Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu il tarixli


 Gürcüstanın və Şimali Qafqazın daş dövrü



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix07.01.2017
ölçüsü4,11 Mb.
#5016
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   14

2. Gürcüstanın və Şimali Qafqazın daş dövrü 
arxeoloji abidələri 
 
Qafqazda  daş  dövrü  abidələrinin  izlərinin  axtarışlarına  Tbilisi 
ərazisində  keçirilmiş  V  Arxeoloji  Qurultayın  tədqiqat  işlərinə  hazırlıq 
mərhələsində,  1881-ci  ildə  başlanmışdır.  Lakin  Qafqazın  paleolit  dövrünün 
araşdırılmasının  ilk  addımı  kimi  1898-ci  ildə  fransız  alimi  Cozef  de  Bay 
tərəfindən  Şimali  Qafqazda-Krasnodar  yaxınlığında  İl  adlı  Mustye 
düşərgəsinin aşkar edilməsi qəbul olunur. Paleolit dövrü abidələrinin Cənubi 
Qafqazda açılması isə bir qədər sonra, fransız  alimi Jak de Morqanın Qərbi 
Azərbaycan  ərazisinə  səfəri  ilə  əlaqələndirilir.  Ümumiyyətlə,  Qafqazın 
paleolit  dövrü  abidələrini  araşdıran  arxeoloqların  işini  dörd  əsas  mərhələyə 
bölmək olar: 
I mərhələ XIX əsrin sonlarından 1934-cü ilə qədərki dövrü əhatə edir 
və daha öncə aşkar olunmuş abidələrin tədqiqatı ilə xarakterizə olunur. 1925-
ci ildə S.Zamyatn II düşərgəsində araşdırma işlərinə yenidən başlayır. 

39 
 
II  mərhələ  1934-1941-ci  illəri  əhatə  edir.  Bu  zaman  sovet 
qafqazşünaslıq elminin təməli qoyulmaqda idi. Planlı axtarış işləri Qafqazın 
Qara  dəniz  ətrafını  əhatə  edirdi  və  bir  sıra  paleolit  abidələri  məhz  bu 
mərhələdə aşkar edilmişdir. Məs., Soçi-Abxaz Qara dəniz ətrafı bölgəsində - 
Yaştux, Qvard, Mustye dövrü abidələrindən-Oçamçire, Eşeri, Kelasuri və s. 
S.N.Zamyatnin  tədqiqatlarının  əsas  nailiyyətlərindən  olan  Aşel  və 
Mustye  dövrünə  aid  iki  abidə  Qərbi  Azərbaycanda  (indiki  Ermənistanda) 
tədqiq olunmuşdur. 
III  mərhələ  1945-1955-ci  illəri  əhatə  edir.  Bu  mərhələni 
səciyyələndirən ən əhəmiyyətli yenilik erkən paleolit abidələrinin və tədqiqat 
zamanı  qarşıya  çıxan  problemlərin həllinə  Milli  Qafqaz  elmi  mərkəzlərində 
yetişmiş arxeoloq-alimlərin də cəlb olunması idi. III mərhələdə əldə olunmuş 
böyük uğur - Qərbi Azərbaycan və cənubi Osetiya ərazisində Aşel və Mustye 
mədəniyyətinə  aid  edilən  abidələrin  yerləşdiyi  iki  böyük  rayonun  aşkar 
edilməsi hesab olunur. 
IV  mərhələ  1955-ci  ildən  başlayaraq  günümüzə  qədər  davam 
etməkdədir. Tədqiqatlar zamanı Aşel mədəniyyətini özündə təcəssüm etdirən 
çoxtəbəqəli mağara-məskən aşkar edilmişdir. Bunlar  - Kudaro I, Kudaro III 
və Cənubi Osetiya bölgəsində yerləşən Tsona abidəsidir. 
Hazırda  alt  paleolit  demək  olar  ki,  Qafqazın  bütün  bölgələrində 
müəyyən olunmuşdur. 
Cənubi Qafqazın ən mühüm abidələrindən olan Satani-dar, Yerevan I, 
Lusakert  I,  II  Azərbaycanın  qərb  bölgəsində  -  İrəvan  ərazisində  yerləşir. 
Abidədən  əldə  olunan  Mustye  dövrünə  aid  əmək  alətləri  Azıx,  Tağlar 
mağara-düşərgələrindən  əldə  olunan  müxtəlif  inkişaf  dövrlərinin  əmək 
alətləri ilə yaxın analogiya təşkil edir. Bu da yəqin ki, təsadüfi olmayıb Azıx 
mağarasının  ilk  sakinlərinin  tədricən  mağaranı  tərk  edərək  yüksək  yerlərdə 
məskunlaşması ilə əlaqədar olmuşdur. 
Satani-dar  (Qərbi  Azərbaycan  -  Şeytan  dərəsi).  İndiki  Ermənistanın 
cənub-qərbində Araqaç dağının aşağı ətəklərində yerləşən bu abidədən keçən 
yüzilliklərdə  xeyli  miqdarda  çaxmaqdaşı  və  bazaltdan  hazırlanmış  əmək 
alətləri  aşkar  edilmişdi.  Onların  içərisindən  1950-ci  ildə  M.Z.Paniçkina  və 
1954-cü ildə D.A.Sardaryan arxaik  - şel dövrünə aid əmək alətlərini scçərək 
xüsusi bir qrupa aid etmişlər. Şell dövrü əmək alətlərinin çox primitiv üsulla 
kobud  şəkildə  hazırlanması,  məhdud  funksiyaları  daşımaları  baxımından 
Satani-dar abidəsi üçün elmdə bu günə qədər aktuallığını saxlayır. 
Qərbi  Gürcüstanın  mağara  tipli  düşərgələrinə  Kutaisi  yaxınlığındakı 
məşhur mağara aiddir. İlk dəfə bu mağara tipli düşərgə 1914-cü ildə Şmidt və 
L.Kozlovski  tərəfindən  öyrənilmişdir.  1926-28-ci  illərdə  gürcü  alimi 
Q.K.Nioradze  Çxerimel  çayı  sahilində  yerləşən  Devis-Xvrali  mağarasını 
aşkar etmişdir. Bu dövrün abidələr qrupuna Mqvimevi-talvar tipli qayalıqlar 

40 
 
və  Qərbi  Gürcüstanın  mağara  tipli  düşərgələrində  1916-1917-ci  illərdə 
S.Krukovski tərəfindən aşkar edilən Kvadjila-Klde mağarası da aiddir. 
Dmanisi.  Dmanisi  paleolit  düşərgəsi  Tbilisi  şəhərindən  90  km  aralı 
olub  Çavaxeti  dağlarında  yerləşir.  Abidədə  1980-cı  ildən  etibarən  arxeoloji 
qazıntı  işləri  aparılmışdır.  Mağarada  1991-2002-ci  illər  ərzində  aparılmış 
qazıntı  işləri  zamanı  dörd  metrlik  çöküntü  qalıqları  üzə  çıxarılmış,  daş 
məmulatları,  paleoantropoloji  tapıntıları  qeydə  alınmışdır.  Abidədə  aparılan 
kompleks arxeoloji tədqiqatlar nəticəsində 6 təbəqə qeydə alınmışdır. Beşinci 
təbəqədən qədim insana məxsus paleoantropoloji tapıntılar əldə olunmuşdur. 
Tədqiqi  göstərir  ki,  Dmanisidən  tapılan  insan  sümükləri  Şərqi  Afrikanın 
(Yava-Pitikanrop) qədim insan tapıntıları ilə yaxın analogiya təşkil edir və bu 
tapıntılar Homo habilisdən (kamil insan)  - Homo erektusa (dik gəzən insan) 
keçid  mərhələsinə  aid  olunur.  Dmanisi  düşərgəsindən  aşkar  olunmuş  qədim 
insan  qalıqları  şərti  olaraq  Homo  Dmanisi  adlandırılmışdır.  Mağaradan 
qədim insanlara aid dörd kəllə və dörd çənə qalığı aşkar edilmişdir. Dmanisi 
rayonunda  aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  burada  qədim 
insanların 1,7-1,8 mln il bundan əvvəl məskunlaşması müəyyən edilmişdir. 
Düşərgədə  qazıntı  işləri  arxeoloq  D.Lordkiparidzenin  rəhbərliyi  ilə 
aparılmışdır.  Aparılan  arxeoloji  qazıntılar  zamanı  II,  III  və  V  təbəqədən 
zəngin  arxeoloji  materiallar  tapılmışdır.  Maddi-mədəniyyət  qalıqları 
içərisində  əsas  yeri  çay  daşlarından hazırlanmış kobud  çapma  alətləri təşkil 
edir. 
Kudaro  mağara düşərgələri Böyük Qafqaz dağları ərazisində Cənubi 
Osetiyanın  Cav  rayonunda,  Adcori  çayının  sol  sahilində  yerləşir.  Mağara 
dəniz  səviyyəsindən  1600  metr  yüksəklikdədir.  Kudaro  I  mağarasının 
çöküntülərində  altı  mədəni  təbəqə  qeydə  alınmışdır.  Abidənin  ilk  təbəqəsi 
Aşel  dövrünə  aiddir.  Abidənin  V-VI  təbəqələrindən  Aşel  dövrünə  aid  olan 
maddi mədəniyyət nümunələri tapılmışdır. Düşərgənin əmək alətləri kobud əl 
çapacaqları və qaşovlardan ibarətdir. 
Kudaro III mağara düşərgəsi Kudaro I düşərgəsinin yaxınlığında olub, 
7  mədəni  təbəqədən  ibarətdir.  Abidənin  II  təbəqəsi  mezolit,  III-IV  təbəqəsi 
Mustye, V-VI təbəqəsi isə Aşel dövrünə aid edilmişdir. 
Abidədə  1955-1990-cı  illər  arasında  V.P.Lyubinin  rəhbərliyi  ilə 
qazıntı işləri aparılmışdır. 
Qafqazın paleolit düşərgələrindən biri də Tsona mağarasıdır. Mağara 
Cənubi  Osetiya  ərazisində  olub,  Kudaro  mağara  düşərgəsindən  5-6  km 
cənubda  dəniz  səviyyəsindən  2100  metr  yüksəklikdə  yerləşir.  Mağarada 
qazıntı  işləri  1958-69-cu  illər  arası  A.N.Kalandadzenin  rəhbərliyi  altında 
aparılmışdır. 1977-ci ildə isə bu abidədə qazıntı işlərinə D.M.Tuşabramişvili 
rəhbərlik  etmişdir.  Düşərgənin  III-IV-V  təbəqələrindən  Mustye,  VI-VII 
təbəqələrindən  isə  Aşel  dövrünə  aid  maddi-mədəniyyət  qalıqları  aşkar 

41 
 
olunmuşdur.  Tsona  mağara  düşərgəsinin  çöküntü  qalıqlarının  ümumi 
qalınlığı  16  m-ə  bərabərdir.  Abidədən  arxeoloji  qazıntılar  zamanı  daş 
məmulatları  və  fauna  qalıqları  əldə  edilmişdir.  Əmək  alətləri  içərisində  əl 
çapacaqları və kobud çapma alətləri çoxluq təşkil edir. 
Qafqazın  üst  paleolit  dövrü  düşərgələrindən  biri  də  Axiştır 
mağarasıdır. Mağara Qara dənizin sahilində Soçi şəhərindən 15 km cənubda 
Mizimti  çayının  sol  sahilində  dəniz  səviyyəsindən  300  m  yüksəklikdə 
yerləşir.  Mağara  ilk  dəfə  1936-cı  ildə  M.Z.Paniçkina  tərəfindən  qeydə 
alınmışdır.  Abidədə  1937-1938-ci  illərdə  S.N.Zamyatnin  rəhbərliyi  altında 
qazıntı  işləri  aparılmışdır.  Mağarada  çöküntünün  ümumi  qalınlığı  6  m-dir. 
Abidənin çöküntülərində 7 mədəni təbəqə qeydə alınmışdır. III təbəqədən üst 
paleolit,  aşağı  təbəqədən  isə  Mustye  mədəniyyətinə  aid  maddi  mədəniyyət 
qalıqları  aşkar  edilmişdir.  Sonrakı  dövrlərin  qazıntıları  bu  abidədə  daha  2 
təbəqə  -  mezolit  və  eneolit  dövrü  təbəqələrini  üzə  çıxarmışdır.  Abidədən  6 
minə  yaxın  fauna  qalıqları,  4  minə  yaxın  daş  məmulatı  aşkar  olunmuşdur. 
Əldə olunan fauna qalıqlarının 90%-dən çoxunu mağara ayılarının sümükləri 
təşkil  edir.  Düşərgənin  daş  məmulatlarının  əksəriyyəti  çaxmaq  daşından 
hazırlanmış alətlərdən ibarətdir. 
Kep-Boğaz  (və  yaxud  Apianca  mağarası)  Abxaziyanın  Gülripş 
bölgəsinin  Çebelda  kəndindən  5  km  cənubda,  dəniz  səviyyəsindən  450  m 
hündürlükdə Kodora çayının sağ sahilində və Apianca dağının şərq ətəklərinə 
yaxınlıqda  yerləşir.  Mağara  276  m
2
-lik  bir  sahəyə  malikdir.  Abidə  1940-cı 
ildə  L.N.Solovyov  tərəfindən  aşkar  edilmişdi.  Mağaranın  aşağı  qatlarından 
tapılan  ayrı-ayrı  əmək  alətləri  mustye  dövrünə  aid  edilir.  Mağaranın 
araşdırılması  müasir  dövrümüzə  qədər  davam  edir.  Bununla  belə,  elmi 
nəşrlərdə  mağaradan  üst  paleolit  dövrünə  aid  xarakterik  əmək  alətlərinin 
tapılması haqqında məlumatlar mövcuddur. 
Daş dövründə, həmçinin indiki insan irqlərinin, demək olar ki, hamısı 
formalaşmış  və  inkişaf  etmişdir.  Yer  kürəsinin  insan  tərəfindən  intensiv 
mənimsənilməsi prosesi də məhz bu dövrə təsadüf edir. Daş dövründə bir sıra 
böyük  ixtiralar  edilmişdir  ki,  bu  ixtiralar  insan  cəmiyyətinin  sonrakı 
inkişafına  əsaslı  təsir  göstərmişdir.  Həmin  ixtiraların  sırasına  odun  əldə 
olunması  və  onunla  davranış  üsulu,  geyimin  kəşf  edilməsi  və  evlərin 
tikilməsinin öyrənilməsi, balıqçılıq, ovçuluq və əmək alətlərinin, o cümlədən 
də, oxun ixtirası aid edilir. Daş dövrünün sonlarında insanlar artıq qab-qacaq 
hazırlamağı,  parça  istehsal  etməyi  öyrənmişdilər.  Həmçinin,  bu  dövrdə 
müxtəlif  materiallar  -  daş,  sümük,  ağac,  müxtəlif  heyvan,  bitkilərin  xeyirli 
cəhətləri  haqqında  məlumatların  toplanması  da  az  əhəmiyyət  daşımırdı. 
Nəhayət, daş dövrünün sonunda insan tarixinin ən böyük inqilablarından biri 
baş  verdi.  İnsan  artıq  əkinçilik  və  maldarlığı  mənimsəməklə  insehsal 
təsərrüfatına  keçdi.  Daş  dövrünün  -  insan  tarixinin  bu  özülünün  əhəmiyyəti 

42 
 
müqayisə olunmaz dərəcədə böyükdür. O qədər böyük və əvəzolunmazdır ki, 
onsuz insan cəmiyyətinin sonrakı tarixi təsəvvür olunmazdır. 
Beləliklə,  Qafqazın  daş  dövrü  abidələrinin  bir-birindən  bəzi 
parametrlərə  görə  kəskin  fərqlənməsi  üst  paleolitin  sonlarında  artıq  nəzərə 
çarpır. Ehtimal etmək olar ki, məhz bu zamandan etibarən hər bir mədəniyyət 
müstəqil olaraq inkişaf etməyə başlamışdır. Şimali Qafqazla Cənubi Qafqaz 
arasında müəyyən fərqli cəhətlər meydana gəlmişdir. Qafqaz sıra dağları bu 
əraziləri  2  hissəyə  bölmüşdür.  Qafqazın  Qara  dəniz  sahillərində  və  Şimali 
Qafqazda  ayrı-ayrı  insan  qruplarının  miqrasiyası  və  mədəni  əlaqələri 
arxeoloji abidələrdə də öz əksini tapmaqdadır. 
Üstpaleolit  dövründə  Qafqaz  dağlarının  ətəklərində  yaşamağa 
başlayan  insanların  əsasən  ovçuluqla  məşğul  olmaqlarını  aşkar  edilən 
osteoloji  qalıqların  analizi  nəticələrində  də  sübut  olunmuşdur.  Bu  dövrdə 
şərait  və  məkan  imkanı  daxilində  ovçuluq  və  yığıcılıq  xüsusi  məşğuliyyətə 
çevrilir. 
Aşkar  edilən  mədəniyyətlərin  lokal  xüsusiyyətlərinə  əsaslanaraq,  bir 
çox  alimlər  üst  paleolitdə  qəbilə-tayfa  münasibətlərini  bərpa  etməyə  cəhd 
etmişlər. Ehtimal etmək olar ki, etnik və yaxud tarixi-mədəni insan qrupları 
zaman getdikcə tayfalarda birləşmişlər. 
İnsan  cəmiyyətinin  paleolit  dövrü  bir  neçə  xronoloji  mərhələlərə 
bölünür  -  alt,  yaxud  erkən  paleolit  2  mln  ildən-100  min  ilə  qədər;  orta 
paleolit-100 min ildən-40 min ilə qədər; üst yaxud son paleolit 40 min ildən-
12 min ilə qədər. 
Cənubi  Qafqazda  Aşel  dövrünə  aid  olan  mağara  və  düşərgələrdə 
mədəni  təbəqənin  qalıqları  Şel  dövrü  ilə  müqayisədə  daha  geniş  ərazilərdə 
(əsasən  çay  kənarında)  təsadüf  olunur.  Əksər  hallarda  Aşel  dövrünə  aid 
tapıntılar  mədəni  təbəqənin  II  qatında  yerləşir.  1934-1936-cı  illərdə 
S.N.Zamyatnin Qafqazın Qara dəniz sahillərində, Abxaziyada, konkret olaraq 
Suxumi yaxınlığında Yaştux dağ yamacında bu tip materiallar aşkar etmişdir. 
Abxaziyanın  Aşel  dövrünə  aid  tapıntıları  (klekton),  çay  sahilində  ayrı-ayrı 
təbəqələrdə aşkar  edilmişdir.  Bu  tapıntılar nəticəsində  aydın  olur  ki,  80-100 
m-lik  çay  terrasında  aşkar  edilən  Aşel  dövrü  əmək  alətləri  30-40  m 
hündürlükdə  olan  Mustye  tipinə  də  aiddir.  Abxaziyanın  Aşel  dövrü  əmək 
alətləri  içərisində  kobud,  iri  çaxmaq  daşından  hazırlanmış  alətlər  və  diskə 
bənzər  nukleuslara  da  təsadüf  olunmuşdur.  Aşkar  edilmə  şəraitinə  görə 
Abxaziyanın  bu  dövr  maddi  mədəniyyət  qalıqları  Qərbi  Azərbaycandan 
(indiki  Ermənistan) tapılan  analoji  əşyalarla  eynilik  təşkil  edir.  O  cümlədən, 
1933-cü  ildə  ixtisasca  geoloq  olan  A.P.Demexin  Arzni  çayının  qurumuş 
hissəsində  apardığı  tədqiqat  zamanı  dəvə  gözündən  hazırlanmış  əmək  aləti 
aşkar etmişdir. 1946-cı ildə Qoqutlu dağının cənub-qərbində də bu cür Aşel 
tipli əmək alətləri aşkar edilmişdir. 

43 
 
4. Qafqazın mezolit və neolit dövrü arxeoloji abidələri 
 
Mezolit  dövrünün  başlanğıcı  paleolitlə  müqayisədə  daha  əlverişli 
iqlim şəraitinə malik olan qolosen-müasir geoloji mərhələsi ilə üst-üstə düşür. 
Bu  zaman  daş  dövrünün  minilliklər  boyu  ovçuluq  və  ilkin  ənənələrə 
əsaslanan  mədəniyyəti  yeni  bir  mədəniyyətlə  əvəz  olunur.  Mezolit  üçün 
xarakterik  cəhət  mənimsəmə  təsərrüfatından  istehsal  təsərrüfatına  keçidin 
əsasının qoyulmasıdır. Paleolit insanından fərqli olaraq mezolit dövrü insanı 
ətraf  təbii  resurslardan  faydalanırdı.  Bu  dövrdə  balıq  ovunun  təkmilləşməsi 
müşahidə  olunur.  İnsan  ilk  dəfə  olaraq  ilkin  materialın  ölçülərindən  asılı 
olmayan  yeni  və  daha  böyük  həcmli  alətlər  hazırlamağı  öyrənir.  Bu  dövrdə 
mikrolitlər  meydana  gəlir.  Bunlar  həndəsi  formalı  (üçbucaq,  trapes  şəkilli) 
bıçaqlar idilər. Mezolitdə, həmçinin heyvanların əhliləşdirilməsinə başlanılır 
və bitkilərin ilkin seleksiyası öyrənilir. 
İlk mezolit abidələri 1887-ci ildə fransız alimi E.Pet tərəfindən Maz-d-
Azil  mağarasından  aşkar  edilmişdi.  Qafqazda  isə  yerli  paleolit  mədəniyyəti 
əsasında mezolit mədəniyyəti formalaşmışdı. Bunu Azərbaycan  ərazisindəki 
Damcılı 
düşərgəsinin,  Qobustan  abidəsinin,  Dağıstan  ərazisindəki 
çoxtəbəqəli Çox yaşayış məskəninin, Soçidəki Asin mağarasının, Osetiyadakı 
birtəbəqəli  Şau-Leqet  düşərgəsinin  tədqiqatları zamanı  əldə olunmuş dəlillər 
sübut edir. Mezolit dövrü abidələri bir-birindən əhatə etdiyi inventarın həcmi 
ilə fərqlənir. 
Mezolit  dövrünün  başlanğıcı  qolotsen  dövrü  ilə  eyni  vaxtda,  yəni 
iqlim  şəraitinin  dəyişməsi  və  böyük  buz  laylarının  əriməyə  başlaması 
zamanına təsadüf edir. 
Mezolit  dövrü  XII-VIII  minillikləri  əhatə  edir.  Arxeoloji  tədqiqatlar 
nəticəsində Azərbaycan ərazisində mezolit dövrünə aid Damcılı və Qobustan 
abidələri aşkar olunmuşdur. Damcılıdan tapılmış əmək alətləri arasında kiçik, 
həndəsi  formalı  bıçaqlar,  bizlər,  kəsici,  deşici  alətlər  xüsusi  maraq  doğurur. 
Ən müxtəlif və çoxsaylı tapıntılar Qobustandan, daha dəqiq desək, Kiçikdaş, 
Böyükdaş  və  Cıngırdağdan  tapılmışdır.  Qazıntılar  İ.Cəfərzadənin  rəhbərliyi 
ilə 1940-1965-ci illərdə aparılmış, 55 min maddi-mədəniyyət qalığı və 6 min 
qayaüstü  rəsm  toplanmışdır.  Sonradan  qazıntı  işləri  C.Rüstəmov  və 
F.Muradova  tərəfindən  davam  etdirilmişdir.  Həmçinin  Qobustanda  aparılan 
qazıntılar zamanı mezolit dövrünə aid qəbir abidəsi də aşkarlanmışdır. Firuz 
adlandırılan düşərgədən tapılan qəbirdə 12 nəfər insan dəfn olunmuşdur. 
Mezolit  dövrünə  aid  olan  abidələr  Qafqazın  digər  ərazilərində  də 
araşdırılmışdır. Misal üçün, B.A.Kuftin tərəfindən Trialetidə Barmaqsız dərə 
ərazisində Mezolit dövrünün mağara düşərgəsi aşkar edilmişdir. 
Mikrolit  tipli  əmək  alətləri  ilə  zəngin  olan  digər  bir  abidə  Qərbi 
Gürcüstanda,  Zuqdidi  şəhərinin  şimal-şərqində  Odişi  kəndi  yaxınlığında 

44 
 
A.N.Kalandadze  tərəfindən  aşkar  edilmişdir.  Odişidə mikrolitlərlə  yanaşı iri 
daş əmək alətləri, yəni makrolitlər də tapılmışdır. Ehtimal edilir ki, bu əmək 
alətləri  mezolitin  sonu,  neolitin  əvvəllərində  erkən  əkinçilikdə  istifadə 
olunmuşdur.  Bu  faktı  sübuta  yetirən  digər  tapıntılardan  əkinçilikdə  istifadə 
edilən  xışın  bəzi  hissələri,  daş  döyəcəklər,  sürtgəclər  və  s.  misal  göstərmək 
olar. 
Ayrı-ayrı mezolit abidələri bir-birindən öz materialları ilə fərqlənirlər. 
Misal üçün, Abxaziyada mikrolit alətlərlə yanaşı, çay daşlarından düzəldilmiş 
kobud vurma alətlərinə də təsadüf olunmuşdur. 
Bəzi fərqlərə baxmayaraq Qafqazın mezolit dövrü abidələri bir bütöv 
etno-mədəni birlik təşkil edir. Qafqaz sakinləri dağ keçiləri, ayı, maral, öküz 
ovu ilə məşğul olmuşdular. Bunu mədəni təbəqələrdən aşkar edilmiş heyvan 
sümükləri sübut edir. 
Gürcüstanın  paleolit  və  mezolit  dövrü  abidələrinin  ilk  təsvirlərini 
1834-cü  ildə  fransız  səyyahı  Dyubua  de  Monperi  vermişdir.  Lakin  çaxmaq 
daşından olan əmək alətlərinin əldə olunduğu qazıntılar İsveç geoloqu Ernest 
Favr  və  polkovnik  V.Statkovski  tərəfindən  aparılmışdır.  Bizim  dövrümüzə 
qədər  gəlib  çatmış  materiallar  1914-cü  ildə  R.Şmidt  və  L.Kozlovskinin 
rəhbərliyi  ilə  mağaralarda,  Barataşvili  tərəfindən  qayaaltı  sığınacağında 
aparılan  qazıntılar  zamanı  aşkar  olunmuşdur.  Nəhayət,  1910-cu  ildə 
S.A.Krukovski  İmeretiyada  bir  sıra  mağaraları  tədqiq  etmiş  və  Qvardilas 
Klde  qazıntılarına  başlamışdır.  1924-cü  ildə  professor-alim  S.Zamyatnin 
Kutaisi  və  Çitaur  ətrafında  mağaraların  tədqiqinə  başlamışdı.  Müharibədən 
sonra  qazıntı  işləri  L.A.Maruaşvili  tərəfindən  aşkar  edilmiş  Zurtaket 
düşərgəsinin  tədqiqi  ilə  yenidən  canlanmışdır.  XX  əsrin  50-ci  illərində  isə 
Saqvardjile  mağarasını  tədqiq  etmək  məqsədilə  N.Kiladzenin  rəhbərliyi 
altında  ekspedisiya  təşkil  olmuşdur.  Qara  dəniz  ətrafında  başlanmış  işləri 
1958-ci  ildə  N.Berdzeneşvilinin  rəhbəri  olduğu  Abxaziya  arxeoloji 
ekspedisiyası  davam  etdirmişdir.  Şimali  Qafqaz  arxeoloji  abidələrində  də 
əsaslı  işlər  gedirdi.  1957-ci  ildə  S.Zamyatnin  və  P.Akritas  Soskuro 
talvarlarını  və  Boriskov  çökəkliyini  tədqiq  etmişdilər.  Dağıstan  ərazisində, 
Sulak çayı hövzəsində V.Kotoviç 1954-1957-ci illərdə Çox yaşayış məskəni 
və Saqa-Çuka bölgəsini tədqiq etmişdir. 
Son  paleolitin  Qafqaz  ərazisində  mərhələləşməsi  işini  S.İ.Zamyatn 
aparmışdı. O, buradakı son paleolit dövrünü Qərbi Avropa və Rusiyanın eyni 
dövrü ilə müqayisə edərək, onu Aralıq dənizi Xəzər hövzəsi mədəni əyalətinə 
aid etmişdir. A.Formozov sonralar bu mülahizələri təkzib etmiş və Qafqazın 
cənub  abidələrini  yalnız  Yaxın  Şərqlə  əlaqələndirmişdir.  Qafqazın  çoxsaylı 
neolit və mezolit abidələri Yaxın Şərqlə bir sıra ümumi cəhətlərə malikdirlər. 
Qafqazın  abidələri  məlum  əlamətləri  daşıyaraq  Ön  Asiya  mədəniyyətinin 
inkişaf prosesi ilə əlaqələndirilir. O Şərqdə Orta Asiya və Şimalda cənubi rus 

45 
 
çölləri  mədəniyyətlərindən  əsaslı  sürətdə  fərqlənir.  Qafqazda  İmeretiya  və 
Qub mədəniyyətləri də müəyyən olunmuşdur. İmeretiya mədəniyyəti üçün iti 
ox  ucluqları,  sümük  ucluqlar,  qarpunlar  xarakterikdir.  Şimali  Qafqazın 
qərbini  səciyyələndirən  Qub  mədəniyyəti  üçün  isə  özünəməxsus  cilalanma 
yolu  ilə  hazırlanmış  iti,  kəsici  alətlər  xarakterikdir.  Mezolit  dövrünə 
xarakterik  olan  hündür  trapesiyaların  özünəməxsus  formaları,  ikitərəfli 
sümük ucluqlar geniş yayılmışdı. 
Çox yaşayış məskəni və Çox mədəniyyəti mezolit dövrünə aid edilir. 
Şimali Qafqazın Şərq hissəsində daş dövrünə aid tam öyrənilən yeganə abidə 
Çox  yaşayış  yeri sayılır. Çox yaşayış məskəni Dağıstanın Quniy  bölgəsində 
eyni  adlı  kəndin  yaxınlığında  Köysu  çayının  sahilində  yerləşir.  Abidəni  ilk 
dəfə V.Q.Kotoviç aşkar etmiş və ilkin qazıntılar nəticəsində 6 mədəni təbəqə 
öyrənmişdir. Onlardan 2-si mezolit dövrünə, 4-ü üst paleolitə aid olunur. 
Görkəmli  rus  arxeoloqu  A.A.Formozov  bu  abidənin  I-V  mədəni 
təbəqələrini  mezolitin  ayrı-ayrı  dövrlərinə,  VI  mədəni  təbəqəni  isə  eneolitin 
son  dövrünə  aid  etmişdir.  Aparılan  analizlər  abidənin  əsasən  qolosen 
dövründə  fəaliyyət  göstərdiyini,  son  pleystosendə  isə  artıq  yaşayışın 
olmadığını sübut edir. Bu xronoloji çərçivəni aşkar edilən mikrolit tipli əmək 
alətləri də bir daha sübut edir və qətiyyətlə Çox  yaşayış məskəninin mezolit 
dövrünə aid olmasını təsdiqləyir. 
Şimali  Qafqazın  mərkəzi  hissələrində  mezolit  dövrünə  Sosruko  adlı 
abidə aid edilir. Abidə Kabardin-Bolqarda yerləşir. Dəniz səviyyəsindən 60-
64 m hündürlükdə yerləşən mağara tipli yer təbii qayanın aşağı hissəsindədir. 
Aparılan arxeoloji qazıntılar burada mədəni təbəqənin 14,2 m qədər olmasını 
sübut  etmişdir.  Tapıntılar  içərisində  az  miqdarda  üst  paleolitə  aid  əmək 
alətləri də qeydə alınmışdır. 
Mezolit  dövründən  sonrakı  dövr neolitdir. Təxminən  eramızdan  VII-
VI  min  əvvəl  yeni  daş  dövrü-neolit  başlayır.  Məhz  bu  dövrdə  təsərrüfatda 
əsaslı yeniliklər baş verir. İnsanlar daha məhsuldar hesab olunan əkinçilik və 
maldarlıqla  məşğul  olmağa  başlayırlar.  Əsası  qoyulmuş  yeni  iqtisadiyyat 
insanların  təkcə  maddi  istehsal  sahəsinə  deyil,  dini  həyatına  da  təsir 
göstərirdi. Dəyişikliklər texnikada da özünü göstərir. Daş baltalar və daşdan 
hazırlanan  yeni  əmək  alətləri  geniş  vüsət  alır.  Yeni  texnika  ilə  bərabər  daş 
işlənməsinin  köhnə üsulları  da  təkmilləşir  -  cilalama,  deşmə  texnikası  və  s. 
Cilalama  yolu  ilə  bıçaqlar,  bizlər,  ox  ucluqları  hazırlanır.  Həmçinin  əsas 
əmək  alətləri  və  silahların  köhnə  hazırlanma  texnikası  təkmilləşdirilir. 
Burada bıçaqlar, nizə və ox ucluqları, xəncərlər hazırlanırdı. Bu dövrdə hələ 
keçmişdə formalaşmış cilalama üsulu geniş vüsət almışdı. Bu üsulla çapacaq, 
balta  və  digər  kəsici  alətlər  hazırlanırdı.  Neolit  dövrünün  əsas 
nailiyyətlərindən  biri  də  gil  qabların  hazırlanmasının  öyrənilməsi  idi.  Bu 
qablar  sadə  formalara  malik  olub  oturacaqları  daha  dar  və  iti,  yuxarıları  isə 

46 
 
genişboğazlı idi. Aparılan tədqiqatlar göstərir ki, toxunma səbətlərin üzərinə 
əl  ilə  çəkilən  palçığı  ocaqda  bişirməklə,  iri  həcmli  müxtəlif  qablar 
hazırlanırdı.  Sonralar  gil  qablar  hazırlayarkən  əl  çarxlarından  istifadə 
olunmağa  başlanıldı.  Bu  qablar  insanlara  ərzaq  və  su  ehtiyatı  saxlamaq 
imkanı  verirdi.  Qablar  ornamentlərlə  bəzədilirdi.  Ornamentlər  əsasən 
çökəklər və qırıq-qırıq xətlər şəklində olurdu. III əsas nailiyyət parçanın əldə 
olunmasının  -  toxuculuğun  öyrənilməsi  oldu.  Bunun  üçün  xammal 
bitkilərdən  və  yundan  alınırdı.  Neolit  dövrü  abidələrindən  toxuculuğun 
inkişafını  sübut  edən  çoxlu  sayda  toxuculuq  aləti  qalıqları-mərkəzində 
qulpları  olan  gil  və  daş  şəkilli  parçalar  aşkar  olunmuşdur.  Damcılı 
mağarasından  neolit  dövrünə  aid  əmək  alətləri  tapılmışdır.  Neolit  dövrü 
abidələrinə  Naxçıvandakı  Kültəpə,  Fizulidəki  Şomutəpə,  Töyrətəpə  və digər 
ərazilərdə  də  rast  gəlinir.  Bu  abidələrin  arxeoloji  tədqiqinə  XX  əsrin 
ortalarından başlanmışdır. 
1945-ci  ildə  Qərbi  Azərbaycanda  Boqutlu  dağı  yaxınlığında  erkən 
neolit dövrünə aid bir çox tapıntılar olmuşdur. 1946-cı ilə S.N.Zamyatnin və 
M.Z.Paniçkina  tərəfindən  göstərilən  ərazidə  aparılan  kəşfiyyat  işləri 
nəticəsində neolit  dövrünə  aid  uzunsov,  prizma  şəkilli nukleuslar hazırlanan 
böyük emalatxana aşkar edilmişdir. Buradan tapılan bütün əmək alətləri son 
neolit  dövründə  olan  eyni  funksiyalı  alətlərdən  özünün  formasına  görə  çox 
seçilir.  Boqutlu mədəniyyəti  ilə  Qafqazda  əldə  olunan  ayrı-ayrı  tapıntılar,  o 
cümlədən Gəncə ətrafında aşkar olunan cilalanmış daş balta, həmçinin 1903-
cü  ildə  E.Resler  tərəfindən  Şəmkirdə  qazılmış  kurqandan  aşkar  edilən  bəzi 
əşyalar oxşarlıq təşkil edir. 
Hazırda  tədqiqatçılar  neolit  dövrünü  iki  mərhələyə  bölürlər: 
keramikasız  neolit  və  keramikalı  neolit.  Azərbaycanda  neolit  dövrünə  aid 
maddi mədəniyyət nümunələri Damcılı mağarasında, Qobustan abidələrində, 
Naxçıvan Kültəpəsində, Göygöl ərazisində, Qaraköpəktəpə, Yanıqtəpə, Hacı 
Firuz, Şomutəpə, Töyrətəpə və digər abidələrdə də rastlanmışdır. 
Maraqlıdır  ki,  Qafqaz  mədəniyyətləri  arasında  nəzərəçarpan  fərqlər 
hələ  son  paleolit  dövründən  müşahidə  olunurdu.  Görünür,  formalaşdıqdan 
sonra  bu  mədəniyyətlər  müstəqil  şəkildə  inkişaf  etmişdi.  Xüsusi  fərqlər 
Cənubi  və  Şimali  Qafqaz  mədəniyyətlərinin  arasında  müşahidə  olunurdu. 
Onlar  bir-birindən  Vyurum  dövründə  buzla  örtülmüş  Qafqaz  yüksəkliyi  ilə 
ayrılırdı. Qafqazın Qara dəniz sahilində və Şimali Qafqazda əhalinin mədəni 
əlaqələrinin izlərinə rast gəlinir. 
Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin