ŞİRİn bünyadova



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix14.01.2017
ölçüsü3,55 Mb.
#5121
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

SÜNNƏT 
Azərbaycan xalqının etnoqrafik irsinin öyrənilməsində ailə mə-
sələləri  mühüm  rol  oynayır.  Xüsusən  uzun  zamanlardan  bəri  icra 
olunan  müxtəlif  adətlər  zaman  keçsə  də,  yaşamaqda  davam  edir. 
Ailədə  oğlan  uşağının  olması  daha  çox  arzu  edilən  hal  olmuşdur. 
Azərbaycan  ailələrində  oğlan  uşağı  anadan  olduqdan  sonra  onun 
sünnət  olunması  orta  əsrlərdə  əsas  adətlərdən  biri  sayılırdı.  Ümu-
miyyətlə,  sünnət  bir  adət  halını  almış,  uşaqlara  ya  lap  körpəlikdə, 
yaxud da bir qədər böyüdükdən sonra tətbiq olunurdu. Sünnət adəti 
müsəlman əhalinin nəinki qədim dövrlərdə, elə indi də etməsi vacib 
sayılan  davranışlarındandır.  Hər  bir  ailədə  oğlan  uşağı  olduqda  və 
zamanı gəldikdə onun sünnət olunması qayğısına qalırlar. Bu da öz 
növbəsində bir sıra ayinlərin icra olunmasını zəruri edir. 
Məlum olduğu kimi, sünnət etmə adəti hələ islama qədər müx-
təlif  xalqlar  arasında  yayılmışdı.  Bu  barədə  yazılı  məlumat  e.ə.  V 
əsr  yunan  tarixçisi  Herodotun  «Tarix»  əsərində  də  öz  əksini  tap-
mışdır. Deməli, bu onu göstərir ki, sünnət qədimlərdən mövcud olan 
bir adətdir. Bu barədə Herodot yazır: «yalnız misirlilər və bu adəti 
onlardan mənimsəyən xalqlar sünnət edirlər». Müəllif bunu onların 
təmizlik üçün etdiklərini də söyləyir (2, 91). Sünnətin tarixini istər 

 
237 
 
ölkəmizdə və istərsə də, dünya xalqlarında tam dəqiqliklə müəyyən-
ləşdirmək mümkün olmasa da, qədim Misir piramidalarında tapılan 
mumiyaların sünnətli olduğu məlum olmuşdur. Bu da sünnətin hələ 
e.ə.  6000  il  əvvəllərə  gedib  çıxdığını  söyləməyə  əsas  verir. 
Misirlilərlə bərabər, babillilər də sünnət edilmişlər (3).  
Orta əsr mənbələrində az da olsa, sünnət adəti barədə müəyyən 
qeydlər vardır. Məsələn, orta əsr müəllifi Şihab əd-din Məhəmməd 
ən-Nəsəvi  Şirvanşahın  öz  oğlunu  sünnət  etdirdiyini  qeyd  edir  (1, 
222). Fəzlullah ibn Ruzbihan Xunci «Tarix-i aləm-arayi əmini» əsə-
rində oğlu olmuş hökmdarın (Yaqubun) Təbrizdə böyük şənlik (toy) 
keçirdiyini söyləyir və sonra sünnət mərasimi (toy) zamanı hədiyyə-
lər  gətirildiyini  qeyd  edir  (11,  66;74).  Təsadüfi  deyildir  ki,  Azər-
baycan xalqı arasında sünnət mərasimi həm də kiçik toy adlanır. 
Sünnət adəti barədə Füzuli yazır: 
 
Çün surət ilə dönüb zəmanə
On yaşinə yetdi ol yeganə; 
Atasına müqtəzayi-adət 
Fərz oldu ki, onu edə sünnət. 
Cəm etdi əhaliyi-diyari
Hər sahibi–izzü etibari (6, 53). 
 
Buradan məlum olduğu kimi, on yaşına çatmış uşaq sünnət olu-
nurdu. Maraqlıdır ki, bu yaş oğlan uşağının nisbətən böyük olduğu 
bir vaxtdır. Bu şer parçasından aydın olur ki, sünnət zamanı böyük 
mərasim təşkil olunur və buraya çoxlu qonaqlar dəvət olunur. 
Xaqani yaradıcılığında da sünnət haqqında deyilir: 
Onunla bir işə başlasan, gərək 
Sən uşaq olasan, o isə dəllək. 
Əvvəlcə o qoyar ağzına şəkər, 
Sonra bədənindən bir parça kəsər (4, 268). 
 

 
238 
 
Göründüyü kimi, uşaqların sünnət zamanı başını qarışdırmaq və 
ağrını  unutdurmaq  məqsədilə  onlara  şəkər  verir,  sonra  isə  əməliy-
yata başlayırdılar.    
XVII  əsr  Azərbaycan  şairi  Məsihi  sünnətin  doqquz  yaşına 
çatmış oğlanlara edildiyini belə qeyd edir: 
 
Doqquz yaşa ta yetirdilər sal, 
Pəs ol güli-baği-cahü miknət, 
Meyl eylədi oğlun edə sünnət. 
Cəm etdi əazimü əali
Yığdurdu əfaximü əhali.  
 
Müəllif  hətta  sünnətlə  əlaqədər  bir  həftə  ziyafət  verildiyini  də 
sözlərinə əlavə etmişdir (16, 51-52). 
Tibb elmi müasir dövrdə də fimoz olmuş körpə oğlan uşaqlarına 
sünnət  edilməni  vacib  sayır.  Bu  baxımdan  da  zəruri  tibbi  göstəriş 
olarsa,  həmin  xəstəlik  zamanı  körpə  yaşlı  çağaları  belə  sünnət  et-
mək olar. Nəzərə almaq lazımdır ki, ibtidai cəmiyyətdə də yetkinlik 
çağına  çatmış  oğlanlara  təqdis  mərasimi  zamanı  sünnət  edilməsi 
tarixdən məlumdur. Maraqlıdır ki, bu əməliyyat yetkinlik yaşına qə-
dəm qoyan oğlanlara onların fiziki dözümlülüyünü yoxlamaq məq-
sədilə  tətbiq  edilirdi.  Bu  adət  ibtidai-icma  quruluşunda  yaşayan 
müxtəlif  tayfalarda  icra  olunmuşdur.  Sonrakı  dövrlərdə  də  bir  sıra 
xalqlarda qalmışdır və xüsusən müsəlmanlarda onun icrası zərurətə 
çevrilmişdir.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  müsəlman  olmayan 
xalqlarda, məsələn yəhudilərdə də sünnət adəti hələ də mövcuddur.  
Aydındır ki, uşağa qarşı bu cür davranış ana və ata üçün daxilən 
bir  ağırlıq  gətirir.  Onun  icrası  valideynlərdə  təbii  olaraq  daxili 
həyəcan doğurur. Lakin buna baxmayaraq, adət halını aldığına görə 
insanların  şüurlarında  elə  yerləşmişdir  ki,  heç  kəs  bu  adətə  qarşı 
çıxmır  və  etiraz  belə  etmir.  Əksinə,  zamanı  gəldikdə  valideynlər 
özlərində  lazımi  cəsarəti  tapırlar.  Ətrafdakılar  tərəfindən  o  qədər 
təsirlər  olur  ki,  hətta  sünnət  olunmayanlar  müsəlman  kimi  qəbul 
edilmir.  Bu  fikir  kökündən  yanlışdır.  Belə  ki,  yuxarıda  da  qeyd 

 
239 
 
etdiyimiz  kimi  islama  qədər  də  bu  adət  mövcud  olmuşdur.  Orta 
əsrlərin  fars  nəsrinin  yadigarı  olan  «Qabusnamə»  əsərində  də 
sünnətin vacib olduğu qeyd olunur (17, 116). 
Maraqlıdır  ki,  müsəlmanların  müqəddəs  kitabı  sayılan  Qurani-
Kərimdə kəsilmə mənasında dilimizdə işlənən sünnət haqqında mə-
lumat  verilmir.  Ümumiyyətlə  isə,  «sünnət»  ərəb  sözü  olub  mənası 
«işlək yol» deməkdir. Bundan əlavə qayda qoymaq, sərhəd çəkmək, 
cığır, həyat tərzi kimi mənaları da vardır. Ərəblərdə oğlan uşağının 
kəsilməsi  mənasında  olan  anlayışa  isə  sünnət  deyil,  hıtan  deyilir. 
Azərbaycanca bu söz xitəndir və «bəzən xitəni, yəni oğlanların sün-
nət  edilməsini  də  təharət  adlandırırlar»  (15,  110).  Təharət  dini 
baxımdan  müəyyən  əhəmiyyətə  malik  olan  təmizlənmək,  yuyun-
maq,  namazdan  əvvəl  icra  olunan  dəstəmaz  mərasimi  təmizliyi 
mənası kəsb edir. Deməli, sünnətin də bir növ oğlanların təmizliyi 
məqsədi daşıdığını qəbul edənlər vardır. 
Sünnət  vaxtının  müəyyən  olunması  barədə  qəti  fikir  yoxdur. 
Bunun üçün hansı yaş həddinin qoyulması və adətin icrasının hansı 
mövsümdə olması mühüm deyildir. L.S.Vasilyevin yazdığına görə, 
yəhudilərdə səkkiz günlük, islamda isə yeddi yaşlı oğlanları sünnət 
etdirirlər  (5,  138).  Q.Qeybullayev  qeyd  edir  ki,  uşağı  «zoğal  qıza-
randa» sünnət etdirirdilər (13, 291). Bu əsasən ilin fəsli ilə əlaqədar 
idi.  
Etnoqrafik  müşahidələr  göstərir  ki,  əvvəllər  əsasən  3-12  yaş 
arasında, indi isə daha erkən 40-ı çıxandan sonrakı istənilən ayda bu 
mərasim  həyata  keçirilir.  Bu  o  məqsədlə  edilir  ki,  uşaq  körpə 
olduqda həm yara tez sağalır, həm də o qədər də ağrı-acı dərk etmir. 
Lakin sünnətin daha gec vaxtlara qədər uzadılması faktları da olur. 
Bu əsasən onunla izah olunur ki, bəzi kasıb ailələrdə sünnətin daha 
böyük  yaşlarda  (12  yaş  və  yuxarı)  icra  edilməsi  iqtisadi  imkansız-
lıqla bağlıdır.   
Sünnət  zamanı  müasir  dövrdə  böyük  mərasim  keçirilməsi 
halları  da  olur.  Kiçik  toy  adlanan  belə  mərasimlərə  yaxın  adamlar 
dəvət  olunur.  Müasir  dövrdə  bəzi  hallar  istisna  olunmaqla  bir  sıra 

 
240 
 
ailələrdə belə toylara ehtiyac duyulmur, əksinə yalnız ailə daxilində 
xudmani məclis keçirilir.  
Azərbaycanda sünnət olunma öz bərabərində kirvəlik adətini də 
zəruriləşdirmişdir.  Belə  ki,  zəmanəmizə  də  gəlib  çatmış  bu  adət 
əsrlər boyu icra olunaraq müəyyən keyfiyyətlər qazanmışdır. Sünnət 
olunan uşağı kəsilmə anında bir nəfərin qucağına qoyurdular. O da 
kirvə hesab olunurdu.  Lakin  bu əvvəlcədən  razılıq  əsasında müəy-
yənləşdirilirdi. Kirvə olunacaq adam hörmət sahibi olan şəxslərdən, 
ailə  üçün  daha  yaxın  hesab  olunanlardan  seçilirdi.  Azərbaycanda 
kirvəlik institutuna xüsusi münasibət bəslənilmişdir.   
Kirvəlik  adətinin  özünəməxsus  xüsusiyyətləri  vardır.  Belə  ki, 
«Müxtəlif  icmalara,  yaxud  xalqlara  mənsub  olan  adamlar  arasında 
da  özunəməxsus  qonaqpərvərlik  adəti  icra  olunurdu.  Belə  adamlar 
bir-biri ilə səmimi dostluq münasibətlərinə girir və üzün müddət ün-
siyyət  saxlayırdılar.  Onlar  qohumlardan  da  yaxın  və  əziz  sayıldığı 
üçün belə dostluq əlaqələri uzunömürlü olurdu. Bu əlaqələr müvəq-
qəti  xarakter  daşımırdı,  çünki  onlar  bir-birilərinə  qonaq  getməklə 
daimi təmasda olurdular. Müvəqqəti qonaqlardan daimi qonaqların 
fərqi məhz bundadır ki, müvəqqəti qonaq yalnız bir-iki gecəlik sığı-
nacaq üçün müraciət edir, sonra gedirsə və onun bu evdə olması tə-
sadüfi xarakter daşıyırsa, ev yiyəsi onun işlərinə qarışmağı ədəbsiz-
lik sayırsa, daimi təmasda olan insanlar isə əksinə bir-birinin dərdi-
nə şərik olur, işləri ilə yaxından maraqlanır və öz kömək əllərini biri 
digərinə  uzatmağı  vacib  bilirlər.  Belə  qonaqlıq  əlaqələri  saxlayan 
adamlar bir-biri ilə möhkəm dost olur və bu dostluğa sadiq qalırlar, 
zaman  keçdikcə  onların  ailəsi  də  bu  dostluğu  davam  etdirir.    Belə 
qonaqlar xüsusi hörmət  sahibi olurlar. Xalqımıza xas olan belə qo-
naqpərvərlik kirvələr arasında da mövcud idi. Bu əlaqə əsrlər boyu 
müxtəlif insanlar və xalqlar arasında münasibətlərin inkişafına təkan 
vermişdir.  Maraqlıdır  ki,  hətta  kirvələr  yaxın  qohumdan  belə  irəli, 
qardaşdan da  yaxın adam və əziz sayılırdılar. Bu münasibətlər çox 
vaxt nəslən davam etdirilirdi. Bu da ayrı-ayrı xalqların bir-birinə ya-
xınlaşmasına  gətirib  çıxarırdı.  Çünki  kirvələr  bəzi  hallarda  başqa 
xalqların  nümayəndələrindən  olurdu.  Kirvə  tutulan  aşam  evin  ən 

 
241 
 
əziz  və  hörmətli  qonağı  sayılırdı.  Kirvə  ailə  üzvlərinin  razılığı  ilə 
sayılıb-seçilən ailə başçılarından biri olurdu. Kirvəliyi qəbul edənlə 
onu seçən ailə arasında xüsusi hörmət əlaməti olaraq qonaqlıq mə-
rasimi keçirilir və hədiyə təqdim edilirdi. Bu münasibətin də bir sıra 
qadağaları mövcud idi. Belə ki, oğlan uşağının sünnəti ilə əlaqədar 
olaraq tutulan kirvənin ailəsindən heç kəs həmin ailə ilə nikaha girə 
bilməzdi (ailə üzvlərinin birinə çevrildiyinə görə). Kirvələr arasında 
da  qonaqpərvərlik  adəti  icra  olunurdu.  Gələcəkdə  kirvəliyi  davam 
etdirmək üçün oğullar və nəvələr də məhz həmin kirvənin nəslindən 
olanlarla  bu  münasibəti  qoruyub  saxlamağa  çalışırdılar.  Ailənin 
bütün  xeyir  işlərində  kirvə  ən  hörmətli  adam  kimi  mütləq  iştirak 
edər və öz məsləhətlərini verərdi. Bayramlarda bu ailələr bir-birinə 
hədiyə (kirvəlik payı adlanırdı) aparırdılar»
 
(8, 63-64).  
Kirvəlikdə maraqlı məqamlar da vardır. Məsələn, digər bölgələ-
rimizlə  bərabər,  eləcə  də  «Naxçıvanda  kirvəliyə  böyük  önəm 
verilmiş,  kirvəlik  nəsli  xarakter  daşımışdır.  El  arasında  son  dövrə 
qədər  qalan  «filankəslər  bizim  dədə-baba  kirvəmizdir»  ifadəsi  də 
bunu sübut edir. Kirvəni dəyişmək pis əlamət sayılırdı. Bu o zaman 
baş verirdi ki, kirvəlikdən sonra hər hansı bir bədbəxt hadisə olurdu. 
Onda deyirdilər ki, kirvəlik bizə düşmədi. Hətta dədə-baba kirvəlik 
olan  ailədə  kişi  olmadıqda  uşaqlar  həmin  ailənin  qızlarından  olan 
oğlanların (nəvələrin) qucaqlarına qoyulurdular. Naxçıvanda kirvə-
lik  məsələsində  daha  ehtiramla  davranan    uşağın  valideynləridir. 
Onlar  çalışırlar  ki,  uşaqların  kirvələrinə  diqqətlə,  hörmətlə  yanaş-
sınlar.  Yəni  «qucağına  qan  tökmüşük»  ifadəsinə  üstünlük  verilir» 
(7, 174). Proses bu işi yaxşı bilən səriştəli dəlləklər tərəfindən icra 
olunurdu.  Lakin  müasir  dövrdə  xüsusən  şəhərlərdə  bu  işi  təcrübəli 
həkimlər  aparır.  Maraqlıdır  ki,  əməliyyatın  sonunda  «əlyuma», 
«öpüşmə»  mərasimi  olur.  Yəni  «əvvəlcədən  hazırlanmış  aftafa-
ləyən  gətirilir,  kirvə  əllərini  tutur  uşağın  atasının  əllərinin  üstünə. 
Yəni su tökülür kirvənin əllərinə, ondan keçir uşağın  atasının əllə-
rinə. Sonra vəziyyət əksinə təkrar olunur. Bu dəfə kirvənin əli aşa-
ğıda olur. Kirvələr qucaqlaşıb öpüşürlər.  Bununla ailələrarası  mər-
həmlik  başlayırdı»  (7,  176).  Lakin  məsələ  bununla  bitmirdi,  uşaq 

 
242 
 
tam  sağalandan  sonra  kirvə  hazırladığı  payla  yenidən  ailəyə  baş 
çəkirdi.  Belə  ki,  «adət  xalq  arasında  «küldənçıxarma»,  «külovma» 
adlanırdı.  Bu  isə  keçmişdə  yaraya  xüsusi  dərmanla  bərabər 
yağlıqara basılması, yara sağalanda külün tökülməsi ilə bağlıdır» (7, 
176-177).  Naxçıvanda  kirvə  həm  də  əxi  (ərəbcə  qardaş  deməkdir) 
adlanırdı (13, 291). 
Təbrizdə  sünnətin  təyin  olunduğu  gündə  7-8  yaşlı  oğlana  təzə 
paltar geyindirirlər. Bundan sonra onun yanında ailə üzvləri, qohum 
və  dostları  düzülürlər.  Mərasim  başlayanda  «ata  öz  oğlunu  kürsü 
üzərində oturdur və dəllək bir anda uşağı  sünnət edir, kəsilən  yerə 
ələnmiş kül səpir ki, bu da qanın axmasının qarşısını alır. Keçmişdə 
və indi də varlılar uşağı sünnət etdikdə toy şənliyi keçirirlər. Yaşlı 
məlumatçılarımıza  görə  keçmişdə  sünnət  olunacaq  oğlan  uşağının 
əl-ayağına xına yaxırdılar» (18, 23). Mərasimə yaxınların yığışması 
sanki  sünnəti  təsdiq  xarakteri  daşıyır.  İştirak  edənlərin  buraya 
yığışmasını  hadisəyə  şahidlik  kimi  qiymətləndirmək  olar.  Xınadan 
istifadə edilməsi isə görünür, uşağın fərqləndirilməsinə dəlalət edir. 
Maraqlıdır ki, Azərbaycanda kirvəlik institutu bütün bölgələrdə 
eyni mahiyyət kəsb etmirdi. Məsələn, Abşeronda, Qubada və s. bu 
müstəsnalıq  təşkil  edirdi.  Bundan  əlavə,  sünnət  mərasimi  zamanı 
bəzi  bölgələrdə  qoyun  kəsildiyi  və  bu  qoyunun  qanından  uşağın 
alnına çəkildiyi məlumdur (13, 291). 
Dağıstanda da sünnət adəti icra olunur. Oğlanlar iki-dörd, bəzən 
isə  daha  gec  yaşlarında  sünnət  olunurdular.  Qohumlar  gəlib  təbrik 
edir,  oğlana  meyvə,  boyadılmış  yumurta  və  bəzən  geyim  əşyaları 
gətirirdilər.  Dağıstanın  bütün  xalqlarına  keçmiş  təqdis  mərasimi 
məlumdur. Belə ki, yeniyetmənin əlinə yanar çubuq verib hər hansı 
bir  tapşırıqla  qəbiristanlığa  göndərirdilər.  O  da  mətanət  göstərməli 
idi, iradə qüvvəsi nümayiş etdirməli idi (10, 285). 
Nadir  hallarda  doğulan  zaman  «anadangəlmə  sünnətli»  olan 
uşaqlara da rast gəlinir. Belə uşaqları  «peyğəmbər sünnətli» adlan-
dırırlar və ona  quran oxuyurlar.  Bəzən bu cür uşaqlara qanı  çıxsın 
deyə  yüngülcə  müdaxilə  ilə  ətindən  bir  qədər  çərtirlər.  Bəzən  isə 
bunu etməyə gərək duymurlar.  
 

 
243 
 
Şərəfxan  Bidlisi  Osmanlı  dövlətindən  bəhs  edərkən  Murad  şa-
hın oğlunu sünnət zamanı (1582-ci il) şanlı mərasim, bol nemətlərlə 
dolu məclis keçirdiyini söyləyir (12, 239). Bu faktı Oruc bəy Bayat 
da təsdiq edərək göstərir ki, oğlu Məhəmmədin sünnəti ilə əlaqədar 
sultan Murad mərasimlər tərtib etdirmişdi (21, 99). Təsvirdən aydın 
olur  ki,  sünnət  mərasimi  bayram  şənliyi  səviyyəsində  keçirilmişdi. 
Orta əsr Avropa müəllifləri Tomas Benister və Cefri Deketin məlu-
matında qeyd olunur ki, 7 yaşlı oğlanların sünnəti türklərdə olduğu 
kimidir  (14,  157).  Deməli,  orta  əsrlərdə  oğlanları  yeddi  yaşında 
sünnət  edirdilər.  Sünnət  barədə  F.A.Kotov  da  məlumat  vermişdir 
(14,  233).  Yeri  gəlmişkən  qeyd  edək  ki,  orta  əsrlərdə  əxi  təriqət 
nümayəndələri  arasında  kirvəliyə  xüsusi  diqqət  yetirilirdi.  Əxilər 
kirvə olduqları ailənin başına bir fəlakət gələrdisə, onun uşağını öz 
balası kimi baxmağı bir borc sayırdı (20). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Türkiyədə sünnət mərasimi xüsusi dəbdəbə ilə keçirilir. Qabaq-
cadan  hazırlıq  işləri  görülür.  Məsələn,  xüsusi  yataq,  bəzəkli  paltar 
və  papaq  hazırlanır.  Uşaqlara  sünnət  edildikdən  sonra  çoxlu 
hədiyyələr verilir. Hətta kasıb ailələrin uşaqları üçün yardım məqsə-
dilə imkanlı adamlar «toplu sünnet» adı ilə kütləvi sünnət mərasimi 

 
244 
 
təşkil  edirlər.  Beləliklə  də,  imkansız  ailələrin  işini  yüngülləşdirib 
onları sevindirirlər. Bu adət uyğurlarda da mövcuddur. Belə ki, yed-
di yaşına çatan oğlan uşaqlarını dinə uyğun şəkildə sünnət etdirirlər. 
Sünnət toyu (hatme və ya oğul olturquzus) zamanı türklərdə olduğu 
kimi  uşağa  xüsusi  paltar  geyindirirlər.  Onu  ata  mindirir,  rəngli 
parçadan  belbağı  bağlayırlar.  Qohumlar  qoç  hədiyyə  edərlər,  atına 
və uşağın özünə rəngli qumaşlar bağlayırlar. Uşağın ağzına bişiril-
miş soyutma yumurta qoyulur. Zəngin ailələr öz uşaqları ilə bərabər 
yoxsul uşaqları da sünnət etdirərlər.  
İraqın  Kərkük  vilayətində  «sünnət  edərkən  artıq  dərini  suda 
saxlayır,  sonra  suyu  uşağı  olmayan  qadının  başına  tökürlərmiş  ki, 
uşağı olsun» (22, 31).  
Müasir  dövrdə  sünnətin  bir  adət  kimi  qalması  dünyanın  müx-
təlif  ölkələrində  ona  münasibətlə  əlaqədardır.  Hətta  yəhudilər  mü-
asir  dövrdə  təzəcə  doğulmuş  oğlan  uşağını  20  günlük  ikən  sünnət 
edirlər. Bundan əlavə, oğlanların sünnəti ABŞ, Koreya və Filippin-
də də mövcuddur. ABŞ-dakı protestantlar və Filippindəki katoliklər 
oğlanların sünnətini  dini baxımdan gərəkli olduğunu qəbul  edirlər. 
Efiopiyada isə qızların sünnət olunması faktı mövcuddur. 
Keniya və Tanzaniya ərazisində məskunlaşan massailər arasın-
da da sünnət  adəti vardır. Yenicə sünnət  olunan  yeniyetmələr qara 
paltar  geyinir,  üzlərini  isə  ağ  rəngə  boyayırlar.  Sünnət  mərasimi 
zamanı  özünü  cəsarətlə  aparanlar  rəngli  lələklərlə  özlərini  bəzəyə 
bilərlər.  Əməliyyat  zamanı  qışqıranlara  yalnız  boz  rəngli  lələklə 
bəzənməyə icazə verilir. Belə yeniyetmələr savannada hələ iki-üç ay 
gəzə  bilərlər.  Bu  zaman  ərzində  onların  yarası  sağalır  və  onları 
istənilən  evdə  pulsuz  yeməklə  təmin  edirlər.  Sünnətli  oğlanlar 
yeməyi  xüsusi çöplər vasitəsilə  yeyirlər. Yeməyi ələ almaq olmaz, 
çünki onlar çirkli hesab olunur. Onlar doğma kəndlərinə qayıdanda  
qadınlar onlara yeni paltar və bəzəklər bağışlayırlar (9, 106). 
Əfqanlar  oğlanı  yeddi  yaşınadək  «xətnə»  adlanan  adətə  görə 
sünnət  etməlidirlər.  Xətnə  mərasimində  iki  oğlan  uşağı  olmalıdır. 
Bu  onlara  ikiqat  ömür  arzulamaq  niyyəti  kimi  izah  olunur.  Bu  za-
man qonaqlıq verilir, qonaqlar uşaqlara hədiyyələr paylayırlar. Əgər 

 
245 
 
qohum qardaşda xətnə olunacaq ikinci uşaq yoxsa, mərasimi yerinə 
yetirmirlər, ikincinin dünyaya gəlməsini gözləyirlər (19, 121). 
Beləliklə,  deyilənlərdən  aydın  olur  ki,  ibtidai  insanların  təqdis 
adətindən  doğan  və  dünyanın  bir  sıra  müxtəlif  coğrafi  məkanında 
yaşayan  xalqlarının  sünnət  adəti  uzun  zaman  məsafəsi  keçən  ən 
qədim  ayinlərdən  biri  olmuşdur.  Müasir  dövrdə  Azərbaycanda 
sünnət icra olunur və bu zaman «kiçik toy» mərasimi keçirilir. 
QONAQPƏRVƏRLİK 
Mənəvi münasibətlərdə aparıcı rola malik olan adət və ənənələr 
yalnız  bir  ailənin  deyil,  bütövlükdə  cəmiyyətin  müxtəlif  təbəqələri 
üçün zəruri olan qaydalar məcmusudur. Hər bir insan cəmiyyətinin 
qəbul olunmuş mənəvi dəyərləri, əxlaq  normaları, onun bütün üzv-
ləri üçün mühüm əhəmiyyət kəsb edən davranış qaydaları mövcud-
dur. Təsadüfi deyildir ki, bu qaydalar sonralar qanunların işlənib ha-
zırlanmasında da mühüm əhəmiyyət kəsb etmiş, cəmiyyət daxilində 
öz  təsdiqini  tapan  və  hamı  tərəfindən  qəbul  olunan  münasibətlər 
normasına  çevrilmiş,  buna  görə  də  əbədi  yaşaya  bilmişdir.  Zaman 
keçdikcə  xalq  özü  mütərəqqi  və  köhnəlmiş  adətləri  süzgəcdən  ke-
çirərək onların yaxşılarını qoruyub saxlamışdır. 
Bəşər  mədəniyyətinin  maraq  doğuran  dəyərlərindən  biri  də 
qonaqpərvərlikdir. Heç bir xalqın mənəvi dünyasını qonaqpərvərlik 
adəti  olmadan  təsəvvür  etmək  mümkün  deyil.  Bu  adət  xalqın  fəa-
liyyətini,  eyni  zamanda,  əldə  etdiyi  uğurları    əbədiləşdirən  ədəb 
xəzinəsidir.  Milli  xarakter,  özünüdərk  və  digər  milli  dəyərlərin 
məcmusu bu ədəb xəzinəsində çox aydın əks olunmuşdur. 
Xalq öz həyatının canlı lövhələrini, məişət tərzini qonaqpərvər-
likdə yaşatmış və onu davam etdirməyə çalışmışdır. Qonaqpərvərli-
yin mahiyyətində dostluq, səmimiyyət, şəfqət, mehribanlıq, ehtiyacı 
olana  əl  tutmaq,  yardım  etmək  kimi  yüksək  insani  keyfiyyətlər 
durur.  Bu  kimi  keyfiyyətlər  müəyyən  adət  və  ənənələrin  icrası  və 
davranış  qaydalarında öz əksini tapır.  Bu isə ev  sahibinin  mənəvi-

 
246 
 
əxlaqi  keyfiyyətlərinin  aynasıdır.  Azərbaycanda  qonaqpərvərlik 
adəti hər zaman ən mükəmməl şəkildə yerinə yetirilmişdir.  
Hər bir xalqın qonaqpərvərlik adəti özünəməxsus xüsusiyyətləri 
ilə  fərqləndiyi  kimi,  icra  xüsusiyyətlərinə  görə  də  seçilir.  Lakin 
bütün  xalqlarda  qonağa  böyük  diqqət  yetirilməsi  heç  şübhəsizdir. 
Qonaqpərvərlik  xalqın  qiymətli  sərvətinə  çevrilərək  onun  həyat 
tərzini  əks  etdirən  bir  güzgü  olmaqla  yanaşı,  həm  də  insanları 
mənən zənginləşdirən mühüm amildir. 
Avropa  ilə  Asiyanın  ayrıcında  yerləşən  Azərbaycan  gözəl  tə-
biətə və zəngin sərvətlərə malik bir ölkədir. Ölkə ərazisinin əlverişli 
təbii-coğrafi  şəraiti,  məhsuldar  torpaqları,  yerüstü  və  yeraltı  sər-
vətləri  burada  ulu  əcdadlarımızın  yaşayıb-yaratması  və  zəngin  irs 
qoyub  getməsinə  hər  cür  şərait  yaratmışdır.  Məhz  bu  zəmin  üzə-
rində xalqımız özünün maddi və mənəvi mədəniyyətini yaratmış və 
inkişaf  etdirmişdir.  Bu  zənginlik  onun  süfrə  mədəniyyətində  də 
müşahidə olunur. 
Qonaqpərvərlik adətinin tarixi haradan və nə vaxtdan başlanır?-
sualına cavab vermək maraqlı olduğu qədər də çətindir. Lakin onun 
köklərinin  qədim  olduğu  şübhəsizdir.  İbtidai  icma  quruluşu 
dövründə bütün insanlarda maddi və mənəvi mədəniyyət bir-biri ilə 
sıx  vəhdətdə  idi.  İnsanlar  arasındakı  münasibətlər  də  adətlərə  və 
vərdişlərə  uyğun  qurulurdu.  Lakin  zaman  keçdikcə  ibtidai  icma 
quruluşu  dağıldı  və  ayrı-ayrı  tayfalar  müxtəlif  həyat  tərzi  ilə  bir-
birindən fərqlənməyə başladılar.  
Qonaqpərvərliyin tarixi köklərini çox güman ki,  qan qohumlu-
ğuna  əsaslanan  qəbilənin  formalaşdığı  və  inkişaf  etdiyi  bir  dövrdə 
axtarmaq  lazımdır.  Çünki  ayrı-ayrı  qəbilələr  bir-biri  ilə  ünsiyyət 

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin