Şərq-Qərb Tədqiqat Mərkəzi Səlahəddin XƏLİlov



Yüklə 2,22 Mb.
səhifə10/21
tarix18.03.2017
ölçüsü2,22 Mb.
#11827
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

Dua
Sonra kahinə xahiş elədi: “Bizə Duadan danış”.

Cavabında o söylədi:

«Siz dərddə və möhnətdə olanda dua edirsiniz;

Kaş ki, siz sevinc və bolluq içində olanda da dua edə biləydiniz.

Zira, dua sizin canlı efirə yayılmanızdır.

Əgər qəlbinizin zülmətini fəzaya boşaltmaqda bir yün­gül­lük ta­pır­sınızsa, ürəyinizin şəfəqini saçmaqda da böyük se­vinc vardır sizin üçün.

Ruhunuz sizi duaya çağıranda göz yaşlarınızı saxlaya bil­mir­si­niz­sə, ağlamağınıza baxmayaraq, o sizi haylamaqda davam etməlidir. Ta göz yaşınız gülüşə çevrilənə qədər.

Dua edəndə siz göyə yüksəlir və sizinlə eyni saatda dua edən­lər­lə görüşürsünüz. Elə kəslərlə ki, onlarla duadan qeyri bir məqamda gö­rüşmək mümkünsüzdür.

Bu səbəbdən də, bu görünməz məbədə yalnız vəcd və şirin ün­siy­yət üçün girin.

Zira, bu məbədə xahiş üçün girsəniz, heç nə almaya­caq­sınız.

Siz ora özünüzü alçaltmaq üçün girsəniz, yüksəlmə­yə­cəksiniz.

Siz ora hətta başqasına xeyir istəmək üçün girsəniz belə eşi­dil­mə­yəcəksiniz.

Kifayətdir ki, siz bu görünməz məbədə daxil olasınız.

Mən sizə sözlərlə dua etməyi öyrədə bilmərəm.

Allah özü sizin dilinizlə danışmayınca, eşidilməyə­cək­si­niz.

Mən sizə dənizlərin, meşələrin və dağların dualarını da öyrədə bil­mərəm.

Lakin siz – dağların, meşələrin və dənizlərin övladları – onların dua­larını öz ürəklərinizdə tapa bilərsiniz.

Gecənin sakitliyinə qulaq kəsilsəniz, bu sükut içrə onların nə de­diyini eşidərsiniz:

İlahi, bizim qanadlı Mənimizin yaradıcısı! İçimizdə hökm edən Sə­nin iradəndir.



İçimizdə arzulayan Sənin arzundur.

Sənin hökmünlə Sənə məxsus gecələrimiz Sənə məxsus gün­düz­lə­rə çevrilirlər.

Biz Səndən heç nə istəyə bilmərik, zira, ehtiyaclarımız içimizdə hələ doğulmamışdan qabaq Sən onlardan xəbərdarsan:

Bizim ehtiyacımız Sən özünsən və özünü bizə daha çox bəxş etməklə bizə hər şeyi vermiş olursan».

Həzz
Sonra şəhərə ildə bir dəfə gələn zahid irəli çıxaraq: “Həzzdən danış bizə”, – deyə söylədi.

O belə cavab verdi:

«Həzz azadlığın nəğməsi olsa da, azadlığın özü deyil.

O, sizin arzularınızın çiçəklənməsidir, meyvəsi deyil.

O, yüksəkliyi çağıran dərinlikdir, dərinliyin özü deyil.

O, qəfəsə salınmışın qanadlarını gərməsi olsa da, sonsuz fəza de­mək deyil.

Hə, həqiqətən, həzz azadlıq nəğməsidir.

Əgər siz onu bütün ürəyinizlə oxusanız mən sevinərəm; lakin bu oxumada ürəyinizin itirilməsini heç istəməzdim.

Bəzi cavanlarınız həzzi elə axtarırlar ki, sanki o, hər şeydir; hamınız onları danlayır, mühakimə edirsiniz.

Mən isə onları nə mühakimə edər, nə də danlayardım. Qoy, ax­tar­sınlar.

Zira, tapacaqları təkcə həzz olmayacaqdır.

Onlar yeddi bacıdır və ən balacası belə həzdən daha gözəldir.

Məgər yeri qazıb kök axtaran və nəticədə xəzinə tapan birisi haqqında heç eşitməmisinizmi?

Yaşlılardan bəziləri həzzi sərxoşluq anında buraxılan səhvlər ki­mi peşmanlıqla xatırlayırlar.

Lakin peşmanlıq ağılın dumanlandırılmasıdır, cəzalandırılması deyil.

Yaxşı olardı ki, onlar həzzlərini yayın məhsulunu xatırladıqları ki­mi, minnətdarlıqla xatırlayaydılar.

Lakin peşmanlıq onlara yüngüllük gətirirsə, qoy, olsun.

Aranızda elələri də var ki, axtarmaq üçün o qədər gənc, xa­ti­rə­lə­rə qapılmaq üçün isə hələ o qədər qoca deyillər.

Onlar axtarış və xatırlamadan qorxaraq bütün həzzlərdən yan qa­çırlar ki, ruhu incitməmiş və təhqir etməmiş olsunlar.

Amma hətta onların bu imtinası belə onlara həzz gətirir.

Beləcə, əsən əlləri ilə kök axtarmaqlarına baxmayaraq, onlar da xəzinə tapmış olurlar.

Amma soruşuram sizdən, ruhu kim təhqir edə bilər ki?

Bülbül gecənin sakitliyini, yaxud işıldaböcək ulduzu təhqir edə bilərmi?

Sizin alovunuz və tüstünüz küləyə ağırlıq gətirə bilərmi?

Yoxsa, düşünürsünüz, ruh bir gölməçədir ki, onu bir çöplə hə­yə­ca­n­landıra bilərsiniz?

Çox zaman həzzdən imtina etməklə, siz arzularınızı yalnız var­lı­ğı­nızın dərin guşələrinə sıxışdırmış olursunuz.

Kim bilir, bəlkə bu gün əldən çıxan sabahkı gününü gözləyir?

Hətta sizin bədəniniz belə öz qanuni haqqını bilir, Onu aldada bil­məzsiniz.

Bədəniniz isə qəlbinizin arfasıdır.

Onda şirin musiqi, yaxud nizamsız səslər çalmaq artıq sizin işi­niz­dir.

İndi ürəyinizdə soruşursunuz: “Bəs həzzdə nəyin yaxşı, nəyin pis ol­duğunu necə bilək?”

Gedin öz çəmənlərinizə və bağlarınıza. Görün ki, arıya güldən bal yığmaq həzz verir.

Gülə də arıya balını vermək həzz verir.

Zira, arı üçün gül bir həyat məbəyidir.

Gül üçün də arı bir məhəbbət elçisidir.

Hər ikisi – həm arı, həm də gül üçün – həzz vermək və həzz al­maq bir tələbat və bir vəcddir.

Orfalesin camaatı, öz həzzlərinizdə güllərə və arılara bənzəyin».

Gözəllik
Şair söylədi: “Bizimlə Gözəllikdən danış”.

O, cavab verdi:

«Harada axtaracaq və necə tapacaqsınız Gözəlliyi, əgər o özü si­zin həm yolunuz və həm də bələdçiniz olmasa?

Siz onun haqqında necə danışa bilərsiniz, əgər o özü sizin nit­qi­ni­zin toxucusu olmasa?

Kədərlilər və incimişlər deyəcəklər: “Gözəllik – xeyirxah və meh­ribandır.

Sanki bir gənc ana kimi, o, öz hüsnündən bir qədər utanmış hal­da aramızda gəzişir”.

Çılğınlar deyəcəklər: “Yox, gözəllik qorxulu və qüdrətlidir.

Sanki bir fırtınadır o; ayaqlarımızın altındakı yeri və başımızın üs­tündəki göyü silkələyir”.

Yorulmuş və əldən düşmüşlər deyəcəklər: “Gözəllik bir şirin pı­çıl­tıya bənzəyir. Bizim ruhumuzda danışır o. Onun səsi bizim sü­ku­tu­muz qarşısında geri çəkilir, zəif işıq kölgə qarşısında qorxudan əsən ki­mi”.

Dəcəllərsə deyəcək: “Biz onu dağlarda qışqıran gördük.

Onun qışqırığıyla birlikdə ayaq səsləri, qanadların çırpıl­ma­sı və şir­lərin nəriltisi də gəlirdi”.

Gecə şəhərin nəzarətçiləri deyəcək: “Gözəllik sübh şəfəqləri ilə bir­likdə Şərqdən yüksələcək”.

Günorta zəhmətkeşlər və yolçular deyəcək: “Biz onun qürub pən­cərəsindən yerə necə əyildiyinin şahidi olmuşuq”.

Qışda qara düşmüşlər deyəcək: “O, yazda, təpədən-təpəyə qo­na­raq gələcəkdir”.

Yayın istisində məhsul dərənlər deyəcəklər: “Biz onu pa­yız yar­paq­ları ilə oynayan görmüşük, saçlarında da qar vardı”.

Bütün bunları siz gözəllik haqqında söylədiniz.

Əslində isə siz ödənməmiş ehtiyaclarınızdan danışırdınız.

Zira, gözəllik ehtiyac deyil, vəcddir.

O, nə susuzluqdan yanan dodaq, nə də irəliyə uzadılmış boş əldir.

Alovlanmış ürək və sehrlənmiş qəlbdir gözəllik.

Bu, sizin görmək istədiyiniz surət və ya eşitmək istədiyiniz nəğmə deyil.

Elə surətdir ki, gözlərinizi yumanda belə onu görməyə bilmir­si­niz və elə nəğmədir ki, qulaqlarınızı bağlasanız da, onu eşitməkdə da­vam edəcəksiniz.

Bu, qartımış ağac qabığının arxasındakı şirə və caynaqlara bir­ləşmiş qanad da deyil.

Əbədi çiçəklənən bağdır, əbədi uçuşan mələklər topasıdır gö­zəl­lik.

Orfalesin camaatı, gözəllik müqəddəs üzündən niqabını gö­tür­müş həyatdır.

Lakin həyat da sizsiniz, niqab da siz.

Gözəllik özünə güzgüdə baxan əbədiyyətdir.

Əbədiyyət də sizsiniz, güzgü də siz.

Din
Qoca bir kahin dedi: “Dindən danış bizə”.

O söylədi:

«Məgər gün ərzində mənim başqa bir şeydən danışdığım oldumu?

Məgər bütün əməllər və düşüncələr, eləcə də əməl və dü­şün­cə ol­ma­yanlar, əlinizlə daş yonanda, yaxud toxucu dəz­ga­hı­nı işlədəndə belə qəl­binizdə çağlayan heyrət və təəccübün özü din deyilmi?

Kim öz inamını əməllərindən, əqidəsini məşğuliy­yə­tin­dən ayıra bilər?

Kim öz saatlarını qarşısına düzüb söyləyə bilər:

Bu, Allah üçün, bu isə mənim üçün; bu, ruhum, bax, bu isə bə­də­nim üçün?”



Sizin bütün saatlarınız qanadlarınızdır, fəzanı yaran, sizi özü­nüz­dən özünüzə aparan.

Əxlaqını dəbdəbəli libas kimi geyinən kəs çılpaq qalsaydı, daha yaxşı olardı.

Külək və günəş onun dərisinə zərər verməzdi.

Davranışını etikayla müəyyənləşdirən kəs öz bülbülünü qəfəsə sal­mış olur sanki.

Ən azad nəğmə belə dəmir barmaqlıqlardan və məftillərdən keçə bilməz.

O kəs üçün ki, səcdə açıldığı kimi də bağlana bilən bir pən­cə­rə­dir, o kəs hələ ruhunun mənzilinə yetişməmişdir; zira, o mənzilin pən­cə­rələri sübhdən sübhə qədər açıq olur.

Sizin gündəlik həyatınız sizin məbədiniz və sizin dininizdir.

Ona nə vaxt daxil olsanız, özünüzlə hər şeyinizi götürün.

Götürün özünüzlə kotanınızı və şeypurunuzu, çəkicinizi və udu­nu­zu götürün.

Bütün o şeyləri ki, zərurət, yaxud heyrət üçün yaratmısınız.

Zira, dualarınızda nə uğurlarınızdan yüksəyə qalxa bilər, nə də uğur­suzluğunuzdan aşağı enə bilərsiniz.

Özünüzlə bütün insanları da götürün.

Zira, səcdənizdə nə onların ümidlərindən yüksəyə uça bi­lə­cək, nə də özünüzü onların ümidsizliyindən aşağı endirə bilə­cək­siniz.

Əgər siz Allahı dərk etmiş olsaydınız, tapmaca tapmağa ehtiyac qalmayacaqdı.

Yetər ki, ətrafınıza boylanasınız və O-nun uşaqlarınızla necə oynadığının şahidi olacaqsınız.

Baxın fəzaya: Onun buludlar üzərində yeridiyini, əllərini şim­şək­lər­də uzadaraq yağışlarla yağdığını görərsiniz.

Onun çiçəklərdə gülümsəməyini, sonra isə boy ataraq ağaclarda si­zə əl etməsini görərsiniz».

Ölüm
Sonra əl-Mitra dilləndi: “İndi isə Ölüm barədə danışmağını istəyirik”.

Əl-Mustafa dedi:

«Ölümün sirrini bilmək istəyirsiniz.

Onu həyatın ürəyində axtarmırsınızsa harda tapa bilər­si­niz?

Gündüzləri kor olan, gecə gözlü bayquş işığın sirri üzərindəki pər­dəni qaldıra bilməz.

Əgər həqiqətən ölümün ruhunu görmək istəyirsinizsə, ürə­yinizi həyatın bədəninə geniş açın.

Zira, həyatla ölüm birdir, çayla dəniz bir olan kimi.

Ümid və arzularınızın dərinliyində qeybin lal biliyi yatmaqdadır;

Qar altında uyuyan toxumlar təki, ürəyiniz yuxusunda baharı görür.

Yuxularınıza inanın, əbədiyyətin qapıları gizlənib onlar­da.

Sizin ölüm qorxunuz bir çobanın sultan qarşısında əs­mə­si­nə bən­zə­yir; o zaman ki, sultan əlini onu şərəfləndirmək üçün uzatmışdır artıq.

Məgər çobanın əsməsində üzərində sultan təmasını gəzdirə­cə­yin­dən dolayı bir sevinc hiss olunmurmu?

Məgər o, daha çox öz əsməsi barədə düşünmürmü?

Zira, ölmək küləyin qarşısında çılpaq dayanmaq və günəşdə əri­mək deyil, bəs nədir?

Nəfəsin kəsilməsi nəfəsin öz narahat qabarma və çə­kil­mə­lə­rin­dən azad olması, qalxması, genişlənməsi və Allahı qayğısız şə­kildə ax­ta­ra bilməsi demək deyilmi?

Yalnız sükut çayından su içdikdə həqiqətən nəğmə oxu­ya­caq­sı­nız. Yalnız dağın zirvəsinə çatanda həqiqi yüksəlişiniz başlayacaqdır.

Cisminizi torpaq özünə istəyəndə həqiqi rəqsinizi oynayacaqsız».

Vidalaşma
Budur, axşam düşdü.

Görücü əl-Mitra söylədi: “Eşq olsun bu günə, bu yerə və sənin danışan ruhuna!”

O cavab verdi: «Məgər danışan mən idim? Məgər mən həm də dinləyən deyildimmi?»

Sonra o, məbədin pilləkanları ilə endi və bütün xalq da onun ar­xa­sınca yollandı. O öz gəmisinə yetişib göyərtəyə qalxdı.

Üzünü xalqa tutub səsini ucaltdı:

«Orfalesin camaatı, külək sizi tərk etməyimi tələb edir.

Külək qədər tələsməsəm də, getməliyəm.

Biz, daima tənha yollar axtaran yolçular, heç zaman yeni günü dü­nənin qurtardığı yerdən başlamırıq; səhər şəfəqləri bizi heç zaman qü­rubun bizi tərk etdiyi yerdə tapmayacaqdır.

Hətta yer yuxuda olanda belə, biz yol gedirik.

İnadkar bitkinin toxumlarıyıq biz. Və elə ki, yetkinliyə çatırıq, ürək­lərimiz dolub daşır, külək alıb aparır bizi və səpələyir hər yana.

Günlərim qısa oldu mənim, aranızda keçirdiyim, sizə söylədiyim sözlər isə daha qısa idi.

Lakin səsim daha qulaqlarınızda səslənməyəcək və eşqim xa­ti­rə­niz­dən silinən bir zamanda mən yenidən qayıdacağam.

Daha zəngin bir ürəklə və ruha yaxın bir nəfəslə danışacam onda.

Hə, dənizin qabarması ilə qayıdacam mən.

Baxmayaraq ki, ölüm məni gizləyə və böyük sükut məni öz ağu­şu­na ala bilər, anlamağınız üçün yollar axtaracam.

Boşuna axtarmayacam mən.

Əgər danışdıqlarımdan nəsə həqiqətdirsə, bu həqiqət da­ha aydın səs və sözlərlə, fikirlərinizə daha yaxın bir şəkildə aş­kar­la­nacaqdır.

Mən küləklə gedəcəm, Orfalesin camaatı, amma boşluğa düş­mə­yə­cəm.

Əgər bu gün sizin ehtiyaclarınız ödənməyəcək və mənim eş­qim na­kam qalacaqsa, qoy, onda o, bir vəd olaraq qalsın gələn günə qədər.

İnsanın ehtiyacları dəyişir, amma eşqi dəyişmir. Və o, eşqindən gözləyir ehtiyaclarının ödənməsini.

Odur ki, bilin, böyük sükutun içindən qayıdacam mən».

«Səhər şəfəqləri ilə əriyən və çəməndə şeh qoyub gedən duman bu­ludlarda yığılaraq yağış olub yerə yağır.

Dumana oxşarım vardı mənim.

Gecənin sakitliyində sizin küçələrinizi dolaşırdım və ruhum ev­lə­ri­nizə daxil olurdu.

Ürəyinizin döyüntüsü ürəyimdə, nəfəsiniz üzümdə idi. Və mən sizin hamınızı tanıyırdım.

Hə, mən həm sizin sevincinizə, həm də ağrınıza şərik idim. Və siz yuxulayanda sizin yuxularınız mənim yuxularım olurdu.

Çox zaman aranızda dağlar qoynunda göl kimi idim mən.

Zirvələrinizi, əyri-üyrü yamaclarınızı və hətta gəlib keçən fikir və arzu sürülərinizi əks etdirirdim özümdə.

Uşaqlarınızın gülüşü bir arx, gənclərinizin həsrəti bir çay olub sü­kutuma dolurdular.

Mənim dərinliyimə yetişəndə belə bu arx və çaylar oxumaqlarını kəsmirdilər.

Lakin nə isə gülüşdən şirin və həsrətdən böyük bir şey gəldi mənə.

Bu, sizdəki sonsuzluq idi;

Bir azman insan ki, siz onun yalnız hüceyrə və əzələlərini təşkil edirsiniz;

O kəs ki, onun nəğməsində sizin oxumağınız yalnız səssiz bir həyəcanı xatırladır.

Məhz bu azmanın daxilində siz azmansınız.

Beləcə, onu seyr edərək, mən sizi gördüm və sevdim.

Zira, məhəbbətin yetişə biləcəyi hansı məsafələr yoxdur ki, bu azman fəzada?

Hansı görüntülər, hansı inhizarlar və hansı xəyallar bu uçuşdan uzağa apara bilər?

Sizdəki bu azman sanki alma boyda çiçəklərlə bəzənmiş nəhəng palıdı xatırladır.

Onun qüdrəti sizi torpağa bağlayır, onun ətri sizi fəzaya yük­səl­dir və onun sarsılmazlığı ilə ölümsüzsünüz siz.

Sizə deyiblər ki, siz bir zəncir kimisiniz və bu zəncirin ən zəif hal­qa­sı kimi zəifsiniz.

Lakin bu, həqiqətin yalnız yarısıdır. Siz həm də ən möhkəm hal­qa təki möhkəmsiniz.

Sizi əməllərinizin ən xırdası ilə qiymətləndirmək, okea­nın gü­cü­nü onun köpüyünün zərifliyi ilə ölçmək kimi bir şeydir.

Sizi sizin uğursuzluqlarınıza görə mühakimə etmək, fəsilləri də­yişkənlikdə ittham etmək deməkdir.

Bəli, siz okean kimisiniz.

Sahillərinizdə dayaza oturmuş ağır gəmilər qabarmanı göz­ləyərkən siz okean olsanız belə, öz qabarmanızı tələsdirə bilməzsiniz.

Fəsillərə də bənzəriniz var sizin.

Hərçənd ki, qışda öz baharınızı inkar etmiş olursunuz.

İçinizdə uyuyan yazınız yuxuda gülümsünür və qətiyyən incimir bundan.

Düşünməyin ki, bunları söylədim ki, bir-birinizə deyəsi­niz: “O, bizi yüksək qiymətləndirirdi. O, bizdə ancaq yaxşını gö­rürdü”.

Mən sizin fikirdə, düşüncələrdə bildiyinizi sözlərlə ifadə edirəm yalnız.

Sözdə ifadə olunan bilik sözsüz yaşayan biliyin kölgəsi deyilmi?

Sizin fikirlərlə mənim sözlərim möhürlənmiş yaddaşın dal­ğa­la­rı­dır.

O yaddaşda sizin ötən günlərinizin və yerin hələ nə bizi, nə özü­nü tanımadığı qədim günlərin və yerin çaşqınlığa qərq olduğu ge­cə­lə­rin xatirələri saxlanılır.

Müdrik insanlar sizə öz müdrikliklərindən verməyə gəlirdilər. Mən­sə sizin müdrikliyinizi almağa gəlmişəm:

Mən müdriklikdən daha böyük olanı tapdım.

Bu, sizdə get-gedə coşan alovlu ruhdur.

Onun daim artmasından xəbərsiz olan sizlər günlərinizin so­l­ma­sı­na heyfslənirsiniz yalnız.

Bu, məzardan qorxan bədəndə həyat arayan həyatdır.

Burda məzar nə gəzir?

Bu dağlar və düzlər beşik və pillədir.

Əcdadlarınızın uyuduğu çöllərin yanından hər dəfə ke­çən­də diq­qət­lə baxın. Və siz özünüzü və uşaqlarınızı orada yallı gedən görər­si­niz.

Həqiqətən, çox zaman özünüzdən xəbərsiz şənlənirsiniz siz.

Başqaları gəlirdi sizə qızıl vəd edir və bu, sizin imanınıza çev­ri­lir­di. Əvəzində siz onlara yalnız var-dövlət, hakimiyyət və şöhrət verdiniz.

Mən sizə vəd olunandan az verdim, lakin böyük səxavət gördüm sizdən.

Siz mənə daha böyük bir həyat həsrəti verdiniz.

Həqiqətən, insan üçün onun bütün amallarını qurumuş dodaq­la­ra, bütün həyatını isə – tükənməyən bulağa çevirən hədiyyədən böyük hə­diyyə ola bilməz.

Mənim şərəfim və mükafatım ondadır ki, nə zaman bu bu­lağa su iç­mək üçün yaxınlaşsam, onun – dirilik suyunun – özü­nün susuzluqdan yandığını görürəm.

Mən onu içdikcə, o da məni içmiş olur.

Bəziləriniz məni sizin hədiyyələrinizi götürmək üçün çox qürurlu və çəkinən sayır.

Bəli, maaşa işləmək üçün mən çox qürurluyam, amma hədiy­yə­lər­çün yox.

Hərçənd ki, siz məni öz süfrənizin başına əyləşdirə bildiyiniz hal­da, mən moruqla dolanırdım təpələr arasında;

Siz məni öz evinizdə saxlamağa şad olduğunuz halda, mən mə­bə­din dəhlizində yatırdım.

Məgər mənim gecə və gündüzlərimə göstərdiyiniz qayğı­dan mə­nim yeməyim şirinləş­mə­mişdimi? Və o səbəbdən də sir­li görüntülərə bə­­lənməmişdimi yuxularım?

Siz özünüz də bilmədən çox şey verirsiniz.

Buna görə xeyir-duam üstünüzdədir.

Həqiqətən, özünə güzgüdə baxmağı sevən xeyir daşa çevrilir.

Özünü öyən yaxşılıq lənət doğmuş olur.

Bəziləriniz məni yalquzaq adlandırır və öz tənhalığından sərməst olmuş hesab edirdi.

Siz deyirdiniz: “O, meşədəki ağaclarla məsləhətləşir, insanlarla yox.

Təpələrin başında tənha oturaraq şəhərimizə baxır”.

Bu doğrudur ki, mən təpələrə dırmaşır və gözdən uzaq yerlərdə gəzirdim.

Mən yüksəyə qalxmasam və uzağa getməsəydim sizi necə görə bilərdim?

Uzaq olmadan, həqiqətən yaxın olmaq mümkündürmü?

Bəziləriniz isə fikirlərini sözsüz bildirirdilər mənə:

Ey Qərib, Qərib, ey əlçatmaz yüksəkliklərin vurğunu, nə üçün qar­talların yuva qurduğu zirvələrdə yaşayırsan axı?



Niyə mümkünsüzü arzulayırsan?

Hansı fırtınanı öz toruna keçirmək istəyirsən?

Hansı əcaib quşu tutmaqdır məqsədin?

Gəl, bizə qoşul.

Aşağı en və bizim çörəyimizlə aclığını doyur bizim şəra­bı­mızla yatırt susuzluğunu”.

Qəlblərinin tənhalığında deyirdilər onlar bu şeyləri;

Lakin onların tənhalığı daha dərin olsaydı, onlar bilər­di­lər ki, mən yalnız sizin sevincinizin və ağrınızın sirrini axtarır, yal­­nız sizin göy­lərdə gəzən böyük məninizi ovlamaq istəyir­dim.

Lakin ovçunun özü də ov idi;

Zira, oxlarımın çoxu öz sinəmi tapmaq üçün yayımı tərk edirdi.

Uçan, həm də sürünürdü;

Ona görə ki, qanadlarımı günəşdə gərəndə, onların kölgəsi yerə tıs­bağa kimi düşürdü.

Mən, həm imanlı, həm də şübhəli idim.

Zira, tez-tez barmağımı yaramın üstünə qoyurdum ki, sizə daha çox inanım və daha yaxşı tanıyım sizi.

Bu inam və bu biliklə də deyirəm:

Siz öz bədəninizin əsiri deyilsiniz və evlərə, yaxud tarlalarınıza bağ­lanmamısınız.

Sizin məniniz dağlardan yüksəkdə yaşayır, küləklərlə səyahət edir.

O, günəşdə qızınmaq üçün bayıra çıxan və özünü gizləmək üçün qa­ranlıqda yer eşən bir məxluq deyil.

O, nəsə azad bir şeydir, ruhdur, yeri saran və efirdə hərəkət edən.

Əgər bu sözlər anlaşılmazdırsa, onları aydınlaşdırmağa ça­lış­ma­yın.

Bütün şeylərin əvvəli qarışıq və dumanlıdır, amma sonu yox.

Mən çox şad olaram, məni bir başlanğıc kimi xatırlasanız.

Həyat və bütün canlılar dumanlıqda yaranırlar, kristalda yox.

Kim bilir, bəlkə kristal durulmuş dumandır elə?

İstərdim ki, məni xatırlayanda yadınıza salasınız:

Sizdə sizə ən zəif və qarışıq görünən ən güclü və aydın olandır.

Məgər sümüklərinizi qaldıran və onları bərkidən nəfəsiniz olma­dı­mı?

Məgər indi xatırlaya bilmədiyiniz yuxu qurmayıbmı şəhərinizi? Gördüyünüz bu cah-cəlalı o yaratmayıbmı?

Əgər siz, o nəfəsin qabarmalarını görə bilsəydiniz, gözünüzə baş­qa heç nə görünməyəcəkdi.

Əgər siz, o yuxunun pıçıltısını eşidə bilsəydiniz, başqa səslər qu­la­­ğınıza yetişə bilməyəcəkdi.

Lakin siz nə eşidir, nə də görürsünüz. Və bu da yaxşıdır.

Gözlərinizi örtən pərdəni elə onu toxumuş əllər də qal­dı­ra­caq­dır.

Qulaqlarınıza girmiş o palçığı da, onu qarışdıran barmaqlar çı­xa­racaqdır.

Bax, onda siz görəcəksiniz.

Bax, onda eşidəcəksiniz.

Lakin əsla korluğu tanımış olduğunuza görə heyfslənmə­yə­cək­si­niz və bir vaxtlar kar olduğunuza görə də peşmançılıq çək­mə­yə­cək­si­niz. Zira, həmin gün bütün şeylərin gizli mətləbləri açılacaqdır sizə.

Siz işığa şükür etdiyiniz kimi qaranlığa da şükürlər söylə­yə­cək­si­niz.»

Bunları söyləyərək o, ətrafına baxdı və gəminin kapi­ta­nı­nın sü­ka­nın yanında duraraq gah küləklə dolu yelkənlərə, gah da uzaqlara nə­zər saldığını gördü.

O dedi:

«Gəminin kapitanı səbirli, çox səbirlidir.

Külək əsir və yelkənlər də çırpınır.

Hətta sükan belə istiqamət istəyir.

Bunlara baxmayaraq, kapitanım sakitcə susmağımı gözləyir.

Böyük dənizlərin xorunu dinləmiş bu dənizçilər də səbirlə din­lə­di­lər məni. Az qalıb gözləmələrinə. Mən hazıram.

Çay dənizə yetişdi artıq və ulu ana oğlunu öz bağrına basır indi.

Əlvida, Orfalesin camaatı.

Bugün öz sonuna yaxınlaşdı artıq.

O, su zanbağı sabahkı gün qarşısında yumulan təki sağollaşır bizimlə.

Bizə burda verilənləri qorumalıyıq.

Əgər bütün bunlar az olmuş olsa, yenə bir yerə yığışar və birlik­də uzadarıq əllərimizi Verənə doğru.

Unutmayın ki, mən qayıdacağam sizin yanınıza.

Bir az keçsin və mənim həsrətim yeni bədən üçün bir qədər toz və bir qədər köpük yığacaqdır.

Bir az da keçsin, küləkdə bir an dincəlim və başqa bir qadın do­ğa­caqdır məni.

Əlvida, Orfales camaatı və sizinlə keçirdiyim gəncliyim.

Yuxuda görüşdüyümüz sanki dünən idi.

Siz nəğmə oxuyurdunuz mənə mənim tənhalığımda, mənsə qala ucaldırdım göydə həsrətinizdən.

Lakin budur, yuxu gözümüzdən qaçmış, yuxular bitmiş və gün çıx­mışdır artıq.

Gün günorta olmuş, yarıoyaqlığımız aydın sabaha çevrilmişdir və biz ayrılmalıyıq.

Əgər yaddaşın alatoranlığında bir daha görüşəsi olsaq, ye­nə söhbətləşərik və siz mənə daha dərin bir nəğmə oxu­yarsınız.

Əgər əllərimiz başqa bir yuxuda yenidən görüşərsə, yeni bir imarət ucaldarıq göylərdə.»

Bunları söyləyərək o, dənizçilərə işarə verdi.

Onlar ləngimədən lövbəri qaldırdılar, gəmini sahilə bağlayan ip­ləri açaraq Şərqə doğru istiqamət aldılar.

Camaatdan vahid bir ürəkdən ayrılan təki bir qışqırıq qopdu. Nəhəng şeypurun səsi kimi bu səs alatoranlığa yüksə­lə­rək dənizin üzərinə yayıldı.

Yalnız əl-Mitra susurdu. Gəmi dumanda gözdən itənədək ötürdü onu gözləri ilə.

Camaat dağılandan sonra da o, sahildə tək tənha dayanıb ürə­yin­də onun sözlərini təkrarlayırdı:

Bir az da keçsin, küləkdə bir an dincəlim və başqa bir qadın do­ğacaqdır məni”.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin