Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi


POMPEYİN VƏ SEZARIN YÜKSƏLİŞİ



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

POMPEYİN VƏ SEZARIN YÜKSƏLİŞİ 
 
Romanın daxilində bu hadisələr baş verən vaxt dövlət Şərqdə də öz nüfuzunu 
saxlamaq  üçün  yenidən  müharibə  aparmağa  məcbur  olmuşdu.  60-cı  illərin  sonunda 
romalılar  Pont  çarı  Mitridatla  yeni  müharibə  aparırdılar.  Lukull  əvvəlcə  onun 
üzərində böyük qələbələr çalmışdı, lakin sonralar Roma əsgərləri arasında narazılığın 
yaranması  və  hərbi  əməliyyatların  ləng  getməsi  Mitridata  yenidən  öz  çarlığında 
möhkəmlənməyə imkan verdi. Bu vaxt baş komandanlığın Qney Pompeyə verilməsi 
qərara alındı. Pompey həmin dövrün ən tanınmış şəxsiyyətlərindən biri idi. O, 67-ci 
ildə Aralıq dənizindəki quldurlara qalib gəlməklə, böyük şöhrət tapmışdı, çünki bu, 
ticarət üçün geniş imkanlar açırdı.  
Gənc  çağlarında  o,  Sulla  tərəfdarı  olmuşdu.  Lakin  Krassla  birlikdə  konsul 
olduqda  isə  Sulla  tərəfindən  ləğv  edilmiş  xalq  tribunlarının  səlahiyyətlərini  bərpa 
etmişdi, həm də bu vaxt atlıların məhkəmədə iştirakına imkan yaradılmışdı. Bununla 
da Sulla konstitusiyası ləğv edilmişdi.  
Pompey  sərkərdə  üçün  lazım  olan  keyfiyyətlərə  -  hərbi  işdə  səriştəliliyə, 
igidliyə,  nüfuza  və  bəxti  gətirmək  kimi  xüsusiyyətə  malik  idi.  Həm  də  Pompeydə 
digər ləyaqətlər də - təmənnasızlıq, özünü müəyyən həddə saxlamaq, vicdanlılıq, ağıl 
və humanistlik var idi.  
Bu  dövrdə  xalq  tribunu  seçilən  və  Pompeyin  qaynı  olan  Metell  Nepot 
Pompeyin  Şərqdən  qayıtması  üçün  yolları  təmizləməklə  məşğul  olurdu.  O,  həm  də 
Tsitserona qarşı fəal kampaniya başladı və onu Roma vətəndaşlarını qanunsuz olaraq 
edam etməkdə ittiham etdi. Onların mübahisələri bəzən əndazədən çıxırdı. Bu barədə 
Plutarx  yazır  ki,  bir  dəfə  senatda  Metell  Nepot  ucadan  Tsitserona  "Axı  sənin  atan 
kimdir?"  sualını  verdikdə,  hazırcavab  Tsitseron  belə  cavab  vermişdi  ki,  "Sənin 
ananın  hesabına  bu  suala  məndən  fərqli  olaraq,  sənə  cavab  vermək  daha  çətin 
olacaqdır". Doğrudan da, Romada Nepotun anası təmiz əxlaqa malik olmayan qadın 
kimi  tanınırdı.  Nepot  62-ci  ilin  əvvəlində  artıq  Tsitseronu  məhkəməyə  vermək 
barədəki  niyyətini  açıqca  bildirirdi.  Bu  vaxt  Sezar  da  Metelli  dəstəkləyirdi.  Onlar 
qarşıdakı  dövlət  çevrilişinə  hazırlıq  görürdülər,  bu  çevrilişi  isə  ordusu  ilə  Şərqdən 
qayıdan  Pompey  həyata  keçirməli  idi.  Bu  məqsədlə  onlar  qiyabi  olaraq  Pompeyin 
konsul seçilməsinə iczaə verilməsinə cəhd edirdilər və istəyirdilər ki, Katilinaya qarşı 
müharibə aparmaq üçün o, Asiyadan geri çağırılsın.  
Lakin  bu  təklif  Katonun  ciddi  müqaviməti  ilə  qarşılaşdı.  Öz  tribun 
toxunulmazlığından istifadə edən Katon və onun bir kolleqası intertsessiya və ya veto 
qoymaq  hüququndan  istifadə  etdilər.  Bu  vaxt  qarışıqlıq  düşdü  və  az  qala  Katonu 
öldürmüşdülər.  Bu  qarmaqarışıqlığa  səbəb  olduqlarına  görə,  Metell  və  Sezar  öz 
vəzifələrindən kənarlaşdırıldılar və konsullara fövqəladə səlahiyyətlər verildi.  
Bundan sonra Metell Pompeyin arxasınca yollandı. Sezar isə senatın qərarına 
məhəl qoymayaraq, pretor səlahiyyətlərini icra etməkdə davam edirdi və bir azdan o, 
öz  vəzifəsinə  rəsmi  qaydada  da  bərpa  edildi.  Katon  bu  vaxt  dövlət  hesabına  pulsuz 
çörək alanların sayını xeyli artırmışdı və bu dövlətə çox böyük xərclərə başa gəlirdi. 
Bu yolla Katon plebs arasında Sezarın nüfuzunun artmasına imkan vermirdi.  
Katilina  tar-mar  edildikdən  sonra  Pompey  xahişlə  müraciət  etdi  ki,  onun 
gəlməsinə  qədər  konsul  seçkilərini  təxirə  salsınlar  ki,  bu  seçkilərdə  leqatı  Mark 

 
120 
Pisona köməklik göstərə bilsin. Lakin heç Pompeyin köməyinə də ehtiyac olmadı və 
Pison  konsul  seçildi.  Ancaq  Pompeyin  qayıtması,  onu  səbirsizliklə  gözləyənlərin 
ümidlərini heç də doğrultmadı. Onlar Pompeyin ordu ilə qayıtmasını və bununla da 
vətəndaş müharibəsinin başlanmasını arzulayırdılar.  
62-ci  ilin  dekabrında  Mitridat  üzərində  parlaq  qələbədən  sonra  İtaliyaya 
qayıdan Pompey isə senatın və komitsianın heç bir qərarını gözləmədən öz ordusunu 
buraxdı, köhnə qaydalara uyğun olaraq Romaya sıravi vətəndaş kimi qayıtdı və şəhər 
divarının  yanında  ona  triumf  keçirməyə  icazə  verilməsini  gözlədi.  Qanuna  riayət 
etməkdə  onun bu  hərəkəti  yalnız  əcdadların  adətləri  ilə  müqayisə  oluna  bilərdi.  Bu 
onun tərəfindən ikinci dəfə təkrar olunurdu. 70-ci ildə də gözlənildiyinə baxmayaraq, 
öz  ordusunu  buraxmışdı,  hər  iki  dəfə  o,  yazılmamış  Roma  konstitusiyasının 
tələblərinə, köhnə adətlərə əməl etmişdi. Tale bir dəfə də - 52-ci ildə ona böyük uğur 
vəd edən bir şans bəxş etmişdi, həmin vaxt o, "kolleqasız" konsul seçilmişdi, qeyri-
məhdud  hakimiyyətə  malik  idi,  lakin  yenə  də  bu  vəziyyətdən  sui-istifadə  etmək  və 
onu möhkəmləndirib, qeyri-adi konsulluq müddətini uzatmaq istəmədi.  
O,  hər  şeyə  "vicdanlı"  qaydada,  düzgünlüklə  nail  olmağa  can  atırdı.  Pompey 
bu  hərəkətləri  ilə  əslində  çar  tacından  imtina  edirdi.  İlk  dəfə  olaraq  Pompey 
"printsipat"  təsis  etdi,  lakin  Avqustun  sonralar  tətbiq  etdiyi  printsipatdan  bu  əsaslı 
surətdə fərqlənirdi, axırıncının printsipatı daha çox monarxiyaya bəzəyirdi və bunun 
təsbit olunmasına yol açırdı. Lakin Pompeyin qanunlara və adətlərə belə ciddi riayət 
etməsi ona heç bir dividend gətirmədi, heç bir şərəf bəxş etmədi. Ona görə də onun 
gəlməsi nə qədər böyük ümidlərlə gözlənilsə də, bir neçə gündən sonra yaddan çıxdı 
və daha aktual hadisələrlə sıxışdırılıb unuduldu.  
Bu  vaxtlar  Klodi  işi  deyilən  hadisə  baş  verdi  və  bu  hadisə  siyasi  atmosferin 
gərginləşməsinə  səbəb  oldu.  Katilina  qəsdindən  sonra  senat  əleyhinə  olan  qüvvələr 
yenə  baş  qaldırdılar.  Kvestor  vəzifəsində  olan  Klodi  bundan  əvvəl  xeyirxah  ilahə 
şərəfinə olan bayramda qadın paltarında Sezarın arvadı Pompeya ilə görüşə gəlmişdi. 
Adətə  görə  isə  qadınların  keçirdiyi  bu  bayramda  heç  bir  kişi  iştirak  edə  bilməzdi. 
Klodini tanıyan qulluqçu qız bu işin üstünü açmış və Klodi buradan qaçmışdı.  Dini 
adətlərə  belə  hörmətsizliyə  görə  Klodi  mühakimə  olunmalı  idi.  Nəhayət,  61-ci  ilin 
mayında  Klodi  üzərində  məhkəmə  quruldu.  Onu  hər  cür  əxlaqsızlıqda  və 
zinakarlıqda  ittiham  edirdilər.  Hətta  Lukull  Klodini  öz  doğma  bacısı  ilə,  bu  qadın 
Lukullun  özünün  arvadı  idi,  intim  əlaqədə  günahlandırırdı.  Sezar  isə  arvadı 
Pompeyanı  boşadı  və  səbəbini  soruşduqda  deyirdi  ki,  mənim  arvadımın  üzərinə 
şübhə  kölgəsi  də  düşməməlidir.  Klodi  hakimləri  ələ  aldığından,  o,  bəraət  qazandı. 
Məhkəmə prosesində onun Romada olmaması barədə alibisinin yalan olduğunu sübut 
edən Tsitseronla onun düşmənçiliyi başlandı.  
60-cı il üçün konsul seçkisi keçirildikdən sonra Pompeyin iki günlük dəbdəbəli 
triumfu  qeyd  edildi.  İzdihamın  qarşısında  aparılan  iki  iri  cədvəldə  onun  böyük 
qələbələri  sadalanırdı,  o,  22  çar  üzərində  qələbə  çalmış,  Roma  ərazilərini  Fərat 
çayına  qədər  çatdırmış,  dünyanın  üç  qitəsində  torpaqlar  zəbt  etməklə,  dövlətin 
xəzinəsinə  daxil  olan  gəliri  70  faiz  artırmışdı.  Bundan  sonra  onun  əldə  etiyi 
qənimətlər,  daş-qaşlar,  sərvətlər  göstərilirdi.  Sonrakı  gün  isə  "diri  qənimətlər" 
nümayiş etdirildi. Müxtəlif ölkələrdən olan əsirlərdən sonra, tanınmış əsirlər keçirdi, 
Onların  içərisində  Mitridatın  yeddi  oğlu,  həmçinin  oğlu  və  iki  qızı  ilə  İudeya  çarı 

 
121 
Aristobul, Ermənistan çarı Tiqranın oğlu, dəniz quldurlarının başçıları, alban və iber 
knyazları keçirdi. Zəfər çalmış Pompey özü mirvari ilə bəzənmiş döyüş arabasında, 
rəvayətə  görə  Makedoniyalı  Aleksandrın  vaxtilə  geydiyi  tunikada  gəlib  keçdi.  Bu 
Pompeyin  nüfuzunun  zahiri  tərəfi  idi,  mahiyyətinə  gəldikdə  isə  ona  heç  nə  vəd 
etmirdi. Bu cəhət bir az sonra özünü daha aydın biruzə verdi.  
Lukull  Pompeylə  köhnə  haqq-hesabını  çəkmək  üçün  ona  qarşı  düşmənçilik 
kampaniyası başladı. Onun torpaq paylanması barədəki qanun layihələri  də keçmədi. 
Aqrar  qanun  layihəsi  üstündəki  mübarizə  o  qədər  şiddətləndi  ki,  tribun  Flavi  ən 
axırıncı  vasitəyə  əl  atdı  və  konsul  Metelli  həbsxanaya  salıb,  onun  senatla  təmasına 
imkan vermədi. Bunu görən Pompey öz aqrar qanunundan vaz keçməli oldu.  
Bütün bunlardan sonra Pompey daha tutarlı imkanlar axtarmağa başladı. 60-cı 
ildə  Yuli  Sezar  İspaniyadan  Romaya  döndü,  indi  onun  vəziyyəti  xeyli 
möhkəmlənmişdi.  Sezar  da  Pompey  kimi  patristi  nəslindən  idi.  O,  öz  əcdadlarının 
Yulinnin  nəslindən  olduğunu  və  İliondan  (Troyadan)  gəlmə  olduğunu  göstərməklə, 
onu müqəddəsləşdirirdi. 
Sezarın  tayfası  olan  Yulii  patritsilər,  başqa  sözlə  Romanın  əvvəlindən 
meydana gələn aristokratiyasının üzvləri idi. Sezarın dövrünə gəlib çıxmış patritsian 
tayfalarının  sayı  az  idi  və  Yulii  tayfası  sülalə  kimi  görünürdü.  Qüdrətli  kübar 
ailələrinin çoxu patritsian olmasına baxmayaraq, uzun müddət idi ki, patritsi qanı heç 
də siyasi fayda gətirmirdi. Bu, plebslərin tribun kimi qüdrətli instituta malik olduqları 
vaxtdan  sonra  əsl  maneəyə  çevrildi.  Yulii  Sezarlar  öz  nəsl  xəttini  ilahə  Veneraya 
bağlasalar da, heç də nə varlı, nə nüfuzlu, nə də ehtiram bəslənən nəsl idi.  
Bu  dövrdə  Roma  siyasi  karyerasına  tələblər  və  onun  qiyməti  olduqca  yüksək 
idi.  Rəqabət  isə  olduqca  qızğın  idi,  lakin  onun  potensial  faydaları  böyük  cazibə 
qüvvəsinə malik idi. Pretorluğun və konsulluğun qazanclarından biri əyalətə  
valilik  əldə  etmək  idi,  bu  isə  qarətçilik  üçün  bol  imkanlar  yaradırdı.  Bütün 
Aralıq dənizi dünyası həqiqətən də Roma kübarlarının və yeni iş adamları sinfinin, 
atlıların  sərəncamında  idi.  Onlar  hərbi  müqavilələrdən  və  kənd  təsərrüfatı 
vergisindən varlanırdılar.  
Hərbi işçi qüvvə Roma kəndlilərindən toplanırdı. İkinci Puniya müharibəsinin 
(m.ə.  218-201-ci  illər)  əmələ  gətirdiyi  viranəlikdən  sonra  meydana  gələn  iqtisadi 
inqilab  tərəfindən  bu  sinfin  bir  hissəsi  əmlakdan  məhrum  edilmişdi  Nəticədə 
Romanın idarəedici sinfi daxildə və xaricdə etibarını itirmişdi və ona nifrət edilirdi. 
Roma  kübarlığının  üzvləri  arasındakı  ənənəvi  rəqabət,  avtokratik  hakimiyyəti 
ələ  keçirmək  üçün  qızğın  yarışla  əvəz  olundu.  Yulii  Sezarlar,  əslində  buna 
qarışmırdılar,  baxmayaraq  ki,  diktatorun  əmisi  Sekst  Sezar  91-ci  ildə  konsul 
seçilmişdi. Yulii Sezarlar özləri kübar olmalarına baxmayaraq, onlar daim kübarlara 
qarşı olan partiya ilə birləşirdilər.  
Qay  Yuli  Sezar  100-cü  ildə  anadan  olmuşdu.  Onun  16  yaşı  olanda  atası  Qay 
Sezar ölmüşdü. Anası Avreliya kübar qadın idi və Sezar çox şeydə ona borclu idi.  
Onun  xalası  vaxtilə  Numidiya  müharibəsinin  qəhrəmanı  Qay  Marinin  arvadı 
olmuşdu,  özünün  birinci  arvadı  isə  Sullanın  qatı  düşməni  Korneli  Tsinnanın  qızı 
olmuşdu. Sulla Şərq yürüşündən sonra Romaya qaytıdıqda, gənc Sezardan arvadını 
atasına  görə  boşamağı  tələb  etsə  də,  o,  diktatorun  bu  göstərişinə  əməl  etməmişdi. 
Bunun  o  vaxtlar  onun  üçün  çox  pis  nəticə  verəcəyi  ehtimalına  görə,  o,  Asiya 

 
122 
əyalətinə  getməyə  məcbur  olmuş,  Kilikiyada  hərbi  xidmət  etmişdi.  Vifiniya  çarı 
Nikomedin yanında olmuşdu. Hətta onun haqqında belə söhbətlər də gəzirdi ki, gənc 
Sezarla  Nikomed  cinsi  əlaqədə  olmuşdur.  Yalnız  Sulla  öldükdən  sonra  o,  Romaya 
qayıda bildi.  
78-ci  ildə  Romaya  qayıtdıqdan  sonra  Sezar  siyasi  karyerasına  start  verərək, 
əyalətdə  rüşvətxorluq  etdiyinə  görə  Dolabellanı  məhkəməyə  verdi.  Romada  o, 
məhkəmələrdəki  müdafiə  çıxışlarına  görə  böyük  müvəffəqiyyət  qazandı.  Onun 
yumşaq və şən maskası altında, cəsarətli və qətiyyətli xarakteri gizlənirdi. Məhz buna 
görə  Tsitseron  onun  fikirlərində  və  hərəkət  tərzində  tiran  niyyətlərinin  olduğunu 
hamıdan  əvvəl  hiss  etmişdi.  O,  ilk  dəfə  hərbi  tribun  seçildikdə  xalqın  ona  olan 
rəğbətini hiss etdi. Bu vaxt o, çoxlu səs almışdı. Bundan başqa o, Marinin arvadı olan 
xalasının dəfn mərasimində, Mari xalq düşməni elan edildikdən sonra ilk dəfə olaraq 
onun təsvirini qaldırmışdı. Arvadı Korneliya öldükdən sonra o, Pompeyaya evləndi, 
Korneliyadan  olan  qızını  isə  sonralar  Pompeyə  ərə  vermişdi.  Sezar  həm  də 
bədxərcliyi, əliaçıqlığı ilə ad qazanmışdı.  
O vaxtlarda Roma iki cəbhəyə - böyük qüvvəyə malik olan Sulla tərəfdarlarına 
və darmadağın edilmiş Marinin tərəfdarlarına bölünmüşdü. Sezar Mari tərəfdarlarını 
möhkəmləndirməyi və öz arxasınca aparmağı qərara aldı. Buna görə də senatda çıxış 
edən Lutatsi Katul Sezarı ittiham edərək, dedi ki, "beləliklə, Sezar dövlətə artıq onun 
altını qazmaq yolu ilə deyil, mühasirə maşınları tətbiq etməklə təcavüz edir". Lakin 
Sezar  məharətli  çıxışı  ilə  bu  ittihamdan  yaxasını  qurtara  bildi.  Sonra  isə  ali  kahin 
Metell öldükdə, Sezar da öz namizədliyini irəli sürdü. Seçki günü anası ilə vidalaşan 
Sezar  dedi:  "Bu  gün  ana,  öz  oğlunu  ya  ali  kahin,  yaxud  da  sürgün  olunan  kimi 
görəcəksən". 
Pretor  seçildikdən  sonra  Sezar  idarə  etmək  üçün  İspaniya  əyalətini  aldı.  Alp 
dağlarını keçərkən o, bir yoxsul şəhəri gördükdə, gülərək  dostundan soruşmuşdu ki, 
görən  burada  da  vəzifə  üstündə  yarış,  birincilik  üstündə  mübahisə,  əyanlar  arasında 
dava  gedir?  Sezar  onlara  tam  ciddiliklə  dedi  ki,  "Mənə  qalırsa,  mən  Romada  ikinci 
olmaqdansa,  burada  birinci  olmağı  üstün  tutardım".  İspaniyada  isə  istirahət  vaxtı 
Makedoniyalı Aleksandrın fəaliyyəti haqqında yazılanları oxuyarkən gözləri yaşardı 
və dedi ki, "Məgər kədər üçün bu tam əsas deyildirmi ki, mənim yaşımda Aleksandr 
bir  belə  xalqa  hökmranlıq  edirdi,  mən  isə  indiyə  qədər  tutarlı  bir  şey  etməmişəm!" 
Həyatının 33-cü ilində olarkən ölən Aleksandr üç qitənin ərazisini əhatə edən böyük 
imperiya yaratmışdı. 
İspaniyada  o,  həm  hərbi,  həm  də  mülki  məsələlərlə  ustalıqla  məşğul  olurdu. 
Belə  qayda  qoydu  ki,  borclunun  illik  gəlirindən  üçdə  biri  onun  özünə  qalsın,  üçdə 
ikisi isə borc verənə çatsın. Sonra o, senatdan xahiş etdi ki, ona qiyabi olaraq konsul 
seçilməyə  icazə  versin.  Buna  qarşı  birinci  olaraq  Katon  çıxış  etdi.  Çoxları  Sezarın 
xahişinə  əməl  etmək  istədikdə,  Katon  ikinci  dəfə  bütün  gün  davam  edən  çıxışını 
etməyə  məcbur  oldu  və  Sezar  triumfdan  imtina  edərək,  konsul  seçkilərində  iştirak 
etməyi  qərara  aldı.  Bu  məqsədlə  o,  Romaya  gəldi,  burada  Pompey  və  Krassı 
barışdırdı və onların qüdrətindən istifadə etməyə başladı. Məhz bu yolla ona dövlət 
çevrilişi etmək müyəssər oldu. 
Öz  siyasi  məqsədlərinə  çatmaq  üçün  Sezar  müqavimət  göstərməyən  siyasi 
ağaların  koalisiyasını  yaratmağa  nail  oldu.  Pompey  Şərqdə  uğurlu  missiyasını  başa 

 
123 
çatdırıb,  62-ci  ildə  geri  döndükdə,  öz  ordusunu  buraxmışdı.  Bu  vaxt  Sezar  onunla 
gizli sazişə daxil oldu. Sezar Krassı da partnyorluğa girməyə ustalıqla inandırdı və o 
da  ilk  Triumvirata  daxil  oldu.  Krass  da  Pompey  kimi  Sullanın  yanında  xidmət 
etmişdi. Lakin o, əvvəllər Pompeyin qatı əleyhdarlarından biri idi. Sezar onların hər 
ikisi ilə yaxşı münasibətdə idi və onları barışdıra bildi. 59-cu ilin əvvəlində Pompey 
Sezarın yeganə qızı Yuliyaya evlənməklə, onunla öz alyansını möhürlədi. Sezar isə 
58-ci  ildə  konsul  olan  Lutsi  Pisonun  qızı  Kalpurniyanı  aldı.  Beləliklə,  60-cı  ildə 
Triumvirat meydana gəldi, bu siyasi alyans 53-cü ilə qədər davam etdi.  
Bu Triumvirat Roma siyasi səhnəsində siyasi məqsədlərə çatmağın yeni yolu, 
yeni  vasitəsi  idi.  Həmin  siyasi  gediş  bu  üç  siyasi  xadimə  müxtəlif  ölçüdə  və 
müvəqqəti  fayda  gətirsə  də,  dövləti  siyasi  intriqalara  cəlb  etdi  və  nəticədə  üfüqdə 
vətəndaş  müharibəsi  görünməyə  başladı.  Sezar  uzağa  gedən  planlarını  həyata 
keçirmək üçün təkcə dəbdə olan adamları pulla satın almaq vasitəsindən deyil, daha 
məkrli  gedişlərdən  istifadə  etməyi  bacarırdı  və  49-cu  ilin  hadisələri  bunu  aydın 
şəkildə göstərdi. 
Sonralar  baş  verən  vətəndaş  müharibəsinə  heç  də  Pompeylə  Sezarın 
düşmənçiliyi  deyil,  onların  məhz  bu  dövrdən  başlanan  dostluğu  səbəb  olmuşdu. 
Onlar əvvəlcə birləşdilər, sonra isə bir-birlərinin əleyhinə qalxdılar. Belə bir dəstəyi 
əldə edən Sezar seçkiləri uddu və Bibulla birlikdə konsul elan olundu. Bu vəzifəyə 
keçən  kimi  o,  qaragüruha  xoş  gəlmək  üçün  koloniyalar  və  torpaqların  paylanması 
barədə  qanun  layihələri  təqdim  etdi.  Senat  bunlara  qarşı  çıxdıqda,  o,  senatın 
iradəsinin  əleyhinə,  xalqa  müraciət  etdi.  Pompeylə  Krassın  xalq  qarşısında  rəyini 
öyrənmək istədikdə, hər ikisi Sezarı dəstəklədiyini bildirdi. Pompey isə əlavə etdi ki, 
kim qılınc qaldıracaqsa, o, təkcə qılıncla deyil, həm də qalxanla çıxış edəcəkdir.  
Sezarın  Pompeylə  və  Pisonla  qohumluq  əlaqələri  Katonu  ciddi  surətdə 
hiddətləndirdi  və  o,  bəyan  etdi  ki,  nikah  əlaqələri  ilə  dövlətdə  ali  hakimiyyəti  ələ 
keçirən  və  qadınların  köməyi  ilə  bir-birinə  qoşun,  əyalət  və  vəzifələr  verən  bu 
adamlara  dözməyə  güc  də  qalmamışdır.  Sezarın  konsul  yoldaşı  Bibul  bu  qanun 
layihələrinin  əleyhinə  idi,  lakin  heç  nə  əldə  edə  bilmədi.  Pompey  Forumu  silahlı 
adamlarla doldurduqda, xalq bu qanunları təsdiq etdi. Sezar beş illiyə Qalliyanı idarə 
etməyi  və  dörd  legion  aldı.  Buna  etiraz  edən  Katonu  Sezar  həbsxanaya  göndərdi. 
Lakin Katona xalqın böyük hörmətini hiss etdikdən sonra, o, bu qərarını ləğv etməyə 
məcbur oldu. 
Sezar  Roma  tarixindəki  ilk  siyasi  triumviratın  təşəbbüsçüsü  və  təşkilatçısı 
oldu.  Bu  ittifaqın  yaranması  onun  təkhakimiyyətliliyinə,  monarxiya  quruluşuna  yol 
açırdı.  Pompey  və  Krassı  barışdırmaqla  Sezar  onları  öz  məqsədləri  üçün  istifadə 
etməyə başladı və əslində həqiqi dövlət çevrilişini həyata keçirdi. Məhz triumviratın 
köməyilə  o,  birinci  aqrar  qanununu  həyata  keçirdi.  Bu  qanuna  görə  dövlət 
torpaqlarının  bölünməsi  nəzərdə  tutulurdu.  Torpaq  payları  20  il  ərzində  alına 
bilməzdi.  İkinci  aqrar  qanuna  görə  ilk  qanunda  göstərilməyən  torpaqlar  da 
bölünməyə düşürdü və çoxuşaqlı ailələrə üstünlük verilirdi. 
Katonun prinsipiallılığı, mətinliyi ona ağır zərbələr dəyməsinə gətirib çıxarırdı. 
Başqalarından  fərqli  olaraq  o,  güzəştə  getməyi  bacarmırdı,  öz  sarsılmaz  mövqeyini 
dəyişdirmirdi,  öz  nəcibliyini  və  saflığını  heç  nəyə  qurban  vermirdi.  Bununla  da  o, 
şəraitlə  ayaqlaşa  bilmirdi,  ağır  zərbələr  qəbul  edirdi.  Yəqin  ki,  Tsitseron  onun 

 
124 
haqqında çox dürüst və bir qədər istehza ilə dediyi: "O, yaddan çıxarır ki, Platonun 
dövlətində  deyil,  Romulun  tör-töküntülərinin  arasındadır"  sözləri  sadəlöhvlüyünü 
göstərməkdən daha çox, onun öz mövqeyinə sədaqətindən, öz dövlətini ideal dövlət 
kimi görmək arzusundan xəbər verir.  
 

 
125 
KLODİ QƏSDİ. QALLİYA MÜHARİBƏLƏRİ 
 
Sezarın 59-cu ildəki konsulluğu dövrünün ən biabırçı hadisələrindən biri onun 
arvadının  ləyaqətini  təhqir  etməkdə  ittiham  olunan  Klodinin  xalq  tribunu  seçilməsi 
oldu.  Klodini  bu  vəzifəyə  seçmişdilər  ki,  Tsitseronu  məhv  etsinlər.  Yalnız  Klodi 
Tsitseronu devirdikdən və onun İtaliyadan qovulmasına nail olduqdan sonra Sezar öz 
əyalətinə yollandı.  
Klodinin  hakimiyyətdə  olması  Tsitseronun  həyatında  və  siyasi  tərcümeyi-
halında  olduqca  faciəli  rol  oynadı.  Klodi  hələ  60-cı  ildə  tribunluğu  ələ  keçirmək 
istəyirdi  və  bunun  üçün  plebey  zümrəsinə  keçdi  və  bu  məqsədlə  könüllü  surətdə 
patritsilikdən imtina etdi. Lakin həmin il o, buna nail ola bilmədi. 59-cu ildə o, bir 
plebey  tərəfindən  oğulluğa  götürüldü  və  xalq  tribunu  seçildi.  Sonra  isə  o,  Sezarla 
Pompeyin  tapşırığı  ilə  Tsitseronun  və  Katonun  Romadan  uzaqlaşdırılması 
əməliyyatına  başladı.  Onlar  hər  ikisi  bu  adamlar  üçün  müəyyən  qorxu  yaradırdı. 
Onların  siyasi  planlarında  artıq  Tsitserona  yer  yox  idi.  Klodi  isə  Sezarın  arvadı  ilə 
olan  məhkəmə  vaxtından  Tsitserona  nifrət  bəsləyirdi.  Katon  isə  senatın  dayağı 
olduğundan,  Pompeylə  Sezarın  ondan  zəhləsi  gedirdi.  Onların  hər  ikisinin 
uzaqlaşdırılması üçün əlverişli vasitələr tətbiq etmək lazım idi.  
Klodi 59-cu ilin dekabrında xalq tribunu vəzifəsinə başlayan kimi xalqa dörd 
qanun layihəsi ilə müraciət etdi. Bunlardan biri hər ay kasıb əhaliyə paylanan çörəyə 
görə müəyyən haqq verilməsinin ləğv edilməsi, ikincisi, 64-cü ildə qadağan edilmiş 
kvartal  kollegiyalarının  bərpa  edilməsi  və  yenilərinin  təsis  edilməsinə  icazə 
verilməsi,  üçüncüsü,  komitsia  günlərində  səma  əlamətlərinin  müşahidəsinə  icazə 
verilməməsi  və  nəhayət,  dördüncüsü,  senatorların  siyahısını  tutduqda  senzorların 
hüquqlarının məhdudlaşdırılması barədə idi. Bütün bu qanunlar 58-ci ilin əvvəlində 
komitsialar  tərəfindən  qəbul  edildi.  Bir  ay  sonra  o,  yenə  qanun  layihələri  ilə  çıxış 
etdi. Bu əslində Katonun kənarlaşdırılmasına yönəldilmişdi. Lakin bu fəxri və məsul 
tapşırıq adı altında gizlədilirdi. Katona tapşırılırdı ki, Kipr adasına getsin və bu onun 
təmiz  vicdanı  ilə  əlaqələndirilirdi.  Çünki  orada  iri  məbləğdə  pullar  və  əmlak 
müsadirə  edilməli  və  onlar  Roma  xəzinəsinə  daxil  edilməli  idi.  İkinci  qanun  isə 
Tsitserona qarşı yönəlmişdi.  
Bu layihədə cəza qoyulmasından - "sudan və oddan məhrum etməkdən", başqa 
sözlə  sürgündən  söhbət  gedirdi  və  məhkəməsiz  Roma  vətəndaşlarının  edam 
edilməsində məhz günahkar olan magistratlar nəzərdə tutulurdu. Əlbəttə, bu, birbaşa 
Tsitserona aid idi, Katilina qəsdinin iştirakçılarının istintaqsız və məhkəməsiz edam 
edilməsinə günahkar kimi onun məsuliyyətə cəlb edilməsinə yol açırdı.  
Bunlardan  başqa  o,  əyalətlər  barədə  də  qanun  layihəsi  irəli  sürdü.  Konsullara 
yeni,  daha  sərfəli  əyalətlər  verilməsi  nəzərdə  tutulurdu.  Bununla  o,  utanmadan 
konsulları  ələ  alırdı.  Bu  qanunlar  dərc  olunduqdan  sonra  Tsitseron  tam  qorxuya 
düşdü,  matəm  paltarı  geyinib,  özünü  alçaldaraq  Pisondan  və  Pompeydən  onu 
müdafiə etməyi xahiş etdi, lakin onların hər ikisi bu xahişə rədd cavabı verdilər. O, 
küçədə  kasıb  və  çirkli  paltarda  hamının  qabağını  kəsib,  onlardan  kömək  və  dəstək 
axtarırdı.  
Tsitseron  üçün  yeganə  çıxış  yolu  könüllü  surətdə  Romanı    tərk  etmək  idi. 
Katon  da  vəziyyətin  çətin  olduğunu  görüb  ona  bu  məsləhəti  verdi.  O,  həm  də  qan 

 
126 
tökülməsinə  yol verməməyi  arzu  edirdi. Klodi  isə şəhərdən  kənarda,  sirkdə  camaatı 
topladı  və  burada  hər  iki  konsul  -  Pison  və  Qabini  Katilina  tərəfdarlarına  divan 
tutulmasını  pislədilər.  Onlar  Sezar  tərəfindən  müdafiə  olundular.  Tsitserona  qarşı 
olan qanun qəbul edildi, bununla yanaşı əyalətlər haqqındakı qanun da qəbul olundu 
və bu sənədə görə Katon Kiprə göndərildi. Tsitseron isə bu qərar qəbul edilənə qədər 
artıq Romanı tərk etmişdi. Ondan bir az sonra Katon və Sezar da Romadan getdilər, 
Sezar əyaləti kimi Qalliyaya yollandı.  
Onlar  getdikdən  sonra  Klodinin  əl-qolu  açıldı.  Tsitserona  qarşı  qanun  qəbul 
olunan gün onun Romadakı evi yandırıldı, villası qarət edildi, onun könüllü sürgünə 
yollanmasına  isə  qanuni  don  geyindirmək  üçün  Klodi  belə  qanun  qəbul  etdirmişdi. 
Bu  qanuna  görə,  Tsitseron  bir  daha  əvvəlki  qanunun  təsiri  altına  düşür  və  beləliklə 
senatın  Katilina  tərəfdarlarının  edam  edilməsi  barədəki  qərarının  saxta  olduğu  elan 
olunurdu. Sürgün olunana, ölüm cəzası qorxusu altında Romadan 500 mil məsafədən 
yaxın  olan  ərazidə  sığınacaq  vermək  və  gələcəkdə  nə  vaxtsa  bu  qanuna  yenidən 
baxılması və ya ləğvi barədə məsələ qoymaq qadağan olunurdu.  
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Klodinin  bu  hərəkətləri  Romanın  geniş  əhali 
təbəqələri  tərəfindən  müdafiə  olunurdu.  O,  təkcə  Roma  ilə  kifayətlənmirdi,  xarici 
siyasət xarakterli məsələlərə də ciddi müdaxilə edirdi. O, bəzi məsələlərdə Pompeylə 
münaqişəyə girməkdən də çəkinmirdi. Bundan bir az sonra isə Sezara qarşı açıq çıxış 
etdi və onun qanunlarını ləğv etməyi təklif etdi. Deməli o, triumviratın üzvləri ilə də 
hesablaşmaq  istəmirdi  və  öz  fəaliyyətində  əsasən  qaragüruha  arxalanırdı.  Tsitseron 
hətta  adamları  inandırmağa  çalışırdı  ki,  Klodi  qul  ordusunu  təşkil  etmək  və  onun 
köməyi ilə dövlətin və bütün vətəndaşların əmlakını ələ keçirmək istəyir.  
Tsitseron  bir  neçə  həftə  İtaliyanın  cənubunda  qaldıqdan  sonra  Brundiziyadan 
Balkan  yarımadasına  keçdi.  Başqa  şəhərlərə  getmək  təhlükəli  olduğundan  o, 
Makedoniyaya  yollandı  və  yarım  ili  Fessalonikidə  keçirdi.  O,  buradan  şikayət  dolu 
məktublar göndərirdi, özünün dediyi kimi "uca yerdən yıxılırdı". 58-cı ilin sonunda 
Pompey  onun  qayıtması  barədə  məsələ  qoydu,  lakin  bu  qanun  layihəsi  qəbul 
olunmadı. 57-ci ilin ilk günündə isə senatın ilk iclasında yeni konsul Lentul Spinter 
Tsitseronun qaytarılması barədə məsələ qoydu. Digər konsul da bunu müdafiə etdi və 
Pompey  bu  məsələdə  Klodinin  əl-qolunu  bağlamaq  üçün  senatın  qərarı  ilə 
kifayətlənməyib, məsələni komitsiaya keçirməyi təklif etdi. Xalq yığıncağı yanvarın 
23-nə  təyin  edilmişdi.  Lakin  bu  ərəfədə  Klodi  qulların  və  qladiatorların  silahlı 
dəstələri ilə Forumu tutdu, qanlı toqquşma getdi və bir neçə xalq tribunu yaralandı. 
Artıq  xalqın  Klodiyə  münasibəti  xeyli  soyumuşdu.  Hətta  xalq  tribunu  Anni  Milon 
zorakılıq  hərəkətlərinə  görə  onu  məhkəməyə  verməyə  çalışdı.  Lakin  bu  cəhd  baş 
tutmadı.  Ancaq  Milon  Klodi  dəstəsindən  qorunmaq  üçün  özünü  silahlı  adamlarla 
əhatə  etdi.  Onların  tərkibi  klientlərdən,  qullardan  və  azad  olunmuş  qullardan  - 
libertinlərdən ibarət idi. Onun nümunəsindən digər xalq tribunu da istifadə etdi.  
Toqquşmalar,  küçə  döyüşləri  baş  verdi  və  üstünlük  artıq  Klodinin 
əleyhdarlarının tərəfində idi. Bu vaxt senat Tsitseronun geri qaytarılması barədə qərar 
qəbul etdi və onun bütün hüquqları və əmlakı bərpa edildi. Pompey onun 63-cü ildə 
dövləti xilas etməsini ən güclü arqument kimi göstərdi. Senturiat komitsiaları da belə 
qərar qəbul etdi.  

 
127 
Beləliklə  Tsitseronun  17  aylıq  sürgünü  başa  çatdı.  Onu  böyük  sevinclə 
qarşılayırdılar.  O,  bundan  olduqca  məmnun  idi.  Öz  nitqində  o  göstərdi  ki,  o, 
Romadan  sürgün  olunduqda,  onunla  birlikdə  elə  bil  ki,  qanunlar,  məhkəmələr, 
magistratların  hüquqları,  senatın  nüfuzu,  azadlıq  və  hətta  bol  məhsul  də  yoxa 
çıxmışdı.  Onun  barəsində  xalqın  yekdilliyini  qeyd edərək  deyirdi  ki,  bu  qərarla  elə 
bil o, pilləkənlərlə göyün özünə qalxır.  
İndi  onda  əvvəlki  pessimizmdən  əsər-əlamət  qalmamışdı,  o,  Romadan 
uzaqlaşmasını  vətəndaş  müharibəsinə  bəhanə  verməmək,  çoxlu  insanın  qanının 
axıdılmasına  səbəb  olmamaq  üçün  etdiyini  deyirdi  və  göstərirdi  ki,  o  razı  idi  ki, 
"vicdanlı adamlar öz talelərindən ümidsizliyə qapılınca, mənim vəziyyətimə göz yaşı 
axıtsınlar".  
Lakin  zaman  keçdiyi  kimi,  əvvəlki  Tsitseron  nüfuzu  da  əriyib  keçən  ilin  qarı 
kimi  sonrakı  dövr  üçün  əhəmiyyətsiz  bir  şeyə  çevrilmişdi.  Ona  qarşı  Klodinin 
hücumları əvvəlki təsirə malik olmasa da, dayanmamışdı, hətta bir dəfə ona küçədə 
fiziki  hücum  edilməsi  baş  vermişdi.  Tsitseron  da  bunu  cavabsız  qoymadı.  Klodi 
şəhərdə olmayanda Kapitolidə xalq tribunlarının fərmanları və qərarları olan lövhələr 
dağıdıldı,  onların  arasında  Tsitseronun  sürgün  edilməsi  barədəki  qərar  da  var  idi. 
Şəhərdəki toqquşmalar da getdikcə çoxalırdı.  
Bu  dövrdə  senatın  da  nüfuzu  yüksəlirdi.  Pompeyə  Romanı  ərzaqla  təmin 
etmək  səlahiyyətləri  verilmişdi.  Triumviratın  içərisində  də  çat  əmələ  gəlməyə 
başlamışdı.  Pompeylə  Krassın  münasibətləri  xeyli  korlanmışdı,  Sezarla  Pompey 
arasında da münasibətlər soyumuşdu.  
Plebs tribunu Publi Vatsininin köməkliyi ilə Sezara idarə etmək üçün Tsizalpın 
Qalliyası  (bu  ərazi  Alp  dağları,  Apennin  yarımadası  və  Adriatik  dənizinin  arasında 
idi)  və  İlliriya  verildi.  Onun  burada  qalması  54-cü  ilin  fevralına  qədər  davam 
edəcəkdi. Transalpin Qalliyasının valisi qəflətən öldükdə, bu əyalət də Sezara verildi. 
Tsizalpin Qalliyası Sezara hərbi əsgər yığmağa imkan yaradırdı, Transalpin Qalliyası 
isə Romanın şimali-qərb sərhədləri arxasında olan əraziləri işğal etmək üçün tramplin 
rolunu oynayırdı.  
58-ci və 50-ci illərin arasında Sezar Qalliyanın Reynin sol sahilində olan digər 
ərazilərini də işğal etdi və onları səmərəli qaydada özünə tabe etdirdi. Belə ki, 49-cu 
illə 31-ci il arasındakı vətəndaş müharibələri dövründə bu ərazi passiv şəkildə Roma 
idarəçiliyinin  altında  qalırdı.  Sezarın  nailiyyəti  olduqca  heyrətləndirici  idi,  çünki 
romalıların  Şimali  Avropa  barbarları  üzərində  elə  bir  hərbi  üstünlüyə  malik  olması 
güman  edilmirdi.  Həqiqətən  də  Qalliya  süvariləri  romalılarınkından  üstün  idi. 
Romanın hərbi üstünlüyü isə strategiyaya, taktikaya, intizama və hərbi mühəndisliyə 
əsaslanırdı.  Həm  də  Roma  çox  sayda  kiçik  müstəqil  dövlətlərlə  separat  qaydada 
sazişlər  bağlamışdı.  Bu  müvəffəqiyyət  Sezarın  karyerasında  mühüm  rol  oynadı.  O, 
Roma dövlətini və nəzərdə tutduğu Yunan-Roma dünyasının qalan hissəsini yenidən 
qurmaq işi üçün öz əl-qolunu sərbəst saxlayırdı.  
58-ci  ildə  Romanın  125-ci  ildə  qoyulan  şimali-qərb  sərhədi  Alp  dağlarından 
aşağıda, Rona çayının yuxarısından Pireneyədək uzanırdı. Sezar həmin ili bu xəttdən 
uzaqlara müdaxilə etdi, əvvəlcə geri Helvetsiyaya cumdu, sonra o, german sərkərdəsi 
Ariovisti Reyndən aralıda darmadağın etdi. 57-ci ildə Sezar şimalda Qalliya xalqının 
Belçika  qrupunu  özünə  tabe  etdi,  onun  köməkçisi  Publi  Litsini  Krass  isə  indiki 

 
128 
Normandiya  və  Breton  adlanan  regionları  işğal  etdi.  55-ci  ildə  Koblentsdən  bir  az 
aşağı  Reyn  çayında  körpü  salıb,  çayın  o  tərəfindəki  Almaniyaya  hücum  etdi  və 
şimali-şərqdə qiyam qaldıran qalları özünə tabe etdirdi, ikinci yürüş üçün yenə Reyn 
üstündə körpü saldı.  
Sezarın Qalliya müharibəsində böhran 52-ci ildə başlandı. Mərkəzi Qalliyanın 
əhalisi  özünə  Versinqetoriks  kimi  milli  lider  tapdı.  Qallar  Roma  qüvvələrini 
Sezardan  kəsib  ayırmağı  planlaşdırırdılar.  Bu  vaxt  o,  qışı  Alp  dağlarının  o  biri 
tərəfində  keçirirdi.  Vetsinqetoriks  həlledici  döyüşdən  qaçmaq  və  romalıları  öz 
təchizat mənbələrindən kəsib ayırmaq yolu ilə, onları mühasirəyə almaq və məğlub 
etmək  istəyirdi.  Bu  həm  süvari  əməliyyatları,  həm  də  "yanan  torpaq"  metodu  ilə 
həyata keçirilməli idi. Lakin o, öz həmvətənlərini bu acı siyasəti tam  şəkildə qəbul 
etməyə inandıra bilmədi.  
Sezar  Versinqetoriksi  indiki  Klermon-Ferranın  yaxınlığındakı  Gerqoviyada 
mühasirəyə aldı. Romalıların buranı tutmağa cəhd etməsi uğursuz oldu, onlar böyük 
itki  ilə  geri  oturduldular.  Bu  Sezarın  Qalliyada  ilk  iri  məğlubiyyəti  idi.  Sezar  sonra 
Roma ordusu üzərinə olan hücumu dəf etdi və Aleziyada Versinqetoriksi mühasirəyə 
aldı.  Aleziya  Dijondan  şimali-qərbdə  yerləşirdi,  böyük  təbii  müdafiə  mövqeyinə 
malik  idi  və  iri  Qalliya  ordusu  onu  xilas  etməyə  gəldi.  Lakin  bu  ordu  Sezar 
tərəfindən geri oturduldu və pərən-pərən edildi. Bu vaxt Vestinqetoriks təslim olmaq 
məcburiyyətində qaldı.  
52-51-ci illərin qışında və 51-ci kampaniyası mövsümündə Sezar qaldırılan bir 
neçə qiyamı yatırtdı. 50-ci ili o, yeni işğal edilmiş ərazidə keçirdi. Bundan sonra o, 
vətəndəki  opponentləri  ilə  haqq-hesabı  çürütməyə  hazır  idi.  Axı  Qalliya  işğalları 
vaxtı da Sezar vətəndə öz mövqeyini qoruyub saxlamaq və yaxşılaşdırmaqla məşğul 
olurdu.  O,  Qalliyanın  qarət  edilməsindən  artan  şəxsi  var-dövlətinin  bir  hissəsini 
Romadakı öz siyasi agentlərinə sərf edirdi.  
Onun qələbələri şərəfinə senat Romada on beş günlük bayram keçirilməsini və 
dua oxunmasını qərara aldı. 
Lakin triumvirilərin ittifaqı özünü qəribə aparırdı. Pompey Sezarın xəbərdarlıq 
edən  yürüşlərindən  narahat  olmağa  başladı.  Krass  da  Pompeyə  belə  münasibət 
bəsləyirdi.  Bunları  yoluna  qoymaq  üçün  56-cı  ildə  Lukada  triumvirlərin  görüşü 
keçirildi.  Görüşdə  çoxlu  senator  və  digər  vəzifəli  şəxslər  iştirak  edirdi.  Görüşün 
qərarına  görə  Pompey  və  Krass  55-ci  ilə  konsul  seçilməli  və  beş  illiyə  Pompey 
İspaniyanı,  Krass  isə  Suriyanı  idarə  etməyə  götürməli  idi,  Sezarın  Qalliyadakı 
səlahiyyətləri  isə  daha  beş  illiyə  uzadılırdı.  Bu  müddət  qurtardıqdan  sonra  yenə 
Sezara konsulluq vəd edilirdi. Lakin bütün bu qarşılıqlı xidmətlər və güzəştlər nəinki 
üçlüyün  möhkəmlənməsinə  kömək  etmədi,  hətta  bu  ittifaqın  dağılması  əlamətlərini 
yaratdı.  
Romada  da  vəziyyət  getdikcə  gərginləşirdi.  Klodi  və  Milonun  silahlı 
dəstələrinin  toqquşmaları  kəsilmək  bilmirdi.  Klodi  indi  Pompeyin  və  Tsitseronun 
əleyhinə  açıq  çıxış  etməyə  başlamışdı.  56-cı  ildə  edil  seçilən  Klodi  Milonu 
zorakılıqda ittiham edərək, məhkəməyə verdi. Pompey Milonu müdafiə etməyə cəhd 
etdi, lakin buna  müvəffəq ola bilmədi.  Əvəzində  Klodi onu Roma  əhalisini acından 
qırmaqda təqsirləndirdi. Milon tərəfdarları buna savaşla cavab verdilər. Tsitseron isə 
Klodinin təhriki ilə sürgün edilmiş Sestini uğurla müdafiə etdi və o, bəraət qazandı. 

 
129 
Bu  vaxt  o,  Klodiyə  qarşı  kəskin  hücumlar  etdi.  Ümumiyyətlə,  Tsitseron  müdafiəçi 
kimi  çıxış  etdiyi  bütün  məhkəmə  proseslərində  Klodiyə  toxunmadan  keçinmirdi. 
Klodi  isə  bunlara  daha  həyasızcasına  reaksiya  verirdi.  Yenə  o,  Tsitseronun  evini 
uçurmağa  cəhd  etdi.  Tsitseron  öz  dayaqlarını  möhkəmləndirmək  üçün  Sezara  qarşı 
xüsusi  rəğbət  işarələri  verməyə  başladı.  Çünki  Qalliya  qələbələrindən  sonra  ona 
senatın da münasibəti dəyişmişdi.  
Triumviratın qərarlarına gəldikdə senat Sezarın səlahiyyət müddətini artırdı və 
Pompeylə  Krass  55-ci  ilə  konsul  seçildilər.  Krass  hərbi  şöhrətini  artırmaq  üçün 
konsulluq  müddəti  qurtarmamışdan,  öz  əyaləti  Suriyaya  getdi  ki,  oradan  Parfiyaya 
qarşı  müharibəyə  hazırlaşsın.  Pompey  isə  şəhərdə  qaldı  və  öz  əyalətini  leqatları 
vasitəsilə idarə edirdi. Onun konsulluğu dövründə Romada ilk daşdan tikilmiş teatr 
açıldı və tamaşaya 500 şir və filin döyüşü çıxarıldı.  
Lakin  Romanın  küçələrində  toqquşmalar  ara  vermirdi  və  şəhərdə  anarxiya 
şəraiti  getdikcə  artırdı.  53-cü  ildə  Mesopotamiyadakı  Karra  yaxılığında  Krass 
parfiyalılar tərəfindən ciddi məğlubiyyətə məruz qaldı, özü isə ölkənin içərisinə çox 
irəlilədiyi  halda,  nəinki  döyüşü  uduzdu,  həm  də  həlak  oldu.  Son  onilliklərdə  bu 
Romanın ən ağır məğlubiyyəti idi və parfiyalılarla ilk müharibə onlar üçün olduqca 
uğursuz  olmuşdu.  Ümumiyyətlə,  Romanın  Parfiya  ilə  sonrakı  toqquşmaları  da  ona 
nəinki heç bir şərəf gətirmədi, ancaq biabırçılıq bəxş etdi.  
55-ci  və  54-cü  illərdə  isə  Sezar  iki  dəfə  boğazı  keçərək  Britaniyaya  daxil 
olmuşdu, lakin bu yürüş elə bir ciddi nəticə ilə yekunlaşmamışdı. Əlbəttə, Sezar ilk 
sərkərdə  idi  ki,  Britaniya  adalarına  keçmiş  və  oranı  zəbt  etməyə  başlamışdı. 
Ümumiyyətlə,  Sezar  ilk  Roma  sərkərdəsi  idi  ki,  işğalları  Şərqdən,  Aralıq  dənizi 
ətrafından  Qərbə,  Avropaya  keçirmiş  və  bu  qitədə  olduqca  böyük  ərazilər  zəbt 
etmişdi.  Lakin  o,  Britaniyada  çox  qalmadı  və  barbarların  çarına  bac  ölçüsü  qoyub, 
adanı tərk etmişdi.  
Qalliya müharibələrində onun böyük sərkərdəlik istedadı özünü parlaq şəkildə 
nümayiş etdirdi. O, müharibədə ən kiçik üstünlükdən də istifadə etməyi bacarırdı və 
xüsusən şəraitin əlverişli olmasından məharətlə istifadə edirdi.  
Qall  şəhəri  Aleziyadakı  qələbəsi  ona  böyük  şöhrət  gətirdi.  Burada 
Versinqetoriksin  başçılığı  altında  qall  tayfalarının  birləşmiş  üç  yüz  minlik  qüvvəsi 
cəmləşmişdi,  şəhərin  özündə  isə  əlavə  yüz  yetmiş  min  adam  var  idi.  Sezarın  sayca 
çox az olan qoşunları bu iki iri qüvvənin arasında qalmışdı. Ona görə də o, iki divar 
tikdirməli oldu, birini şəhərə qarşı, digərini isə öz üstünə gələn qallara qarşı. O, yaxşı 
başa düşürdü ki, düşmənin bu iki iri qüvvəsi birləşsə, o, məhv olacaqdır. Lakin Sezar 
əvvəlcə divarın bayırlarında olan qüvvələri darmadağın etdi və köməksiz qalan şəhər 
50-ci ildə təslim olmağa məcbur oldu.  
Qalliyanın işğal edilməsi böyük əhəmiyyətə malik idi. Burada aparılan və on 
ildən az müddətdə gedən müharibə ərzində Sezar hücumla, Plutarxın yazdığına görə, 
800  şəhər  tutmuş,  üç  yüz  tayfanı  özünə  tabe  etmiş,  üç  milyon  nəfər  düşmənlə 
vuruşmuş, onlardan bir milyonunu döyüş cəbhəsində məhv etmiş və bir o qədər də 
əsir  götürmüşdü.  Bu  qələbələri  əldə  edən  ordu  da  qalibiyyətli  və  yüksək  döyüş 
qabiliyyətinə malik olan bir orduya çevrilmişdi. Lakin baş verən ümumi qall üsyanı 
uzun illər ərzində əldə edilən qələbələri itirmək təhlükəsi yaratdı.  

 
130 
Bütün  bu  dövrdəki  baş  verən  hadisələr  qüvvələr  nisbətini  dəyişdirdi,  üçlük 
ittifaqını parçaladı, sonra isə bu ittifaqın tam süqutuna səbəb oldu. Bu vaxt Tsitseron 
diktatura  təhlükəsini  daha  aydın  hiss  edirdi.  53-cü  ildə  konsul  seçkiləri  ilə  əlaqədar 
siyasi mübarizə daha da gərginləşdi. İddiaçılardan biri də Milon idi, Klodi isə özünü 
52-ci ilə pretor seçilməyə namizəd irəli sürdü. Lakin həmin il, əvvəlki illər kimi ali 
magistratsız başlayır, çünki qarışıqlıq olduğundan konsullar seçilməmişdi. Bu onsuz 
da gərgin olan vəziyyəti bir qədər də ağırlaşdırırdı.  
Həmin  ilin  yanvarında  Romadan  bir  qədər  aralı  Appi  yolunda  iki  düşmən  - 
Klodi və Milon təsadüfən qabaqlaşırlar. Klodi şəhərə qayıdırdı, onu qulları və silahlı 
adamlar  müşayiət  edirdi.  Milon  isə  Romadan  gedirdi  və  onu  böyük  qul  dəstəsi 
müşayiət  edirdi.  Bu  vaxt  onların  Milonun  qulları  ilə  sözləşməsi  baş  verir  və  Klodi 
bunu  öyrənmək  istədikdə,  onun  kürəyinə  xəncərlə  zərbə  vururlar.  Yol  ətrafındakı 
yeməkxanaya  aparılan  Klodini,  burada  Milonun  adamları  tam  qətlə  yetirdilər.  Bu 
hadisə Romanı həyəcana qərq etdi, bu iğtişaşlara çevrildi və bir neçə gün davam etdi. 
Milon  buna  baxmayaraq  konsul  seçilmək  üçün  dəridən-qabıqdan  çıxırdı.  Lakin 
camaat  onun  evini  yandırmaq  istədi.  Bu  vaxt  senat  yenə  fövqəladə  tədbirlərə  əl 
atmağa məcbur oldu və Pompeyi "kolleqasız" konsul elan etdi, bu yumşaq diktatura 
forması idi.  
Bir  qədər  sonra  Milon  məhkəmə  məsuliyyətinə  cəlb  edildi.  Məhkəmə 
prosesində Tsitseron Milonun müdafiəçisi kimi çıxış edirdi, məhkəməyə sədrliyi isə 
Pompey  edirdi.  Tit  Anni  Milonun  müdafiəsinə  həsr  olunmuş  nitq  dəyəri  və  ədəbi 
zənginliyi  ilə  Tsitseronun  Katilinaya  qarşı  olan  nitqlərindən  heç  də  geri  qalmır.  O, 
özünün  müdafiə  nitqinə  bu  sözlərlə  başlayır  ki,  belə  igid  adam  olan  Tit  Milon 
haqqında,  o  adam  ki,  vətənin  xeyrini  öz  həyatından  üstün  tutur,  belə  utancaqlıqla 
nitqə  başlamağım  bir  qədər  ayıb  olsa  da,  mən  onunla  mənəvi  qüvvə  sahəsində 
müqayisə olunmaqla, onu müdafiə etməliyəm. O, sözünə davam edərək dedi ki, əgər 
bu prosesi mən Milonun əlyhiinə olan bir hadisə kimi hesab etsəm, onda belə çıxır ki, 
hər  cür  güc  silahdadır,  nitqə  isə  heç  bir  yer  yoxdur.  Sonra  o,  Klodinin  və  onun 
tərəfdarlarının ifşasına keçir: "Bizə yad və düşmən olan bir adamlar növü vardır ki, 
onları  Publi  Klodinin  qarətlərdəki,  ev  yandırmaqlarındakı,  ümumi  talanlardakı 
quduzluğu  qidalandırmışdır.  Məhkəməyə  müraciət  edərək  deyir  ki,  hörmətli 
hakimlər, siz ruhdan düşməyin, əgər sizə qorxu hopmuşdursa, bu qorxunu özünüzdən 
silkələyin,  tökün...  Siz  əyani  şəkildə  görəcəksiniz  ki,  Klodi  Milona  necə  buxov 
düzəldirdi,  mən  sizdən  xahiş  etməyəcəyəm  ki,  Milonu  keçmiş  xidmətlərinə  görə 
bağışlayın, mən sizin yadınıza salmayacağam ki, siz Klodinin özünüz üçün xilasedici 
olan ölümünü Milonun adına yazmayın, ancaq xalqın bəxti gətirməyi hesabına yazın.  
Sonra  natiq  Milonun  hərəkətlərinə  haqq  qazandırmaq  üçün  insanın  özünü 
müdafiə  hüququna  əl  atır  və  güclü  məntiqi  ilə  qətli  məhz  bununla  əlaqələndirmək 
istəyir.  "Belədir  ki,  hakimlər,  belə  bir  qanun  vardır,  bu  qanun  bizim  tərəfimizdən 
yazılmamışdır,  ancaq  bizimlə  bir  yerdə  doğulmuşdur,  onu  biz  eşitməmişik, 
oxumamışıq,  öyrənməmişik,  təbiətin  özündən  almışıq,  əxz  etmişik,  mənimsəmişik. 
Bu  qanun  bizdə  öyrənməkdən  deyil,  anadan  olandan  bizimlədir,  biz  onunla  tərbiyə 
olunmamışıq,  bu  qanun  bizə  hopmuşdur  və  bu  qanun  deyir:  əgər  bizim  həyatımız 
fitnədən,  zorakılıqdan,  quldurun  və  ya  düşmənin  qılıncından  təhlükədədirsə,  özünü 
qorumaq  üçün  hər  bir  vasitə  qanunidir  və  düzgündür.  Silah  danışan  vaxt  qanunlar 

 
131 
susur.  Gözləyənə  ədalətsiz  cəza,  düzgün  cəza  gələnə  qədər  ona  qorxu  yaradırsa,  bu 
qanunlar onları gözləməyi məsləhət görmür".  
Sonra  o,  məhkəməyə  bildirir  ki,  Klodi  öz  qatı  düşməni  Milonun  hökmən 
konsul seçiləcəyindən qorxub, onu öldürmək qərarına gəlmişdi. Natiq hətta Klodinin 
ölümü ilə nəticələnən toqquşmada bütün günahları ölənin üzərinə yıxmağa çalışır və 
göstərir ki, belə bir anda Milonun qüvvələri Klodiyə cavab verməli  oldular. O, deyir 
ki,  onsuz  da  bu  Milona  kömək  etməyəcəkdir,  nə  etmək  olar  ki,  onun  belə  taleyi 
vardır, o, vətəni və sizi xilas etməyincə, özünü xilas edə bilməzdi. Əgər bu qanuna 
ziddirsə, onu müdafiə etməyə mənim gücüm çatmayacaqdır. Əgər zorakılıqdan nəyin 
hesabına  olursa-olsun  öz  başını,  bədənini  və  həyatını  qorumağa  savadlı  adamlara 
ağıl,  barbarlara  zəruriyyət,  yadellilərə  adətlər,  vəhşi  heyvanlara  isə  təbiətin  özü 
məsləhət görürsə, siz canilərlə üz-üzə gələn hər kəsi onların ya qılıncından, yaxud da 
sizin  hökmünüzdən  məhvə  məhkum  etmək  istəmirsinizsə,  belə  bir  halda  baş  verən 
hadisəni cinayət hesab edə bilməzsiniz. Belə olsaydı, onda əlbəttə ki, Milon öz başını 
ona dəfələrlə hücum edən Klodinin bıçağı altına qoysaydı, daha yaxşı olardı, nəinki 
ölümdən  xilas  olduğuna  görə  sizdən  ölüm  qəbul  edəydi".  Tsitseron  sonra  iddia  edir 
ki, Klodinin sağ qalması Milon üçün xeyirli idi, Klodiyə isə çox lazım idi ki, Milon 
həlak olsun. Klodidə zorakılıq, Milonda isə müdafiə daimi adət idi. Müdafiəçi sonra 
öz-özünə  sual  verir  ki,  bəs  niyə  Klodi  qalib  çıxmadı?  Çünki  heç  də  həmişə  quldur 
yolçunu  öldürmür,  bəzən  yolçu  da  qulduru  öldürür.  Sonra  Klodinin  ictimai  təhlükə 
mənbəyi  olduğunu  sübut  etməyə  çalışır  və  deyir  ki,  əgər  Klodi  hakimiyyətə  gəlib 
çıxsaydı, siz dua edərdiniz ki, o, sizin malikanələrinizə, evinizə və əmlakınıza deyil, 
müttəfiqlərimizin,  digər  xalqların  və  çarların  üzərinə  öz  qəzəbini  tökəydi.  Əmlak? 
Yox,  allaha  and  olsun,  o,  özünün  azğın  ehtiraslarını  sizin  uşaqlarınızın  və 
arvadlarınızın  üzərinə  tökəcəkdi.  Mənə  isə  hakimlər,  sizə  yalvarmaqdan  və  and 
verməkdən başqa nə qalır? İgidə, onun barəsində xahiş etmədiyi mərhəməti göstərin, 
təkcə  mən  onun  iradəsinin  əleyhinə  olaraq  bu  barədə  xahiş  edirəm  və  yalvarıram. 
Bizim  ümumi  ağlaşmamızda  Milon  bir  damla  da  göz  yaşı  tökməsə  də,  o,  üzdən 
sarsılmasa da, səsi qüvvətli, nitqi dəyişməmiş qalsa da, bunu görəndə qəzəblənməyin, 
bəlkə də onun köməyə daha böyük ehtiyacı vardır. Hətta qladiator döyüşlərində, heç 
tanımadığımız  adamların  taleyinə  və  qismətinə  baxanda,  biz  adətən  titrəyənlərə, 
aman barədə xahiş edənlərə və yalvaranlara nifrət edirik, lakin qoçaq, igid və ölümə 
yüngül qaydada gedənlərə, o adamlar ki, bizim ürəyi yanmamıza başqalarından fərqli 
olaraq  ehtiyac  duymur,  biz  həmin  adamların  həyatını  saxlamağa  çalışırıq.  Məgər 
vətəndaşların  ən  igid  olanlarına  bizim  ürəyimiz  yüz  dəfə  artıq  yanmamalıdırmı? 
Milonu  mənim  göz  yaşlarım  həyəcanlandırmır.  Onun  ruhunun  möhkəmliyi 
deyilməyə sığmır, onun üçün sürgün igidliyə yer olmayan hər məkandır, ölüm onun 
üçün  həyatın  təbii  sonudur,  cəza  deyildir.  O,  təbiətən  elədir,  siz  hakimlər  isə  nəyə 
ürəklənirsiniz? Milon haqqında xatirəni saxlayıb, onun özünü kənara atmağamı? Onu 
istəyirsiniz ki, onu doğub törəyən şəhərə yox, onun igidliyini qəbul edən şəhərə şərəf 
gəlsin...  Sizə  yalvarıram,  ona  yol  verməyin  ki,  onun  qayıdışı  mənə  sürgündən  acı 
olsun. 
Tsitseron nitqini bu sözlərlə qurtardı: "Hakimlər, sizin amanınıza layiq olan ən 
igid  adam  budur:  o,  deyir,  ki,  yox,  yox,  təkcə  qoy  Klodi  layiq  olduğu  cəzanı  alsın, 
mən  isə,  lazımdırsa,  öz  üzərimə  layiq  olmadığım  cəzanı  götürərəm.  Vətən  üçün 

 
132 
doğulan bir adam vətəndə olmasa da, vətən uğrunda həlak olacaqdırmı? Onun ruhu 
barədəki  xatirə  bizimlə  qalacaq,  onun  cəsədi  üstündəki  abidə  İtaliyada 
olmayacaqdırmı?  Siz  də  buna  dözəcəksinizmi?  Sizdən  kimsə,  hansısa  başqa  bir 
şəhərin  onu  özündə  qəbul  etməyə  şad  olduğu  bir  adamı,  Romadan  sürgün  etmək 
cəzasına məhkum edəcəkdirmi? O diyar xoşbəxtdir ki, bu kişini qəbul edəcəkdir, o 
diyar  nankordur  ki,  onu  qovur.  O  diyar  bədbəxtdir  ki,  onu  itirir.  Lakin  kifayətdir! 
Göz yaşlarım məni danışmağa qoymur. Milon isə göz yaşları ilə onu müdafiə etməyi 
qadağan  edir.  Beləliklə,  hakimlər  sizə  yalvarıram  və  and  verirəm,  Sizin  ürəyinizin 
dediyinə  səs  verməyə  qorxmayın  və  inanın,  Sizin  mərdliyinizi,  ədalətinizi, 
doğruluğunuzu  bu  məhkəməyə  ən  namuslu,  ən  müdrik,  ən  cəsarətli  vətəndaşları 
seçənlər  bütünlüklə  qiymətləndirəcəklər".  Lakin  Tsitseronun  bu  parlaq  nitqi  də 
Milonu  müdafiə  edə  bilmədi.  Milon  ittiham  olundu  və  sürgünə  yollanmağa  məcbur 
oldu. Borclarını ödəmək üçün onun əmlakı satışa qoyuldu.  
 

 
133 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin