Terminologiya məSƏLƏLƏRİ №2



Yüklə 1,42 Mb.
səhifə2/16
tarix16.02.2017
ölçüsü1,42 Mb.
#8934
1   2   3   4   5   6   7   8   9   ...   16

Sevinc Bağırova


Gəncə Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru


mirzoyevasevinj@mail.ru

AZƏRBAYCAN DİLÇİLİYİNDƏ DUBLET VƏ MÜTLƏQ

SİNONİMİYA PROBLEMİ


Açar sözlər: Azərbaycan dili, sinonimiya, dubletlik hadisəsi.

Ключевые слова: азербайджанский язык, синонимия.

Key words: Azerbaijan languags, synonymy, dublet.


Nəzəri dilçilikdə dubletliyin sinonimiya hadisəsinə münasibəti məsələsində konkret yanaşmanın formalaşmasının “şleyf”-inin ayrı-ayrı xüsusi dilçilik sahələrin­də, o cümlədən Azərbaycan dilçiliyində özünün təsirini göstərməyə bilməzdi. Belə ki, Azərbaycan dilçiliyində dubletlik probleminə nəzərən formalaş­mış yanaşma bu­rada həmin dil hadisəsnin sinonimiyaya münasibəti, onun yararlılıq əmsalının mü­əy­yənləşdirilməsi və mütləq sinonimiya hadisəsi ilə əlaqəsi kimi problemlər silsilə­si­ni ehtiva edir. Ən maraqlısı odur ki, dildə eynimənalılığın prinsip etibarilə müm­künsüzlüyünü iddia edən bir çox Azərbaycan dilçiləri digər məqamda eyni əzmlə “sinonimin əsas mənasına görə mütləq və ya nisbi eyniyyət təşkil edən, lakin for­masına və əlavə mənasına görə fərqlənən sözlər” olması qənaətindən çıxış edirlər (kursiv bizimdir. – S.B.) [6 ;122-123]. Görün­düyü kimi, Ə.Dəmirçiza­dənin bu ya­naşması eynimənalılığın prinsipcə inkarı mövqeyi ilə demək olar ki, daban-da­bana ziddir.Bu məqamda bir qədər ha­şiyəyə çıxaraq qeyd edək ki, dublet və eynimə­na­lılıq, dublet və mütləq sinonimi­ya məsələrinin nəzəri problemlər “düyünü”nü təşkil etməsi, bir çox hallarda Azər­bay­can dilçilərin belə təzadlı fikirlər səslən­dirməsinə yol açır. Konkret olaraq, gör­kəm­­li Azərbaycan leksikoloq alimlərindən H.Həsənov və A.Qarayevin tədqiqatları ilə daha təfsilatlı tanışlıq dilçilərin mütləq sinonimiya və dubletlik məsələlərində bir qədər qeyri-dəqiq və ya qeyri-ardıcıl mövqe sərgilə­diklərini tam əyaniliklə ortaya qoymuş olur. “Eynimənalılıq anlayışının sinonim­lə­rin təbiətinə yad olması” – kimi prin­sipial mövqedən çıxış edən H.Həsənov daha sonra yazır: “Sinonimlərin bir qismi bir məfhumu birbaşa leksik mənasına görə mətnli və ya mətnsiz ifadə edirsə, digər qismi isə bir məfhumla dolayı (косвенно), işlənmə məqamlarına, müəyyən mətnə əsasən əlaqədar olur. Bu cəhətdən sinonim­lər iki yerə bölünür: mütləq və nisbi sinonim­lər” (kursiv bizimdir. – S.B.) [9;94]. Digər məqamda mütləq sino­nim­ləri “mə­naca eyni olmayan ... məsələn, ağrı – azar, iri – böyük, varlı – dövlətli, uşaq – körpə və s.” sözlər kimi dəyərləndirən H.Həsə­nov dubletlik hadisəsinin izahı çərçivəsində məsələyə baxış bucağında bir qədər korrektələrə yol verərək yazır: “Əgər sinonimlərdə məna incəliyi və üslubi xüsusiy­yətləri əsas əlamət kimi qəbul ediriksə (kursiv bizimdir – S.B.) onda mütləq eynimənalı kimi işlənən “mütləq sinonimlər” yoxdur. Bu mənada “mütləq sinonim” termini “dublet termini ilə əvəz etmək olar” (kursiv bizimdir. – S.B.) [9 ;96]. Göründüyü kimi, dil­çi­nin sinonimiya ha­disəsinin mahiyyətinin daha çox kontekst – mətn çərçivəsində reallıq qazanan üs­lubi-kontekstual sinonimlərə yaxın təbiətdə dəyərləndirməsi onun elə öz sözlərinə görə, “1) terminlə əlaqər olan..., 2) məna və üslub çalarlığına malik olmayan”, “bir üslubda işlədilən”, 3)“...fəaliyyəti dilin sinxronik vəziyyəti ilə bağlı” olan [9 ;96] eynimənalı sözlərin sinonimiya hadisəsindən kənarda nəzər­dən keçiril­məsinə yol açmışdır. Məsələn, Azər­bay­can dili­nin sinonimlər lüğətində yer alan bilərzik – bazubənd – qolbağı [4 ;53-54] sino­nim sırasındakı ilk və son komponent yuxarıda qeyd edilən xarakteristi­ka­ya tam şəkildə uyğun gəlir. İzahlı lüğətdə qeyd edildiyi kimi, qolbaq sözü “qadınların biləklərinə taxdıqları qızıl, gümüş və s.-dən düzəldilmiş halqa bəzək; bilərzik, ba­zu­bənd” [ 3;173], bilərzik sözü isə “qadınların yaraşıq üçün bilək­lərinə taxdıqları gümüş, qızıl və s.-dən qayrılmış halqa; qolbaq” [1 ; 304] mənalarında tam eyniyyət kəsb edir. Biləyində isə almasları bərq vuran bilərzik üfüqün qırmızı işığını əks elətd­i­rir­di. ... Amma biləklərinə bilərzik kimi bərkidilmiş zəncirlər divara mıxlanmışdı. (F.Kərimzadə) [14 ;6,70]

Bilərziyi ağ altundan,

Yerə düşdü göy atından...

Ala gözlər qaş altından

Süzüb axdı gülə-gülə... (S.Vurğun) [19 ;86]

Təqdim edilən nümunələr bu semantik korrelyantların üslubi-funksional ortaqlığı ilə bərabər dilin sinxronik kəsimində nəzərdən keçirilə bilmə özəlliyini ortaya qoyur.



Oğlunun kostyumu,

ayaqqabısı,

qol saatı,

cib bıçağı,

bacının qızıl zəncir qolbağı,

hamısı rüşvətə düzəlib. (R.Rza) [17 ;140]

Hanı at sürdüyüm boranda, qarda?

Gəzdim aşıq kimi minbir diyarda;

Gülüb oynadığım toyda, mağarda,

Qızların qolbağı yadıma düşdü. (S.Vurğun) [18 ;220]

Fars dilindən alınma olan bazubənd sözü isə  semantik spektr rəngarəngliyi ilə bərabər (1. “Qolbaq, bilərzik. 2. Qədimdə döyüşçülərin qollarına geydikləri dəmir qolçaq.3. din. İçərisində nəzər duası, yaxud dua kitabçalarından bir nüsxə qoyulmuş, meşin və ya parça qovluq; qolbənd. [1;253], digər semantik korrel­yantlarla sinxronik müstəvidə əlaqədən məhrum arxaiklik nümayiş etdirir.

XIX əsr ədəbi dilimizə dair nümunələrdə nisbətən daha yüksək işlənmə tezliyi ortaya qoyan bazubənd sözü növbəti onilliklərdə öz istifadə dairəsini və işlənmə sürəti əsaslı şəkildə azaltmışdır.

Digər nümunəyə diqqət yetirək: Dərhal bazubənd, tac və həmaili götürüb öz mənzilinə gəldi.( Mirzə Adıgözəl bəy Qarabağnamə) [15 ;67 ]

Göründüyü kimi, qolbaq – bilərzik sözlərinin eynimənalılığı şübhə doğur­mur, bazubənd sözü isə nisbi sinonim funksiayasında çıxış edir. Analoji vəziyyəti, yəni eyni sinonim sırada həm eynimənalı, həm də nisbi mənalı sinonimlərin yer alması faktına dilçilik – dilşünasl – filoloq – linqvist – lisaniyyət və ya dilçi – dilşünas – filoloq – linqvist – lisançı sıralarının [ 4;99] timsalında da izləyə bilə­rik. Belə ki, dilçilinqvist, habelə dilçiliklinqvistika sözləri tam seman­tik-funksional eyniyyət nümayiş etdirən dublet sözlər olduğu halda, həmin sino­nim­lərin, müvafiq olaraq, filoloq və filologiya ilə uyğunluğu yalnız konkret mətn çərçivəsində reallaşa bilər. Belə ki, yunan dilində “sevirəm” anlamını ifadə edən phileo və “söz” mənasını bildirən logos sözlərinin birləşməsindən meydana gələn filologiya termini daha geniş anlam ifadə edir. “Hər hansı bir xalqın dil və ədə­biyyatını öyrənən elmlərin hamısının birlikdə adı” kimi (kursiv bizimdir. – S.B.) [2;197] nəzərdən keçirilən filologiya (filoloji, filoloq) termindən istifadənin kon­kret olaraq, dilçilik, ədəbiyyat və ya mətnşünaslığı işarələməsi; və ya bu fənnlərin məcmusunu nəzərdə tutması yalnız müvafiq kontekst çərçivəsində ortaya çıxa bilər. Məsələn: Xüsusilə filologiya sahəsində hansısa yazıçının "yaradıcılıq yolu"na həsr olunmuş dissertasiyaları qeyd etmək istərdim (“Azərbaycan müəllimi” qəzeti, 19 aprel 2013-cü il, № 14 [20 ] )

Filoloji tədqiqatların informasiya təminatı və ədəbiyyatşünaslığa dair məlu­mat resurslarının təşkil edilməsi və təbliği “Elmi informasiya” şöbəsinin əsas fəa­liyyət istiqamətidir [21].Kontekstdən də aydın göründüyü kimi, burada filologiya, filoloji terminləri ədəbiyyat elminə şamilən istifadə edilmişdir. Növbəti nümunə­lər­dən də aydın göründüyü kimi, qeyd olunan sinonim cərgədə yer alan dilçiliklinqvistika (linqvistik)sözləri mütləq sinonimlik və ya dubletlik səciyyəsi daşıyır.

Bu, ... XX əsrin ilk onilliklərində intişar tapmaqda olan dilçiliyin XIX yüzilliyinin linqvistikasının ortaya çıxardığı, lakin həllinə müvəffəq olmadığı bir çox problemə çözüm gətirə bilməməsindən qaynaqlanırdı [7 ;120]; Şumer dilinin yeri linqvistik sistemdə hələ müəyyənləşdiril­mə­yib [22 ].

Belə ki, sino­nimlərin əsas əlamətləri sırasın­da “fikri emossionallıqla dinləyiciyə və ya oxucuya çatdır­mağa, ifadə olunan fikrin bu və ya digər cəhətinə diqqəti artırma­ğa, müəyyən üs­lubi rəngarənglik, çalarlıq yaratmağa xidmət etməsi”ni bildirən S.Sadıqova yazır: “həmməna terminləri sinonimliyin əsas əlamətlə­rini (daha dəqiq desək, S.Sadıqova tərəfindən qeyd edilən əlamətləri – S.B.) əks et­dirmədikləri üçün sinonim hesab etmək düz­gün deyildir. ... elmi terminologiyada işlənən belə terminləri paralellər adlandır­maq daha doğrudur... mənaca bir-birinin tam eyni olan və üslubi cəhətdən fərq­lən­məyən, formaca müxtəlif olan belə terminlər paralel terminlərdir” [13;282-283].

Azərbaycan dilçiliyi üçün, demək olar ki, xarakterik olan yanaşmalardan biri də dubletlərin ziyanlı bir hadisə kimi səciyyələndirilməsidir. Belə ki, görkəmli Azər­­baycan dilçilərindən A.Qurbanov “dildə müəyyən anlayışı eynilə bildirən söz ola-ola, bəzən başqa dildən həmin anlayışı eynilə bildirən başqa bir söz alın­ma­sı­nın” yanlışlığı mövqeyindən çıxış edir. Konkret olaraq, səksən – həştad sözlə­rinin dublet sinonimiliyinin timsalında mövqeyini açıqlayan alim birmənalı şəkildə “dil­lə­rin bu cür bir-birinə qarşılıqlı təsirini mənfi hal hesab edilməli” olduğunu (kur­siv bizimdir. – S.B.) [12; 219] önə sürür. Heç şübhəsiz ki, dilin təbii ehti­ya­cı olma­dığı təqdirdə və beynəlxalq elmi terminologiyanın sanksiyalaşdırma­dığı halda dil­də istilah paralleliyinə yol verilməsi dili zənginləşdirmir, əksinə yükləyir. Lakin istənilən halda semantik pa­ralellərin konkret faktlar üzrə mahiyyətinə nəzər salmadan, onların hamısını ar­tıq yük kimi dəyərləndirilməsinin yanlış olduğunu düşünürük. Halbuki əksər Azərbay­can leksikoloqları ümumiləşdirmə şəklində dubletlik faktlarını semantik- üslubi tav­talogiya ünsürü kimi dəyərləndirirlər. Konkret olaraq, analoji mövqe sər­giləyən S.Cəfərov yazır: “Dubletlər dili lazımsız sözlərin təkrarı hesabına ağır­laşdırır və ifadənin səlisliyini pozur” [5 ;28]. Terminoloq dilçilərimizdən M.Qa­sımov da dub­letləri müsbət hadisə kimi xarakterizə etməkdən uzaqdır. “Ter­mi­no­logiyada sinonimlərin zərərli” olduğunu vurğulayan dilçiyə görə M.Qası­mov və elə­cə də semantik paralellik faktlarının naqislıik kimi səciyyələndirən dil­çilərin böyük əksəriyyəti də dubletlərin təbii seçmə əməliyyatı üçün real dil faktları təq­dim edilməsinin müsbət cəhətlərini nəzərə almada, əsas diqqəti üslubi ağırlıq mə­qamında kökləyirlər. “Termino­logiyada paralelliyin (yəni dublet faktlarını – S.B.) qüsurlu hal sayılması” ilə müəyyən mənada razılaşan S.Sadıqova da bu faktların “elmi dilə ağırlıq gətirdiyini”, “bəzən bir anlayışın bir neçə terminlə ifadə olunma­sının ... dolaşıqlıq yaratdığını”, “bir anlayışla əlaqədar çoxlu miqdarda ter­minlərin yadda saxlanılma­sının qeyri-mümkün olduğunu” önə sürür (kursiv bi­zimdir. – S.B.) [13;284-285]. Bununla belə dilçi, reallıqdan çıxış edərək, “termino­logiyada onun (paralelliyin – S.B.) mövcud­luq faktının inkar edilməsinin qeyri-mümkün olduğu­nu” vurğulayır [13; 285]. Lakin müəyyən çərçivəni aşmadan möv­cud olan semantik paralel­lik situasiyası dili əksinə ağırlıqdan qoruyur, tavto­logiya­dan sığortalayır. Konkret olaraq eyni mətn çərçivəsində yalnız termin sözünün de­yil, onun tam semantik-funksional adekvatı olan istilah leksemindən istifadə oxu­cu­nun diqqə­tinin korşal­mamasına, mətnin daha oxunaqlı olmasına yardımçı ola bilər.
ƏDƏBİYYAT


  1. Azərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə, I Cild, Bakı: Şərq – Qərb, 2006, 744 s.

  2. Azərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə , II Cild, Bakı: Şərq – Qərb, 2006, 792 s.

  3. Azərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə , III Cild, Bakı: Şərq – Qərb, 2012, 672 s.

  4. Yüklə 1,42 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin