Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   2   3   4   5   6   7   8   9   10   ...   22

YUQURTA İLƏ MÜHARİBƏ 
 
Aqrar  islahatlar  baş  tutmasa  da,  Roma  tarixində  mühüm  yer  tutan  Marinin 
hərbi  islahatları  adlanan  tədbirlər  həyata  keçirildi.  Bu  islahatlar  təkcə  Roma 
ordusunun  gələcək  taleyi  üçün  deyil,  respublikanın  öz  taleyi  üçün  də  mühüm 
əhəmiyyət  kəsb  edirdi.  Bu  tədbirlər  Yuqurta  müharibəsi  dövründə  və  ondan  sonra 
həyata keçirildi.  
Yuqurta  müharibəsi  Romanın  apardığı  bütün  başqa  müharibələrdən  əsaslı 
surətdə  fərqlənir.  Altı  il  ərzində,  111-105-ci  illərdə  aparılan  bu  müharibə  uzun 
məğlubiyyətlər  seriyasından  sonra,  qələbə  ilə  başa  çatsa  da,  respublikanın  tarixinə 
görünməmiş  bir  biabırçılıq  səhifəsi  yazdı,  onun  şərəfinə  böyük  ləkə  vurdu.  Bu 
müharibə romalıların var-dövlətə böyük tamahkarlığını və şərəfi, vicdanı, vətəni də 
pula  satmaqdan  çəkinməmələrini  aşkara  çıxardı.  Yuqurta  onların  bu  zəifliyini,  daha 
doğrusu dəhşətli eybini bilib açıq şəkildə, utanmadan senatorları, magistratları, hərbi 
xadimləri - iri rütbəli hərbi rəisdən tutmuş seturionadək pulla satın alırdı. Bəzən ordu 
hissələri  müəyyən  məbləğ  pula  bütövlükdə  düşmənə  satılırdı.  Bu  biabırçı  və 
sağalmayan xəstəliyin qarşısını almaq konsul Qay Mariyə müəyəssər oldu. O, romalı 
deyildi,  Arpinum  şəhərində  doğulmuşdu  və  ona  görə  də  yeni  peyda  olmuş  adam 
adlanırdı.  O,  Yuqurtaya  qalib  gəlməkdən  daha  çox,  romalıların  bu  tamahının 
qarşısına  müəyyən  müddətə  bənd  çəkə  bildi.  Hərbi  islahatların  aparılması  da  məhz 
onun adı ilə bağlıdır. Bu islahat iki hissədən: taktiki, təmiz hərbi hissədən və sosial-
siyasi  məsələlərdən  ibarət  idi.  İslahatdan  sonra  mülkiyyətə  malik  olan  siniflərdən 
kənarda  dayanan  adamlar  -  proletarlar  da  orduya  qəbul  olunmağa  başladı.  Orduya 
həmçinin  könüllülər  götürülməyə  başlandı.  Hərbi-taktiki  məsələlərə  gəldikdə  Mari 
ordunun manipul quruluşunu təkmilləşdirdi və onun texniki təchizatını yaxşılaşdırdı. 
Orduya  əmlaksız  adamların  və  könüllülərin,  o  cümlədən  veteranların  götürülməsi 
böyük  əhəmiyyətə  malik  idi.  Adamlar  üçün  orduda  xidmət  başlıca  və  yeganə 
məşğuliyyətə, daha doğrusu peşəyə çevrildi. Əvvəlki kəndli milisi bu vaxt daimi və 
professional ordu ilə əvəz olundu.  
Bütün bunlar isə ordunun müstəqil sosial qüvvəyə çevrilməsinə şərait yaratdı. 
Bu sosial qüvvənin başqalarından fərqlənən mənafeləri, ehtiyacları və tələbatı var idi. 
Ordunun rolu artdıqca və o müstəqil mövqeyə yiyələndikcə, onun rəhbərinin də rolu 
artırdı. Təcrübəli və nüfuzlu ordu rəhbəri, sərəncamında olan bu böyük qüvvədən öz 
siyasi  məqsədlərinə  çatmaq  üçün  bir  silah  kimi  istifadə  edə  bilərdi.  Bunu  Marinin, 
Sullanın, Pompeyin, Sezarın, Avqustun, bizim eranın I əsrində isə Klavdidən tutmuş 
Vespasiana  qədər  imperatorların  Romada  hakimiyyətə  gəlməsi  təcrübəsi  əyani 
şəkildə sübut edir. Deməli, ordu təkcə ölkəni xarici təhlükədən, təcavüzdən qorumaq 
funksiyasını daşımırdı, həm də ölkənin daxilində qüvvələr nisbətini müəyyən edirdi 
və  hakimiyyətin  ələ  keçirilməsində  əvəzsiz,  heç  nə  ilə  müqayisə  edilməyən  aparıcı 
rol  oynayırdı.  Ordu  belə  bir  qüvvəyə  çevrildikdən  sonra  öz  şərtlərini  diqtə  etməyə 
başladı  və  dövlətə  rəhbərliyin  kimin  əlinə  keçməsi  artıq  seçkilərdən  deyil,  bir  ordu 
nümayəndəsinin  senatda  dediyi  kimi,  qılıncdan  asılı  olmağa  başladı.  Döyüş 
səhnələrində  qazanılan  qələbələr  sərkərdəyə  təkcə  şərəf  gətirmirdi,  həm  də  onu 
hakimiyyət kürsüsünə əyləşdirirdi.  

 
77 
Ona  görə  də  Romada  konsulluğa,  diktatorluğa,  imperatorluğa  gedən  yol 
Afrikadan,  Kiçik  Asiyadan,  Yunanıstandan,  Qalliyadan,  İspaniyadan  başlayırdı. 
Hərbi qüdrətə nail olan adam üçün siyasi hakimiyyəti ələ keçirmək elə də müşkül bir 
məsələ  hesab  olunmurdu.  Hərb  meydanında  qazanılan  böyük  qələbə  təkcə  şöhrət 
gətirmirdi,  həm  də  siyasi  rəqibi  dəf  etməyə  və  ya  onu  hakimiyyətdən  sıxışdırıb 
çıxarmağa  imkan  verirdi.  M.ə.  I  əsrin  əvvəlindən  Romada  yaranan  bu  ənənə  özü, 
istisnaları nəzərə almaqla, Roma imperiyasının süqutuna qədər davam etdi. Marinin 
hərbi islahatı Roma siyasi həyatının da, qəribə bir "islahata" uğramasına səbəb oldu.  
Romalılar  son  iki  Puniya  müharibəsini  apararkən  Karfageni  zəiflətmək,  onu 
özünün  ənənəvi  müttəfiqlərindən  ayırmaq  üçün,  əlindən  hər  şey  çıxmış  Numidiya 
çarı  Massanassaya  xüsusi  şərait  yaratdılar  və  onu  bütün  Numidiyanın  çarı  etdilər. 
Sonra isə onun irsini Stsipion Emilian onun oğlanları arasında böldü. Romanın dostu 
olan  çar  Massanassanın  (o,  Masinissa  da  adlanır)  ölümü  ilə,  onun  dövləti  də  öz 
böyüklüyünü  saxlaya  bilmədi.  Onun  oğlanları  Mastanabal  və  Qulussa  xəstəlikdən 
öldükdə, çar hakimiyyətinə onun digər oğlu Mitsipsa yiyələndi. O, öz evində uşaqları 
ilə yanaşı qardaşı Mastanabalın oğlu, kənizdən doğulmuş Yuqurtanı da böyüdürdü və 
taxt-tac ona qismət oldu.  
Yuqurta  şöhrətdə  öz  həmyaşıdlarının  hamısını  geridə  qoyurdu,  hamı  onu 
sevirdi.  Döyüşdə  də  o,  özünü qorxmaz  bir  adam  kimi  göstərirdi.  Publi Stsipion ona 
məsləhət  vermişdi  ki,  Roma  xalqı  ilə  dostluğu,  bütün  dövlətə  xidmət  göstərməklə 
saxlasın,  ayrı-ayrı  vətəndaşlarla  əlaqə  saxlamasın  və  onları  pulla  ələ  almağa 
öyrətməsin.  
1807-ci  ildə  Rusiya  çarı  I  Aleksandr  Tilzitdə  Napoleonla  sülh  müqaviləsi 
bağlayanda ona vurulmuşdu, bunu hiss edən Taleyran ona xəbərdarlıq etdi ki, Fransa 
ilə  dostluq  etmək  lazımdır,  imperator  Napeleonla  yox.  Beş  il  sonra  Napoleon 
Rusiyaya yürüş etdi və bu vaxt çar xəbərdarlığı yadna salmaya bilməzdi.  
Romalı demişdi ki, çoxlarının mülkiyyəti olan şeyi, az adamlardan satın almaq 
təhlükəlidir.  Mitsipsa  da  öləndə  Yuqurtaya  vəsiyyət  etmişdi  ki,  nə  qoşun,  nə  də 
xəzinə  çarlığı  qorumur,  onu  dostlar  qoruyur  və  bu  dostları  nə  silahla  məcbur  edə 
bilərsən, nə də qızılla satın ala bilərsən. Mən sizə çarlıq qoyub gedirəm, əgər yaxşı 
idarə  etsən,  qüdrətli  olacaq,  pis  idarə  etsən  gücsüz  olacaqdır.  Çünki  razılıqla  kiçik 
dövlət  də  yuxarı  qalxır,  çəkişmə  ilə  ən  böyük  dövlət  də  dağılır.  Oğlanlarına  isə 
tapşırdı ki,  Yuqurtaya  hörmət  etsinlər.  Mitsipsa  öldükdən  sonra  Yuqurta  çarın  oğlu 
Qiempsaldan  şübhələnib,  onu  öldürtdü.  Çarın  digər  oğlu  Adqerbal  isə  Yuqurta  ilə 
vuruşda məğlub olub, Romaya qaçdı.  
Bu  hadisələrdən  sonra  Yuqurta  bütün  Numidiyanın  ağası  oldu.  Lakin  o, 
Romadan  qorxduğu  üçün  oraya  elçilər  göndərdi  və  özünü  Roma  əyanlarının 
hiddətindən  qorumaq  üçün  müdafiə  vasitəsi  olaraq,  Sallyustinin  yazdığı  kimi, 
tamahkarlığını və özünün pulunu seçdi. Adqerbal isə Roma senatında Yuqurtanı ifşa 
edən  nitq  söylədi  və  göstərdi  ki,  Roma  xalqının  böyüklüyü  ədalətsizliyin  qarşısını 
almalı  və  cinayətkara  çar  taxtında  qalmağa  imkan  verməməlidir.  Sizin  hədiyyəniz 
məndən  oğurlanmışdır  və  mənim  incidilməyim  -  sizin  alçaldılmağınızdır.  O, 
romalılara  çatdırdı  ki,  Yuqurta  onun  qardaşını  xaincəsinə  öldürməklə 
kifayətlənməyib,  onun  özünü  də  didərgin  etmişdir.  Giley  qaydasında  bildirdi  ki, 
müharibə vaxtı bizim ailə sizə hər cür kömək etmişdir, indi isə sülh dövründə bizim 

 
78 
təhlükə  nə  olduğunu  bilməməyimiz,  sizin  qayğınız  olmalıdır.  Mən  başqa  hara 
müraciət  edə  bilərəm?  Atam  təbiətin  pozulmaz  qanununa  tabe  oldu,  qardaşımın 
həyatını hər cür ədalətin əksinə, cinayətkar qohumum aldı. Sizin dövlətin böyüklüyü 
qanunu qorumalı və qanunsuzluğu cəzalandırmalıdır. Mənim atam həmişə deyərdi ki, 
sizinlə  dostluq  bizim  ən  etibarlı  dayağımızdır.  Sizin  dövlətə  bədbəxtlik  üz  versə, 
sizinlə  birlikdə  bizə  də  məhv  olmaq  yaxşıdır.  Mənim  belə  vəziyyətimdə  ləyaqəti 
saxlamaqla ölmək olardı, lakin əgər mən əzablardan yorulub, ədalətsizlik qarşısında 
baş  əysəm,  adamlar  haqlı  olaraq  mənə  nifrət  edərdilər.  Mən  yaşamaq  istəmirəm, 
ancaq biabırçılıqla ləkələnməmişəmsə də, ölə bilmərəm.  
Adqerbalın belə çıxışından sonra Yuqurtanın elçiləri romalıları yalnız pulla ələ 
almaq vasitəsindən istifadə edə bilərdilər, uzurpator çarı müdafiə etmək üçün onların 
heç bir əsası, dəlili yox idi. Senat bu məsələni  müzakirə etdikdə, Yuqurtanı himayə 
edənlər  Adqerbalın  ittihamlarına  məhəl  qoymadılar  və  elə  canfəşanlıq  göstərməyə 
başladılar  ki,  elə  bil  özgə  cinayətini  deyil,  öz  şərəfli  adlarını  qoruyurlar.  Hamıdan 
daha  çox  pul  və  şöhrət  düşkünü  olan,  ancaq  bu  eyblərini  ustalıqla  örtməyi  bacaran 
Emili  Skavr  isə  Adqerbala  kömək  etməyi  tələb  edirdi.  Bu  hərəkəti  ilə  o,  öz 
tamahkarlığını ört-basdır etməyə çalışırdı. Lakin senatın pul düşkünü olan hissəsi öz 
maraqlarını  həqiqətdən  üstün  tutub,  ölkəni  Yuqurta  və  Adqerbal  arasında  bölməyi 
qərara  aldı.  Bu  məqsədlə  Numidiyaya  on  nəfərdən  ibarət  səfirlik  göndərdilər  və 
elçilərə  Qay  Qrakxın  və  Fulvi  Flakkın  qatili  Lutsi  Opimi  başçılıq  etdi.  O,  Romada 
Yuqurtanın əleyhinə çıxış etmişdi, lakin çar onu çox yaxşı qarşılayandan və ona bol-
bol  hədiyyələr  verdikdən  sonra,  bu  senator  öz  namusunu  və  vicdanını  bütünlüklə 
Yuqurtaya satdı. Başqa səfirlər də öz hədiyyə paylarını aldılar. Ona görə də ölkənin 
otlaqları və adamları ilə daha zəngin olan hissəsi Yuqurtaya verildi.  
Bu  ərazilərin  iqtisadi  əhəmiyyətinə  gəldikdə  Afrikanın  şimalı  o  dövrlərdə 
yaşayış  üçün  çox  əlverişli  sayılırdı.  Buradakı  torpaqlar  yaxşı  taxıl  yetişdirirdi,  bol 
otlaqlar var idi. Adamlar çox sağlam olduqlarından onların çoxu qocalıqdan ölürdü, 
çünki xəstəlik nadir hesab olunurdu. Qədim dövrlərdə burada yaşayan vəhşi adamlar 
vəhşi  heyvan  əti  ilə  və  mal-qara  kimi  otla  qidalanırdı.  Sonra  buraya  midiyalılar, 
perslər və digərləri gəlməyə başladı.  
Perslər  yerli  getullarla  nikah  bağlayıb  onlara  qarışdılar  və  özlərini  nomad-
köçəri  adlandırdılar.  Əsasən  midiyalılar  isə  liviyalılarla  qarışdılar  və  midiyalı  sözü 
təhrif olunaraq, mavra çevrildi. Perslər isə numidiyalı adı altında Afrikanın şimalında 
məskunlaşaraq,  bu  ölkəni  Numidiya  adlandırdılar.  Nəhayət,  qitənin  şimal  sahil 
hissəsi  numidiyalıların  hökmranlığı  altına  keçdi.  Tirdən  gələn  finikiyalılar  isə 
Siciliya  boğazının  Afrika  sahilindəki  çıxıntısında  Karfageni  və  digər  Puniya 
şəhərlərini  salmışdılar.  Karfagendən  qərbdə  Mavritaniyaya  qədər  olan  sahil  ərazisi 
Numidiyaya məxsus idi, İspaniyaya və indiki Gibraltar boğazına yaxın olan ərazilər 
isə mavrlara məxsus idi. Yuqurta Numidiyada çarlıq etdikdə, bütn mavrları çar Bokx 
idarə edirdi.  
Roma  səfirləri  Numidiya  çarlığını  yarı  bölüb  vətənə  qayıtdılar.  Yuqurta  öz 
cinayətlərinə  görə,  cəzalanmaq  əvəzinə,  əslində  Romanın  elə  bil  ki,  rəsmi  xeyir-
duasını  aldı.  Bununla  da  o,  bir  şeyə  də  qəti  əmin  oldu  ki,  Romada  hər  şeyi  satın 
almaq  olar.  Belə  inam  onu  bir  az  sonra  Adqerbalın  ərazilərinə  müdaxilə  etməyə 
cürətləndirdi  və  bir  azdan  sonra  Yuqurta  onun  ərazisini  bütünlüklə  tutdu,  onun 

 
79 
gizləndiyi  Tsirta  şəhərini  mühasirəyə  aldı.  Bundan  xəbər  tutan  Roma  senatı  üç 
nəfərdən  ibarət  yeni  səfirlik  göndərdi.  O,  elçiləri  inandırdı  ki,  Adqerbal  onun 
həyatına  sui-qəsd  təşkil  etmişdi,  lakin  sui-qəsd  baş  tutmadı.  Səfirlər  digər  tərəflə 
görüşə  bilmədilər  və  Numidiyanı  tərk  edən  kimi,  Yuqurta  şəhərə  hücum  etdi  və 
ümidsiz  vəziyyətini  görən  Adqerbal  iki  adam  vasitəsilə  Romaya,  senata  məktub 
göndərdi ki, qılıncdan, yaxud da aclıqdan daha çox əziyyət çəkdiyini özü də bilmir. 
Artıq  o,  əmin  olmuşdur  ki,  bədbəxt  adamlar  necə  az  etibar  təlqin  edirlər.  İndi  isə 
Yuqurta  sizin  dövlətə  əl  qaldırmışdır,  numidiyalılar  üzərində  hökmran  qoyduğunuz 
adamı  mühasirədə  qoyub,  qapılarını  bağlamışdır.  Məgər  mən  dünyaya  ona  görə 
gəlmişəm  ki,  mənim  vasitəmlə  Yuqurtanın  cinayətləri  açılsın,  mən  yalvarıram  ki, 
məni  ölümdən,  əzablardan  yox,  yalnız  mənim  düşmənimin  hakimiyyətindən  və 
həqarətindən xilas edin.  
Məktub  oxunduqdan  və  çox  müzakirədən  sonra,  yenə  Afrikaya  səfirlik 
göndərmək  zərurəti  yarandı  və  keçmiş  konsul  Mark  Skavr  bu  səfirliyin  tərkibinə 
daxil  oldu.  Səfirlər  Yuqurtaya  ciddi  xəbərdarlıq  etdilər  ki,  o,  mühasirəni 
götürməmişdir  və  heç  bir  nəticə  əldə  etmədən  geri  qayıtdılar.  İtaliklərin  təkidi  ilə 
Tsirtanı  təslim  edən  Adqerbal,  Yuqurtanın  əmri  ilə  öldürüldü.  Bu  xəbər  Romaya 
çatdıqda,  senat  Afrikaya  ordu  göndərməyi  qərara  aldı.  Yuqurta  bunu  eşitdikdə 
təəccübləndi, çünki o, əmin idi ki, Romada hər şey satılır. Bu dəfə o, Romaya oğlunu 
və dostlarını göndərdi və onlara tapşırdı ki, hamını pulla ələ alsınlar.  
Senat  səfirləri  qəbul  etməməyi  qərara  aldı  və  konsul  Lutsi  Kalpurninin 
başçılığı  altında  qoşunlar  dənizdən  keçib,  Numidiyaya  daxil  oldu,  bir  neçə  şəhəri 
tutub, çoxlu əsir götürdü. Lakin Yuqurta sərkərdəni pulla ələ almağa cəhd göstərdi və 
buna  nail  oldu.  Kalpurni  köməkçi  vəzifəsinə  Skavrı  təyin  etmişdi.  O,  əvvəlcə  çarın 
barışmaz  düşməni  idi,  lakin  verilən  pulun  miqdarı  onu  da  yoldan  çıxardı.  Yuqurta 
müharibəni  bir  qədər  təxirə  salmaq  istəyirdi,  Skavrın  bu  işdə  iştirak  etdiyini 
bildikdən  sonra,  artıq  sülhün  bərpa  olunmasına  əmin  olmağa  başladı.  Barışıq 
haqqında əvvəlcədən quraşdırılmış danışıqları aparan Yuqurta Skavra 30 fil, çoxlu at 
və bir qədər pul verdi. Bundan sonra konsul Romaya qayıtdı ki, seçkilərə rəhbərlik 
etsin.  Onun  bu  hərəkəti  Romada  çoxlu  söz-söhbətə  səbəb  olmuşdu.  Senat  bu 
məsələnin üstündən ötüb-keçmək istəyəndə, xalq tribunu Qay Memmi xalqa müraciət 
edərək dedi ki, vətənə məhəbbət və sizin laqeydliyiniz, hüquqa ümumi nifrətiniz, ən 
başlıcası  isə  əxlaqi  təmizliyin  hörmətdən  daha  çox,  təhlükə  ilə  bağlı  olması,  onu 
danışmağa məcbur edir.  
Hətta indi düşmənlərimiz günah işlədəndə də, heç kəs ayağa qalxmaq istəmir. 
İndi  isə  o  adamlara  ki,  siz  dəhşət  təlqin  etməlisiniz,  hətta  onlardan  qorxursunuz. 
Bizim  cəhdimizin  uğurlu  və  ya  nəticəsiz  olması,  özümüzdən  asılıdır.  Tiberi  və  Qay 
Qrakx  qardaşları  və  Mark  Fulvi  öldürüləndə,  sizin  bədbəxtliklərinizə  qanun  deyil, 
əyanların  özbaşınalığı  son  qoydu.  Onlar  sizin  qanunlarınızı,  sizin  böyüklüyünüzü, 
bütün  xəzinəni  düşmənə  satdılar.  Pula  alınmış  qullar  ağalarının  ədalətsizliyinə 
dözmək istəmirlər, siz kviritlər isə hökmranlıq etmək üçün doğulduğunuz halda qul 
olmağa  laqeydcəsinə  dözməyə  razısınız.  Dövləti  idarə  edənlərin  əli  qana  batmışdır, 
onların  acgözlüyü  hədd  bilmir.  Ağciyərliliyinizdən  istifadə  edib,  onları  cinayətə 
sürükləyən qorxularını sizə təlqin etmişlər, çünki onları ümumi ehtiras, ümumi nifrət, 
ümumi  qorxu  birləşdirir.  Belə  birlik  yaxşı  adamlar  arasında  dostluq,  pis  adamlar 

 
80 
arasında  qəsd  adlanır.  Axı  əldə  ediləni  itirmək,  heç  nə  əldə  etməməkdən  daha 
rüsvayçıdır. "Nə təklif edirsən?" deyə məndən soruşsalar, vətəni düşmənə satanların 
hamısını  cəzalandırmağı,  özü  də  Yuqurtanın  özünün  etirafını  əldə  etdikdən  sonra 
cəzalandırmağı təklif edərdim. Onda məlum olacaqdır ki, bu necə sülhdür, bu necə 
təslim  olmaqdır  ki,  Yuqurtaya  tam  əfv  olunma,  bir  neçə  vəzifəlilərə  nəhəng  var-
dövlət, dövlətə isə ziyan və biabırçılıq gətirmişdir. Əgər adam itaətlə təhqiri udursa, 
mən bunu dözülməz rüsvayçılıq hesab edirəm. Ya gərək qul olmaqla barışasan, ya da 
azadlığı güc tətbiq etməklə qoruyasan. Onlar hökmranlıq etmək istədiyi, siz isə azad 
olmaq  istədiyiniz,  nəhayət  onlar  müttəfiqlərimizlə  düşmən  kimi,  dostlarımızla 
düşmən kimi davrandıqları bir vaxtda,  biz hansı qarşılıqlı etimada və  razılığa ümid 
edə  bilərik?  Düşüncə  tərzində  belə  fərq  olan  bir  halda,  sülh  və  dostluq 
mümkündürmü?  Ona  görə  də  mən  məsləhət  görürəm  və  təkid  edirəm  ki, 
cinayətkarlıq  cəzasız  qalmasın.  Senatın  ləyaqəti  qatı  düşmənə  satılmışdır,  sizin 
səltənətiniz  satılmışdır,  Romada  və  müharibə  teatrında  sizin  dövlətiniz  satqın 
olmuşdur.  Əgər  bütün  bunlar  təhqiq  edilməsə,  əgər  günahkarlar  cəzasını  almasalar, 
bizə ömrümüzün sonuna qədər cinayətkarlara tabe olmaqdan başqa nə qalır? Axı ağla 
gələn hər şeyi cəzasız etmək, bu elə çar olmaq deməkdir. Ümumən dövlət üçün pis 
əməlləri  yaddan  çıxarmaq,  xeyirxah  işləri  yaddan  çıxarmaqdan  daha  təhlükəlidir; 
çünki  xeyirxah  adam  ona  qiymət  vermədikdə,  ancaq  fəaliyyət  göstərmək  həvəsini 
itirir, pis adam isə daha da rəzil olur.  
Qay  Memminin  belə  çıxışlarından  sonra  Yuqurtanın  yanına  pretor  Lutsi 
Kassini  göndərmək  qərara  alındı.  Bu  vaxt  Numidiyada  olan  Roma  ordusu  bir-
birindən biabırçı cinayət əməllərinə yol verirdi. Qızıla hərislik ona gətirib çıxardı ki, 
Yuqurtaya  onun  filləri  qaytarıldı,  bəziləri  fərariləri  ona  satırdı,  digərləri  isə  dinc 
əhalini  qarət  etməklə  məşğul  olurdu.  Afrikaya  gələn  Kassi  Yuqurtanı  inandırdı  ki, 
Roma  xalqına  təslim  olmaqla,  malik  olduğu  gücündənsə,  onun  mərhəmətinə  bel 
bağlamaq  yaxşıdır.  Kassi  həm  də  ona  təhlükəsizlik  vəd  etdi  və  onlar  Romaya 
gəldilər.  Burada  da  Yuqurta  köhnə  xasiyyətindən  əl  çəkmədi  və  iri  məbləğdə  pul 
müqabilində  xalq  tribunu  Qay  Bebini  ələ  aldı.  Lakin  Qay  Memmi  öz  prinsiplərinə 
yüksək sədaqətini bir daha nümayiş etdirdi və Yuqurtanın işirakı ilə yığıncaqda onun 
Romadakı və Numidiyadakı bütün cinayətlərini sadaladı, onun ata və qardaşlara qarşı 
cinayətlərini  də  yada  saldı.  Ona  kimin  vasitəçi  və  köməkçi  olduğunu  Roma  xalqı 
yaxşı bilir, lakin yenə də çar özünün daha təkzibolunmaz şəhadətini verə bilər. Əgər 
o, həqiqəti açsa, Roma xalqının sözünə və iltifatına bel bağlaya bilər; cavab verməsə 
nə dostlarına fayda gətirəcək, özünü isə ümidsiz olaraq məhv edəcəkdir.  
Qay  Memminin  bu  şərtlərindən  sonra  Yuqurtaya  cavab  vermək  təklif 
edildikdə, pulla satın alınmış Qay Bebi çara danışmağı qadağan etdi və xalqın hay-
küyü də ona öz qərarını dəyişdirdə bildirmədi. Bundan sonra təhqiqatın ifşa edəcəyi 
adamlar xeyli dərəcədə özlərinə gəldilər. Bu vaxt Yuqurta daha bir cinayət də işlətdi 
və Romada onun əleyhdarı olan bir nəfər numidiyalını öldürtdürdü. Lakin o, belə bir 
cinayətdə də ifşa edildikdə, həyasızlıqdan əl çəkmir, hər şeyi danırdı. Nəhayət Senat 
çara  İtaliyanı  tərk  etməyi  əmr  etdi.  Rəvayətə  görə,  o,  Romadan  çıxanda  geri  dönüb 
demişdi: "Necə satqın şəhərdir? O, izsiz yoxa çıxacaqdır - qoy ancaq alıcı tapılsın".  
Beləliklə, müharibə yenidən bərpa olundu. Yuqurta mümkün olduğu qədər çox 
vaxt  qazanmaq  istəyirdi.  Romada  isə  bu  vaxt  tribunlar  arasında  dedi-qodu  gedirdi. 

 
81 
Yuqurta  Roma  komandanının  köməkçisi  Avlın  yelbeyinliyindən  istifadə  edib,  onun 
yanına adam göndərdi ki, ona aman versin, bu vaxt özü ordusunu əlverişli mövqeyə 
apardı. İndi o, senturionları və turma rəislərini də pulla satın almağa başlamışdı ki, 
onlar  Yuqurtanın  tərəfinə  keçsinlər.  Bu  işləri  gördükdən  sonra  o,  gecə  Avlın 
düşərgəsini  mühasirəyə  aldı.  Bəzi  Roma  ordu  hissələri  Numidiya  çarının  yanına 
qaçdı.  Romalılar  biabırçı  surətdə  qaçmağa  başladılar.  Sonrası  gün  Avlla  görüşən 
Yuqurta  belə  şərt  qoydu  ki,  romalılar  boyunduruq  altından  keçməli  (bu  döyüşçü  və 
qoşunlar  üçün  ən  ağır  və  həqarətli  cəza  idi  ki,  iki  paralel  nizənin  üstündən  asılmış 
nizənin  altından  bütün  ordu  keçməli  idi)  və  on  gün  ərzində  Numidiyanı  tərk 
etməlidir. Avl məhv olmamaq üçün bu təhqiramiz cəzanı seçdi və çarın diqtə etdiyi 
sülh  bağlandı.  Bu  Roma  üçün  görünməmiş  həqarət  və  biabırçılıq  idi.  Xalq  tribunu 
Qay  Mamili  Limetan,  Yuqurtaya  senat  qərarlarına  məhəl  qoymamağı  məsləhət 
görənlər, çardan pul alanlar, ona filləri və fərariləri qaytaranlar və nəhayət düşmənlə 
sülh  və  müharibə  məsələlərində  razılığa  gələnlər  barədə  təhqiqat  açılmasını  tələb 
etdi.  Mark  Skavr  özünü  üç  nəfərdən  ibarət  təhqiqat  qrupunun  tərkibinə  daxil 
etdirməyə nail oldu. Bu vaxt əhalini düşmənçilik edən tərəflərə bölmək Romada artıq 
dəbdə  idi.  Yenə  belə  hadisə  baş  verdi,  hamının  ümumi  sərvəti  olan  dövləti  xırda 
hissələrə  parçalamaq  istəyirdilər.  Bir  qrup  adam  dövlətin  bütün  var-dövlətini  israf 
etmək,  həm  də  şöhrət  qazanmaq  imkanına  malik  idi,  xalq  isə  daimi  qismətinin  - 
ehtiyacın  sahibi  idi.  Lakin  hər  şeyi  əlinə  keçirmiş  adamların  acgözlükdən  pul 
hərisliyi, sərvət hərisliyi azalmaq bilmirdi.  
Yeni  konsullar  seçilmiş  Metell  və  Silan  öz  aralarında  əyalətləri  böldükdə, 
Numidiya  bu  vaxta  qədər  namuslu  və  təmiz  sayılan  Metellin  payına  düşdü.  O,  yeni 
ordu  yığmağa  başladı  və  Numidiyaya  yollandı.  Afrikadakı  ordular  isə  tam 
pozulmuşdu.  Metell  burada  fəaliyyətinə  intizamı  möhkəmləndirməkdən,  qayda 
yaratmaqdan  başladı.  Yuqurta  isə  Romadan  məlumat  almışdı  ki,  Afrikaya  gələn 
konsul dəyanətli adamdır, pulla ələ alınan deyildir. Ona görə də onun yanına elçilər 
göndərdi ki, təslim olmağa hazırdır, təkcə özünün və uşaqlarının həyatı hifz edilsin. 
Lakin  Metell  onun  məkrinə  yaxşı  bələd  idi,  ona  görə  də  özü  səfirləri  ayrı-ayrılıqda 
ələ  almağa  cəhd  etdi  ki,  Yuqurtanı  ona  diri,  bu  mümkün  olmadıqda  ölü  kimi 
versinlər.  Çara  isə  onun  gözlədiyi  cavabı  göndərdi.  O,  ordusu  ilə  çox  ehtiyatla 
irəliləyirdi,  süvari  dəstəsinə  onun  leqatı  -  köməkçisi  Qay  Mari  başçılıq  edirdi. 
Yuqurta  arası  kəsilmədən  sülh  təklifləri  edirdi.  Metell  isə  səfirləri  xəyanətkarlığa 
sövq  edə  bilirdi  və  Yuqurta  başa  düşdü  ki,  onun  özünü  öz  toruna  salmaq  istəyirlər. 
Sülh  vəd  edə-edə,  qızğın  müharibə  aparmaq  niyyətindədirlər.  Ona  görə  o  da 
müharibəyə  hazırlaşmağa  başladı.  Öz  ordusunu  o,  yüksəklikdə  yerləşdirməklə 
romalıların  yolunu  kəsdi.  Döyüşçülərini  həvəsləndirmək  üçün  o,  deyirdi  ki,  onlar 
darmadağın etdikləri düşmənlə vuruşacaqlar, düşmən yalnız başçısını dəyişdirmişdir, 
ruhunu  isə  dəyişdirməmişdir.  O,  əsgərlərinə  çoxlu  pul  paylayırdı,  bir  hissəsini 
vədlərlə,  digərlərini  hədə  ilə,  o  birilərini  isə  yalvarışlarla  ələ  alırdı.  Nəhayət  döyüş 
baş verdi.  
Hər iki sərkərdə öz döyüşçülərini ruhlandırırdı. Metell onlara deyirdi ki, qaçan 
düşmənə  qələbəni  vermək  olmaz,  bir  də  romalıların  nə  düşərgəsi,  nə  geri  çəkilmə 
yeri vardır, onların bütün ümidi özlərinin silahınadır. Lakin Metellin döyüşçülərinin 
cəsurluğuna  arzu  olunmayan,  əlverişsiz  döyüş  yeri  əlavə  olunurdu,  Yuqurtanın  isə 

 
82 
əsgərləri  döyüş  qabiliyyətinə  görə  zəif  idi.  Nəhayət,  romalılar  yüksəkliyə  hücum 
etdilər və numidiyalılar tar-mar edildi. Bu qələbə romalılara böyük sevinc gətirdi, axı 
bu Avlın həqarətli məğlubiyyətindən sonra əldə edilmişdi.  
Sallyustinin yazdığı kimi, insan həyatında adətən belədir: qələbə qorxaqlara da 
lovğalanmaq  hüququ  verir,  uğursuzluq  isə  qoçaqları  da  alçaldır.  Yuqurta  isə  yeni 
ordu  yığdı.  Yeni  müharibədə  romalılara  qələbənin,  düşmənə  məğlubiyyətdən  baha 
başa  gələcəyini  Metell  anlayırdı.  Ona  görə  də  o,  digər  metoddan  istifadə  etməyə, 
Numidiyanı qarət etməyə başladı. Romada onun qələbəsi böyük sevinclə qarşılandı.  
Qoşunların bir hissəsinə konsul özü, digərinə Mari başçılıq edirdi. Düşmənin 
ondan qaçdığını görən Metell iri şəhər olan Zamanı (burada 202-ci ildə karfagenlilərə 
romalılar  qalib  gəlmişdi)  mühasirəyə  almağı  qərara  aldı.  Lakin  Yuqurta  özünü 
buraya daha tez yetirdi. Onun başçılıq etdiyi dəstə başqa bir şəhərin yanında, Mari ilə 
üz-üzə  gəldikdə,  vuruşu  uduzdu.  Metell  və  Mari  Zama  şəhərinə  hücum  etdilər  və 
şəhər  divarları  yanında  döyüş  gedərkən  Yuqurta  iri  bir  dəstə  ilə  Roma  düşərgəsinə 
hücum  etdi.  Bu  qəfil  hücum  romalıların  çoxlu  itki  verməsinə  səbəb  oldu  və  bunu 
eşidən Metell düşmənin üzərinə Marini göndərdi və o, düşmənə tutarlı cavab verdi. 
Səhərisi gün gedən döyüş də Zamanı tutmağa imkan vermədi. Ona görə də Metell bu 
şəhərdən geri çəkilməyə məcbur oldu. Sonra isə vaxtilə Yuqurta ilə Romaya gəlmiş 
Bomilkarı ələ ala bildi və ondan Yuqurtanı ona ələ verməyi xahiş etdi. Təbiətcə xain 
olan  Bomilkar  buna  razılıq  verdi  və  Yuqurtanı  təslim  olmağa  sövq  etdi.  Təslim 
olmaq razılığı barədə xəbər göndərən Yuqurtaya Metell şərtlər qoyur: o, iki yüz min 
funt  gümüş,  bütün  fillərini,  çoxlu  at  və  silah  verməlidir.  Yuqurta  bu  tələbləri  təxirə 
salmadan  yerinə  yetirdi.  Sonra  konsul  bütün  fərarilərin  qandallarda  gətirilməsini 
tələb  etdi.  Onların  bir  hissəsi  gətirildikdə,  digər  hissəsi  Mavritaniyaya  çar  Bokxun 
yanına qaçdı. Daha sonra Yuqurta özü gəlib təslim olmalı idi. Lakin o, çox götür-qoy 
etdikdən sonra, yeni müharibə başlamağı qərara aldı.  
Bu vaxt Qay Maridə konsul olmaq barədəki çoxdankı arzusu baş qaldırdı. Bu 
vəzifəyə onun bütün keyfiyyətləri uyğun gəlirdi. Lakin o, qədim nəsldən deyildi. O, 
sərvətə  və  həzzə  nifrət  edirdi,  təkcə  şöhrətə  susayırdı.  O,  hərbi  tribun  seçilmişdi, 
sonra  isə  başqa  vəzifələrdə  olmuşdu.  Konsul  seçilmək  arzusu  ilə  o,  Metelldən  öz 
istefasını xahiş etdi ki, seçkilərdə öz namizədliyini irəli sürsün. Bundan heyrətə gələn 
Metell,  guya  dostcasına  ona  məsləhət  gördü  ki,  belə  yüksəklərə  qalxmasın  və 
xalqdan belə xahiş etməsin, çünki ona rədd cavabı veriləcəkdir.  
Bu  sözlərə  görə  Marinin  həvəsi  daha  da  artdı  və  onda  Metellə  qarşı  nifrət 
oyandı.  Ən  başlıcası  isə  bu  məqsədə  çatmaq  üçün  o,  fəaliyyət  göstərməyə  başladı. 
Tacirlərlə söhbətdə bildirir ki, əgər qoşunların yarısını ona versələr, o, Yuqurtanı bir 
neçə  gündən  sonra  qandallayar,  Metell  isə  lovğalığından  müharibəni  uzadır.  Onun 
digər  adamlar  arasında  apardığı  iş  də  öz  nəticəsini  verir,  numidiyalılar  da,  Roma 
süvariləri  və  döyüşçüləri  də  vətənə  Metelli  məzəmmət  edən  və  Marini  komandan 
təyin  edilməsini  tələb  edən  məktub  göndərirlər.  Mamili  qanunu  da  yeni  adamların 
vəzifələrə  gəlmələrinə  şərait  yaratmışdı  və  bütün  bunlar  Mari  üçün  əlverişli  zəmin 
yaradırdı.  
Bu  vaxt  Vaqa  şəhərində  Yuqurta  ilə  sülh  danışıqları  aparanlar  gözlənilmədən 
numidiyalıların  qəsdi  ilə  rastlaşdılar.  Hər  şey  qərara  alınandan  sonra,  senturionlar, 
hərbi  tribunlar,  hətta  dəstə  rəisi  evə  buraxılır.  Bir  nəfər  istisna  olmaqla,  onların 

 
83 
hamısını  süfrə  arxasında  oturarkən  öldürdülər.  Sonra  şəhərdə  silahsız  dolanan 
əsgərlərə  hücum  edildi.  Onların  qalaya  yolunu  düşmən  qarovulu  kəsmişdi. 
Numidiyalılar bir nəfərdən başqa, şəhərdəki bütün italikləri qırdılar. Bu Metell üçün 
ağır zərbə idi və iki gündən sonra o, Vaqaya hücum təşkil edib, bunun əvəzini çıxdı, 
sağ qalan romalı dəstə rəisi isə edam edildi.  
Yuqurta  isə  yaxın  adamlarının  xəyanətkarlığından  qorxurdu.  O,  Bomilkarı 
satqınlığa görə edam etsə də, bu hissdən uzaqlaşa bilmirdi, həm təbəələrindən, həm 
də  düşmənlərindən,  hətta  hər  bir  səsdən  qorxurdu,  hər  gecəni  başqa  bir  yerdə 
keçirirdi.  Yuqurtanın  bu  vahiməsini  biz  Şekspir  dühasının  təsvir  etdiyi  kral  III 
Riçardda görürük.  
Bomilkarın  ifşa  edildiyindən  xəbər  tutan  Metell  yenidən  müharibəyə 
hazırlaşmağa  başladı,  Marini  isə  evə  buraxdı.  Romada  artıq  əvvəllər  komandanın 
əyan  olması  şərəf  sayılırdısa,  indi  nifrət  mənbəyinə  çevrilmişdi.  Bu  münasibət 
dəyişikliyində  Yuqurtanın  məkrləri,  Memmi  və  Mamilinin  Roma  əyanlarının 
satqınlığını  ifşa  edən  çıxışları  az  rol  oynamamışdı.  Ona  görə  də  Marinin  nəsil-
nəcabətinin  aşağı  silkdən  olması,  indi  ona  üstünlük  qazandırırdı.  Tribunlar  da  yeri 
düşdükcə  onun  xidmətlərini  göyə  qaldırır,  Metelli  isə  ən  ağır  cinayətlərdə  ittiham 
edirdilər.  Bütün  bunlara  görə  uzun  fasilədən  sonra  konsulluq  patritsilərə  məxsus 
olmayan  yeni  adama  qismət  oldu  və  bundan  sonra  Yuqurta  ilə  müharibə  aparmaq, 
yeni konsul kimi xalqın qərarı ilə Qay Mariyə tapşırıldı.  
Yuqurta  isə  çaş-baş  qalmışdı,  heç  kəsə  inana  bilmirdi.  Son  döyüşlərdə  isə 
numidiyalılar vuruşmaqdan daha çox qaçmağa üstünlük verirdilər. Onları, qılınc və 
qalxanlardan  daha  çox,  ayaqları  xilas  edirdi.  Başqa  çıxış  yolu  tapmadığından, 
Yuqurta  sərvətini  saxladığı  Tala  şəhərinə  qaçdı.  Metell  bura  gəlib  çatanda  isə 
uşaqları ilə birlikdə gecə şəhərdən qaçdı, bu vaxt var-dövlətini özü ilə götürməyi də 
unutmamışdı. Lakin onun gizlənmək üçün yeri qalmamışdı. Nəhayət o, Mavritaniya 
çarı  Bokxun  yanına  gəldi  və  onu  romalılara  qarşı  müharibəyə  başlamağa  inandırdı. 
Bokxun romalılarla ittifaq təklifinə, Numidiya münaqişəsi başlanan vaxt rədd cavabı 
verilmişdi. Bundan əlavə, Bokxun qızı Yuqurtanın arvadlarından biri idi.  
Elə  bu  vaxt  Metell  Romadan,  Numidiyanın  Marinin  əyaləti  təyin  edilməsi 
xəbərini alır və bu onu çox mütəəssir edir. O, Bokxun yanına elçilər göndərdi ki, heç 
bir  səbəb  olmadan  özünü  Roma  xalqına  düşmən  etməsin  və  ona  məsləhət  gördü  ki, 
bu imkandan istifadə edib Roma ilə dostluq ittifaqı bağlasın. Çünki bu müharibədən 
yaxşıdır və kimsə öz qüvvəsinə nə qədər etibar etsə də, düzgün olan gələcəyi, düzgün 
olmayana dəyişmək lazım deyildir. Hər bir müharibəni başlamaq asandır, qurtarmaq 
isə çox çətindir. Onun başlanması və qurtarması eyni adamın ixtiyarında olmur; onu 
hər adam, hətta qorxaq da başlaya bilər, qurtarması isə qalibin istəyindən asılıdır. Çar 
buna belə cavab verdi ki, o, sülh istəyir, ancaq Yuqurtaya da yazığı gəlir və ona da 
belə bir imkan verilsə, hər şey haqqında razılığa gəlmək olar. 
Konsul seçilən Mari isə əsas diqqəti müharibə məsələsinə verirdi. Senat ona o 
qədər  də  yaxşı  münasibət  bəsləməsə  də,  onun  bütün  tələblərini  yerinə  yetirirdi.  O, 
qələbəyə  böyük  ümid  bəsləyirdi  və  yalnız  özünə  güvənirdi.  O,  deyirdi  ki,  mənim 
bütün  ümidim  yalnız  özümədir  və  bu  ümidi  mən  şəxsi  igidliyim  və  həyatımın 
qüsursuzluğu ilə qorumalıyam, qalan heç nəyə bel bağlamaq olmaz. Roma əyanlarına 
işarə  edərək  dedi  ki,  bu  təşəxxüslü  adamlarla  məni,  əsilsiz-nəcabətsiz  adamı 

 
84 
müqayisə edin. Onların eşitdiklərini və kitabdan oxuduqlarını mən görmüşəm, yaxud 
da  özüm  etmişəm,  onlar  evdə  oturaraq  nə  öyrəniblərsə,  mən  onu  yürüşlərdə 
öyrənmişəm. İndi özünüz seçin, əməllərmi daha böyük vəznə malikdir, yoxsa sözlər. 
Onlar  mənə  əsilsiz-nəcabətsiz  olduğuma  görə  nifrət  edirlər,  mən  isə  onlara 
qorxaqlıqlarına görə nifrət edirəm, mənim əleyhimə - mənim əsilimdir, mənşəyimdir, 
onların  əleyhinə  -  onların  biabırçılığıdır.  Mənim  fikrimcə,  bütün  adamlar  təbiətdən 
gəlmə  eyni  cürdürlər,  ancaq  kim  daha  çox  igiddirsə,  o  da  ən  nəcib  adamdır.  Bu 
əyanların  ataları  istəyirdilər  ki,  onların  oğlanları  hamıdan  yaxşı  olsun.  Əgər  onlar 
mənə  laqeydliklə  baxırlarsa,  qoy  öz  əcdadlarına  da  elə  yanaşsınlar,  çünki  onlar  da 
mənim kimi öz əyanlığını yalnız igidliklə qazanmışdılar. Onlar həqiqətən də iki bir-
birinə  uyğun  gəlməyən  faydanı  -  bekarçılıqdan  gələn  sevinci  və  igidliyə  görə 
mükafatı  eyni  vaxtda  gözləyirlərsə,  ciddi  səhv  edirlər.  Əcdadların  həyatı  nə  qədər 
parlaqdırsa, nəslin fərsizliyi o qədər biabırçıdır. Nəsl üçün ataların şərəfi elə bil ki, 
bir  çıraqdır,  bu  çıraq  nə  ləyaqətləri,  nə  də  qüsurları  qaranlıqda  qoymur.  Özgə 
xidmətlərinə  istinad  etməklə,  onlar  mənim  öz  etdiklərimi  məndən  imtina  etdikləri 
halda,  özlərinin  adına  yazırlar.  Əslində  şöhrəti  öz  əlinlə  qazanmaq  daha  yaxşıdır, 
nəinki onu irs kimi alasan və biabır edəsən. Kim həqiqəti deyəcəksə, o, hökmən məni 
tərif  edəcəkdir,  kim  yalan  danışacaqsa,  onu  mənim  adətlərim,  mənim  həyatım  ifşa 
edəcəkdir.  Düzdür,  mən  qədim  nəslimlə,  mənim  əcdadlarımın  konsulluqları  və 
triumfları ilə lovğalana bilmərəm, lakin əgər lazım gəlsə, nizələri, bayraqları və digər 
döyüşçü  mükafatlarını  göstərə  bilərəm.  Onlardadır  mənim  nəslim-nəcabətim  də, 
şöhrətim  də,  onlar  mənə  o  birilərdəki  kimi,  irs  tək  qalmamışdır,  saysız-hesabsız 
zəhmətlərin  və  təhlükələrin  hesabına  əldə  edilmişdir.  Mən  eyni  zamanda  həm 
məhrumiyyətlərə,  həm  də  zəhmətə  dözə  bilirəm.  Sizin  əcdadlarınız,  özlərini  və 
dövləti  şöhrətləndirmişlər.  Əcdadları,  əyanlara  nə  mümkündürsə,  hər  şeyi:  sərvəti, 
nəsl-nəcabəti, şərəfli xatirələri qoyub getmişlər, lakin igidliyi qoyub getməmişlər və 
qoyub gedə bilməzdilər; igidlik təkdir və nə hədiyyə kimi verilir, nə də hədiyyə kimi 
qəbul  edilir...  Mən  atamdan  və  digər  qüsursuz  adamlardan  eşitmişəm  və  dərk 
etmişəm ki, qadınlara incəlik, kişilərə isə iş xasdır. Hər bir namuslu adam şöhrətə can 
atmalıdır, sərvətə yox və onu ev qab-qacaqları deyil, silah bəzəyir.  
Onlar  daim  özləri  üçün  əziz  və  xoş  olan  pozğun  həyat  tərzi  keçirir,  əyyaşlıq 
edir, qarınlarını və ən həqarətlə baxılan bədən üzvünü razı salmaqla, öz qocalıqlarını, 
cavanlıqlarını keçirdiyi yerdə, yəni eyş-işrətdə keçirirlər. Bu əclaflar əvvəlcə özlərini 
iyrəncliklərlə  ləkələyirlər,  sonra  isə  ləyaqətli  adamların  mükafatlarını  qoparmağa 
atılırlar.  Numidiyaya  gəldikdə  romalılar  öz  həyəcanlarınızı  unudun,  Yuqurtanı 
indiyədək  qoruyan  şeylərin  hamısı:  tamahkarlıq,  acgözlük,  nəhayət  lovğalıq  sizin 
tərəfinizdən  kənarlaşdırılmışdır.  Hər  bir  namuslu  adamın  borcu  vətənə  köməyə 
gəlməkdir. axı qorxaqlıq heç kəsi ölməz etməmişdir və heç bir ata öz oğluna əbədi 
həyatı yox, daha çox namuslu və ləyaqətli həyatı arzu edir.  
Belə  çıxışdan  sonra  Mari  gəmilərə  ərzaq,  pul  və  silah  yükləyib  Afrikaya 
yollandı. Burada o, legionları əlavə qüvvələrlə tamamladı. Qısa müddət ərzində yeni 
döyüşçülər  qoçaqlıqda  köhnə  əsgərlərlə  bərabərləşdilər.  Mari  ən  çox  əhalisi  olan 
şəhərləri  mühasirəyə  almağa  başladı.  Bokx  isə  Marinin  yanına  adamlar  göndərib, 
özünün Romaya ən yaxşı münasibətlər bəslədiyinə onu inandırmaq istəyirdi. Yuqurta 
isə  öz  şəhərlərinə  köməyə  gəlmir,  kənarda  dayanırdı.  Döyüşləri  apardıqca,  əldə 

 
85 
olunan  qəniməti  payladıqca  Marinin  şöhrəti  daha  da  artırdı,  numidiyalılar  da  ona 
ilahi  qüvvə  kimi  baxırdılar.  Mari  Yuqurtanın  sərvətləri  saxlanan  təpə  üstündəki  bir 
qalanı  tutanda,  onun  düşərgəsinə  kvestor  Lutsi  Sulla  böyük  süvari  dəstəsilə  gəldi. 
Maridən  fərqli  olaraq  o,  tanınmış  patritsi  nəslindən  idi  və  yaxşı  təhsil  almışdı. 
Bəlağətli danışıq qabiliyyəti var idi, çox əliaçıq idi. Lakin bu vaxt onun hərbi işlərdə 
heç bir səriştəsi yox idi, qısa müddət ərzində o, bu qüsurunu düzəldə bildi.  
Yuqurta  Kapsa  şəhərini  itirdikdən  sonra,  Bokxu  şirnikdirdi  ki,  romalılar 
Afrikadan  qovulduqdan  sonra,  öz  ölkəsinin  üçdə  birini  ona  verəcəkdir.  Bokx  belə 
vəddən sonra böyük ordu ilə ona qoşuldu və Mariyə hücum etdi. Lakin romalılar bu 
hücumu  dəf  edə  bildilər.  Sonra  Mari  qoşunlarını  yaxındakı  təpənin  üstünə  apardı, 
aşağıda isə Sullanın süvarilərini qoydu. Səhər açılanda romalılar hücuma keçdilər və 
düşməni  darmadağın  etdilər.  Sonra  Tsirta  şəhəri  yanında  yeni  döyüş  baş  verdi.  İlk 
dəfə  düşmənlə  Sullanın  dəstəsi  toqquşdu.  Bokxun  döyüşə  girdiyini  bildikdən  sonra 
Yuqurta Roma piyadalarına yaxınlaşıb, latınca qışqırdı ki, onlar boş yerə vuruşurlar, 
çünki öz əli ilə Marini öldürdü və dəlil kimi, qana batmış qılıncını göstərdi. Bu xəbər 
əsgərləri çox qorxutdu. Lakin Sulla bir dəstəni əzib, mavrların üstünə hücum çəkdi. 
Bu  vaxt  Bokx  arxaya  qaçmağa  başladı,  Yuqurta  isə  artıq  qazandığı  qələbəni  əldən 
verməmək  və  öz  döyüşçülərini  ruhlandırmaq  üçün  vuruşurdu.  O,  bütün 
ətrafındakıları  itirdi və  mizraq  yağışı  altında  təkbaşına  qaçmağa  cəhd  etdi.  Bu  vaxt 
Mari öz qonşularına köməyə gəldi. Numidiyalılar və mavrlar qaçırdılar, romalılar isə 
qaçanları öldürür, əsir götürürdü. İnsan və at cəsədləri bir-birinə qarışmışdı. Sallyusti 
yazır ki, qandan torpaq da köpmüşdü.  
Mari döyüşdən sonra Tsirtaya bir qalib kimi girdi. Bundan sonra Bokx yenidən 
Mariyə danışıqlar aparmağı təklif etdi və Mari bu məqsədlə onun yanına Sullanı və 
Manlini  göndərdi.  Sulla  bu  danışıqlarda  mahir  diplomat  qabiliyyəti  nümayiş  etdirdi 
və göstərdi ki, Bokxun sərəncamında  yaxşı xidmətlə öz səhvlərini malalamaq üçün 
çoxlu  vasitələr vardır. Bokx izah etməyə başladı ki, o, silaha Romaya düşmənçiliyə 
görə deyil, öz çarlığını müdafiə etmək üçün sarılmışdı və Mari icazə versə, yenidən 
senata  səfirlik  göndərə  bilər.  O,  adamlarını  əvvəlcə  Marinin  yanına,  sonra  isə 
Romaya  göndərmək  istədi.  Onları  konsulun  əvəzinə  əvvəlcə  Sulla,  sonra  isə  Mari 
özü  qəbul  etdi.  Romaya  gələn  elçilərə  senat  Bokxun  günahlarını  bağışladığını 
bildirdi. Bundan sonra Bokxun öz xahişi ilə Sulla onun yanına getdi və Bokxun oğlu 
Voluk  qarşısına  çıxıb  onu  qarşıladı.  Sulla  Bokxla  görüşdükdə  dedi  ki,  konsul  ona 
tapşırmışdır ki, öyrənsin: çar nəyə - müharibəyə ya sülhə meyl edir? Sonra isə onlar 
gecə Yuqurtanın adamlarından gizli görüşdükdə o, yenə dedi ki, Roma xalqı ilə heç 
vaxt  müharibə  etmək  arzusunda  olmamışdır,  öz  sərhədlərini  qorumuşdur.  Siz 
Yuqurta  ilə  nə  qədər  istəyirsiniz,  vuruşun.  Sonra  isə  Sullaya  müraciət  etdi  ki,  nə 
istəyirsənsə tələb et və bu bizim hər ikimizin ləyaqətinə uyğundursa, sən rədd cavabı 
almayacaqsan.  Sulla  isə  cavab  olaraq  dedi  ki,  senat  və  Roma  xalqı  silah  gücü  ilə 
Bokxun  vədindən  daha  çox  şey  əldə  etmişdir,  ona  görə  də  qoy  öz  vədlərinə  görə 
minnətdarlıq gözləməsin. Ona görə də romalılardan daha çox özünə sərfəli olan bir iş 
görsün.  Bu  isə  çox  sadədir:  axı  Yuqurta  onun  əlindədir.  Əgər  o,  numidiyalını 
romalılara  versə,  özünə  böyük  borclu  qazanacaqdır  və  hər  şey:  dostluq,  ittifaq  və 
onun  iddia  etdiyi  Numidiyanın  bir  hissəsi  öz-özünə  qazanılacaqdır.  Əvvəlcə  çar 

 
86 
boyun qaçırdı və müxtəlif bəhanələr gətirdi, lakin axırda güzəştə gedib, bunu etməyə 
söz verdi.  
Bokx  Yuqurtaya  xəbər  göndərdi  ki,  müharibəni  ədalətli  şərtlərlə  qurtarmaq 
olar. Numidiyalı buna cavab olaraq bildirdi ki, qoy Bokx onları sülh müşavirəsi üçün 
bir yerə yığsın, orada isə Sullanı ona versin. Belə bir adam ələ keçdikdən sonra, senat 
və  xalq  müqavilə  bağlamağa  razılıq  verəcəkdir.  Bokx,  çox  götür-qoydan  sonra  bu 
təklifə  razılığını  verdi.  Görüş  yeri  müəyyən  olunduqda  Bokx  gah  Sulla  ilə  söhbət 
edirdi, gah da Yuqurtanın elçisi ilə və hər ikisinə eyni vədi verirdi. Onların hər ikisi 
də  bundan  çox  razı  qalırdı.  Nəhayət  Sullaya  onun  planı  ilə  razılaşdığını  bildirib, 
Yuqurtaya  tələ  qurmağa  hazırlıq  gördü.  Bokx  Yuqurtanın  qabağına  çıxdı,  onlar 
silahsız idilər. Bu vaxt işarə verildi və pusquda gizlənənlər, hər tərəfdən Yuqurtanın 
dəstəsinə hücum etdi. Hamı öldürüldü, təkcə Yuqurta qandala salınıb Sullaya verildi, 
o isə öz növbəsində Numidiya çarını Marinin yanına gətirdi. Buradan isə o, əsir kimi 
Romaya  gətirildi.  Yuqurta  ilə  aparılan  müharibə  111-105-ci  illərdə  getdi  və  105-ci 
ildə əsir götürülən Yuqurta 104-cü ildə edam edildi.  
Qiyabi olaraq konsul seçilən Mariyə indi isə əyalət kimi Qalliya düşdü, qallar 
isə  təkcə  köhnə  düşmən  olaraq  qalmırdı,  həmin  günlərdə  Roma  sərkərdələrini  ağır 
məğlubiyyətə düçar etmişdilər. Mari bundan sonra kimvrlərin və tevtonların, bunlar 
kelt-alman tayfaları idi, İtaliyaya müdaxiləsinin qarşısını kəsdi. O, tevtonlara 102-ci 
ildə, kimvrlərə 101-ci ildə qalib gəldi.  
Roma  bir  müharibədən  yaxasını  qurtarmamış,  digər  müharibələr  və  sosial 
sarsıntılar  barədə  düşünməli  olurdu.  90-cı  illərdə  İtaliya  kəndlilərinin  möhtəşəm 
üsyanları  baş  verdi,  bu  üsyanlar  Müttəfiqlər  müharibəsi  (90-88-ci  illər)  kimi 
məşhurdur.  Üsyanın  baş  verməsinin  başlıca  səbəbi  Qrakx  qardaşlarının  qaldırdığı 
məsələlərdən  biri  -  "müttəfiqlərə",  İtaliya  əhalisinin  əksəriyyətinə  Roma 
vətəndaşlarının hüquqlarının verilməsi idi. 91-ci ildə bu təklifin yenidən qaldırılması 
barədə  "böyük  tribunların"  son  nümayəndələrindən  biri  Mark  Livi  Druz  çıxış  etdi. 
İtaliyanın  müxtəlif  vilayətlərinin  iqtisadi,  sosial  və  siyasi  birləşməsi  prosesinə 
ənənəvi  hüquqi  fərqlər  mane  olurdu,  bu  fərqlər  Roma  vətəndaşlarını  latin  hüququ 
vətəndaşlarından,  onların  hər  ikisini  isə  müttəfiq  əyalətlərin  təbəələrindən  ayırırdı. 
Roma  isə  öz  idarəetməsi  ilə  bütün  İtaliyanı  birləşdirirdi.  Bir  tərəfdən  belə  birləşmə 
getdiyi  halda,  digər  tərəfdən  bu  birləşməyə  ciddi  maneçilik  törədən  faktor  öz 
qüvvəsində  qalırdı.  Müttəfiqlərin  sosial-siyasi  hüquqsuzluğu,  onların  əmlak 
hüquqlarına  da  ciddi  ziyan  vururdu,  xüsusən  torpağa  sahiblik  məsələsində  onların 
hüquqları  tam  olmayan  və  qanunla  təminatı  olmayan  xarakter  daşıyırdı.  İtaliya 
müttəfiqləri  II  əsrin  sonunda  öz  vəziyyətləri  ilə  əlaqədar  ciddi  narazılıqlarını 
bildirirdi,  tam  vətəndaş  hüququnu  tələb  edirdi.  Roma  aristokratiyasının  bir  hissəsi 
italiklərin hüquqlarının romalılarla bərabərləşdirilməsi zəruriyyətini başa düşürdü və 
fərqlərin aradan qaldırılması, cəmiyyətdəki sosial və siyasi gərginliyi yəqin ki, xeyli 
azaldardı.  Lakin  həmin  aristokratiyanın  digər  hissəsi  isə  plebs  dairələri  ilə  birlikdə, 
öz imtiyazlarının italiklərə də verilməsinin əleyhinə çıxır, müttəfiqlərin bu tələblərini 
rədd  etmək  mövqeyini  tuturdular.  Bu  ziddiyyətlər  öz  həllini  tapmadığından  silahlı 
münaqişəyə,  müharibəyə  gətirib  çıxardı.  Xarici  düşmənlərdən  təhlükə  gözləyən 
Romaya,  gözləmədiyi  bir  yerdən  -  onun  müttəfiqlərindən  təhlükə  meydana  gəldi. 
Hələ Hannibalın İtaliyaya yürüşü vaxtı Roma əyalətin ayrı-ayrı şəhərlərinin düşmən 

 
87 
tərəfə  keçməsinə  təkcə  qısqanclıqla  deyil,  həm  də  ona  arxadan  vurulan  zərbə  kimi 
baxırdı. Digər tərəfdən Roma öz ordusunun köməkçi hissələrini, həm də kohortalar 
üçün  əsgərləri  əyalətdən  cəlb  edirdi.  Beləliklə,  üsyan  Romanın  hərbi  qüdrətinə  də 
ciddi  zərbə  vururdu.  Bundan  başqa  İtaliya  müttəfiqlərinin  üsyanı  dövlət  üçün 
xüsusilə  təhlükəli  idi.  İtaliyalılar  iri  və  güclü  ordu  yaratmışdılar,  döyüşçülər  Roma 
ordusunda  vuruşduğuna  görə,  bu  ordunun  hərbi  taktikasına  yaxşı  bələd  idilər. 
İtaliklər üsyan etmiş tayfalar arasında siyasi ittifaq bağlayıb İtaliya adı altında dövlət 
təşkilatı  yaratmışdılar.  Bu  ittifaqın  paytaxtı  Korfini  şəhəri  oldu.  İtaliklərə  qalib 
gəlmək  üçün  romalılara  bütün  vasitələri  səfərbər  etmək,  özlərinin  diplomatik 
ustalıqlarını işə salmaq lazım gəldi. Müharibənin başlanması üçün bəhanəni yenidən 
Roma  özü,  daha  doğrusu  onun  siyasi  həyatında  baş  verən  münaqişələr  verdi.  Bu 
sarsıntılar  üçün  Romanın  özünə  aid  olan  məsələlərlə  yanaşı,  müttəfiqlərin 
mənafeyinə aid olan məsələlərdən də istifadə edilirdi.  
Qruplar  arasındakı  siyasi  mübarizə  çox  vaxt  böyük  kütlələri  ayağa  qaldırırdı, 
indi  isə  iri  bir  ərazinin  etirazının  yaranmasına,  ciddi  narazılığına  səbəb  oldu. 
Müttəfiqlər müharibəsi 90-88 illərdə baş verdi.  
Xalq  tribunu  Mark  Livi  Druz  öz  fəaliyyətinə  ondan  başladı  ki,  o,  Senata  öz 
əvvəlki böyüklüyünü və ondan alınıb atlı zümrəsinə verilmiş məhkəmə hakimiyyətini 
ona  qaytarmağa  can  atdı.  Bunun  üçün  o,  əlavə  300  senat  üzvü  seçilməsini  və  600 
nəfərlik  məhkəmənin  yalnız  senatorlardan  olmasını  təklif  etdi.  Bu  isə  Qrakx 
qardaşlarının qanunlarının ləğv edilməsi demək idi. Lakin Druzun senata göstərdiyi 
bu  qulluq,  qəribə  də  olsa  senatın  özünün  müqaviməti  ilə  qarşılaşdı.  Senat  başa 
düşmürdü ki, Druz plebsin mənafeyi naminə etdiyi xırda işlərdən bir tələ yemi kimi 
istifadə  edir  ki,  onların  etimadını  bu  yolla  qazanmaqla,  daha  iri  məsələlərdə  onları 
güzəştə getməyə məcbur etsin. Senat Druzun hördüyü hörümçək torundan yaxşı baş 
çıxarmadığından, əleyhdarlarının təsiri altında onun təkliflərinə təkcə biganəlik deyil, 
həm də müqavimət göstərməyə başladı. Druzun İtaliya əhalisinə vətəndaşlıq hüququ 
verilməsi  barədəki  təklifi  də  onun  bəd  niyyəti  kimi  qəbul  edildi.  Xüsusən  onun 
rüşvətxorluq  haqqındakı  qanun  layihəsi  senatorlara  və  atlılara  qarşı  çevrildiyindən, 
senat  bundan  çox  hiddətləndi.  Atlılar  isə  məhkəmənin  onların  əlindən  alınması 
qorxusuna  görə  ondan  çox  narazı  idilər.  90-cı  ildə  ona  düşmənçilik  artdı  və  o, 
Forumdan  evə  qayıtdıqda,  evdə  onu  bıçaq  zərbəsilə  ölümcül  yaraladılar  və  bir  neçə 
saatdan sonra Druz öldü.  
Druzun  ölümü  italiklərlə  yetişən  müharibənin  başlanmasını  sürətləndirdi. 
Bütün  İtaliya  Romaya  qarşı  öz  silahını  qaldırdı.  Bu  müharibədə  İtaliya  üç  yüz  min 
gəncin  həyatını  itirdi.  Müharibə  gənclərin  həyatını  qəddarlıqla  oğurladığı  kimi, 
sərkərdələrə  xeyli  şöhrət  gətirdi.  Bu  müharibədə  Qney  Pompey-Maqnın  atası  Qney 
Pompey, Qay Mari, Lutsi Sulla, Metellin oğlu Kvint Metell xüsusilə fərqləndilər və 
məşhurlaşdılar.  İtaliklərlə  müharibənin  taleyi  o  qədər  dəyişkən  və  ağır  idi  ki,  bu 
müharibənin ilk iki ilində iki Roma konsulu həlak oldu. Romalılar bir neçə dəfə ciddi 
məğlubiyyətə  uğradılar.  Sonradan  tədricən  İtaliya  əyalətlərinin  əhalisinə  Roma 
vətəndaşlığı verildi, bunlar əsasən romalılara qarşı silah qaldırmayan və ya ilk dəfə 
silahı yerə qoyan əyalətlər idi. Məhz bu tədbirlərdən sonra romalılar öz qüvvələrini 
möhkəmləndirməyə  nail  ola  bildilər.  Pompey,  Sulla  və  Mari  Roma  dövlətinin 
süqutunun  qarşısını  aldılar.  Müharibənin  başa  çatması  ilə  Roma  bütün  məğlub  olan 

 
88 
İtaliya  xalqlarına  vətəndaşlıq  verməyi  qərara  aldı.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 
Müttəfiqlər müharibəsində bütün orta və cənubi İtaliya iştirak edirdi. Şimali İtaliya-
Etruriya,  Umbriya,  Tsizalp  Qalliyası  Romaya  sədaqətli  qalaraq,  üsyanda  iştirak 
etməmişdilər.  
Lakin  Romanın  qələbəsini  ciddi  əhəmiyyət  kəsb  edən  qələbə  adlandırmaq 
olmazdı,  çünki  müharibə  nəticəsində  qaliblər  deyil,  əslində  məğlub  olanlar  öz 
iradələrini  diqtə  etdilər  və  qarşıya  qoyduqları  məqsədə  nail  oldular.  İtaliklər  Roma 
vətəndaşlığı  qazandılar  və  komitsialarda  səs  hüququna  malik  oldular.  Roma 
hakimiyyəti sonralar bunu nə qədər məhdudlaşdırmağa çalışsa da, prinsipial məsələ, 
strateji vəzifə həll edilmişdi. İtaliya kəndliləri də romalılar kimi ictimai torpaqlardan 
istifadə etmək və ona sahib olmaq hüququ əldə etdilər.  
 

 
89 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin