Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi


ROMA İMPERİYASININ TRANSFORMASİYASI



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   ...   14   15   16   17   18   19   20   21   22

ROMA İMPERİYASININ TRANSFORMASİYASI. 
İMPERİYANIN YENİDƏN QURULMASI 
 
Diokletian  sonrakı  imperiyanın  həqiqi  banisi  hesab  edilə  bilər.  Qeyd  etmək 
lazım  gəlir  ki,  onun  qurduğu  idarəetmə  forması  olan  tetrarxiya,  dörd  şəxsin  eyni 
vaxtda  hakimiyyətə  şərik  olması  kimi  ötüb  keçən  bir  institut  idi.  Lakin  onun 
islahatları  uzun  müddət  davam  etdi.  Hərbi  zərurətlər  və  düşünülmüş  sistemin 
qurulmasının  arzu  edilməməsi  285-ci  ildə  Maksimianın  Sezar  və  sonralar  Avqust 
olmasında, 293-cü ildə Konstantsi və Qalerinin Sezarlar kimi uğurlu namizədliyində 
ifadə olundu.  
Tetrarxiya  iki  qrupu  əhatə  edən  imperatorlar  kollegiyası  idi.  Onların  başında 
yaşlı adamlar olan iki Avqust dururdu və onlar qərar verirdilər. İkinci mövqedə gənc 
adamlar  olan  iki  Sezar  daha  çox  icra  rollalarını  oynayırdılar.  Bu  dördlüyün  hamısı 
oğulluğa götürmək və ya nikah vasitəsilə bir-birilə əlaqəli idi. Həm də onların hamısı 
İlliriyalı  idi  və  uzun  müddətli  hərbi  karyeradan  sonra  yüksək  komandanlığa  nail 
olmuşdular.  
Dörd  adamdan  yalnız  Diolektian  dövlət  xadimi  idi.  İmperiyanın  birliyi 
qorunurdu,  çünki  tetrarxiya  yaradılarkən  ərazi  bölgüsünə  yol  verilməmişdi.  Hər  bir 
imperator öz öhdəsinə qoşun və əməliyyat üçün bölmə alırdı. Maksimiana İtaliya və 
Afrika,  Konstantsiyə  Qalliya  və  Britaniya,  Qaleriyə  Dunay  ölkəsi,  Diolektiana  isə 
Şərq düşmüşdü. Praktiki olaraq bütün idarəetmə qərarları Diolektian tərəfindən qəbul 
edilirdi,  digərləri  öz  hakimiyyətlərini  də  ondan  alırdılar.  Diolektianın  məqsədi 
uzurpatorlardan  qaçmaq  idi.  Buna  artıq  Britaniya  ordusunun  başçısı  Karausi  cəhd 
etmişdi və o, 293-cü ildə öldürülmüşdü.  
Lakin  hələ  də  gələcək  rəqiblərdən  qorunmaq  lazım  gəldiyindən  tetrarxiyanın 
qanuni  və  nizamlı  qaydada  varisliyi  zəruri  idi.  Diokletian  bu  məsələnin  də  orijinal 
həll yolunu tapdı. Özlərinin hökmranlığının 20 illik yubileyindən sonra, özü də daxil 
olmaqla  iki  Avqust  istefa  verdi,  əlbəttə  ki,  Maksimian  öz  iradəsinin  tam  əksinə 
olaraq. Elə həmin gün, yəni 1 may 305-ci ildə iki Sezar Avqust oldu. İki yeni Sezar 
seçildi,  onların  hər  ikisi  Qalerinin  dostu  olmaqla,  Sever  və  Maksimin  Daya  idi. 
Qaleri isə öz güclü şəxsiyyəti ilə Konstantsiyə ağalıq edirdi.  
Təbəələr  və  inzibatçılar  arasında  daha  səmərəli  birlik  yaratmaq  məqsədilə 
Diokletian  əyalətlərin  sayını  artırdı.  Hətta  İtaliya  bir  düjin  əyalət  tipli  birliklərə 
bölündü.  Bununla  İtaliyanın  imtiyazlarına  son  qoyuldu.  Bu  Romanın  imperiyanın 
effektiv  paytaxtı  rolunu  oynaya  bilmədiyi  bir  vaxtda  baş  verdi.  Hər  imperator  idarə 
etdiyi  imperiyanın  hansısa  bir  hissəsində  öz  iqamətgahına  malik  olurdu.  Belə 
iqamətlər Trirdə, Milanda, Sirmiumda, Nikomediyada yaradılmışdı. Əyalətlərin hələ 
də senatorlar, prokonsullar və ya konsullar tərəfindən idarə olunmasına baxmayaraq, 
əksər  əyalətlər  atlı  başçılara  verilmişdi.  Şəhərlər  öz  muxtariyyətini  itirmişdi. 
Pretorian  prefektləri  də  öz  hərbi  qüdrətini  itirmişdi.  Lakin  onlar  qanunvericilik, 
ədliyyə  və  hər  şeydən  əvvəl,  maliyyə  işlərində  mühüm  rol  oynayırdılar.  Mərkəzi 
inzibati idarədə qulluqçuların sayı artırdı.  
Sərhədlərin  möhkəmləndirilməsinə  böyük  diqqət  verilirdi,  sərhəd  xətləri 
istehkamlarla  möhkəmləndirilirdi.  Ordunun  tərkibi  60  legiona  qədər  böyüdü. 
Qallienin bir ideyasına uyğun olaraq, Diokletian imperatorun birbaşa göstərişi altında 

 
245 
olan  rüşeym  şəklindəki  taktiki  ordu  yaratdı.  Bu  qüvvə  onu  müşayiət  edən  xidməti 
formalaşdırdı.  Konstantsi  Karausinin  uzurpasiya  cəhdini  yatırtdı  və  Bazel 
yaxınlığında  alemanlarla  qızğın  döyüşdə  vuruşdu.  Maksimian  qaçan  kəndlilərdən 
ibarət  olan quldur dəstələrini Qalliyada  məğlub etdi. Sonra Afrikada  mavr tayfaları 
ilə  vuruşdu.  296-298-ci  illərdə  Karfagendə  zəfər  çaldı.  Diokletian,  sonra  isə  Qaleri 
Dunay  üzərində  basternələri  və  karpiləri  məğlub  etdi,  onlardan  çox  sayda  əhalini 
əyalətlərə  köçürdü.  Diokletian  Misirdə  qiyamı  yatıra  bildi,  lakin  297-ci  ildə  Şapur 
ambitsiyalarına  varislik  edən  Narses  Ermənistanı,  Osroeneni  və  Suriyanın  bir 
hissəsini tutdu. Qaleri öz növbəsində Narses üzərində böyük qələbə çaldı.  
İlk  tetrarxiyadan  sonra  gələn  ikinci  tetrarxiya  da  uzun  sürmədi.  Konstantsi 
306-cı  ildə  Eborakumda  öldükdən  sonra,  Britaniya  və  Qalliya  orduları  tetrarxiya 
sisteminin hökmdarlarına əhəmiyyət vermədən, Konstantsinin gənc oğlu Konstantini 
Avqust  elan  etməyə  tələsdi.  Vaxtilə  öz  iradəsinin  əksinə  istirahətə  gedən 
Maksimianın  oğlu,  gənc  Maksentsi  bu  vaxt  özünü  Romada  imperator  elan  etdi,  öz 
atasını  da  xidmətə  çağırdı.  Bununla  da  307-308-ci  illərdə  böyük  qarışıqlıq  hökm 
sürdü. Yeddi imperator Avqust titulunu almışdı, ya da almalı idi. Maksimian, Qaleri, 
Konstantin,  Maksentsi,  Maksimian  Daya,  Litsini  və  bunlardan  əlavə  Afrikadakı 
uzurpator Domitsi Aleksandr da həmçinin purpur plaşı götürmüşdü.  
Bu  situasiya  uğurlu  məhv  etmələr  yolu  ilə  aydınlaşdı.  310-cu  ildə  bir  sıra 
intriqalardan sonra Maksimian öz kürəkəni Konstantin tərəfindən öldürüldü. Sonrakı 
ili Maksentsinin pretorian prefektlərindən biri Aleksandrı öldürdü. 311-ci ildə Qaleri 
xəstəlikdən öldü. Qərbdə Konstantin və Maksentsi, Şərqdə isə Litsini və Maksimin 
Daya  qaldı.  Əla  general  olan  Konstantin  ona  sədaqətli  olan  güclü  qall  ordusu  ilə 
İtaliyaya müdaxilə etdi, Maksentsini Romadan azacıq aralı Milvan körpüsü yanında 
məğlub etdi. Qaçmağa cəhd edən Maksentsi suda batdı. Konstantin sonra Litsini ilə 
saziş bağladı və ikisi də Şərq xristianlarına qarşı yürüş etdi. Bu Maksimin Dayanı tək 
və zəif vəziyyətdə qoydu. Litsini Adrianopol yaxınlığında ona hücum etdi. Maksimin 
Daya  sonra  xəstələndi  və  313-cü  ildə  öldü.  İmperiya  iki  liderlə  -  Konstantin  və 
Litsini ilə qaldı. Litsini Konstantinin bacısına evlənməklə, onun yeznəsi olmuşdu.  
Konstantin  və  Litsini  də  imperatorluq  üstündə  öz  aralarında  mübahisə 
edirdilər. Konstantin ilk dəfə 316-cı ildə öz əleyhdarına qarşı hücum  etdi və ondan 
Pannoniya  və  Moeziya  yeparxiyalarını  aldı.  Onların  arasında  atəşkəs  on  il 
müddətində  davam  etdi.  316-cı  ildə  Diokletian  öldü.  Konstantin  və  Litsini  bu  vaxt 
varislik  prinsipinə  qayıtdılar,  öz  sülalələrini  hifz  etmək  niyyəti  ilə  özlərinin  buna 
yarayan  oğlanları  arasından  üç  potensial  Sezar  təyin  etdilər.  Onların  hər  üçü  körpə 
idi. Bunlardan ikisi Konstantinin, biri isə Litsininin oğlu idi.  
Konstantinin  xristianlara  yaxşı  münasibət  bəsləməsinə  baxmayaraq,  Litsini 
onları təqib etməyi qərara aldı. 324-cü ildə yenidən müharibə qalxdı. Litsini əvvəlcə 
Adrionopolda, sonra isə Kiçik Asiyada məğlub oldu və oğlu ilə birlikdə edam edildi. 
Ardınca onun oğlunun əvəzinə Konstantinin üçüncü oğlu Konstantsi, əvvəlcə özünün 
iki  böyük  qardaşı  -  Qrispin  və  Kiçik  Konstantinin  adlandırıldıqları  kimi  Sezar 
adlandırıldı.  Bununla  da  ikinci  Flavilər  sülaləsinin  əsası  qoyuldu  və  Konstantinin 
özünün  razılığı  ilə  belə  düşünürdülər  ki,  onun  atası  Flavi  Konstantindir  (Xlordur). 
Sonuncu isə Klavdi Qotik nəslindən idi.  

 
246 
Konstantinin  xristianlığa  keçməsi  uzağa  aparıb  çıxaran  bir  effekt  verdi.  O, 
bütpərəst olan vaxt onun gözünə ilk görüntü görünmüşdü. Litsiniyə qarşı kampaniya 
aparan dövrdə isə ona ikinci görüntü - Göydəki işıqlanmış çarmıx, - görünmüşdü. Bu 
vuruşdakı qələbəsindən sonra o, xristianlığa meyl etdi. Onun xristiana çevrilməsi bir 
qədər möcüzəli məsələ kimi qalırdı. Lakin onun özü bu çevrilişə münasibətdə səmimi 
idi.  Onun  xristianlara  qarşı  mərhəmətli  siyasətində  heç  vaxt  saxtakarlıq  nümayiş 
olunmamışdı. Xristianlıq o vaxta qədər azlığın dini idi, xüsusən də Qərbdə və kənd 
yerlərində  xristianlar  az  idi.  Lakin  onun  bu  hərəkəti  Şərqdə  sevinclə  qarşılandı  və 
Konstantinin hesabına yeni din sürətlə zəfər çaldı. Bir az əvvəl təqib edilən kilsə, bu 
vaxt  qəflətən  hüsn-rəğbət  bəslənilənə  çevrildi.  Bütpərəstlər  təqib  edilmirdi,  lakin 
Konstantin  bütpərəstlərin  allahları  barədə  nifrətlə  danışırdı  və  bir  sıra  sitayişləri 
qadağan  etdi.  331-ci  ildə  isə  bütpərəstlərin  mülkiyyətinin  siyahısını  çıxarmağa 
göstəriş verdi, məbədlər qarət edildi.  
325-ci  və  337-ci  illər  arasında  Diokletianın  işini  davam  etdirərək  Konstantin 
bir  sıra  mühüm  islahatlar  həyata  keçirdi.  Hərbi  karyera  mülki  karyeradan  müstəqil 
oldu.  Mərkəzi  inzibatçılıqda  ilk  rütbə  verilməyə  başlandı.  Maliyyəni  və  valyutanı 
yenidən  qurmaq  məqsədilə  iki  yeni  sikkə  buraxdırdı.  Gümüş  sikkə  ilə  yanaşı  daha 
vacibi  qızıl  solidus  idi.  Onun  stabilliyi  gələcəkdə  onu  Bizans  imperiyasının  əsas 
valyutası edəcəkdi.  
Konstantinin ölməzliyi isə yalnız Konstantinopol şəhərinin əsasını qoymasının 
üzərində dayanır. Bu "Yeni Roma" 324-cü ildə Vizantium tərəfdə tikilməyə başladı 
və  330-cu  ildə  bu  adı  almaqla  yanaşı,  immiqrantların  şəhərə  xoş  münasibətinin 
nəticəsi  kimi  sürətlə  öz  əhalisini  artırdı.  Burada  çox  sayda  kilsələr  tikildi.  Buna 
baxmayaraq,  köhnə  məbədlər  də  uçurulmadı.  Şəhər  senata  və  prokonsula  malik 
olmaqla, imperiyanın inzibati mərkəzinə çevrildi.  
Şəhərin bu yerdə salınması strateji və iqtisadi faktorlarla əlaqədar idi. Bu yer 
Dunay  və  Fərat  sərhədlərinin  yaxınlığında  idi,  burada  Bosfor  boğazı  ilə  böyük  qitə 
yolu  qovuşurdu.  Avropada  Boloniyadan  Qara  dənizə  aparan  yol  öz  davamı  kimi 
Kiçik  Asiyadan  Antioxa  və  Aleksandriyaya  keçməklə,  Şərq  kommersiya  yollarına 
çıxırdı.  Yəqin  ki,  bu  səbəblər  strateji  əhəmiyyəti  olan  bir  şəhərin  salınmasında 
mühüm rol oynamışdı. Konstantinopol köhnə bütpərəst Romanın yeni xristian rəqibi 
kimi  meydana  çıxdı  və  1453-cü  ildə  Osmanlı  sultanı  Mehmet  Fateh  şəhəri  işğal 
edənə qədər, min ildən artıq bir müddətdə bu ad altında yaşadı. Türklərin işğalından 
sonra  isə  şəhər  təkcə  adını  dəyişmədi,  həm  də  ortodoks  xristianlığın  paytaxtından, 
Osmanlı sultanlarının həmçinin xəlifə adlanması ilə, həm də İslamın dini paytaxtına, 
mühüm mərkəzinə çevrildi.  
Konstantin 337-ci ildə öldü. Bir neçə aylıq qarışıqlıqdan sonra Konstantinin üç 
sağ  qalan  oğlu,  -  böyük  oğlu  Qrisp  326-cı  ildə  sirli  şəraitdə  edam  edilmişdi,  - 
atalarının  xatirəsinə  sədaqətli  qalan  ordunun  köməyi  ilə  imperiyanı  öz  aralarında 
parçaladılar və onların sülaləsinin digər bütün üzvləri öldürüldü. II Konstantin Qərbi, 
Konstantsi Şərqi və ən kiçik qardaş Konstant mərkəzi prefekturanı (İtaliya, Afrika və 
İlliriyanı)  götürdü.  340-cı  ildə  II  Konstantin  Konstantdan  uzaqlaşmağa  cəhd  etdi, 
lakin öldürüldü. Sonrakı on ildə iki sağ qalan qardaş arasında sülh hökm sürdü. 350-
ci  ildə  Autunda  qiyam  qalxdı.  Konstantin  qaçdı,  lakin  artıq  Afrikada  və  İtaliyada 
yaxşı  tanınan  uzurpator  Maqnetsi  tərəfindən  Qalliya  şəhəri  Lionda  öldürüldü. 

 
247 
Maqnetsi özü Konstantsi ilə vuruşda məğlub olduqdan sonra geri çəkildi və nəticədə 
355-ci ildə özünü intihar etdi.  
Konstantsi  imperiyanı  Avqust  kimi  təkbaşına  idarə  edirdi.  O,  varisliyə  iki 
Sezarı  adlandırdı,  onlar  imperatorun  sağ  qalan  gənc  əmisi  oğlanları  olan  Şərqdəki 
Qall  və  Qalliyadakı  Yulian  idi.  Onların  hər  ikisi  açıq  şəkildə  "işçilər"  hesab 
olunurdu.  Yulian  görkəmli  uğur  qazandı  və  bu  Konstantsinin  qısqanclığının 
qalxmasına  və  Yulianın  uzurpasiyasına  aparıb  çıxardı.  Axırıncı  Avqust  elan  edildi. 
Konstantsinin bunun əleyhinə olmasına baxmayaraq, yalnız 361-ci ilin noyabrında o, 
özü  öləndə  vətəndaş  müharibəsinin  qarşısı  alındı.  İmperiya  Yuliana  qaldı  və  o, 
Konstantinlər sülaləsindən axırıncı hökmdar oldu.  
Konstantin,  337-ci  ildəki  ölümündən  əvvəl  Persiyaya  qarşı  müharibəyə 
getməyə  hazırlaşmışdı.  Bu  işin  ağırlığı  əsasən  Konstansinin  üstünə  düşdü.  Onun 
hərbi  səriştəsizliyi,  fərasətli  Persiya  şahı  II  Şapurla  müqayisə  oluna  bilməzdi. 
Persiyalılar  demək  olar  ki,  hər  il  hücum  edib  Roma  ərazilərini  qarət  edirdilər. 
Mesopotamiya  şəhərləri  mühasirəyə  alınırdı  və  təkcə  Nisibis  müqavimət  göstərirdi. 
Şapur 350-357-ci illərdə öz səltənətinin şərq regionlarında iğtişaşlar baş verəndə, bu 
hərəkətlərinə fasilə verdi.  
Yulian  337-ci  ildəki  sülalə  qırğınından,  az  yaşlı  olduğuna  görə  xilas  ola 
bilmişdi. Saraydan uzağa aparılmışdı və o, heç şübhəsiz keşiş olmaq istəyirdi. Çünki 
o,  uşaqlığında  əsl  xristian  idi.  Buna  baxmayaraq  Efesdə,  sonra  isə  Afinada  o,  tarixi 
və  fəlsəfəni  öyrənmişdi.  O,  ellin  ədəbiyyatına  vurulmuşdu  və  351-ci  ildə  gizli 
qaydada  xristian  dininə  dönüklük  etmişdi.  361-ci  ilin  sonunda  təkbaşına  imperator 
olanda,  özünün  bütpərəst  dinini  elan  etdi.  Konstantinin  hökmranlığı  dövründə 
tutulmş  məbədlərin  qaytarılmasını  tələb etdi.  Həm  də  zəifləyən  xristanlığa  doktrina 
müzakirələrini  bərpa  etməyə  imkan  verdi.  Onun  bütərəstliyini  bəzi  tarixçilər 
irrasional mistik və mürəkkəb bir hadisə hesab edirlər. Belə ki, o, Günəşə və Bakirə 
Mariyanın  bütpərəst  ekvivalenti  olan  Kibelanın  şəxsiyyətinə  sitayiş  edirdi.  O, 
sofistlərin  ellinizminə  məftun  idi,  Homerə  və  Platona  pərəstiş  edirdi.  Sonralar 
xristianlar uzun müddət onun barəsində bir antixrist kimi düşünürdülər.  
Yulian  siyasət  aləmində  Antoninlərin  liberal  prinsiplərini  geyri  qaytarmağı 
arzu  edirdi.  O,  özünün  zəhləsi  getdiyi  Diokletian  və  Konstantin  islahatlarından 
əvvəlki  dövrə  qayıtmaq  istəyirdi.  O,  Konstantin  yevnuxlarının  -  hərəm  ağalarının 
terrorizminə son qoydu və sarayda xidmətlərin sayını və xərcləri xeyli azaltdı. O, özü 
isə bir asket, guşənişin həyat tərzi qaydasında yaşayırdı.  
Əyalətlərdə  də  o,  maliyyə  yükünü  yüngülləşdirdi  və  Konstantsi  tərəfindən 
müsadirə  edilmiş  munitsipial  mülkiyyəti  bərpa  etdi.  Digər  tərəfdən  o, 
munitsipialların  həyatına  qədim  şöhrəti  qaytarmaq  üçün  onların  qulluqçularının 
sayını artırdı.  
O, bütpərəst intellektuallara minnətdarlıq hissləri ilə yanaşırdı. Onlar bir qayda 
olaraq həmin ziyalılar idi ki, azad Yunanıstanın keçmişinə vurulmuşdular. Ona görə 
də Ammian Yulianı tarixin mərkəzi qəhrəmanlarından birinə çevirmişdi.  
Trayanın  arzusunu  həyata  keçirmək  məqsədilə  Yulian  Persiyanı  birdəfəlik 
məğlub etmək istəyirdi. Bunun üçün imperiya qüvvələrini hücumçu müharibəyə cəlb 
edib, bütpərəstlik allahları ətrafında milli barışığa nail olmağa can atırdı. Lakin onun 
ordusu  zəif  idi.  Güman  etmək  olar  ki,  bu  ordu  düşmənçilik  ruhunda  olan  böyük 

 
248 
saydakı  xristianlar  tərəfindən  pozulmuşdu.  Parlaq  başlanğıcdan  sonra  o,  Ktesifon 
yaxınlığında  məğlub  edildi  və  bu  vaxt  öz  canını  qaçmaqla  qurtardı.  O,  yuxarı 
Mesopotamiyaya  geri  çəkilməyə  məcbur  oldu.  O,  qaranlıq  qalan  bir  toqquşmada 
yaralandı və 26 iyun 363-cü ildə öldü.  
Tarixçi  Ammian  Martsellin  özünün  "Əməllər"  kitabında  bu  dövrdə  baş  verən 
hadisələri  -  Böyük  Konstantinin  oğlu,  337-361-ci  illərdə  imperator  olmuş  II 
Konstansi  və  taxt-tacda  onu  əvəz  etmiş  əmisi  oğlu  Yulian  dövründə  baş  verən 
hadisələri, Sarmat müharibələrini və perslərlə aparılan müharibələri təsvir edir.  
Kitabda Sasanid persləri ilə döyüşdə ölümcül yara alan Dönük Yulianın ölüm 
səhnəsi,  bu  hadisənin  faciəsi  səviyyəsində  qələmə  alınmışdır.  Yulian  silahsız  at 
üstündə  yolu  öyrənməyə  yollandıqda,  arxadan  hücum  edildiyi  barədə  ona  xəbər 
çatdırdılar.  Bundan  narahat  olub,  o,  əsgərlərinə  köməyə  tələsdi,  lakin  bu  vaxt  ona 
daha  bir  təhlükə  haqqında  xəbər  gəldi.  Onun  bir  az  əvvəl  tərk  etdiyi  irəlidəki 
dəstələrə  də  hücum  edilmişdi.  O,  təhlükəyə  məhəl  qoymayaraq,  qayda  yaratmağa 
cəhd edəndə, Persiya dəstələri digər tərəfdən hücum etdi.  
Fillərlə  hücum  edən  düşmən  qarşısında  sol  cinah  dayana  bilmədi.  İmperator 
döyüşənlərin  önündə  görünəndə  perslər  və  fillər  geri  döndülər,  romalılar  onlara 
arxadan  zərbə  vururdular.  Ehtiyatlılığı  yaddan  çıxaran  Yulian,  qorxudan  qaçan 
düşməni qovmağı haraylayırdı. O, özü də döyüşə atıldı, qaçan kütlə onu ayaq altında 
əzə  bilərdi.  Lakin  bu  vaxt  bir  süvari  nizəsi  imperatorun  qabırğasını  deşib,  qara 
ciyərinə  girdi.  O,  nizəni  əli  ilə  çıxartmaq  istədi  və  bu  vaxt  atdan  yıxıldı.  Onu 
düşərgəyə apardılar  və yaralının müalicəsi ilə həkimlər  məşğul olmağa başladı.  Bir 
azdan  o,  silah  və  at  tələb  etdi  ki,  döyüşə  qayıtsın.  Belə  bir  igidliyi  vaxtilə  Fiva 
sərkərdəsi  Epaminond  göstərmişdi,  o,  miladdan  əvvəl  362-ci  ildə  Mantineya 
yaxınlığındakı  döyüşdə  həlak  olmuşdu.  Ölümcül  yaralanan  Epaminond  hər  şeyi 
unudub,  narahat  qaydada  qalxanını  axtarırdı,  yalnız  onu  yanında  görəndə 
sakitləşmişdi. Axı o vaxtlar qalxanı itirmək ən böyük biabırçılıq hesab olunurdu. Bir 
az sonra aldığı yaralardan o, ölmüşdü.  
İndi imperator da belə hərəkət edəndə onun gücü, iradəsindən xeyli zəif idi, o 
çoxlu qan itirmişdi. O, Frigiyada yaralanmışdı, taleyinə görə ona demişdilər ki, məhz 
həmin yerdə həlak olacaqdır. İmperatoru çadıra keçirdilər. Əsgərlər qəzəbdən böyük 
fədakarlıqla  döyüşürdülər,  düşmən  qılınclarının  üstünə  atılırdılar,  elə  bil  ki, 
sərkərdənin  ölümü  onları  hərbi  xidmətdən  azad  edirdi.  Döyüş  ölüm  və  dirim 
məsələsini  həll  edəndə,  çadırında  uzanan  Yulian  onun  ətrafına  yığılmış  kədərli 
adamlara  müraciət  etdi:  "Dostlar,  təyin  olunmuş  vaxt  gəlib  çatdı  və  mən  vicdanlı 
borclu kimi, əgər təbiət tələb edirsə, ona öz həyatımı verməliyəm. Fikirləşməyin ki, 
bunu mən hüzn və kədərlə edirəm, axı mən ruhun bədəndən yüksək olması barədəki 
başlıca fəlsəfi fikri yaxşı dərk etmişəm və başa düşürəm ki, yaxşı hissə pis hissədən 
aralananda  məyus  olmaq  yox,  sevinmək  lazımdır.  Mən  tam  əminəm  ki,  mənə 
mərhəmət  göstərilmişdir  ki,  mən  ağır  sınaqlarda  əyilməyim,  yıxılmayım  və  özümü 
alçaltmayım, necə ki, mənə təcrübədən məlumdur ki, bütün bədbəxtliklər qorxaqlara 
qalib gəlir, igid adamların qarşısında isə geri çəkilir. Mənə peşimançılıq əzab vermir 
və heç bir ağır əməlimin xatirəsi məni əzmir, axı belə əməli nə mən tanınmayanda, 
nə də artıq imperator olanda etməmişəm. Əksinə, fikirləşirəm ki, ruhumu allahların 
doğma bacısı kimi ləkəsiz saxlamaq mənə müyəssər olmuşdur, axı mülki işləri mən 

 
249 
mülayimliklə idarə etmişəm. Ancaq şəraitə görə müharibəni başlamışam və ya ondan 
imtina etmişəm. Axı müdrik qərar və xoşbəxt nəticə heç də həmişə eyni şey demək 
deyildir,  çünki  uğuru  yüksək  qüvvələr  həll  edir.  Mən  təbəələrimin  faydasını  və 
rifahını,  ədalətli  idarəetmənin  məqsədi  hesab  etmişəm  və  sizə  məlum  olduğu  kimi 
daim  sülhə  can  atmışam.  Öz  hərəkətlərimdə  isə  hər  cür  özbaşınalıqdan  uzaq 
olmuşam,  çünki  özbaşınalıq  işi  korlayır  və  xasiyyətləri  pozur.  Mən  şad  və  məğrur 
gedirəm, dərk edərək ki, mənə hökm edən vətənim məni hansı təhlükələrə göndərsə 
də,  mən  həmişə  möhkəm  dayanmışam  və  təsadüfün  quduz  oyununu  ram  etməyi 
bacarmışam...  Mən  cinayətkarın  ölümü  ilə  ölmürəm,  öz  şöhrətimin  şəfəqində, 
ömrümün yarısında layiqli ölümümü qazanmışam. Axı vaxtından əvvəl ölüm axtaran 
da, vaxtı gələndə ondan qaçan adam kimi eyni dərəcədə qorxaq və ağciyərlidir. Məni 
qüvvəm  tərk  edir,  mən  ölürəm,  ehtiyatlılıqdan  yeni  imperatorun  seçilməsi  barədə 
susuram ki, bilmədən layiq olanı yaddan çıxarmayım və uyğun gələni hesab etdiyimi 
qoyub  başqasına  üstünlük  versələr,  onu  böyük  təhlükədə  qoymayım.  Vətənin 
sədaqətli oğlu kimi arzu edirəm ki, məndən sonra yaxşı hökmdar tapasınız".  
Onun yanında hönkürüb ağlayanlara o, amiranə səslə deyirdi ki, əgər imperator 
günəşlə və ulduzlarla birləşirsə, onun barəsində yas saxlamaq ayıbdır.  
Dönük  Yulian  Konstantinopolda  anadan  olmuş  və  uşaqlıqda  yetim  qalmışdı. 
Onun  atası,  Konstantinin  qardaşı  olan  Konstantsi  idi,  onu  imperatorun  ölümündən 
sonra  başqaları  ilə  birlikdə  taxt-taca  iddia  edənlər  öldürmüşdülər.  Onun  anası 
Vasilina isə kənd əyanları nəslindən idi.  
Onun  müdrikliyi  cavanlığına  baxmayaraq,  axı  o,  31  yaşında  həlak  olmuşdu, 
dillər  əzbəri  idi.  O,  yaşına  görə  yox,  ləyaqətlərinə  görə  yaşlı  görünürdü.  O,  hakim 
kürsüsündə  özünü  yenilməz  iradə  sahibi  kimi  göstərirdi,  həmişə  sərvətə  biganə  idi, 
hesab edirdi ki, könülə malik olan müdrik adama bədəni ilə lovğalanmaq ayıbdır. O, 
daim  heybətli  idi,  lakin  qəddar  deyildi.  O,  bəzi  adamları  cəzalandırmaqla  eyibləri 
cilovlamağı  bacarırdı,  çox  vaxt  qılıncdan  istifadə  etməkdənsə,  onunla  hədələməyə 
üstünlük verirdi. O, öz düşmənlərinə belə güzəşt edirdi.  
O, güman edirdi ki, döyüşçüyə bədənin qüvvəsi lazım olduğu kimi, imperatora 
mənəvi  qüvvət  lazımdır.  O,  sərkərdə  olsa  da,  daim  ön  cərgədə  vuruşurdu.  Onun 
hakimiyyətinin  gücü  o  qədər  böyük  idi  ki,  ondan  hətta  qorxanda  da  onu  çox 
sevirdilər.  O,  hər  cür  çətinliklərə  üstün  gəlirdi,  özünün  mərhəmətli  himayəçisi  olan 
taleyinin  özünü  də  yəhərləyə  bilmişdi.  O,  heç  vaxt  pula  tamahkarlıq  göstərmirdi, 
güman  edirdi  ki,  pullar  öz  sahiblərində  yaxşı  saxlanır.  Bu  vaxt  Böyük  Aleksandrı 
yada  salırdı.  Bir  dəfə  Böyük  Aleksandrdan  onun  sərvətinin  harada  olduğunu 
soruşduqda, o, səmimi qaydada demişdi: "Dostlarımda". 
Yulianın  dövlət  üçün  məhvedici  olan  müharibələrə  başlamaqda 
günahlandırırdılar.  Persiya  müharibəsini  isə  o,  başlamamışdı,  onu  acgöz  Konstantsi 
başlamışdı.  
Yulian  öləndən  sonra  dövlət  adlanan  gəminin  idarə  olunmasını,  tufanda 
sükançısını itirən dənizçilər kimi, bədbəxtliyə düşmüş yoldaşlarından ilk ələ keçəninə 
həvalə etdilər. Çox vaxt dövlətin idarə olunması gəminin idarə olunmasından fərqli 
olaraq bu sahədə heç bir qabiliyyəti və təcrübəsi olmayan adamlara tapşırılır və belə 
sükançının əlində ən sakit dənizdə belə bədbəxt gəmi rahat üzə bilmir. Ona görə də 
bu qaydada idarə olunan dövlət heç vaxt sarsıntılar burulğanından xilas ola bilmir.  

 
250 
Yulianın  varisi  kimi  İovian  ordunun  baş  qərargahı  tərəfindən  seçildi.  O, 
xristian idi, lakin fanatik deyildi. O, Şapurla sülh danışıqları apardı. Bu müqaviləyə 
görə,  Roma  298-ci  ildə  Qalerian  tərəfindən  işğal  edilmiş  ərazilərin  yaxşı  hissəsini 
itirdi.  O,  həmçinin  din  məsələlərində  dözümlülüyü  bərpa  etdi.  İovian  364-cü  ilin 
fevralında faciəli qaydada həlak oldu.  
Baş  qərargah  bir  daha  yenidən  İovian  tək  fərasətli,  vətənpərvər  və  mülayim 
xristian  olan  Pannoniya  zabiti  Valentinianı  yekdilliklə  imperator  seçdi.  Lakin  o, 
hakimiyyəti  ordu  ilə  yarı  bölmək  barədəki  rəqabətdə  güzəştə  getməli  oldu.  Qərbi 
özünə  götürüb,  Şərqi  təcrübəsiz  adam  olan  öz  qardaşı  Valensə  etibar  etdi  və  onu 
Avqust  rütbəsinə  yüksəltdi.  İlk  dövrlərdə  konsulların  seçkisi  istisna  olmaqla, 
imperiya həqiqətən də parçalanmış şəkildə idi.  
Valentinian  kobud  adam  olmaqla,  avtoritar  qaydada  idarəçilik  edirdi.  Onun 
xarici  siyasəti  əla  idi.  Öz  generallarının  köməyi  ilə  Britaniya  və  Afrikada  qiyamları 
yatırtdı.  Ordunun  təchizatını  yaxşılaşdırmaq  və  əla  istehkamlar  yaratmaq  yolu  ilə 
Qalliyanın  himayə  edilməsinin  qayğısına  qalırdı.  Lakin  369-cu  ildən  başlayaraq 
Qalliya  prefekti  Maksiminin  təsiri  altında  o,  hakimiyyətinin  terror  dövrünə  başladı. 
Bu vaxt böyük senator ailələrinə ağır zərbə vurdu.  
Valens  bacarıqsız  və  şübhələnən  adam  olmaqla  Şərqdə  pretorian  prefekti 
Modest kimi leqistlrəin təsiri altına düşdü. Modest Antioxda, təhsil görmüş bütpərəst 
elitanın  sərt  təqibinə  başladı.  Valens  fanatik  arian  idi,  onun  ağılsız  siyasəti  Şərqi 
zorakı dini ehtirasların qurbanı etdi. 376-cı ildə Valens ac kütləyə Frakiyaya girmək 
əmrini  verdi.  Bu  kütlə  nəhayət  Konstantinopolun  özünə  qorxu  yaratdı.  Valens 
Qərbdən  kömək  almaq  üçün  adam  göndərdi.  Lakin  köməyin  gəlib  çıxmasını 
gözləmədən  o,  döyüşə  atıldı  və  378-ci  ildə  Adrianopol  faciəsində  öldürüldü.  Bəzi 
tənqidçilər Roma imperiyasının süqutunun gəlib çıxmasını qabaqcadan bu hadisədə 
gördülər.  
375-ci  ildə  baş  verən  Valentinianın  qəfil  ölümündən  sonra,  Qərb  onun  oğlu 
Qratian tərəfindən idarə olunurdu. Onun 16 yaşı var idi. Hələ 367-ci ildə ona Avqust 
titulu verilmişdi. İntriqaya müvafiq olaraq Pannoniya ordusu Qratianın ögey qardaşı, 
dörd  yaşlı  uşaq  olan  II  Valentinnanı  ləngimədən  imperator  elan  etdi.  Valentinianın 
məsləhətçiləri  edam  edildi  -  Maksimian  senatın  acığına  qurban  verildi,  Böyük 
Teodosi isə şəxsi qısqanclığının qurbanı oldu.  
Qratian liberal prinsipat elan etdi. Onun generalları Dunay üzərində alemanları 
və qotları məğlub etdi, lakin Valensi xilas etməyə gecikdi.  
379-cu  ildə  Qratian  bir  az  əvvəl  edam  edilmiş  generalın  oğlu  Teodosini 
ordunun  qarşısında  Şərqin  imperatoru  elan  etdi.  Teodosi  öz  hərbi  bacarığına  və 
ortodoks xristianlığına görə seçilmişdi.  
Qratian  Trirdən  Milana  gedəndə  Qalliya  və  Britaniya  orduları  öz  liderləri 
Maksimi  383-cü  ildə  imperator  elan  etdi.  O,  Qalliyanı  çətinlik  çəkmədən  işğal  etdi. 
Qratian isə Lionda öldürüldü.  
Maksim  də  Teodosi  kimi  ispan  olmaqla,  müstəsna  dərəcədə  ortodoks  idi  və 
axırıncının  tərəfindən  tanındı.  Elə  həmin  vaxt  üçüncü  Avqust  olan  II  Valentinian 
Pannoniyada  məğlub  olduqdan  sonra  Milanda  sığınacaq  tapdı.  388-ci  ildə  Maksim 
İtaliyaya  gəldikdən  sonra,  əvvəlcə  Valentinianı  qovdu,  sonra  isə  Teodosi  üzərinə 
hücum  etməyə  hazırlaşdı.  Teodosi qaçılmaz  müharibəni  qəbul  edib,  bir  neçə  qələbə 

 
251 
çaldı. Maksim 388-ci ildə Akvileyada öldürüldü, o vaxtdan Teodosi həm Qərbi, həm 
də Şərqi idarə etməyə başladı.  
II  Valentinianın  392-ci  ildə  şübhəli  şəraitdəki  ölümündən  sonra  boşboğaz 
Yevgeni  imperator  elan  edildi.  Teodosi  onu  tanımaqdan  imtina  edəndə,  Yevgeni 
Roma  bütpərəstlərinin  əlinə  verildi.  Lakin  bu  axırıncı  "bütpərəst  reaksiyası"  qısa 
müddətli oldu. 394-cü ildə Frigidiya çayı üstündə Teodosi öz qələbəsi ilə Yevgeninin 
və onun tərəfdarlarının bütün ümidlərinə son qoydu. Teodosinin niyyəti 393-cü ildə 
Avqust elan edilmiş oğlu Honorini Qərbin başında qoymaq idi. Bu vaxt onun böyük 
oğlu  Arkadi  Şərqə  qayıtdı.  Lakin  Teodosi  395-ci  ilin  yanvarında  qəflətən  öldü  və 
imperiyanı bölünməyə məruz qoydu.  
Vacib cəhət ondan ibarət idi ki, Teodosi nəticədə qotların təhlükəsini ləğv etdi, 
bu,  heç  də  risqsiz  bir  iş  deyildi.  O,  sülalə  yaratdı.  Ciddi  ortodoksiya  qoyub  getdi. 
Teodosi öz uğurları üçün həm də ortodoks yepiskopların köməyinə borclu idi.  
İmperator  çox  hallarda  sərkərdə  olmaqla  yanaşı,  həm  ellinist  basileylərin 
(mütləq çarların) varisi, həm də bu vaxt ilahi qüvvə hesab olunurdu. Bütpərəstlər və 
xristianlar onu "allahın mərhəməti ilə imperator" hesab edirdilər. Ciddi götürüldükdə 
bu  imperial  hakimiyyətini  lazımsız  edirdi.  Həmçinin  yalnız  allahın  iradəsi  ilə 
qazanılan hərbi qələbə, qanuni hökmdarı "tirandan" fərqləndirirdi. 
Konstantindən  sonra  inzibatçılıq  desentralizasiya  edildi  və  onlara  nəhəng 
hakimiyyətə malik olan pretorian prefektləri başçılıq edirdi.  
İqtisadiyyat  üç  tipli  idi  və  onlar  qeyri-bərabər  bölünmüşdü:  1)  böyük 
malikanələrin  qapalı  iqtisadiyyatı,  onlar  urbanizasiyasının  zəif  olduğu  az  sayda 
regionda üstünlük təşkil edirdi; 2) dövlət iqtisadiyyatı, burada vergilər, mülki maaşlar 
və hərbçilərin maaşları elə qaydada verilirdi ki, infilyasiyanın xəzinəyə verdiyi ziyanı 
azaltsın;  3)  Daha  geniş  yayılmış  monetar  iqtisadiyyat,  bu,  Konstantin  tərəfindən 
bərpa  edilmişdi,  qızıl  standart  (solidus  və  ya  qızıl  funt)  qiymətlərin  qoyulması,  bir 
sıra  vergiləri  və  xidmətlərin  haqqını  ödəmək  üçün  istifadə  edilirdi.  Müntəzəm 
işlədilən pul isə gümüşlə örtülmüş mis sikkə (nummus) müxtəlif ada və dəyərə malik 
idi.  
Hər şeydən əvvəl Şərqi və Qərbi fərqləndirmək lazım gəlirdi. Qərb tənəzzüldə 
idi,  burada  barbarların  müdaxilə  qorxusu  böyük  idi.  Digər  tərəfdən  Şərq 
müdaxilələrin təsirinə az məruz qalırdı.  
 
 

 
252 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin