Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

KATONUN ÖLÜMÜ 
 
Lakin  Pompey  tərəfdarları  da  sakit  oturmamışdılar.  Katon  və  Stsipion  48-ci 
ildəki Farsal döyüşündən sonra Afrikaya qaçmış, orada çar Yubanın köməyi ilə xeyli 
qüvvə  toplaya  bilmişdilər.  Sezar  onlarla  vuruşmağı  qərara  aldı,  əvvəlcə  Siciliyaya 
gəldi,  oradan  isə  Afrikaya  yollandı.  Sezarın  düşmənlərinin  ən  böyük  qüvvəsi 
Numidiya  süvari  dəstələri  idi.  Bir  dəfə  onların  hücumu  Sezarı  olduqca  çətin 
vəziyyətdə  qoymuşdu.  Sezarın  döyüşçülərinin  bir  hissəsi  öldürülmüş,  qalanları  isə 
qaçmışdı.  Digər  bir  döyüşdə  isə  Sezar  qaçan  bayraqdarı  tutub  geri  qaytarmış  və 
demişdi:  "Bax  hardadır  sənin  düşmənlərin".  Bundan  sonra  46-cı  ildə  Taps  şəhəri 
yaxınlığında böyük döyüş getdi. Sezar sürətli zərbə ilə Yubanı qaçmağa məcbur etdi. 
Plutarxın yazdığına görə, düşmən 50 min nəfər itirdi, Sezarın isə itkisi min dəfə az - 
50  nəfər  idi.  Bu  döyüş  vaxtı  Sezarın  Misirdə  də  özünü  göstərən  xəstəliyi  -  ürək 
getməsi  baş  vermişdi.  Burada  əsir  düşən  konsul,  pretorlardan  bir  hissəsi  özlərini 
öldürdülər, digərlərini isə Sezar edam etdi.  
Sezar Katonu tutmağa can atırdı, ona görə də köhnə düşməninin olduğu Utika 
şəhərinə  tələsdi.  Katon  bu  şəhəri  müdafiə  etdiyinə  görə  döyüşdə  iştirak  etməmişdi. 
Məğlubiyyət    xəbərini  alan  Katon  özünü  intihar  etdi.  Kiçik  Katon  özünü  öldürmək 
istəyəndə    ona  mane  olmağa  cəhd  edənlərə  dedi:  "Sizə  görə  mən  belə  cavanam  ki, 
həyatdan tez getmək istəyimə görə məzəmmətə layiq olam". Bu sözləri deyən adamın 
isə vur-tut 48 yaşı var idi.  
Mark  Portsi  Katon,  Utikalı  Kiçik  Katon,  senzor  Böyük  Katonun  nəticəsi  idi, 
m.ə. 95-ci ildə anadan olmuşdu. O, ultra-mühafizəkar senator aristokratiyası sayılan 
Optimatların  lideri  olmaqla,  hakimiyyət  iddiasında  olanların,  xüsusilə  Yuli  Sezarın 
cəhdlərinin əksinə olaraq Romada respublika quruluşunu qoruyub saxlamaq istəyirdi.  
Valideynləri öləndə, dayısı Mark Livi Druz Katonu öz evinə götürdü. Druz 91-
cü  ildə  tribun  olmuşdu.  Katon  72-ci  ildə  Spartakın  qul  üsyanına  qarşı  yeridilən 
orduda  xidmət  etmişdi.  O,  67-ci  ildə  Makedoniyada  hərbi  tribun,  64-cü  ildə  isə 
kvestor olmuşdu. Sonra Asiyada əyalət vəzifəsi əldə etmişdi. 62-ci ildə isə bir tribun 
kimi Katilina qəsdçilərinin edamı təklifinin lehinə səs verməklə,  bu təklifin əleyhinə 
çıxan Sezarın qəzəbinə səbəb olmuşdu. 
Katonun  Pompey,  Sezar  və  Litsini  Krassa  qarşı  müxalifəti,  onların  60-cı  ildə 
triumvirat  adlanan  ilk  koyalisiyasının  yaranmasına  gətirib  çıxarmışdı.  O,  Sezarın 
aqrar qanun layihəsinin qəbul edilməsinin qarşısını almağa da uğursuz cəhd etmişdi.  
Sezar  Katonu  Romadan  uzaqlaşdırmaq  üçün  58-ci  ildə  onu  Kipri  anneksiya 
etməyə  göndərdi.  Lakin  56-cı  ildə  qayıtdıqdan  sonra  Katon  Triumvirata  qarşı 
mübarizəsini davam etdirdi.  
51-ci ildə isə konsulluğu əldə etməkdə uğursuzluğa düçar olan Katon, ictimai 
həyatdan uzaqlaşmağı qərara aldı.  
Bu  dövrdə,  49-46-cı  illərdə  Sezarın  Pompeyə  və  senata  qarşı  təcavüzkar 
hərəkətindən  sonra  ölkədə  vətəndaş  müharibəsi  getdi.  Katon  güman  edirdi  ki, 
respublikanı  qoruyub  saxlamağın  yeganə  yolu,  əvvəllər  müxaliflik  etdiyi  Pompeyi 
dəstəkləməkdən ibarətdir. Müdafiəsi ona etibar edilmiş Siciliyanı qoruyub saxlamaq 
mümkün olmadı. Pompeyin Farsaldakı məğlubiyyətindən sonra Katon salamat qalan 
kiçik qoşun dəstələrinin qalığını Afrikaya apardı. O, Utikada möhkəmləndi və hətta 

 
142 
46-cı  ildə  Tapsda  respublikaçı  qüvvələrin  qəti  məğlubiyyətindən  sonra  o,  öz 
tərəfdarlarının dənizlə evakuasiyası qurtarana qədər şəhər darvazalarını bağlı saxladı. 
Sonuncu gəmi yola düşdükdə, Katon özünə sui-qəsd etdi.  
Ölümündən sonra Katonun xarakteri mübahisə obyektinə çevrildi. Tsitseronun 
Katon barədəki panegirik kitabına Sezar acı "Anti Katon" əsəri ilə cavab verdi. B.e. I 
əsrində  yazıb  yaratmış  şair  Lukan  özünün  "Bellum  civile"  əsərində  Katonu  ləyaqət 
rəmzi kimi təsvir edir. 
Mark Portsi Katon görkəmli siyasi xadim olub, sonralar təkbaşına hakimiyyətə 
can atan Sezarın ən prinsipial və ən ardıcıl əleyhdarı idi. O, riqorizminə görə babası 
Böyük  Katondan  geri  qalmırdı.  Ciddi  əxlaqi  prinsiplərin  və  qədim  Roma 
qaydalarının  pərəstişkarı,  ardıcıl  stoik  və  qeyri-adi  mənəvi  gücə  malik  olan  Katon 
Sezarı prinsipsiz siyasətbaz, hiyləgər və həyasız adam hesab edirdi. Kiçik Katon çox 
gənc yaşlarından cəsarəti, qorxmazlığı ilə seçilirdi. Tarixçi Appian özünün "Vətəndaş 
müharibələri"  əsərində  yazır  ki,  Sulla  diktatorluq  səlahiyyətlərini  öz  üzərindən 
götürdükdən  sonra  evinə  gedəndə,  bir  oğlan  onu  evinə  qədər  söyə-söyə  müşayiət 
etdi.  Qəzəbindən  böyük  vəzifəlilərin,  bütün  şəhərin  tir-tir  əsdiyi  Sulla  bu  oğlanın 
söyüşlərinə dözürdü və evinə girdikdə o, gələcək haqqında peyğəmbərcəsinə bir söz 
dedi:  "Bu  oğlan  mənim  kimi  hakimiyyəti    olan  bir  adama  bu  hakimiyyəti  öz 
üzərindən  atmağa  mane  olacaqdır".  Doğrudan  da  bir  müddət  keçdikdən  sonra 
romalılar  başa  düşdülər  ki,  Sulla  düz  deyibmiş.  Qay  Sezar  öz  hakimiyyətini  öz 
üzərindən götürə bilmədi və öldürülməklə bu imkandan məhrum oldu. Həmin gənc 
16 yaşlı Mark Katon idi.  
Katonun təvazökarlığı da, hələ qızğın siyasi fəaliyyətə başlayandan xeyli əvvəl 
özünü büruzə vermişdi. Spartakla müharibə vaxtı Roma ordusuna Gelli komandanıq 
etdikdə, hərbi tribun olan qardaşına görə Katon yürüşdə könüllü kimi iştirak edirdi. 
Bu müharibə uğursuz olduğuna görə, Katon öz igidliyini göstərə bilmədi. Lakin ordu 
dəhşətli  dərəcədə  zənginliyə  qurşananda  və  çətinliyə  dözməyəndə,  o,  qayda-
qanunlara,  mərdliyə,  ruhun  və  ağlın  ayıq  olmasına  xüsusi  diqqət  nümayiş  etdirirdi, 
bütün  bunlar  elə  görünürdü  ki,  o,  hətta  Böyük  Katondan  da  geri  qalmır.  Gelli  ona 
müxtəlif  növ  mükafatlar  və  fərqləndirmə  nişanları  təqdim  etdikdə,  Katon  bundan 
imtina  etdi,  heç  mərasimə  də  gəlmədi  ki,  o,  mükafata  layiq  bir  şey  etməmişdir. 
Şöhrətpərəstliyə  xüsusi  aludə  olan  və  layiq  olmadıqları  şərəfə  də  yiyələnməyə  can 
atan romalıların arasında Katonun bu hərəkəti qəribəlik, ağılsızlıq kimi görünürdü.  
Katon  daim  öz  prinsiplərini,  nəcib  əxlaqı  praktsizmdən,  ötəri  faydadan  çox-
çox  yüksək  tuturdu.  O,  biganəliyə,  haqsızlığa,  var-dövlət  toplamağa  tam  yad  idi, 
respublika  quruluşuna  yönəldilən  ən  kiçik  zərbəni  belə  özünə  qarşı  qəsd  kimi 
qiymətləndirir  və  bütün  varlığı  ilə  özünü  müqavimət  davasına,  mübarizəyə  həsr 
edirdi.  
Aristokratiya  məfhumunun  əmələ  gəlməsinə  səbəb  olan  Homerin  ilk  dəfə 
işlətdiyi  "aristoy"  -  "xeyirxah",  "nəcib",  "ən  yaxşı"  adlandırdığı  şəxslərin  zümrəsi 
yalnız  Katon  kimilərdən  ibarət  olsaydı,  bu  aristokratiya  cəmiyyəti  heç  vaxt 
deformasiyaya  uğramazdı,  təhriflərə  məruz  qalıb,  öz  yerini  digər  ondan  aşağı 
səviyyəli  və  qeyri-sabit  dövlət  quruluşlarına  verməzdi.  Lakin  təəssüflə  qeyd  etmək 
lazımdır ki, bütün cəmiyyətlərdə olduğu kimi, Romada da aristoylar - ən yaxşılar az 
idi  və  ya  onları  Katon  kimi  barmaqla  saymaq  olardı,  yaramazlar,  əclaflar,  sərvət  və 

 
143 
şöhrət  düşkünləri  isə  leş  üstünə  darışan  kaftarlar  kimi,  nəinki  dövlətin  bədənini  az 
müddətdə  öz  mədələrinin  mülkiyyətinə  çevirdilər,  hətta  iti  dişləri  ilə  bu  dövlətin 
onurğa  sütununu,  sümüklərini  də  əzib  toza  çevirə  bildiklərindən  quruluşun 
xarabalıqları üzərində eybəcər diktaturanı və onun bir şəkildəyişməsi olan imperiya 
siyasi quruluşunu yaratdılar.  
 
Katon  öz  riqorizminə  uyğun  olaraq  mövcud  reallığı  nəzərə  almırdı,  hissə 
qapılaraq  gerçəkliyi  öz  prinsipləri  səviyyəsində  görmək  istəyirdi,  siyasi  hadisələrin 
və  şəxsiyyətlərin  qiymətləndirilməsində  mövcud  standartlardan  deyil,  öz  əxlaqi 
prizmasından yanaşırdı. Buna görə də bəzən ölçü hissini itirirdi.  
Məhz belə siyasi ehtiras və təmənnalı güzəştləri qəbul etməmək keyfiyyəti ona 
çoxlu  düşmənlər  qazandırırdı.  Bu  sahədə  o,  özünün  mənəvi  əcdadları  olan  Lutsi 
Brutdan və Mark Kamilldən fərqlənmirdi. Brut dövləti və qanunları qorumaq naminə 
öz  oğlanlarının  edamına  hökm  vermişdi,  Kamill  isə  Romanın  parçalanmasını  tələb 
edən və həm də hakimiyyətə qəsd hazırlayan qaragüruha güzəştə getməmişdi. Katon 
da nəinki Katilinaya və onun tərəfdarlarına güzəştə getmədi, hətta senatdakı çıxışında 
Sezarın onlarla əlbir olmasına və onları müdafiə etməsinə açıq işarə edərək, dedi ki, 
bu  daha  qorxulu  vəziyyət  yaradır.  Həmin  vaxtda  o,  özünə  Sezar  kimi  təhlükəli  bir 
düşmən  qazandı.  İlk  dəfə  olaraq  o,  Sezara  qarşı  senatorlar  arasında  şübhə  toxumu 
səpdi,  lakin  qorxudan  bu  cücərtiləri  müəyyən  mənafelər  və  maraqlar  ucbatından 
məhv  edən  adamlar,  sonralar  Sezar  diktaturasının  reallığa  çevrilməsinin  şahidi 
olmaqla  yanaşı,  bu  diktaturanın  və  daha  çox  onun  törətdiyi  qanlı  münaqişələrin  və 
müharibələrin  qurbanları  oldular.  Əgər  senat  azacıq  sayıqlıq  edib,  Sezarın 
hərəkətlərinin  mahiyyətinə  nüfuz  edə  bilsəydi,  Roma  ikinci  dəfə  vətəndaş 
müharibəsinə  cəlb  olunmazdı,  öz  dövlət  quruluşunu  itirməzdi  və  sonrakı  qardaş 
qırğınlarına öz qapılarını taybatay açmazdı.  
Digər  tərəfdən  Katilina  qəsdi  vaxtı  Tsitseronun  fəaliyyətini  mütləq  dərəcədə 
şişirtməsi  və  xalq  tribunu  kimi  öz  şöhrətindən  istifadə  edib,  xalqı  ona  görünməmiş 
ehtirama sövq etməsi və xalq yığıncağında ilk dəfə olaraq Tsitserona "Vətənin atası" 
fəxri adını verməsi, sonralar konsulun vəziyyətinin diametral qaydada dəyişməsində 
az rol oynamadı. Bütün bunlarla yanaşı hissə qapılan Tsitseron da ədalətsiz ittihamlar 
etdikdə, Katon buna dözmürdü və hətta nifrət bəslədiyi adama da əsassız hücumlar 
edildikdə,  buna  qarşı  çıxır,  onlara  kəskin  etirazını  bildirirdi.  Klodi  Tsitseronu 
Katilina  tərəfdarlarını  istintaqsız  və  məhkəməsiz  edam  etməkdə  günahlandırdıqda, 
Tsitseron  onu  qanunsuz  olaraq  patritsilər  sırasından  xalq  tribunluğuna  keçməkdə 
ittiham  etdi.  Əlbəttə,  Tsitseronun  ittihamı  əsassız  idi,  çünki  Klodini  bir  plebey 
oğulluğa  götürməklə,  o,  qanuni  olaraq  patritsilikdən  plebey  zümrəsinə  keçmiş  və 
qanunda  nəzərdə  tutulduğu  kimi  bir  plebey  kimi  ədalətli  qaydada  xalq  tribunu 
seçilmişdi. Çünki xalq tribunu mövcud qanunlara görə yalnız plebeylərdən seçilməli, 
onların mənafeyini təmsil və müdafiə etməli idi. Bu vaxt çıxış edən Katon Tsitserona 
ciddi etiraz etdi. O, qeyd etdi ki, Klodinin hərəkətlərindən hiddətlənir, lakin sonra o, 
Tsitseronun  senatın  bütün  qərarlarını  ləğv  etmək  barədəki  təklifinin  əleyhinə  çıxdı. 
Katonun bu çıxışından Tsitseron özünü təhqir olunmuş hesab etdi, lakin sonralar bu 
onların münasibətlərinin tam korlanmasına səbəb olmadı.  

 
144 
Tsitseron  isə  Katon  tərəfindən  məhkəməyə  verilmiş  Litsini  Murenanın 
müdafiəsini öz üzərinə götürdü. Yaxud Sezar İspaniyada olanda Tsitseron Pompeyin 
yanına  yollandı,  Yunanıstanda  Katondan  başqa  hamı  onu  sevinclə  qarşıladı.  Katon 
isə Pompeyə qoşulduğuna görə onu məzəmmət etdi, çünki özü Sezarın açıq düşməni 
olduğuna görə  ona qoşulmuşdu  və  siyasətdə  tutduğu  istiqaməti  dəyişə  bilməzdi.  O, 
qeyd edirdi ki, öz mövqeyinə görə Tsitseron daha sərbəst idi, vətəninə və dostlarına 
böyük xeyir verə bilərdi. Bunun üçün ona Romada qalmaq lazım idi, Sezara düşmən 
olmaq lazım deyildi. 
Farsaldakı  döyüşdən  və  Pompey  qaçdıqdan  sonra  Dirraxiyada  olan  Katon 
çoxlu  qoşun  yığmışdı  və  iri  donanmaya  malik  idi.  O,  Tsitserondan  tələb  etdi  ki, 
qanunlara  uyğun  olaraq  və  əvvəllər  konsul  vəzifəsinə  malik  olduğuna  görə 
komnadanlıq  səlahiyyətlərini  öz  üzərinə  götürsün.  Lakin  Tsitseron  bundan  və 
ümumiyyətlə  müharibədə  iştirak  etməkdən  imtina  etdi.  Bu  vaxt  Pompeyin  oğlu  və 
onun  dostları  Tsitseronu  xain  adlandırdılar  və  qılınclarını  çəkib  onu  öldürmək 
istədikdə,  Katon  buna  mane  oldu  və  böyük  çətinliklə  Tsitseronu  düşərgədən 
uzaqlaşdırdı.  
Katon Sezara müqavimət göstərmək, Romanı ondan xilas etmək üçün hər cür 
risqə  getməyə  hazır  idi,  təəssüf  ki,  o,  bu  fədakarlığında  özünə  layiqli  sirdaş  tapa 
bilmirdi.  Təsadüfi  deyildir  ki,  Sezar  diktatura  qurduqdan  sonra,  Tsitseron  ona  qarşı 
və  Katonun  şərəfinə  elə  bu  adda  kitab  yazdı  və  burada  onun  ləyaqətlərini  göylərə 
qaldırdı.  Bu  kitab  çoxları  tərəfindən  böyük  sevinclə  qarşılanmışdı,  çünki  Katonun 
qeyri-adi,  hamıdan  fərqlənən  mərd  və  kişilik  xüsusiyyətlərinə  hamı  bələd  idi.  Sezar 
bu kitabdan hiddətə gəldi, çünki əsər Katona həsr olunsa da, Sezara qarşı yazılmışdı. 
Sezar buna dözə bilməyib, Katon əleyhinə ittihamları toplayıb, bir kitab yazdı və onu 
"Anti  Katon"  adlandırdı.  Sezar  bu  kitabı  ilə  özünün  ciddi  surətdə  incidiyini  büruzə 
verdi,  çünki  ölümünə  səbəb  olduğu  bir  adama  yağdırılan  təriflər,  ona  ən  kəskin 
ittiham kimi səslənirdi.  
Lakin onu da demək lazımdır ki, Katonun Utikada özünü öldürməsini Afrikada 
yaxında olan Sezar eşitdikdə kədərləndi və bu sözləri dedi: "Eh, Katon, sənin ölümün 
mənə acı gəlir, çünki xilas olunmanı məndən qəbul etmək də sənə acı gəlirdi".  
Mark  Portsi  Katon  Roma  siyasi  həyatında  bir  saflıq  və  düzgünlük  işığı  saçan 
kometa kimi göründü və məhv oldu. Onun düşmənləri və qatilləri ona qarşı nə qədər 
nifrət  hissi  bəsləsələr  də,  onun  nəcibliyini  və  mənəvi  yüksəkliyini  bütünlüklə  dana 
bilmirdilər. XVI əsrin böyük fransız mütəfəkkiri Mişel Monten onun haqqında yaxşı 
yazmışdır: "Bəzi adamları izah etmək çox asandır. Kiçik Katonu götürək, bircə simə 
toxunduqda bütün musiqi aləti barədə tam təsəvvürə malik olursan. Burada heç vaxt 
pozulmayan səslərin uzlaşan harmoniyası vardır".  
Katondan,  onun  xatirəsini  əbədiləşdirən  heç  nə  qalmadı,  lakin  onun  sitayiş 
etdiyi  prinsiplər,  saflıq  və  ləyaqət  heç  vaxt  öz  cazibə  qüvvəsini  itirmədiyindən 
gələcək nəsillər öz üzərində bu qravitasiya qüvvəsini hiss etməyə bilməzdilər. Roma 
respublikasının ilhamverici ideyaları gələcək xalqların tiraniyaya qarşı mübarizəsinə, 
demokratiyaya  yol  açdıqca,  sağlam  və  ölməz  prinsipləri  bu  quruluşa  hörmət  və 
məhəbbət  yaratdıqca,  onun  ən  böyük  daşıyıcıları  olanlar  insanlar  üçün,  bəşəriyyət 
üçün  bələdçi  rolunu  oynayır  və  qaranlıq  dövrlərdə  onların  şəxsiyyəti  irəli  doğru  bir 
işıq  saçır,  adamların  ürəyini  və  zəkasını  nura  qərq  edir.  Roma  aristokratiya 

 
145 
quruluşunun  mərd  və  yenilməz,  prinsipial  və  sarsılmaz  mübarizlərindən  və 
fədailərindən  biri  olan  Katon  daş  heykəllərdə  deyil,  bundan  daha  möhkəm 
materialda,  azadlığa  can  atan,  zülmü,  əsarəti,  tiraniyanı  qəbul  etməyən  milyonlarla 
insanların  xatirələrində  yaşayır.  Katon  Roma  tarixində  qısa  bir  dövrdə  fəaliyyət 
göstərsə  də  və  onun  fəaliyyət  dairəsi  başqaları  ilə  müqayisədə  çox  kiçik  arealdan 
ibarət  olsa  da,  o,  mənəvi  yüksəkliyi  və  prinsiplərinin  aliliyi  ilə  çoxlarından  daha 
cazibədar görünür və nəsillərin gözündə tarixə göstərdiyi təsirə və nüfuza görə hətta 
böyük şəxsiyyətlərin xeyli hissəsini kölgədə qoymağı bacarır.  
 

 
146 
SEZARIN DİKTATURASI VƏ QƏTLƏ YETİRİLMƏSİ 
 
Sezar  Afrikadan  da  qələbə  ilə  döndü  və  işğal  etdiyi  torpaqlar,  dövlət 
ehtiyatlarına cəlb etməyə Roma üçün çox lazım olan xeyli miqdarda ərzaq vəd edirdi. 
Sonra o, özünün Misir, Pont, Afrika-Yuba üzərindəki qələbələrini triumfla qeyd etdi. 
Numidiya çarı Yubanın oğlu əsir götürülmüş kiçik uşaq olsa da, zəfər mərasimindən 
keçirildi.  Sonralar  bu  əsirlik  ona  xoşbəxtlik  bəxş  etdi  və  o,  məşhur  yunan 
yazıçılarından birinə çevrildi.  
Bundan  sonra  Sezar  çoxdan  ölmüş  qızı  və  Pompeyin  arvadı  olmuş  Yuliyanın 
şərəfinə  qladiator  və  dəniz  döyüşləri  təşkil  etdi.  Sonra  vətəndaşların  siyahıya 
alınmasını  keçirdi.  Vətəndaş  müharibəsinin  gətirdiyi  bədbəxtliklər  hesabına  onların 
sayı iki dəfədən çox azalaraq, 150 minə enmişdi.  
İndi  o,  dördüncü  dəfə  konsul  seçildi  və  İspaniyada  qərar  tutmuş  Pompeyin 
oğlanlarının  üstünə  yollandı.  Munda  şəhəri  yaxınlığında  böyük  döyüş  getdi.  Sezar 
sıxışdırıldıqlarını  görüb,  geri  çəkilən  əsgərlərin  qabağına  qaçaraq  deyirdi  ki,  əgər 
onlar heç nədən utanmırlarsa, qoy onu aparıb, o balaca oğlanlara versinlər. Nəhayət 
o, döyüşü uda bildi. Düşmən 30 min adam itirdi. Sezar döyüşçülərinə dedi ki, o, daim 
qələbə üçün vuruşmuşdu, indi isə ilk  dəfə olaraq öz həyatı naminə vuruşmalı oldu. 
Pompeyin  kiçik  oğlu  qaça  bildi,  lakin  bir  neçə  gün  sonra  onun  böyük  oğlunun 
kəsilmiş  başını  gətirdilər.  Bu  müharibəsi  ilə  Sezar  müharibələrə  son  qoydu.  Artıq 
müharibə  şirinin  dırnaqları  korlaşmışdı.  Sonuncu  müharibədəki  qələbə,  Afrikadakı 
qələbədən  daha  acınacaqlı  idi.  Afrikada  romalıların  qanının  axıdılmasını 
numidiyalılar,  çar  Yuba  adı  altında  müəyyən  qədər  gizlətmək  mümkün  olsa  da, 
İspaniyadakı  qələbəyə  hansısa  don  geyindirmək  mümkün  deyildi.  Öz 
həmvətənlərinin qan çayını axıdan Sezarın özü də bu qələbənin şöhrətindən xəcalət 
çəkirdi.  
Lakin  Romanın  bədbəxtliyi  təkcə  bununla  qurtarmırdı.  İndi  Roma  öz  başına 
yüyən  keçirməyə  məcbur  olmuşdu,  vətəndaş  müharibəsindən  yaxasını  qurtarmaq 
üçün  təkhakimiyyətliliyi  qəbul  etməyə  razılaşdı.  44-cü  ildə  Sezar  ömürlük  diktator 
seçildi,  bundan  əvvəl  o,  46-cı  ildə  yenə  diktator  seçilmişdi.  Hakimiyyəti  heç  nə  ilə 
məhdudlaşmayan  vəzifədən  açıq  tiraniya  qoxusu  gəlirdi,  təkcə  çar  tacı  çatmırdı. 
Senat Tsitseronun təklifi ilə ona mənsəb dərəcələri müəyyən etdi. Digərləri isə daha 
qeyri-adi şan-şövkətlər təklif edirdilər. Sezar isə özünü xeyli mərhəmətli aparırdı. O, 
vətəndaş müharibələrində qalib gəldikdən sonra, əfv etdikləri adamlara iri vəzifələr 
verirdi. Belə ki, Brut və Kassi pretor oldular. O, Pompeyin heykəlini yenə senatda öz 
yerinə  qoydurdu.  Buna  görə  Tsitseron  demişdi  ki,  Pompeyin  heykəlini  bərpa 
etməklə,  Sezar  öz  heykəlini  möhkəmləndirdi.  Sezar  özünü  heç  mühafizəçilərlə  də 
əhatə  etmədi  və  deyirdi  ki,  həmişə  ölümü  gözləməkdənsə,  bir  dəfə  ölmək  yaxşıdır. 
Sonra  o,  əsgərləri  üçün  əvvəllər  dağıdılmış  iki  şəhəri  -  Karfagen  və  Korinfi  eyni 
vaxtda bərpa edərək, burada koloniyalar yaratdı. Karfagen koloniyası əvvəlki şəhərin 
yerində deyil, bir qədər aralıda salınmışdı.  
O,  əyanlara  da  yağlı  vədlər  verirdi,  hətta  bir  dəfə  konsulluq  müddətinin 
qurtarmasına  bircə  gün  qalmış  vəfat  edən  konsul  Maksimin  yerinə,  bir  günlüyə  bir 
nəfəri  konsul  təyin  etdi.  Buna  istehza  edən  Tsitseron  demişdi  ki,  "tələsək  ki,  onu 
konsul vəzifəsində olanda tapa bilək".  

 
147 
Lakin müharibənin gətirdiyi şərəf və şöhrət onu yenə də rahat buraxmırdı. İndi 
o, Parfiya ilə müharibəyə hazırlaşırdı, oranı zəbt etdikdən sonra Girkandan keçməklə, 
Xəzər dənizinin və Qafqazın yanı ilə Pontun böyründən Skifiyaya girmək, sonra isə 
Germaniya  ilə  qonşu  olan  ölkələrə  və  onun  özünə  hücum  etmək  istəyirdi.  Sonra 
Qalliyadan İtaliyaya geri dönməklə Romaya elə ərazilər tabe etmək istəyirdi ki, onu 
hər  tərəfdən  Okean  əhatə  etsin.  Sezarın  fantaziyası  göründüyü  kimi  heç  də  Böyük 
Aleksandrdan geri qalmırdı.  
O,  öz  vətənində  də  kanallar  qazdırır,  bataqlıqları  qurutdururdu.  Sonra  müasir 
dünyanın da istifadə etdiyi təqvim islahatını həyat keçirdi. O, ilin təqviminə əlavə bir 
ay  daxil  etdi,  buna  qədər  Numa  da  təqvimə  belə  bir  ay  əlavə  etmişdi.  Lakin  onun 
bədxahları onun bu xeyirxah əməlinə də kölgə salmaq istəyirdilər.  
Bütün  bunlarla  yanaşı  Sezarın  çar  hakimiyyətinə  can  atması  ona  qarşı  nifrəti 
artırırdı və onu öldürmək ideyası yaranmağa başladı. Sezara çar hakimiyyətini qəbul 
etməyi məsləhət görənlər, bunu onunla əsaslandırırdılar ki, guya Sivilla kitablarında 
Parfiya  çarlığının  zəbt  edilməsinin,  romalılara  yalnız  çar  başçılıq  etdikdə  mümkün 
olacağı göstərilir, digər hallarda bu qətiyyən mümkün deyildir.  
Bir dəfə qonşu şəhərdən Romaya qayıdan Sezarı çar kimi salamladılar. Xalqın 
bundan  xoşu  gəlmədiyini  görən  Sezar  hiddətləndi  ki,  onu  çar  deyil,  Sezar 
adlandırırlar.  Başqa  bir  dəfə  isə  o,  natiqlər  üçün  olan  yüksəklikdə  oturduqda,  ona 
Senatın bütün tərkibi ilə konsullar və pretorlar yaxınlaşdılar. O isə məlum qaydalara 
məhəl  qoymayaraq  yerindən  durmadı  və  onlara  adi  şəxslər  kimi  müraciət  etdi. 
Bundan  xalqın  da  çox  acığı  gəldi,  çünki  Senatın  timsalında  o,  dövləti  də  təhqir 
etmişdi.  Bundan  sonra  o,  xalq  tribunlarını  da  təhqir  etdi.  Luperkali  bayramı  vaxtı 
Sezar  natiqlər  üçün  olan  yerdən  mərasimə  tamaşa  edirdi.  Konsul  kimi  Antoni  ona 
yaxınlaşıb  dəfinə  çələngi  ilə  hörülmüş  tac  uzatdı.  Bir  neçə  adam  əl  çaldı.  Sezar 
tacdan imtina etdikdə isə hamı əl çaldı.  
Sonra  bir  dəfə  xalq  gördü  ki,  Sezarın  Kapitolidəki  heykəlinə  çar  tacı 
qoyulmuşdur.  İki  xalq  tribunu  Flavi  və  Marull  yaxınlaşıb,  tacı  heykəlin  başından 
götürdülər  və  Sezarı  çar  kimi  salamlayanları  dustaqxanaya  apardılar.  Xalq  bu 
tribunları  alqışlayaraq,  onları  vaxtilə  çar  Məğrur  Tarkvinini  qovmuş  və  Romanı 
tiraniyadan  ezad  etmiş  adamın  şərəfinə  "Brutlar"  adlandırdı.  Bundan  hiddətlənən 
Sezar  onları  hakimiyyətdən  məhrum  etdi  və  xalqı  təhqir  etmək  üçün  "Brut"  sözünü 
istehza  ilə  bir  neçə  dəfə  təkrar  etdi.  Bu  vaxt  öz  ümidini  Mark  Yuni  Bruta 
bağlamaqdan savayı xalqın başqa çarəsi qalmamışdı.  
O,  məşhur  qədim  Brut  nəslinə  mənsub  idi,  Katonun  kürəkəni  və  qohumu  idi. 
Vaxtilə  Sezar  Farsalda  Pompey  üzərində  qələbə  çalarkən,  əsir  götürülən  Brutu  əfv 
etmiş və sonra isə o, Sezarın böyük etimadını qazanmışdı. Artıq Brut pretor idi və üç 
ildən  sonra  onu  konsulluq  gözləyirdi.  Həmin  vəzifəyə  Kassi  də  göz  dikmişdi.  İndi 
Brut  və  Kassi  Sezara  qarşı  sui-qəsd  hazırlayırdılar,  lakin  Sezar  bu  xəbərlərə 
inanmırdı. Brutun pretor kimi işlərə baxanda oturduğu yerinin üstündə camaat "Sən 
yatmısan, Brut", yaxud da "Sən Brut deyilsən" kimi sözlər yazırdılar. Bunu görən və 
Sezara düşmənçilik hissləri bəsləyən Kassi Brutu daha da qızışdırırdı. 
Bir  də  ki,  qismətdən  qaçmaq  da  mümkün  olmur.  Bir  falçı  Sezarı  xəbərdar 
etmişdi  ki,  martın  idləri  adlanan  gündə  (martın  15-də)  onu  böyük  təhlükə  gözləyir. 
Bu gün başlayanda senata yollanan Sezar həmin falçı ilə qabaqlaşdıqda zarafatla dedi 

 
148 
ki,  "axı  mart  idləri  gəlib  çatdı",  bu  sözlərə  həmin  adam  sakitcə  cavab  vermişdi: 
"düzdür,  başlayıb,  lakin  hələ  keçməyib".  Bundan  bir  gün  əvvəl  isə  qonaqlıqda 
olanda,  söhbət  gedir  ki,  ən  yaxşı  ölüm  hansıdır,  Sezar  hamıdan  tez  cavab  verir: 
"gözlənilməyəni". 
Həmin gün gəlib çatdıqda ona məsləhət gördülər ki, evdən çıxmasın və Senatın 
iclasını  təxirə  salsın.  Arvadı  Kalpurniya  da  belə  xahişlər  edirdi.  Ona  görə  də  Sezar 
Antonini göndərmək istədi ki, o, Senatın iclasını buraxsın. Lakin bu vaxt onun böyük 
etimadını qazanmış və Brut ilə Kassinin qəsdinin iştirakçısı olan Detsim Brut Sezara 
dedi ki, əgər iclası təxirə salsa, belə təsəvvür yaranacaq ki, o, Senatı ələ salır. Axı bu 
iclas  onun  öz  təklifi  ilə  çağrılmışdır  və  İtaliyadan  kənar  ərazilərdə  onu  çar  elan 
edəcək və digər torpaqlarda və dənizlərdə olanda ona tac qoymağa icazə verəcəkdi. 
Hətta o, iclasın keçməsini istəmirsə, qoy özü gedib Senatı salamlasın və iclası təxirə 
salsın.  Bu  sözləri  dedikdən  sonra  o,  Sezarın  əlindən  tutub  evindən  Pompey 
kuriyasına  apardı.  Yolda  ona  yazı  vermək  istəyən  bir  adam,  qəsd  haqqında  onu 
xəbərdar etmək istəyirdi. Sezar isə yazını oxumağa imkan tapmadı.  
Fiziki  cəhətcə  çox  qüvvətli  olan  Antonini  isə  küçədə  saxlayıb  başını 
qarışdırdılar.  Brutun  başçılıq  etdiyi  sui-qəsdçilər  iki  yerə  bölündülər,  bir  hissəsi  
Sezarın kürsüsünün arxasında dayandı, digər hissəsi isə onun qabağına çıxdı. Onlar 
Tulli Kimvrin sürgün olunan qardaşının bağışlanmasını xahiş edirdilər. Sezar xahişi 
rədd  edib,  kürsüyə  oturduqda,  yenə  təvəqqelər  ediləndə,  o,  narazılığını  bildirdi.  Bu 
vaxt Tulli iki əli ilə Sezarın toqasından tutub boğazından çəkib çıxarmağa başladı və 
bu işarə ilə hücum başlandı. İlk zərbəni Kaska onun peysərinə vurdu, lakin yara elə 
də  dərin  deyildi.  Sezar  dönüb  qılıncı  tutudu  və  latınca  dedi:  "Əclaf  Kaska,  sən  nə 
edirsən?" Kaska isə yunanca qardaşına müraciət edərək dedi: "Qardaş, kömək et!"  
Sui-qəsddən hali olmayan senatorlar qorxudan nə qaça, nə Sezara kömək edə, 
nə  də  qışqıra  bilirdilər.  Sui-qəsdçilərin  hamısı  yalın  qılınclarla  Sezarı  əhatəyə 
almışdılar. O, nəzərini hara yönəldirdisə, qılınc zərbəsi alırdı. Brut isə zərbəni onun 
qasığına  vurdu.  Buna  qədər  özünü  ora-bura  çırpan  və  qışqıran  Sezar  Brutu  qılınclı 
gördükdə  toqasını  başına  çəkdi  və  özünü  zərbənin  altına  qoydu.  Onun  cəsədi 
Pompeyin  heykəlinin  kürsüsünün  yanına  düşdü  və  elə  bil  ki,  Pompey  öz  ayaqları 
altına sərilən düşmənindən intiqam alırdı.  
Sezar  cəmi  23  yara  almışdı.  Onun  ölümündən  sonra  irəli  çıxan  Brut  çıxış 
etmək istədikdə, senatorlar qaçmağa başladılar. Bu hadisə xalqda böyük həyəcan və 
qorxu  əmələ  gətirdi.  Sui-qəsdçilər  isə  buradan  Kapitoliyə  yollandılar.  Bəzi  adamlar 
sui-qəsddə  iştirak  etmədikləri  halda,  Sezarın  öldürülməsini  öz  adlarına  çıxırdılar  və 
sonra  dəhşətli  dərəcədə  bunun  altını  çəkməli  oldular.  Antoni  və  gənc  Oktavi  Sezar 
tərəfindən onlar edam edildilər.  
Sonrası  günü  sui-qəsdçilər  Brut  başda  olmaqla  Foruma  gəlib  xalqa  müraciət 
etdilər.  Xalqın  Sezara  ürəyi  yandığı  kimi  Brutu  da  sayırdı.  Belə  bir  şəraitdə  senat, 
Tsitseronun təklifi ilə Sezara allahlara məxsus hörmət göstərməyi, həmçinin Sezarla 
əlaqədar  olan  işlərə  afinalıların  təcrübəsindən  istifadə  edərək  amnistiya  verməyi, 
Bruta  və  Kassiyə  isə  əyalət  verməyi  qərara  aldı.  Əslində  bu  düşmən  olan  tərəfləri 
barışdırmaq məqsədini güdürdü və tarazlıq yaradırdı. 
Lakin  Sezarın  vəsiyyəti  açıldıqdan  və  xalqa  elan  edildikdən  sonra  vəziyyət 
büsbütün dəyişdi. Vəsiyyətə görə Sezar hər romalıya xeyli hədiyyə qoyub getmişdi. 

 
149 
Onun  zərbələrdən  eybəcərləşmiş  cəsədini  görən  kütlə  meyidi  yandırmaq  üçün 
istifadə  etdiyi  taxta  parçalarının  kösövünü  götürüb  Sezarın  qatillərinin  evlərini 
yandırmağa başladı, digərləri isə sui-qəsdçiləri axtarırdılar ki, özləri onları mühakimə 
etsinlər. 
Sezar  15  mart  44-cü  ildə  56  yaşında  həyatla  vidalaşdı.  O,  böyük  zəhmətlər 
hesabına ələ keçirdiyi hakimiyyətin - diktaturanın bəhrəsini dada bilmədi. Ona yalnız 
hökmran adı və şöhrət qaldı.  
Sezarın  ölümündə  onun  mərhəmətliliyi  və  səbrsizliyi  müəyyən  rol  oynadı. 
Bunlar birlikdə onun şəxsi təhlükəsizliyinə qorxu yaradırdı. Sezar ona  lazım olanda 
barbarlara  qarşı  qəddarlıq  göstərməkdə  tərəddüd  etmirdi.  Lakin  demək  olar  ki, 
məğlub etdiyi romalı əleyhdarları ilə ardıcıl olaraq alicənablıqla davranırdı. Sezar öz 
opponentlərinə  bütünlükdə  amnistiya  verdi  və  onlardan  çoxunu  yeni  rejimdə  məsul 
mövqelərə çıxardı.  
Onun  qətli  qəsdinin  təşkilatçısı  olan  Qay  Kassi  Longin  və  Roma 
respublikaçılığının  simvolik  təcəssümü  olan  Mark  Yuni  Brut  -  Sezarın  keçmiş 
düşmənləri  idi.  "Et  tu,  Brute"  -  "Səndəmi,  Brut"  sözləri  Sezarın  bağışladığı  və 
sevdiyi  insan  tərəfindən  vurulan  zərbənin  xüsusi  ağrısının  ifadəsi  idi.  Burada  giley 
də, gözləmədiyi xəyanətdən acı şikayət də var idi. Bu Roma respublika quruluşuna 
xəyanət  etmiş  insana  cavab  xəyanəti  olduğundan,  bəlkə  də  müdafiə  üsulu,  seçilmiş 
intiqam variantı idi.  
Bütövlükdə 60 qəsdçi arasında bir neçə keçmiş sezarçı da var idi. Onlar Sezar 
rejiminin  monarxiya  meylinin  böyüməsindən  hiddətlənmişdilər.  Güman  ki,  Sezarın 
bədbəxtlik  vaxtı  acı  dərmana  şəkər  qatmasını  nümayiş  etdirməsindən  yaranan 
aristokratik  qorxu  da  öz  rolunu  oynamışdı.  Onlar  bunu  dərk  etməkdə  digər  bir 
uğursuzluğa uğradılar. Sezarı şəhid etməklə, həm də onun ölümündən sonrakı siyasi 
taleyi yaradıldı. 
O, sərkərdəlik dühası ilə yanaşı, digər istedadlardan da xali deyildi. Onun bəzi 
əməllərinin  izi  minilləri  arxada  qoyaraq,  bu  günə  gəlib  çatmışdır.  O,  46-cı  ildə 
Roman  təqvimini  islahata  uğratdı.  45-ci  ildə  munitsipiya  üçün  standart  konstitusiya 
nümunəsi yaratdı. 59-cu ildə Sezar artıq Kapuya şəhərini bərpa etmişdi. 150 il əvvəl 
respublika  rejimi  bu  səhəri  hüquqi  korporativ  məsuliyyətdən  məhrum  etmişdi.  O, 
ölümünə  yaxın  öz  sələfləri  tərəfindən  dağıdılmış  daha  iki  şəhəri  -  Karfageni  və 
Korinfi  bərpa  etmişdi.  O,  əcnəbilərə  Roma  vətəndaşlığı  verməkdə  çox  əliaçıq  idi. 
Senatın say  tərkibini çoxaltmışdı və onun personalını bütün Roma vətəndaşlarından 
daha ehtiram olunan etmişdi.  
Sezar  dühasının  digər  böyüklüyü  onun  yazılarında  nümayiş  olunur.  Bizim 
dövrə  yalnız  onun  Qalliya  müharibəsi  və  vətəndaş  müharibəsi  barədəki  hesabatları 
gəlib çatmışdır. "Anti Katon" əsərində Sezar mərhum əleyhdarı Mark Portsi Katonun 
xatirəsinə hörmətsizlik göstərməyə cəhd etmişdi.  
Sərkərdə, diktator və dövlət xadimi kimi Sezar Yunan-Roma dünyası tarixinin 
istiqamət xəttini qətiyyətlə və dönməz şəkildə  dəyişdirdi. Aleksandr kimi Sezarın da 
adı indiyədək xristian və islam dünyası adamlarının dilində qalır. Məhz bu addan ali 
hökmdarların  titulu  kimi  Almaniyada  "kayzer",  slavyan  dillərində  "çar",  islam 
dünyasında isə "qeysər" sözü meydana gəlmişdir.  

 
150 
Sezarın öz dövründə doğulduğu Kvintilis ayı onun şərəfinə "iyul" adlandırıldı. 
Bu ad Roma imperiyası süquta uğradıqdan sonra da dəyişilməz qaldı. Sezarın təqvim 
islahatının  da  taleyi  belə  oldu.  Sezar  təqvimi  olan  Yulian  təqvimi  indiyədək  Şərq 
Ortodoks Xristian ölkələrində qüvvədə qalmaqda davam edir, XIII Qriqori tərəfindən 
azacıq  düzəldilən  və  Qərbdə  işlədilən  Qriqorian  təqvimi  də  elə  azacıq  korrektə 
edilmiş Yulian təqvimidir.  
Sezarın  ərazisini  genişləndirdiyi  imperiya  dağıldı,  yoxa  çıxdı.  Lakin  Sezarın 
hərbi  dühası,  qədim  Roma  tarixini  bəzəyən  onun  müxtəlif  işarəli  əməlləri  bugünkü 
insanın  maraq  dairəsindən  uzaqlaşmır  və  bu  təminat  verir  ki,  zaman  seli  bu  qranit 
abidəni gələcəkdə də yuyub apara bilməyəcəkdir. 
Lakin  Sezarın  ölümü  onun  qətlində  iştirak  edənlərin  hamısının  məhvinə  yol 
açdı.  Harada  olmalarından  asılı  olmayaraq  Sezarın  qətlindən  keçən  iki  il  yarım 
ərzində onları ölüm kabusu yaxaladı və bu cinayətin bütün iştirakçıları, qətlin özünə 
layiq  cəzalarını  aldı.  Filippidəki  Antoni  və  gənc  Sezarla  (gələcək  Avqustla) 
döyüşdəki məğlubiyyətdən sonra Kassi Sezarı öldürdüyü gödək qılıncla özünü qətlə 
yetirdi. Filippidəki məğlubiyyətdən sonra ikinci döyüş aparmaq istəyən Brut, taleyin 
ondan üz döndərdiyini hiss edib, ordusu qaçan vaxt hündür bir yerə çıxıb, açıq sinəsi 
ilə qılıncın üstünə atıldı və son nəfəsini verdi.  
Sui-qəsdçilər güman edirdilər ki, tiranı aradan götürməklə onlar hər şeyə nail 
olacaq, bütün məsələlər həll ediləcəkdir. Lakin daim özünü biruzə verən bir cəhət, bu 
dəfə  də  özünü  yada  salmağa  məcbur  etdi.  Planlar  nə  qədər  mükəmməl  hazırlanırsa 
hazırlansın,  nəzərdə  tutulan  bir  pərdəli  drama  çox  vaxt  çoxlu  pərdələrdən  ibarət 
faciəyə çevrilir və pərdə salınana qədər çoxlu qan axıdılır, özünü qabaqcadan qalib 
qiyafəsində  görənlər  ölüm  yatağında  uzanmağa  məcbur  olur,  yaxın  adamlarına  isə 
matəm  paltarı  geyindirtdirirlər.  Bəzən  qələbə  naminə  endirilən  ilk  zərbə  faciələr 
silsiləsinin  başlanğıcı  olur  və  vaxtından  əvvəl  özünü  qalib  hesab  edənlərə  Solonun 
dediyi  sözlər  yada  salır  ki,  hələ  döyüş  bitməmişdirsə,  kimin  qalib,  kimin  məğlub 
olmasını  demək  mümkün  deyildir.  Bugünkü  qalib  sabahkı  məğluba,  didərginə, 
bədbəxtə və meyidə çevrilir. Bir adamın məhvi, hətta o, nə qədər iri şəxsiyyət olsa da 
bütün  sıranın  domino  prinsipi  ilə  yıxılmasına  deyil,  onların  daha  da 
möhkəmlənməsinə və qisas uğrunda birləşməsinə, gözlənilmədən onların cəhdlərinin 
uğurlu getməsinə və başqa cür finala gətirib çıxarır.  
Tsitseron  sonralar  Sezara  sui-qəsd  hadisəsinin  nə  ilə  nəticələnəcəyini  götür-
qoy etmədiklərinə görə, özlərini məzəmmət edərək yazırdı ki, "Mart idləri ilə özünə 
təskinlik vermək axmaqlıqdır, axı biz kişi igidliyini, ağıl barədə isə uşaqlıq göstərdik. 
Ağac kəsilmişdir, lakin kökündən çıxardılmamışdır, ona görə də biz görə bilmərik ki, 
o, hansı zoğlar verəcəkdir". Həmişə olduğu kimi bu dəfə də bu müdrik filosof səhv 
etmirdi.  
Sezar  təkcə  parlaq  sərkərdə  və  siyasətçi  istedadına  malik  olmayıb,  başqa 
sahələrdə  də  fitri  qabiliyyətə  malik  idi.  Onun  şəxsi  igidliyi  də  dillərdə  gəzirdi.  Öz 
döyüşçülərinə  qarşı  çox  əliaçıq  idi,  insansevərliyi  və  əsirlərə  güzəştə  getməsilə  ad 
qazanmışdı.  Ümumiyyətlə,  o,  mərhəmətliliyi  ilə  xüsusi  şöhrət  tapmışdı.  O,  köhnə 
legionerlərinin  çoxunu  adı  ilə  tanıyırdı.  Uşaqlıqdan  o,  at  sürməyi  çox  xoşlayırdı, 
yürüşlərə  gedəndə  isə  at  üstündə  oturub  eyni  vaxtda  iki  və  daha  artıq  məktub 
yazanlara  mətni  diqtə  edirdi.  Ümumiyyətlə  o,  dostları  ilə  məktub  vasitəsilə  söhbət 

 
151 
etməyi çox sevirdi. Çünki daim yürüşlərdə olduğuna görə onun dostları ilə görüşmək 
imkanı yox idi.  
Sezar  həm  də  güclü  natiqlik  qabiliyyətinə  malik  idi,  onun  ədəbi 
yaradıcılığından  isə  çox  yığcam  dildə  yazılmış  və  o  dövrdəki  Qalliya,  Britaniya  və 
digər  ölkələr  haqqında  geniş  və  dürüst  məlumat  verən  "Qall  müharibəsi"  əsəri 
qalmışdır. Dəqiq retsenziyaçı olan Tsitseron bu kitabın elmi və bədii keyfiyyətlərinə 
yüksək qiymət vermişdi.  
Bütün  bunlarla  yanaşı  dünya  hərb  tarixi  Makedoniyalı  Aleksandrdan  sonra, 
ikinci  qüdrətli  və  qabiliyyətli  sərkərdə  ilə  zənginləşdi.  Təsadüfi  deyildir  ki,  o,  özü 
Böyük  Aleksandra  həsəd  apardığı  kimi,  19  əsr  ondan  sonra  hərb  səhnəsinə  gələn 
Napoleon daim ona bənzəməyə can atırdı, ondan öyrənirdi. Onun adını bir titul kimi 
sonrakı  imperatorlar  daşısalar  da,  Sezar  dedikdə  hamı  antik  dünyada  ən  nəhəng  və 
ziddiyyətli şəxsiyyət olan Qay Yuli Sezar haqqında düşünür, onu yada salır. Çünki 
yalnız quru adı daşımaqdan savayı, tarix öz əməllərinin, irsinin qeyri-adi miqyasına 
və nəticələrinə görə ondan başqa digər bir Sezarı tanımır. Sezarla müqayisədə hətta 
Roma tarixində xüsusi yeri olan Avqust da solğun görünür. 
Sezar ömrünün son illərini siyasətlə yanaşı müharibəyə həsr etmişdi və hər iki 
sahədə qarşısına qoyduğu məqsədlərə bütünlüklə çatmışdı. Ölümündən əvvəl Böyük 
Aleksandr  Ərəbistana  yürüşə  hazırlaşan  kimi,  Sezar  da  Parfiya  ilə  müharibəyə 
hazırlaşırdı.  Müharibə  təkcə  onun  üçün  zəfər  mənbəyi  olmayıb,  elə  bil  ki,  həm  də 
özünü sınama, özünü təsdiqetmə sahəsi idi. 49-44-cü illərdə o, bütünlükdə ancaq 17 
ayı  Romada  keçirmişdi.  Siyasət  və  hərb  meydanındakı  ardıcıl  qələbələr,  onda 
diktatorluq meylini gücləndirmişdi. O, öz ağalığını artıq birinci yerə qoymuşdu və bu 
ağalıq hissi respublikanın məhvinə gətirib çıxardı. O, özünü 46-cı ildə 10 illiyə, 44-
cü  ildə  isə  ömürlük  diktator  elan  etmişdi.  O,  ellinistik  qaydada  özünü  çar  etmək 
istəyirdi,  Romada  isə  hələ  509-cu  ildən,  Məğrur  Tarkvini  çarlıqdan  qovulduqdan 
sonra bu instituta düşmən münasibəti hökm sürürdü.  
İkincisi,  Sezar  demək  olar  ki,  öz  imperiyasına  geniş  mənada  qeyri-Roma 
münasibəti göstərirdi. O, Senatla bir ağa kimi rəftar edirdi. Ona görə atlılar hesabına 
Senat üzvlərinin tərkibini xeyli çoxaltmışdı. Magistratların da sayı xeyli artmışdı və 
onlar  faktiki  olaraq  Sezarın  namizədlərindən  seçilirdi.  Tsizalpin  Qalliya  əyalətlərini 
o,  vətəndaş  ərazilərinə  çevirmişdi,  Egey  sahilindəki  və  Palestinadakı  yəhudilərə 
himayədarlıq  edirdi  və  hətta  İtaliyadan  kənarda  20  vətəndaş  və  latin  koloniyası 
yaratmışdı.  Bütün  bunlar  Senatın  və  Roma  kübarlarının  əksəriyyətinin  düşüncə 
tərzinə  zidd  idi.  Nəcib  romalıların  nifrətinə  səbəb  olan  bir  də  o  idi  ki,  Sezar  rəsmi 
qaydada Allah edilmişdi.  
Sezarın ölümündən sonra hər iki tərəf çaş-baş qalmışdı. Diktatorun qatillərini 
xalq  dəstəkləmədiyi  kimi,  Sezar  tərəfdarları  da  qorxudan  qaçıb  evlərində 
gizlənmişdilər.  Lakin  belə  ümumi  qarışıqlıq  və  anlaşılmazlıq  şəraitində  sui-qəsdin 
davam  və  inkişaf  edəcəyindən  qorxan  Sezar  tərəfdarları  daha  fəal  və  cəld  hərəkət 
etməyə  başladılar  və  bu,  təşəbbüsün  artıq  onların  əlinə  keçməsinə  gətirib  çıxardı. 
Onlar  açıq  dəstəyi  də  hiss  edirdilər,  bu  kömək  Sezarın  veteran  döyüşçüləri  və  zəbt 
edilmiş  əyalətlərin  sərvətləri  hesabına  rifah  halı  bir  qədər  yaxşılaşmış  şəhər  plebsi 
tərəfindən gəlirdi.   

 
152 
Belə  bir  vəziyyətdə  qətldən  iki  gün  sonra,  martın  17-də  Sezarın  dul  qalmış 
arvadı  Kalpurniyadan  bütün  pul  vəsaitini  və  kağızları  alan  Antoni  konsul 
səlahiyyətindən istifadə edərək, Senatın iclasını çağırdı. Sui-qəsdə rəğbət bəsləyənlər 
Sezarı  tiran  adlandırmağı  və  onun  qatillərinə  minnətdarlıq  etməyi  təklif  etdikdə, 
gözlənilmədən  Antoni  müasir  dildə  desək,  mahir  şahmatçı  kimi  bir  mat 
vəziyyətindən  çıxmağa  və  qalib  gəlməyə  yol  açan  gediş  etdi  və  dedi  ki,  bu  qərarla 
tiran adlanan Sezarın bütün sərəncamları avtomatik olaraq ləğv ediləcəkdir. Belə bir 
vəziyyət isə çoxlarının, xüsusən senatorların mənafeyinə toxunmaya bilməzdi. Mark 
Antoninin  bu  sözü  senatın  atmosferini  bütünlüklə  dəyişdi,  sui-qəsdçilərə  təzim 
edənlər,  indi  ölmüş  diktatoru  tərifləməyə  keçdi.  Sezar  tiran  elan  edilməklə,  onun 
dövründə xeyli imtiyazlara çatmış adamların, xüsusən senatorların zəngin rifahını da 
özü  ilə  o  dünyaya  aparacaqdı.  Ona  görə  də  imtiyazlardan  məhrum  olmaqdansa, 
prinsipləri  dəyişmək  senatorlar  üçün  daha  asan  və  daha  faydalı  idi.  Axı  Roma 
tarixində senatorlar yaşıl ot kimi həmişə küləyin əsdiyi istiqamətə yıxılmışdılar. Ona 
görə də onlar "Verbum sapientilus" - "ağıllı yarım sözdən başa düşür" qədim Roma 
zərb-məsəlinə sadiq qalaraq, vəziyyəti düzgün qiymətləndirdilər.  
Bu  vaxt  Tsitseronun  hər  iki  tərəfə  güzəşt  barədəki  məsələnin  Solomon  həlli 
təklifi də yerinə düşdü. Bu təklif əsasında qəbul edilən qərarla qəsdçilərə amnistiya- 
yunanca "unutma" deməkdir, - tətbiq olundu, Sezarın bütün sərəncamlarının qüvvədə 
qalması üçün isə onlar bütünlüklə təsdiq olundu.  
Bu  da  ondan  ibarət  idi  ki,  təkcə  Sezarın  keçmiş  sərəncamları  deyil,  həmçinin 
gələcək  üçün  nəzərdə  tutulan  sərəncamları  da  təsdiq  olunurdu.  Axı  heç  kəs  ölüdən 
onun  niyyətlərinin  nədən  və  hansılardan  ibarət  olduğunu  öyrənmək  imkanına  malik 
olmadığından, mərhumun adından istifadə etməklə, istənilən qaydada hərəkət etmək 
mümkün idi. Əslində isə bu, Sezar tərəfdarlarına görünməmiş sui-istifadə şəraiti bəxş 
edirdi.  
Diktatorun özü diri olmasa da, indi ölünün niyyətləri adı altında bu dəfə onun 
varisləri  olan  bir  qrup  diri  adamın  istəklərinin  və  ehtiraslarının  qarşısı  alınmaz 
diktaturası yaranırdı. Əslində qəsdçilərin gələcək bütün məğlubiyyətlərinə səbəb olan 
və  onların  bünövrəsini  qoyan  bu  iclasda  belə  qeyri-bərabər  şərtlərlə,  iki  rəqib  tərəf 
arasında  barışıq  yarandı.  Bu  barışıq,  təməli  onsuz  da  çox  kövrək  olduğundan  uzun 
sürə  bilməzdi  və  bir  neçə  gün  sonra  Sezarın  dəfn  mərasimində  çıxış  edən  Antoni 
əslində qəsdçiləri ittiham etdi və xalqın diktatora olan ürək yanmasını alovlandırmaq 
üçün  onun  qanlı  paltarını  və  mumdan  hazırlanmış  heykəlindəki  23  deşiklə  onun 
yaralarını  göstərməklə,  bu  qətlin  qəddarlığını  və  qatillərin  amansızlığını  nümayiş 
etdirdi.   
Bundan əvvəl isə Sezarın elan edilən vəsiyyətində hər bir Roma plebeyinə 300 
sestertsi  pul  qoyub  getməsi  məlum  olduğundan,  hər  şeydən  çox  qarnını  düşünən 
plebs indi Sezarı diriltməyə, onun qatillərinin isə qanını içməyə hazır idi. Plebsə görə 
dövlət  quruluşu  ona  aid  deyildir,  azadlıq  və  ya  tiraniya  onun  taleyində  heç  bir 
dəyişiklik etmir, təki bircə onun qarnı tox olsun. Çünki plebs heç vaxt ruhu haqqında 
düşünmür,  bu  ali  mənsubiyyəti  alçaq  varlıq  olan  bədənə  və  onun  eybəcər 
laboratoriyası  sayılan  mədəyə  təslim  edir.  Plebs,  kütlə  sabah  başını  kəsəcək  qatilin 
əlindən,  bu  gün  bir  parça  çörək  aldıqda  və  ya  hətta  ac  qarnı  ilə  yanaşı,  başqasının 
boynunun  vurulduğunu  gördükdə,  tiranın  müdafiəçisi  kimi  çıxış  edir,  onun  bütün 

 
153 
eybəcərliklərini və dəhşətlərini bəyənir, onu alqışlayır və tərifləyir, əslində bu, tiranın 
bütün  zülmünə  haqq  qazandırmaqla,  onun  iyrənc  silahına  çevrilir.  Bu  qan  gölündə 
çapan  süvari  despotun  atı  rolunu  oynamaqda  o  böyük  təskinlik  və  sevinc  tapır. 
Despotun  kütləvi,  fiziki  və  mənəvi  terroru  məhz  kütlənin  rəğbət  və  alqış  səsləri 
altında  baş  alıb  gedir.  Belə  dəhşətlərə  öz  sadəlöhvlüyü,  əlavə  bir  tikəni  də  udmaq 
həvəsi ilə yol açan kütlə özünü ömürlük köləliyə məhkum edir və bunu dərk edənə 
qədər  nəinki  belə  vəziyyətlə  barışır,  hətta  onu  sevinclə  qəbul  edir.  Məhz  kütlə  öz 
buzov  sevinci  ilə  cəmiyyətin  ən  yaxşı  və  mübariz  övladlarının  başının  kəsilməsinə, 
edam  edilməsinə,  bu  tez-tez  cücərməyən  nadir  çiçəkliyin  tapdanıb,  məhv  olmasına 
şərait  yaradır  və  onların  bütünlüklə  məhv  olması  ilə,  qan  çayının  bir  daha 
qurumaması üçün hətta öz başını da vətən cəlladının qılıncı altına qoyur.  
Xalqın  da,  vətənin  də  bədbəxtliyi,  acı  taleyi  məhz  buradan  başlanır.  Tiranın, 
despotun azğınlığı, doymayan qan ehtirası, köpək balığı iştəhası da buradan meydana 
gəlir.  Bundan  belə  bir  nəticəyə  gəlmək  olur  ki,  heyranlığı  ilə  kütlə  bu  qanlı 
tamaşaların  başlanğıcda  rola  girməyi  bacarmayan  aktyorlarını  cuşə  gətirir,  onları 
daha qrotesk oyuna, daha qanlı cinayətlərə və dəhşətlərə sövq edir. Kütlənin rəğbəti 
və  alqışı  despot  üçün,  bu  insan  həyatlarının  həzm  edilməsindən  ötəri  mədə  şirəsi 
rolunu  oynayır.  Böyük  turşuluğu  olan  bu  mədə  şirəsi  iri  həcmdə  qidanı  asanlıqla 
udmağa,  həzm  etməyə  kömək  edir.  Məhz  Roma  plebsi  də  axırda  bir  ianə  hesabına 
ölkənin  yenidən  vətəndaş  müharibəsinə  cəlb  edilməsinə  biganəlik  göstərdi.  Çünki 
ona respublika quruluşundansa, süfrəsindəki bir tikə çörək daha vacib idi.  
Antoninin öz çıxışı ilə qızışdırdığı xalq Senat binasına tərəf cumdu, xeyli adam 
öldürüldü  və  bina  yandırıldı.  Onlar  sui-qəsdçiləri  parçalamağa  hazır  idilər.  Brut  və 
Kassi  gizli  surətdə  şəhərdən  qaçdılar.  Bu  vaxt  şəhərə  və  dövlətə  nəzarət  Sezar 
tərəfdarlarının başçıları Mark Antoni və Emili Lepidin əlinə keçdi. Sezarın nisbətən 
dinc diktaturasının yerini düşmənçilik vakxanaliyasından ilham və əlavə qüvvət alan 
adamların  hakimiyyəti  tutdu.  Bu  adamlar  üçün  əsas  məsələ  təkcə  qətlə  yetirilən 
diktator  deyildi,  ən  vacibi  aqoniyasını  keçirən  və  son  nəfəsini  alan  respublika 
quruluşunun  məhvi  idi.  Onun  cəsədi  üzərində  nekrofillərə  məxsus  olan  bir 
murdarlıqla vətənə hər cür təcavüz etmək, onun açıq yarasının üzərinə yeni zərbələr 
vurmaq  mümkün  idi.  Onların  içərisində  isə  konsul  olan  və  sərkərdə  kimi  tanınmış 
Mark Antoni daha böyük nüfuza malik idi. Mark Emili Lepid isə süvari rəisi olmaqla 
Sezarın  rəsmi  köməkçisi  idi.  Antoninin  gələcək  nəslinə  gəldikdə,  bu  nəsildən 
nifrətamiz  məşhurluqla  seçiləni,  öz  dəhşətləri,  zülmü,  ağlasığmaz  zinakarlığı  və 
pozğun şəhvəti ilə Roma tarixinə daxil olmuş Neron oldu.  
Antoni  hələ  Sezarın  sağlığında  gününü  eyş-işrətlə  keçirib,  çoxlarının  nifrətini 
qazanmışdı. İndi isə onun əlinə dünyanın şərab dənizi və keyf çölləri kimi görünən 
ən  iri  dövləti  keçmişdi.  Eyş-işrətə  aludə  olması  ilə  o,  romalıdan  daha  çox  Şərq 
hökmdarlarına bənzəyirdi. İndi formal olaraq konsul olduğuna görə o, Romada bütün 
hakimiyyəti  öz  əlində  cəmləşdirmişdi.  Bu  vaxtlar  Romada  peyda  olan  və  özünü 
Sezarın  qohumu  kimi  qələmə  verən  yalançı  Marini  də  o,  asanlıqla  aradan  götürüb, 
edam etdi. Lakin xalqın dayağına çox da uzun müddətə bel bağlamaq olmazdı və bu 
səmtini  dəyişən  külək  olduğundan  çox  da  etibarlı  hesab  olunmurdu.  Ona  görə  də 
etibarlı  dayağı  Senatda  axtarmaq  lazım  gəlirdi.  O,  digər  dairələri  də 
zərərsizləşdirmək  üçün,  onlara  güzəştə  getməyə  başladı  və  İspaniyadan  Sekst 

 
154 
Pompeyi  çağırıb  onu  donanmaya  komandan  təyin  etməyi  təklif  etdi.  Senat  buna 
həvəslə razı oldu.  
Bundan sonra Antoni mühafizəçilər adı altında öz dəstəsinə 6 min adam cəlb 
etdi.  Əlinə  düşən  fürsətdən  istifadə  edib,  o,  özünə  yaxın  olan  adamlara  vəzifələr 
paylamağa başladı və bunların hamısını mərhum Sezarın iradəsi kimi qələmə verirdi. 
Elə  təsəvvür  yaranırdı  ki,  Sezar  ölməmişdən  əvvəl  yalnız  Antoninin  dostlarının 
yüksək  vəzifələrdə  yerləşdirilməsi  barədə  düşünürmüş  və  öz  ölümü  ilə  də  bunların 
həyata  keçməsinə  şərait  yaratmaq  istəyirmiş.  Ona  görə  də  romalılar  bu  adamlara 
"Xaronun  dostları"  ləqəbini  vermişdi.  Çünki  onlar  guya  mərhumun  iradəsi  ilə  bu 
rütbələrə  sahib  olmuşdular.  Qədim  yunan  mifologiyasına  görə,  Xaron  ölənləri 
qayıqda Stiks çayı ilə o dünya səltənətinə - Aidə daşıyırdı. Xaron Sezarın bir sərnişin 
kimi  son  mənzilə  çatdırdıqca,  qayığın  hərəkəti  adamlara  da  mənsəb  və  gəlir  qapısı 
açırdı. 
Sonra  Antoni  senatda  diktaturanı  əbədi  ləğv  edən  qanun  qəbul  etdirdi. 
Əyalətlər  bölündükdə,  Dolabellaya  Suriya,  onun  özünə  isə  Makedoniya  düşdü.  Hər 
iki əyalətdə Sezar orduları var idi.  
Lakin Sezarın nəvəsi kimi qohumu olan və vəsiyyətinə görə özünün varisi elan 
etdiyi  Qay  Oktavi  Romaya  gəldikdə,  bütün  məsələləri  həll  etmiş  kimi  görünən 
Antoni  üçün  bir  qədər  gözlənilməyən  qeyri-müəyyənlik  yarandı.  O,  Dalmatiyadakı 
Apolloniya şəhərindən hərbi təlim keçməkdən qayıtmışdı, orada Sezarın tapşırığı ilə 
hərbi və mülki elmləri öyrənməklə məşğul idi. O, vətənə dönən kimi valideynlərinin 
iradəsinin əksinə olaraq, siyasi həyata daxil oldu. Antoni isə əvvəlcə ona yuxarıdan 
aşağı  baxırdı.  Oktavi  ona  atalığının  qatillərindən  intiqam  alacağını  dedikdə  və 
Antonidən Sezarın qızıllarını tələb etdikdə, bu konsulun xoşuna gəlmədi və bildirdi 
ki,  Sezar  götürmə  oğluna  şərəfli  ad  qoyub  getsə  də,  dövlət  işlərini  ona  heç  də  bir 
miras kimi qoyub getməmişdir. Pullara qaldıqda isə, Antoni onları nüfuzlu adamları 
ələ almağa sərf etmişdir, dövlət xəzinəsini isə mərhum diktator boş qoyub getmişdir. 
Bu  görüşdən  sonra  Oktavi  özünü  Qay  Yuli  Sezar  Oktavian  adlandırmağa  başladı. 
Tsitseron gənc Oktavini ələ alaraq güman edirdi ki, o, "şərəfə nail olacaq, qalxacaq 
və düşəcəkdir". Oktavi ilk günlərdən çəkinmədən Antonini gözdən salmağa çalışırdı 
və  ona  qarşı  bir  mürəkkəb  oyuna  başladı.  Zaman  bu  şöhrətpərəst  gəncin  necə 
hiyləgər,  məkrli  və  qüdrətli  siyasətçi  olduğunu  göstərdi.  Onun  tədbirlərinin  biri  də 
boşa  çıxmırdı  və  o,  təkhakimiyyətliliyə  aparan  cığırla  bir  an  da  dayanmadan, 
tərəddüd  etmədən  irəliləyirdi.  Bu  məqsədlə  əvvəlcə  Tsitseronla  ittifaqa  girdi,  çünki 
Tsitseron Antoniyə qətiyyən inanmırdı və təkhakimiyyətliliyə nail olmaq cəhdlərində  
ondan da şübhələnirdi. Ona görə də o, Antonini tiraniyaya nail olmaq  niyyətlərində 
ittiham  etdi  və  Makedoniyalı  Filippə  qarşı  Demosfenin  etdiyi  qəzəbli  çıxışların  adı 
ilə Antonini ifşa edən öz çıxışlarını "Filippika" adlandırdı. Senatda və xalq qarşısında 
o, bu "tiran" yarlığı yapışdırdığı adamın əleyhinə 14 belə çıxış etdi. Bu nitqlərində o, 
Mark  Antonini  ən  dəhşətli  günahlarda  ittiham  edərək  deyirdi  ki,  əgər  o,  qalib  gəlsə 
Roma, həmçinin ən ləyaqətli adamların həyatı və əmlakı əsgərlərin soyğunçuluğuna 
veriləcəkdir. O, Antonini gah qəsdçi Katilina, gah qul sərkərdəsi Spartakla müqayisə 
edirdi və bununla onun Roma üçün necə böyük təhlükə olduğunu vurğulayırdı.  
Daha uzağa gedərək Tsitseron qeyd edirdi ki, Antoniyə indi onun arvadı olan 
və  əvvəllər  keçmiş  konsulun  qatı  düşməni  mərhum  Klodinin  arvadı  olmuş  Fulvi 

 
155 
ağalıq edir, çünki əyyaşlıqdan başını itirdiyindən, o, arvadının göstərişləri ilə hərəkət 
edir. Antoni haqqındakı bu söhbətlər təsirsiz qalmırdı və onun həm senatla, həm də 
Oktavianla  münasibətləri  getdikcə  korlanırdı.  Davam  edən  "söz  müharibəsinin" 
silahlı  müharibəyə,  vətəndaş  müharibəsinə  keçməsi  ehtimalı  artırdı  və  Tsitseron  bu 
münaqişənin qızışdırıcısı, katalizatoru rolunu oynayırdı.  
Tsitseronun  səyləri  nəticəsində  komitsiada  əvvəlcə  senatın  qərarı  ilə  Detsim 
Bruta  əyalət  kimi  verilmiş  Tsizalp  Qalliyasının  Antoniyə  verilməsi  qərara  alındı. 
Gözlənildiyi  kimi,  Brut  bu  qərara  tabe  olmadı  və  öz  qoşunları  ilə  Alp  dağlarının 
ətəyindəki Mutina şəhərində möhkəmləndi. Bu vaxt Antoni keçmiş sui-qəsdçi Bruta 
qarşı  öz  qüvvələrini  topladı  və  Mutinanı  mühasirəyə  aldı.  Beləliklə,  Roma  yeni  bir 
vətəndaş müharibəsinə cəlb olundu. Bu müharibənin başlanmasına səbəb, Romadakı 
qeyri-sabitlik və qüvvələr nisbətini öz xeyrinə həll etməyə çalışan tərəflər arasındakı 
mübarizə idi.  
Antoni  ilə  Oktavian  arasında  nifaq  başlayanda  Sezar  veteranları,  bir  liderdən 
digərinin yanına keçirdilər. Oktavianın əliaçıqlığı özünə daha çox tərəfdar tapmaqla 
müşayiət  olunurdu.  Antoni  Mutinanı  mühasirəyə  alanda  və  bununla  vətəndaş 
müharibəsi  başlayanda  Tsitseron  öz  "filippikalarını"  davam  etdirərək,  Antoninin 
vətənin düşməni elan edilməsinə cəhd göstərirdi. Lakin senat buna razılıq vermədi və 
Antoniyə  qarşı  qoşun  yığmağa  göstəriş  versə  də,  onun  yanına  elçilər  göndərməyi 
qərara  aldı.  Danışıqlar  uzanırdı.  Suriyada  və  Makedoniyada  olan  Brut  və  Kassi  də 
qoşun hazırlayırdı, çünki Antoni onlardan da bu əyalətləri almaq istəyirdi.  
Yeni elçilərə də Antoni lovğa cavab verdikdən sonra, 43-cü ilin konsulları Avl 
Girtsi və Qay Pansa Oktavianla birlikdə ona qarşı hərbi əməliyyatlar aparmaq barədə 
göstəriş  aldılar.  Beləliklə,  tarixin  istehzası  nəticəsində  Oktavian  öz  atalığının 
düşmənləri ilə bir cəbhədə, onun ən yaxın silahdaşına qarşı vuruşmalı oldu. Bir neçə 
döyüşdən  sonra  Antoni  darmadağın  edildi,  lakin    bu  döyüşlərdə  hər  iki  konsul  da 
həlak oldu. Mutinadakı qələbə romalıları çox sevindirdi. Yenə də Tsitseron Antonini 
vətən düşməni elan etməyi, konsulları və Oktavianı təltif etməyi təklif etdi. Bu dəfə 
senat onun təklifini qəbul etdi və Detsim Brut triumf keçirmək icazəsi aldı və ona baş 
komandanlıq həvalə edildi. Oktavian isə kiçik triumfa - alqışa layiq görüldü.  
Lakin  birdən-birə  vəziyyət  dəyişməyə  başladı.  Geri  çəkilən  Antoni  Lepidin 
qoşunları  ilə  birləşdi,  bu  Narbon  Qalliyasında  baş  verdi.  Digər  tərəfdən  Oktavian 
Antonini  təqib  etmək  əvəzinə  tabeliyində  olan  orduya  arxalanaraq,  konsul  olmaq 
iddiasına  düşdü.  Onun  göndərdiyi  elçilərdən  biri  Oktaviana  konsul  vəzifəsinin 
verilməsi barədə ordunun tələbini çatdırdıqda və ona rədd cavabı verildikdə, qılıncını 
çıxarıb demişdi: "bax kim ona bu vəzifəni verəcəkdir!" Çox keçmədi ki, atalığı kimi 
onun gənc varisi  də Rubikonu keçməkdən çəkinmədi və qoşunu ilə Romaya cumdu 
və şəhər döyüşsüz ələ keçirildi. Oktavian konsul seçildi və onun keçirdiyi ilk qərar 
Sezarın qatillərinin "su və oddan" məhrum edilməsi və ya qanundan kənar edilməsi 
idi.  
Bundan sonra Antoni və Lepid  əleyhinə olan qərarlar da ləğv edildi və Sezar 
tərəfdarlarının  barışması  üçün  əlverişli  şərait  yarandı.  43-cü  ilin  noyabrında 
Bononiya yaxınlığında, kiçik çay adasında Sezar tərəfdarlarının üç rəhbərinin görüşü 
keçirildi.  Onların  hər  biri  bura  beş  legion  ordu  ilə  gəlmişdi.  Bu  görüşün  nəticəsi 
ikinci Triumviratın meydana gəlməsi oldu. 

 
156 
 

 
157 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin