Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

OKTAVİAN 
AVQUSTLA 
MARK 
ANTONİNİN 
RƏQABƏT 
MÜBARİZƏSİ 
 
Bir  qayda  olaraq  qələbə  bütün  məsələləri  nəinki  həll  etmir,  əksinə  yeni 
problemlər  üzə  çıxarır.  Filippidəki  qələbə  ümumi  qanunauyğunluqdan  müstəsnalıq 
təşkil etmədi. Qaliblər öz aralarında əyalətləri böldükdən sonra, Antoni Şərqə getdi, 
xəstə Otavian isə İtaliyaya qayıtdı. Onun üzərində ağır bir məsələ qalırdı. O, əvvəllər 
verdikləri  vədi  yerinə  yetirməli  və  veteranları  torpaqla  təmin  etməli  idi.  Əvvəlki 
nəzərdə  tutulandan  fərqli  olaraq,  indi  16  şəhərin  torpaqlarında  veteranlar 
yerləşdirilməli idi. Həmin şəhərlərdə torpaqlar müsadirə edilir və qullarla, diri və ölü 
alətlərlə birlikdə, yeni sahiblər kimi veteranlara verilirdi. Veteranlar özünü İtaliyada 
işğalçı düşmən kimi aparırdılar. Bu isə yerli əhalinin ciddi narazılığına səbəb olurdu. 
Bu müsadirələr həm də proskriptsiyaların davamı xarakterini daşıyırdı.  
Ona  görə  də  İtaliya  torpaq  sahibkarları  Romaya  toplaşırdı  və  onların 
veteranlardan  zəhləsi  gedirdi.  Bəzən  şəhərdə  camaatla  əsgərlərin  toqquşması  baş 
verirdi.  Ölkənin  ərzaqla  təminatında  ciddi  çətinliklər  yaranmışdı,  aclıq  qapını 
döyürdü.  Sekst  Pompeyin  donanması  ərzaq  gətirilməsinə  mane  olurdu.  Romada 
azğınlıq edən silahlı soyğunçular dəstəsi meydana gəlmişdi.  
Bu  narazılıqdan  Antoniyə  yaxın  olan  adamlar  istifadə  etməyə  çalışırdılar  və 
onların  arasında  onun  arvadı  Fulviya  və  qardaşı  Lutsi  xüsusi  canfəşanlıq 
göstərirdilər.  Onlar  bütün  bəlalarda  Oktavianı  günahlandırırdılar  və  deyirdilər  ki, 
Antoni  gələn  kimi  hər  şey  yoluna  qoyulacaqdır.  Oktavian  isə  veteranları  müsadirə 
edilmiş  torpaqlarda  yerləşdirməklə,  onlardan  özünə  güclü  dayaq  yaradırdı.  Lakin 
köhnə və yeni torpaq sahibkarları arasında zidiyyət kəskinləşirdi və bu, nəticədə yeni 
vətəndaş müharibəsi partlayışına səbəb oldu.  
Bu  müharibə  orta  İtaliyanın  şəhərlərindəki  üsyandan  başladı  və  Oktavianın 
istedadlı  sərkərdəsi  və  sonralar  ən  yaxın  dostu  olan  və  onunla  qohumlaşan  Mark 
Vitsani  Aqrippa  üsyan  edənlərin  qoşunlarını  Peruziya  şəhərində  ciddi  məğlubiyyətə 
uğratdı. Burada Mark Antoninin əsir düşən qardaşı Lutsi Antoni əfv edildi və onun 
qoşunları  Oktaviana  verildi.  Mark  Antoninin  arvadı  Fulviya  isə  qaçmaqla  canını 
qurtardı.  Şəhər  düşmən  torpağı  kimi  qarət  edildi.  Oktavian  isə  Romaya  qalib  kimi 
qayıtdı.  
Bundan  sonra  Oktavianla  Antoni  arasında  yeni  münaqişə  yetişirdi.  Antoni 
Şərqə yollandıqdan sonra, onu qeyri-adi dəbdəbə və zinət əhatə etdi. İndi ona xahiş 
edənlər adi adamlar deyil, çarlar idi. Çariçalar isə onun şəxsində, öz gözəlliklərindən 
dadmaqla,  buna  qiymət  verəni  tapmaq  istəyirdilər.  Belə  bir  şəraitdə  onun  köhnə 
eyibləri və ehtirasları baş qaldırdı və  özü üçün adəti həyat tərzinə - əyyaşlığa, eyş-
işrətə  başladı.  Onu  daim  musiqiçilər  müşayiət  edirdi.  O,  Efes  şəhərinə  gələndə, 
qadınlar  Vakx  orgiyalarındakı  qiyafədə  onun  qarşısına  çıxdılar.  Belə,  müasir  dildə 
desək,  biabırçılıq  karnavalında  isə  o,  özünü  yunan  mifologiyasının  Dionisi, 
romalıların  Vakxı  kimi  aparırdı.  Onun  əyləncə  və  şəhvət  barədəki  ağlasığmaz 
iştəhası doymaq bilmirdi.  
Buradan  isə  o,  Kilikiyanın  paytaxtı  Tars  şəhərinə  gəldi  və  Kleopatranı  ora 
çağırdı  ki,  vaxtilə  Kassiyə  kömək  etməsi  barədə  olan  ittihamlara  çariça  özü  cavab 
versin.  Antoni  bu  vaxt  Kleopatraya  vuruldu.  Çariça  Tarsa  Kidn  çayı  ilə  gəldi,  onun 

 
167 
gəmisi və müşayiət edən adamları çariçanın böyük sərvətindən və zinətindən xəbər 
verirdi.  Çariça  geyimi  ilə  özünü  ilahə  Afroditaya  bənzədirdi.  Onun  çox  gözəl 
qulluqçuları  var  idi.  Gəmidən  saçan  ətir  bütün  sahili  bürümüşdü.  Belə  söz-söhbət 
gəzirdi  ki,  qədim  yunan  mifologiyasından  ilahə  Afrodita  özü  allah  Dionisə  qonaq 
gəlmişdir və bu, Asiyaya xoşbəxtlik bəxş edəcəkdir.  
Kleopatraya uyan Antoni Parfiya yürüşünü yaddan çıxardı və onu təxirə salıb, 
Kleopatra  ilə  birlikdə  Aleksandriyaya  yollandı.  41-ci  və  40-cı  illərin  qışı  bu  iki 
məhəbbət  aşiqinin  ardı-arası  kəsilməyən  eyş-işrətlərində  və  şadlıq  məclislərində 
keçdi.  Kleopatranın  çarpayısını  zəbt  etdikdən  sonra,  onu  artıq  heç  bir  problem 
maraqlandırmırdı.  Kleopatranın  gözəlliyi  və  məhəbbət  şəlaləsi  onun  gözünü 
bütünlüklə tutmuşdu, onun üçün bir sərkərdə kimi fəth edilməli olan ən böyük ərazi, 
bu əfsanəvi dünya Kleopatranın nağıllara bənzəyən məhəbbət aləmi idi və ən böyük 
məqsəd  isə  bu  zəbt  olunmuş  məhəbbət  "səltənətini"  öz  əlində  saxlamaq  idi.  Artıq 
onun  sərkərdəliyindən  də  əsər-əlamət  qalmamışdı,  vaxtilə  Sezara  məxsus  olan  bir 
varlığı - Kleopatranı o, əlinə keçirə bilmişdi və nəhayət onun şəhvəti deyəsən elə bir 
eliksir tapmağa müyəssər olmuşdu ki, bu həm onun vurğun könlünü ovundurur, həm 
də onu sönməz bir atəşlə yenidən alovlandırırdı.  
Nəhayət,  məhz  Kleopatranın  təkidilə  o,  İtaliyaya  yollandı,  ona  respublika 
donanmasını gətirən Domitsi Ahenobarb da qoşuldu, onlar birlikdə Sekst Pompeylə 
ittifaq  bağladılar.  Bu  koalisiya  əslində  Oktaviana  qarşı  yönəlmişdi  və  onların 
arasında silahlı münaqişə getdikcə yaxınlaşırdı. 
Oktavianın və Antoninin qoşunları Brundiziyada üz-üzə gəldilər. Lakin hər iki 
tərəfdən  əsgərlər  onları  barışmağa  məcbur  etdi.  Digər  bir  vacib  səbəb  də,  bu  dəfə 
təbiətin  işə  qarışması  ilə  aradan  götürülmüşdü.  Antoninin  mənsəbpərəst  arvadı  və 
Oktavianın  qatı  əleyhdarı  Fulviya  ölmüşdü.  Bundan  sonra  Brundiziya  sazişi 
bağlandı. Bu müqaviləyə triumvirlərin 39-cu ildə Sekst Pompeylə bağladığı saziş də 
əlavə olundu. Bu sənədə görə, Pompey bütün dəniz qüvvələrinin komandanı olurdu 
və  Siciliya  ilə  Sardiniya  onun  nəzarətinə  verilirdi.  Birnci  sazişə  görə  isə,  Antoni 
rəsmi qaydada bütün Şərq əyalətlərinə, Oktavian isə Qərb əyalətlərinə sahib olurdu. 
Getdikcə  arxa  plana  sıxışdırılan  Lepidin  sərəncamında  əvvəlki  kimi  yenə  Afrika 
qalırdı.  
Əvvəlki  triumviratın  vaxtında  olduğu  kimi  siyasi  güzəştlər  və  razılaşmalar, 
vaxtilə  Katonun  hiddətinə  səbəb  olan  sülalə  nikahları  ilə  möhkəmləndi.  Pompey 
Sezarın qızı Yuliya ilə evləndiyi kimi, indi də dul qalmış Antoni Oktavianın bacısı 
Oktaviya ilə evləndi. Antoni Kleopatra ilə eşq macərasından uzaqlaşa bilmədiyindən, 
bu  nikah  əslində  bir  qədər  sonra  formal  xarakter  daşımağa  başlasa  da,  Oktaviya 
özünü  ləyaqətli  və  xeyirxah  adam  kimi  göstərdi.  Antoni  Misirdə  özünü  intihar 
etdikdən  sonra  onun  yetim  qalmış  uşaqlarının  tərbiyəsi  ilə  bir  analıq  kimi  deyil, 
doğma ana kimi məşğul oldu və onun bu alicənablığına hətta qardaşının Antoni ilə 
olan düşmənçiliyi də mane ola bilmədi.  
Lakin triumvirlər arasındakı vədlərdən, ya bir-birinə əks olan tərəflər arasında 
necə sazişlər bağlanılmasından asılı olmayaraq, Roma vətəndaşlarının çox gözlədiyi 
möhkəm sülh yaranmadı. Sulla dövründən başlanan vətəndaş müharibəsindən sonra, 
bədbəxtliklər girdabına düşən Roma onun məhvedici məkanından uzaqlaşa, xilas ola 
bilmirdi.  Sülh  barədə  nə  qədər  danışıqlar  getsə  də,  sazişlər  bir-birini  əvəz  etsə  də, 

 
168 
qüvvələr nisbəti uğrunda xalça altı mübarizə qurtarmaq bilmirdi və hər bir tərəf onun 
üçün  əlverişli  şərait  yaranan  kimi  mövcud  kövrək  status-kvonu  dəyişdirməyi  və 
bununla  üstünlük  qazanmağı  özünə  borc  bilirdi.  Bunun  üçün  heç  kəs  ələ  keçən  hər 
xırda bəhanədən istifadə etməkdən çəkinmirdi. 
İndi də vəziyyət narahatçılıq doğurmamaqdan çox uzaq idi. Antoni 39-cu ildə 
Şərqə  döndükdə  burada  vəziyyət  xeyli  gərginləşmişdi.  Hələ  40-cı  ildə  parfiyalılar 
Roma  dövlətinin  torpaqlarına  girmiş,  Suriyanın  və  Kiçik  Asiyanın  bir  sıra 
vilayətlərini tutmuşdular. 39-cu ildə sərkərdə Bass onları bu vilayətlərdən sıxışdırıb 
çıxarda bilmişdi. Lakin bütövlükdə Parfiya problemi bir dağ kimi böyük və məchul 
olaraq  qalırdı.  Sezar  Parfiyanı  təslim  etməyi  nəzərdə  tuturdu  və  çar  qiyafəsində 
müharibə aparmaq eşqinə düşdükdə, bu planla birlikdə həyatını da Senatın binasında 
itirdi.  Beləliklə,  romalılar  53-cü  ildəki  Krassın  biabırçı  məğlubiyyətinin  əvəzini 
indiyə qədər çıxa bilməmişdilər. Antoni də guya Parfiya ilə ölüm-dirim müharibəsinə 
hazırlaşırdı,  lakin  onun  hərbi  hazırlığı  və  hərbi  əməliyyatları  daha  çox  Erotun 
məqsədlərinə tabe olub, Kleopatranın yataq otağında cərəyan edirdi.  
İtaliyanın özündə də vəziyyət yaxşı deyildi, ərzaq təchizatı qaydaya düşmürdü. 
39-cu  ildə  Puteolada  bağlanan  sazişə  əhəmiyyət  verməyən  Sekst  Pompey  yenə  də 
İtaliyaya ərzaq gətirilməsinə mane olurdu və bu barədə heç də dəniz quldurlarından 
fərqlənmirdi.  Belə  vəziyyət  Oktavianı  cəsarətli  hərəkət  etməyə  və  Pompeydən  olan 
bu asılılığa son qoymağa məcbur etdi. Pompeyə qarşı vuruşan donanmaya Oktavian 
özü  başçılıq  edirdi.  Lakin  dəniz  döyüşü  onun  üçün  olduqca  uğursuz  oldu,  onun 
donanmasının bir hissəsi darmadağın edildi, digər hissəsi fırtınada məhv oldu.  
Oktavian əlacsız qalıb Antoniyə müraciət etdi və 37-ci ildə onların Tarentdəki 
görüşündən  sonra  Antoni  triumvir  yoldaşına  130  gəmi  verdi.  Oktavian  isə  əvəzində 
ona  Parfiya  yürüşü  üçün  20  miin  əsgər  verdi.  Onların  heç  biri  hələ  bilmirdi  ki,  bu 
qüvvələrdən  gələcəkdə  onlar  düşməndən  daha  çox,  bir-birilərinə  qarşı  istifadə 
edəcəklər. Romalılar artıq m.ə. I əsrin başlanğıcında yaranan məşum ənənəyə sadiq 
qalaraq  bir-birini  əzəcək,  məğlub  və  məhv  edəcəklər.  Tarent  görüşündə  həmçinin 
triumvirlərin səlahiyyətlərinin əlavə beş il uzadılması qərara alındı.  
Bir  az  sonra  Sekst  Pompeylə  müharibə  bərpa  olundu.  İndi  Peruziya 
müharibəsinin  qəhrəmanı  Aqrippa  donanmaya  sərkərdəlik  edirdi.  36-cı  ildəki  iki 
dəniz döyüşündə Pompeyin qüvvələri darmadağın edildi. O, Kiçik Asiyaya qaçdı və 
orada  35-ci  ildə  həlak  oldu.  Beləliklə  Pompey  ailəsinin  faciəsinə  yeni  və  son  bir 
səhifə də yazıldı. Qney Pompey Maqn 48-ci ildə Misirdə öldürülmüşdü, onun böyük 
oğlu  46-cı  ildə  İspaniyada  qətlə  yetirilmiş,  on  bir  il  sonra  isə  kiçik  oğul  Sekst 
Pompey 40 yaşında həyatla vidalaşmalı olmuşdu.  
Bu  döyüşdə  Oktavianın  müttəfiqi  kimi  iştirak  edən  Emili  Lepid,  birdən 
Siciliya  üzərində  hakimiyyəti  ələ  keçirmək  istədi,  lakin  qoşunları  Lepidə  xəyanət 
edib,  Oktavianın  tərəfinə  keçdi.  Oktavian  Pompey  üzərindəki  qələbəsini  indiyədək 
görünməmiş bir tədbirlə məşhurlaşdırdı və buna sonralar, ömrünün sonunda yazdığı 
"İlahi Avqustun əməlləri" kitabında xüsusi yer verdi.  
Belə ki, Pompey ordusundakı qaçmış qullar tərksilah edildikdən sonra, 30 min 
nəfərə  qədər  olan  bu  kütlə  İtaliyaya  gətirildi  və  öz  əvvəlki  sahiblərinə  qaytarıldı. 
Doğrudan da ağalarından qaçan qullar hər cür cəzanı görmüşdülər, belə bir cəzanı isə 
ilk dəfə Oktavian tətbiq etməyə başladı.  

 
169 
XIX  əsrin  ortalarında  ABŞ-da  Avqust  prinsiplərinə  uyğun  olaraq  qəbul 
olunmuş qanunda Cənub ştatlarındakı qul sahibkarlarının mənafeyini nəzərə alaraq, 
qaçan  qulların,  xüsusən  onlar  quldarlığın  mövcud  olmadığı  Şimal  ştatlarına  qaçırdı, 
tutulub əvvəlki sahiblərinə qaytarılması qaydası qoyulmuşdu.  
Avqust ömrünün hesabatı şəklində yazılmış və ölümündən sonra dərc edilmiş 
kitabında  göstərirdi  ki,  "Dənizi  mən  quldurlardan  təmizlədim.  Bu  müharibədə  öz 
ağalarından  qaçmış  və  dövlət  əleyhinə  silah  qaldırmış  30  minə  yaxın  qulu  əsir 
götürdüm, onları lazımınca cəzalandırmaq üçün öz ağalarına verdim". Lakin müəllif 
bunu  da  qeyd  etməyi  lazım  bilmir  ki,  o  vaxtlar  üç  il  əvvəl  bağlanmış  Puteola 
müqaviləsinə görə, Sekst Pompeyin tabeliyində olan bütün qullara təntənəli surətdə 
azadlıq  təminatı  verilmişdi.  Qaliblər  bir  qayda  olaraq  əvvəlki  vədlərini  unudur, 
özlərini taleyin ağaları kimi aparırlar.  Qullar barədə verilən təminatlar və vədlər isə 
adətən  havanı  titrədən  boş  səsdən  ibarət  olaraq  qalırdı,  qulların  yeganə  gümanı  isə 
onların öz qisməti idi.  
Nəhayət  Roma  tarixində  respublikanın  həqiqi  qəbir  qazanı,  onu  boğan 
Avqustun  dövrü  gəlib  çıxdı.  Doğrudan  da  Sezar  əgər  respublikaya  tabut  düzəltdisə, 
Avqust  bu  tabutun qapağını  mıxladı  və  onu  birdəfəlik  qəbirdə  dəfn  etdi.  Ona  30-cu 
illərin  ortasında  öz  mövqeyini  xeyli  möhkəmləndirmək  mümkün  oldu.  Bu  dövrdə 
Mark Antoni isə elə bir uğur əldə edə bilməmişdi. Parfiya yürüşünün əvvəlində onun 
işləri  bir  qədər  yaxşı  getsə  də,  o,  Midiya  paytaxtını  mühasirəyə  almışdı,  lakin  bu 
mühasirə uzun çəkdiyindən Antoni öz qoşunlarını Midiyadan geri çəkməyə məcbur 
olmuşdu.  O,  geri  çəkilərkən  həm  də  xeyli  itki  verdi.  Lakin  Antoni  Romaya 
göndərdiyi rəsmi raportunda Parfiya yürüşünü böyük qələbə adlandırırdı. Sonrakı 35-
ci ildə o, Ermənistana uğurlu yürüş etdi. Bu qələbənin triumfunu isə Aleksandriyada 
qeyd  etməklə  ciddi  siyasi  səhvə  yol  verdi.  Bir  qayda  olaraq  triumf  yalnız  dövlətin 
paytaxtında  -  Romada  qeyd  olunurdu.  Bu  bayram  tədbirində  Antoni  bütün 
əndazələrdən çıxmışdı. O, özünə və Kleopatraya iki tac düzəltdirmişdi, bundan əlavə 
Kleopatranı Misirin, Kiprin, Afrika və Kelesuriyanın, Sezarın oğlu sayılan Sezarionla 
birlikdə hökmranlıq etmək üçün çariçası elan etmiş, Kleopatradan olan öz oğlanlarını 
isə çarlar çarı elan edib, onlardan Aleksandra əyalət kimi Ermənistanı, Midiyanı və 
guya zəbt ediləcək Parfiyanı, Ptolomeyə isə Finikiyanı, Suriyanı və Kilikiyanı təyin 
etdi.  Beləliklə,  Romanın  neçə-neçə  müharibələr  hesabına  əldə  etdiyi  torpaqları 
Antoni dövlətin xəbəri olmadan, öz arvadına və övladlarına hədiyyə kimi verirdi. Bu 
hərəkəti  onu  göstərir  ki,  Antoni  bütünlüklə  reallıq  hissini  itirmişdi,  illüziyalar 
aləmində  yaşayırdı  və  özünü  ağlını  itirmiş  Şərq  despotları  kimi  aparırdı.  Bu 
hərəkətləri ilə o, özünə Romada nifrət qazanmaqdan başqa heç nə əldə edə bilmədi.  
Onun  bu  sərsəm  hərəkətlərindən  isə  Oktavian  böyük  məharətlə  istifadə  etdi. 
Bundan  başqa  Oktavianın  bacısı  Oktaviya  ilə  evləndikdən  üç  il  sonra,  37-ci  ildə 
Antioxiyada  Kleopatra  ilə  yenidən  görüşən  Antoni  bir  müddət  keçdikdə,  qanuni 
arvadını  boşamadan,  onunla  rəsmi  nikahla  evlənmişdi.  Bu,  həm  də  Oktavian  üçün 
onun bacısına qarşı edilən ciddi təhqir demək idi. Artıq keçmiş triumvirlər arasında 
açıq düşmənçilik başlamışdı.  
Onlar  bir-birinə  ittihamlar,  məzəmmətlər  yağdırırdılar.  32-ci  ildə  Senatın 
iclasında  nəinki  onların  özlərinin,  həm  də  onların  tərəfdarları  olan  senatorların 
arasında tam parçalanma baş verdi. Bu parçalanma nəticəsində 300 senator və hər iki 

 
170 
konsul  Oktavianın  icazəsi  ilə  Romanı  tərk  edib,  Antoninin  yanına  yollandı.  Bu 
onların  arasında  yeni  müharibənin  başlanmasının  əlaməti  idi.  Hər  iki  tərəf  bu 
müharibəyə hazırlaşmağa başladı.  
Antoni  Oktaviyaya  rəsmi  boşanma  sənədi  göndərdi  və  onun  vəsiyyəti  dərc 
edildikdə  məlum  oldu  ki,  öləndə  o,  Kleopatra  ilə  birlikdə  Misirdə  dəfn  olunmağını 
xahiş  edir.  Onun  sərəncamında  olan  torpaqlar  və  çarlıqlar  isə  Kleopatraya  və  onun 
uşaqlarına  qalır.  Onun  bu  hərəkətləri  romalıların  ciddi  hiddətinə  səbəb  oldu  və 
Kleopatraya  qarşı  müharibə  elan  olundu.  Oktavian  müharibəni  belə  adlandırmaqla 
onu  vətəndaş  müharibəsi  kimi  deyil,  xarici  müharibə  kimi  qələmə  verirdi.  O,  təkcə 
bu  müharibəni  elan  etməklə  kifayətlənmədi,  ona  ciddi  hazırlıq  gördü  və  vəsait 
toplamağa  başladı.  Antoni  isə  əksinə,  olduqca  ləng  hərəkət  edirdi.  Böyük  ərazilər 
həm də Oktaviana sədaqət andı içdilər.  
Antoni  dəniz  döyüşünə  xüsusilə  ciddi  hazırlaşırdı.  Onun  Efesdəki  donanması 
800 gəmidən ibarət idi, bu gəmilərdən 200-nü ona Kleopatra vermişdi. Bundan başqa 
Misir çariçası öz romalı ərinə 2 min talant pul və ordusunu təmin etmək üçün ərzaq 
vermişdi.  
Antonini  əhatə  edənlər  də  iki  cəbhəyə,  iki  partiyaya  bölünmüşdü.  Onun 
tərəfinə  keçən  senatorlar  onu  Oktavianla  barışdırmaq,  heç  olmazsa  Kleopatradan 
uzaqlaşdırmaq istəyirdilər. Kleopatranın özünün başçılıq etdiyi "partiya" isə Antonini 
daha  sərt  hərəkətlərə  və  Roma  ilə  əlaqəni  bütünlüklə  kəsməyə  təhrik  edirdi.  İki 
partiya arasındakı mübarizə axırıncıların qələbəsi ilə başa çatdı və bu partiyanın təsiri 
altına  düşən  Antoni  Kleopatranın  göstərişləri  əsasında  hərəkət  etməyə  başladı. 
Müharibəyə  bu  qızğın  hazırlıq  dövründə  də  Antoni  öz  kefindən  qalmırdı  və 
Kleopatra  ilə  birlikdə  əyləncə  və  həzz  almaq  üçün  Samos  adasına  getmişdi.  Bütün 
dünya  hönkürtülərdən  və  hıçqırıqlardan  lərzəyə  gələndə,  bu  yeganə  adadan  ancaq 
musiqi  səsi  eşidilirdi,  teatrda  hər  gün  tamaşalar  göstərilirdi.  Hələ  müharibə 
başlamamışdan  onlar  zəfəri  elə  bil  belə  eyş-işrətlə  qeyd  edirdilər.  Qarşıdakı 
müharibəyə  belə  yüngül  münasibət  olduqca  qorxulu  əlamət  idi.  Antoni  və 
Kleopatranın kef və ehtiras macəraları qurtarmaq bilmirdi, sonra əyləncələr Afinada 
davam etdi.  
Nəhayət,  rəqiblər  bir-birinin  üstünə  hərəkət  etdilər.  Antoninin  qüvvələri  500 
hərbi gəmidən, 100 min piyadadan və 12 min süvaridən ibarət idi. Ondan asılı olan 
çarlar  və  hökmdarlar  da  Antoninin  tərəfində  idi.  Oktavian  isə  döyüşü  250  gəmi,  80 
min piyada və 10-12 minlik süvari qoşunları ilə aparmalı idi. Oktavianın belə zəifliyi 
müqabilində  yeganə  üstünlüyü  gəmilərin  daha  yaxşı  təchiz  edilməsi  və  daha  yaxşı 
döyüş  qabiliyyətinə  malik  olması  idi.  Buna  baxmayaraq  Oktavian  Antoniyə  İtaliya 
ərazisində, quruda vuruşmağı təklif etdi. Antoni bunu rədd edib, əvəzində Oktaviana 
onunla şəxsən döyüşməyi təklif etdi.  
Nəhayət,  31-ci  il  sentyabrın  2-də  Epirdə  Aktsi  burnu  yaxınlığında  dəniz 
döyüşü başlandı.  Döyüşün  nəticəsi  hələ  məlum  deyildi.  Lakin  bu  vaxt Kleopatranın 
60  gəmisi  yelkənlərini  qaldırıb,  döyüşdən  qaçmağa  başladı.  Bunu  görən  Antoni  hər 
şeyi  unudub,  bütün qüvvələrini  taleyin  ümidinə  atıb,  flaqman  gəmisindən  iti  sürətli 
penteraya keçib, Kleopatranın arxasınca üzüb getdi.  
Dəniz döyüşü axşama qədər davam etdi və adamlar sərkərdənin belə biabırçı 
fərariliyinə  inana  bilmirdilər.  Hətta  dəniz  döyüşü  uduzulsa  belə,  onun  19  piyada 

 
171 
legionu  və  12  min  nəfərlik  süvari  dəstəsi  var  idi.  Antoninin  bu  anlaşılmaz  xəyanəti 
nəticəsində onun donanması darmadağın edildi. Sonra isə onun piyadalarının əvvəlcə 
hərbi rəisləri, onların ardınca əsgərlər qalibin tərəfinə keçməyə başladı.  
Aktsi  yanındakı  döyüş  əslində  vətəndaş  müharibəsinin  nəticəsinin  necə 
olacağını  həll  etdi.  31-ci  ilin  sonunda  Oktavian  İtaliyaya  qayıtdı,  burada  veteranlar 
qiyam  qaldırmışdılar.  Oktavian  onların  bütün  tələblərinə  əməl  etdi.  Antoni  isə 
məğlubiyyətdən  sonrakı  vaxtı  xeyli  müddət  depressiya  vəziyyətində  keçirdikdən 
sonra, yenidən Aleksandriyaya Kleopatranın yanına gəldi. İndi ona tabe olan çarlar, 
İudeya çarı İrod daxil olmaqla Antoniyə xəyanət edib, Oktavianın tərəfinə keçirdilər. 
Artıq  ona  Misirdən  və  Kleopatradan  başqa  heç  nə  qalmamışdı.  Bütün  ümidini 
itirdikdən sonra o, yenə eyş-işrətdə sakitlik arayırdı.  
Sonra Antoni və Kleopatra "Ölümə məhkum edilənlər ittifaqı" yaratdılar və bu 
ittifaqa  onlarla  birlikdə  ölməyi  qərara  alan  dostlar  yazılırdılar.  Hətta  ölüm  qorxusu 
qarşısında da onlar kef və eyş-işrətdən əl çəkmək istəmirdilər.  
Buna baxmayaraq onlar axırıncı vasitələrə əl ataraq, Oktavianın yanına elçilər 
göndərdilər.  Oktaviandan  xahiş  edilirdi  ki,  Misir  üzərində  hakimiyyət  Kleopatranın 
uşaqlarına verilsin. Antoniyə isə ömrünün sonuna qədər Misirdə, yaxud da Afinada 
özəl  şəxs  kimi  yaşamağa  icazə  verilsin.  Antoninin  xahişini  rədd  edən  Oktavian 
Kleopatraya  cavab  verdi  ki,  əgər  o,  Antonini  ələ  versə  və  ya  öldürsə,  ona  güzəşt 
ediləcəkdir.  Oktaviana  məlum  oldu  ki,  Kleopatra  çox  böyük  sərvətini  sərdabəsinə 
daşımış və özünü öldürdükdə oranı yandırmaq istəyir. Belə sərvətin əldən çıxmasına 
yol vermək olmazdı.  
Oktavianın  qoşunları  Aleksandriyaya  yaxınlaşanda  ilk  toqquşmaların  birində 
Antoni onun süvarilərini qaçmağa məcbur etdi. Sonra o, çariçanın sarayına döndü və 
burada  Kleopatra  fərqlənən  döyüşçüyə  mükafat  kimi  qızıl  zireh  və  dəbilqə  verdi. 
Lakin  elə  həmin  gecə  bu  təltif  olunan  döyüşçü  Oktavianın  yanına  qaçaraq  fərarilik 
etdi  və  bu  xəyanət  nümunələri  getdikcə  xeyli  çoxaldı.  Antoni  yenidən  Oktavianı 
döyüşə çağırdı və cavabında isə ona bildirildi ki, ölüm üçün ona çoxlu yollar açıqdır. 
Bu  cavabdan  sonra  o,  həm  dənizdə,  həm  də  quruda  döyüş  aparmaq  fikrinə  düşdü. 
Lakin  bu  döyüşdə  onun  donanması  Oktavianın  tərəfinə  keçdi.  Quruda  isə  süvarilər 
belə hərəkət etdilər və onun piyada qüvvələri isə məğlub oldu.  
Ümidsizliyə qapılan Antoni Kleopatranı xəyanətkarlıqda günahlandırdı. Onun 
qəzəbindən qorxan çariça isə öz sərdabəsində gizləndi və tapşırdı ki, Antoniyə onun 
öldüyünü xəbər versinlər. Bu xəbərə inanan Antoni özünü qılıncla ölümcül yaraladı 
və son nəfəsində çariçanın sərdabəsinə gətirildi və bağışladığı sevgilisi Kleopatranın 
qollarının üstündə canını tapşırdı. Bu 30-cu ildə baş verdi.  
Onun  ölüm  xəbərini  eşidən  Oktavian  öz  keçmiş  yoldaşının  həlak  olmasına 
görə  ağladı.  Kleopatra  da  faciəli  surətdə  həyatla  vidalaşdı.  Oktavianın  əsiri  olduqda 
onun  triumf  bayramından  keçiriləcəyini  təsəvvür  etdikdə,  özünü  öldürdü.  Rəvayətə 
görə  meyvə  zənbilində  ona  gətirilmiş  ilanın  çalması  ilə  o,  bir  andaca  öldü.  Bu  vaxt 
gözəl eşq ilahəsinin 39 yaşı var idi.  
Lakin iki mühüm düşməninin  məhvi heç də  Oktavianın hirsini soyutmadı. O, 
Sezarionu  (Sezarın  oğlunu)  və  Antoninin  böyük  oğlu  Antilli  edam  etdirdi. 
Kleopatranın  Antonidən  olan  digər  oğlanları  isə  triumf  mərasimindən  keçirildikdən 

 
172 
sonra Oktaviyaya verildi və bu qadın Antonidən olan digər uşaqları ilə birlikdə onları 
tərbiyə etdi.  
Misir Roma əyalətinə çevrildi. Bu ilk əyalət idi ki, artıq senat tərəfindən deyil, 
imperatorun özü tərəfindən, onun müvəkkilləri vasitəsilə idarə olunmağa başladı.  
Vətənə  dönəndən  sonra  Oktavian  böyük  triumf  mərasimi  keçirdi.  Üç  gün 
davam  edən  bu  bayram  İlliriya  və  Aktsidə  Kleopatra  üzərində  qələbələrə  və 
Aleksandriyanın  zəbt  edilməsinə  həsr  olunmuşdu.  Bununla  da  son  iki  müharibənin 
Antoni ilə aparıldığı vətəndaş müharibəsi xarakteri daşıdığı, məğlub olanların, həlak 
olanların  məhz  Roma  vətəndaşları  olduğu  gizlədilirdi.  Bu  müharibənin  xarici 
düşmənlə  aparıldığı  göstərilirdi.  Oktavianın  Sezardan  götürdüyü  bu  metod  indi  o 
qədər  də  inandırıcı  görünmürdü,  çünki  müharibənin  triumviratın  parçalanmış 
hissələri, iki əsas lideri arasında getdiyini və uzun müddət davam etdiyini hamı yaxşı 
bilirdi. Bu iki müharibə - iki il ərzində getmişdi, bir də ki, triumf mərasimindən məhz 
məğlub  sərkərdə  kimi  Antoninin  -  Roma  sərkərdəsinin  Kleopatradan  olan  oğlanları 
keçirilmişdi.  
Beləliklə  30-cu  illərin  sonunda  gedən  vətəndaş  müharibələrindən  Oktavian 
qalib  çıxdı.  Sonralar  Makiavellinin  qələmə  aldığı  "Məqsəd  vasitələrə  haqq 
qazandırır"  prinsipinə  hələ  on  beş  əsr  əvvəl  Oktavian  əməl  etməyə  başlamışdı,  ona 
fayda  verən  bütün  vasitələrdən,  onların  ləyaqətliliyinə  məhəl  qoymadan  istifadə 
edirdi.  Qoşunlar  hədiyyələrlə,  xalqı  ona  çörək  paylamaqla,  hamını  isə  ümumilikdə 
müharibədən doyduqlarına görə sülhlə şirnikləndirib öz tərəfinə çəkirdi.  
Müharibə bu böyük dövlətin ağır, uzun sürən və xroniki xəstəliyi olduğundan 
hamı  cana  doymuşdu.  Müharibəyə  son  qoymağı  bacaran  adam  xalqın  gözündə 
xilaskar səviyyəsinə yüksəlirdi və xalq ona hər cür ehtiram göstərməyə hazır idi. Ona 
görə  də  27-ci  ilin  əvvəlində  Senatın  iclasında  Oktavian  öz  üzərindən  fövqəladə 
səlahiyyətləri  götürdükdə,  senatorlar  yekdilliklə  onu  yenidən  ali  hakimiyyəti  qəbul 
etməyə məcbur etdilər. Üç gün sonra isə Senat ona fəxri Avqust titulunu verdi və bu 
vaxtdan  o,  rəsmi  olaraq  "Allahın  oğlu  imperator  Sezar  Avqust"  adlanmağa  başladı. 
Həmin  dövrdən  o,  senatorların  siyahısına  birinci  daxil  oldu,  başqa  sözlə  senatın 
printsepsi  oldu  və  ya  Avqustun  özünün  sonralar  dediyi  kimi  "primus  inter  pares"  - 
"bərabərlər arasında birinci" oldu. Buna görə də 27-ci il yeni eranın - prinsipat və ya 
Roma  imperiyası  epoxasının  başlanğıcı  hesab  olunur.  43-cü  ildən  özünü  Yuli  Sezar 
Oktavian  adlandıran,  27-ci  ildən  isə  "imperator  Sezar  Avqust"  adlanan  bu  adam 
Roma imperatorlarından birincisi oldu.  
 

 
173 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin