AZƏrbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ


Cəza  tədbirlərinin  gücləndirildiyi  Ģəraitdə  inqilabi  mübarizənin



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10116
1   ...   5   6   7   8   9   10   11   12   13

Cəza  tədbirlərinin  gücləndirildiyi  Ģəraitdə  inqilabi  mübarizənin 
davam  etdirilməsi:  Çar  hökuməti  Moskvada  silahlı  üsyanı  amansızlıqla  
yatırdıqdan sonra bütün ölkədə inqilabi qüvvələrin üzərinə hücuma keçdi. 
1906-cı  il  yanvarın  4-də  Bakı  Sovetinin  orqanı  «Bakı  fəhlə  deputatları 
Sovetinin əxbarı» qəzeti bağlandı. 
Yanvarın 26-da inqilabi təşkilatlara mitinq və iclaslar keçirməyi qadağan 
edən sərəncam verildi. Fevralın 23-də Bakı fəhlə deputatları Soveti polis tərəfindən 
qovuldu. 
Bir  sıra  müəssisələrdə  dekabr  müştərək  müqaviləsinin  şərtlərini  pozmağa    
başladılar. Fəhlələri gündə 9 saat əvəzinə 11 – 12 saat işləməyə məcbur edir, onlara 
müqavilə  nəzərdə  tutulduğundan  15-20  faiz  az  əmək  haqqı  verirdilər.  Tətil 
iştirakçılarını təqib edir, döyür, işdən qovurdular. Çoxlu fəhlə «etibarsız» sayılaraq 
Bakıdan sürgün edildi. Həbsxanalar siyasi məhbuslarla doldu. 
Bütün  bunlara  baxmayaraq,  1906-cı  ildə inqilabi mübarizə inadla  davam 
etdirilirdi. 
Fevralın  12-də  Bakı  texniki  məktəbinin  tələbələri  tətil  etdilər.  Tətil 
tezliklə  şəhərdəki  digər  tədris  müəssisələrinə  keçdi.  Demokratik  əhval-ruhiyyəli  
müəllimlər də tətilə qoşuldular. Yelizavetpol tələbələri həmrəylik tətili keçirdilər. 
Tətilçilər  məktəblərdə  hökm  sürən  polis  qaydalarına  son  qoymağa  çağırır,   
tələbələr    arasına  Bakı texniki məktəbinin  direktoru  Mixaylovski  kimi  millətçilik 
toxumu səpən irticaçıların vəzifədən götürülməsini tələb edirdilər. 
1  Mayda  Bakı  müəssisələrinin  fəhlələri  işə  çıxmadılar.  İyunda 
Bibiheybətdə mədən  fəhlələrinin  üç  ayadək  davam  edən  tətili  başlandı.  Tətilçilər 
arasında  nifaq  salmaq,  onların  sıralarını  parçalamaq  üçün  sahibkarlar  peşkəş 
siyasətinə əl atdılar. Fəhlələrin, xüsusən onların azşüurlu hissəsinin müəyyən qismi 
ilk vaxtlar aldanaraq, bu dilənçi payını alsalar da, tezliklə peşkeşdən imtina etdilər. 
Çar  hökumət  orqanları  tətil  komitələrinin  400  nəfərdən  artıq  üzvünü  və 
tətillərin fəal iştirakçılarını həbs etdi. 

75 
 
Bu  irticaçı  tədbirə  etiraz  əlaməti  olaraq,  avqustun  25-26-da  Bakıda 
fəhlələr  ümumi  siyasi  tətil  keçirdilər.  Onlar  həbs  edilənlərin  buraxılmasını, 
tətilçilərin  sürgün  edilməsi  haqqında  çıxarılmış  qərarın  ləğv  olunmasını,  onların 
ailələrini incitmiş yüksək vəzifəli məmurun məhkəməyə verilməsini və s. tələblər 
irəli sürdülər. 
Hakimiyyət  orqanları,  nəhayət,  güzəştə  getmək məcburiyyətində  qalaraq,   
tətil  iştirakçılarının  sürgün  edilməsini  dayandırdı,  artıq  sürgün  olunanları isə  geri 
qaytardı. 
Noyabr-dekabr  aylarında  təkcə  Rotşildin  və  Nobel  qardaşlarının 
mədənlərində 15 minə qədər fəhlənin iki ay davam edən tətilləri baş verdi. 
Tətil hərəkatına polisin nəzarətini daha da gücləndirmək məqsədilə, 1906-
cı il sentyabrın 28-də çar II Nikolayın fərmanına əsasən, Bakı və onun ətrafındakı 
mədən və fabrik-zavod rayonları xüsusi qradonaçalnikliyə ayrıldı. Bu ərazidə polis 
və  inzibati  idarə  işləri  bütünlüklə  qradonaçalnikə  tapşırıldı.  Dekabrın  6-da,  çarın 
yeni  fərmanı  ilə  Bakıda  və  Bakı  quberniyasında  daha  sərt  rejim—«fövqəladə 
mühafizə»  vaxtı  tətbiq  edildi.  «Fövqəladə  mühafizə»  vaxtı  altı  aydan  bir 
uzadılaraq, 1917-ci ildə çarizm devrilənədək davam etdi. 
1906-cı  ildə  kütləvi  fəhlə  təşkilatları  olan  Həmkarlar  ittifaqlarının 
yaradılması uğrunda qızğın iş gedirdi. 
Sentyabrın  24-də  neft  sənaye  fəhlələrinin  İttifaqı  yaradıldı.  İttifaqın  12 
nəfərdən  ibarət  idarə  heyətinə  P.  Çaparidze,  M.  Məmmədyarov,  H.  Sultanov  və 
başqaları seçildilər. 
Həmin ilin axırlarında təkcə Bakıda 20-dək sahə həmkarlar ittifaqı vardı. 
Bu ittifaqlarda 13 minə yaxın fəhlə birləşmişdi. Ən böyük həmkarlar təşkilatı olan 
neft sənaye fəhlələrinin İttifaqında 4 minədək üzv vardı. 
1907-ci  ilin  birinci  yarısında  ən  böyük  inqilabi  çıxış  Xəzər  Ticarət 
Donanması dənizçilərinin ümumi tətili idi. 
Dənizçilər  son  dərəcə  ağır  şəraitdə  yaşayır  və  işləyirdilər.  Onlar,  azacıq 
istirahət  vaxtı  nəzərə  alınmazsa,  demək  olar,  gecə-gündüz  çalışır,  lakin  digər 
kateqoriya fəhlələrdən xeyli az — 15-20 manat aylıq zəhmət haqqı alırdılar. 
Tətil «Hümmət» təşkilatının fəal iştirakı ilə hazırlanıb keçirildi. 
Martın  8-də  yaradılmış  tətil  komitəsi  Xəzərdəki  bütün  dəniz 
donanmalarının dənizçiləri adından 42 maddədən ibarət tələbnamə hazırlayıb gəmi 
sahiblərinə  verdi  və  bildirdi  ki,  həmin  tələblər  rədd  edilərsə,  martın  10-da  ticarət 
gəmilərində iş dayandırılacaqdır. Dənizçilərin tələbləri sırasında 8 saatlıq iş günü, 
əmək  haqqının  artırılması,  bütün  gəmilərdə  eyni  miqdarda  əmək  haqqı 
müəyyənləşdirilməsi, həftədə bir dəfə istirahət günü və əmək haqqı saxlanılmaqla   
illik məzuniyyət verilməsi, cərimələrin ləğv olunması, həmkarlar ittifaqının bərpa 
edilməsi, tətildə iştirak etmək üstündə həbs olunanların hamısının azad edilməsi və 
s. tələblər vardı. 

76 
 
Dənizçilərin  tələbləri  rədd  edildikdən  sonra,  martın  10-da  Bakıda  tətil 
başladı.  Port-Petrovsk  (indiki  Mahaçqala)  və  Krasnovodsk  limanlarında  dayanan 
ticarət gəmilərinin dənizçiləri də tətilə qoşuldular. 
Xəzər  və  Volqa  vasitəsilə  Rusiyanın  içərilərinə  yük  daşınması 
dayandırıldı. Xəzər dənizçilərinin tətilindən daha çox zərər çəkən rus sənayeçiləri 
hökumətdən təcili tədbirlər görməyi tələb etdilər. 
Çarın  sərəncamı  ilə  Bakı,  Port-Petrovsk  və  Krasnovodska  cəza  dəstələri 
göndərildi.  Bakıda  800-ə  qədər  dənizçi  həbs  edildi,  çoxları  Rusiyaya,  Cənubi 
Azərbaycandan olanlar isə İrana sürgün edildilər. 
Aprelin 20-də Bakıda 25 minədək fəhlənin iştirak etdiyi ümumi həmrəylik 
tətili keçirildi. Tətil etmiş fəhlələr dənizçilərin həbs və sürgün edilməsinə qarşı qəti 
etirazlarını bildirdilər. Onlar dənizçilərə və onların ailələrinə kömək məqsədilə pul 
toplayıb verdilər. 
Dənizçilərin neft  sənaye  fəhlələri  tərəfindən  müdafiə  edilən  ümumi  tətili 
aprelin  25-də  qələbə  ilə  başa  çatdı.  Gəmi  sahibləri  bütün  gəmilərdə  8  saatlıq  iş 
günü  qoyulması,  əmək  haqqının  artırılması,  fabrik-zavod  qanunlarının  ticarət 
donanmasının  dənizçilərinə  də  şamil  edilməsi,  onların  gəmi  sahibləri  hesabına 
müalicə və sığorta edilməsi, cərimələrin ləğv olunması və s. haqqında dənizçilərin 
tələblərini qəbul etməyə məcbur oldular. 
May—iyun  aylarında  Gədəbəy,  Şuşa  və  Nuxada  fəhlələrin  güclü  tətilləri 
oldu. Şuşada müxtəlif istehsal sahələrinin minlərlə fəhləsinin başladığı tətil onların 
irəli sürdükləri bir sıra tələblərin, o cümlədən  8  saatlıq  iş  günü  tələbinin  qəbul 
edilməsi ilə başa çatdı. 
1907-ci ilin 23 iyununda Bankə balıq  sənaye fəhlələrinin böyük tətili baş 
verdi. Tezliklə tətil digər iri balıqçılıq müəssisələrini də bürüyərək 2 ay davam etdi. 
Tətilçilər əmək haqqının 25-50 faiz artırılmasını, 8 saatlıq iş günü və  hər il üçün 1 
aylıq  məzuniyyət  verilməsini  və  s.  tələb  edirdilər.  Balıqçıların  tətili 
müvəffəqiyyətlə başa çatdı, onların tələbləri, əsasən, ödənildi. Onların əmək haqqı 
20-25 faiz artırıldı. 
Çar    hökuməti    və  kapitalistlər    tərəfindən  fəhlələrin  hüquqlarının  daim 
tapdanmasına  cavab  olaraq, neft  sənaye  fəhlələri  İttifaqının  çağırışı ilə həmin  ilin 
yayında ümumi  siyasi tətil keçirmək qərara alındı.  Sahibkarlara veriləcək tələblər 
hazırlandı.  Burada  8  saatlıq  iş  günü,  həmkarlar  ittifaqlarının,  zavod  və  mədən 
komissiyalarının  fəhlə  nümayəndəliyi  kimi  rəsmi  surətdə  tanınması  və  başqa 
tələblər vardı. 
Tətilin yayda başlanacağı xəbəri hakim dairələri bərk qorxuya saldı. Onlar 
tətilin,  heç  olmazsa,  Xəzərdə  və  Volqada  gediş-gəlişin  kəsildiyi  payıza  qədər 
ləngidilməsi üçün yollar axtarmağa başladılar. Xırda güzəştlərlə fəhlələri aldatmaq 
mümkün  olmadıqda,  müşavirə  kampaniyası  fırıldağı  ortaya  atıldı.  Bu,  danışıqlar 
aparmaq yolu ilə vaxt qazanmaq cəhdi idi. 

77 
 
Müşavirə  kampaniyasına  hələ  1905-ci  ilin  sentyabrında  və  1906-cı  ilin 
oktyabrında Bakıda inqilabi mübarizənin qızğın çağında da əl atılmışdı. Lakin hər 
dəfə  fəhlələrin  aldadılmış  hissəsi  tərəfindən  seçilib  Peterburqa  müşavirəyə 
göndərilmiş nümayəndələri, onların irəli sürdüyü tələblər qəbul edilmədiyinə görə, 
iclas zalını tərk etmiş və beləliklə, əvvəlki müşavirə fırıldaqları baş tutmamışdı. 
Bolşeviklər  fəhlələri  müşavirə  kampaniyasını  baykot  etməyə  və  dərhal 
tətil etməyə çağırırdılar. 
Müxtəlif 
siyasi 
qüvvələrin 
müşavirə 
kampaniyası 
ətrafında 
mübahisələrinin qızğın çağında çar hökuməti tərəfindən yeni bir cinayət törədildi. 
1907-ci  il  sentyabrın  19-da  inqilabçı  fəhlə  Xanlar  Səfərəliyev  arxadan  vurulan 
güllə ilə xaincəsinə öldürüldü. Bu qanlı cinayətə etiraz əlaməti olaraq, Bibiheybət 
neft  mədənlərinin  fəhlələri  iki  gün  tətil  etdilər.  X.  Səfərəliyevin  dəfn  mərasimi 
çarizmə  qarşı  qüdrətli  siyasi nümayişə  çevrildi.  Onun  qəbri  üstündə  çıxış  edənlər 
arasında  M.  Ə.  Rəsulzadə  də  vardı.  Dəfn  mərasimində  20  mindən  artıq  fəhlə   
iştirak edirdi. 
Hökumət  və  neft  sənayeçiləri  müşavirə  keçirilməsinə  bilavasitə  nail 
olmasalar  da,  müşavirə  kampaniyası  oyunbazlığı  ilə  ümumi  tətilə  payızda 
naviqasiyanın  kəsilməsinə  qədər  mane  ola  bildilər.  Payız-qış  ayları  isə  Xəzər 
dənizçilərinin tətili üçün əlverişli deyildi. 
1908-ci  ilin  əvvəllərində  Bakının  30-dan  çox  müəssisəsinin  on  minə    
qədər fəhləsi tətil etmişdi. 
Fevralın 14-də erməni kapitalisti Mirzoyevin mədənlərində 1500 fəhlənin 
başladığı  tətil  iki  ay  yarım  sürdü.  Tətil  mübarizəsinin  qarşısını  almaq  üçün 
kapitalistlər  lokauta  əl  atdılar.  Bir  sıra  müəssisələr  zərərlə  işləmək  bəhanəsi  ilə 
bağlandı, fəhlələr küçəyə atıldı. 
1908-ci ildə Rusiyada tətillərin arası, demək olar, kəsildiyi halda, Bakıda, 
hətta Peterburq və Moskva kimi iri inqilab mərkəzlərində olduğundan 3-4 dəfə çox 
- 47 min fəhlə tətil etmişdi. 
Soldat  və  matrosların  inqilabi  çıxıĢları: 1905-ci ilin inqilabi hadisələri 
ordunu da hərəkətə gətirdi. 
Yayda  Xəzər  hərbi  donanmasının  matrosları,  Bakı  və  Yelizavetpolda 
yerləşən  qarnizonların  soldatları  tərəfindən  mitinq  və  nümayişlər  keçirildi.  Onlar 
bir  sıra  iqtisadi  və  siyasi  tələblər  irəli  sürdülər.  Yelizavetpoldakı  Aslandüz 
batalyonunun soldatları itaətsizlik göstərərək, keyfiyyətsiz yeməyi qəbul etmədilər. 
Şamaxı batalyonunun soldatları isə cırıq paltarları geyməkdən boyun qaçırdılar. 
Oktyabrın  30-da  matrosların  nümayişi  silah  gücünə  qovuldu.  Çoxlu 
matros həbsə alındı, 11 nəfərin işi hərbi məhkəməyə verildi. 
Noyabrın  27-də  Bakıda  79-cu  Kür  alayının  soldatları  tabe  olmaqdan 
imtina etdilər və komandanlığa bir sıra tələblər verdilər. Kiyevdən Bakıya köməyə 
göndərilmiş «ən etibarlı» iki alay 79-cu alayın tərəfinə keçdi, birgə nümayiş təşkil 
etdilər. Soldatlar həbsə alınmış inqilabçıların buraxılmasını tələb etdilər. Nümayişi 

78 
 
dağıtmaq  üçün  göndərilmiş  üç  alay  kazak  öz  yoldaşlarına  atəş  açmaqdan  boyun 
qaçırdı. 
Dekabrın  əvvəllərində  Yelizavetpol  və  Zaqatala  qarnizonlarında 
həyəcanlar baş verdi. Kubandan köməyə çağırılmış kazak batalyonunun soldatları 
nəinki bu həyəcanları yatırmadı, hətta özləri də üsyan qaldırıb evlərinə qayıtdılar. 
1906-cı ilin yayı və payızında Yelizavetpol, Naxçıvan, Zaqatala və başqa 
qarnizonların soldatları, həmçinin Xəzər donanmasının matrosları arasında inqilabi 
çıxış və həyəcanlar baş verdi. 
Kəndli  hərəkatı:  Azərbaycanda  inqilabi  hərəkatın  yüksəldiyi  dövrdə   
kənddə  sinfi  mübarizə  xeyli  gücləndi.  Kəndlilərin  mübarizə  vasitələri,  əsasən, 
dəyişməz qalsa da, onların çıxışları getdikcə daha kütləvi və şüurlu xarakter alırdı. 
Kəndli  hərəkatının  canlanmasında  tətillərdə  iştirak  etmək  üstündə  işdən  qovulan, 
yaxud sürgün edilən fəhlələrin kəndə qayıtmalarının xeyli rolu olmuşdur. 
Kəndli həyəcanları Azərbaycan qəzalarının çoxunu bürümüşdü. Kəndlilər 
çar 
hökumətinin 
sərəncamlarını 
yerinə 
yetirmir, 
vergi 
verməkdən, 
mükəlləfiyyətləri  icra  etməkdən  boyun  qaçırır,  xəzinə  və  mülkədar  torpaqlarını 
zəbt edir, dövlət məmurlarına qarşı silahlı müqavimət göstərirdilər. 
1905-ci  ilin  yay  və  payızında  Zaqatala  dairəsində  güclü  kəndli  çıxışları 
oldu. Qavaxçöl kənd camaatı başda olmaqla dairənin bir sıra kəndlərinin kəndliləri 
mülkədar torpaqlarını tutdular və silaha sarılaraq onların üzərinə göndərilmiş, hətta 
topları olan 300 soldata qarşı güclü müqavimət göstərdilər. Qavaxçöllülər Nuxadan 
və qonşu kəndlərdən gələn kəndlilərin köməyi ilə kazakların bütün hücumlarını dəf 
etdilər. 
Qaçaqlar  xüsusilə  fəallaşdılar.  Onların  dəstələri  çar  üsul-idarəsinin  qatı 
düşməninə  çevrilmiş  kəndlilərin  hesabına  günü-gündən  böyüyürdü.  Göyçay  və 
Şamaxı  qəzalarında  Qaçaq  Zahidin,  Yelizavetpol  və  Qazax  qəzalarında  Dəli 
Əlinin,  Həsən  Ləzgi  oğlunun  və  Qandal  Nağının,  Zaqatala  dairəsində  Yusifin 
rəhbərlik etdikləri qaçaq dəstələri rus müstəmləkəçilərinin  qənimi  kəsilmişdilər. 
Kəndlilər  qaçaqlara  bacardıqları  köməyi  edirdilər.  Onları  yeməklə, 
paltarla  təmin  edir,  evlərində  gizlədib  saxlayırdılar.  Çar  hökuməti  qaçaqlarla 
həmfikir  olanlara  amansız  divan  tuturdu.  Məsələn,  1905-ci  ilin  yayında 
Yelizavetpol  qəzasının  Qaracəmirli  və  Qanseli  kəndlərinii kəndliləri  qaçaqları  ələ 
verməkdən imtina etdiklərinə görə, hər iki kənd top atəşinə tutulmuşdu. 
Qaçaqlar hər vasitə ilə erməni-müsəlman münaqişəsinin qarşısını almağa 
çalışırdılar. 
O  dövrdə  çıxan  qəzetlərin  birində  belə  bir  əhvalat  barədə  yazılır.  Dəli 
Əlinin  altı  nəfərdən  ibarət  atlı  qaçaq  dəstəsi  ilə  rastlaşan  erməni  kəndliləri 
qorxudan özlərini itirdikdə, Dəli Əli onlara heç bir xələl yetirməyəcəyini bildirərək 
deyir:  gedib  ağsaqqallarınıza  çatdırın  ki,  indiyədək  azərbaycanlılarla  nə  cür 
yaşayıblarsa, yenə o qaydada yaşamaları və onlarla yaxşı rəftar etmələri barədə öz 
cavanlarına  öyüd-nəsihət  versinlər.  Deyin  ki,  Dəli  Əli  özü  də  hər  gün 

79 
 
azərbaycanlılarla  bu  barədə  danışır  və  ermənilərlə  azərbaycanlılar  arasında 
münaqişələrin baş verməməsinə çalışır. 
Başqa  bir  sənəddə—Bakı  dairə  məhkəməsinin  məlumatında  göstərilir: 
qaçaq  Zahid  50  nəfərlik  qaçaq  dəstəsi  ilə  kəndləri  gəzir,  kəndxudaları  və  əhalini 
xəbərdar  edir  ki,  «...tatarlar  (azərbaycanlılar—T.  Ə.)  erməniləri  və  əksinə, 
ermənilər  tatarları  öldürməkdən  əl  çəksinlər,  milli  düşmənçiliyə  əsaslanan  belə 
hadisələr baş verərsə, bütün kənd cavabdeh olacaqdır». 1906-cı ildə kəndli hərəkatı 
daha kəskin şəkil aldı. 
Zaqatala  dairəsində  Yusifin  başçılıq  etdiyi  qaçaqlar  toplarla  silahlanmış 
kazak dəstələrini bir neçə dəfə məğlub etdi. Fevral ayında qaçaqlar özlərindən qat-
qat  güclü  cəza  dəstələrinin  təzyiqi  altında  Gürcüstan  ərazisinə  çəkilməyə  məcbur 
oldular. Orada baş verən döyüşlərin birində Yusif öldürüldü. 
Kəndlilərin  dövlət  və  başqa  vergiləri  ödəməkdən  imtina  etmələri  kütləvi 
hal almışdı. Həmin ilin fevralında Yelizavetpol qəzasının Qaracəmirli və Kəpənək 
kəndləri  yalnız  topa  tutulduqdan  sonra  kəndlilərdən  vergi  toplamaq  mümkün 
olmuşdu. 
Kəndlilər  onları  istismar  edən  əcnəbi  sahibkarlara  dərin  nifrət 
bəsləyirdilər.  Rusiyanın  daxili  işlər  naziri  Stolipin  1906-cı  il  20  may  tarixli 
teleqramında  göstərirdi  ki,  Quba  qəzası  quldur  dəstələri  ilə  doludur.  Sahibkarlar 
özlərinin mülklərinə əsir düşməyi  gözünün  qabağına  almadan  gələ  bilmirlər.  De-
Burun  malikanəsi  qarət  edilmişdir.  Spevakın  malikanəsinə  quldur  dəstəsi 
soxulmuşdur. Sahibkarları, müdirləri tez-tez əsir götürürlər. 
Həmin ilin  iyul  ayında  Cavanşir  qəzasının  Papravənd  kəndi  kəndlilərinin 
silahlı çıxışını yatırmaq üçün podpolkovnik Veberin rəhbərliyi altında cəza dəstəsi 
göndərildi. Toplardan istifadə olunan bu toqquşmada altı  soldat yaralandı. Avqust 
ayında Cavanşir qəza rəisi kəndlilər tərəfindən öldürüldü. 
Müqəssirləri  aşkara  çıxarmaq  üçün  qəzaya  100  nəfərlik  kazak  dəstəsi 
göndərildi. 
Kəndli  çıxışlarının  qarşısını  almaq  üçün  qəzalara  əlavə  hərbi  qüvvələr 
göndərilirdi.  Qazax  qəzasına  4  rota  soldat,  iki  top,  bir  eskadron  süvari;  Nuxa 
qəzasına 40 strajnik və 150 nəfərlik kazak dəstəsi gətirildi. 
Çar hökuməti əhalidə olan silahları müsadirə etməyə başladı. 1906-cı ilin 
yeddi-səkkiz ayı ərzində təkcə Yelizavetpol quberniyasında 10 mindən çox tüfəng, 
50-dən çox tapanca müsadirə edildi. 
1906-cı  ilin  axırı  -  1907-ci  ilin  əvvəllərində  kəndli  hərəkatı  zəifləməyə 
başladı. 
Kəndli  hərəkatı  geniş  vüsət  alsa  belə,  gec-tez  müvəffəqiyyətsizliyə 
uğrayırdı. Çünki kəndlilərin çıxışları kortəbii baş verir, kəndli dəstələrinin arasında 
birlik yox idi. Kəndlilərin ən mübariz və nisbətən mütəşəkkil hissəsini təşkil edən 
qaçaqlar bir-biri ilə əlaqəsi olmayan onlarca qaçaq dəstəsində birləşmişdilər. Təkcə 

80 
 
Nuxa qəzasında 10-na qədər qaçaq dəstəsi fəaliyyət göstərirdi. Kəndlilərlə fəhlələr 
arasında əlaqə çox zəif idi. 
Millətlərarası  münaqiĢələr:  Milli-azadlıq  hərəkatının  qızğın  çağında 
Azərbaycan xalqı erməni-daşnak təhlükəsi ilə üzləşdi. 
XX  əsrin  başlanğıcında  erməni  millətçilərinin  «Böyük  Ermənistan» 
uğrunda  hərəkatı  gücləndi.  «Daşnaksütyun»  partiyasının  başçılıq  etdiyi  bu 
hərəkatın  mahiyyəti  Türkiyə,  Azərbaycan,  Gürcüstan  və  İran  əraziləri  hesabına 
erməni dövləti yaratmaqdan ibarət idi. 
Mərkəzi Tiflisdə yerləşən «Daşnaksütyun»un Zaqafqaziyanın çox yerində, 
o  cümlədən  Azərbaycanın  Bakı,  Gəncə,  Şuşa  və  bir  sıra  başqa  şəhərlərində 
təşkilatları  vardı.  Təşkilatlardan  ən  güclüsü  Bakıda  yerləşirdi.  Burada  iqtisadi 
cəhətdən  çox  güclü  olan  erməni  kapitalistləri  daşnak  partiyasına  geniş  maliyyə 
yardımı göstərirdilər. 
XX  əsrin  əvvəllərində  daşnaklar  Zaqafqaziyada  yaşayan  ermənilər 
arasında  azərbaycanlılar  əleyhinə  düşmənçilik  kampaniyasını  daha  da 
genişləndirdi,  erməni  əhalisindən  vəsait  toplanışını  son  dərəcə  sərtləşdirdilər. 
Əvvəllər  vəsait  toplanışı  könüllü  şəkildə  aparılırdısa,  indi  tələb  olunan  məbləği 
verməkdən  boyun  qaçıranları  hətta  ölüm  cəzası  gözləyirdi.  Daşnaklar  əsl  mətləbi 
gizlədərək  deyirdilər  ki,  guya  həmin  vəsait  Türkiyədəki  ermənilərin  hərəkatına 
kömək məqsədilə toplanır. 
Erməni-müsəlman  ədavətinin  qızışdırılmasında  erməni  kilsə  xadimləri 
mühüm rol oynayırdılar. Onlara Eçmiədzindən (Üç kilsə) ümumi rəhbərlik edilirdi. 
Erməni  kilsəsinin  fəaliyyətini  dərindən  öyrənmiş  bir  rus  diplomatı  yazırdı: 
«Erməni  din  xadimlərinin  fəaliyyəti  «Allah  kəlamını»  çatdırmaqdan  çox, 
müsəlmanlarla xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir». 
Erməni  kilsələri  əslində  hərbi  sursat  cəbbəxanasına  çevrilmişdi.  1906-cı 
ildə Şuşada iki kilsənin yeraltı qatından çoxlu miqdarda tüfəng, güllə, top, bomba, 
dinamit və başqa hərbi sursat gizlədilmiş silah anbarları aşkara çıxarılmışdı. 
Daşnakların  məqsədi  azərbaycanlıları  yaşadıqları  doğma  torpaqlardan 
zorla qovub çıxarmaq və həmin yerlərdə erməni əhalisi yerləşdirməkdən ibarət idi. 
Onlar  öz  planlarını  həyata  keçirmək  üçün  Rusiyanın  köməyinə  bel  bağlayırdılar. 
Daşnak  liderlərindən  biri  Xatisov  gizlətmədən  deyirdi:  «Bu  daşnaksütyun 
Rusiyanın  böyük  şəxslərinin,  generallarının  və hətta  Qafqaz  canişini həzrətlərinin 
fikir  və  əqidələrinə  qulluq  edir  və  on  beş  ildir  ki,  təşkil  olunub  və  onun  qoşunu, 
xəzinəsi  və  soldatı  da  vardır».  Erməni  millətçiləri  açıq  çıxış  etmək  üçün  əlverişli 
fürsət gözləyirdilər. 
Belə fürsət 1905-1907-ci illər inqilabının başlanması ilə ələ düşdü. 
1905-ci il fevralın əvvəlində erməni millətçiləri Bakıda iki azərbaycanlını 
qətlə  yetirdilər.  Bu  terror  aktı  şəhərdə  fevralın  6-dan  9-dək  davam  edən  erməni-
müsəlman  qırğınına  səbəb  oldu.  Yüzlərlə  adam  öldürüldü  və  yaralandı.  Şəhərdə, 

81 
 
onun  ətrafında  çoxlu  ev,  dükan  və  müəssisə  qarət  edilib  dağıdıldı,  buruqlar 
yandırıldı. 
Çar hökuməti kazak və polis qüvvələrini hadisə yerindən mümkün qədər 
uzaq  saxlamağa  çalışaraq,  vuruşan  tərəflərin  taleyini,  əslində,  onların  özlərinə 
tapşırmışdı. 
Çar hökumətinin yeri düşdükcə daşnaklara kömək etməsinə baxmayaraq, 
ermənilər  sayca  onlardan  qat-qat  üstün  olan  müsəlmanların  ciddi  müqavimətinə 
rast gəldilər. 
Münaqişənin  ilk  anından  hər  iki  tərəfə  bütünlüklə  aydın  oldu  ki,  çar 
hökuməti  millətlərarası  toqquşmaların  nəinki  qarşısını  almaq  istəmir,  əksinə, 
ölkədə  milli-azadlıq  hərəkatını  və  inqilabi  mübarizəni  boğmaq  üçün  bu 
qarşıdurmadan istifadə  etmək niyyətindədir.  Daşnakların  ifrat  separatçılıq  planları 
mütləqiyyətin  ürəyincə  olmasa  da,  çarizm  aldığı  ağır  zərbədən  özünə  gələnədək, 
ona  məzhəbcə  yaxın  və  davakar  erməni  millətçilərinə  müxtəlif  vədlər  verməklə, 
onlardan  faydalanmağa  çalışırdı.  Belə  ki,  az-çox  əhəmiyyətli  fəhlə  tətili,  yaxud 
nümayiş tapmaq olmazdı ki, daşnaklar özlərinin pozuculuq fəaliyyətləri ilə çarizmə 
xidmət göstərməmiş olsunlar. 
Bakıda qanlı  fevral  hadisələri  ilə  başlanan  erməni-müsəlman  münaqişəsi 
tezliklə  Zaqafqaziyanın  başqa regionlarına  da  yayılaraq, iki  ilə  qədər  davam  etdi. 
Bu münaqişələrə zorla cəlb edilmiş zəhmətkeş kütlələr olmazın müsibətlərə məruz 
qaldılar. 
Terror, qətl-qarət erməni ekstremistlərinin başlıca mübarizə üsulu idi. 
Azərbaycanın əsas yaylaqları ölkənin qərbində, ermənilərin yığcam halda 
yaşadıqları  səfalı  dağ-ətəyi  ərazilərdə  yerləşirdi.  Ermənilər  köç  aparan  müsəlman 
çobanlarına hücum edərək onları öldürür, heyvan sürülərini qovub aparırdılar. 
Daşnak  hərbi  hissələri  çar  ordusunda  və  başqa  ordularda  xidmət  keçmiş 
erməni  döyüşçülərindən  ibarət  idi.  Onlara  erməni  general  və  zabitləri  başçılıq 
edirdilər. Ermənilərin müasir silahları, hətta topları da vardı. 
Çar  hökumətinin  müsəlman  əhalisindən  əsgər  çağırmaması  öz  acı 
bəhrəsini  verdi.  Hərbi  təlim  görməmiş  azərbaycanlılar  müsəlləh  daşnak 
qüvvələrinə  qarşı,  yaxşı  halda,  ov  tüfəngləri  ilə,  ata-babadan  qalma  çaxmaqlı 
tüfənglərlə,  xəncər-qılıncla  və  əllərinə  keçən  başqa  əşyalarla  müqavimət 
göstərirdilər. 
Erməni-müsəlman  toqquşmaları,  xüsusən,  erməni  əhatəsində  olan,  yaxud 
İrəvan  quberniyası  ilə  qonşu  ərazilərdə  yaşayan  azərbaycanlılar  üçün  son  dərəcə 
faciəvi  oldu.  Bu  yerlərdə  daşnak  terrorçularından  qorxan,  çox  zaman  onlardan 
rüşvət alan çar məmurları və hərbçiləri erməni millətçilərinin tərəfini saxlayırdılar. 
1905-ci il mayın 11-də gecə ermənilər Naxçıvan şəhərini atəşə tutub, qətl-
qarətə  başladılar.  Azərbaycanlılar  bu  zaman  şəhərdə  olan  İrəvan  vitse-
qubernatoruna  ermənilərin  düşmən  hərəkətlərindən  şikayət  etdilər.  Vitse-
qubernator  şikayətçilərə demişdi ki, «əgər onlar sizə atəş açır, siz də tutub onların 

82 
 
tapançalarını alın... Mən bilmərəm». Cəhri kəndinin müsəlman əhalisi ermənilərin 
qətl-qarətinə məruz qaldı. 
Mayın  23-də  İrəvanda  ermənilər  tərəfindən  törədilən  milli  münaqişə  bir 
ayadək  davam  etdi.  Şəhərin  ermənilər  və  müsəlmanlar  yaşayan  hissələri  arasında 
əsl  səngər  döyüşü  başladı.  İrəvanın  ətrafında  olan  15  müsəlman  kəndi  ermənilər 
tərəfindən tutulub viran qoyuldu. Müsəlman əhalisi qaçmaqla canlarını qurtardı. 
İyunun  9-10-da  Eçmiədzin  mahalında  16  azərbaycanlı  kəndi  dağıdıldı, 
onların əhalisi pərən-pərən salındı. Çoxlu müsəlman öldürüldü. Erməni millətçiləri 
südəmər uşaqlara və qoca qarılara da aman vermədilər. 
Şuşada  müsəlmanlara  divan  tutmaq  üçün  erməni  millətçiləri  çox  ciddi 
hazırlaşırdılar.  Onlar  gizli  yerlərdə  və  hündür  qayalarda  səngərlər  qazırdılar.. 
Ermənilərin çoxlu silahı olmasına baxmayaraq, müsəlmanların əlindəki az miqdar 
tüfəng  və  tapançanı  da  çox  baha  qiymətə  alıb,  onları  tamam  tərk-silah  etməyə 
çalışırdılar. Bu zaman ermənilər bazarda 20 manata satılan tüfəngə 100, 6 manata 
satılan tapançaya isə 30 manat verirdilər. 
1905-ci  il  avqustun  ortalarında  Şuşada  daşnaklar  şayiə  yaydılar  ki, 
müsəlmanlar  şəhərin  yaxınlığındakı  Zarıslı  kəndində  dörd  ermənini  qətlə 
yetirmişlər.  Bunu  bəhanə  edən  ermənilər  avqustun  16-da  şəhərdə  kütləvi  qətl-
qarətə  başladılar. 15  erməni  əsgəri qazarmadan  qaçıb  daşnak  dəstələrinə  qoşuldu. 
Şəhərin müsəlmanlar yaşayan Köçərli və Xəlfəli məhəllələrində 20-yə yaxın evin 
ailələri qətlə yetirildi.  Vuruşmanın dördüncü günü yaxın kəndlərdən müsəlmanlar 
köməyə gəldilər. Erməni qüvvələri tamamilə məğlub edildilər. Onların çoxu qaçıb 
kazarmalarda çarpayıların altında  gizlənməklə canlarını qurtardılar. Avqustun 21-
də  erməni  arxi-mandriti  və  qubernatorun  iştirakı  ilə  sülh  bağlandı.  Sülhdən  az 
sonra erməni millətçiləri Şuşa realnı məktəbində  təmir  işi  görən 17 iranlı fəhləni 
işgəncə verərək qətlə yetirdilər. 
Şəhərdə  çoxlu  ev  və  dükan  talan  edilib  yandırıldı.  Yüzlərlə  adam 
öldürüldü və yaralandı. Ermənilərin itkiləri daha çox idi. 
1905-ci  ilin  avqustunda  daşnaklar  Bakıda  ikinci  böyük  qırğın  törətdilər. 
Bu  zaman  müsəlman  cavanlarının  çoxu  şəhərətrafı  bağlarda  dincəldikləri  üçün 
Bakı, bir növ, müdafiəsiz qalmışdı. 
Bakı  konkasında  işləyən  fəhlə  və  qulluqçuların  çoxu  erməni  idi.  Onlar 
tətil  edib  işə  çıxmadıqda,  hökumət  soldatların  köməyi  ilə  konkanı  işlətdi.  Buna 
cavab olaraq, avqustun 20-də ermənilər konkanı gülləyə basdılar. Konkada olan bir 
neçə soldat və müsəlman sərnişinləri öldü və yaralandı. 
Erməni  millətçiləri  bu  hadisədən  istifadə  edərək,  gözə  sataşan 
müsəlmanlara  atəş  açdılar.  Onlar  daha  da  azğınlaşaraq,  iri  binaların 
pəncərələrindən,  evlərin  darvazaları  arxasından  yoldan  keçənlərin  hamısına  —
azərbaycanlıya,  rusa,  gürcüyə,  həmçinin  qoşuna  və  polis  işçilərinə  güllələr 
yağdırmağa başladılar. 

83 
 
Şəhərdə,  onun  ətrafında  müsəlmanlara  məxsus  xeyli  dükan  və  mağaza 
qarət  edildi,  bir neçə  binaya  od  vurub  yandırıldı.  Balaxanı neft  mədənlərinə  daha 
çox  ziyan  dəydi.  Ermənilər  tərəfindən  öldürülənlərin  meyitləri  arasında  çoxlu 
azərbaycanlı ilə yanaşı, rus, gürcü və başqa millətlərin nümayəndələri də vardı. 
Erməni  millətçilərinin  bu  dəfə  törətdikləri  milli  münaqişə  qiyama  daha 
çox oxşayırdı. Belə ki, erməni atəş nöqtələrini susdurmaq üçün çoxlu soldat, kazak 
və  polis  qüvvəsi  səfərbər  edilmişdi.  Hətta  bəzi  erməni  atəş  nöqtəsinə  top  zərbəsi 
endirilmişdi. 
Avqustun 26-da Bakıda erməni daşnak fitnəkarlığına son qoyuldu. 
Sentyabrın  14-də,  bu  vaxt  Bakıda  olan  Qafqaz  canişini  Vorontsov-
Daşkovun rəhbərliyi altında müsəlmanlarla ermənilər arasında sülh bərpa edildi. 
Oktyabrın  3-də  daşnak  generalı  Hamazaspın  başçılığı  ilə  erməni  atlı  və 
piyada  hissələri  Cavanşir  qəzasında  bir  neçə  müsəlman  kəndini  qarət  edib 
yandırdılar,  əhalisini  isə  ucdantutma  qılıncdan  keçirdilər.  Onlar  hətta  südəmər 
körpələri  beşiyi  ilə  odlayır,  anasının  qucağından  alıb  divara  vuraraq  parça-parça 
edir  və  süngülərə  keçirirdilər.  Müsəlmanların  şikayət  etmədiyi  yer  qalmadı,  lakin 
heç bir nəticəsi olmadı. 
Bu  arada  «Daşnaksütyun»  partiyasına  yaxın  olan  Pivovarov  adlı  birisi 
Cavanşir qəza rəisi təyin edildi. Ermənilər daha da fəallaşdılar. 
1905-ci  ilin  axırlarında  Cavanşir  qəzasının  ermənilər  tərəfindən 
dağıdılmış  müsəlman  kəndlərinin  salamat  qalmış  əhalisi  Ümmidli  kəndinə  pənah 
gətirdi. Onlar kənddən təhlükəsiz çıxıb getmələri üçün pristav Pivovarovdan kazak 
dəstəsi verməyi xahiş etdilər. Pristav onlara rədd cavabı verdi. 
Dekabrın  16-da  Ümmidli  kəndində  toplaşmış  azərbaycanlılar  qiymətli 
əşyalarını  və  mal-qarasını  götürüb,  şaxtalı  bir  havada  kəndi  tərk  etdilər.  Gecə 
daşnak  yaraqlıları  onları  yolda  mühasirəyə  alıb,  qırmağa  başladılar.  Bir  neçə 
kəndin  əhalisindən  yalnız  30  nəfər  qaçıb  canını  qurtara  bildi.  Onların  nəql 
etdiklərinə  görə,  ermənilər  hamilə  qadınların  qarınlarını  xəncərlə  parçalayanda 
məsum cocuqların qanlı başları bayıra çıxırmış. Müsəlman qadınları, qızları erməni 
vəhşilərinin  əlində  qalıb,  o  tərəfə-bu  tərəfə  qaçışırdılar.  Qaçanların  bütün  var-
dövləti ermənilərin əlinə keçdi. 
1906-cı  ilin  yanvarında  general  Hamazaspın  qüvvələri  Papravənd  kəndi 
uğrunda  iki  gün  davam  edən  şiddətli  döyüşlərdə  məğlubiyyətə  uğrayaraq  Ağdərə 
kəndinə  doğru  geri  çəkildilər.  Bu  döyüşlərdə  120  erməni  öldürüldü,  onların 
arasında nizami əsgərlər də vardı. Azərbaycanlılar çoxlu qənimət, o cümlədən bir 
araba  patron,  xeyli  tüfəng  və  qılınc  ələ  keçirdilər.  Papravənd  döyüşündən  sonra 
erməni basqınçıları bir müddət özlərinə gələ bilmədilər. 
Qarabağın ermənilər tərəfindən qarət edilən müsəlman kəndlərinin əhalisi 
bərk  aclıq  çəkirdi.  1905-ci  ildə  Azərbaycanın  ayrı-ayrı  yerlərindən,  həmçinin 
Rusiyanın  Qazan,  Aşqabad  və  İranın  bir  sıra  şəhərlərindən  Şuşaya  ərzaq,  məişət 
malları, pul göndərildi. Təkcə H. Z. Tağıyev 750 pud un, 105 pud qənd və çay, 600 

84 
 
pud  neft,  iki  yeşik  şam,  Murtuza  Muxtarov  600  manat  pul  vermişdilər.  Aşqabad 
camaatı 5100 manat pul yollamışdı və s. 
1905-ci  ilin  axırlarında  erməni  millətçiləri  Gəncə,  Tiflis,  Naxçıvan 
şəhərlərində və Qazax qəzasında qanlı cinayətlər törətdilər. 
Gəncədə  millətlərarası  münaqişələr  açıq  şəkil  alan  günədək  ermənilər 
artıq  on  nəfər  azərbaycanlını  qətlə  yetirmişdilər.  Noyabrın  18-də  daşnak 
döyüşçüləri  şəhərin  erməni  hissəsində  vəhşicəsinə  öldürülən  iki  nəfərin  meyitini 
aparmağa  gələn  azərbaycanlıları  atəşə  tutdular.  Ermənilər  əvvəlcədən  hazırlıq 
görmuş,  dükanlarda  silah  gizlətmişdilər.  Onlar  qarşılarına  çıxan  müsəlmanları 
gülləyə  basırdılar.  Şəhərin  erməni  hissəsində  yaşayan  müsəlmanlara  daha  çox 
ziyan  dəydi,  onlarca  adam  öldürüldü.  Nahəyət,  noyabrın  24-də  Qafqaz  canişini 
müavininin vasitəçiliyi ilə erməni və müsəlman vəkilləri arasında sülh imzalandı. 
Noyabrın  20-dən  29-dək  Tiflisdə  də  erməni-müsəlman  qırğını  törədildi. 
Qırx nəfərə yaxın  öldürüldü, xeyli adam yaralandı. Bir neçə mağaza, dükan qarət 
edildi. On gün davam edən münaqişə Qafqaz canişini, Tiflis qubernatoru və digər 
yüksək  rütbəli  məmurların  işə  qarışması,  həmçinin  dəmiryolçuların  etiraz  tətili 
nəticəsində dayandırıldı. 
1905-ci  ilin  noyabrında  Naxçıvanda  ikinci  erməni-müsəlman  münaqişəsi 
baş  verdi.  Ayın  26-da  şəhərin  yaxınlığındakı  Çeşmə-Bazar  müsəlman  kəndində 
kazaklar  asayiş  yaratmaq  bəhanəsi  ilə  bir  evi  qarət  etmək  istədikdə,  həmin  evin 
müqavimət  göstərən  ailə  üzvlərini  bütövlüklə  məhv  etdilər.  Bu  vəhşilik  şəhərdə 
böyük  narazılığa  səbəb  oldu.  Cəzasız  qalan  kazaklar,  üstəlik,  ermənilərlə  əlbir 
olaraq,  Naxçıvanda  müsəlman  bazarını  tamam  qarət  edib  yandırdılar.  Üç  gün 
ərzində  160-dan  artıq  dükan  və  anbar  yanıb  külə  döndü.  Bu  cinayətlərin  hamısı 
ermənilər tərəfindən ələ alınmış polis rəisi Angilin və kazakların başçısı polkovnik 
Krılovun gözləri qarşısında   törədildi. 
Noyabrın  30-də  Cəhri  kəndinin  azərbaycanlılar  yaşayan  hissəsinə 
ermənilər  və  kazaklar  od  vurub  yandırdılar.  Bu  zaman  Cəhriyə  gələn  İrəvan 
general-qubernatoru  Paskeviç  kazakların  götürülməsini  tələb  edən  müsəlmanlara 
«tədbir görərəm» deyərək, çıxıb getmişdi. 
Qazax  qəzasında  erməni-müsəlman  münaqişəsi  daha  ağrılı  keçdi.  Bunun 
başlıca  səbəbi  həmin  qəzada  hökumət  və  polis  qulluqçularından  çoxunun  erməni 
olması idi. 
Noyabrın  29-da  Şəmsəddin  pristavının  başçılığı  ilə  müsəlman  libası 
geymiş  ermənilər  Qazağa  yaxınlaşaraq,  qəfildən  atəş  açdılar.  Az  sonra  ermənilər 
qəflətən Yaradullu kəndinə hücum edib, əhalini qılıncdan keçirdilər. Onlar çox şey, 
hələ 9 vaqon arpa və buğda qarət etdilər, kəndə od vurub yandırdılar. Buna cavab 
olaraq müsəlmanlar Əskipara və digər erməni kəndlərinə hücum etdilər. 
Qazax  qəzasında  erməni  -  müsəlman  münaqişəsi  1906-cı  ilin 
əvvəllərinədək  davam  etdi.  Nəhayət,  erməni  millətçiləri  bütünlüklə  dəf  edildilər. 
Onların insan tələfatı daha çox idi. Azərbaycanlılara böyük maddi ziyan dəymişdi. 

85 
 
İyirmiyədək  Azərbaycan  kəndi,  o  cümlədən,  Əlibəyli,  Hacallı,  Yaradullu, 
Qızılhacılı talan edilib yandırılmışdı. 
1906-cı  il  fevralın  20-də  erməni-müsəlman  münaqişəsinə  son  qoymaq 
məqsədilə,  Qafqaz  canişini  Vorontsov-Daşkovun  sərəncamı  ilə  Tiflisdə  sülh 
məclisi  toplandı.  Məclisə  dörd  quberniyadan  erməni  və müsəlman nümayəndələri 
dəvət  olunmuşdular.  Müsəlmanları  Əhməd  bəy  Ağayev,  Əlimərdan  bəy 
Topçubaşov,  Ələkbər  bəy  Xasməmmədov,  Adil  xan  Ziyadxanov  və  başqaları 
təmsil edirdi. 
Məclisin  gündəliyinə  bir  sıra  məsələlərin  müzakirəsi  daxil  edilmişdi. 
Lakin  müsəlmanların  təkidi  ilə  «Ermənilərin  terror  və  sair  ziyan  gətirən  qatil 
dəstələrinin  aradan  götürülməsi»  məsələsi,  erməni  nümayəndələrinin  ciddi 
müqavimətinə baxmayaraq, danışıqların əsas mövzusuna çevrildi. 
Bu  zaman  erməni  terroru  Zaqafqaziyada  müdhiş  bir  şəkil  almışdı. 
Terrordan  zərər  çəkən  təkcə  azərbaycanlılar  deyildi.  Erməni  terrorçuları  dövlət 
məmurlarına  güclü  təsir  göstərərək,  məsələlərin  ədalətli  həllinə  mane  olurdular. 
İtaət etməyən məmurlar, bir qayda olaraq, ölümə məhkum idilər. 
1905-ci ildə Bakıda ilk qırğından az sonra, şəhərin qubernatoru Nakaşidze 
erməni  terrorçuları  tərəfindən  öldürüldü.  Həmin  il  Tiflisdə  öz  qadını  ilə  faytonda 
gedən Qafqaz canişininə hücum çəkən dörd erməni terrorçusu onu xəncərlə vurub 
yaraladı və s. 
Terror  məsələsinin müzakirəsi zamanı  Ə.  Ağayev  göstərdi ki,  «Qafqazda  
olan mənsəb sahibləri  və hakimlərin   çoxu   erməni   terrorundan   qorxub   ədalət  
və insaf ilə iş görmürlər» (2-ci sənədə bax). 
Başqa  bir  azərbaycanlı  nümayəndə  dedi:  «Bilmirəm  bu  nə  istinadır  ki, 
erməni millətinə məxsusdur?! Xristian olub rus ilə həmmillət olmaları, mədəni və 
dövlətli olmaları bəs deyil, gərək bir terrorları da olsun!! Bizim də terrorlarımız ola 
bilər.  Biz  də  mauzer  tüfəngləri  saxlayıb  bomba  ata  bilərik,  biz  də  ermənilərdən 
yaxşı  mənsəb  sahiblərini,  qubernator  da  öldürə  bilərik.  Lakin  biz  bunların  heç 
birini etmirik, çünki bu rəzil və alçaq, səltənətə layiq olmayan işlərdir». 
Erməni nümayəndələri «Daşnaksütyun»un terrorla əlaqəsini riyakarcasına 
dansalar  da,  bu  partiyanın  öz  qoşunu  və  xəzinəsi  olduğunu  öyünə-öyünə  təsdiq 
etdilər.  Onda  müsəlman  nümayəndələri  müsəlləh  partiyaların  tamamilə  ləğv 
edilməsini,  əks  halda,  onların  da  bu  cür  partiya  yaratmaq  məcburiyyətində 
qalacaqlarını bildirdilər. 
Məclis  səs  çoxluğu  ilə  terrorun  aradan  götürülməsi  və  müsəlləh 
partiyaların dağıdılması haqqında qətnamə qəbul etdi. 
Tiflis  sülh  məclisinin  qərarları  daşnakları  heç  cürə  qane  etmirdi.  Erməni 
millətçiləri yeni cinayətlər törətməyə başladılar. 
Daşnaklar  Qalaşçanov  familiyalı  bir  generalın  Şuşa  qəza  rəisi  təyin 
edilməsinə nail oldular. General ermənilərdən aldığı on min manat rüşvət və digər 
hədiyyələrin  müqabilində  Şuşada  müsəlmanları  bütünlüklə  məhv  edəcəyinə  söz 

86 
 
vermişdi. İrəvandan,  Gəncədən  və  başqa  yerlərdən, hətta Türkiyənin  itaəti altında 
olan ərazilərdən tezliklə Şuşada yeddi min silahlı erməni döyüşçüsü cəmləşdirildi. 
Onların altı ədəd topu da vardı. Bundan əlavə, beş topla 850 rus kazakı və yüzlərlə 
ermənipərəst  rus  da  hazır  vəziyyətdə  idi.  Müsəlmanlara  qarşı  silahlıların  ümumi 
sayı 12 min nəfərə çatırdı. 
1906-cı  il  iyunun  12-də  erməni  millətçiləri  rus  hərbçiləri  ilə  birlikdə 
fiinəkarlıq  edərək,  bir  erməni  keşikçisini  öldürüb  müsəlman  məhəlləsinə  atır  və 
həmin  məhəllə  səmtindən  erməni  tərəfinə  bir  neçə  atəş  açırlar.  Bu  xəbər 
Qalaşçanova çatan kimi dərhal şəhərin müsəlman yaşayan Köçərli məhəlləsini topa 
tutmaq əmrini  verdi. Müsəlmanların üzərinə güclü hücum başlandı. Müsəlmanlar 
böyüklü-kiçikli,  kişili-qadınlı  ayağa  qalxaraq,  ermənilərin  və  kazakların  bütün 
həmlələrini dəf etdilər. Vuruşmanın üçüncü günü bir neçə yüz müsəlləh müsəlman 
könüllüsü sursatla Şuşaya daxil oldu. 
Altı  gün  davam  edən  qanlı  çarpışma  daşnak-rus  fitnəkarlarının  tam 
məğlubiyyəti ilə nəticələndi. Ayın 18-də müsəlmanların cəlladı Qalaşçanovun özü 
döyüşən tərəflərin barışığa gəlmələri üçün vasitəçilik etməyə məcbur oldu. 
Şəhərdə çoxlu ev, dükan qarət edilib yandırıldı. Müsəlmanlardan 30 nəfər, 
ermənilərdən isə bundan xeyli çox adam öldürülmüşdü. Öldürülənlər arasında hələ 
30 nəfərədək kazak və rusun meyiti vardı. 
Müsəlmanlar  rus  generalı  Qalaşçanovun  xəyanəti  barədə  yuxarılara  çox 
yazdılar. Dövlət onu vəzifəsindən çıxarıb geri çağırmaqla kifayətləndi. Az sonra o, 
Tiflisdə naməlum şəxs tərəfindən atılan iki güllədən aldığı yaradan öldü. 
1906-cı  il  avqustun  9-da  ermənilər  Zəngəzur  qəzasında  dörd  müsəlman 
kəndini  tutub  qılıncdan  keçirdilər.  Bu  kəndlərin  erməni  qətlindən  salamat  qalmış 
adamları  qaçaraq  qonşu  Saqqarsu  kəndinə  doluşdular.  Ertəsi  gün  sübh  çağı 
Saqqarsuda  olanlar  «Ya  Əli,  ya  Əli»  çağıra-çağıra  gələn  böyük  bir  dəstəni 
müsəlman  könüllüləri  bilib  sevinclə  onlara  doğru  yüyürdükdə,  donunu  dəyişmiş 
erməni  qatillərinin  yaylım  atəşi  ilə  qarşılandılar.  Müsəlmanların  dəhşətli  qırğını 
başlandı. Canını qurtara bilənlər dağa-daşa səpələndilər. Bəziləri qaçaraq, özlərini 
bir təhər Ordubad şəhərinə yetirdilər. 
Saqqarsu  faciəsindən  bir  neçə  gün  sonra,  kəndin  ətrafında  bir  iri  daşın 
arxasından  60  nəfərdən  artıq  qadın  və  uşağın  öldürülərək  üst-üstə  qalanmış 
meyitləri tapıldı. Başqa bir yerdə palazı kənar etdikdə, altından 15 uşağın kəsilmiş 
başları  və  doğranaraq  bir-birinə  qarışmış  bədənləri göründü.  Bir  qədər  aralı  çoxlu 
qadın və uşaq meyitləri tökülüb qalmışdı. 
Ümumiyyətlə,  avqustun  9-dan  15-dək  Zəngəzurda  davam  edən  qırğın 
nəticəsində  200 nəfərdən artıq  müsəlman qətlə  yetirildi,  22  müsəlman  kəndi talan 
edilib dağıdıldı. 
Ordubad  camaatı  Zəngəzurda  ermənilər  tərəfindən  törədilmiş  vəhşiliklər   
haqqında  həm  İrəvan,  həm  də  Yelizavetpol  general-qubernatorlarına  yüzə  qədər 

87 
 
teleqram vurdular. Lakin çar hökuməti heç bir  tədbir görmədi. Onda ordubadlılar 
caniləri özləri cəzalandırmağı qərara aldılar. 
Sentyabrın  16-da  Ordubaddan  və  Zəngəzurun  erməni  təcavüzünə  məruz 
qalmış  müsəlman  kəndlərindən  Saqqarsuya  iki  minə  yaxın silahlı  toplandı.  Onlar 
daşnak qüvvələri üzərinə hücum etdilər. Ermənilər davam gətirməyərək, tutduqları 
müsəlman kəndlərini buraxıb qaçdılar. Bu zaman beş yüz nəfərlik hökumət qoşunu 
hadisə  yerinə  gəlib  çıxdı.  Ev-eşiklərindən  didərgin  düşən  adamlar  hökumət  hərbi 
qüvvələrinin müşayiəti ilə öz doğma yurdlarına qaytarıldılar. 
1906-cı  ilin  payızında  erməni  ekstremist-separatçılıq  hərəkatı  söndü.  İki 
ilə  yaxın  davam  edən  erməni-müsəlman  münaqişələri  zamanı  minlərlə  adam 
öldürüldü və yaralandı. Bakı, Şuşa, Naxçıvan, Gəncə şəhərlərində böyük dağıntılar 
törədildi. Azərbaycanlılar yaşayan yüzlərlə kənd talan edildi və yandırıldı. 
 
 
SƏNƏDLƏR 
 
1-ci  sənəd 
 
Ġ. ZĠYADXANOVUN  I  DÖVLƏT DUMASINDA 
NĠTQĠNDƏN 
 
«...İndi bizim üçün də hərəkətə gəlmək zamanı gəlmişdir, biz də bundan 
sonra  susmamağa  qərarlıyıq.  Zaqafqaziya  torpaqları  100  il  bundan  əvvəl  ruslar 
tərəfindən işğal edilmişdir. Bu yüz il içində biz müsəlmanlar həmişə əsir müamiləsi 
görmüş  və  bu  sifətlə  hər  cür  təqibata  məruz  qalaraq,  hər  cür  haqq  və  hüquqdan 
faydalanmaz  kölə  vəziyyətinə  endirilmişik.  Sözün həqiqi mənasında  100  il  içində 
biz  gözləri  hər  şeyi  görən  hökumətin  şiddətli  və  əleyhimizə  mənfi  düzəltmələri 
altında  yaşadılmışıq.  Siyasi,  sosial  və  iqtisadi  sahənin  hansı  sahəsi  ələ  alınırsa-
alınsın,  hər  birində  bizim  haqqımızda  haqsızlığın  hökm  sürdüyünü  görmüş 
olacaqsınız.  Ölkəmiz  istila  edilər-edilməz,  dərhal  milli  varlığımıza  təcavüzə   
qalxışıldı.  Dinimizə  və  müqəddəslərimizə  müdaxilə  edildi,  din  xadimlərimizin 
seçilməsinə mane olundu, bizə hökumət tərəfindən 20 manat maaş alan müsəlman 
mollaları göndərildi. 
...Bələdiyyəyə  gəlincə  biz müsəlmanlara,  mövcud  üzvlərin sayının  ancaq 
beşdə  birini  seçmək  haqqı  tanınmışdır.  Son  zamanlarda  isə,  şəhərin  sakinlərinin 
əksəriyyəti müsəlman olduğu halda, mövcud bələdiyyə üzvləri sayının yarısı qədər 
üzv  seçmək  haqqı  tanınmışdır.  Xalq  təhsili,  əsas  olaraq  maarif  müəssisələrindən 
danışmağa  dəyməz.  Çünki  bizim  kəndlərin  məktəbi  yoxdur.  Çoxlu  insanların 
yaşadıqları məntəqələrin 100 kilometr sağına, soluna, önünə və arxasına gedilərsə, 
bir məktəbə belə rast gəlməzsiniz. Halbuki, bizdən maarif işləri vergisi toplanılır... 

88 
 
Biz müsəlmanlara bəzi ali məktəblərə girmək haqqı verilməmişdir. Başqa 
məktəblərə isə yalnız diplom almaq xatirinə girilməkdədir. Çünki ali məktəblərdən 
birini,  məsəla  filologiya  fakultəsini  bitirən  bir  türk  (Azərbaycanlı  -  T.  Ə.)  gənci 
diplom alıb vətənə döndüyü zaman ancaq, «vodka»nın   sərtlik   dərəcəsini   təyin   
etməklə  məşğul  olmaq  məsburiyyətindədir.  Bu  yüksək  təhsilli  gənc  müsəlman 
olduğu üçün yalnız Qafqazda deyil, bütün Rusiya sərhədləri daxilində orta dərəcəli 
məktəblərdə  müəllimlik  etmək  hüququndan  məhrumdur.  Bu  haqq  bizdən 
alınmışdır. Məmur olmaq məsələsinə gəlincə, bu gün Qafqaz daxilində bir yüksək 
təhsilli  mülki  hakim  istisna  edilərsə,  öz  vətənində  xidmət  edən  bir  müsəlman 
məmuruna  rast  gəlməzsiniz...  Əgər  bütün  Rusiya  bir  dəniz,  Qafqaz  da  onun 
sahilləri  olaraq  düşünülərsə,  sizə  gərəkli  olmayan  nə  qədər  boş  və  səfil  kimsə 
varsa,  hamısını  bizim  Qafqaz  sahillərinə  fırıldadıb  atırsınız  və  bunlar  da  əslən  
əxlaqsız olan bir idarənin  məmur kadrlarını tamamlamağa yaramış olurlar. Bizim 
ölkəmizdə  dövlət  idarəsinin  idealı:    rüşvət  və  xalqa  əziyyət  verməkdir.  Kim  90 
yaşlı  bir  qocanın  əlindən  loğmasını  qoparıb  alırsa,  o,  bizdə  ən  yaxşı  məmur 
sayılır... 
İndiki anda İrəvan və Gəncə od içərisində yanır. Hadisə oradan da Şuşaya 
sıçramışdır.  Üç  aydan  bəri  buralarda  silahlı  iki  cəbhə  qurulmuşdur...  Bu  qanlı 
qardaş vuruşu hökumətcə təhrik edilmiş və sonra qabağı alınmamışdır... Cənablar, 
iki ildən bəri qanlar içərisində üzməkdə olan ölkəmizdə cəsədləri ayaq altı edərək 
keçməkdəyik...  Biz  anaların  qucaqlarından  alınıb  havaya  fırladılan  südəmər 
uşaqların  havada  ikən  xəncərlərə  keçirildiklərini  görmüş  olanlardanız,  biz  hamilə 
qadınların  qarnına  saplanan  xəncərlərin  açdığı  yaralardan  uşaq  əllərinin  yerindən 
çıxarıldığını görənlərdənik. Şifahi, mətbuat və digər təbliğat vasitələri ilə aramızda 
nifaq  toxumu  səpən  provokatorlar  utansınlar,  yanğın  və  alovlardan  xoşlananlar  iş 
başından  çəkilsinlər,  dəlik-deşik  edilən  cəsədlərdən,  anaların  və  uşaqların 
fəryadından, inləməsindən həzz alanlar rədd olsunlar!». 
«Vətən səsi» qəzeti, 1 avqust 1990-cı il. 
 
 
2-ci sənəd 
 
1906-CI ĠLĠN FEVRALINDA TĠFLĠS SÜLH DANIġIQLARI  
ZAMANI Ə. AĞAYEVĠN NĠTQĠNDƏN 
 
«Budur neçə ildir  ki,  biz  Qafqaz  camaatı  bir  qəribə  vəziyyətə  düşmüşük 
ki,  bir  dəstə  hamını  qorxu  altında  saxlayıb  heç  kəsə  fürsət  vermirlər  ki,  nə  öz 
fikrini,  nə  də  öz  işlərini,  necə  ki,  lazımdır,  izah  etsinlər.  Camaat  işinə  müdaxilə 
edən şəxslər və qulluqçular həmişə qorxu içərisindədirlər. Əgər bir kəs cürət edib 
öz fikrini açıq-açığa danışsa və yainki bir qulluqçu cürət edib  öz insafına  görə iş 
görsə,  həmin  saat  möhrlü  kağızlar  gəlib,  qətl  fərmanı  yetişər.  Belə  dolanmaq 

89 
 
olmaz!  Buna  bir  axır  qoymaq  gərəkdir.  Qulluqçulardan  və  sahib-mənsəblərdən 
bəziləri o qədər alçaq, o qədər rəzil oldular ki, bu qorxu kağızlarından vahimə edib 
insaflarından  və  ixtiyarlarından  keçirlər.  Və  qorxu  kağızlarını  mülahizə  edib 
kağızları  göndərən  tərəfə  meyil  edib,  müqabil  tərəfə  bilə-bilə  ədalətsizlik  və 
amansızlıq  edirlər.  Əgər  işlər  belə  gedirsə,  əsla  dolanmaq  olmaz.  Bu  hərəkətlərə 
terror deyib eləcə təmizə çıxarırlar. Lakin terrora müəyyən dərəcəyə qədər dözmək 
olar.  Bir  dövlətdə  ki,  danışmağa  və  yazmağa  izn  vermirlər,  insanları  zülm  və 
zorakılıqdan  azad  edib,  insaniyyətə  xidmət  etmək  qəsdilə  qəddarlar  və  zalımlar 
əleyhinə  terror  mümkündür.  Lakin  terror  bu  dərəcəyə  keçdikdə  səbr  ediləsi  və 
dözüləsi deyil. 
Bir adamı,  bir  qulluqçunu  öz  millətinə  xidmət  etməyə  və  ya  öz  insafına 
görə  iş  görməyə  qorxudub  vicdansızlıqa,  ədalətsizliyə  dəvət  edən  terror  davam 
edərsə, bizim vilayətdə nə azadlıq, nə hürriyyət, nə ədalət, nə də bərabərlik əmələ 
gələ  bilər.  Hal-hazırda  qulluqçuların  çoxu,  bəlkə  hamısı  boyunlarını  alçaqcasına 
terror dəstələrinin qabağında əyib, ancaq onlara xoş gələn işlər tutub bu tərəfə hər 
cür cövr, zülm, sitəm, sonsuz səfa etməkdədir. 
Biz  müsəlmanlar  bu  halətdə  davam  etməyəcəyik  və  aşkar  deyirik  ki, 
hərgah  işlər  elə  gedərsə,  nə  qədər  Qafqazda  bir  elə  terror  dəstələri  hökm  edərsə, 
Qafqazda  asayiş  və  təhlükəsizlik  bərpa  olunmayacaqdır.  Biz  heç  kəsin  barəsində 
şeytançılıq etmərik. Ancaq sülhün xatirəsi üçün məclisin diqqətini bu nöqtəyə cəlb 
edərik  və  deyərik  ki,  Qafqazda  olan mənsəb  sahibləri  və hakimlərin  çoxu  erməni 
terrorundan qorxub ədalət və insaf ilə iş görmürlər. Asayiş və dinclik olması üçün 
hər  nə  təşəbbüs  və  tədbir  görülsə,  bu  qulluqçular  qorxularından  bir  əlac  etməyib 
ancaq  bir  tərəfə  zülm  və  səbr  edəcəklər  və  buna  görə  də  heç  vaxt  asayiş 
olmayacaqdır». 
M. S. Ordubadi. Qanlı illər. 
Bakı, 1991, səh. 111-112. 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin