ŞİRİn bünyadova



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix14.01.2017
ölçüsü3,55 Mb.
#5121
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

AİLƏ  TƏRBİYƏSİ 
Ailənin  bir  sıra  funksiyaları  vardır.  Onlardan  biri  də  dünyaya 
gətirilən övladın tərbiyə olunması məsələsidir. Ailə tərbiyəsi məsə-
ləsinin öyrənilməsi öz aktuallığını hər zaman qoruyub saxlayır. Ailə 
əvəzsiz, təkrarolunmaz bir dünyadır. Tərbiyə probleminə cavab tap-
maq üçün araşdırdığımız orta əsrlər dövründə onun hansı səviyyədə 
olduğunu öyrənmək zəruridir. Bu baxımdan da ailənin orta əsrlərdə-
ki vəziyyətini təhlil etmək və bu barədə verilən məlumatlara nəzər 
yetirmək  vacibdir.  Çünki  insan  mədəniyyətinin  ilk  nailiyyətləri 
bəlkə də uşaq tərbiyəsi ilə bağlı olmuşdur.   
Nəsillərin varisliyi təcrübənin uşaqlara çatdırılmasından asılıdır. 
Bu  sahədə  ailə  mühüm  rol  oynamışdır.  Nəzərə  almaq  vacibdir  ki, 
«müxtəlif  xalqların  etnopedaqogikasındakı  milli  və  ümumbəşəri 
mənəvi  normaların  qarşılıqlı  əlaqəsi  baxımından  dini  dəyərlərin, 
xalq əxlaqının, mənəviyyatın milli formalarının bir-birinə göstərdiyi 
qarşılıqlı  təsirinin  mexanizmini  öyrənmək  böyük  əhəmiyyət  kəsb 
edir»  (43,  8).  Belə  məsələlərin  rüşeymlərinin  məhz  ailə  daxilində 
yarandığını    nəzərə  alsaq,  tərbiyə  probleminin  tədqiqinin zəruriliyi 
bir  daha  ortaya  çıxır.  Bu  mühüm  məsələ  barədə  Z.Qaralov  belə 
yazır:  «Tərbiyə  –  dinamik    proses  olmaqla  bərabər,  eyni  zamanda 
idarə  edilən  mürəkkəb  sistemdir.  Bu  sistemdə  daimi  təsir  göstərən  
və dəyişən elementlər var. Hər elementin təsir gücünü tənzimləyən 
müvafiq amillər qrupu mövcuddur. Bunları nəzərə almadan sistemin 
hərəkətini düzgün idarə etmək mümkün deyil» (3, 27–28). 
Ailə  tərbiyəsinin  tarixi  qədim  zamanlara  gedib  çıxır  və  bu  bir 
gerçəkdir ki, hər bir dövrdə də diqqət mərkəzində duran bir məsələ 
kimi mühüm əhəmiyyət kəsb etmişdir. Hər bir dövrdə məhz həmin 

 
166 
 
zamana  xas  özünəməxsus  səciyyə  daşıyan  cəhətlər  və  tarixi  mühit 
mövcud  olmuşdur.  Bəşəriyyətin  tarixi  inkişafının  müxtəlif  dövrlə-
rində ictimai, siyasi və mənəvi abı-hava eyni olmamışdır. Ona görə 
də orta əsr Azərbaycan ailəsinin vəziyyəti barədə məlumat alarkən 
bütövlükdə  tədqiq  olunan  tarixi  dövrün  gerçəkliklərini  və  özünə-
məxsus xüsusiyyətlərə malik olduğunu nəzərə almaq vacibdir.  
Məlumdur ki, evlilikdən sonra ailə həyatının yeni səhifəsi açılır. 
Toy mərasimi  tamamilə qurtarandan sonra ilk istək övlad dünyaya 
gətirə  bilməkdir.  Təsadüfi  deyildir  ki,  bəy  evinə  qədəm  qoyan  gə-
linin qucağına uşaq qoyulması əsrlər boyu bir adət halını almışdır. 
Bu da ona ana olmaq arzusu ilə edilən davranışdır. Toydan sonra tə-
zə gəlin bəy evinə qədəm basanda yeni həyatın gündəlik qayğıları, 
əmək fəaliyyəti artıq başqa bir mühitdə davam edir. Yaşamı davam 
etdirmək  üçün  gəlin  yeni  ailə  həyatının  daxili  qaydalarına  uyğun-
laşmalı  olur.  Məişət,  təsərrüfat  problemləri  və  bununla  bağlı 
qayğılar günün reallığı kimi ortaya çıxır.  
Azərbaycan  xalqının  ailə  həyatında  övladın  böyük  rolu  vardır. 
Bu məsələ ilə bağlı Füzulinin xalqdan gələn təfəkkür tərzinə uyğun 
şəkildə söylədikləri yerinə düşür: 
 
Fərzəndsiz adəmi tələfdir, 
Baqi edən adəmi xələfdir. 
Nəsl ilə olur bəqayi-insan, 
Nəzmi-bəşərü nizami-dövran. 
Can cövhərinə bədəldir övlad; 
Övlad qoyan, qoyar həm ad. 
Xoş ol ki, xələfdən ola xoşdil
Dünyada bir oğlu ola qabil (39, 50). 
Hətta  bu  yolda  müxtəlif  əməllərə  baş  vurulmuş,  ayinlər  icra 
olunmuş,  uşağı  olmayanlar  nəzir-niyaz  verərək  Allahdan  övladın 
olmasını arzulamışlar. Füzuli bu xüsusda yazır: 
 
Çox nəzirlər etdi hər məzarə, 
Çox qıldı niyaz kirdigarə (39, 50). 

 
167 
 
 
Məzar dedikdə yəqin ki, pirlər nəzərdə tutulur. Kirdkar isə tanrı 
deməkdir.  ««Kitabi–Dədə  Qorqud»  dastanında  Dirsə  xan  da  nəzir-
niyaz və qurban  yolu  ilə övlad qazana bilir.  «Manas»  eposunda da 
Manas  nəzir-niyaz  və  qurbanlarla  dünyaya  gəlir...  Qurbanlığın,  nə-
zir-niyazın,  ehsanın  xalq  arasında  öz  yeri  vardır.  Bu  ənənə  indi  də 
el-obamızda  yaşamaqdadır.  İnsanlar  indi  də  nəzir-niyaza,  qurbanlı-
ğa  olan  inamlarını  itirməmişlər.  Görünür,  tarixin  müəyyən  çağla-
rında  xalq  öz  adət-ənənələrini,  etiqadlarını  yaşatmaq  üçün  onları 
folklor  nümunələrinə  köçürməklə  hifz  etmək,  qorumaq  haqqında 
düşünmüşdür»  (47,  193).  Tarixən  bu  məsələ  demək  olar  ki,  bütün 
dastanlarımızda  yer  almışdır.  «Kitabi-Dədə  Qorqud»  dastanında 
bununla əlaqədar belə deyilir: «Dirsə xan arvadının sözü ilə böyük 
məclis  qurdurdu,  Allahdan  istəyini  dilədi.  Atdan  ayğır,  dəvədən 
buğra,  qoyundan  qoç  qırdırdı.  İç  oğuz,  Daş  oğuz  bəylərini  ora 
topladı. Ac gördüsə, doydurdu. Yalın gördüsə, geyindirdi. Borclunu 
borcundan qurtardı. Təpə kimi ət yığdı. Göl kimi qımız sağdırdı. Əl 
götürüb arzularını dilədilər. Allah bir ağzı  dualının alqışı  ilə övlad 
verdi.  Arvadı  hamilə  oldu.  Bir  neçə  müddətdən  sonra  bir  oğlan 
doğdu» (45, 133-134).  
Azərbaycanda hamiləlik dünyaya övlad gətiriləcək sevinc doğu-
ran  hadisə  olduğundan    qadınlara  xüsusi  hörmət  olunurdu.  Boylu 
qadına  münasibətdə  ətrafdakılar  həssas  münasibət  nümayiş  etdirir-
dilər.  Nəinki  evin  içindəkilər,  hətta  qonum-qonşu,  qohum-əqrəba 
yeriklədiyi  şeylərin  hamilə  qadına  təqdim  olunması  qayğısına  qa-
lırdılar.  Canı  çəkdiyi  yeməklərin  və  meyvələrin  hamiləyə  gətiril-
məsi savab iş sayılmışdır. Doğum vaxtı gələndə isə xüsusi təcrübə 
sahibi olan qadın-mamaça dəvət olunurdu. O doğum zamanı lazım 
olan  işləri  görürdü.  Bu  zaman  müddətində  kişilər  müəyyən  vaxta-
dək evi tərk edirdilər. Doğum zamanı mamaçadan istifadə olunduğu 
Xaqaninin də əsərində öz əksini tapmışdır. Xalq  arasında doğumla 
bağlı nəğmələr də mövcud olmuşdur. Bunun da ifaçıları nəğmələrin 
mahiyyətindən də göründüyü kimi həmin mamaçalar olmuşlar. Belə 
nəğmələrdən bir örnəkdə deyilir: 

 
168 
 
 
Sancıları gələr-gedər,  
Atalar gülər gedər,  
Nənələr nənni qoyar 
Nəvəsin bələr gedər (67, 287). 
 
 
Mamaçalar  digər  qohum  qadınların  yardımından  da  istifadə 
edirdilər. Lakin doğuş zamanı təəssüf ki, bəzən ölüm halları da baş 
verirdi. Bu orta əsr müəlliflərinin də əsərlərində yer almışdır. 
Təbrizdə yeddi günlük çağanın başını qırxıb, yükün ağırlığı qə-
dər  yoxsullara  qızıl  və  ya  gümüş  paylamaq  adəti  olub.  Həmçinin 
yeddinci  gün  şənlik  keçirmək  və  qoyun  qurban  kəsmək  mərasimi 
mövcud olub  (68, 23). Təbrizdə doğumla bağlı icra olunan  adətlər 
ovsun səciyyəli tədbirlərlə başlayır. Qeyd edək ki, «həmin tədbirlər 
aşağıdakılardır:  ananın  və  körpənin  xalq  arasında  «al»  adlanan  pis 
ruhdan qorunması üçün kişilər 7 gecə doğum baş vermiş evin keşi-
yini çəkirlər, 7 baş soğanı şişə keçirərək xəncərlə bir yerdə körpənin 
arxasında  divara  söykəyirlər;  7  gün  ərzində  körpəni  beşikdə  deyil, 
xəlbirdə saxlayırlar; körpənin başı üstə gecə-gündüz çıraq yandırır-
lar; körpə üçün mollaya dua yazdırırlar; körpə olan evə üstündə qı-
zıl və sarı muncuqlu qadın gəlməməlidir və s. Bu tədbirlərin hamısı 
körpənin guya sağ qalmasını təmin etmək üçün görülür» (68, 21). 
Yeni azad olmuş qadının yanına içərisində su olan qabda üç yu-
murta qoyurlar ki, ona nəzər toxunmasın. Əgər yumurtalar çartlasa, 
deməli ona nəzər toxunub, əgər çartlamasa, nəzər toxunmayıb. Zahı 
arvadın  üstünə  iynə-sancaq  sancarlar  ki,  bəd  ruhlar  ona  xətər  ye-
tirməsin. Doğum anından etibarən 40 gün ərzində qadın zahı hesab 
olunurdu. Doğuşdan sonra zahıya quymaq yemək tövsiyə olunurdu. 
40 gün sonra ana ilə uşağın qırxı tökülürdü.  
Qırx  tökmə  mərasiminin  mahiyyəti  belədir  ki,  «həmin  gün  er-
kən, daha doğrusu, danqaranlığında bulaq,  yaxud çaydan gətirilmiş 
sudan qırx ovuc bir qaba tökülür. Evdə «qırx suyu» da adlanan bu 
su ana və körpənin başından axıdılır. Bununla da onlar qırxdan çıx-
mış olurlar. Burada mərasimin icrası anında oxunulan nəğmə də bir 
neçə cəhətdən diqqəti cəlb edir. Nəğmə belədir: 

 
169 
 
 
Ağırlığın, uğurluğun, 
Dağlara, daşlara. 
Göydən uçan quşlara
Qurumuş ağaclara, 
Bal verməz arılara, 
Deyingən qarılara. 
Boz qurddan hay alasan, 
Xızırdan pay alasan. 
Kamal suyu, camal suyu, 
Can sağlığı suyu» (60, 115). 
 
Qırx «töküldükdən» sonra uşağı görmək olardı. El arasında mə-
lum  inama  görə,  qırxı  çıxmayan  uşağın  üstünə  getməzdilər.  Əgər 
gedən  olsaydı,  uşağı  həmin  adamın  üstünə  gətirirdilər.  O  özü  uşaq 
olan otağa girə bilməzdi. Uşağın çəkisi qədər əti aparıb qəbristanlıq-
da basdırırdılar ki, ömrü uzun olsun. Bu adətin adına «əqiqi» deyər-
dilər  (55,  120).  Qırxı  gözləmək  adəti  əfqanlarda  da  «cehel-qoriz» 
(«qırx-qaç»)  adı  ilə  məlumdur.  Qırx  gündən  sonra  ana  körpəsi  və 
qohumlarla  bərabər  hamama  gedir.  Yalnız  bundan  sonra  adam 
arasına çıxa bilərdi (69, 120).  
Azərbaycanda uşaqla əlaqədar müxtəlif oxşamalar, əyləndirmə-
lər, laylalar, bəsləmələr və nəğmələr mövcuddur. Hətta uşaqla bağlı 
xeyli tapmacalar vardır. Onlardan birində belə deyilir: 
 
Əzizim, doqquz günə
Doqquz aya, doqquz günə, 
Qaranlıqdan kimi çıxar, 
Doqquz aya, doqquz günə? (70, 208) 
(açması: anadan olan uşaq) 
Körpə vaxtı uşaqları beşikdə (nənnidə) yatırırdılar. Uşağın diş-
ləri çıxan vaxtı hədik bişirib paylamaq adəti indi də vardır. Nəhayət, 
böyüdükdən sonra fəal tərbiyə prosesi başlanırdı.   
Qeyd  edək  ki,  «Ailə  tərbiyəsi  pedaqogikası  müxtəlif  elmlərlə 
sıx bağlıdır, lakin onun inkişafında iki elm sahəsi – etnoqrafiya və 

 
170 
 
psixologiya  xüsusilə  mühüm  rol  oynamışdır.  Hər  bir  xalqın  uşaq 
tərbiyəsi, o cümlədən, oğlan və qız tərbiyəsi haqqında özünəməxsus 
təsəvvür  və  anlayışları,  adət  və  ənənələri  vardır.  Bu  təsəvvür  və 
anlayışlarda, adət və ənənələrdə xalqın pedaqoji fikirləri etnoqrafik 
qaydalarla  üzvi  surətdə  birləşir»  (26,  272–273).  Adət  və  ənənələr 
vasitəsilə  uşaqlar  müəyyən  qaydaların  olduğunu  dərk  etməyə 
başlayır və vərdişlər əldə edirlər. H.Quliyev insanların etik, estetik 
və emosional hisslərinin formalaşmasında adət-ənənə və mərasimlə-
rin  xüsusi  əhəmiyyətə  malik  olduğunu  qeyd  edir.  Müəllif  bir  daha 
xatırladır  ki,  «mütərəqqi  adət  və  ənənələr  dərin  estetik-emosional 
məzmuna  malik  olduğundan  adamlarda  yüksək  əhval-ruhiyyə  və 
zövq tərbiyə edir, onlara güclü psixoloji təsir göstərir» (8, 3). Adət 
və ənənə xalqın şüurunda möhkəm yer tutarsa, onu məişətdən silib 
atmaq çox çətindir. Bu da onun uzun ömürlü olmasını təmin edir.  
Tərbiyənin əsas bünövrəsi ailədə qoyulur və o, həyatın ən əhəmiy-
yətli sahəsidir. Azərbaycanda «qədim zamanlardan başlayaraq, uşaqla-
rın  ailə  həyatına  hazırlanması  vəzifəsini  ailənin  özü  yerinə  yetirirdi. 
Uşaqlar kiçik  yaşdan etibarən ailə qanunları ilə  yaşayır, ilk titrək ad-
dımdan, sözdən ailə həyatının yazılmamış qanunlarını öyrənirlər» (26, 
5). Belə ki, «hələ müasir mənada pedaqoji elmlərin olmadığı vaxtlarda 
insan  təcrübəsi  davranış  nümunələrinin  intəhasız  təkrarlarından  elə 
normalar, elə qaydalar, elə qadağalar və öyüd-nəsihətlər xalq pedaqo-
gikasının məğzini təşkil etmişdir ki, onlar, hər şeydən əvvəl, mütərəqqi 
adət  və  ənənələrdə  etnoqrafik  və  tarixi  materiallarda,  xüsusilə  folk-
lorun atalar sözü, məsəllər, nağıllar, dastanlar, bayatılar, tapmacalar və 
şer janrlarında öz ifadəsini taparaq tarix boyu minlərlə nəsillərin, həm-
çinin  ən  görkəmli  fikir  adamlarının,  bədii  söz  ustalarının  formalaş-
masında müstəsna rol oynamış və cilalana-cilalana bu günə qədər gəlib 
çatmış, indi də tərbiyəvi əhəmiyyətini itirməmişdir» (43, 9–10).           
Orta  əsrlərin  ailə  məişəti  və  övlad  tərbiyəsi  məsələsi  ayrıca 
tədqiqat  obyekti  kimi  etnoqrafik  ədəbiyyatda  öz  həllini  indiyədək 
tapmamışdır.  Bunun  da  obyektiv  səbəbi  vardır.  Belə  ki,  bilavasitə 
bu  mövzuya  həsr  olunmuş  ayrıca  yazılı  mənbə  yoxdur.  İndiyədək 

 
171 
 
öyrənilən  ailə  məişəti  məsələləri  yalnız  XIX  əsrin  sonları  və  XX 
əsrin əvvəllərindəki həyat tərzini əks etdirir.   
Bəşər  mədəniyyətinin  əldə  etdiyi  müvəffəqiyyətlər  uşaqların 
düzgün tərbiyəsindən asılı olmuşdur. Nəsillərin inkişaf etməsi qaza-
nılan  təcrübənin  uşaqlara  aşılanması,  mühit,  məişətdə  qərarlaşmış 
adət  və  ənənələrə  sadiqlik,  varisliyə  riayət  olunması  ilə  mümkün 
olmuşdur. Bu sahədə ailə mühüm rol oynamışdır.  
Ailə tərbiyəsi cəmiyyətin həyatı ilə sıx surətdə bağlıdır. Çünki, 
«insan  həm  də  onu  əhatə  edən  insanlarla    müəyyən  münasibətdə 
olur. Bura ailə, məişət, istehsal, əmək, ictimai-siyasi və s. münasi-
bətlər  aiddir.  İnsan  müəyyən  cəmiyyətin  konkret  üzvü  kimi  bu 
münasibətlərdən kənarda qala və onlarsız yaşaya bilməz. Bu ictimai 
münasibətlər insanın əsl  mahiyyətini  müəyyən edir» (4, 239). Ailə 
tərbiyəsinin  asılı  olduğu  amillər  müxtəlifdir.  Belə  ki,  o  ictimai 
quruluşdan, mədəniyyətin ümumi  səviyyəsindən  və iqtisadi imkan-
lardan xeyli dərəcədə asılıdır. Bununla  yanaşı, ailə tərbiyəsi minil-
liklər boyu mənəvi mədəniyyətimizin tərkib hissəsi olan tarixi miras 
kimi əbədiyaşar adət və ənənələrin güclü təsirinə məruz qalmışdır. 
Çünki hamı tərəfindən qəbul edilən adət və ənənələr əsrlərdən bəri 
süzülüb  gələrək  məişət  tərzinin  əsası  kimi  insan  psixologiyasına 
daha  dərindən  nüfuz  edə  bilmiş  və  gündəlik  yaşam  tərzinin  bir 
parçası  olmuşdur.  Belə  ki,  «adət  və  ənənə  –  xalqın  mənliyinin 
meyarıdır.  Onları  xalq  yaradır,  yaşadır,  nəsildən-nəslə  ötürür. 
Böyüyən  nəslin  tərbiyəsində  güclü  vasitələrdən  biri  kimi  istifadə 
edilir. Adət-ənənələrdən elələri var ki, yarandığı ictimai quruluşdan 
asılı  olmayaraq,  bütün  dövrlərdə  böyük  tərbiyəvi  əhəmiyyət  kəsb 
edir. Bunlar bu gün də tərbiyəyə müsbət təsir göstərir» (5, 23). 
Ailə  elə  bir  qurumdur  ki,  burada  müxtəlif  məsələlərin  vəhdət 
şəklində olduğunu nəzərdən qaçırmaq olmaz. Belə ki, ailə daxilində  
maddi,  iqtisadi  və  mənəvi  problemlərin  bir  yerdə  cəmləşməsi  və 
qarşılıqlı əlaqələri vəhdət təşkil edir.  
Məlumdur ki, «hər bir xalq bəşər mədəniyyəti xəzinəsindən fay-
dalandığı  kimi,  ona  öz  hədiyyəsini  də  bəxş  edir,  onu  daha  da  zən-
ginləşdirir və bununla da qanunu olaraq fəxr edir» (42, 21). Eyni za-

 
172 
 
manda  qeyd  edək  ki,  «bütün  millət  və  xalqlara  milli,  xüsusi  və 
ümumbəşəri keyfiyyətlər xasdır. Milli kalorit  məişətin milli  ünsür-
lərini,  millətin  psixi  həyat  tərzini  əks  etdirməklə,  bütün  insanlara 
xas olan bir çox mənəvi əxlaqi sifətləri də əks etdirir» (42, 45).  
Tədqiq  olunan  orta  əsrlər  dövrü  Azərbaycanda  islam  dininin 
köklü  şəkildə  xalqın  məişətinə  daxil  olduğu  və  geniş  yayıldığı  bir 
zamana  təsadüf  edir.  İslami  təfəkkür  xalqın  gündəlik  həyat  tərzinə 
əsaslı  şəkildə  sirayət  etmiş,  ailə  münasibətlərində  və  məişətində 
dərin iz buraxmış, tərbiyə və əxlaq məsələlərinə də ciddi təsir gös-
tərmişdir.  Müxtəlif  xalqların  adət  və  ənənələrinin  qaynayıb-qarış-
ması,  Xilafət  mədəniyyətinin  güclü  təsiri  mənəvi  dəyərlərin  də 
müəyyən  ölçüyə  əsaslanmasını  təmin  edərək  tərbiyə  problemində 
müəyyən  izlər  qoymuşdur.  Qurani-Kərimdə  öz  əksini  tapan  və 
şəriətlə  qanunlaşdırılmış  davranış  qaydaları  uzun  əsrlər  boyunca 
əsas  meyar  sayılmışdır.  Görkəmli  etnoqraf  alim  S.A.Tokarev  bu 
xüsusda belə qeyd edir ki, islam dininin xarakterik cəhəti ondan iba-
rətdir  ki,  o,  insan  həyatının  bütün  sahələrinə  nüfuz  edir,  müdaxilə 
edir.  Müsəlmanların  şəxsi  və  ailə  həyatı,  ictimai  həyatı,  siyasi  və 
hüquqi  münasibətləri  məhkəmə,  mədəni  səviyyə,  bütün  bunlar 
bütünlüklə  dini  qanunlara  tabe  idi.  Əvvəlki  zamanlarda  müsəlman 
ölkələrində  dövlət  və  dini  hakimiyyətin  bütünlüklə  qovuşması  yer 
alırdı,  mülki  və  məhkəmə  hüququ  şəriət  qanunları  əsasında  quru-
lurdu  (25,  533).  Müəllifin  bu  fikri  müsəlmanların  həyatında  islam 
dininin böyük rol oynadığını bir daha təsdiq edir.  
Təsərrüfatın idarə olunması  iqtisadi əsaslara dayanırdısa, övla-
dın tərbiyəsi mənəvi dəyərlərlə ölçülürdü. Ona görə də qeyd etmək 
lazımdır ki, tərbiyə məsələsi mənəvi sərvət və əxlaqi dəyərlər baxı-
mından  xüsusi  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  «tərbiyə  şəxsiyyətin 
formalaşmasına  yönəldilmiş  xüsusi  fəaliyyət sistemidir. Bu proses-
də  daha  yaşlı  nəsil  özünün  təcrübəsini,  ehtiraslarını,  inamını  kiçik 
nəslə verir. Tərbiyə şəxsiyyətin daxili və xarici amillərin təsiri altın-
da baş verən inkişafının idarə olunmasıdır. Ona görə də şəxsiyyətin 
necə  formalaşması,  bu  prosesə  təsir  edən  amillər  diqqəti  birinci 
növbədə cəlb edən cəhətlərdəndir» (14, 57). Bu fikrə onu da əlavə 

 
173 
 
etmək  lazımdır  ki,  uşaqlarda  atadan  və  anadan  gələn  genetik  xü-
susiyyətlər  də  özünü  göstərməyə  bilməz.  Çünki  genetik  amilin  də 
uşağın formalaşmasında öz rolu vardır. Heç şübhəsiz ki, uşağın ata-
sından  və  anasından  aldığı  müəyyən  qabiliyyət  özünü  haradasa 
mütləq büruzə verməlidir. 
Ailə  mehribançılıq,  sədaqət  üzərində  qurulursa,  xoşbəxt  olur. 
Hər bir insanın həyatında ailənin nəyi ifadə etdiyini düşünərkən ağla 
ilk gələn fikir onun bir ocaq olduğudur. Qara Əhmədovun dediyi ki-
mi:  «Od,  ocaq  və  işıq  istifadə  olunduğu  ilk  günlərdən  insanları  öz 
ətrafına  toplamaqla  ictimai  funksiya  daşımağa  başlayır.  Ana  öz 
uşaqlarını ocaq başında böyüdür, onlara isti yemək yedirir, qışda so-
yuqdan  qoruyur,  işığında  keşiyini  çəkir.  Ana  ocağı  sönməyə  qoy-
mur, ocaq başı ilk insan dəstələrinin, icmanın, nəslin, ailənin ən hə-
yati  və  müqəddəs  yerinə  çevrilir.  Ən  mühüm  və  vacib  məsələlər 
ocaq  başında  həll  olunur,  uğurlu  ovdan,  evdə  və  çöldə  baş  vermiş 
hadisələrdən  burada  söhbət  salınır,  bir  sıra  ənənəvi  şənliklər,  dini 
ayinlər  burada  icra  edilir»  (10,  41).  Təsadüfi  deyildir  ki,  ailənin 
ocaq kimi qəbul olunması onun daxili vəhdətini, birliyini göstərir.  
Qurulacaq  ailənin  özəyini  nə  təşkil  etməlidir?-sualına  orta  əsr 
müəlliflərinin cavabı marağa səbəb olur. Maraqlı cəhət budur ki, or-
ta əsrlərdə yaşayıb-yaradan görkəmli şair və alimlərimiz öz yaradı-
cılıqlarında saf və təmiz məhəbbət duyğusunu tərənnüm etmiş, onu 
qurulacaq ailə həyatının təməl daşı hesab etmişlər. Onlar məhəbbəti 
insanın  yaşama  sevinci  kimi  təqdim  etmişlər.  Orta  əsr  müəllifləri 
məhəbbəti  ecazkar  qüvvə  kimi  təqdim  edərək  onu  ailənin  mənəvi 
sərvəti  sayırlar.  Ailədə  onun  üzvləri  arasında  bir-birinə  olan  təmiz 
bağlılıq və incə münasibət onların əsərlərində əsas keyfiyyət və gös-
tərici kimi təqdim edilmişdir. Ümumiyyətlə, qarşılıqlı bağlılıq ailə-
nin bütövlüyünün daha da möhkəmlənməsinə, onun üzvlərinin daha 
da  fəallığına  və  həyatlarının  daha  da  rövnəqlənməsinə  gətirib  çı-
xarır.  
Ailə  daxilindəki  azad  və  sərbəst  mövqeyini  saxlamaq  üçün, 
özünü bir şəxsiyyət kimi təqdim etmək üçün valideynlərin rolu bö-
yükdür.  Valideynlərin  övladları  ilə  əməli  və  təsirli  söhbəti  böyük 

 
174 
 
gücə malik ola bilər. Bir şərtlə ki, valideyn özü də buna hazır olsun. 
Çünki burada təcrübə danışır. Güclü tərbiyə üsulu kimi ünsiyyət or-
taya çıxır və ömür boyu uşaqla  ailə  arasında bir  bələdçiyə çevrilir. 
Ailə eyni zamanda rahatçılığın təminatı olmaqla yanaşı, həm də bir 
sığınacaqdır.  Bu  isə  öz  növbəsində  evə  diqqət  yetirmək  və  qayğı 
göstərmək kimi  məsuliyyətli  vəzifəni  gərəkli edir. Bu məsuliyyətli 
işin öhdəsindən səbir və ləyaqətlə gəlmək üçün ailə bağları möhkəm 
olmalıdır.  
Uşağa körpəlikdən verilən tərbiyə onun bütün həyatı boyu mü-
hüm  izlər  buraxır.  Uşaqlara  sadəcə  körpə  bir  varlıq  və  ya  ehtiyacı 
olan uşaq kimi deyil, xalqın gələcəyinin qurucuları və şəxsiyyəti ki-
mi baxılmalı və diqqət yetirilməlidir. Bu baxımdan da yaxşı yetişdi-
rilən övlad ailənin xoşbəxt gələcəyi və rahat qocalığı, əksinə pis öv-
lad isə onun faciəsi və bədbəxtliyi deməkdir. Körpələrin özlərindən 
böyüklərin  etdiklərini  kor-koranə  təqlid  etmək  kimi  xüsusiyyətləri 
olur. Övladın erkən yaşlardan bütün hərəkətlərini izləmək lazımdır. 
Ailə daxilində hər hansı məsələyə münasibətdə işlə sözün arasında 
müəyyən bir uçurum varsa, o, uşağa da mütləq təsir göstərəcəkdir. 
Ümumi məsələlər haqqında ibrətamiz söhbətlər vasitəsilə dünya və 
həyat haqqında bilgilərə sahib olmaqla tərbiyəyə nail olmaq olar. 
Körpəlik vaxtından uşağın ailədən götürdüyü keyfiyyətlər gələ-
cək inkişafı dövründə də qorunub saxlanılır. «Kitabi-Dədə Qorqud» 
dastanında haqlı olaraq belə deyilir: 
 
Qız anadan görməyincə öyüd almaz. 
Oğul atadan görməyincə süfrə çəkməz. 
Oğul atanın yetirməsi, iki gözünün biridir. 
Ağıllı oğul olsa, ocağının gözüdür (45, 129-130).  
 
Şeyx  Mahmud  Şəbüstəri  oğulun  ataya  yoldaş  olmasını  belə 
qeyd edir: 
 
Ancaq oğulda atasının əlamətləri varsa, 
Ona nə demək olar: nur üstünə nur. 
Xoşniyyətli və xoşbəxt oğul 

 
175 
 
Meyvə kimidir, təzə ağacın barına bənzər. 
Südəmər uşaq anasının yanında, 
Beşikdə məhbəsdə olar. 
O böyüyüb həddi-büluğa çatanda 
Əgər kişidirsə, atasına yoldaş olar (62, 152;154). 
 
Bəzən xalq  arasında  yaxşı  övlada  «anasının südü ona halal ol-
sun»  - deyirlər. Yəni  ona anasının haqqı  və çəkdiyi  əziyyət haram 
edilmir. Yaxşı övlad yetişdirmək yalnız ailə üçün deyil, yetişdiyi el-
oba üçün də böyük fəxrdir. Bu ailəyə başucalığı gətirir. Ana və ata 
yaxşı  övladına  sevinc  və  qürur  hissi  ilə  baxır,  onların  başını  aşağı 
etmədiyi üçün fərəhlənir. Yaxşı övlad böyütmək hər valideynin ar-
zusudur. Övladlarının  gələcəyi  ilə bağlı xəyallar  qurmaq, özlərində 
olmayan və ya görmədikləri ən yaxşı şeylərin uşaqları üçün mütləq 
həyata keçirməyi istəmək arzusu da onları özlərindən də çox sevdik-
lərindən doğur. Bu «Kitabi-Dədə Qorqud» dastanında da qeyd olu-

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin