ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

Qürbətdən gələn məktub

General-topoqraf İbrahim ağa Vəkilovun ailəsində iki qarda-

şın  yeganə  bacısı  Reyhan  xanım  idi.  Atasından  və  əmisindən 

fərəhlə  danışan  Leyla  xanım  bibisi  haqqında  heç  bir  məlumat 

vermir.  Əlbəttə,  bu,  səbəbsiz  deyil.  1919-cu  ildə  Azərbaycan 

nümayəndəsi  kimi  Fransada  işləyən  Abbas  bəy  Ataməlibəyov 

həyat yoldaşı Reyhan xanımı da özü ilə aparmışdı. 1920-ci il Ap-

rel çevrilişindən sonra onlar geri qayıtmadılar. Şübhəsiz ki, Rey-

han  xanım  “Vətən”  deyib,  bolşevik-daşnak  rejimilə  yaşayan  o 

vaxtkı Azərbaycana qayıtsaydı, bəy nəsilli, müsavat generalının 

qızına da qardaşları Qalib bəy və Faris bəy kimi acı tale qismət 

olardı.  Yetmiş  ildə  Vəkilovlar  kimi  digər  ziyalı  nəsillərimizin 

nümayəndələrinin  nələr  çəkdiyi  hamımıza  yaxşı  məlumdur. 

Otuz yeddinin qara, məşum günlərində doqquz yaşlı uşağa on 

bir  il  həbs  cəzası  kəsən,  ata-anasını,  hətta  uzaq  qohumlarını 

güllələdən  sovet  totalitar  hakimiyyətinə  etibar  edib  qayıtmaq 

mümkünmü idi? Əlbəttə, yox. Bütün bunları – sürgün və gül lə-

lənmələri onlar Okeanın o tayında yaşasalar da, bilirdilər.

Yadımdadır, yetmişinci illərdə Faris bəylə tez-tez görüşəndə 

bir neçə dəfə bacısı Reyhan xanımın adını çəkib ağladı.

– Faris bəy, bacınız sizdən böyük idi, yoxsa kiçik? – deyə so-

ruşdum.


– Ailəmizin ən kiçiyiydi, – dedi. – Şən, şıltaq bircə bacımız 

vardı. O, 1896-cı il iyunun 20-də Tiflisdə anadan olmuşdu. İki 

oğuldan sonra dünyaya gələn bacımın şərəfinə atam bir qoç qur-


Şəmistan Nəzirli

351


ban kəsdi. Bacım ilk təhsilini Tiflisdəki Nücabə Qızlar Məktəbində 

almışdı. 1917-ci ildə onun toyu oldu. Əri Abbas bəy Ataməlibəyov 

əslən  Şamaxıdan  olan,  lakin  çoxdan  Bakıda  yaşayan  Seyfulla 

bəyin oğlu idi. Onlar varlı-dövlətli, həm də ali dərəcədə ziyalı bir 

nəsil idi. Abbas bəy Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəyli, 

Əlimərdan bəy Topçubaşovla yaxın dost idi. Onlar Fransaya da 

birgə getdilər, bir daha qayıtmadılar. Atamın sağlığında, qarda-

şım və mən həbs olunmamışdan əvvəl məktublaşırdıq. İndi isə 

nə öldüsündən, nə də qaldısından xəbərimiz yoxdur...

Nə az-nə də çox, yetmiş yeddi ildən sonra general ailəsinin 

yeganə varisi Leyla xanım Amerikadan məktub və fotoşəkil aldı. 

Məktub və fotoşəkli ona bibisi oğlu Qalib göndərib. Təbii ki, belə 

məktubu oxumaq nə qədər sevindirici olsa da, həyəcanı ondan 

qat-qat artıqdır. Professor Leyla xanım Vəkilova ingilis dilində 

yazılmış məktubun mətni ilə məni tanış edir.

–  Bibim  Reyhan  xanım  1923-cü  ildə  anadan  olan  oğluna 

mənim atamın, yəni kiçik qardaşı Qalib bəyin adını qoyub. Mənə 

uşaq vaxtı babam demişdi ki, sənin bibin oğlu var. Hətta onun 

balaca vaxtı çəkilmiş iki fotoşəklini də göstərmişdi. 1934-cü ildə 

babam İbrahim ağa vəfat etdikdən sonra nə bibim Reyhan xa-

nımdan, nə də onun oğlunun taleyi haqqında heç bir məlumatım 

yox idi. İki min birinci ilin iyun ayında mənə xəbər verdilər ki, 

bibin oğlu Qalib Ataməlibəyov sizi axtarır. Mən ona ev telefonu-

mu və ünvanımı göndərdim.

–  Leyla  xanım,  1919-1920-ci  illərdə  Reyhan  xanım  və  ailəsi 

Fransada  yaşayıb.  Bəs  necə  olub  ki,  indi Amerikadan  məktub 

gəlib?

– Bibim oğlunun yazdığına görə 1920-ci ildən sonra onlar çox 



çətin və əzablı günlər yaşayıblar. Bu əzablara baxmayaraq, Qalib 

yaxşı təhsil alıb, dünyanın bir neçə böyük ölkəsini dolaşıb. Hələ 

Parisdə yaşayanda o, Sarbonna Universitetini bitirib. Müharibə 

vaxtı  fransızların  işğalçı  qoşunlarının  tərkibində  Almaniyada 

hərbi qulluqda olub.


General Əli ağa Şıxlinski və silahdaşları

352


1946-cı ildə onlar ailəlikcə Cənubi Amerikaya, Çiliyə köçüblər. 

Qalib  farmakologiya  mütəxəssisi  kimi  firmada  işləyib.  Onun 

Tayvanda, Çilidə, Hindistanda, Yuqoslaviyada və Misirdə filial-

ları olub. Nəhayət, altmışıncı illərin sonunda Amerikada daimi 

yaşayıb. Bibim Reyhan xanım 1966-cı ildə Çilidə, əri Abbas bəy 

isə 1971-ci ildə Amerikada vəfat edib.

Yuqoslaviyada  bibim  oğlu  milliyyətcə  serb,  sənəti  kimyaçı 

olan bir qızla tanış olub, ailə qurub. Onların indi iki övladı var – 

oğlu Abbas – Dominik və qızı Tamar – Mariya adlı. Məktubunda 

Qalib  söz  verir  ki,  2002-ci  ildə  dədə-baba  Vətəni Azərbaycana 

ziyarətə gələcək. 

Tiflisdəki  izimiz

Azərbaycanlı seminaristlər Qoridə özlərinin gənc-

lik illərini keçirmişlər. Onlar Gürcüstan və gürcülər 

haqqında ən yaxşı təəssüratlarla gedirdilər. Gürcüs-

tan  Azərbaycanın  bir  çox  mədəniyyət  xadimlərinin 

mənəvi vətəni olmuşdur. Belə vətəni unutmaq olar-

mı?  Mən  Gürcüstan  və  Qori  şəhərinin  sakinlərinə 

səmimi  münasibətlər  üçün  dərin  minnətdarlığımı 

bildirirəm. 

Firidun bəy Köçərli,

1918-ci ildə “Qruziya” qəzetinin

müxbirinə verdiyi müsahibədən.

XIX əsrin əvvəllərindən başlayaraq Tiflisdə bizim mütərəqqi 

fikirli  ziyalılarımız  daha  çox  məskən  salıblar.  Ona  görə  də 

inqilabaqədərki ziyalılarımızın hansının ömür yoluna nəzər sa-

lırsansa, istər-istəməz Tiflislə bağlılığına rast gəlirsən. Təəssüf ki, 

belə  görkəmli  şəxsiyyətlərimizin  adları  əbədiləşdirilmir.  Olub-

qalan nişanələr isə bir yandan silinib itirilir.


Şəmistan Nəzirli

353


General-topoqraf  İbrahim  ağa  Vəkilovun  on  doqquzuncu 

əsrin sonlarında tikdirdiyi şəxsi mülkü Uş.Çxeidze küçəsində əsl 

memarlıq abidəsi idi. İki göz istəyirdi tamaşa etsin. Bu evi mən 

1985-ci ildə generalın oğlu Faris bəyin çəkdiyi sxem vasitəsilə ax-

tarıb tapmışdım. Bakıya qayıdanda Faris bəyə dedim ki, eviniz 

sağ-salamatdı, getdim, Tiflisdə ziyarət elədim. Onda Faris bəyin 

necə  sevindiyinə  bir  Allah,  bir  də  mən  şahidi  oldum.  Doxsan 

dörd yaşlı tənha qoca durub qara şkafın enli siyirməsində saxla-

dığı  həmin  evin  fotoşəklini  tapdı,  dönə-dönə  öpdü,  uşaq  kimi 

kövrəldi.

İkimərtəbəli mülkdə iki gürcü, bir erməni ailəsi yaşayırdı. So-

ruşdum ki, bilirsiniz bu mülk kimin olub? Cavab verdilər ki, bir 

tatar generalının.

Budəfəki gəlişimdə də dözməyib, yenə həmin evə baş çəkmək 

istədim. Hansı gözəgörünməz qüvvəsə məni ora çəkirdi. Elə bi-

lirdim  orda  –  o  mülkdə,  qarşısındakı  o  cənnətəbənzər  bağda 

Azər baycanın bir parçası öz oğlunun həsrətindədir. Üstəlik də 

Faris  bəy  danışmışdı  ki,  qapımızdakı  ağacların  hamısını  atam 

Qarayazıdan,  Salahlıdan  gətirmişdi.  Atam  o  ağaclarla  həmişə 

həmsöhbət olardı. Onları sığallaya-sığallaya, hər bir ağacın bo-

yunu sevə-sevə böyüdərdi. Uzaq şəhərlərə topoqrafiya çəkiliş-

lərinə gedəndə onlara da salam yazırdı. Anama, bizə dönə-dönə 

tapşırardı ki, ağaclar amanatı, onlara vaxtında su verin, korluq 

çəkməyə qoymayın.

Veriyski körpüsünü keçib balaca dikdirə çıxanda gözlərimə 

inanmadım. Generalın mülkü yox idi, yer üzündən silinmişdi, 

sanki heç burda belə şey olmayıbmış. Yalnız sahibsiz bağın ağac-

ları qalmışdı. Məni qınamayın, mənə elə gəldi ki, o ağaclar yetim 

uşaq kimi ağlaşırdılar. Yaxınlaşıb oxşadım onları. Əlimi göv də-

lərinə çəkdim. Generalın ruhuna rəhmət oxudum, yaxşı tanıdı-

ğım  mərhum  Faris  bəyi  yada  saldım.  Kövrəldim.  “Eh,  dünya, 

niyə belə vəfasızsan” – pıçıldadım. Başım üstündə göyə yüksələn 

ağacların  yarpaqları  xışıldadı.  Küləkmi  tərpətdi  onları,  yoxsa 

mənim  gəlişimə  sevinclə  pıçıldaşdılar?  Deyə  bilmərəm,  bircə 



General Əli ağa Şıxlinski və silahdaşları

354


şeyi bilirəm ki, canıma od saldı o ağacların qürbətdə yetim qal-

mağı...


Xeyli  aralıdakı  qonşulardan  soruşdum  ki,  bu  mülkü  niyə 

uçu rublar? Cavab verdilər ki, guya yanından keçən yolu geniş-

ləndirmək istəyiblər, yol-zad da çəkməyiblər. Evi uçurduqlarına 

da peşman olublar...

Beləcə, bir tarixi abidəmiz, tariximiz keçmiş Tiflisdən silinib. 

Acınacaqlı haldır ki, bu da bizim səlahiyyətli vəzifə adamlarımı-

zı narahat etmirdi. O vaxt, 1985-ci ildə ev salamat olanda Bakıda 

rəsmi idarədə, bir rəsmi vəzifə sahibinə dedim ki, Tbilisidə gene-

ralın evi qalır.

– Nə demək istəyirsən? – deyib boz-boz üzümə baxdı.

– Yaxşı olar, – dedim, – Gürcüstan hökuməti ilə danışıb mülkə 

bir lövhə vurdurasınız. Axı, o evdə xalqımızın yeganə topoqraf-

generalı İbrahim ağa yaşayıb. General İbrahim ağa Vəkilov tarixi 

şəxsiyyətdir...

Məni axıra qədər dinləməyən rəhbər şəxs etinasızlıqla:

– Fikirləşirik, – dedi, – indi vaxt yoxdu.

Bizim “ağıllı rəhbərimiz” fikirləşməyə vaxt tapana kimi “dəli 

çayı vurub keçdi”...

Həmin il – 1985-ci ilin iyununda Tbilisidə şahidi olduğum bir 

hadisəyə  azərbaycanlı  kimi  hədsiz  sevindim.  İndi  də  unuda 

bilmirəm. Bir küçədən keçəndə kitab mağazası görüb içəri keç-

dim. Satıcı yaraşıqlı cavan bir oğlan idi. Mən rusca soruşdum ki, 

sizdə  tarixi  mövzuda  yaxşı  kitab  varmı?  Saxlancın  varsa,  ver, 

neçəyə  desən  alaram.  Oğlan  üzümə  baxıb,  təmiz  Azərbaycan 

dilində:

– Var, – dedi, – buyurun alın, cavan yaşında Gəncədə vəfat 

etmiş şair Nikoloz Barataşvilinin həyatından sənədli povestdir. 

Alsanız, peşman olmazsınız. Burda o dövrün Gəncəsi haqqında 

maraqlı epizodlar var.

– Azərbaycanlısanmı? – sevinclə soruşdum.

– Yox, – dedi, – gürcüyəm. Meydanda yaşayıram. Bizim Mey-

danda yaşayan bütün millətlər Azərbaycan dilində mənim kimi 



Şəmistan Nəzirli

355


təmiz danışırlar, hələ sizin mahnıları da oxuya bilirəm, hər bazar 

günü saat ikidə “Muğam saatı”nı səbirsizliklə gözləyirəm.

Dünən general İbrahim ağa Vəkilovun mülkünün uçurulma-

ğı  qanımı  qaraltmışdısa,  bu  gün  dilimizə,  musiqimizə  olan 

hörmət məni göyün yeddinci qatına qaldırdı. Kitab mağazasın-

dan sinədolusu sevinclə çıxdım.



UZUN ÖMRÜN SƏHİFƏLƏRİ

Qarayazı,

Kür qırağı Qarayazı, 

Ömrə çox da bel bağlama

Birdə gördün qara yazı.

El bayatısı

Məni çox kefsiz və bir az da könülsüz qarşıladı. Əvvəlcə başa 

düşə  bilmədim,  bu  etinasızlıq  mənim  gəlişimə  görədir,  yoxsa 

qoca  xəstəhaldır.  Elə-belə,  nəzakət  xatirinə  “keçin  əyləşin”  – 

dedi. Bu tənha yaşayan qocanın tərtəmiz geyimindən, ev şərai-

tindən hiss etmək olurdu ki, çox səliqəli adamdır.

Qoca əvvəl eynəyini çıxartdı, sonra da dizinin üstündəki ki-

tabı  qatlayıb  kənara  qoydu.  İri  şkafın  enli  siyirməsini  çəkib 

dərindən nəfəs ala-ala, qara məxməri parçaya bükülmüş bağla-

manı açdı. Balaca bir şəkil tapıb işığa tərəf tutdu. İri ala gözlərini 

geniş açıb “budur, atam, – dedi, buyur, bax!” “Atam” deyəndə 

səsi qırıldı. Bu qocanın bütün varlığını qəribə, təsvirolunmaz bir 

kövrəklik titrətdi. Udqunub üzünü yana döndərdi.

Mən şəkli alıb baxdım. Bu, cavan, çox yaraşıqlı bir zabitin on 

doqquzuncu əsrin sonlarında çəkilmiş şəkli idi.

– Faris baba, – dedim, – bəs sənədləri? Təkcə bu şəkillə nə 

eləmək olar? Mümkünsə, sənədləri də tapın, birgə baxaq, elə bu-

radaca... Heç yerə aparmayacağam.



General Əli ağa Şıxlinski və silahdaşları

356


O, könülsüz geri döndü, ağır addımlarla yenidən şkafa ya-

xınlaşdı. Xeyli əlləşdi. Bayaq oxuduğu kitabı o küncdən bu küncə 

qoyur,  dəftəri  açıb  baxır,  arasından  heç  nə  tapa  bilməyib  əsə-

biləşirdi...

Səbrim tükənmişdi, onun əhvalı mənə də təsir etmişdi. Nə-

hayət, şkafın tək gözündən götürdüyü qalın bir qovluğu mənə 

verib titrək, kövrək səslə soruşdu:

– Cavan oğlan, sənin nəyinə lazımdı mənim atamın sənədləri? 

–  Faris  baba,  atanız  xalqımızın  hərbi  topoqrafiya  tarixində 

yeganə general olub. İstəyirəm qəzetdə, jurnalda onun barəsində 

bir yazı ilə çıxış edim, qoy bugünkü gənclik xalqımızın belə bir 

şöhrətli generalı olduğunu bilsin.

–  Mənim  atam  çoxdan  unudulub,  –  deyə  incik  halda  əlini 

yellədi. Ani fasilədən sonra əlavə etdi: – Bəlkə, elə belə yaxşıdı. 

Müsavat generalı kimin nəyinə lazımdır?.. – İndi başa düşdüm 

ki, qoca məni nəyə görə könülsüz qarşıladı. – Bir vaxt özüm çox 

çalışdım ki, üzə çıxsın, generallar arasında onun da adı çəkilsin. 

O da Azərbaycan üçün, xalqı üçün can qoyub, cəbhələrdə vuru-

şub, gecəsi-gündüzü topoqrafiya çəkilişlərində keçib. Hələ 1883-

cü ildə Rusiya-İran komissiyasının tərkibində Xəzər dənizindən 

Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak 

edib.  Belə  bir  ciddi  işi  vaxtından  əvvəl  yerinə  yetirən  atamın 

xidməti İran hökumətinin ən yüksək “Şire-Xorşid” ordeninə la-

yiq görülüb. O, Krımın, Dağıstanın və bütün Qafqazın topoqra-

fik  xəritəsini  tərtib  edib.  1892-ci  ildə  Türkiyəyə  ezam  olunan 

atam Qars vilayətinin rus-türk sərhədlərində topoqrafiya işlərinə 

rəhbərlik  edib.  Cənubi  Azərbaycanın  Təbriz,  Xoy,  Urmiya  və 

başqa şəhərlərinin də topoqrafik çəkilişinə atam rəhbərlik edib. 

Hər gələn bir sənədini, şəklini istədi, elə o gedən oldu. – Kövrək-

kövrək: – Mən də ki belə, gördüyün kimi, qocaldım, əldən düş-

düm. Sənəd, şəkil aparanların da ünvanını, telefonunu itirdim. 

O, insafsızlar da nə atam haqqında yazdılar, nə də şəklini qaytar-

dılar.


Şəmistan Nəzirli

357


–  Mən  burda  baxacam,  heç  nəyi  heç  yerə  aparan  deyiləm. 

Qeydlərimi də burada eləyəcəm...

– Yaxşı, onda aç qovluğu, söhbət eləyək. Əvvəla, de görüm, 

atamın sorağını sənə kim verib? – zəndlə üzümə baxıb soruşdu.

–  Bir  marşalın  “Mənim  xatirələrim”  adlı  yeni  kitabı  çıxıb. 

Orda atanız, polkovnik İbrahim ağa Vəkilovun Sərdarabad, Baş 

Abaran  əməliyyatındakı  fəaliyyətindən  geniş  məlumat  verir. 

Qərargah rəisi polkovnik İbrahim ağa Vəkilovun hərbi döyüş-

lərdə məharətini marşal bütün ordu heyətinə nümunə göstərir, 

– dedim.


Üz-gözündən gördüm ki, bu fakt onu hədsiz dərəcədə sevin-

dirdi. Məndən qabaq əl uzadıb qovluğu özü açdı.

...1978-ci ilin yazında Faris bəy İbrahim ağa oğlu Vəkilovla 

tanışlığım belə oldu. Həmin il atası haqqında “Azərbaycan” jur-

nalında çıxış etdikdən sonra yenidən onun görüşünə getdim.

Faris baba jurnalı aldı, yazını o üz-bu üzə vərəqlədi. Divanda 

yanaşı əyləşdik.

– Oxu, – dedi, – görüm nə yazmısan?

Yarıya çatmamış sərlövhəsini bir də soruşdu.

– “Qəribə tale”, – dedim və dönüb ona baxdım. Onun ağıllı, 

iri gözlərində yaş damcıları görüb dayandım.

– Daha oxuma, özüm oxuyacam, – deyib buz kimi əlilə bilə-

yim dən yapışdı, – atamı yad etdiyiniz üçün hamınıza min nət-

daram...


* * *

Yol boyu tənha qocanı düşünürdüm. “Mənim bu uzun ömrü-

mün qarası ağından çox olub”. Bu sözlər onun dilindən elə belə 

çıxmamışdı.  Sonralar  onun  həyat  tarixçəsi  ilə  yaxından  tanış 

olanda  heyrətə  gəldim  ki,  bütün  bu  əziyyətlərə  necə  dözüb? 

Qəribə burasıdır ki, həmişə başı qovğalarda olan, çox əziyyətlər 

çəkən bu insanın yaddaşı zərrəcə zəifləməmişdi.

Faris  bəy  nə  az-nə  çox,  ömrünün  on  səkkiz  ilini  doğma 

Azərbaycandan uzaqda, əzab-əziyyətlə Sibir və Karaqanda sür-


General Əli ağa Şıxlinski və silahdaşları

358


günündə keçirmişdi. Neçə inqilabın, neçə müharibənin sınaqla-

rından sayıq çıxmışdı. Çünki amalı düz, əqidəsi pak olmuşdu. 

Harda, hansı şəraitdə olmasına baxmayaraq, qəlbində bir çırağın 

işığı yanmışdı. O çırağın da adı Azərbaycan idi. Lakin bir acı ilin 

sərt küləyi onun üzünü elə qarsımışdı ki, qapısını elə bərk çırp-

mışdı ki, o, hələ də özünə gələ bilmirdi. 

Birinci Dünya müharibəsi başlananda Texnologiya İnstitutu-

nun beşinci kurs tələbəsi Faris bəy Vəkilov Petroqradın Putilov 

zavodundakı top emalatxanasının müdafiəsinə səfərbər olunur. 

Gənc mühəndisin bu zavoddakı yaxşı fəaliyyəti onu pillə-pillə 

ucaldır.

1916-cı  ildə  yaxşı  xasiyyətnamə  ilə  Petroqraddakı  məşhur 

“Feniks” zavodunda baş mühəndis təyin olunur. Bir il sonra okt-

yabr tufanları zamanı bu səhmdar idarə öz fəaliyyətini dayandı-

rır. Faris bəy Tiflisə – ailəsinin yanına qayıdır. O, bolşevik Əli-

heydər  Qarayevlə  birgə  ictimai-siyasi  işlə  məşğul  olur.  Onlar 

Peter burqda  fəaliyyət  göstərən  “Azərbaycan  Həmyerliləri  Cə-

miy yəti”ndə tanış olmuşdular.

1918-1920-ci  illərdə  Faris  bəy  Azərbaycan  Respublikasının 

Gürcüstan  hökuməti  yanında  səlahiyyətli  nümayəndəsi  kimi 

mühüm vəzifədə çalışır.

Azərbaycanda aprel işğalından sonra təqib olunan ziyalılar-

dan biri kimi Fransaya mühacirətə gedir. Parisdəki “Reno” zavo-

dunda konstruktor işləyir.

Beş il Paris şəhərində işləyən Faris bəy Vəkilov mühacirətdə 

olan həmyerlimiz şərqşünas-alim general-mayor Məmmədsadıq 

bəy Ağabəyzadə ilə görüşür, texniki biliyini artırır. Lakin Vətən 

həsrəti, ata məhəbbəti onu Azərbaycana qayıtmağa məcbur edir.

“Parisdə  müvəqqəti  qaldığıma  əmin  idim,  tez-tez  Azər-

baycanda qalmış atamla əlaqə saxlayırdım. 1925-ci ildə atam ya-

zırdı  ki,  məni  Peterburqdan  şəxsən  tanıyan Azərbaycan  Kom-

munist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Əliheydər 

Qarayev təklif edir ki, Vətənə qayıdım və hadisələr zamanı da-


Şəmistan Nəzirli

359


ğılmış  təsərrüfatların  bərpa  edilməsində  iştirak  edim.  Mən  bu 

təklifdən çox məmnun oldum.

Sovet konsulluğundan lazım olan sənədləri aldım və 1926-cı 

ilin fevral ayında öz həyat yoldaşım ilə birlikdə Bakıya qayıtdım.

Əliheydər  Qarayev  məni  səmimi  qarşıladı.  Mənzil  almağa 

kömək etdi və leytenant Şmidt adına zavoda işə göndərdi”. 

...Axşam qonşusu mənə zəng eləyib dedi ki, Faris baba sabah 

sizi görmək istəyir. Mümkünsə, ona baş çəkin.

İşdən bir az tez çıxıb onun yanına gəldim. Biz neçə ilin dostu, 

hətta deyərdim, qohum kimi görüşdük.

– İndi mənim sənə işim düşüb, – dedi. – Xəbərin varmı, ata-

mın dayısı oğlu İbrahim ağa Usubov da general olub. Ondan da 

yazmaq lazımdır.

Həmin  günü  mənə  çoxlu  şəkil,  sənəd  göstərdi.  Səxavət  əli 

açılan Faris babanın mənə hədiyyə verdiyi şəklin biri 1901-ci ildə 

Qarsda  çəkilib.  Burda  atası  İbrahim  ağa  Vəkilov  topoqrafiya 

çəkilişi  zamanı  təsvir  olunub.  Hər  iki  şəklin  orijinalı  indi  də 

məndədir. Anası Yelena Yefimovna Vəkilovanın 1909-cu il mar-

tın 2-də böyük rus yazıçısı Lev Tolstoya öz övladlarının islam 

dinini  qəbul  etmələrinin  mümkünlüyü  barədə  yazdığı  mək-

tubdan söhbət açdı.

Faris baba bu məktubun fotosurətini və öz əlilə rus dilində 

yazdığı xatirələrini avtoqrafla mənə verdi.

– Oğul, – dedi, – mənim ömrüm qurtarır, səninki isə başlayır, 

qoy bunlar səndə qalsın. Amma mən tənha qocaya tez-tez baş 

çək, sənə lazım olan çoxlu materiallar verərəm...



General Əli ağa Şıxlinski və silahdaşları

360


SÜVARİ GENERAL-MAYOR  

İBRAHİM AĞA USUBOV

Qatar  səhər  saat  doqquzda  Gəncəyə  çatdı.  Bay-

raqlar,  xalı-xalca…  Hər  yer  camaatla  dolu  idi. 

Hərbiyyə naziri Səməd bəy Mehmandarov və müavi-

ni general Əli ağa Şıxlinski, Gəncə qubernatorunun 

müavini Hüseynqulu xan Xoyski və başqalarına “xoş 

gəldiniz” rəsmi əda edildi.

Rəsmi  keçid  başlandı.  Rəsmi  keçidi  hərbi  nazir 

müavini  general  Əli  ağa  Şıxlinski  və  ərkani  hərbi 

rəisi general Həbib bəy Səlimov idarə edirdilər. Gene-

ral İbrahim ağa Usubov komanda verirdi. O, gözəl at 

üstündə oturub əlində üryan qılınc nərəli bir səda ilə 

komanda verirdi.

1919-cu il martın 23-də Novruz bayramı 

münasibəti ilə keçirilən parad-nümayişdən

Bu dəfə söhbətimizin əsas mövzusu Faris babanın əmisi İbra-

him ağa Usubov oldu. General-mayor İbrahim ağa Usubov 1875-

ci  il  martın  altısında  Qazax  qəzasının  Qıraq  Salahlı  kəndində 

dünyaya gəlib. Sənədlərdən öyrənirəm ki, generalın atası Musa 

ağa da rus ordusunun zabiti olub. XIX əsrin əvvəllərində azər-

baycanlılardan təşkil olunmuş müsəlman süvari alayında Musa 

ağa və əmisi Süleyman ağa Usubovlar Qazax süvari dəstəsində 

mərdliklə vuruşmuşlar. Sonralar Polşa müharibəsində və dağlı-

lara qarşı döyüşlərdə nümunəvi xidmətinə görə Musa ağa Molla 

Yusif oğlu poruçik rütbəsinə qədər yüksəlib.

Musa ağa praporşik rütbəsini 1839-cu il iyulun 2-də alıb. 1845-

ci  il  noyabrın  28-dən  general-adyutant  knyaz  Vorontsovun  ko-


Şəmistan Nəzirli

361


mandan  olduğu  Əlahiddə  Qafqaz  korpusu  yanında  müsəlman 

ayında  rəis  köməkçisi  olmuşdur.  Həmin  ilin  dağlılara  qarşı 

döyüşlərdə  Darqo  kəndi  və  Gerzer  yaşayış  məntəqəsi  uğrunda 

gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa və şücaətə görə üçün-

cü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdur.

Musa ağaya 1848-ci il iyulun 9-da podporuçik, 1854-cü il de-

kabrın 4-də isə qüsursuz xidmətinə görə poruçik rütbəsi veril-

mişdir. 1891-ci il iyulun 22-də istefaya çıxan poruçik Musa ağa 

Usubova  dövlət  gümüş  pulla  ildə  97  manat  50  qəpik  pensiya 

kəsmişdir. Həmin il avqustun 1-də vəfat etdiyinə görə o zabit 

heyəti siyahısına çıxarılmışdır. 

Faris baba sənədlərindən birini açır, titrək barmağını üstündə 

gəzdirə-gəzdirə:

– Fikir ver, əmim də Əli ağa Şıxlinski və atam kimi Tiflisdəki 

kadet korpusunu bitirib, özü də əla qiymətlərlə, – deyir, – 1892-ci 

ildə  İkinci  Konstantinovsk  hərbi  məktəbini  bitirir.  Bir  il  sonra 

unter-zabit  rütbəsi  alır.  1902-ci  ildə  ştabs-kapitan  rütbəsində 

əsrimizin əvvəllərində başlayan Rusiya-Yaponiya müharibəsində 

iştirak  edir.  Port-Artur  döyüşlərində  mərdliklə  vuruşan  əmim 

“Müqəddəs Vladimir” ordeninin dördüncü dərəcəsilə və “Mü-

qəddəs  Stanislav”  ordenin  üçüncü  dərəcəsilə  (qılınc  və  bantla 

birgə) təltif olunur.

1914-cü ilin payızından podpolkovnik rütbəsi alır.

Həmyerliləri, artilleriya generalı Əli ağa Şıxlinski və Səməd 

bəy  Mehmandarovla  çiyin-çiyinə  vuruşan  podpolkovnik  İbra-

him  ağa  Usubov  Birinci  Dünya  müharibəsində  az  şücaət 

göstərmir. Müharibədən sonra Xarkov şəhərində yerləşən 122-ci 

Tambov süvari alayında hərbi xidmətə başlayır. 1910-cu ildə İb-

rahim ağa Usubov Tiflisdə yaşayan qohumu, Zaqafqaziya müfti-

si Mirzə Hüseyn əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla 

ailə  həyatı  qurur.  Onun  anası  Böyükxanım  Nəsib  ağa  qızı 

Vəkilova idi.

Müsahibimdən soruşdum:

– Generalın oğlu, qızı qalırmı?



General Əli ağa Şıxlinski və silahdaşları

362


– Bu saat hamısını deyəcəyəm, – Faris baba yenidən əl-ayağa 

düşür. Köhnə cib dəftərçələrinin birini götürüb, o birini qoyur. 

– İki adamla görüş, söhbət elə. Əmim qızı Nigar xanım Usubova 

və generalın qardaşı qızı Gövhər xanım Usubova ilə.

Elə həmin günü Mirzə Şəfi küçəsinin altı nömrəli mənzilində 

yaşayan  Gövhər  xanıma  baş  çəkdim.  General-mayor  əmisinin 

adını eşidən kimi səksən yaşlı qadının da gözlərində, sifətində 

qəribə  bir  işıq  yandı.  Sonra  o  işıq  qəfildən  çəkildi  və  yerində 

təəccüb qaldı: “Nə əcəb? Haradan yada düşüb”.

Gövhər ana əlini dizlərinə vurub yana-yana dedi:

– Fələyin gözü tökülsün, bircə əmin oğlu vardı, o da 1940-cı 

ildə qəflətən vəfat etdi. Yeganə kişi nişanəsi idi əmim ocağının. 

Atam  İsmayılı  zorla  xatırlayıram,  1910-cu  ildə  vəfat  etdikdən 

sonra əmim İbrahimin himayəsinə keçdim. O, Xarkovda hərbi 

qulluqda  olsa  da  doğma  kəndi  Salahlını  unutmurdu.  1914-cü 

ildə məni Bakıya gətirib Hacı Zeynalabdin Tağıyevin Qız mək-

təbinə qəbul etdirdi. 1917-ci ilədək bu məktəbdə oxudum. Əmim 

bir il sonra Azərbaycan Demokratik Hökumətinin dəvətilə Xar-

kovdan Bakıya köçdü.

Adətən hərbçi zəhmi ağırdı, deyirlər. Əlbəttə, işdə, qulluqda 

necə olmağını deyə bilmərəm, amma evdə, ailədə əmim xoşxa-

siy yət, həssas qəlbli insan idi. Təhsil və tərbiyə məsələsinə ciddi 

fikir verərdi. “Gövhər, – deyərdi, – səni atanın arzusu ilə müəl-

limliyə  qoymuşam.  Sənin  qarşında  mədəni  insan  yetiş dirmək 

kimi  nəcib  bir  vəzifə  durur.  Gərək  elə  şagird  yetişdirəsən  ki, 

onunla həmişə iftixar edə biləsən”. Yadımdadı, general Əli ağa 

Şıxlinski tez-tez bizə gələrdi, hər iki bacanaq Port-Artur döyüş-

lərindən, Birinci Dünya müharibəsindəki fəaliyyətlərindən söh-

bət açardılar.

İbrahim ağa Usubov görkəmli dövlət xadimi Nəriman Nəri-

manovla,  Əliheydər  Qarayevlə,  Mixail  Frunze  və  başqaları  ilə 

yaxın idi. 1915-ci il avqustun birində döyüş meydanlarında gös-

tə rdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi.


Şəmistan Nəzirli

363


Bu  müharibədə  onun  göstərdiyi  şücaət  haqqında  “Kaspi” 

qəzetinin  26  fevral  1916-cı  il  sayında  Ceyhun  Hacıbəyli  yazır: 

“Yüz iyirmi ikinci Tambov süvari alayının zabiti, üçüncü dərəcəli 

“Müqəddəs Vladimir” (1916-cı ildə), ikinci dərəcəli “Müqəddəs 

Stanislav”, ikinci dərəcəli “Müqəddəs Anna” ordenli, kavaler İb-

rahim  ağa  Usubov  bu  alaya  təyin  olunandan  sonra  polkovnik 

rütbəsi almışdır. 1914-cü il oktyabrın on dördündə Mizines kəndi 

ətrafındakı yüksəkliyə hücum zamanı İbrahim ağa batalyona ko-

mandirlik edərkən düşməni iki cərgə səngərdən vurub çıxarmış 

və üç gün bu yüksəkliyi avstriyalıların əks hücumlarından qoru-

yub saxlamışdır”.

Polkovnik  İbrahim  ağa  Usubov  artilleriyası  ilə  öz  alayına 

himayədarlıq etmiş və Peremışl qalasından düşməni vurub çı-

xarmışdır. Bu döyüşlərdə göstərdiyi igidliyə görə 1915-ci il apre-

lin 19-da “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə 

təltif olunmuşdur.



1917-ci il iyulun birində 133-cü süvari diviziyasında briqada 

komandiri  təyin  olunan  İbrahim  ağa  Usubova  general-mayor 

rütbəsi verilmişdir.

1918-ci ilin may ayında İbrahim ağa Usubovu milli Azərbaycan 

diviziyasında  işləmək  üçün  dəvət  etdilər.  O,  Əli  ağa  Şıxlinski, 

Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Cavad 

bəy Şıxlinski və başqa hərbçilərlə birgə Azərbaycan Demokratik 

hökumətinin  Milli  Ordusunun  təşkilinə  başladı.  On  səkkizinci 

ilin aprelində Gəncədə praporşik məktəbi açdılar. Burada azər-

baycanlı gənclər təhsil alırdılar. Bir il sonra həmin məktəb Bakı-

ya  köçürüldü  və  Azərbaycan  Hərbiyyə  məktəbi  adlandırıldı. 

1919-cu il yanvarın 9-da milli hökumət xalqına sidq-ürəklə xid-

mət etdiyinə görə hərbiyyə naziri yanında İbrahim ağa Usubovu 

tapşırıq generalı vəzifəsinə təyin etdi. 

Milli hökumət İbrahim ağanı on doqquzuncu ildə Azərbaycan 

ordusu  üçün  hərbi  ləvazimat  və  hərbi  geyim  alıb  gətirmək 

məqsədilə İtaliyaya ezam etmişdi. İbrahim ağa Usubovun xarici 

ölkəyə ezam olunması təsadüfi deyildi. O, fransız, ingilis, alman 


General Əli ağa Şıxlinski və silahdaşları

364


və  polyak  dillərini  mükəmməl  bilirdi.  Respublika  Mərkəzi 

Dövlət Arxivində saxlanan bir sənəd Müsavat dövlətinin İtaliya-

dakı  nümayəndəsinin  Müsavat  ordusuna  geyim  və  təchizat 

əşyaları almaq üçün hərbi nazirliklə danışıqları barəsində teleq-

ram bunu təsdiq edir. 

2 dekabr 1919-cu il 

Özünün sərəncamında olmadığından İtaliyanın hərbi nazirliyi pal-

tar  və  silah  verə  bilmir.  O  avtomobillər,  aeroplanlar,  projektorlar, 

dizliklər, mələfələr və adyallar verir. Geyim əşyaları göndərilməsi Gellə 

tapşırılıb. İlk partiya dekabrın axırlarında Batuma gələcək. Keyfiyyətli 

köhnə paltar tapmaq mümkün deyil. Əgər qiyməti əl versə, bu əşyaların 

əvəzinə parça almaq barəsində fikirləşərəm. Parçanın bizdəki qiymətini 

bildirməyinizi xahiş edirəm.

General İbrahim ağa Usubov

 

– Əmim çox zarafatcıl idi, – deyən Gövhər xanım söhbətini 

davam etdirir. – Bir dəfə süfrə başında olan bir əhvalat yadıma 

düşdü. İbrahim əmim köksünü ötürüb:

– Of, – dedi, – balalarım, kaş hər şeydə: ağılda, kamalda, şöh-

rətdə özümə oxşasınlar. Amma bircə şeydə mənə yox, dayılarına 

oxşasalar yaxşıdı. 

Həyat yoldaşı – bibim tez üstünə düşdü.

De görüm, o nədi elə?

Əmim bığaltı gülümsünüb: 

– Boyumu deyirəm, – dedi, – bircə boy-buxundan kəm-kəsrim 

var. 


Əmim orta boylu idi. Ona işarə vururdu.

Əlağa Şıxlinski də buna zarafatla cavab verdi. 

– Eybi yoxdu, – dedi, – İbrahim, qəm eləmə, o da igidə bir 

yara şıqdır. 

– Gövhər xanım, general əminizin son taleyi necə olub? 


Şəmistan Nəzirli

365


– İyirminci ilin aprelində XI Ordu gəldi. Əli ağa Şıxlinski, İb-

rahim  ağa  Vəkilov,  Səməd  bəy  Mehmandarov,  Firidun  bəy 

Vəzirov, əmim və bütün azərbaycanlı hərbçilərə, generallara ilk 

günlər toxunmadılar. Xüsusi əmr verdilər ki, poqonlarınızı çıxa-

rın, indi Qızıl Orduda xidmət edəcəksiniz. Onlar da dinib-danış-

madılar. Dedilər, təki xalqa toxunmasınlar, biz də xalqa xidmət 

edərik. Səhv etmirəmsə, hətta, onlara əmək haqqı da təyin etmiş-

dilər.  Əmimə  vəsiqə  də  vermişdilər  ki,  o,  diviziya  komandiri 

kimi xidmət edir. Yadımdadır, iyul ayının ilk günləri idi. Evi miz-

də Qazaxdan gələn qonaq da vardı. Əli ağa əmim, İbrahim da-

yım da (general İbrahim ağa Vəkilov – Ş.N.) bizə gəlmişdi. Hamı 

kəndi, qohumları, uşaqlıq dostlarını soruşur, deyib-gülür dülər. 

O  vaxt  bütün  hərbçilər  indiki  İstiqlal  küçəsindəki  beş  nömrəli 

evdə yaşayırdılar. Gecə on ikiyə işləyəndə hər kəs öz evinə getdi. 

Yenicə yatmağa hazırlaşırdıq ki, küçədə bir yük maşını dayandı. 

Maşından tökülən əsgərlər qaça-qaça bloklara doldular. Tüfəng-

lərin qundağı ilə qapıları döyüb içəri soxuldular. Əsgərlər içəri 

girən kimi əmimi əhatəyə aldılar. Mən əmimə tərəf atılıb zorla 

əlindən yapışıb ağladım. Əsgərlər ev əşyalarını siyahıya aldılar. 

Əmimin orden-medallarını və özünü də apardılar. O gecə azər-

baycanlı generalları – Əli ağa Şıxlinskini, Səməd bəy Mehman-

darovu, Murad Gəray bəy Tlexası, Firidun bəy Vəzirovu, gene-

ral-qubernator Nərimanbəyovu, polkovnik Rüstəm ağa Şıxlins-

kini, kapitan Bahadır bəy Vəkilovu, əmim İbrahim ağa Usubovu 

–  hamısını  yük  maşınına  doldurub  apardılar.  Dallarınca  çox 

gedib-gəldik, bir xəbər öyrənə bilmədik. Onları həbs etdirən İlya 

adlı  hərbçi  idi.  O,  yarı  erməni,  yarı  yəhudi  idi.  Əmimi,  on  iki 

azərbaycanlı  generalı  və  zabiti  1920-ci  il  iyunun  on  altısında 

gecə  ilə  Nargin  adasına  aparıb  orada  güllələyiblər.  Çox  get-

gəldən sonra əmim arvadı Gövhər bibimə əl boyda kağız verdilər 

ki,  onları  səhvən  güllələyiblər.  Şura  hökuməti  ailənizdən  üzr 

istəyir.

Əli ağa Şıxlinski və Səməd bəy Mehmandarov isə ayrı kame-

rada  olublar.  Xoşbəxtlikdən,  onların  Nəriman  Nərimanova 


General Əli ağa Şıxlinski və silahdaşları

366


göndərdikləri məktub çatıb və onlar xilas olublar. Orduya soxu-

lan terrorçu-daşnaklardan ehtiyat edən Nərimanov ona görə də 

1920-ci il avqustun 1-də Əli ağa Şıxlinskini və Səməd bəy Meh-

mandarovu Moskvaya göndərdi.

General İbrahim ağa Usubovdan çox az nişanə qalıb. Bir neçə 

şəkil, bir də qızı – Azərbaycan Dövlət Konservatoriyasının müəl-

limi, Əməkdar incəsənət xadimi, professor Nigar xanım Usubo-

va… Mübarizələrdə keçən ömrün anları indi saralıb-soldurdu-

ğunu çox az şəkil və sənədlərlə yaşayır. General-mayor İbrahim 

ağa Usubovun qızı Nigar xanım atasından fəxrlə söhbət açır:

– Əli ağa əmim deyirdi ki, atan İbrahimin hərbçi istedadı Bi-

rinci Dünya müharibəsi dövründə özünü parlaq şəkildə göstərdi. 

Döyüş zamanı çevikliyi, piyada qoşunlardan məharətlə istifadə 

etməsi, xüsusilə əsgərlərlə səmimi rəftarı İbrahimi rus ordusun-

da mahir bir sərkərdə kimi tanıtdı. Əli ağa əmim bir də danışırdı 

ki, M.V.Frunze atanı yaxşı bir insan kimi tanıyırdı. Birinci Dünya 

müharibəsindəki  fəaliyyətini,  hərbi  sənətkarlığını  çox  yüksək 

qiymətləndirirdi.

Mən Xarkovda anadan olmuşam. Uşaq olsam da, bəzi əhva-

lat ları  yaxşı  xatırlayıram.  Yadımdadır,  nə  münasibətləsə  evi-

mizdə qonaqlıq vardı, məclisdə yüksək rütbəli zabitlərlə yanaşı 

sıravi əsgərlər də iştirak edirdi. Əsgərlərdən biri atam haqqında 

dedi: – Baxmayaraq ki, o, rus deyil, azərbaycanlıdır, ancaq bizim 

üçün doğma atadan da yaxındır.

Atam həqiqətən də əsgərlərlə zabit arasında sərt sədd çək mə-

yən adam idi. Əsgərin bütün hüquqlarını əlindən alan zabitlərlə 

o,  heç  vaxt  razılaşmazdı.  Məhz  bu  keyfiyyətlərinə  görə  onu 

əsgərlər ata kimi sevir, hörmət edirdilər.

…Faris baba ilə görüşlərimin birində gördüm ki, o, lüğətlə bir 

Azərbaycan yazıçısının romanını oxuyur.

– Faris baba, – dedim, – indən belə dil öyrənmək gec deyilmi?

– Öyrənirəm ki, İbrahim əmim kimi dünənə sabah deməyim.

– O nə deməkdir?


Şəmistan Nəzirli

367


– Bu saat danışacam, – deyib qoca iri gözlərilə gülümsündü. 

–  Xatirimdədir,  1914-cü  ilin  yazında  atam  məni  də  götürüb 

kəndimiz  Salahlıya  gətirmişdi.  Hələ  müharibə  başlamamışdı. 

Atam doğma kəndinə getməyi, qohumlara baş çəkməyi çox se-

virdi. Ali rütbədə, yüksək bir yerdə işləməyinə baxmayaraq, ildə 

bir neçə dəfə kəndə gedərdi. “Bu kənd, – deyirdi, – oğul, harda 

olsam mənimlədi, adam nə qədər böyük şəhərlərdə, uzaq ellərdə 

olsa da doğmasını, anadan süd əmdiyi yeri unuda bilmir. Buna 

haqqı da yoxdur”.

Atam eşidir ki, İbrahim ağa Usubov da ailəsi ilə kəndə gəlib. 

Abdulla əmimlə onun görüşünə gedirlər. Abdulla əmim İbrahim 

əmimdən soruşur ki, nə vaxt gəlmisən?

İbrahim əmim cavab verir ki, “sabah”. 

Atam təəccüb edir ki, bu nə danışıqdır. Abdulla əmim işin nə 

yerdə olduğunu başa düşür. Gülə-gülə deyir:

– İbrahim, əgər sabah gəlmisənsə, yəqin ki, dünən də qayıdıb 

gedəcəksən. – Qoca əhvalatı danışıb kədərlə gülümsündü. – İb-

rahim əmim, – dedi, – uzun müddət Rusiyada qulluq etdiyindən 

Azərbaycan  dilini  bir  az  yadırğamışdı.  Məni  də  tale  ölkədən-

ölkəyə,  şəhərdən-şəhərə  atıb.  Fransız,  ingilis  və  bir  neçə  dildə 

sərbəst danışıb yaza bilirəm. Amma hiss edirəm ki, o qədər yad-

larla oturub-durmuşam ki, doğmamı unutmaq ərəfəsindəyəm. 

Faris  baba  çoxillik  ömründə  bitib-tükənməyən  hadisələrin, 

əhvalatların şahidi olmuşdu. Heyf ki, bu səmimi, mehriban qoca 

ilə görüşüm onun həyatının son günlərinə təsadüf etdi. O, bizim 

işıqlı dünyamızdan ömrünün doxsan dördüncü ilində köçdü.

Minillik ədəbiyyata, mədəniyyətə malik xalqımızın minillik 

də  qəhrəmanlıq  tarixi  var.  İgid  Cavanşirin,  əyilməz  Babəkin, 

köhlən at belində yadellilərə qarşı vuruşan Koroğlunun, Nəbinin 

adı həm öz xalqımızın, həm də bütün bəşər tarixinin səhifələrində 

yaşayır. Onların hər biri öz doğma torpağını, öz yurdunu, öz xal-

qının əsrlərdən bəri yaratdığı mədəniyyəti qəsbkarlardan mərd-

liklə müdafiə ediblər.


General Əli ağa Şıxlinski və silahdaşları

368


Hər  əsr  tarixə  öz  qəhrəmanlarını  verib,  hər  igid  özünün 

şücaəti ilə gələcək nəslə örnək olub. Zaman keçib, illər ötsə də, 

onlar  yenə  unudulmur,  tarixin  əbədi  yaddaşında,  sənədlərdə 

həmişə yaşar qalırlar.

İnanırıq  ki,  hərbi  qüdrət  tariximizin  səhifələrində  general-

mayor İbrahim ağa Usubov da beləcə yaşayacaqdır.



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin