AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2.61 Mb.
Pdf просмотр
səhifə5/35
tarix23.12.2016
ölçüsü2.61 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   35

2.Sənətkarlıq alətləri  
Azərbaycan xalqı özünün çoxəsrlik tarixi ərzində  zəngin sənət irsi yaratmışdır. Ayrı-ayrı 
sənət sahələrində istehsal prosesinin tələbindən asılı olaraq, tarixən müxtəlif növ əmək alətləri 
yaranmışdır. Çox vaxt universal səciyyə daşıyan bu alətlərin bir qismi ev peşəsi və  sənət 
istehsalının müxtəlif sahələrində müştərək işlənmişdir. Bununla belə, xüsusi peşə yönümlü əmək 
alətləri də az deyildi. 
Daşişləmə sənətində sal daşın çıxarılması və daşınması prosesində külüng, ling, bel, kürək, 
para (paz), yanpara (nalçaq), qalaqburun, gürz, gırdın  və s. kimi əmək alət və vasitələrindən 
istifadə edilmişdir. 
 Daşyonma prosesində adətən, daş baltası, dişək (təvər-dişək), düsəri, dəzgə, künyə, gireh 
və s. işlənirdi. Bəzək daşının cilalanıb hazırlanmasında iri və narın dişli  törpü, yastı, üçgül, 
dördgül, yuvarlaq formalı («bülül») yeyə, ülgü, künyə, pərgar və s. istifadə olunurdu.
13
 
Ağacişləmə sənətində müxtəlif növ kəsici, deşici, yonucuoyucu, kərtləyici alətlər başlıca 
yer tutmuşdur. Ağacın kəsilib doğranması prosesində xüsusi meşə baltası, nacaq  və  batman 
balta  işlənirdi. Tay və qoşa üzlü baltalardan fərqli olaraq nacaq kiçik tiyəli və yüngül olurdu. 
Polad tiyəli dəmir baltalar antik dövrdən etibarən dəb düşməklə, tipologi baxımdan tunc təbərzini 
xatırladırdı. Bunlardan əlavə, ağac həm də kərki vasitəsilə yonulurdu. Ağacişləmə sənətində «əl 
kərkisi» və «ayaq kərkisi» olmaqla, ölçü etibarilə bir-birindən fərqlənən iki cür kərki işlənirdi. 
Ağac materiallarının yonulmasında tətbiq olunan əmək alətlərinin  ən mürəkkəb növü 
«xarrat dəzgahı» adlanan mexaniki yonma çarxı olmuşdur. Ağacişləmə  sənətində yeganə 
mexaniki  əmək aləti sayılan xarrat çarxının  əl və su düvvəsi ilə  hərəkət etdirilən iki növü 

 
29
zəmanəmizədək gəlib çatmışdır. 
Ağac məmulatının yonulub hamarlanmasında dartı  və rəndə, mexaniki yonma işində  lisə 
və əydi, oyuq açmaq üçün burğu (burov), lobur, matqab və müxtəlif formalı isgənə nö-vündən 
istifadə edilmişdir. 
Ağac ustaları, xüsusilə, xarratlar hazırladıqları  məmulatları formaya salmaq və onlara 
bəzək vermək üçün lisə, əydi, tişəxətkeş və s. əmək alətindən istifadə edirdilər. 
Saxsı  məmulatı istehsalında tətbiq edilən  əmək alətləri arasında başlıca yeri dulus çarxı 
tutmuşdur. Onun «əl» və «ayaq» çarxı olmaqla, iki növünə təsadüf edilir.  
Yuvarlaq  şəkildə olan əl çarxının üst səthi hamar, alt üzü isə qabarın formada olmaqla 
çıxıntılı düzəldilirdi.  Əl çarxının itmil formalı  mərkəz çıxıntısı onu fırlatmaq üçün ox rolunu 
oynamışdır. 
Azərbaycanın dulusçuluq sənəti mərkəzlərində ayaq çarxının yastı  və konusvarı olmaqla, 
iki forması geniş yayılmışdır. 
Dulus ustaları  iş prosesində  ağacdan düzəldilmiş müxtəlif formalı «dulus bıçağı»ndan 
istifadə etmişlər. Hündür ölçülü qabların dibini hamarlamaq üçün tranc, dar boğazlı qabların 
boğazını formalaşdırmaq üçün qarğı çilik məmulatını hamarlanma və bəzək tərtibatında satıl, iy, 
lələk, qaraqulaq tikanı və b. əmək alətləri işlənirdi.
14
 
Metalişləmə  sənəti sahələrində  əmək alətlərinin daha geniş tipoloji növləri yaranmış  və 
böyük bir qismi zəmanəmizə qədər gəlib çatmışdır. 
Mis məmulatının hazırlanmasında tətbiq olunan istehsal proseslərinin (misin əridilib «qırs» 
halına salınması, istidöymə yolu ilə onların yastılanması, çarxlama, naxışlama, qalaylama və s.) 
tələbinə müvafiq olaraq, misgər dükanlarında müxtəlif növ tutucu,  kəsici, tapdayıcı, sıxıcı, 
hamarlayıcı alətlərdən istifadə olunmuşdur. 
Misəritmə prosesində qoşa və tay körük, kürə, müxtəlif ölçülü gil qəlib, ərintini qəliblərə 
tökmək üçün böyük və bala çömçə, ərintidə kənar qatışığı təmizləmək üçün uzun dəstəkli ödrənc 
və s. istifadə olunurdu.
15
 Misgərlik sənətində ən ümdə proseslərdən biri əridilmiş mis qırsların 
«tapun» adlanan uzun dimdikli tov çəkisi vasitəsilə kollektiv surətdə tapdanıb yastı təbəqə halına 
salmaqdan ibarət idi. Qırsın tapdayıb yastılanması prosesi və  kəsilib pəstaha halına salınması 
«qiblə» zindan üzərində, müxtəlif növ çəkic, kəlbətin, qayçı (gaz) vasitəsilə icra edilirdi. Pəstaha 
soyuduqca onu tov kürəsində qızdırıb təkrar döyürdülər. 
Mis məmulatının ayrı-ayrı hissələri müxtəlif növ zindan («qiblə» zindan, «qulaqlı» zindan) 
üzərində döyülüb müvafiq formaya salınandan sonra «calğa» adlanan həmin hissələrin kənarı 
gaz vasitəsilə doğranıb dilimlənirdi. Calğaların «dəndə» adlanan qıraq dilimləri  «yastıdodaq» 
kəlbətin vasitəsilə «içəri-geri» olmaqla əyilib qatlanırdı. Bundan sonra calğa dəndələri bir-birinə 
keçirilərək ağız-ağıza birləşdirilir və zindan üzərində tapun ilə tapdanıb aşağı yatızdırılırdı. Bu 
əməliyyat başa çatandan sonra calğaların calaqları lehinlənib bir-birinə birləşdirilirdi. 
Mis məmulatının bir qismi hazır olandan sonra çarxa  verilib hamarlanır və onların 
səthindən çəkic izləri itirilirdi. Ona görə  də  ənənəvi mis məmulatları istehsal texnologiyası 
baxımından «çarxı» və «qaratapdaq» olmaqla iki qismə bölünürdü. Bütün bunlardan əlavə, mis 
qabların bir qismi «həkkak» və ya «yazıçı» adlanan nəqqaş  tərəfindən polad qələm    həkkak 
çəkici  vasitəsilə naxışlanıb bəzədilirdi. Üzərində  əlavə  əməliyyat aparıldığı üçün naxışlanmış 
qablar «izafə», naxışsız qablar isə «xara» adlanırdı. 
Dəmir məmulatının hazırlanmasında müxtəlif çeşidli istehsal ləvazimatı və alətlər: körüklü 
kürə (qoşa və tay körük), zindan («qiblə zindan», «yumru zindan», «qulaqlı zindan», «nalbənd 
zindanı»),  məngənə,  tutqac (qədgir), müxtəlif formalı  kəlbətin (yastıdodaq kəlbətin, sac 
kəlbətini, novlu kəlbətin, nal-mıx kəlbətini),  çəkic (gürz, tayəlli, naldöyən, mıxkəsən, nalbənd 
çəkici),  sünbə, qəlib, qələm, qayçı (taydəstə, qoşadəstə, ayaq qayçısı), yeyə (balıqbeli, bülül, 
yastı, üçgül, dördgül), törpü (iri, miyanə, narın dişli), çarx (xart), girə, qıra və s. işlənirdi.
16
 
Ənənəvi metalişləmə  sənətində istifadə olunmuş  əmək alətləri tipoloji zənginliyə malik 
olmaqla yanaşı, həm də onların xeyli qismi tətbiq sahələri üzrə spesifik səciyyə daşımışdır. 
Nalbənd, təkərçi  və yaxud zərgərlərin işlətdikləri  əmək alətləri bir-birindən xeyli dərəcədə 
fərqlənirdi. 
Ənənəvi zərgərlik sənətində zərgər kürəsi, körük, məngənə, zindan, çəkic, kəlbətin, həddə, 

 
30
simkeş, zərrədin, zərrəbin, qələm, biz, sümbə, bıçaq, matqab, buta, hövnə, yeyə, maqqaş, məhək 
daşı və s. kimi müxtəlif növ əmək alətlərindən istifadə edilmişdir. 
Gön-dəri məmulatının hazırlanması başqa sözlə, dabbaqlıq sənətində istifadə olunan əmək 
alətlərinə  sıyırğac,  şüfrə, bıçaq (gorda), tişə, qaşov, qırov, vərəçü, doğanaq, xərcü, xortaçü, 
sığalçü, oxlov, qulaba, çapasəng və s. daxil idi.  
Bunlardan  əlavə,  papaqçılıq, kürkçülük, başmaqçılıq, çəkməçilik, çarıqçılıq, pinəçilik, 
sərraclıq, qaltaqçılıq, palanduzluq, həllaclıq və b. sənət sahələri bir sıra spesifik əmək alətləri ilə 
bağlı olmuşdur. Məsələn, başmaqçı dükanlarında əndazə (ülgü), qəlib, çərməki, mixət, xul, kərki, 
pədaval, biz, iynə, gazan, tüktəpən  və s. vasitəsilə icra olunan əməliyyatların çoxu «dəzgə» 
adlanan alçaq miz üzərində görülürdü. Yaxud sərraclıq sənətində  cəldə, pərgar, sünbə,  şaxək, 
iynə, biz başlıca yer tuturdu. 
Toxuculuq, boyaqçılıq, hörmə, tikmə kimi sənət sahələri bir sıra dəzgahlara, əmək aləti və 
istehsal ləvazimatına malik idi. 
Toxucu dəzgahlarının sabit və mütəhərrik, üfiqi  şaquli olmaqla, müxtəlif tipoloji növləri 
yaranmışdır. 
3.Musiqi  alətləri 
Azərbaycan xalqı özünə məxsus zəngin musiqi mədəniyyəti və musiqi alətləri yaratmışdır. 
Hazırda Azərbaycan nəinki təkcə Şərq aləmində, hətta bütün dünyada gündən-günə çiçəklənən 
və inkişaf edən zəngin musiqi mədəniyyətinə malik bir ölkə kimi tanınmaqdadır.
17
 
Həyati gerçəkliyi xoş, oynaq və  həzin təranələrlə  əks etdirən musiqi sənəti insanların 
mənəvi aləmini zənginləşdirən, onların qəlbində emosional duyğular oyadan qüdrətli sosial amil 
olmaq etibarilə xalqımızın məişətində  əsrlər boyu mədəni-tərbiyəvi və  səfərbəredici rol 
oynamışdır. 
Tarix boyu xalq həyatını müşayiət edən, onun özünün fəal iştirakı ilə yaradılmış həmin ritm 
və təranələri səsləndirib ifa etmək üçün bir sıra müsiqi alətləri də yaradılmışdır. Zaman keçdikcə 
təkmilləşib müasir kamil görkəmə düşmüş  həmin alətlər səsləndirmə üsul və vasitələrinə görə 
simli, nəfəsli (üfürülmə) və zərb  musiqi alətləri olmaqla üç əsas qrupa ayrılır. 
 Simli musiqi alətləri.  Ənənəvi simli musiqi alətlərini  qopuz, saz, tar, kamança, tənbur, 
ud, rübab, çəng və s. ilə təmsil etmişdir. Bununla yanaşı, vaxtilə Azərbaycanda «setar» adlanan 
üçsimli musiqi alətindən də istifadə olunmuşdur. Musiqişünaslar onu tənburun bir növü və sazın 
ulu əcdadı hesab edirlər.
18
  
Simli musiqi alətləri səsləndirmə vasitəsinə görə  yaylı  (kamanəli), barmaq və ya mizrab 
(təzanə) ilə çalınan «dartma» alətlərə bölünür. 
Bunlardan  əlavə, Azərbaycanda yayılmış simli musiqi alətləri sırasında zahiri görkəmi 
etibarilə qanonu xatırladan, həm simli, həm də zərb aləti kimi istifadə olunan santura da təsadüf 
edilir. Santur bir cüt kiçik çubuğun ucunu simlərə toxundurmaqla çalınırmış. Nizami Gəncəvinin 
əsərlərində dönə-dönə  vəsf edilən çoxsimli qanon kimi, santur da sonralar dəbdən düşüb işlək 
əhəmiyyətini itirmişdir. 
Simli musiqi alətlərinin  ən qədim tipoloji növü qopuz  və  tənbur olmuşdur. Xalq çalğı 
alətlərinin bu arxaik növlərinin hər ikisi ilk vaxtlar üçtelli, yəni üçsimli olmuşdur. Sonralar 
zaman keçdikcə xalq içərisindən çıxmış peşəkar çalğıçılar onları təkmilləşdirərək simlərin sayını 
artırmış    və beləliklə  də, çoxsaylı  səs rezonansı  əldə etmək mümkün olmuşdur. Simlərin 
artırılması öz növbəsində onların çanağının, qolunun və sim bağlanan aşıqlığının təkmilləşib 
dəyişməsinə gətirib çıxarmışdır. Bütün bu təkmilləşmələr nəticə etibarilə simli musiqi alətlərinin 
saz, tar, udkamança və s. kimi zəngin tipoloji növlərinin yaranması ilə nəticələnmişdir. 
Saz.  Azərbaycan xalq çalğı alətlərinin  ən məlahətli melodik səs tembrinə malik növü 
olmaq etibarilə öz başlanğıcını qopuzdan alan saz çox böyük təkamül yolu keçmişdir. Saz 
havacatının (zil, bəm, dəm) zənginləşməsi ilə  əlaqədar olaraq sazın simlərinin və  pərdələrinin 
sayı artmışdır. Bu səbəbdən də onun «çanaq» adlanan gövdəsi böyümüş, qolu uzanmışdır. 
Bir qayda olaraq, sazı peşəkar sazbəndlər bağlamışlar. Hər eldə, obada peşəkar sazbəndlər 
çalışırdı. Saz «çanaq», «boğaz», «qol» və «aşıx» adlanan qulaqcıqlar olmaqla, quruluş etibarilə 
dörd hissədən ibarət yonulub hazırlanmışdır. Ölçüsündən asılı olaraq ona 5-6 ədəddən 10-15 
ədədə  qədər «tel» adlanan sim qoşulur. Simləri bağlamaq üçün, saz çanağının arxasına 

 
31
buynuzdan düzəldilmiş ürək formalı  xırda  «nal», onun qolunun  baş hissəsinə isə  «aşık»lar 
keçirilir. Simləri nizama düzüb sazın üst səthindən bir qədər aralı saxlamaq üçün çanağın arxa 
tərəfinə  və qolun «aşıxlığ»ına  xərək  bərkidilir. Mal buynuzu və ya xırda taxta parçasından 
kərtlənib düzəldilən xərək simlərin səslənən hissəsinin uzunluğunu məhdudlaşdırmaqla yanaşı, 
onların səs ehtizazını çanağa ötürür və beləliklə  də, səsi gücləndirməyə xidmət edir. Bütün 
bunlardan  əlavə, müxtəlif tembrdə  səs rezonansı yarada bilmək üçün sazın qoluna qoç 
bağırsağından düzəldilmiş 10-14 ədəd «pərdə» bağlanır. Sazın bəm və ya zil çalınmasından asılı 
olaraq, onlar baş pərdə, orta pərdə, şah pərdə, yastı pərdə, ayaq pərdə  beçə pərdə olmaqla 
bir-birindən fərqləndirilir.  
Sazın çanağı, adətən, damarları çox sıx olan, elə bu səbəbdən də yüksək səs rezonansı 
yarada bilən tut ağacından yonulub hazırlanır. Sazın çanağı 3-4 mm qalınlığında  əymə 
«qabırğa»lardan quraşdırılıb bağlanır. Bunun üçün əvvəlcə yaş tut ağacından arxa tərəfi enli, 
qabağa doğru tədricən nazilib trapez forması  kəsb edən qabırğalar yonulub hazırlanır, son-ra 
onlar «əymə» adlanan metal qəliblər vasitəsilə  əyilib müvafiq görkəmə salınır. Qabırğaların 
elastikliyini artırmaq üçün əvvəlcə onlar qaynar suda «bişirilib» kövrəkliyi azaldılır. Daha sonra 
onların hər birini azca əyib müvafiq qəlibə bağlayır və bir neçə gün belə vəziyyətdə saxlayırlar.  
Sonra sarğını açıb əymə bucağını bir qədər də daraldır və qabırğanı qəlibə yenidən sarıyırlar. Bu 
əməliyyatı bir neçə dəfə təkrar etməklə çanağı əmələ gətirəcək qabırğaların hər biri əyilib lazımi 
həddə çatdırılır və kölgə yerdə qurudulur. 
Növbəti mərhələdə qabırğa əymələri sumbata kağızı ilə sürtülüb hamarlanır və ağız-ağıza 
düzülür. Bir qayda olaraq, əymələrin ensiz qabaq başı sazın qövsvari formalı «boğaz»ına, enli 
arxa hissəsi isə çanağın «daban taxtası»na ağac çüy vasitəsilə bərkidilir. Bundan əlavə, çanağın 
2-3 yerindən qabırğa əymələri məftil «badaq»lar vasitəsilə bir-birinə tikilir. 
Sazın qolu qoz ağacından yonulub müvafiq formaya salınandan sonra  onun «aşıxlıq» 
adlanan kəlləsində matqab vasitəsilə müvafiq sayda deşiklər açılır və həmin deşiklərə taxtadan 
düzəldilmiş «aşıx» (qulaq) keçirilir. Qolun arxa ucu azca kərtlənib yonulandan sonra ağac 
yapışqanı vasitəsilə çanağın «boğaz»ına yapışdırılır. 
Saz çanağının üstü nazik (2-3 mm) taxta lövhə ilə qapanır. Sazın üzlüyü ağac yapışqanı ilə 
çanağın üst kənarlarına yapışdırılır. 
Ölçüsündən asılı olaraq «tavar», «orta» və «cürə» olmaqla, sazın müxtəlif növünə təsadüf 
edilir. 
Saz gilənar ağacının qabığından düzəldilmiş elastik təzanə vasitəsilə çalınır.  
Simli alətlərin digər tipoloji növləri də quruluş və çalğı prinsipi etibarilə sazı, yaxud onun 
əcdadı sayılan tənburu xatırladırdı. Bunların arasında başlıca fərq çalğı alətinin çanağının və 
aşıxlığının forma və quruluşunda, simlərin sayında, qismən də çalma üsul və vasitələrində nəzərə 
çarpır. Məhz bu səbəbdən də xalq çalğı alətlərinin ifaçıları çox vaxt «sazəndə» adlanır. 
Tar – müsəlman ölkələrində geniş yayılmış simli müsiqi aləti olsa da, Azərbaycan tarı 
təkmillik səciyyəsinə görə onların hamısından seçilir. 
Sazdan fərqli olaraq, tarın çanağı bütöv kötükdən, həm də iki gözdən ibarət yonulub 
hazırlanmaqdan  əlavə, onun çanağının üzü taxta lövhə vasitəsilə deyil, kamançasayağı balıq 
dərisi və ya mal ciyərinin pərdəsi ilə örtülür. 
Tarın qolunu çanağa düzgün oturtmaq üçün bala çanağın içərisinə xüsusi dayaq taxtası 
bərkidilir. 
Tar qolunun aşıxlığı da formasına görə sazdan və digər simli alətlərdən fərqlənir. Onun 
aşıxlığı düzbucaqlı qutunu xatırladır. 
Üzərinə müxtəlif səs rezonansına malik simlər düzülmüş tar mal buynuzundan yonulmuş 
mizrab vasitəsilə səsləndirilib ehtizaza gətirilir.  
Simli alətlərin ikinci qrupuna «kəmanə» adlanan yay vasitəsilə, sürtmə yolu ilə çalınan 
alətlər (kamança, tənbur, rübab) daxildir. 
 Kamança – simli musiqi alətləri içərisində çanağının kürəvi formada olmasına, qolunun 
pərdəsiz qalmasına və nazik çubuğa bağlanmış bir çəngə at saçağından hazırlanmış  kamanə 
vasitəsilə çalınma üsuluna görə seçilir. Kamança çalınma tərzinə görə  də  fərqlənir. Sinədə 
çalınan saz və tardan fərqli olaraq o, sol qıçın üzərində, «şiş» adlanan ucu düyürcəkli xüsusi 

 
32
metal mil vasitəsilə dik tutulur və kamanənin köməyi ilə  səsləndirilir. Son dərəcə  təsirli səs 
tembrinə malik olan kamança lirik musiqi növlərinin ifasında xüsusilə gözəl təsir bağışlayır.
19
 
Tənbur  – üçsimli qədim musiqi aləti olub zahiri görünüşü etibarilə sazı xatırladır. 
Tənburun çanağı saza nisbətən xeyli kiçik, qolu isə ondan uzun olmuşdur. Tənburun simləri sağ 
əlin şəhadət barmağına taxılmış «naxunək» adlanan polad halqanın qarmağı ilə dartılıb ehtizaza 
gətirilməklə səsləndirilmişdir.
20
   
Rübab - Simli musiqi alətlərinin qədim növlərindən olan rübab vaxtilə Yaxın  Şərq 
xalqlarının musiqi məişətində geniş yayılmışdır. Orta əsrlərdə Azərbaycanın kübar məclislərində 
də rübab çox sevilən musiqi alətlərindən olmuş və klassik şairlərimiz tərəfindən dönə-dönə vəsf 
edilmişdir. 
Müsəlman ölkələrində geniş intişar tapmış rübab ilk vaxtlar 3 simlə çalınmışdır. Zaman 
keçdikcə rübabın səs rezonansını artırmaq üçün ona bir neçə əlavə sim də qoşulmuşdur. Müasir 
rübablar mal buynuzundan qayrılmış mizrabla səsləndirilir.
21
  
Ud  – mizrabla çalınan 5-6 simli musiqi aləti olub orta əsrlərdə Yaxın  Şərq ölkələrində 
geniş yayılmışdır. Çanağının və  kəlləsinin formasına görə digər simli musiqi alətlərindən 
fərqlənən ud, əsasən, elitar kübar məclisləri üçün səciyyəvi çalğı aləti sayılır. Mütəxəssislərin 
fikrincə, çox qədim tarixə malik olan ud əvvəllər dördsimli olmuş, müasir ud isə altısimli musiqi 
alətidir.
22
  
Bunlardan əlavə, vaxtilə Azərbaycanda bir sıra simli musiqi alətləri də mövcud olmuşdur 
ki, onlar məhdud miqyasda yayılmaqla, sonralar tədricən aradan çıxmışdır. Belə alətlərin 
sırasında çoxsimli qanon (72 sim) və santur mühüm yer tutmuşdur.  
Görkəmli Azərbaycan şairləri Nizami və Füzuli tərəfindən məhəbbətlə vəsf edilən bu çalğı 
alətləri ilə yanaşı, keçmişdə hakim zümrələr arasında cəng də dəbdə olmuşdur.  Cəngin ilk vətəni 
Misir hesab olunur. Sonralar o, buradan İran və digər Şərq ölkələrinə yayılmışdır.
23
 
Orta  əsrlərdə qanon və santur kimi, cəngi də dinləməyi, onun məlahətli səsindən xoşhal 
olub məstanə şerlər söyləməyi şairlər də çox sevərdilər. Bu cəhətdən Nizami Gəncəvinin cəngin 
vəsfinə həsr olunmuş aşağıdakı şeiri olduqca səciyyəvidir: 
Çaldıqca badamgöz dilbər nəğməkar, 
Simlərin üstünə tökülər saçlar. 
Nazla dilləndikcə o ipək simlər 
Sökülüb tökülə ipək geyimlər. 
Sən qəzəl deyəsən gələrək dilə, 
O da cavab verə çəngin səsi ilə.
24
 
 
Çəngin səsindən cuşa gəlib qəzəl söyləyən  şairin bu beytlərindən bəlli olur ki, əvvəla, 
keçmişdə  çəngi,  əsasən, dilbər nəğməkar, yəni müğənni qadınlar özləri çalardılar; ikincisi, 
çəngin telləri XII əsrdə hələ də ipəkdən çəkilirmiş; üçüncüsü, çəng müstəqil çalınan musiqi aləti 
olmaq etibarilə oxunan, yaxud bədahətən söylənilən qəzəli melodik halda müşayiət edərmiş. 
Qövsvari formalı  əyri qola və ona birləşdirilmiş düz dayağa malik olan çəngə müxtəlif 
uzunluqda ipək tel və ya simlər bağlanarmış. XV əsrdə yaşamış görkəmli musiqişünas 
Əbdülqədir Maraği «Həft-cam» əsərində çəngə 24 ədəd sim qoşulduğunu söyləyir.
25
 
Çəng musiqi məclislərində öz mövqeyini XVII əsrdə  hələ  də itirməmişdir. Musiqi 
alətlərinin tarixi ilə  məşğul olan mütəxəssislərin fikrincə, son orta əsrlərdə  çəngin üçbucaq 
formalı 6 simli və düzbucaqlı qutuya bənzəyən çoxsimli növləri mövcud olmuşdur.
26
 Sonralar 
çəng tədricən musiqi məclislərində öz mövqeyini itirib aradan çıxmışdır. 
Bərbət – saza bənzər simli musiqi alətlərindən olub qədim tarixə malikdir. Ərəb mənşəli 
adından bəlli olur ki, Azərbaycanda o, İslam dininin yayılması ilə əlaqədar olaraq, erkən orta əsrlərdə 
peyda olmuşdur. Nizami və Xaqani əsərlərində adının çəkilməsi bir daha göstərir ki, XII əsrdə bərbət 
hələ  də musiqi məclislərində  dəbdə olan simli çalğı alətlərindən biri idi. Son-ralar klassik şairlər 
tərəfindən adının çəkilməməsi onun istifadədən çıxdığını göstərir. 
Ənənəvi musiqi alətlərinin, o cümlədən simli çalğı alətlərinin tipoloji növlərinin xeyli 
qismi  ərəb mənşəli istilahlarla adlanmaqla, ümumi müsəlman mədəniyyəti ilə üzvi surətdə 
bağlıdır. Məlum olduğu kimi, müsəlman mədəniyyətinin təşəkkülündə  və sonrakı inkişafında 

 
33
Azərbaycan xalqı yaxından, fəal iştirak etmişdir. Bu yaxınlıq və doğmalıq müsəlman möhürü 
daşıyan ümumi musiqi mədəniyyətinə xas olan çalğı alətlərinin oxşarlığında aydın izlənilir.  
Bir sıra simli musiqi alətlərinin təkmilləşməsində  və onların yeni tipoloji növlərinin 
yaranmasında Azərbaycanın görkəmli musiqi xadimlərinin də sanballı  əməyi olmuşdur. Bu 
cəhətdən Azərbaycan musiqişünaslarından Səfiəddin Urməvinin,  Əbdülqədir Marağinin, 
Sadıqcan adı ilə məşhur olan görkəmli tarzən Mirzə Sadığın xüsusilə böyük xidmətləri olmuşdur. 
Məsələn, böyük Azərbaycan musiqişünası Səfiəddin Urməvi (1230-1294) «muğni» və «nüzhə» 
adlı çoxsimli musiqi alətlərini icad etmişdir.
27
 Zahiri görünüşcə çəngə bənzəyən muğni 81 simə 
malik olmuşdur.
28
      
Nəfəsli musiqi alətləri tipoloji zənginliyə malik olubsümsü, tütək, zurna (züy), ney, nay, 
kərənay, balaban (bülban),  tulum,  ərgənun, seypur, nəfir,  şahnəfir, mizmar, musiqar və s. ilə 
təmsil edilmişdir.  
Bunların arasında materialının bəsit (qarğı) olmasına və asan əldə edilməsinə görə sümsü, 
tütək və ney daha kütləvi səciyyə daşımışdır. Bu alətləri icad edənlər də, onları səsləndirənlər də 
sadə əmək adamları olmuşlar. Elə bu səbəbdən də el arasında tütəyə çox vaxt «çoban tütəyi» də 
deyilir.  
Tütək – Sümsü kimi, tütək də qarğıdan düzəldilmişdir. Sümsüdən azca böyük olan 
(uzunluğu 30-35 sm) tütəyin üfürülən ucuna ağacdan yonulmuş nazik «dilçək» keçirilir və bunun 
sayəsində hava axınının fasiləsizliyi və qənaətlə sərf olunması təmin edilir.  
Tütəyin üzərində 7, altında 1 deşik açılır və bunları barmaqla qapayıb açmaqla, ondan 
çıxan səsin ucalığı, ahəstəliyi və məlahəti tənzimlənir. Hazırda tütək təkcə qarğıdan deyil, ağac 
və misdən də düzəldilir. 
Balaban - çox qədim zamanlardan Azərbaycanda geniş yayılmışdır. Fərdi üfləmə musiqi 
aləti olmaq etibarilə o, həm sazəndə dəstəsinin tərkibində müşayiətçi (dəmkeş), həm də müstəqil 
çalğı aləti kimi istifadə olunmaqdadır.  
Əsasən, toy-düyün və digər el şənliklərində istifadə olunan balaban tut və ya ərik ağacından 
tütəksayağı lülə formasında düzəldilməklə, üzərində 8, altında bir ədəd deşik açılır. Üfürülmüş 
hava axınını  tənzimləmək üçün onun başına qarğı qabığından yonulub düzəldilmiş  müştük 
taxılır. Müştüyün dilçəkləri yastı hala salındığından el arasında ona «yastı balaban» da deyilir. 
Musiqi avazının kökünü dəyişdirmək üçün müştüyün ortasına mütəhərrik  xərək keçirilir. Orta 
əsrlərdə balaban Yaxın Şərq ölkələrində «bülban» adı ilə geniş yayılmışdır.
29
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə