Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu il tarixli


Ağdam  yaxınlığında  yerləşən  Üzərliktəpə



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix07.01.2017
ölçüsü4,11 Mb.
#5016
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Ağdam  yaxınlığında  yerləşən  Üzərliktəpə  qədim  yaşayış 
məskənində  Örənqala  ekspedisiyası  tərəfindən  aparılan  arxeoloji  tədqiqatlar 
(1954-1956)  nəticəsində  orta  tunc  dövrünə  aid  çoxsayda  monoxrom  naxışlı 
qab qırıqları əldə edilmişdir. Bu ekspedisiya tərəfindən Mil düzündə aparılan 
kəşfiyyat  işləri  nəticəsində  Göytəpə,  Rəsultəpə,  Nərgiztəpə  və  Babalartəpə 
adlı qədim yaşayış məskənlərindən orta tunc dövrünə aid boyalı qab qırıqları 
aşkar edilmişdir. 
1970-1990-cı  illərdə  Naxçıvanda  aparılan  qazıntı  işləri  zamanı 
arxeoloq V.Əliyev tərəfindən Nəhəcir, Bulalıtəpə, Qarabağlar və digər qədim 
yaşayış  yerləri  qeydə  alınmış  və  bu  abidələrdən  maraqlı  materiallar 
toplanmışdır.  Bundan  başqa,  Q.İsmayılzadə  tərəfindən  Fizuli  rayonunda 
Günəştəpə,  Qaraköpəktəpə,  Kültəpə,  Xantəpə,  Uzuntəpə  və  s.  yaşayış 
məskənlərində də tədqiqat işləri aparılmış və bu dövrə aid maddi mədəniyyət 
qalıqları aşkar edilmişdir. 
Baba  Dərviş  -  Cənubi  Qafqaz  ərazisində,  konkret  olaraq 
Azərbaycanda  Kür-Araz  mədəniyyətindən  əvvəl  mövcud  olmuş  yaşayış 
məskənlərinin xüsusiyyətlərini özündə cəmləşdirən və Naxçıvandakı Kültəpə 
abidəsindən  sonra  tunc  dövrünə  aid  zəngin  material  verən  arxeoloji  abidə 
Qazax  rayonunda  yerləşən  Baba  Dərviş  abidəsidir.  Burada  ilk  arxeoloji 
tədqiqatlar  1958-1962-ci  illərdə  AMEA-nın  Tarix  İnstitutu  tərəfindən  təşkil 
edilmiş  və  Qazax  arxeoloji  ekspedisiyası  tərəfindən  həyata  keçirilmişdir. 
Abidə  Ağstafa  çayının  sol  sahilində  yerləşir.  Aşkar  edilmiş  əsas  mədəni 
təbəqə Kür-Araz mədəniyyətinə aid olan maddi mədəniyyət qalıqları ilə çox 
zəngindir.  Bu  mədəni  təbəqənin  alt  qatında  dörd  qazma  aşkar  olunmuşdur. 
Bu  qazmaların  diametri  3-4  m,  dərinliyi  1m-dir.  Qazmalarda  aparılan 
qazıntılar zamanı maraqlı əmək alətləri və saxsı məmulatlar aşkar edilmişdir. 
Bunlar  əsasən  dəvəgözü,  çaxmaqdaşı  və  sümükdən  olan  əmək  alətləri  və 
arxaik, qədim saxsı qırıqlardan ibarətdir. Bu saxsı qablar qırmızı rəngdə olub 
sadə  formalıdırlar.  Qeyd  etmək  lazımdır  ki,  analoji  saxsı  qablar  Qazaxın 
qədim  yaşayış  məskənlərindən,  o  cümlədən  Şomutəpə  və  Töyrətəpənin  alt 
təbəqələrindən  də  aşkar  edilmişdir.  Baba  Dərviş  yaşayış  məskəni  xarici 
görünüşünə  görə  Qafqazın  Şenqavit,  Kosi-Koter,  Kvaçxelebi,  Qayakənd, 
Vəlikənd kimi abidələri ilə oxşarlıq təşkil edir. 
Kiçik  Qafqazın  cənub-şərq  ətəklərindəki  erkən  tunc  dövrü  arxeoloji 
abidələri  əsasən,  Kür-Araz  mədəniyyətinə  aid  edilən  və  əkinçiliklə  məşğul 
olan tayfaların yaşayış məskənlərindən ibarətdir. Qeyd etmək lazımdır ki, bu 
mədəniyyətin  yaşayış  məskənlərinin  ilkin  izləri  Azərbaycanın  müxtəlif 
bölgələrində qeydə alınmış və e.ə.VI-V minilliklərə aid edilmişdir. Odur ki, 
Qarabağ ərazisində Qafqazdan cənubda çox sayda xış nümunələri tapılmışdır. 
Abxaziyanın Oçamir adlı erkən tunc dövrünə aid olan yaşayış yerində də bu 
tip xış nümunələrinə təsadüf olunur. 

65 
 
Ümumiyyətlə,  daşdan  hazırlanan  belə  xışlar  forma  etibarilə  Yaxın 
Şərqin  ərazisində  öyrənilən  bəzi  abidələrdən,  o  cümlədən  IV  minilliyə  aid 
olan  Şimali  Mesopotamiyadan  da  məlumdur  (e.ə.VI-IV  minilliyə  aid  olan 
Xassun, Xalaf mədəniyyətlərini misal çəkmək olar). 
Analoji  tapıntılara  əsasən  bu  tipli  əmək  alətlərinin  Qafqaza  Şərqi 
Anadolu  və  Eorox  su  hövzəsi  yolu  ilə  Ön  Asiyadan  daxil  olması  ehtimal 
olunur. 
Qafqazın  qərb  hissəsinin  mədəni-tarixi  inkişafının  digər  ərazilərdən 
fərqli  olmasını  Azərbaycandan  şimalda  aşkar  edilən  abidələr  də  sübut  edir. 
Xüsusilə,  Soçi-Adler  ərazisindən  aşkar  edilən  Axştır  I-V,  İmeretiya  limanı, 
Moldova  və  digər  abidələrdən  aşkar  edilən  maddi  mədəniyyət  qalıqları 
Abxaziyadan tapılan eneolit dövrünə aid materiallardan fərqlənmir. 
Beləliklə,  Qafqazın  Qara  dəniz  sahilləri  ərazisində  öyrənilən  dövrdə, 
Neolit  dövründə  olduğu  kimi  özünəməxsus  mədəniyyət  inkişaf  etməkdə 
olmuşdur. 
Bu  mədəniyyətlər  Cənubi  Qafqazın  erkən  əkinçilik  mədəniyyəti 
abidələrindən fərqliydi. Bu mədəniyyət Odisi, Kistrik və Aşağı Şilovka kimi 
yerli  neolit  mədəniyyətləri,  erkən  tunc  dövrünə  aid  Oçamçiri  yaşayış  yeri, 
Voronsov mağarası və digər abidələri arasında müəyyən xronoloji çərçivəyə 
daxildir  (e.ə.  IV-III  minilliyin  əvvəlləri).  Bu  tarix  aparılan  radiokarbon 
analizlərin  nəticəsi  ilə  dəqiqləşir,  yəni  Macar  yaşayış  yeri  üçün  bu  çərçivə 
3810+90 ili əhatə edir. 
Şimali  Qafqazın  qədim  dövrə  aid  arxeoloji  abidələri  çox  az 
öyrənilmişdir.  Bunlardan  Aqubekov  yaşayış  yerinin,  Nalçik  nekropolunun 
(Kobarda-Bolqarda  yerləşir)  adını  çəkmək  mümkündür.  Aqubekov  yaşayış 
yeri  eneolit  dövrünə  aiddir,  Nalçik  şəhəri  yaxınlığında  yerləşir.  Abidənin 
mədəni təbəqəsinin qalınlığı 0,4-0,6 m olaraq,  əsasən saxsı nümunələrindən, 
çaxmaqdaşından  hazırlanan  əmək  alətlərindən,  qamışdan  toxunma  evlərin 
qalıqlarından ibarətdir. 
Ümumilikdə, abidədən aşkar edilən əmək alətləri digər Cənubi Qafqaz 
abidələrinin tapıntılarından fərqlənmir. Belə ki, eyni funksiyalı əmək alətləri 
Dağıstandan,  daha  dəqiq  ifadə  etsək,  Qinçi  yaşayış  yerindən  də  aşkar 
edilmişdir. 
Qaraköpəktəpə  yaşayış  yeri.  Erkən  tunc  dövrü  Kür-Araz 
mədəniyyəti  abidələri  içərisində  özünəməxsus  yeri  olan  abidələrdən  biri 
Qaraköpəktəpə yaşayış yeridir. Köndələnçayın sağ sahilində, diametri 200 m 
olan  hündür  təpədə  yerləşən  abidənin  ümumi  sahəsi  4  hektara  yaxındır. 
Azərbaycanın  çoxtəbəqəli  abidələri  qrupuna  daxil  olan  Qaraköpəktəpənin 
erkən  tunc  dövrü  mədəni  təbəqəsinin  qalınlığı  7  m-dir.  Aparılan  arxeoloji 
qazıntılar zamanı yaşayış  yerindən orta tunc dövrünə aid maddi mədəniyyət 
nümunələri aşkar olunmuş və onların Üzərliktəpə mədəniyyəti tapıntıları ilə 

66 
 
oxşarlığı müəyyənləşdirilmişdir. Maraqlıdır ki, Qaraköpəktəpədə lal təbəqəyə 
təsadüf  olunmamışdır.  Erkən  tunc  dövrü  təbəqəsindən  2  tikinti  qalığı  və 
məişət  tullantıları  aşkar  edilmişdir.  Bu  və  digər  tapıntılar  yaşayış  yerində 
insanların fasiləsiz olaraq yaşadıqlarını təsdiq edir. 
Günəştəpə  yaşayış  məskəni.  Günəştəpə  abidəsi  Qaraköpəktəpə 
yaşayış  yerinin  yaxınlığında  yerləşir.  Nisbətən kiçik  ölçülərə malik  olan  bu 
ovalvari  yaşayış  yeri  də  Köndələnçayın  sağ  sahilində  qeydə  alınmışdır. 
Günəştəpənin  hündürlüyü  8  m,  əhatə  etdiyi  ərazinin  ümumi  sahəsi  2,5 
hektardır. Arxeoloji tədqiqat zamanı erkən tunc dövrünə aid 2 m hündürlüyü 
olan  tikinti  qalıqları,  kül  qatı,  osteoloji  qalıqlar,  müxtəlif  materialdan 
hazırlanmış əmək alətləri və silahlar və s. üzə çıxarılmışdır. Erkən tunc dövrü 
yaşayış  evi  dairəvi  planda  olub,  daşdan  tikilmişdir.  Evin  yaxınlığında 
təsərrüfat quyusu da aşkar olunmuşdur. Qazıntı işləri zamanı abidənin erkən 
tunc  dövrünə  aid  mədəni təbəqəsindən  orta tunc  dövrü üçün  xarakterik  olan 
qəbirlər  açılmışdır.  Bu,  yaşayış  yerinin  sonralar  qəbristanlıq  kimi  istifadə 
olunmasından xəbər verir. 
Meynətəpə 
yaşayış 
yeri. 
Köndələnçayın 
sağ 
sahilində, 
Qaraköpəktəpədən 6 km şərqdə yerləşən Meynətəpə yaşayış yeri üç təpədən 
ibarətdir. 
Kənarda  yerləşən  təpələrin  ikisi  1  hektar,  mərkəzdə  yerləşən  üçüncü 
təpə  isə  2  hektar  sahəni  əhatə  etmişdir.  Uzunsov,  düzbucaqlı  formada, 
küncləri qatlanmış şəkildə olan bu təpənin hündürlüyü 80 m-dən çox deyildi. 
Meynətəpənin maddi mədəniyyət nümunələri Qaraköpəktəpənin tapıntıları ilə 
eyniyyət  təşkil  edir.  Bu  abidədə  də  erkən  və  orta  tunc  dövrü  təbəqələrinin 
arası kəsilməzdir, bu da öz növbəsində, Meynətəpədə həyatın hər iki dövrdə 
ardıcıl davam etməsini göstərir. 
Uzuntəpə 
yaşayış 
yeri. 
Köndələnçayın 
yaxınlığında, 
Qaraköpəktəpədən 8 km şimal-şərqdə yerləşən abidə hamar səthli, uzunsov-
oval  formalı  təpədə  yerləşir.  Uzuntəpə  yaşayış  yerinin  ümumi  sahəsi  1,5 
hektar,  mədəni  təbəqənin  qalınlığı  1  m-ə  qədərdir.  Qeyd  edək  ki,  Uzuntəpə 
yaşayış  yerinin yaxınlığında Şomutəpə adlanan ərazidə bir-birinə oxşar olan 
erkən tunc dövrünə aid abidələr qrupuna da təsadüf olunmuşdur. Təpənin hər 
birinin  ümumi  sahəsi  1  hektar,  hündürlüyü  isə  12  m-ə  qədərdir.  Bu 
abidələrdən  nisbətən  aşağıda  iki  Xantəpə  abidəsi  qeydə  alınmışdır.  Hər  iki 
təpədə mədəni təpənin qalınlığı 2-3 m arasında öyrənilmişdir. Bu abidələr də 
erkən tunc dövrü - Kür-Araz mədəniyyətinə aid edilir. 
Kültəpə  yaşayış  yeri.  Ərazisinin  sahəsinə  görə  öyrənilən  ərazidə 
Qaraköpəktəpədən  sonra  II  yerdə  Kültəpə  yaşayış  abidəsi  durur.  Bu  abidə 
Quruçay  və  Köndələnçay  hövzəsində,  ən  ucqar  bir  yerdə  aşkar  edilmişdir. 
Yaşayış yerinin ümumi sahəsi 6 hektara yaxındır. Hündürlüyü 15 m olan bu 
təpə ayrı-ayrı dövrlərə aid mədəni təbəqələrdən ibarətdir. 

67 
 
Arxeoloji  qazıntılar  nəticəsində  Kültəpə  yaşayış  yerindən  eneolit, 
erkən və orta tunc dövrünə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. 
Beləliklə,  Kiçik  Qafqazın  cənub-şərq  ətəklərində  yerləşən  erkən tunc 
dövrü  yaşayış  məskənlərindən  aşkar  edilən  maddi  mədəniyyət  qalıqları 
əsasən  Kür-Araz  mədəniyyətinə  aiddir.  Bütün  abidələr  Quruçay  və 
Köndələnçay hövzələrində əkinçilik və maldarlığın inkişafı üçün çox əlverişli 
bir  yerlərdə  yerləşmişlər.  Abidələrdə  intensiv  yaşayışın  olması  Kür-Araz 
mədəniyyəti  üçün  xarakterikdir.  Ehtimal  etmək  olar  ki,  bu  tip  yaşayış 
yerlərində əsasən qohumluq əlaqəsi olan tayfalar yaşamışlar. Digər bir xüsusi 
əlamət  yaşayış  yerlərində  müdafiə  divarları  mövcud  olmasından  ibarətdir. 
Məsələn, Qaraköpəktəpənin üst qatlarında uzunluğu 20 m olan divar qalıqları 
aşkar edilmişdir. Güman ki, oxşar formalı bu cür müdafiə xarakterli divarlar 
Meynətəpə,  Şomutəpə,  Kültəpədə  də  tikilmişdi.  Belə  tip  yaşayış  yerlərinə 
Qobustanda  -Dairə  deyilən  yerdə  də  təsadüf  olunmuşdur.  Dairəvi  formalı 
yaşayış  yeri Böyükdaş dağının aşağı terrasında yerləşir, ümumi sahəsi 2000 
m
2
,  abidə  qalınlığı  1  m  olan  daş  divarla  hasara  alınmışdı.  Divar  yerli 
(yonulmamış)  qaya  daşlardan  hörülmüşdür.  Mədəni  təbəqədən  erkən  tunc 
dövrünə  aid  daşdan  tikilmiş  təsərrüfat  tikililərinin  qalıqları,  həmçinin  ocaq 
yerləri və əmək alətləri aşkar edilmişdir. 
1888-1890-cı  illərdə  V.Belhk,  1896-cı  ildə  A.İvanovski  tərəfindən 
Şəmkir  rayonunda  aparılan  qazıntılar  zamanı  aşkar  edilən  iri  daş  qutularda 
toplu  qəbirlər  aşkar  edilmişdir.  Oxşar  tipli  qəbir  abidələri  Qərbi 
Azərbaycanda  Göyçə  gölü  ətrafında  da  tapılmışdır.  Bu  abidələrdən  tapılan 
metal  əşyalar  Gəncə  və  Ağstafa  ərazisindən  aşkar  edilən  maddi  mədəniyyət 
qalıqları  ilə  oxşardırlar.  Lakin  əmək  alətlərinin  yerli  istehsalın  məhsulu 
olması  şübhəsizdir.  Vaxtilə  Y.İ.Krupnov  adı  çəkilən  qazıntılardan  aşkar 
edilən  bir  çox  maddi-mədəniyyət  qalıqlarının,  o  cümlədən  saxsı  qabların 
əksəriyyətinin  Dağıstanda  Qroznı  ərazisində  yerləşən  Xoraçayev, 
Gürcüstandakı  Laqodexi  və  Azərbaycanın  Quba  rayonu  ərazisindəki  bəzi 
tapıntılarla çox maraqlı oxşarlıqlarını qeyd etmişdir. Belə analogiyalar yalnız 
saxsı qab nümunələrinə aid deyildir. Həmçinin mərgümüşdən hazırlanan bəzi 
bəzək  əşyaları  Qafqazın  dağlıq  ərazisindən  tutmuş,  bütün  Cənubi  Qafqazda 
demək olar ki, eynidirlər. 
Keçən  yüzillikdə  Azərbaycan  ərazisində  bu  dövrə  aid  aparılan 
tədqiqatlar  Cənubi  Qafqaz  mədəniyyətinin  Ön  Asiya  mədəniyyəti  ilə 
əlaqələrini  bir  daha  sübuta  yetirdi.  Bu  baxımdan  1946-cı  ildə  Mingəçevir 
ərazisində  davamlı  olaraq  aparılan  arxeoloji  qazıntılar  çox  mühüm 
əhəmiyyətə malikdir. 
Azərbaycanın  Son  tunc  dövrü  üçün  Xocalı-Gədəbəy,  Naxçıvan  və 
Talış, Muğan arxeoloji mədəniyyətləri səciyyəvidir. Bu mədəniyyətləri ayrı-
ayrılıqda  izah  etməzdən  əvvəl,  e.ə.  II  minilliyin  sonu  I  minilliyin 

68 
 
əvvəllərində,  yəni  son  tunc  və  ilk  dəmir  dövründə  ümumi  Azərbaycan 
yaşayış  yerləri  üçün  xarakterik  olan  bəzi  problemlər  üzərində  dayanmağı 
lazım bilirik. 
Xocalı-Gədəbəy  mədəniyyəti.  Azərbaycanın  qərb  bölgəsində  e.ə.  II 
minillikdə  yaşamış güclü tayfa  ittifaqları  əkinçilik, maldarlıq  təsərrüfatlarını 
intensiv  inkişaf  etdirməklə  yanaşı  metallurgiya  və  metalişləmə  sənəti 
sahəsində  də  mühüm  nailiyyətlər  əldə  etmişlər.  Bu  tayfaların  mədəni  irsi 
arxeoloji ədəbiyyatda məşhur Xocalı-Gədəbəy mədəniyyəti adı ilə tanınır. 
XIX-XX  əsrlərdə  Kür  çayının  sol  sahillərindən  başlayıb  Araz  çayına 
kimi  böyük  bir  ərazidə  aparılmış  arxeoloji  tədqiqatlar  göstərdi  ki,  Xocalı-
Gədəbəy  mədəniyyətinin  izlərinə  Azərbaycanın  bütün  ərazilərində  - 
Mingəçevir,  Gədəbəy,  Göygöl  (Xanlar),  Xaçbulaq,  Xocalı,  Çovdar, 
Daşkəsən,  Qazax  və  digər  ərazilərdə,  o  cümlədən  İran  Azərbaycanında  da 
rast gəlinir. Bu mədəniyyəti daşıyan tayfalar əsasən Azərbaycanın qərbində - 
dağətəyi  ərazilərdə  sıx  məskunlaşmış,  əkinçilik,  maldarlıq  və  sənətkarlıqla 
məşğul olmuşlar. 
Xocalı-Gədəbəy  mədəniyyəti  arxeoloji  ədəbiyyatda  bəzən  Gəncə 
Qarabağ  və  Mərkəzi  Zaqafqaziya  mədəniyyəti  kimi  də  tanınır.  Bu 
mədəniyyətin  yayıldığı  ərazilər  e.ə.  II-I  minilliklərə  aid  hasarsız,  ətrafı 
müdafiə divarları ilə möhkəmləndirilmiş yaşayış yerləri (Xocalı, Qaramurad, 
Cənnət qalası, Göydərə və s.) siklop tikintiləri, istehkam ocaqları, kurqanlar, 
daş  qutu  və  torpaq  qəbirlərindən  ibarət  abidələrlə  çox zəngindir.  Qəbirlərdə 
aparılan  arxeoloji  tədqiqatlar  göstərmişdir  ki,  ölülər  bükülü  vəziyyətdə 
müxtəlif istiqamətlərdə dəfn olunmuşlar. Bu növ dəfn adətinə Orta Asiyada, 
İranda,  Türkiyədə  və  s.  ölkələrdə  də  rast  gəlinmişdir.  Bu  abidələr  üçün 
səciyyəvi olan boz, qara cilalı, ağ inkrustasiyalı gil məmulatları, müxtəlif tipli 
zəngin tunc əşyalar dövrün mədəniyyətini və incəsənətini özündə əks etdirir. 
Qablar  əsasən  qabarıq  gövdəli  küplərdən,  darboğaz  təkqulplardan, 
nehrələrdən, cam formalı qablardan ibarətdirlər. 
Xocalı-Gədəbəy  mədəniyyəti  abidələrinin  əsas  yaşayış  məskənləri 
istehkamlı  və  istehkamsız  olmaqla  iki  qrupa  bölünür.  İstehkamın  yaşayış 
yerləri siklop tikililərdə təmsil olunur. Bu abidələr haqda ilk məlumatı 1871-
76-cı  illərdə  F.Bayern  vermişdir.  1935-ci  ilə  qədər  İ.Cəfərzadə  59  siklopik 
abidə qeydə  almışdır.  Hazırda  Azərbaycan ərazisində  150-dən artıq  siklopik 
tikiliyə  təsadüf  olunmuşdur.  Onlardan  yalnız  20-si  arxeoloji  cəhətdən 
öyrənilmişdir. Siklopik abidələrin əsas xarakterik cəhəti onların yonulmamış 
iri  sal  daşların  üst-üstə  qoyularaq  heç  bir  yapışdırıcı  məhluldan  istifadə 
olunmadan  bərkidilməsidir.  Abidələrdəki  mədəni  təbəqə  qalınlığına  görə  üç 
qrupa bölünür: 
I  mədəni  təbəqə  1,  2  -  2  m  arasında  (uzunmüddətli  yaşayış  yerləri 
kimi) 

69 
 
II mədəni təbəqə - 0,5-0,8 m (istehkam kimi) 
III  mədəni  təbəqə  -  ya  zəif,  ya  da  heç  nəzərə  çarpmayan  (mal-qara 
saxlanılan yerlər). 
Talış-Muğan  ərazisindən  tapılan  maddi  mədəniyyət  nümunələri  bu 
ərazidə  yaşayan  tayfaların  mədəniyyəti  üçün  uzun,  nazik  quruluşa  malik, 
yəhər  şəkilli  dəstəyi  olan  xərcər  və  qılıncların  ornamentsiz  boz  rəngli 
qabların səciyyəvi olduğunu göstərir. 
Qeyd  etmək  istərdik  ki,  Azərbaycanın  Son  tunc  və  İlk  Dəmir  dövrü 
arxeoloji  abidələri  kompleksinin  böyük  bir  qrupu  boyalı  qablar  arxeoloji 
mədəniyyətinə  aiddir.  Bu  mədəniyyət  elmi  ədəbiyyatda  Naxçıvan  arxeoloji 
mədəniyyəti adlandırılır. 
Bu  dövrdə  Azərbaycanda müdafiə  qalaları  və hasarsız daimi  yaşayış 
məskənləri  (Govurqala,  Sarıtəpə,  Qaratəpə,  Göygöl  (Xanlar),  Mingəçevir, 
Baba  Dərviş)  ilə  yanaşı,  mövsümlük  yurd  yerləri  də  mövcud  olmuşdur. 
Yaşayış  evləri  əsasən  yarımqazma  formalıdırlar.  Qədim  yarımqazmalar 
dördkünc plana malik olub, əsasən, yonulmamış daşlardan, nadir hallarda isə 
gillə  suvanmış  qamışdan  inşa  edilmişdir.  Çox  vaxt  divar  boyu  dirək 
yerlərinin  izlərinə  təsadüf  olunur.  Otaqların  tavanında  isə  işığın  düşməsi  və 
tüstünün çıxması üçün xüsusi bacalar düzəldilmişdir. 
Otaqların  əksəriyyətinin  ortasında  divarları  gillə  suvanmış  dairəvi 
ocaq  yerlərinə  təsadüf  olunmuşdur.  Otaqların  gillə  suvanmış  döşəmələrində 
iri küplər basdırılmış, yaxud da təsərrüfat quyuları qazılmışdır. Qazax rayonu 
ərazisində  tədqiq  edilmiş  Sarıtəpə  və  Baba  Dərviş  yaşayış  yerlərindən 
mürəkkəb  quruluşlu  yerüstü  binalar  üzə  çıxarılmışdır.  Düzbucaqlı  plana 
malik olan bu binalar arakəsmə divarlarla iki hissəyə bölünmüşdür. Nisbətən 
böyük  hissə  yaşayış,  kiçik  hissə  isə  mətbəx  və  ya  anbar  üçün  nəzərdə 
tutulmuşdur. 
Son tunc dövrü istehkam abidələri siklop tikililəri adı ilə məşhurdur. 
Bu  abidələrə  təkcə  Azərbaycanın  qədim  ərazilərində  deyil,  Gürcüstan  və 
Şimali Qafqazın bəzi yerlərində, İranda və Türkiyədə də təsadüf olunmuşdur. 
Azərbaycan ərazisində siklop tikililəri əsasən Kiçik Qafqaz rayonunda 
aşkar  edilmişdir.  Sal  qaya  daşlarından  bərkidici  məhlulsuz  hörülən  bu 
tikililərə  müxtəlif  ölçülərdə  təsadüf  olunur.  Onların  divarlarının  hündürlüyü 
əksər hallarda 3m-ə çatır. Yerli əhali arasında "qalaça", "hörük daşı", "hasar", 
"səngər",  "duzlaq"  və  s.  adlanan  bu  abidələrin  nə  məqsədlə  tikilməsi 
haqqında müxtəlif fikirlər irəli sürülür. 
Alimlərin  bir  qrupu  onları  yarımköçəri  maldarların  müvəqqəti  yurd 
yeri,  başqaları  müdafiə  istehkamı,  bəziləri  dini  ibadətgah,  bir  qrupu  isə 
sadəcə  yaşayış  məskəni  hesab  edirlər.  Həmin  abidələrin  bilavasitə  dağlıq 
yerlərdə,  əksəriyyətinin  isə  köç  yollarının  kənarında  yerləşməsi,  onların 
yarımköçəri  maldarlar  üçün  yurd  yeri  olması  barədə  mülahizələrə  haqq 

70 
 
qazandırır. Siklop tikililərində mədəni təbəqənin olması faktı da bu fikrə əsas 
verir. 
Qafqazın  Avropa  və  Asiyanın  kəsişməsində  yerləşməsi,  qədim 
sivilizasiya  mərkəzlərinə  yaxın  mövqeyi,  təbii  və  mineral  sərvətlərlə 
zənginliyi  ərazidə  məskunlaşmış  yerli  tayfalara  tunc  dövrü  mədəniyyətinin 
formalaşması və inkişafı prosesində əhəmiyyətli rol oynamaq imkanını təmin 
etmişdir. Tunc dövrünə aid Şimali və Mərkəzi Qafqazda, o cümlədən Cənubi 
Qafqazda bir neçə mədəniyyət mövcud idi. Xronoloji nöqteyi-nəzərdən onları 
iki  böyük  mərhələyə  ayırmaq  olar:  erkən  və  son  tunc  dövrü.  Qafqaz 
mədəniyyətlərinin bəzi ümumi cəhətləri maddi mədəniyyət nümunələrində və 
iqtisadi  sahələrdə  daha  çox  izlənilir:  heyvandarlıq  və  əkinçiliyin  inkişafı, 
boyalı  dulusçuluq  məmulatlarının  geniş  yayılması,  nəhəng  qaya 
parçalarından  siklopik tikililərin inşası  və  s. mədəniyyətlər  arasında ümumi 
cəhətlərin mövcudluğu  Qafqaz  əhalisinin  Ön  Asiya  sakinləri ilə əlaqələrinin 
qurulmasına təkan vermişdir. Bu səbəbdən də qədim Şərqin texnika və silah 
sahəsindəki  nailiyyətləri  eyni  uğurla  Qafqazda  da  geniş  tətbiq  olunurdu: 
məsələn,  qədim  Aşşur  qılınc  forması,  Ön  Asiya  baltaları  və  Qədim  Şərqin 
sekir - əyri uclu xəncərləri. 
Maykop  adı  ilə  tanınan,  e.ə.  III  minilliyin  ortaları  və  II  minilliyin 
yarısına  aid  edilən  Şimali  Qafqaz  mədəniyyəti  ümumi  Qafqaz 
mədəniyyətlərinin  daha  erkəni  hesab  olunur.  Bu  mədəniyyətin  məşhur 
abidəsi  XIX  əsrin  sonlarında  Beloy  çayı  sahilində  aşkar  olunmuş  Maykop 
kurqanıdır.  10  m  hündürlüyündə  torpaqla  örtülmüş  kurqanın  böyük  qəbir 
kamerası  arakəsmələrlə  üç  hissəyə  bölünmüşdür.  Əsas  qəbir  cənub  hissədə 
yerləşmişdir.  Buradan  kişi  skeleti  və  çoxlu  əşyalar  tapılmışdır:  skeletin  baş 
hissəsini  qızıl  diadema  və digər  qiymətli  bəzək  əşyaları  bəzəyir.  Mərhumun 
üzərində  gümüş  asılqanlara  bərkidilmiş,  üstündə  gümüş  və  qızıldan  tökmə 
öküz fiqurları olan parça da bu dövrdə üst geyiminin olmasına sübutdur. Üst 
geyimə,  həmçinin  şir  formasında  olan  qizil  (piləklər)  tikilmişdi.  Kamerada 
qızıl  və  gümüş  qablar,  mis  xəncərlər,  maili  formalı  baltalar  da  aşkar 
olunmuşdur.  Qəbir  kamerasının  digər  bölmələrində  yanında  təsərrüfat 
ləvazimatları  ilə  birgə  qadınlar  da  dəfn  olunmuşdur.  Görünür  ki,  Maykop 
kurqanında icmanın nəsil başçısı dəfn olunmuşdur. 
Əşyalar içərisində gümüş dolçalar arasında nəfis təsvirlərlə bəzədilmiş 
iki  qab  xüsusi  maraq  doğurur.  Onların  üzərində  Qafqaz  meşələri  və  dağ 
zirvəsində  dayanmış  ayıları  xatırladan  bir-birinin  ardınca  iki  heyvan  təsvir 
olunmuşdur.  Bu  erkən  mədəniyyətin  nümunələrinə  Dağlıq  Qarabağdan 
tapılmış  kurqanlarda  da  rast  gəlinir.  Maykop  mədəniyyətinə  gümüş 
qablardan,  gümüş  öküz  və  şir  fiqurlarından,  qızıl  şir  başından,  qızıl 
üzüklərdən  və  digər  əşyalardan  ibarət  qədim  Mışak  dəfinəsinin  parçaları 
aiddir.  Qafqazın  qərb  hissəsi  üçün  daş  qəbir  növü  olan  -  dolmenlər 

71 
 
səciyyəvidir.  Nalçik  kurqanlarındakı  daş  lövhələrdən  ibarət  qəbirlər  də 
unikaldır.  Maykop  mədəniyyətinin  yayılma  arealı  Şimal-Qərbi  Qafqaz, 
Kabardino-Pyatiqorye,  Çeçenistan  və  İnquşetiyanı  əhatə  edir.  Bu 
mədəniyyətin  mərkəzi  isə  Şimali  Qafqazın  mərkəzi  və  qərb  rayonları  hesab 
olunur.  Müasir  dövrümüzdə  Maykop  mədəniyyətinə  aid  onlarla  yaşayış 
məskəni  məlumdur  -  onların  sırasında  Meşoko,  Kislovodskda  Xacox, 
Nalçikdə  aşkar  olunmuş  abidələri  misal  göstərmək  olar.  Yaşayış 
məskənlərinin əksəriyyəti adətən yüksək, əlçatmaz yerlərdə yerləşir. Bir çox 
məskənlər  istehkamlarla  möhkəmləndirilmişdir.  Tikililər  yaşayış  məskəni 
ərazisində  dairəvi  formada,  üzəri  gillə  suvanmış  (karkas)  şəklində  inşa 
edilmişdir. Abidələrdən, həmçinin azuqə saxlamaq məqsədilə istifadə olunan 
çuxurlar və quyular da aşkar olunmuşdur. Əmək alətləri daş dənüyütmə aləti, 
daş baltalar, toppuzlar, sümükdən hazırlanmış qarmaqlar, gildən hazırlanmış 
toxuculuq aləti və s. qismində təsadüf edilir. Silahlardan - ox ucluqları, bəzək 
əşyalarından  isə  -  daş  qolbağlar  və  boyunbağılar  aşkar  olunmuşdur.  Bu 
yaşayış  məskənlərində  metal  məmulatlara  az  təsadüf  olunur.  Bunlar  tunc 
qolbağlar, asılqanlar və s.-dən ibarətdir. 
Erkən  tunc  dövründə,  demək  olar  ki,  bütün  Cənubi  Qafqazı,  o 
cümlədən  İranın  şimal-şərq  hissəsini  və  Şərqi  Anadolunu  Kür-Araz 
mədəniyyəti  abidələri  əhatə  edirdi.  Şimal  və  şimal-şərqdə  bu  mədəniyyətin 
sərhədləri  Dağıstan,  Çcçenistan,  İnquşetiya  və  Şimali  Osetiyanın  bəzi 
ərazilərinə  qədər  uzanırdı.  Bu  ərazilər  Kür-Araz  mədəniyyəti  yaşayış 
məskənləri 
əsasında  öyrənilmişdi.  Daha  sıx  məskunlaşma  Qərbi 
Azərbaycanda  Ağrı  dağətəyi  düzənliyi,  Gürcüstanda  Kartli  düzənliyi, 
Azərbaycanda  Kür  hövzəsi,  Dağıstanda  Xəzəryanı  ərazilərdə  müşahidə 
olunurdu.  Bu  mədəniyyətin  məşhur  abidələri  Naxçıvandakı  I  Kültəpənin  II 
təbəqəsi  və  Mingəçevir  kompleksi  sayılır.  Kür-Araz  mədəniyyətinə  aid 
yaşayış  məskənləri  çayların  ətrafında,  təbii  yolla  möhkəmləndirilmiş 
təpələrdə,  əkinçilik  və  maldarlıq  üçün  əlverişli  olan  ərazilərdə  salınırdı. 
Eneolit dövründə olduğu kimi, bu dövrdə də daş özüllü dairəvi evlər də geniş 
yayılmışdı. Bununla yanaşı, düzbucaqlı daş evlər (Karaz, İmiranis-qora), 60 
kvadrat metr sahəyə malik gil və çiy kərpicdən olan oval və düzbucaq formalı 
evlər də məlumdur. Evlərin mərkəzində diametri 1m-ə bərabər olan gil ocaq 
yerləri  qurulmuşdu.  Bu  tip  ocaq  yerləri  Kür-Araz  mədəniyyətinin  əsas 
atributu sayılır və onlara başqa heç bir yerdə rast gəlinmir. 
Bəzi  yerlərdə  böyük  təsərrüfat  quyuları  aşkar  olunmuşdur.  Maldarlıq 
və  əkinçilik  eneolitlə  müqayisədə  daha  yüksək  inkişaf  mərhələsində  idi. 
Çoxlu  miqdarda  dənli  bitki  qalıqları  və  buğda  üyütmək  məqsədilə  istifadə 
olunan dən daşları tapılmışdır. 

72 
 
E.ə.  III  minillikdən  etibarən  mal-qara  sürüləri  mövsümlə  əlaqəli 
düzənlikdən  dağa  çıxarılırdı  ki,  bu  da  dağlıq  ərazilərin  yaxşı 
mənimsənilməsinə gətirib çıxarırdı. 
Qafqazda tuncişləmə də geniş vüsət almışdı. Məhz bu dövrdə Qafqaz, 
xüsusilə də Cənubi Qafqaz, metal istehsalının nəhəng mərkəzlərindən birinə 
çevrilmişdi. Yerli tayfalar dulusçuluğun təkmilləşməsində də nailiyyətlər əldə 
etmişdilər.  Dulus  məmulatları  daha  keyfiyyətli  olub  müxtəlif  formalarda 
hazırlanırdı.  Məs.,  dar  boğazlı  alçaq  küplər,  qulplu  saxsı  qablar,  piyalələr, 
kasalar və s. Saxsı məmulatı qara rəngdə olub nəfis ornamentli tərtibata malik 
idi.  Spiralşəkilli,  relyefli,  konsentrik,  dairəvi,  rombvari  təsvirlər,  sxematik 
həkk  olunmuş  quş  və  heyvan  rəsmləri  dövrün  geniş  yayılmış  ornament 
motivlərindən hesab oluna bilər. 
Cənubi  Qafqazın  bütün  rayonlarında  Kür-Araz  mədəniyyətinə  aid 
qəbir  abidə  kompleksləri  açılmışdır.  Qəbir  abidələri  və  dəfnetmə  üsulları 
müxtəlifdir:  kurqanlar,  dairəvi-oval  formalı  yeraltı  qəbirlər,  daş  qutular, 
bükülmüş və böyrü üstə uzadılmış yaxud dizüstə oturdulmuş vəziyyətdə dəfn 
etmə, ölü yandırma (kremasiya) və s. 
Kür-Araz mədəniyyəti e.ə. IV-III minillikdən eramızın III əsrinə qədər 
mövcud  olmuşdur.  E.ə.  II  minillikdə  Qafqazın  bəzi  bölgələrində 
özünəməxsus  xüsusiyyətlərə  malik  bir  neçə  arxeoloji  mədəniyyətlər 
yaranmışdır. Şimali Qafqazın Kubandan Qroznıya qədər olan ərazisini Şimali 
Qafqaz  mədəniyyəti  əhatə  edirdi.  Ondan  qərbə,  Qara  Dəniz  sahilləri  boyu 
Kuban ərazisində Kuban  ətrafı  mədəniyyət yayılmışdı. Qafqazın Dərbəndə 
qədər 
olan  şərq  hissəsində  Qayakənd-Xoraçay  mədəniyyətinin 
nümayəndələri  olan  tayfalar  məskən  salmışdılar.  Mərkəzi  Qafqaz  isə  daha 
mürəkkəb  təsvirə  malik  idi.  Mərkəzi  Qafqazda  -  Kuban  mədəniyyəti,  Kür 
ətrafında  Samtavr-Kartli  daxili  mədəniyyəti,  ondan  şərqə  Alazan  və  İori 
ərazisində  Şərqi  Qafqaz,  cənubda  Trialeti  mədəniyyəti,  Gürcüstanın  qərb 
bölgəsi və Qara dəniz sahillərində Qaqradan Batuma qədər olan ərazidə tunc 
dövrü Kolxida mədəniyyəti mövcud olmuşdu. Şimali Qafqaz mədəniyyətinə 
aid  qəbirlərdə  ölülər  bükülü,  daha  sonrakı  dövrlərdə  isə  çuxurlarda  düzünə 
uzadılmış  şəkildə  dəfn  olunmuş,  üzəriləri  daş  lövhələrlə  örtülmüşdür. 
Arxeoloji  materiallara  əsaslanaraq  belə  nəticəyə  gəlmək  olar  ki,  bu 
mədəniyyət  əkinçi  və maldar tayfaların mədəniyyəti  olmuşdur. Təsərrüfatda 
əsasən  metalişləmə  və  metallurgiya  başlıca  rol  oynayırdı.  Şimali  Qafqaz 
mədəniyyəti  ondan  daha  əvvəl  mövcud  olmuş  Maykop  mədəniyyətinin 
əsasında  meydana  gəlmiş  və  öz  inkişafında  üç  mərhələ  keçmişdir:  e.ə.  II 
minilliyin əvvəlləri - XVII əsr - mədəniyyətin formalaşma dövrü; e.ə. XVII-
XV  əsrlər  çiçəklənmə mərhələsi;  XV-X əsrin  sonlarına  qədər  -  tənəzzül.  Bu 
dövr şimal tayfalarının intensiv hücumları ilə də səciyyələnir. 

73 
 
Mərkəzi  Qafqaz  mədəniyyətinə  e.ə.  XVI-XIII  əsrə  və  daha  sonrakı 
e.ə.  XII  əsrə  aid  abidələr  daxil  edilir.  Mədəniyyətin  xarakterik  abidələri 
qəbirlər və çox sayda yaşayış məskənləri hesab olunur. 
Əgər erkən tunc dövründə metal əmək alətləri və silahlar azlıq təşkil 
edirdisə,  son  tunc  dövrünə  aid  Mərkəzi  Qafqaz  mədəniyyətində,  əksinə, 
onların sayı çoxdur. E.ə. XVI-XIII əsrlərdə özünəməxsus baltalar, xəncərlər, 
daş düymələr, tunc boyunbağılar, öküz və qoyun başı formalı alın bəzəkləri, 
diademalar, spiralşəkilli saç sancaqları və s. geniş yayılmışdır. 
Şimali  Qafqaz  mədəniyyətinin  sonrakı mərhələsi  Koban mədəniyyəti 
kimi tanınır. Koban mədəniyyəti tunc dövrünün sonu, erkən dəmir dövrünün 
əvvəlinə  aid  edilir.  Bu  mədəniyyət  öz  adını  Yuxarı  Koban  kəndində  tədqiq 
olunmuş  qəbir  abidəsindən  almışdır.  E.ə.  XII-X  əsrlərə  aid  olan  bu 
mədəniyyətin  qəbir  abidələrindən  çoxlu  sayda  tunc  və  saxsı  qablar  əldə 
olunmuşdur. Əşyalar arasında qulplu küplər, həndəsi ornamentlə bəzədilmiş 
zoomorf  qulplu  tunc  piyalələr  və  kasalara  təsadüf  olunur.  Yaşayış 
məskənindən tapılmış at  əsləhəsi, boyunduruq və s. kimi atçılığa aid əşyalar 
tapılmışdır. Bu da son tunc dövründə atdan minik vasitəsi kimi geniş istifadə 
olunmasını sübut edir. Əldə olunan bəzəklər də çoxsaylı və müxtəlifdir: tunc 
fibula  -  insan  fiqurları,  ceyran,  maral,  at  və  qaban  fiqurları  ilə  bəzədilmiş 
boyunbağılar, sancaqlar və s. 
Tuncun işlənməsi yüksək səviyyəyə çatmışdı. Koban tuncu öz yüksək 
texniki  keyfiyyətləri  və  tərkibindəki  mərgümüşün  yüksək  səviyyəsi  ilə 
fərqlənirdi.  Qədim  ustalar  bərk  və  mum  tökmə  modellərin  hazırlanma 
üsulunu bilir, tökmə, döymə, inkrustirasiya üsullarını tətbiq edirdilər. Koban 
mədəniyyətini  bizə  miras qoymuş  əhali  oturaq  maldarlıqla və  çay  vadisində 
əkinçiliklə məşğul olurdu. 
E.ə.  II  minillikdə  tunc  dövrünün  özünəməxsus  parlaq  mədəniyyəti 
Mərkəzi  və  Cənubi  Qafqazda  meydana  gəlmişdi.  Onun  ən  önəmli  abidələri 
Gürcüstan  ərazisindəki  Trialeti  vadisində  yerləşir.  Əhəmiyyətli  abidələrin 
yerinə  uyğun  olaraq  o,  Trialeti  mədəniyyəti  adlandırılır.  Qəbir  abidəsinin 
əksəriyyətini  sadə  inventarlı  toplu  qəbirlər  təşkil  edir.  Buradakı  ölülər  gil 
meydançaların  üzərində  dəfn  edib,  üzərində  ağır  daşlardan  kurqanlar 
ucaldılmışdır.  Kurqanların  bəzilərində  8  m  dərinliyi  və  sahəsi  8x14  m  olan 
qəbir  kameraları  vardır.  Kameranın  döşəməsi  qamışla  döşənib,  divarlarına 
daş  piltələr  quraşdırılmışdı.  Kameraya  aparan  yolda  xüsusi  dəhlizlər  inşa 
edilirdi  ki,  bu  dəhlizlə  meyidi  daşıyan  araba  və  onunla  birlikdə  dəfndə 
istifadə  olunacaq  əşyalar  aparılırdı.  Dəfn mərasimləri təntənəli  surətdə  qeyd 
olunurdu.  Kurqanların  birindən  tamamilə  ağacdan  hazırlanmış  dörd  təkərli 
araba aşkar olunmuşdu. Dövrünə görə kameraya ölü ilə bərabər öldürülmüş 
heyvanlar (öküz, donuz), metal əşyalar, tunc silah, mis qazan, gümüş və qızıl 
bəzək  əşyaları  da  qoyurdular.  Həmçinin  abidədən  əldə  olunan  qiymətli 

74 
 
daşlarla bəzədilmiş fiqurlu kubok tipli qablar da maraqlıdır. Kuboklar bütöv 
gümüş parçasından yonulmuş və üzərində iki haşiyə ilə bəzədilmiş müxtəlif 
təsvirlər  həkk  olunmuşdur.  Birinci  üst  haşiyə  zolağında  əllərində  fincan 
tutmuş,  uzun  əba  geyinmiş  (xiton)  və  iki  canavar  quyruqlu  məxluqun  bir-
birinin ardınca getməsi ayini təsvir olunmuşdur. Ayin icraçıları ağaca doğru 
yönəlmişlər.  Ağacın  altında  qurbangah  qarşısında  qurulmuş  taxtda  eyni 
görünüşlü antrozoomorf məxluq əyləşmişlər. Təsvirin aşağı haşiyə zolağında 
bir-birini təkrarlayan iki ceyran təsviri də vardır. Bu mədəniyyətə aid gümüş 
düymələrin  qızılı  başlıqları,  iri  qızıl  muncuqlar,  boyunbağılar,  heyvanların 
qızıldan tökmə fiqurları nəfis tərtibata malikdirlər. Kurqanda ehtimal ki, varlı 
şəxs dəfn olunmuşdur. Ümumilikdə, bu mədəniyyət tuncdan hazırlanmış əyri 
uclu  xəncərlər,  üçkünc  başlıqlı  nizələrlə  səciyyələnir.  Dövrə  aid  silahların 
hazırlanması zərgər dəqiqliyi ilə yerinə yetirilmişdir. Gil qablar arasında qara 
rəngli  boya  ilə  işlənmiş  parlaq  ornamentə  malik  boyalı  küplər  qırmızımtıl 
rəngi ilə seçilir. 
Onların üzərini bəzəyən qara naxışlar, aşağıya yönəlmiş üçbucaqlarla 
ziq-zaq  formasında  həkk  olunmuşdur.  Küplərin  üzərində,  həmçinin  quş 
təsvirləri, spiralvari xətlər və naxış ünsürlərinə də təsadüf olunur. 
 
Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin