Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   ...   14   15   16   17   18   19   20   21   22

SEVERLƏR SÜLALƏSİ 
 
Kommod  öldürüldükdən  sonra,    şəhərin  prefekti  Helvi  Pertinaks  imperator 
oldu. Sadə ailədə doğulmasına baxmayaraq, Senat ona yaxşı hörmət bəsləyirdi. Lakin 
onun özünün ordusu yox idi. O, pretorianlar tərəfindən 193-cü ilin martında, üç aya 
yaxın  hökmranlıq  etdikdən  sonra  öldürüldü.  Çoxlu  sövdələşmələrlə  pozulmuş 
pretorianlar  imperatorluğa  qoca  general  Didi  Yulianın  namizədliyini  irəli  sürdülər. 
General onlara böyük hədiyyələr vəd etmişdi. İmperator hakimiyyətə çıxanda hər bir 
əsgərə hədiyyə verilirdi. Pretorianların hərəkəti əyalət ordularını hiddətləndirdi. Daha 
güclü  hesab  edilən  və  Romaya  daha  yaxın  olan  Dunay  ordusu  193-cü  ilin  mayında 
Septimi Severi imperator təyin etdi. Sever tezliklə özü kimi, öz qoşunları tərəfindən 
dəstəklənən  iki  rəqiblə:  Suriya  leqatı  Pertsenni  Nigerlə  və  Britaniya  leqatı  Klodi 
Albinlə  üz-üzə  gəlməli  oldu.  Septimi  onun  Sezar  olması  ilə  razılaşan  Albini 
müvəqqəti  olaraq  neytrallaşdırdıqdan  sonra,  Nigerə  qarşı  yürüş  etdi.  Nigerin 
qoşunları  Misir  və  Suriyadan  gəlib,  artıq  Vizantiumu  tutmuşdu.  Dunay  legionları 
qalib  gəldilər  və  Niger  194-cü  ilin  sonunda  öldürüldü.  Antiox  və  Vizantium 
mühasirədən  sonra  qarət  edildi.  Septimi  Mesopotamiyaya  müdaxilə  etdi,  çünki 
parfiyalılar Nigeri dəstəkləmişdilər. Lakin bu kampaniya çox sürətlə dayandırıldı.  
Qərbdə  Albin  imperiya  ilə  birlikdən  narazı  qalıb,  özünü  196-cı  ildə  Avqust 
elan  etdi  və  Qalliyaya  müdaxilə  etdi.  Onu  öz  qoşunları,  əhali,  hətta  Romada 
senatorlar  dəstəkləyirdi.  197-ci  ilin  fevralında  o,  öz  paytaxtı  Lion  yaxınlığındakı 
çətin döyüşdə məğlub edildi və öldürüldü. Bu şəhər demək olar ki, viranə qoyuldu. 
Septimi  Sever  imperiyanın  yeganə  ağası  oldu,  lakin  soğunçuluq,  edamlar  və 
müsadirələr acı xatirə qoydu.  
Bir neçə ay sonra, 197-ci ilin yayında o, Parfiya çarı IV Vologezə qarşı ikinci 
Mesopotamiya  kampaniyasına  başladı.  Çar  romalıların  iki  il  əvvəl  işğal  etdiyi 
Nisibisə  hücum  etmişdi.  Septimi  Sever  yenə  qalib  gəldi.  Parfiya  paytaxtları 
Selevkiya və Ktesifona gələrək o, Hatra yaxınlığında məğlub oldu. Lakin 198-ci ildə 
özü üçün faydalı olan sülh bağladı.  
Roma  Mesopotamiyanın  bir  hissəsini,  Nisibislə  birlikdə  saxladı,  yeni  əyalət 
bərabər  qaydada  idarə  olunacaqdı.  Şərqi  təftiş  etdikdən  sonra  imperator  202-ci  ildə 
Romaya döndü. 208-ci ilə qədər vaxtının çoxunu burada keçirdi. Bu vaxt Kaledoniya 
qiyamçılarının  yürüşü  onu  Britaniyaya  yollanmağa  sövq  etdi.  Burada  o,  Hadrian 
səddi  boyunca  üç  illik  kampaniya  apardı.  Septimi  Sever  211-ci  ilin  fevralında 
Eborakum (York) şəhərində öldü.  
Septimi Sever romanlaşmış Tripoli ailəsinə məxsus idi və bir az əvvəl bu şərəfi 
qazanmışdı.  O,  Şimali  Afrikadakı  Peptis  Maqnada  anadan  olmuşdu,  öz  doğma 
torpağında  hökmranlıq  edəndə  yaxşı  hörmət  qazanmışdı.  O,  Emesadan,  mərhum 
keşiş ailəsindən olan suriyalı qadın Yuliya Domnaya evlənmişdi və özünü şərqlilərlə 
əhatə  etmişdi.  Onun  senator  karyerası  da  olmuşdu  və  özünü  səriştəli  general  kimi 
göstərmişdi, lakin hər şeydən əvvəl yaxşı inzibatçı və hüquqşünas idi. Romalılardan, 
italyanlardan və senatorlardan onun xoşu gəlmirdi, ancaq sədaqətli Dunay ordusuna 
arxalanırdı və onu hakimiyyətə məhz həmin ordu gətirmişdi. O, əyalət adamlarına və 
aşağı siniflərə daim hörmət bəsləyirdi. Antoninlərin populyarlığını o, öz xeyrinə qəsb 
etmək istəyirdi, bu məqsədlə özünü Mark Avrelinin oğlu elan etmişdi və öz oğlunu 

 
235 
da Mark Avreli Antonin adlandırmışdı. O, faktiki olaraq ümumiyyətlə fərqli siyasət 
həyata  keçirirdi,  bu  siyasət  kobud,  zorakı,  həm  də  realist  olmaqla,  yeni  sosial 
siniflərə karyera yolunu açırdı.  
Senatın  nüfuzuna  laqeydlik  göstərdiyinə  görə  orada  olduqca  çox  sayda 
düşmənlərə malik idi. O, atlılara rəğbət bəsləyirdi, ordu isə, beləliklə atlı ordeninin 
istixanasına çevrildi və onun bütün diqqətini özünə cəlb etdi. Atlıların komandanlıq 
etdiyi  yeni  yaradılmış  üç  legion  hesabına  hazır  qüvvələrin  sayı  artdı.  Onlardan  biri, 
ikinci Parfiya legionu Roma yaxınlığında yerləşdirildi. Öz hakimiyyəti üçün orduya 
borclu  olduğunu,  lakin  onu  necə  öz  yerində  saxlamağı  bilən  Vespasiandan  fərqli 
olaraq,  Septimi  Sever  müstəsna  problemlərin  mövcudluğunu  nəzərə  alaraq,  hərbi 
monarxiyanın  bir  növünü  yaratmışdı.  Pretorian  kohortları  öz  dərəcələrini  iki  dəfə 
artırdılar.  Pretorian  mühafizəçiləri  imperial  mühafizəçilərə  çevrildilər.  Onların 
içərisində  isə  ən  vacib  element  Dunay  ordusunun  elitası  idi.  Senturionlar  və 
komissiyadan keçirilməmiş rütbələr tribunat əldə edə bilərdi və atlı zümrəsinə daxil 
ola  bilərdi.  Beləliklə,  misal  üçün,  İlliriya  kəndlisi  yüksək  vəzifə  tuta  bilirdi,  bu  isə 
"Sever inqilabının" ən əsas aspektlərindən biri idi. Legionerlərin maaşları artırıldı və 
onlara  daha  tez-tez  hədiyyələr  paylanırdı.  Generallar  əsasən  Suriyada  və  Afrikada 
torpaq alırdı. Əvvəllər Avqust tərəfindən icazə verilməyən qanuni evlənmək hüququ, 
demək olar ki, bütün əsgərlərə verildi. Kəndlilər arasından çıxan ordu artıq imtiyazlı 
kastaya  çevrilməyə  meyl  edirdi.  O,  oğlanlarına  da  "Əsgərlərlə  birgə  varlan!" 
məsləhətini vermişdi və ordunun əhəmiyyətinin getdikcə artdığını nəzərə alaraq, ona 
daha böyük imtiyazlar verirdi.  
Septimi Severin inzibati uğurları böyük əhəmiyyətə malik idi. O, şəhər prefekti 
hakimiyyətinin cizgilərini vermişdi. O, pretorian prefekturasını Papinian kimi birinci 
dərəcəli  hüquqşünaslara  etibar  etdi  və  o,  prokuratorların  sayını  artırdı.  Maliyyə 
vəzifələrinə  afrikalılar  və  şərqlilər  arasından,  idarəetmə  vəzifələrinə  isə  Dunay 
zabitləri sırasından adamlar seçilirdi.  
Bu dövrdə İtaliya nüfuzunu itirdi və özünü digər əyalətlər kimi asılı vəziyyətdə 
gördü. İnzibatçılıq, maaşlar, əsgərlərə hədiyyə verilməsi tədbirləri, həmçinin Romada 
plebeyləri  dəstəkləmək  və  tikinti  aparmaq  üçün  olan  xərclər  məsrəflərin 
yüksəlməsinə gətirib çıxardı və bu, imperatoru məcbur etdi ki, 194-cü ildə denarini 
devalvasiya  etsin.  Pulun  məzənnəsi  isə  əvvəllər  Antoninlər  tərəfindən  qoyulmuşdu. 
Lakin davam edən müsadirələr onun şəxsi sərvətini artırırdı. 
Severin  sosial  siyasəti  əyalətdən  gəlmiş  və  tərkibində  italyanların  faizini 
azaldan  şərqli-afrikalı  və  hətta  misirli  senatorlara  və  yüksələn  atlı  zümrəsinə  xoş 
gəlirdi.  Atlılar  hökmdar  şurasını  öz  hüquqşünasları  ilə  doldururdular.  Antoninlərin 
rəğbət bəslədiyi şəhərlər dövləti xidmətdə inzibatçılıq vasitəsi olmağa getdikcə daha 
çox ümid edirdilər. Varlı dekurionlar - munitsipal şuraların üzvləri maliyyə cəhətdən 
vergilərin yığılmasına cavabdeh idilər və bu məsələyə görə Misirin şəhərləri nəticədə 
munitsipal senata yiyələndilər.  
İmperiya  hakimiyyəti  prinsipatın  ideoloji  cəhətlərinə  əhəmiyyət  verməyərək, 
faktiki  olaraq  orduya  əsaslanırdı  və  öz  qanuniliyini  irsiyyətdə  axtarırdı.  Septimi 
Severin iki oğlu - Karakalla və Geta açıq varislər kimi əvvəlcə Sezar elan edildilər; 
birincinin  196-cı  ildə,  ikincinin  isə  198-ci  ildə  hakimiyyətə  gəlməsi  ilə  Septimi 
Severin hökmranlığının son üç ilində imperiya öz başında üç Avqusta malik oldu.  

 
236 
Septimi  Severin  böyük  oğlu  Karakalla  öz  kiçik  qardaşı  Getanı  öldürdükdən 
sonra,  211-ci  ildən  217-ci  ilə  qədər  hökmranlıq  etdi.  O,  öz  atasının karikaturası  idi: 
zorakı, maniakal, komplekslərlə dolu, üstəlik qəddar və davakar. Ancaq o, atlılardan 
və  hüquqşünaslardan  ibarət  olan  ətrafının  qarşısını  ala  bilmirdi.  Atası  ilə  birlikdə 
onlar  dövləti  idarə  etmişdilər  və  hətta  atasının  hərbi  və  bərabərləşdirmək  siyasətinə 
xeyli dərəcədə köməklik göstərmişdilər. Karakalla ordunun maaşlarını daha da artırdı 
və eyni zamanda bahalı tikinti proqramını həyata keçirməyə başladı. Bu hərəkəti ilə 
o, atasından ona qalan sərvəti qısa müddətdə tükətdi. O, senatorları məcbur edirdi ki, 
ağır təzminatlar versinlər. Vərəsə və qul vəziyyətindən azad olunma vergilərini ikiqat 
artırdı  və  bəzi  hallarda  qızıl  şəklində  təzminat  verilməsini  tələb  edirdi.  Beləliklə  o, 
şəhərin  orta  siniflərini  qarət  etdi.  İnfilyasiyanı  dayandırmaq  üçün  gümüş  dinarilər 
ucuzlaşdı.  O,  yeni  sikkə  yaratdı,  onun  da  real  dəyəri  Mark  Avreli  sikkəsinin 
dəyərində  olsa  da,  ancaq  rəsmi  dəyəri  ikiqat  artıq  müəyyən  edildi.  Elə  bir  şərait 
yarandı ki, monetarist qeyri-stabillik bir neçə vaxtdan sonra yenə təkrar olunacaqdı.  
212-ci  ildə  qəbul  edilən  məşhur  Antoniana  Mülki  Konstitusiyası  imperiyanın 
demək  olar  ki,  bütün  sakinlərinə  vətəndaşlıq  hüququ  verdi.  Bu  qanun  yalnız 
çoxaldılmış  papirusların  hesabına  bu  günə  gəlib  çıxmışdır  və  o  vaxtlar  bir  sıra 
mübahisələr  yaratmışdı.  İmperiyanın  hər  bir  sakini  o  vaxtdan  etibarən  ikili 
vətəndaşlıq  alırdı  -  Romanın  və  həmin  şəxsin  doğulduğu  şəhərin  vıətəndaşlığını. 
Vətəndaşlıq  statusu  öz  əhəmiyyətini  kiçildirdi  və  effektli  olmaq  üçün  bütün 
vətəndaşlar mütləq hökmdarın təbəələri sayılırdı. 
Elə bir ciddi hərbi keyfiyyətlərə malik olmasa da, Karakalla Böyük Aleksandrı 
özünə hami kimi qəbul etmişdi, ona böyük məftunluq göstərirdi və aktiv siyasətində 
onun  qaydasında  hərəkət  edirdi.  O,  Yuxarı  Dunayda  tevton  tayfalarına  qarşı  uğurla 
vuruşmuşdu, onların arasında alemanlar ilk dəfə idi ki, meydana çıxırdı. O, bir sıra 
hallarda  hərbi  əməliyyatları  ağıllı  qaydada  danışıqlar  aparılması  ilə  əvəz  edirdi, 
barbarlara  iri  subsidiya  və  sağlam  valyutada  pul  verirdi.  Belə  hərəkətləri  ilə  o, 
narazılıq yaradırdı. Öz köhnə və bir az əvvəlki qəhrəmanı Trayan kimi, həmçinin öz 
atası  tək  onun  ambitsiyası  Şərqdə  triumf  qazanmağa  istiqamətlənmişdi.  O, 
Ermənistana  müdaxilə  etmişdi,  şimali-qərbi  Mesopotamiyada  Osroeneni  anneksiya 
etmişdi,  buranı  əvvəllər  Septimi  Sever  tərəfindən  götürülmüş  hissəyə  birləşdirdi. 
217-ci ilin aprelində Dəclə üzərinə yürüş vaxtı, öz pretorian prefektlərindən biri olan 
Mark Opelli Makrinin göstərişi ilə öldürüldü.  
Makrin  əsgərlər  tərəfindən  imperator  kimi  qəbul  edildi.  Onlar  öz  sələfinin 
ölümündə  Makrinin  hansısa  rol  oynamasından  hali  deyildilər.  Senatorlar  həvəssiz 
olaraq  atlı  ordeninin  üzvünü  qəbul  etdilər.  Bütün  bunlara  baxmayaraq,  Makrin 
özünün mülayim və barışan adam olduğunu sübut etdi. Lakin sadə mülki adam kimi 
ordu ona nifrət edirdi və antik müəlliflər ona düşmən münasibəti bəsləyirdilər.  
O, parfiyalılarla şərəfsiz sülh bağladı, bu müqaviləyə görə böyük məbləğdə pul 
vermək  hesabına  Mesopotamiya  Romaya  qaldı.  Özünü  populyar  etmək  üçün  o, 
Karakalla vergi artımlarını ləğv etdi və hərbi xərcləri azaltdı. Tezliklə ona qarşı qəsd 
təşkil  edildi.  Septimi  Severin  iki  nəvə  qohumu  öz  anaları,  xüsusilə  də  nənələri 
tərəfindən  inandırıldı  ki,  onlar  imperial  hakimiyyətə  nail  olacaqlar.  Onlardan  biri, 
yaşca  böyük  olan  Bassian  Suriya  qoşunlarına  təqdim  edildi,  onlar  qızılla  satın 
alınmışdılar  və  218-ci  ilin  aprelində  o,  imperator  elan  edildi.  Bir  az  sonra  Makrin 

 
237 
məğlub  edildi  və  öldürüldü,  oğlu  da  atasının  qismətini  dadmalı  oldu.  Makrin  taxt-
taca görə oğlu ilə birləşmişdi.  
Yeni  imperator  Karakallanın  oğlu  kimi  təqdim  edildi  və  onun  Mark  Avreli 
Antonin adını götürdü. O, ancaq Eleqabal adı altında daha yaxşı tanındı. Bu allahın o 
yüksək  keşişi  idi,  nənəsinin  mülayimlik  etmək  barədəki  məsləhətinin  əksinə,  bu 
allahı  ağılsızcasına  tezliklə  romalılara  sırımaq  istədi.  On  dörd  yaşlı  imperator  ağır 
xərclərlə, orgiyalarla, ətrafının pozğun davranışı ilə özünə dərin nifrət qazanmışdı.  
Emesalı Baala (Eleqabala) onun fanatik sitayişi səmimi idi. Lakin o, romalıları 
öz  əndazədən  çıxan  hərəkətləri  ilə  təəccübləndirirdi.  Pretorianlar  onu  222-ci  ildə 
öldürdülər  və  onun  əmisi  oğlu  Aleksianı  imperator  elan  etdilər.  Öncə  Sever 
Aleksandr  adını  götürdü.  Yaxşı  təhsil  görməsinə,  yaxşı  niyyətlər  sahibi  olmasına 
baxmayaraq,  Sever  Aleksandr  anasının  və  nənəsinin  göstərişlərinə  tabe  olmaqla, 
xarakterinin zəifliyini göstərirdi.  
O, senata xoş gələn islahatların tamamlanmış proqramını təqdim etdi. Lakin bu 
islahatlar  heç  də  yada  salınmadı.  Septimi  Severin  vaxtında  olan  kimi  onun 
məsləhətçiləri  də  atlılar  idi.  Pretorian  prefekt  Ulpian  bu  dövrün  ən  görkəmli 
hüquqşünası idi və sülalənin banisinin siyasətinin əsaslarını o, davam etdirirdi.  
İmperiyanın zəifləmiş enerjisinin nəticələri məhvedici oldu. Persiyada 224-cü 
ildə  Arşakidlər  daha  ambitsiyalı  Sasanidlər  sülaləsi  ilə  əvəz  olundu.  Onlar  Şərqdə 
Əhəmənidlərin keçmiş ərazilərini bərpa etmək istəyirdilər. Onların ilk hücumu 232-ci 
il kampaniyası ilə dayandırıldı. Lakin bunun imperatora az dəxli var idi və aralıqdakı 
müddətdə arzu olunmayan nəticə kimi, ordu ondan uzaqlaşdı.  
Romada  223-cü  ildən  başlayaraq  tez-tez  iğtişaşlar  baş  verirdi.  Ulpian 
pretorianlar tərəfindən öldürüldü. Reyn üzərində tevtonlarla vuruşmaq üçün toplaşan 
əsgərlər  bir  daha  yenidən  qiyam  qaldırdılar,  Sever  Aleksandrı  və  onun  anasını 
öldürdülər.  
Frakiyalı Maksimin heç bir çətinlik hiss etmədən 235-ci ilin martında onu əvəz 
etdi. Severlər sülaləsi isə öz sonuna çatdı.  
Karakalla  istisna  olmaqla  Severlər  sülaləsi  incəsənətə  və  ədəbiyyata  qayğı  və 
köməklik  göstərirdi.  Məhz  bu  dövrdə  Romanın  bir  sıra  böyük  hüquqşünasları 
meydana gəlmişdi. Onların sırasına Pavel, 212-ci ildə edam edilmiş Papinian, 223-cü 
ildə  qətlə  yetirilmiş  Ulpian  daxil  idi.  Ulpian  dövlət  apparatının  mülki  başçısı  kimi 
xidmət göstərməklə yanaşı, pretor ediktlərinə və qanunların digər aspektlərinə böyük 
təfsirlər, şərhlər yazırdı. VI əsrdə Yustinian Roma qanunlarını kodifikasiya edəndə, 
onun  "Diqestinin"  üçdə  birini  Ulpianın  yazıları  təşkil  etmişdi,  baxmayaraq  ki, 
Yustiniandan əvvəlki kodekslərdə Papinianın mövqeləri üstün rol oynamışdı.  
Septiminin  arvadı  Yuliya  Domna  öz  bacısı  Yuliya  Mesa  ilə  birlikdə 
idarəetməyə  müstəsna  təsir  göstərir  və  həmçinin  böyük  ədəbi  salonu  dəstəkləyirdi. 
Həkim  Qalen  də  bu  sarayı  şərəfləndirənlərdən  biri  idi.  Romada  Septimi  iri  saray 
tikdirmişdi, onun oğlu isə Karakalla hamamları deyilən tikililəri inşa etdirmişdi. Bu 
dövrdə Suriyada Baalbek məbədləri kompleksinin tikintisi başa çatdırılmışdı.  
Avqustun  islahatları  və  onun  ənənəvi  dini  bərpa  etmək  cəhdləri  dövründən 
keçən müddət ərzində azacıq dini dəyişikliklər baş vermişdi. Kapitoli ilahi qüvvələri 
olan Yupiter, Yunona və Minerva şərəfinə həsr olunan rəsmi mərasimlər bu vaxtadək 
Romanın keşişlər kollegiyası tərəfindən keçirilirdi. II əsrdə kent ölkələri olan Qalliya 

 
238 
və  Britaniyada,  həmçinin  Afrikada  və  Mərkəzi  Avropada  qədim  yerli  kultlar  öz 
intibahlarını  yaşayırdı.  Çox  hallarda  böyük  allahlar  həmçinin  "siyasiləşmiş"  idi. 
Aşağı siniflər, onlara daha çox kömək edən Herkules və Silvan kimi ilahi qüvvələrə 
üstünlük  verirdilər.  Sadə  xurafat,  mövhumat  bu  vaxta  qədər  inkişaf  edirdi.  Hətta 
təhsil  görmüş  siniflər  də  maqiya  ilə  məşğul  olmaqda  heç  bir  tərəddüdlük 
göstərmirdilər.  II  əsrin  filosofu  və  ritoriki  Apuley,  misal  üçün  sehrli  qabiliyyəti 
hesabına varlı dul qadını ələ almaq istədiyinə görə məhkəməyə verilmişdi.  
Severlərin  dövrü  Şərq  dinlərinin  zəfəri  ilə  əlamətdar  oldu  və  bu  vaxt 
sinkretizmə  yönələn  ilk  cəhdlər  edildi.  Sinkretizm  özü  bütün  ilahilər  içərisində  ali 
allaha  meyl  edirdi.  Bu  monoteizmə  doğru  tendensiya  dindarlıq  atmosferinin 
yaranması ilə müşayiət olunurdu.  
I  və  II  əsrlər  ərzində  xristianlıq  yavaş-yavaş  yayılmağa  başladı.  Bizim  eranın 
30-cu  illərində  çarmıxa  çəkilən  İisusun  doktrinası  əvvəlcə  Palestinada  yəhudilər 
arasında  kök  saldı.  Tiberinin  hökmranlığının  sonunda  Müqəddəs  Pavelin  Kiçik 
Asiyadakı  və  Yunanıstandakı  moizələrinin  nəticəsi  kimi  bütpərəstlər  arasında 
xristianlıq  yayılmağa  başladı.  Elə  bu  vaxt  Yerusəlimin,  Aleksandriya  və  Suriyanın 
yəhudiləri arasında xristianlıq tərəqqi etməkdə davam edirdi və tezliklə Osroeneyə və 
Fərat  çayı  üzərindəki  Parfiya  şəhərlərinə  gəlib  çatdı.  Bu  şəhərlərdə  xeyli  yəhudi 
koloniyaları  var  idi.  Ortodoks  yəhudilərdən  "Xristosa"  inam  bəsləyənləri  yatırtmaq 
əvvəlcə Roma hakimiyyətlərinə çətin başa gəlirdi. Xristianlığın ilk tərəfdarları aşağı 
siniflərə məxsus olanlar idi. Bu dinin, iudaizmdən fərqli olaraq milli bağlılığı yox idi. 
Tarixçi Tatsit ikrahla bəyan etmişdi ki, xristianlıqla bağlı olanlar nifrət olunan insana 
bənzərlərdir.  Xristianlar  66-73-cü  illərin  yəhudi  qiyamında  iştirak  etməmişdilər  və 
Flavilərin  dövründə  xristianlıq  bütünlüklə  öz  mənşələrindən  ayrıldı.  Xristianlar 
Misirdən  Qara  dənizə  gəlib,  Vifiniyada  və  Yunanıstanda  görünməyə  başladılar. 
Apostollar  dövrü  başa  çatanda,  kilsə  dövrü  başlandı.  II  əsrdə  xristianlıq 
intellektuallara da gəlib çatmağa başladı.  
Lakin  hakimiyyəti  inandırmaq  məsələsində  xristianlar  uğur  qazana  bilmədi. 
Neronun həyata keçirdiyi ilk təqib kampaniyası bir xüsusi hadisə ilə əlaqədar idi və 
onun  heç  bir  hüquqi  əsası  yox  idi.  Bu  hadisə  isə  64-cü  ildə  Romada  baş  vermiş 
yanğın  idi.  Xristianlıq  konsepsiyasının  cinayət  kimi  qəbul  edilməsi  praktikası 
Flavilər  dövründə  baş  verdi.  Trayan  Vifiniya  valisi  Kiçik  Pliniyə  göstəriş  vermişdi 
ki,  özünü  xristian  elan  edənlərin  hamısı  ilə  sərt  davranılsın, bu  vaxt  onların  hansısa 
bir  cinayət  törətməsinə  ehtiyac  olmamalıdır.  Mark  Avrelinin  dövründə  müəyyən 
çətinliklər  xristianlar  üçün  yeni  problemlər  meydana  gətirirdi.  Xristianlar  dövlət 
allahlarına  və  imperial  kultlara  qurban  verilməsində  iştirak  etməkdən  imtina 
edirdilər.  Şərqdə,  Romada,  Qalliyada  və  Afrikada  xristian  şəhidlər  meydana  gəldi. 
Kommodun  hökmranlığı  onlar  üçün  daha  xoş  idi,  çünki  onun  ətrafının  bir  çox 
üzvlərinin  özü  xristian  və  ya  xristianlara  rəğbət  bəsləyən  idi.  Lakin  bu  qısa  müddət 
davam  etdi.  Septimi  Sever  ilk  ardıcıl  təqibləri  başlatdı.  Karakalla  dövründə  şərait 
nisbətən sakitləşdi və kilsə tərəqqi etməyə başladı.  
 

 
239 
SİYASİ XAOS VƏ İMPERİYANIN PARÇALANMASI DÖVRÜ 
 
Sever Aleksandrın ölümündən II Klavdi Qotikə qədər olan dövr uzurpatorlarla 
və barbar müdaxilələri ilə əlamətdardır. Germanlara qarşı cəsarətlə döyüşmüş, lakin 
senata  və  təhsil  görmüş  kübarlara  qarşı  düşmənçilik  nümayiş  etdirən  frakiyalı 
Maksimindən  sonra,  Afrikanın  varlı  torpaq  sahiblərinin  qiyamı  nəticəsində 
Qordianlar  hakimiyyətə  gəldi.  Əvvəlcə  mülki  imperatorlar  olan  Papien  və  Balbin 
birlikdə  taxt-taca  çıxdılar.  Sonra  III  Qordian  adlı  gənc,  öz  qayınatası,  pretorian 
prefekti  olan  Timesiyə  arxalanaraq  imperator  oldu.  O,  öz  əsgərləri  tərəfindən 
öldürüldü. Persiyalılara qarşı kampaniya vaxtı onun yerini əvvəlcə Ərəb Filip, sonra 
isə Detsi tutdu. Onların hər ikisi ordunun nümayəndəsi idi. Detsi Roma ənənələrini 
bərpa  etməyə  cəhd  etdi  və  xristianları  təqib  etdi.  Lakin  251-ci  ildə  Qara  dəniz 
yaxınlığındakı  döyüşdə  qotlar  tərəfindən  öldürüldü.  253-cü  ildən  268-ci  ilədək  iki 
Roma  senatoru  -  Valerian  və  onun  oğlu  Qallien  hökmranlıq  etdi.  İqtisadi  qeyri-
sabitlik, imperator hakimiyyətinin böhranı ilə daha da dərinləşirdi. İmperatorlar çox 
tez-tez  dəyişilirdi,  taxt-taca  çoxlu  iddiaçıların  meydana  gəlməsi,  onların  arasında 
hakimiyyət üstündə kəskin mübarizəyə səbəb olurdu. Bütünlükdə isə bunların hamısı 
imperiyanın zəifləməsinə gətirib çıxarırdı və nəticədə imperiya eroziyaya uğrayırdı, 
parçalanırdı, tədricən dağılırdı.  
256-cı  ildə  imperator  Valerian  tərəfindən  edam  edilmiş,  xristian  icmasının 
yepiskopu Kiprian yazırdı ki, quldurlar yolları tutmuş, dəniz quldurları tərəfindən isə 
dənizlər bağlanmışdır. Hər yerdə müharibədir, hərbi düşərgələrdir, qanlı dəhşətlərdir. 
Bütün dünya, qarşılıqlı qaydada tökülən qanlarla suvarılır və insan qətli, yalnız ayrı-
ayrı adamlar tərəfindən həyata keçirildikdə cinayət hesab olunur, əgər bu açıq şəkildə 
həyata  keçirilirsə  igidlik  adlanır.  Xətalara  görə  cəzasızlıq,  təsirsizliyə  görə  deyil, 
cinayətin  dəhşəti  ilə  təmin  edilir.  Cinayəti  nəinki  edirlər,  həm  də  onu  etməyi 
öyrənirlər. Cinayət qanunlar qarşısında baş verir, hüquqlar tapdalanır. Hətta müdafiə 
olunmalı  yerdə  belə,  təqsirsizlik  qorunmur.  Bir  insan  bədəninə,  onun  orqanlarının 
sayından çox cəza tətbiq edilir. Hakimlər hökmləri ilə alver edirlər. Kim ki cinayətin 
qarşısını almalıdır, o, özü cinayət edir, günahsız müttəhimi məhv etmək üçün hakim 
özü də günahkar olur. Qanun qarşısında heç bir qorxu yoxdur. Nə satıla bilirsə, o da 
qorxu təlqin edir. 
Valerian xristianların təqibini canlandırdı, lakin məhvedici kampaniya vaxtı o, 
persiyalılar tərəfindən əsir götürüldü və elə əsirlikdə də 260-cı ildə öldü. Onun oğlu 
sonra təkbaşına hökmranlıq etdi. Çox sayda müdaxilələrlə və bir neçə uzurpatorlarla 
qarşılaşdı. Qallien daim Reyn və Dunay arasında hərəkət edirdi. 262-ci ildə Milanda, 
267-ci  ildə  Nestusda  parlaq  qələbə  çalmışdı.  Lakin  Pannoniya  ordusu  ona  qarşı  bir 
neçə  rəqib  qaldırmışdı.  Başı  qalları  himayə  etmək  üçün  franklara  və  alemanlara  və 
Şərqi  himayə  etmək  üçün  isə  persiyalılara  qarşı  mübarizəyə  çox  qarışdığından  o, 
proterian  prefekti  Mark  Kassian  Postumun  başçılığı  altında  Qalliya  imperiyasının, 
Odenatın başçılığı altında Palmira çarlığının formalaşmasına dözməli oldu.  
Qallienin  bəzi  islahatları  gələcəkdən  xəbər  verirdi.  Senatorlar  praktiki  olaraq 
ordudan  xaric  edildilər.  Atlılar  komandanlığın  və  əyalət  canişinliyinin  əksəriyyətini 
ələ  keçirdilər.  Ordunun  təşkilinə  gəldikdə  yeni  ordu  korpusları,  xüsusilə  də  güclü 
süvari  dəstəsi  yaradıldı.  Atasının  ölüm  xəbəri  münasibətilə  o,  xristianların  təqibinə 

 
240 
son qoydu, yeni dinlə mübarizəni intellektual müstəviyə keçirdi, ideya mübarizəsinə 
yol açdı.  
Bu  tədbirlərinin  sonu  kimi  o,  qədim  yunan  kultlarına  vuruldu.  Ümumilikdə 
həmin təşəbbüslər, xüsusən vətənpərvər senatorlar və Pannoniya generalları arasında 
onun düşmənlərinin sayını artırdı.  
Qallien  Milanda  olanda  uzurpator  Avreol  onu  mühasirəyə  aldı,  bu  vaxt  o, 
özünün  qərargah  başçısı  tərəfindən  öldürüldü.  Həmin  adam  268-ci  ildə  özünü  II 
Klavdi  elan  etdi  və  İlliriya  imperatorlarından  birincisi  oldu.  Yeni  imperator 
alemanlara  qarşı  Qarda  gölü  üstündəki  döyüşdə  böyük  qələbə  çaldı  və  269-cu  ildə 
Naissdə  qotları  darmadağın  etdi.  Lakin  o,  270-ci  ildə  taun  xəstəliyindən  öldü.  Bu 
fəlakətli  dövr  imperiyanın  bir  qüsuruna  -  hakimiyyətə  yüksəlmənin  qanuni 
prinsiplərinin  olmamasına  və  ordunun  siyasətdə  ağalıq  etməsinə  işıq  saldı.  Güclü 
prinsipat  yaratmış  quruluşlar  zəiflədi  və  imperiya  bu  vaxt  dərin  islahatlara  ehtiyac 
hiss  edirdi.  Lakin  bu  islahatları  həyata  keçirmək  üçün  də  imperiyanın  özü  çox  zəif 
idi.  
Barbar  müdaxilələri  də  getdikcə  fasilə  vermirdi.  Qotlar  şərqi  germanlar  olub, 
indiki  İsveçdən  gəlmişdi  və  onlar  da  vandalların,  burqundiyalıların  arxasınca 
getdilər.  Onların  cənuba,  Qara  dənizə  tərəf  yürüşləri  markomanları,  kvadiləri, 
sarmatları Mark Avreli dövründə mövcud olan Roma sərhədlərinin içərisinə atmışdı. 
Onlar  238-ci ildə Qara dəniz  üstündəki yunan şəhərlərinə hücum  etmişdilər. 253-cü 
ildən başlayaraq Krım qotları və herulilər meydana çıxdı, onlar Qara dəniz və Egey 
dənizi  sahillərini,  xüsusən  də  bir  sıra  yunan  şəhərlərini  qarət  etdilər.  267-ci  ildə 
tarixçi  Deksippin  təşkil  etdiyi  möhkəm  müdafiəyə  baxmayaraq,  Afina  tutuldu  və 
qarət edildi.  
Lakin Dunayın orta axınındakı ölkələr bu vaxtadək markomanların, kvadilərin, 
sarmatların  və  azad  Dakiya  karpilərinin  təzyiqi  altında  idi.  İnadkar  müqavimətə 
cavab  olaraq  Dakiya  tədricən  qarət  edildi.  Valerian  əsir  götürüldükdə,  Pannoniyada 
ciddi təhlükə yarandı.  
Qərbdə müdaxilələr xüsusi zorakılıqla müşayiət olunurdu. Germanlar və qallar 
Şimal dənizi sahilində birləşmiş frank tayfaları tərəfindən, Orta və Yuxarı Reyndə isə 
alemanlar  tərəfindən  geri  oturdulmuşdular.  Ağır  vəziyyətdə  döyüşən  Qallien 
qoşunları  öz  müdafiələrini  Mayntsın  və  Kölnün  ətrafında  mərkəzləşdirmişdilər. 
Lakin  Pannoniyadakı  uzurpatorlar  onların  bir  nəticə  əldə  etmələrinə  imkan 
vermədilər.  259-260-cı  illərdə  alemanlar  artıq  romalıların  itirdiyi  Qara  meşə 
ətrafındakı  ərazidən  keçərək  gəldilər.  Alemanların  bir  çoxu  İtaliyaya  girmək  üçün 
Alp  keçidlərinin  böyrü  ilə  hərəkət  etmişdilər.  Digərləri  qallara  hücum  etmişdilər, 
ölkənin  şərq  hissəsini  viranəyə  döndərmişdilər.  Onlar  Roma  vadisindən  keçərək 
Aralıq dənizinə çıxdılar, bəzi dəstələr hətta İspaniyaya girmək üçün hərəkət etdilər. 
Burada  onlar  franklara  qoşuldular  -  onların  çoxu  gəmilərdə  Şimal  dənizindən 
gəlmişdilər, - buna qədər isə Qalliyanın qərb sahillərini qarət etmişdilər. Onlar böyük 
çaylarla üzərək İspaniyaya çatdılar və sonra Cəbbəlütariq boğazını keçib Mavritaniya 
Tingitanasına doğru irəlilədilər.  
Qallien  aldanaraq  özü  qallara  inandı,  gənc  oğlu  Solonini  isə  Postuma  etibar 
etdi.  Axırıncı  Solonini  öldürdükdən  sonra  özünü  imperator  elan  etdi.  Bir  sıra  hərbi 
müdaxilələr  xalqı  elə  qorxutmuşdu  ki,  onlar  yeni  imperatoru,  hətta  İspaniyada  və 

 
241 
Britaniyada  qəbul  etməyə  hazır  idilər.  Postum  özünü  əvvəlcə  ölkənin  müdafiəsinə 
həsr etdi və nəticədə qanuni imperator hesab olundu. O, özünü Qallienin rəqibi kimi 
aparırdı, həm də onu məhv etmək üçün etdiyi cəhdlər heç bir nəticə vermədiyindən, 
Qallien ona dözməli oldu.  
Postum ölkəni mülayimliklə idarə edirdi və yaxşı Roma dəbinə uyğun olan əla 
sikkələr  buraxdı.  Lakin  o  da  öz  əsgərləri  tərəfindən  öldürüldü,  onun  varislərinin 
hökmranlığı isə 274-cü ilə qədər davam etdi.  
Şərqdəki sərhədlər isə Hadrian tərəfindən Fəratda qoyulmuşdu. Hələ Neronun 
dövründə,  romalılar  Ermənistan  çarları  üzərində  nəzarəti  əldə  etmişdilər, 
Karakallanın  dövründə  isə  onlar  Oskoeneni  və  Yuxarı  Mesopotamiyanı  anneksiya 
etdilər.  Parfiya  imperiyası  zəif  idi  və  bir  çox  hallarda  çətinliklərlə  üzləşirdi.  Lakin 
Sasanidlər  daha  təhlükəli  idilər.  241-ci  ildə  ambitsiyalı  təşkilatçı  və  dövlət  xadimi 
olan I Şapur taxt-taca çıxdı. Onun məqsədi İran torpaq sahiblərini bir xəttə düzməyə 
nail  olmaqla  və  zoroastrizm  dinini  himayə  etməklə  imperiyanı  birləşdirmək  idi.  O, 
həmçinin  manixeylərə  də  dözürdü,  xristianların  və  yəhudilərin  təqibinə  son  qoydu. 
Bu hərəkətləri ilə həmin icmaların rəğbətini qazandı. 252-ci ildə onun komandanlığı 
altında  olan  böyük  ordu  ilə  Şapur  Ermənistan  çarının  taxt-tacına  Artavazdı 
yerləşdirdi.  Mesopotamiyaya  hücum  edib  Nisibisi  tutdu.  256-cı  ildə  onun  irəliyə 
çıxmış qoşunu Kappadokiya və Suriyanı tutdu, Antioxu qarət etdi.  
Valerian 259-cu və ya 260-cı ildə əməliyyat vaxtı məhz Şapur tərəfindən əsir 
götürüldü.  Mesopotamiya  itirildi  və  Roma  Fərata  doğru  geri  atılmağa  məcbur  oldu. 
Kappadokiya,  Kilikiya  və  Suriya  yenə  də  qarət  edildi  və  Antioxda  marionet, 
imperator taxt-tacına oturduldu. Lakin bu qələbələr ötüb keçən idi. Kappadokiya və 
Kilikiyada  müdafiə  təşkil  olundu  və  Palmira  hökmdarı  Odenat  Şapuru 
təəccübləndirərək,  onun  arxasından  İrana  hücum  etdi.  Odenat  öz  mənafeyi  naminə 
hərəkət edirdi. O, persiyalılara qarşı vuruşmaqda davam edirdi. "Şahənşah" titulunu 
almışdı.  Romalılar  Şərqin  müdafiəsini  rəsmi  qaydada  ona  etibar  edirdilər,  bir  sözlə 
əyalətlərin  idarə  olunmasını  da  ona  vermişdilər.  Beləliklə,  Palmira  "çarlığı" 
Kilikiyadan  Ərəbistana  qədər  uzanırdı.  O,  Qallienlə  əlaqəsi  davam  edərkən  267-ci 
ildə  öldürüldü.  Onun  dul  qadını  Zenobiya  öz  ərinin  titullarını,  onların  oğlu  olan 
Vaballata  verdi.  Sonra  Qallienin  və  II  Klavdinin  ölümlərindən  faydalanmaq 
məqsədilə,  270-ci  ildə  Zenobiya  öz  qoşunları  ilə  Misirə  və  Kiçik  Asiyanın  bir 
hissəsinə  müdaxilə  etdi.  Bu  müdaxilə  Roma  ilə  əlaqələrin  qırılmasına  səbəb  oldu. 
271-ci  ildə  Vaballat  imperator  Sezar  Avqust  elan  edildi.  Şərq  əyalətlərinin  örtülü 
separatizmi,  heç  şübhəsiz  bəzi  kommersiya  faydaları  gətirməklə,  elə  bir  çətinlik 
olmadan Palmira ağalığını qəbul etməyə imkan verirdi. 272-ci ildə Avreli tərəfindən 
birlik bərpa edildi. Lakin Mesopotamiya itirildi və Fərat imperiyanın yeni sərhədinə 
çevrildi.  
Qallienin  hökmranlığının  sonunda  müdaxilələr  və  vətəndaş  müharibələri 
iqtisadi və sosial böhranın nə qədər ciddi olduğunu göstərdi. Bir çox regionlar viranə 
qoyulmuşdu, bir sıra mühüm şəhərlər qarət edilmiş və dağıdılmışdı. Şimali İtaliyada 
Qalliya  Tsizalpinin  özü  alemanlar  tərəfindən  darmadağın  edilmişdi.  Baş  verən 
dəyişikliklər  quruda  və  dənizdə  quldurluğu  artırmışdı.  Taun  xəstəliyi,  ordular 
tərəfindən  Şərqdən  gətirilərək  250-ci  və  270-ci  illər  arasındakı  iki  onillik  ərzində 
əraziləri viranə qoymuşdu. Bunlar əhalinin sayının azalmasına səbəb oldu, bunun nə 

 
242 
qədər  ciddi  olduğunu  qiymətləndirmək  də  mümkün  deyildi.  Bütünlükdə  imperiya 
dilənçi  vəziyyətinə  salınmışdı,  baxmayaraq  ki,  bir  sıra  əyalətlər,  Afrika,  Britaniya, 
Pannoniya, Asiya və Suriya kimiləri əsr boyu inkişaf etməkdə davam edirdi.  
Munitsipial  idarəetmə  atrofiyaya  uğramışdı,  şəhərlər  özünü  dar  divarların 
arxasında  gizlətmişdi.  Londondan  Vizantiuma  gedən  və  Boloniyadan,  Kölndən  və 
Dunaydan  keçən  baş  ticarət  yolu  nəinki  təhlükəsiz  deyildi,  hətta  çox  vaxt  keçilən 
deyildi. Şapurun gətirdiyi məğlubiyyətlər və Palmiranın hakimiyyətə iddiaları Şərqlə 
və  Uzaq  Şərqlə  karvan  ticarətinin  sürətini  yavaşıdırdı.  Ancaq  Qərbdə,  İspaniya  və 
Narbonna  ilə  İtaliya  arasındakı  kommersiya  fəal  qaydada  davam  edirdi.  Afrika 
Ostiya,  Roma,  Misir  və  Suriya  ilə  əlaqələrini  kəsmirdi.  Kənd  təsərrüfatı  və 
sənətkarlıq  məhsulları  təhlükəsizlik  olmaması  ucbatından,  hərbi  müsadirələrdən  və 
təzyiq göstərən inzibatçılıq sui-istifadələrindən əziyyət çəkirdi. İmperiya mühasirəyə 
alınmış istehkama bənzəyirdi.  
Kommoddan  sonrakı  imperatorlar,  hamıdan  əvvəl  Septimi  Sever  mövcud 
təhlükədən  hali  idi.  O,  maddi  resursları  müsadirə  edir,  adamları  dövlətə  xidmət 
göstərməyə  səfərbər  edirdi.  Munitsipallar  və  korporasiyalar  vergilərin  ağırlığından 
iflasa  uğrayırdı.  Liberalizm  barədəki  əvvəlki  imperiya  sisteminə  son  qoyulmuşdu. 
Sonrakı imperiya hərbi diktaturadan başqa bir şey deyildi.  
Senatorlar  nüfuzunu  itirmişdi,  beləliklə,  atlılar  aparıcı  sinif  olmuşdu.  Onlar 
dövlət inzibati idarəçiliyini tutmuşdular. Mühüm idarələrə başçılıq edirdilər, maliyyə 
və  vergilərə  isə  nəzarəti  həyata  keçirirdilər.  III  əsr  ərzində  ordu  imperiyanın 
barbarlara qarşı dayağı olmaqla imperial hakimiyyətin qoruyucusu və sosial irəliləyiş 
üçün mexanizm idi.  
II  Klavdinin  gözlənilməz  ölümündən  sonra  imperiya  270-ci  ildən  284-cü 
ilədək bir sıra "İlliriyalı" imperatorlar tərəfindən idarə olundu. Onlar yaxşı generallar 
olmaqla  yanaşı,  fərasətli  yollarla  tarazlığı  bərpa  etməyə  çalışırdılar.  Onlardan  ən 
görkəmlisi  Avrelian  idi,  onun  ləqəbi  "Əli  silahda  olan"  idi.  Onun  birinci  vəzifəsi 
İtaliyanın  şimalında  tez-tez  təkrar  olunan  german  müdaxiləsinin  qarşısını  almaq  və 
onu  geri  atmaq  idi.  O,  ilk  dəfə  Alp  əyalətlərinə  və  Şimali  İtaliyaya  müdaxilə  etmiş 
alemanlar  və  yutunqilər  üzərində  çətinliklə  qələbə  qazanmışdı.  O,  panikanı 
yatırtmaqla  Roma  sakinlərinin  sevincinə  səbəb  olmuşdu,  şəhərin  ətrafına  Avrelian 
səddi adlanan hasar tikməyə başlamışdı. Palmiraya yürüş etməmişdən əvvəl, Dunay 
əyalətlərindən  keçərkən,  Dakiyanı  nizamlı  qaydada  evakuasiya  etməyi  qərara  aldı. 
Bura  Qallien  dövründən  barbarların  işğal  etdiyi  müdafiə  olunmayan  region  idi. 
Şərqdə  isə  o,  Zenobiya  qoşunlarına  asanlıqla  qalib  gəldi  və  272-ci  ildə  Palmiranı 
tutdu.  Bir  az  sonra,  varlı  tacirlərin  təhriki  ilə  Misirdə  üsyan  qalxdı.  Bu  tacirlər, 
əhalinin  əksər  hissəsi  kimi  Palmira  çariçasının  tərəfdarları  idi.  Buna  cavab  olaraq, 
Avrelian ikinci kampaniya başladı. Palmiranı və tabe olan Aleksandriyanı qarət etdi. 
Böyük karvan şəhərinin viranə qoyulması ilə birlikdə, bu bədbəxtliklər Şərqdə Roma 
ticarətini  xeyli  geri  atdı.  O,  həmçinin  dövlətdə  intizamı  bərpa  etdi,  inflyasiyanı 
dayandırmağa cəhd etdi.  
Onun  varisi  ilk  dəfə  olaraq  senat  tərəfindən  seçildi,  burada  ordunun  tələbi  və 
iradı  olmadan  keçinilmədi.  Lakin  yaşlı  senator  olan  Tatsit  yalnız  bir  neçə  ay 
hökmranlıq etdi. Ondan sonra digər İlliriya generalı Prob istehkamlanmış imperiyanı 
vərəsə  kimi  qəbul  etdi.  O,  Palmirada  çətin  döyüş  aparmağa  məcbur  oldu.  Bu  ciddi 

 
243 
müdaxilə  275-277-ci  illərdə  baş  verdi.  Sonra  Prob  iqtisadi  bərpa  işləri  ilə  məşğul 
oldu.  Əhalinin  azalmasının  qarşısını  almaq  üçün  böyük  sayda  barbar  qotları, 
alemanları  və  frankları  imperiyaya  gətirdi  və  Qalliya  torpaqlarında  və  Dunay 
əyalətlərində məskunlaşmağa icazə verdi.  
282-ci  ildə  Prob  əsgərləri  tərəfindən  qətlə  yetirildikdən  sonra  Kar  imperator 
oldu  və  vaxt  itirmədən  öz  oğlanları  olan  Karin  və  Numerianı  özünə  qoşdu.  Kar  və 
Numerian  persiyalılara  qarşı  qalibiyyətli  kampaniyada  vuruşdular.  Lakin  məlum 
olmayan şəraitdə öldülər. Qərbdə qalan Karin sonralar Diokletian tərəfindən məğlub 
edildi və öldürüldü.  
235-284-cü  illər  çox  hallarda  "Barak  imperatorları"  dövrü  adlanır.  Bu 
imperatorlar  bir  qayda  olaraq  orduların  istəyinin  və  rəqib  generalların 
ambitsiyalarının  qurbanları  olurdular.  İddiaçılar  və  yerli  hökmdarlar  müstəsna 
olmaqla, bu dövrdə 12 imperator gəlib keçdi və nəhayət Dalmatiyada anadan olmuş 
Avreli  Valeri  Diokletian  284-cü  ildə  imperatorun  tünd  qırmızı  rəngli  plaşına  sahib 
oldu. O, özünün sonuncu müxaliflərini elə sonrakı ili uzaqlaşdırmağa müvəffəq oldu. 
Diokletianla "Axırıncı Roma imperiyası" adlanan dövr başlandı.  
 
 

 
244 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin