Şərq-Qərb Tədqiqat Mərkəzi Səlahəddin XƏLİlov



Yüklə 2,22 Mb.
səhifə1/21
tarix18.03.2017
ölçüsü2,22 Mb.
#11827
  1   2   3   4   5   6   7   8   9   ...   21


Kitab Azərbaycanda Şərq-Qərb problematikasının sistemli təd­qiqinin

əsasını qoyan görkəmli şərqşünas alim

Aida xanım İmanquliyevanın

70 illik yubileyinə

ithaf olunur.
Şərq-Qərb Tədqiqat Mərkəzi



Səlahəddin XƏLİLOV

Şərq ruhunun Qərb həyatı

Aida İmanquliyevanın

yaradıcılıq axtarışlarının izi ilə

Bakı – 2009

Elmi redaktor: Nərgiz PAŞAYEVA

filologiya elmləri doktoru, professor

R ə y ç i l ə r: akademik Nailə VƏLİXANLI

akademik Bəkir NƏBİYEV
S.Xəlilov.

Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyevanın yaradıcılıq axtarışlarının izi ilə.

Bakı, “Şərq-Qərb”, 2009, 380 səh.


Kitab Azərbaycanda Şərq-Qərb problematikasının sistemli təd­qi­qi­­nin əsasını qoy­muş görkəmli şərqşünas alim Aida İmanquliye­va­nın yaradıcılığına həsr olun­muş­dur. Burada həmçinin Aida xanım tə­rə­fin­dən Azərbaycan oxucularına təqdim olun­muş məşhur romantik şa­ir­lər: Şərqdə – C.X.Cübran, Ə.ər-Reyhani və M.Nü­ay­mə­nin, Qərb­­də – U.Bleyk, C.Bayron, R.Emerson və U.Uitmenin ideya dünyası işıqlandırılır, on­­ların poe­tik yaradıcılığında tərənnüm olunan Şərq ilə Qərb arasında vəhdət ide­yası hər­tə­rəf­li şəkildə şərh olunur.

Kitab Şərq-Qərb düşüncə tərzləri, sivilizasiyaların dialoqu, ədəbi əlaqələr və ro­man­tik poeziya problemləri ilə maraqlanan tədqiqatçılar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.



ISBN 978-9952-448-52-8

© S.Xəlilov, 2009




Müəllifdən
Beş il öncə Milli Elmlər Akademiyasında professor Aida İman­qu­liyevanın 65 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransda çıxış edər­kən belə bir fikir söyləmişdim ki, illər ötəcək, Aida xanımın təd­qi­qat­ları fəlsəfi aspektdə daha böyük dəyər kəsb edəcəkdir. Çünki onun qoy­­duğu və araşdırdığı məsələlər şərqşünaslığın və filoloji dü­şün­cə­nin hüdudlarına sığ­mır. Onun Azərbaycan oxucularına təqdim etdiyi Cüb­ran Xəlil Cüb­ran, Əmin ər-Reyhani və Mixail Nüaymə sadəcə şair yox, bö­yük vətənpərvər və mütəfəkkir idilər. Aida xanım da onların an­caq poetikasını deyil, həm də ide­ya dünyasını araşdırmağa qalxmışdı. Şərq-Qərb problematikasının bə­dii-romantik tərənnümü Aida xanımın yaradıcılığında müstəqil fəl­sə­fi problem kimi qoyulur və Şərq ilə Qərb düşüncələrinin vəhdət zə­ru­rə­ti elmi-fəlsəfi arqumentlərlə, qətiyyət və ardıcıllıqla sübuta yetirilir ki, bu da çağdaş fəlsəfədə sivilizasiyalar təliminin və kulturoloji nə­zə­riy­yənin ən ümdə məqamlarından biridir.

Aida xanım tərəfindən hərtərəfli tədqiq olunan Cübran Xəlil Cüb­ran, Əmin ər-Reyhani və Mixail Nüaymənin öz əsərləri, təəssüf ki, in­diyədək Azərbaycan oxucularına geniş çeşiddə təqdim olunma­mış­dır. Bunu nəzərə alaraq, kitaba onların bir sıra əsas əsərlərinin tər­cü­mə­lərini daxil etməyi lazım bildim. Adı keçən ərəb şairlərinin, habelə, Ai­da xanımın əsərlərində onlarla müqayisəli şəkildə təqdim olunan Qərb romantik poeziyasının nümayəndələri U.Bleyk, R.Emerson və U.Uitmenin də yaradıcılığından bəzi fraqmentləri ərəb, ingilis, rus və türk­cədən dilimizə çevirən Aqil Şirinova, Könül Bünyadzadəyə, Müş­viq Şükürova, Bəhram Həsənova, Mehriban Qasımovaya, Samirə Hə­sə­novaya və Kamil Şərifova minnətdarlığımı bildirirəm. Onların ori­jinaldan tərcümələri sayəsində mən öz tədqiqatımda Aida İman­qu­li­ye­va­nın əsərləri ilə yanaşı, ilk mənbələrdən də istifadə etmək imkanı əldə et­dim. Həmin tərcümələrin bir qismini kitaba əlavə şəklində nəşr et­mək­də məqsəd Aida xanımın bütün yaradıcı ömrünü həsr etdiyi bu bö­yük mütəfəkkir-şairlər haqqında oxucuların bilavasitə təsəvvür əldə et­mə­sinə imkan yaratmaqdır. Çünki bu böyük romantiklər təkcə ide­ya­la­rı ilə deyil, həm də bu ideyaların ifadə formaları, fikrin özündəki şei­riy­yətlə seçilirlər ki, belə bir gözəlliyin bilavasitə duyulması yüksək mə­nəvi-estetik ilham mənbəyidir.

Azərbaycan şairlər yurdudur. Bizim böyük poetik ənənələrimiz var­­dır. Yəni milli oxucu auditoriyasını hansı isə fərqli bir poeziya ilə, ədə­biyyatla heyrətləndirmək çox çətindir. Lakin bununla belə, oxu­cu­lara təqdim olunan bədii-fəlsəfi nümunələr o dərəcədə hikmətamiz və orijinaldır ki, bu ecazkar gözəllik qarşısında heyrətlənməmək mümkün deyil.



Giriş
Azərbaycanda məşhur şərqşünaslar çox olmuşdur. Dünya şöh­rət­li şərqşünaslar… Ərəb, fars və türk dillərinin gözəl bi­li­ci­­ləri, bu dil­lər­­də yazılmış möhtəşəm poeziya nümunələrinin yo­rulmaz təd­qi­qat­çı­la­rı, Azərbaycanın və bütövlükdə islam re­gi­onunun böyük tarixçiləri, is­­lamşünaslar, mətnşünaslar və s. İlk baxışda, yaxın keçmişdə Azər­bay­­can şərqşünaslıq elminə baş­çılıq etmiş Aida İmanquliyeva da sa­də­cə belə məşhur şərq­şü­naslardan biridir. Tədqiqatçılar çox vaxt onun məş­­ğul olduğu problemi də bu sırada qeyd edirlər: ərəb filologiyası və ya daha konkret – ərəb məhcər ədəbiyyatı.

Əlbəttə, dünya şöhrətli şərqşünas alimlərlə bir sırada durmaq özü də böyük şərəfdir. Lakin Aida xanımın başqalarından fərqli olan elə bir elmi-fəlsəfi xidməti vardır ki, bu onu öz həmkarlarından ayırır, onun başqa statusda – fəlsəfi as­pektdə də­yər­lən­di­rilməsinə ehtiyac ya­ra­dır. Tə­­­əssüf ki, bu xid­mət, bu yenilik öz hə­qi­qi elmi qiy­mətini hə­lə də al­ma­mışdır. Bu yeniliyin məğ­zi­ni düzgün anlamaq üçün ilk növ­bədə təd­qi­qata cəlb olunan gör­kəmli şairlərin yaradıcılığındakı əsas fi­kir­lər bir da­ha nəzərdən keçirilməli və bu kontekstdə Aida xanım tə­rə­fin­dən irəli sü­rülən ideyalar müasir fəlsəfi fikir prizmasından təhlil edil­məlidir. Bu baxımdan, onun yaradıcılığından qırmızı xətlə keçən Şərq-Qərb si­vi­li­za­siyalarının dialoqu və ümumbəşəri vəhdət ideyasının bu gün üçün əhə­miyyəti diqqət mərkəzində olmalıdır. Belə ki, Aida xa­nım tədqiq et­diyi görkəmli şəxslərin xidmətlərini göstərməklə ki­fa­yət­lənməyərək, özü də Şərq-Qərb probleminin həlli istiqamətində ol­duqca dəyərli fikirlər irəli sürmüşdür.

Aida İmanquliyeva öz genetik-fərdi xüsusiyyətləri ilə də Şərq və Qər­bin vəhdətini simvolizə edirdi. Zahiri görkəmi və mənəvi keyfiyyətləri ilə Şər­qin şeiriy­yə­ti­ni, ülviyyətini təcəssüm etdirən Aida xanım eyni zamanda, öz el­mə bağlılığı, rasional dü­şüncəsi, təşkilatçılıq keyfiyyətləri ilə və ən başlıcası, sözün əsl mə­na­sında müasirliyi ilə çağdaş Qərb si­vilizasiyasını təmsil edirdi. Gen­dən gələn Şərq mahiyyəti ilə, mü­asir zamanın tələbatından gələn Qərb key­fiyyətlərinin vəh­də­ti ona məhz vəhdətin özünü tədqiqat predmetinə çe­­virmək səlahiyyəti vermişdi.

Biz Aida İmanquliye­va­nın tədqiqatlarını ona görə ye­ni bir is­ti­qa­mə­­tin əsası ki­mi qəbul edirik ki, o, Azər­­bay­can hüdudundan, bü­töv­­lük­də Şərq miq­yasından kənara çı­xa­raq, yeni dövrdə bü­töv bə­şə­riy­yət miq­yasında gedən proseslərin məğ­­­­zini açıb göstərmiş, Şərq-Qərb mü­na­­­si­bə­tlərinin xarakterini və pers­pek­tiv­lərini təh­­lil etmişdir. O, Av­ro­pa­­­da və Ame­rikada ya­şayan, lakin ru­hən şərq­­li olan və Şərqi gözəl bi­lən ərəb müha­cir­lə­ri­nin yara­dı­cı­lı­ğın­dan çıxış etmişdir. Zahirən bu, ərəb fi­lo­lo­gi­yasıdır, yə­ni ənə­nəvi şərq­­­şü­nas­lı­ğın bir qoludur, əslində isə A.İman­qu­li­ye­va­nın təd­qiqatı ye­ni ma­­hiy­yətli və yeni ünvanlı bir pro­sesin – Şər­q­də təzə baş­lanmış mil­li və ümum­bə­şə­ri özünüdərk pro­se­­sinin öy­rə­­nil­mə­sinə yö­nəlmişdi. Bu isə tarix və fi­lo­logiyadan da­ha çox, fəlsəfi qa­yə­yə ma­lik olan bir mis­si­ya­­dır. A.İman­­qu­li­ye­vanın elmi ye­niliyinin hə­qiqi bö­yük dəyərinin in­di­­yə­dək köl­gə­də qalmasına səbəb də onu an­caq ənə­nə­vi şərqşünaslıq və fi­lo­logiya çərçivəsində də­yər­lən­dir­mək cəhd­­lərindən irəli gəlir. Əs­lin­də isə Aida xanımın elmə gətirdiyi ye­ni­li­yin miqyası elə bö­yükdür ki, o an­caq fəl­səfi kontekstdə, ümumbəşəri özü­­­nü­dərk prosesinin araş­dı­rılması zəminində üzə çıxarıla bilər.

Azərbaycanda Şərq ədəbiyyatının öyrənilməsi yeni hadisə deyil. Hət­ta Qərb poeziyasının da tərcümələri və təqdimatı əvvəllər də ol­muş­dur. Lakin bir tərəfdən məhz romantik poeziya nümunələrinin se­çi­lib araşdırılması, digər tərəfdən də Şərq və Qərb şairlərinin ya­ra­dı­cı­lı­ğına vahid ideya müstəvisində, müqayisəli təhlil yolu ilə baxılması qeyd-şərtsiz yenilikdir. Ümumiyyətlə, ədəbiyyatda da, fəlsəfədə də ən ağır işlərdən biri fərqli yaradıcılıq nümunələrinin ortaq məxrəcə gə­ti­ril­­­məsidir. Fəlsəfi komparativistika isə nəinki Azərbaycanda, bütün dün­­­­yada hələ yeni-yeni gündəmə gəlir. Bu baxımdan, Aida xanımın təd­­­­qiqatları zamanı qabaqlamış, gələcək axtarışlar üçün yol açmışdır.

Professor Aida İmanquliyevanın yaradıcılıq axtarışları ikinci mü­­hüm bir istiqamətdə də böyük maraq doğurur.

İndi, XXI əsrin zaman məsafəsindən baxdıqda, dünyada gedən qlo­­bal pro­ses­lərin konturları kifayət qədər aydın görünür və mə­­lum olur ki, dün­yanın yeni nizamının formalaşması sivi­li­za­siyaların qar­şı­lıq­­lı əlaqəsinə də fərqli münasibət göstərilməsini tələb edir. XX əs­rin 70-80-ci illərində isə bu yeni ten­­den­siyanın mahiyyətini və üstün is­ti­qa­­mətlərini çox az adam görə bi­lirdi. Bu yenilik, ilk növbədə mə­də­niy­yət müstəvisində baş verən qlo­bal pro­se­s­lə­rin siyasi müstəvidə tə­za­hü­rün­­dən ibarət idi. Dün­yada Şərq və Qərb bölgüsünün aktuallığının art­ma­sı da, məhz bu yeni ten­densiyaların nəticəsi idi.



Azərbaycan əsrlər boyu bir Şərq ölkəsi kimi mövcud ol­du­ğun­dan, azər­­­bay­canlı alimlər SSRİ-də apa­rı­lan təd­qi­qat­ların əsasən şərq­şü­nas­lıq a­spekt­lə­rinə cəlb edilirdilər; qərb­şü­nas­lıq və xü­su­sən Şərq-Qərb mü­­na­si­bət­lə­ri­nin təd­qi­qi isə bizim üçün bir növ yasaq mövzu idi. Belə bir dövr­də Azər­­bay­can­da ilk də­fə məhz Aida xanım İmanquliyeva öz el­mi mü­hi­­tinin əta­lə­tini dəf edərək və öz zə­ma­nəsini qabaqlayaraq ol­duq­­ca ak­tu­al, gə­­lə­cə­­yə yönəlmiş bir mövzu ət­ra­fın­da tədqiqatlar apa­rır­dı. Həm də prob­­­lemin o aspektləri ön plana çə­ki­lirdi ki, onlar təkcə Azər­­bay­can­da yox, bütün dünyada ancaq 90-cı illərin axırlarında, iki əs­rin qo­vu­­şu­ğun­­da aktuallaşmış oldu. Təkcə onu qeyd et­mək ki­fa­yət­dir ki, 2000-ci il­­də İran prezidenti Məhəmməd Ha­təmi Şərq və Qərb si­­vi­li­za­siya­la­rı­nın dialoqu ide­­ya­sı ilə çıxış edən­də, çox­la­rı bunu bir ye­ni­lik kimi də­yər­ləndirdi. 2001-ci il isə, YUNESKO tə­rə­fin­dən «Si­vi­li­­za­­si­ya­ların di­a­­loqu» ili ad­lan­dırıldı. Və nə­­ha­yət, neçə il­lər­dən sonra bu prob­lem Ai­da xa­nı­mın qızı, Azər­bay­ca­nın birinci le­di­si, YUNESKO və İSESKO-nun xoş­mə­ramlı səfiri Meh­ri­ban Əli­ye­vanın apar­dı­ğı məq­sədyönlü fə­a­liyyət nə­ti­cə­sin­də bir daha ak­tu­al­laş­­dı və bu dəfə öl­­kə­miz bu dialoqda tə­şəb­büskar və apa­rıcı tə­rəf kimi çıxış et­di. Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə bütövlükdə İslam mə­də­niy­­yətinin paytaxtı elan olundu. Şərq ilə Qərbi birləşdirən İpək Yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, şəhərimiz “Şərq-Qərb” mövzusunda kino festivalları, incəsənət bayramları, beynəlxalq elmi konfranslar üçün də mədəni-mənəvi məbədə çevrildi.

10 iyun 2008-ci ildə Bakıda “Mədəniyyətlərarası dialoqda qa­dın­la­rın rolunun genişlənməsi” mövzusunda keçirilən Beynəlxalq fo­rum­da­kı çıxışında Meh­ri­ban xanım Əli­ye­va bu sahədə qarşıda duran və­zi­fə­lərdən danışaraq dedi: “Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ay­­rı insanlara bir-birini eşitməyə, an­­­lamağa nə mane olur və nə kö­mək ola bilər?”1

Bizcə, bu dialoqa kö­­mək edə biləcək amillər içə­ri­sin­də ən mü­­hüm­lərindən biri də ədə­biy­­yatlar ara­­sında əlaqədir ki, Aida xa­nımın ya­radıcılığı bu gün də həmin məqsədə xidmət edir.

Sivilizasiyalararası dialoq ideyasının siyasi, iqtisadi və kul­tu­ro­lo­ji müstəvilərdə üzə çıxması əslində əvvəlcə elmi-fəl­sə­fi və ədəbi-bədii ya­­radıcılıqda aparılan axtarışların nəticəsi idi. Yəni siyasətdə yenicə ak­­­tuallaşan bir problem bədii ya­ra­dı­cı­lıq müstəvisində bir sıra yazıçı-mü­­təfəkkirlər tərəfindən hələ XX əs­rin əvvəllərində qaldırılmışdı ki, Ai­da İmanquliyeva da hə­min ədə­bi-bədii proseslərin XX əsrin so­nun­da kəsb etdiyi ye­ni ictimai-siyasi mə­­na­nın vacibliyini nəzərə alaraq, bu prob­­­le­mi Azərbaycan şərqşü­nas­lıq məktəbinin mühüm isti­qa­mət­lə­rin­­dən birinə çevirdi. O öz tədqiqat ob­yekti kimi Şərq dünyasının Qərb­­də yazıb-yaradan üç böyük mütəfəkki­ri­ni: Cübran Xəlil Cüb­ran, Əmin ər-Reyhani və Mixail Nüayməni seçdi.1 Bu se­çim bir tərəfdən pro­fessor A.İmanquliyevanın ilk ixtisasına gö­rə ərəbşünas olması ilə, digər tərəfdən, ona öz fəlsəfi-romantik ba­xış­larını ifadə etmək üçün daha geniş imkan açması ilə bağlı idi. İdeyaları təd­qiq olunan hər üç şəxsiyyət əslən ərəb öl­kələrindən olub Ame­rika və Avropaya köçmüş, Şərq ru­hu­nu Qərb dü­şüncəsi ilə bir­­ləş­dirmiş in­sanlardır. Mə­sə­lən, Əmin ər-Reyhaninin də, C.X.Cüb­ranın da sa­də­cə ərəb milli kim­li­yini və ya ərəb ədə­biy­ya­­tı­nı de­yil, bütövlük­də Şərq dünyasını Qərbdə təm­­sil et­mələri onların bir çox əsər­lə­rin­də açıq-aydın gö­­rünür.

Əmin ər-Reyhani qadın azad­lı­ğın­­dan, Şərq qadınının taleyi və mü­ba­ri­­zəsin­dən bəhs edərkən əsərinin qəh­­­rə­manı olaraq türk qadınını seçir. Cüb­­­­ran isə öz ide­a­lı kimi, həm Şər­qin, həm də Qərbin ən böyük da­hi­­si olaraq bir ərəb mənşəli şai­ri və ya mü­­­tə­fək­kiri yox, türk əsilli İbn Si­nanı se­çir; «İbn Sina və onun po­­e­ma­sı» ad­lı əsərində C.X.Cübran özü də peşəkar fi­­losofdur. Məhz bu­na gö­­­rə də, Cüb­ran kimi şəx­siy­­yə­tin fəl­səfi və ədə­bi-bədii irsinin öy­­­rə­nil­mə­si ərəbşü­nas­lığın hü­dud­­la­rın­dan çox kə­na­ra çıxmış və Azər­­bay­can­da yeni elmi təd­­qiqat istiqa­mə­ti­nin: Şərq-Qərb kom­­­para­ti­vis­ti­ka­sının ya­­ran­ma­sına sə­bəb ol­­muşdur. Möv­zu özü Aida xa­nımı fi­lo­­lo­gi­ya hü­dud­­larını ke­çə­rək böyük fəl­səfi fi­­kir mə­ka­nında tədqiqat apar­­mağa sövq etmişdi.

Fəlsəfi aspektdə professor Zümrüd Quluzadə də bu problem ü­zrə təd­qi­qat aparmış, «Şərq fəlsəfəsi­nin XIII-XIV əsrlərdə in­kişaf qa­nu­­na­uy­ğunluqları və Qərb-Şərq problemi»1 mövzu­sun­d­a kitab yaz­mış­dır. Yaxud neçə illərdən sonra digər fəlsəfə elmləri doktoru Könül Bün­yad­­zadə yenə də or­ta əsrlər çağını əhatə edən “Şərq-Qərb: ilahi vəh­dət­dən keçən özü­nü­dərk”2 adlı monoqrafiyasında irrasional idraka iki fərqli münasibətlə əla­qədar Şərq və Qərb düşüncə tərzlərinin mü­qa­yi­sə­sini verməyə ça­lı­şır.

La­kin bizim «Qərb» anlayışına mü­na­si­bə­ti­miz fərqli olduğun­dan, yə­ni biz hə­min dövrdə Avropanı alternativ bir sivilizasiya daşı­yı­cı­sı deyil, Şərqin davamı, əya­ləti hesab et­di­yi­miz­dən, Şərq-Qərb prob­le­min­dən ancaq Ye­ni dövr (XVI əsrdən sonra) üçün da­nış­ma­ğı məqbul sa­yı­rıq. Bu prob­le­min fo­r­ma­laş­dığı, tədqiqat ob­­­­yek­ti­nə çevrildiyi dövr isə məhz XIX əs­rin axırları, XX əsrin əv­­vəlləridir. Məhz bu dövrdə Qərb mütəfəkkirləri irəli getdikcə, fikir fəzasının yüksək qatlarına qalx­­dıqca, Şərq ruhuna daha böyük ehtiyac hiss etdiklərini dərk et­mə­yə baş­lamış, sivilizasiyaların bir-birini ta­mamlamalı olması qənaətinə gəl­miş­lər. Şərqşünaslıq bir elmi fəa­liy­yət sahəsi kimi inkişaf etmiş, Şər­qin keç­mişdə əldə etmiş olduğu böyük tərəqqinin səbəbləri araşdı­rıl­mış və mənimsənilmişdir.

Məsələnin şablondankənar, ye­ni, ori­­jinal qoyuluşu Aida xa­nıma əs­­­lin­də öz zəmanəsini qabaqlayaraq, Azər­­­­bay­­can ger­çək­liyində Şərq və Qər­­bin vəh­də­ti ideyasını ilk dəfə kon­sep­tual şə­kil­də irəli sürməyə im­­kan ver­­mişdir. Onun nəzərində sa­də­cə po­­e­ziyanın, mə­nəviyyatın, ru­­ha­ni­li­yin beşiyi ki­mi qalmaq indi da­­ha Şərq üçün kifayət deyildi. Şərq müt­ləq müasir el­mi-tex­ni­ki nai­liy­yətlərə yiyə­lən­mə­li idi. Və bu­nun yolu Qərb­lə in­te­qra­si­­yadan ke­çir­di. Lakin Şərq elm və tex­no­lo­gi­ya­nı Qərb­dən kor-ko­ra­nə trans­fer et­mək­lə bu sa­hə­də bö­yük uğur qa­za­na bil­məz­di. Heç şüb­hə­siz, o məhz özü­­nə­məx­sus dəst-xət­tini, üslubunu tap­­ma­lı­dır. Və bu üs­­­lubun öy­rə­nil­məsi, Ai­da xa­nı­­mın fik­rinə gö­rə, ye­ni dövr­də şərq­şü­nas­­lığın əsas məq­səd­lərindən, təd­qi­qat is­tiqa­mət­lə­rin­­dən biri ol­malı idi. Tə­əs­süf ki, Azər­baycanda hə­lə in­di­yə­dək prob­le­min belə universal şə­­kildə qo­yuluşu və tədqiqi is­tiqa­mə­tin­də çox az iş gö­rül­müş­dür. Biz­də təd­qi­qat­lar çox vaxt ayrı-ayrı şəx­siyyətlər üzrə aparılır. Hal­buki, han­sı isə kon­kret bir şairin, ya­zı­­çının, hətta mü­tə­fək­ki­rin, fi­lo­sofun ya­ra­­dı­cı­lı­ğı­nı öy­rənmək, tədqiq etmək üçün yal­nız hə­min şəx­sin əsər­lə­rin­­dən çı­xış et­­mək kifayət deyil. Bü­töv­­lük­də mü­­hitin, bü­töv­lük­də döv­rün, həmin dövr­­­dəki yaradıcılıq ənə­­nələrinin də öy­rə­­nilməsi və tədqiq edil­məsinə ehtiyac vardır.

Müəyyən bir xalqın, millətin ədəbiyyatı haqqında ümumi bir tə­səv­­vür yaratmaq və ədəbiyyatın xüsusiyyətlərini ortaya çıxarmaq isə da­­­ha geniş bir tədqiqat dairəsinin əha­tə olunmasını tələb edir. Çünki bu zaman bir milli ədəbi-bədii dü­şün­­­cə, bir ədəbiyyat başqa millət­lə­rə məx­­sus ədəbiyyatla qarşılıqlı əla­qə­­də və müqayisədə öyrənilir.

Müx­təlif xalqlara, hətta müx­tə­lif sivilizasiyalara məxsus olan ədə­­­­­­bi-bədii yaradıcılıq proses­lə­ri­nin və dü­şün­cə tərzlərinin mü­qa­yi­səli şə­­­­kildə öy­rənilməsi isə, təbii ki, da­ha böyük mə­də­ni-mənəvi məkanı əha­­­tə et­di­yi­nə görə, olduqca geniş dün­­­ya­gö­rü­şü, bilik dairəsi və təd­qi­­qa­ta cəlb olu­nan çoxçeşidli ma­te­ri­­al­la tanışlıq tələb edir. Bu, mə­sə­lə­nin ancaq tex­­niki tərəfidir. Be­lə ki, bu müxtəliflik hansı isə vahid bir ide­­­ya ba­xı­mın­dan ipə-sapa düzülməsi və bu geniş materialdan öz si­ma­­­sı, öz ruhu olan vahid bir yaradıcılıq metodu, düşüncə tərzi və hət­ta va­­hid bir kon­sep­siya hasil edilirsə, bunun üçün sadəcə böyük zəh­mət və təd­qi­qat­çı­lıq yetərli deyil. Bunun üçün tədqiqatçının özündən də müs­təqil fikir sa­hibi olmaq, mütəfəkkirlik tələb olunur.

Bəli, Aida İmanquliyeva sadəcə ərəbşünas, yaxud ərəb ədə­biy­ya­tı mütəxəssisi deyildi. O həm də sivilizasiyalar arasındakı münasibəti, Şərq və Qərb düşüncə tərzlərinin ortaq və fərqli cəhətlərini və bu prob­lem­­­­lərin ədəbiyyat və fəlsəfə müstəvisində proyeksiyasını öz tədqiqat pred­­­metinə daxil edən, XX əsrin sonlarında Azərbaycan üçün xüsusi ak­­tuallıq kəsb edən bu məsələləri ədəbi-tənqidi rakursda gündəmə gə­tirən vətəndaş-alim və bir fəlsəfə tədqiqatçısı idi.





1939-1992

Təbiət kimi insan da gözəlliklə dolub daşır.
Aida İmanquliyeva

Aida İmanquliyeva

və Şərq-Qərb problematikası

Aida xanım Şərq ruhunu özündə yüksək səviyyədə təcəssüm et­di­rən, eyni zamanda müasir Qərb mədəniyyətinə dərindən bələd olan, so­vet məkanında bizə görə Qərb sayılan Moskva və Sankt-Peterburqda Şərq ruhunu böyük ləyaqətlə təmsil edən bir Azərbaycan qadını, Qərb üçün şərqşünas, Şərq üçün qərbşünas alim idi.

Təbii gözəlliyin təcəssümü olan in­san özünüdərk məqamında həm də tə­bi­ətin və dünyanın gözəlliyini dərk et­miş olur. Təbiət ki­ta­bı­nın ahəngi, tə­bi­ət­dən gələn gözəlliyin ruhu Aida xa­nım üçün doğma idi. Aida xanımın fik­rinə görə, “dünyanı dərk etmək elə özü­nüdərkə bə­­­­rabərdir”. Çünki “dünyanın dərki əslində qəlbin də­rin­lik­lərindəki giz­­­­li qatların oyanışı sayəsində mümkün olur”. 1

İnsanla təbiət arasındakı adekvatlıq xüsusilə Şərq təfəkkürü üçün sə­ciy­yə­vi­dir. Təbii gözəlliyə vurğunluq tə­bi­ə­tin də məhz təbiilik mə­qa­mı­nı, ba­ki­rə­li­yini, insan əli dəyməmiş, sonradan də­yişdirilməmiş doğal və­ziyyətini önəm­li edir. «Qərb» ən çox sivi­li­za­si­ya ilə bağlı olduğun­dan, bədii ədə­biy­yat­da, xüsusən romantik poeziyada texnikanın insan hə­­­yatına mü­da­xi­lə­sinə qarşı etirazlar, insan ruhu ilə təbiətin ahəngi ara­­­sında müvazi­nə­tin pozula biləcəyindən ehtiyatlanmalar əslində bir növ Şərqə qayıdış, Şərq ruhunun bərpası uğrunda mübarizə kimi də də­­yərləndirilə bilər. Aida İmanquliyevanın tədqiqatlarının mərkəzində duran Əmin ər-Reyhaninin, C.Cübranın və Mixail Nüaymənin nəyə gö­­­rə texnogen sivilizasiyaya qarşı çıxmalarının səbəbi də məhz bu kon­­tekstdə aydın olur.

Bəs «Şərq ruhu» dedikdə biz nəyi nəzərdə tuturuq?

Milyon illər davam edən əməli fəaliyyət prosesində in­sanda hey­va­ni instinktiv hisslərdən fərqli olan nəcib və ali hisslər – insani hisslər ya­­ranıb və bu hadisə bəşər ta­rixinə «Şərq ruhu» adı ilə daxil olub. Hə­min ruhu ata-baba­larımız bir məşəl kimi nəsildən-nəslə ötürüb ya­şa­dıb­lar. Əmin ər-Reyhani yazır: “Bu alovlu qüvvə alışdırılıb ki, baş­qa qüv­­vələr törətsin. Uca bir məqsəd üçün alovlanıb. Ona görə alov­lan­ma­­yıb ki, nurunu fəzada yaysın, ya da tüstüsü evlərin kənarında top­laş­sın. Alovlanıb ki, öz cövhəri və fərd-toplu cövhəri arasında ta­mam­lan­sın və bundan çörəkdə olan yeni, gizli qüv­­və meydana çıxsın”.1

Əsrlər ötüb, nə vaxtsa əzəmətli, la­­kin buz kimi soyuq olan ağıl dər­­ya­sı­nın təlatümləri sahili bürüməyə baş­la­yıb və bütün alçaq sa­hə­lər­də­ki alov­la­rın üzərinə su çiləyib, on­ları sön­dü­rüb. Atəşlər söndü, eh­ti­ras­lar cilov­lan­­dı, meydanı mücərrəd tə­fək­­kür tutdu. Bu hadisə bə­şər ta­rixinə «Qərb ruhu» adı ilə daxil olub.

Lakin Qərb ruhu alçaq əraziləri su­­lara qərq etsə də, uca zir­və­lərə qal­­xa bil­məyib. Uca zirvə­lər­­də­­ki ocaq­lar to­xu­nul­maz qalıb.

Hamıda potensial imkan şək­lin­də həm pri­mitiv, həm də ali, həm mən­­­fi, həm də müsbət hisslər var. La­kin tərbiyə, mühit, hakim ruh bun­­­­lardan hansını isə can­landırır, ger­çək­liyə çevirir, digərləri isə pas­siv imkan şəklində qalır. Necə ki, elə ya­zılar olur ki, onu yalnız alovda isin­­­dirəndə oxunmağa başlayır, eləcə də qəlbimizin potensial hisslərini mü­­əyyən bir canlı təsir, müəyyən bir atəş öz hərarəti ilə isindirərkən, on­lar oyanır, fəal qüvvəyə çevrilir, «ca­­handa kamalın qalib gələ­cə­yi­nə» əminlik yaranır.

Bu sönməyən atəş, bu insani ləyaqət şöləsi əsrlərdən bizə miras qal­mış mənəvi sər­vət­lə­ri­miz, adət-ənənələrimiz, dini-əxlaqi dəyər­lər­dir. Onu intellektual inqilabın tufanlarından, ro­bot erası­nın buz kimi so­­yuq nəfəsindən qorumaq vəzifəsi böyük bir sivi­li­za­si­yanın, mü­qəd­dəs bir ruhun “olum, ya ölüm” məsələsidir, üçüncü mi­nilliyin əv­və­lində Şərq xalqları qarşısında duran ən böyük tarixi missiyadır.

Qərb dənizində batmamaq, yaxşı üzə bilmək üçün intel­lekt gə­mi­si lazımdır. Şərq intellektdən heç vaxt kor­luq çəkməyib. La­kin Şərqdə ənə­nəvi ola­raq hərə öz gəmisi ilə üz­mə­yə çalı­şıb. Birlə­şib böyük gəmi dü­­­zəlt­mək is­təməyiblər. Öz gəmisini qura bilmə­yən­lər suya qərq olub­lar.



(Deyirlər ki, Şərq adamların sayına görə Qərbdən üstündür. La­kin Qərbdə buz kimi soyuq nəfs dalğaları üzə­rində böyük icti­mai gə­milər üzür. Şərqdə isə öz şəxsi gə­mi­ləri ilə möhtəşəm dalğalara sinə gə­­­rib üzmək az-az adamlara qis­mət olur).

Digər tərəfdən, öz kiçik şəxsi gə­milərində üzənlər Qərbin bö­yük gə­­­­­­miləri ilə qarşı-qarşıya gəlmə­mək üçün onların dalınca üz­mək məc­­bu­­riy­yə­tindədirlər.

Böyük dalğalar Şərqin alçaq tə­­­­­pə­lərdəki məşəllərini suya qərq edib. Ancaq uca zirvələrdəki alov hə­­lə də şölələnməkdədir və yal­nız nəfs dalğalarının fövqünə qal­xanlar bu sönməz ruha qovuşa bilərlər.

Orta əsrlərdə məhz nəfsin əql vasitəsilə məhdudlaşdırılması, ida­rə olunması, insanın düşüncəli bir varlıq olaraq öz bədəni və ins­tink­t­lə­ri üzərində qələbəsi uğrunda mü­ba­ri­zə getmiş və bu proses fərdi miq­yas­­dan çıxaraq bir ruhani hərəkat sə­viy­yəsinə qalxmışdır. Sufizm də bu hərəkatın nəzəri əsası kimi for­ma­laş­­mışdır. Lakin bu təlimi sadəcə nə­­zəriyyədən fərqləndirən əsas cə­hət­lərdən biri də budur ki, burada ide­ya həyat tərzi ilə çulğalaşır, vəhdətdə olur.

Şərq kimi tanıdığımız sosial fenomen əvvəlcə fərdi-mənəvi bir fe­­nomen kimi formalaşır. Şövqlü fəlsəfi təlim, dərin dini hiss və onlara ta­be etdirilmiş solğun cismani həyat vahid fenomendə – şərqliliyin ma­hiy­yətində qovuşur. Əmin ər-Reyhani «Mən Şərqəm» şeirində şərqli­li­yin mahiyyətini bir neçə baxımdan təqdim edir. Aida İmanquliyeva onun yaradıcılığını tədqiq edərkən məhz bu məqamları ön plana çəkir və həmin şeirin geniş təhlilini verir.
Mən Şərqəm.

Mən fəlsəfənin və dinin sahibiyəm.
misralarını misal gətirən A.İmanquliyeva bu baxışı «Şərqin keçmiş əzə­­­məti barədə düşüncələr» adlandırır.1 Maraqlıdır ki, qoca Şərqi bir tə­­­rəfdən gənc və güclü Qərblə görüşdürən ər-Reyhani, digər tərəfdən onu müasir Şərqlə müqayisə edir. A.İmanquliyeva bu cəhəti xüsusi vur­­­­ğulamaqla diqqəti çağdaş Şərqin hə­­qiqi Şərq mahiyyətin­dən uzaq­laş­­­dı­ğına yönəldir: «Bu böyük həcmli şe­i­rin sonrakı hissəsi xurafat və möv­­hu­mat zülmətinə qərq olan, dinin bütün za­hiri ayinlərinə fanatik şə­kildə si­ta­yiş edən müasir Şərqin tən­qi­di­nə həsr olunmuşdur. Cəhalət və möv­­hu­mat Şərqi Qərb sivili­zasi­ya­sı­­­nın bü­tün nai­liyyətlərindən çəkin­di­rir.»2

Bu məqamın vurğulanması, bi­­­zim fikrimizcə, Aida İmanqu­liye­va­nın Şərq-Qərb problema­tika­sına gə­tir­diyi böyük yenilikdir. Belə ki, Şərq­­­lə Qər­bin müqayisəli təd­qi­qin­də üzə çıxan bir çox ziddiyyətli cə­hət­­lər məhz Şər­qin zaman axınında iki­ləş­mə­sini nəzərdən qaçırmağın, çağ­daş Şərqlə qo­ca Şərqi eyni­ləş­dir­mə­yin nəticəsidir. Halbuki, Şərqin əzə­­­mə­ti, bö­yük­lüyü, ruhani mahiy­yə­ti məhz qoca Şərqin timsalında tə­za­hür edir. O, hətta, Qərbi də düçar ol­­du­ğu böhrandan xilas etmək əz­min­­də­dir.

Ər-Reyhaninin poetik dili ilə «mən öz ruhumla sənin qəlbini si­vi­li­za­­si­ya xəstəlik­lərindən sağal­da­­ca­ğam», – deyən ruhani Şərq hə­qi­qi di­ni his­sdən ayrı düşən, möv­hu­ma­ta uyan, əcnəbilərdən, onların tex­no­­­lo­ji nai­liyyətlərindən çəkinən, mür­tə­ce məzmun kəsb edən cılız­laş­mış Şərq­dən çox fərqlidir. Əslində ikinci bi­rincinin adına sığınır. Am­ma bu Şərq daha o Şərqdən deyil.

Əlbəttə, «Şərq» fenomeninə diferensial münasibət ideyası bədii ob­­razlarla, poetik şəkildə ər-Reyhani tərəfindən irəli sürül­müşdür. La­kin bu poetik tərənnümün mahiyyəti elmi-məntiqi müstəvidə məhz A.İmanquliyeva tərəfindən açılır və Şərq­lə Qərbin vəhdətinə çağırış da bu yeni baxış bucağından yeni ma­hiy­yət kəsb edir. Vəhdət üçün əv­vəl­cə Şərqin özünə qayıtması, öz ilkin ru­­hani məğzini yenidən kəsb et­məsi tə­ləb olunur.



Bəli, ruhun təbiətdən hələ ay­rıl­madığı dövrdə ancaq Şərq var idi. Təbiət, geniş mənada başa düş­dük­də – bütövlükdə kosmos, ümumi bir ahəngin, vahid bir ruhun maddi tə­cəssümü olmaqla, özündə hələ yad baş­lanğıcdan, yad ideyalardan tö­rə­miş ünsürləri daşımırdı. Kosmos bir lo­qos kimi, ümumi bir ahəngdar sis­tem kimi o zaman parçalandı ki, ay­­­rı-ayrı in­san­la­rın loqosları ona al­ter­­na­tiv təşkil et­mə­yə başladı və hə­rə öz məntiqi ilə qurub-yaratdıqca sin­xron­luq tədricən itdi.

Qədim dövrdə insanlarin əqli fəaliyyətinin yekunları təmərküz­lə­şə­­rək böyük sistemlər halında bir­ləş­mə­diyi və fərqli sivilizasiyaların hə­lə for­malaşmadığı dövrdə Şərq – Qərb böl­güsü də təbii ki, yox idi. He­gel o dövr üçün belə yazır: “Ruh hə­lə o də­rə­cədə mücərrədləş­mə­miş, tə­bii başlanğıcından ayrılmamışdı”.

Antik mədəniyyət özü də bu sin­kretik ruhun məhsulu idi. Lakin əsr­­lər keçdi və yer kürəsinin müx­tə­lif səmtlərində yaşayan insanların ic­­timai inkişafı fərqli si­vi­li­za­si­ya­la­rın yaranmasına gətirdi. İnsanlar il­kin təbiətə deyil, özlərinin ya­rat­dıq­ları ikinci təbiətə uyğunlaşmaq məc­­­buriyyətində qaldılar. İkinci tə­biət isə ən azı iki dənə idi. İnsan in­tel­­­lektinin təbiətə getdikcə daha fəal təsir göstərməsi və onun ba­za­sın­da fərqli təbiət və fərqli ictimai mühit ya­ratması, kiçik ictimai sis­tem­lə­­rin əvvəlcə dövlətlər miqyasında, son­ra isə daha böyük miqyasda bir­lə­şərək bütöv cəmiyyət, bütöv bə­şə­riy­yət yaratmaq cəhdləri – bütün bun­­lar dünyanı sanki iki yerə böldü: şərti olaraq Şərq və Qərb sivi­li­za­si­yaları adlanan iki dünya.

Dünya bu gün bir sıra qlobal problemlərlə üzləşmişdir. Qərb bu problemləri təkbaşına həll etmək iqtidarında deyil. Onun Şərq ruhuna eh­tiyacı vardır. Lakin bu ruh çağdaş Şərqin görünən qat­larında görün­məz olmuşdur. Bu gün özünün dərin genetik qatlarında uyuyan böyük ruhani gü­cün qa­yı­dı­şı­na nail olmaq çağdaş Şərqin imkanı xaricindədir. Bunun üçün o, Qərbin köməkliyinə ehtiyac hiss edir. Qərb özünün gə­lə­cəyi naminə, bütün bəşəriyyətin gələ­cə­yi na­minə səylərini onsuz da cır­­laş­mış çağ­daş Şərqi daha da sıxış­dır­ma­ğa yox, onun özünə, öz ru­hani baş­­lan­ğı­cına qa­yıt­masına yö­nəlt­mə­li­dir. Ai­­da xanım haq­lı olaraq ya­zır: «Şərq­­də hə­yatın tək­mi­l­ləşməsi üçün yal­nız his­si aləm və fəl­səfi id­ra­kın də­rin­liyi bəs olmadığı kimi, hələ mə­dəni nai­­liy­yət­lər və texniki tə­rəq­qi də in­sa­nın mə­­nəvi və sosial dir­çə­li­şi üçün ki­fa­yət deyil».1

Müasir Qərb sivilizasiyası nəyə na­­il olmuşdursa, hamısına ilk növ­bə­­də el­min tətbiqi, yeni texnikaya və tex­­no­­lo­­giyalara əsaslanan iq­ti­sadi sis­tem sa­­yəsində nail olmuşdur. Da­ha doğ­ru­su, bu Qərb si­vi­li­za­siya­sı­nın tə­məli­dir. Bu baxımdan, Qər­bin tex­nolo­gi­ya­ya, el­mə, hətta bütöv­lük­də ra­­sio­nal­lığa yiyə dur­maq tə­şəb­­büsü an­­la­şı­­lan­dır. Rasio­na­liz­min R.De­kart­­dan başlaması haq­qın­da id­di­alar da buradan irəli gəlir.

Bəs əslində necədir?

Rasionallıq həm Qərbin, həm də Şərqin birgə sərvətidir. Əs­lin­də, məhz rasionallıq prinsipini, məhz xalis zəka anlayışını Qərb Şərq­dən götürmüşdür. Bu başqa məsələ ki, Şərqdə həqiqətin ye­ga­nə vasitəsi ki­mi qəbul edilən əql (zəka) təcrübə ilə, maddi pro­ses­lər­lə deyil, ilahi baş­­lanğıcla əlaqələndirilmişdir. Alla­hın insan­la­ra bəxş etdiyi bu ən bö­yük nemət, təbiəti öyrənməkdən daha çox, ila­hi varlığın özünü dərk et­mə­yə yönəldilmişdir. Belə bir məqsədə ki, bu yolda əql özü də aciz­dir. (Əs­lində, bu yol qadağan olunmuş yol­dur. Çünki Allah insana ruh­la bağlı çox az bilgi vermişdir. İslam dini həm də insana gücü çat­ma­yan işlə məşğul olmağı tövsiyə etmir.)

Qərbdə isə rasionalizmin daha praktik bir tətbiqi ön plana keç­miş, əql təcrübə ilə birləşmişdir. İnsan transendent dünyanın dər­kinə uyaraq qalmamış, nəzərlər həm də cismani dünyaya yö­nəl­dil­mişdir.

Bunun üçün ilk növbədə dindən (xristianlıqdan) imtina etmək lazım idi!



Qərb sivilizasiyasının təmə­lin­də elmin dindən ayrılması, ra­sio­na­­liz­min ilahiyyat ilə deyil, em­pi­rizm­lə birləşməsi dayanır. Bu ba­­xım­dan, or­ta əsr xristian sxolastikası da Qərb yox, Şərq hadisəsi idi. Di­ni fərq­­­­lə­ri­nə baxmayaraq, Foma Ak­vin­­s­ki ilə İbn Rüşdün bu qədər ya­xın­­lı­ğı bir da­ha onların hər ikisinin ey­ni si­vi­lizasiyaya məx­sus olmasına də­lalət edir.

Avropalılar coğrafi baxımdan Qərb fenomeninə yiyə durduq­la­rı və onu qeyd-şərtsiz özününkü saydıqları üçün, onu əsasən çəh­ra­yı rəng­­də təsvir edir, daha çox dərəcədə elmlə, ümumbəşəri tə­rəq­qi ilə, uni­versal sivilizasiya ilə bağlamağa ça­lışır və onun özü­nə­məxsus, spe­si­­fik cəhətlərini ayırd etməyə ça­lış­mır­lar. Qərblilərin nə­zə­rindəki Qərb fe­­nomeni iki qüsurlu tezis üzərində for­ma­laş­mışdır:



Birincisi, bir tərəfdən coğrafi prinsiplərə əsaslanan bölgü ilə spe­kul­yasiya edilir, digər tərəfdən ABŞ, Kanada və İsrail də aşkar və qey­ri-aşkar şəkildə Qərb fenomeninə daxil edilir; bu halda ilkin coğrafi ya­­naşmanın əhəmiyyətinin itdiyi nə üçünsə unudulur. Çünki, həmin Ame­­­rika qitəsində ABŞ-la yanaşı, məsələn, Meksika da var ki, Qərbin onu həzm etməyə iştahı yoxdur. Deməli, əsas məsələ coğrafiyada deyil… Və bunu qərblilər bilməmiş olmazlar.

İkincisi, coğrafi prinsipə istinad etməklə, Qərb antik mədə­niy­­yə­ti qeyd-şərtsiz özününküləşdirir və özünü qədimlərə aparıb çı­xa­rır, «əsil-nə­cabət qazanır» və bu zaman qədim yunanlarla özləri arasında kör­pü­nün başqa bir millət, başqa bir dini icma, başqa bir mədəniyyət tə­rə­fin­dən atıldığını nə üçünsə «yaddan çıxarır».

Müasir Qərb sivilizasiyasını an­tik mədəniyyətlə və xris­tian­lıq­la bağ­la­maq kimi açıq-aşkar, qeyri-el­mi ya­naş­malara bax­maya­raq, Qərb­də bu si­vilizasiyanın məğzini anla­yan­lar və bu mahiyyət­dən gələn məh­­du­diy­yət­lə­ri görənlər də vardır. Bu gün Qərb­də mo­­der­nizm və post­­mo­der­nizm meyl­lə­ri, əslində ənə­nə­­vi ra­si­­o­na­lizmə qar­şı çı­xış­lar­dan baş­­­qa bir şey de­yil. Əbu Tur­xanın de­­di­yi ki­mi, “Qərb in­tel­­lekt və tex­­ni­ka qa­­nad­­la­rın­da çox uzaq­­la­ra uç­muş və hə­yatın tə­məl prin­sip­­­lə­rin­dən, mə­nə­vi bazis­dən ayrı düş­­müşdür”.

Bu gün Qərb yeni inkişaf yol­la­rı axtarır. Ancaq ağıldan, rasional dü­­­şün­cədən, texnologiyadan ibarət bir həyat darıxdırıcıdır. Çünki fik­rin aç­dı­ğı gözəlliklərdən sonra, daha yüksək bir səviyyəyə keçid ol­ma­lıdır. Çünki insan tək bir düşüncənin gücü ilə edə bilmədiklərini mə­həb­­bətin gücü ilə edə bilər. Əmin ər-Rey­hani deyir: “İnsan fikrin gücü ilə tə­biət qüvvələrinə qalib gələ bi­lər və fik­rin gücündən də üstün bir güc – sev­ginin gücünü tapa bilər”.1 Bəs nə­dir sevginin gücü? Şübhəsiz ki, söh­bət Məc­nun sevgisindən get­mir. Geniş mə­nada başa düşülən sev­­­­­gi in­sa­nın öz da­xili mənəvi-es­te­tik potensialının rea­lizasiyasıdır.

Av­­­ro­pada tex­nogen si­vilizasiyaya bir növ alternativ kimi ya­ran­mış ro­ma­­n­tizm məhz sevginin gücünə is­ti­nad edirdi. İntellekt səviy­yə­sin­də əl­­çat­maz olan bir çox ideallar ilham və vəcd səviyyəsində re­all­a­şır. Ro­­ma­ntizminin əslində bir Qərb hadisəsi olmayıb, Şərq ruhunun Qərb mə­kanına transferi kimi ortaya çıxması faktı isə hələ indi-indi tədqiqat pred­metinə çevrilir. Və Şərq ruhuna olan ehtiyac özünü get­dik­cə daha çox büruzə verir.

Nə yaxşı ki, bu həqiqəti Qərbdə də başa düşənlər az deyil. Qərb si­vilizasiyasının uğurlarından vəcdə gələn və onu öz mil­­li-dini özü­nə­məx­­­susluğu kimi qələmə verməyə çalışan Maks Ve­ber­lərlə yanaşı, ha­ra­­da isə uzaq ölkələrdə yox, onun öz vətənin­də, onun öz ailəsində, onun öz doğma qardaşı Alfred Ve­berlər də yazıb-yaradır və əsl hə­qi­qə­ti söyləməkdən çəkinmirlər.



Demokratiya və beynəlxalq hü­quq normalarının da Qərb si­vi­li­za­si­ya­sı çərçivəsində təqdim edilməsi mü­bahisəli görünür. Düz­dür, hü­quq müs­təvisində bu nailiyyət ilk dəfə məhz Avropada əldə edilmişdir. Və onun fəlsəfi əsas­ları da da­ha çox də­rəcədə, məhz Av­ro­pa­­da ya­ra­dıl­mışdır. Lakin əs­­lin­də Avropa hu­ma­niz­mi, Şərq hu­­manist fikir ənə­nə­lə­ri­nin da­va­mı ki­mi ortaya çıx­mış­dır. Şərqdə bu ideyalar ənənəvi üsul-idarəyə; mo­nar­xi­yaya, şahlığa, sul­tanlığa, bir şəxsin diktatına qarşı re­ak­siya kimi or­ta­ya çıxmışdır. İnsan bə­rabərliyi haqqında, insan azadlığı haq­qında ilk tə­limlər də, hətta on­la­rın ictimai realizasiyası da Şərqdə hə­yata keç­miş­dir. Bu ba­xım­dan, biz Məzdək təlimini, Xür­rəmilər hərə­ka­tını, Ba­bək üs­ya­nı­nı və s. yada salmaq is­tər­­dik. Xür­rə­mi­­likdən gələn ide­yalar ne­çə əsr sonra İs­lama qarşı qo­yul­ma­dan, əksinə yeni də­yərlər sis­temi ilə əlaqəli surətdə bö­yük Ni­za­mi­nin «Xoşbəxtlər öl­kə­sin­də» ifadə olunmuşdur.

Lakin bütün bunlara baxmayaraq, Qərb sivilizasiyası məhz da­­ha op­timal ictimai təşkilatlanma ilə səciyyələnir. Yeni dövr Qərb fəlsəfəsi tək­cə təbiətin öyrənilməsinə və dəyişdirilməsinə deyil, həm də cə­miy­yətin təşkilatlanma prinsiplərinə təsir etmişdir. Və Qərb de­mok­ratiyası yaranmışdır. Əmin ər-Reyhani yazır: “Cəmiyyətin təkmilləşməsi şəx­siy­­­yətin təkmilləşməsidir”. Aida xanım şairin bu mövqeyini belə izah edir: “Tərəqqinin özünü romantik ər-Reyhani hər şeydən əvvəl ayrı-ay­rı şəxsiyyətlərin hərtərəfli inkişafı, onların mənəvi təkmilləşməsi ki­mi ba­şa düşürdü. Onun fəlsəfəsinin romantik fərdiyyətçiliyi də bu­ra­dan irəli gəlir, çünki əgər cəmiyyətin təkmilləşməsinin əsasları ictimai ins­­ti­tutların yaxşılaşması yox, ayrı-ayrı şəxsiyyətlərin mənəvi təkmil­ləş­­­mə­sidirsə, deməli, diqqəti hər şeyin mərkəzində dayanan ayrı-ayrı şəx­­siy­yətlərin üzərində cəmləşdirmək lazımdır”.1

Göründüyü kimi, professor Aida İmanquliyeva ərəb mütəfəkkir­lə­­rinin fikirlərini sadəcə olaraq şərh etmir və çox ciddi məqamlarda öz möv­qeyini ortaya qoyur. Ənənəvi Şərq düşüncəsindən çıxış edən və xi­­­las yolunu ayrı-ayrı şəxşlərin mənəvi kamilləşməsində axtaran Əmin ər-Reyhanidən fərqli olaraq, Aida xanım Qərbin ictimai tərəqqi ənə­nə­lə­rini də nəzərə alır və cəmiyyətin təkmilləşdirilməsi zərurətini əsas­lan­dırır.

Doğrudan da, Qərb sivilizasiyasını şərtləndirən, onun Şərqə nis­bə­­tən üstün­lü­yünü təmin edən mühüm cəhətlərdən biri fərd–cəmiyyət mü­­na­sibətlərinin daha mü­kəm­məl ol­ma­­sı, cəmiyyətin daha op­ti­mal təş­ki­lat­lanmasıdır. Şərqdə azad­lı­ğın hər kə­sin öz arzu və istəyinə uy­ğun su­rət­də ya­şamaq kimi anlamasına rəğ­mən, Qərb­də hər kəs özünü ilk növ­bədə cə­miy­yətin bir üzvü kimi hiss et­mək­lə, öz azadlığını da qə­rar­laş­mış ic­ti­mai mü­nasibətlər çərçivəsində tapır. Bu­ra­da hər hansı bir şəxs mövcud qay­­da­­lar­la razılaşmırsa, öz etirazını on­ları pozmaq, «qu­laq ardına vur­maq» yolu ilə yox, bütövlükdə ictimai mü­na­sibətlərin də­yiş­diril­mə­si, on­­­ların əsasında duran ideyanın yeni­ləş­mə­si uğrunda mü­ba­rizə ilə ifadə edir.

Cəmiyyətin necə təşkilatlanması hər bir fərdin həyatına təsir edir. Lakin hər bir fərd ümumictimai miqyasda gedən proseslərin məğ­zi­ni anlamaq, onlara düşünülmüş şəkildə müdaxilə etmək imkanına ma­­lik deyil. Ona görə də ən asan yol bu işi kimlərin isə öhdəsinə bu­ra­xa­raq, ictimai axına kor-koranə surətdə qoşul­maq­dır. Lakin bu yol insanların azadlıq və xoşbəxtliyini nə dərəcədə təmin edir?

Hegelə görə azadlıq dərk olunmuş zərurətdir. Başqa sözlə, adi in­­sanlar azad olmaq üçün mövcud cəmiyyətin qanunlarını, onların tə­mə­­lində duran, onları zəruri edən prinsipləri mənimsə­mə­lidir. Şəxsi ide­­yalar, şəxsi fəaliyyət planları da ictimai zərurətlə uy­ğun­laş­dı­rıl­ma­lı­dır. Lakin elə şəxslər də olur ki, onlar ictimai zərurətin özünü, onun əsa­­­sında duran ideyanı dəyişmək yolunda mübarizə aparırlar. Bütün mad­­di təzahürlər kimi ictimai gerçəklik, qərarlaşmış ictimai mü­na­si­bət­­­lər sistemi də hansısa ideyanın təza­hü­rü olduğundan, ictimai hə­ya­tın hər hansı bir struktur səviyyə­sin­də­ki islahatlar da ilk öncə ideyalar iye­­rarxiyasının adekvat pillə­sində dəyişiklik olmasını tələb edir.

Hər bir şəxs öz fərdi həyatını ya­şamaqla yanaşı, cəmiyyətin bir üz­­vü kimi böyük miqyaslı ictimai pro­­seslərin də iştirakçısı olur. Əl­bət­tə, bu şans hamıya eyni dərəcədə ve­ril­­mir. Kim isə ictimai ha­di­sə­lər­də apa­­rıcı rol oynayaraq bəşər ta­ri­xinə da­­xil olduğu halda minlərlə in­san ic­ti­mai həyatda subyektdən daha çox bir obyekt olaraq iştirak edir və ta­­rixdə heç bir iz qoymur.

Bununla be­lə, min­lər, milyonlar olmasa, küt­lə olmasa, ayrı-ayrı şəxslər nə qədər bö­­yük düha sahibi olsalar da, cə­miyyəti inkişaf etdirə bilməzlər. Çünki cə­miyyət əhalinin şəxsiy­yət­lər­lə, kütlənin ideya ilə sintezidir. Kim isə o zaman böyük şəxsiyyətə çev­rilə bilər ki, onun qə­rar­laşmış ictimai şü­ur­dan kənara çıxan, fərqli ide­yası olsun və bu ideya təkcə keyfiyyətcə, san­balca deyil, həm də məhz kəmiy­yət­cə, miq­darca böyük proseslərin hə­rəkətverici qüvvəsinə çev­rilmək əz­min­də olsun.

Bütün bunlar Qərb sivilizasiyasında nəzərə alınmış, bütün səylər cəmiyyətin təkmilləşdirilməsinə yönəldilmişdir. Sosiologiyanın müstə­qil bir elm kimi yaranması və inkişafı da müasir Qərb cəmiyyəti ilə bağ­­lıdır. Və hətta fəlsəfi fikri kölgədə qoyan, ona nisbətən daha geniş planda təbliğ və tətbiq olunan sosiologiya çağdaş Qərb düşüncə tər­zi­nin mühüm tərkib hissəsinə çevrilmişdir. O dərəcədə mühüm ki, cə­miy­­yətin prioritetliyi insanı da, Allahı da arxa plana keçirmişdir. Daha doğ­rusu, bu ən çox sosioloqların dünyagörüşündə öz əksini tapır. Or­te­qa-i-Qassetin dediyi kimi, Qərbin ən böyük sosiloqlarından olan Dürk­heym üçün “Allah – cəmiyyətdir”.1

Beləliklə, nə ənənəvi Şərq, nə də ənənəvi Qərb düşüncəsi ayrı-ay­rılıqda optimal inkişaf modelinin yaradılması üçün yetərli deyil; bu­nun üçün hər iki tərəfin üstün cəhətləri birləşdirilməlidir.

XIX əsrdə bu iki mədəniyyət, iki düşüncə tərzi arasında körpü at­maq cəhdləri geniş vüsət almışdır. Lakin bu işi görmək üçün hər iki mədəniyyətə dərindən bələd olmaq lazım idi.

XVIII-XIX əsrlərdə Avropada orta əsrlər İslam mədəniyyətinin öy­­rə­nil­məsi daha ancaq latın mənbələri əsa­­sında deyil, bilavasitə ərəb mən­bələrinə istinadla və o vaxtın islam öl­­kə­lərində klassik Şərqin qa­lıq­­larının əya­ni surətdə araşdırılması yo­lu ilə hə­­ya­ta keçirilməyə baş­la­dı. Qərb sivi­li­­za­siyası nümayəndələ­ri­nin Şər­­qi öy­­rən­mək cəhdləri, on­la­rın Şərq ölkələrinə səfərlər etməsi, mü­va­­fiq dil­­­lərin və adət-ənə­nə­lə­rin öy­rə­nil­­məsi orientalizm deyilən xü­su­si bir təd­­­qi­­qat sahəsinin, şərq­şü­naslıq institutlarının formalaşma­sı­na gə­­ti­rib çı­­xar­dı.

XIX əsrdə həm də tərs proses getməyə başladı. Yəni Şərq öl­kə­lə­rin­­­dən Avropaya və Amerikaya səfər edən insanlar Qərb dün­yasının özəl­­­liklərini mənimsə­mə­yə cəhd gös­tərməyə başladılar. On­ların in­gi­lis, fransız və s. dilləri öy­rənməsi Qərb öl­kələrində yaran­mış nisbi müs­­­­təqil si­vi­lizasiyanı və mə­də­niy­yəti mənim­sə­mə­yə imkan yaratdı. La­­­kin Şərq öl­kə­lərindən Qər­bə sə­ya­hət­lər pərakəndə xarakter daşıyırdı və xü­su­si məqsədyönlü su­rətdə təş­kil olun­ma­mışdı. Qərbşünaslıq ins­ti­tut­­la­rı yox idi və ma­l­əsəf indi də yoxdur.

Belə bir şəraitdə Şərq ruhlu in­sanların: Cübran, Reyhani, Nü­ay­mə kimi yaradıcı simaların – ABŞ-a, Av­ropaya köçərək Qərb həyatı ilə tanış olmaları və bu iki si­vi­li­za­si­ya­nın qovşağında yazıb-ya­rat­ma­la­rı çox əlamətdar hadisə idi. Bu şəxs­lər bir tərəfdən Qərb dünyasındakı mə­­­dəniyyətin Şərq yönlü aspekt­lə­ri­ni öyrənir və özləri ilə onlar ara­sın­da bir doğmalıq tapırdılar. Digər tə­rəfdən də, Qərbdə öyrəndiklərindən bəh­­­rələnərək öz vətənlərində, öz­lərinin mədəni-mənəvi həyatında olan kəm-kəsirləri düzəltmək, ya­ranmış sintez imkanından bəhrələnmək is­tə­yirdilər.

Son əsr ərzində Şərqdə milli dövlətlərin ya­ranması, milli-fəlsəfi fik­rin oyanışı yeni bir sintez perspek­tivin­dən xə­bər verir. Bu yeni fəl­sə­­fi fikir isə daha artıq orta əsr İslam fəl­sə­fə­sinin sa­dəcə davamı ola bil­məz, çünki Şərqin tənəzzül döv­rün­də Avropa ümum­bəşəri fəlsəfi fik­­­rin inkişafı sahəsində misilsiz nai­liy­yətlər əldə et­miş və fəlsəfəni ye­ni intellektual səviyyəyə qal­dır­­mışdır.



Belə olan hal­da yenidən ve­lo­si­­ped icad etməkdənsə, bir tə­rəf­dən, Qərb fəl­sə­fə­si­ni mə­nim­­sə­mək, di­gər tərəfdən də Şərq fəl­sə­fi düşün­cə­sinin rasio­nal xət­tini bərpa et­mək yo­lu ilə ye­ni dövrün tələblərinə ca­vab ve­­rən sin­te­tik fəlsəfi sistem ya­ra­dıl­ma­lıdır. Bu sis­tem millilik və ümum­bə­şəriliyi eh­tiva etməli, ənə­nə­vi mə­nə­­­viy­ya­tın müasir intellek­tu­al texnologiya ilə uzlaşması üçün ye­ni op­ti­mal ide­ya mühiti formalaş­dı­rıl­malıdır. Bu ictimai-ta­rixi vəzifə in­di həm də ona görə ak­tuallaşıb ki, Qər­bin daxili mənəvi po­tensialı tü­kən­mək üzrədir və bə­şə­riy­yət ye­ni ideya səviyyəsinə qalx­masa, bö­yük böh­­ranlar­la üzləşə bilər.

Son əsrdə dəfələrlə Qərbin mədəni-mənəvi süqu­tun­dan bəhs edil­­­­məsi heç də təsadüfi olmayıb, Qərb hə­yat tərzi­nin ümumbəşəri fəl­sə­fi dü­şün­cə ənənəsindən fərqli istiqamətdə da­­­vam etməsinə, fəl­sə­fə­nin getdikcə da­ha çox dərəcədə praqmatik və uti­li­tar dü­şüncə meto­do­lo­­­­giyası ilə əvəz­lən­məsinə, onun ye­rinə təbiət elm­­lə­rin­dən törəmə olan po­zitiv intellektual-məntiqi sis­tem­lərin, psev­­do­fəl­səfi təlimlərin gəl­­mə­sinə və bundan doğan mənəvi boş­lu­ğa reaksiyadır.

Qərb intellekt qanadlarında çox uzaqlara uçmuş, həyatın tə­məl prin­­siplərindən, fəlsəfi bazisdən ayrı düşmüşdür. Həm də ar­tıq elə uzaq­­lara getmişdir ki, geri qayıtmaq bir o qədər də asan mə­sələ deyil. «Qa­­yıdış zamanı geridə olan qabağa dü­şür» hik­mə­ti­ni yada salsaq, sıra Şər­qindir. Təməl prinsipləri harada, han­sı yol ayrıcında itirmiş­dik­sə, ye­nidən həmin nöqtədən başlayaraq ax­tar­saq və bu zaman ye­ni dövrün in­tellektual imkanlarından istifadə edə bilsək, ola bil­sin ki, fəlsəfi fikrə ikinci nəfəs gətirə bilərik.

Bu gün islam dünyasında ilk dəfə milli-demokratik dövlət qur­muş Azərbaycanda yeni fəlsəfi axtarışlar yeni ideologiya ax­ta­­rışları ilə əla­qəli olsa da, müəyyən nisbi müstəqilliyə və məxsusi ənə­nəyə ma­lik­dir. Özümüzə qayıtmaq və öz milli fi­kir po­tensia­lı­mız zəminində mü­a­sir fəl­səfi sistemlər qurmaq və milli ideo­lo­­gi­ya­nı da bu yeni və qədim fəl­sə­fə­nin ruhuna uyğun kökləmək yö­nün­də axtarışlar gedir. Bu ax­ta­rış­­ların tə­­məlində Zərdüşt, Dədə Qor­qud, Bəhmənyar, Şeyx əl-İşraq du­rur. Həm də bu axtarışlar bütün Şərqdən, İs­lam dünyasından təcrid olun­muş şə­kil­də deyil, qarşılıqlı əlaqə və zən­gin­ləş­mə şəraitində aparılma­lı­­d­ır. Bu ba­xım­dan, yeni dövr ərəb mü­təfəkkir­lə­rinin mövqeyi də bö­yük önəm kəsb edir. Şərq ruhunu qo­ru­yub sax­la­maq­la bərabər, Qərb təh­­si­li almış Reyhani, Cübran və Nü­ay­­mə kimi si­ma­ların timsalı çox önəm­­li­dir. Aida İmanquliyevanın təd­­qiqatı məhz bu baxımdan böyük aktu­al­lığa malikdir və bu tədqiqatlar davam et­di­ril­məli, Şərq ilə Qərb ara­sın­da yeni vəhdət mə­qam­ları üzə çıxarıl­ma­lı­dır.

Biz milli-mə­nə­vi kök­lə­­ri­mizə, milli-fəlsəfi fikir tariximizə Qərb fəl­səfəsi priz­ma­sın­dan bax­­maq məcburiyyətində qal­saq da, müəyyən mə­qamlarda bu qay­naq­lar­la birbaşa təmas qur­ma­ğa, qəlbimizin də­rin­li­yində onları heç bir va­si­təçi olmadan duymağa, za­­­man uçurumunun ya­ratdığı ögey­­­lik sindro­mu­nu aradan götürməyə qa­dir oldu­ğu­muzu sü­but etməliyik.

Hər şeydən əvvəl qeyd edək ki, biz «Şərq» və «Qərb» anla­yış­­la­rı­nı heç də coğrafi terminlər kimi işlətmirik. Baxmayaraq ki, bu an­la­yış­lar əvvəlcə ölkələrin məhz coğrafi yerləşməsinə uyğun ola­raq iş­lə­dil­mişdir, lakin sonralar onların simvolik mənaları for­ma­laşmışdır.

Belə ki, əvvəla, Şərq – ənənəviliyin, Qərb isə müasirliyin sim­vo­­lu kimi başa düşülür. Bu baxımdan, Şərqdə və Qərbdə elmin, mə­də­niy­yə­­tin, təhsilin xüsusiyyətləri də məkandan daha çox, za­man gös­tə­ri­ci­lə­ri i­lə səciyyələnir.



İkincisi, Şərq və Qərb bölgüsü mədəni-mənəvi bölgü kimi, ha­be­lə sivilizasiyaların tipləri və düşüncə tərzləri arasındakı fərqə görə get­di­yindən, biz kitabda bu anlayışlardan məhz həmin mə­na­da istifadə edə­cəyik. Həm də ona görə ki, bu cür yanaşma A.İmanquliyeva üçün də səciyyəvi idi.

Üçüncüsü, və ən başlıcası, Şərq və Qərbi fərqləndirən ən mü­hüm amil münasibətlərin şəxsi, yox­sa ictimai miqyasda qurul­ma­sı­dır. Belə ki, Şərq düşüncəsində məqsəd in­sa­nın kamilləşməsi, Qərb düşüncə­sin­də isə – cəmiyyətin təkmilləşdiril­məsidir.

Bəli, Şərq və Qərb coğrafi böl­­gü­dən daha çox, zaman böl­gü­sü­­dür. Qədimlik və ənənəvilik müa­sir­­liklə, modernləşdirmə ilə qar­şı­la­şır. Şərq dedikdə, insana əzəldən xas olan, onun ma­hiy­yə­ti­ni ifa­də edən mə­­­­nəvi-əxlaqi keyfiyyətlər, Qərb de­dik­də, insanın ye­ni dövrdə əldə et­miş ol­duğu intellektual və texnoloji uğur­lar ya­da dü­şür. Bu cür başa dü­­şül­dükdə, Ye­ni Dövrə qədər hər han­­sı bir Qərb si­vilizasiyasından da­­nışmaq müm­kün de­yil. Roma im­pe­­­ri­yasının süqu­tun­dan ta Renes­sans dövrünə qədər Av­ropa da Şərq si­vi­liza­si­yasının bir hissəsi idi. Həm də ucqar hissəsi, əya­lət idi. Dün­ya­da baş verən əsas proseslər, si­vi­­lizasiyanın ağırlıq mər­­kə­zi, geo­po­litik si­tuasiyanı müəyyən edən bö­­yük hadisələr məhz Şərq­də baş ve­­rir­di. Av­ropa ölkələri ancaq bu bö­yük mə­də­niy­yət mər­kəzləri ilə bağ­­lı ol­maq də­rə­cə­sinə görə sivili­za­­si­ya­­ya qatıla bilirdi. Tə­sadüfi de­yil­­dir ki, Or­ta əsrlərdə mü­səl­man dün­ya­­sı­nın təsir dairəsində olan İs­pa­niya el­mi-fəl­səfi fikrin in­ki­şa­fında oy­­na­­dı­­ğı ro­la görə bütün di­gər Av­ro­pa ölkə­lə­rin­dən öndə gedirdi. Va­ti­kan isə sivi­li­zasi­ya­nın, tə­rəq­qinin yox, sxo­las­ti­ka­nın və inkvizi­si­ya­nın ideya mər­kə­zi idi.



Varlığın iki böyük əsasının, maddi və mənəvi bölgüsünə uyğun ola­­raq, hissi-empirik və hissi-estetik başlanğıcın bu və ya digər dövr­də­­­ki prioritetliyi bə­­şər si­vilizasiyasının müxtəlif zaman kəsiklərində for­­malaşan müx­­­təlif key­fiy­yətli, xarakterli qatlarının fərqləndirilməsi də coğ­ra­fi bölgüyə əsas­lan­mır. Sadəcə olaraq müasir Avropa «Qərb si­vi­­­­li­zasiyası»nın daşı­yı­cı­sına çevrildikdən sonra onun keçmiş za­ma­na eks­trapolyasiyası sub­yek­tiv mülahizələrlə həyata keçirilir ki, bu da av­ro­pasentrizimin daha bir təzahürüdür. Onların əsas ar­qumenti, əlbəttə, antik sivilizasiyadır. La­kin obyektiv təhlil gös­tərir ki, antik dövrdə ya­ra­dılan də­yər­lər sis­te­mi müasir Şərq və Qərb böl­güsü baxımından heç bir tə­rəfə uy­ğun gəl­mir və daha çox də­rə­cədə sin­kretik hadisədir.

Şərq təfəkküründə ona görə his­si-estetik və metaforik mə­qam ön pla­na çıxır ki, insan-dünya münasibət­lə­rin­də bütövlüyün qorunub-sax­lan­ma­­sı üçün onlar hissi-empirik və ra­si­o­nal məqam­la­ra nisbətən daha əl­ve­riş­li­dir. Bizim Qərb düşüncəsi kimi sə­ciy­­­yə­lən­dirdiyimiz hissi-em­pi­rik me­­­­­tod hadisələrin hissələrə ay­rıl­masını, par­­­çalanmasını tələb edir. Və Qər­­bin bü­tün son­ra­kı uğurla­rı­nın tə­mə­lində dünyanın məhz his­sə-his­sə, kon­­­kret his­­si təcrübə akt­ları sayəsində öyrənilməsi və bu hissə­lə­rin sin­­­­te­zin­dən onun ye­ni, bütöv mənzərəsinin ha­sil olması da­ya­nır. Bu, əs­­­lində dün­­ya­nın el­mi təhlilidir. Təsadüfi deyildir ki, bir çox təd­­qi­qat­­­çı­­ların fik­­ri­nə gö­rə, «Elm – Qərbin yeni dinidir».1 Daha doğ­ru­su, Qər­­­bin tə­mə­­lin­də din yox, elm dayanır.

Şərqin elmə münasibətində isə bəzən nihilizm meylləri hökm sü­rür. Əmin ər-Reyhani yazır: “Şərq mo­dern elmlə yanaşı gedə bilməz. Ri­ya­kar­lıq­la əhatə olunmuş, ənənə ilə dol­durul­muş, mücərrədləşdiril­miş, mü­­­­­bali­ğəli nitq və düşüncə ilə uyu­­dulmuş Şərq zeh­ni, təfsilatın intəhasızlığını el­mi id­rak qədər əhatə edə bilməz.”1

Lakin Şərq dünyanın bədii-es­te­tik mənzərəsindən çıxış edir. His­sə­dən yox, bütövdən başlayır. Son­lu olanlar son­suzluğun, əbədiyyətin bir anı, mə­qa­mı kimi gö­tü­rü­lür.

Qərb düşüncə tərzinə görə, bü­­töv – hissələrin cəmidir. Əv­vəl­cə his­sələr dərk edilməli, sonra on­lar­dan bütöv konstruksiya alın­ma­lıdır. Bu­­nun üçün isə empirik və rasional id­rakın vəhdəti tələb olunur.

Rasional idrak Şərq üçün də sə­ciyyəvidir. Lakin Şərqdə ra­sio­nal, yə­ni, əqli fəaliyyət birbaşa bütö­vün dər­kinə yönəldilir. Dü­şüncə­nin ob­­yek­­ti nə az, nə çox, bütöv­lük­də kai­­nat, ali məqsəd, əbə­diyyət və nə­­­ha­yət, Allahın özüdür. Əmin ər-Rey­­ha­ni yazır: “...Şərqlilərin psi­xo­­lo­gi­­ya­sı mahiyyət etibarilə de­duk­tiv­dir. Bu­nun, onlara dəqiq bir qavrayış ver­məsi bir həqiqətdir, lakin eyni za­man­da onların koordina­si­ya im­kan­­­larını da əllərindən alır. ...Onlar dün­yada yaşamırlar. Onlar ka­i­nat­da yaşayırlar. Dağın arxasında nə ol­du­­ğu­nu görə bilirlər, lakin göz­­lə­ri­nin önün­­də nə olduğunu gör­mür­lər”.2

Allah ideyasının birbaşa mə­nim­­sənilməsi Qərb düşüncəsi üçün sə­­­­ciyyəvi deyil. Ona görə də, Qərb ya dindən ümumiyyətlə kə­­narda da­­­­­­­ya­­nır, ya da Allah ideyasını sadəcə bir simvol kimi qə­bul edərək dü­şün­­­cə­­­nin strukturundan kənarlaşdırır.

Qərb­­də azadlıq nəinki başqa in­san­­la­rın, so­sial qurumların, siyasi haki­miy­­yətin məhdudiyyət sfera­sın­dan, həm də Allahın hər yerdə və hər şey­də iştirakından irəli gə­lən da­xi­li nə­­zarət sferasından kənara çıx­maq­la əldə edilmiş olur. Ona görə də «Al­­lah ölmüşdür» ideyasının mü­­­əl­lif­ləri (Nitsşe, Hay­degger və s.) Qərb­­­də az qala azadlıq ide­al­la­rı­nın bö­yük daşı­yı­cı­la­rı, carçıları kimi də­yərləndirilirlər. İnsanın dünyanın mərkəzinə çəkilməsi – Şərq poeziyası üçün ənənəvi olan bu mövzu Qərbdə ancaq romantizm dalğalarında gündəmə gəlmişdi.

U.Bleyk “Peyğəmbəranə kitablar” əsərində yazır:


Sən – insansan, yoxdur Allah daha,

Öyrən səcdə etməyə öz insanlığına.1
Aida İmanquliyeva Bleykin bu misralarını Cübranın “İblis” əsəri haqqında danışarkən misal gətirir. “Hekayənin (söhbət “İblis”dən gedir – S.X.) sətiraltı mənasında insandan ayrılmış, danılmaz həqiqət və əbədi qüvvə timsalında mövcud olan, barışmağa və itaət etməyə məc­bur edən, bununla da insanın azadlıqsevər və yaradıcı ruhunu bu­xov­la­yan Allah obrazı dayanır. Bu ideya ingilis romantiklərinn də bütün ya­ra­dıcılığına hopmuşdur”.2 Cübran da in­gilis ro­man­tikləri kimi, insanı Allah­ın kölgəsindən çıxarmaq və onun bö­yük­­lü­yü­nü tərənnüm edə bilmək üçün İblisin mühakimələrindən isti­fa­də edir. Beləliklə, Qərb şairləri İblisə söy­kənərək Allahı gündəlikdən çıxarmağa çalı­şır­dı­lar. Lakin Şərqi də­rin­dən bilsəydilər, insanı Allahdan üz döndərməklə de­yil, Allaha ge­dən yolda bö­yüd­ər­di­lər.

Digər tərəfdən, XIX əsr­dən baş­la­yaraq Şərq düşüncə tər­­zi­nə bö­yük ma­raq yaranmış və bu iki si­vl­i­za­si­ya­nın gələcək sin­te­zindən xəbər verən yeni fəlsəfi və ədəbi-bə­dii axtarışların əsa­sı qo­yulmuşdur.

Bu vəhdət ideyasının əsas car­çı­ları O.Şpenqler, C.Q.Bayron, U.Bleyk, M.İq­bal kimi, R.U.Emer­son, U.Uitmen, L.N.Tolstoy, Cübran Xə­lil Cüb­ran, Əmin ər-Reyhani, Mi­­xail Nüaymə, Həsən bəy Zər­da­bi, M.Qandi, Rabindranat Taqor, Cə­­va­­hir­ləl Nehru kimi şəxsiyyət­lər­dir. Əslində bu ideyanın beşiyi ba­şın­­da Qərb­də Herder, Kant, Göte, Şərq­­də A.Ba­kıxanov, M.F.Axun­dov, Cə­ma­ləd­din Əfqani kimi za­ma­­nı­nı qa­baq­­­­la­yan bö­yük düha sa­hib­­ləri da­ya­nır. XX əsrin əvvəl­lə­rin­də Şərq və Qərb də­­yər­lərinin birləş­diril­mə­si, mil­li və di­ni də­yər­ləri sax­­la­maq­la mo­­­­­­­­dern­­ləş­mək mövqeyi Azər­bay­can zi­ya­lı­ları üçün çox sə­ciy­yə­vi ol­muş­­­dur. Bu şü­ar­­la çıxış edən bö­yük si­yasi xa­dim­lər­lə ya­na­şı, Azər­­bay­­can­da Sa­bir, M.Hadi, Cavid və Cab­bar­lı ki­mi bö­­yük mü­tə­fək­kir-ya­zı­çı­lar da bu mövzunu həmişə öz ya­ra­dı­­­­cı­lı­ğının diq­qət mər­kəzində sax­la­mış­lar. Lakin Şərq-Qərb temati­ka­sı­­nın sis­­temli şə­kildə, elmi-nəzəri səp­­­ki­də araşdırılması və bu sahədə bö­­­yük xid­­­mət­ləri olan gör­kəm­li mü­­tə­fək­­­kir şair­lə­rin yaradıcılığının məhz bu kon­­teks­t­də təd­qiq olun­­ması Azər­bay­can­da çox gec baş­lan­mış­dır.

Zamanca dünyanın intel­lek­tu­al dərkinin hissi dərkdən son­ra gəl­mə­si qanunauyğun haldır. Və bir prob­lem kimi fəlsəfi əhə­miy­yət kəsb edən an­caq bu iki düşüncə tərzi və mə­də­niy­­yət for­ma­ları arasında mü­na­si­bə­tin öy­rənilməsidir. Coğrafi mə­na­da Şərq və Qərb olsa-olsa geo­po­­­li­ti­ka prob­le­mi sayıla bilər. Sa­dəcə ola­raq, müa­sir mənada elm Qər­bi Avr­o­pa­da ya­ranıb inkişaf et­di­yin­dən el­mə əsas­lanan sivilizasiya for­ma­sının şər­ti ola­raq «Qərb» ad­lan­dırıl­ma­sı da­ha məqsədyönlüdür. Re­al­­­­lıq­da isə bu gün ABŞ və Ya­po­ni­ya elmi-tex­noloji sistemlərin in­ki­şa­fın­­­da li­der­li­yi ələ ke­çir­dik­lərin­dən, fəl­səfi və coğrafi bölgü arasındakı ade­­kvatlıq ar­tıq çox­­dan sı­ra­dan çıx­mış­dır. Qərb sivilizasiyası his­sə-his­­­­­­sə, damla-damla bü­­tün planetə pay­lan­mış­dır və getdikcə daha çox də­­­­­rəcədə plane­tar hadisəyə çe­vrilmək cəhd­lə­ri göstərir. Qloballaşma da məhz bu də­yər­­lər sisteminin dünyaya yayıl­ma­sı, hamı tə­rəfindən qə­­­bul olun­­ması və ya hamıya qə­bul etdirilməsi pro­seslə­ri­ni əhatə edir. Dün­­­yada gedən bu pro­seslərin dərk olunmuş su­rətdə, təbii-tarixi in­ki­şaf yolu ilə, mədəniyyətlərin yük­səlişi, sivi­li­za­siyaların dialoqu sa­yə­sin­də həyata keçməsi üçün mütərəqqi qüvvələrin bir­gə səyi tə­ləb olunur.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin