AZƏrbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10116
1   2   3   4   5   6   7   8   9   ...   13
§ 2. KƏND TƏSƏRRÜFATI 
 
Aqrar  münasibətlər:  XX  əsrin  əvvəllərində  Azərbaycan  əhalisinin  80 
faizi kənddə yaşayırdı. 
Butün torpaqların 
3
/
4
 hissəsindən çoxu xəzinənin (dövlətin) ixtiyarında idi. 
Kənd  əhalisinin  70  faizini  xəzinə  torpaqlarında  yaşayan  dövlət  kəndliləri  təşkil 
edirdi.  1912-ci  ildə  onların  istifadəsində  2  milyon  desyatindən  bir  qədər  artıq 
torpaq sahəsi vardı. 
Dövlət kəndliləri xəzinə torpaqlarından icmalıqla istifadə edirdilər. Kəndli 
şəxsən azad idi və özünün pay torpağına görə dövlətə töycü verirdi. Torpaq onun 
həmişəlik  istifadəsində  idi.  O  öz  torpağını  icarəyə  verə  bilər,  onu  ailə  üzvləri 
arasında bölüşdürə bilərdi. 
İcmaçı  kəndlilər  arasında  təbəqələşmə  getdikcə  qüvvətlənirdi.  İcma 
torpaqlarının  çox  hissəsini  əlinə  keçirmiş  qolçomaqlar  və  varlı  kəndlilər  pay 
torpaqlarının vaxtaşırı bölüşdürülməsi qaydasını daim pozurdular. 
Kəndlilərin  ikinci  böyük  qrupunu  bəy-mülkədar  torpaqlarında  yaşayan 
sahibkar  kəndliləri  təşkil  edirdi.  Onlar  şəxsən  azad  olub,  «yarımmükəlləfiyyətli», 
yəni  mülkədardan  iqtisadi  cəhətdən  asılı  vəziyyətdə  idilər.  Sahibkar  kəndliləri, 
əsasən, Yelizavetpol quberniyasında yaşayırdılar. 
Kəndlilərin  cüzi  hissəsi  dini  idarələrə  məxsus  torpaqlarda  yaşayırdılar. 
Özünün  az  miqdarda  şəxsi  torpağı  olan  mülkiyyətçi  kəndlilər  də  vardı.  Lakin 
bunlar heç bir faiz də təşkil etmirdilər. 
Azərbaycanın dağ  və  dağətəyi  yerlərində  əsasən  maldarlıqla məşğul  olan 
yarımköçərilərin  tək-tək  təsərrüfatları  hələ  qalırdı.  Onların  oturaq  həyat  tərzinə 
keçmələri  getdikcə  güclənirdi.  1916-cı  ildə  cəmi  29  min  yarımköçəri  kəndli 
təsərrüfatı qalmışdı. 
1901-ci  il  yanvarın  1-dən  qüvvəyə  minən  yeni  torpaq  qanunu  ilə  bütün 
kateqoriyalar  üzrə  kəndlilərin  dövlət  qarşısında  mükəlləfiyyətləri  dəqiq 
müəyyənləşdirildi. 
Həmin  qanuna  əsasən,  dövlət  kəndliləri  özlərinin  həmişəlik  istifadəsində 
olan pay torpaqlarına görə xəzinəyə həyətbaşı (tüstü) adlanan vergi əvəzinə, gəlirin 
10-12 faizini təşkil edən dövlət töycüsü, istifadə etdiyi başqa torpaqlara görə torpaq 
vergisi, bütün torpaqlara şamil edilən zemski rüsumu (vergisi) ödəməli idilər. 
Zemski  rüsumu  əhalinin  təhsil,  səhiyyə,  baytarlıq  və  s.  yerli  xərclərini 
ödəmək  məqsədilə  alınırdı.  Lakin  o,  əsasən,  polisin  saxlanmasına  sərf  edilirdi. 
Sahibkar  kəndliləri  öz  ağalarının  xeyrinə  bir  sıra  mükəlləfiyyətlər,  o  cümlədən, 
torpaqdan  istifadəyə  görə  məhsulun 
1
/
10 
hissəsindən  yarısına  qədərini  təşkil  edən 
malcəhət,  yaxud  bəhrə,  qışlaqda  saxlanan  heyvana  görə  ot  pulu,  alaçıq  tikməyə 
görə tüstü pulu, bağ və tərəvəz yetişdirməyə görə bağ pulu və s. ödəyirdilər. 
Onlar  dövlətə  də  bir  sıra  vergilər  verirdilər.  Yeni  qanuna  əsasən,  həmin 
vergilər  iki  qrupda  cəmləşdirilirdi:  1)  sahibkar  kəndlilərin,  həmçinin  bəy  və 

28 
 
mülkədarların bilavasitə istifadəsində olan torpaqlara görə torpaq vergisi, 2) bütün 
torpaqlara şamil edilən zemski rüsumu (vergisi). 
Azərbaycanlı kişilər əsgərliyə çağırılmadıqlarına görə, dövlətə hərbi vergi 
də verirdilər. 
1912-ci  ildə  Azərbaycanda  torpaqların  25  faizini-1,2  milyon  desyatinə 
qədərini xüsusi sahibkar torpaqları təşkil edirdi. Bunun 60 faizi bilavasitə bəy, xan 
və mülkədarlara məxsus idi. Təkcə min desyatindən artıq əkin sahəsi olan yüzdən 
artıq iri torpaq sahibi vardı. 
Sahibkar  kəndlilərinə  adambaşına  orta  hesabla  1  desyatindən  bir  qədər 
artıq  torpaq  sahəsi  düşürdü.  Buraya, həmçinin,  əkinə  yararsız  yerlər də daxil  idi. 
Ayrılıqda  götürdükdə,  bəzi  qəzalarda  adambaşına  daha  az,  məsələn,  Zəngəzur, 
Lənkəran  qəzalarında  0,5  desyatin  torpaq  sahəsi  düşürdü.  On  minlərlə  torpaqsız 
kəndli vardı. 
Torpaqla nisbətən yaxşı təmin edilmiş dövlət kəndlilərinin də vəziyyəti o 
qədər yaxşı deyildi. Dövlət kəndlilərinə adambaşına orta hesabla 2 desyatindən bir 
qədər artıq əkinə yararlı və yararsız pay torpağı düşürdü. Lakin təbəqələşmənin son 
dərəcə  güclənməsi  nəticəsində  dövlət  kəndlilərinin  yarısını—təqribən  500  min 
nəfərini  0,5  desyatindən  2 desyatinədək  pay  torpağı  olan aztorpaqlı  kəndli  kütləsi 
təşkil edirdi. Minlərlə kəndli ailəsi bütünlüklə torpaqsız idi. 
Dövlət  kəndlilərinin  öz  istehsal  vasitələrindən  ayrı  düşməsi  halları 
getdikcə artırdı. Yoxsul kəndlilərin bir qismi özünün əkin sahəsindən və bağından 
istifadə  hüququnu  başqasına  satır,  digər  qismi  qoşqu  heyvanı  olmadığı  üçün 
özünün  pay  torpağını  icarəyə  verirdi.  Hətta,  qanunun  ziddinə  olaraq,  müəyyən 
fırıldaqlarla kəndlinin pay torpağını həmişəlik öz əlinə keçirən varlılara da təsadüf 
edilirdi. 
Aztorpaqlılığın və torpaqsızlığın səbəblərindən biri çarizmin öz köçürmə 
siyasətini inadla davam etdirməsi idi. Çar hökuməti Mərkəzi Rusiyadan kəndliləri 
milli ucqarlara köçürməklə yerlərdə özünə dayaq yaratmaq istəyirdi. 
1912-ci ilə qədər Azərbaycanın iki quberniyasında Rusiyadan köçürülmüş 
rusların 136 yaşayış məntəqəsi yaradılmışdı. 230 min desyatinə yaxın dövlət torpaq 
sahəsi 40 mindən artıq pay şəklində gəlmə rus ailələrinə verilmişdi. Hər təsərrüfata 
orta  hesabla  6  desyatinə  yaxın  əkin  sahəsi  düşürdü  ki,  bu,  yerli  kəndli  pay 
torpaqlarının orta həcmindən xeyli çox idi. 
Çar  hökuməti  İranla  sərhəd  ərazilərinin  ruslarla  məskunlaşdırılmasına 
xüsusi əhəmiyyət verirdi. Bakı qubernatoruna bildirilmişdi ki, «İranla  sərhəd olan 
düzdə müsəlman əhalisinin sakin olmasına siyasi nöqteyi-nəzərdən əsla yol vermək 
olmaz və siyasi mülahizələrə görə bu düzdə rus əhalisi yerləşdirilməlidir». 
XX  əsrin  ilk illərində  Rusiyadan köçürülən ruslar  tərəfindən  Muğanda—
Yermolovo,  Kozlyakova,  Lənkəran  qəzasında—Alekseyevka,  Pokrovka  və  başqa 
kəndlər, 
Quba 
qəzasında—Şirvanskoye, 
Cavad 
qəzasında—Nikolayevka, 

29 
 
Aleksandrovka,  Mixaylovka,  Şamaxı  qəzasında  adları  hələ  rəsmiləşdirilməmiş 
daha üç kənd salındı. 
Xəzinənin ixtiyarında milyonlarla  desyatin ehtiyat torpaq sahəsi olmasına 
baxmayaraq,  köçürülənlər,  əsasən,  minlərlə  yerli  kəndçi  ailəsinin  öz  ata-baba 
yurdlarından  sıxışdırılması  hesabına  tmin  edilirdilər.  Məsələn,  I  Təklə,  II  Təklə, 
Çəmənli, Xalac və bir neçə qonşu kənddə 2 mindən artıq dövlət kəndlisinin torpağı 
əlindən alınıb gəlmə ruslara verilmişdi. 
Kəndlilərin  vəziyyətinin  durmadan  pisləşməsi,  üstəlik,  çar  məmurlarının 
özbaşınalığının artması kənd əhalisinin böyük narazılığına səbəb oldu. Ələlxüsus, 
birinci rus inqilabı illərində bir sıra ciddi kəndli ixtişaşları baş verdi. 
Kənddə  yaranmış  böhranlı  vəziyyət  hökumət  dairələrini  təşvişə  saldı. 
Qafqaz  canişini  Vorontsov-Daşkov  çara  yazdığı  məktubunda  çıxış  yolunu 
yubanmadan kəndli islahatı keçirilməsində görürdü. 
Dövlət  dumasında  uzun  müzakirələrdən  sonra,  Zaqafqaziyada  aqrar 
islahatı  keçirmək  qərara  alındı.  Bu  islahat  icmaları  dağıtmaq  və  qolçomaqların 
ictimai-iqtisadi  mövqelərini  daha  da  qüvvətləndirmək  yolu  ilə  kənddə  çarizmə 
güclü dayaq yaratmalı idi. 
1912-ci  il  dekabrın  20-də,  Zaqafqaziya  quberniyalarında  torpaqların 
məcburi  surətdə  satın  alınması  haqqında  qanun  verildi.  Kəndlilər,  özlərinin  pay 
torpaqları  da  daxil  olmaqla,  onlar  üçün  ayrılmış  torpaq  sahələrini  satın  almalı 
idilər.  Mülkədarlar,  bəylər  torpaq  üçün  ödənc  (vıkup) pulunu  dövlət  xəzinəsindən 
almalı, xəzinə isə həmin məbləği müəyyən müddət – 28-56 il ərzində kəndlilərdən 
toplamalı idi. Bakı və Yelizavetpol quberniyalarında ümumi qiyməti 10,3 milyon 
manat olan pay torpağı üçün kəndlilər xəzinəyə faizi ilə birlikdə 21 milyon manat 
pul ödəyəcəkdilər. 
1913-cü  il  yanvarın  1-dən  etibarən  kəndlilər  bəylərin  və  mülkədarların 
xeyrinə  mükəlləfiyyət  daşımaqdan  bütünlüklə  azad  edildilər.  Onlar  özünün  şəxsi 
torpaq sahəsi olan mülkiyyətçi kəndliyə çevrildilər. 
1913-cü  il  iyulun  7-də  Zaqatala  dairəsində  də  yeni  aqrar  qanunu  tətbiq 
edildi.  Bu qanun əslində  1912-ci  il  dekabr qanununun  davamı  idi.  Kəndlilər 20 il 
ərzində  xəzinəyə  müəyyən  edilmiş  məbləğdə  ödənc  pulu  verərək,  bəy  və  keşkəl 
sahiblərinin asılılığından azad olurdular. 
1912—1913-cü  illərin  aqrar  islahatları  torpağı  kəndlilərin  mülkiyyətinə 
verməklə,  onun  bir  əldən  başqa  ələ  keçməsini  asanlaşdırdı.  Kəndlilərin 
təbəqələşməsi  son  dərəcə  dərinləşdi.  Onları  kəndə  bağlayan  torpağın  alqı-satqı 
vasitəsinə çevrilməsi kəndlilərin kəndlilikdən çıxması və proletarlaşması prosesini 
daha  da  sürətləndirdi.  Kənddə  qolçomaqların  və  varlı  kəndlilərin  mövqeləri 
olduqca möhkəmləndi. 
Aqrar  islahatları  kənddə  feodal  münasibətlərinə  son  qoymadı.  İri  bəy-
mülkədar  latifundiyaları  ilə  yanaşı,  icarədar  kəndlilərin  külli  miqdarda  xırda 

30 
 
təsərrüfatları  qalmaqda  idi.  Ona  görə  də,  Azərbaycanda  aqrar  münasibətləri 
yarımfeodal xarakteri daşıyırdı. 
Yeni  aqrar  qanunları  kəndlilərin  böyük  əksəriyyətini  təşkil  edən  dövlət 
kəndlilərinə aid deyildi. 
1917-ci ildə mülkiyyətçi kəndlilərin əlində 620 min desyatin torpaq sahəsi 
vardı.  Hər  kəndli ailəsinə  orta  hesabla  2,3 desyatin  torpaq  sahəsi düşürdü.  Lakin 
torpaqlar  paylanarkən  1912—1913-cü  illərin  aqrar  qanunlarına  qədərki  mərz 
hüdudları  əsas götürüldüyündən kəndlilərin torpaq  sahələrinin həcmi yenə də son 
dərəcə  qeyri-bərabər  olaraq  qalırdı.  Kəndlilərin  bir  parasının  10  desyatinədək  və 
daha artıq torpağı olduğu halda, çoxunun lap az, hətta heç torpaq  sahəsi yox  idi. 
Ona görə də torpaqsız və aztorpaqlı kəndlilər aqrar qanunları qəbul ediləndən sonra 
da  gedib  mülkədarların,  qolçomaqların  yanında  muzdla  işləmək,  yaxud  onlardan 
ağır şərtlərlə torpaq sahəsi icarəyə götürmək məcburiyyətində qaldılar. 
Kənd  təsərrüfatı  məhsulları  istehsalı:  Azərbaycanda  taxılçılıq  kənd 
təsərrüfatının əsas sahəsi idi. Bakı quberniyasının Lənkəran qəzası və Yelizavetpol 
quberniyasının Yelizavetpol, Ərəş, Nuxa, Şuşa qəzaları əsas taxılçılıq rayonları idi. 
Azərbaycanda çəltiyin yarıya qədəri Lənkəran qəzasında becərilirdi. 
XX  əsrin  əvvəllərində  taxıl  istehsalı  azalmağa  başladı.  Bu,  hər  şeydən 
əvvəl, daha sərfəli pambıq əkini sahələrinin genişləndirilməsi ilə əlaqədar idi. 
Təkcə  1913-cu  ildə  taxıl  məhsulları  istehsalı  1900-cü  il  səviyyəsinə 
çatmışdı.  Bu  vaxt  41  milyon  puda  yaxın  buğda,  12  milyon  puda  yaxın  arpa,  5,5 
milyon pud çəltik məhsulu toplanmışdı. 
Taxıl məhsulları əsasən Azərbaycanın daxili ehtiyaclarını ödəyirdi. Qonşu 
ölkələrlə də taxıl alış-verişi edilirdi. 
Birinci dünya müharibəsi illərində taxılçılıq təsərrüfatları xeyli gerilədi. 
Əkinçilik texnikası çox aşağı idi. Elə kəndli təsərrüfatları vardı ki, onların 
nəinki  kustar  kotanı,  heç  adi  xışı  da  yox  idi.  Yerli  ustaların  qayırdıqları  (kustar) 
kotanlar çox ağır olub, iş üçün az yararlı idi. Bəzən kotana 5—6 cüt kəl və ya öküz 
qoşmaq lazım gəlirdi. 
XX  əsrdə  Azərbaycana  zavodda  qayrılmış  daha  təkmil  kənd  təsərrüfatı 
alətləri gətirilməsi xeyli artdı.  Hər il, orta hesabla, ümumi çəkisi 25 min pud olan 
maşın və alətlər gətirilirdi. 
1910-cu ildə istifadədə 76 min xış və 25 min kustar kotanla yanaşı, 30 min 
gətirilmə dəmir kotan vardı. Orta hesabla hər üç kəndli təsərrüfatına yalnız bir ədəd 
şumlama vasitəsi—xış, kustar kotan və ya dəmir kotan düşürdü. 
Gətirilmə kotanlardan əsasən alman və rus kolonistlərinin, qolçomaqların, 
həmçinin  bəzi  mülkədarların  təsərrüfatlarında  istifadə  olunurdu.  Onları  almağa 
kəndlilərin  gücü  çatmırdı.  Toxumsəpən,  dənsovuran,  dərzbağlayan,  taxıldöyən 
maşınlardan  isə  yalnız  iri  fermer  və  mülkədar  təsərrüfatlarında  istifadə  olunurdu. 
1910-cu ildən sonra çox iri təsərrüfatlarda ilk traktorlar görünməyə başladı. 

31 
 
Kənd təsərrüfatına  ziyanvericilər  böyük  tələfat  verirdi.  Məsələn,  1910-cu 
ildə çəyirtkə dəstələri hücum edərək, dörd qəzada taxıl və pambıq əkinlərini tamam 
məhv etdi. Ziyanvericilərə qarşı zəif mübarizə aparılırdı. 
Maldarlıq kənd əhalisinin mühüm məşğuliyyət növü idi. 
XX  əsrin  əvvəllərində  Azərbaycanda 3—5  milyon  baş  arasında mal-qara 
olmuşdur.  Mal-qaranın  sayındakı  bu  cür  kəskin  dəyişiklik,  əsasən,  tez-tez  baş 
verən  yoluxucu  xəstəliklərlə  əlaqədar  idi.  Məsələn,  bir  yoluxucu  xəstəlik  zamanı 
təkcə Qazax və Şuşa qəzalarında 75 minə yaxın hələ qoyun tələf olmuşdu. 
1913-cü ildə Azərbaycanda 1,2 milyon baş qaramal, 436 min başdan çox 
camış,  2,7  milyon  baş  qoyun,  200  min  başdan  çox  keçi,  177  min  başa  yaxın  at 
vardı. 
Yoxsul  kəndlilərin  çoxunun  inəyi,  hətta  heç  qoşqu  heyvanı  da  yox  idi. 
Orta hesabla iki kəndli təsərrüfatına bir qoşqu heyvanı, hər 10—15 kəndli ailəsinə 
bir inək düşürdü. 
Hər il, orta hesabla, istehsal edilən 500 min pud yunun yarısı və 500 min 
ədəd müxtəlif heyvan dərisi Rusiyaya, həmçinin xarici ölkələrə göndərilirdi. 
Birinci  dünya müharibəsi  illərində mal-qaranın  və atların  sayı  yarıbayarı 
azaldı. Onların bir hissəsi ordunun ehtiyacları üçün müsadirə edildi. 
Azərbaycanda  ipəkçiliklə  lap  qədimdən  məşğul  olurdular.  İpəkçilik, 
əsasən,  Yelizavetpol  quberniyasında,  Bakı  quberniyasının  Göyçay,  Lənkəran, 
Quba qəzalarında, Zaqatala dairəsində, həmçinin Naxçıvan qəzasında yayılmışdı. 
Rusiyada  toxuculuq  sənayesinin  inkişafı  ilə  əlaqədar  olaraq  xam  ipəyə 
təlabat xeyli artdı. Bu, Azərbaycanda baramaçılığın inkişafına səbəb oldu. 1914-cü 
ildə,  keçən  əsrin  axırı  ilə  müqayisə  etdikdə,  baramaçılıqla  məşğul  olan  kəndlərin 
sayı təqribən iki dəfə çoxalaraq, 2200-ü ötdü. Həmin dövrdə çəkil plantasiyalarının 
ümumi sahəsi də iki dəfəyə qədər genişlənərək, 60 min desyatinə çatdı. 
Barama  bütünlüklə  satlıq  məhsul  (əmtəə)  idi.  Ondan  yerli  ipək 
sənayesində  istifadə  olunur  və  Rusiyanın  ipəksarıma  müəssisələrinə,  həmçinin 
xarici ölkələrə göndərilirdi. 
Barama  istehsalı  ilbəil  artaraq,  1914-cü  ildə  260  min  puda  çatdı.  Birinci 
dünya müharibəsi illərində barama istehsalı iki dəfə azaldı. 
Pambıqçılıq  sürətlə  inkişaf  edirdi.  Pambıq,  başlıca  olaraq,  Naxçıvan, 
Yelizavetpol, Cavanşir, Şuşa,  Göyçay, Cavad qəzalarında əkilirdi. 
1913-cü  ildə,  əsrin  əvvəlində  olduğuna  nisbətən  5,5  dəfə  çox—105  min 
desyatin sahədə pambıq əkilmiş və 5 milyon puddan artıq məhsul götürülmüşdür. 
Pambıq  əkmək  xeyli  zəhmət tələb  etsə  də,  çox  sərfəli  idi. O  zaman xam 
pambığın  pudu  buğdanın  pudundan  12  dəfə,  arpanın  pudundan  17  dəfə,  çəltiyin 
pudundan 7 dəfə baha olub, 77 manata satılırdı. Pambıq bütünlüklə əmtəə məhsulu 
idi. 
Əkinçilikdə,  xüsusən  pambıqçılıqda  suvuranlardan  (vodokaçkalardan) 
istifadə  olunurdu.  İlk  suvuran  1901-ci  ildə  Cavad  qəzasının  Petropavlovka  kəndi 

32 
 
yaxınlığında  Kür  çayı  üzərində  quruldu.  Sonralar  Kür  və  Araz  çayları  sahilində 
150-dək  suvuran  meydana  gəldi.  Neftlə  işləyən  bu  maşınların  bəziləri  hətta  1000 
desyatinə qədər torpaq sahəsinə su çıxarırdı. Toplanan məhsulun, bir qayda olaraq 
1/3 hissəsi suvuran maşın sahibinə çatırdı. 
Rusiya  sənayesinin  pambığa  olan  tələbatı  sürətlə  artırdı.  Hər  il 
Amerikadan  milyonlarla  pud  pambıq  mahlıcı  alınırdı.  Ona  görə  çar  hökuməti 
Azərbaycanda pambıqçılığı inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirdi. 
1907—1911-ci  illərdə  Muğan  və  Mil  düzlərində  ümumi  uzunluğu  500 
km-ə  çatan  magistral  və  qol  kanalları  çəkildi.  50  min  desyatin  torpaq  sahəsinə  su 
çıxarıldı.  Pambıq  əkini  sahələri  genişləndi.  Həmin  yerlərdə  Rusiyadan  köçürülən 
rusların yeni məskənləri meydana gəldi. 
Pambıqçılıq texnikası ləng də olsa, irəliləyirdi. Bir  sıra iri təsərrüfatlarda 
toxumsəpən maşınlardan, kultivatorlardan, dəmir dırmıxlardan, hətta traktorlardan 
istifadə olunmağa başladı. Cərgəli əkinə keçid sürətləndi. 
Birinci dünya müharibəsi illərində pambıq əkini sahələri üç dəfəyə yaxın 
azalaraq, 1917-ci ildə 37 min desyatinə endi. 
Qəzaların  çoxunda  tütünçülüklə  məşğul  olurdular.  Lakin  tütünçülüyün 
əsas mərkəzi  Zaqatala  dairəsi,  qismən  Nuxa  qəzası  idi.  Yüksək məhsul  verən əla 
növ Trabzon və Samsun tütünü kimi sarı tütün növləri əsasən Zaqatala dairəsində 
yetişdirilirdi.  Digər  qəzalarda  başlıca  olaraq,  yerli  tütün—tənbəki  (maxorka) 
əkilirdi ki, bu da elə istehsalçıların özləri tərəfindən istifadə olunurdu. 
Tütünçülük çox gəlirli sahə idi. Onun hər desyatini 130—200 manat xalis 
qazanc gətirirdi. Tütünün pudu 7—10, hətta 12 manata satılırdı, tənbəki isə bundan 
iki dəfə ucuz idi. 
XX  əsrin  əvvəllərindən  sənaye  tütünçülüyü  inkişaf  etməyə  başladı. 
Qiymətli  tütün növlərinə  təlabat artdı.  Zaqatala  ilə  yanaşı, digər  qəzalarda  da  sarı 
tütün  növləri  əkininə  diqqət  artırıldı.  Məsələn,  1910-cu  ildə  Yelizavetpol 
qubeniyasında  1700  puddan  çox  Trabzon  və  Samsun  növlü  tütün  yarpağı 
yığılmışdı ki, bu da quberniyanıi tənbəki-tütün məhsulunun 11 faizini təşkil edirdi. 
Başqa  əkin  növlərindən  fərqli  olaraq,  tütün  sahələri,  adətən,  çox  kiçik 
olurdu.  Tütün  əkini  sahələrinin  2/3  hissəsindən  çoxunu  sahəsi  1  desyatindən  az 
olan plantasiyalar təşkil edirdi. 
Azərbaycanda xam tütün yarpağının orta illik hasilatı 30 min puda bərabər 
idi.  Onun  çox  hissəsi  satışa  gedirdi.  Müharibə  illərində tütün  əkini  sahələri  xeyli 
genişləndi. 
Bağçılıq  və  üzümçülük  geniş  yayılmışdı.  Əlverişli  təbii  və  iqlim  şəraiti, 
torpaqların  münbitliyi  Azərbaycanın,  demək  olar,  hər  yerində  bağ-bostan 
becərməyə imkan verirdi. 
Meyvə  bağlarının  ümumi  sahəsi  50  min  desyatinə  çatırdı.  Təqribən  min 
kənddə meyvə bağı vardı. 

33 
 
Bağların yarıdan çoxu—27 min desyatini Yelizavetpol quberniyasında idi. 
Quberniyada  olan  meyvə  bağlarının  2/3 hissəsi—18  min desyatini təkcə  Nuxa  və 
Ərəş  qəzalarının  payına  düşürdü.  Bu  qəzalarda,  əsasən,  qoz,  fındıq,  şabalıd, 
qızıləhmədi alma, Yelizavetpol qəzasında qaraçinar alması, məşhur «Təbriz» süfrə 
üzümü və başqa  meyvələr yetişdirilirdi. 
Bakı  quberniyasında  19  min  desyatin  meyvə  bağı  sahəsi  vardı.  Başlıca 
meyvəçilik zonası olan Quba qəzasında müxtəlif sort alma və armud yetişdirilirdi. 
Zaqatala özünün fındığı ilə məşhur idi. Burada 1500 desyatin sahədə, yəni 
bütün bağ sahəsinin 2/3 hissəsində fındıq ağacı əkilmişdi. 
Naxçıvan  qəzasında  Ordubad  mahalı  meyvəçilikdə  fərqlənirdi.  Burada 
yüksək keyfiyyətli ərik növləri, qoz və başqa meyvələr yetişdirilirdi. 
Azərbaycanda bostançılıq geniş yayılmışdı. Hər il Ucar və Ləki dəmir yol 
stansiyalarından 200 min puddan çox qarpız-yemiş yola salınırdı. 
Bütün  qəzalarda  üzüm  yetişdirilirdi.  Lakin  əsas  üzümçülük  rayonları 
Yelizavetpol,  Şuşa,  Göyçay,  Şamaxı  qəzaları idi.  Azərbaycanda  üzümlüklərin  2/3 
hissəsi bu qəzaların payına düşürdü. 
1913-cü  ildə  Zaqatala  dairəsi  və  Naxçıvan  qəzası  da  daxil  olmaqla, 
Azərbaycanda 28,5 min desyatin üzümlükdən 6 milyon puddan artıq məhsul yığılıb 
emal müəssisələrinə təhvil verilmişdi. Bu, əsrin əvvəlində olduğundan iki dəfə çox 
idi. 
Üzümlüklərin  böyük  əksəriyyətini  kiçik  üzüm  bağları  təşkil  edirdi.  Hər 
üzüm bağına orta hesabla 0,5 desyatin torpaq sahəsi düşürdü. 
Üzümlüklərin  çoxu  iri  şirkətlərə  məxsus  idi.  Üzüm  məhsulunun  3/4 
hissəsini  bu  şirkətlər  verirdi.  Məsələn,  birinci  dünya  müharibəsi  ərəfəsində 
Yelizavetpol  quberniyasında  üzümlüklərin  10  faizi,  yəni  1200  desyatini  üç  iri 
şirkətə məxsus idi. 
Müharibə illərində üzümlüklərin sahəsi xeyli azaldı. 
Kənd əhalisi tərəvəzçiliklə, arıçılıqla, biyan kökü çıxarmaqla, meşələrdən 
yabanı meyvə və giləmeyvə toplamaqla, Abşeronda, həmçinin, zəfəran becərməklə 
məşğul olurdu. 
Ümumiyyətlə,  Azərbaycanda  kənd  təsərrüfatı  ləng  inkişaf  edirdi.  Bunun 
başlıca  səbəbi  yerli  əkinçiliyin  texniki  və  aqrotexniki  cəhətdən  geri  qalması, 
kəndlilərin bəzi təsərrüfat səriştəsizliyi idi. 
Çar hökuməti Azərbaycanda yalnız Rusiya sənayesinin ehtiyac hiss etdiyi 
təsərrüfat sahələrinin inkişafına az-çox fikir verirdi. 
Baramaçılığı,  pambıqçılığı,  habelə  heyvandarlığı  yaxşılaşdırmaq  üçün 
bəzi təşəbbüslər edilirdi. 
1902-ci 
ildə 
ipəkçilərin 
Yelizavetpolda  çağırılan  qurultayında 
baramaçılığın  sirlərinə  bələd  olmaq,  çəkil  plantasiyalarına  aqrotexniki  qaydada 
qulluq  etmək  üçün  kənd  müəllimlərinin  xüsusi  kurslarını  açmaq  haqqında  qərar 
qəbul  olundu.  Kursu  bitirən  müəllimlər  özlərinin  dərs  dediyi  məktəbin  nəzdində 

34 
 
təcrübə  sahələri  təşkil  edib,  baramaçılığı  yerli  kəndlilərə  öyrətməli  idilər.  25 
kənddə və bəzi iri təsərrüfatlarda da bu cür təcrübə sahələri təşkil edildi. 
Həmin  il  Yelizavetpolda  kənd  təsərrüfatı  mütəxəssislərinin  qurultayında 
pambıqçılığı  inkişaf  etdirmək  üçün  yollar  müəyyənləşdirildi.  Göyçay  qəzasında 
pambıqçılıqdan nümunə sahəsi yaradıldı. 
1904-cü  ildə  Ağdaşda  Qafqaz  pambıqçılarının  birinci  quberniyalararası 
qurultayı çağırıldı. 
Heyvandarlığın  inkişafına,  xüsusən,  daha  məhsuldar  mal-qara  cinslərinin 
yetişdirilməsinə diqqət artırıldı. Alman və rus kolonistlərinin təsərrüfatlarında olan 
çoxsüdverən  qaramalın,  merinos  cinsli  qoyunların  və  məşhur  yerli  heyvan 
cinslərinin bazasında təcrübə stansiyaları, atçılıq zavodları yaradıldı. 
1901-ci  ildə  baytarlıq  işçilərinin  Yelizavetpolda  müşavirəsi  keçirildi.  
Heyvanlar  arasında  yoluxucu  xəstəliklərin,  xüsusən  İranla  sərhəd  rayonlarında 
yayılmış  taun  xəstəliyinin  qarşısını  almaq  üçün  taun  məntəqələri,  baytar 
stansiyaları təşkil edildi. 
Kənd  təsərrüfatında  kapitalist  münasibətlərinin  inkiĢafı:  XIX  əsrin 
axırı-XX  əsrin  əvvəllərində  bir  sıra  təbii  iqtisadi-sosial  proseslər  -  sənayenin    
inkişafı,  şəhər  əhalisinin  artması,  Ümumrusiya  və  daxili  bazarın  genişlənməsi 
kəndli təsərrüfatlarında əmtəə  (satlıq məhsul) istehsalının çoxalmasına səbəb oldu. 
Kəndli  təsərrüfatlarının  əmtəə  istehsal  etməsi  kapitalist  təsərrüfatçılığına 
xas  əlamət  olsa  da,  bu  hələ  kənddə  kapitalist  istehsal  münasibətlərinə  keçildiyini 
göstərmirdi.  Kənd  təsərrüfatında  kapitalizmin  başlıca  əlaməti—istehsalın  muzdlu 
əməyə əsaslanmasıdır. 
XX  əsrin  əvvəllərində  Azərbaycanda  kənd  təsərrüfatının  bütün 
sahələrində muzdlu əməkdən bu və ya digər dərəcədə istifadə edilirdi. 
Qolçomaq və varlı kəndli təsərrüfatlarında muzdlu əməkdən geniş istifadə 
edilirdi. 
Pambıqçılıq təsərrüfatları tamamilə muzdlu əməyə əsaslanırdı. 
Bu dövrdə gəlmə ruslar arasında əsasən pambıqçılıqla məşğul olan çoxlu 
kəndli-fermer təsərrüfatı meydana gəlmişdi. Məsələn, 1912-ci ildə Muğanın Novo-
Nikolayevka  kəndində  2  min  desyatin  suvarılan  torpağın  1/3  hissəsində  təkcə 
pambıq  əkilmişdi. Hər kəndli  təsərrüfatına orta hesabla 4 desyatinə qədər pambıq 
əkini  düşürdü.  Bəzi  qolçomaqların  onlarca  desyatin  təkcə  pambıq  əkini  sahəsi 
vardı. 
1917-ci  ildə  qolçomaq  və  varlı  kəndli  təsərrüfatlarının  sayı,  əsrin  əvvəli 
ilə  müqayisə  etdikdə,  təqribən  üç  dəfə  artaraq  29  mini  ötmüşdü.  Bütün  kəndli 
təsərrüfatlarının cəmi 8,6 faizini təşkil edən bu təsərrüfatların payına ümumi əmtəə 
istehsalının 1/3 hissəsi düşürdü. 
Muzdlu  əməkdən  bəzi  bəy-mülkədar  təsərrüfatlarında  və  çoxlu  zəhmət 
tələb edən bitkilərin becərilməsində də istifadə olunurdu. 

35 
 
Yüz və minlərlə desyatin torpaq  sahəsi olan bəy  və mülkədarlar, adətən, 
özləri təsərrüfatla məşğul olmayıb, əkin yerlərini icarəyə verməyi üstün tuturdular. 
XX  əsrin  əvvəllərində  Rusiya  bazarının  pambıq,  üzüm  və  başqa  cənub 
bitkilərinə  təlabatının  durmadan  artması  iri  mülkədarları  əmtəə  istehsalını 
genişləndirməyə  sövq  etdi.  Sahəsi  bəzən  bir  neçə  yüz  desyatin  olan  iri  pambıq    
plantasiyaları meydana gəldi. 
1911  -  1912-ci  illərdə  Böyükağa  Şamxorskinin  6-7 min  desyatin,  Lütfəli 
bəy Zülqədərovun 2 min desyatin pambıq plantasiyaları vardı və s. 
Muzdlu  işçi  qüvvəsindən  istifadə  edib  yüzlərlə,  hətta  minlərlə  desyatin 
sahədə taxıl bitkiləri əkdirən bəylərə də təsadüf olunurdu. Məsələn, Xanbəyovların 
«Xanqərvənd» mülkündə torpağın 2900 desyatinini muzdlu əməklə becərilən taxıl 
əkini sahələri təşkil edirdi. 
Azərbaycanda  bəy-mülkədar  latifundiyalarında  muzdlu  fəhlə  qüvvəsi  ilə 
becərilən  iri  plantasiyaların  meydana  gəlməsi  burada  kapitalist  əsaslarına 
keçildiyini  göstərsə  də,  təsərrüfatçılığın  icarədarlıq  kimi  köhnə,  yarımfeodal 
sistemi özünün üstün mövqeyini hələ də saxlayırdı. 
Sənayeçilərin,  rus  məmurlarının,  zadəganların  bütünlüklə  muzdlu  əməyə 
əsaslanan geniş kapitalist təsərrüfatları meydana gəlmişdi. 
1912-ci  ildə  H.  Z.  Tağıyevin  26  min  desyatin  sahəsi  olan  «Yevlax 
mülkü»ndə  müxtəlif  kənd  təsərrüfatı  bitkiləri  ilə  yanaşı,  1000  desyatindən  artıq 
sahədə  pambıq  əkilmişdi.  Onun  Quba  qəzasının  Qusarçay  sahəsində  də  əkinçilik, 
bağçılıq,  üzümçülük,  maldarlıq,  atçılıq,  quşçuluqla  məşğul  olan  iri  təsərrüfatları 
vardı.  Qusarçay  mülkündə  fəhlələrin  yaşamaları  üçün  ikimərtəbəli  bina  da 
tikilmişdi. 
Əsrin əvvəllərində  iki rus  kapitalisti tərəfindən  yerli  bəylərdən  alınmış  2 
min  desyatindən  artıq  sahəsi  olan  «Qaraçala»  mülkündə  1910-cu  ildə  1600 
desyatin sahədə pambıq, həmçinin taxıl əkilmişdi. 
Yelizavetpol  qəzasında  10  min  desyatin  sahəsi  olan  «Xanqərvənd» 
mülkünü  Usmiyevin  varislərindən  satın  almış  bir  rus  kapitalisti  1912-ci  ildə  600 
desyatin  sahədə  təkcə  pambıq  əkdirdi.  1913-cü  ildə  «Qafqaz  pambığı»  səhmdar 
cəmiyyəti  Usmiyevlərin  Şuşa  qəzasındakı  6,4  min  desyatin  torpaq  mülkünü  satın 
alıb, onun 2,7 min desyatinini pambıq plantasiyasına çevirdi. Knyaz L. S. Qolitsın 
özünün  700  desyatin  torpaq  sahəsinin  150  desyatinində  təkcə  üzüm  plantasiyası 
saldırdı və s. 
Quba  qəzasında  kapitalistlərin,  zadəganların,  məmurların muzdlu  əməklə 
becərilən 10-dan artıq iri bağçılıq və üzümçülük təsərrüfatları vardı. 
Yelizavetpol  quberniyasında  alman  kolonistlərinin  iri  kapitalist-fermer 
təsərrüfatları meydana gəlmişdi. Bu təsərrüfatlarda üzümçülük əsas yer tuturdu. 
1910-cu  ildə  Forer  qardaşlarına  məxsus  4300  desyatin  torpaq  sahəsinin 
600 desyatinini üzüm plantasiyası təşkil edirdi. Bundan əlavə, üç yüz baş cins inək 
saxlanır  və  onların  südündən  hər  il  500  puda  yaxın  yağ  və  brınza  pendiri 

36 
 
hazırlanırdı. Mülkdə yüz başa qədər cins at bəslənir, müxtəlif növ kənd təsərrüfatı 
bitkisi  əkilirdi.  Forer  qardaşları  hər  il  bazara  bir  neçə  yüz  min  manatlıq  kənd 
təsərrüfatı məhsulları və çaxır çıxarırdı. 
Hummel  qardaşlarının  Yelenendorf  (indiki  Xanlar)  alman  koloniyasında 
450 desyatin təkcə üzüm plantasiyası vardı. 
Taxılçılıqda muzdlu əməkdən ən çox ağır zəhmət tələb edən çəltikçilikdə 
istifadə  olunurdu.  Az-çox  iri  çəltik  plantasiyaları əlavə  işçi  qüvvəsi  cəlb  etmədən  
becərilə  bilməzdi.  Yoxsul    kəndlilər  çox    zaman  gedib  iri  çəltik  plantasiyalarında 
muzdla işləyirdilər. 
İpəkçiliklə  məşğul  olan  kəndlilər,  əslində,  muzdlu  fəhlə  vəziyyətində 
idilər. Onlar xüsusi şirkətlərdən, bəzən möhtəkirlərdən barama qurdu alıb evlərində 
bəsləyir və zəhmət haqqı olaraq ümumi barama məhsulunun 25-30 faizinin pulunu 
alırdılar. 
Azərbaycanda  kiçik  tütün  sahələrini,  adətən,  kəndlilər  özləri  ailə  üzvləri 
ilə birlikdə becərirdilər. Lakin bir neçə desyatin, hətta 10 desyatindən artıq sahəsi 
olan iri tütün plantasiyaları da vardı ki, burada muzdlu əməkdən istifadə edilirdi. 
XX  əsrin  əvvəllərində  bəylərə  və  mülkədarlara  məxsus  böyük  qoyun  və 
qaramal  sürüləri  ilə  yanaşı,  qolçomaqların  və  varlı  kəndlilərin  bütünlüklə  əmtəə 
istehsal  edən  iri  maldarlıq  təsərrüfatları  meydana  gəlmişdi.  Bu  təsərrüfatların 
bəzilərində min başadək, hətta daha çox qoyun-keçi, bir neçə yüz baş qara-mal, at 
və  dəvə  saxlanırdı.  Bu  cür  iri  maldarlıq  təsərrüfatlarında  daimi  işçi  qüvvəsindən 
istifadə  olunurdu.  Hələ  XX  əsrin  əvvəllərinə  yaxın  maldarlıq  təsərrüfatlarında  10 
minə qədər adam muzdla işləyirdi. 
Muzdlu  əməkdən  istifadə  etməklə  südlük  heyvan  sürüləri  saxlamaq 
kapitalizmə xas  olan  başlıca istehsal  xüsusiyyəti  olsa  da,  Azərbaycanda, məsələn, 
Forer qardaşları kimi bir neçə iri kapitalistin südçülük, habelə atçılıq təsərrüfatları 
istisna  edilərsə,  yerli  südlük  mal-qara,  əsasən,  köhnə  ata-baba  qaydasında 
saxlanaraq, əsl kapitalist-fermer təsərrüfatına çatmaqdan hələ uzaq idi. 
Azərbaycanda muzdlu əməyin müxtəlif formalarından istifadə olunurdu. 
Kapitalist-fermer  təsərrüfatlarında  bir  qayda  olaraq,  daimi  muzdlu  əmək 
tətbiq  edilirdi.  Məsələn,  H.  Z.  Tağıyevin  «Yevlax  mülkü»ndə  ən  çox  işçi  qüvvəsi 
tələb  edən  pambıq  hələ  45-50  desyatin  əkildiyi  ilk  vaxtlar  burada  39  nəfər  daimi 
fəhlə  vardı.  Knyaz  L.  S.  Qolitsının  mülkündə  müntəzəm  olaraq  100  nəfərə  yaxın 
fəhlə, Forer qardaşlarının təsərrüfatlarında 40 qulluqçu və 200 fəhlə işləmişdir və s. 
1913-cü  ildə  daimi  kənd  təsərrüfatı  fəhlələrinin  sayı  təqribən  106  min 
nəfərə  bərabər  idi.  Onların 3/4 hissəsi qolçomaq və varlı kəndli təsərrüfatlarında 
çalışırdı. 
Muzdlu  işçi  qüvvəsinin  böyük kütləsini  mövsümi fəhlələr təşkil edirdi. 
Onlar,  əsasən  yerli  aztorpaqlı,  torpaqsız  kəndlilərdən,  dağ  yerlərindən  müvəqqəti 
gələn  yoxsullardan  və  qonşu  ölkələrdən-Ermənistan,  Gürcüstan,  Dağıstan,   
xüsusən Cənubi Azərbaycandan olan kəsbkarlardan ibarət idi. 

37 
 
Kənd  təsərrüfatında,  xüsusən,  taxıl  biçini,  pambıq  yığımı  və  s.  bu  kimi 
təcili görülməli olan işlər zamanı muzdlu işçi qüvvəsinə tələbat olduqca artır, onun 
ödənilmə  haqqı  yüksəlirdi.  Bu  zaman  təkcə  Cənubi  Azərbaycandan  ildə  250 
mindən artıq mövsümi kəndli gəlirdi ki, onların da çox hissəsindən kənd təsərrüfatı 
işlərində  istifadə  olunurdu.  Hətta  xeyli  şəhərli—daşyonan,  dəllək,  aşpaz  və  digər 
peşə  adamları  da  daha  qazanclı  məhsul  toplanışında  muzdlu  fəhlə  kimi  iştirak 
edirdilər. 
Birinci  dünya  müharibəsi  illərində  cənublu  kəsbkarların  sayı  kəskin 
surətdə azaldı, əksinə, yerli muzdluların sayı xeyli çoxaldı. 
Günəmuzd  fəhlələrin  əməyindən  bütün  sahələrdə,  ələlxüsus,  təsərrüfat 
işlərinin  qızğın  çağında  geniş  surətdə  istifadə  olunurdu.  Məsələn,  1910-cu  ildə 
Forer qardaşlarının təsərrüfatlarında günəmuzd fəhlələr üst-üstə 50 min adam-gün 
işləmişlər. 
Qadın  və  uşaq  əməyindən  istifadə  xeyli  artmışdı.  Pambıq  və  üzümün 
yığılmasında,  tütün  və  baramanın  becərilməsində,  əsasən,  onların  qüvvəsindən 
istifadə olunurdu. 
Kənddə  kapitalist  münasibətlərinin  inkişafında  möhtəkirlər  və  sələmçilər 
mühüm rol oynayırdılar. 
Çox zaman vergiləri verməyə, təsərrüfat üçün zəruri şeyləri almağa, hətta 
ailəsini  dolandırmağa  imkanı  olmayan  yoxsul  kəndlilər  gedib  tacir-sələmçidən 
faizlə  borc  pul  alırdılar.  Təsərrüfat  işlərinin  qızğın  çağında  çox  zaman  nəinki 
kəndlilər, bəzən mülkədarlar da sələmçidən borc almadan keçinə bilmirdilər. 
Borcun  müddətindən  asılı  olaraq  onun  faizinin  miqdarı  müxtəlif  olurdu: 
20—30, hətta 50 faiz. Borc vaxtında qaytarılmadıqda, faizin miqdarı artırılırdı. 
Möhtəkirlər  məhsul  toplanışının  qızğın  çağında  çox  vaxt  kəndbəkənd 
gəzərək,  təzə  məhsulu  bir  yerdən  ucuz  qiymətə  alıb,  sonradan  onu  kəndlilərin 
özlərinə və ya şəhər bazarlarında baha qiymətə satırdılar. Onlar faizlə borc pul da 
verirdilər. 
Beləliklə,  ticarət  kapitalının  nümayəndəsi  olan  möhtəkir  eyni  zamanda 
çevrilib  sələmçi  olurdu.  Azərbaycan  kəndində  möhtəkirlə  sələmçi,  əslində,  eyni 
adam  idi.  Möhtəkir-sələmçilər,  əsasən,  kənd  dükançıları,  qolçomaqlar,  tacirlər, 
həmçinin iri fabrik və zavodların, şirkətlərin müvəkkilləri sırasından çıxırdılar. 
Ölkənin  bazarlarına  yaxşı  bələd  olan  möhtəkir-sələmçilər  verdikləri 
borcun  ödənilməsini  gələcək  məhsulun  yalnız  onlara,  özü  də  lap  xırman  üstündə 
satılması  ilə  şərtləndirirdilər.  (Çünki  onlar  təzə  məhsulu  iri  ticarət  məntəqələrinə 
başqalarından daha tez çatdırmaq istəyirdilər). 
Böyük  Azərbaycan  maarifçisi  H.  B.  Zərdabi  möhtəkirləri  istehsalçılarla 
istehlakçılar  arasında  sədd  və  onların  hər  ikisinin  qanını  soran  zəli  adlandıraraq 
göstərirdi:  elə  ki,  kənd  təsərrüfatı  məhsullarının  yığımı  başlandı,  möhtəkirlər 
çalağan kimi kəndlilərin başının üstünü kəsdirib «məzənnələr» qoyur və məhsulları 
almağa  başlayırlar;  qabaqcadan  müqavilə  bağlayan  və  dəbbə  pulu  verəcəyini 

38 
 
öhdəsinə  götürən  borclular  özlərinin  məhsullarını  «məzənnə»  üzrə  onlara  təhvil 
verirlər. 
XX  əsrin  əvvəllərində  ticarət-sələmçi  kapitalı  kənd  istehsalçılarının 
çoxunu  qəbaləli  hala  salmışdı.  Hələ  1904-cü  ildə  Qarabağda  kənd  əhalisinin  2/3 
hissəsi  möhtəkir-sələmçilərə  borclu  idi.  Pambıqçılıqla  məşğul  olan  kəndlilərin  90 
faizi sələmçilərə borclu olduqları üçün öz məhsullarını ucuz qiymətlə yalnız onlara 
satmağı əvvəlcədən öhdələrinə götürmüşdülər və s. 
Aldığı  borcu  və  onun  faizini  heç  cürə  ödəyə  bilməyən  yoxsul  kəndlilər 
çox  vaxt  özlərinin  bağını,  əmlakını,  hətta  torpağını  möhtəkirə  verməyə  məcbur 
olurdular.  Məsələn,  Şuşa  qəzasında  bir  kəndli  aldığı  30  manat  borcu  üç  il 
müddətində  ödəyə  bilmədiyinə  görə  borc  faizi 150 manata  çatır, nəticədə,  kəndli 
200 manat dəyərində olan öz bağından əl çəkməli olur. 
Hətta,  çar  nazirlərindən  biri  etiraf  etmişdir  ki,  Qafqazda  torpaqların 
qolçomaqların və sələmçilərin əlində cəmləşməsi prosesi gedir. 
Satış  bazarının  durmadan  genişlənməsi  möhtəkir-sələmçini,  yəni  kənd 
bankirini  təsərrüfat  fəaliyyətinə  daha  çox  yaxınlaşdırırdı.  Onların  bir  çoxu  borc 
müqabilində  ələ  keçirdiyi  torpaqlarda  muzdlu  əməkdən  istifadə  edilən  geniş 
təsərrüfatlar yaradırdılar. 
Ticarət-sələmçi  kapitalın  kəndin  iqtisadi  həyatına  güclü  təsir  göstərməsi 
nəticəsində,  burada  təsərrüfat  qapalılığı  daha  da  pozuldu,  əmtəə  istehsalı  sürətlə 
artdı, beləliklə, kapitalizmin aqrar sahəyə girməsi xeyli asanlaşdı. 
Kənd təsərrüfatına iri bank kapitalının axını daim artırdı. Bu, ilk növbədə, 
ticarət-torpaq  banklarının  krediti  yolu  ilə  həyata  keçirilirdi.  1914-cü  ilin  yanvarı 
üçün torpaq banklarına Bakı və Yelizavetpol quberniyalarından 123 torpaq mülkü 
girov  qoyularaq,  onların  sahibləri  tərəfindən  5  milyon  manat  məbləğində 
uzunmüddətli borc alınmışdı. 
Qəzalarda iri bankların şöbələri və qarşılıqlı kredit cəmiyyətləri tərəfindən 
kəndlilərə faizlə borc pul verilirdi. 
1909-cu ildən daha operativ fəaliyyət göstərən çoxlu kiçik kredit idarələri 
yaradılmağa başladı. Artıq 1914-cü ildə bu cür idarələrin sayı 120-yə çatırdı. 
Kəndlilərin təbəqələşməsinin  güclənməsi  və əmtəə  istehsalının  durmadan 
artması  kapitalizmin  kəndə  soxulması  prosesini  sürətləndirdiyi  kimi,  kənddə 
kapitalist istehsal münasibətlərinin inkişafı da, öz növbəsində, əmtəə bazarının qat-
qat böyüməsinə səbəb oldu. 
Azərbaycan xırda əmtəə istehsalçıları ölkəsi idi. 
1917-ci  ildə  Azərbaycan  kəndində  təsərrüfatların  ümumi  sayı  342  minə 
çatırdı.  Onun  54,4  faizi  (186,8  min  təsərrüfat)  torpaqsız  və  əkin  sahəsi  bir 
desyatindən  az  olan  yoxsul  kəndli  təsərrüfatlarından  ibarət  idi.  Əkin  sahəsi  dörd 
desyatinə  qədər  olan  ortabab  kəndli  təsərrüfatları  34  faiz  (116,3  min  təsərrüfat) 
təşkil  edirdi.  Yoxsul  və  ortabab  kəndli  təsərrüfatlarında  xırda  istehsalçılar 

39 
 
tərəfindən  bütün  kənd  təsərrüfatı  məhsulunun  əsas  hissəsi,  əmtəənin  isə  yarıdan 
çoxu istehsal olunurdu. 
Kənd  təsərrüfatının  bütün  sahələrində  muzdlu  əməkdən  az-çox  istifadə 
olunması, kapitalist istehsal münasibətlərinin bir sıra sahələrdə hətta üstün mövqe 
tutması  Azərbaycanın  xırda  kəndli  təsərrüfatı  ölkəsi  kimi  simasını  əsla 
dəyişdirmirdi.  On  minlərlə  təsərrüfat  kapitalist  əsaslarında  qurulub,  xeyli  əmtəə 
istehsal  etsə  də,  yüz  minlərlə  xırda  kəndli  təsərrüfatı  yenə  də  kənd  təsərrüfatı 
hasilatında həlledici rol oynayırdı. Kənd təsərrüfatında ümumi gəlirin 3/4 hissəsini 
verən  taxılçılıq  və  maldarlıq  kimi  başlıca  sahələr  kapitalizməqədərki  istehsal 
münasibətlərinə əsaslanırdı. 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin