Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi


İKİNCİ TRİUMVİRAT. TSİTSERONUN ÖLÜMÜ



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

İKİNCİ TRİUMVİRAT. TSİTSERONUN ÖLÜMÜ 
 
Antoni, Oktavian və Lepidin öz qoşunlarının gözü qarşısında keçən görüşü iki 
gün  davam  etdi.  Burada  qəbul  edilən  sazişlə  ikinci  Triumvirat  yarandı.  Bu  sazişin 
əsas  məqsədi  sui-qəsdçilərə  qarşı  mübarizə  aparmaq  idi.  Beləliklə  söhbət  Brut  və 
Kassinin  taleyindən  və  onların  öz  aralarında  mühüm  əyalətlərin  bölünməsindən 
gedirdi.  Müharibəyə çəkilən  xərci  əldə  etmək  üçün də  tədbirlər  görüldü. 18  italiyan 
şəhərinin torpaqlarının sahiblərindən alınıb, müsadirə edilməsi və torpaq sahəsi kimi 
əsgərlərə  paylanması  nəzərdə  tutulurdu.  Bundan  başqa  Sulla  diktaturası  dövründə 
olduğu  kimi  proskriptsiya  siyahıları  hazırlanırdı.  Bu  siyahılara  daxil  edilən  şəxslər 
bütün əmlakı müsadirə olunmaqla, ölüm hökmünə məhkum edilirdi. Bu siyahıya heç  
də  təkcə  triumvirlərin  şəxsi  düşmənləri  deyil,  həm  də  varlı  adamlar  salınırdı  ki,  bu 
yolla çoxlu vəsait əldə etmək mümkün olsun.  
Krass-Pompey  -  Sezar  birinci  Triumviratından  fərqli  olaraq  indiki  ittifaq  heç 
də  qeyri-rəsmi  xarakter  daşımırdı.  Xalq  yığıncağının  xüsusi  qərarı  ilə  triumvirlərin 
hakimiyyəti  təsbit  olundu.  Onlar  beş  illiyə  senatorları  və  magistratları  təyin  etmək, 
qanunlar  dərc  etmək,  vergilər  qoymaq  və  sikkə  kəsmək  hüququ  əldə  etdilər.  Ali 
Məhkəmə hakimiyyəti də, apellyasiya hüququ olmadan onlara məxsus idi.  
Sulla dövründə olan kimi triumvirlər Romaya gələndə proskriptsiya qətlləri və 
müsadirələr  tamaşası  başlandı.  Bunlar  dəhşətinə  görə  tük  ürpədirdi.  Hər  məhkum 
olunanın  başı  üçün  mükafat  təyin  olunmuşdu,  qullara  isə  əlavə  olaraq  azadlıq  vəd 
edilirdi.  Qohumların  bir-birinə  çuğulçuluq  etməsi  təşviq  edilirdi.  Proskriptsiya 
siyahısına salınanlara sığınacaq verilməsi isə ölüm cəzası ilə cəzalanırdı. Bu dəhşətli 
günlər  Roma  cəmiyyətinin  necə  pozulduğunu,  bu  pozulmanın  necə  dəhşətli 
səviyyəyə çatdığını əyani surətdə göstərdi. Elə bil ki, dövlətin göstərişi ilə bütün təbii 
əlaqələr qırılıb dağılmışdı. Qohumluq əlaqələri, dostluq əlaqələri elə bil ki, sehrli bir 
qaydada  qeybə  çəkilmişdi.  Uşaqlar  öz  valideynləri,  qullar  və  azad  olan  qullar  öz 
ağaları, arvadlar ərləri barədə çuğulçuluq edirdilər. Dostluq, qohumluq, övlad və ya 
ailə  sədaqəti  söyüşə  bərabər  bir  şey,  iyrənc  köhnəlik  qalığı  kimi  qiymətlənirdi. 
Satqınlıq, xəyanət  sağ  qalmaq,  salamat  qalmaq  və  həm  də  əlavə  nəyəsə  nail  olmaq 
vasitəsi  idi.  Azacıq  sədaqət,  insanlıq,  əxlaqi  saflıq  göstərmək,  yaxın  adam  üçün 
hazırlanan dar ağacına öz ağılsızlığı hesabına iddia etmək cəhdi kimi görünürdü.  
Hətta  tarixçilər  satqınlıq,  rəzillik  dərəcələrini  də  müəyyən  etmişdilər.  Roma 
tarixçisi  Velley  Paterkula  görə  mənəvi  pozğunluğun  belə  bir  şkalası  mövcud  idi: 
satqınlıq  nöqteyi-nəzərindən  birinci  yerdə  atasının  irsinə  sahib  çıxmağa  can  atan 
oğullar,  ikinci  yerdə  köləlikdən  azad  olunanlar  -  libertinlər  dururdu,  sonra  qullar 
gəlirdi.  Hamıdan  yüksək  mətinlik  və  sədaqət  göstərən  yenə  də  hər  halda  qadınlar 
olmuşdular.  
Təkcə öz canının qorxusundan ayrı-ayrı adamların xəyanətə boyun əyməsi ilə 
iş  bitmirdi,  vəziyyətə  ağalıq  edən  triumvirlər  də  onlardan  geri  qalmırdı.  Tarixçi 
Appian yazır ki, ölümə məhkum edənlərin birincisi Lepid idisə, birinci məhkum olan 
isə  Lepidin  qardaşı  Pavel  idi.  Ölümə  məhkum  edənlərin  ikincisi  Antoni  idisə, 
məhkum olunanların da ikincisi, Antoninin dayısı Lutsi idi. Onların hər ikisi - Lutsi 
də,  Pavel  də  əvvəllər  Lepidin  və  Antoninin  vətən  düşməni  elan  edilməsinə  səs 
vermişdilər.  Oktavian  öz  qohumları  barədə  belə  rəzil  hərəkətlərə  yol  verməsə  də, 

 
158 
Antoninin  təkidinə  boyun  əyib,  proskriptsiya  siyahılarına  bir  az  əvvəlki  müttəfiqi 
Tsitseronun salınmasına razılıq verdi.  
Romada  bu  hadisələr  baş  verəndə  Tsitseron  öz  qardaşı  Kvintlə  Tuskul 
yaxınlığındakı  malikanəsində  idi.  Proskriptsiya  barədə  eşitdikdə  o,  Makedoniyaya 
üzməyi,  orada  Bruta  qoşulmağı  qərara  aldı.  Ona  belə  söz-söhbətlər  çatırdı  ki,  Brut 
orada böyük qüvvələr toplamışdır. Qardaşı ilə ayrı-ayrılıqda qaçmağı qərara alıb, o, 
Kvintlə  xudahafizləşdi,  lakin,  bir  neçə  gün  sonra  onun  həmin  qardaşı,  qulunun 
xəyanəti nəticəsində onu axtaranlara verildi və oğlu ilə birlikdə öldürüldü. Tsitseron 
qaçmaq üçün əvvəlcə gəmiyə oturdu, lakin üzməyə dözə bilmədiyindən sahilə çıxdı 
və  piyada  Roma  istiqamətində  yeriməyə  başladı.  Nəhayət  sahildəki  bir  villada 
istirahət  etdikdən  sonra  onu  təxti-rəvanda  aparanda,  Tsitseronun  tərbiyə  etdiyi  bir 
azad olunmuş qul, onu axtaran tribuna və senturiona nişan verdi. Tsitseron senturion 
Gerennini  ona  tərəf  qaçan  gördükdə,  qulları  dayandırdı  və  yerə  qoyulan  təxti-
rəvandan  qatilləri  seyr  edirdi.  O,  başını  bu  təxti-rəvandan  çıxardı  və  Gerenni  onun 
boynunu  vurdu.  Sonra  Antoninin  tapşırığına  müvafiq  olaraq,  onun  əleyhinə 
"Filippikalar" yazan filosofun qolunu da kəsdi.  
Tsitseronun kəsilmiş bədən hissələri Romaya gətirildi. Onun kəsilmiş başını və 
qolunu Forumda gəmi burnunu andıran rostrların üstündəki tribunalara qoydular. Bu 
mənzərə romalıların canına üşütmə salırdı.  
Dövlət  xadimi,  hüquqşünas,  alim  və  yazıçı  Mark  Tulli  Tsitseron  m.ə.  106-cı  ildə 
Arpinada  yerli  varlı  adamın  ailəsində  anadan  olmuşdu.  Romada  və  Yunanıstanda 
təhsil aldıqdan sonra o, 89-cu ildə Pompeyin atası Pompey Strabonun komnadanlığı 
altında  hərbi  xidmət  keçmişdi.  81-ci  ildə  isə  ilk  dəfə  məhkəmədə  müdafiəçi  kimi 
çıxış etmişdi. 
Bundan  bir  il  sonra  Sekst  Rostsini  parlaq  surətdə  müdafiə  etməsi  onun 
görkəmli  advokat  reputasiyasının  başlanğıcı  olmuşdu.  70-ci  ildə  isə,  Siciliyada  73-
71-ci  illərdə  vali  olarkən  rüşvət  almaqla  məşğul  olan  Qay  Verresi  ittiham  etdikdə 
böyük uğur qazanmışdı. Bu mühakimədə o, qısa çıxışlarla kifayətlənməklə, ittihamı 
uğurla  başa  çadırmaq  üçün  başlıca  olaraq  şahidlərin  şəhadətlərinə  əsaslanmağa 
üstünlük  verirdi.  Bu  dövrün  böyük  hakimiyyətə  malik  ədalət  institutu  olan  pretor 
kimi o, 66-cı ildə özünün ilk mühüm siyasi çıxışını etdi. Bu çıxış Katulun və senatda 
mühafizəkar  qanad  olan  aparıcı  optimatların  əleyhinə  yönəlmişdi.  Bu  çıxış  həm  də 
Pont çarı Mitridata qarşı yürüşün komandanı və haqqında şikayət verilmiş Pompeyin 
xeyrinə  idi.  Lakin  Tsitseronun  63-cü  ildə  konsul  seçilməsi,  öz  rəqibləri  Katilinanın 
təhlükəli ideyalarından qorxan optimatların köməyi ilə mümkün olmuşdu.  
Katilina  qəsdinin  necə  böyük  təhlükə  olduğuna,  Tsitseron  senatı  çətinliklə 
inandıra  bilmişdi,  lakin  bir  qədər  hərbi  proklamatsiyaya  bənzəsə  də,  "Sonuncu 
dekret"  oktyabrın  22-də  senatdan  keçmişdi.  Noyabrın  8-də  isə  onun  həyatına  olan 
qəsd  cəhdindən  yaxa  qurtardıqdan  sonra  Tsitseron  senatda  Katilina  əleyhinə  ilk 
çıxışını  etmişdi.  Qəsdin  ifşa  edilməsində  onun  heyrətamiz  qaydada  hərəkət  etməsi 
ilə,  hətta  onu  tənqid  edənlər  də  razılaşırdılar.  Qəsdçilərin  edam  edilməsinin 
qanuniliyi  isə  şübhəli  idi,  lakin  Tsitseron  buna  görə  heç  vaxt  peşimançılıq  ifadə 
etməmişdi. Belə inzibati fərman ilk dəfə 121-ci ildə tətbiq edilmişdi. Lakin bu sənəd 
heç vaxt populyarlar tərəfindən bəyənilməmişdi.  

 
159 
60-cı  ilin  sonunda  Tsitseron  Sezar,  Krass  və  Pompey  siyasi  alyansına 
qoşulmaq  barədə  Sezarın  təklifini  rədd  etdi.  O,  bu  yeni  qurumu  konstitusiyadan 
kənar hesab edirdi. Hətta Sezarın 59-cu ildə Qalliyadakı öz qərargahından göndərdiyi 
təklifə də eyni qaydada münasibət göstərildi.  
Klodi  56-cı  ildə  tribun  vəzifəsini  tutduqda  Tsitseron  yenə  təhlükədə  idi. 
Martda  kömək  göstərmək  barədə  xahişinə  Pompeydən  rədd  cavabı  alması  onu 
sarsıtdı,  tribun  isə  Roma  vətəndaşlarının  mühakiməsiz  edam  edilməsinin  qadağan 
edilməsi  barədə  senatdan  qərar  layihəsi  keçirdi.  Klodinin  keçirdiyi  ikinci  qanun 
Tsitseronun  sürgünə  göndərilməsini  elan  edirdi.  Klodinin  quldur  əlaltıları 
Tsitseronun  Palatin  təpəsindəki  altı  il  əvvəl  aldığı  evini  dağıtdı.  Onun  başqa 
şəhərlərdəki iki villası da dağıdıldı.  
Tsitseron  əvvəlcə  Makedoniyaya,  sonra  isə  İllirikə  yollandı.  57-ci  ildə 
Pompeyin,  xüsusən  tribun  Milonun  intensiv  fəaliyyəti  nəticəsində  Tsitseron  geri, 
vətənə  çağırıldı  və  o,  Romaya  qayıtdı.  Onun  Romanı  tərk  etməsi  artıq  altruist 
qəhrəmanlıq kimi qiymətləndirilirdi.  
57-56-cı  illərin  qışında  Tsitseron  Pompeyi  Sezardan  uzaqlaşdırmaq  üçün 
uğursuz  cəhd  etdi.  Pompey  onun  məsləhətinə  qulaq  asmadı  və  özünün  Sezarla  və 
Krassla əlaqələrini bərpa etdi.  
Tsitseron  bir  sıra  xoşa  gəlməyən  müdafiə  tədbirləri  görməyə  məcbur  oldu  və 
ictimai  həyatı  tərk  etdi.  Sonrakı  bir  neçə  ildə  o,  özünün  "Natiqlik  haqqında", 
"Respublika  haqqında"  əsərlərini  tamamladı.  52-ci  ildə  Milon  Klodini  öldürdükdə, 
onun müdafiəsini öz üzərinə götürdü və uğursuzluğa düçar oldu.  
51-ci  ildə  onu  bir  illiyə  Kilikiya  əyalətini  idarə  etmək  üçün  Romanı  tərk 
etməyə  inandırdılar.  Bu  əyalət  Kiçik  Asiyanın  cənubunda  yerləşirdi.  Burada 
Parfiyanın  müdaxiləsi  gözlənilirdi,  lakin  bu  qorxu  heç  vaxt  reallaşmadı.  Tsitseron 
Aman  dağında  bir  neçə  quldur  dəstəsini  darmadağın  etdi.  Senat  buna  görə,  ona 
təşəkkürünü  bildirdi.  Onun  Kilikiyanı  məharətlə  idarə  etməsi  barədəki  rəylə  hamı 
razılaşırdı.  
Tsitseron  Romaya  qayıdanda  Pompey  və  Sezar  təkhakimiyyətlilik  uğrunda 
mübarizə  aparırdılar.  Sezar  Rubinonu  keçəndə  Tsitseron  Romanın  kənarında  idi. 
Tsitseron  Pompeylə  bundan  beş  gün  sonra,  49-cu  ilin  17  yanvarında  görüşdü.  O, 
Kampaniyada  əsgər  yığılmasına  nəzarət  etmək  səlahiyyətlərini  öz  üzərinə  götürdü. 
Lakin o, qaçan Pompeylə birlikdə İtaliyanı tərk etmədi. Bu anda onun qətiyyətsizliyi 
biabırçı  olduğu  kimi,  Pompey  strategiyasının  tənqidi  də  səriştəli  deyildi.  Martın 
sonunda  isə  Sezarla  söhbətində  Tsitseron  böyük  cəsarət  nümayiş  etdirdi.  O,  öz 
şərtlərini  elan  etdi.  Onun  senata  təklifi  bundan  ibarət  idi  ki,  Sezar  Pompeyə  qarşı 
müharibəni  bir  daha  davam  etdirməsin.  Sezarın  bunu  qəbul  etmək  imkanı  yox  idi. 
Tsitseron  dənizlə  üzərək  Pompeyə  qoşuldu,  lakin  xəstəliyinə  görə,  onun 
Dirraxiyadakı  düşərgəsini  tərk  etdi.  Pompeyin  Farsaldakı  məğlubiyyətindən  sonra 
respublika  qüvvələrinə  komandanlıq  etməkdən  imtina  etdi  və  48-ci  ilin  oktyabrında 
Romaya qayıtdı. Buna qədər o, Sezardan öz təhlükəsizliyi barədə təminat almışdı. O, 
deyirdi  ki,  onların  zəfər  çaldığı  uğurlu  döyüşdə  o,  Sezarın  düşmənlərindən  olan  ilk 
qurban olacaqdır.  
Bu dövr onun intensiv ədəbi yaradıcılığının ikinci mərhələsi idi. Həmin dövrün 
məhsullarına  46-cı  ildə  yazılan  "Brut",  "Paradoks",  "Natiq"  əsərləri,  45-ci  ildə 

 
160 
yazılmış  "Əxlaqi  borc",  44-cü  ildə  yazılan  "Tuskul  söhbətləri",  "Allahların  təbiəti 
haqqında" və digər əsərləri daxil idi.  
Tsitseron 44-cü ildə baş verən Sezarın qətli qəsdinə cəlb edilməmişdi. Qətldən 
iki gün sonra, martın 17-də o, ümumi amnistiya təklifi ilə çıxış etdi. Həm də o vaxtlar 
fəlsəfi əsərlərini yazmaqla məşğul olmaq və Afinada təhsil alan oğluna baş çəkmək 
barədə  düşünürdü.  Bunun  əvəzinə  o,  avqustun  sonunda  Romaya  qayıtdı  və  özünün 
14 «filippikası» adı altında məşhur olan çıxışlarını etdi. Onlardan birincisi 44-cü ilin 
2 sentyabrında, axırıncısı isə sonrakı 43-cü ilin 21 aprelində səslənmişdi. Bu yolla o, 
yenidən  cəsarətlə  siyasətə  qayıtdı.  Onun  məqsədi  Sezarın  oğulluğa  götürdüyü 
Oktaviandan  istifadə  etmək  idi,  baxmayaraq  ki,  gəncin  qabiliyyətini  lazımınca 
qiymətləndirmirdi.  O,  Senatı  məcbur  etmək  istəyirdi  ki,  Antoniyə  müharibə  elan 
etsin,  Sezarın  qətlindən  sonrakı  ilk  çıxışında  isə  o,  kompromissə  meyl  etdiyini 
göstərmişdi.  Antoni  isə  Sezarın  ölümündən  sonra  hadisələrə  bütünlüklə  nəzarət 
edirdi. Avqust isə Tsitseronu aldatdı, axı o öyrənmişdi ki, Tsitseron onun barəsində: 
"Gənc  adam  tərifə,  ehtirama  layiq  görüləcəkdir  -  və  sonra  kənarlaşdırılacaqdır" 
sözlərini demişdir. Oktyabrın sonunda Oktavian, Antoni və Lepid triumviratı yarandı 
və Tsitseron tezliklə edam edilmək üçün axtarılmağa başlandı. O, 43-cü ilin dekabrın 
7-də  Qayeta  yaxınlığında  öldürüldü.  Onun  qardaşı  və  qardaşı  oğlu  da  triumviratın 
proskriptsiyası əsasında qətlə yetirilmişdi. Onun oğlu Mark isə qaçmış və Filippidə 
vuruşmuşdu. Sonra Oktavian onunla barışmış və 30-cu ildə Mark konsul olmuşdu.  
Tsitseronun  67-ci  illə  43-cü  ilin  iyulu  arasındakı  müddətdə  apardığı 
yazışmalardan  900  məktub  bizim  dövrə  gəlib  çıxmışdır.  Onlardan  855-ni  Tsitseron 
özü yazmışdı.  
Onun nitqi kimi yazı dili də çox sərrast idi. Tsitseron yazırdı: "Bu növ elmlər 
(ədəbiyyat  və  fəlsəfə)  gənc  üçün  qida,  qoca  üçün  əyləncə,  uğur  üçün  aludəlik, 
bədbəxtlikdə  təskinlik  üçün  sığınacaqdır,  ictimai  nöqteyi-nəzərdən  ziyansızdır,  özəl 
sevincdir, gecədəki, xaricdəki və ölkəmizdəki daimi sirdaşımızdır".  
Bəzən  o,  lovğalanmağı  da  özünə  sığışdırırdı.  Tsitseron  qeryi-adi  dərəcədə 
mürəkkəb  qətlin  mühakiməsində  çıxış  etdikdən  sonra  lovğalanaraq  demişdi  ki, 
"jüridəki adamların gözünə kül üfürdü". 
Lakin çoxtərəfli istedadda çox az sayda adam ona yaxınlaşa bilər. Longin onun 
Demosfenlə  fərqli  cəhətlərini  qeyd  edərək  yazır:  "Tsitseron  yayılan  böyük  yanğın, 
qəzəb və şimşək çaxması kimi uzaq və genişdir. Onun daxili alovu gur və sönməzdir. 
O,  müxtəlif  nöqteyi-nəzərlərdə  ondan  fərqli  intensivliklə  istifadə  edir  və  yanacağa 
əsaslanaraq onun qidalanmasını davam etdirir".  
Petrarka  isə  Tsitseron  barədə  deyirdi  ki,  "Sən  bəzən  təsəvvür  edə  bilərsən  ki, 
bu bütpərəst filosof deyil, danışan Xristian apostoludur". Volter minnətdarlıq hissi ilə 
yazırdı:  "Bizi  necə  düşünməyə  öyrədən  Tsitseronu  biz  şərəfləndiririk".  Ən  böyük 
qiymət  isə  onun  ən  böyük  düşməni  Yuli  Sezardan  gəlir:  "Bu  daha  yaxşıdır  ki, 
zəkanın sərhədlərini genişləndirəsən, nəinki imperiyanın ucqar hədlərini daha uzağa 
çəkəsən". Bu sözlərlə Sezar Tsitseronun dühasına öz hərbi nailiyyətlərindən yüksək 
qiymət verir. 
Böyük filosof və natiq, Roma respublika quruluşunun mətin müdafiəçilərindən 
biri  olan  və  onu  bir  neçə  ölümcül  təhlükədən  xilas  edən  Tsitseron  Antoninin 
qəddarlığının  və  intiqam  hissinin  qurbanı  oldu.  Tsitseron  siyasətdə  nəticə  etibarilə 

 
161 
məğlubiyyətə uğrasa da, şöhrətdə çoxlarının həsəd apara biləcəyi yüksəkliyə qalxdı. 
O,  öz  əsərləri,  nitqləri  ilə  bəşəriyyətin  "əbədi  yol  yoldaşına"  çevrildi.  Onun  baş 
vurmadığı  sahə  yox  idi  və  onun  nüfuz  etdiyi  siyasət  və  dövlət  fəaliyyətində  də, 
bundan  daha  artıq  isə  elmdə,  mədəniyyətdə  və  incəsənətdə  dərin  iz  buraxdı.  Zaman 
keçdikcə  onun  elmə,  ədəbiyyata,  natiqlik  mədəniyyətinə  verdiyi  töhfələr  solmaq, 
qiymətini azaltmaq bilmir. Bu məkanda onun töhfələrini, Şərq poeziyasında olduğu 
kimi, heç vaxt qiymətini və rəngini itirməyən təbii qiymətli daşlara bənzətmək olar, 
zaman keçdikcə, minillər ötdükcə onlar qiymətdən düşmürlər. Tsitseron bir görkəmli 
natiq,  yazıçı,  filosof,  alim,  siyasi  xadim  kimi  həmin  sahələrin  ən  görkəmli 
şəxsiyyətləri ilə müqayisədə onlardan geridə qalmır, universal istedada görə isə yəqin 
ki, çox az şəxsiyyətlər onunla müqayisə oluna bilərlər. Bir dövlət xadimi kimi onun 
ən  böyük  xidməti  Romanın  kürəyinə  vurulan  zərbənin  -  Katilina  və  Klodi 
qiyamlarının  qarşısını  almasıdır.  Bəzən  Tsitseronu  ağciyərlilikdə,  cəsarətsizlikdə, 
qorxaqlıqda  təqsirləndirirlər,  lakin  o,  ən  böhranlı  və  sınaq  anlarında  çox  cəsarətlə 
hərəkət  edərək,  özünün  həyatını  ölümcül  təhlükədə  qoyaraq,  Roma  respublikasını 
xilas  etməyə  atılmış,  bu  vaxt  çoxlu  düşmənlər  qazansa  da,  əsas  məqsəd  naminə  əsl 
fədakarlıq  nümunəsi  göstərmişdi.  Tsitseron  canişinlik  etdiyi  dövrdə  də  özünün 
tamahsızlığını,  saflığını  göstərmiş,  ədaləti  və  sadə  həyat  tərzi  ilə  böyük  hörmət  və 
nüfuz qazanmışdı.  
Onun  yaradıcılığı  isə  bu  gün  də  öz  təravətini  itirməmişdir.  Onun  dövlət 
haqqında, qanun, natiqlik, din haqqında traktatları bir elmi əsər kimi indi də həvəslə 
oxunur. Heç kəs bu əsərlərə bir əntiq şey kimi baxmır, bəşər tarixinin üçdə birindən 
artıq bir tarixi dövr - iki min il keçməsinə baxmayaraq bu gün də onun yaradıcılığı, 
onun qələmindən çıxanlar, paradoksal görünsə də canlı olaraq qalır, müasir düşüncə 
tərzi  vasitəsilə  adamlar  üçün  müdrik  məsləhətçi  rolunu  oynayır.  Onun  dünya 
mədəniyyəti xəzinəsinə verdiyi töhfə tükənməz və qiymətsizdir. Onun müasiri, digər 
nadir  şəxsiyyət  olan  Sezar  çox  dürüst  qeyd  etmişdi  ki,  onun  zəfəri  və  çələngləri 
sərkərdənin  zəfərindən  və  çələnglərindən  ləyaqətlidir,  çünki  Roma  ruhunun 
sərhədlərini  genişləndirənlər  Roma  ağalığının  sərhədlərini  genişləndirənlərdən  daha 
üstündür. Sezarla bu məsələdə mübahisə etmək yəqin ki, ağılsızlıq olardı. Lakin onu 
da  əlavə  etmək  lazımdır  ki,  zəbt  edilən  torpaqlar  əldən  çıxır,  imperiyalar  dağılır, 
müharibədəki qələbə yeni müharibələrə və ən nəhayət məğlubiyyətə gətirib çıxarır və 
ən  istedadlı  sərkərdənin  işğal  etdiyi  ərazilər  barədə  acı  və  çox  vaxt  qisasa  səsləyən 
xatirələr qalır. Tsitseron isə elə bir sərkərdədir ki, o, qılıncla və qan axıtmaqla deyil, 
öz  elmi  və  müdrik  sözləri  ilə  ən  çətin  fəth  olunan  qalalar  və  ən  geniş  ərazilər  olan 
insan  zəkasını  və  ürəyini  tutmuş,  bəşəriyyət  adlanan  canlı  dünyanın  qəlbinə  hakim 
kəsilmişdir.  Onun  tutduğu  ərazilər  azalmaq  bilmir,  əksinə  bəşəriyyət  əqli  cəhətdən 
inkişaf  etdikcə,  onun  tarixə,  dünya  mədəniyyətinə  bələd  olmaq  həvəsi  artdıqca  bu 
ərazilər artır və ümumbəşər idealları naminə daha böyük fayda verməyə başlayır.  
Plutarx yazır ki, bir neçə il keçdikdən sonra Avqust Sezar nəvələrindən birinin 
otağına girir, bu vaxt uşaq əlində Tsitseronun kitabını oxuyurdu və qorxudan tez onu 
paltarının  altında  gizlədir.  Bunu  görən  Avqust  kitabı  götürüb,  onun  xeyli  hissəsini 
oxudu  və  oğlana  qaytararaq  dedi  ki,  "Mənim  balam,  bu  kişi  alim  adam  idi,  alim  və 
vətənini  sevən  idi".  Avqust  bir  qədər  sonra  Antoniyə  qalib  gəldikdən  sonra, 
Tsitseronun  oğlunu  özünə  yoldaş  etdi  və  onun  konsulluğu  dövründə  Antoninin 

 
162 
heykəli  məhv  edildi  və  ona  olan  ehtiramlar  ləğv  edildi,  Antonilər  nəslindən  olan 
adamların bundan sonra Mark adlandırılmaması qərara alındı.  
Triumviratın törətdiyi qırğının qurbanları saya-hesaba gəlmirdi. Tarixçilər 300 
senatorun  və  2  min  atlının  həlak  olduğundan  xəbər  verir.  Əsgərlər  görünməmiş 
soyğunçuluqla  məşğul  olurdular.  Belə  bir  vəziyyətdə  İtaliya  şəhərlərinin 
torpaqlarının  müsadirə  edilməsi  təxirə  salındı.  Lakin  varlı  vətəndaşlara  fövqəladə 
vergi qoyuldu, bu qaydaya görə varlılar əmlakının 2 faizini vergi kimi ödəməli idilər. 
Triumvirlər  qırğın  və  kütləvi  cəzalara  əl  atsalar  da,  özlərini  o  qədər  də  təhlükəsiz 
hesab etmirdilər. Onların düşmənləri də fəaliyyətsiz dayanmamışdılar. Siciliya Sekst 
Pompeyin  nəzarəti  altında  idi,  Suriya,  Yunanıstan  və  Makedoniyaya  Brut  və  Kassi 
ağalıq  edirdilər.  Onlar  Sezar  tərəfdarlarına  qarşı,  Mitridatın  romalılara  qarşı 
göstərdiyindən  az  qəddarlıq  etmirdilər.  Triumvirlərin  qəsdçilərə  və  onlara  rəğbət 
bəsləyənlərə  qarşı  törətdiyi  kütləvi  cinayətlər,  cavab  reaksiyalarının  da  şiddətli 
olmasına şərait yaradırdı. Onlar əyalət şəhərlərini iri vergilərlə soyurdular, tabe olan 
çarlıqlar isə onlara həm pul vəsaiti, həm də canlı qüvvə ilə kömək edirdi.  
Brut  və  Kassi  öz  qoşunlarını  Makedoniya  və  Frakiya  sərhədində  Filippi 
şəhərində  topladılar.  Antoni  və  Oktavian  da  öz  ordularını  apardı  və  Sezarın 
ölümündən  iki  il  yarım  sonra,  42-ci  ildə  burada  diktatorun  tərəfdarları  və 
"respublikaçılar" arasında həlledici döyüş baş verdi.  
"Respublikaçıların"  qoşunları  daha  yaxşı  mövqe  tutmuşdular,  lakin  onların 
rəhbərləri arasında fikir yekdilliyi yox idi. Brut ləngimədən döyüşü başlamaq istəsə 
də,  Kassi  yaza  qədər  gözləmək  tərəfdarı  idi.  Brut  bu  təxirə  salınmanın  səbəbini 
öyrənmək  istədikdə,  onun  dostlarından  biri  Kassini  müdafiə  edərək,  açıqca  demişdi 
ki,  bir  il  də  artıq  yaşamaq  pis  olmazdı.  Bu  söhbətdən  sonra  sabahısı  gün  döyüşə 
başlamaq qərara alındı.  
Filippidəki  döyüş  elə  bil  ki,  iki  mərhələdən  ibarət  idi.  Sağ  cinaha  rəhbərlik 
edən  Bruta  qarşı  Oktavianın  qoşunları,  Kassiyə  qarşı  isə  Antoninin  qoşunları 
dayanmışdı.  Brutun  döyüşçüləri  hücuma  keçib  triumvir  qoşunlarını  sıxışdırdı  və 
düşərgəyə  girdilər.  Həmin  gün  xəstə  olan  Oktavian  çadırda  yatmışdı  və  qaçmaqla 
özünü  əsir  düşməkdən  xilas  etdi.  Lakin  bu  ildırım  sürətli  müvəffəqiyyət  fayda 
gətirmək  əvəzinə,  "respublikaçılar"  ordusuna  böyük  ziyan  bəxş  etdi.  Əsgərlər 
düşməni  təqib  edib  əzmək  əvəzinə,  başlarını  düşərgənin  qarət  edilməsinə 
qarışdırdılar. Sol cinahda isə "respublikaçılar" sıxışdırılırdılar. Kassi olduqca ləng və 
qətiyyətsiz  hərəkət  edirdi,  elə  bil  ki,  onun  iradəsini  buxovlamışdılar.  Antoninin 
döyüşçüləri  isə  onun  arxasına  keçə  bildi  və  bu  vaxt  Kassinin  qoşunları  dənizə  tərəf 
irəliləməyə başladı.  
Kassi  Brutun  qələbəsindən  xəbəri  olmadığı  üçün,  döyüşün  tamamilə 
uduzulduğunu  güman  edib,  bir  çadıra  çəkildi  və  öz  xahişi  ilə  bir  azad  olmuş  qul 
tərəfindən  öldürüldü.  Brut  onun  cəsədi  üzərində  göz  yaşları  axıdaraq,  onu  sonuncu 
romalı adlandırdı və dedi ki, Roma bundan sonra belə igidliyə və yüksək ruha malik 
olan adam görməyəcəkdir.  
Bir  neçə  gündən  sonra  ikinci  döyüş  oldu.  Yenə  də  Brutun  başçılıq  etdiyi  sağ 
cinah  düşmən  qüvvələrinə  üstün  gəlirdi,  lakin  sol  cinahda  "respublikaçıların"  cəbhə 
xətti  xeyli  uzandığından,  sıraları  nazildiyindən,  düşmən  onu  yara  bildi  və  Bruta 
arxadan  zərbə  vurdu.  Bu  artıq  axırıncı  məğlubiyyət  idi,  bununla  hər  şey  bitirdi. 

 
163 
Brutun  bütün  cəhdləri  uğurla  başa  çatmadı  və  o,  özünün  də  məhvinə  səbəb  olan 
məğlubiyyət  zəhərini  içməli  oldu.  Yaxın  dostlarının  arasında  o,  gecəni  meşədə 
keçirdi.  O,  ulduzlu  göyə  baxıb,  Yevripidin  şerlərini  əzbər  söyləyirdi.  Səhərə  yaxın 
onu qaçmağa təhrik edəndə, Brut belə cavab verdi: "Doğrudan da qaçmaq lazımdır, 
özü  də  nə  qədər  mümkünsə  tez.  Lakin  ayaqların  yox,  əllərin  köməyi  ilə".  Bu 
sözlərdən sonra o, iki-üç dostu ilə kənara çəkildi və özünü intihar etdi.  
Hər  iki  qələbənin  müəllifi  və  qəhrəmanı  olan  Mark  Antoni  Brutun  cəsədini 
tapıb,  onu  özünün  bahalı  al  plaşı  ilə  örtdü  və  onun  külü  olan  qutunu  Brutun  anası 
Serviliyə  göndərməyi  tapşırdı.  Oktavian  isə  faktiki  olaraq  hər  iki  döyüşdə  iştirak 
etməmişdi.  Fillipindəki  məğlubiyyət  "respublikaçılar"  hərəkatının  sonu  demək  idi. 
Onların çoxu, həmçinin dörd il əvvəl  Utikada özünü öldürmüş Kiçik  Katonun oğlu 
Mark Katon da bu döyüşdə həlak olmuşdu, sağ qalanların isə bir hissəsi triumvirlərin 
tərəfinə keçmişdi. "Respublikaçıların" ən böyük və son itkisi isə diktator Sezara qarşı 
sui-qəsdə başçılıq edən Brutun həlak olması idi.  
Mark  Yuni  Brut  Sezarın  sui-qəsdini  yaxşı  hazırlamış  və  uğurla  da  başa 
çatdırmışdı. Əslində sui-qəsdə hazırlıq gizli şəkildə getmiş, ən başlıcası isə qəsdçilər 
arasında  xəyanətkar,  satqın  olmamışdı.  Qəsdçilərin  hamısının  qətldə  öz  iştirakını 
göstərmələri üçün Sezara vurulan zərbələrin sayı belə çox olmuşdu. Xalq bu cəsarəti 
başqa bir adamdan deyil, məhz Brutdan gözlədiyinə görə, onun kürsüsü olan yerdə 
ona müraciət xarakterli çağırışlar yazırdı. Axı Brutun əcdadı olan Lutsi Brut Romanı 
çarlıqdan,  tiraniyadan  azad  etmiş  və  ilk  dəfə  olaraq  respublika  quruluşunu  təsis 
etmişdi.  
Brut  da  Katon  kimi  respublikaya  qarşı  yönəldilmiş  heç  bir  hərəkətə  dözə 
bilmirdi. O, öz məktublarında Tsitseronu ittiham edirdi ki, o, Antoninin qorxusundan 
Avqust qarşısında qulluq göstərməklə vətəninə azadlıq deyil, özünə daha mərhəmətli 
ağa axtarır. O, Avqustu nəzərdə tutaraq Tsitseronun səyi haqqında deyirdi ki, o, öz 
hərəkəti ilə onun devirdiyindən daha pis tiraniyanı yetişdirir.  
Lakin  tarixin  anlaşılmayan  ədalətsizlikləri  də  mövcuddur.  İri  şəxsiyyətləri 
ədalətli  surətdə  cəzaya  məhkum  edən  adam  o  dərəcədə  şöhrətləndirilmir,  nəinki 
günahlarına  görə  cəzalandırılan  həmin  şəxsiyyətlərin  özü.  Respublikanı  qorumaq, 
onu  diktaturanın,  tiraniyanın  caynağından  xilas  etmək  üçün  Brut  Sezarı  öldürdü  ki, 
Romanın  ən  böyük  sərvəti  olan  respublika  quruluşu  xilas  edilsin.  Lakin  Sezarın 
böyüklüyünə  və  şöhrətinə  görə  tarix  Brutun  misilsiz  xidmətlərinə  layiq  olduğu  və 
ədalətli  qiymətini  vermədi.  Brutun  böyük  xilaskar  fəaliyyətinin  mahiyyəti  təhrif 
edildi və bu hadisə faciəli qətl kimi qələmə verildi.  
Bundan  iki  min  ilə  yaxın  bir  vaxt  keçdikdən  sonra  1815-ci  ildə  Napoleonu 
məğlubiyyətə  uğradıb,  hərb  səhnəsindən  silən  hersoq  Vellinqton  da  layiq  olduğu 
qiyməti almadı, Avropanı qan gölünə çevirən Napoleonun kölgəsinə çevrildi. Sezar 
nə  qədər  böyük  və  tarixi  abidə  olsa  da,  respublikanın  müdafiəsinə  qalxmış  Brutun 
mərd  və  nəcib  siması  da  azadlıq  uğrunda  mübarizlər  sırasına  daxil  oldu.  Onun 
axıtdığı  qan  da,  qurban  verdiyi  həyatı  da  hansısa  bir  təmannaya  deyil,  yalnız  və 
yalnız  respublikanın  xilası  məqsədinə  xidmət  edirdi.  Belə  xilaskarların  nəcib 
nümunəsi  olmasaydı,  sonralar  adamlar  azadlıq  uğrunda,  tiraniya  və  despotiya 
əleyhinə mübarizəyə qalxmazdı.  

 
164 
Hadisələrin  sonrakı  inkişafı  da  Bruta  heç  bir  uğur  bəxş  edə  bilməzdi.  Çünki 
Sezarın  ölümündən  sonra  hakimiyyəti  "respublikaçılar"  deyil,  Sezar  tərəfdarları  ələ 
keçirdilər. Yaranan ikinci Triumvirat da "respublikaçıları" təqib etməyi öz siyasi xətti 
kimi qəbul etdi və onların tərəfdarlarına divan tutdu. Nəhayət hakimiyyəti ələ keçirən 
Avqust yeni  növ prinsipiat  tətbiq  etməklə,  əslində  imperiya  siyasi  sistemini  yaratdı. 
Bundan  sonra  gələn  imperatorlar  da  respublikanın  bir  çox  formal  elementlərini 
saxlasalar da, əslində ölkədə yeni siyasi rejim meydana gəldi və respublika quruluşu 
bütünlüklə süqut etdi, onun intibahına olan ümidlər də son "respublikaçıların" məhvi 
ilə artıq torpağa gömülmüşdü.  
Məhz  dövlətin  mahiyyətindəki  bu  ciddi  dəyişiklik  "respublikaçılar"  barədə 
yanlış  təsəvvürün  təşəkkül  tapmasına  və  formalaşıb  möhkəmlənməsinə  səbəb  oldu. 
Ona  görə  də  "respubilkaçıların"  mübarizəsi  və  onun  son  aktı  sadəcə  olaraq  Sezarın 
qətli  kimi  qələmə  verilməyə  başlandı.  Bu  zaman  çox  vaxt  məhz  diktatorun  qətlə 
yetirilməsi məsələsi nəinki vurğulanmır, hətta diqqətdən yayındırılırdı.  
Ümumiyyətlə, bu mübarizə, onun hərəkətverici qüvvələri və böyük amalı heç 
vaxt  nəinki  ön  plana  çəkilmirdi,  əksinə  Sezarın  qətli  hadisəsi  və  onun  iştirakçıları 
daim lənətlənirdi. Tarixə mübarizlərin böyük amala çağırışı barədə heç bir müraciəti 
və  ya  sözü  qalmasa  da,  Brutun  əməli  nankorluq  rəmzi  kimi  qələmə  verilir,  bu  sui-
qəsd  guya  oğulun  ataya  şəxsi  paxıllıqdan  və  taxt-tacı  ələ  keçirmək  üçün  Şərq 
ölkələrində  baş  verən  sülalə  davası,  hakimiyyəti  zorakılıq  və  qətl  yolu  ilə  ələ 
keçirmək  cəhdi  kimi  təsvir  edilirdi.  Respublikaya  xəyanət  edərək  diktatura  rejimi 
yaradan  Sezar  pislənmək,  məhkum  olunmaq  əvəzinə,  Brut  Sezara  şəxsən  xəyanət 
etmiş  adam  qiyafəsinə  geyindirilirdi  ki,  adamların  ona  nifrəti  artsın.  Doğrudan  da 
ədalətsiz  yaranan  bu  stereotip  zaman  keçdikcə  adamların  şüuruna  hakim  kəsilir, 
respublika  uğrunda  özünü  fəda  edən  adamlar  bir  qəsdçi,  qiyamçı  qatil  kimi  təsvir 
edilir və böyük bir şəxsiyyətə əl qaldırdıqlarına görə onlara qarşı lənətlər yağdırılır, 
nifrət hissi aşılanırdı. Sezarın ölüm ərəfəsində onu vurmaq istəyən Bruta dediyi "et 
tu, Brut?" - "Səndəmi, Brut?" ifadəsi guya ona oğul kimi yaxın olan bir adamın və ya 
əfv edib nüfuz sahibi etdiyi bir əyanın indi xəyanət yoluna düşüb, ona əl qaldırması 
fikrini möhkəmləndirirdi.  
Bu  yanlış  təsəvvürlərin  möhkəmlənməsində  Şekspir  dühası  da  az  rol 
oynamamışdır.  
Bu  təsvirlərdən  belə  fikir  yaranırdı  ki,  guya  murdar  və  nankor  qul  öz 
mərhəmətli  ağasına  minnətdarlıq  əvəzinə,  əl  qaldırır.  Əslində  isə  Brut  ağır  cinayət 
işlətmiş  qatili  qətlə  yetirirdi,  onun  layiqli  cəzasını  verirdi.  Bu  qatil  respublikanın, 
respublika  qruluşunun  başını  kəsib,  onun  yerində  əvvəlcə  diktator  kürsüsü  qoyan, 
sonra  isə  çarlıq  taxt-tacı  iddiasını  gerçəkləşdirməyin  astanasında,  məhz  Brutun  və 
digər mübarizlərin cəsarəti ilə dayandırılan Sezar idi.  
Romada respublika dövlət forması dörd əsr yarımdan artıq davam etmişdi. Son 
dövrlərdə  baş  verən  vətəndaş  müharibələri  və  ərazilərin  idarə  edilməsindəki 
çətinliklər bu quruluşun islahata uğramasını tələb edirdi. Reforma isə heç də quruluşu 
məhv  edib,  dövlət  çevrilişi  etmək,  onu  daha  eybəcər  rejimlə  əvəz  etmək  deyildir. 
Sezar  isə  məhz  vətəndaş  müharibələrində  qalib  gəlməyinə  arxalanaraq,  belə  bir 
dövlət çevrilişi etməyə cəsarət etdi və güman etdi ki, bütün rəqiblərini əzdiyinə görə 
ona müqavimət göstərən olmayacaqdır.  

 
165 
Lakin  bəşər  tarixinə  belə  faktlar  da  məlumdur  ki,  ən  ümidsiz  anlarda, 
despotiya  və  tiraniya  zülmətində  belə,  cəsurlar  tapılır  və  onlar  tiranlara,  despotlara 
qarşı  öz  məhvləri  hesabına  da  olsa,  mübarizə  məşəlini  yandıra  bilirlər.  Bu  məşəli 
yandıran  əl  məhv  olsa  da,  o  sönmək  bilmir,  digər  mübarizlər  tərəfindən  yerdən 
qaldıralaraq başqa əsrlərə və insanlara təhvil verilir. Mark Yuni Brut məhz belə bir 
fədakarlıq etmişdi, respublika uğrundakı hərəkatın fədaisi idi, özünü qurban versə də, 
öz amalına nail olmasa da, beş əsrə yaxın bir müddətdən sonra baş qaldıran diktatoru, 
heç olmazsa fiziki cəhətdən kənarlaşdıra bildi. Ona görə də əgər insanların azadlığa 
can atması bəşər inkişafının aparıcı vektoru hesab olunursa, himnlər diktatora deyil, 
diktaturaya  deyil,  onun  qurulmasına  və  bərqərar  olmasına  mane  olan  adamların 
şərəfinə oxunmalıdır. Ona görə də iki min ildən artıq bir müddətdə azadlıq şərəfinə 
qoşulan və oxunan himnlərdən və şərqilərdən fədakar romalı Bruta da pay düşür.  
Mark Yuni Brut 43 il ömür sürdü. Lakin onun mübariz obrazının şöhrəti min 
illəri arxada qoydu və onun ruhunu ölməzliyə qovuşdurdu. Brutun həlak olması ilə 
elə  bil  ki,  respublika  adlanan  kitabın  son  səhifəsi  bağlandı  və  bundan  sonra  ölkə 
vətəndaş  müharibələri,  görünməmiş  sarsıntılar  və  eybəcər  cinayətlər  yuvasına 
çevrildi.  
 
 

 
166 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin