ŞİRİn bünyadova



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix14.01.2017
ölçüsü3,55 Mb.
#5121
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
saxlamağa,  iqtisadi  münasibətlər  qurmağa  (mübadilə  etməyə), 
gələcək  həyatın  zəruri  tələbatını  ödəmək  üçün  əlaqə  yaratmağa 
ehtiyac duymuşlar. Məsələn, Amerikada yaşayan “irokez qəbilələri 
ayrı-ayrılıqda qarşılıqlı mübadilə ilə də məşğul olurdular. Lakin bu, 
çox  sadə  və  bəsit  halda  idi.  Bir  qəbilənin  adamları  öz  malları  ilə 
qonşu  qəbiləyə  qonaq  gedirdi.  Qonşu  qəbilələr  qonaqların 
gətirdikləri  “bəxşişləri”  alıb  yerinə  başqa  şeylər  qoyub  yola 

 
247 
 
salırdılar”  (10,  142).  Aydındır  ki,  qəbilə  daxilində  insanlar  bir-biri 
ilə    sıx  surətdə  bağlı  olmuşlar.  Müxtəlif  qəbilələr  arasındakı  belə 
bağlılıq onların tayfa ittifaqlarında birləşməsi ilə nəticələnmişdir. 
Beləliklə,  insanların  tədricən  bir-birinə  gediş-gəlişi  formalaş-
mış, nikah vasitəsilə qohumluq əlaqələri meydana gəlmişdir. Bu isə 
öz növbəsində insanlar arasında yaxın münasibətləri zəruri etmiş və 
nəticə  etibarilə  birgə  əməyin  labüdlüyü  zərurətindən  doğan  kənd 
iclmaları  formalaşmışdır.  İqtisadi  münasibətlər  və  nikah  əlaqələri 
zəminində  yaranmış  gediş-gəliş  qonaqpərvərliyin  meydana  gəlmə-
sinə  gətirib  çıxarmışdır.  Deməli,  qonaqpərvərliyin  bünövrəsi  məhz 
bu zəmində qoyulmuşdu. Qeyd edək ki, Azərbaycanın coğrafiyaşü-
nas alimi Əbdürrəşid əl-Bakuvi (XIV əsrin II yarısı - XV əsrin I ya-
rısı) öz əsərində haqlı olaraq yazır: “Uca Allah insanı yer üzündə elə 
xaliq edib ki, o heyvan kimi təkbaşına yaşaya bilməz və başqasıyla 
təmasda  olmağa  ehtiyacı  var.  Buna  görə  də  təmas  əmələ  gəlib  və 
bundan  da  insanın  yeyəcəyi  və  geyimi  asılıdır,  bu  isə  öz  növbə-
sində, çoxlu başqa, vaxtında hazırlanmışlardan asılıdır, çünki bütün 
bunları önləyən işləri insan təkbaşına görə bilməz. Buna görə Alla-
hın müdrikliyi bu təması lazım bildi və hər bir insana təlqin olundu 
ki, o, hazırlanmışlardan birini icra etsin ki, onlardan bəziləri başqa-
larının  köməyilə  faydalansın,  çünki  sənətlər  çox  hallarda  bir-
birindən asılıdır” (1, 9). 
Qonaqpərvərlik uzun bir inkişaf yolu keçmişdir və hansı dövrdə 
icra  edildiyindən  asılı  olmayaraq,  insanların  həyat  normasına 
çevrilmişdir.  Təbii  ki,  qonaqpərvərliyə  xas  adətlər  hər  bir  dövrə 
müvafiq  surətdə  icra  olunmuşdur.  Bu  baxımdan  konkret  dövrün 
müvafiq  qanunauyğunluqlarını  nəzərdən  qaçırmaq  olmaz.  Bunu 
nəzərə almaq ona görə vacibdir ki, obyektiv şəraitdən doğan və hər 
hansı  bir  dövrün  tarixi  mənzərəsinin  yaratdığı  lövhələri  göz 
önümüzdə daha dolğun canlandırmağa imkan yaranır. 
İlk  sinifli  cəmiyyət  və  dövlətlərin  yaranması  qonaqpərvərlik 
adətinə yeni çalarlar gətirmişdir. Belə ki, qonşu ölkələrlə daimi əla-
qələr saxlayan dövlət başçıları nəinki oradan gələn hökmdarları, elə-
cə də qasid və elçiləri də qəbul edərkən müəyyən qaydalara, qonaq-

 
248 
 
pərvərliyə riayət etmişlər. Qədim mənbələrdə məhz qonaqpərvərlik 
barədə məlumata təsadüf edilməsə də, Azərbaycan ərazisində möv-
cud olmuş ən qədim Aratta, Lullubi, Kuti və digər qonşu ölkələrlə 
iqtisadi,  siyasi  əlaqələr  quran  dövlətlər  haqqında  bəhs  olunur.  Bu 
əlaqələr zamanı heç şübhəsiz ki, müəyyən münasibətlər yaranmış və 
özünəməxsus qəbul mərasimləri icra edilmişdir. 
Mənbələrdə  Manna  hökmdarı  Ullusunun  II  Sarqonu  qəbul  et-
məsi, ona xərac verməsi, hətta şərəfinə yazılı abidə qoyması barədə 
məlumat  verilir,  eyni  zamanda  Sarqonun  da  Manna  hökmdarına 
şərəfli ziyafət verdiyi qeyd edilir (15, 353). 
Yer üzünün əşrəfi sayılan insan mənəvi varlıqdır, buna görə də 
o,  başqalarına  köməyi  özünün  başlıca  vəzifəsi  hesab  edir.  Dünya 
xalqlarından  “qədim  yunanlar  qərib  adamları  Zevsin  himayəsində 
olan qonaq kimi qəbul edir, onları çimizdirir, təzə paltar geyindirir, 
yedizdirirdilər. Qədim Romada böyük tayfalar and içmək, müqavilə 
bağlamaq, ayrı-ayrı şəxslər və ailələr isə müqəddəs və pozulmaz he-
sab  olunan  müqavilə  (bu  müqavilə  rəsmən  elan  olunandan  sonra 
ləğv edilirdi) bağlamaq ilə qarşılıqlı qonaqpərvərliyi təmin edirdilər. 
Qədim  slavyanlarda  qonağı  qəbul  etməyənin  evi  yandırılırdı  (16, 
203) 
Azərbaycanın XII əsr görkəmli şairi Nizami Gəncəvi yazır: 
 
Sən mənim qonağımsan, ey saf insan 
Qonağı əziz tutmaq gərəkdir (2, 139). 
 
Burada qonağa olan münasibət gərəkli bir iş kimi qələmə veri-
lir. Bu insanların psixoloji düşüncə tərzinə sirayət etmiş icrası zəruri 
hesab  olunan  bir  davranış  nümunəsi  kimi  təqdim  olunur.  Fars 
nəsrinin  görkəmli  əsəri  olan  «Qabusnamə»də  Əbu-Şükürdən  belə 
misal çəkilir: 
 
Qonaq ya dost olsun və yaxud düşmən, 
Gərək layiqincə hörmət edəsən (77, 69). 
 

 
249 
 
Sinan İbn Bəttutə harada yaşadıqlarından asılı olmayaraq əxilə-
rin  qonaqpərvərliyinə  və  comərdliyinə  heyran  olduğunu  qeyd  et-
mişdir. İki qrupun bir-birilə dava etdiyini görüb səbəbini öyrənmək 
istədikdə  tərcüməçi  ona  başa  salır  ki,  bu  onu  qonaq  etmək  istə-
yənlərin,  əxi  qruplarının  arasındakı  mübahisədir.  Sonra  onların  işi 
həll edib, barışdıqlarını söyləyir (75, 409). O, əxilərin müsafirsevər-
liyini, qonaqlara göstərdikləri hörməti və qulluğu xüsusi qeyd edir. 
Müəllif həm də göstərir ki, əxilər dostlarını təkkələrdə qonaq edir, 
süfrə açır, sonra hamama götürürlər. Dönərkən yenidən süfrə açılır, 
yeməklər,  şirniyyatlar,  meyvələr  təqdim  olunur.  Sonra  Quran  oxu-
nur və səma rəqsi göstərirlər. Səyyaha görə əxilərin qonaqpərvərliyi 
o qədər  yüksək səviyyədədir ki,  aralarında problem  çıxmasın deyə 
qaydalar  qoymuşlar.  Qonağı  ilk  hansı  qrup  görmüşsə,  o  da  qarşı-
lamalı idi. Ona görə də o biri qrup heç bir iddia sürə bilməzdi. Qo-
naq  qarşılamaqla  sevinc  hissləri  duyurdular.  Müsafirliyə  nə  qədər 
əhəmiyyət  verildiyini  qeyd  edən  səyyah  göstərir  ki,  getmək  istə-
dikdə ona belə cavab verilir ki, şəhərdə etibarımızı yox etmiş olar-
sınız, çünki qonaqlıq ən aşağısı üç gün olmalıdır (75, 416;418). 
Şərəfxan  Bidlisi  yazır  ki,  Şah  Təhmasıb  Hindistandan  gələn 
Mirzə  Humayunla  Əbharda  görüşürlər.  Təhmasibə  4  misqal  ağırlı-
ğında almaz bəxş edən qonağına öz növbəsində hörmət və ehtiram 
göstərməyə  çalışaraq  şah  bir  neçə  gün  yaylaqda  (Surluq)  layiqli 
qonaqlıq  və  şənlik  düzəltdirdi.  Sürək  ovu  zamanı  qəribə  təsadüf 
nəticəsində atılan ox Əbul Qasımı öldürdü. Bundan bərk əsəbiləşən 
Təhmasib  də  Mirzə  Humayunu  öldürmək  istəsə  də,  öz  bacısının 
müdaxiləsi nəticəsində qonağa yazığı gələrək fikrindən daşındı (13, 
191-192). Bu xalqımıza xas olan qonağa həddindən ziyadə güzəştin 
bariz nümunəsidir. 
Ş.Bidlisi  1560–61-ci  illərin  hadisələrini  qələmə  alaraq  göstərir 
ki, Qəzvinə çoxsaylı bəxşişlərlə Sultan Bəyazidin elçiləri Əli paşa, 
Həsən ağa gəldilər. Onları qızılbaşların əmirləri qarşılayıb hörmətlə, 
ehtiramla şəhərə çatdırdılar. Onlar şaha at, məxmər, müxtəlif rəngli 
Dəməşq ipəyi  təqdim  etdilər. Adətə və qonaqpərvərlik mərasiminə 
riayət edərək Təhmasib elçiləri müşayiət etməyi Cəfər bəyə tapşırdı 

 
250 
 
və yola salmağa icazə verdi (13, 206). Ş.Bidlisi  həmçinin qeyd edir 
ki,  Yasavur Sultan Məhəmməd Xudabəndənin  yanına öz inanılmış 
adamını  çoxlu  hədiyyələrlə  göndərdi,  çünki  o  Xorasanda  qalmaq 
istəyirdi.  Sultan  Məhəmməd  də  öz  növbəsində  onun  elçisini  xoş 
qarşılayıb  layiqli  hədiyyələrlə  yola  salıb,  hansı  vilayətdə  qalmaq 
istəyirsə,  orada  qalmasına  icazə  verdiyini  söyləyir  (13,  57).  Bu 
yuksək səviyyəli dövlət adamları arasında olan münasibəti və onlara 
göstərilən xüsusi mehmannəvazlığı nümayiş etdirir.  
M.Membre  şah  Təhmasibin  onu  həvalə  etdiyi  adamların  evlə-
rinə tez-tez baş çəkirdi. O qeyd edir ki, «Bütün bu adamlar mənimlə 
söhbət  etməkdən  həzz  alırdılar,  məni  öz  evlərinə  sərbəst  şəkildə 
aparır  və  mənə  bəzən  15-20  gün  qalmağa  icazə  verirdilər.  Onlar 
Avropadakı işlər barədə eşitməkdən məmnunluq duyurlar, çünki bu 
ölkələr  barədə  heç  nə  bilmirlər»  (3,  52).  M.Membre  qeyd  edir: 
«Onların yeməkləri türklərinkinə oxşayır, lakin onlar daha səxavətli 
və ürəyiaçıqdırlar və insanlara osmanlılardan daha tez-tez öz evlə-
rində  yemək  verirlər»  (3,  61).  Bu  fikir  xalqımızın  əsrlərdən  bəri 
gələn adət kimi qonaqpərvərliyinə işarədir. Artıq xalqın möhürüdür. 
Məsələ  burasındadır  ki,  məhs  süfrə  açmaq,  müxtəlif  yemək 
çeşidlərilə  onu  bəzəmək  qonaqpərvərliyin  ilkin  əlamətidir.  Bu  bir 
növ çörəyini bölmək və başqasıyla bərabər paylaşmaq deməkdir. 
Əbu  Bəkr  əl-Oütbi  əl-Əhəri  «şabanın  4-də  (19.VI.1295)  (Lar 
Dəmavənd)  yaxınlığında  Arqunun  taxtgahı  olan  köşkdə  böyük 
qonaqlıq təşkil etdilər. (Qazan xan) hamama getdi, qüsl etdi və Şeyx 
Sədr  əd-Din  İbrahim  Həməvi  şəhadət  kəlməsini  təlqin  etdi.  Qazan 
xan və bütün dövlət başçıları müsəlman oldular. Əbu Bəkr əl-Oütbi 
əl-Əhəri də karvansarayın adını çəkmişdir (4, 23;53).  
Rəsmi vergi olmasa da, salamanə orta əsrlərdə Yaxın Şərqin bir 
sıra ölkələri kimi Azərbaycanda da hədiyyə şəklində təqdim olunan 
vergi idi. Feodal əyan və məmurlar gələrkən onu salamlamaq məq-
sədilə  yerli  əhali  tərəfindən  verilirdi.  Bu  Səfəvilər  dövründə  ya-
yılmışdı. 
Qətran Təbrizi yazır: 
 

 
251 
 
 
Həmişə qapısı açıq, süfrəsi başında qonağı vardır (6, 253). 
 
Qonaqlıq  məclisləri  musiqinin  müşayiəti  ilə  keçirilirdi.  Bunu 
miniatür  rəsmləri  də  təsdiq  edir.  Təsvirlərdən  aydın  olur  ki, 
musiqiçilər  üçün  xüsusi  guşə  ayrılırdı.  Elə  bir  yer  ki,  onların  səsi 
yaxşı  eşidilsin,  eyni  zamanda  müəyyən  məsafədən  dinlənilsin.  Bu 
əgər  ev  idisə,  musiqiçilər  aşağı  mərtəbədə,  çadır  idisə,  o  zaman 
onlar bir qədər aralı məsafədə oxuyurdular.  
Qətran Təbrizi bu barədə yazır: 
 
          Məclisi mütrübdən və qonaqdan boş qalmaz (6, 260).   
 
Tarixi inkişafın gedişi prosesində nəsillərdən yadigar qalan, xal-
qın məişət tərzində özünü büruzə verən, insanların mənəvi dünyası-
nın göstəricisinə çevrilən adət və ənənələr mühüm əhəmiyyət  kəsb 
edir. Həyatın müxtəlif sahələrilə sıx bağlı olan adətlər öz mahiyyəti-
lə, məzmunu  ilə xalqın özünəməxsusluğunu təsdiqləyir.  Belə adət-
lərdən  biri  də  xalqın  məişətinə  daxil  olaraq  dərin  köklər  salan  qo-
naqpərvərlik adətidir. Arif Ərdəbili əsərində qonaqpərvərlik adətinə 
toxunaraq  həmin  adətin  başlıca  xüsusiyyətlərinə  yer  vermişdir.  Bu 
xüsusda N.Araslının əsərə istinadən irəli sürdüyü fikri  maraq doğu-
rur. O yazır: «Əsərdə təbliğ edilən əxlaqi-tərbiyəvi nəsihətlər içəri-
sində  səxavət,  əliaçıqlıq  haqqındakı  fikirlər  də  mühüm  yer  tutur. 
Şairə görə səxavət insanı yüksəldir. Hər kəs öz adına uyğun tərzdə 
səxavət göstərməlidir. Verilən bəxşiş bağışlanılan adamın deyil, ba-
ğışlayanın  adına  layiq  olmalıdır.  Şair  qonaqlıq  məclislərini  təsvir 
edərkən  səxavət,  qonaqpərvərlik  kimi  gözəl  ənənələr  haqqında  da 
danışır,  gülərüzlə  qonaq  qəbul  etmək,  qonağa  ürəklə  qulluq  gös-
tərmək kimi adət- ənənələri öz əsərində əks etdirir» (7, 74). Qonaq-
pərvərlik xalqımızın mənəvi mədəniyyətində ən qiymətli incidir və 
o,  məişətimizdə  qərarlaşıb  sabitləşən  adətlər  içərisində  mütərəqqi-
liyilə seçilir. 
Nizami  yaradıcılığında  baş  tutan  və  baş  tutmayan  elçilik  haq-
qında ətraflı məlumat vardır. Şair «Leyli və Məcnun» əsərində bu-

 
252 
 
nun  hər  ikisini  incəliklərinə  qədər  təsvir  etmişdir.  Məsələn,  oğlan 
evinin ağsaqqallarla məsləhətləşməsi, elçi gedərkən qız evinə müəy-
yən hədiyyələr təqdim etməsi və qız evinin də yox cavabı verməsinə 
baxmayaraq,  gələn  elçiləri  bir  qonaq  kimi  ləyaqətlə  qarşılaması 
kimi  məsələlər  öz  əksini  tapmışdır.  Çünki  «hələ  qədim  dövrlərdən 
başlayaraq indiyədək davam edən qonaqpərvərlik adətinin, xüsusilə 
elçilik, nişan və toy mərasimləri zamanı icrası daha diqqətəlayiqdir. 
Belə ki, burada qonaqpərvərlik özünəməxsus tərzdə icra olunur. Qız 
evinə oğlan evi hədiyyələr təqdim edir. Ev sahibi də gələn qonaqları 
lazımi qaydada qarşılayıb yola salmağa ciddi riayət etməyə çalışır» 
(12, 94). Qeyd etməliyik ki, elçilikdə mahiyyət  etibarilə qonaqpər-
vərliyə xas olan əlamətlər özünü büruzə verir. 
Qazi  Bürhanəddin  yazır  ki,  «Qapundan  içərü  girənə  bir  səlam 
gərək» (8, 375). Bu qonaqpərvərliyin ilkin qarşılama anıdır. Salam 
kəlməsi də Allahın adlarından biridir. 
Zaqatalanın  Car  kəndində  XIX  əsrə  aid  (1865-66-cı  illərdə 
tikilmiş) mayor İsmayıllıya məxsus olan evin yazısında qeyd olunur 
ki,  ev  hörmətli  qonaqlar  üçün  tikilmişdir.  Əgər  ev  yalnız  mənim 
üçün olsaydı, onda mənə kəfən bəs idi (9, 127). Bu yazı adi kəlmə-
lər yığını deyildir, real arzunun bariz nümunəsidir. Özü də bütöv bir 
xalqın əsrlərdən bəri qanına və iliyinə hopmuş, etnopsixologiyasın-
dan süzülüb gələn gerçəkliyin əksidir.  
Məlum olduğu kimi,  İsgəndər Şərq  əyanlarına xeyirxah müna-
sibət bəslədiyini göstərmək üçün çox vaxt məclislərə zəngin Midiya 
geyimində  gələrdi.  Onun  bu  hərəkəti  qarşısındakını  necə  yüksək 
dəyərləndirdiyini  bildirərdi.  “İsgəndər  Midiyaya  gələrkən  Atropat, 
çarın  yaxın  adamları  ilə  birlikdə  onun  şərəfinə  təşkil  olunmuş 
şənliklərdə iştirak etmişdi” (17, 57-58). 
Avropalılar  ilk  dəfə  Amerika  qitəsinə  qədəm  qoyarkən  yerli 
əhali tərəfindən çox mehribanlıqla və qonaqpərvərliklə qarşılanmış-
lar. Türkdilli xalqlarda da qonaq müqəddəs sayılmışdır. Bu xüsusiy-
yət onların folklor nümunələrində də öz əksini tapmışdır. Türk xalq-
larının  folklor  yaradıcılığına  müraciət  edən  E.Əlibəyzadə  yazır: 
“Ulularımızın öyüd-nəsihətincə, qonaqpərvərlik, qonağa  hörmət  və  

 
253 
 
qulluq    göstərmək    insani    keyfiyyətdir;    bu,  xalqın  daxili-mənəvi 
üstünlüyü kimi qiymətləndirilə bilər, bununla fəxr etmək, öyünmək 
gərək. Gələcək nəsillərə də bunu etmək gərək. 
 
Qalmaq istəsə qonaq 
Ver dəxi yemək-içmək. 
Qarğış qılar qonaqlar 
Zəif görüb hörməti. 
 
Digər  bir  şerdə  əliaçıqlığın,  ürək  genişliyi  və  səxavətliliyin, 
dost-aşna  ilə  yeyib-içməyin,  qonağa  hörmət  etməyin  şərəfli,  şöhrət 
artıran iş olduğu fikri söylənilir: 
 
Gözəl don sənin özünə
Dadlı yemək özgəsinə, 
Qonağa ağır hörmət et 
Yaysın şöhrətini xalqa. 
 
Üçüncü bir şerdə isə qapıya gələn qonağı hörmətlə qarşılamaq, 
rahatlamaq  üçün  tələsmək,  hətta  onun  atının  da  rahatlığının,  arpa-
samanının qayğısına qalmağın vacib olduğu söylənilir: 
 
Gəlsə qonaq tələsgil, 
Keçsin ondan yorğunluq 
Arpa-saman gətirgil, 
Bulsun atı işıqlıq” (18, 413-414). 
Buradan  aydın  görünür  ki,  ev  yiyəsi  qonaq  qarşısında  böyük 
məsuliyyət daşıyır. Qonaqpərvərlik qaydalarının icrası geniş və çox-
cəhətlidir.  
Xalqımızın məişətində əsrlərdən bəri kök salmış adətlərdən biri 
olan  qonaqpərvərlik  hələ  qədim  zamanlardan  başqa  xalqlarda  icra 
olunduğu kimi, Azərbaycanda da geniş yayılmışdır. Qonaqpərvərlik 
xalqımızın  varlığını,  gün-güzəranını,  həyat  tərzini,  mənəvi  dünya-
sını,  mədəni  səviyyəsini  bütün  çalarları  ilə  təqdim  edən  mütərəqqi 

 
254 
 
bir  adətdir.  Bu  adət  Azərbaycan  ərazisində  yaşayanların  kimliyini, 
nəyə qadir olduğunu açıqlamaqla yanaşı, onların mənəvi dünyasına 
nüfuz etməyə də imkan yaradır. 
Qonaqpərvərlik  özünəməxsus  xüsusiyyətlərə  malik  bir  adətdir. 
Bəşər tarixi mərhələlər üzrə inkişaf etdikcə qonaqpərvərlik adəti də 
müəyyən  qədər  dəyişikliyə  uğrayaraq  yeni  keyfiyyətlər  qazanmış, 
lakin  öz  mahiyyətini  və  ənənəvi  cəhətlərini  əsas  etibarilə  qoruyub 
saxlamışdır. 
Orta  əsrlərdə  qonaqpərvərlik  adəti  feodal  münasibətlərinin 
güclü  təsiri  altında  olmuşdur.  Azərbaycanda  qonaqpərvərlik  adəti-
nin  necə icra olunduğu  barədə məlumat almaq üçün həmin dövrdə 
yaşamış müəlliflərin əsərləri xüsusi maraq doğurur. Bu müəlliflərin 
əksəriyyəti  Azərbaycanın  siyasi-iqtisadi  vəziyyəti,  təbiəti,  karvan 
yolları, münbit torpaqları, buradakı bolluq və ticarət əlaqələri barə-
də geniş məlumatla yanaşı, yerli xalqa da qiymət verməyi unutma-
mışlar.  Fikrimizi  mənbələrin  məlumatları  da  təsdiq  edir.  Böyük 
əhəmiyyətə  malik  olan  orta  əsr  mənbələri  canlı  müşahidələrə 
əsaslandığı üçün dəqiq və səhih məlumatlarla zəngindir. 
Orta əsr ərəb müəllifi əl-Müqəddəsi Azərbaycan haqqında mə-
lumatlarında  yazır  ki,  buranın  əhalisi  fəsahətli  və  hörmətlidir  (19, 
130). Yaqut Həməvi isə Azərbaycan sakinlərinin gülərüz, həlim tə-
biətli və xoşrəftar olmaları ilə fərqləndiyini söyləyir (20, 125). Ərəb 
xəlifəsinin Alban hökmdarı Cavanşiri təmtəraqla qarşılaması da ta-
rixi  faktdır.  Bu  barədə  məlumat  verən  Moisey  Kalankatuklu 
“Albaniya tarixi” əsərində Cavanşirin xəlifə I Müaviyyə tərəfindən 
“öz böyük andları və hesabsız mükafatları ilə birlikdə öz yanına də-
vət  etməsindən”  bəhs  etmişdir.  Bu  maraqlı  hadisəni  olduğu  kimi 
diqqətə çatdırmağı vacib bilirik: “Xəlifə (I Müaviyyə nəzərdə tutu-
lur - Ş.B.) öz əyanlarına əmr etdi ki, onlar Cavanşirin qabağına çı-
xıb ona özü mindiyi atları hazırlasınlar. Bax, belə bir fövqəladə eh-
tiramla  Cavanşiri  saysız-hesabsız  əsgərləri  olan  düşərgəyə  gətirdi-
lər... Cavanşiri  yalnız çarlara layiq olan müstəsna təmtəraqla qəbul 
etdilər  və  ona  qədər  burada  heç  kəs  belə  hörmət  görməmişdi”. 
Müəllif Cavanşirin qeyri-adi müdrikliyindən xoşlanan xəlifənin ona 

 
255 
 
və onunla gələnlərə hədiyyələr bağışladığını yazır. M.Kalankatuklu 
xəlifənin  yanına  gedən  Cavanşirin  ikinci  səfərini  də qələmə almış-
dır. O göstərir ki, bu dəfə də şöhrətli hökmdar olan Cavanşir  yenə 
də böyük şan-şöhrətlə və şərəflə qarşılanır. Axşam yeməyində xəlifə 
onu  öz  yanında  oturdur.  Xəlifə  ona  Hindistandan  gətirilmiş  fil  ba-
ğışlayır. Belə hörmətin heç kəsə olunmadığını yazan M.Kalankatuk-
lu  Cavanşirə və onun adamlarına bağışlanılan hədiyyələr haqqında 
da  söz  açır;  bunlara  qızıl  qınlı  polad  qılınc,  mirvari  ilə  süstlənmiş 
kaftan,  qızıl  xaçlar,  ipək  parçalar,  əba  və  cürbəcür  qiymətli  ge-
yimlər, bəzəklər, 52 at və s. daxil idi (21, 135-136). 
Azərbaycanlılar arasında qonağa hədsiz hörmət və ehtiram gös-
tərmək mühüm şərtlərdən hesab olunur. Bu xüsusiyyət yalnız Azər-
baycan üçün xas olmayıb,  bütövlükdə  Qafqazda   yaşayan   digər   
xalqlara  da   məxsus   olmaqla ümumqafqaz səciyyəsi daşıyır. Tə-
sadüfi deyil ki, Qafqaz xalqları öz qonaqpərvərliyi ilə də şöhrət qa-
zanmışlar. Bu barədə Aleksandr Düma yazır: “Azərbaycanda, eləcə 
də bütün Qafqazda hər hansı bir qapını döyüb desəniz ki, mən əcnə-
biyəm, gecələməyə yerim yoxdur, ev sahibi o saat ən böyük otağını 
sizə verəcəkdir. Özü isə ailəsi  ilə kiçik otaqda  yerləşəcək. Üstəlik, 
onun evində qaldığınız, deyək ki, bir həftə, iki həftə, bir ay müddə-
tində sizə qayğı göstərəcək, korluq çəkməyə qoymayacaq” (22, 17). 
Bu  onu  göstərir  ki,  Azərbaycan  ərazisində  qonaq  müqəddəs  sayıl-
mış, ona xüsusi hörmət edilməsinə ciddi surətdə riayət olunmuşdur. 
Öz  əsərlərində  qonaqpərvərlik  kimi  nəcib  bir  adət  haqqında 
dönə-dönə  söhbət  açan  dahi  şair  Nizami  Gəncəvi  “Yeddi  gözəl” 
əsərində yazır: 
Bağ gülü kimi qonaq sevər idi
Qönçədəki qızılgül kimi gülərdi. 
Onun bir hazır qonaq sarayı vardı 
Ki, boyu yerdən Sürəyyaya ucalırdı. 
Süfrə açıb büsat qurardı, 
Lütflə bəslənmiş xidmətçilər saxlardı. 
Kim gəlsəydi, atının cilovunu tutardılar, 
Qaydayla süfrə açardılar. 

 
256 
 
Ona layiq mehmannəvazlıq edərdilər
Onun öz şanına görə qonaqlıq verərdilər (2, 120). 
 
Göründüyü  kimi,  şair  burada  bir  nəfərin  simasında  bütöv  bir 
xalqın  qonaqsevərliyini  tərənnüm  etmiş,  qonaqpərvərliyə  xas  olan 
mühüm  cəhətləri  yığcam,  lakin  əsaslı  şəkildə  işıqlandırmışdır. 
Şairin təsvirindən aydın olur ki, qonaqlar  üçün  məxsusi  yer  ay-
rılır,  süfrə  açılır,  büsat  qurulur.  Evə  təşrif  buyuran  qonağın  xüsusi 
hörmət  əlaməti  olaraq  ayrıca  otağa  dəvət  edilməsi  məsələsinə  to-
xunan Nizami Gəncəvi yazır: 
 
            Qonaqlar kimi içəriyə, eyvana apardı  (23, 214). 
 
Bu  misra  hər  bir  ailədə  qonağın  diqqət  mərkəzində  olduğunu 
göstərir. Elə bu təsvirdə  Nizami fikrinə davam edərək qonağın və 
ev  sahibinin  bir-birinə  hədiyyələr  təqdim  etməsindən  söhbət  açır. 
Müəllifin, eyni zamanda qonaqların rahatlığı üçün ayrılmış güşənin 
olduğunu qeyd etməsi o dövrün qonaqpərvərlik adətinə xas olan xü-
susiyyətləri  anlamağımız  üçün  kifayət  qədər  əsas  verir.  Qonaqpər-
vərliyin  geniş  tətbiqinə  meyli  səciyyəvi  bir  hal  kimi  dəyərləndirən 
Nizaminin əsərlərində qonaqlıq süfrəsinin təsvirinə tez-tez rast gəl-
mək olur. 
Nizaminin  əsərlərində  qonaqlıq  məclislərinin  təsviri  bununla 
bitmir.  Şair  eyni  zamanda  “İsgəndərnamə”də  Nüşabənin  İsgəndəri, 
“Xosrov  və  Şirin”də  Məhin  Banunun  Xosrovu,  “Leyli  və  Məc-
nun”da  Leylinin  atasının  gələn  elçiləri  qarşılaması  və  s.  bu  kimi 
təsvirlərə yer vermişdir. Nizami Gəncəvinin təsvirlərində qonaqpər-
vərlik Azərbaycan xalqının məişətində adi hal alan adət kimi açıq-
aydın  nəzərə  çarpır  və  şair  ona  böyük  rəğbət  bəslədiyini  aydın 
büruzə verir. 
“Xosrov və Şirin” əsərində qonaqlar üçün açılan bol yeməklərlə 
dolu süfrədən bəhs edərkən şair göstərir ki, yemək süfrəsində inək, 
qoyun,  quş  və  balıq  ətindən  hazırlanmış  müxtəlif  çeşidli  yemək 
növləri  vardır  (23,  218).  “İsgəndərnamə”  poemasında  da  qonaqlıq 

 
257 
 
süfrəsinin təsviri verilir. Burada müxtəlif çeşidli yeməklər, meyvə-
lər, badamlı halva, hətta şərab və s. olduğu təsvir edilir. Həmin əsər-
də həmçinin şair  yenə də qonaqlıq süfrəsindən bəhs edərək burada 
toğlu  ətindən hazırlanmış  yeməklər, süfrənin  bərəkəti sayılan uzun 
və  dəyirmi  çörəklər,  məsus  və  riçal,  paxlava,  halva  və  şərbət 
olduğunu göstərir. Orta əsrlərdə elə bir müəllif yoxdur ki, qonaqdan 

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin