ŞİRİn bünyadova



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix14.01.2017
ölçüsü3,55 Mb.
#5121
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
                   
Qul Əli yaratdığı obrazların dili ilə ibrətamiz nəsihətləri qələmə 
almışdır.  Ədalətin  gec-tez  zəfər  çalacağına  inam  «Qisseyi-Yusif» 
poemasında üstünlük təşkil edir. İnsanlar arasındakı münasibətlərdə 

 
218 
 
dürüstlüyün təbliği əsərdə mühüm yer tutur. Şair Yusifin timsalında 
insanın ən yaxşı xüsusiyyətlərini belə sadalayır: 
 
Bunun dürlü hünərləri vardur, derlər, 
Hünərlərin birin-birin aydur imdi.  
Əvvəl, oldur qəddi yaxşı, zərif üzlü
Həm ikinci, bənzi yaxtu, görklü yüzlü, 
Üçüncisi, fəsih dilli, səhih sözlü, 
Yetmiş iki dili tamam bilür imdi. 
Dörtincisi, şəfaətlü, mürüvətlü, 
Beşincisi, alb yürəklü, həm heybətlü, 
Altıncısı, qamulardan qatı qutlu! 
Qırq ərdən də həm qüvvəti artuq imdi. 
Yeddincisi, dini doğrı, dəyanətlu, 
Səkkizinci, xayin degül, əmanətlu, 
Toquzıncı, xülqi lətif, ləfzi datlu, 
Onıncısı, peyğəmbərlər nəsli imdi (53, 65). 
 
Bəli, kiçik adam böyüklük iddiası edəndə məhv olub gedər (54, 
325). Suli Fəqih «həm ulu kişilərə hörmət gərək»-deyir (66, 233). 
Suli Fəqih yazır: 
 
 
Həsədi gör sizə nə işlər idər  
Qardaşı qardaşdan ayırur gidər (66, 39). 
  
F.R.Xunci yazır: «şahın fərmanıyla (27 avqust 1488-ci il) evlə-
rin yoxlanılmasına başlanıldı ki, bu da şərabın qadağan olunması və 
evlərdə  onun  hazırlanması  ilə  əlaqıdar  idi.  Eyni  zamanda  bu 
fərmana əsasən saqqalın qırxılması da qadağan edilirdi» (13, 99). 
Əxlaq tərbiyəsinə münasibətdə Füzulinin  «Rindü Zahid» əsəri-
nin də böyük əhəmiyyəti vardır. Əsər atalar və oğullar məsələsinə, 
bununla  əlaqədar  olaraq  bilavasitə  tərbiyə  probleminə  həsr  olun-
muşdur. Əsərdə oğul ilə ata arasında gedən dialoq çox maraq doğu-
rur. Belə ki, ata ilə oğul arasında açıq fikir mübadiləsi gedir. Atadan 

 
219 
 
qorxmayan  ona  hörmətlə  öz  düşündüklərini  ifadə  edə  bilən  oğulun 
azadfikirliliyi qabarıq şəkildə göstərilir. «Rindü Zahid» əsərində de-
yilir ki, Zahid oğlu Rində Quranın surə və ayələrindən misal gətirə-
rək  nəsihətlər  edir  (7,  14–15).  Bu  müsəlman  aləmində  tərbiyənin 
əsasında  Quranın  müddəalarının  durduğunu  təsdiqləyir.  Bu  əsərdə 
ailənin əsas məsələlərindən biri kimi övlad tərbiyəsindən bəhs edi-
lir.  Məsələn,  «şair  atanın  dili  ilə  gənc  nəslə  müraciət  edərək  deyir 
ki, gənclikdə hər şeyə rəğbət eləsən bacararsan. İnsan çalışmasa fə-
zilət, hünər kəsb edə bilməz. Nə qədər ki, insanın huşu-başı yerində-
dir, fürsəti qənimət bilib hünər kəsb etməlidir. Bədənin əzaları süst-
ləşdikdən  sonra  peşimançılıq  fayda  verməz»  (28,  437).  Uşaqların 
körpəlikdən böyüklər tərəfindən tərbiyə olunmasını əsas şərt sayan 
müəllif bu işdə müəllimin də rolunu qiymətləndirərək onu müqəd-
dəs varlıq saymışdır. İnsan öz meyllərinə və rəğbətinə görə yaxşılığı 
edəndə bu, hələ əxlaqilik deyil. Ancaq insan ürəyi istəməsə də, borc 
duyğusuna  görə  yaxşılığı  edəndə  də  bu,  əxlaq  olur  (63,  234-235). 
Şair  öz  yaradıcılığında  qonağa  üstün  hörmət  olunmasını  müsbət 
keyfiyyət kimi təqdim edir. Əsərlərindən aydın görünür ki, o, şərab 
içməyin qəti əleyhinədir.  
Füzuli yazır ki, tanrı o bəndəsini sevər ki, xoş xasiyyətli və gü-
lərüz  ola  (39,  298).  Onun  tərbiyəvi  fikirlərinin  əsasını  insanpər-
vərlik,  həqiqət  və  ədalət    kimi  yüksək  mənəvi  keyfiyyətlər  təşkil 
edir. «Hədisi–Ərbəin» əsərində haqqı, ədaləti, rəhmi tərənnüm edən 
Füzuli  bunların  da  xuda  tərəfindən  geri  qayıdacağını  deyir.  O 
göstərir ki,  müsəlmanın  gərək dili,  əli və  əməli  xeyir ola. Çox da-
nışmağın  bəla  gətirəcəyini  söyləyən  şair  həmçinin  qeyri-zəruri  iş 
tutma – deyə məsləhət verir. Eyni zamanda  «Füzuli əqli tərbiyənin 
əxlaq tərbiyəsi ilə vəhdət təşkil etməsini insan şəxsiyyətinin kamil-
ləşməsi üçün mühüm şərt hesab etmişdir» (41, 75). Bununla yanaşı, 
şair  mömin  o  adamdır  ki,  qonşusunu  heç  vaxt  başqasına  möhtac 
etməsin – deyə səslənir. Mənəvi dəyərlər şairi hər zaman düşündür-
müşdür.  Belə  ki,  ««Söhbətül–əsmar»  poemasının  əsasında  duran 
ideya  Füzuli  yaradıcılığı  üçün  çox  səciyyəvi  olan  və  şairin  dünya-
görüşündəki başlıca xətlərdən birini təşkil edən ideyadır» (28, 389). 

 
220 
 
Əsərdə  meyvələrin  özlərini  öymələrindən  söhbət  gedir.  Əslində 
burada  təkəbbürlülük,  xudpəsəndlik,  lovğalıq,  yekəxanalıq  kimi 
mənfi xüsusiyyətlər tənqid atəşinə tutulur. Zəmanəsini bütün çılpaq-
lığı  ilə  təsvir  edərək  müəllif  dövrün  ictimai–siyasi  məzmununu 
ortaya  qoyur.  Cəmiyyətdə  baş  verən  hadisələr  onun  diqqətindən 
yayınmır, ziddiyyətlərin, ədalətsizliklərin və nöqsanların mahiyyəti 
onun əsərlərində bütün kəskinliyi ilə açıqlanır. Yumoristik üslubda 
yazılmış  «Bəngü–Badə»  əsərində  şair  saray  mühitindəki  mənfi 
xüsusiyyətləri  açıq-aydın  və  çəkinmədən  tənqid  etmişdir.  Burada 
hökmdarlara  məxsus  şöhrətpərəstlik  və  birincilik  iddiası  qətiyyətlə 
pislənilir. Əsərdə Bəng ilə Badə (tiryəklə içki) həyata ziyan gətirən 
obrazlar kimi  təqdim  olunmuşdur. Füzulinin  yaradıcılığının zirvəsi 
hesab edilən «Leyli və Məcnun» əsərində ülvi məhəbbətin qüdrətini 
tərənnüm  etmişdir.  Füzuli  poeziyasında  təbliğ  olunan  yüksək 
mənəvi  dəyərlər  və  əxlaqi  keyfiyyətlər  hamı  üçün  ünvanlanmışdır. 
Z.Göyüşov başqa görkəmli orta əsr filosofları ilə bərabər Füzulinin 
də  həyatın  mənası  və  səadət  haqqında  mütərəqqi  fikirlər  irəli 
sürdüyünü  qeyd  edir  (6,  42).  Şərəfli  ömür  yolu  keçən  şair  heç  bir 
fərq qoymadan hətta hökmdarlara da çəkinmədən həyat dərsi verir. 
Ona  görə də  «məhz bu  gözəl  ictimai  – əxlaqi keyfiyyətlərinə  görə 
Füzulinin poeziyası həmişə insanların tərbiyə və inkişafında böyük 
rol oynayan qüdrətli  mənəvi  silah olmuşdur» (28, 377).  İnsanlarda 
tərbiyənin  mühüm  hissəsi  sayılan  əxlaq  tərbiyəsinin  formalaş-
masında Füzulinin mütərəqqi fikirlərinin əhəmiyyəti böyükdür. Şair 
adət  və  ənənələrə  uyğun  davranış  qaydaları  haqqında  söhbət  açır, 
təlimin  əhəmiyyətini  vurğulayır.  O,  elmə,  şerə  və  sənətə  böyük 
qiymət verir. Bunları tərənnüm və təbliğ etməklə insanların təlim və 
tərbiyəsində  xüsusi  rolunu  göstərməyə  çalışır.  Şair  gözəlliyi  vəsf 
edir.  Şairin  «Ənis-ül-qəlb»  əsərində  onun  «rəftar  və  əxlaq  haqqın-
dakı  mülahizələri  də  öz  əksini  tapmışdır»  (46,  180).  Füzuli  daim 
elmə yiyələnməyə üstünlük vermişdir. Xüsusən də  «o, insan vücu-
dunun  sirlər  xəzinəsi  olduğunu  göstərib  onu  öyrənməyin  lazım 
gəldiyini  söylədiyi  kimi,  bilici  insanların  məğrur  olmayıb,  bütün 
elmləri,  sirləri  öyrənmək  sahəsində  hələ  az  iş  gördüyünü  də  qeyd 

 
221 
 
edir.»  Göründüyü  kimi,  burada  şair  insanların  öz  üzərində  həmişə 
çalışmalarını  təbliğ  edir  (61,  158).  «Qabusnamə»  əsərində  atalara 
məsləhət kimi tövsiyə olunur ki, «elm və sənətdən hər nə öyrənmək 
lazımsa, hamısını övladına öyrət» (64, 117).  
Tərbiyə  insanın  cəmiyyətdə  özünü  təsdiq  vasitəsi  və  bir  növ 
şəxsi  möhürüdür.  Bu  isə  həyat  tərzindən  asılıdır  və  «həyat  tərzi  – 
insanların  fəaliyyət  formalarının,  bu  fəaliyyətin  şəraiti  ilə  birgə 
götürülmüş və bu şəraiti dəyişə bilən məcmusudur» (48, 302). 
Bütün  bu  deyilənlərə  yekun  vuraraq  deyə  bilərik  ki,  milli  adət 
və ənənələr ruhunda tərbiyə alan insan onlara əsaslanaraq fəaliyyət 
göstərir və müəyyən vərdişlər əldə edir. Ailədəki birgə əmək onun 
üzvlərini bir-birinə nə qədər bağlasa da, mənəvi tellərlə bağlılıq da-
ha sıx və dərin olmalıdır. Daimi ünsiyyətdə olma, uşaqların məsu-
liyyətli  olmasına  çalışmaq  kimi  vəzifələr  qarşıda  durur.  Onda  ailə-
nin bütövlüyü, sağlam təməli daha möhkəm olur. Ayıq və sayıq ol-
maq,  özünü  dərk  etmək,  səhvlərini  daha  yaxşı  anlamaq  üçündür. 
Məlumdur  ki,  hər  bir  şəxs  əxlaqını  onun  öz  daxili  təbiətinə  uyğun 
tərzdə və vicdanının səsinə müvafiq həyata keçirir. Onu da qeyd et-
mək lazımdır ki, bu məsələ mənəvi sərvət və əxlaqi dəyərlər baxı-
mından xüsusi əhəmiyyət kəsb edir. Ümumi məsələlər haqqında ib-
rətamiz söhbətlər vasitəsilə dünya və həyat haqqında bilgilərə sahib 
olmaqla tərbiyəyə nail olmaq olar. Ailə daxilindəki azad və sərbəst 
mövqeyini saxlamaq, özünü bir şəxsiyyət kimi təqdim etmək üçün 
valideynlərin rolu böyükdür. Valideynlərin övladları ilə əməli və tə-
sirli  söhbəti  böyük  gücə  malik  ola  bilər.  Güclü  tərbiyə  üsulu  kimi 
ünsiyyət  ortaya  çıxır  və  ömür  boyu  uşaqla  ailə  arasında  bir 
bələdçiyə çevrilir. 
Ailə  münasibətlərinin  özülündə  tərbiyə  durur.  Çünki  tərbiyə 
məsələsi düzgün qoyulmuşsa, deməli ailə daxilində bu özünü müt-
ləq  hər  sahədə  göstərəcəkdir.  Təlim,  tərbiyə  və  elmi  biliklərin  aşı-
lanması  –  bütün  bunlar  insan  üçündür.  İnsanın  bir  varlıq  kimi  qiy-
mətləndirilməsi  əsas  məsələdir.  İnsanın  tərbiyəvi  xüsusiyyətləri, 
əxlaqi  keyfiyyətləri  onun  nitqində,  təfəkküründə,  ünsiyyətində  ya-

 
222 
 
şam  tərzində  büruzə  verir.  Zaman  keçdikcə  həmin  keyfiyyətlər 
yetkinləşir. Onun mənəvi simasını əks etdirir. 
Beləliklə, tərbiyə müəyyən məzmuna malik olmaqla insanı lazı-
mi tərəfə yönəltmək yolunda vasitədir. Bütün bu yuxarıda qeyd olu-
nanlar,  orta  əsr  ailəsində  tərbiyə  məsələsinin  təhlili  dövrün  mahiy-
yətini elmi sürətdə dərk etməyə müəyyən qədər imkan yaradır. Tər-
biyənin növləri vardır: əmək, əxlaq, estetik və s. Əmək tərbiyəsi tə-
sərrüfatın  idarə  olunması  ilə  bağlı  olmuşdur.  Əxlaq  dərk  olunaraq 
fəaliyyətdə gerçəkləşən vasitədir. İnsanın fərdi xüsusiyyətləri, onun 
daxili zənginliyi bütün ömür boyu bələdçisidir. Orta əsrlərdə ailənin 
daha güclü tellərlə bağlılığı özünü büruzə verir. Ailənin əsas vəzifə-
si  onun  üzvlərinin  birgə  yaşayış  dövründə  bir-birinə  və  uşaqlarına 
olan  münasibətləridir.  Tərbiyə  ailədə  böyük  əhəmiyyət  kəsb  edir. 
Ailə  daxilində  böyüklər  övladlarına  qarşı  müntəzəm  surətdə  təsir 
edir,  öz  hərəkətlərilə  örnək  olur,  onların  yetişməsinə  məqsədyönlü 
şəkildə çalışırlar. Mövcud şəraitdə övladlarının həyata hazırlanması-
na çalışan valideynlər normal insan və bir şəxsiyyət kimi uşaqları-
nın formalaşmasına səy göstərirlər. Bunun üçün isə bilik və bacarıq 
aşılamaqla    ailə  üzvləri  tərbiyə  olunan  övladlarına  təsir  gücünü 
möhkəmləndirirlər.  Bu  baxımdan  hər  bir  ailədə  tərbiyə  məsələləri 
həmin ailənin mənsub olduğu təbəqə, ideologiya və iqtisadi durum 
əsasında  qurulur.  Tərbiyə  təsir  gücünə  malik  xüsusiyyətlərlə  sıx 
bağlıdır.  Orta  əsrlərdə  ailə  tərbiyəsi  adət  və  ənənələrə  dayanaraq 
formalaşmışdır.  Ailənin  müvəffəqiyyəti  onun  böyük  üzvlərinin 
uşaqlara olan səmimiyyəti, düzgünlüyü, təmkinli  davranışı və  eyni 
zamanda  yaş  psixologiyasının  nəzərə  alınması  ilə  ölçülür.  Qaza-
nılmış  təcrübənin  geniş  istifadə  olunması  ailə  tərbiyəsində  mühüm 
rola  malikdir.  Ailə  tərbiyəsində  əmək  vərdişlərinin  aşılanması 
insanların yaşam tərzindən asılı olmuşdur.  
Müasir dövrdə Azərbaycan məişətində müasirliklə uzlaşmayan 
bir  sıra  ənənəvi  xüsusiyyətlər  itsə  də,  ailə  institutu  öz  daxili  məz-
mununu saxlamaqdadır. Dinin məişətdə kök saldığı bir zaman oldu-
ğu  üçün  orta  əsrlərdə  ailədə  uşaqları  əməyə  alışdırmaqla  yanaşı, 
müəyyən dini biliklərə yiyələnmək və bir sıra adətləri icra etmək də 

 
223 
 
öyrədilirdi.  Dinlə  bağlı  xüsusiyyətlərdən  biri  də  ailədə  namaz  qıl-
maq, oruc tutmaq, zəkat vermək və s. də ailə tərbiyəsində təbliğ edi-
lirdi. Ailə daxilində uşaq özünüdərkə başlayır. İslam dini dəyərləri-
nin uşaqlara da başa salınması və qəbul etdirilməsi bir az da böyü-
dükdən sonra uşağın həyatına ailə ilə bərabər həmçinin mədrəsələr 
də daxil olurdu. Mədrəsələr yeni mühit yaradır, ailədən uzaq, lakin 
ailə qədər əhəmiyyətli bir ocaq rolunu oynayırdı. Məişətdə aşılanan 
müəyyən hərəkətlər və vərdişlər bütövlükdə davranış  mədəniyyəti-
nin formalaşmasını təmin edir.  
 
 
                                          
     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DAYƏLİK 
Ailə  və  ailə  məişəti  problemi  etnoqrafiya  elminin  tədqiqat  ob-
yektinə daxil olan əsas məsələlərdən biridir. Ailə məsələlərində qız-
bəyənmə, elçilik, nikah, toy, dəfn və başqa mərasimlərlə bağlı çox-
əsrlik adət və ənənələr onların inkişaf mərhələləri və baş verən bir 
sıra dəyişikliklər öz əksini tapır. Əsrlərin  sərhəddini aşaraq bu gü-

 
224 
 
nümüzədək gəlib çatan adət və ənənələrimiz olduqca rəngarəng və 
zəngindir. Lakin ailənin hərtərəfli öyrənilməsi üçün onun funksiya-
larından biri olan ailə tərbiyəsinin araşdırılması mühüm əhəmiyyət 
kəsb  edir.  Bu  işdə  isə  körpənin  saxlanılmasında  və  tərbiyəsində 
əvəzsiz rolu olan dayələrin əməyini də qeyd etmək lazım gəlir. 
Dayəliyin  tarixinin  nə  qədər  qədim  olduğunu  muəyyənləşdir-
mək çox çətindir. Çünki bu barədə indiyə qədər etnoqraflar tərəfin-
dən ətraflı tədqiqat işi aparılmamışdır. Bundan əlavə, mövzuya dair 
ayrıca bir əsər həsr olunmadığını da qeyd etmək lazımdır. Belə ki, 
bu məsələ ailə münasibətlərini və məişət problemlərini araşdırmağa 
çalışan  etnoqraf  alimlərin  diqqətini  lazımi  qədər  cəlb  etməmişdir. 
Odur ki, dayəlik məsələsi indiyədək sərfnəzər olunmuşdur və elmi 
ədəbiyyatda  bu  mövzu  işıqlandırılmamışdır.  Lakin  buna  baxmaya-
raq, orta əsrlərdə yaşayıb-yaradan şairlərimizin, mütəfəkkirlərimizin 
və  müxtəlif  mənbə  müəlliflərinin  əsərlərində  ara-sıra  dayənin  adı 
çəkilməkdədir. Bununla bərabər, xalq yaradıcılığı nümunələrimizin 
əsasını  təşkil  edən  dastanlarımızda  təsvir  olunan  ailələrdə  tez-tez 
dayənin  adına  rast  gəlinməsi  istər-istəməz  bu  məsələyə  maraq 
oyadır.  Bildiyimiz  kimi  dastanlarımızda  orta  əsr  ailə  məişəti  geniş 
şəkildə öz əksini tapır.  
Məlum olduğu kimi, ibtidai-icma quruluşunda yaşayan insanlar 
sürü halında həyat sürdüklərindən icma daxilində doğulan uşaqlara 
da bir  yerdə baxılırdı. Hamı bir ocağın  başına  yığışırdı. Bu zaman 
icma  daxilində  birgəyaşayış  qaydalarına  əməl  olunurdu.  Ola  bilsin 
ki,  analar  heç  bir  fərq  qoymadan  bir-birilərinə  yardım  məqsədilə 
hətta  digərlərinin  uşaqlarını  öz  südü  ilə  bəsləyirdilər.  Bu  xüsusiy-
yətin  keçmişin  qalığı  kimi  gələcəkdə  də  müəyyən  qədər  davam 
etdiyini  ehtimal  etmək  mümkündür.  Artıq  böyük  ailələr  yarandığı 
vaxtlarda bu keyfiyyət öz izlərini yaxın qohumlar arasında qoruyub 
saxlayırdı. Bir-birinə  yardım məqsədilə təxminən eyni vaxtda uşaq 
dünyaya  gətirən  analar  (bir  ailə  daxilində)  onların  bəslənib  böyü-
məsi  üçün  köməklik  göstərirdi.  Bu  hal  patronimik  qruplara  da  xas 
idi.  Zaman  keçdikcə,  cəmiyyətdəki  bir  sıra  dəyişikliklərin  olması 
ailəyə də öz təsirini göstərməyə bilməzdi. Belə ki, kiçik ailələrin ya-

 
225 
 
ranması ilə əlaqədar olaraq, ictimai münasibətlər dəyişmişdir. Onun 
üçün  də  maddi  imkanından  asılı  olaraq  ailələr  dayə  saxlamağa 
başlamışlar.  Bu  baxımdan  da  dayəlik    özünəməxsus  peşə  sahəsinə 
çevrilərək  xüsusi  məzmun  kəsb  etmişdir.  Bəzən  ailə  daxilində 
məişət  məsələlərini  yoluna  qoymaq,  nizam  yaratmaq  üçün  başqa-
larının əməyinə və köməyinə hər zaman ehtiyac duyulur. Bu barədə 
ətraflı bəhs etmək də əsas məqsədimizdir.   
Orta  əsrlərin  ailə  məişətini  tədqiq  edərkən  bu  dövrdə  yaşayıb-
yaradan  müəlliflərin  əsərlərindən  məlum  olur  ki,  ailələrdə  dayəyə 
mühüm əhəmiyyət verilmişdir. Onu da qeyd etməliyik ki, dastanlar 
və  müəllif  əsərlərində  bütün  hallarda  dayə  saxladıqları  haqqında 
bəhs  olunan  ailələr  yüksək  təbəqəyə  mənsub  idilər.  Bu  fakt  onu 
deməyə  əsas  verir  ki,  dayəni  hər  bir  ailə  tuta  bilməzdi.  Dayələr 
yalnız  yuxarı  zümrənin  övladlarına  xidmət  etmək  üçün  tutulurdu. 
Topladığımız  materiallarda  onlar  uşağa  baxan,  ona  qulluq  edən  və 
yaxud mürəbbiyə qadın  kimi  təqdim  olunurlar.  Onu da  əlavə edək 
ki, dayə əsasən (sırf qadın peşəsi olmaqla) özgə uşaqlarına öz südü-
nü  verib  bəsləyən  qadınlara  deyilirdi.  Ümumiyətlə,  dayə  dedikdə, 
bütün bunlarla yanaşı, həm də uşağın həyatında mühüm rol oynayan 
bir tərbiyəçi nəzərdə tutulur.  
Fikirlərimizi  əsaslandırmaq  məqsədilə  dayə  haqqında  toplanan 
materiallara müraciət edək. Məsələn, «Kitabi–Dədə Qorqud» dasta-
nında  deyilir  ki,  Dirsə  xanın  «arvadı  hamilə  oldu.  Bir  neçə  müd-
dətdən  sonra  bir  oğlan  doğdu.  Oğlancığı  dayələrə  verdi,  saxlatdı»  
(7, 134). Buradan görünür ki, bir uşağı saxlamaq üçün bir neçə dayə 
tutulurdu.  Bu  görünür,  dayələr  arasında  iş  bölgüsünü  təmin  etmək 
məqsədi  daşımışdır.  Körpənin  normal  inkişafı,  rahatlığının  təmin 
olunması və gümrahlığı dayəyə etibar edilirdi. Deməli, dayə ailədə 
ən etibarlı və inanılmış adam olurdu. Uşaqlar böyüdükdən və müəy-
yən  yaş  həddinə  çatdıqdan  sonra  süd  verən  dayələrin  əhəmiyyəti 
azalırdı.  Belə  ki,  bu  vaxtlar  uşaqlara  ilk  olaraq  əmək  vərdişlərinə 
yiyələnmək  tərbiyə  olunurdu.  Müəyyən  biliklərə  yiyələnmək  üçün 
onlara mütləq tərbiyəçi lazım olurdu. Burada dayənin tərbiyəçi rolu 
önə  çıxırdı.  Əgər  dayə  tələblərə  hərtərəfli  cavab  verirdisə,  o,  bir 

 
226 
 
müddət  də  ailədə  tərbiyəçi  kimi  qala  bilərdi.  Bundan  sonra  isə 
uşaqlara ya müəllim tutulurdu, yaxud da onlar məktəb və mədrəsə-
lərə göndərilirdilər. XII əsrin nümayəndəsi olan Qivami Mütəərrizi 
yaradıcılığınla ailə məsələlərinə cüzi də olsa, yer vermişdir. Müəllif 
yaradıcılığında  mürəbbi  sözünü  işlətmişdir  (18,  397).  Bildiyimiz 
kimi,  qədim  zamanlarda  bəzi  varlı  ailələrdə  uşaqların  təlim  və 
tərbiyəsi  ilə  məşğul  olmaqdan  ötrü  xüsusi  tərbiyəçi  müəllimlər 
tutulurdu  ki,  onları  da  «mürəbbi»  adlandırırdılar.  V.Veysəlova  da 
qeyd edir ki, «məhəbbət dastanlarında da uşaqlar körpə yaşlarından 
dayələrə tapşırılır» (9, 108). Müəllif bununla fikrini bitirir və əlavə 
heç bir məlumat vermir. 
Dayə  haqqında  xatırlatmalara  dastanlarımızda  çox  rast  gəlinir. 
XVI əsrin yadigarı sayılan  «Qurbani» dastanında deyilir:  «Oğlanın 
adını qoydular Qurbani, tapşırdılar dayələrə. Tainki, uşaq yeddi ya-
şa çatdı, bir kamil molla tapıb uşağı tapşırdılar ona» (20, 39). Eyni 
motiv «Novruz» dastanında da yer almaqdadır. Burada da deyilir ki, 
«uşağı  dayəyə  tapşırdılar.  Dayə  uşağı  bəsləməyə  başladı.  Ta  ki, 
uşaq  yeddi,  səkkiz  yaşa  çatanda  atası  onu  molla  yanına  oxumağa 
qoydu.»  Bununla  bərabər  «Tahir  və  Zöhrə»  dastanında  doğulmuş 
uşaqların kamil bir dayəyə tapşırıldığı söylənilir (20, 170; 127). 
Uşağın dünyaya gəlməsi mühüm hadisə kimi hər bir ailənin hə-
yatında böyük fərəh və sevinc hissinə səbəb olurdu. Bu isə təbii ki, 
ailə daxilində müəyyən dəyişikliklərin olmasını zəruri edirdi. Artıq 
ailədə onun əsas qayğısı olan uşağa qulluq edilməsi ilə məşğul olur-
dular. Lakin bu, istər-istəməz, diqqəti evin idarə olunmasında qadı-
nın üzərinə düşən işlərin yerinə yetirilməsindən onu müəyyən qədər 
yayındırırdı. Başqa işlərə nəzarət etmək çətin olurdu. Bu baxımdan 
da evdə uşaq qayğısının artması nəticəsində ona xüsusi diqqət yeti-
rilməsi məhz dayənin üzərinə düşən məsuliyyətli iş hesab olunurdu.  
Maraq  doğuran  məsələdir  ki,  əksər  müəlliflər  anası  dura-dura, 
sağ ola-ola uşağa dayənin süd verdiyini qeyd edirlər. Məsələn, XVI 
əsrin görkəmli şairi Məhəmməd Füzuli yaradıcılığında da həmçinin, 
(«Leyli və Məcnun» əsərində) anası deyil, Qeysə məhz dayənin sud 
verməsi barədə belə deyilir: 

 
227 
 
 
Dayə onu pak qıldı qandan, 
Qaldırdı bu tirə xakdandan. 
Qüslün verib abi-çeşmi-tərdən
Süd yerinə verdi qan cigərdən. 
Əqvamü qəbaili olub şad, 
Ol növrəsə Qeys qoydular ad. 
Can ilə qələrdı dayə ezaz, 
Əsbabi-kəmali-tərbiyət saz (1, 52).    
 
Buradakı təsvirdən aydın olur ki, dayə uşaq doğulan andan eti-
barən onun başının üstündə olan şəxsdir. Uşağı  doğuzduran  adama 
yardım edərək ona ilk qüsl verən,  körpəni təmizləyən və onu öz sü-
dü ilə əmizdirən adamdır. Şair uşağın anasının südü olub-olmadığı 
barədə  heç  bir  söz  söyləməmişdir.  Burada  həmçinin  bir  məsələ  də 
diqqəti  çəkir  ki,  uşağın  qırxı  çıxmadan,  elə  doğulan  ilk  andan 
etibarən başının üstündə dayə olur. Ə.Xaqani  də uşağın  dayə südü 
ilə bəslənməsinə toxunmuşdur: 
 
Sənə dayə olub torpaq, südün əmdin, əmər qanın, 
Bütün qanın o süddəndir ki, vermiş dayə püstanı (11, 70). 
 
Dayə  haqqında  məlumat  XIII  əsrin  məşhur  elm  və  dövlət 
xadimi  Nəsirəddin  Tusinin  «Əxlaqi–Nasiri»  əsərində  də  verilir. 
Müəllif yazır ki,  yeni doğulmuş uşağa ilk növbədə  yaxşı bir ad və 
sonra  da  sağlam  dayə  lazımdır.  O,  sözlərinə  onu  da  əlavə  edir  ki, 
çünki  münasib  olmayan  addan  ömrü  boyu  xəcalət  çəkər  və  qanı 
qaralar. Tusi  deyir ki,  «sonra isə ağıllı və sağlam  bir dayə tapmaq 
lazımdır,  çünki  pis  adət  və  xəstəliyin  çoxu  süd  vasitəsi  ilə  uşağa 
keçər.» Bu xüsusda o belə yazır: 
 
Südəmər bir uşaq tutmamış maya, 
Tutmayın siz, axmaq, xəstə bir daya
Süd ilə bədənə girərsə azar, 

 
228 
 
O, bədəndən yalnız öləndə çıxar! (2, 156)  
 
Tusinin bu məlumatında bir sıra məqamlar özünü büruzə verir. 
Əvvəla,  o  məsləhət  verir  ki,  hələ  uşaq  maya  tutmamış  vaxtından 
əvvəl dayə tutmaq lazım deyildir. İkincisi isə, müəllifin bu sözlərilə 
dayəyə  nə  qədər  əhəmiyyət  verildiyi  açıq-aşkar  görünür.  Belə  ki, 
onun  hərtərəfli  sağlamlığı  nəzərə  alınan  əsas  xüsusiyyətlər  sıra-
sındadır. Buradan belə nəticə hasil olur ki, orta əsrlərdə hər adamı 
da  dayə  olaraq  ailəyə  qəbul  etmirdilər.  Deməli,  dayə  ilk  növbədə 
sağlam, sonra isə müəyyən təcrübəyə yiyələnmiş və uşağa hərtərəfli 
qulluq  göstərə  bilən  adamlardan  seçilirdi.  Yəni  öz  keyfiyyətlərinə 
görə  onlar  başqalarından  seçilərək  ailədə  üstün  mövqeyə  malik 
olurdular, müəyyən fərqli xüsusiyyətlərinə görə məhz bu işə qəbul 
olunurdular. Deməli, Tusinin də qeyd etdiyi kimi, hər kəs öz layiq 
olduğu işi görə bilir. 
Tusinin maraqlı məsləhətləri ailəni idarə etmək işlərinə də aid-
dir. Məsələn, o, adı çəkilən əsərində ailə içərisində qulluq edən xid-
mətçiləri  idarə  etmək  haqqında  da  bəhs  etmişdir.  Burada  o,  ailədə 
qulluq göstərən adamların (dayə də həmin adamlar sırasına daxildir 
– Ş.B) varlığına şükür etməli, onlarla insaf, mürüvvət, mərhəmət və 
ədalətlə rəftar edilməyin zəruri olduğunu vurğulayır. «Qulluqçu seç-
mək qaydası odur ki, əvvəlcə bir adamı yaxşı tanıyıb, onu tam yox-
lamadan keçirib, xasiyyətinə bələd olduqdan sonra onu qulluqçu qə-
bul  edəsən,  bu  mümkün  olmasa,  gərək  fərasət,  ehtimal  və  məntiqə 
müraciət edəsən» (2, 169). Müəllif eyni zamanda qeyd edir ki, «qul-
luqçuların ürəklərində inam oyatmaq lazımdır ki, bura onların həmi-
şəlik  yeridir,  başqa  yerlərə  getmələrinə  heç  bir  səbəb  və  ehtiyac 
olmayacaqdır. Bu, həm insaf və mürüvvət qanununa düz gələr, həm 
kəramət və ədalət yerinə yetirilər, həm də xidmətçilər arxayın olub 
məhəbbətləri artar, işə can yandırarlar» (2, 170). Müəllif fikrinə onu 
da əlavə edir ki, xidmətçilikdə əsas şərt odur  ki, qulluqçu gördüyü 
işi  özünə  məcburiyyyət  bilməsin,  əksinə  məhəbbətə  görə  işləsin. 
Tusi deyir ki, onların rahatlığını təmin etmək lazımdır ki, tapşırılan 
işi şadlıq və sevinc hissi ilə yerinə yetirə bilsinlər.           

 
229 
 
Qətran Təbrizinin verdiyi məlumatda dayə süd verən insan kimi 
deyil,  sadəcə  uşağa  baxan  nəzarətçi  və  tərbiyəçi  qismində  təqdim 
olunmuşdur: 
 
Sanki dayəsi sürmə yerinə onun gözlərinə həya çəkmişdir, 
Sanki anası süd yerinə ona hövsələ əmizdirmişdir (16, 270).  
 
Dayə  haqqında  məlumata  dahi  şair-mütəfəkkir  Nizami  Gəncə-
vinin yaradıcılığında da rast gəlmək mümkündür. O yazır: 
 
Buyurdu, onu dayəyə versinlər ki, 
Maya (süd) verməklə böyütsün
Dövran (təbiət) isə dayəlik qayğısı ilə 
Onu məhəbbət südü ilə bəslədi. 
Dodağına verilən hər süd qətrəsi ilə 
Onda bir vəfa hərfi (kəlməsi) yazdılar. 
 
 Şair fikrinə davam edərək göstərir ki,  
 
 
Lalə kimi ağzını südlə yuyurdu, 
Səmən yarpağı kimi südlə böyüyürdü. 
Sanardın ki, süd içində şəhddir (baldır), 
Və ya beşik içində bir aydır (3, 62). 
 
Şairin əsərində dayədən səthi olaraq bəhs edilmişdir (4, 82). Bu-
rada dayə sadəcə olaraq süd verən bir qadın kimi təqdim olunmuş-
dur. Dayə haqqında Nizaminin «Xosrov və Şirin» əsərində də məlu-
mat vardır. O yazır: 
  
Dayə onu müşk kimi ipəyə bürümüşdü, 
Tər mirvari kimi quru pambıq arasında saxlayırdı. 
Şəkər kimi südə meyl etdiyinə görə 
Süd və şəkərlə bəsləyirdilər (14, 55).   
 

 
230 
 
Dayəyə  verilən  yüksək  qiymət  Ə.Xaqani  yaradıcılığında  da  öz 
əksini tapmışdır. Şair qeyd edir ki,  yetim  qalarkən ona arxa çıxan, 
dayaq duran əmisi olur və onun  «böyüyü, yolgöstərəni, tərbiyə edə-
ninə» çevrilir. Əmisinin onu öz evində, yuvasında himayəsi altında 
saxladığını deyən Xaqani belə yazır: 
 
Sanki oldu mənim mehriban dayəm
Yaralı könlümə o qoydu məlhəm (11, 35). 
 
Maraqlıdır ki, Xaqani atasının vəfatından sonra onu himayəsinə 
götürən  doğma  əmisini  məhz  dayə  ilə  müqayisə  etmişdir.  Bu  onu 
deməyə  əsas  verir  ki,  dayə  ailədə    böyük  hörmət  sahibi  olmuşdur. 
Bununla yanaşı, dayəyə xüsusi qiymət verərək şair belə deyir:  
 
Dünyada hər kəsə əziz, mehriban, 
Hamıya dayə tək bir nəzər salan (11, 22). 
 
Burada  şair  dayələrin  nə  qədər  əziz,  mehriban  və  qayğıkeş  ol-
duqlarını hamıya eyni nəzərlərlə doğma adam kimi baxdıqlarını dilə 
gətirmişdir. Qeyd edək ki, başqa orta əsr müəllifləri kimi İmadəddin 
Nəsimi  yaradıcılığında  da  dayənin  adı  çəkilmişdir  (13,  397). 
Müəllifi bilinməyən «Dastani-Əhməd Hərami»də də dayə haqqında 
məlumat verilir: 
 
Sarayında xadimlər durmuş idi 
Xadimlər həm qapuya varmış idi. 
Məgər xadimləri bir dayə gördü, 
Xəbər ol dəmdə Güləndama verdi (10, 119). 
 
Burada  Güləndamın  dayəsi  bütün  ailədə  baş  verən  hadisələrin 
məlumatçısı kimi təqdim olunur. Çünki bilavasitə məsələlər Gülən-
damla  bağlı  olduğu  üçün  saxladığı  adamın  həyatı  ilə  bağlı 
məsələlərin ona çatdırılmasında dayə özünü borclu bilir. 

 
231 
 
Orta əsr şairi Mustafa Zərir «Yusif və Züleyxa» əsərində göstə-
rir ki, doğum vaxtı anası ölən Yusifə atası bir qaravaş satın aldı (5, 
212). Satın alınan qaravaşa münasibət isə fərqli ola bilərdi. Əsərdən 
görünür ki, öz uşağına  yaxşı baxsın deyə, qaravaşı doğma balasın-
dan  belə  uzaqlaşdırırlar.  Deməli,  buradan  aydın  olduğu  üzrə  onu 
ömürlük  xidmətə  ala  bilərdilər  və  satın  alındığına  görə  o,  evi  nə 
vaxtsa  tərk  etmək  hüququndan  məhrum  qalırdı.  Bir  sözlə,  dayə 
qarşısına çıxan ev yiyəsinin istəklərinə dözməyə məhkum olurdu. 
Azərbaycan  ədəbiyyatı  tarixində  mühüm  yeri  olan  XIV  əsrin 
tanınmış  şairi  Yusif  Məddah  «Vərqa  və  Gülşah»  əsərində  dayə 
barədə yazır: 
 
İkisi iki gövhərdən ki ari, 
Dayələr əmzirdi bir yil bunları (10, 149). 
 
Burada verilən məlumat da əvvəlki müəlliflərin dayələr haqqın-
da dediklərini təsdiqləyir. Məlumatdan dayədən bir il istifadə olun-
duğu  qənaətinə  gəlmək  olur.  Lakin  müəllifin  dayə  barədə  yazdığı 
aşağıdakı fikri xüsusi maraq doğurur. Belə ki, o deyir: 
 
Ağlayıb həsrət oduna ol nigar, 
Düşdü təxtindən aşağə zarü-zar. 
İçinə od düşdü ol biçarənin, 
Düşdi ussi getdi ol məhparənin. 
Dayə ol gül yüzə saçdı gülab (10, 203). 
 
Məsələyə aydınlıq gətirmək üçün qeyd etməliyik ki, şair burada 
sevgilisi  ölmüş  gənc  qızın  iztirabını,  ürəyinin  getdiyini,  bir  sözlə, 
dəfn mərasimini təsvir etmişdir. Lakin şairin bu vəziyyətdə belə qı-
za məhz dayənin öz köməyini göstərməsini (üzünə gülab çiləməsi) 
deməsi  maraq  doğurur.  Deməli,  bir  sıra  ailələrdə  dayələr  ömürlə-
rinin  sonunadək  həmin  ailədə  yaşayaraq  uşaq  hətta  böyüsə  belə, 
onun sanki ikinci anasına çevrilərək heç vaxt bəslədikləri insanı tərk 
etmirlər və ömürlük o evdə qalaraq  yanından ayrılmırlar. Bu dayə-

 
232 
 
nin sədaqətli və vəfalı olması ilə də bağlıdır. Görünür, belələrindən 
ailələr də imtina etməyərək onu əldən buraxmaq, həmçinin uşaqlar 
da körpəlikdən isnişdikləri adamdan uzaq qalmaq istəməmişlər. Da-
yənin ikinci ana rolu burada özünü bariz göstərir. Bu da tərbiyə işin-
də  son  dərəcə  vacibdir.  Bu  xüsusda  Nizaminin  bənzətməsi  yerinə 
düşür: 
 
Zəmanə sənin bilici dayəndir, 
Öz yaxşını da, pisini də ona həvalə et (17, 166). 
 
Burada  şair  dayələrə  hər  şeyin  etibar  edildiyini  qeyd  edir  və 
onların də nə qədər bilici olduqlarını vurğulayır.   
Yusif Məddah dayəni ən yaxın rəfiqə kimi təqdim etmişdir. Gö-
ründüyü  kimi,  dayə  Gülşahın  bütün  dediklərinə  canla-başla  əməl 
edən  ən  yaxın  adamıdır.  Burada  dayə  ikinçi  ana  kimidir.  Hətta 
müəllif Gülşahın dililə belə deyir:  
 
Ey mübarək yüzlü dayə hiç sən 
Qayğu yemə kim, sana qurban bən, 
Nə xəta qıldın? Sana yoqdur itab, 
Bəlkə bu işin səvab, əndər səvab (10, 193). 
 
Əsərdə  dayəyə  qarşı  hörmət  və  ehtiram  dolu  münasibət  aydın 
sezilir. Bu münasibət qarşılıqlı məhəbbətə və ehtirama dayanır.  
XVII  əsr  Azərbaycan  poeziyasının  görkəmli  nümayəndələ-
rindən biri olan Məsihinin də əsərində dayənin rolu qeyd olunur: 
Dayə baxuban o dilfigarə, 
Heyran oldu o karü barə. 
Bildi ki, batubdur ehtiyacə, 
Möhtac hərifdür əlacə. 
Var sineyi-gərmü ahi-sərdi
Bilməz nədurur dəvayi-dərdi (22, 88). 
 

 
233 
 
Məsihi  «pəs  dayəni  qıldı  məhrəmi-raz»  -  deməklə  dayənin  ən 
yaxın  məhrəm  sayılan  bir  insan  olduğunu  göstərir.  Bu  xüsus  Qul 
Əlinin  «Qisseyi-Yusif»  əsərində də öz əksini tapmışdır. Şair dayə-
nin ən yaxın sirdaş olduğunu belə qələmə alır: 
 
Ol Züleyxa dayəsinə cavab söylər,  
Sirrin cəmin dayəsinə izhar eylər (24, 72). 
 
Qazi Bürhanəddin də «Divan»ında dayənin adını çəkmişdir: 
 
Süd yerinə eşqini içürdi bana dayə, 
Ol vəslini özgələrə adaya rəvamı (21, 322).  
 
Y.Məddah  isə  qaravaş  haqqında  bəhs  edərək  onun  pulla  satın 
alındığını qeyd etmişdir (10, 177). Orta əsr şairi Suli Fəqih də dayə-
nin  haqqında  məlumat  vermiş,  ərgənlik  yaşına  çatmış  qızın  dayə-
sinin olduğunu qeyd etmişdir. Onun əsərində dayə ən munis insan, 
simsar, dərd ortağı,  müjdəçi,  ən sadiq  dost və məsləhətçi kimi  təq-
dim  olunur  (26,  65).  XV  əsrdə  yaşamış  Azərbaycan  şairlərindən 
Xəlili öz yaradıcılığında uşağa qulluq edən dayənin adını çəkir (10, 
261). Fars nəsrinin  nümunəsi  sayılan  «Qabusnamə»  əsərində deyi-
lir: «övladın qız olsa, onu həyalı bir dayəyə tapşır, böyüyəndə ona 
bir  müəllimə  tut»  (25,  119).  Deməli,  uşaqlara  dayə  tutulması, 
yuxarıda adları çəkilən müəlliflər tərəfindən tövsiyə olunur. 
Dayə  barədə  məlumata  XIV  əsr  şairi  Arif  Ərdəbilinin  də  ya-
radıcılığında rast gəlmək mümkündür. Arif Ərdəbili «Fərhadnamə» 
poemasında  əsərin  qəhrəmanı  olan  Gülüstanın  ölümündən  sonra 
anasız qalan uşağın başqa bir qadının – Məryəmin südü ilə bəslən-
diyini    qeyd  etmişdir  (6,  114).  Bildiyimiz  kimi,  belə  qadınları  el 
arasında süd anası adlandırırlar. Əbu Bəkr əl-Qütbi əl-Əhəri «Sultan 
Satıbəy  sizin  süd  bacınız  və  qohumunuzdur»  -  deyərkən  bu  məsə-
ləyə toxunmuşdur (15, 43). Anası ölən uşağa qulluq edən süd anası 
da müəyyən qədər həm analıq, həm də dayəlik rolunu oynamışdır. 

 
234 
 
Orta  əsrlərdə  dayəliyin  rolu  barədə  məlumat  XVII  əsr  Azər-
baycan şairi Məsihinin yaradıcılığında da yer almışdır. Şair yazır: 
 
Salduqdə olar zəminə sayə, 
Yerdən oları götürdü dayə. 
Əldən-ələ çün güli-bəhari, 
Gəzdürdilər eyləyib nisari. 
Aldı ələ dayə tiği-nüsrət, 
Nə tiğ ki, cövhəri məhəbbət (22, 50). 
 
Anası  olmayan  körpəyə  başqasının  süd  verərək  xidmət  etməsi 
başa düşülür. Amma yuxarıda qeyd olunan məlumatlarda anası ola-
ola uşaqların başqasının südü ilə bəslənilməsi istər-istəməz  bunun 
səbəbi haqqında sual doğurmaya bilməz. Bunun isə müxtəlif səbəb-
ləri ola bilər. Birincisi odur ki, doğan qadının  ya südü olmasın,  ya 
da az olduğu üçün körpəyə çatmasın. Çünki dastanlarımızda da ana 
südü  və  dağ  çiçəyinin  məlhəm  olduğu  söylənilirsə,  ana  da  öz 
südünü  niyə  körpəsindən  əsirgəsin  ki?  İkincisi,  uşaq  məhz  körpə 
ikən anasından müəyyən səbəbdən nə vaxtsa ayrı düşə bilərdi. Varlı 
ailənin  müəyyən  istəməyənləri  də  olduğuna  görə,  uşağa  xətər 
yetirilməsin  deyə  o  ələ  düşərsə,  dayənin  öz  övladı  kimi  də  təqdim 
edilə bilərdi. Bəlkə də bilmədiyimiz başqa səbəblər vardır.  Burada 
belə bir məsələ də ortaya çıxır. Dini baxımdan «bəzi islam məzhəb-
lərində, xüsusilə Hənəfilikdə qadın öz körpəsini əmizdirməyə məc-
bur deyildir. Əgər qadın öz uşağını əmizdirmək istəməsə, ata uşaq 
üçün süd anası tutmalı, uşağını əmizdirən ana bu iş üçün süd haqqı 
tələb  etsə,  kişi  ona  imkanı  daxilində  müəyyən  məbləğ  pul  vermə-
lidir»  (23, 169). Deməli,  islam  dininə görə uşaq ilk növbədə ataya 
məxsus  bir  varlıq  kimi  dəyər  qazanır  və  məsuliyyət  məhz  onun 
üzərinə  düşür.  Qadının  öz  uşağını  əmizdirib-əmizdirməməsi  dində 
də təsbit olunduğu kimi onun real seçimi kimi təqdim olunur.  
Maraqlı  faktdır  ki,  Dağıstan  xalqlarının  ailə  məsələlərinin 
tədqiqatçısı S.Hacıyeva da feodal cəmiyyətindəki qadınların vəziy-
yətinə toxunaraq qeyd edir ki, yeri gəldikdə feodal xanımları mülkü 

 
235 
 
müstəqil idarə edə bilər və ailə məsələlərini nizama salmağı bacarır-
dılar.  Lakin  onlar  ağır  fiziki  əməyə  cəlb  olunmur,  uşaqları  özləri 
əmizdirmir  və  onlara  baxmırdılar,  çünki  bunun  üçün  xüsusi  süd 
verənlər və dayələr mövcud idi (19, 96). Orta əsrlərdə Azərbaycanın 
tərkib  hissəsi  olan  Dağıstan  xalqlarında  oxşar  ailə  münasibətləri 
mövcud olmuş və sonrakı dövrlərdə də (XIX–XX əsrlərin əvvəlləri) 
qismən  qalıq  şəklində  qalaraq  eyni  mahiyyət  daşımışdır.  Burada 
nəzəri  cəlb  edən  cəhət  feodal  xanımlarının  ailə  daxilindəki  statu-
sudur.  Göründüyü  kimi,  onlara  uşaqlarla  daha  çox  təmasda  olmaq 
rəva bilinmirdi. Hətta ananın südü ilə öz övladını bəsləməsi, onlarla 
daha çox təmasda olması feodal qadınlarının psixologiyasında sanki 
nüfuzlarına xələl gələcək bir anlam daşıyırdı.        
Orta  əsrlərdə  dayənin  hansı  müddət  ərzində  işləyəcəyi  əldə 
edilən mənbələrdə dəqiq müəyyənləşdirilmir. Məlumatlarda körpə-
nin  neçə  yaşına  qədər  dayənin  ona  xidmət  etdiyi  tam  dəqiqliyi  ilə 
bəlli olmur. Dayələrə bunun müqabilində nə isə verildiyi barədə də 
heç bir məlumat verilmir. Lakin qarşılıqlı köməyin olduğu və dayə 
əməyinin mütləq nə ilə isə ödənildiyi yəqindir. Ola bilsin ki, burada 
hansısa qarşılıqlı şərtlərə riayət olunurdu. Təsadüfi deyildir ki, son-
rakı  dövrlərin  şair  və  yazıçılarının  da  əsərlərində  dayənin    adı 
çəkilir. Bununla yanaşı, Q.Qeybullayev göstərir ki,  «varlı ailələrdə 
qırxı  çıxdıqdan  sonra  uşağa  baxmaq  üçün  qulluqçu  qadın,  yaxud 
dayə  tutulurdu.  Bu  məqsədlə  qaravaş  da  saxlanılırdı»  (8,  284). 
Müəllif əlavə heç bir məlumat verməyərək bu dedikləri ilə kifayət-
lənmişdir.  N.Quliyeva  qeyd  edir  ki,  «əvvəllər  çoxuşaqlı  kənd  ailə-
lərində uşaqların tərbiyəsi üçün xüsusi vaxt ayırmırdılar» (12, 132). 
Müəllifin nə qədər əvvəli nəzərdə tutduğu bəlli olmasa da, onu qeyd 
edə  bilərik  ki,  kənd  ailələrində  uşaqların  əsasən  əmək  vərdişləri 
qazanmasına  üstünlük  verilirdi  ki,  bu  da  tərbiyənin  vəzifələrindən 
biridir.  Azərbaycanda  bununla  yanaşı,  əsasən  böyüklərə  hörmət, 
kiçiklərə  qayğı  və  qonaqpərvərlik  aşılanmışdır.  Müəllif  müasir 
dövrdə  tərbiyə  işində  uşaq  bağçalarının  rolunu  göstərir.  Buna  onu 
əlavə  edə  bilərik  ki,  uşaq  bağçalarındakı  işçilər  də  məhz    dayə  və 
tərbiyəçi  kimi  fəaliyyət  göstərirlər.  Müasir  dövrdə  imkan  sahibi 

 
236 
 
ailələrin  işlərini  yüngülləşdirmək  məqsədilə  öz  uşaqlarına  pul 
müqabilində dayə tutduqları məlumdur.  
Beləliklə, onu deyə bilərik ki, orta əsrlərdə varlı təbəqəyə məx-
sus  ailələrdə  uşağa  dayə  tutulurdu.  Dayəlik  bir  sosial  institut  kimi 
geniş  təbəqələşmənin  mövcudluğu  ilə  səsləşərək  iqtisadi  cəhətdən 
tam təmin olunmuş ailələrdə baş tuturdu. Yaxşı dayə uşağın inkişa-
fında  mühüm  rola  malik  olurdu.  Mehribançılıq  göstərmək,  uşağa 
qarşı  münasibətdə  şəfqətli  olmaq  dayələrin  ən  əsas  fərqləndirici 
keyfiyyətlərindən idi. Onlar ailədə uzun müddət qala bilərdilər. Da-
yə  kəlməsinə  xüsusən  orta  əsr  müəlliflərinin  əksəriyyətinin  əsərlə-
rində rast gəlinməsi  bir daha dayə haqqındakı söylədiyimiz fikirləri 
təsdiqləyir.  
Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin