ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

Hörmətli və əziz Səməd!

On  altı  il  ayrıldıqdan  sonra  sən  mənim  məktubumu  alıb, 

yəqin ki, təəccüblənəcəksən. Mən qohumlardan heç kəsə məktub 

yazmırdım ki, onları narahat etməyim. Onlara xətər gəlməsindən 

qorxurdum. İndi mən demək olar ki, yarı da olsa azad vətəndaşam. 

Ona görə də məktub yazıb, özümü xatırlatmağa cürət edirəm. Bu 

məktubu sənə Norilskidən evə qayıdan, bizim ümumi tanışımız 

Əli Səbri

1

 çatdıracaq.

Əli Səbri mənim haqqımda məlumat verəcək. Xahiş edirəm, 

əgər sənin üçün çətin olmazsa və mümkünsə uşaqlarımın xatirinə 

mənim Vətənə qayıtmağıma imkan daxilində kömək edəsən.

Mən çox qocalmışam, ömrümün son illərini uşaqlarımın ya-

nında, doğma diyarda keçirmək istəyirəm. Mənə elə gəlir ki, sən 

mənim xahişimi rədd etməzsən, çünki indi zaman o zaman deyil. 

Burdan qohumlarının və tanışlarının vəsatətinə əsasən çoxları 

evə  qayıdırlar.  Mehdixana  və  Xavər  xanıma  mənim  ürəkdən 

gələn salamımı çatdır. Öpürəm səni, Mehdixanı, Yusifi və Vaqifi. 

Xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Hörmətlə Nəsib ağa”

1955-ci ildə Vətənə qayıdan Nəsib ağa Vəkilov 1963-cü ildə 

Bakıda vəfat edib. O, polkovnik Əsəd ağa Vəkilovun oğlu idi.

* * *


1919-cu il fevralın on dördündə praporşik Lütfəli bəy Vəkilov 

Azərbaycan  süvari  alayının  komandirinə  belə  bir  məlumat 

göndərmişdir:

“Sizin  nəzərinizə  çatdırıram  ki,  1918-ci  il  iyunun  on  sək-

kizində dördüncü Borçalı alayının polkovniki Tuqanov Birinci 

1

  Əli Səbri (1892-1983) nasir, tərcüməçi.



General Əli ağa Şıxlinski və silahdaşları

396


Dünya  müharibəsi  illərində  döyüş  xidmətlərimə  görə  min  beş 

nömrəli əmrlə mənim Müqəddəs Georgi xaçı ordeninin bütün 

dörd dərəcəsi ilə təltif olunmağım haqqında sənəd təqdim etmiş-

di və buna əsasən mənə birinci Mozdok Dağ-Kazak alayı min 

yüz qırx altı nömrəli attestat da verilmişdir. Orada ordenlərin 

hər birinin nömrəsi də yazılıb. Həmin döyüşlərdə mən dörd dəfə 

yaralanmışam  və  kontuziya  olmuşam.  Bunların  hamısı  Sizə 

göndərdiyim şəxsi işimdə göstərilib”.

Vərəqin o biri üzündə praporşik Lütfəli bəy Vəkilovun dəsti-

xəttilə yazılmış qeydi də var: “Mənim şücaətlərimin və təltifat-

larımın cəbhədə şahidi olan rotmistr Çayevski idi. O, hazırda 

Hərbi Nazirliyin Baş Qərargahında baş zabit kimi xidmətdədir”.

Əlbəttə, praporşik Lütfəli bəy Vəkilovun bu məlumatı müa-

sir oxucuya adi ərizə kimi görünə bilər. Lakin unutmaq olmaz ki, 

o dövrdə belə bir yüksək ordenlə zabitlər çox nadir hallarda təltif 

olunurdu. Qeyri-adi igidlik göstərən, “Müqəddəs Georgi ” orde-

ninin bütün dərəcəsinə layiq görülən oğullarımızı barmaqla say-

maq olar. Rotmistr Teymur bəy Novruzov (1919-cu il, avqustun 

2-də general-mayor rütbəsi almışdır – Ş.N.), praporşik Sayad bəy 

Zeynalov, poruçik Osman ağa Gülməmmədov.

Yüz qırx birinci səhifədə Lütfəli bəyin silahdaşı Çayevskinin 

Baş Qərargaha təqdimatı saxlanır. O yazır ki, dördüncü Borçalı 

süvari  alayının  praporşiki  Lütfəli  bəy  Vəkilovla  Birinci  Dünya 

müharibəsinin ilk günlərindən 1918-ci ilin sentyabrınadək birgə 

döyüşlərdə olub. Onun bütün qəhrəmanlıqlarının canlı şahidi-

dir.  Qazaxda,  Lori  dərəsində,  Borçalıda  erməni  daşnaklarına 

qarşı döyüşlərdə, Bakı, Qarayazı və Şamxorda bolşeviklərlə vu-

ruşmalarda onun cəsur süvari kimi igidlik göstərdiyinə zəmanət 

verir. Belə bir igid zabitin yüksək rütbəyə layiq olduğunu tama-

milə qanuni hesab edir.

Rotmistr  Çayevskinin  Baş  Qərargaha  iftixarla  yazdığı  təq-

dimatı iki general məmnuniyyətlə təsdiq edib, dərkənar qoyub-

lar: süvari diviziyanın rəisi, general-mayor şahzadə Əmir Kazım 

Qacar və qərargah rəisi general Zaxar Amaşukeli.


Şəmistan Nəzirli

397


Çox  təəssüf  ki,  sənədlərin  izi  elə  burdaca  itir.  1890-cı  il 

təvəllüdlü praporşik Lütfəli bəy Abbasqulu bəy oğlu Vəkilovun 

bundan sonra hansı rütbəyə layiq görüldüyü məlum olmur.

Polkovnik  Gəray  bəy  Vəkilovun  kiçik  qardaşı,  praporşik 

Lütfəli bəy Vəkilovu Zaqafqaziya Baş Siyasi İdarəsi 1932-ci il fev-

ralın 2-də antisovet ruhlu zabit kimi həbs edib beşillik sürgünə 

göndərmişdi. Minlərlə günahsız Azərbaycan zabiti kimi qırx iki 

yaşlı  Lütfəli  bəyin  də  ömrünün  hansı  həbs  düşərgəsində  sona 

yetdiyi məlum deyil.

Podporuçik Sadıq Əsgər oğlu Vəkilov 1895-ci ildə Qazax qəza-

sının Salahlı kəndində anadan olub. Müsavat ordusunda üçüncü 

Gəncə piyada alayında kiçik zabit kimi xidmət edib. Zaqafqaziya 

(Qori) Müəllimlər Seminariyasının Tatar-Azərbaycan şöbəsini və 

1918-ci ildə Gəncədəki praporşiklər məktəbini bitirib.

Azərbaycan Milli Ordusunun kapitanı Bahadır bəy İbrahim 

ağa oğlu Vəkilov da bu nüfuzlu nəslin nümayəndəsidir. 1889-cu 

il  martın  24-də  Qazaxda  zadəgan  ailəsində  anadan  olub.  İlk 

təhsilini Tiflisdə birinci kişi gimnaziyasında alıb. 1918-ci il mayın 

15-də  yeni  yaranan  Müsəlman  korpusuna  könüllü  daxil  olub. 

Sentyabrın 1-dən piyada qoşunlarında kiçik yunker, baş yunker 

rütbəsində xidmət edib, noyabrın 18-də isə Gəncədəki prapor-

şiklər məktəbini birinci dərəcə ilə bitirib. Məktəbi əla qiymətlərlə 

bitirdiyinə  görə  o,  hərbi  məktəbdə  rota  komandiri  vəzifəsində 

saxlanılıb.  Məktəbin  rəisi  polkovnik  Şirin  bəy  Kəsəmənski  28 

fevral 1919-cu ildə gənc zabit Bahadır bəyə verdiyi xasiyyətnamədə 

qeyd  edir  ki,  əla  davranışa  və  yüksək  əxlaqa  malikdir.  Zabit 

kadrlarının  yetişdirilməsinə  tam  layiqdir.  Siyasi  hazırlığı  var. 

Martın iyirmi ikisində hərbi nazir, tam artilleriya generalı Səməd 

bəy Mehmandarov Gəncə praporşiklər məktəbinin rəisinə belə 

bir əmr göndərib:



“Gəncə praporşiklər məktəbinin əlli nəfərdən çox məzununa 

əziz Novruz bayramı ərəfəsində praporşik rütbəsi verilsin. On-

lar xidmət üçün birinci Azərbaycan süvari diviziyasına, üçüncü 

Gəncə süvari alayına, Əlahiddə Zaqatala batalyonuna yüngül 

General Əli ağa Şıxlinski və silahdaşları

398


artilleriya divizionuna göndərilsin. Gəncə praporşiklər məktə-

bini əla bitirdiklərinə görə podpraporşik İsrafil ağa Şıxlinskiyə, 

Bahadır  bəy  Vəkilova,  Musa  bəy  Şəmşəddinskiyə,  Həşim  bəy 

Sultanova, Həmid Mustafayevə, Mahmud Mustafayevə, Əli ağa 

Şıxlinskiyə və Süleyman xan Sultanov-İlisuluya bayram müna-

sibətilə pul mükafatı verilsin”.

Həmin ilin mart ayında bacarıqlı zabit Bahadır bəy Vəkilov 

üçüncü  Gəncə  süvari  alayının  tərkibində  ölkənin  Şərq-Qərb 

cəbhəsinə ezam olunur. O, Ordubad rayonunda yerləşən hərbi 

dəstənin komandanı təyin olunur. Naxçıvan və Şərur qəzasının 

komandanı  rotmistr  Kəlbalı  xan  Naxçıvanski  1919-cu  il  mayın 

9-da Baş Qərargahın rəisinə göndərdiyi raportda praporşik Ba-

hadır bəy Vəkilovun İran quldur dəstələrinə və daşnak generalı 

Andronikə qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlığı haqqında 

məlumat verir.

O  yazır:  “Martın  17-də  Yaycı  kəndinə  hücum  edən  səksən 

nəfərlik İran quldur dəstəsi yerli əhalinin iki yüz yetmiş beş iri-

buynuzlu mal-qarasını oğurlamışdı. Praporşik Vəkilov mənim 

əmrimlə otuz nəfər süvari dəstə ilə onların dalınca gedib quldur-

ları Araz sahilində yaxalamışlar. Güclü döyüşlərdən sonra mal-

qara geri alınmış və on beş nəfər quldurun meyiti Araz sahilində 

qalmışdır.

Martın 26-da Parağa kəndinə hücum edən ermənilər iki yüz 

iribuynuzlu  mal-qaranı  aparmışlar  və  yeddi  müsəlman  kənd-

lisini  öldürmüşlər.  Səhərisi  erməni  kəndini  süvari  dəstəsilə 

mühasirəyə olan praporşik Vəkilov tələb etmişdir ki, mal-qara 

qaytarılsın və cinayətkarlar cəzalandırılmaq üçün bizə verilsin. 

Lakin  ermənilər  atəşlə  cavab  vermişlər.  Praporşik  Vəkilovun 

cəld və bacarıqlı komandanlığı sayəsində üç saatlıq döyüşdən 

sonra  ermənilər  mal-qaranı  və  cinayətkarları  qaytarmışlar. 

Döyüşdən  sonra  məlum  olur  ki,  praporşik  Vəkilovun  üç  nəfər 

əsgəri yaralanmışdır.

Aprelin 10-da ermənilərin “qəhrəmanı” Andronik ingilislərlə 

danışdıqdan  sonra  Gorusdan  Ordubadın  25  kilometrliyindəki 


Şəmistan Nəzirli

399


Karçevan kəndinə gəldi. Nizami erməni dəstəsi Ordubadın ayrı-

ayrı  kəndlərini  zəbt  etmək  üçün  Nüsnüs  kəndinə  hücum  etdi. 

Praporşik Vəkilovun bacarıqlı döyüş əməliyyatı sayəsində Nüs-

nüs kəndi ermənilərdən təmizləndi. Digər müsəlman kəndləri də 

erməni hücumundan xilas oldu.

Aprelin  15-də  ermənilərin  nizami  hərbi  dəstəsi  Ordubadın 

səkkiz  verstliyindəki  darvazaya  yenidən  hücum  etdi.  Erməni 

hərbi  dəstəsinin  güclü  qüvvə  ilə  hücum  etməsinə  baxmayaraq, 

beş saatlıq ara verməyən döyüşdə düşmənin əksər qüvvəsi öldü-

rüldü, qalanları isə qaçmağa məcbur oldu. Bu döyüşdə praporşik 

Vəkilov Bahadır bəyin yeddi əsgəri həlak oldu, on iki nəfər isə 

yaralandı.

Bütün göstərilənlərdən sonra xahiş edirəm ki, üçüncü Gəncə 

süvari alayının praporşiki Bahadır bəy döyüşlərə yüksək səviy-

yədə komandanlıq etdiyinə və qəhrəmanlığına görə ona podpo-

ruçik rütbəsi verilsin”.

Bundan sonra Respublika Mərkəzi Dövlət Arxivinin sənəd-

lərində mərd kapitan Bahadır bəy İbrahim ağa oğlu Vəkilovun 

heç  bir  sənədinə  rast  gəlmək  mümkün  olmadı.  Lakin  Milli 

Təhlükəsizlik Nazirliyinin arxivində Bahadır bəy Vəkilova məx-

sus 21392 saylı çox nazik bir qovluq var. 1920-ci il iyunun 25-də 

həbs olunan Bahadır bəyin istintaq işini müstəntiq Akopcanov 

və Levitski aparıb. Sorğu-sual qısa və yığcamdır. Həbs vərəqində 

“cinayət  xarakteri”  qrafasının  qarşısında  oxuyuruq:  “Müsavat 

ordusunun zabiti və rota komandiri olub. Güllələnsin!”

İstər-istəməz düşünürsən və təəccüb edirsən: öz xalqının mil-

li  ordusunda  qulluq  etmək  nə  vaxtdan  cinayət  sayılıb?  Bu  da 

XI Ordunun xüsusi şöbə rəisi, cəllad Semyon Pankratovun təsdiq 

etdiyi  dərkənar:  “Güllələnsin,  hökm  dərhal  yerinə  yetirilsin. 

3 iyul 1920-ci il”.

Bəli, torpağını yağılardan qoruyan iyirmi bir yaşlı mərd kapi-

tan Bahadır bəy Vəkilovun ömrü belə bitdi.

Bu məşhur soyadın oğlunu Bakıda heç kəs tanımadı. Qazax-

da ulu nəslin hərbçi, maarifçi oğulları haqqında səbirlə söhbət 


General Əli ağa Şıxlinski və silahdaşları

400


edən  Ədilə  xanım  Şıxlinskaya  “nikolaydanqalma”  bir  albomu 

stolun üstünə qoydu. Albomun ilk səhifəsində çərkəzi geyimli 

cavan bir zabit şəkli... İri, ala gözləri necə də tanış və doğmadır. 

Mənim şəklə diqqətlə baxdığımı görən Ədilə xanım:

– Dayımdı, – dedi, – müsavat zabiti olduğuna görə bolşeviklər 

iyirminci ildə güllələyiblər.

Onun səsinə hopan təsvirəgəlməz kövrəklik, həzin bir qəm 

dalğası  varlığımı  titrətdi.  Adam  belə  anlarda  qarşısındakına 

təsəlli verməkdən də məhrum olur. Daxili təlatüm, vicdanın səsi 

olub keçmiş ədalətsizliyi, vəhşiliyi ittiham edir. Dərindən köks 

ötürüb, “heyf” deməkdən başqa əlindən bir şey gəlmir. Çünki 

nahaq  qan  tökənləri,  heç  nədən  insan  güllələdənləri  ittiham 

etmək gecdir. O vəhşilikləri indi tarix mühakimə edir. Tarix öz 

səhifələrində onlara amansız cəza verir, gec də olsa əyrini – əyri, 

düzü – düz yazır.

Ağır qəm yükünün altından qurtarmaq xatirinə soruşdum:

– Dayınızın adı necədir, Ədilə xanım?

– Bahadır bəy Vəkilov, rütbəsi kapitan...

–  Ola  bilməz,  –  dedim.  Özümdən  asılı  olmayaraq  səsim 

bərkdən çıxdı. – Onda bu şəkillərə baxın, zəhmət olmasa...

Mən özümlə götürdüyüm bir qrup Milli Ordu əsgər və zabi-

tinin iki fotoşəklini ona göstərdim.

– Bu, tən ortada oturan Bahadır dayımdı, – dedi. İkinci şəklə 

baxır: – Bu da odu, dayımdı... Bu şəkillər bizdə yoxdu. Sizdə har-

dandı? – deyə kədərlə soruşdu.

– Arxivdən tapmışam, – dedim.

– Oy, nə yaxşı iş görmüsünüz, çox sağ olun... Heyf dayımdan, 

cavankən, cəmi iyirmi bir yaşında güllələnib, heç evlənməyibmiş. 

Sizin tapdığınız şəklin arxasında yazılıbmı neçənci ildə çəkilib?

– 1919-cu ildə çəkilib, – deyə cavab verdim. 

– Mənimlə yaşıddı dayımın şəkli, – dedi.

Ədilə xanım qəmli-qəmli köksünü ötürür. Ovcundakı xırda-

ca güllü dəsmalla nəmli gözlərini silir.


Şəmistan Nəzirli

401


–  Ədilə  xanım,  dayınız  Bahadır  bəyin  nişanlısı,  istəklisi 

olubmu?


Mən bilmirəm, rəhmətlik anam danışardı, deyəsən olub.

– Mən bilirəm, – dedim, – olub. Dayınıza məxsus həbs qovlu-

ğunda dörd əl boyda məktub var. Onların da üzünü çıxartdırmı-

şam.  Sonuncu  məktubu  sevgilisi  iyunun  24-də  yazıb.  Həmin 

gecə Bahadır bəyi Milyutin küçəsindəki dörd saylı evin üçüncü 

mərtəbəsində  həbs  ediblər.  Orqan  işçiləri  əşyayi-dəlil  kimi 

məktubları da işə tikiblər. İcazə verirsinizmi sonuncu məktubu 

oxuyum.


– Buyurun, əlbəttə...

“Bahadır, sən niyə narahatsan? Neçə dəfə soruşdum, araya 

söz qatdın. Mən heç vaxt səni belə qəmli görməmişdim. Axı, sən 

özün dünən mənə yalvardın ki, görüşək. Mən bütün gecəni yata 

bilməyib sənə məktub yazıram. İndi mən sənə yalvarıram. Sabah 

mütləq  görüşə  gəl.  Başa  düşə  bilmirəm,  son  günlər  niyə  sənin 

varlığın  qəm-kədərlə  doludur.  Xüsusilə  kədərli  gözlərin  məni 

yandırıb-yaxdı.

Dözəcəm,  bütün  gecəni  Allahıma  dua  edəcəm  ki,  səhər  tez 

açılsın, səni yenidən görüm, amma kədərsiz, qəmsiz. Həmişəki 

kimi təbəssümlü, gülərüz.

Dəryada çıraq yanır,

Baxdıqca iraq yanır.

Sevgi şirin şərbətdir

İçdikcə ürək yanır.

  

 

Sənin Səfurən”.

Təəssüf ki, açılan səhər onlara xoşbəxtlik nədi, heç görüş də 

qismət eləmədi. Kapitan Bahadır bəy Vəkilovun səhəri bolşevik 

zirzəmisində açıldı...



MƏMMƏD AĞA MUSTAFA OĞLU VƏKİLOV (1863-1939) 

Gürcüstan  Mərkəzi  Dövlət  Arxivinin  1920-ci  ilə  qədərki 

sənədlərində  adı  hörmət  və  ehtiramla  çəkilən  Məmməd  ağa 


General Əli ağa Şıxlinski və silahdaşları

402


Vəkilov  əsrin  əvvəllərində  –  1905-1906-cı  illərdə  Azərbaycan 

dilində qəzet açmaq üçün təşəbbüs göstərmişdi. O, “İqbal” adlı 

qəzeti  dostu  Cəlil  Məmmədquluzadə  ilə  birgə  nəşr  etmək 

istəyirdi.



... Qafqazda türklərin mətbuatı ölü, bəlkə də yox bir halda 

idi.  Onunçün  biz  tək  öz  dərdlərini  qələmlə  meydana  qoymağa 

həris olan yazıçılar – gah bizim millətdən, gah qonşu millətlərdən 

– hökumətdən qəzet icazəsi istəməyə başladılar. Biz türklərdən 

bu icazəni istəyən – Bakıdan Əhməd bəy Ağayev idi, Tiflisdən 

belə icazə istəyən Məmməd ağa Vəkilov, Rəşid bəy İsmayılov idi 

və  yenə  bir  Nuxa  əhli  idi  ki,  onun  adı  gərək  Mustafayev  ola: 

Batumidən Məmməd bəy Sancaqbəyzadə idi və Tiflisdən də mən 

idim (Cəlil Məmmədquluzadə. Xatiratım. Əsərləri, 3-cü cild, 1967, 

səh.666).

Uzun yazışmalardan sonra Məmməd ağa “İqbal” adlı qəzeti 

buraxmağa dövlətdən icazə ala bilmişdi. Lakin qəzeti buraxma-

mışdır. Həmin dövrdə Cəlil Məmmədquluzadənin “Molla Nəs-

rəddin” jurnalını nəşr etmək təşəbbüsünü alqışlamış və demişdi 

ki, mən rəsmi dövlət qulluğunda çalışdığıma görə “İqbal”da xal-

qımızın nəfinə cəsarətli yazılar verə bilməyəcəyəm. Belə qəzetin 

də  millətə,  xalqa  heç  bir  faydası  olmayacaq.  Yaxşısı  budur  ki, 

“Molla Nəsrəddin”i qoruyub saxlayaq.

Qafqaz  canişinliyinin  nəşr  etdiyi  kitab  və  məcmuələrdə 

göstərilir ki, Məmməd ağa Mustafa ağa oğlu Vəkilov Qori Semi-

nariyasını bitirdikdən sonra az müddət kənd müəllimi işləyib. 

Bilik və bacarığına görə saray müşaviri vəzifəsinə də dəvət olu-

nur. Məmməd ağa Baş Hərbi İdarədə türk dili tərcüməçisi, 1901-

1917-ci  illərdə  isə  Qafqaz  canişinliyinin  Dəftərxanasında  Şərq 

dillərinin  baş  mütərcimi  vəzifəsində  işləyir.  Məmməd  ağa 

Vəkilov 1904-cü ildə “Xalq qanmağa asan olan füqəra əhalilərə 

məxsus  vəba  azarı  haqqında  bir  inşadır”  kitabını  Azərbaycan 

dilinə tərcümə edir.

Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundovdan son-

ra Qafqaz canişinliyində yüksək vəzifədə çalışan üçüncü azər-


Şəmistan Nəzirli

403


baycanlı Məmməd ağa Vəkilov olmuşdur. Məmməd ağa Vəkilov 

həm  də  Tiflisdəki  Şərq  dilləri  üzrə  zabit  hazırlığı  məktəbində 

türk dilindən dərs deyir. 1914-cü ildə həmin məktəbin müəllimi, 

general-mayor M.D.Qutorla müştərək “Türk dilinin qısa qram-

matikası”nı tərtib edir.

1918-ci ilin mayında Azərbaycan Demokratik hökuməti yara-

nanda Məmməd ağa Bakıya köçür. 1920-ci ilin aprel çevrilişinə 

qədər  Respublika  Parlamentində  Dəftərxana  İdarəsinin  rəisi 

vəzifəsində işləyir.


General Əli ağa Şıxlinski və silahdaşları

404


AZƏRBAYCANIN İLK ADMİRALI

İnsanın ata-anası olmayanda ona yetim deyirlər. 

Daha böyük fəlakətdir ki, millət yetim qalsın. Yetim 

millət kimə deyirlər? Öz tarixini bilməyən millət ye-

timdir. Öz dahilərindən, böyük adamlarından xəbər-

siz yaşayanlar yetim hesab edilirlər.

Biz elə bir xalqıq ki, böyük dahilər, dünya miqya-

sında şöhrət tapan adamlar yetirmişik, amma başqa 

millətlər ona sahib olmaq istəyiblər.

Əkrəm CƏFƏR,

professor

Bələdçi qızın dedikləri

İlk dəfə onun adını 1976-cı ildə Sevastopol şəhər muzeyində 

eşitdim.  Bələdçi  qız  nəhəng  bir  kreyser  şəkli  önündə  dayanıb 

1853-1856-cı  illər  müharibəsinin  qəhrəmanları  haqqında  məlu-

mat verirdi:

– 1854-cü ilin mart ayında İngiltərə və Fransa Rusiyanın Bal-

kanlarda güclənməsindən bərk narahat olmuşdu. Onların məq-

sədi  Qara  dəniz  boğazlarını  ələ  keçirmək  və  Rusiyanın  ticarət 

yollarını bağlamaq idi. Ona görə də hər iki ölkə müharibəyə qo-

şulub,  Krıma  qoşun  çıxartdı.  Sevastopol  mühasirəyə  alındı.  O 

vaxtdan  da  Sevastopolun  qəhrəmancasına  müdafiəsi  başlandı. 

Admiral  İstomin,  Naximov, Aslanbəyovun  (axırıncı  famili As-

lambekov kimi tələffüz edilirdi) və rus əsgərlərinin qəhrəman-

casına  vuruşmasına  baxmayaraq,  ingilis  və  fransız  qoşunları 

şəhəri  aldılar.  Təhkimçi  Rusiyanın  gücsüzlüyü  və  çürüklüyü 

ölkəyə baha başa gəldi. Bax, bu gördüyünüz şəkildəki vitse-ad-

miral Aslanbəyov 1871-ci ildə üçüncü donanma ekipajının rəisi 

olanda Sevastopola dəmir yolu çəkilməsinə rəhbərlik etmişdi.



Şəmistan Nəzirli

405


Sənədlərdən soraq aldım

Bələdçi qız sözünə ara verib bildirdi ki, indi də o biri salona 

keçək. Tamaşaçıların bəzisi irəli durub admiralın portretinə ba-

xıb keçirdilər. Mən isə şəklin önündə xeyli dayandım… Onun 

üzündə, gözündə qafqazlıya, daha doğrusu, azərbaycanlıya ox-

şarlıq axtarırdım. Etiraf edim ki, sövq-təbii bir hiss onun bizim 

xalqın oğlu olmasına məndə şübhə yaratmırdı. Əzəmətli duru-

şu, qafqazlılara məxsus burma bığları bəy nəsilli olmağından ni-

şan verirdi. Çərçivənin aşağındakı qısa məlumatı oxudum: “Vit-

se-admiral A.B.Aslambekov. 1820-1900-cü illər”.

Bayaqkından daha geniş bir salona keçdiyimizdən hərə bir 

tərəfə çəkilib eksponatlara baxırdı. Bir nəfər sualları ilə bələdçi 

qızı bezikdirmişdi. Mən isə sual vermək üçün fürsət gözləyirdim. 

Bələdçi qız ondan canını qurtarmaq üçün deyirdi:

– Ay yoldaşlar, bir az yaxın gəlin, eksponatlara əl vurmayın, 

belə olmaz. Suallarınızı axırda verməyinizi xahiş edirəm…

Üçüncü,  axırıncı  salona  keçməyimizi  bildirəndə,  mən  dözə 

bilməyib ona yaxınlaşdım:

– Möhtərəm xanım, sizinlə bir məsələni aydınlaşdırmaq olar-

mı? – soruşdum.

Qu quşu kimi zərif olan bu incə məxluq heysiz halda:

– Buyurun, – dedi, – amma qısa olsun.

–  Vitse-admiral Aslanbəyovun  milliyyəti  məni  maraqlandı-

rır, başqa heç nə…

– Bilmirəm, – deyib təəccüblə üzümə baxdı. – Necə məgər, 

rus deyil? Siz hardansınız?

– Bakıdanam, – dedim. – Zənnimcə, rus deyil.

–  Deyilənə  görə,  bakılı  da  deyil.  Onun  erməni  olduğunu 

deyənlər  də  var.  Əgər  sizi  maraqlandırırsa,  bir  azdan  otağa 

gələrsiniz. Otaqda aydınlaşdırarıq. Gərək ki, onun sənədləri sax-

lanılır…

Həmin gün əsas fond bağlı oldu. Yelena ilə səhər görüşmək 

üçün vədələşdik. Əsas fondun bu gün bağlı olmağı onu da nara-

hat etmişdi. Ona görə də mənə belə bir məsləhət verdi:



General Əli ağa Şıxlinski və silahdaşları

406


– Vaxtınız varsa, bu gün “Sevastopol şəhər panoramı”na da 

baş çəkin. Admiral Aslanbəyov haqqında orada da məlumat ol-

malıdır.

…Panoram-muzeydə  məni  pis  qarşılamadılar.  Amma  gəli-

şimin  məqsədini  biləndə  dodaq  büzdülər.  Dedilər  ki,  admiral 

azərbaycanlı ola bilməz, o illərdə sizinkilərdən orduya, donan-

maya götürmürdülər.

– Niyə götürməyiblər, – dedim, – götürüblər. Bu müharibədə 

(1853-1856-cı illər) hər birində beş yüz döyüşçü olan azərbaycanlı 

süvari alayları və ayrıca Qarabağ süvari alayı vuruşurdu. Məhz 

rus hərb tarixçiləri yazırlar ki, Rusiyanın Qafqaz cəbhəsində əldə 

etdiyi  qələbələrdə  Azərbaycan  süvariləri  xüsusilə  fərqlənirdi. 

Onların bu qələbəsi Krım uğrunda gedən döyüşlərdə vəziyyəti 

bir  qədər  yüngülləşdirirdi.  Bu  müharibədə  üç  yüz  əllidən  çox 

azərbaycanlı  zabit  və  əsgər  təltif  olunmuşdu.  Vuruşanların  da 

əksəriyyəti bəy, xan və ağa nəslindən olan oğullar idi.

Onlar barədə “Kavkaz” qəzeti 1849, 1852, 1855 və 1858-ci il 

nömrələrində kifayət qədər məqalələr verib. Hətta Peterburqda 

nizami orduda qulluq edən bir qrup azərbaycanlı döyüşçünün 

və zabitin siyahısını da dərc edib. Zadəgan nəslindən olan süvari 

korneti Məmmədəli Eyvaz Əli oğlu, Əliskəndər ağa Süleyman 

ağa oğlu, kornet Fərzəli Fətəli ağa oğlu, Abdulla Əsgər ağa oğlu, 

Murtuzəli  Məhəmmədəmin  oğlu,  Əhməd  Ağa  oğlu,  Miryusif 

bəy, Mir Məşədi bəy oğlu, Nəsrulla bəy Hüseyn bəy oğlu, Adəm 

Məhəmməd Hacı Məhəmməd oğlu, Əli Hacı Abbas oğlu, Hacı 

Əlhəngü oğlu, Hacı Məhəmməd oğlu və praporşik İsgəndər oğ-

lunun döyüş yolu barədə qısa da olsa məlumat verilir.

Qəzetin 1855-ci il (№48) və 1858-ci il (№83) saylarında gös-

tərilir ki, azərbaycanlı poruçik Əli Şaban oğlu Varşavadan Peter-

burqa ezam olunub. Polkovnik Ziya xan Mirzə Nəbi xan oğlu 

Sankt-Peterburqda yaşayır. Kornet İdris bəy Ağalarov Varşava-

da  Əlahiddə  Müsəlman  alayında  xidmət  edir.  Bundan  başqa, 

“Kavkaz” qəzeti general İsmayıl bəy Qutqaşınlı, general-leyte-

nant Cəfərqulu ağa Bakıxanov və onun hərbçi qardaşları barədə 

yazılar da verib.


Şəmistan Nəzirli

407


* * *

Təəssüf  ki,  burada  admiral  Aslanbəyov  haqqında  heç  bir 

sənəd tapılmadı. Amma muzey işçilərinin göstərdiyi ədəbiyyat-

dan öyrənə bildim ki, 1855-ci ildə Sevastopolda güclü döyüşlər 

zamanı admiral Naximov ağır yaralanıb.

Mərkəzi kitabxanaya gedib, admiral Naximovla bağlı kitab-

ların hamısını sifariş verdim. Yazıçı Yuri Davıdovun “Naximov” 

sənədli  povestində  admiral  haqqında  belə  bir  epizoda  rast 

gəldim:  “Konsilium  müəyyən  etdi  ki,  Naximovun  vəziyyəti 

ümidsizdir. Həkimlər onun bundan sonra yaşamasına inanmır-

lar. Ölüm yatağında Naximovun əzabı qırx saat çəkdi. Qırx saat 

tamam  olanda  canvermə  başladı.  Həmin  anlar  şahid  kapitan-

leytenant  Aslanbəyovun  gündəliyində  dəqiq  yazılıb:  “İyunun 

30-da  saat  on  birə  yaxın  onun  nəfəs  alması  daha  da  gücləndi. 

Otaqda sakitlik hökm sürürdü, həkimlər mübahisəni kəsdilər və 

otaqdakılar çarpayıya yaxınlaşdılar. Sokolov ucadan və çox ay-

dın şəkildə dedi: “Budur, ölüm yaxınlaşır…”

Müəyyən an ötdükdən sonra Voyevodskinin sualına Sokolov 

bərkdən “keçindi” cavabını verdi. Hamı saata baxdı, saat on bir 

on dəqiqə idi”.

Sonra yazıçı Yuri Davıdov izah edir ki, admiral Naximovun 

ən  yaxın  adamı  kimi  kapitan-leytenant Aslanbəyovun  qeydlə-

rində heç bir fantaziya yoxdur. Məhz ona görə də admiral Naxi-

movdan  yazan  bütün  rus  tədqiqatçıları  –  akademik  Y.V.Tarle, 

məşhur hərbi cərrah və həkim müharibənin iştirakçısı N.Piroqov 

və başqaları Aslanbəyovun qeydlərinə əsaslanırlar.

Sonralar  “Naximovun  bioqrafiyası”  adlı  əsərin  müəllifi As-

lan bəyov  yazır  ki,  admiral  Kornilovun  həlak  olmasını  eşidən 

Naxi mov ona son borcunu verməyə getdi. Mən içəri girəndə Na-

ximov ağlaya-ağlaya artıq ölmüş dostu Kornilovu öpürdü.

Sabahkı günü həyəcanla gözləməyə başladım.

Uzun bir dəhlizdən keçib, həyətə çıxdıq. Dolama pilləkənlərlə 

aşağı düşüb, qapısına “İnqilabaqədərki mühafizə otağı” sözləri 

yazılmış qapını açdıq. Yelena hər şeyi ağsaçlı qadına təfsilatı ilə 



General Əli ağa Şıxlinski və silahdaşları

408


danışdı.  Onun  üzünə  donuq  bir  ifadə  çökdü.  Əlindəki  qələmi 

oynada-oynada təəccüb və kinayə ilə məni ötəri süzdü. Doda-

qaltı nəsə mızıldanıb yerində qurcalandı. Qadının əhvalının po-

zulduğunu duyan Yelena öz işi üçün xahiş edən adamlar sayağı: 

“Rica edirəm, həm öz adımdan, həm də uzaq yol gəlmiş bu yol-

daşın xətrinə etiraz etməyəsiniz. Görünür çox lazımdır…”

Yerindən durmaq istəməyən müdir ağır-ağır başını qaldırıb 

rişxəndlə: 

– Bunun üçün Bakıdan buraya gəlmisiniz? – xeyli duruxub: 

– Axı, Aslambəyov erməni admiralıdır. Sizin axtarışınız, məncə, 

mənasızdır. 

– Ola bilməz, – dedim, – əvvəla ona görə ki, admiralın famili-

yası  Aslambəyov  deyil,  Aslanbəyov  ola  bilər.  İkincisi  də  əgər 

erməni olsaydı, Aslanyan olardı. 

– Siz bunları hansı mənbədən və nəyə əsaslanıb deyirsiniz? 

– O illərdə heç bir erməni familiyasında “bəy” sözü ola bil-

məzdi. “Bəy”, “xan” və “ağa” titulları ancaq müsəlman xalqları-

na məxsusdur. Ermənilərin isə bircə titulu olub, “məlik”, o da 

sonradan.

Fondun müdiri nə Yelenaya, nə də mənə bir söz demədən durub 

sol tərəfə buruldu, sonu görünməyən rəflər arasında yoxa çıxdı. Ye-

lena əyilib arxasınca baxdı. Əlini dodaqlarının üstünə qoyub astadan 

yeniyetmə qızlara məxsus şıltaqlıqla:

–  Dənizçilər  demişkən,  sükanı  belə  də  tutun,  hələlik  biz  onu 

məğlub  eləmişik.  Bircə, Allah  eləsin,  familiya  məsələsi  siz  deyən 

kimi olsun.

Təxminən on-on beş dəqiqədən sonra əlində qədimi, boz bir qov-

luq  geri  qayıdan  mühafizəçi  yerində  oturub,  bizi  heç  görmürmüş 

kimi  qovluğu  özü  vərəqləməyə  başladı.  Dərin,  sükutlu  bu  yarım-

zirzəmi otaqda arabir açılan vərəqin səsi mənim intizarımı daha da 

artırırdı.

Handan-hana:

– Baxaq görək, – dedi, – Sizin sözlərinizdə həqiqət varmı? Şəxsən 

mən şübhə edirəm ki, belə bir görkəmli admiral müsəlman ola…



Şəmistan Nəzirli

409


Mən daha dözə bilməzdim. Düzü, qorxurdum, özü baxıb, sonra 

da götürüb geri aparsın və desin ki, sizin dediklərinizdən əsər-əlamət 

yoxdur. Ayağa durdum. Əlimi cibimə salıb, pasportumu və vəsiqəmi 

çıxardıb stolun üstünə qoydum.

– Buyurun, – dedim, – mən bu iki sənədimi Sizə etibar edirəm. 

Siz də əvəzində qovluğu verin, özüm baxım.

Hiss  elədim  ki,  mənim  bu  səbirsizliyim  Yelenanın  da  xoşuna 

gəlmədi. O, astadan, narahatlıqla:

– Axı, belə olmaz… – dedi.

Müdir də dözə bilməyib bir az əsəbi:

– Nə deyirəm, buyurun, – deyib, qovluğu mənə verdi.

Admiralın  şəxsi  işinə  baxır  və  gözlərimə  inanmıram.  İlahi,  bu 

qədər saxtakarlıq etmək olarmı? Nəfəsim təngiyir, həyəcandan şəxsi 

iş əlimdə əsir. Dözə bilməyib sevincimi onlara da bildirmək istəyirəm.

– İcazə verin, Sizin üçün admiralın ad-familiyasını oxuyum.

Müdir dinmir, amma Yelena, mənim qələbəmi, sevincimi duyan 

Yelena:

– Buyurun, oxuyun, – deyə şən səslə cavab verir.



Oxuyuram:

– Aslanbəyov İbrahim bəy Allahverdi bəy oğlu. Əsli belədir. La-



kin qara tuşla bu ad-familiyanın üstündən xətt çəkilib, düzəliş edi-

lib: Aslambeqov Avramiy Boqdanoviç, 1822-ci ildə Bakıda anadan 

olub. Əsl-nəcabəti isə ağalıqdır (zadəgan). Dini müsəlmandır. So-

nuncu iki sözün üstündən də xətt çəkilib, əvəzində “pravoslavnıy” 

yazılıb.  Əgər  mümkünsə,  icazənizlə  admiralın  şəxsi  işindən 

qeydlərimi götürüm…

Yelena sevinclə:

– Əlbəttə, olar, buyurun, əyləşib qeydlərinizi edin, mənə isə icazə 

verin mürəxxəs olum.

Mənim səmimi təşəkkürümü məmnuniyyətlə qəbul edən Yelena 

gedən kimi, müdir sərt səslə bildirir:

– Yoldaş, qeydlər götürmək olar, amma nadir fondda saxlanan 

şəxsi işin fotosurətini çıxartmağa icazə verilmir.

Çox sağ olun, – dedim, – mənə bu qeydlər də bəs eləyər.


General Əli ağa Şıxlinski və silahdaşları

410


Belə bir qadağanın olmamasını mən çoxdan bilirdim. Lakin bu 

dar macalda mübahisəyə girişməyi artıq hesab etdim. Bir də ki, bu, 

mənə heç lazım deyildi. Başlıcası o idi ki, mən həmyerlim haqqında, 

ilk azərbaycanlı vitse-admiral barədə nadir tapıntı ilə üzləşmişdim. 

Bu sevinc mənə bəs idi.


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin