Şərq-Qərb Tədqiqat Mərkəzi Səlahəddin XƏLİlov



Yüklə 2,22 Mb.
səhifə11/21
tarix18.03.2017
ölçüsü2,22 Mb.
#11827
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

İblis

Camaat huri Samaana ruhani və dini məsələlər üzrə böyük nü­fuz sahibinə baxan kimi baxırdılar. Zira, günahların səbəbləri, cənnət, cə­hənnəm və qır qazanı haqqında heç kim ondan çox bilmirdi.

Onun işi Şimali Livanın kəndlərini gəzmək və moizələr oxumaqla ca­maatın nəfsini günahlardan çəkindirmək və iblisin qurduğu tə­lə­lər­dən onları xəbərdar etməkdən ibarət idi. İblis hurinin ən qatı düşməni idi və Samaan gecə-gündüz onunla müharibə aparırdı.

Fəllahlar huri Samaana hörmət edir, onun moizə və dua­la­rının mü­qabilini böyük həvəslə qızıl və gümüşlə ödəyirdilər; yığılan məh­sul­da da Samaanın öz payı vardı.

Payız günlərinin birində huri Samaan səhralıqdan keçərək ucqar bir kən­də doğru yollanarkən qəfildən həzin bir inilti eşitdi. Ətrafına boy­lanaraq bax­anda yolun kənarında, otun üzərində uza­nılı halda çıl­paq bir kişi gör­dü. O, ağır yaralanmışdı, yara­sın­dan hələ də qanın sız­dı­ğını görmək olur­du. “Mənə yazığın gəl­sin, – deyə yaralı yalvardı, – mə­ni xilas elə, ölü­rəm!”

Huri Samaan qətiyyətsiz şəkildə yaralıya baxdı və öz-özü­­nə fi­kir­ləş­di: “Yəqin quldurdur, yoldan keçəni soymaq is­tə­yib, əvəzində özü zə­rər çəkib... Onun artıq son nəfəsidir, məni onun yanında görsələr elə bi­ləcəklər ki, mən öldürmüşəm onu”.

O öz yoluna davam etmək istəyəndə yaralı bir də dilləndi:

Tək qoyma məni burda, sən getsən, mən yəqin öləsiyəm”.



Huri Samaan yenə düşündü, yaralıya kömək etmək istə­mə­diyini an­­layınca sarsıldı və rəngi ağarmış halda dodaqları əsə-əsə öz-özünə: “Bu, yəqin kimsəsiz dağlarda sərgərdan gəzən dəlilərdən birisi ola­caq,” – deyə pıçıldadı. “Onun yarası dəhşətlidi. Mən nə edə bilərəm axı? Qəlblərin həkimi bədən xəstəliklərini sağalda bilməz”.

Yoluna düzəlmək istəyəndə yaralı dağı-daşı əridə biləcək səslə ça­ğırdı: “Ya­xın gəl, biz səninlə uzun zamandan bəri dost olmuşuq. Sən hu­ri Sa­maan, müqəddəs atasan, mən isə nə quldur, nə də ki, dəliyəm. Qoy­­ma məni bu kimsəsiz yerdə ölüm, yaxın gəl, mən sənə kim ol­du­ğu­mu deyəcəm”.

Huri Samaan can verənə yaxınlaşıb ona sarı əyildi. O, qar­şı­sın­da ta­­nış olmayan, ziddiyyətli bir sifət gördü. Bu üzün ciz­gilərində san­ki ağıl­la biclik, eybəcərliklə gözəllik, məkrlə yum­şaqlıq birləşmişdi. O di­­­kə­lə­rək səndirlədi: “Sən kimsən?”– de­yə soruşdu. Can verən zəif səs­­­­­lə cavab verdi: “Qorxma, mə­nim atam, biz səninlə çoxdan dostuq. Kö­­­mək elə mənə qalxım, ya­xındakı bulağa çatdır məni. Yaralarımı yu və öz yaylığınla bağla”.

Huri çığırdı: “De görüm, axı sən kimsən? Mən səni tanı­mıram, ya­­dıma da gəlmir ki, səninlə hardasa görüşmüş olam”.

Yaralı xırıldadı: “Yaxşı bilirsən, mən kiməm. Min dəfə görmüsən məni. Canından əzizəm sənə mən”.

Huri qeyzlənərək söylədi: “Ax səni yalançı! Ölüm aya­ğın­da adam yalan danışmamalıdı. Mən sənin idbar sifətini heç za­man gör­mə­­mişəm. Deməsən sən kimsən, səni elə beləcə qanı axa-axa qoyub ge­­dəcəm. Öl, cəhənnəm ol”. Yaralı dikələrək hu­rinin gözlərinə diq­qət­lə baxdı və onun dodaqlarında bic tə­bəs­süm oynadı; yumşaq, sakit və də­rin səslə: “Mən – İblisəm”, – dedi.

Bu sözləri eşidəndə huri Samaan dəhşətə gələrək elə çığırdı ki, sə­si bütün vadiyə düşdü. Yalnız indi can verənin kənd kilsəsinin d­i­va­rın­dan asılmış, qiyamət gününü əks etdirən şəkildəki demonları xa­tır­lat­dığını sezməyə başladı.

Allah qəsdən mənə sənin cəhənnəmlik sifətini göstərdi ki, mən da­­ha çox nifrət edim sənə! Səni görüm lənətə gələsən!” – deyə qış­qırdı.



İblis söylədi: “Tələsmə, müqəddəs ata, vaxtı da boş-boş söh­bət­lər­lə alma. Yaxşısı budur, yaxın gəl və mənim yaralarımı sarı, nə qə­dər ki, həyat tamamilə tərk etməmişdir bu bədəni” .

Huri cavabında: “Hər gün Allahın prosvirasına toxunan əl sə­nin cəhənnəm tullantılarından yaradılmış bədəninə toxun­ma­­yacaq! Öl, əbə­diyyətin dili və bəşəriyyətin ağzı ilə lənət­lən­miş məxluq. Öl, zira, sən əbədiyyətin düşməni və bəşəriyyətin qənimisən”.

İblis ağrı içində hərəkətə gəlib, dirsəkləndi və cavab verdi: “Sən nə da­nış­dığını bilmirsən və ruhunu nə boyda günahla yüklədiyinin fər­qin­də də de­yilsən. Bir qulaq as mənim hekayətimə. Mən bu kimsəsiz va­dilərdə gə­ziş­diyim zaman bir dəstə mələyə rast gəldim. Məni aman­sız­casına əzişdirdilər. Əgər onlardan birinin iti qılıncı olmasaydı, mən on­­ların hamısının axırına çıxa bilərdim. Amma bir silahsız silahlıya qarşı nə edə bilər ki?”

İblis bir anlığa susdu, sinəsində qaralan yarasını əli ilə örtüb sö­zü­nə da­vam etdi: “Silahlı mələk – deyəsən o, Mikayıl idi – mahir dö­yüş­çü idi və əgər mən yerə yatıb özümü ölülüyə vurmasaydım, məni öl­dür­məyənə qədər əl çəkməyəcəkdi”.

Huri gözlərini göyə tutub təntənəli bir şəkildə söylədi: “Eşq ol­sun Mikayıla ki, bəşəriyyəti mənfur düşməndən xilas elədi”!

İblis etiraz etdi: “Mənim bəşəriyyətə qarşı düşmənçiliyim sənin özü­nə qarşı düşmənçiliyindən böyük deyil. Sən Mikayılı tərifləyirsən. Han­sı ki, onun sənə heç bir xeyri dəyməyib. Məni bu ağır dəqi­qə­lə­rim­də lənətləsən də, bil ki, sənin firavanlığının və səadətinin səbəbi mən ol­muşam və indi də mənəm. Sən mənim xeyirxahlığımı dansan da, mə­nə minnətdar olmaq istəməsən də, həmişə mənim sayəmdə dolanmısan. Mə­gər sən indi o qədər varlısan ki, daha heç nəyə ehtiyacın yoxdur? Mə­gər bilmirsən ki, sənin arvadının və çoxsaylı uşaqlarının çörəyi kə­si­lə bilər mən ölsəm? De görüm onda nə edəcəksən? Nə işlə məşğul ola­caqsan, mənim adım belə qalmasa? İyirmi beş ildir ki, sən bu da­ğ­lar­da gəzir, insanları mənim tələlərimdən agah edirsən; camaat isə sə­nin bu moizələrinin müqabilini qızılla, tarlalarının məhsulu ilə ödəyir. Nə verəcəklər sabah sənə, əgər bu gün bilsələr ki, onların düşməni İb­lis artıq ölüb və onun hiylələri daha onlarçün qorxulu deyil? Nə işə ya­­rayacaqsan, İblisin ölümündən sonra? Məgər sənə, müdrik din xa­di­mi­nə, məlum deyilmi ki, məhz iblisin varlığı keşişlərin peyda olmasına sə­bəb olmuşdur və bu köhnəlmiş ədavətə səbəb olan qızıl və gümüşlər din­darların cibindən siz vaizlərin və ruhani ustadların cibinə axmaqda da­­vam edir? Məgər sənin kimi bir üləma bilmirmi ki, səbəbin aradan qalx­ması ilə nəticə də yoxa çıxacaq? Mənim ölümümü sən necə ar­zu­la­ya bilərsən, bilə-bilə ki, bununla həm mövqeyini itirəcək, həm ma­a­şın­dan məhrum olacaq, həm də arvad-uşağını ac qoyacaqsan? ”

İblis bir anlığa susdu və üzündən yalvarış dolu ifadəni silərək sö­zünə əminliklə davam etdi: “Özündən razı görünsən də, vallah sə­feh­­sən. Qulaq as, mən sənə bizi bir-birimizə bağlayan həqiqəti söy­lə­yim. İnsan ilk dəfə günəşi görəndə əllərini uzadaraq söylədi: “Bu göy qüb­­bəsinin arxasında böyük Allah vardır, xeyrin yaradıcısı!” Sonra isə kürəyini işığa çevirdi və yerdəki kölgəsini görüb dedi: “Torpağın də­­rinliyində qorxulu iblis yaşayır, şər törədicisi”. Və o özlüyündə: “Mən iki qüdrətli qüvvə arasındayam. Birinə sığınmalı, digəri ilə dö­yüş­­məliyəm”, – deyə düşündü.

Beləcə əsrlər bir-birini əvəz edir, insansa əvvəlki tək iki qüvvə arasında yaşayırdı: onlardan birinə şükr eləyirdi, çünki bu qüvvə onun ruhunu göylərə qaldırırdı; digərini isə lənətləyirdi, çünki o, onun ru­hu­nu zülmətə qərq edirdi. Lakin o, nə şükranlığın mənasını anlayır, nə lə­nətin əhəmiyyətini dərk edirdi və beləcə onu çiçəklərlə bəzəyən yay və onu əsim-əsim əsdirən qış arasında bir ağac təki yaşayırdı. Məhz sivilizasiyanın səhərində insan cəmiyyətində ailə, sonra isə tayfa ya­ra­nan­da, bacarıq və meyllər əsasında əmək bölgüsü yaranıb tay­fa­nın bir qis­mi əkinçilik, digəri ev tikintisi, bir başqaları toxuculuq və ov­çuluqla məş­ğul olmağa başlayanda, yer üzündə ilk din xadimləri ya­ran­dı. Və bi­rinci dəfə insan həyati əhəmiyyət daşımayan və heç bir tə­bii ehtiyacı ödə­məyən bir fəaliyyətlə məşğul olmağa başladı”.

İblis bir anlığa fasilə verdi. Sonra elə güldü ki, qəhqəhəsi bütün va­­­diyə yayıldı. Lakin gülüşü ona həm də onun yarasını xatırlatdı və o, ağ­­­rıdan üzü əyilmiş halda böyründən yapışdı. Özünü düzəldib sözünə da­­vam etdi: “Hə, elə o zamandan din xadimləri yarandı. Bu hadisə be­lə olmuşdu. Tayfada La Vis adlı birisi vardı. Adının mənasının nə ol­du­­ğunu bilmirəm. O, ağıllı, lakin çox tənbəl idi. Əkinçilikdən, mal­da­r­lıq­­dan və ovçuluqdan, bir sözlə, əzələ gərginliyi tələb edən bütün iş-lər­­dən zəhləsi gedirdi. O zamanlar qidanı yalnız zəhmətlə əldə etmək müm­­kün olduğundan, La Vis gecələrin çoxunu ac qarına yuxulamalı olur­du. Bir yay axşamı tayfa üzvləri başçının alaçığının qabağına yı­ğı­şa­­raq öz qayğılarını müzakirə edən zaman kimsə ayı göstərərək çı­ğır­dı: “Gecənin allahına baxın! Onun üzü qaralmış, gözəlliyi yoxa çıx­mış­dır, o, göydən asılan bir qara daş parçasına dönmüşdür”. Başla­rı­nı qaldırıb göyə baxan insanlar dəhşətə gəlib əsməyə başladılar. Sanki zülmət özü əlləri ilə onların ürəklərini sıxırdı, zira, onlar görünməmiş bir mənzərənin şahidi olurdular: gecənin allahı getdikcə qara dairə for­­masını alır, sanki qara pərdə ilə hər yeri örtərək torpağın rəngini də­­­yişir, dağları, daşları görünməz edirdi. Bu zaman əvvəllər ayın bat­ma­­sını müşahidə etmiş La Vis vəziyyətdən faydalanmaq məqamının ye­tiş­­­diyini anlayıb irəli yeridi, əllərini göyə uzadaraq var səsi ilə da­nış­ma­­ğa başladı: “Diz çökün və başınıza kül ələyin. Qara şər allahı işıqlı ge­­­cə allahına hücum etmişdir: əgər o qalib gəlsə, bizim hamımız ölə­cə­­yik, yox əgər məğlub olsa – yaşayacağıq. Diz çökün, dua edin və ba­şı­­nıza kül tökün. Gözlərinizi yumun və göyə baxmayın, kim xeyir al­la­hı­nın şər allahı ilə döyüşünü görsə, gözünün işığını və ağlını iti­rə­cək, öm­rünün axırınadək kor və dəli qalacaqdır. Başınızı aşağı əyin və ürək­lərinizdə xeyir allahına qələbə arzulayın”.

Beləcə La Vis heç kimin eşitmədiyi qorxulu ifadələr uy­dur­maqda davam edərək xeyli danışdı. Bir qədər sonra ay ye­ni­dən öz gözəlliyi ilə işıqlanmağa başlayanda, o, səsini bir qədər də ucaldaraq sevinclə elan etdi: “İndi isə qalxın, ay camaat, gö­yə baxın; gecənin allahı dü­ş­mə­­nə qalib gəlmiş və budur o ye­ni­dən ulduzlar arasında öz səyahətini da­­vam etdirir. Bilin ki, öz dua­larınızla siz ona qaranlığın şərini ü­s­tə­lə­mə­yə kömək etmiş ol­dunuz. Budur o indi daha əzəmətli və daha gözəl ol­muşdur”.

Adamlar qalxaraq aya baxdılar. Ay əvvəlki tək parlaq işıq­la işıq­la­nırdı. Adamların qorxusu əminliklə, həyəcanı isə se­vinclə əvəz olun­du. Onlar yallı getdilər, dəf və şeypurlarını çal­dılar, vadinin ən ucqar gu­şəsi belə onların sevinc sədaları ilə doldu.

Elə həmin gecə tayfanın başçısı La Visi yanına çağırıb de­di: “Sən bu gün görünməmiş bir iş gördün. Heç birimizin an­la­ya bil­mə­di­yi gizli sirrə vaqif olduğunu nümayiş etdirdin. Odur ki, səni təbrik edi­rəm, bu gündən tayfada məndən sonra ən ali şəxs olacaqsan. Mən tay­fa­nın ən güclüsü və cəsarətlisi, sən – ən çox biləni və müdriki; bizimlə al­lahlar arasında va­si­təçi ol, onların iradəsi, arzuları və istəklərindən bi­zi xəbərdar elə, allahların xeyir-duasını qazanmaqda bizə yardımçı ol”.

La Vis hiyləsində bir addım da irəli gedərək onu əmin etdi: “Mən yuxuda allahların mənə açdığı bütün sirrləri sənə söyləyəcəm, zi­ra, mən səninlə onlar arasında vasitəçiyəm”. Tayfa başçısı se­vin­cin­dən La Visə iki ayğır, yeddi inək, yetmiş qoyun və yetmiş quzu ba­ğış­la­dı və söylədi: “Əmr edəcəm, sənə yaxşı bir ev tiksinlər və hər pa­yız­da məh­sulun müəyyən hissəsi sənə çatacaq, ağa kimi yaşayacaqsan”.

La Vis getmək üçün qalxdı, lakin tayfa başçısı onu saxlayıb so­ruş­du: “Bu şər allahı dediyin kimdir ki, gecənin işıqlı allahı ilə döyüşə gir­məyə cə­sa­rət edir? Biz əvvəllər heç onun barəsində eşitməmişdik”. La Vis alnını ovuş­duraraq ona belə cavab verdi: “Mənim ağam, bil ki, qə­dim zamanlarda, on­da ki, hələ insan da yaranmamışdı, bütün al­lah­lar Süd Yolunun arxasında can bir qəlbdə yaşayırdılar. Onlara allah­lar allahı şahlıq edirdi. O, ba­ca­rıq­da hamıdan üstün idi və əbədiyyətin qa­nunlarında gizlədilmiş bir çox sirrlə­rin açarı yalnız onda idi. Lakin on ikinci əbədiyyətin yeddinci əsrində al­lahların allahına nifrətlə dolu olan Baatar öz atasına belə söylədi: “Nə üçün sən bütün yaradılmışlar üzə­rində mütləq hakimiyyətindən əl çək­mir­sən, varlığın və əbədiyyətin sir­lərini bizdən gizlədirsən? Məgər biz sənin ölümsüzlüyündə və gü­cündə sənə bərabər olan oğul və qızların deyilikmi?”

Allahların allahı qəzəblənərək cavab verdi: “Mütləq haki­miy­yə­ti, sirri və qüdrəti mən əbədi olaraq özümçün sax­laya­cam, zira, mənəm hər şeyin əvvəli və hər şeyin sonu”. Baatar söylədi: “Əgər sən öz güc və qüdrətini mənimlə bölüşməsən, mən və mənim övladlarım və öv­lad­la­­rımın da övladları sənə asi olacağıq!” Onda allahların allahı göy­lə­rin ənginliyindəki taxtından qalxaraq Süd Yolunu qılınc edib belinə bağ­­ladı, günəşi isə qalxan kimi sinəsinə tutaraq elə bağırdı ki, son­suz­luq lərzəyə gəldi: “Şər üsyankar! Rədd ol, qaranlıq və rəzalətin hökm sür­­düyü aşağı dünyaya və orada qal, nə qədər ki, günəş külə dön­mə­yə­cək və ulduzlar toz olub səpələnməyəcək”. O saatdan etibarən Baatar ali dünyadan şər ruhların yaşadığı aşağı dünyaya sürgün edildi. O, and içdi həyatın sirrinə ki, dünyanın sonunadək atası və qardaşları ilə mü­­barizə aparacaq, onlara iman gətirən hər bir ruha qarşı du­ra­caq­dır”.

La Visə diqqətlə qulaq asan tayfa başçısının rəngi saralmış, alnı isə qırışmışdı. O soruşdu: “Deməli, şər allahının adı Baatardır?” La Vis cavab verdi: “Allahların yanında onun adı Baatar idi. Aşağı dün­ya­­da isə o özünə başqa adlar götürdü: Baalzebul, Balial, Şeytan, Əh­ri­mən, Mara, Abdon, Devil və nəhayət İblis. Ən məşhuru İblisdir”.

Başçı “İblis” kəlməsini küləyin əsdirdiyi quru yar­paq­la­rın xışı­l­tı­­sını xatırladan titrəyən səsi ilə bir neçə dəfə tək­rar­la­yan­dan sonra so­­ruşdu: “Bəs nə üçün İblis allahlara olan nifrətini insanlara da yö­nəlt­mişdir?”

La Vis cəld cavab verdi: “İblis ona görə insanlara nifrət edir ki, on­lar onun qardaş və bacılarının törəmələridirlər”. “De­mə­li, İblis in­san­­lara qohum düşür?”— deyə başçı səsləndi. La Vis qəsdən dumanlı şə­kildə cavab verdi: “Bəli, mənim ağam. Bu­na baxmayaraq onların ən qa­tı düşmənidir: gündüzlər o, in­sanlara fəlakət, gecələr isə qorxulu yu­xular gətirir. O bir qüv­və­dir ki, fırtınanı onların evlərinə doğru ist­i­qa­mətləndirir, əkin­lə­rini yandırıb külə döndərir, özlərini və hey­van­la­rı­nı cürbəcür xəstəliklərə düçar edərək tələf edir. O, qüdrətli, kinli və məkr­li allahdır. O, insanların dərdinə sevinir, sevincinə qüs­sə­lənir və biz onun davranışını və xasiyyətini yaxşıca öyrən­mə­liyik ki, onun şə­rin­dən uzaq ola bilək, tələlərinə düşməyək”.

Başçı başını tutub pıçıldadı: “Mən indi bildim fırtınanı bi­zim ev­lə­rimizə yönəldən və heyvanlarımızı tələf edən hansı qüv­vədir. Bir az­dan bu hamıya ayan olacaq və insanlar sən La Visə alqış deyəcəklər. Zi­ra, sən onların qatı düşmənlərinin sir­ri­nin üstünü açmış və onun tə­lə­lərindən qurtulmağın yollarını öyrənmisən”.

Başçının yanından evinə yollanan La Vis bugünkü uğu­ru­na özü də inanmır, sevincindən nəşələnirdi. Bu gün ilk dəfə idi ki, başçı və tay­­­fanın digər üzvləri rahat yata bilmədilər; yu­xu­da onları qorxulu ruh­­lar incidir, şər qüvvələr qarabaqara iz­ləyirdi”.

İblis danışmaqdan yorulmuş kimi bir anlığa susdu. Huri Sa­maan isə ona diqqətlə baxırdı. Onun üzündə çaşqınlıq ifadəsi do­nub qal­mış­dı və budur onun dodaqlarında xəstə bir təbəssüm dar­tılmağa başladı. İb­lis yenidən sözünə davam etdi: “Beləcə yer üzündə din xadimləri ya­ran­dı. Mənim səbəbimə. La Vis mə­nimlə düşmənçiliyi özünə peşə se­çən ilk şəxs oldu. Onun ölü­mündən sonra bu yeri onun oğlanları və nə­və­ləri tutdular və bu peşə inkişaf etdi. O həddə qədər ki, o, yalnız yet­kin ağıl, həs­sas şüur, təmiz ürək və zəngin təxəyyülə malik in­san­la­rın mə­­­nim­­­səyə biləcəyi müqəddəs bir sənət səviyyəsinə yüksəldi. Ba­bil­də in­sanlar mənimlə cadular vasitəsi ilə döyüşən kahin qar­şı­sın­da gün­də yed­di dəfə səcdə edirdilər; Nineviyada mənim giz­li sirlərimi bil­mə­yə id­dialı şəxsi insanlarla allahları birləşdirən qı­zıl bənd sa­yır­dı­lar; Fiva şə­hərində mənim düşmənimi günəşin və ayın oğlu adlandırırdılar; Bib­losda, Efesdə və Antioxiyada in­sanlar mənə öz uşaqlarını qurban ve­rirdilər; Yerüsəlim və Ro­­mada isə camaat canını mənə nifrətdə usta­laş­­mış şəxslərə tapşırırdı.

Günəşın altında yaradılan hər bir şəhərdə mənim adım di­nin, el­min, incəsənətin və fəlsəfənin məhək daşı idi. Mənə görə mə­bədlər ti­kilir, universitetlər və məktəblər yaradılır, saray və qalalar ucaldılırdı.

Mən insanlarda qətiyyət oyadan qətiyyətəm. Mən insan­la­­rın əl­lə­ri­ni hərəkətə gətirən ələm. Mən onların id­ra­kı­na kəsər gətirən fikirəm. Mən əbədi və ölümsüz İblisəm ki, öz­lə­ri­ni diri saxlamaq üçün insanlar mə­nimlə döyüşməyə məh­kum­durlar. Əgər onlar mənə qarşı durmasa­lar idrakları yuxulayar, tənbəllik canlarını alar, süstlük isə bədənlərini məhv edər.

Mən – ölümsüz və əbədi İblis, – kişilərin ağlında və qadınların ürək­lərində əsən, onları həyəcanlandıran səssiz fırtınayam. Mənim qor­xumdan onlar monastırlara üz tutur və orada məni öz qorxuları ilə təs­diq edirlər. Mənim iradəmlə onlar qumarxanalara, şənlik evlərinə yö­nəlir və orada mənim arzularıma itaət nümayiş etdirirlər; gecənin sü­kutunda dua oxuyaraq məni öz çarpayısından uzaqlaşdırmağa ça­lı­şan monarx məni öz yatağına çağıran fahişədən çox fərqlənmir.

Mən ölümsüz və əbədi İblisəm, qorxu təməli üzərində ucal­dılmış mo­­nas­tır və səcdəgahların əsl memarı mənəm; mə­nəm şəhvət və həzz tə­məli üzə­rində qurulmuş əxlaqsızlıq yu­va­la­rının daimi sakini. Mənim ölü­mümlə dün­yadan qorxu və həzz yo­xa çıxacaq və onların dalınca da in­san ürəyinin ümid və ar­zu­ları. Həyat da simləri qırılmış ud kimi so­yuq məzarlığı xatırladacaq.

Mən ölümsüz və əbədi İblisəm. Mən yalanın, riyanın, məkrin və al­çaqlığın ilhamvericisiyəm və əgər bu xüsusiyyətlər dünyanı tərk edə­si olsa, bəşəriyyət baxımsız bağa bənzəyəcək ki, orda yalnız xeyir kol­la­rının tikanları bitəcək.

Mən ölümsüz və əbədi İblisəm. Günahın anası da mə­nəm, atası da. Əgər günah yox olsa, bütün günah döyüşçüləri və onların ailələri də yox olacaq.

Mənəm şərin ürəyi. Mənim ürəyimin dayanması ilə bə­şərdə hər han­sı hərəkət də dayanacaq. Sən bunumu istəyirsən? İstəyirsən ki, sə­bəb ölərək özü ilə birlikdə nəticəni də aparsın? Mənəm hər şeyin sə­bəbi! Sən imkan verəcəksən ki, mənim canım çıxsın bu səhralıqda? Sən doğ­rudan istəyirsən ki, səni mənimlə bağlayan əzəli əlaqə qırılsın? Ca­vab ver, din xadimi!”

İblis əllərini qabağa uzatdı, boynunu yuxarı qaldırıb dərindən nə­fəs aldı; ağrı və əzabdan rəngi bozarmış halda o, əsrlərin Nil çayı sa­hilində qoruyub saxladığı heykəllərdən birinə çox bənzəyirdi. Huri Sa­maana parıldayan gözləri ilə baxıb yorğun səsi ilə davam etdi: “Da­nışmaq əldən saldı məni. Ölüm ayağında gücə qənaət etmək əvə­zi­nə mən sənə adi həqiqətləri izah etməli oldum. İndi sən hər şeyi bi­lir­sən. Seçim sənindir. İstəyirsən məni evinə apar və yaralarıma qulluq elə, istəyirsən at, get məni burda, ölümün əlində”.

Ona qulaq asa-asa huri Samaan məzlumcasına əllərini bir-bi­ri­nə sür­türdü. Sonra isə üzr istəyirmiş kimi dilləndi: “Hə, sən çox şeyə aç­dın mənim gözümü. Cahilliyimə görə məni bağışla. Mən indi bildim ki, sən insanları azdırmaq üçün yaranmısan. Azmaq isə insan nəfsini dərk etmək üçün bir ölçüdür. Məhz bu ölçü ilə Uca Allah ruhları tə­rə­zi­yə çəkir. Mən anladım ki, sənin ölümünlə azma, şirniklənmə də yoxa çı­xacaq. Onunla bərabər insanı ayıq və ehtiyatlı olmağa sövq edən ru­ha­ni məqam da yox olacaqdır.

Sən yaşamalısan, çünki sən ölsən və insanlar bundan xəbər tut­sa­lar, cəhənnəm qorxusu da yoxa çıxacaq, camaat ibadətdən uzaq­la­şa­­caq və günaha batacaqdır.

Sən yaşamalısan, zira, insan nəslinin əxlaqsızlıqdan və gü­nah­dan xilas olması sənin həyatından asılıdır. O ki, qaldı mənə, mən sənə olan nifrətimi insanlara olan sevgimə qurban verəcəm”.

İblisi elə gülmək tutdu ki, yer əsdi. Dedi: “Sən necə də ağıllısan, mü­­qəddəs ata! İlahiyyat sahəsində tayın-bərabərin yoxdu. Ağlının gü­cüy­­lə sən mənim varlığımın mənasını mənim özümdən də yaxşı dərk etdin.

Hə, indi ki, bizi bir-birimizə bağlayan ilahi ehtiyacı yaxşıca an­la­dıq, getmək lazımdır burdan. Yaxın gəl mənim qardaşım və məni evi­ni­zə apar. Mən o qədər də ağır deyiləm. Vadiyə gecə düşür, bəsdir bu tor­pağı qanımla suvardığım”.

Və huri Samaan qollarını çırmayıb əbasının ətəklərini belinə ke­çirt­di, İblisi dalına alıb evinə tərəf yollandı.
* * *
Sükuta qərq olmuş və gecənin qara pərdəsinə bələnmiş va­dilərin arası ilə öz kəndinə doğru irəliləyən huri Samaanın be­li arxasındakı çılpaq bədənin ağırlığından ikiqat əyilmiş, qara əba­sı və uzun saqqalı yaralının qanına batmışdı, dodaqları isə öl­məkdə olan İblisin sağalması üçün oxuduğu duaları təkrarlayırdı.
Ərəb dilinin gələcəyi

Birincisi. Ərəb dilinin gələcəyi nə deməkdir?

Dil bütün millətin və ya onun ümumi mahiyyətinin yaradıcılıq tə­za­hürlərindən biridir. Əgər yaradıcılıq zəifləyirsə, dilin inkişafı da da­yanır. Amma məlum olduğu kimi, dayanmaq tənəzzüldür, tənəzzülün ar­xasında isə ölüm və puçluq dayanır.

Beləliklə, ərəb dilinin gələcəyi bu dildə danışan xalqlar ailəsinin in­diki və gələcək yaradıcı düşüncəsindən asılıdır. Əgər ideyalar ya­şa­sa, ərəb dilinin gələcəyi keçmişdə olduğu qədər möhtəşəm olacaq. Be­lə olmasa onu qonşu yəhudi və Suriya dillərinin aqibəti gözləyir.

Bəs biz nəyi yaradıcı güc adlandırırıq?

Bu, milləti irəliyə aparan qətiyyətdir; zira, millətin qəlbində na­mə­lum olana maraq, aclıq, ehtiras, ruhunda isə onun gecə və gündüz hə­yata keçirməyə çalışdığı arzular zənciri vardır. Hər bir halqanı qət et­dikdən sonra həyat yenisini əlavə edir. Şəxslərdə bu, istedaddır, cə­miy­yətdə entuziazm. Ayrıca şəxslərin istedadlı olması isə cəmiyyətin gi­zli cəhdlərini konkret aşkar formalarda həyata keçirtmək ba­ca­rı­ğın­dan başqa bir şey deyil. İslamaqədərki dövrdə şair bir növ müjdəçi idi. Be­lə ki, ərəblər nə isə yeni bir şey gözləmək vəziyyətində idilər. Büt­pə­rəst­likdən islama keçid günlərində o, inkişaf edərək yetkinləşirdi, bö­yü­mə və yetkinlik mərhələsini yaşayırdı. Postklassik dövrdən sonra o, iki­ləşdi, çünki bütün islam cəmiyyəti parçalanırdı. Şair də həmin mər­hə­lələrdən keçirdi, o yüksəyə qalxır, öz görkəmini dəyişir, bəzən f­i­lo­sof ki­mi, bəzən həkim kimi görünürdü, hətta astronom belə olurdu. Nə qə­dər ki, ərəb dilində yaradıcılıq gücünü mürgü tutmamışdı, hər şey belə idi. Bu güc zəiflədikcə şairlər qafiyəpərdazlara, filosoflar əz­bərçilərə, həkimlər fırıldaqçılara, astronomlar astroloqlara çevril­di­lər.

Beləliklə, ərəb dilinin gələcəyi bu dildə danışan xalqların yara­dı­cı gücündən asılıdır. Əgər onlar xüsusi mahiyyətə və mənəvi birliyə ma­lik olsalar və uzun sürən yuxudan sonra bu mahiyyətdə yaradıcı güc oyansa, deməli ərəb dilinin gələcəyi də keçmişi kimi möhtəşəmdir, əks halda onun gələcəyi yoxdur.

İkincisi. Avropa sivilizasiyasının və Qərb ruhunun ərəb dilinə təsiri necə ola bilər?

Təsir isə müəyyən bir qidadır ki, onu dil kənardan qəbul edir və son­ra çeynəyərək udur, öz mövcudluğu üçün xeyirli olan hər şeyi mə­nim­səyir. Necə ki, ağac da işıq, hava və torpağın elementlərini bu­daq­la­­ra, yarpaqlara, çiçək və meyvələrə çevirir. Amma əgər ancaq dil var­­sa, diş və mədə yoxdursa, onda yeməkdən bir fayda olmaz, üstəlik o, öldürücü zəhərə çevrilər. Nə qədər ağaclar həyatı aldatmağa cəhd edə­­rək, kölgədə gizlənməyə çalışırlar, amma günəşə çıxan kimi solur və məhv olurlar. Atalar demişkən, «tamarzıdan al, dadanmışa ver».

Qərb ruhu bəşər həyatının mərhələlərindən, dövrlərindən biri­dir. Bəşər həyatı daim irəli gedən nəhəng bir yürüşdür. Yolda qalxan qı­zılı tozdan dillər, təlimlər, dövlət institutları yaranır. Yaradıcı mil­lət­lər bu yürüşə başçılıq edirlər. «Yaradıcı» isə «nüfuzlu» deməkdir. Son­da təqlid edən millətlər gedir, təqlid etmək təsirə məruz qalmaq de­mək­dir. Şərq öndə gedəndə, Qərb isə geri qalanda bizim sivili­za­si­ya­mı­zın onun dillərinə güclü təsiri var idi. Ancaq Qərb irəli çıxdı və biz ar­xadan gələnlər olduq. Təbii ki, Qərb sivilizasiyası həm bizim dili­mi­zə, həm düşüncəmizə, həm də əxlaqımıza.

Qərb xalqları keçmişdə bizim hazırladıqlarımızla qidalanır, çey­nə­yir, udur və öz mövcudluqları üçün bütün xeyirli şeyləri mənimsə­yir­dilər. İndi də Şərqin xalqları Qərbin hazırladığını yeyir, ancaq xeyrini mənimsəmirlər, yalnız qərbliləri təqlid edirlər. Bax, məni qorxudan və narahat edən də budur! Şərq gah dişləri tökülmüş qoca, gah da dişləri hələ çıxmamış körpə təsiri bağışlayır.

Qərb ruhu bizə həm dostdur, həm düşmən. Ona güc gəliriksə, dost o bizə qalib gəlirsə düşməndir. Ona ürəyimizi açırıqsa dost, ürə­yimizi ona veririksə düşməndir. Ondan bizim üçün bütün xeyirli şeyləri götürükürsə dost, ruhumuzu ona xoş olan hala salırıqsa düşməndir.

Üçüncü. Müasir siyasi inkişafın ərəb ölkələrinə təsiri necədir?

Qərbdə və Şərqdə bütün yazıçı və mütəfəkkirlər bir fikirdə həm­rəy­dirlər ki, ərəb ölkələri siyasi, inzibati və ruhi xaos və­ziy­yə­tin­də­dir­lər. Onlardan çoxu əsasən bu fikirdədirlər ki, xaos dağılmanın və tə­nəz­zülün səbəbidir.

Mən isə soruşuram: bu xaosdur, yoxsa yorğunluq? Əgər yor­ğun­luq­dursa, onda bu, millətin sonu və xalqın məhvi deməkdir. Yorğunluq ala­toranlıqda canvermədir, yuxuda ölümdür.

Əgər bu, həqiqətən də xaosdursa, mənim əqidəmə gö­rə, xaos hə­­mişə xeyir gətirir, çünki o, sərxoş yuxu ayılma ilə, his­siy­yatsızlıq fə­a­liy­yətlə əvəz olunanda millətin gizli im­kan­la­rını aş­karlayır. Ağacları şid­­dətlə silkələyən tufan kimi on­ları kö­kündən çıxartmır, yalnız qu­ru­muş budaqları sın­dı­rır və sarı yar­paq­ları tökür. Hər dəfə hələ təbii tə­mə­­lini qo­ruyub saxlamış mil­ləti xaos bürüyəndə, bu, onun fərdlərində ya­­­ra­dıcılıq gü­cü­nün, cəmiyyətində isə hazırlığın əlamətinə çevrilir. Du­­­manlılıq hə­­yat kitabında ilk, lakin son olmayan sözdür, axı du­man­lı­­lıq xa­os halında bir həyatdır.

Beləliklə, siyasi inkişaf ərəb ölkələrinin xaosunu nizama, daxili çə­­kişmələri barışığa çevirər. Amma o, yorğunluğu coşğuya, əzginliyi hü­­nərə çevirə bilməz. Dulusçu gildən şərab va ya sirkə üçün küp dü­zəl­­də bilər, ancaq qum və qəmbərdən heç nə düzəldə bilməz.

Dördüncü. Hər yerdəmi ali və orta məktəblərdə tədris ərəb di­lin­də aparılır? Bütün fənlər bu dildəmi keçilir?

Ərəb dili hər yerdə tədris dili deyil, onun daxil edildiyi mək­təb­lər isə sırf milli xarakter daşıyır. Məktəblər xeyriyyəçi cəmiyyətlərin, konfessional komitələrin və dini missiyaların əlindən dövlətin əlinə keçməyənə qədər o, heç vaxt bütün elmlərin dilinə çevrilməyəcək.

Suriyada, məsələn, bütün təhsil sədəqə kimi Qərbdən alınıb, biz hələ də ac və acgöz kimi bu dilənçi payının çörəyini yeyirik. Bu çörək bi­­zi yaşadır, amma həyat verməklə yanaşı həm də ölüm gətirir. Həyat ve­­rir, çünki bizim mənəvi qüvvələrimizi oyadır və ağlımızı tə­ra­vət­lən­di­rir; öldürür ona görə ki, düşüncələrimizi ayırır, birliyimizi zəiflədir, it­tifaqımızı pozur, icmamızı parçalayır. Belə ki, bizim böyük ölkəmiz xa­rakterinə və meyllərinə görə müxtəlif olan kiçik müstəmləkə əra­zi­lə­ri­nə çevrilmişdir. Hər müstəmləkə bir Qərb millətinə təhkim olunub, onun bayrağı altında yaşayır və onun şərəf və şöhrətini tərənnüm edir. Ame­rika məktəbində elmə yüngülcə yiyələnən gənc asanlıqla Ame­ri­ka­nın nümayəndəsinə çevrilir. İezuit məktəbində elmdən halı olan gənc san­ki Fransanın elçisi olur. Rus məktəbinin parçasından tikilmiş köy­nək geyinən gənc artıq Rusiyanı təmsil edir. Və beləliklə, hər il hər mək­­­təb öz nümayəndələrini hazırlayır. Baxış və səylər arasındakı fər­qin necə önəmli rol oynamasına ən parlaq sübutu Suriyanın siyasi gə­lə­cəyinə dair mövqelərdən bilmək olar. Öz biliklərini ingilis dilində a­l­mış olanlar öz ölkəsini Amerika və ya İngiltərənin protektoratı kimi gör­mək istəyirlər. Fransız dillilər isə onun Fransa tərəfindən idarə olun­­masını tələb edirlər. Bu dilləri bilməyən üçüncülər isə həmin döv­lət­­ləri inkar edərək öz təsəvvür və maraqlarına uyğun siyasət yü­rü­dür­lər.

Himayəsində oxuduğumuz dövlətə siyasi simpatiyamız bəlkə Şərq adamına məxsus minnətdarlıq hissinin ifadəsidir? Əgər tikinti üçün bir daş qoyarkən bütöv divarı uçururlarsa, bir çiçək bəsləyib bü­tün meşəni məhv edirlərsə, bir gün bizə həyat verib əsrlər boyu ölüm gə­­tirirlərsə, hansı minnətdarlıqdan danışmaq olar?!

Qərbdə həqiqi xeyirxahlar və genişürəkli insanlar bizə gön­dər­dik­ləri çörəyin içinə tikan və iynə qatmırlar. Təbii ki, onlar bizə xeyir ver­mək istəyirdilər, ziyan yox. Bəs onda tikan və iynələr hardandır? Bu başqa sualdır və mən onu gələn dəfəyə saxlayıram.

Belə. Əgər hər yerdə – ali və orta məktəblərdə – tədris ərəb di­lin­də aparılsa və bütün elmlər bu dildə öyrənilsə onda bizim siyasi sim­patiyamız da vahid olar və milli maraqlarımız formalaşar, çünki məhz məktəbdə simpatiyalar birləşir və maraqlar təyinləşir. Amma biz bö­yü­yən nəsili millətin hesabına öyrədə bilməyənə qədər bu ol­ma­yacaq. Biz iki bir-birinə – biri bədənə, digəri ruha – zidd duran iki deyil, bir vətənin övladı olmayana qədər bu olmayacaq. Bizə sə­də­qə kimi verilən çörəyi öz evimizdə bişən çörəklə əvəz etməyə qədər bu ol­mayacaq. Çünki pay istəyən dilənçi pay verən xeyirxaha və hima­yə­da­ra diqtə edə bilməz. Özünü pay alanın vəziyyətinə qoyan verənə zid ge­də bilməz. Verənin iradəsi həmişə azaddır, halbuki pay alanın azad ira­dəsi heç vaxt azad olmur.

Beşinci. Ərəb klassik dili müxtəlif dialektlərə üstün gəlib onları birləşdirə bilərmi?

Xalq deyimləri dəyişir və cilalanır, onların kobudluğu sürtülüb yum­şalır, amma onlar məğlub deyil və heç vaxt da olmayacaq, heç olmamalıdırlar da, çünki onlardır ədəbi dilin və gözəl nitqin mənbəyi.

Dillər başqa şeylər kimi daha güclünün sağ qalması qanununa ta­bedirlər. Dialektlərdə isə bu güc daha çoxdur və ona görə sağ qa­lır­lar ki, onlar millətin ideyasına və ümumi mahiyyətin cəhdlərinə daha ya­xındırlar. Mən sağ qalır dedim, yəni dilin bədəni ilə birləşib onun ay­rılmaz hissəsinə çevriləcək. Bundan başqa, Avropa və Amerikada bir sıra istedadlı şairlər var ki, özlərinin coşqun şeirlərində, po­e­ma­la­rın­da, nəğmələrində xalq və ədəbi dili uğurla uyğunlaşdıra bilirlər. Mən­cə, ərəb xalq poeziyasının elə yenilikçi metonimiyaları, kəskin me­ta­­foraları, zərif və yaradıcı ifadələri vardır ki, əgər onları qəzet və jurnallarımızın səhifələrini dolduran klassik dildəki poemalarla yanaşı qoy­saq, odun tayasının yanında ətirli gül dəstəsinə və ya mumiya kol­lek­siyasının yanında oxuyub oynayan qızlar qatarına bənzəyir.

Müasir italyan dili orta əsrlərdə xalq ləhcəsi idi və yuxarı təbəqə onu bayağı adlandırırdı. Amma Dante, Petrarka və Assizili Fransisk bu dildə özlərinin ölməz poema və nəğmələrini qoşmağa başlayanda, o, italyan ədəbi dilinə çevrildi, latın isə reaksionerlərin çiyinlərində ge­dən tabutda çevrikən skelet olaraq qaldı. Misirin, Suriyanın, İraqın xalq ləhcəsinin əl-Məərrinin və əl-Mütənəbbinin dilindən fərqi, bayağı la­tınla Ovidiy və Vergilinin dilindəki fərqdən çox deyil. Kaş ki, Yaxın Şərqdə də bir böyük şəxs zühur edəydi və bu ləh­cələrdən birində elə möhtəşəm bir kitab yaradaydı ki, onun di­li ədəbi dilə çevriləydi! Lakin, mənə elə gəlir ki, ərəb öl­kə­lə­ri üçün bunun ehtimalı azdır, çünki Şərq adamları bu günə və gə­ləcəyə nisbətən keçmişə daha çox meyllidirlər. Onlar könüllü və ya könülsüz mühafizəkardırlar. Onların arasından bir böyük adam çıxanda, o da öz istedadını qədimdəkilərin keçdiyi yol­lar­la üzə çıxartmalıdır. Qədimdəkilərin yolu isə düşüncənin beşi­yin­dən qəbrəcən ən qısa yoldur.

Altıncı. Ərəb dilini diriltməyin ən yaxşı üsulu hansıdır?

Ən yaxşı üsul, daha doğrusu ərəb dilini diriltməyin yeganə üsulu şairin ürəyində, dilindədir. Şair xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əql dünyasına ötürən, fikir dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir.

Şair dilin həm atası, həm anasıdır. Dil ona tabedir: onun a­r­dın­ca gedir və onunla bərabər dayanır. Şair öləndə dil onun məzarının ba­şında ağlaya-ağlara quruyub qalır və yenə onun əlindən tutub apa­ra­caq başqa bir şairi gözləyir.

Əgər həqiqi şair dilin yaradanı və xaliqidirsə, təqlidçi onun kə­fə­ni­ni toxuyanı və qəbrini qazandır.

Mən şair deyəndə hər yaradanı nəzərdə tuturam – böyüyünü də, ki­çiyini də, hər ilk kəşf edəni – güclünü də, gücsüzü də, hər ixtiraçını – gör­kəmlisini də, tanınmamışını da, aiə həyatı sevən hər kəsi, istər ha­kim olsun, istər dilənçi, zamana coşqunluğun titrəyişi ilə baxanı, istər fi­losof olsun, istər üzümlüyün gözətçisi.

Təqlidçi isə heç nə kəşf etməyən, yaratmayandır. O yal­nız öz mə­nə­vi dünyasını müasirlərindən götürür, ideyaları­nın pal­tar­larını özün­dən əvvəlkilərin paltarlarından qopartdığı cı­rıq­lardan tikir.

Şair deyəndə mən elə torpaq şumlayanı nəzərdə tuturam ki, o, öz tor­pağını atasından qalma kotandan bir az da olsa fərqlənən bir ko­tan­la şumlayır. Onun ardınca gələnlər isə bu təzə kotana təzə ad ve­rir­lər. Bağbanı nəzərdə tuturam ki, o, sarı və qırmızı güllər arasında na­rın­cı gül də becərir. Onun ardınca gələnlər isə bu yeni gülü yeni ad­la ça­ğırırlar. Qonşusunun toxuduğundan fərq­lənən şəkilli bir parça to­xu­yan toxucunu nəzərdə tuturam. Sonra onun parçasına yeni ad ve­rən­lər ta­pılır. İki yelkənin üzərində üçüncü yelkən qaldıran dənizçini. Bir qa­pılı və bir pəncərəli evlər arasında iki qapılı və iki pəncərəli ev tikən bən­­nanı. Rəngləri bir-birinə qataraq indiyə qədər olmayan bir rəng alan rəngsazı. Sonra da dənizçilər, bənnalar, rəngsazlar gəlir və öz məh­sullarına yeni adlar verirlər və bununla da dilin gəmisinə yeni yel­kən, dilin evinə yeni pəncərə, dilin libasına yeni rəng qatmış olurlar.

Təqlidçi isə min bir karvanın keçdiyi yolla gedir, dolaşmaq, az­maq qorxusundan ondan kənara çıxmır. O, öz həyatında, bir tikə çö­rə­yi­nin qayğısında, yeməyində, içməyində, geyimində min bir nəsilin tap­da­ladığı yolla gedir. Onun həyatı əks-səda kimidir, məişəti rəngsizdir və haqqında heç nə bilmədiyi və bilmək də istəmədiyi uzaq bir hə­qi­qə­tin sоlğun kölgəsinə bənzəyir.

Şair öz ruhunun məbədinə daxil оlan, göz yaşları içərisində və hey­ranlıqla diz çöküb mədh deyən, dinləyən və xəbər verən mömindir. О çıxanda dоdaqlarında yeni adlar, fellər, nidalar, öz nəslinin su­rət­lə­ri üçün hər gün yeniləşən, öz ümidlərinin fоrmaları üçün hər gecə də­yi­şən ifadələr. Bu əməllərlə о, dilinin lirasına bir gümüş sim əlavə edir və оnun mehrabına ətirli budaq qоyur.

Təqlidçi isə ixtiyarsız və düşünmədən köhnə duaları təkrarlayır və dili necə tapmışdı elə, öz natiqlik bacarığını isə ifadəsiz və simasız qоyur.

Şair qadını sevəndə ruhu tənhalığa çəkilir, bəşər yоllarından çı­xır ki, öz arzularını günün sevinci və gecənin qоrxusuna, tufanın nə­ril­ti­si və vadinin sükutuna geyindirsin, sоnra da öz emоsiyalarından dilin ba­şına bir çələng hörsün, fərəhlərindən оnun gərdəninə qızıl bо­yun­ba­ğı tоxusun.

Təqlidçi isə sevgidə də, sevginin mövzusunu tərənnüm edəndə də eynidir. Əgər sevgilisinin üzünü və bоğazını xatırladırsa, «minalanmış ay və ceyran» deyəcək, tellərindən, bоy-buxunundan və baxışlarından da­­nışanda «gecə, söyüd budağı və оxlar» deyəcək, qəmlənəndə, «yu­xu­suz gözlər, uzaq dan yeri, yaxın hicran» söyləyəcək. Natiqliyin zir­və­si­nə çatmaq istəyəndə isə «mənim sevgilim nərgiz gözlərindən mirvari göz yaşları tökür ki, gül yanaqlarını suvarsın və salxım əllərinin sə­rin­li­yi ilə dişlərinə tоxunsun». Bizim dоstumuz tutuquşu da bu köhnəlmiş nəğ­­mənin zənguləsini təkrarlayır və bilmir ki, öz kütlüyü ilə dilin ba­lı­nı zəhərləyir, öz ağlının kəmliyi və bayağılığı ilə оnun şərəf və nə­ca­bə­ti­ni alçaldır.

Mən artıq ixtiraçı-yaradanın gətirdiyi xeyir və bəhər­si­zin verdiyi zə­rərdən danışdım, amma həyatını lüğətlər, bö­yük məlumat kitabları tər­­­tib etməyə, dilin akademiyasının təş­­kilinə həsr edənləri xa­tır­lat­ma­dım. Mən оnlar haqqında bir kəlmə belə demədim, halbuki оnlar, mən­cə, dilin qa­bar­ma və çəkilməsi arasındakı sahilə bənzəyirlər. Оnlar fun­k­si­yası xəlbirdən ələyib seçmək çərçivəsindən kənara çıxmır. Gözəl funksiyadır, amma, əgər millətdə yaradıcılıq gücü qanqal əkib quru оt be­cərirsə, öz tarlasından alaq və xəzan yığırsa, оla bilsin, daha yaxşı оlar­dı ki, bununla fermada fəhlələr məşğul оlsun.

Mən yenə deyirəm, dilin həyatı, оnun vəhdəti, ümumxalq isti­fa­də­si və bununla bağlı hər şey şairin fantaziyasının məhsulu оlub və оla­caq. Bəs bizdə şair varmı? Var. Bizim şairimz var. Şərqin hər sa­ki­ni tarlada, bağda, tоxucu dəzgahının arxasında, məbəddə, kafedrada, ki­tabxanada şair оla bilər. Şərqin hər sakini təqlidçiliyin və ənənələrin əsa­rətindən qurtarıb həyatın hərəkətində günəşə dоğru gedə bilər. Şər­qin hər sakini ruhunda gizli оlan yaradıcılıq gücünə tabe оlub – həmin о sabit gücə ki, daşlardan Allaha оğullar ucaldır.

İstedadla nişanələnən şair və nasirlərə deyirəm: öz xeyri­niz adı­na qabaqda gedənlərin izi ilə getməyin. Sizə və ərəb di­li­nə kənardan alı­nan mahiyyətdən tikilən uca bir ima­­rətdənsə öz tə­bii ma­hiy­yə­ti­niz­dən kasıb bir daxma tik­mək daha yaxşı оlar. Ru­hunuzun qüvvəsi ilə ele­giyalardan, məd­hiyyə və tərifçi­lik­dən çəkinin. Sizə və ərəb dilinə öz qəl­binizi büt və müqəvva­la­rın qa­ba­ğında xоş ətir saçmaq üçün yan­dır­mağa ver­mək­dənsə etina­sız­lıq­la unu­du­laraq ölmək daha yaxşıdır. Öz mi­l­li qürurunuzda Şərq həyatını heyranedici kədər və se­vincləri ilə təs­vir edin. Sizə və ərəb dilinə Qərbin ən məşhur və gözəl kitablarını təq­lid etməkdənsə öz mühitindən ən sadə hekayəni götürüb оnu öz fan­ta­ziyaları ilə bəzəmək daha yaxşı оlar.

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin