Terminologiya məSƏLƏLƏRİ №2



Yüklə 1,42 Mb.
səhifə9/16
tarix16.02.2017
ölçüsü1,42 Mb.
#8934
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

ƏDƏBİYYAT

1. S.Cəfərov Müasir Azərbaycan dili. Leksika. Bakı, 2007 s .63.

2. B.Xəlilov Müasir Azərbaycan dilinin leksikologiyası Bakı 2008.s.65

3. A.H.Qarayev, S.Ə.Cəfəfrov, K.Ə.Cəfərov Avropa mənşəli sözlərin izahlı lüğəti,səh 11.

4. S.Sadıqova. Azərbaycan dilinin terminologiyası, Bakı , səh. 228-229.

5. A.Qarayev. Müasir Azərbaycan dilində leksik alınmalar. Bakı, 1989.

6. İngiliscə - Azərbaycanca izahlı kompüter terminləri lüğəti. Bakı 2014.
Гюнель Пашаева

Резюме

Заимствованные слова из европеизмов в cовременный

азербайджанском языке
В статье говорится о заимствованных словах, о причинах и видах заимствований. В качестве первоисточника взяты слова и термины, а также окончания, перешедшие из европейских языка. Здесь нашли свое отражение и проблемы, касающиеся их усвоения.
Gunel Pashayeva

Summary

Borrowed words from European languangeinto modern

Azerbaijani language

This article deals with borrowed words, and the cause and types of borrowing process. Furthermore, words, terms and suffices borrowed from European language and their adaptation process are scrutinized in this article.




Çapa tövsiyə edən: Sumqayıt Dövlət Universiteti


Rəyçilər: filologiya elmləri doktoru,professor S.Sadıqova

filologiya elmləri doktoru R.Eyvazova


Həbib Mirzəyev

Azərbaycan Texniki Universiteti, dosent.
SÖZÜN SEMANTİK İNKİŞAFINDA METONİMİYA VƏ SİNEKDOXANIN ROLU
Açar sözlər: dil, üslub, janr, lirika, metonimiya, sinekdoxa, obraz.

Ключевые слова: язык, стиль, жанр, лирика, метонимия, синекдоха, образ.

Key words: language, style, genre, lyric, metonymy, sinegdokha, image.
Əsl istedad sahibi dilin bütün leksik – semantik və qrammatik sisteminin dərin qatlarına nüfuz etməyi bacarır. Mətnin səs tərkibi, ifadə seçimi lirik janr üslubunun səciyyələndirilməsində müstəsna əhəmiyyəti vardır. Bədii dilin verdiyi imtiyazlar bütün dil faktlarına dinamika bəxş edir. “Bədii dilin ifadə vasitələri bütöv bir sistemdir, əsas vəzifəsi mənanı dəqiq və dolğun əks etdirməyə, bədii əsərin arxitektonikasının mükəm­mə­lliyinə, üslubun, küllən bədii formanın gözəlliyinə xidmət edir” (8,123). Buna görə də şair sözün bütün məna çalarlarına biganə qalmır. Poetik fikrin əhatə dairəsini genişləndirmək, ifadə yaradıcılığında uğurlar qazanmaq naminə sözün müxtəlif və rəngarəng məna çalarlarına xüsusi həssaslıq göstərir. Adi linqvistik detalın təfərrüatla daxili vəhdəti, sözün məzmuna uyğunluğu sənətkarın bilavasitə fərdi üslubunda yaxından iştirak edir, söz sənətkarının yaradıcılıq metodunun əsas tərəflərini müəyyənləşdirir. Dilin obrazlılıq vasitələri rəngarəng formalara düşür, məcazlaşan leksik ünsür şairin təsvir – tərənnüm obyektinə baxışları ilə səmtləşir. Bununla şair öz nitqini xalq poetik təfəkkürünün təbiətinə uyğun şəkildə qurur. Onun məcaz məcrasına salınmış hər bir sözü, müraciət etdiyi bədii vasitələr dərin fəlsəfi mətləblərin, müdrikliyin, aforistik düşüncə tərzinin daşıyıcısına çevrilir. H.Arifin şeir dili ifadənin dəqiq estetik normativliyinə əsaslanır və bunun nəticəsində sözlərin üslubi rənglərini, bədii mahiyyətini aça bilir.

Dilin lüğət tərkibinin zənginləşməsində sözlərin mənaca mütəhərrikliyi onun ifadəlilik imkanlarının artması ilə müvazi şəkildə baş verir. Bu prosesdə sözün nominativ mənası təbəddülata uğrayır. Müxtəlif predmet və hadisələr arasında assosiativ əlaqələrin əmələ gəlməsində sözün həqiqi mənası ilə yanaşı digər mənalarda işlənməsi müstəsna rol oynayır. Nitq atmosferi sözü məcazlaşmaya məruz qoyur. Nitq prosesi sözün mənasına istiqamət verib onu təsirli bədii təsvir və təsir ifadəsinə çevirir. Bununla da söz bir leksik – semantik qrupdan başqa bir üslubi kateqoriyanın əhatə dairəsinə düşür. Bədii mətn vasitəsi ilə sözün məcazi mahiyyəti təyin olunur.

Poeziya dilində obrazlı leksikanı təşkil edən məcazlar içərisində metonimiya və sinekdoxa da olduqca əhəmiyyətli bədii təsvir vasitələrindəndir. H.Arifin bədii dilində metonimik məcazlar və sinekdoxa daşıdıqları funksiyaya görə, mətnin semantikasında aparıcı mövqeyinə görə xüsusi üslubi təyinatlar qazanır. Onların hər biri şeirin dilində əhəmiyyətli poetik hadisə sayılmağa layiqdir.

“Obrazlılıq keyfiyyəti metonimiyanı dilin ifadəli vasitələrindən biri etməklə, onu bədii üslubun qüvvətli bədii vasitəsinə qədər qaldırır. Özü də danışıq dilindən fərqli burada ümmumxalq metonimiyalarla yanaşı yeni, orijinal xarakterli daha ifadəli metonimiyaların əmələ gəlməsi özünü göstərir” (4,100-103). Məşhur bədii dil ustasının üslubunda metonimiyaların leksik və poetik vahid kimi məziyyətləri açılır. Bu məziyyət şairin üslubunu səciyyələndirən faktor olaraq onun ana dilinin bütün incəliklərinə bələdliyini təsdiqləyir. Sözün zəngin ifadəlilik imkanlarına nüfuzetmə qabiliyyəti ilə H.Arif metonimiyaların estetik füsunkarlığına, bədii məzmunun dolğunluğuna nail olur. Hər bir metonimik məcazın bünövrəsində obrazlı düşüncə tərzi durur. Bu düşüncə sözü varlığın obrazlı təsvirinə yönəldir. Söz həm leksik, həm də poetik vahid kimi çıxış etməklə ayrı-ayrı mətnlərdə müxtəlif məna çalarları yarada bilir.

Metonimiya H.Arifin leksikasının ən ifadəli hissələrindən biridir və obrazlı lüğəvi vahidlərin yaranmasında öz fəallığı ilə seçilir. Şeir dilinin leksik-semantik və semantik-üslubi imkanlarının artmasında yaxından iştirak edir. Metonimiya H.Arifin lirik janr dilində elə bir estetik faktdır ki, o, ilk növbədə ümumxalq canlı danışıq dilinin təbiətin­dən irəli gəlsə də, şairin sözdən təsvir-tərənnüm vasitəsi kimi istifadə məqsədindən yaranıb yeni üslubi keyfiyyətlər doğurur. Sözün semantikasından irəli gələn metonimik məcaz çox zaman mətnin, poetik düşüncənin ağırlıq mərkəzində dayanır, əsas yükü, poetik qayənin açılmasını öz üzərinə götürür. Şairin işlətdiyi hər bir metonimiyada sözə, onun üslubi mövqeyinə xüsusi həssaslıq müşahidə olunur. Ən önəmlisi odur ki, metonimiyalar mətnin həm leksik ahənginə maksimum dərəcədə uyğun gəlir, həm də ümumi məzmun sanki həmin məcazın işlənməsini tələb edir. Bir sözlə, üslubi zərurət metonimiyalarla reallaşdırılır.

Babalar zövqlə yaratdı, getdi,

Dəmiri qaynadıb, misi əritdi,

Şərqi heyran qoyub, Qərbi mat etdi,

Bəzəkli dolçası Azərbaycanın. (3,17)

Metonimiya funksiyasında çıxış edən “Qərb”, “Şərq”, “Azərbaycan”, “Qazax” və “Borçalı” sözləri əslində ayrılıqda işləndiyi mənadan tamam yeni bir məcazi mənanı ifadə edir, eyni səs cildində iki müxtəlif anlayışla bağlı olur. Bir –birindən fərqlənən predmet arasındakı bağlılığın mövcudluğundan irəli gələn metonimik məcaz xüsusi ifadəlilik keyfiyyətlərinə yiyələnir. Yuxarıda nümunə kimi göstərilən metonimi­ya­lar sözün məcazi mənasından yaranan assosiasiyanın bilavasitə nəticəsidir.

Sözün məna hüdudlarına bələdliyi onu mətnin bədii məzmununa uyğunlaşdırma işində həlledici rol oynayır. Yaradıcılıq üslubunda metonimik məcaz şairin sözdən istifadə bacarığı haqqında dolğun təəssürat yaradır. H.Arif bədii dilinin xüsusi siqləti ilə müşayiət olunan sadəliyi, heyranlıq doğuran əzəməti metonimiyalarda da təcəssüm edir. Şair metonimiyalardan, onların üslubi məziyyətlərindən yüksək sənətkarlıqla istifadə edir, sözün leksik-semantik mənalarına yeni çalarlar əlavə etməklə onun orijinal obraz yaratma qanunlarına həssaslıqla riayət edir. Təravətli metonimiya sistemi şairin obrazlı düşüncə tərzinin orijinal istiqamətlərini üzə çıxarır. Metonimik söz özünü başqa anlayışlarla assosiasiyada təqdim edir. Bədii mətnin əsas komponentlərindən biri kimi metonimiya poetik təfərrüatın aydınlığına, obrazlı ifadənin mükəmməlliyinə səbəb olur. Metonimiya məcazi düşüncənin ağırlıq mərkəzinə çevrilməklə əsas poetik yükü leksik səviyyədə öz üzərinə götürür. Metonimiya şeir dilində poetik nitqin ifadəlilik imkanlarını artıran amil kimi, keyfiyyətli üslubi vasitə kimi dəyərləndirilir. H.Arifin “Azərbaycanın simfoniyası” adlı şeirindən götürülmüş aşağıdakı parçaya fikir verək:

Azərbaycan – Odlar yurdu,

Azərbaycan – ana torpaq.

Bu lirik fraqment məcazi mənadan törənmiş obrazlı nitq vahidləri ilə zəngindir. Buradakı “ana torpaq”, “odlar yurdu” məcazi mənadan törəmişdir. Məcaz üzərində qurulmuş bu tərkiblər evfemizm səciyyəli metonimiya kimi bütöv mətnə xüsusi emosional-ekspressiv güc bəxş edir. Bədii ifadə vasitəsi kimi o, həmçinin bütöv mətnin poetiklik meyarını müəyyənləşdirir, bir-biri ilə fərdiliyi və ümumiliyi ilə fərqlənən yeni metonimiyaların, sinekdoxaların işlənməsinə rəvac verir. “Nizami”, “Nəsimi”, “Füzuli” metonimiyaları, “Vaqiflər”, “Sabirlər” sineqdoxaları eyni mətn mühitində üslubi keyfiyyət şəklində işlədilir və poetik məna dairəsini genişləndirməklə müəllif semantik kateqoriya kimi ekspressivliyin də kəmiyyət artımına təkan verir.

Yeri gəlmişkən bir cəhəti xüsusi vurğulamağa dəyər ki, H.Arifin lirik şeirlərinin linqvistik tərtibatında həm metonimiya, həm də sinekdoxa kimi işlənən məcazlar çox hallarda yanaşı, yaxud da yaxın məsafələrdə işlədilir. Bu obrazlı leksikanın hər iki növü kontekstin bədiiləşdirilməsi prosesinin fəal istiqaməti olub, təsvir-tərənnüm obyektinin fiziki və ya mənəvi-poetik keyfiyyətlərini daha qabarıq nəzərə çatdırır. Metonomiya ilə sinekdoxanın eyni mətndə sadalanma məqamları və onların yanaşı gəlməsi ilə şair bir predmetin anlayışını canlandıran sözlə tamam başqa bir məfhumu obrazlı ifadə etməklə mükəmməl üslubi şəbəkə yarada bilir. Məsələn, aşağıdakı nümunədə “İran” və “Turan” metonomiyaları, “Ərəb” və “Monqol” sinekdoxaları yan-yana qoşalaşdırmaq nəticəsində ifadə strukturunun zənginliyinə nail olur. Ən əsası ondan ibarətdir ki, müəllif sinekdoxa və metonimik məcazların məna uyuşması üzərində bədii mətləbə xüsusi aydınlıq gətirir, müxtəlif səciyyəli məcazi sözlərin birliyinin bilavasitə köməyi ilə əsas qayənin ifadə elastikliyinə nail olur.

Diqqət çəkən odur ki, metonimiya və sinekdoxalar şairin yaratdığı obraz və poetik əhval-ruhiyyəyə uyğundur. Sənətkarlığın ən bariz nümunəsi kimi onu da qeyd etmək lazımdır ki, lirik təhkiyədə bu cür məcaz tiplərinin intensivliyi mətnin atributiv keyfiyyətidir. Metonimik məcazın və sinekdoxanın sayəsində ortaya çıxan əsas üslubi əlamətlərdən biri də budur ki, H.Arifin üslubunda bu sənətkarlıq faktı həmişə fərdidir və özünü spesifik formalarda təzahür etdirir. Metonimik leksik vahidlərin mətndə aparıcı üslubi mövqeyə çıxıb fəallaşması şeirin poetik strukturunda və dil simmetriyasında təzahür edir və bütün hallarda milli təfəkkürün ifadə tərzinə yaxınlaşır. Şeirin digər dil-üslub əlamətləri ilə qovuşmaqla həyat materiallarının fonuna düzgün biçilir və məzmunla səslənmə məziyyətləri kəsb edir. Metonimiya poetik fikri müəyyən istiqamətdə motivləşdirən və tənzimləyən üslubi məqsədə xidmət edib şeir dilinin lirizminə güc-qüvvə bəxş edir.

Dilimizin yaratdığı ifadəlilik imkanları söz seçimində, sözü bu və ya digər məcazi mənada işlətmək bacarığında öz əksini tapır. Müasir ruhlu sənətkar olan H.Arif klassik Azərbaycan şeirinin zəngin ənənələrindən qidalanaraq metonimiya və sineqdoxanın köməyi ilə dilə dərin poetik məna ifadəetmə keyfiyyəti verir. Sözün məna sərhəddinin genişlənməsi obrazlı deyimin məzmununu sanballaşdırır, obrazlılıq daha çox metonimiya və sinekdoxa vəzifəsini daşıyan sözlərin üzərinə düşür :

Bir nəğmədi, bir şeirdi,

Dinəndə Vurğun deyirdi,



Füzulidi, Üzeyirdi,

Şəhriyardı Azərbaycan. (2,9)

Adın dəyişdirilməsi H.Arif poeziya dilinin məhsuldar təsvir vasitəsidir. Müxtəlif anlayışlar arasındakı əlaqələr metonimiyanın cövhərini təşkil edir və bu məcaz növü H.Arifin üslubunun əsas əlamətlərindən biri kimi olduqca dəyərli bədii keyfiyyət göstəricilərindəndir. H.Arifin lirik təhkiyəsində metonimik məcaz bir tərəfdən sözə qənaət məqsədi daşıyırsa, digər səmtdən poetik fikrin vüsətliliyini təmin edir. Metonimiya vasitəsi ilə şair lüzumsuz təfərrüatların qarşısına sədd çəkir, heç bir poetik şərh olmadan, xırda detallar vasitəsi ilə bədii qayə lakonik təcəssüm qəliblərində verilir. Şeirin yığcamlığı bədii dil sisteminin ləyaqətli cəhətlərini nümayiş etdirir və hər bir metonimik söz ümumiləşdirmə qüdrəti kəsb edir. Bədii mündəricənin əsas məğzinin düzgün qavranılması üçün metonimiyalara intensiv müraciət üslubi zərurətin gerçəkləşməsi naminə həyata keçirilir. Metonimiya üzərində qurulmuş şeir nitqi olduqca şairanə fikir və duyğularla müşayiət olunur və digər bədii təsvir və ifadə vasitələri ilə obraz şərikliyində daha qabarıq formalarda üzə çıxır.

Alim tanıyıram, qoca Qafqazın

Çeşmə tək durulub dibindən çıxır.



Alim var, sol əli Salman Mümtazın,

Sağ əli Hümbətin cibindən çıxır. (2,88)

Nümunələrin əvəzsiz bədii gücü diktə edir ki, metonimiyalar şeirin, poetik mündəricənin üslubi əzəmətidir. Bədii yaradıcılıq məhsulu kimi onların estetik və emosional gücü bədii fikrin düzgün qavranılmasına istiqamətlənir. Maraq doğuran estetik cəhət kimi xüsusi qeyd edilməlidir ki, metaforaların bilavasitə köməyi ilə şairin təqdim etdiyi fikirlər obrazlaşır. Hər uğurlu metonimik söz şairin yaradıcılıq təntənəsi təəssüratı doğurur.

Bədii dil elə bir fenomendir ki, istənilən dil ünsürü poetik mətn tərtibatının fəal iştirakçısı olma qabiliyyətini nümayiş etdirə bilir. “Bədii dildə ümumxalq dilindən fərqli olaraq emosionallığın və ekspressivliyin ifadə imkanları daha geniş və daha rəngarəngdir. Çünki burada həm ümumxalq dilinə xas olan emosional-ekspressiv kəlmələr ifadə gücünə malikdir, həm də ən adi neytral sözlər xüsusi üslubi üsulların sayəsində emosional və ekspressiv mənalar qazana bilir.” (5,19). Bu özünü metonimiya və sinekdoxaların yaranmasında da göstərən cəhətlərdən biridir. Adi sözlərdən, müxtəlif şəxs adlarından törəyən metonimik məcazların, sinekdoxaların da özülündə məhz üslubi cəhətdən neytral leksik vahidlər dayanır. Mətndən kənarda semantikasında qeyri-bədiilik, neytrallıq olan sözlər mətn mühitinin yaratdığı üslubi şəraitin tələbi ilə məcazlaşır və öz obrazlılıq yaratma keyfiyyətlərini büruzə verir.

H.Arif “Bədəl olmaram” adlı on bəndlik şeirində uşaqlıq xatirələrini canlandıran maraqlı və yığcam süjet qurub Bədəl obrazını yaratmışdır. “Dirədöymə”,“Gizlənqaç”, “Top-top”, “Qov-tut”, “Çiling-ağac”, “Qaçaq-qaçaq” oyunlarında “Kim məndən?” deyən Koroğludan, Gizir oğlundan, Qaçaq Kərəmdən fərqli olaraq Bədəl “Mən kimdən?”sualı ilə ona-buna sığınır. Maraqlıdır ki, ilk səkkiz bənddə Bədəldən başqa, bütün şəxs adları metonim kimi çıxış edir. Hadisənin ən xırda təfərrüatları, onun müxtəlif element və çalarları poetik şərhdən keçirildikdən sonra Bədəl simvollaşdırılır. Məhz bundan sonra son iki bənddə bu ad həm metonimiya, həm də sinekdoxa kimi işlənir və şairin metonimik təfəkkürünün gücünə aydınlıq gətirir.

Bilirəm yerimi bu həyatda mən,

Elimə, obama əngəl olmaram.

Dönüb torpaq ollam torpaq altda mən,

Qalıb torpaq üstə Bədəl olmaram. (2,131)

“Bədəl”in metonimikləşməsi paralel olaraq predmet və hadisələri də poetikləşdirir. Obrazın daxili mahiyyətini qabarıq bir formada açıb göstərir. Deməli, göstərilən metonimiya və sinekdoxanı əmələ gətirən əsas amil sənətkarın obrazlı fikir ifadəsinə olan cəhdinə, mənalı və yaddaqalan bədii obraz yaratma niyyətinə söykənir.

H.Arifin bədii dil ecazkarlığının, fərdi üslubunun sirlərinin açılmasında, göründüyü kimi, metonimik məcazlarla sineqdoxalar məcazi təsvir vasitələrindəndir. Bu prosesdə ədəbi növ, lirik janr da az əhəmiyyət kəsb etmir. Söz janrın tələblərinə görə plastik səciyyə daşıyır, mənadan mənaya keçid onun linqvopoetik mahiyyətini təsdiqləyir. Görkəmli dilçi alim Ağamusa Axundovun təbirincə desək, “Bəstəkarın ifadə vasitəsi səs tonlarıdırsa, rəssam fikir və duyğularını rənglərlə nəqş edirsə, şairin imkanında olan sözlərdir, onlara verilən yeni mənalardır: şeiri qanadlandıran, şairi və şeiri sevdirən sözlərdir.” (1,184) Sözü poetik məna çalarlarında işlətməklə H.Arif də leksik-üslubi koteqoriyaları obrazlılığın linqvistik əsasına çevirmişdir. Şairin məşhur “Sevin, duyun təbiəti” şeirindəki metonimlər zamana görə əmələ gələn məcazlardır. Buradakı “bahar”, “yay”, “payız” və “qış” kimi metonimiyaların səciyyəvi cəhəti ondan ibarətdir ki, zamanla bağlı sözlər əslində həmin vaxt daxilində zəhmətə qatlaşan insanları bildirmək üçün işlədilir, onların lakonik və obrazlı əvəzedicisi kimi poetik cazibə əmələ gətirir. Bununla belə bütün hallarda metonimiya da metafora kimi zəngin üslubi çalarlara malik məcaz növüdür və bu bədii təsvir vasitəsi quruluşuna, formasına, ifadə üsullarına görə orijinal keyfiyyətlərə malikdir.

H.Arifin zəngin bədii yaradıcılığı üzərindəki müşahidələr belə deməyə imkan verir ki, onun şeir dilində şəxs adları arasında əmələ gələn metonimiyalar kəmiyyət üstünlüyü ilə seçilir. Bunların böyük bir qismi tarixi şəxsiyyətlərin xatırlanması hesabına yaranır. Təbiidir ki, bu üsulla müəllif tarixi şəxsiyyətlərin əməllərini ümumilləşdirməklə geniş məzmunlu bədii dil sənətkarlığına nail olmuşdur. Digər qrupa daxil olan metonimik məcazlar isə şəxs adları əsasında xüsusi adların ümumi ismə keçməsindən törənənlərdir ki, burada semantik sözdüzəltmə yolu ilə metonimiya yaradıcılığı gerçəkləşdirilir. Hər iki növ metonimiya qüvvətli assosiasiya və ümumiləşdirmə xüsusiyyəti kəsb etməklə sözün bədii ölçülərini dəyişdirir. Belə məcazlaşma prosesləri sözün duyğu və fikir yönümünə təsir imkanlarını aşkarlayır.

Məşhur şəxs adlarının məcazlaşaraq metonimiyaya çevrilməsi, mənasının dəyişməsi qüvvətli ümumiləşdirmə keyfiyyəti kəsb edib yüksək emosionallıq və ekspressivliklə müşayiət olunur. Yuxarıda nümunə kimi gətirilən şeir parçalarından da açıq-aşkar sezilir ki, H.Arif bir sıra tanınmış ədəbi şəxsiyyətlərin, milli qəhrəmanların adlarını metonimiyalaşdırmaqla yanaşı, tarixdə, ədəbiyyat və mədəniyyət aləmində ad qazanmışları ismin cəmində işlətməklə olduqca dolğun obrazlı ifadə tərzinə nail olur. Bu üsulla metonimiyadan sinekdoxaya keçid H.Arifin poeziya dilində olduqca intensiv səciyyə daşıyır. Münasib məsafələrdə misralara düzülmüş, gah distant, gah da kontakt formalarda işlədilmiş bu cür sinekdoxalar mühüm bədiilik vasitəsi kimi şeir mətninin uğurlu tərtibində mərkəzi yer tutur. Bədii obrazın canlandırılmasında və varlığın poetik duyumunda sineqdoxa həlledici üslubi vasitə kimi çıxış edir. Şeirin mükəmməl poetik strukturu təsvir və tərənnüm obyektinə fəal poetik ovqat formalaşdırır. Sinekdoxa dilin məcazlaşma imkanlarını, sözün estetik təbiətini bütün incəlikləri ilə açır:

Zalımlar qanımı içdi, deyərdim.



Həzilər yadları dağlamasaydı,

Fələk Kərəmləri biçdi, deyərdim. (2,166)



Kərəmlər, Dilqəmlər kimdə var desin,

Əlimin dalını yerə qoyum mən. (2,178)

H.Arifin şeir dilində sinekdoxa dönə-dönə işlənir. Şablon ifadələrdən qaçmağa meyilli olan şair əsərinin məzmunundan asılı olaraq orijinal məcazlara, məntiqi təfəkkürə söykənən obrazlı ifadələrə tez-tez müraciət edir. Xalq qəhrəmanlarına, tarixi şəxsiyyətlərə, bədii söz ustadlarına, məşhur bədii surətlərə xas olan keyfiyyətlərin, səciyyəvi xüsusiyyətlərin başqa şəxslərlə müqayisəsi təsvir predmetlərinin cövhərini tam üzə çıxarmaq məqsədini izləyir. O da nəzərdən qaçmır ki, şairin qələmindən çıxan sinekdoxaların böyük bir hissəsi elə tarixi şəxs adları ilə bağlıdır ki, onlar xalqın yaddaşında, mənəviyyatında silinməz izlər buraxmışlar. Şairin bədii dilindəki sinekdoxaların əksər qismi obrazların tərənnümunə yönəldilmiş, obrazın daxili mahiyyətini dolğun şəkildə açmağa istiqamətləndirilmişdir.

Folklor motivləri H.Arifin sinekdoxalarında qabarıq şəkildə özünü büruzə verir. Bununla şair xüsusi pafos, intonasiya və bədiilik yaradır. Mövzunun məğzini açmağa kifayət edən bu cür sinekdoxalar ifadəli təsvirin əsasını təşkil edir. Məsələn, şairin məşhur “Axtarıram” adlı şeirində görkəmli el sənətkarlarının adı ilə bağlı sinekdoxalar silsilə təşkil edir. Sadalanma üsulu ilə deyilən bu sinekdoxaların kökündə məcazilik durduğu üçün onların hər biri obrazlı təsvir vasitəsi səviyyəsinə yüksəlir. Şairin poetik üslubunun səciyyəvi tərəflərini təmsil edən sinekdoxalar şeirdə xüsusi sanbal yaradır. Şeirin müxtəlif hissələrində simmetrik şəkildə sadalanan sinekdoxa bədii ümumiləşdirmə işinə, obrazlı leksikanın üslubi zənginliyinə xidmət göstərir. Bunu şairin adını çəkdiyimiz şeirinin aşağıdakı nümunələrində açıq-aşkar görmək mümkündür:

Soraqdayam, -

Aşıq Alı sorağında,

aylar, illər yola düşüb. (2,184)

Mən onları axtarıram.

Abbasları, Əmrahları,

Qasımları,

Ümumi məzmunun sayəsində “Aşıq Alı”, “Dilqəm” metonimiyaları, “Abbaslar”, “Əmrahlar”, “Qasımlar” sinekdoxaları bütövlükdə təsvir obyektinin, bədii duyğu və düşüncələrin şair qəlbindəki əks-sədası kimi işlənir. Onların yaratdığı təəssürat özülündə düşündürücü bədii mətləb dayanır. Sənətkar əhval-ruhiyyəsinin sərrast ifadəsi olaraq sinekdoxa və metonimiyalar cazibəli quruluş, təravətli forma baxımından da şairin üslubi maneralarına tabe olur. Beləliklə, şair bu məcaz tiplərinin ifadəlilik imkanlarına istinad edərək şeir dilinin ünsürlərini zəngin notlar üzərində formalaşdırır.Müəyyən üslubi özünəməxsusluğu metonimiyaları da, sinekdoxaları da varlığı lirik qavrama prosesinin fəal iştirakçısı edir. Şeirin leksik sisteminin ahəngindən asılı olaraq həmin məcazi sözlərin üslubi təsir dairəsi daha da genişlənir. Sinekdoxa və metonimiyanın mətn mühitini fəallaşdırması digər leksik vahidlərin də poetik imkanlarına müsbət təsir göstərir, şeirin bütün elementləri hərəkətsizlikdən, üslubi məhdudluqdan uzaqlaşırlar. Buna görə də H.Arif misralara mənalı və təsirli keyfiyyət qazandırmaq üçün metonimiya qismində çıxış edən hər sözü poetik vahidə çevirir, sinekdoxalar sayəsində poetik fikri hərəkətə gətirir və onların hər ikisini poetik ovqata, dilin estetikasından irəli gələn parlaq bədii təəssüratlara yönəldir. Metonimiya və sinekdoxa vasitəsilə yaranan bədii məzmun poetik mündəricənin səciyyəvi çalarlarını aşkarlayır. Məzmun və ideya zənginliyi məcazi sözlərin sayəsində lirik təhkiyəyə çökür, lirik obrazın canlı cizgiləri oxucu zehninə daha dərindən nüfuz edə bilir.

Görkəmli dilçi-alim Müseyib Məmmədovun dediyi kimi, “Şairlik müqəddəs sənətlərdən biridir. Şair sözü hikmətlər tacıdır. Şair sözü insan aləmini danışdıran, onu dilə gətirən, ona hərtərəfli təsir göstərən ən sehrkar qüvvədir” (7, 37). H.Arif sözə məhz bu mövqedən yanaşır. Onun dilindəki metonimiya və sinekdoxalar da adi söz çərçivəsinə sığışmır. Onlar hər şeydən əvvəl bədii sözdür, canlı sözdür. Bu söz onu yaradanlardan böyük istedad və həssaslıq tələb edir.
Ədəbiyyat siyahısı
1. Axundov A. A. Dilin estetikası. Bakı, “Yazıçı”, 1985.

2. Arif H. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2004.

3. Arif H. Seçilmiş əsərləri. Bakı, 2011.

4. Əfəndiyeva T.Ə. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, “Elm”, 1980.

5. Əfəndiyeva T. Ə. Azərbaycan ədəbi dilinin üslubiyyatı problemləri. Bakı, “Nurlan”, 2001.

6. Xəlilov B.Ə. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı, 2008.

7. Məmmədov. M. Filoloji düşüncələr. Bakı, “Nurlan”, 2005.

8.Şəmsizadə N. Ədəbiyyat nəzəriyyəsi. Bakı,“Proqress”, 2012.


Габиб Мирзоев

Роль метонимии и синекдохи в семантическом

развитии слова

Резюме
Среди метафор, составляющих образную лексику поэтического языка, метонимия и синекдоха являются одним из важнейших способов художественного изображения. В художественном языке Г.Арифа метонимические метафоры и синекдоха благодаря ведущей роли в семантики текста, приобретают особые стилистические назначения и каждая из них достойна считаться важным поэтический явлением.

Статья посвящена научному исследованию стиле-эстетических особенностей метонимических метафор и синекдохи в поэтическом языке. Задачей являлось определение и выявление художественно-функциональных возможностей данных видов метафоры, обладающих богатым спектром применения.


Habib Mirzayev

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin