ABĠd tahġRLĠ


BDU-nun  Beynəlxalq  jurnalistika  kafedrasının  müəllimi,  t.e.n.  Ġlham



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

BDU-nun  Beynəlxalq  jurnalistika  kafedrasının  müəllimi,  t.e.n.  Ġlham 
Mazanlı:  -  Heç  şübhəsiz,  Abid  Tahirlinin  mühacirət  mətbuatı  ilə  bağlı 
araşdırmaları  ümumən  mətbuat  tariximizin  tədqiqi  sahəsində  uğurlu  addımdır.  O 
ki,  qaldı  mühacirət  mətbuatında  publisistika  nümunələrinin  öyrənilməsi,  həmin 
materialların  mövzu,  dil,  üslub,  sənətkarlıq  baxımından  təhlili  bu,  tamamilə  yeni 
istiqamətdir  və  dərhal  da  əlavə  etmək  istərdim  ki,  Abid  Tahirli  qarşıya  qoyduğu 
məqsədə tam nail olmuş, kamil, bitkin, elmi cəhətdən müasir tələblərə cavab verən 
dissertasiya yazmışdır. O, mühacir publisistlərin irsini sanki zərrəbinlə araşdırmış, 
təhlil  etmiş,  dəyərləndirmişdir.  O,  M.Ə.Rəsulzadə  publisistikasının  səciyyəvi 
cəhətlərindən bəhs edərkən yazır ki, bu publisistikanın daha qabarıq nəzərə çarpan, 
sabit, dəyişməz  xüsusiyyətlərini üç sözlə xarakterizə  etmək  olar: inam, cəsarət  və 
qətiyyət.  Abid  Tahirlinin  elmi-tədqiqat  işini  xarakterizə  etmək  üçün  buraya 
«elmilik»  sözünü  artırmaq  lazımdır.  Mən  həmkarımı  uğurlu  işi  münasibəti  ilə 
təbrik  edirəm  və  hesab  edirəm  ki,  dissertasiyanın  müdafiəyə  buraxılması  ilə 
uzunmüddətli gərgin  əməyin bəhrəsi kimi ortaya çıxan elmi-tədqiqat işinə layiqli 
dəyər vermiş olardıq. 
BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, 
fil.e.n.  Mahmud  Mahmudov:  -  Mühacirət  mətbuatının  tədqiqatçıları  sırasında 
Abid  Tahirli  xüsusi  yer  tutur.  Bircə  faktı  qeyd  edim  ki,  əksər  Universitetlərin 
jurnalistika  fakültələrində  mühacirət  mətbuatı  fənni  onun  kitabları  əsasında  tədris 
edilir. Mühacirət publisistikası ilə bağlı araşdırmalarını mən A.Tahirlinin növbəti, 
həm  də  uğurlu  addımı  hesab  edirəm.  Tədqiqatçının  fikir  və  mülahizələrində 
kəsərlilik,  güclü  məntiq,  elmilik  dərhal  nəzərə  çarpır.  O,  faktları  məharətlə 
ümumiləşdirir,  dolğun  elmi-nəzəri  mühakimələr  irəli  sürür.  İşini  təqdirəlayiq 

 
311 
nəticələr, qənaətlərlə zənginləşdirir. Mən keçmiş tələbəmi uğurlu işi münasibəti ilə 
təbrik edir və dissertasiyanın müdafiəyə buraxılmasını təqdir edirəm. 
 
 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin  
Ġxtisas Ekspert Elmi-nəzəri Seminarının 16 oktyabr  
2006-cı il tarixli iclasının 1 nömrəli  
 
PROTOKOLUNDAN 
 
Seminarın  sədri  prof.Buludxan  Xəlilov:  -  Abid  Tahirli  Bakı  Dövlət 
Universitetinin  dissertantıdır.  Abid  Tahirli  «Azərbaycan  mühacirət  mətbuatında 
publisistika  (1921-1991)»  mövzusunda  doktorluq  dissertasiyası  üzərində  çalışdığı 
illərdə  tədqiqatı  ilə  bağlı  xeyli  məqalə  və  kitab  çap  etdirmişdir.  Hətta,  onun  elmi 
yaradıcılığı  haqqında  mətbuatda  çıxışlar,  rəylər  dərc  edilmişdir.  Mən  onun 
avtoreferatı  ilə  də  tanışam.  Avtoreferat  dissertasiyanın  əsas  müddəalarını  əhatə 
edir, AAK-ın müvafiq əsasnaməsinə uyğun yazılmışdır. 
Prof.  H.Qasımov:  -  Abid  Tahirlinin  «Azərbaycan  mühacirət  mətbuatında 
publisistika 
(1921-1991)» 
mövzusunda  yazdığı  doktorluq  dissertasiyası 
mədəniyyətşünaslığımızın  aktual  probleminə  həsr  edilmiş  dəyərli  bir  tədqiqatdır. 
Dissertantın  tədqiqat  üzərində  çalışdığı  illərdə  5  kitabı,  20-dən  çox  elmi-nəzəri 
məqaləsi çap olunmuşdur. 
Vaxt  var  idi  ki,  mühacirət  irsinin  adını  çəkmək  belə  yasaq  idi.  İndi 
Azərbaycan  mühacirət  irsi  ədəbiyyatımızın  və  mədəniyyətimizin  mühüm  bir 
hissəsi kimi diqqət mərkəzində dayanır. 
XX  əsrin  80-ci  illərindən  başlayaraq,  mühacirət  probleminə  yeni  baxış 
konsepsiyası  formalaşmağa  başladı.  Mühacirət  mətbuatının  tədqiqi,  elmi-nəzəri 
dəyərləndirilməsi  Milli  İstiqlal  ideologiyasının  tərkib  hissəsinə  çevrildi.  Abid 
Həmid  oğlunun  bu  istiqamətdəki  işi  təkcə  elmi-nəzəri  baxımdan  deyil,  həm  də 
milli  jurnalistikamızın  vətəndaşlıq  ləyaqəti  nöqteyi-nəzərindən  də  dəyərli, 
qiymətlidir. 
Dissertasiya bitkin elmi struktura malikdir. Giriş, hər biri bir neçə bölməni 
əhatə  edən  üç  fəsil,  nəticə,  bilavasitə  istifadə  edilmiş  ədəbiyyat  siyahısı  və 
«əlavə»dən  ibarət  olan  bu  işdə  mühacirət  mətbuatının  təşəkkülü  və  inkişaf 
mərhələləri  araşdırılmış,  mühacirət  publisistikasının  ideya-siyasi  istiqamətləri 
müəyyənləşdirilmişdir.  Müəllif  əsas  diqqətini  mühacirət  publisistikasında 
sənətkarlıq məsələlərinə yönəltmişdir. 
Beləliklə,  Azərbaycan  mühacirət  publisistikasının  yaranması,  keçdiyi  tarixi 
yol,  bu  sahəyə  həsr  edilmiş  elmi  tədqiqatlar  və  onlara  obyektiv  münasibət 
dissertasiyanın ən maraqlı məqamlarını təşkil edir. 
Mən  dissertasiyanı  müdafiəyə  tam  hazır  hesab  edir  və  ona  əlavə  rəy 
verilməsini məsləhət bilirəm. 

 
312 
Prof.  A.Hacıyev:  -  Abid  Tahirli  ilk  dəfə  olaraq  Azərbaycan  mühacirət 
mətbuatında publisistikanın özünəməxsusluqlarını, mövzu və motivlərini bu günün 
gözü ilə görür və göstərir. Tədqiqatda ilk dəfə olaraq Azərbaycan mühacirlərinin 
ədəbi-publisist  və  kulturoloji  fəaliyyəti  işıqlandırılır,  jurnalistikanın  və  mətbuatın 
inkişaf mərhələləri və əsas istiqamətləri müəyyənləşdirilir. Mən də işi müdafiəyə 
layiq bilirəm. 
Fil.elm.doktoru  E.Quliyev:  -  Tədqiqatın  aktual  problemə  həsr  edildiyini 
mən  də  bildirirəm.  Dissertasiyanın  diqqəti  cəlb  edən  cəhətlərindən  biri  də 
mühacirət  publisistikasında  istiqlal  hərəkatının  tarixi-sosial  və  nəzəri-ideoloji 
problemlərinin milli dövlətçilik mövqeyindən qiymətləndirilməsidir. 
Dissertantın  araşdırma  səriştəsi  ayrı-ayrı  mühacir  nəşrlərin  təsnifatının 
verilməsində, 
qəzet 
və 
jurnal 
səhifələrinin 
müəyyən  tematika  üzrə 
qruplaşdırılmasında  və  eyni  zamanda,  bir  çox  materialların  əyani  olaraq 
dissertasiyada  nümayiş  etdirilməsində  özünü  parlaq  nəzərə  çarpdırır.Mənim 
fikrimcə, Abid Tahirlinin dissertasiyasına əlavə müsbət rəy vermək olar. 
Dos. R.Əhmədov: - Bütün deyilən müsbət fikirlərlə mən də şərikəm. Əlavə 
onu  deyə  bilərəm  ki,  dissertantın  müasir  baxış  sferasını  əks  etdirən  «Mühacirət 
publisistikasının mövzusu, ideya-siyasi istiqamətləri» adlanan ikinci fəsli öz elmi-
polemik  ruhu  ilə  seçilir.  Vaxtilə  şovinizmə  qarşı  kəskin  çıxışları  ilə  fərqlənən 
M.Ə.Rəsulzadə,  M.B.Məmmədzadə,  H.Münşi,  M.Mehdiyev  kimi  qələm 
sahiblərinin  publisistik  fəaliyyətini  obyektiv  dəyərləndirən  dissertant  düzgün 
müəyyənləşdirir ki, istiqlal və istiqlal qəhrəmanları mühacirət mətbuatının tez-tez 
müraciət etdiyi mövzular kimi çox dəyərlidir. 
«Mühacirət publisistikasında sənətkarlıq məsələləri» adlı üçüncü fəsil nəzəri 
poetika elementlərinin və üslubi məqamların araşdırılması baxımından maraqlıdır. 
Burada mühacirət publisistikasının həm  mövzuya uyğun alovlu, ehtiraslı, pafoslu 
ifadə  tərzi  ilə  seçilməsi,  həm  də  bədii  üslubun  çalarlarından,  ifadə  və  təsvir 
vasitələrindən bəhrələnmə  məqamları, estetik xüsusiyyətləri ilə nəzəri cəlb etməsi 
kimi  məsələlər  tədqiqatçı  tərəfindən  işıqlandırılır.  Müəllif  haqlı  olaraq 
publisistikanın  sənətkarlıq  tarixinə  bir  nəzər  salır,  bu  sahədə  Azərbaycan 
publisistikasında  xidmətləri  olan  jurnalistlərin  fəaliyyətinin  səciyyəvi  cəhətlərini 
işıqlandırır. 
Mən  bir-iki  kəlmə  dissertantın  şəxsiyyəti  barədə  danışmaq  istəyirəm.  Abid 
Tahirli istedadlı, zəhmətkeş jurnalistdir. O, çoxdan  – 25 ildir ki, bu mövzuda, bu 
istiqamətdə  araşdırmalar  aparır.  Onun  vaxtilə  yazdığı  Ceyhun  Hacıbəyli  barədəki 
elmi tədqiqatı da o zaman maraqla qarşılanmışdır. Abid müəllim, eyni zamanda öz 
tədqiqatını  əyaniləşdirir,  jurnalist  tələbələrə  mühazirələr  oxuyur.  Bu  tədqiqatın 
elmi-nəzəri və təcrübi əhəmiyyəti qeyd edilməlidir. 
Dissertasiya  işinə  edilən  əlavələr,  mətbuat  səhifələrindən  kəsimlər,  faktik 
materiallar  da  bir  daha  sübut  edir  ki,  A.Tahirli  tədqiqatlarını  birbaşa  arxivlərdə, 
mətbuat saxlanclarında, kitabxanalarda aparmış, zəngin materiallar toplamışdır. 
Bütövlükdə dissertasiya AAK-ın müasir tələblərinə tam cavab verir və onun 
müdafiəyə buraxılması məsləhət görülür. 
Dos. T.Cavadov: - Abid Tahirlinin tədqiqat predmeti mənə də doğmadır. 

 
313 
Dissertasiya oxucuda belə bir qənaət yaradır ki, həqiqətən «mühacirət irsi, o 
cümlədən  mühacirət  mətbuatı  və  publisistikası  zəngin  Azərbaycan  milli-mədəni 
irsimizin  ən  qiymətli  hissəsidir».  Onun  öyrənilib  qiymətləndirilməsi  milli-mənəvi 
dəyərlərimizin qorunması, yaşadılması deməkdir. Mən də bu dissertasiyanın elmi-
nəzəri əhəmiyyətini qeyd edərək, onun müdafiəyə tam hazır olduğunu bildirirəm. 
Dos.  A.Əliyev:  -  Mən  də  publisistika  ilə  məşğul  oluram,  ona  görə  də,  bu 
mövzu  mənə  də  doğmadır.  Bu  dissertasiya  sübut  edir  ki,  artıq  nəinki  vətən 
daxilində,  eləcə  də  vətəndən  uzaqda  yaşayıb  yaradan  ziyalılarımızın  publisistik 
fəaliyyəti  öyrənilir  və  layiqincə  dəyərləndirilir.  Ancaq  bir  məsələyə  mən  də  öz 
münasibətimi  bildirmək  istəyirəm.  Dissertasiyada  Sovet  dövrünü  yaman  tənqid 
edirsiniz. Mən bununla  tam  razılaşmıram.  Sovet dövlətinin də öz  müsbət tərəfləri 
var  idi.  Sadaladığınız  alimlərin  çoxu  elə  Sovet  dövrünün  yetişdirmələridir… 
Q.Xəlilov kimi jurnalistlər elə o Sovet dövründə də öz sözlərini deyə bilirdilər. Biz 
gərək bu faktları unutmayaq. 
Mən də dissertasiyanı müdafiəyə hazır hesab edirəm. 
Sədr  –  prof.  B.Xəlilov  müzakirəyə  yekun  vuraraq  bildirir  ki,  mən  də 
yoldaşların fikri ilə şərikəm. Üstəlik onu deyə bilərəm ki, Abid Tahirli respublika 
mətbuatında  öz  imzası  ilə  tanınan  ziyalı,  jurnalistdir.  O,  həm  də  pedaqoqdur.  Ali 
məktəbdə  jurnalistika  fakültəsində  mühazirələr  oxuyur.  Bundan  başqa,  müntəzəm 
surətdə  KİV-lə  çıxışlar  edir.  Biz  onun  elmi  məqalələrini  oxuyuruq,  araşdırmaları 
ilə  yaxından  tanışıq.  Dissertantın  kitabları  da  bir  daha  sübut  edir  ki,  alim  çoxdan 
müntəzəm olaraq mühacirət mətbuatının tədqiqi ilə məşğuldur. 
 
 
 
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 
27 iyun 2006-cı il tarixli 170 saylı əmri ilə Bakı Dövlət Universitetində 
yaradılmıĢ  Birdəfəlik Dissertasiya ġurasının 30 oktyabr    
2006-cı il tarixli iclasınıın  
5 nömrəli 
 
P R O T O  K O L U N D A N 
   
Fil.e.d.  Nazif  Qəhrəmanlı:  Mən  Abid  Tahirlinin  bütün  araşdırmaları,  o 
cümlədən  monoqrafiyaları,  dissertasiya  işi  və  avtoreferatla  yaxından  tanışam. 
Ümumiyyətlə, Abid Tahirlini şəxsən tanımasam da, onun imzasını 20 ildən çoxdur 
ki,  maraqla  izləyirəm.  Sözün  düzü,  mühacirətlə  bağlı  bu  qədər  zəngin  və  maraqlı 
mənbənin Abid müəllimin necə əldə etdiyi məni heyrətləndirib. Bu, məsələnin bir 
tərəfidir.  İkinci tərəfi  bu irsi dərindən,  müasir  tələblər baxımından  təhlil  etməkdir 
ki, bunun da öhdəsindən doktorant uğurla gəlmişdir. Başqa bir cəhət A.Tahirlinin 
tədqiqatlarının  praktik  əhəmiyyətidir.  Bu  gün  demək  olar  ki,  ali  məktəblərin 
jurnalistika  fakültələrinin  hamısında  onun  kitablarından  dərs  vəsaiti  kimi  istifadə 
edilir.  Konkret  desəm,  mühazirə  oxuduğum  Bakı  Ali  Pedaqoji  Qızlar 
Seminariyasında  mühacirət mətbuatı fənni Abid müəllimin kitablarından istifadə 
edilməklə  tədris  olunur.  Eləcə  də  Bakı  Dövlət  Universiteti,  «Xəzər»  Universiteti, 

 
314 
Təfəkkür Universiteti, Azərbaycan Beynəlxalq Universitetində mühacirət mətbuatı 
A.Tahirlinin əsərlərindən öyrənilir. 
Abid  Tahirlinin  tədqiqatlarından  bu  qənaətə  gəlmişəm  ki,  hələ  mühacirət 
irsinin açılmayan, araşdırılmayan layları, qatları var. Bu işdə ona və sahənin digər 
mütəxəssislərinə yeni nailiyyətlər arzulayıram. 
İşi  təqdir  edirəm,  ona  səs  verəcəyəm.  Şura  üzvlərini  də  aktual  və  dəyərli 
tədqiqata səs verməyə çağırıram. Abid Tahirli bu dissertasiya işi ilə sübut etdi ki, o 
filologiya elmləri doktoru alimlik dərəcəsini almağa tamamilə layiqdir. 
Fil.e.d. Ġsmayıl Vəliyev: Ən əvvəl, demək istərdim ki, tədqiqat sahəsi yeni, 
mövzu  maraqlı  və  aktualdır.  Çox  təqdirəlayiqdir  ki,  bu  işi  məhz  uzun  illər 
mühacirətlə  birbaşa  əlaqədə,  təmasda  olan,  istedadlı  qələm  sahibi  Abid  Tahirli 
həyata keçirmişdir.Bir məqama diqqəti xüsusi yönəltmək istərdim ki, əsərin əməli 
əhəmiyyəti  böyükdür.  Bu  tədqiqat  işi  müasir  dövr  jurnalistikasının  elmi-nəzəri 
problemlərinin araşdırılmasına layiqli töfhədir. 
Təəssüf  edirəm  ki,  biz  bu  sahənin  araşdırılmasında  gürcü  və  ermənilərdən 
geri  qalmışdıq.  Çox  sevinirəm  ki,  Abid  Tahirli  ilk  dəfə  bu  işə  girişmiş  və 
vəzifəsinin  öhdəsindən  ləyaqətlə,  uğurla  gəlmişdir  Yeri  gəlmişkən  onu  da 
vurğulamaq  istərdim  ki,  Abid  Tahirlinin  tədqiqatları  mühacirət  mətbuatında 
publisistikanın  araşdırılması  ilə  məhdudlanmır.  O,  mühacirət  problemini bir neçə 
aspektdən  tədqiqat  müstəvisinə  cəlb  etmişdir.  Bununla  belə,  hesab  edirəm  ki, 
mühacirət  publisitsikasının  bir  sıra  problemləri  hələ  də  araşdırılmayıb.  Onun 
öyrənilməsi çox faydalı olardı. O ki, qaldı, Abid müəllimin elmi-tədqiqat işinə, bu 
çox sanballı, dolğun, maraqlı bir əsərdir və təsadüfi deyil ki, müzakirə, müdafiə də 
araşdırmanın ruhuna uyğun ciddi, canlı keçir. Mən Abid Tahirlini təbrik edirəm. O, 
mühacirət  mövzusunu  hamıdan  yaxşı  bilən  adam  kimi,  qoy  gənclərə  də  kömək 
etsin. Sonda Abid Tahirliyə səs verəcəyini bildirirəm. O, filologiya elmləri doktoru 
alimlik dərəcəsi almağa tamamilə layiqdir. 
Fil.e.d.  Alxan  Məmmədov:  Abid  Tahirli  az  qala  30  ilə  yaxındır  ki,  bu 
problemlə  məşğuldur,  onun  adı  bu  sahə  ilə  möhürlənib.  Bir  dəfə  «Ədəbiyyat 
qəzeti»ndə «Yeni Qafqasya» ilə bağlı bir yazım çıxmışdı. Dostlarımdan biri mənə 
zəng  vurub  dedi  ki,  Abid  Tahirlinin  «Yeni  Qafqasya»  ilə  bağlı  «Ədəbiyyat 
qəzeti»ndə  yazısı  çıxıb,  amma  sənin  imzan  verilib,  xeyirdimi?!  Dissertasiya  ilə 
bağlı.  Material,  fakt  çox  olsa  da,  tədqiqatçı  uğurlu  ümumiləşdirmələr  aparıb, 
diqqətçəkən  elmi-nəzəri  fikirlər  irəli  sürüb.  Azərbaycan  jurnalistika  tarixində  ilk 
dəfədir  ki,  bu  problemlə  bağlı  dissertasiya  müdafiə  edilir.  Təsadüfi  deyil  ki, 
mühacirət  problemi,  o  cümlədən  mətbuatı  ilə  bağlı  elmi-nəzəri  fikirlər  hələ  tam 
formalaşmayıb.  Qənaətlər,  mülahizələr,  mühakimələr  fərqli  və  çoxdur.  Bir  sıra 
məsələlərdə müəlliflər ortaq məxrəcə gəlsələr də, elə məqamlar var ki, mübahisələr 
yaranır. Abid müəllimin tədqiqatları, fikirləri də istisna deyil. Fikrimcə, burada da 
mübahisəyə,  etiraza  səbəb  olan  məqamlar  var.  Məsələn,  mən  müəllifin  «Molla 
Nəsrəddin»in Təbriz nömrələri ilə mühacirət mətbuatı tarixinin başlandığı fikri ilə 
razılaşmıram.  
Abid  Tahirlinin  dissertasiyasını  sanballı  tədqiqat  hesab  edirəm,  ona  səs 
verəcəyəm.  Müəllif  filologiya  elmləri  doktoru  alimlik  dərəcəsi  almağa  tamamilə 
layiqdir. 

 
315 
Fil.e.d.  Vaqif  Sultanlı:  Mühacirət  problemi  bütün  dünyada  var.  Almanlar, 
fransızlar,  ərəblər,  ingilislər  öz  mühacirlərini,  onların  irsini  həmişə  öyrənmişlər. 
Sovet  rejimi,  ideologiyası  isə  bü  mövzunun  tədqiqinə  qadağa  qoymuşdu. 
Müstəqillik bərpa  edildikdən sonra bu sahəyə diqqət artdı və mühacirət problemi 
ən müxtəlif aspektlərdən araşdırılmağa başlandı. Bu baxımdan istedadlı alim Abid 
Tahirlinin tədqiqatları xüsusilə, diqqəti çəkir. Abid Tahirli çox ciddi tədqiqtaçıdır. 
Onun kitabları, elmi məqalələri də bunu sübut edir. İndiki dövrdə mühacirət irsini, 
xüsusilə  istiqlal  mücahidlərinin  həyat  və  fəaliyyətini  araşdırmaq  millətə,  dövlətə 
xidmət  deməkdir.  Mən  ona  səs  verəcəyəm,  o  doğrudan  da  filologiya  elmləri 
doktoru alimlik dərəcəsi almağa layiqdir. 
Tədqiqat  həm  nəzəri,  həm  də  praktik  əhəmiyyəti  ilə  diqqəti  çəkir.  Elə 
müzakirə  zamanı  da  tədqiqat  sahəsinin  yeniliyi,  mövzunun  aktuallığı  və  işin 
praktik əhəmiyyəti xüsusi vurğulandı. Jurnalistikanın sovet dövründə formalaşmış 
«nəzəri problemləri» bu gün bir buxova çevrilmişdir, biz bundan xilas ola bilmirik. 
«Oçerk»,  «korrespondensiya»,  daha  nə  bilim  nə…,  dünyada  belə  şeylər  yoxdur. 
Abid  müəllimin  tədqiqatı  nəinki  mühacirət  publisistikasının,  eləcə  də  ümumən 
Azərbaycan 
jurnalistikasının 
problemlərini 
araşdırmaq, 
dəyərləndirmək 
baxımından  faydalıdır.  Buradakı  elmi-nəzəri  fikirlər  müasir  tələlərə  tam  cavab 
verir, təqdirəlayiqdir. Tədqiqatın əməli əhəmiyyəti barədə də burada çox danışıldı. 
Doğrudan  da,  hər  bir  işin  çəkisi,  dəyəri  onun  tətbiqi,  faydası  ilə  ölçülür.  Abid 
müəllimin  araşdırmaları  artıq  dərs  vəsaiti  kimi  istifadə  edilir,  özünü  təsdiq 
etmişdir. 
 
 
 
Qəlbin və qələmin istəyi ilə ... 
 
 
Sahənin lokomotivi 
 
Mühacirətə  münasibət  birmənalı  olmamışdır.  Bu  da  həmin  problemin 
mahiyyətindən  irəli  gəlir:  insanların  bir  qismi  tarixən  siyasi  və  iqtisadi 
münasibətlərin  təsiri  ilə  öz  Vətənlərini  tərk  etmək  və  başqa  ölkələrdə 
məskunlaşmaq məcburiyyətində qalmışlar. Onların bu addımı tərk etdikləri ölkədə 
maraq  dairəsinə  görə  dəyərləndirilmişdir.  Məsələn,  Sovet  dövründə  rejim  və 
ideologiyanın tərəfdarları mühacirləri «Vətən satqınları», «dönüklər» adlandırmış, 
onlara  qarşı  kəskin  əks-təbliğat  aparmışlar.  Bununla  kifayətlənməyən  qüvvələr 
xaricdə mühacirləri izləmiş, onları terrora məruz qoymuş, Vətəndə isə mühacirlərin 
qohumlarını,  əqidə,  əməl  dostlarını  təqib,  sürgün  etmişlər.  Mühacirlərin  böyük 
əksəriyyəti amal, məslək iradə baxımından sarsılmaz olduqları üçün onlar xaricdə 
də  fəaliyyətini  davam  etdirmiş,  ideya  düşmənlərinə  qarşı  fasiləsiz  mübarizə 
aparmışlar. Bax, həmin fəaliyyətin nəticəsində böyük irs formalaşmışdır. Və onun 
araşdırılması, dəyərləndirilməsi maraqlı olduğu qədər də aktual və əhəmiyyətlidir. 
Bu  mənada  filologiya  elmləri  namizədi  Abid  Tahirlinin  ötən  əsrin  80-ci  illərinin 

 
316 
sonundan  araşdırmağa  başladığı  mühacirət  problemi  və  xüsusilə  mühacirət 
mətbuatı  ilə  bağlı  tədqiqatları  və  nəhayət,  «Azərbaycan  mühacirət  mətbuatında 
publisistika  (1921-1991)»  adlı  monoqrafiyası,  sanbalı,  konseptuallığı  ilə  diqqəti 
çəkir. Elmi-tədqiqat işi uzun və gərgin axtarışlara, yüzlərlə ilkin mötəbər mənbəyə, 
məxəzə istinad edilərək qələmə  alınmışdır. Sahənin  yeni olması  tədqiqatçını daha 
da  ciddi  və  məsuliyyətli  işləməyə  sövq  etmişdir.  Tədqiqatçının  elmi-nəzəri 
qənaətləri,  bir  sıra  məsələlərdə,  xüsusilə  mühacirət  jurnalistikası  və  mühacirət 
mətbuatının  tarixi  ilə  bağlı  fikirlərdə  prinsipial  mövqeyi  bu  sahədə  aparılacaq 
araşdırmaların  daha  effektli,  obyektiv  olmasına  zəmin  yaradır.  Abid  Tahirlinin 
nəzəri, təcrübi professionallığı tədqiqatın səviyyəsinə birbaşa təsir edir. «Giriş» və 
«Mühacirət  mətbuatının  təşəkkülü  və  inkişaf  mərhələləri»,  «Mühacirət 
publisistikasının 
mövzusu, 
ideya-siyasi 
istiqamətləri», 
«Mühacirət 
publisistikasında sənətkarlıq məsələləri» adlı fəsillər monoqrafiyanın məzmununu, 
orda  qoyulmuş  problemləri  tam  əhatə  edir,  elmi,  məntiqi  ardıcıllıqla  bir-birini 
tamamlayır.  «Giriş»də  tədqiqatçı  mövzunun  aktuallığını  və  əhəmiyyətini  tutarlı 
faktlarla əsaslandırır, tədqiqatın predmetini, məqsəd və vəzifələrini, elmi yeniliyini 
konkret şəkildə göstərir. «Mühacirət mətbuatının təşəkkülü və inkişaf mərhələləri» 
adlı birinci fəslin iki paraqrafında tədqiqatçı mühacirət jurnalistikası tarixinə nəzər 
salır  və  mühacirət  mətbuatının  inkişaf  mərhələləri  və  əsas  orqanlarından  ətraflı 
bəhs edir. Bu fəsildə müəllif problemlə bağlı ilk dəfə irəli sürdüyü faktlar və elmi-
nəzəri  qənaətləri  ilə  diqqəti  çəkir.  Tədqiqatçı  ilk  dəfə  olaraq  mühacirət 
jurnalistikası  tarixini  xronoloji  ardıcıllıqla  izləyir,  mühacirət  publisistikasının  ilk 
nümunələrini  yaratmış  Cəmaləddin  Əfqani,  Əhməd  bəy  Ağaoğlu,  Ceyhun  bəy 
Hacıbəyli,  Məhəmməd  Hadi,  Məmməd  Əmin  Rəsulzadə  kimi  amal  və  kəlam 
sahiblərinin  irsində  mühacirət  dövrünün  yerini  və  rolunu  dəyərləndirir.  Dövrün 
mövcud  ictimai-siyasi  mühitin  xarakterik  cəhətlərini  nəzərə  almaqla,  mühacirət 
mətbuatının  inkişaf  mərhələlərinin  təsnifatını  aparan  müəllif  diqqətçəkən  elmi 
nəticələrə gəlir. O, mühacirət mətbuatını haqlı olaraq aşağıdakı kimi qruplaşdırır: 
-  Azərbaycanda  bolşeviklərin  hakimiyyətə  gəlməsindən  sonra  yaranan  ilk 
satirik  nəşr  –  «Molla  Nəsrəddin»  jurnalı  (Təbriz,  1921).  Jurnal  kifayət  qədər 
araşdırıldığından,  tədqiqat  işində  bu  nəşr  barədə  geniş  bəhs  edilməsi 
məqsədəmüvafiq sayılmamışdır. 
-  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutundan  sonra  ölkəni  tərk  etməyə 
məcbur olan mühacirlərin siyasi nəşrləri – «Yeni Qafqasya» (1923-1927), «Azəri-
türk»  (1928-1930),  «Yaşıl  yarpaq»  (1928),  «Odlu  yurd»  (1929-1931),  «Bildiriş» 
(1930-1931). 1923-1931-ci illərdə işıq üzü görən bu orqanları şərti olaraq İstanbul 
nəşrləri adlandırmaq olar. «Azərbaycan» (Paris, 1926). 
-  Azərbaycan  mühacirlərinin  elmi-nəzəri-mədəni  nəşri  «Azərbaycan  yurd 
bilgisi» (1932-1934 və 1954). 
-  1930-cu  illərin  Azərbaycan  mühacirət  mətbuatı:  («İstiqlal»  qəzeti  (1932-
1999934),  «Qurtuluş»  jurnalı  (1934-1939),  «Milli  Azərbaycan  Müsavat  Xalq 
Firqəsi» bülleteni № 1 (1936). Bunlardan başqa, həmin dövrdə 1-2 nömrəsi çapdan 
çıxan məcmuələr: «Açıq söz» (1936, 2 nömrə), «Kutlu od» (1936-1937, 2 nömrə), 
«Aydın yol» (1937, 1 nömrə), «Doğru söz» (1937, 2 nömrə), «Vətən diləyi» (1937, 
2 nömrə), «Milli atəş» (1938, 1 nömrə), «Millət andı» (1938, 1 nömrə), «Yasamız» 

 
317 
(1938,  1  nömrə),  «İlham  qaynağı»  (1938,  1  nömrə),  «Müqəddəs  Odlar  ölkəsi» 
(1938,  1  nömrə),  «Haqqın  səsi»  (1938,  1  nömrə),  «Dilək»  (1939,  4  nömrə), 
«Haqq» (1939, 1 nömrə), «Həmlə» (1939, 1 nömrə). 
-  İkinci  Dünya  müharibəsi  dövründə  legionerlərin  Berlin  nəşrləri: 
«Azərbaycan», «Hücum», «Milli birlik» (1943-1945). 
-  1950-80-ci  illərin  mühacir  nəşrləri:  «Azərbaycan»  (1952,  Ankara), 
«Azərbaycan»  (1952,  Münhen),  «Mücahid»  (1955),  «Türk  yolu»  (1951), 
«Ərqənəqon  yolu»  (1951),  «Türk  izi»  (1951)  və  s.  –  1980-ci  illərin  ikinci 
yarısından nəşrə başlayan mətbuat: «Ana dili» (Bonn), «Odlar ölkəsi» (Edinburq), 
«Dədə  Qorqud»  (İspaniya),  «Qürbət»  (Brüssel),  «Aydınlıq»  (London), 
«Azərbaycan  türkləri»,  «Xəzər»  (İstanbul),  «Azərbaycan»  (Stokholm), 
«Azərbaycan»  (Vaşinqton),  «Araz»  (Lund,  İsveç),  «Azər»  (Berlin),  «Savalan» 
(Berlin),  «Ərk»  (Almaniya),  «Ziya»  (Moskva),  «İnam»  (Sankt-Peterburq), 
«Savalan» (Dnepropetrovsk), «Millət» (Simferopol), «Araz» (Kişinyov) və s. 
-  Azərbaycan  öz  müstəqilliyini  bərpa  etdikdən  sonrakı  dövrdə  (1991-ci 
ildən) nəşr olunan mətbu orqanlar. Bu dövrdə ABŞ, Rusiya Federasiyası, Ukrayna, 
Almaniyada bir sıra mühacir nəşrlər fəaliyyət göstərirlər. 
Bu  təsnifatı  əsas  götürən  müəllif  ayrı-ayrı  mətbu  orqanların  nəşr  tarixi, 
proqramı,  naşir  və  redaktorları,  mühərrirləri,  toxunduğu  mövzular  barədə  qısa 
məlumat verməklə mühacirət mətbuatının ümumi mənzərəsini yaratmış olur. 
Tədqiqatçı  dolğun,  tutarlı  faktlara  istinad  edərək  mühacirət  mətbuatının 
«Yeni  Qafqasya»  ilə  yox,  «Molla  Nəsrəddin»  jurnalının  Təbriz  nömrələri  ilə 
başladığını  qeyd  edir.  «Mühacirət  publisistikasının  mövzusu,  ideya-siyasi 
istiqamətləri»  adlanan  II  fəslin  iki  paraqrafında  tədqiqatçı  mühacirət 
publisistikasının  toxunduğu  mövzuları  yüzlərlə  mənbəyə  istinad  edərək 
qruplaşdırır. Haqlı olaraq bu qənaətə gəlir ki, rus imperiyasına və bolşevizmə qarşı 
ideoloji  mücadilə,  istiqlal  tarixi  və  istiqlal  qəhrəmanlarının  həyat  və  fəaliyyəti, 
Qafqaz  birliyi  ideyası  mühacirət  publisistikasının  aparıcı  mövzusu  olmuşdur. 
M.Ə.Rəsulzadənin,  Mirzə  Bala  Məmmədzadənin,  Əhməd  Cəfəroğlunun, 
M.Mehdiyevin  və  başqa  qələm  sahiblərinin  yaradıcılığından  gətirdiyi  çox  sayda 
nümunələrlə müəllif həmin materialların bu gün də aktual olduğunu qeyd edir. O 
yazır  ki,  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  dərhal  sonra  rejimin  və 
ideologiyanın  tələbi  ilə  tarix  də  saxtalaşdırılmağa  başlandı.  Azərbaycan  Xalq 
Cümhuriyyəti xalqa zidd dövlət kimi  tənqid  atəşinə tutulmuşdur,  1920-ci il  aprel 
inqilabı  isə  mədh  olunurdu.  İş  o  həddə  çatmışdı  ki,  1918-ci  il  martın  31-də 
ermənilərin  Bakıda  və  Azərbaycanın  digər  bölgələrində  törətdiyi  qırğınlar 
əksinqilabçı  qüvvələrlə  mübarizə  kimi  təqdim  edilirdi.  Bax,  belə  bir  dövrdə 
həqiqəti  yalnız  «Yeni  Qafqasya»  söyləyirdi.  Mart  qırğınının  dəhşətlərinə,  əsl 
mahiyyətinə,  törədilməsi  səbəblərinə,  şanlı  Türk  Ordusunun  Bakıdakı  və 
Azərbaycanın  digər  bölgələrindəki  erməni-bolşevik  quldurlarını  darmadağın 
etməsinə,  28  May  –  istiqlal  gününə,  27  Aprel  –  işğal  və  matəm  gününə  dair 
jurnalda  dərc  edilən  yazılar  həmin  dövrdə  ideoloji  mübarizəyə,  ictimai  rəyin 
düzgün  formalaşdırılmasına  xidmət  edirdisə,  bu  gün  mötəbər  mənbə,  tarix  üçün 
zəngin xəzinədir. 

 
318 
«Mühacirət  publisistikasında  sənətkarlıq  məsələləri»  adlı  III  fəslin  iki 
paraqrafında tədqiqatçı ən əvvəl Azərbaycan publisistika tarixi və publisistikasının 
elmi-nəzəri  irsinə  nəzər  salır.  M.F.Axundov,  H.Zərdabi,  N.Vəzirov,  M.Sidqi, 
M.Ə.Talıbov,  Z.Marağayi,  E.Sultanov,  F.Köçərli,  M.Şaxtaxtinski,  Cəlil 
Məmmədquluzadə,  Ömər  Faiq  Nemanzadə,  T.Bayraməlibəyov,  S.M.Qənizadə, 
N.Nərimanov, Ə.Haqverdiyev, R.Əfəndiyev kimi qələm sahiblərinin publisistikanı 
bir  janr  kimi  yeni  məzmun  və  forma  baxımından  zənginləşdirdiklərini  qeyd  edən 
A.Tahirli  mühacirət  publisistikasının  da  Azərbaycan  mühacirət  tarixində  yeri  və 
rolunu təhlil süzgəcindən keçirərək yüksək dəyərləndirir. 
Tədqiqatçı  Abid  Tahirli  mühacirət  publisistikasının  xarakterik  və  fərqli 
cəhətlərini məharətlə açıqlayır. O göstərir ki, mühacirət publisistikası bir tərəfdən 
mövzuya  uyğun  olaraq  alovlu,  pafoslu  ifadə  tərzi  ilə  fərqlənir,  digər  tərəfdən 
kövrək, həzin üslubu ilə seçilir. Əgər söhbət Azərbaycan istiqlalından, bolşevizmə 
və  rus  imperializminə  qarşı  mübarizədən  gedirsə,  publisistik  nümunələr  mübariz 
ruhu,  prinsipial  mövqeyi,  kəskin  ifadə  və  ibarələri  ilə  diqqəti  çəkir:  əgər  müəllif 
Vətən  həsrətindən  qürbət  həyatından  bəhs  edirsə,  mətn  üçün  obrazlı,  ehtiraslı  dil 
səciyyəvidir. Abid Tahirli yazır: «Mühacir mətbuatında publisistika tamamilə yeni 
keyfiyyət  və  yeni  mahiyyət,  məna  kəsb  edir. Mühacirlərin ideoloji  mübarizəsində 
kəskinliyi, son dərəcə sərtliyi ilə seçilən publisistik nümunələr, həm də mühacirət 
həyatının salnaməsidir. 
Beləliklə, ölkədə yaşayıb-yaradan müəlliflərin publisistikası ilə mühacirətdə 
yaranan publisistikanı bir-birindən kəskin fərqləndirən bir sıra xüsusiyyətlər ortaya 
çıxır: 
-  bütün  çətinliklərə  rəğmən  mühacirət  publisistikası  ideyanı,  fikri  ifadə 
etmək baxımından daha sərbəst və azaddır; 
-  ölkədəki  publisistika  sovet  dövründə  senzuralı,  sifarişli  partiyalı 
olduğundan müəyyən çərçivəyə salınır, sovet həyat tərzinin tərənnümçüsü rolunu 
oynayırdı,  mühacirət  publisistikası  üçün  bir tərəfdən  döyüşkənlik və  üsyankarlıq, 
digər tərəfdən həsrət, vətən yanğısı çox xarakterikdir: - qürbət həyatının çətinlikləri 
mühacirət publisistikasında bir sıra dil, üslub problemləri yaratmışdır; 
-  ötən  əsrin  20-30,  50-60-cı  illərində  buraxılan  mühacir  nəşrlərdə  ərəb, 
osmanlı,  80-90-cı  illərdə  mətbu  orqanlarında  tez-tez  təsadüf  edilən  fars  sözləri 
mətni ağırlaşdırır, ona xələl gətirir
-  mühacirət  publisistikasının  oxucu  auditoriyası  kimi  mövzu  dairəsində 
nisbətən  məhduddur.  Rus  imperializminin,  bolşevizminin  ifşası  SSRİ  xalqlarının 
dözülməz,  ağır  həyatı,  istiqlal  tarixi  və  istiqlal  uğrunda  mücadilə  aparan 
qəhrəmanların  həyat  və  fəaliyyəti,  sovet  rejiminin  təzyiq,  təqib  və  işgəncələrinə 
məruz  qalan  insanların  taleyi,  Qafqaz  birliyi  ideyası,  Sovetlərin  ədəbi-mədəni  və 
din  sahəsindəki  siyasətinin  tənqidi  mühacirət  publisistikasının  aparıcı  mövzuları 
olmuşdur». 
Abid Tahirli mühacir müəlliflərin publisistika irsindən nümunələr verməklə, 
onların sənətkarlıq problemlərini dərindən təhlil edir, dəyərləndirir, müvafiq elmi-
nəzəri qənaətlərə gəlir. Tədqiqatçı monoqrafiyanın «Nəticə» hissəsində problemin 
həlli  ilə  bağlı  araşdırmaları  ümumiləşdirir,  yekunlaşdırır,  sahə  tədqiqatçıları 
qarşısında  duran  vəzifələrindən  bəhs  edir,  bu  gün  də  aktual  və  əhəmiyyətli  olan 

 
319 
mühacirət  mətbuatı  probleminin,  o  cümlədən  publisistikasının  daha  geniş  şəkildə 
tədqiqinin vacibliyini göstərir. 
Beləliklə, 
Abid  Tahirlinin  monoqrafiyası  ilə  bağlı  fikirlərimizi 
yekunlaşdıraraq,  bu  qənaətə  gəlirik  ki,  elmi-tədqiqat  işini  cəsarətlə  sahənin 
lokomotivi adlandırmaq olar. 
 
 
 
 
 
 
 
 
 
        Xeyrulla MƏMMƏDOV 
 
 
 
 
 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin