§ 1. MAARĠF. SƏHĠYYƏ
Maarif: XX əsrin əvvəllərində Rusiya imperiyasında əhalinin
3
/
4
hissəsi
savadsız idi. Rusiya xalq maarifinə çəkilən xərcə görə Avropa dövlətləri arasında
axırıncı yerlərdən birini tuturdu.
Çarizm qeyri-rus xalqların savadlanmasını xüsusilə təhlükəli hesab
edərək, milli ucqarlarda maarifin inkişafına hər vəchlə mane olurdu.
Azərbaycanda maarifin ehtiyaclarına xəzinə çox az məbləğdə - 1,7 milyon
manat pul buraxırdı. Həmin məbləği adambaşına böldükdə, hərəyə 64 qəpik
düşürdü.
Əhalinin hər on min nəfərinə Bakı quberniyasında 140, Yelizavetpol
quberniyasında isə 132 şagird düşürdü. Bu rəqəmlər bütövlükdə Rusiyada əhalinin
hər on min nəfərinə düşən şagirdin sayını göstərən rəqəmdən son dərəcə aşağı idi.
Təhsilin başlıca olaraq rus dilində aparılması məktəblərin qapısını
azərbaycanlı uşaqların üzünə bağlayırdı. 1903-cü ildə Qafqaz tədris dairəsinin
məlumatına görə, rus dili ilə yanaşı ana dilinin də öyrənildiyi ibtidai məktəblər
cəmi 7,6 faiz təşkil edirdi.
1902-ci ildə Bakı və Yelizavetpol quberniyalarında 230 ibtidai məktəb
vardı. Bu məktəblərdə 15 minə qədər şagird oxuyurdu. Şagirdlərin 45 faizə
qədərini qızlar təşkil edirdi. Azərbaycanlı şagirdlərin sayı 3600 nəfərdən bir qədər
çox idi.
Dörd ibtidai sənət məktəbi vardı. Bu məktəblərdə 472 şagird təhsil alırdı.
Onların yalnız 91 nəfəri azərbaycanlı idi.
Orta və natamam orta məktəblərin sayı çox az idi. 1902-ci ildə iki
quberniyada cəmi 6 gimnaziya, realnı məktəb və digər orta təhsil müəssisəsi vardı.
Bu məktəblərin dördü oğlanlara, ikisi isə qızlara məxsus idi. Orta məktəblərin
dördü Bakıda, ikisi Yelizavetpol və Şuşa şəhərlərində yerləşirdi. İki natamam orta
məktəb (natamam gimnaziya) vardı. Orta və natamam orta məktəblərdə 4200
nəfərdən bir qədər artıq şagird oxuyurdu. Azərbaycanlı şagirdlər yalnız 5,6 faiz-
235 nəfər təşkil edirdi.
Azərbaycanın mütərəqqi ziyalıları H. B. Zərdabi, C. Məmmədquluzadə,
M. Ə. Sabir, R. Əfəndiyev və başqaları xalq maarifi şəbəkələrinin
genişləndirilməsi, məktəblərin demokratikləşdirilməsi, ana dilində pulsuz ümumi
təhsilin həyata keçirilməsi, müsəlman qızlarının təhsilə cəlb edilməsi uğrunda
mübarizə aparırdılar.
126
Birinci rus inqilabi illərində çar hökuməti ictimai-siyasi həyatın başqa
sahələrində olduğu kimi, maarif sahəsində də bəzi güzəştlərə getməyə məcbur
oldu.
Məktəblərin sayı bir qədər artırıldı, ibtidai məktəblərdə dərslərin ana
dilində aparılmasına, birsinifli məktəblərin üçillik əvəzinə dördillik olmasına icazə
verildi.
A. Səhhət, S. S. Axundov, A. Şaiq, Mahmud bəy Mahmudbəyov və başqa
demokratik ziyalılar tərəfindən bir sıra dərsliklər yazıldı. Bu dərs kitablarının çoxu
dəfələrlə nəşr edildi.
1905-1907-ci illər inqilabının məğlubiyyətindən sonra irtica maarif və
mədəniyyət sahəsindən də yan keçmədi. Azərbaycanda bir sıra məktəblər bağlandı,
mütərəqqi fikirli müəllimlər təqib edildi. Məktəblərdə rus dilinin əvvəlki hakim
mövqeyi bərpa edildi. 1911-ci ildə çağırılmış Ümumrusiya dvoryan qurultayında,
hətta, milli ucqarlarda ana dilində tədrisin tamamilə aradan qaldırılması haqqında
qərar da qəbul olundu. Məktəbdə davranış qaydaları sərtləşdirildi.
Bununla belə, çar hökuməti müstəmləkə ucqarlarında mütləqiyyətə sadiq
məmurlar hazırlanması, həmçinin birinci rus inqilabının təsiri altında oyanmış
xalqların milli-mənəvi tələbatının cüzi də olsa ödənilməsi zəruriyyəti ilə
qarşılaşaraq, maarifin sonrakı inkişafına ciddi müqavimət göstərə bilmədi.
1914 - 1915-ci dərs ilində ibtidai məktəblərin və bu məktəblərdə oxuyan
şagirdlərin sayı 1902-ci ildə olduğundan dörd dəfədən çox artdı. 943 ibtidai
məktəbdə 61 mindən artıq şagird təhsil alırdı. Onların 30 faizini qızlar təşkil edirdi.
Həmin dövrdə azərbaycanlı şagirdlərin sayı altı dəfə artaraq, 21650 nəfərə çatdı.
İndi onlar bütün ibtidai məktəb şagirdlərinin 35,2 faizini təşkil edirdi.
Bu zaman ana dilinin az-çox öyrənildiyi rus-Azərbaycan məktəblərinin
sayı əsrin əvvəlində olduğundan iki dəfədən çox artaraq, 27-yə çatdı. Həmin ibtidai
məktəblərin 12-si Bakıda, qalanları isə Azərbaycanın digər şəhərlərində yerləşirdi.
1912-ci ildə yüksək tipli bir neçə şəhər məktəbi ali ibtidai məktəblərə
çevrildi. Bu məktəblərə adi ibtidai məktəbləri bitirmiş şagirdlər qəbul edilirdilər.
1914-1915-ci dərs ilində ali ibtidai məktəblərin sayı 21-ə çatdı. Onların 9-u Bakıda
yerləşirdi. Həmin məktəblərdə oxuyanların yalnız 23,2 faizini azərbaycanlılar
təşkil edirdi.
Bakının mədən-zavod rayonlarında neft sənayeçiləri qurultayı Şurası
tərəfindən açılmış 10 ibtidai məktəb fəaliyyət göstərirdi. Bu məktəblər yalnız
erməni və azərbaycanlı uşaqlarına məxsus idi. Məktəblərin hərəsində üç erməni və
bir Azərbaycan sinfi vardı. Burada cəmi 2900-ə yaxın şagird təhsil alırdı. Dərslər
faktik olaraq, rus dilində keçilirdi.
H. Z. Tağıyev və digər sahibkarlarıi müəssisələrində 9 ibtidai məktəb
fəaliyyət göstərirdi. Bu məktəblərdə 700-ə yaxın şagird təhsil alırdı.
İbtidai sənət məktəblərində vəziyyət, demək olar ki, on beş il əvvəl olduğu
kimi qalırdı.
127
1914-1915-ci dərs ilində 15 orta və 18 natamam orta təhsil müəssisəsi
fəaliyyət göstərirdi. Bu məktəblərin sayı əsrin əvvəlində olduğundan dörd dəfə çox
idi. 5 kişi və 6 qadın gimnaziyası, 4 realnı məktəb, 2 ticarət məktəbi, 1 texniki
məktəb və sair vardı. Orta və natamam orta məktəblərdə cəmi 11860 şagird təhsil
alırdı. Onların yalnız 11,8 faizi-1400 nəfərə qədəri azərbaycanlı idi. Azərbaycanlı
şagirdlərin içərisində qızlar 2,2 faiz təşkil edirdi. Orta məktəblərin 13-ü Bakıda, 2-
si Yelizavetpolda yerləşirdi. Şamaxı, Şuşa, Lənkəran və başqa şəhərlərdə natamam
orta məktəblər vardı.
1914-cü ildə Gəncə müəllimlər seminariyası açıldı.
Azərbaycanda, ümumiyyətlə, Zaqafqaziyada ali məktəb yox idi.
Azərbaycanlılar ali təhsil almaq üçün Rusiyaya və xarici ölkələrə gedirdilər.
1914-1915-ci dərs ilində Azərbaycanda əhalinin hər on min nəfərinə 320
şagird düşmüşdü. Bu, əsrin əvvəlində olduğundan iki dəfədən də yüksək idi. Lakin
həmin rəqəmin özü məktəb yaşlı uşaqların çox böyük hissəsinin təhsildən kənarda
qaldığını göstərirdi. Belə ki, 1914-cü ildə Qafqaz təhsil dairəsinin məlumatına
görə, bütün məktəbyaşlı azərbaycanlı uşaqların yalnız 12 faizi ibtidai təhsil alırdı.
Orta təhsilə isə azərbaycanlı uşaqların cəmi 2,8 faizi cəlb edilmişdi.
Orta məktəblərdə yüksək təhsil haqqı alınırdı. 1912-ci ildən sonra Bakının
əvvəllər təhsil haqqı alınmayan bir sıra ibtidai məktəbləri də pullu oldu.
Yoxsulların yüksək təhsil haqqı ödəməyə gücləri çatmırdı.
Ümumtəhsil məktəblərində azərbaycanlı şagirdlərin sayı nisbətən az idi.
Azərbaycanlılar əhalinin
2
/
3
hissəsindən çoxunu təşkil etdikləri halda, onların
payına ümumtəhsil məktəblərində yerlərin heç
1
/
3
-i də düşmürdü. Belə ki, bütün tip
ümumtəhsil məktəblərində təhsil alan 73 min şagirdin yalnız 23 min nəfəri
azərbaycanlı idi. Azərbaycanlı qızların içərisində oxuyanların sayı heç 1500 nəfərə
çatmırdı.
Dünyəvi məktəblərlə yanaşı, dini təhsil müəssisələri - mollaxana və
mədrəsələr, pravoslav, erməni-qriqorian, lüteran, katolik kilsə məktəbləri,
həmçinin Qarabağ qriqorian ruhani seminariyası fəaliyyət göstərirdi.
Mollaxana və mədrəsələrdə 12 mindən artıq uşaq oxuyurdu.
Ə. Hüseynzadənin təşəbbüsü ilə köhnə dini məktəbləri yenidən qurmağa
cəhdlər göstərildi. 1907-ci ildə Bakıda «Səadət» müsəlman cəmiyyəti tərəfindən
«Mədrəseyi-səadət» adlı yeni tip dini məktəb açıldı. Bir il sonra Bakıda Ə.
Hüseynzadənin bilavasitə rəhbərlik etdiyi ikinci belə bir məktəb yaradıldı. Bu
məktəblərdə Quranla yanaşı, bir sıra dillər və Rusiya tarixi əvəzinə türk xalqlarının
tarixi öyrədilirdi.
Müəllimlərin sayı olduqca az idi. 1914-cü ildə cəmi 2600 nəfərdən bir
qədər artıq müəllim vardı. Onların çox hissəsini qeyri-azərbaycanlı müəllimlər
təşkil edirdi. Ali təhsilli müəllimləri barmaqla saymaq olardı. Qafqazdakı
müəllimlər seminariyalarını bitirmiş orta ixtisaslı müəllimlər və ali təhsilli
128
müəllimlər birlikdə 3 faiz təşkil edirdi. Müəllim heyəti, əsasən, rus-Azərbaycan
məktəblərini bitirənlərdən ibarət idi.
Birinci dünya müharibəsi illərində və çarizm devrildikdən sonra
Zaqafqaziyada yaranmış ictimai-siyasi sabitsizlik şəraitində, bütün başqa sahələr
kimi, maarif sahəsi də geriləməyə başladı. Ələlxüsus, Bakıda mart qırğınlarından
sonra müsəlman əhalisinin şəhəri tərk etməyə məcbur olması, həmçinin Bakı
quberniyası qəzalarında minlərlə müsəlmanın məhvi ilə nəticələnən erməni-
bolşevik terroru azərbaycanlıların maariflənməsi işinə ciddi zərbə vurdu.
Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra milli məktəb
quruculuğuna başlandı. Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi bu işə
güclü təkan verdi.
1918-ci ilin avqustunda Gəncə, Şuşa, Cavanşir, Zəngəzur, Cəbrayıl
qəzalarının maarif orqanlarında işləyən yüksək vəzifəli erməni və rus məmurları
milli kadrlarla əvəz edildi.
Avqustun 28-də xalq maarifinin milliləşdirilməsi haqqında qanun qəbul
olundu. Mövcud məktəblərin çoxu milliləşdirildi.
Azərbaycan dilinin tədrisi bütün məktəb proqramlarına daxil edildi. Hətta
tədris rus dilində olan məktəblərdə Azərbaycan dilinə məcburi fənn kimi həftədə 3-
4 saat ayrıldı.
Lakin milli kadrların çatışmaması üzündən, bir çox hallarda, tədris ana dili
əvəzinə rus dilində aparılırdı.
Ona görə, ilk tədbir olaraq, Gəncə, Şəki və Şuşa şəhərlərində milli
məktəblərin aşağı sinifləri üçün 200 müəllim hazırlayan qısa müddətli kurslar
təşkil edildi.
Maarif Nazirliyinin nəzdində Bakı xalq məktəbləri müdiri Mahmud bəy
Mahmudbəyov, 1-ci gimnaziyanın müdiri Rəşid bəy Əfəndiyev, 1-ci realnı
məktəbin müəllimi Abdulla Şaiq və digər görkəmli pedaqoqlardan ibarət imtahan
komissiyası yaradıldı. Müəllim işləmək arzusunda olanlar imtahan verərək, bu
komissiyanın qərarı ilə müvafiq sənəd alırdılar. Qori müəllimlər seminariyasının
Azərbaycan şöbəsi Qazağa köçürüldü. 1918-ci ilin noyabrında, Firudin bəy
Köçərlinin böyük səyi nəticəsində, həmin şöbə müstəqil seminariya kimi fəaliyyətə
başladı.
1919-cu ilin martında ərəb əlifbasından latın əlifbasına keçmək üçün
parlament komissiyası yaradıldı.
Həmin ilin yayında milli müəllim kadrları hazırlamaq üçün Bakı, Gəncə,
Şəki, Şuşa, Qazax, Salyan, Qusar və Zaqatalada xüsusi pedaqoji kurslar təşkil
edildi.
Türkiyədən 50 nəfər kişi və qadın müəllimi dəvət olundu.
Bu zaman Respublikada ibtidai, orta və natamam orta məktəblərin sayı
700-ə çatırdı. Bu məktəblərdə 48 min nəfərdən artıq şagird təhsil alırdı. Onların
129
yarıdan bir qədər çoxunu - 24260 nəfərini azərbaycanlı şagirdlər təşkil edirdi.
Təhsil alanlar içərisində 2 minə yaxın azərbaycanlı qız vardı.
23 orta və natamam orta təhsil müəssisəsi, o cümlədən 6 kişi və 4 qadın
gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 qadın məktəbi,
politeknik və ticarət məktəbləri fəaliyyət göstərirdi. Bakıda 4 kişi və 4 qadın
gimnaziyası, 3 realnı məktəb, müəllimlər seminariyası, qadın məktəbi, politexnik
və ticarət məktəbləri, Gəncədə kişi gimnaziyası, müəllimlər seminariyası və qadın
məktəbi, Şəkidə kişi gimnaziyası və qadın məktəbi, Şuşada realnı məktəb, Qazaxda
müəllimlər seminariyası, Salyanda realnı məktəb vardı.
1919-cu ildə Azərbaycanda 23 yeni ibtidai və orta məktəb açıldı.
Azərbaycanda ilk dəfə olaraq, minlərlə gəncin milli ordu sıralarına
çağırılması da məktəb-təhsil işinə müəyyən təsir göstərirdi.
Azərbaycan dilində dərsliklər olduqca az idi. Dərsliklərin hazırlanması ilə
məşğul olan xüsusi komissiya yaradıldı. Bir sıra dərs kitabları nəşr edildi.
Məktəblərdə Rusiya tarixi əvəzinə ümumi türk tarixi öyrənilməyə başlandı.
Savadsızlığın ləğvi üçün bir sıra addımlar atıldı. 1919-cu ildə Bakı, Şəki,
Şuşa, Qazax və Zaqatalada yaşlılar üçün Azərbaycan dilində axşam kursları açıldı.
Ali təhsilli mütəxəssislərə hədsiz dərəcədə böyük ehtiyac vardı.
1919-cu ilin sentyabrında Azərbaycanda ilk ali təhsil ocağı - Bakı Dövlət
Universiteti təsis edildi. Noyabrın 15-də Universitetdə dərslər başlandı. Dörd
fakültənin təşkili nəzərdə tutulurdu. Hələlik isə iki fakültə - tarix-filologiya və tibb
fakültələri fəaliyyət göstərirdi. Universitetdə 877 tələbə təhsil alırdı. Bundan əlavə,
217 nəfər azad dinləyici vardı. Bakıda politexnik institutun və Gəncədə kənd
təsərrüfatı institutunun təşkili üzrə layihələr hazırlandı.
Parlamentin qəbul etdiyi xüsusi qərara əsasən, 1919-1920-ci dərs ilində
100 nəfər abituriyent və tələbəni dövlət hesabına təhsil almaq üçün İngiltərə,
Fransa, İtaliya, Türkiyə və Rusiyanın ali məktəblərinə göndərmək nəzərdə
tutulurdu. Onlardan yalnız 13 nəfər Rusiyada baş verən hadisələrlə əlaqədar olaraq,
oraya oxumağa gedə bilmədi.
Azərbaycan hökuməti demokratik prinsiplərə sadiq qalaraq, ölkədə
yaşayan bütün millətlərin maariflənməsinə səy göstərirdi; hələ 1918-ci il
sentyabrın 7-də milli azlıqların ana dilində təhsili haqqında qanun qəbul edilmişdi.
1919-cu il oktyabrın 1-də Dağlıq Qarabağın erməni məktəbləri üzrə
xüsusi müfəttişlik yaradıldı.
Mədəni-maarif müəssisələri: XX əsrin əvvəllərində Azərbaycanda bir
neçə kiçik kitabxana və qiraətxana müəssisələri açıldı. Bunlar əsasən Bakıda
yerləşirdi.
Birinci rus inqilabından sonra meydana gəlmiş mədəni-maarif
cəmiyyətləri tərəfindən Bakıda, Şuşada, Şamaxıda və Azərbaycanın digər qəza
mərkəzlərində kitabxana və qiraətxanalar açıldı.
130
Bir neçə kiçik kitabxana və qiraətxana çox zəif maddi bazaya malik olub,
məhdud oxucu kütləsinin belə tələbatını ödəyə bilmirdi. Bundan başqa,
kitabxanalardan kitab götürmək üçün qoyulan girovun və kitabdan istifadə
müddətinin gecikməsinə görə alınan cərimənin son dərəcə yüksək olması kasıb
oxucuların buraya gəlməsinə imkan vermirdi. Kənd yerlərində isə oxucuların
böyük əksəriyyəti kitab oxumaq imkanından məhrum idi.
Bakıda sənaye muzeyi, texniki muzey, pedaqoji muzey vardı. Bunlar,
əslində, eksponatlar saxlanan kiçik fondu xatırladaraq, demək olar ki, heç bir
mədəni-maarif işi aparmırdı.
Fəhlələrin təşəbbüsü ilə Bakıda bir neçə fəhlə klubu və xalq evi açılmışdı.
Bunlarda kitabxanalar, dram və musiqi dərnəkləri təşkil edilmişdi.
Əsrin əvvəllərindən başlayaraq, ümumi fəhlə kursları adlanan kurslar
fəaliyyət göstərirdi. Bakı kursları xüsusilə fərqlənirdi. 1908-ci ildə həmin kurslarda
450 müdavim vardı ki, onların da 190 nəfərindən çoxunu azərbaycanlılar təşkil
edirdi. 1909-cu ildə «Nicat» cəmiyyətinin axşam kurslarında 280 adam oxuyurdu.
Bakının bəzi mədən-zavod rayonlarında da axşam kursları açılmışdı.
Azərbaycan Demokratik Respublikasında mədəni-maarif işləri milli
məzmun aldı. Dövlət dili elan edilmiş Azərbaycan dilində çap məhsullarının
çoxalması bunun üçün əlverişli şərait yaratdı. Kitabxanalar ana dilində olan kitab
və dövri mətbuat vasitələri ilə zənginləşdirildi.
Bir sıra yeni kitabxanalar açıldı. Hətta bəzi kənd məktəblərində də
kitabxana-qiraətxana təşkil edildi. Bakıda mərkəzi kitabxananın və kütləvi
kitabxanaların layihələri hazırlandı.
«Türk ocağı», «Mədəni-maarif», «Nəsiri-maarif» və digər cəmiyyətlər
mədəni-maarif işlərinin genişləndirilməsində mühüm rol oynadılar. Bu
cəmiyyətlərin xətti ilə çoxlu kitabxana, axşam kursları, özfəaliyyət dərnəkləri və
başqaları təşkil edildi.
Səhiyyə XX əsrin əvvəllərində Azərbaycanda səhiyyənin vəziyyəti çox
acınacaqlı idi. Bakı quberniyasında 105 həkim, 30-a yaxın aptek vardı.
Yelizavetpol quberniyasında vəziyyət daha pis idi. 1909-cu ildə burada cəmi 9
həkim və 27 feldşer vardı. Həkimlər əsasən şəhər yerlərində işləyirdilər, kənd
əhalisi, əslində, tibbi yardımdan məhrum idi.
Xəstəxanaların sayı olduqca az idi. Hətta bütün Zaqafqaziyada Moskva
quberniyasının bəzi qəzalarında olduğundan xeyli az xəstəxana vardı. 1910-cu ildə
xəstəxanalarla nisbətən yaxşı təmin edilmiş Bakı şəhərində 34 xəstəxana fəaliyyət
göstərirdi. Bu xəstəxanalarda 41 həkim, 60 feldşer və 113 başqa tibb işçisi
çalışırdı. Birinci dünya müharibəsi illərində Bakıda hərbi qospitallarla yanaşı,
çoxlu lazaret təşkil edildi. Həmin hərbi xəstəxanalarda çarpayıların sayı 5800-ə
çatırdı.
Səhiyyə xidmətinin yarıtmaz olması nəticəsində yoluxucu xəstəliklər baş
alıb gedirdi. Mədə-bağırsaq xəstəlikləri, malyariya, revmatizm, traxoma geniş
131
yayılmışdı. 1910-cu ildə Bakı quberniyasının 150-yə yaxın yaşayış məntəqəsini,
xüsusilə Lənkəran, Cavad, Quba və Şamaxı qəzalarını vəba xəstəliyi bürümüşdü.
Azərbaycanda bir yaşınadək olan uşaqlar arasında ölüm halları Mərkəzi Rusiyada
olduğundan xeyli yüksək idi. Bu, Bakıda 38 faiz təşkil edirdi. 1914-cü ildə şəhərdə
«Uşaqlar arasında ölüm halları ilə mübarizə cəmiyyəti»nin sanatoriyası açıldı və
uşaq xəstəxanasının tikintisinə başlandı.
Azərbaycan Demokratik Respublikası zamanında əhalinin sağlamlığına
xüsusi qayğı göstərilirdi. Respublika hökumətinin fəaliyyətə başladığı ilk gündən
səhiyyə nazirliyi təşkil edildi. Maliyyə imkanlarının son dərəcə məhdud olmasına
baxmayaraq, 1919-cu ilin fevralında səhiyyənin inkişafı üçün 4,5 milyon manatdan
artıq vəsait buraxıldı.
Bakı, Gəncə, Şuşa və Lənkəranda pulsuz dövlət xəstəxanaları, 35 yeni
kənd xəstəxanası, 56 feldşer məntəqəsi, şəhərlərdə apteklər açıldı. Kənd yerlərində
əhaliyə tibbi yardım göstərmək məqsədilə şəhərlərdən sanitar dəstələri göndərildi.
Ali və orta təhsilli tibb kadrlarının olduqca çatışmaması səhiyyənin işini
yaxşılaşdırmağa ciddi maneçilik törədirdi. Bütün bunları nəzərə alan Respublika
hökumətinin sərəncamı ilə, 1919-cu ilin sentyabrında Bakı Dövlət Universitetində
tibb fakültəsi təşkil edildi, Bakıda üçillik feldşer məktəbi açıldı
§ 2. ELM. MƏTBUAT
XX əsrin əvvəllərində Azərbaycanda elm çox ləng inkişaf edirdi. Çar
hökuməti elmi-zehni inkişafa milli oyanışın əsaslarından biri kimi baxaraq,
müstəmləkələrdə bu sahəyə lazımi diqqət yetirmirdi. Bununla belə, iqtisadi
inkişafın tələbləri bəzi elmi axtarışlar aparılmasını zəruri edirdi.
Texniki elmlər sahəsində başlıca tədqiqat işləri neft geologiyası, neft
texnikası və neft kimyası ilə əlaqədar idi. Özünün yüksək ixtisaslı milli texniki
kadrları olmayan Azərbaycanda bu elm sahəsi ilə Rusiyadan gələn alimlər,
həmçinin Geoloji komitə, Rus texniki cəmiyyəti, Dağ-mədən komitəsi kimi
mərkəzi idarələr məşğul olurdular.
D. V. Qolubyatnikov, İ. M. Qubkin və digər rus alim və mühəndisləri
tərəfindən Abşeronda geoloji quruluşun öyrənilməsi, neftin kimyəvi üsullarla emalı
prosesinin texniki cəhətdən təkmilləşdirilməsi sahəsində bir sıra kəşflər, ixtiralar
edildi. Bunun nəticəsində neft yataqlarının dəqiq yerini aşkara çıxarmaq xeyli
asanlaşdı, neft məhsullarının təmizlənməsində turşulardan və qələvilərdən istifadə
genişləndi. 1916-cı ildə, ilk dəfə olaraq, neftin proliz üsulu ilə - hava vurmadan
400-1200 dərəcə qızdırmaqla emalına başlandı.
Kimya elminin inkişafı, əsasən, neft istehsalı ilə məhdudlaşırdı. Neft
emalı istisna edilərsə, heç bir istehsal sahəsində kimya laboratoriyası yox idi.
132
Təbiət elmləri sahəsində irəliyə doğru bəzi addımlar atıldı. Rus alimləri
tərəfindən Azərbaycanın təbiəti və kənd təsərrüfatı istehsalı şəraiti öyrənilərək bir
neçə elmi əsər yazıldı.
Sarıtəpə, Ağstafa, Cəfərxan təcrübə stansiyaları təşkil edildi. Bu
stansiyalarda bitkilərin genetika və seleksiyası üzrə elmi tədqiqatlar aparılmasa da,
yaxşı bitki növlərinin seçilib çoxaldılması və yayılması, həmçinin başqa
regionlarda yetişən kənd təsərrüfatı bitkilərinin yerli şəraitə uyğunlaşdırılması
sahəsində müəyyən işlər görüldü.
Tibb elmləri çox ləng irəliləyirdi. Bu sahədə tədqiqatlar, əsasən, Bakı
həkimlər cəmiyyətinin üzvləri tərəfindən aparılırdı. Lakin həmin cəmiyyətin
kifayət qədər maliyyə vəsaitinin olmaması geniş tədqiqatlar aparılmasına imkan
vermirdi. Bir sıra elmi-kütləvi əsərlər, o cümlədən N. Nərimanovun «Vəba»,
«Vərəm» və başqaları nəşr edildi.
Humanitar elmlər sahəsində müəyyən irəliləyiş vardı. Bu cəhətdən tarix
və ədəbiyyatşünaslıq xüsusilə fərqlənirdi.
1905-ci ildə Rəşid bəy İsmayilovun «Müxtəsər Qafqaz tarixi» və 1905—
1913-cü illərdə Hacı Şeyx Həsən Gəncəvinin dördcildlik «Zübdətüt təvarix»
kitabları nəşr olundu. Ümumiyyətlə, Qafqazın və Şərq İslam ölkələrinin tarixinə
həsr olunmuş bu kitablarda Azərbaycanın XIX əsr siyasi-mənəvi tarixindən də
bəhs edilirdi.
Mətbuat səhifələrində Fərhad Ağazadə, Şair Tahir Musayev və
başqalarının Azərbaycan tarixinin müxtəlif məsələlərinə dair məqalələri dərc
olundu.
Rus tarixçiləri, həmçinin bir qrup rus zabiti və məmurları tərəfindən
Qafqazın tarixinə dair xeyli kitab yazıldı. Həmin kitablarda Azərbaycan tarixinin
bəzi məsələlərinə toxunulurdu.
M. Ə. Rəsulzadənin Azərbaycan xalqının məişətinə və ictimai-siyasi
tarixinə həsr etdiyi «Acı bir həyat» (1912), «Cəmaət idarəsi» və «Bizə hansı
hökumət faydalıdır» (1917) kitabları nəşr olundu.
Ədəbi tənqid və ədəbiyyatşünaslığın inkişafında F. Köçərli, C.
Məmmədquluzadə, N. Nərimanov və başqaları mühüm rol oynamışlar. Onlar bədii
sənətkarlıq, ədəbiyyat və dil məsələlərinə, Azərbaycan, həmçinin rus klassik irsinin
bir sıra görkəmli nümayəndələrinin yaradıcılığına dair çoxlu ədəbi-tənqidi məqalə
və publisistik əsərlər həsr etmişlər.
Coğrafiya elminin bəzi uğurları vardı. 1904-cü ildə Mollazadənin
coğrafiya məsələlərinə həsr olunmuş kitabı Azərbaycan dilində çapdan çıxdı. Daha
sonra Qafur Rəşad Mirzəzadənin Qafqaz coğrafiyasına dair, Yusif Əliyev və
Fərhad Ağazadənin Avropa ölkələrinin coğrafiyasına dair əsərləri nəşr olundu.
Bu dövrdə pedaqoji elmlər sahəsində müəyyən inkişaf gözə çarpırdı.
Həsən bəy Zərdabi, Həbib bəy Mahmudbəyov, Rəşid bəy Əfəndiyev və
133
başqalarının elmi-pedaqoji əsərləri və məqalələri, tədris vəsaitləri məktəb-təlim
işinin yaxşılaşmasına xeyli kömək etdi.
Vaxtilə, başlıca olaraq rus alimləri tərəfindən az-çox inkişaf etdirilən elm
sahələri Azərbaycan Demokratik Respublikası zamanı bir qədər tənəzzülə uğradı.
1919-cu ildə Adil xan Ziyadxanovun «Azərbaycan tarixinə, ədəbiyyatına,
siyasətinə dair oçerklər»i nəşr edildi. Zəngin faktik materiala və tarixi mənbələrə
istinadən yazılmış bu elmi-kütləvi əsərdə, əsasən, Azərbaycan Demokratik
Respublikasının siyasi tarixindən, onun inkişaf perspektivlərindən bəhs edilirdi.
Kitab rus və ingilis dillərinə tərcümə olunaraq, o zaman Parisdə öz işini davam
etdirən Beynəlxalq sülh konfransının üzvləri arasında yayılmışdı.
Paris sülh konfransında Azərbaycan numayəndə heyətinin üzvləri
tərəfindən elmi dəyəri olan bir sıra kitabça və məqalələr, o cümlədən «Qafqaz
Azərbaycanı Respublikası», «Azərbaycan Respublikası. Qafqaz Azərbaycanının
iqtisadi və maliyyə vəziyyəti», «Qafqaz Azərbaycanı Respublikasının Paris sülh
konfransından tələbləri» adlı kitabçalar hazırlanıb buraxıldı. Həmin kitabçalarda
Azərbaycanın lap qədimlərdən başlayaraq müasir dövrə qədərki tarixi,
etnoqrafiyası, iqtisadiyyatı, mədəniyyəti, xalqın yadelli işğalçılara qarşı
mübarizəsi, milli-azadlıq hərəkatı, müstəqil dövlət quruculuğu və digər məsələlər
barəsində yığcam məlumatlar verilirdi. Təbliğat-informasiya məqsədilə yazılmış bu
kitabçalar 1919-cu ildə Parisdə ingilis və fransız dillərində nəşr edilərək, konfrans
iştirakçılarına paylanmışdı.
Müstəqil Azərbaycan dövlətinin qarşısında özünün elmi kadrlarını
hazırlamaq, milli elmi-tədqiqat mərkəzləri yaratmaq mühüm vəzifə olaraq dururdu.
1919-cu ilin axırı-1920-ci ilin əvvəllərində Bakıda «Müsəlman Şərqini öyrənən
cəmiyyət», Maarif nazirliyinin nəzdində arxeologiya şöbəsi yaradıldı. Bunlar
Azərbaycanın qədim və orta əsr tarixi abidələrini araşdırıb öyrənməklə məşğul
olurdular.
Bu zaman fəaliyyətə başlayan Bakı Dövlət Universitetində müxtəlif elm
sahələri üzrə müəyyən tədqiqatlar aparmaq imkanı yaranmışdı. Universitetin elmi
şurası vardı, o, həmçinin, alimlik dərəcələri vermək hüququna malik idi
Mətbuat: XX əsrin əvvəllərində Azərbaycanda mətbuat inkişaf edirdi.
1903-1905-ci illərdə Tiflisdə Azərbaycan dilində ilk qəzetlərdən biri
«Şərqi-Rus» qəzeti nəşr edildi. Qəzetin redaktoru görkəmli maarifçi Məmmədağa
Şahtaxtinski (1848-1930-cu illər) idi. Onun xüsusi mətbəəsi də vardı.
«Şərqi-Rus» qəzetində C. Məmmədquluzadə, M. Ə. Sabir, A. Səhhət, F.
Köçərli, M. S. Ordubadi və başqa ziyalıların bir sıra məqalələri dərc olunmuşdu.
Qəzetin səhifələrində ictimai həyatın müxtəlif məsələləri, o cümlədən
xalqın milli özünüdərki, mədəniyyət, ədəbiyyat məsələləri haqqında yazılırdı.
Birinci rus inqilabı illərində Azərbaycanda bir sıra yeni qəzet və jurnallar
çıxmağa başladı.
134
1905-1906-cı illərdə Azərbaycanda ana dilində ilk qəzet olan «Həyat»,
1906-1907-ci illərdə «Füyuzat» jurnalı və «İrşad» (Düz yol) qəzeti nəşr edildi.
Həmin dövrdə «Rəhbər» (1906) və «Dəbistan» (1906-1908) adlı pedaqoji jurnallar
buraxıldı.
1906-1917-ci illərdə Tiflisdə «Molla Nəsrəddin» jurnalı nəşr edildi.
(İyirminci illərdən başlayaraq jurnal öz fəaliyyətini Bakıda davam etdirmişdi).
Milli mənlik şüurunun oyanması prosesində meydana gələn qəzet və
jurnallar Azərbaycan ictimai fikrinin formalaşmasında mühüm rol oynadı. Milli
demokratiyanın qabaqcıl nümayəndələri tərəfindən daim işlənib inkişaf etdirilən
azadlıq və müstəqillik ideyaları mətbuat orqanları vasitəsilə dərhal yayılaraq,
Azərbaycan ictimai fikrini əhatə edirdi.
Ə. Ağayevin, Ə. Hüseynzadənin redaktorluğu ilə çıxan «Həyat» qəzeti və
«Füyuzat» jurnalının səhifələrində, əsasən, liberal əhval-ruhiyyəli ziyalılar, o
cümlədən Ə. Hüseynzadə, Ə. Ağayev, gələcək müstəqil Azərbaycan dövlətinin
yaradıcılarından olan M. Ə. Rəsulzadə və Ə. M. Topçubaşov milli özünüdərkə,
milli azadlığa çağıran məqalələrlə çıxış edirdilər. Burada, həmçinin H. Zərdabinin
elmi-nəzəri məqalələri, N. Vəzirov və Ə. Haqverdiyevin hekayələri, M. Ə. Sabirin
şerləri, hətta bolşevik N. Nərimanovun inqilabi-publisist yazıları dərc olunurdu.
C. Məmmədquluzadənin redaktoru olduğu «Molla Nəsrəddin» jurnalında,
əsasən, inqilabi-demokratik ziyalılar, o cümlədən, M. Ə. Sabir, M. S. Ordubadi,
Əliqulu Qəmküsar, Əli Nəzmi, Əzim Əzimzadə, həmçinin Ü. Hacıbəyov, F.
Köçərli çıxış edirdilər. Jurnalın kəskin silahı satira idi. İctimai-siyasi həyatın
ziddiyyətləri və eybəcərlikləri həcvlər, felyetonlar, karikatura və jarjlar vasitəsilə
ifşa edilirdi.
«Molla Nəsrəddin» jurnalı Azərbaycan satiraçılarının böyük bir nəslini
tərbiyə edib yetişdirmişdir. O, nəinki Azərbaycanda, həm də Yaxın və Orta Şərq
ölkələrində böyuk şöhrət qazanmışdı.
İrtica illərində mətbuat ciddi hücumlara məruz qaldı. Bir sıra qəzet və
jurnallar bağlandı, onların naşirləri təqib edildi. Lakin artıq oyanmış milli şüurun
qarşısını almaq mümkün deyildi. Bağlanmış qəzet və jurnallar bəzən yeni adda
çıxır, yaxud yeniləri nəşr edilirdi.
1908-1919-cu illərdə Azərbaycanda muxtəlif adda onlarca yeni qəzet və
jurnal nəşr edilmişdir. Təkcə «Molla Nəsrəddin»in təsiri altında 10-a qədər satirik
jurnal, o cümlədən «Bəhlul», «Zənbur», «Babayi-Əmir», «Məzəli», «Şeypur» nəşr
edilmişdi. Bundan əlavə, rus dilində çıxan «Kaspi», «Baku», «Bakinskiye
izvestiya» və digər mətbuat orqanları da vardı.
XX əsrin əvvəllərində, müxtəlif vaxtlarda, Azərbaycan dilində
«Hümmət», «Qoç-dəvət», «Təkamül», «Bakı həyatı», rus dilində «Bakinski
raboçi», «Prizıv», «Bakinski proletari», «Qudok» və başqa bolşevik mətbuatı
çıxmışdır.
135
«Həyat» qəzeti və «Füyuzat» jurnalının nəşri dayandırıldıqdan sonra,
keçmiş «həyatçılar» və «füyuzatçılar» yeni meydana çıxan «Təzə həyat» və «Yeni
füyuzat»ın ətrafında toplaşdılar.
Onuncu illərin ortalarında Azərbaycanda milli hərəkat genişlənən dövrdə
«İqbal» və onu əvəz etmiş «Açıq söz» qəzeti, «Dirilik» və «Şəlalə» jurnalları milli
azadlıq ideyalarını yayan başlıca mətbuat vasitələrinə çevrildi. Bu zaman milli-
azadlıq hərəkatının lideri M. Ə. Rəsulzadənin qəzet və jurnal səhifələrində azadlıq
ideyalarının yeni ictimai şəraitdə inkişafına həsr olunmuş silsilə məqalələri dərc
edildi.
M. Ə. Rəsulzadənin bilavasitə redaktoru olduğu «Açıq söz» qəzetinın
ətrafında xalqın bütün zümrələrinin əhval-ruhiyyəsini əks etdirən siyasi xadimlər,
ədiblər, publisistlər cəmləşmişdilər. Qəzetin səhifələrində milli-azadlıq hərəkatının
görkəmli nümayəndələri ilə yanaşı, Şəfiqə xanım Əfəndizadə, Ömər Faiq, Abdulla
Şaiq, Nəriman Nərimanov, Ə. Haqverdiyev, Hüseyn Cavid və başqa ziyalılar çıxış
edirdilər.
«Müsavat»ın mətbu orqanı olan «Açıq söz» qəzetində milli-azadlıq
ideyaları ilə bərabər, milləti birliyə, vətənpərvərliyə, qeyrətə, sayıqlığa çağıran
çoxlu məqalə verilirdi.
C. Cabbarlının dostu şair Mirzəbala Məmmədzadə «Açıq söz» qəzetində
Zaqafqaziya komissarlığının tərkibində müsəlman ordusunun yaradılması
çətinliklərinə həsr etdiyi «Azərbaycan çağırır» adlı məqalə ilə çıxış edərək yazırdı:
«Ey gənc türklər! Bu gün Kəbeyi-müqəddəsiniz olan vətəninizi azad ediniz! Əgər
milli ədəbiyyat istəyirsiniz yenə onu qurtarmalısınız. Əgər milli məktəblər... elmi-
fənn arzulayırsınız yenə vətəni azad etməlisiniz... hürriyyət və vətən yolunda can
verməyən bir millət, muxtariyyəti və istiqlalı yolunda varından keçməyən bir millət
yaşamaq istəməmək deməkdir».
Vaxtilə «İqbal» qəzetinin redaktoru olmuş Sənətulla Eynullayev Bakıdakı
mart qırğınlarından üç gün əvvəl «Açıq söz»də dərc etdirdiyi «Dəhşətli saət gəlir,
birlik gərək!» adlı məqaləsində müsəlmanlara xəbərdarlıqla yazırdı: «Bakıda
millətlərin cəmi partiyaları bu gün məlum məsələlər xüsusunda sözlərini bir etdilər.
Müsəlman partiyaları da «milləti fəlakətdən xilas etmək» xatirinə birləşməyə
borcludurlar. Çünki «baş kəsildikdə saqqalla bərabər gedəcək» olduğundan
dəhşətli saətlərdə partiya fərqinə baxmayaraq, proqram və partiyalar da millətlə
bərabər gedəcəkdir. Dəhşətli saət gəlir, birləşin!».
Bakıda mart hadisələri zamanı mətbəələrin avadanlıqlarının çoxu
ermənilər tərəfindən məhv edildiyindən xeyli qəzet və jurnal, o cümlədən «Açıq
söz» uzun müddət işıq üzü görmədi. Qəzet öz fəaliyyətini yalnız 1918-ci ilin
payızında, Azərbaycan Demokratik Respublikası zamanı bərpa etdi. 1919-cu ilin
əvvəllərindən «Açıq söz»ün əvəzinə «İstiqlal» qəzeti çıxmağa başladı.
Azərbaycan Demokratik Respublikası dövründə fəaliyyət göstərən
mətbuat orqanlarının ən mühümlərindən biri «Azərbaycan» qəzeti idi. Milli
136
istiqlaliyyət qazanıldıqdan az sonra meydana gələn bu qəzetin 1919-cu ilin
yanvarından 1920-ci ilin aprelinədək redaktoru Üzeyir Hacıbəyov olmuşdur. Ü.
Hacıbəyov əvvəllər də bir müddət «Tərəqqi» (1908-1910-cu illər) qəzetinə,
həmçinin «Həqiqət» (1909-1910-cu illər) və «Yeni İqbal» (1915-1916-cı illər)
qəzetlərinə redaktorluq etmişdir.
«Azərbaycan» qəzeti ictimai-mənəvi həyatın başlıca məsələlərini öz
səhifələrində işıqlandıraraq, onlara öz münasibətini bildirirdi, O, ictimaiyyəti
xəbərdar edərək yazırdı: «Bir Denikin var, bizi xaricdən təhdid edir, bir çox
denikinlər var ki, içimizə dolub, ən xətərli yerlərdə gizlənib, bizi daxildən
qorxudurlar... Buna görə, istiqlalımızı əldən verməmək üçün bu fövqəladə
zamanda fövqəladə işlər də görülməlidir, o işlərin ən mühümü özümüzü xarici
denikinlərlə bərabər, daxili denikinlərdən qorumaq təşəbbüsüdür».
«Azərbaycan» qəzeti heç bir siyasi partiyaya mənsub olmayıb, ardıcıl
surətdə milli azadlığı, milli müstəqilliyi, milli birliyi müdafiə mövqelərindən çıxış
edirdi.
1919-cu ildə Azərbaycanda, ümumiyyətlə, 80-dən artıq qəzet və jurnal
çıxırdı. Bunların 40-a qədəri Azərbaycan dilində idi.
Azərbaycanda mətbuatın inkişafı xeyli dərəcədə nəşriyyat işlərinin
genişlənməsi ilə əlaqədar idi.
1905-ci ildə Bakı quberniyasında cəmi 15 xırda mətbəə və litoqrafiya,
həmçinin 15 kitab mağazası vardı. Gəncə, Şuşa və Naxçıvanda da mətbəələr
yaradılmışdı.
Həmin dövrdə Tiflisdə C. Məmmədquluzadə və Ömər Faiq tərəfindən
«Qeyrət» adlı mətbəə təsis edildi.
1908-ci ildə Bakı quberniyasında mətbəə və litoqrafnyaların sayı artıq 30-
a çatdı. Gəncə, Şuşa və Lənkəranda yeni mətbəələr açıldı.
Bakıda Orucov qardaşlarının və Haşım bəy Vəzirovun mətbəələri, Tiflisdə
«Qeyrət» mətbəəsi daha iri müəssisələr olub, Azərbaycanda dövrü mətbuat və
kitab nəşrində mühüm rol oynamışdır
|