ABĠd tahġRLĠ



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

         
 
 
 
 
 
 
 
02.02.10 
 
“Ədəbiyyat qəzeti”,9 iyul 2010 
 
“Mən də yaĢamaq istəyirəm” 
 
Ötən  əsrin  70-ci  illərindən  respublika  mətbuatında-xüsusilə  o  dövrün  ən 
populyar qəzetlərindən olan “Azərbaycan gəncləri”ndə maraqlı yazıları ilə diqqəti 
çəkən, radio dalğalarında, daha çox redaktoru olduğu məşhur “Bulaq” proqramında 
geniş  dinləyici  auditoriyasının  rəğbətini  qazanan  istedadlı  jurnalist-publisist 
İntiqam Mehdizadənin növbəti – sayca 6-cı kitabı işıq üzü görmüşdür. “Karvanın 
sarvanı” adlı kitabda (Bakı, “Qarabağ” nəşriyyatı, 2008, 664 səhifə) demək olar ki, 
son  100  ildə  mədəniyyət,  incəsənət,  ədəbiyyat  xadiminin  və  ümumiyyətlə, 
Azərbaycan  tarixində  parlaq,  silinməz,  iz  qoymuş  90  nəfərə  yaxın  görkəmli 
şəxsiyyətin  həyat  və  fəaliyyətindən  bəhs  edən  portret-oçerklər  və  esselər 
toplanmışdır.  Salnamə-kitab  ədəbi-mədəni,  ictimai-siyasi  həyatımızda  önəmli  rol 
oynamış insanların taleyinə, böyük bir tarixi dövrə işıq salmaqla yanaşı, müəllifin 
sənətkarlıq məharəti, yüksək ideya-əxlaqi keyfiyyəti, hadisələri şərh etmək, faktları 
təhlil  süzgəcindən  keçirmək  bacarığı,  günün  real  həyat  hadisələrini,  aktual 
problemlərini konkret insan xarakterləri və tiplər, lirik təəssüratlar, fərdi emosional 
düşüncələr vasitəsi ilə oxucuya çatdırmaq ustalığı barədə geniş rəy yaradır. Başqa 
sözlə  desək,  oxucu  digər  qəhrəmanlarla  yanaşı  müəllif  “mən”i,  obrazı  ilə  də 
yaxından tanış olur. 
Kitabdakı portret-oçerkləri qəhrəmanlarını fəaliyyət sahəsinə görə aşağıdakı 
kimi qruplaşdırmaq olar: 
- müğənni, xanəndə, aktyorlar; 
- yazıçı, şair, dramaturqlar; 
- elm  adamları; 
- siyasi  xadimlər. 
Həm  böyüyüb-başa  çatdığı  mühit,  həm  də  uzun  illər  rəhbərlik  etdiyi 
radionun “İncəsənət və radio teatrı” şöbəsi İ.Mehdizadənin söz, sənət adamlarının, 
mədəniyyət,  incəsənət  xadimlərinin  həyat,  fəaliyyətinə  marağını  artırmışdır.  İlk 
dəfə  müğənni  Flora  Kərimovanın  səsinin  sehrinə  düşmüşdür.  Bu  sirli-sehrli, 
ecazkar  səsin  sahibi  haqqında  İ.Mehdizadənin  yazdıqlarını  oxuduqca  bu  nəticəyə 
gəlirsən  ki,  dünyanın  var-dövləti,  okeanların  suyu  tükənə  bilər,  İ.Mehdizadənin 
Flora vurğunluğu, Flora sevgisi yox! Qınamasalar yazardım ki, İntiqamı yaşadan, 
ona  həyat  eşqi,  ayaq  üstə  durmağa  stimul  verən  Flora  xanımın  bənzərsiz  səsidir. 
Müəllif “Bir səsin xatirəsi” oçerkində qəbul imtahanından kəsilib doğma rayona – 
İsmayıllıya  qayıtdığını,  iç  dolusu  hönkürüb  ağlamağa  yer  axtardığını  dərin  hüzn, 
qəm-qüssə  ilə  təsvir  edir.  Oxucu  müəllifin  kədərinə  şərik  çıxır,  onun  da  ürəyi 
sıxılır, bütün bu ağır, acı hisslərin, iztirabların nə ilə qurtaracağını intizarla izləyir. 
Qəfildən  qəsəbənin  mərkəzində  qoyulmuş  reproduktordan  diktorun  səsi  ətrafa 

 
245 
yayılır:  “Xumar  baxışlar.”  Oxuyur,  Flora  Kərimova.  Şirin  bir  melodiya  gecəyə 
ələndi. Mənə elə gəldi ki, bu səs sularda çırpınan o ayla bir qopub gəlib kainatın 
dərinliklərindən və elə biləsən, qonaq gəldiyi bu təzə məkanda darıxır, qəribsəyir, 
özünə  arxa-dayaq  axtarır.  Bir  az  əvvəl bir  himə  bənd  idim,  qəhər  məni  boğurdu. 
Amma  indi  sakitləşmişdim.  Mənə  elə  gəlirdi  ki,  Flora  Kərimova  elə  mənim 
qüssəmin,  kədərimin  səsi  ilə  oxuyur.  Mən  öz  hisslərimin,  duyğularımın  naləsinə, 
harayına  qulaq  asırdım”.  Hər  cür  ritorik  mühakimələrdən,  yersiz,  yeknəsək 
ifadələrdən uzaq bu parça qəlbin ən həssas nöqtələrinə toxunur, onu titrədir, oxucu 
təsirlənir, duyğulanır. Müəllif isə bununla kifayətlənmir, öz timsalında milyonlarla 
sənətsevərin  həyatında  bu  səsin  dönüş  nöqtəsi  yaratdığına  inandırmağa  çalışır, 
buna  nail  olur:  “Kim  bilir,  o  olmasaydı,  həmin  axşamım  da  ömrümdən  gedən 
çoxlu-çoxlu axşamlara bənzəyəcək, məndə heç bir iz qoymayacaqdı. Ancaq  indi o 
axşamın adı var, ünvanı var – Floralı axşamım, ümid qığılcımlı axşamım.” Oçerki 
oxuduqca  qəti  qənaətə  gəlirsən  ki,  F.Kərimovanın  səsi  İ.Mehdizadənin  qələminə 
güc  gətirib,  qida  verib  və  müəllif  varlığına  hakim  kəsilmiş  səsin  qüdrətini,  onda 
yaratdığı duyğuları bölüşmək, oxucusunu da ehtizaza gətirmək üçün özünü   tam 
səfərbər etmişdir. Müəllifə elə gəlir ki, konsert qurtarsa da, müğənninin mahnıları 
kəsilmir,  səngimir,  biri  o  birini  əvəz  edir,  bulaq  kimi  çağlayır,  gah  ana  laylasına 
çevrilir,  gah  gileyli,  gah  nikbin  olur,  gah  təbəssümlüdür,  gah  da  kədərlidir,  
hıçqırır. İ.Mehdizadə publisist kimi sözün böyük imkanlarından ustalıqla  istifadə 
edərək  fikir  və  hisslərini  müxtəlif  bədii  vasitələrlə  canlı,  emosional,  ehtiraslı  və 
obrazlı təqdim  edir: “Kim deyir ki, səs görünmür? Mən bu səsi görürəm. Düm ağ 
Qu  quşu  qiyafəsində.  Qanadlarını  aram-aram  çalır,  qəmli-qəmli  ötür.  Elə  bil, 
qatarından ayrı düşüb. Nəğmələr biri-birinin dabanını basır, səslər yarışa girib elə 
bil”. 
İ.Mehdizadə  çoxlarının  görmədiyi,  yaxud  görmək  istəmədiyi      problemi 
cəsarətlə  ortaya  qoyan,  aktual  və  ciddi  məsələlərə  müdaxilə  edən,  toxunduğu 
mövzu  ilə  bağlı  rəy  formalaşdırmağı    bacaran  qələm  ustasıdır.  Vizual  sənətlər-
teatr,  kino,  televiziya  üçün  ən  vacib  komponentlərdən  olan  göz-baxış,  təbəssüm, 
him-cim,  mimika  kimi  elementlərdən  İ.Mehdizadəyə  görə  Azərbaycan  kinosunda 
son dərəcə az və uğursuz istifadə edilir. Bu baxımdan o, Rəşid Behbudovun “Arşın 
mal  alan”da,  A.Gəraybəylinin  “Bəxtiyar”  filmində,  Ələsgər  Ələkbərovun  “Uzaq 
sahillərdə”  və  “Böyük  dayaq”da,  Gündüz  Abbasovun  “Telefonçu  qız”da,  Fazil 
Salayevin  “Şərikli  çörək”də,  Həsənağa  Turabovun  “Yeddi  oğul  istərəm”də 
tamaşaçıya  zillənən  gözlərini  istisna  hesab  edir  və    mətləbə  keçir:  “Tək  elə 
“Mehman”  filmindəki  hamam  səhnəsində  (Züleyxa  –  Flora  Kərimovanın  Rayon 
Partiya  Komitəsi  katibinin  məşuqəsinin  boynundakı  medalyona  həsədlə  baxması 
nəzərdə  tutulur)  məharətli  oyununa  görə  yetərdi  ki,  sonralar  Flora  xanımı  ardı-
ardınca  kinoya  çəkəydilər.  Amma  onun  gözləri  qabağındaca  (elə  bizlərin  də) 
Şimali  Qafqazdan,  Gürcüstandan,  Rusiyadan  5-ci,  10-cu  dərəcəli  aktrisaları 
minnət-sünnətnən  Bakıya  dəvət  eləyib  filmə  çəkir,  sonra  da  bir  araba  pulla  yola 
salır,  amma  Floranı  itirib-axtarmırdılar”.  “Flora  Kərimovanın  aktrisalığı”  adlı  bu 
oçerkdə    müəllif qəti əminliklə bildirir ki, peşəkar aktyorluq təhsili görməsə də, 
F.Kərimovanı  ekran  əsərlərinə  cəlb  etsəydilər,  nəinki  milli  kinomuz,  hətta  dünya 
kinosu da qazana bilərdi. O, özünəməxsus səmimi, sadə, cazibəli, pərdəli və məzəli 

 
246 
bir  dildə  şəstlə  yazır:  “Bir  daha  vurğulayıram,  gərəkən  qayğı,  maliyyə  yardımı 
olarsa, bizdəki sənətkarlar çox sevdiyim, böyük istedadları qarşısında  sayğıyla baş 
əydiyim  Lyudmila  Qurçenkonun,  Alisa  Freyndlixin,  İnna  Çurikovanın,  Culiya 
Robertsin onbirliyinə tuz çıxarmasalar, adımı dəyişərəm.” 
 İ.Mehdizadənin  publisistikasını  səciyyələndirən  üstün  cəhətlərdən  biri,  elə 
lap  birincisi  səmimiyyətdir.  Hər  cür  saxta  bər-bəzəkdən,  hoqqalardan,  yalandan, 
hay-küydən uzaq, eyni zamanda, əqlə, hissə təsir göstərərək oxucunu düşündürən, 
inandıran  səmimiyyət  müəllifin  yazılarının  ruhuna  hakimdir.  O,  Yalçın 
Rzazadədən yazanda da (“Bir parça yamac»), Qədir Rüstəmovdan bəhs edəndə də 
(“Sən demə, Qədir beləymiş”), dahi türk müğənnisi Zəki Mürendən söz açanda da 
(“Göylərdən  enən  səs”),  Mütəllim  Mütəllimovdan  danışanda  da  (“Şişman  kişinin  
nazik   qəlbi”), Şövkət  Ələkbərovanı təqdim  edəndə  də  (“Şövkət  xanımın  dönmüş 
üzü”),  Rübabə  Muradovanı  xatırlayanda  da  (“Rübabənin    düyünlü  ürəyi”)  eyni 
dərəcədə  səmimidir,  səmimi  olduğu  qədər  də  məsuliyyətlidir.  Y.Rzazadənin 
ifasından      təsirlənən  müəllif  yazır:  “Nə  bəxtiyardıq”,  “Ağ  paltarda”,  “Belə  ola, 
həmişə”, “Durnalar”ı oxudu. Məni haldan-hala saldı. Darısqal otağımın divarlarını 
uzaqlara  çəkdi,  tavanını  ulduzlara  qaldırdı,  təklədi,  qoşalaşdırdı,  güldürdü, 
kövrəltdi. (“Bir parça yamac”). 
İ.Mehdizadənin  təhkiyəsi  məhrəm  insanların  biri-biriylə  söhbətlərini  
xatırladır. Bu yolla  o, bir tərəfdən oxucunun  qəlbinə  və beyninə yol tapır, digər 
tərəfdənsə, qəhrəmanının təbii obrazını  yaratmağa səy göstərir: “Çox eşitmişdim, 
deyirdilər, Qədir  Rüstəmovun ipinin üstünə odun yığılası deyil, ay nə bilim, adam 
biabır eləyəndi, bir də gördün, məclisi yelə verdi və sairə və ilaxır. Düzü nə ipinin 
üstünə  yığmağa  odunum  olmuşdu,  nə  də  məclislərində  iştirak  etmişdim...”  Çox 
maraqlı  və  diqqətəlayiqdir  ki,  İntiqam  hələ  ötən  əsrin  60-cı  illərində  yataqxana 
həyatından  tanıdığı,  ara-sıra  görüşdüyü  Qədir  Rüstəmovun  bütün  nikbin 
proqnozlara  rəğmən  böyük  xanəndə  ola  biləcəyinə  inanmadığını  etiraf  edir  və 
yazır.  Halbuki,  o,  oxucunu  rahatlıqla  aldada  bilərdi,  məsələn,  bir  çoxları  kimi 
yazardı  ki,  mən  hələ  o  vaxtlar  hiss  etmişdim  ki,  Qədir  gələcəkdə  dahi  sənətkar 
olacaq,  milyonların  qəlbini  fəth  edəcəkdir.  İllər  ötür,  Q.Rüstəmov  özü  barədə 
gəzən  şayiələrə,  əsası  olmayan  söz-söhbətlərə    son  qoyur.    Azərbaycanın      efir 
məkanına  qeyri-adi  bir  səsin,  avazın  daxil  olduğunu  əməli  ilə  təsdiqləyir.  Qədir 
səsinin  ölməzliyi,  əbədiliyi,  əsrarı  publisistə  bu  cümləni  diqtə  edir:  “Xanəndə 
“Sona bülbüllər”i misilsiz şövqlə, əlçatmaz bir istedadla oxuyanda şəxsən mən əsil 
Qədir  Rüstəmov  fenomeninin,  onun  səsinin  sərhədlərinin  harada  başlayıb,  harada 
qurtardığını qarışdırdım.” İ.Mehdizadənin yaratdığı, təsvir və təqdim etdiyi Qədir 
Rüstəmov  nadir  ovqatlı  istedad  sahibidir,  sənətin  zirvəsinə  yüksələn  xanəndədir, 
şıltaqdır, çılğındır, amma eyni zamanda həssas və məsuliyyətlidir. Q.Rüstəmovun 
söz,  sənət,  ifa  ilə  bağlı  mülahizələri  onun  daxili  zənginliyinə  dəlalət  edir, 
məsələlərə səthi yox, dərindən yanaşdığına inam yaradır. O, mahnıların yaranması, 
onların üzərində aparılan işlə bağlı İ.Mehdizadənin suallarını geniş cavablandırır, 
sonda  deyir:  “Mahnının  mayası  sözdən  tutulur.  Sözsüz  mahnı  ola  bilməz.  Bir  az   
dərinə gedəndə görürsən, xalq mahnıları hansısa ehtiyac üzündən, nəyisə kimlərəsə 
demək,  çatdırmaq  üzündən  əmələ  gəlib.  Hamısında  da  söz  havacatı,  havacat  da 
sözü,  nə  təhər  deyim,  tamamlayır,  bir  növ  yoğurur.”  Sənətkarın  sözləri  qeyri-

 
247 
ixtiyari  Azərbaycan  mədəniyyətinin  parlaq  siması  H.B.Zərdabinin  130  il  əvvəl 
“Əkinçi” qəzetində dərc etdirdiyi kiçik bir məqaləsini yadıma saldı. O, mahnıların 
həyatımızdakı  yerini,  rolunu  qeyd  edir,  mahnıların  mənasını  yaxşılaşdırmağa  səy 
etməyin vacibliyini vurğulayır. Sonra yazır:  “Hər tayfanın vətəndaşlıq və millətin 
keçmişində olan yaman və yaxşı günlərini şərh edən mahnıları olur ki, bu mahnılar 
da  ağızdan-ağıza  düşüb  milləti  birləşdirməyə  bais  olur.  Amma  bizim  mahnılara 
baxan  gərək təəccüb eləsin ki, xudavənda, onları kim və nə üçün düzəldib.” Böyük 
mühərrir  qeyd  edir  ki,  oxunan  mahnıların  bir  çoxunun  heç  mənası  olmur.  Belə  
oxuyanların barəsində doğru deyiblər ki, eşşəyin anqırmağı özünə xoş gəlir, amma 
çifayda,  eşşək  anqıra-anqıra  gəzir  və  onu  belə  anqırmaqdan  xilas  etmək  səyinə 
düşən yoxdur... yaxşı olardı ki, şairlərimiz bir-birini həcv, ya mədh etmək əvəzinə 
zikr  olan  məzmunda  mahnılar  düzəltsinlər  ki,  onlar  ağızdan-ağıza  düşüb  xalqı 
nadanlıqdan  danalığa  (biliyə,  elmə)  təhrik  etməyə  bais  oleydi.”  (“Əkinçi”  qəzeti 
№18,  sentyabr  1877).  Güman  edirəm  ki,  haşiyə  yerində  oldu.  H.B.Zərdabi 
ideyalarının  reallaşmasına  xidmət  edən  Q.Rüstəmov  kimi  sənətkarlarla  yanaşı, 
ifaçılıq sənətinə xələl gətirən, onu korlayan üzdəniraq “ulduzlar” qoy, Həsənbəyin 
yazdıqlarından “feyziyab” olsunlar... 
 İntiqamın  qələmi  güclüdür,  qüdrətlidir.  O,  sözün  vasitəsilə  sevib-seçdiyi 
qəhrəmanına  başqalarının  qəlbində  əbədi  yuva  qurur.  Onun  obrazlı,  alovlu, 
ehtiraslı  ifadələri  öz  düşüncələrini  mənalandırmağa  və  digərlərinə  də  sirayət 
etdirməyə  yetərlidir.  Türk  musiqi  və  ifaçılıq  mədəniyyətini  əlçatmaz  zirvəyə 
yüksəldən  Zəki  Müren  barədə  İ.Mehdizadə  yazır  ki,  onun  səsi  yer  səslərinə 
bənzəmir,  sanki  göylərdən  vəhy  olunur,  oradan-sonsuz  ənginliklərdən  süzülüb 
gəlir.  O,  Zəki  Mürenin  səsini  ilahi  ifaya  bənzədir,  müğənninin  çox  da  uzun 
sürməyən  ömrü  boyu  mənsub  olduğu  xalqın  zəngin  dil  qatlarına,  söz,  könül 
mülkünə  baş vurduğunu, oradan   incilər  seçdiyini və onlara  özünəməxsus  tərzdə 
yeni    ruh, yeni   həyat  bəxş  etdiyini     vurğulayır. İ.Mehdizadə   sevincini, nəşəsini   
oxucu  ilə      bölüşməyin      ustasıdır.  Yeri  gələndə    isə    oxucu    ilə  kədərini  də  
paylaşır, onu  öz   həyatının  acılı-şirinli   məqamlarıyla  tanış edir, qəm – qüssə   
yükünü      özüylə    birgə    çəkmək  üçün      oxucusunu    da    köməyə  çağırır. 
Ümumiyyətlə,    “Karvanın      sarvanı”  kitabında    biz    qəhrəmanlarıyla    birgə   
İntiqamın şəxsi həyatının  da   bir sıra məqamlarının şahidi oluruq  ki, bunu  həm 
müəllifin      uğurlu      priyomu,  həm  də  kitabı  daha  oxunaqlı  edən    üslub  kimi  
qiymətləndirmək    olar.  Budur,  Türkiyədən  gələn  xəbər    müəllifi  əndişələndirmiş, 
həyəcanlandırmışdır: Zəki  Müren   ağır   xəstədir. Və  publisist   yazır: “Ən  böyük   
üzüntüm  ondan  yanadır ki, bu vaxtacan    mənə özünün  nəğməli   dünyasından   
çox qiymətli   dəqiqələr   bağışlamış, məni   daxilən   bir  yox, yüz boy   ucaltmış   
sevgili      sənətçimi      o  halında    yoluxa  bilmir,  ona  ürək-dirək    verəmmir,  ona  bir 
ovuc  Niyal  qarı,  bir  dənə  Göyçay  narı,  bir  buğum      Kəlbəcər    kəkotusu    yetirə   
bilmirəm”. Hadisəyə böyük   ictimai   məna verməyi  bacardığı  kimi, İ.Mehdizadə  
bu  ağır      məqamlarda      özünü də,  oxucusunu    da    situasiyadan    çıxarır  ,  qələmə 
aldığı  misralarla   özünə  də, oxucusuna da, elə Zəki   Murenin  özünə  də  təsəlli – 
təskinlik  verir:   
Tanrıdan   buta verildin,  
Türkün   baxtına  hörüldün,   

 
248 
Şarkında öldün, dirildin,  
Göylərdən  bir nüsxə  gələn   
Zəki Müren. 
   
Azman   sənətkarların   yaradıcılıq   yolunu  və konkret   məqamlarını  təhlil, 
təqdir  edən  İ.Mehdizadə  bununla  kifayətlənmir,  toxunduğu  mövzunu    dövrün   
problemləri  ilə  əlaqələndirir,  müqayisələr  aparır,  ibrətamiz      nəticələr    çıxarır. 
“Nəhəng  qaya      parçasını,  lay    divarı      xatırladan”  xanəndə  Mütəllim  
Mütəllimovun  “tükdən      nazik,  şüşədən      kövrək      qəlbi  vardı”  -  yazır    İntiqam.  
Mütəllimin      ifasında    müəllifi    çəkən    çoxlu    məqamlar      var:  O,  qəzəlin    hər 
sözünü, hər   misrasını  aydın  tələffüzlə  oxuyur, onun  ifası  seçdiyi   muğamın 
ruhuna    uyğun    avazı,  qəzəllərin  incəliyi      ilə    möhtəşəmdir,  ifaçılıq      sənətinin   
klassik  nümunəsidir, örnəkdir. İntiqam   dərin   təəssüf hissi  ilə yazır ki, əruzun   
nəzəriyyəsini  demirəm,  eləcə  zahiri   biçimlərindən belə  xəbərsiz  olan, vəznin, 
hecanın, bölgünün, məntiqi  vurğunun   nə  demək  olduğunu   bilməyənlər   indi 
efir   məkanında , toy   mağarlarında   meydan   sulayır.  
“Karvanın  sarvanı”  kitabının  xeyli  hissəsini  Azərbaycan    ədəbiyyatının   
görkəmli nümayəndələrinə həsr edilmiş portret-oçerklər təşkil edir. İ.Mehdizadəyə 
zaman-zaman Azərbaycan ədəbiyyatı   xəzinəsinə   parlaq  nümunələr  bəxş etmiş  
Rəsul  Rza,  Mir    Cəlal,  İlyas    Əfəndiyev,  Elçin,  Əkrəm  Əylisli,  İsmayıl    Şıxlı, 
Fərman    Kərimzadə,  Xəlil  Rza,  Məmməd  Araz,    Fikrət  Qoca    kimi  şair,  yazıçı, 
dramaturqlarla  görüşmək, həmsöhbət  olmaq, ədəbi  mühit və sənət   problemləri  
barədə    fikir  mübadiləsi  aparmaq    nəsib  olmuşdur.  O,  eyni    zamanda  Sabir  
Rüstəmxanlı,  Ramiz    Rövşən,  Seyran    Səxavət,  Çingiz    Əlioğlu,  Bəhmən   
Vətənoğlu, Eldar   Baxış, Şəmşad Rza, Məmməd  Murad, Əjdər  Ol  və  digər   söz   
adamları    ilə  aralarında      olan    ilgiləri    də  əlvan      boyalarla    təsvirə    gətirir, 
dostlarının  ədəbi   uğurlarından   ürək  açıqlığı ilə bəhs   edir və bu sənətçilərin  
portretlərinin, mənəvi   keyfiyyətlərinin  də üzərinə   işıq   salmağı  unutmur.  
Qeyd  etdiyimiz    kimi,    İ.Mehdizadə      müxtəlif      yaradıcılıq      sahələrində  
fəaliyyət  göstərən      insanları  –  bəstəkar,  aktyor,  rejissor,  rəssam,  xalçaşünas, 
dramaturqları öz qəhrəmanı seçmişdir və  onların  fəaliyyət sahəsinə  uyğun  olaraq  
üslubunu,  yazı  tonallığını    dəyişərək,    gah  musiqişünas,  gah  teatrşünas,  gah 
sənətşünas  təsiri bağışlayır. Söz  sənətindən, onu   yaradanlardan   bəhs edərkən, 
elə təəssürat oyanır  ki, İ.Mehdizadə kamil  ədəbiyyatşünasdır. Ədəbi problemlərə, 
mövzulara,  yazıçı  və  şairlərin  yaradıcılıq  laboratoriyasına  ciddi      müdaxilələr 
etdiyindən    onun    portret-oçerklərində  ədəbi-tənqidi      məqamlar  daha  parlaq  üzə 
çıxır. İlyas Əfəndiyevi Azərbaycan  nəsrində, dramaturgiyasında  yeni, əlvan  bir 
mərhələnin    yaradıcısı  adlandıran    İ.Mehdizadə  onun  ədəbi  irsinə  olan  davamlı 
marağı  yaradıcılığının  orijinallığında,  bədii  kamilliyində,  vətəndaş    cəsarətində 
görür və yazır: “O, dilinə, ricətinə, dialoqlarına, kompozisiya  qurmaq  səriştəsinə   
görə    təzə  idi,  cazibədar      idi  (  “Bir  hay  çəkərəm  ki”).  Dramaturqa      həsr  etdiyi   
başqa    bir      oçerkdə  isə  (“Körpüsalan”)  o,  yazıçının    ədəbiyyatımıza  yeni      abu-
hava,  nəfəs  gətirdiyini    qeyd  edir,  göstərir  ki,  İlyas    Əfəndiyev      sosializm  
realizminə   bir  qədər  başqa  aspektdən   yanaşmış, ənənəvi, bayağı  nəqlçilikdən 
qaçmış,  lirik-psixoloji  üsluba  üstünlük  vermişdir.  O,  İ.Əfəndiyevi  bəzən  həddən 

 
249 
artıq  sentimentallığa,  romantikliyə  uymaqda  qınayanlara  tutarlı,  məntiqli  cavab 
verir,  mülahizələrini  əsaslandırır:    «İ.Əfəndiyev  əsl    yazıçı,  vətəndaş  kimi    hiss 
etmişdi ki, müasir insanın duyğu və düşüncələrindən, həyati   ehtiyaclarından xəbər 
tutmadan, haradasa, o ehtiyacı öz çiyinlərində  duymadan  oxucunun, tamaşaçının  
qəlbinə  yol tapmaq olmaz ».  
İ.Mehdizadə ifaçılıq sənətindən, musiqidən, müğənnidən   yazanda oxucuya   
nə  qədər    emosional,  duyğulu,  hiss  –  həyəcanlı  təsir  bağışlayırsa,  ədəbiyyatdan  
bəhs edəndə  ciddi, ötkəm və cəsarətli  olur, ona qədər   deyilənləri təkrar eləmir. 
Mülahizələrində  bənzərsiz  olduğu    qədər  də,  qətiyyətlidir.  Rəsul    Rzanın 
novatorluğunu  yalnız  onun  sərbəst  vəznlə  yazması    ilə    əlaqələndirənlərlə   
İ.Mehdizadə  qətiyyən   razılaşmır: “.... R.Rzanın novatorluğu, formadan  daha çox 
onun  məzmununda, bir şəxsiyyət  kimi  özünün mahiyyətindədir və bir  zamanlar 
Rəsul  müəllimi  formalizmdə,  mücərrədçilikdə,  qərbçilikdə  ittiham  edənlər  onun  
novatorluğunun    mahiyyətini    dərk  etmək  üçün  gərək      poeziyasının    ümumi   
ruhundan  halı  ola , şairin   dünyagörüşünə   bələd  olaydılar, şeirlərindəki  daxili   
gərginliyə , ekspessiyaya  fikir   verəydilər və  bir də  yaradıcılığına   heyrətamiz  
dərəcədə   bənzəyən  R.Rza  şəxsiyyətinə   vaqif  olaydılar («Rəsul Rza  riski»)   
Azərbaycan ədəbiyyatına  «Bir gəncin    manifesti», «Dirilən adam», «Açıq 
kitab», «Yaşıdlarım», «Təzə şəhər», «Yolumuz   hayanadır» kimi   əsərlər   bəxş 
etmiş Mir Cəlal Paşayev həm də, uzun illər Azərbaycan  Dövlət   Universitetində 
elmi-pedaqoji fəaliyyətdə  bulunmuşdur. Xoşbəxtlikdən  İntiqam   Mehdizadə  də 
üzündən    təbəssüm    ,  dilindən      xoş    söz      əskik  olmayan      bu  müdrik    insanın 
sevimli   tələbələrindən   olmuşdur. Hörmətli  müəlliminə   həsr etdiyi «Mir Cəlal 
müəllimin «yalanı» oçerkində  İ.Mehdizadə  onun digər   müsbət  keyfiyyətləriylə 
yanaşı    qeyri-adi    zəkaya,  ədəbi      yaddaşa      sahib    olduğunu,      aralarında    baş 
vermiş   bir həyati   epizodun   timsalında  oxucusuna   yetirir.  
 Aktyorlara  həsr  olunmuş  oçerklər    İ.Mehdizadənin    portretlər   
qalereyasında həm   sənətkarlıq, həm də say   etibarı ilə    diqqəti  dərhal  çəkir. 
Azərbaycan    teatr    səhnəsində  və  kinoda    yaratdıqları    mükəmməl    obrazlarla  
milyonlarla  tamaşaçı qəlbini  fəth  etmiş   Nəsibə Zeynalova, Səməndər Rzayev, 
Möhsün    Sənani,  Hamlet  Xanızadə,  Ağahüseyn    Cavadov,  Əli  Zeynalov,  Əliağa 
Ağayev, Barat Şəkinskaya, Həsən Əbluc və digər   sənət   fədailərinin  həm  səhnə, 
həm də   pərdəarxası  həyatlarını   özünəməxsus tərzdə, müəllifin   təbirincə  desək, 
hər  kəsin      həyatındakı      fərqli,  həlledici    məqamı    tapmaqla,  tutmaqla      və      bu 
keyfiyyəti  xarakterin  digər  bütün  cəhətləri  ilə    bağlamaqla,  əlaqələndirməklə  
təqdim  edir.  “Təbiiliyin  böyük  ustası”  Nəsibə    Zeynalova,  “səsi  bulaq      misallı” 
Səməndər  Rzayev,  “qəribə,  gözəl    səs  sahibi,  obrazın    hansı  ahənglə  danışmalı 
olduğunu mütləq tapan” Həsən Əbluc, “standartlara   sığmayan  xarakter, zəngin 
daxili  aləmə malik, teatra candan, ürəkdən   bağlanan” Hamlet Xanızadə, “susmuş 
ürəyi  səsində”  döyünən  Aydın      Qaradağlı,  “deklamasiyanın  professoru”  Əli  
Zeynalov, “səhnənin hər   qarışını   yox e, hər milli metrini   dəqiq bilən” Möhsün   
Sənani    və  bu  kimi    bir  çox    sənətçiləri      tamaşaçılar      səhnədə    yaratdıqları  
obrazlara      görə    tanıyır,  sevir.  İstedadlı      publisist      İntiqam    Mehdizadə    isə 
səhnədə    rol    oynayan,  obraz      yaradanların      özünün    obrazını      yaradır    və    bu   
məqamlarda    onun  qələmi  jurnalistdən  daha  çox  yazıçı  kimi    işləyir.  Böyük 

 
250 
səhnənin   «sakinlərinin» teatrdakı   və ondan   kənar  həyatları  haqda  oxucuda   
tam təsəvvür  yaratmaq  üçün İntiqam  öz  müşahidə   və  tədqiqatlarını   nəql edir, 
xatirələrini    danışır,  müsahibə  götürür,  mübahisə  edir,  müqayisə    aparır,    xəyala 
dalır,  aktyorla      fikirlərini    bölüşür,  onunla  birgə    sevinir,  kədərlənir...  bütün   
bunların   nəticəsi kimi oxucunun  gözləri  qarşısında  səhnədəki  qəhrəmanı   ona 
sevdirən      aktyorun      öz  siması    canlanır...  “Hamı    Əliağa    Ağayevi    güldürən   
aktyor    kimi  tanıyırdı.  Doğrudan  da,  bu,  onun  aktyor      imici      idi  və    insanları  
güldürmək   üçün onun  daşdan  keçən, daha dəqiq   desək, daşı  belə yumşaldıb 
güldürən  imkanları   vardı: səs imkanları, məzəli yerişi, üz – sifət  ifadələri , vokal   
məharəti  ,  gözəl  rəqs  etmək  qabiliyyəti,  heç  nə  eləməyib  sakit,  hərəkətsiz   
dayanarkən      belə  ətrafına      xoş  ovqat    paylaya    bilməsi.  Amma  onun  
pərəstişkarlarının  böyük   əksəriyyətinin  xəbəri yox  idi ki, o həm də, gülən  adam 
idi  –  sağlam    yumora  ,  həyatdan      qaynaqlanan      gündəlik    lətifələrə,  səmimi   
zarafatlara    ürəkdən,  lap  qəşş  edərək  gülməsi  vardı»  («Gülən  adam»).  Bunlar   
publisistin uydurması, yaxud necə deyərlər, fantaziyası yox, müşahidələri, aktyorla   
bilavasitə təması, ünsiyyəti  nəticəsində  hasil olan   qənaətləridir. Bu cür  ştrixlər  
portretin    daha  canlı,  bitkin,  inandırıcı  olmasına    xidmət  edir.  Təsadüfi  deyil  ki, 
müəllif  də  qəhrəmanının    xarakterik      cizgiləri    barədə    söhbət    açanda  onu, 
“təəssüratlarını,  təlatümlü  duyğularını    daim  izlədiyini”  etiraf    edir  (“Səməndər 
bulağı”). Bu cür   təəssüratlar, duyğular , xatirələr, görüşlər  illər  keçdikdən sonra 
ürəkdən      süzülüb    kağız  üzərinə    düzülür:    “...Durub    düzəldim  yola,  yəni  
Azdramaya. Yadımdadır ki, o il qış bərk gəlmişdi, yazqabağı olsa da,  yerdə  qalın   
qar  vardı,  yol-iriz  buz  bağlamışdı.  Mən  onu    qrim    otağında    tapdım.  Ağasadıq 
Gəraybəyli      ilə  əyləşib  nə  barədəsə,  deyib-gülürdülər  (“Ağahüseyn  Cavadovun 
ayaqqabısı”).  Xalq      artisti    A.Cavadovla  ilk    görüşünü    müəllif    elə  maraqla, 
həvəslə   nəql edir  ki, oxucu da  özünü   hadisələrin  içində  hiss edir. Bu cür üsulla 
publisist  aktyorun  həm  xarakterini  açır,  həm  də  onun  yaradıcılıq    dünyasına 
səyahət edir, sənətkarın fərdi keyfiyyətləri ilə yaratdığı obrazlar arasında paralellər 
aparır... 
40  ilə  yaxın  yaradıcılıq    yolu  keçmiş      və  təəssüflər    olsun  ki,  layiqli   
qiymətini almayan  İ.Mehdizadə ətrafında baş verənlərə fərdi  və fərqli   yanaşma  
metodu ilə  seçilən istedadlı  sənətkarlar  zümrəsinə  aiddir. O, ilk baxışda  kiçik 
görünən,  diqqəti    çəkməyən,  əslində  isə    batinində    böyük  siyasi,  ictimai  məna 
gizlənən bir jesti, yaxud bir olayı mənalandırmağın mahir  ustasıdır. Ümumilli lider 
Heydər Əliyev haqqında sadə  insanlar da, dünyanın  ən məşhur  dövlət   xadimləri 
də,  yazıçılar,  elm,  sənət    adamları  da  söz  deyiblər.  Bu  cərgəyə  qoşulmaq  böyük 
cəsarət,  istedad,  bir  də  təcrübə  tələb  edir.  Yəni  elə  söz      söyləməlisən    ki,  diqqət  
çəksin,  maraq    doğursun,  təzə      görünsün.  Amma    baxın,    İntiqam  Mehdizadə 
Heydər  Əliyev  şəxsiyyətinin  böyüklüyünü, onun      tələbkarlığını, insanlara      qarşı  
nə  qədər   diqqətli, həssas, heyrətamiz yaddaşa malik olduğunu həyatda müşahidə 
etdiyi konkret fakt və dəlillərlə necə təqdim   edir. İsmayıllı  rayonunda  baş vermiş   
təbii fəlakətin – zəlzələnin   ağır  nəticələrinin   aradan  qaldırılması  istiqamətində   
hansı  tədbirlər      görüldüyünü    öyrənmək    üçün  H.Əliyev  dərhal    hadisə    yerinə  
gəlir:  “İndiki kimi  yadımdadır, zəlzələ hələ də  səngiməmişdi, yer insanların ayağı 
altında  uşaq  nənnisi  kimi    yırğalanmaqdaydı.  Ancaq  Heydər  Əliyev  yan-

 
251 
yörəsindəkilərin  ona  “ehtiyatlı  olun,  Heydər  Əliyeviç”  –  təkidlərinə  məhəl 
qoymadan  özünü  şax  tutur,  ruhi  müvazinətini    zərrə  qədər  də    pozmur,  hətta   
gülümsəyir,  bununla  da,  neçə  gündən  bəri  vahimə  içində    çırpınan    ismayıllılara  
ürək-dirək  verirdi». Xalqın  tarixinə, mədəni-memarlıq abidələrinə sonsuz  sevgi 
ilə   yanaşan  böyük   dövlət  xadiminin   bu gərgin, ağır  zamanda  qəfildən  qədim  
Lahıcı  xatırlaması təbii görünür, “orda  vəziyyət necədir, evlərə, dükanlara  xətər  
toxunmayıb  ki?”  -  deyə    soruşur,    “özü  boyda  abidə  olan    Lahıca”  getmək   
istədiyini  bildirir.  Yerli    rəhbərlər    ehtiyatla    Lahıc    yolunun  nasaz  olduğunu 
deyirlər.  H.Əliyev  elə  oradaca  məmurları  səfərbər    edir.  Ən  qısa    müddətdə  
körpülər      salınması,  qəsəbəyə  gedən  torpaq    yola  asfalt    döşənməsi  üçün  qəti 
tapşırıqlar verir...  
Ötən    əsrin    məşhur    60-70-ci  illər    ədəbi  nəsli    ilə  bir  dövrdə    jurnalist- 
publisist  kimi fəaliyyətə  başlayan   və ziyalılar   arasında  “danılmaz   səsi, sözü, 
mövqeyi”  olan  (Əhməd  Oğuz),  “yalan    danışmayan,  yalan      yazmayan  (Aybəniz  
Məmmədəliyeva),  “gözü  –  könlü  tox”  (Kamil  Vəli    Nərimanoğlu),  “vəfalı, 
namuslu    kişi”  (  Zərifə  Ağahüseyn  qızı),  “təkcə  bir  yazıçı,  jurnalist  kimi  deyil, 
ümumiyyətlə bir fərd, bir insan  kimi  istedadlı” (Ramiz   Rövşən) və  rəhmətlik  
anası  Xanbacı xanımın  söylədiyi kimi “çox həssas, əsəbi , çox da  duyğulu” olan   
İntiqam  Mehdizadə  bir  karvanlıq  yükü – növbəti  kitabını  oxucuların   ixtiyarına  
verdi. Sevinirmi , fərəh  hissi  keçirirmi, bilmirik. Amma burası  gün kimi  aydındır  
və    onu    yaxından      tanıyanlar      yaxşı  bilir  ki,  İntiqam    intizardadır, iztirabdadır:  
yeni-yeni    əsərlərin    intizarında,  yeni  yaradıcılıq      iztirablarında.  Onun  
yaradıcılığını  sevə-sevə   izləyən   və yeni yazılarını gözləyənlər   də bir   xəbərin  
intizardadırlar:  görəsən,    İntiqam    yaşın    bu    vədəsində    kirəkeşlikdən  xilas 
olacaqmı,  öz  evinin  tavanı      altındaca  əyləşib  varlığına      hakim  kəsilmiş  
yaradıcılıqla  məşğul  olacaqmı, onun mənzil  problemi öz həllini tapacaqmı? ...  
Bir vaxtlar İ.Mehdizadə türk sənət dahisi   Zəki Mürenə   ithaf etdiyi   gözəl 
şeiri ilə ona olan sonsuz məhəbbətini  bu sayaq   dilə gətirmişdi:  
Dalğın dəryaya bənzərsən 
Yaşıl tarlaya  bənzərsən 
Qəmli səhraya  bənzərsən 
Gözlərində dan sökülən 
Zəki Müren. 
      İllər  bu    misralardakı  “dalğın  dərya”,  “yaşıl  tarla”,  “qəmli  səhra”  kimi  
bənzətmələri    İntiqam  Mehdizadənin    öz    həyatının,  taleyinin      tərcümanına 
çevirmişdir.  Onun  bulaq  kimi  çağlayan  yaşamaq,  yaratmaq  eşqi,  dəmir  dözümü, 
möhkəm iradəsi, sərhədsiz səbri, torpağa, elə-obaya bağlılığı mərhum müəllimim, 
professor,  unudulmaz  insan  Qulu  Xəlilovu  xatırladır.  Taleyin  bütün  ağrı-acılarına 
baxmayaraq, Qulu müəllim yaşamaq istəyirdi, yaşamaq uğrunda mübarizə aparırdı. 
Uzun  illər  mənzil  həsrəti  ilə  yaşayan  İntiqam  da  kirədə  qaldığı  evləri  dəyişə-
dəyişə,  yetişdirdiyi  həmkarlarını  layiq  görüldükləri  fəxri  adlara  (hələlik  özünə 
qismət  olmayan)  görə  təbrik  edə-edə,  öz  təbiri  ilə  desək,  hələ  yollardadır, 
axtarışlardadır.  Yaradıcılıq  yollarında,  daha  münasib  kirayə  evə  aparan  yollarda, 
yaradıcılıq  axtarışlarında,  işinə  yaxın,  daha  ucuz  kirayə  ev  axtarışında  olan 
İ.Mehdizadə  yeni  kitabını  nəşrə  hazırlayır.  Bu  kitab  da  Azərbaycanın  sənət, 

 
252 
mədəniyyət,  ədəbiyyat  fədailərinə  həsr  olunacaq.  Özü  haqqında  həmişəki  kimi 
yenə  susacaq. Heç olmazsa, bir  cümləni, kitabın  adını  özünə həsr  et, İntiqam. Üz 
qabığında böyük, qara şriftlərlə yaz ki, «Mən də yaşamaq istəyirəm». 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin