Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi


SEZARIN HAKİMİYYƏTİ QƏSB ETMƏSİ



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

SEZARIN HAKİMİYYƏTİ QƏSB ETMƏSİ 
 
Pompeyin təkbaşına konsulluğu dövründə bir sıra qanunlar, xüsusən adamların 
pulla ələ alınmasına görə cəzanın güclənməsi barədə qanun qəbul edildi. Lakin belə 
bir səlahiyyətə malik olduğu dövrdə belə, onun senatla və optimatlarla münasibəti o 
qədər də yaxşılaşmadı. Yüksək vəzifələrə seçkinin və əyalətlərin bölünməsinin yeni 
qaydaları  isə  Sezarın  əleyhinə  istifadə  oluna  bilərdi.  Bu  qanuna  görə,  konsulluqdan 
beş il keçənə qədər əyaləti idarə etmək hüququ qala bilməzdi. Ona görə də əyalətlər 
daha köhnə olan konsullar arasında bölünməyə başlandı və gözlənilmədən Tsitseron 
da  belə  əyalət  aldı.  Senatın  qərarı  ilə  51-ci  ilin  əvvəlində  Tsitseron  prokonsul  kimi 
Kilikiya  əyalətinə  göndərildi.  O,  buraya  gəlib  çıxdıqdan  sonra,  Roma  üçün 
darıxmağa  başladı.  Lakin  gözlənilmədiyi  halda  onun  prokonsul  vəzifəsi  siyasi 
bioqrafiyasına xeyli şərəf gətirən səhifələr yazdı. Burada onun işgüzarlığı, ədaləti və 
güzəştə  getmək  bacarığı  daha  bariz  şəkildə  özünü  göstərdi.  Əyalətin  şəhərlərində 
artıq xərcləri ləğv etdi, vergini xeyli azaltdı. Özünün təmmənasızlığı ilə o, Kilikiyada 
xüsusi  hörmət  qazanmışdı.  O,  özünü  çox  sadə  aparırdı,  əyləncələrə  vaxt  ayırmırdı, 
istirahəti  isə  yalnız  təbii  ehtiyacdan  irəli  gəldikdə  edirdi.  O,  heç  kəsi  çubuqla 
cəzalandırmırdı,  heç  kəsi  söymürdü,  ümumiyyətlə,  biabırçı  və  ləyaqəti  alçaldan 
cəzalara əl atmırdı.  
Əyalətdə  yaşayanlar  isə  bir  qayda  olaraq  Roma  canişinlərinin  qəddarlığına, 
tamahkarlığına və eyş-işrət aludəçiliyinə öyrənmişdilər. Ona bu dövrdə bir sərkərdə 
kimi  də  məşhurlaşmaq  qismət  oldu.  Tsitseron  Amanın  dağlı  tayfalarına  qarşı 
mübarizə  aparmalı  oldu  və  Makedoniyalı  Aleksandrın  333-cü  ildə  Persiya  çarı  III 
Dara  üzərində  çaldığı  parlaq  qələbədən  sonra  məşhurlaşmış  İss  yaxınlığında  o, 
dağlıları  məğlubiyyətə  uğratdı.  Bu  vuruşdan  sonra  döyüşçüləri  onu  imperator 
adlandırdılar və bu hərbi titul ona zəfəri qeyd etməyə icazə verirdi. Bundan sonra o, 
iri bir qalanı da tutdu. Lakin bütün bunlar Romanın coşqun siyasi mühitinə öyrənmiş 
Tsitseronun qəlbini o qədər də cuşə gətirmirdi və ona görə də müddəti qurtaran kimi, 
heç 16 ay keçməmiş vətənə qayıtdı.  
O, vətəndaş müharibəsinin yaxınlaşmasını könlünün bütün qəsəmələri ilə hiss 
edirdi.  İtaliyanın  cənubunda  o,  iki  dəfə  Pompeylə  görüşüb,  onu  Sezarla  barışığa, 
kompromissə  dəvət  etsə  də,  heç  nəyə  nail  olmamışdı.  Ona  görə  də  o,  formal 
qaydalardan  istifadə  edərək  senata  da  getmirdi  ki,  49-cu  ilin  qasırğa  iyi  verən  bir 
atosferində senatın iclaslarında iştirak etməsin və burada ya Sezarın, ya da Pompeyin 
tərəfini saxlamalı olmasın.  
Lakin tarixi təcrübə göstərir ki,  siyasi sarsıntıların yaxınlaşdığı  və ya cərəyan 
etdiyi  bir  dövrdə  neytral  mövqe  seçmək  ən  ağılsız  addımdır,  çünki  bu  mövqe 
mübarizə  aparan  hər  iki  tərəfi  narazı  saldığından,  bu  tərəflər  hər  kəsdən  öz 
mövqelərinə kömək, başqasına qarşı müqavimət gözlədiyindən, həmin adamdan həm 
qalib  və  həm  də  məğlub  olan  tərəf  qisas  almağa  cəhd  edir  və  belələri  hətta 
düşməndən  də  daha  tez,  bir  başa  hücum  və  ya  fitnəkarlığın  qurbanı  olur.  Çünki 
neytrallığa  üstünlük  verənlərin  bu  siyasi  qalxanı  əncir  yarpağından  düzəldilmiş 
kimidir,  adi  bir  zərbə  onun  altında  gizlənəni  ya  öldürür,  ya  da  ağır  yaralayır.  Ona 
görə də, siyasi mübarizənin qızışdığı və kulminasiya nöqtəsinə çatdığı bir vaxtda, hər 
iki  tərəfdən  uzaqlaşmağa  çalışan  adam  buna  nail  olduqda,  hamıdan  daha  tez  və 

 
134 
sürətlə  özünün  məhvinə,  ölümünə  yaxınlaşır.  Onun  qurban  getməsinə  heç  bir  tərəf 
nəinki  təəssüflənmir,  əksinə  hər  iki  tərəf  guya  ümumi  düşmənin  aradan 
götürülməsinə görə sevinir. Ona görə də mübarizə neytrallıq sığınacağını bir andaca 
məhv edir və köməksiz qalmış adam barədə onun layiq olmadığı ən qəddar hökmü 
verir.  Çox  hallarda  isə  hadisələrin  gedişi  adamın  öz  iradəsindən  və  istəyindən  asılı 
olmayaraq,  onu  barrikadanın  bu  və  ya  digər  tərəfinə  sürükləyir  və  bir  qayda  olaraq 
qələbə  çələngindən  ona  heç  nə  düşməsə  də,  məğlubiyyətin  ən  ağır  cəzası  olan 
biabırçılıq  və  həyatı  itirmək  birincilər  sırasında  ona  qismət  olur.  Əlbəttə,  burada 
söhbət  güclü,  mətin,  möhkəm  iradəyə  və  iti  ağıla  malik  olanların  neytral  mövqe 
tutmasından gedir. Siyasi mübarizə üçün heç bir dəyəri olmayan, fağır həyat tərzi ilə, 
mövcudluğu  ilə  yoxluğu  arasında  heç  bir  fərq  hiss  etdirməyən  adamlar  isə  bu  qılaf 
altında ömrünün sonunadək qala bilirlər, çünki hətta ilbizdən fərqli olaraq, onlar bir 
dəfə  də  olsun  bu  sığınacağı  tərk  etmirlər,  sürüdəki  arıq  quzuya  qarşı  heç  vaxt  onu 
kəsib yemək arzusu yaranmadığı kimi, onların da kabus mövcudluğu hifz edilir.  
Müasir  alimlər  Darvinin  təkamül  nəzəriyyəsinə  çox  dəyərli  və  bu 
nəzəriyyədəki təbii seçki mexanizminə ciddi düzəliş verən bir əlavə etmişlər. Əlbəttə, 
sosial  biologiyadan  faşizm  geniş  istifadə  etdiyinə  görə,  bu  misalı  atəşə  tutanlar  da 
tapıla bilər. Lakin bunu da yaddan çıxarmaq olmaz ki, insan özü təbiətin bir hissəsi 
olduğundan,  təbiətin  qanunları,  xüsusən  digər  canlıların  yaşayış  tərzinə  aid  olan 
məsələləri  biz  həm  də  insanların  həyatında  və  cəmiyyətlərin  öz  varlığını  tənzim 
etməsində  tapırıq.  Darvinə  görə,  təbii  seçmədə  bir  qayda  olaraq  mühit  və  şərait 
dəyişdikdə  zəiflər  məğlub  olur,  güclülər  bu  dəyişikliklərə,  yeni  mühitə  və  şəraitə 
davam  gətirdiyindən  yaşamağa  davam  edirlər.  Beləliklə,  evolyusiya,  təkamül 
zəiflərin  məhv  olması,  güclülərin  isə  möhkəmlənməsi  ilə  müşayiət  olunur.  Darvinə 
görə,  təkamül  üç  amilin  qarşılıqlı  fəaliyyəti  nəticəsində  həyata  keçirdi.  Bu  amillər 
dəyişkənlik,  irsiyyət  və  təbii  seçmə  idi.  Təbii  seçmə  isə  güclünün  dominantlığını 
təsdiq edirdi, yaşayış mühitinə uyğunlaşmayan zəiflər isə sıradan çıxır, məhv olurdu. 
Müasir  alimlərin  Darvin  nəzəriyyəsinə  əlavəsi  bundan  ibarətdir  ki,  şərait  və  mühit 
dəyişdikdə zəiflərlə yanaşı həm də bu mühitə uyğunlaşa bilməyən güclü canlılar da 
məhv olurlar, yaşamaqda isə zəiflərdən və güclülərdən fərqli olaraq yalnız orta yeri 
tutanlar qalır, onlar istənilən dəyişikliklərə məruz qaldıqda ona asanlıqla uyğunlaşır, 
xilas  olur  və  beləliklə  yaşamaqda  davam  edirlər.  Axı  dinozavrlar,  mamontlar  məhv 
olmuşlar,  taxtabitilər,  tarakanlar  milyon  illərdən  keçərək  sağ  qalmışlar.  İnsanlar  da 
belədir,  siyasi  və  sosial  kataklizmlərdə  bir  qayda  olaraq  zəiflər  və  güclülər  məhv 
olurlar,  cəmiyyətdə  taxtabiti  və  tarakan  rolunu  oynayanlar  isə  ən  çətin  anda  belə 
özlərinə  sosial  yarıq,  bioloji  oyuq,  taxça  tapıb  gizlənə  bilir,  qasırğa  sakitləşdikdə 
yenə üzə çıxaraq həyatlarını davam etdirirlər.  
Ona görə də güclü, istedadlı Tsitseron isə uzun müddət neytrallıq nöqtəsində, 
izolyasiya  oyuğunda  qala  bilməzdi.  Ona  görə  də  sonrakı  hadisələr  onu  daha  fəal 
mövqe tutmağa  məcbur etdi. Axı insanlar hər şeydən çox şəraitin qulu olduğundan, 
hadisələr, dəyişən mühit belə seçkini qaçılmaz və qarşısıalınmaz edir.  
Sezar  Qalliyada  müharibəni  başa  çatdırdıqdan  sonra  bir  legion  ordu  ilə 
İtaliyanın  şimal  sərhəddində  dayanmışdı.  50-ci  ilin  sonunda  onun  gələcək  üçün 
perspektivi  qeyri-müəyyən  idi.  Qalliyadakı  qələbələr  ona  böyük  şöhrət  və  nüfuz 
qazandırmışdı,    lakin  onların  bəhrələrindən  Pompey  kimi  istifadə  etməməklə,  onun 

 
135 
əlindən hər şey çıxa bilərdi. Axı yetişmiş meyvə dərilmədikdə ya quşların yemi olur, 
yaxud da yerə düşüb çürüyür. Sezarın qarşısında Tantal əzabı çəkən Pompeyin hələ 
tam başa çatmamış acı təcrübəsi var idi.  
Pompey ona çar tacı təklif ediləndə belə özünü qanuna hörmət edən bir patritsi 
kimi  göstərməklə,  getdikcə  hər  şeyi  itirirdi,  hətta  onun  hərbi  şöhrətləri  də  yaddan 
çıxmağa  başlayırdı.  Sonralar  lazımi  qətiyyət  göstərməyən  Pompey  heç  də  əvvəllər 
belə olmamışdı, gəncliyində o, hətta qəddarlıqdan da çəkinməmişdi ki, qarşısındakı 
məqsədə  yaxınlaşsın.  Sulla  Şərqə  yollandıqdan  sonra  Romaya  qayıdan  Tsinanın 
mühafizəçiləri  gənc  Pompeyin  evinə  girib,  onu  soymuşdular,  həm  də  Tsinna  onun 
özünü  öldürməyə  göstəriş  vermişdi.  Bundan  sonra  Pompey  heç  bir  səlahiyyəti 
olmadan  özünə  qoşun  toplamış,  öz  təşəbbüsü  ilə  sərkərdə  olmuş  və  üç  legionla  öz 
əleyhdarları  ilə  döyüşdə  qalib  gəldikdən  sonra  Sullanın  çox  xoşuna  gəlmiş,  ondan 
böyük  ehtiram  görmüş  və  gələcək  diktator  onu  çox  fəxri  hərbi  titulla 
mükafatlandırmış, imperator adlandırmışdı. Bundan artıq otuz il keçmişdi. Bu dövrdə 
onun parlaq qələbələri də olmuşdu, onlardan istənilən qədər fayda götürə bilməməsi 
də.  Onun  düşmənləri  hətta  onun  sərkərdəlik  istedadını  da  şübhə  altına  almağa 
çalışırdılar.  Lukull  Mitridatla  vuruşlarda  nəticədə  elə  bir  uğura  malik  olmadığına 
görə,  onu  əvəz  edən  Pompeyin  Mitridatın  üzərindəki  parlaq  qələbəsini  də  inkar 
etmək  istəyirdi.  O,  hələ  əvvəlcə  demişdi  ki,  Pompey  bura  (Asiyaya)  müharibənin 
kölgəsi  ilə  vuruşmağa  gəlmişdir,  o,  quzğun  kimi  adət  etmişdir  ki,  başqasının  əli  ilə 
öldürülmüş  cəsədin  üzərinə  atılsın  və  müharibənin  törətdiyi  leşi  parça-parça  etsin. 
Lukull  Pompeyin  onun  yerinə  baş  komandan  təyin  edilməsi  və  onun  qoşunlarının 
əlindən  alınmasına  dözməyib,  belə  acı  və  həm  də  həqiqətdən  uzaq  olan  sözləri 
söyləmişdi. Ancaq onu da demək lazımdır ki, Krassın Spartak üzərindəki qələbəsinə 
Pompey həqiqətən də yiyələnmək istəmişdi.  
İndi isə vaxt dəyişmişdi, Pompeyin də köməkliyi hesabına dövlət vəzifələrində 
yüksələn və başqalarına üstün gələn Sezar indi onu məhv etməyə hazırlaşırdı. Sezar 
çoxdan  Pompeyi  devirməyi  qərara  almışdı,  birinci  olmaq  üçün  o,  bu  yeri  tutan 
istənilən adamı  məhv etməli idi. Pompey isə bunun qarşısını almaq üçün qorxduğu 
bu  təhlükəni  aradan  götürməli  idi.  Pompey  əvvəllər  Sezara  qətiyyən  məhəl 
qoymurdu, son vaxtlarda isə ondan qorxmağa başlamışdı. Dövlət də bu vaxt anarxiya 
girdabına düşmüşdü, kapitanı olmayan gəmiyə bənzəyirdi. Belə bədbəxtliklər nəticə 
etibarilə təkhakimiyyətliliyə, diktaturaya gətirib çıxarır. Pompeyin özünü tək konsul 
seçməklə,  Roma  qanunlarının  və  əcdadların  qoyduğu  qaydaların  əksinə,  ona 
təkhakimiyyətlilik  verməklə  həmin  qüvvələr  həm  də  Katonu  və  digər  respublika 
tərəfdarlarını  bu  quruluşu  diktaturadan  xilas  etmək  uğrundakı  qızğın  mübarizəyə 
qaldırmışdılar. Lakin Sezar artıq belə vəziyyətlə razılaşmırdı və Romaya vasitəçilər 
göndərirdi  ki,  ona  konsulluq  verilsin  və  onun  əyalət  üzrə  olan  səlahiyyətləri 
uzadılsın.  Pompey  isə  hələlik  susmağa  üstünlük  verirdi.  Konsul  Martsell  hətta 
Sezarın  bir  adamını  çubuqla  döydürmüşdü.  Bundan  qəzəblənən  Sezar  Romada 
yüksək vəzifə tutanlara, onları ələ almaq üçün pul hədiyyəsi göndərdi.  
Pompey  onun  bu  tələblərindən  qorxaraq,  istəyirdi  ki,  əyalətdə  Sezarın  yerinə 
başqa  adam  təyin  edilsin.  Bundan  başqa  Qalliyada  müharibə  aparmaq  üçün  verdiyi 
legionları  o,  Sezardan  geri  qaytarmağı  tələb  edirdi.  Sezar  döyüşçülərə  çoxlu  pul 
verib,  qoşunları  Romaya  göndərdi.  Bu  legionları  Pompeyin  yanına  gətirənlər  Sezar 

 
136 
haqqında  pis  şayiələr  yayır,  Pompeyi  boş  danışıqlarla  arxayın  salırdılar.  Bunlardan 
sayıqlığını  itirən  və  başı  gicəllənən  Pompey  sadəlövhlüklə  çıxışların  və  qanun 
layihələrinin  köməyi  ilə  Sezara  qalib  gəlmək  istədi.  Sezar  kimi  güclü  pələngin 
qarşısına, səslərdən və yazıdan düzəldilən silahla çıxmaq ağılsızlıq idi. Ona görə də 
Sezar bu qərarlara heç bir əhəmiyyət vermir, «kağız pələnglərə» məhəl qoymurdu.  
Sezarın  hərbi  rəislərindən  biri  öz  sərkərdəsinə  komandanlıq  müddətini 
uzatmaqdan  imtina  edən  Senatın  qarşısında  əlini  qılıncının  dəstəyinə  qoyaraq 
demişdi ki, "nə olar, onda bu onun müddətini uzadacaqdır". Digər tərəfdən Sezarın 
tələbi  də  ədalətli  idi.  O,  təklif  edirdi  ki,  özü  də  qoşunlarını  buraxsın,  ancaq  qoy 
Pompey də bunu etsin. Çoxları bu təklifi razılıqla qarşıladı. Lakin Senatda Pompeyin 
qayınatası Stsipion təklif etdi ki, Sezar müəyyən müddət ərzində silahı yerə qoymasa, 
vətən  düşməni  elan  edilsin.  Onlardan  hər  ikisinin  ordunu  buraxması  təklifi  səsə 
qoyulduqda, Senatda çox az adam Pompeyin qoşunu buraxmasının lehinə səs verdi, 
Sezarın  qoşunu  buraxmasına  isə  demək  olar  ki,  hamı  razılığını  bildirdi.  Lakin 
Antoninin,  hər  ikisinin  öz  səlahiyyətlərindən  imtina  etməsi  barədəki  təklifinə  bütün 
Senat səs verdi. Konsul Lentul isə Sezarı nəzərdə tutaraq qışqırırdı ki, quldura qarşı 
silahla  hərəkət  etmək  lazımdır.  Bundan  sonra  Sezar  güzəştə  getdi  və    təklif  etdi  ki, 
Ön  Alp  Qalliyası  və  İlliriya  iki  legionla  ona  verilsə,  bütün  tələblərini  geri  götürür. 
Sonra o, ikinci dəfə konsul seçkilərində özünü namizəd göstərə bilərdi.  
Kilikiyadan  yeni  qayıdan  Tsitseron  düşmənləri  barışdırmağa  cəhd  etdi. 
Pompey  hər  şeylə  razılaşsa  da,  Sezarda  qoşunun  qalmasına  etiraz  edirdi.  Sonra 
Tsitseron  Sezarı  yola  gətirdi  ki,  həmin  əyalətlərlə  birlikdə  ona  bir  legion  qoşun 
verilsin  və  bununla  da  düşmənçiliyə  son  qoyulsun.  Bununla  Pompey  də  razılaşmalı 
oldu.  Lakin  konsul  Lentul  və  onun  tərəfdarları  buna  müqavimət  göstərdilər  və 
Sezarın tərəfdarları olan Antoni və Kurionu senatdan qovdular. Beləliklə, bu ağılsız 
hərəkətləri ilə onlar Sezara, bütün razılaşmaları kənara atıb, öz bildiyi kimi hərəkət 
etmək  üçün  əsaslı  bəhanə  verdilər.  Sezar  isə  bu  fürsəti  əldən  buraxmadı  və 
döyüşçülərini qızışdırmağa başladı.  
Sezarın  cəhdləri  artıq  Romada  bir  çox  manevrlərin  və  kontrmanevrlərin 
obyektinə çevrilmişdi. On tribunun hamısının himayəsi nəticəsində üç il əvvəl Sezara 
in absentia - özü olmadan konsulluğa namizədliyini irəli sürmək icazəsi verilmişdi. 
Əgər o, 49-cu ildə 48-ci ilin konsulluğu üçün öz namizədliyini irəli sürsəydi, tutduğu 
vəzifələrdən kənarlaşmalı idi. Bu isə 49-cu ilin on ayı ərzində onun ciddi təhlükə ilə 
üzləşməsinə şərait yaradardı. Bundan qaçmaq üçün o, 50-ci ilin 1 martına qədər öz 
komandanlıq  vəzifəsinə  varis  məsələsini  qaldırmamalı  idi.  Bununla  o,  öz 
komandanlığını 49-cu ilin sonuna qədər saxlayacaqdı. Lakin bu məsələ hələ əvvəlki 
illərdə  bir  neçə  dəfə  qaldırılmışdı.  Son  nəticədə  Sezarla  Pompeyin  eyni  vaxtda  öz 
komandanlıq vəzifələrini tərk etməsi prinsip etibarilə qərara alındıqda, sabahısı gün 
konsul  Martsell  senatdan  heç  bir  səlahiyyət  almadan,  İtaliyadakı  bütün  qoşunların 
komandanlığını Pompeyə təklif etdi, bu onun qüvvəsini daha da artırırdı. Pompey də 
bu  təklifi  qəbul  etdi.  1  yanvar  49-cu  ildə  isə  senat  Sezardan  yeni  təklif  aldı  ki, 
Pompeylə birlikdə hər ikisi öz komandanlıqlarından eyni vaxtda imtina etsin. Sezarın 
məktubu hökm etmək xarakterikdə idi və senat qərara aldı ki, əgər müəyyən edilmiş 
vaxtda  Sezar  öz  komandanlıq  vəzifəsini  tərk  etməsə,  onunla  ictimai  düşmən  kimi 
davranılacaqdır.  Elə  bil  ki,  əleyhdarlarının  hamısı  Sezarın  planının  həyata  keçməsi 

 
137 
üçün  canfəşanlıq  göstərirdi.  Güzəştlərdən  imtina  və  öz  iradəsini  başqalarına  təlqin 
etmək əslində ölkəni vətəndaş müharibəsinə sürükləyirdi.  
Böyük  hərbi  yürüşlər  təcrübəsi  və  parlaq  sərkərdə  istedadı  olan  Sezar  başa 
düşürdü  ki,  təşəbbüsü  ələ  keçirmək  üçün  indi  böyük  ordudan  daha  çox,  igidlik 
möcüzəsi  və  yüksək  sürətli  zərbə  vacibdir.  Axşam  o,  şam  edərkən  qonaqlardan  üzr 
istəyib otaqdan çıxır və arabada kiçik Rubikon çayının - bu çay Ön Alp Qalliyasını 
İtaliyadan  ayırırdı,-  yanına  gəlir.  Burada  o,  fikrə  daldı,  etmək  istədiyi  hərəkətin 
nələrə  səbəb  olacağını  yaxşı  dərk  edirdi.  Başa  düşürdü  ki,  bu  çayı  keçmək  hansı 
bədbəxtliklərə  gətirib  çıxaracaqdır  və  bu  addımı  gələcək  nəsillər  necə 
qiymətləndirəcəkdir. Nəhayət o, bu fikirlərdən ayrılıb bu sözləri dedi: "alea jacta est
-  "püşk  atılmışdır".  Keçidə  tərəf  irəlilədi  və  12  yanvar  49-cu  ildə  sərhəddi  keçdi. 
Nəhayət səhərə yaxın Roma sərkərdəsi buna icazəsi olmadığı halda, İtaliya ərazisinə 
qoşunla soxulmuş və İtaliya əyalətinin şəhərini öz ordusu ilə zəbt etmişdi. Bu həm də 
müharibəyə  aparan  yolun  başlanğıcı,  qılıncların  toqquşduğu  teatrın  qapısının 
açılması  idi.  Rubikon  çayını  keçməklə  Sezar  bütün  Roma  qanunlarını  nəinki 
tapdaladı, hətta süpürüb atdı.  
Məsələnin  mahiyyəti  heç  də  sərhədi  keçib  İtaliya  əraziləri  ilə  irəliləmək 
deyildi. İşin əsl mənası bundan ibarət idi ki, Roma kübarlığı tərəfindən Yunan-Roma 
dünyasının  düzgün  idarə  olunmasının  davam  etdirilməsinə  icazə  veriləcəkdimi, 
yoxsa  bu  avtokratik  rejimlə  əvəz  olunacaqdır.  Bu  alternativlərdən  hər  biri  dağıdıcı 
vətəndaş  müharibəsinə səbəb  olacaqdı.  Vətəndaş  müharibəsi faciə idi  və əslində nə 
Sezar,  nə  də  Pompey  onu  istəmirdi.  Çoxları  sülhün  qorunub  saxlanmasına  ümid 
edirdi.  Lakin  bu  vaxt  siyasət  haqq-hesabını  aparan  hər  üç  partiya  bütünlüklə  tələyə 
düşdü. Yeni siyasi hakimiyyət qurmaqda Sezarın uğuru, köhnə rejimin tərəfdarlarını 
ona  düşmən  olan  mövqeyə  keçirirdi.  Sezar  isə    bu  vaxt  ya  düşmənlərinin 
mərhəmətinə  özünü  təslim  etməli,  ya  da  hakimiyyəti  tam  inhisarına  aldıqda, 
məqsədlərinə görə ittiham olunmağı seçməliydi. O, öz tələblərini məhdudlaşdırmaqla 
bu dilemmadan azad oluna bilməzdi. 
Vətəndaş  müharibəsinin  başlanğıcı  iti    sürət  götürmüşdü.  İndi  təkcə  Romanı 
deyil,  bütün  İtaliyanı  həyəcan  bürümüşdü,  elə  bil  ki,  bütöv  şəhərlər  qaçmağa  üz 
qoymuşdu.  Romanı  qaçqınlar  kütləsi  doldurmuşdu,  bu  bir  qədər  də  davam  etsə, 
şəhərin  məhvinə  gətirib  çıxarardı.  Axı  bəzən  qaçqınlar  özünü  çəyirtkə  dəstəsi  kimi 
aparır, öz didərginlik qəzəbini qarşıya çıxan hər şeyə aşılamağa can atır.  
Belə  vəziyyətdə  hər  tərəfdən  sıxışdırılan  Pompey  çaş-baş  qalmışdı.  İndi  hər 
şeydə onu ittiham edirdilər. Onun hətta ağıllı addımları da indi ona qarşı hücum üçün 
istifadə olunurdu. Doğrudan da, böhran baş verdikdə hamı öz zərbəsini bir nöqtədə 
cəmləşdirmək, bir günahkarı tapmaq və dalbadal ona ağır zərbələr endirməklə elə bil 
ki,  öz  vəziyyətlərini  yüngülləşdirməyə,  cansıxıcı  reallıqdan  uyuşdurucu  illuziyanın 
köməyi  ilə  xilas  olmağa  can  atır.  Pompeyin  sərəncamında  olan  qoşunlar  sayca 
Sezarınkından  çox  idi.  Lovğalanaraq  bir  dəfə  dediyi  sözdən  ona  qarşı  istehza  ilə 
istifadə edib, deyirdilər ki, əgər Sezar gəlsə, Pompey ayağını yerə vuran kimi bütün 
İtaliya qoşunlarla dolacaqdır. Özünü itirən Pompey şaiyələrə inanıb, elə güman edirdi 
ki,  müharibə  artıq  qapıya  çatmışdır,  bütün  ölkəni  ağzına  almışdır  və  ümumi  əhval-
ruhiyyəyə  tabe  olaraq,  heç  şübhəsiz,  ağciyərlilik  edərək,  açıqca  bildirdi  ki,  şəhərdə 
üsyan  və  hakimiyyətsizlikdir.  Bu  bəyanatından  sonra  o,  şəhəri  tərk  etdi  və 

 
138 
senatorlara, vətəni və azadlığı tiraniyadan üstün tutanların hamısına tapşırdı ki, onun 
arxasınca gəlsinlər. 
Konsullar  və  senatorların  da  çoxu  Pompey  kimi  Romadan  qaçdılar,  hətta 
ümumi  axına  qoşulub  Sezar  tərəfdarlarından  da  bəziləri  qaçdı.  Şəhər  ürəkağrıdan 
vəziyyətdə  idi,  elə  bil  ki,  onu  taleyin  ümidinə  atıb  getmişdilər.  Hamı  Pompeyə 
yaxınlığı  əsas  götürərək,  öz  doğma  şəhərinə  artıq  Sezarın  hərbi  düşərgəsi  kimi 
baxırdı.  Sezar  isə  əvvəlcə,  bizə  Müttəfiqlər  müharibəsindən  tanış  olan  və  İttifaq 
dövlətinin  paytaxtı  elan  edilən  Korfini  şəhərini  tutdu.  Burada  o,  qoşunlarına  əlavə 
qüvvələr cəlb etdi və Pompeyin üstünə hərəkət etməyə başladı. Pompey isə bu vaxt 
Brundiziyadan  Yunanıstandakı  Dirraxiya  şəhərinə  yollandı.  Bunu  eşidən  Sezar 
Romaya  qayıtdı  və  sərhəddən  keçdiyi  vaxtdan  keçən  altmış  gündən  sonra,  heç  bir 
qan axıtmadan Romanın və bütün İtaliyanın ağasına çevrildi.  
Sonra  o,  şəhərdə  qalan  senatorlara  müraciət  etdi  ki,  Pompeyin  yanına 
nümayəndə heyəti göndərilsin ki, uyğun gələn şərtlərlə onunla razılığa nail olunsun. 
Lakin  onun  sözünə  inanılmadığından,  heç  kəs  bu  səlahiyyəti  öz  üzərinə  götürmədi. 
Xalq tribunu Metell ona dövlət xəzinəsindən pul götürməyə mane olduqda və bu vaxt 
qanuna  istinad  edəndə,  Sezar  ona  belə  kəskin  cavab  verdi:  "Silah  və  qanunlar  bir 
yerdə yola getmirlər... Axı sən və burada tutduğum bütün əleyhdarlarım bütünlüklə 
mənim  hakimiyyətimdədir".  Sonra  isə  xəzinənin  qapısını  sındırıb  müharibə  üçün 
lazım olan vəsaiti götürdü, Metellə isə dedi ki, əgər acığını tutdursa, onu öldürəcək 
və bu hədəsinin əbəs olmadığını hiss etdirmək üçün əlavə etdi ki, "Cavan oğlan bil 
ki, bunu mənim üçün demək, etməkdən daha çətindir". 
Sonra  Sezar  Pompey  tərəfdarlarını  İspaniyadan  qovmaq  üçün  oraya  yollandı. 
O, bundan sonra Pompeyin özü ilə haqq-hesabı çürütmək istəyirdi. Lakin İspaniyada 
o,  tutmaq  istədiyi  legionları  ələ  keçirə  bilmədi.  Romaya  döndükdən  sonra  o,  49-cu 
ildə senat tərəfindən diktator elan edildi. On bir gün o, bu vəzifəni tutduqdan sonra 
bu səlahiyyətləri öz üzərindən götürdü, çünki o, gələn ilə konsul seçilirdi. 48-ci ilin 
yanvarında isə o, qoşunlarla Balkan yarımadasına çıxdı. Lakin onun burada qoşunu 
olmadığından,  yenidən  İtaliyaya,  Brundiziyaya    qayıtdı.  O,  gəmidə  qul  paltarında 
oturmuşdu. Burulğana düşən gəminin sükançısı onu geri qaytarmaq istədikdə, Sezar 
qabağa yeriyib, sükançının əlindən yapışıb dedi: "İrəli, iltifatlı adam, cəsarətli ol, heç 
nədən  qorxma.  Sən  gəmidə  Sezarı  və  onun  bəxtini  aparırsan".  Lakin  vəziyyətin 
çıxılmaz olduğunu görüb geri dönməyə razılıq verdi.  
Sonra  Antoninin  başçılığı  altında  qoşun  gəldi.  O,  Pompeyi  döyüşə  dəvət 
edirdi,  lakin  ərzaq  barədə  çətinliklə  üzləşirdi.  Pompeylə  Sezarın  qoşunları  arasında 
xırda  toqquşmalar  baş  verirdi  və  belə  toqquşmaların  birində  az  qala  Sezar  özü 
öldürülmüşdü.  Lakin  Pompey  bu  əlverişli  imkanlardan  istifadə  edə  bilmirdi.  Artıq 
bütün  ümidlərini  itirməkdə  olan  Sezar  bununla  əlaqədar  demişdi  ki,  "Onlarda  bir 
qalib gəlməyi bacaran olsaydı, bu gün qələbə düşmənin olmalı idi". 
Bundan  sonra  o,  Makedoniyaya  tərəf  irəlilədi,  Pompey  qoşunları  isə  güman 
etdilər  ki,  o,  məğlub  olduğundan  qaçır.  Sezar  qoşunlarının  vəziyyəti  ağır  olaraq 
qalırdı, olduqca pis qidalanma döyüşçülərin fiziki və mənəvi qüvvəsinə böyük zərbə 
vururdu.  Onların  ərzağı  yox  idi  və  uzun  müddətə  belə  vəziyyətə  dözmək  mümkün 
deyildi. Çoxları Pompeyin döyüşə girməməsini qorxaqlıqda günahlandırsa da, təkcə 
Katon öz həmvətənlərinin qanını axıtmadığına görə onu tərifləyirdi.  

 
139 
Lakin  Pompey  onu  tənqid  edənlərin  təsiri  altında  öz  iradəsinin  əksinə  olaraq, 
Sezarı  təqib  etməyə  başladı.  Sezar  Fessaliyanın  bir  şəhərini  tutduqdan  sonra 
ordusunu  yaxşı  yedizdirə  bildi.  Hər  iki  ordu  48-ci  ildə  Farsal  düzənliyində  özlərinə 
düşərgə  qurdular.  Pompeyi  əhatə  edən  hərbçilər  qələbəyə  əmin  olmaqla,  onu 
vuruşmağa sövq edirdilər. Sezarın bir min süvarisinə qarşı, Pompeyin yeddi minlik 
süvarisi var idi və axırıncılar öz döyüş qabiliyyətləri ilə çox öyünürdülər. Piyadalara 
gəldikdə, onların da sayı bərabər deyildi, Sezarın vur-tut iyirmi iki min əsgəri var idi, 
bu  da  düşməninkindən  iki  dəfə  az  idi.  Sezarın  qoşunlarına  özündən  başqa  Domitsi 
Kalvin və Mark Antoni komandanlıq edirdi. Pompeyin komandanları isə Domitsi və 
öz qayınatası Stsipion idi.  
Sezarın  döyüşçülərindən  biri  ona  dedi  ki,  "Sezar,  biz  parlaq  qələbə 
qazanacağıq.  Bu  gün  sən  məni  diri,  yaxud  da  ölü  kimi  tərifləyəcəksən".  Sezarın  iti 
sürətlə hücuma keçməsi ona böyük üstünlük verirdi. Pompey ordusu geri çəkilməyə 
başladı. Bir azdan onlar qaçmağa üz tutdular. Bunu görən Pompey tam özünü itirdi, 
əvvəlki  Pompey  Maqndan  əsər-əlamət  qalmamışdı.  O,  öz  çadırına  çəkildi.  Düşmən 
düşərgəyə  girdikdə  o,  bu  sözləri  demişdi:  "Məgər  onlar  düşərgəyə  də  gəlib 
çatmışlar?"  Sonra  o,  gözə  çarpmadan  Farsaldan  uzaqlaşdı  və  gəmiyə  oturub  Misirə 
yollandı  və  Misir  çarı  XIII  Ptolomey  Filopatorun  göstərişi  ilə  sahilə  çıxan  kimi 
Pompeyi öldürdülər. Bu 48-ci ildə baş verdi.  
Sezar isə Pompeyin düşərgəsinə gəlib gileylənməyə başladı ki, gör onlar nəyi 
istəyirdilər  və  məni  hansı  əmələ  sövq  etdilər.  Onu  da  qeyd  etdi  ki,  əgər  o, 
komandanlıqdan imtina etsəydi, ona ölüm hökmü kəsərdilər. Sonra o, əsir götürdüyü 
döyüşçülərin  çoxunu  öz  legionlarının  tərkibinə  daxil  etdi.  Əsil-nəcabətli  romalıların 
isə  çoxunu  əfv  etdi  və  gələcəkdə  onun  qatili  olacaq  Brut  da  bu  əfv  olunanların 
arasında idi. Sezar onun sağ qalmasına çox sevinmişdi. Sonra o, qaçan Pompeyi təqib 
etməyə  başladı  və  Aleksandriyaya  gəldi.  Ona  Pompeyin  başından  başqa,  kəsilmiş 
əlini  və  möhürünü  göstərdikdə,  Sezar  ağladı.  Misir  çarı  tərəfindən  tutulan  Pompey 
tərəfdarlarını azad edib, özünə yaxınlaşdırdı.  
Sezar  burada  da  müharibə  aparmalı  oldu.  Bu  müharibəni  bəzən  onun 
Kleopatraya  olan  ehtirası  ilə  əlaqələndirirlər.  Lakin  çar  sarayında  da  Sezara  yaxşı 
münasibət  yox  idi.  Çar  gənc  XIII  Ptolomeyin  üzərində  xüsusi  nüfuzu  olan  xədim 
Potin  əvvəlcə  Pompeyi  öldürtmüşdü,  müştərək  çarlıq  etməli  olan  və  həddi-buluğa 
çatmamış  Ptolomeyin  böyük  bacısı  və  arvadı  Kleopatranı  sürgünə  göndərmişdi.  O, 
Sezar  əleyhinə  də  müəyyən  planlar  hazırlamışdı.  Romanın  Misir  çarlığı  barədə 
müəyyən  öhdəlikləri  var  idi.  Lakin  gənc  Ptolomey  Filopator  bunlara  o  qədər  də 
əhəmiyyət  vermirdi.  Romalılara  pis  münasibət  hər  şeydə  özünü  büruzə  verirdi. 
Sezarın  əsgərlərinə  köhnə  çörək  yedizdirirdilər  ki,  onsuz  da  özgə  çörəyini  yeyirlər. 
Potin  əslində  çarın  atası  XII  Ptolomey  Avletdən  qalma  böyük  borcu  da  Sezara 
verməkdən imtina edirdi. Belə vəziyyətdə Sezar VII Kleopatranı sürgündən gətirdib, 
taxtdan uzaqlaşdırdığı qardaşı və əri Ptolomeyin əvəzinə, onu çariça elan etdi.  
Hərbi rəis Axilla və xədim Potin tərəfindən ona sui-qəsd hazırladığını Sezara 
xəbər verdilər. Buna görə Potin öldürüldü, Axillaya isə qaçmaq müyəssər oldu və o, 
Sezara  qarşı  müharibə  başladı.  Misirlilər  şəhərdə  olan  Sezarın  qoşunlarının,  onun 
gəmiləri ilə əlaqəsini kəsməyə çalışdılar. Bu təhlükəni ləğv etmək, öz donanmasının 
düşmən əlinə keçməsinə imkan verməmək üçün o, yanğın təşkil etdi. Bu yanğından 

 
140 
liman  da  ziyan  çəkdi  və  qədim  dünyanın  ən  zəngin  kitabxanalarından  biri  olan 
Aleksandriya kitabxanası da yandı. Bundan 688 il sonra ərəb xəlifəsi Ömər Sezarın 
bu  biabırçı  hərəkətini  təkrar  edərək  ikinci  dəfə  Aleksandriya  kitabxanasını 
yandırtmışdı.  Bunu  xəlifəyə  xəbər  verdikdə  o,  bu  dəhşətli  hadisəyə  belə  reaksiya 
vermişdi ki, əgər o kitablarda olanlar Quranda yoxdursa, onu yandırmaq lazım idi və 
əgər o kitablarda Quranda olmayan şeylər vardırsa da, yenə onu yandırmaq lazım idi. 
Xəlifənin  sözlərinə  görə  Quran  artıq  bu  kitabxananın  yandırılmasına  çoxdan  öz 
hökmünü vermişdi.  
Nəhayət,  Sezar  onun  düşmənləri  tərəfinə  keçən  çara  hücum  edib,  döyüşdə 
qalib gəldi. Düşmən böyük itki verdi, çar isə itkin düşdü. Çariça Kleopatra isə təkcə 
taxtda deyil, Sezarın ağuşunda da özünə yuva tapdı və ondan Sezarion adlandırdıqları 
oğul doğdu. Buradan Sezar Suriyaya,  daha sonra Ponta yollandı və Mitridatın oğlu 
Farnak ilə döyüşə girib onu məğlub etdi, özünü isə Pontdan qovdu. Pontdan Romaya 
özünün  ildırım  sürətli  yürüşü  haqqında  üç  sözdən:  "veni,  vidi,  vici"  -  "gəldim, 
gördüm, qalib gəldim" sözlərindən ibarət, müasir dildə desək, raport göndərdi.  
Nəhayət, Sezar Romaya qayıtdı və yenidən diktator seçildi, sonrakı il üçün isə 
o,  konsul  seçildi.  Lakin  Sezarın  dostları  özlərini  olduqca  lovğa  aparır,  tamahkarlıq 
göstərir, eyş-işrətlə məşğul olurdular. Eyş-işrətdə Antoni xüsusilə fərqlənirdi və onun 
bu  qüsuru  gələcəkdə  onun  məğlubiyyətlərinə  və  məhvinə  gətirib  çıxaracaqdı.  Onun 
sonralar Kleopatra ilə keçirdiyi kef məclisləri dəbdəbəsinə görə heç nə ilə müqayisə 
oluna  bilməzdi.  İndi  isə  o,  özünə  zəngin  yaşayış  şəraiti  düzəltmək  qayğısına 
qalmışdı.  Fırıldaq  yolu  ilə  Pompeyin  evini  əlinə  keçirmiş  və  onu  xeyli 
genişləndirmişdi.  
 

 
141 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin