  dövrü  haqqında  sadəlövh  cəhətlər  də  az  deyildir. 


 
Digər  bir  yunan  filosofu  Aristotel  (e.ə.384-322)  Demokritin  əksinə  olaraq, 
insanı  «siyasi heyvan»  sayırdı.  Aristotel  öz  dövründəki  patriarxal  xarakterli 
təknigahın cəmiyyət tarixində ilk kəbin sistemi olduğunu və bunun ən ibtidai 
ailədə belə qanun olduğunu idealistcəsinə təsdiq edirdi. İbtidai cəmiyyətdə ilk 
dövrlərdən  patriarxal  ailənin  mövcud  olduğunu  təsdiq  edən  Aristoteli 
«patriarxal ailə» nəzəriyyəsinin əsasını qoyanlardan biri hesab etmək olar. 
Cəmiyyətin  mənşəyi  haqqında  «patriarxal  nəzəriyyə»  ilk  dəfə  antik 
dövrdə əmələ gəlmişdir (Platon, Aristotel). Bu nəzəriyyəyə əsasən, bəşəriyyət 
tarixinin  ilk  mərhələsi  «xoşbəxt  əsr»  hesab  edilir.  İnsan  cəmiyyətinin  ilk 
hüceyrəsi  isə,  bu  nəzəriyyəyə  əsasən,  xüsusi  mülkiyyət,  quldarlıq, 
təkarvadlılıq  (monoqamiya)  və  təkallahlığın  (monoteizmin)  mövcud  olduğu 
patriarxal  ailə  olmuşdur.  Ailə  başçısı  - ər  və  ya  ata  -  öz ailəsi  üzərində  tam 
hakim hüquqlu ikinci bir monarx idi. Nəzəriyyə tərəfdarlarının fikrincə, onun 
hakimiyyəti,  eyni  zamanda,  guya  dövlət  hakimiyyətinin  də  mənbəyi 
olmuşdur. 
Antik  dövrdə  hətta  bəşəriyyətin  maddi  inkişafını  müəyyən  dövrlərə 
bölməyə təşəbbüs edilmişdi. Lukretsi Kar öz poemasında, əfsanə və nağılları 
bir  tərəfə ataraq,  «xoşbəxt əsr»  deyil,  silahların hazırlandığı  daş  əsrini  bəşər 
cəmiyyəti  inkişafının  əsası  hesab  etmişdir.  Lukretsi  Kar  həmin  poemasında 
nəzm ilə yazır ki, keçmişlərdə bir silah kimi qüvvətli əllərdən, diş, dırnaq və 
daşlardan,  ağac  parçası  və  oddan  istifadə  olunmuşdur.  İnsanlar,  Lukretsiyə 
görə, odu kəşf etdikdən sonra, mis və dəmirdən də istifadə etmişlər. Lukretsi 
misin  yumşaqlığına  və  təbiətdə  xalis  halda  daha  çox  rast  gəlindiyinə  görə 
dəmirdən əvvəl işlədildiyini də göstərir. 
Göründüyü kimi, Lukretsi öz poemasında tarixi inkişafı daş, mis, tunc 
və dəmir əsrlərinə bölməyi nəzərdə tutur. 
Utopik sosialist J.J.Russo (1712-1778) «...Bərabərsizliyin mənşəyi və 
əsasları  haqqında  mühakimə»  (1755)  və  «İctimai  saziş  və  ya  siyasi 
hüquqların  prinsipləri»  (1762)  adlı  əsərlərində  insanların  ibtidai  həyatını  o 
qədər  idealizə  edir  ki,  bu  dövr  az  qala  həqiqətən  «behişti»  və  yaxud 
yunanların  adlandırdığı  kimi,  «qızıl  əsri»  xatırladırdı.  J.İ.Russoya  görə, 
ibtidai insanlar guya, bir-biri ilə münasibəti olmayan, bir-birindən tam təcrid 
olmuş halda yaşayan fərdlər olmuşlar. 
Böyük  rus  alimi  M.V.Lomonosovun  ibtidai  icma  tarixinin 
öyrənilməsində böyük xidməti olmuşdur. Onun  əsərlərində slavyan tayfaları 
haqqında  qiymətli  etnoqrafik  məlumatlar  vardır.  Xüsusən  onun  1767-ci  ildə 
yazdığı  «Qədim  Rusiya  tarixi»  (rus  xalqının  mənşəyindən  böyük  knyaz  I 
Yaroslavlın  ölümünədək  və  yaxud  1054-cü  ilədək)  adlı  əsəri  rus 
tarixşünaslığı üçün qiymətli bir mənbədir. Bu əsərində M.Lomonosovun rus 
xalqının  tarixini  ryuriklərdən  deyil,  rus  xalqının  mənşəyindən  başlaması 
diqqətəlayiqdir.  Böyük  rus  alimi  bu  əsərində  elmi  olmayan  «norman» 

10 
 
nəzəriyyəni ifşa etmişdir. Bundan əlavə, M.V.Lomonosov  başqa xalqları (və 
dilləri)  qiymətdən,  hörmətdən  salmaq  və  onların  bəşəriyyət  tarixindəki 
əhəmiyyətini azaltmaq istəyənlərin baxışlarına qarşı çıxmışdır. 
XIX  əsrin  60-70-ci illərindəki  elmi  baxışlarda  böyük  mövqeyə  malik 
olan Ç.Darvinin «Təkamül nəzəriyyəsi» ibtidai icma dövrünün öyrənilməsinə 
və etnoqrafiya elminə çox təsir etmişdir. 
Canlı  aləmin  inkişafındakı  qanunauyğunluq  və  orqanizmlərin 
təbiətdən  asılı  olaraq  dəyişməsi  haqqında  mütərəqqi  fikirlər  Ç.Darvindən 
çox-çox  əvvəl  (məsələn,  hələ  XVIII  əsr  fransız  filosofları  D.Didro  (1713-
1784),  P.Holbax  (1723-1789),  J.Lametri  (709-1751)  və  başqaları tərəfindən) 
söylənmişdi. Yerin və təbiətdəki bütün hadisələrin dəyişməsi haqqında daha 
aydın  və  səlis  baxışlar  böyük  rus  alimi  M.V.Lomonosova  məxsusdur.  Bu 
baxışlar  sonralar  böyük  ingilis  alimi  Ç.Darvinin  (1809-1882)  «Təbii  seçmə 
yolu  ilə  növlərin  əmələ  gəlməsi»  (1859)  əsərində  özünün  sistemləşdirilmiş 
məcmusunu  tapmışdır.  Biologiya  və  bir  sıra  təbiət  elmlərinin  əldə  etdiyi 
müvəffəqiyyətlərə  əsaslanaraq  Ç.Darvin  göstərmişdir  ki,  təbiətdəki 
orqanizmlər  mövcud  şəkildə  yaranmayaraq  uzun  bir  tarixi  inkişafın 
məhsuludur. Ç.Darvinə görə, bu «təkamülün» əsasını «təbii surətdə seçilmə» 
təşkil edir. Belə ki, təbiətdə bir sıra orqanizmlər ətraf mühitə uyğunlaşaraq və 
onun  təsirinə  qarşı  daha  dözümlü  çıxaraq  yaşayır,  bəzi  orqanizmlər  isə  bu 
cəhətdən  dözümsüz  olduğundan  məhv  olub  gedir  və  bu  səbəbdən,  təbiətdə 
orqanizmlər təbii surətdə seçilib ayrılaraq dəyişir. 
Ç.Darvinin  baxışları  canlılar  aləminin  inkişafına  dair  metafiziki  və 
dini baxışlara o dövrdə böyük zərbə idi. Təkamül nəzəriyyəsi təbiət elminin 
inkişafında  böyük  müvəffəqiyyət  qazanaraq  elmi  biologiyanın  əsasını 
qoymuşdur. Eyni zamanda ibtidai cəmiyyətin inkişafı, insanların mənşəyi ilə 
bağlı elmi mülahizələrdə uzun müddət aparıcı yer tutmuşdur. 
İbtidai  icma  tarixinin  öyrənilməsində  XX  əsrin  60-cı  illərinin  böyük 
müvəffəqiyyətlərindən  biri  olan  qəbilə  quruluşunun  öyrənilməsi hesab  edilə 
bilər. Bu cəhətdən görkəmli Amerika alimi Luis Henri Morqanın tədqiqatları 
çox əhəmiyyətlidir. 
L.H.Morqan  İrogez  tayfa  ittifaqını  dərindən tədqiq  etmişdir.  O, hətta 
bu  ittifaqa  daxil  olan  Seneka  tayfası  içərisində  uzun  müddət  yaşamış  və  öz 
tədqiqatlarını  ümumiləşdirərək  -  «İrogezlərin  ittifaqı»  (1861),  «Qohumluq 
sistemi və insan ailəsinin xüsusiyyətləri» (1869), xüsusilə «Qədim cəmiyyət» 
(1877), «Amerika yerlilərinin evləri və həyatı» (1881) kimi bir sıra qiymətli 
əsərlər yazmışdır. 
Paleontologiya,  antropologiya  və  arxeologiya  elmlərinin  məlumatları, 
insanabənzər  meymunların  həyatı  üzərində  müşahidə,  insanın  və  insan 
cəmiyyətinin yaranması şəraitini və prosesini aydınlaşdırmağa imkan verir. 

11 
 
XX  əsrin  əvvəllərində  Vyana  yaxınlığında  Miosen  dövrünə  aid  yer 
təbəqələrindəki  kirəc  laylarında  qədim  zamanlarda  yaşamış  bir  meymunun 
azı dişi tapılmışdır. Bu diş bəzi xüsusiyyətlərinə görə insan dişinə daha çox 
oxşayırdı.  Oradaca  həmin  heyvanın  daha  iki  dişi  tapılmışdır.  Bu  dişlərin 
sahibi  o  zaman  alimlər  tərəfindən  driopitek
*
  adlandırılmışdır.  Ehtimal  ki, 
insanların  və  eləcə  də,  Afrikada  yaşayan  insanabənzər  meymunların  ümumi 
əcdadları da bu driopiteklər olmuşlar. 
1934-cü ildə Hindistanda Himalay dağları ətəyində Sivalik təpələrinin 
üçüncü  dövrünə  aid  olan  qatlarında  bir  neçə  ali  meymunun  qalıqları 
tapılmışdır.  Bu  meymunlardan  biri  yastısifət  ramapitek  adlandırılmışdır. 
Pliosen çöküntülərində həmin meymunun bir neçə dişi olan yuxarı çənəsinin 
bir  parçası  da  tapılmışdır.  Ramapitekin  köpək  dişi  ilə  kəsici  dişi  arasındakı 
aralıq («diastem») yox dərəcəsindədir (bu aralığın olmaması insana xas olan 
bir əlamətdir). Ramapitekin dişlərində onu insana oxşadan başqa əlamətlər də 
vardır. Ramapiteklər driopiteklərə nisbətən insana daha çox oxşayırlar. Onlar 
insanabənzər meymunlardan köpək dişlərinin digər dişlərinə nisbətən qabağa 
çıxmaması ilə fərqlənir və demək onlar ki, insana daha yaxın olmuşlar. 1924-
cü  ildə  Cənubi  Afrikada  tapılmış  və  avstrolopitek  («avstralis»  -  cənub  və 
«pitekos» - meymun sözlərindən əmələ gəlib, «cənub meymunu» deməkdir) 
adlanan  insanabənzər  meymunların  tədqiqi  və  insanın  əcdadları  haqqında 
çoxlu  material  vermişdir.  1935-1951-ci illərdə  30-a  qədər meymunun qalığı 
kəşf  edilmişdir.  Bunların  tədqiqi  nəticəsində  avstrolopiteklərin  şaquli 
vəziyyətdə hərəkət etdikləri də sübut edilmişdir. Avstralopiteklərin iki ayağı 
üstə yeriməyə başlaması ehtimal ki, onun yaşayış şəraitinin dəyişməsi ilə izah 
edilir. 
Yüz  min  illər  boyu  Yer  üzərindəki  dəyişikliklər  və  inkişaf 
avstrolopitek 
tipli 
meymunların 
da 
tədricən 
insanabənzər 
başqa 
meymunlardan  ayrılmasına  və  yüksəlməsinə  səbəb  olmuşdur.  Düz  yeriməyi 
öyrənməsi  həyat  uğrunda  mübarizədə  onlara  böyük  imkanlar  qazandırmış, 
ağac  və  daş  kimi  təbii  silahlardan  istifadə  etmək  bacarığına  yiyələnməyə 
kömək etmişdir. 
Əlbəttə, avstrolopiteklərin insanın  əcdadları  olduğu haqqında  tam  və 
qəti  hökm  vermək  olmaz.  Uzaq  geoloji  dövrlər  haqqında  hələ  natamam 
məlumatlarımız  bu  barədə  qəti  fikrə  gəlməyi  çətinləşdirsə  də,  hər  halda, 
demək olar ki, insanların ilk əcdadları avstrolopiteklərə oxşar və onlara yaxın 
olmuşdur. 
                                                             
*
  Driopitek  yunanca  «drio»  (ağac)  və  «pitekos»  (meymun)  sözlərindən  olub  ağacda  gəzən 
meymun deməkdir. İnsana ən çox bənzər meymunlar qorilla, şimpanze və oranqutan meymunları 
hesab  olunur.  Bunlar  bədən  quruluşu,  əzələ  və  qan  tərkibinə  görə  insan  ilə  ümumi  olan  100-ə 
qədər əlamətə malikdir. Bu ümumi əlamətlər oranqutanlarda azdır (50-yə qədərdir). 
 

12 
 
Yaşamaq  uğrunda  mübarizə  nəticəsində,  avstrolopiteklərin  həyatı 
tədricən  dəyişmişdir.  Özünə  qida  əldə  etmək  üçün  onlar  ağaclara 
dırmaşmaqdan  düzənliklərdə  yeriməyə  keçmişlər  (buna  coğrafi  mühitdəki 
dəyişikliklər  də  təsir  edirdi).  Bədənin  şaquli  vəziyyət  alması,  başın  dikliyi 
beynin inkişafına da təsir etmişdir. Beləliklə, düz yeriməyi öyrənmək sonrakı 
təkamül  üçün  çox  qiymətli  hadisə  olmuşdur.  Lakin  bütün  bunlar  yenə  də 
insanın əmələ gəlməsində başlıca və həlledici amil kimi qiymətləndirilmir. 
F.Engels  özünün  «Meymunun  insana  çevrilməsi  prosesində  əməyin 
rolu» adlı məşhur  əsərində yazır ki,  əmək bütün insan həyatının birinci əsas 
şərtidir,  həm  də  o  dərəcədə  belə  bir  əsas  şərtdir  ki,  biz  müəyyən  mənada 
deməliyik: insanın özünü əmək yaratmışdır. F.Engelsə görə, əllərin və beynin 
inkişaf  etməsinin  meymunun  insana  çevrilməsində  həlledici  rolu  olmuşdur. 
Bunun  üçün  isə  yuxarıda  deyildiyi  kimi,  şaquli  vəziyyətdə  yerimək,  əllərin 
əmək  fəaliyyəti  üçün  hərəkət  orqanı  olmaqdan  azad  olmasının  həlledici 
əhəmiyyəti olmuşdur. 
Əlbəttə,  əllər  də  birdən-birə  tam  təkmilləşməmişdir.  İnsan,  əlinin 
köməyi  ilə  ilk  çaxmaqdaşı  bıçağını  hazırlayana  qədər  çox  uzun  bir  dövr 
keçmişdir.  Bu  müddət  ərzində  əl  yeni-yeni  vərdişlərə  alışmış,  əldə  edilən 
daha  böyük  çeviklik  isə  nəsildən-nəslə  keçib  təkmilləşmişdir.  F.Engels 
yazmışdır ki, əl nəinki əmək orqanıdır, o, həmçinin əməyin məhsuludur. Dik 
yerimək və əllərin əmək orqanına çevrilməsi insanın meymundan ayrılmasına 
başlanğıc  olmuşdur.  F.Engels  «Təbiətin  dialektikası»na  girişdə  yazır:  «Min 
illər  boyu  davam  edən  mübarizədən  sonra,  ən  nəhayət,  əl  ayaqdan  ayrılıb, 
insan  dik  yeriməyə  başladığı  zamandan  etibarən  insan  meymundan  ayrıldı, 
beləliklə  də,  aydın  nitqin  inkişafı  üçün  əsas  yaranmış  oldu  və  bunun 
sayəsində  o  zamandan  etibarən  insanla  meymun  arasında  keçilməz  bir 
uçurum meydana gəldi». 
Məlumdur  ki,  insanın  əcdadı  sürü  halında,  dəstələrlə  yaşayırdı.  İlk 
insanlar da sürü halında, dəstələrlə yaşamışlar. O dövrdə ilk əmək prosesi də 
yalnız  möhkəm  birləşmiş  qruplar  içərisində  mümkün  ola  bilərdi.  Qrupların 
möhkəmliyi isə formalaşmaqda olan insanların əmək fəaliyyətindən asılı idi. 
Heyvan  aləmindən  öz  əməyi  nəticəsində  insana  çevrilməkdə  olan  ibtidai 
insan kollektivinin qüvvəsi isə məhsuldar qüvvə idi. 

Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin