Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi


AVQUSTUN İMPERATORLUĞU DÖVRÜ



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

AVQUSTUN İMPERATORLUĞU DÖVRÜ 
 
Beləliklə Roma respublika quruluşu öz yerini yeni dövlət formasına - imperiya 
siyasi rejiminə verdi. Əlbəttə, respublikanın məhvini təkcə kimlərinsə iradəsi ilə baş 
verdiyini güman etmək, bu həyati əhəmiyyət kəsb edən məsələni yolverilməz şəkildə 
sadələşdirmək,  bəsitləşdirmək  olardı.  Avqustun  özünə  görə  heç  nə  dəyişməmişdi, 
əksinə  o,  dövlətə  -  respublikaya  azadlığı  qaytarmış  və  dövləti  öz  hakimiyyətindən 
Senatın  və  xalqın  sərəncamına  vermişdi.  Bu  fikrini  o,  böyük  ciddi-cəhdlə  özünün 
"İlahi  Avqustun  əməlləri"  kitabında  sübut  etməyə,  inandırmağa  çalışır.  Guya,  onun 
bütün  fəaliyyəti  respublikanın  bərpa  edilməsinə  və  "bərpa  edilmiş  respublika" 
yaratmağa həsr edilmişdi. Guya diktaturadan xilas edilən dövlət yenidən respublika 
məkanına qaytarılmışdı, dövlətə özünün ilkin və ən köhnə forması verilmişdi.  
Bunu təsdiq edənlər o cəhəti əsas götürürdülər ki, Avqust dövlətə diktaturasız 
və çar hakimiyyəti olmayan quruluş bəxş etmişdi. Lakin digər müəlliflər onu da qeyd 
etməyi  lazım  bilirlər  ki,  Avqust  tribun  hakimiyyətini  götürməklə  təkcə  çar  adından 
imtina etmişdi, əslində isə görünməmiş hakimiyyətə malik idi.  
Əslində Avqust hakimiyyəti vətəndaş müharibələri vasitəsi ilə ələ keçirdikdən 
sonra  elə  bir  siyasi  quruluş  bərqərar  etmişdi  ki,  bu  quruluş  sonralar  açıq  tiraniyaya 
çevrildi. Çünki bu quruluşun özündə belə eybəcərliyə çevrilmək imkanları var idi, bu 
quruluş  Senatı  və  xalq  yığıncaqlarını  saxlasa  da,  onların  hüquqlarını  elə 
məhdudlaşdırmışdı ki, əslində respublika quruluşu kabusa çevrilmiş, real qüvvə, real 
hakimiyyət  isə  məhz  printseps  və  imperatorda  təcəssüm  olunurdu.  Hər  şey  yalnız 
imperatorun  şəxsi  ləyaqətlərindən  və  ya  eyiblərindən  asılı  olaraq  qalırdı,  onun 
hakimiyyətini azacıq da olsun məhdudlaşdıran, onu tiraniyadan, xalqa zülm və terror 
tətbiq  etməkdən  çəkindirmək  üçün  heç  bir  təsirli  vasitə  qalmamışdı.  Ona  görə  də 
əlacsız  qalan  romalılar  belə  tiranlardan  xilas  yolunu  siyasi  vasitələrdə  deyil,  yalnız 
sui-qəsdlərdə, qətllərdə və hərbi dövlət çevrilişlərində görürdülər.  
Tiraniya  özünə  qarşı  müxalif  olan  bütün  siyasi  qüvvələri  və  siyasi  vasitələri 
sıradan  çıxardığından,  məhv  etdiyindən  siyasi  məkanda  ona  qarşı  duran  və  ya 
müqavimət  göstərən  heç  nə  qalmır.  Bu  vaxt  əlacsız  qalan  rəqiblər  antidemokratik 
yollardan istifadə etməyə başlayır və tiranları yalnız onların özlərinin istifadə etdiyi 
üsullar  və  priyomlarla  kənarlaşdırmaq,  aradan  götürmək,  başqa  sözlə  onları  fiziki 
cəhətdən  məhv  etmək  kimi  vəhşi  bir  vasitəni  tətbiq  etməyə  məcbur  olurlar.  Karl 
Marksın  Rusiya  imperatoru  Böyük  Pyotr  haqqında  dediyi  "barbarlığı  barbar 
metodları  ilə  sıxışdırıb  çıxardığı"  barədəki  sözlər,  qədim  romalıların  bütün 
vasitələrdən  məhrum  olduqlarından,  tiranları  məhv  etmək  üçün  ən  iti  silah  olan 
qətldən  istifadə  etmək  yolunu  tutduqlarını  daha  düzgün  ifadə  edir.  Onlar  bir  nəfər 
qaniçənin qətlini həyata keçirməklə, kütləvi qətllərə son qoymaq istəyirdilər.  
Ona  görə də  Avqust  nə  qədər ilahi  donuna  bürünsə  də,  öz  əməllərində  özünü 
respublika tərəfdarı kimi görməyə və belə qələmə verməyə çalışsa da, Yuli Sezara da 
bütünlüklə müyəssər olmayan bir işi gördü və Romada təkhakimiyyətliliyi bərqərar 
etdi.  Roma  respublikası  yarım  minilliyə  bərabər  bir  tarix  yaşadıqdan  sonra  məhz 
Avqustun  əli  və  iradəsi  ilə  ölümə  məhkum  edildi,  respublika  quruluşu  Avqustun 
siyasi  oyunları  nəticəsində  bütünlüklə  süqut  etdi.  Qədim  Roma  respublikası  nəinki 
özünün  nəcib  ənənələrindən,  həm  də  əsl  mahiyyətindən  məhrum  oldu.  Respublika 

 
174 
quruluşunun mühüm dayağı olan Senat öz razılığı və öz qərarı ilə Avqustun şəxsində 
təkhakimiyyətlilik  quruluşunu  yaratdı  və  əslində  elə  bil  ki,  tiraniyaya  aparan  Appi 
yolu tikdi.  
Təkhakimiyyətlilik  əlverişli  mühitdə  mütləq  tiraniya  adlanan  övlad  doğur  və 
bu  övlad  sonradan  atası  Kronosu  da  məhv  etməklə,  hakimiyyətə  bütünlüklə  öz 
təbiətini  təlqin  edir.  Hamı  yaxşı  bilirdi  ki,  Senat  qalsa  belə  ikihakimiyyətlilikdən 
danışıq gedə bilməz, hakimiyyət yalnız Avqustun icad etdiyi yeni hakimiyyət budağı 
olan  printsepsin  və  ya  imperatorun  əlində  cəmləşmişdir.  Laqeyd  seyrçi  olan  Senat 
imperatorun  hərəkətlərinə  heç  bir  təsir  edə  bilmədiyindən,  arabanın  beşinci  təkəri 
rolunu  oynayırdı,  bütün  dövlət  hakimiyyəti  adlanan  döyüş  arabası  isə  bir  nəfərə 
mənsub idi. Avqust əslində bütün Roma magistratlarını öz əlində cəmləşdirmişdi. O, 
həm  prokonsul  imperiyaya,  həm  də  tribun  hakimiyyətinə  malik  idi.  Axı  əvvəllər 
konsul  heç  vaxt  eyni  zamanda  həm  də  tribun  ola  bilməzdi  və  əksinə.  Beləliklə 
Avqust, hakimiyyətin bütün budaqlarını özündə təcəssüm etdirirdi.  
Axı  o  vaxtlar  Romada  məhkəmə  hakimiyyəti  də  konsullara  və  senatorlara 
məxsus  idi.  Əlbəttə,  Avqustun  prinsipatının  Yuli  Sezar  diktaturasından  müəyyən 
fərqləri də var idi. Yuli Sezar ellinist tipli monarxiya yaratmaq istəyirdi. Avqust isə 
Pompeyin icad etdiyi, lakin bəhrəsini görmədiyi prinsipatdan istifadə etməyə başladı. 
Prinsipat adlanan siyasi sistemə görə bütün hakimiyyət formal olaraq senata məxsus 
idi,  onun  qarantı,  "qoruyucusu"  isə  printseps  idi.  Buradan  da  guya  belə  çıxırdı  ki, 
burada  heç  bir  monarxiya  yoxdur,  bərpa  olunmuş  respublika  quruluşu  təşəkkül 
tapmışdır.  Ancaq  belə  izahlar,  formal  cəhətlər,  quruluşun  üstünə  geyindirilən  toqa 
onun  mahiyyətini  gizlədə,  ört-basdır  edə  bilmirdi.  Əslində  bu  vaxtlar  mövcud  olan 
Senat  hakimiyyət  orqanından  daha  çox,  heykəli  daha  əzəmətli  etmək  məqsədini 
güdən passiv pyedstala bənzəyirdi. Çünki printseps onun fəaliyyətini daim nəzarətdə 
saxlayırdı.  
Yaxud da əgər iki hakimiyyətdən, - Senatla prinsepsin hakimiyyətindən söhbət 
gedirsə,  bu  süvari  ilə  atın  bərabər  hüququnu  qələmə  vermək  kimi  nəzərə  çarpırdı. 
Senat adlanan atı cilovlayıb minən Avqust təkcə onu istədiyi yerə çapmırdı, həm də 
hər şeyə nəzarət etmək imkanı əldə etmişdi. O, öz əlində klassik Roma respublikası 
dövründə  ağlasığmayan  səlahiyyətləri  birləşdirmişdi  -  öz  əlində  adi  və  qeyri-adi 
magistratları, ali kahin funksiyasını cəmləşdirmişdi.  
Avqustun dövründə siyasi təbliğata xüsusi əhəmiyyət verilməyə başlandı və bu 
dövlət  tədbiri  rolunu  oynadı.  Bu  təbliğat  Avqustu  allah  kimi  qələmə  verirdi,  onun 
şərəfinə  məbədlər  ucaldılırdı.  Avqustun  dövründə  dövlət  aparatı  çox  genişlənməyə, 
onun  nüfuzu  isə  artmağa  başladı.  Bu  dövrdə  dövlət  aparatı  Romanın  respublika 
quruluşunun seçkili orqanlarını əvəz etməyə və sıxışdırıb aradan çıxarmağa başladı. 
İmperatorun  təyin  etdiyi  vəzifəli  şəxslər  seçkili  magistratları  əvəz  edirdi.  Avqust 
artıq seçkili magistratlar əvəzinə şəhərlərə prefektlər təyin etməyə başladı və sonralar 
bu  artıq  adi  praktikaya  çevrildi.  Bundan  sonra  isə  Avqust  prokuratorları,  leqatları, 
əyalətlərdə  prefektləri,  həmçinin  yeni,  imperatorun  dostları  və  yol  yoldaşları  adlı 
vəzifələrə  adamlar  təyin  etməyə  başladı.  Özü  də  bu  vəzifələrə  o,  özünün  sədaqətli 
adamlarını təyin edirdi.  
Avqust  Mari  və  Sulla  dövründən  başlanan  ordunun  siyasi  qüvvəyə 
çevrilməsini  heç  də  yaddan  çıxarmırdı.  Lakin  sülh  dövründə  ordunu  əvvəlki  kimi 

 
175 
sərbəst  buraxmaq,  bu  dövrün  özünü  təhlükə  altında  qoya  bilərdi.  Ona  görə  də 
ordunun ram edilməsi ən vacib məsələlərdən biri idi. Bunu həll etmək üçün Avqust 
sülh  dövrü  üçün  daimi  ordu  yaratdı  və  onun  həcmi  müharibə  dövründəki  ordunun 
həcminə bərabər idi. Ordunu cilovlamaq üçün o, zabit və mülki karyeraları qarşılıqlı 
surətdə  əlaqələndirdi  və  əslində  yeni  bir  hərbi  islahat  həyata  keçirdi.  Atlı 
zümrəsindən  olan  adamlara,  heç  bir  hərbi  xidmət  keçmədən  zabit  vəzifələrini 
tutmağa icazə verdi.  
Bundan  başqa  Avqust  əyalətləri  Senat  və  imperator  əyalətlərinə  böldü. 
İmperator əyalətləri siyahısına işğal edilmiş və həmsərhəd olan əyalətlər daxil edildi. 
Avqustun  prinsipatı  dövründə  əyalətlər  vahid  siyasi  rejimin  hissəsinə  çevrildi, 
əvvəllər isə onlar Roma şəhərinin əlavəsi, Roma xalqının mülkü hesab olunurdu. Bu 
özünü  həm  də  əyalətlərin  idarə  olunmasının  dəyişilməsində,  vergi  yığılmasının 
islahatlara 
uğramasında  göstərirdi.  Əyalətlərdə  publikanların  özbaşınalığı 
məhdudlaşırdı.  Əyalətlərdəki  sui-istifadələr  barədəki  işlər  senatda  baxılmağa 
başlandı.  Əyalət  adamları  bir  başa  öz  şikayətlərini  Avqusta  göndərmək  hüququ 
qazandılar.  
Əgər  Sezar  rejimi  ilə  Avqust  rejimi  müqayisə  edilsə,  birinci  hələ  tam 
formalaşmamışdı,  ayrı-ayrı  tədbirlərdən  ibarət  idi.  Ona  görə  də  onların  ömrü  uzun 
olmurdu. Cari vəzifələrin tələbi ilə meydana gəldiyindən, onlarla birlikdə də aradan 
çıxırdı. Avqust isə hərtərəfli düşünülmüş yeni dövlət sistemi yaratdı və bu sonralar 
tarixdə  "Avqust  prinsipatı"  adlanmağa  başladı.  Vaxtilə  Yuli  Sezarın  dediyi: 
"Respublika  heç  nədir,  bədəni  və  sifəti  olmayan  boş  addır"  kəlmələrini  Avqust  tam 
gerçəkliyə çevirə bildi.  
Oktavian  Avqust  Mark  Tulli  Tsitseronun  və  Qay  Antoninin  konsulluq  etdiyi 
63-cü  ildə  doğulmuşdu.  Onun  atası  Qay  Oktavi  gənc  yaşlarından  varlı  olmuş, 
əyalətdə  çox  uğurla  canişinlik  etmişdi  və  Makedoniyadan  qayıtdıqdan  sonra  öz 
namizədliyini  konsulluğa  irəli  sürə  bilmədən,  qəflətən  ölmüşdü.  Anası  Atiya  isə 
Mark  Ati  Balbın  və  Qay  Sezarın  bacısı  Yuliyanın  qızı  idi.  Lakin  bədxahlar  onun 
valideynlərinin aşağı zümrədən olduğunu iddia edib deyirdilər ki, "sənin anan ən pis, 
kobud üyüdülmüş undan bişirilmişdi. Onun xəmirini isə, pul dəyişən çirkli əlləri ilə 
yoğurmuşdu".  O,  dörd  yaşında  olanda  atasını  itirmişdi.  On  iki  yaşında  isə  nənəsi 
Yuliyanın dəfn mərasimində matəm nitqi söyləmişdi. Artıq on altı yaşında o, Sezarın 
Afrika  yürüşündə  iştirak  etməsə  də,  hərbi  mükafat  almışdı.  Babası  Yuli  Sezar 
İspaniyaya  Qney  Pompeyin  oğlanları  ilə  vuruşmağa  gedəndə,  o,  xəstəlikdən  yenicə 
qalxmasına  baxmayaraq,  sərkərdənin  arxasınca  yollanmışdı.  Sonra  Sezar  onu 
Apolloniyaya - Epirdəki bu şəhərə təhsil almağa göndərmişdi. Sezarın qətli xəbərini 
alan kimi və özünün varis olduğunu bildikdə, çox tərədüddən sonra Romaya qayıtdı 
və  anasının  şübhələrinə,  atalığının  isə  etirazlarına  baxmayaraq,  varisliyi  qəbul  etdi. 
Bu  dövrdən  də  o,  qoşun  toplayıb  dövləti  idarə  etməyə  başladı,  əvvəlcə  on  iki  il 
ərzində (42-30-cu illər) Mark Antoni və Mark Lepidlə birlikdə, bundan sonra isə qırx 
dörd il ərzində təkbaşına Roma dövlətini idarə etdi.  
Bütün  ömrü  boyu  o,  beş  vətəndaş  müharibəsi  aparmışdı  -  bunlar  Mutina, 
Filippi, Peruziya, Siciliya və Aktsi müharibələridir. Onlardan birincisi və axırıncısını 
Mark Antoniyə qarşı, ikincisini Bruta və Kassiyə qarşı, üçüncüsünü Mark Antoninin 
qardaşı Lutsi Antoniyə qarşı, dördüncüsünü isə Pompey Maqnın oğlu Sekst Pompeyə 

 
176 
qarşı aparmışdı. Mark Antoniyə qarşı ilk döyüşündə o, qalib gəlsə də, həlak olan iki 
konsulun  öldürülməsində  ondan  şübhələnirdilər.  Onun  Mark  Antoni  ilə  olan  ittifaqı 
yalnız  siyasi  məqsədlər  nöqteyi-nəzərindən  bağlandığından  heç  vaxt  möhkəm  və 
səmimi olmamışdı. Onlar əvvəlindən çürük olan bu ittifaqı saxlamaq üçün bir-birinə 
güzəştlərə gedir və müxtəlif sazişlər bağlayırdılar.  
Nəhayət, Avqust Antoni ilə bütün əlaqələri kəsdi və onu Roma vətəndaşına xas 
olmayan biabırçılıqda ittiham etmək üçün Antoninin Romada qalan vəsiyyətini xalq 
qarşısında  açdırıb  oxutdurdu.  Bu  vəsiyyətində  o,  Kleopatradan  olan  uşaqlarını  öz 
varisləri  elan  edirdi.  Bu  vaxt  o,  Antoninin  bütün  qohumlarına  və  dostlarına,  o 
cümlədən iki konsula Antoninin yanına Misirə getməyə icazə verdi. Bir qədər sonra 
isə  Aktsi  yaxınlığındakı  dəniz  döyüşündə  Antonini  məğlub  etdi.  Sonrakı  il  isə  o, 
Aleksandriyanı  mühasirəyə  alıb,  Antoni  və  Kleopatranın  gizləndikləri  bu  şəhəri 
tutdu.  Lakin  onun  bu  iki  düşməni  özlərini  öldürmüşdü  və  Avqust  onları  ehtiramla 
dəfn etdi, onların tikintisi başa çatmamış sərdabəsini tikdirib qurtardı. Burada o, həm 
də müqəddəs yerdən çıxardılımş tabutdakı Böyük Aleksandrın cəsədini gördü və ona 
itaət  əlaməti  olaraq  cəsədin  üstünə  qızıl  əklil  qoydu  və  çoxlu  gül  tökdü.  Ona 
Ptolomeylərin  sərdabələrinə  baxmağı  da  təklif  etdikdə  dedi ki,  o,  ölüləri  deyil,  çarı 
görmək istəyirdi. İlk dəfə olaraq o, Misiri əyalətə çevirdi, bu münbit ölkənin və taxıl 
anbarının isə Roma üçün böyük əhəmiyyəti var idi.  
Avqust  qanuni  və  mühüm  əsas  olmadan  heç  bir  xalqa  qarşı  müharibə 
başlamırdı.  Onun  bu  ləyaqətinin  şöhrəti çox  uzaqlara  yayılmışdı.  Hətta  hindlilər və 
skiflər  Avqustun  yanına  elçilər  göndərib,  ondan  və  Roma  xalqından  dostluq  xahiş 
edirdilər. Parfiyalılar isə, onun tələbi ilə Ermənistanı ona verdilər, Mark Krassdan və 
Mark  Antonidən  götürdükləri  bayraqları  qaytardılar,  hətta  könüllü  olaraq  girovlar 
təklif  etdilər  və  özlərinə  Avqustun  bəyəndiyi  çarı  seçdilər.  Onun  hökmranlığına 
qədər  Roma  yaranandan  Yanus  Kvirin  məbədinin  qapısı  bir  və  ya  iki  dəfə  bağlı 
olmuşdusa, onun dövründə quruda və suda sülh bərqərar olması rəmzi kimi üç dəfə 
bağlı  saxlandı.  Avqust  bunları  özünün  "İlahi  Avqustun  əməlləri"  kitabında  xüsusi 
iftixarla qeyd edir.  
Məğlubiyyətlərə  gəldikdə  Avqust  iki  dəfə  ağır  və  biabırçı  məğlubiyyətin 
acısını dadmış oldu. Bu məğlubiyyətin hər ikisi Almaniyada baş vermişdi.  
Avqust  hərbi  işlərdə  çoxlu  dəyişikliklər  və  yeniliklər  apardı,  intizamı  isə  çox 
böyük  ciddiyyətlə  saxlayırdı.  Düşmən  qarşısından  geri  çəkilən  koqartadakı  hər 
onuncu adamı edam etdi, başqa sözlə detsimatsiya cəzası tətbiq etdi, qalan əsgərlərə 
isə  yalnız  yük  heyvanlarına  yedizdirilən  arpadan  bişirilmiş  çörək  yedizdirdi,  çünki 
yürüşdə  olan  əsgərlərə  ancaq  buğda  çörəyi  verilirdi.  Hətta  cərgəni  tərk  etmiş 
senturionu da sıravi əsgər kimi ölüm cəzası ilə cəzalandırırdı.  
Onun fikrincə, nümunəvi sərkərdə tələsik və ehtiyatsız hərəkət etməməlidir. O, 
"tələsmədən təcili olmaq lazımdır" zərb məsələni tez-tez təkrar edirdi. Avqust hesab 
edirdi  ki,  "ehtiyatlı  sərkərdə  ağılsız  sərkərdədən  yaxşıdır".  Ona  görə  də  o,  heç  vaxt 
qələbəyə əmin olmadan müharibəyə başlamırdı, daha doğrusu o, bunu nəzərə alırdı 
ki,  məğlubiyyətdə  uduzduğundan,  qələbə  vaxtı  daha  çox  qazanacaqdır.  Böyük 
təhlükələr  hesabına  kiçik  fayda  götürməyə  çalışanları  o,  qızıldan  olan  tilovla  balıq 
tutanlarla müqayisə edirdi, tilov qırılsa, heç bir ov itkinin əvəzini ödəməyəcəkdir.  

 
177 
Avqust çox gənc yaşlarından siyasi fəaliyyətə başladığından, yüksək vəzifələrə 
də çox erkən malik oldu. İyirmi yaşında o, konsulluğu ələ keçirdi. Məhz ələ keçirdi, 
çünki legionlarla Romaya yaxınlaşan Oktavian, qoşunlar adından elçilər vasitəsilə bu 
vəzifəni  tələb  etdi  və  centurion  Korneli  senatorlar  tərəddüd  etdikdə,  qılıncla  onları 
hədələmişdi. Bütövlükdə o, on üç dəfə konsul seçilmişdi. Tribun hakimiyyətini isə o, 
ömürlük  qəbul  etmişdi.  Bundan  başqa  o,  ömürlük  senzor  hakimiyyətindən  istifadə 
edirdi,  buna  görə  üç  dəfə  əhalinin  siyahıya  alınmasını  keçirmişdi,  əslində  isə  o, 
senzor  deyildi.  O,  iki  dəfə  respublika  quruluşuna  qayıtmağa  cəhd  etsə  də,  bundan 
imtina  etdi  və  hakimiyyəti  bölünmədən  özündə  saxlamağı  qət  etdi.  O,  bunu  nəinki 
səhv hesab etmirdi, hətta özünü ən yaxşı dövlət quruluşunun yaradıcısı hesab edirdi 
və güman edirdi ki, onun qurduğu dövlətin əsası gələcəkdə heç vaxt dəyişilməyəcək, 
sarsılmayacaqdır.  
Avqust  abadlıq,  şəhərsalma  məsələlərinə  də  böyük  qayğı  göstərirdi.  Roma 
daşqınlardan və yanğınlardan əziyyət çəkirdi. O, öz kitabında qürurla qeyd edirdi ki, 
Romanı kərpicdən tikilmiş şəhər kimi qəbul edib, mərmərdən olan şəhər kimi qoyub 
gedir.  Şəhərin  təhlkəsizliyi  üçün  də  o,  bir  sıra  tədbirlər  həyata  keçirdi.  O,  ilk  dəfə 
polis qüvvələri təsis etdi və yeni eranın 6-cı ilində yarımhərbi yanğın dəstəsi yaratdı. 
Çoxlu  ictimai  binalar  tikdirdi.  Xalq  kütləsi  və  çoxlu  məhkəmə  iclasları  üçün  iki 
meydanın kifayət olmadığını görüb o, Forumu tikməklə üçüncü meydan düzəltdi. O, 
Apollona  və  Yupiterə  məbədlər  tikdirdi.  Şəhəri  daşqınlardan  qorumaq  üçün  Tibrin 
məcrasını təmizlədi və genişləndirdi.  
O,  Sezar  tərəfindən  tətbiq  edilən  təqvimi  bərpa  etdi  və  altıncı  ay  adlanan 
(təqvimdəki  iki  ay  -  yanvar  və  fevral  əlavə  olunmamışdan  ayların  sıra  düzümünə 
müvafiq olaraq bu ay belə adlanırdı) özünün ilk konsulluq dövrü şərəfinə Avqust ayı 
adlandırdı.  
O,  Roma  dövlətinin  möhkəmlənməsində  xüsusi  xidmətləri  olan  rəhbərlərin 
xatirəsinin əbədiləşdirilməsinə də böyük diqqət verirdi ki, qoy vətəndaşlar gələcəkdə 
belə xadimlərdən nümunə götürsünlər. O, hakimlərin yaş senzini beş il azaldaraq, 30 
yaşdan qoydu. Özü isə mühakimələri böyük ciddiyyətlə aparırdı və hər şeyi diqqətlə 
ayırd etməklə yanaşı, yumşaqlıq da göstərirdi.  
Avqust bir sıra köhnə qanunları dəyişdirdi və bir sıra yeni qanunlar dərc etdi. 
Bunlar  zinət  haqqında,  zinakarlıq  və  pozğunluq  haqqında,  pulla  ələ  alma  haqqında, 
bütün  zümrələr  üçün  nikah  qaydaları  haqqında  idi.  O,  üç  illik  dul  qalmağa  icazə 
verdi,  nikah  bağlama  müddətini  qısaltdı  və  boşanmaları  məhdudlaşdırdı.  O,  senatın 
tərkibində  də  dəyişikliklər  etdi.  Sezarın  ölümündən  sonra  müxtəlif  yollarla 
senatorluğu  ələ  keçirənlərin  hesabına  onların  sayı  min  nəfərdən  çox  idi.  O, 
senatorların  həddi-buluğa  çatmış  gənc  oğlanlarına,  dövləti  idarə  etmək  təcrübəsi 
qazanmaq üçün ataları ilə birlikdə senatın iclaslarında iştirak etməyə icazə verdi.  
Bəzi  adamları  o,  cəzalandırırdı  ki,  onlar  kiçik  faizlə  pul  götürüb  onu  böyük 
faizlə borc verirlər. Avqust bunu xüsusilə vacib sayırdı ki, Roma xalqı pozulmamış, 
yadelli  və  qul  qanı  ilə  qarışmadan  təmiz  qalsın.  Ona  görə  də  o,  Roma  vətəndaşlığı 
verilməsini azaltdı və qulların azadlığa buraxılmasını xeyli məhdudlaşdırdı.  
O, xalqın pozulmaması üçün digər məsələlərə də diqqət verirdi. Bir dəfə kimsə 
şərabın çatışmamasından və baha olduğundan gileyləndikdə, Avqust ona ciddi tərzdə 
demişdi.  "Mənim  kürəkənim  Aqrippa  çoxlu  su  kəmərləri  çəkdirmişdir  ki,  heç  kəs 

 
178 
susuzluqdan  əziyyət  çəkməsin".  Şəhərdə  məhsul  qıtlığından  çörək  təchizatında 
çətinlik  yarandıqda  o,  bütün  qul  alverçilərini  qulları  ilə  birlikdə  şəhərdən  qovdu, 
təchizat qaydaya düşdükdə isə o, pulsuz çörək verilməsini həmişəlik qadağan etmək 
istədi. Çünki bunun ucbatından əkinçilik tənəzzülə uğrayırdı. Lakin o, bu tədbirə əl 
atmadı, ancaq çörək verilməsinin miqdarını dəyişdirməklə kifayətləndi.  
İtaliyada o, iyirmi səkkiz yeni koloniya yaratmaqla ölkənin əhalisini artırdı. O, 
Afrika  və  Sardiniyadan  başqa  bütün  əyalətlərdə  olmuşdu.  Müharibədə  əldə  etdiyi 
çarlıqları isə o, əvvəlki hökmranlarına qaytarırdı, yaxud da digər yadellilərə verirdi. 
O,  müttəfiq  çarları  qohumluqla  birləşdirirdi,  onların  qarşılıqlı  nikahına  xüsusi  fikir 
verirdi,  bu  çarlıqlara  öz  dövlətinin  bir  hissəsi  kimi  baxırdı.  Ağıldan  kəmlərə  və  az 
yaşlı  uşaqlara  himayəçi  təyin  edir,  bir  çox  çar  uşaqlarını  öz  uşaqları  ilə  bir  yerdə 
tərbiyə edir və onlara təhsil verdirirdi. Avqust özü dəqiqliyi çox sevirdi, məktublarda 
daim tarixi göstərməklə yanaşı günün, hətta gecənin saatını da göstərirdi.  
Xalq  dəfələrlə  Avqusta  diktator  hakimiyyəti  təklif  etdikdə,  o,  diz  üstə  çöküb 
yalvarırdı ki, onu bundan xilas etsinlər. "Hökmran" sözündən o, təhqir və biabırçılıq 
kimi  qorxurdu.  Təkcə  özünə  həsr  edilmiş  məbədlərin  tikilməsinə  razılıq  vermirdi, 
ona  qoyulmuş  gümüş  heykəli  isə  əritdirib,  ondan  pul  kəsdirdi.  O,  konsul  olduqda 
piyada, konsul olmadıqda isə örtülü təxti-rəvanda gəzirdi. O, adamlarla da özünü çox 
sadə aparırdı. Bir dəfə çox utancaq xahiş edənə zarafatla demişdi ki,  o, öz xahişini 
filə  qəpik-quruş  verən  kimi  verir.  O,  senatdan  gedəndə,  senatorların  ayağa 
qalxmasına razılıq vermirdi. O, çoxlarının ailə şənliklərində iştirak edirdi.  
Bütün bu xüsusiyyətlərinə görə, Avqustu çox sevirdilər. Hər il onun ad gününü 
iki gün dalbadal qeyd edirdilər. Onun evi yananda, yeni ev tikdirmək üçün əhalinin 
hamısı  ona  pul  yığdıqda  o,  hər  pul  topasından  ancaq  bir  denari  götürdü.  Xalq  ona 
vaxtilə Tsitserona verilən "vətənin atası" fəxri adını verdi. Horatsi Avqustun dili ilə 
yazırdı ki, "onun qanından olan heç kəs bir daha əsgər olmayacaqdır".  
Onun  şəxsi  həyatına  gəldikdə  Avqustun  Skriboniya  adlı  arvadından  Yuliya 
adlı qızı olmuşdu, lakin sonrakı, çox sevdiyi arvadı Liviya Druzilladan onun övladı 
olmamışdı. Qızı Yuliyanı o, əvvəlcə öz bacısı oğlu Martsellə, o, vəfat etdikdən sonra 
isə Mark Aqrippaya ərə vermişdi. Bunun üçün o, öz bacısından kürəkənini ona görə 
güzəştə getməyi xahiş etmişdi, çünki Aqrippa əvvəlcə Martsellin bacılarından birinə 
evlənmişdi və ondan uşağı var idi. Aqrippa öldükdən sonra isə o, qızını öz ögey oğlu 
Tiberiyə  ərə  verdi,  bunun  üçün  Tiberi  ikinci  uşağa  hamilə  olan  arvadını  boşamağa 
məcbur  oldu.  Avqustun  Aqrippadan  üç  -  Qay,  Lutsi  və  Aqrippa  adlı  oğlan  nəvəsi, 
Yuliya  və  Aqrippina  adlı  iki  qız  nəvəsi  var  idi.  Gələcəkdə  bir  imperatorun  -  Qay 
Kaliqulanın  bacısı,  digər  imperatorun,  Klavdinin  arvadı,  üçüncü  imperatorun, 
Neronun  anası  olan  Kiçik  Aqrippinanın  özünün  anası  Böyük  Aqrippina  əvvəlcə 
Avqustun  bacısının  nəvəsi  Germanikə  ərə  getmişdi.  Qay  və  Lutsini  isə  Avqust 
oğulluğa  götürmüş  və  onları  uşaqlıqdan  dövlət  işlərini  öyrənməyə  cəlb  etmişdi. 
Bunun  üçün  o,  bu  nəvərlərini  təyin  edilmiş  konsullar  kimi  əyalətlərə  və  qoşunlara 
göndərirdi.  Lakin  heç  də  onun  ailə  həyatını  xoşbəxt  saymaq  olmazdı.  Öz  qızı  və 
nəvəsi, hər iki Yuliya özlərini ən pis davranışlarla biabır etdiklərindən, Avqust onları 
sürgünə göndərdi. Qay və Lutsi adlı nəvələrini qısa müddətdə - 18 ay ərzində itirdi. 
Bundan  sonra  o,  Forumda  kuriyaların  iclası  qarşısında  üçüncü  nəvəsi  Aqrippanı  və 
ögey oğlu Tiberini oğulluğa götürdü. Lakin bir az sonra alçaq və qəddar xasiyyətinə 

 
179 
görə nəvəsi Aqrippanı da sürgünə göndərdi. Yaxın adamlarının biabırçılığı Avqusta 
onların  ölümündən  daha  ağır  təsir  edirdi.  Sürgün  edilmiş  qızı  Yuliyaya  şərab 
verilməsini  qadağan  etmişdi.  Kiçik  Yuliyanın  sürgündə  olarkən  doğduğu  uşağı  isə 
qəbul etməkdən imtina etdi. İki Yuliyadan söhbət gedəndə o, deyirdi ki, yaxşı olardı 
ki, mən nikahsız yaşayaydım və övladsız öləydim. Qızı Yuliyanı və nəvələri Aqrippa 
və Yuliyanı o, özünün üç yarası adlandırırdı.  
O,  dostluq  etməyi  çox  sevirdi  və  dostluğa  sədaqətini  kiçik  müstəsna  ilə 
qətiyyən  pozmurdu.  Ən  yaxın  dostları  olan  Aqrippa  və  Metsenat  haqqında 
gileylənərək  deyirdi  ki,  Aqrippa  səbirsizdir,  Metsenat  isə  susmağı  bacarmır. 
Doğrudan da guya Martsellə üstünlük verildiyini güman edən Aqrippa, hər şeyi atıb 
Romanı  tərk  etdi.  Metsenat  isə  Murena  qəsdinin  açılmasından  xəbər  tutduqda,  bu 
sirri öz arvadına demişdi.  
Lakin  Avqustun  özünün  əxlaqındakı  qüsurlar  barədə  də  Romada  çoxlu  söz-
söhbətlər gəzirdi. Hətta belə deyirdilər ki, o, Sezardan oğulluğu öz bəkarətini qurban 
verməklə  əldə  edə  bilmişdi,  hətta  Sekst  Pompey  onu  qadına  bənzər  adlandırırdı. 
Digər  tərəfdən  o,  qadınlara  qarşı  biganə  deyildi  və  arvadbaz  adam  kimi  tanınırdı. 
Onun dəbdəbəli qonaqlıqları, şəraba aludəçiliyi və bahalı ev əşyalarına meyli barədə 
söz-söhbət  kəsilmirdi.  O,  zərlə  oyuna  da  xüsusi  maraq  göstərirdi.  O,  gənc  qızları 
xüsusən çox sevirdi və onları Avqusta hər yerdən öz arvadı tapıb gətirirdi. Yeməyə 
gəldikdə  o,  olduqca  az  və  könülsüz  yeyirdi.  İri  üyüdülmüş  undan  bişirilmiş  çörəyi, 
xırda  balığı,  sulu  pendiri  və  yetişməmiş  ənciri  sevirdi.  Yalnız  aclıq  hiss  edəndə 
yeyirdi.  Öz  məktublarında  o,  göstərirdi  ki,  arabada  gedərkən  çörəklə  xurma  yedi, 
başqa məktubunda isə yazırdı ki, təxti-rəvanda kuriyadan gedərkən bir loxma çörək 
və bir neçə qalın qabıq üzüm giləsi yedim. O, bəzən öyünürdü ki, yəhudilərdən daha 
sərt post (oruc) tutur. Şərabı da o, az içirdi.  
Avqust natiqlik qabiliyyətinə və nəcib elmlərə gənc yaşlarından xüsusi maraq 
göstərirdi.  O,  hətta  hərbi  yürüşlər  vaxtı  da  oxumaq,  yazmaq,  əzbər  şeir  söyləməyə 
vaxt  tapırdı.  O,  ilk  dəfə  olaraq  yazılı  mətnlərlə  çıxış  etməyə  başladı.  Hətta  özəl 
söhbətlərə, arvadı Liviya ilə danışıqlarına o, əvvəlcədən yazılı qeydlərlə hazırlaşırdı. 
O, bir neçə nəsr əsəri də yazmışdı. Onun dövründə Romanın məşhur şairləri Vergili 
və Horatsi yazıb yaratmış, lirik şair Ovidini isə Qara dəniz sahilindəki ucqar Toma 
şəhərinə sürgün etmişdi. Sonralar Konstansa adlanan bu şəhərdə məşhur orta əsr din 
islahatçısı Yan Hus edam edilmişdi.  
Uzun  ömür  yaşayan  Avqust  ölüm  anında  onun  yanına  gələn  dostlarından 
soruşmuşdu ki, o, həyat komediyasını yaxşı oynaya bilmişdirmi? Sonra o, dostlarının 
hamısını  buraxdı  və  arvadı  Liviyanın  qolları  arasında  "Liviya,  xatırla,  biz  necə  bir 
yerdə yaşadıq. Yaşa və əlvida!" sözlərini deyib canını tapşırdı. O, özünün arzu etdiyi 
kimi  əziyyət  çəkmədən  öldü.  Senatorlar  onun  dəbdəbəli  dəfn  olunmasını  təklif 
edirdilər.  Senatorlar  çiyinlərində  onun  cəsədini  Mars  çölünə  aparıb,  orada 
yandırdılar.  Bəziləri  onun  anadan  olmasından  ölənə  qədər  olan  dövrü  Avqust  əsri 
adlandırmağı  təklif  etdi.  Onun  vəsiyyəti  açılıb  senatda  oxundu.  Birinci  dərəcəli 
varisləri kimi o, Tiberini və Liviyanı təyin etmişdi, Tiberiyə var-dövlətinin üçdə ikisi, 
Liviyaya isə üçdə biri çatmalı idi. Onlar həm də onun adını qəbul etməli idilər. Roma 
xalqına o, qırx milyon sestertsi pul qoyub getmişdi. Qızı və nəvəsi Yuliyaların onun 
sərdabəsində dəfn edilməsini o, qadağan etmişdi.  

 
180 
77  il  ömür  sürən  Oktavian  Avqust  yeni  eranın  14-cü  ilində  vəfat  etdi.  O, 
ömrünün dörddə üçə qədərini, başqa sözlə 56 ilini Romaya hökmranlığa həsr etmişdi. 
O yalnız bir titulu - vətənin atası - pater patriae - titulunu qəbul etmişdi.  
Avqustun  ölümündən  bir  az  əvvəl  onun  arvadı  Liviya  Druzillanın  oğlu  və 
özünün  oğulluğu  Tiberi  Almaniyadan  hərbi  yürüşdən  qayıtmışdı  və  İllirikə  yola 
düşəndə atalığının ağır vəziyyətdə olduğunu eşidib, geri dönmüşdü. Tiberi Avqustun 
yeganə  sağ  qalan  oğlan  nəvəsi  Aqrippa  zorakılıqla  öldürülənə  qədər,  imperatorun 
ölümünü  gizlətmişdi.  Avqustun  göstərişi,  Liviyanın  iradəsi  və  ya  Tiberinin  xəbəri 
olub-olmamasından asılı olmayaraq gənc Aqrippa boğulub qətlə yetirilmişdi. Bundan 
sonra  Tiberi  tribun  hakimiyyətindən  istifadə  edərək  senatı  yığdı,  guya  qəhərdən, 
hönkürtüdən danışa bilmədiyindən öz çıxışını oxumaq üçün oğlu Druza verdi. Sonra 
Avqustun vəsiyyəti oxundu, bu vəsiyyətə görə varis Tiberi Sezar elan olunurdu. Ali 
hakimiyyəti o, bir anda tərəddüdsüz olaraq qəbul etsə də, sözdə özünü elə göstərirdi 
ki,  hakimiyyətdən  imtina  edir,  bununla  da  süni  komediya  effekti  yaranırdı.  Bu  vaxt 
Senat diz üstə ona yalvarmağa başladı ki, o, bu vəzifələrdən imtina etməsin. Nəhayət, 
guya  öz  iradəsinin  əksinə  olaraq,  bu  ağır  qul  xidmətindən  şikayətlənməklə, 
hakimiyyəti  qəbul  etdi.  Lakni  o,  imperator  rütbəsindən,  "vətənin  atası"  adından 
imtina  etdi.  Varis  kimi  qəbul  etdiyi  Avqust  adından  da  o,  yalnız  çarlara  və 
hökmdarlara məktub yazdıqda istifadə edirdi.  
 

 
181 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin