Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu il tarixli



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix07.01.2017
ölçüsü4,11 Mb.
#5016
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   14

Neolit dövrü qəbir abidəsi. Çoxtəbəqəli Qobustanın Firuz düşərgəsi 
neolit  mədəniyyəti  baxımından  daha  maraqlıdır.  Düşərgənin  neolit  dövrü 
təbəqəsindən  çaxmaq  daşından  hazırlanmış  kiçik  lövhəciklər,  müxtəlif 
formalı  qaşovlar,  gil  qab  nümunələri  aşkar  olunmuşdur.  Lakin  Firuz 
düşərgəsinin  elm  üçün  ən  maraqlı  tapıntısı  2x1  m  ölçüdə  qəbrin  açılması 

47 
 
olmuşdur.  Burada  pərakəndə  halda  iki  insan  kəlləsi  və  insana  aid  digər 
sümüklərə  təsadüf  edilmişdir.  Skeletlərin  yanında  boyun  bəzəyi  olan 
muncuqlar  və  heyvan  dişlərindən  asmalar  da  olmuşdur.  Bu  qəbir  hələlik 
Azərbaycan  və  ümumiyyətlə,  Qafqaz  ərazisində  ən  qədim  qəbirdir. 
Tədqiqatçılar onu təxminən Son Mezolit və İlk Neolit dövrünə aid edirlər. 
Neolit  dövrü  tayfalarının  dünyagörüşü  incəsənətdə  də  öz  əksini 
tapmışdır.  Neolit  mədəniyyəti  saxsı  küplər  üzərindəki  ornamentlər,  kiçik 
heykəlciklər,  qayaüstü  rəsmlər  qismində  təcəssüm  edir.  Qədim  tayfalar 
tərəfindən  çay  və  göllərin  qayalıq  sahillərində  bütöv  təsvir  qalereyaları  - 
petroqliflər  yaradılırdı.  Qafqazda  ən  qiymətli  tapıntı  Qobustan  qayaüstü 
rəsmləridir.  Rəsmlərin  çoxu  məhz  neolit  dövründə  həkk  olunmuşdur.  Bu 
rəsmlər əsasən rəqs və ov edən insanların, öküz və at ilxılarının təsvirlərindən 
ibarətdir.  Dövrünə  görə  rəsmin  qayaya  həkk  olunmasının  iki  əsas  üsulu  var 
idi  -  qırmızı  oxra  və  qayanın  üzərinə  cızma  yolu  ilə  həkk  olunma.  Oxra  ilə 
çəkilmiş rəsmlər azlıq təşkil edir, cızma üsulu ilə işlənmiş rəsmlər isə əksinə, 
daha  çoxdur.  Rəsmlər  ibtidai  rəssamlar  tərəfindən  iti  uclu  daşla  cızılaraq 
relyef  formasına  salınırdı.  Əsasən heyvanlar  profildən,  insanlar  isə anfasdan 
təsvir olunurdular. İncəsənətin bu növünün çox böyük mənası vardı, belə ki, 
qayaların  üzərində  təsadüfi  rəsmlər  deyil,  əfsanələr,  o  cümlədən  dünyanın 
yaranışını özündə əks etdirən təsvirlər həkk olunurdu. Əksər hallarda rəsmlər 
süjetli xarakter daşıyırdı. Bunlar ov səhnələri, yaxud heç bir proseslə əlaqəsi 
olmayan  sadə  quş,  heyvan,  bitki  rəsmlərindən  ibarətdir.  Ümumiyyətlə, 
petroqliflər insanların təkcə məişətini deyil, dini həyatını da canlandırırdı. 
Neolit  incəsənətinin  digər  əsas  hissəsini  ornamentlər  təşkil  edir. 
Xəncər  tiyələrini  bəzəyən  sümük  (çarpazşəkilli)  lövhələrdən  ibarət 
ornamental  bəzəklər  məlumdur.  Ornamentlər  əsasən  böyük  uğurla  saxsı 
qablara  həkk  olunurdu  və  bu  qabların  hansı  mədəni  dövrə  aid  olduğunu 
bildirirdi.  Neolit  dövrü  ornamentləri  öz  həkkolunma  üsulları  və  süjeti  ilə 
müxtəlif  idi.  Ornamentasiyanın  bütün  qanunauyğunluqları  gözlənilirdi: 
həndəsi  fiqurların  həkk  edilməsi  zamanı  simmetriya,  ornamental  naxışların 
sıralanması və s. Beləliklə, ornamentlərin əsasını kvadrat, üçbucaq, rombvari 
fiqurlar,  dalğalı  xətlər,  kəndir  və  daraq  izləri  təşkil  edirdi.  Bu  elementləri 
istifadə etməklə neolit insanı mürəkkəb və çox nəfis naxışlar əldə edirdi. Bu 
da onların yüksək bədii zövqündən xəbər verirdi. 
 
 
 

48 
 
IV FƏSİL 
 
QAYAÜSTÜ TƏSVİRLƏR 
 
1. Qafqazın qayaüstü təsvirləri 
 
Dünyanın  ilkin  insan  və  ən  qədim  sivilizasiya  mərkəzlərindən  biri 
olan Azərbaycan maddi mədəniyyət abidələri ilə zəngin ölkələrdəndir. Xalqın 
qədim  tarixinin  öyrənilməsi  üçün  qayaüstü  təsvirlər  böyük  əhəmiyyət  kəsb 
edir.  Qayaüstü  təsvirlər  qədim  insanların  həyat  tərzini,  məşğuliyyətini, 
məişətini,  mənəvi  aləmini  daha  əyani  şəkildə,  real  və  obrazlı  təsvirlərlə  əks 
etdirir.  Məhz  bu  baxımdan  tarixin  daş  yaddaşı  olan  qayaüstü  təsvirlərin 
tədqiqi arxeologiya elminin əsas fəaliyyət istiqamətlərindən biridir. 
Azərbaycanda  qayaüstü  təsvirlər  petroqliflər  ilk  dəfə  1939-cu  ildə 
görkəmli  Azərbaycan  arxeoloqu  İsaq  Cəfərzadə  tərəfindən,  Bakıdan  65  km 
cənub-qərbdə  yerləşən  Qobustanın  cənub-şərq  hissəsində  (Böyükdaş, 
Kiçikdaş,  Cingirdağ  dağları  və  Yazılı  təpə)  aşkara  çıxarılmışdır.  Qayaüstü 
təsvirlərlə  zəngin  olan  bu  dağlar  Xəzər  dənizinin  sahilinə  yaxın  ərazidə 
yerləşir. 
Böyükdaş  və  Kiçikdaş  dağlarının  zirvəsi  yayla  şəklindədirlər.  Həmin 
yaylaların  səthini  10-15  m  qalınlığında  Abşeron  suxurlu  əhəngdaşı  layı 
örtmüşdür.  Əsrlər  keçdikcə  təbii  qüvvələrin  təsiri  nəticəsində  bu  əhəngdaşı 
layları  çatlayıb  parça-parça  olmuş  və  üzü  aşağı  diyirlənərək  həmin  dağların 
yamaclarına  və  ətəklərinə  səpələnmişdir.  Beləliklə,  bu  yer  irili-xırdalı 
qayalığa çevrilmişdir. Buranın bəzi hissələrində bir-birinin üstə qalanmış daş-
qaya  parçalarının  altında  (xüsusilə  Böyükdaş  dağı  ətrafında)  20-yə  yaxın 
qayaaltı  mağara  və  sığınacaq  əmələ  gəlmişdir.  Belə  ki,  qədim  dövrlərdə 
insanlar  həmin  yerləri  özlərinə  yaşayış  məskəni  seçmişlər.  Bu  yaşayış 
məskənlərində  və  onun  yaxınlığındakı  daş,  qaya  parçalarının  əksəriyyətinin 
üzərində qədim zamanlardan bəri, demək olar ki, XX  əsrin əvvəllərinə kimi 
insan, heyvan rəsmləri və müxtəlif işarələr həkk edilmişdir. 
Qobustanın qayaüstü rəsmlərinin öyrənilməsi işi ilə Azərbaycan Milli 
Elmlər  Akademiyasının  Tarix  İnstitutu  məşğul  olmuşdur.  İnstitutun  təşkil 
etdiyi  arxeoloji  ekspedisiyalar  təqribən  20  il  ərzində  (1947-1966-cı  illər) 
Böyükdaş,  Kiçikdaş,  Cingirdağ  dağları,  Yazılı  təpə  rayonunda  müntəzəm 
surətdə  axtarış  və  tədqiqatlar  aparmış,  külli  miqdarda  daş  və  qaya  parçaları 
gözdən keçirilmiş, təqribən 750 daş üzərində müxtəlif rəsmlər, işarələr və s. 
təsvirlər  aşkara  çıxarılmışdır.  Bütün  bu  rəsmlər  daşdan  və  metaldan 
hazırlanmış  alətlərlə  həkk  edilmişdir.  Hazırda  6000-dən  artıq  rəsm  siyahıya 
alınmışdır. 

49 
 
Qobustan  qayaüstü  rəsmləri  mövzu  cəhətdən  olduqca  rəngarəngdir. 
Bunlar  insan,  vəhşi  öküz,  maral,  keçi,  şir,  ceyran,  at,  vəhşi  uzunqulaq  (gur) 
və  s.  təsvirlərdən  ibarətdir.  Rəsmlər  bəzən,  demək  olar  ki,  təbii  ölçüdə 
verilmişdir.  Daşlardan  bir  çoxunun  üzərində  kollektiv  əmək  prosesi,  taxıl 
biçini,  qurban  gətirmək,  ov  səhnəsi,  öküz  döyüşü,  keçi  gətirmək  döyüşü, 
itlərin  canavar  və  maralı təqib  etmə  səhnəsi,  şirlərin  keçilərə hücumu,  yürüş 
səhnələri,  dəvə  karvanları,  qadın  təsvirləri  əks  etdirilmişdir.  Ərazidən  qırıq 
xətlərlə çəkilmiş böyük ölçülü balıq rəsmləri də aşkara çıxarılmışdır. 
Rəsmlər  arasında  kamanla  silahlanmış  və  silahsız  adamlarla  dolu 
qayıq  rəsminə  də  təsadüf  olunur.  Həmin  qayıqların  təknəsinin  burun 
hissəsində  Günəş  rəsmi  çəkilmişdir.  Daşlardan  birinin  üzərində  iki  təkərli 
hərbi  araba  təsviri  qeydə  alınmışdır.  Qayalar  üzərində  müasir  Azərbaycan 
yallı  rəqsini  xatırladan  fərdi  və  qrup  halında  dini-ayin  rəqs  mərasimini  əks 
etdirən təsvirlərə də rast gəlinir. 
Bir  neçə  daş  üzərində  diametri  6-10  sm  olan  2-3  sm  dərinliyində 
oyuqlara təsadüf edilmişdir. «Qaval daş» adlı ən qədim musiqi aləti olan daş 
parçalar  və  Roma  imperatoru  Domisianın  hökmranlığı  dövründə  (eramızın 
81-96-cı  illəri)  həkk  edilmiş  latın  yazısı  aşkara  çıxarılmışdır  ki,  bu  da 
Fulminata  adlanan  XII  Roma  legionunun  Azərbaycanda,  Xəzər  dənizi 
sahilində olmasını göstərən son dərəcə qiymətli kitabədir. 
Hazırda  ilk  rəsmlərin  tarixi  təxmini  olaraq  yeni  daş  dövrünün  (son 
mezolit  və  neolit)  ilk  çağlarına,  yəni  e.ə.  VIII-VI  minilliklərə,  qadınların 
ibtidai  cəmiyyətdə  hakim  olduğu  madərşahlıq  dövrünə  aid  edilir.  Qayalar 
üzərində  əsasən  eneolit,  tunc  və  orta  əsrlər  dövrünə aid  olan rəsmlərə  daha 
çox təsadüf olunur. 
Kiçik  Qafqaz  dağlarının  ən  yüksək  zirvələrindən  biri  olan 
Gəmiqayanın  (Naxçıvan)  yamaclarında  da  qayaüstü  təsvirlər  petroqliflər 
aşkar olunmuşdur. 
Gəmiqaya  Ordubad  rayonu  ərazisində  Nəsirvaz  kəndindən  şərqdə 
Zəngəzurla  (indiki  Ermənistan)  sərhəddə,  kiçik  Qafqazın  ən  hündür  dağ 
silsiləsində yerləşir. Abidədə ilk tədqiqat işləri 1968-ci ildə Tarix İnstitutunun 
əməkdaşı  V.H.Əliyev  tərəfindən  aparılmışdır.  2001-2003-cü  illərdə 
N.Müseyibli  tərəfindən  tədqiqat  işləri  davam  etdirilmişdir.  Gəmiqaya  Kiçik 
Qafqazın  ən  hündür  zirvəsi  olan  Qapıcığın  (3906  m)  daha  geniş  yayılmış 
adıdır.  Buradakı  abidələr  kompleksi  dəniz  səviyyəsindən  2800-3500  m 
yüksəklikdə  yerləşir.  Gəmiqayanın  zirvəsindən  yamaclarına  qədər  porfir, 
qranosienit,  kvars  siepepit-liorit,  qabbro-diorit  və  kvars  mansodioçit  növlü 
vulkanik suxurlardan ibarətdir. Qayaüstü təsvirlər məhz bu daşların üzərində 
həkk edilmişdir. 
Qaya  parçaları  üzərində  olan  təsvirlər  əsasən  insan,  maral,  öküz,  at, 
araba, dəvə, bəbir və quşların realist üslubda işlənmiş rəsmlərindən ibarətdir. 

50 
 
Abidədə  çoxsüjetli  kompozisiyalara  da  təsadüf  olunur.  Təsvirlərin  ən 
qədimləri  ərazidən  əldə  olunan  keramika  məmulatlarına  əsasən  ilk  tunc 
dövrünə aid edilir. 
1976-cı  ildə  arxeoloq  Qüdrət  İsmayılzadə  Kəlbəcər  rayonunda 
qayaüstü  təsvirləri  aşkar  etmişdir.  Onlar  işlənmə  üslubuna  görə  digər 
Azərbaycan  petroqliflərindən  fərqlənir.  Belə  ki,  bütün  təsvirlər  ucu  iti  daş 
aləti  bazalt  daşlarının  hamar  səthinə  vurmaqla  işlənmişdir.  Odur  ki,  hər  bir 
rəsm  döyülmüş  çoxsaylı  nöqtələrdən  təşkil  olunmuşdur.  Təsvirlər  e.ə.  III 
minilliyin əvvəllərində yaşamış maldar və ovçular tərəfindən yaradılmışdır. 
Qaya  təsvirləri  Zalxagöl  və  Qaragöl  sahillərindəki  və  Taxta  deyilən 
yerdəki  bərk  bazalt  daşları  üzərində  təsvir  olunmuşdur.  Bu  yerlər  dəniz 
səthindən 3000 m hündürlükdədir. 
Q.İsmayılzadənin apardığı tədqiqatlar göstərir ki, bu rayonda sonralar 
da (e.ə. II və I minilliklərdə də) qaya təsvirləri mədəniyyəti davam etmiş və 
daha mürəkkəb kompozisiyalar yaradılmışdır. 
Buradakı  petroqliflərin  məzmunu  insan  və  heyvanların  fəaliyyəti, 
həyatı  ilə  bağlıdır.  Bir  qayda  olaraq  insanlar  ön  və  arxa  tərəfdən, heyvanlar 
isə  yan  tərəfdən,  profildən  təsvir  edilmişlər.  Təsvirlərdə  insanların  birlikdə 
ayin  rəqsi,  ov  səhnəsi,  iki  öküz  qoşulmuş  ikiçarxlı  araba  və  s.  təsvir 
edilmişdir. 
Arxeoloq  Q.M.Aslanov  1963-cü  ildən  başlayaraq  Abşeronun  bir  çox 
kəndlərində  (Şüvəlan,  Türkan,  Nardaran,  Bilgəh,  Şağan,  Dübəndi)  qayalar 
üzərində bir sıra maraqlı təsvirlər aşkar etmişdir. Onlar öküz, keçi, maral, it, 
şir  və  insanla  bağlı  ayin  və  ov  səhnələri  təsvirlərindən  ibarətdir.  Arxeoloq 
öküz  və  keçi  rəsmlərini  mis-daş  dövrünün  sonlarına,  tunc  dövrünün 
əvvəllərinə aid etmişdir. 
Qərbi  Azərbaycanın  Zəngəzur  bölgəsində  Sünük  adlanan  yerdə  qaya 
təsvirləri  müşahidə  edilmişdir.  Çox  təəssüf  ki,  bu  təsvirlər  mətbuatda  öz 
əksini az tapmışdır. 
Qaya  təsvirlərində toplanmış,  qədim  dünyadan  bizə  yadigar  qalan  bu 
zəngin mədəni irs açıq səma altındakı muzeyləri xatırladır. 
 
 
 

51 
 
IV HİSSƏ. PALEOMETAL DÖVRÜ 
 
V FƏSİL 
 
QAFQAZIN ENEOLİT DÖVRÜ 
ARXEOLOJİ ABİDƏLƏRİ 
 
1. Qafqazda paleometal dövrünə aid arxeoloji abidələrin xüsusiyyətləri 
 
Qafqaz istehsal təsərrüfatının (əkinçilik və maldarlıq) ən əhəmiyyətli, 
qaynar mərkəzlərindən biridir. E.ə. IV minillikdə dünya xalqlarının bir çoxu 
maddi  təsərrüfat  sahəsində  önəmli  dəyişikliklər  əldə  etdilər  -  insanlar 
metaldan  əşyalar  hazırlamağı  öyrəndilər  və  beləliklə  də,  mis-daş,  yaxud 
eneolit  dövrü  başlandı.  Mis  işləmənin  bu  dövrdə  soyuq  və  isti  döymə 
üsulundan istifadə olunmuşdu. İlkin silahlar soyuq üsulla hazırlanırdı, demək 
olar  ki,  dünyanın  bütün  eneolit  dövrü  mədəniyyətləri  üçün  bu  üsul  xasdır. 
Qeyd  etmək  lazımdır  ki  eneolit  dövrünün  bir  çox  abidələrində  ümumi 
cəhətlər izlənilir: 
1.
 
Daş məmulatlarla yanaşı mis məmulatların da hazırlanması. 
2.
 
Toxa əkinçiliyi və ev heyvandarlığının hökmranlığı. 
3.
 
Boyalı gil qablar. 
4.
 
Gil  evlərin,  gil  heykəlciklərin  və  əkinçiliklə  bağlı  ayinlərin  geniş 
yayılması. 
Cənubi  Qafqazın  arxeoloji  abidələrinin  tarixi  tədqiqatı  iki  mərhələyə 
ayrılır.  XIX  əsrin  I  yarısı  və  XX  əsr.  XX  əsrin  50-ci  illərinin  sonlarında 
Qafqazın eneolit dövrünü öyrənən alimlər Şimali Qafqazda iki mədəniyyət - 
Kür-Araz  və  Maykop  mədəniyyətlərini  ayırd  etdilər.  Eneolit  dövrünə  aid 
edilən  Kür-Araz  mədəniyyəti  XX  əsrin  40-cı  illərinin  əvvəllərində  B.Kuftin 
tərəfindən  müəyyən  olunmuşdur.  Cənubi  Qafqaz  İkiçayarasının  e.ə.  III 
minilliyə  aid  tarixi abidələrini araşdıran  B.Kuftin  belə  bir nəticəyə  gəlmişdi 
ki, Cənubi Qafqazda erkən eneolit dövrünə təsadüf edən, özünəməxsus saxsı 
qabları  ilə  fərqlənən  kül  təpəciklərindən  ibarət  unikal  mədəniyyət 
mövcuddur. Bu mədəniyyətə aid olan abidələrin, demək olar ki, hamısı Kür-
Araz hövzəsində aşkar edildiyindən eyni adla adlandırılmışdır. B.Kuftin Kür-
Araz  mədəniyyətinin  Kiçik  Asiya  və  bütün  Şərqi  Aralıq  dənizi 
mədəniyyətləri  ilə  əlaqəsini  müəyyənləşdirmiş  və  dövrün  xronologiyasını 
vermişdir. 
Azərbaycan  ərazisində  Eneolit  dövrünün  tədqiqatlarının  II  mərhələsi 
XX əsrin 60-cı illərindən başlanmış və bu günə qədər də davam etməkdədir. 
İlk  öncə  A.İessen  və  İ.Səlimxanov  eneolit  dövrü  abidələrini  araşdırmışlar. 
Daha  real  və  əhəmiyyətli  araşdırmalar  isə  Kür-Araz  eneolitinə  aid  köçəri-

52 
 
əkinçi  tayfalara  məxsus  abidələrin  aşkar  edilməsi  və  öyrənilməsi  hesab 
olunur.  1951-ci  ildə  Naxçıvan  yaxınlığındakı  çoxtəbəqəli  I  Kültəpə 
qazıntıları  zamanı  əhəmiyyətli  tapıntılar  əldə  edildi.  O.Həbibullayevin 
rəhbərliyi  altında  aparılan  qazıntılar  zamanı  Cənubi  Qafqazda  "Kür-Araz 
eneoliti"  təbəqəsindən  çiy  kərpicdən  olan  arxitektura  nümunələri,  ilkin 
əkinçilik  alətləri  və  bəzi  ayrı-ayrı  metal  məmulatları  aşkar  edilmişdi.  I 
Kültəpədə  aparılan  tədqiqatlarla  yanaşı  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının  arxeoloji  ekspedisiyası  XX  əsrin  50-60-cı  illərində  Mil-
Qarabağ  düzündə  aparılan  uğurlu  kəşfiyyat  işləri  nəticəsində  "Kür-Araz" 
mədəniyyətindən  əvvəl  mövcud  olmuş  köçəri-əkinçi  mədəniyyətinin  izləri 
olan  abidələri  aşkar  etmişlər.  Bunlar  Azərbaycanın  qərb  ərazisindəki  Baba-
Dərviş,  Şomutəpə,  İlanlıtəpə,  Qarğarlartəpə  və  s.-dir.  Abidələrdə  arxeoloq 
İ.Nərimanov  tərəfindən  ilk  ümumiləşdirilmələr  aparılmış  və  belə  nəticəyə 
gəlinmişdir ki, bu abidələr Qafqazın ilk erkən əkinçilik mədəniyyətini özündə 
təcəssüm  etdirir.  O,  Qarabağ  və  Muğan  düzündə  digər  erkən  əkinçilik 
abidələrini  də  tədqiq  etmişdir,  xüsusilə,  Muğan  düzündəki  (Cəlilabadda) 
Əliköməktəpə abidəsini misal göstərmək olar. 
Eneolit  dövrünün  yaşayış  məskənləri  əsasən  hündür  təpələr 
formasında  olub,  müxtəlif  ölçülüdürlər.  Bu  dövrün  yaşayış  məskənlərinə 
düzən və dağətəyi ərazilərdə təsadüf edilir. 
Hazırda  Cənubi  Qafqazda  70-dən  artıq  eneolit  dövrü  abidəsi 
məlumdur  ki,  onlardan  da  50-dən  çoxu  Azərbaycan  ərazisində  yerləşir. 
Azərbaycanın və ümumi Qafqazın ən məşhur eneolit dövrü abidəsi I Kültəpə 
hesab olunur. 
Naxçıvan şəhərindən 8 km aralıda yerləşən I Kültəpə yaşayış yeri 1,5 
hektara yaxın bir sahəni əhatə edir. 21 m qalınlığında mədəni təbəqəyə malik 
təpə bütövlükdə aşağı qatdan yuxarıyadək, kül, xırda daş, təsərrüfat və məişət 
qalıqları  ilə  örtülmüşdür.  Buradan  üzə  çıxarılan  dörd  mədəni  təbəqənin 
aşağıdan  birincisi  eneolit  dövrünə  aiddir.  Qalınlığı  9  m  olan  bu  təbəqədən 
tikinti  qalıqları,  təsərrüfat  quyuları,  ocaq  və  kürələr,  fauna  qalıqları,  daş 
sümük  və  gildən  hazırlanmış  əşyalar,  buğda  qalıqları,  qəbirlər  və  s.  aşkar 
edilmişdir. Tapılan arxeoloji  materiallar  I  Kültəpə  sakinlərinin  oturaq həyat 
keçirdiklərini sübut edir. 
Abidədən əldə olunan daş və möhrədən tikilmiş dairəvi bina qalıqları 
diqqəti  daha  çox  cəlb  edir.  Diametri  7  m-ə  çatan,  divarların  qalınlığı  35-55 
sm  olan  bu  evlər  arakəsmələrlə  ayrı-ayrı hissələrə  bölünmüşdür.  Kültəpənin 
eneolit  dövrü  materialları  içərisində  daş  alətlər  çoxluq  təşkil  edir.  Onların 
çoxu  dəvəgözü  daşından  hazırlanmışdır.  Abidədən  çaxmaqdaşından 
hazırlanmış  alətlər,  ox  ucluqları  və  oraq  dişləri  əldə  edilmişdir.  Misdən 
hazırlanmış  əşyalar  isə  sancaqlardan,  muncuqlardan,  tiyələrdən,  nizə 
ucluqlarından və s. ibarətdir. 

53 
 
Bu  abidənin  daş  məmulatları  geniş  ərazini  əhatə  edən  erkən  əkinçi 
məskənləri üçün səciyyəvidir. Əldə olunan metal məmulatlardan ibarət kiçik 
kolleksiya  xüsusi  maraq  doğurur.  Bura  bir neçə  mis əşya  da  daxildir  - arxa 
ucluqları  olan  sırğalar, iki muncuq  və nazik rombvari  əşya.  Saxsı məmulatı 
kobud  işləməli,  az  bişirilmiş  olub  qırmızı  rəngdədir.  Əldə  olunan  bütün 
qablar  yastı  oturacaqlıdırlar  və  nadir  hallarda  qulplara  və  qab  qırıqlarına 
təsadüf  olunur;  əsasən  kasalar,  dərin  piyalələr,  qabarıq  gövdəli,  hündür  dar 
boğaz  kuzələr  çoxluq  təşkil  edirdi.  Onların  üzərində  ornament  yoxdur. 
Abidədə  bir  bütöv  və  20  parça  halında  boyalı  qab  qırığı  mövcuddur. 
Antropomorf  və  zoomorf  heykəlciklərə  rast  gəlinmir,  lakin  bir  neçə  gil, 
funksiyası məlum olmayan məmulat aşkar olunmuşdu. 
Bu  abidənin  ən  aşağı  qatı  Mil-Qarabağ  düzündə  qeydə  alınmışdır. 
Quruçay  və  Köndələnçay  arasındakı  ərazidə  də  həmçinin  bir  neçə  eneolit 
təbəqəsinə  malik  yaşayış  məskənləri  açılmışdır  -  Günəştəpə,  Zərgərtəpə, 
Çadırtəpə.  Eneolit  məskənlərinin  ikinci  qrupu  Muğan  düzündə  yerləşir  - 
Əliköməktəpə,  Üçtəpə,  Mişarçay  I-IV,  Qurudərə  I-IV  və  s.  Erkən  əkinçi 
məskənlərinin üçüncü qrupu Azərbaycanın qərb bölgəsində - Kür çayı sahili, 
Qazax  rayonu  ərazisində  aşkar  olunub  Töyrətəpə,  Şomutəpə,  Babadərviş  və 
Qarğalartəpəsi.  Eneolit  abidələri,  həmçinin  Tovuzçay  və  Şəmkirçay 
hövzələrində də tədqiq olunmuşdur. 
Bu  mədəniyyətlər  özünü  yalnız  məişət  abidələri  şəklində  təcəssüm 
etdirmir.  Bunlar  əsasən  çay  kənarında  təbii  təpələrdə  salınmış  yaşayış 
məskənləridir.  Düzənlik  və  dağətəyi  zonalarda  yerləşən  məskənlərlə  yanaşı 
bir  sıra  erkən  əkinçi  yaşayış  məskənləri  daha  yüksək  yerlərdə  -  təbii  çay 
hövzələrində,  çay  qovşaqlarında  salınmışdı.  Bəzi  abidələrin  nisbi 
xronologiyası radiokarbonal üsulla təyin olunmuşdur. Məs.: 
1.
 
Şomutəpə - e.ə. 5560 ± 70 il 
2.
 
Töyrətəpə - e.ə. 4295± 125 il 
3.
 
Kültəpə - e.ə. 3807 ±90 il 
4.
 
Qarğalartəpəsi - e.ə. 4800 ± 60 il 
Beləliklə,  yuxarıda  sadalanan  tarixlərin  əksəriyyəti  e.ə.  V  minilliyyə, 
biri  -  e.ə.  IV  minilliyin  ortalarına  təsadüf  edir  ki,  bu  da  Cənubi  Qafqazda 
eneolit  dövrünün  inkişafının  e.ə.  V  minillikdə  formalaşması  və  inkişafın 
ikinci mərhələsinin e.ə. IV minilliklə əlaqəli olduğunu göstərir. 
Azərbaycanın  eneolit  dövrü  abidələri  iki  qrupa  bölünür:  I  qrup 
abidələr neolit xüsusiyyətləri daşıyır. Bu tip abidələrə alt təbəqəsi, Şomutəpə, 
Töyrətəpə, Qarğalartəpə, Baba Dərviş daxil olmaqla, Mil Qarabağ və Muğan 
düzlərinin  bir  sıra  yaşayış  məskənləri  aiddir.  II  qrupa  isə  inkişaf  etmiş 
eneolitə  aid  olan  Kiçik  Qafqaz  dağ  silsiləsi  ilə  Kür  çayı  arasındakı  yaşayış 
məskənləri daxildir. 

54 
 
Şomutəpə. Dairəvi formaya malik, diametri 100 m olan kiçik təpədir. 
Mədəni  təbəqənin  qalınlığı  orta  hesabla  1  m-dir.  Dairəvi  planlı  evlər 
(diametri  3m  və  daha  artıq)  və  təsərrüfat  tikililəri  (dərinliyi  2m)  əsasən  çiy 
kərpicdən  inşa  edilmişdir.  Otaqlara  giriş  dördbucaqlı  kəsik  formasında 
tikilmişdir.  Sobalar  aşkar  olunmasa  da,  ayrı-ayrı  divarların  kənarında  ocaq 
izlərinə rast gəlinir. Dövrünə görə yaşayış evlərinin damlarında işıq düşməsi 
və tüstünün çıxması məqsədilə dəlik açılırdı. Bəzi evlərin quyuları vardı. Bu 
quyulardan  buğda  saxlamaq  məqsədilə  istifadə  olunurdu.  Ocaq  izlərinə 
həyətlərdə  də  təsadüf  olunmuşdur.  Burada,  həmçinin  dairəvi  planlı  yaşayış 
yerləri  yarımqazmalar  aşkar  olunmuşdur.  Şomutəpədən  3  km  şərqdə 
Töyrətəpə  yerləşir.  Töyrətəpə  diametri  100  m  və  hündürlüyü  6  m  olan 
abidədir.  Yaşayış  evlərinin  və  təsərrüfat  xarakterli  tikililərin  forması,  tikinti 
materialının növü, tikililərin planlaşdırılması Şomutəpədən fərqlidir. Dövrünə 
görə  çaxmaq  daşı  və  (kremendən)  hazırlanan  daş  məmulatları  müxtəlif 
məqsədlərlə istifadə olunurdu kəsici, deşici alətlər, kombinə silahlar və s. Bu 
dövrdə  çay  çınqılı  da  geniş  istifadə  olunan  təbii  materiallardan  idi.  Daşın 
işlənməsi  və  silah  hazırlanması  yaşayış  məskənlərinin  ərazisində  aparılırdı. 
Müəyyən  olunmuşdur  ki,  Şomutəpə  və  Töyrətəpədən  tapılan  əşyaların 
hazırlanmasında  eyni  texnikadan  və  eyni  xammaldan  istifadə  olunmuşdu. 
Əldə  olunan  saxsı  qablar  formaca  sadə  olub,  kobud  işləməyə  malikdirlər. 
Onlar qulpsuz yastı oturacaqlıdırlar. Aşkar olunan ayrı-ayrı saxsı qırıqlarının 
isə  üfüqi  çıxıntı  şəkildə  olan  qulpları  vardı.  Qablar  bitki  tərkibli  (saman) 
gildən  hazırlanıb  və  əksər  hallarda  qırmızı-qəhvəyi,  nadir  hallarda  isə  sarı-
qəhvəyi  rəngdə müşahidə  olunur.  Qabların  üzərini  bəzəyən  ornamentlər  bir, 
yaxud  bir  neçə  sıra  ilə  qabın  üzərinə  şaquli  istiqamətdə  yapışdırılmış  girdə 
göbələkvari  çıxıntılar  şəklindədirlər.  Həmçinin qabların  üzərində  dişli alətlə 
yerinə yetirilmiş özünəməxsus kəsmə ornament nümunələrinə də rast gəlmək 
mümkündür.  Qablar  arasında  cam  formalı  küplər  də  vardır.  Dulusçuluq 
məmulatlarının  kiçik  bir  qrupunu  antropomorf  gil  heykəlciklər  təşkil  edir. 
Onlara 
nadir 
hallarda 
təsadüf 
olunur.  Məsələn,  Çalağantəpədən, 
Leylatəpədən, Qarğalartəpəsindən aşkar olunmuş qadın heykəlcikləri. 
XX  əsrin  80-ci  illərində  Qarabağda  e.ə.  IV  minilliyin  I  yarısına  aid 
Leylatəpə  yaşayış  yeri  I.Nərimanov  tərəfindən  aşkar  olunmuşdur.  Bu 
mədəniyyətə  aid  yaşayış  yerləri  və  qəbir  abidələri  Çinartəpə,  Şomutəpə, 
Abdal  Əziztəpə,  Böyük  Kəsik,  Poylu,  Soyuq  bulaq,  Ağılı  dərə  və  s. 
öyrənilmişdir.  Bu  abidələrdən  bir  qrupu  2004-2005-ci  illərdə  BTC  neft 
kəmərinin tikintisi zamanı aşkar olunmuşdur. 
Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin