Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə25/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   21   22   23   24   25   26   27   28   ...   147
BALADADAŞIN TOY HAMAMI* 

 

 Polad Məcnunbəyovun xatirəsinə 

 

Həmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və 



xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə 

həmişə beləcə  əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı  və 

adama elə  gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-

hesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin 

saralmış budaqlarını qumun üstündən qaldırmışdı  və bu meynə budaqları bu dəm 

ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı, 

külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz 

buludları  cənuba axıdırdı  və  ən qəribəsi bu idi ki, bu bozluq içində  həmin payız 

günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə, 

sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı. 

Amma axşama yaxın xəzri yavaşımağa başladı  və çayçı  Qəzənfərin də kefi 

yavaş-yavaş durulmağa başladı, çünki külək sakitləşdikcə, müştərilər get-gedə 

artırdı və müştərilər bu gəlişlə gəlsəydilər, bir azdan çayçı Qəzənfərin çayxanasında 

yenə oturmaq üçün bir boş kətil qalmayacaqdı və o zaman ki, bu balaca çayxanada 

oturmaq üçün bir dənə  də boş  kətil qalmayacaqdı, onda çayçı  Qəzənfər çayniki 

çaynik üstündən dəmləyəcəkdi, hər  əlində bir-birinin üstünə düzülmüş on armudu 

stəkanı birdən gəzdirəcəkdi və onda çayçı  Qəzənfərin kefinə  qəti söz ola 

bilməyəcəkdi; onda hamı baxıb görəcəkdi ki, çayçı Qəzənfər necə çayçıdı və nahaq 

yerə kişinin hər əlində on armudu stəkan çay aparan yerdə şəklini çəkib qəzetdə çap 

eləməyiblər və onda sarı mis samovarın altındakı köhnə yazı mizinin yeşiyində 

yığılan manatlıqların da sayı bir-bir artacaqdı, manatlar gedib, üçlüklər gələcəkdi, 

üçlüklər gedib, beşliklər gələcəkdi və hər dəfə də çayçı Qəzənfər üçlük alıb, manat 

qaytaranda sidq-ürəkdən öz-özünə deyəcəkdi ki, Allah bərəkət versin. 

Bu köhnə yazı mizini kənd Sovetinin katibi Suğra idarənin haqq-hesabından 

silmişdi və çayçı  Qəzənfər də bu haqq-hesabdan silinmiş yazı mizini götürüb özü 

təmir eləmişdi və gətirib qoymuşdu çayxanasında samovarın altına. Çayçı Qəzənfər 

həftədə bir dəfə bu yazı mizinin üst gözündəki yeşiyin içinə təzə qəzet salırdı və hər 

dəfə  də çay ləkəsinə, limon şirəsinə bulaşmış köhnə  qəzeti çıxaranda həftə boyu 

sürüşüb qəzetin altında qalmış üç şahılıq, bir abbasılıq tapmaq kişiyə xüsusi ləzzət 

verirdi və qabaqlar kənd Sovetinin katibi Suğraya xidmət etmiş bu yazı mizinin 

bərəkətli olduğunu bir daha təsdiq edirdi. 

Çayxana yavaş-yavaş adamla dolurdu və külək yavaş-yavaş tamam dayanırdı, 

amma hələ  də uzaqdan təzə düşmüş qaranlıq içində  dənizdə dalğaların köpüyü 

ağappaq ağarırdı. 

 – Dayday, qurban olum sənə, mənimçün bir dənə də çay! – Bunu çayxananın 

bir küncündə oturmuş Əmirqulu dedi. 

Çayçı  Qəzənfər  Əmirquluya baxdı  və ürəyində fikirləşdi ki, vallah, yazıq 

Xeyransa kimi abırlı-həyalı bir arvada ki, bu başı batmışa ərim deyir, sonra da yanıb 

yaxıla-yaxıla dedi: 

 – Alə, bəs sən demürdün ki, Buzovnaya qonaqlığa çağırıblar səni? 

Gecə-gündüz çayçı  Qəzənfərin mis samovarının üstündəki çayniklər kimi 

dəmdə olan Əmirqulu dedi: 




 

155


 –  Hə, bilə-bilə gecikirəm də, dayday!.. Gecikəndə qonaqlığa, adamı  ştraf 

eləyirlər, bir stəkan arağı doldurub verirlər içirsən ştrafnoy, kef eləyirsən! Hə, necədi 

Əmirqulu, dayday? 

«Kül olsun Əmirqulunun başına!» – Çayçı Qəzənfər bu sözləri ürəyində dedi və 

Əmirqulunun yenə gopa basdığını, heç bir yerə qonaq çağrılmadığını, uzaqbaşı 

gedib çaxır dükanında nisyə bir stəkan şirin çaxır içəcəyini yaxşı bilsə də, çay süzüb 

aparıb qoydu Əmirqulunun qabağına; Əmirqulu hər nə idi, hər halda, müştəri idi və 

çayçı Qəzənfərin də borcu bu idi ki, müştəriyə xidmət eləsin. 

Ələkbərlə Gümüş Malik içəri girdi və Baladadaşın toy hamamı macərası da 

əslində elə buradan başlandı. 

Gümüş Malik dedi: 

 – Alə, Qəzənfər, bir dənə filli çay dəmlə. 

Filli çay, yəni ki, qutusunun üstündə fil şəkli olan çay, yəni ki, hind çayı. 

 – Oldu, qədeş! – Çayçı Qəzənfər cəld yazı mizinə tərəf getdi və yazı mizinin 

yeşiklərindən birini çəkib xüsusi müştərilər üçün hind çayı saxladığı bankanı 

götürdü.  

Gümüş Maliklə  Ələkbər, görünür, möhkəm kabablayıb gəlmişdilər və yaxşıca 

da araq içmişdilər, çünki onlar içəri girən kimi çayxananın kömür iyinə, çay iyinə, 

limon iyinə üç gün bundan qabaq tünd qəhvəyi rənglə rənglənmiş qapının rəng iyinə 

bir spirt iyi də qatışdı. Düzdü, Əmirquludan da spirt iyi gəlirdi, amma Ələkbərlə 

Gümüş Malikdən gələn spirt iyi başqa idi, bu spirt iyində yağlı kabab iyi də var idi 

və hərçənd çayçı Qəzənfərin içib çayxanaya gələnlərlə arası yox idi, amma bu dəfə 

çayçı Qəzənfər bu hörmətli müştərilərin qarasına dodaqaltı mızıldamadı, hər halda, 

sifətindən bu hiss olunmadı  və quru çayını çox tökdüyü üçün tez dəm almış bir 

çaynik hind çayı ilə bir dənə doğranmış limonu və iki dənə armudu stəkanı gətirib 

qoydu Ələkbərlə Gümüş Malikin qabağına və soruşdu: 

 – Kefüvüz necədi? 

Gümüş Malik özü öz qarnına düşmən gözü çıxaran qarın deyirdi, yəni ki, 

paxıllar, gözü götürməyənlər yanıb-yaxılsın ki, mənim bu boyda qarnım var və indi 

də Gümüş Malik yekə qarnını qabağa verib, qırmızı neylon köynəyinin də yaxasını 

açıb buğlana-buğlana dodaqaltı meyxana zümzümə eləyirdi: 

 

Gecə getdik Lökbatana, 



Sataşdıq saqqızsatana, 

Ay qız, saqqız neçəyə? 

Dedi qalsın gecəyə... 

 

Və çayçı  Qəzənfərin sualını  eşidəndə mizin üstündəki isti çayniki yekə  əlinin 



içinə aldı və bu çayniki düz çayçı Qəzənfərin burnunun qabağında tutub: 

 – Bax, Qəzənfər, bu filli çayı ki, sən dəmləmisən e, bizimçün, necədi bu filli 

çay? 

Çayçı Qəzənfər, istər-istəməz, burnunun qabağındakı bu çaynikə baxdı və dedi: 



 – Lap əntiqədi! 

Gümüş Malik: 

 – Aton rəhmətlik! – dedi. – Bax, biz də beləyik. Lap əntiqəyik! Belə lap kefün 

istəyənik! 

Çayçı Qəzənfər! 



 

156


 – Allah başacan eləsin, – dedi və öz yazı mizinə  tərəf getdi; düzdü, çayçı 

Qəzənfər pullu müştərilərin xətrini sövq-təbii istəyirdi, amma içmiş adamla söhbət 

eləməyi heç xoşlamazdı  və xüsusən də ki, Gümüş Malik kimi içmiş bir adamla, 

çünki Gümüş Malik içəndə, kefi kök olanda, zalım balasının elə bil bütün 

xasiyyətində  nə zay şeylər vardı, çıxırdı ortaya, açılırdı sandıq, tökülürdü pambıq; 

içməyəndə yenə  dərd yarı idi, böyük-kiçik bilirdi, xətir-hörmət başa düşürdü, 

hərçənd burası da bütün kənd camaatına məlum idi ki, Gümüş Malik dovşana qaç 

deyib, tazıya tut deyənlərdəndi. 

 Gümüş Malik bilə-bilə, qəsdən beləcə bərkdən dedi ki, əntiqədi, çünki Abşeron 

olanda nə olar, adamın öz kəndi olanda nə olar, onu gözü götürməyən çoxdu, qoy 

görsünlər ki, lap əvvəlkindən də yaxşıdı Gümüş Malik, lap əntiqədi. 

Gümüş Malikin çayçı Qəzənfərin bu çayxanasından bir az aşağıda, dənizin lap 

kənarında «Mixək» adlı bir kababxanası vardı  və  əslində, yəni hökumətin kağız-

kuğuzundan ora da, guya ki, çayxana idi, amma Gümüş Malik eləmişdi oranı bütün 

Abşeronun məşhur kababxanası, amma gözü götürməyənlər oldu, yazdılar Bakıya 

ki, «Mixək» hökumətin çayxanası deyil, Gümüş Malikin şəxsi kababxanasıdı, o 

qədər yazdılar ki, axırda day mümkün olmadı, günlərin bir gözəl günü xəbər yayıldı 

kəndə ki, Gümüş Malikin kababxanasını bağladılar; doğrudan da bağladılar 

«Mixək»i, buldozer gəlib yerlə-yeksan elədi «Mixək»i, amma sonra kəndə belə bir 

xəbər də gəlib çatdı ki, Gümüş Malik Bakının özündə qəbiristanlığın yanında təzə 

bir kababxana açıb və adını da qoyub «Əlvida». Işi belə görəndən sonra, day heç 

kim heç nə yazmadı Gümüş Malikdən ki, bu dəfə  də yazarıq, «Əlvida»nı 

bağlatdırarıq, Gümüş Malik də gedib olar «Inturist»in müdiri və yazıb Gümüş 

Malikin işlərini daha da düzəltməkdənsə, yazmamaq yaxşıdı – Gümüş Malik özü 

dost-aşna arasında zarafatla belə deyirdi, çünki əslinə baxsan, Gümüş Malik kənddə 

bir nəfərdən şübhələnirdi ki, yazır, o da kitabxanaçı Nəcəf idi, vəssalam, bir də ki, 

yazsaydı, Buzovnadakı «Meyvə-tərəvəz» dükanının müdiri, Nerses Vartanoviç 

yazardı, amma, hər halda, qoy kəndin camaatı gözüylə görsün ki, Gümüş Malik lap 

əntiqədi, Ələkbər də əntiqədi, lap əvvəlkindən də əntiqədilər. 

Gümüş Malik armudu stəkanda xoruzpipiyi hind çayından içə-içə dodaqaltı 

Lökbatan sərgüzəşti haqqında meyxana deyirdi və  Ələkbər də gülümsəyib başını 

bulayırdı, yəni ki, yaman şeysən sən, Malik, aləmsən, aləm. Sonra Ələkbər nazik, 

incə barmaqları ilə armudu stəkanı götürüb səliqə-sahmanla və Gümüş Malikə 

nisbətən xeyli ədəb-ərkanla çay içməyə başladı. Gümüş Malik nə qədər ətli-canlı, iri 

sümüklü, kələ-kötürüydüsə,  Ələkbər bir o qədər naziksümük, qolu, sinəsi, elə başı 

da tüksüz bir adam idi, təkcə qarnı pırtdayıb qabağa çıxmışdı ki, bu da yəqin Gümüş 

Malikin sayəsində idi, yəni bir yerdə yeməklərinin, içməklərinin nəticəsi idi. 

Bir dəfə yeddi bacanaq yola çıxdı, yeddi gün gecə-gündüz bir yerdə yol getdi, 

axırda gəlib mənzil başına çatanda yeddisi də heyifsiləndi ki, yolda, heç olmasa, bir 

adama da rast gəlmədik ki, bir-iki kəlmə söhbət eləyək. Gümüş Maliklə Ələkbər də 

iyirmi ilin bacanağı idi, amma bu yeddi bacanağa oxşamırdılar, həmişə bir yerdə 

yeyib-içirdilər və bu iyirmi il ərzində bir yerdə Tiflisə, Kislovodska, Odessaya çox 

kefə getmişdilər; arvadlarını da bir yerdə aldadırdılar, hər halda, dəllal Zübeydədən 

tutmuş bağban  Əsədullayacan kəndin camaatı belə danışırdı  və babalı da 

danışanların boynuna. 



 

157


Amma bütün bunlarla bərabər, Gümüş Maliklə  Ələkbər tamam başqa-başqa 

adamlar idi. Gümüş Malik nə  qədər tez özündən çıxanıydısa,  Ələkbər bir o qədər 

tədbirli idi, Gümüş Malik ağına-bozuna baxmayıb fikirləşdiyini üzə deyən idi, 

Ələkbər ömründə adamın üzünə bir söz deməzdi və ilaxır. Nə isə, iki bacanaq həmin 

payız günü çayçı Qəzənfərin çayxanasında oturub hind çayı içirdi. 

Çayxana yavaş-yavaş adamla dolurdu. 

Əmirqulu kənardan Gümüş Malikə baxırdı və fikirləşirdi ki, arıq adama heç kim 

hörmət eləmir, amma kök adamın hörməti çox olur, necə ki, Gümüş Malikin hörməti 

çox idi və necə ki, Əmirqulunun özünün qətiyyən hörməti yox idi, amma əsl məsələ 

burasında idi ki, heç bir fərqi yox idi, istəyirsən Gümüş Malik kimi, evdə ancaq 

gümüş qab-qacaq, gümüş çəngəl-bıçaq işlət ki, mədə-bağırsağa xeyirdi və camaat də 

sənə Gümüş Malik desin, istəyirsən də  Əmirqulu kimi, cibində bir qara köpüyün 

olmasın, əlinə keçəni də apar ver şirin çaxıra, hamısı birdir, bu dünya elə dünyadı ki, 

nə Gümüş Malikə qalacaq, nə də Əmirquluya. 

Əmirqulunun günorta içdiyi iki stəkan  şirin çaxırın dəmi yavaş-yavaş keçib 

gedirdi və ona görə də Əmirqulu həyat haqqında bu cür bədbin fikirlərə dalmışdı. 

Bu vaxt Baladadaş çayxanaya girdi. 

Əlbəttə, Baladadaşın xəbəri yox idi ki, Əmirqulu bu saat dünyanın işləri barədə 

fikirləşir və əli ilə şalvarının dalını çırpa-çırpa, çayxanadakı camaatla da salamlaşa-

salamlaşa gəlib Əmirqulu ilə üzbəüz oturdu və ən qəribəsi də bu idi ki, Baladadaş 

özü də dünyanın işləri barədə, dünyanın adamları barədə fikirləşirdi. 

Bir az bundan qabaq Baladadaş Bakıdan kəndin yuxarı  tərəfində tikilən 

sanatoriya üçün daş gətirirdi və maşını Binədə aerodromun yanından sürəndə enən 

və qalxan təyyarələri görüb, Abşeron yollarında belədən-beləyə gedən maşınları 

görüb fikirləşdi ki, bu dünyada gör nə  qədər adam istədiyi yerdə deyil, yəni bu 

adamlar orda ki olmalıdı, orda deyil, bu adamlar tələsir, ora gedir, bura gedir. Aydın 

məsələdi ki, Baladadaş enən və qalxan təyyarələri çox görmüşdü, bütün ömrü 

maşınların arasında keçmişdi (atası  Ağababa da sürücü idi), amma bu dəfə elə bil 

təzə gözlərlə baxdı bu təyyarələrə, bu maşınlara və özü də bilmədi ki, niyə belə 

baxdı. 


Baladadaş baş barmağı ilə «aerodrom» papağını arxadan yuxarı qaldırdı  və 

başını qaşıdı. 

Bir il bundan əvvəl Baladadaş da beləcə  tələsirdi, bura tələsirdi, bax, bu 

Abşeronun sahilinə  tələsirdi, bax, bu kəndlərinə  tələsirdi, gözünü yumub özünü 

Abşeron yollarında maşın sürən görürdü, Xəzər suyunun şor təmini ağzında hiss 

eləyirdi. Onda Baladadaş Amur vilayətində əsgərlikdə idi və bu iki il əsgərliyin, üç 

ay da sürücülük kursunda oxumağın elə bir günü olmadı ki, Baladadaş yuxuda burda 

dənizdə çimməsin, fikrində qumluğun üstündə ayaqyalın gəzməsin və Amur 

vilayətinin qışın oğlan çağındakı soyuğunda Abşeron günəşindən od kimi qızmış 

qum yalın ayaqlarını yandırmasın; Amur vilayətinin o soyuğunda, hər tərəfi 

bürümüş  ağappaq qarında Baladadaş fikrən Abşeron gününün cırhacırında üzüm 

yeyirdi, əncir dərirdi, barmaqları ilə əzib boşalda-boşalda narın suyunu sümürürdü; 

bir gün olmadı ki, Baladadaş altı bacısının altısını da – Nailəni də, Firuzəni də, 

Kəmaləni də, Amaləni də, Dilşadı da, Böyükxanımı da bir-bir gözlərinin qabağından 

keçirməsin, indi özləri əsgərlikdə olan kiçik qardaşları Ağagülü və Nuhbalanı, atası 

Ağababanı və Ağabacını, əslinə qalsa, bütün kəndi, lap elə bu Əmirqulunun özünü 

fikirləşməsin. 



 

158


Əmirqulu indi Baladadaşla üzbəüz oturub çay içirdi, amma heç ağlına gətirmirdi 

ki, bax, bu Baladadaş Amur vilayətində  əsgərlikdə olanda onu gətirib gözlərinin 

qabağına və onunla beləcə üzbəüz oturub çay içməyin həsrətində olub. 

Indi bir il idi ki, Baladadaş  əsgərliyi çəkib qayıtmışdı  kəndə  və bir il idi ki, 

Baladadaş Abşeron yollarında 3 nömrəli tikinti idarəsinin təptəzə bir yük maşınını 

sürürdü, amma dünyanın işləri, doğrudan da, sirri-xuda idi; indi də hərdən Baladadaş 

özünü Amur vilayətində görürdü, o tərəflərin göz işlədikcə uzanan genişliyi, 

böyüklüyü bəzən elə bil ki, Baladadaşı Abşeronun üçbucaq sahilinə sığışdırmırdı. 

Baladadaş çaydan bir qurtum alıb, armudu stəkanı  nəlbəkiyə qoydu və baş 

barmağı ilə «aerodrom» papağını arxadan yuxarı qaldırıb başını qaşıdı. 

 – Alə, ay uşaq, yaxın gəl görüm! – Bunu Baladadaşa baxa-baxa Gümüş Malik 

dedi. 


Baladadaş əvvəlcə, elə bil, qulağına inanmadı, sonra Baladadaşın sifəti qaraldı 

və bunu çayçı  Qəzənfər də o saat hiss elədi və fikirləşdi ki, lənət  şeytana, axşam 

vaxtı, müştərinin bu gəlhagəlində burda dava-mərəkə qopmasa yaxşıdı, milisioner 

Səfər də axşamlar gəlib həmişə burda çay içərdi, indi tərs kimi o da yoxdu. 

Baladadaş kəndin sayılan cavanlarından idi və çayçı Qəzənfər də yaxşı bilirdi ki, 

Baladadaşı camaatın içində bu cür çağırmaq olmaz. Baladadaşa bu cür yuxarıdan-

aşağı baxmaq olmaz. 

 – Noldu, alə? Sənnən döyüləm? – Gümüş Malik dedi. 

 – Nədi? – Baladadaş güclə soruşdu. 

 – Maşunun cağdı? – Gümüş Malik soruşdu. 

 – Sözüvü de. 

 – Yeri get maşunuvu çıxart, sür bizə, bir az balıq-zad var orda, qoy maşına, apar 

ver Bakıda bizim uşaqlara. – Gümüş Malikin qızı inişil konservatoriyanı bitirmişdi, 

fortepiano çalırdı və indi Bakıda ərdə idi, əri bəstəkar idi və Gümüş Malikin gözü 

həmişə onların üstündə idi və ələlxüsus da bir az içki içəndən sonra o saat uşaqlar 

Gümüş Malikin yadına düşürdü: gah gedib kürəkəninin, qızının professorlarını, 

müsabiqələr təşkil eləyən cürbəcür adamları, münsiflər heyətinin üzvlərini tapıb 

bütün dost-tanışları ilə birlikdə kababxanaya aparırdı, gah bir-bir bu adamların 

evlərinə baş çəkirdi, əlindən gələn hörməti onlardan əsirgəmirdi, gah, nə bilim, nə 

eləyirdi. Sonra Gümüş Malik ağır-ağır bir yanını qaldırıb əlini şalvarının cibinə saldı 

və bir iyirmibeşlik çıxarıb: – Bax, bu iyirmibeşliyi də yapışdıracayam sənün alnuva! 

– dedi. 


Çayçı Qəzənfər başa düşdü ki, işlər tamam xarab oldu. 

Çayxananın camaatı heç cınqırını da çıxarmırdı. 

Əmirqulu işləri belə görüb fikirləşdi ki, bir qara köpüyə dəyən dünya deyil bu 

dünya, niyə səhərdən burda oturub? Buzovnada Nersesin dükanına bir çaxır gəlib ki, 

lap seyidi çağır, gəlsin içsin; durub çayxanadan əkildi. 

Baladadaş ayağa qalxdı, əli ilə şalvarının dalını çırpdı və gəlib Gümüş Maliklə 

Ələkbərin qabağında dayandı və: 

 – O iyirmibeşliyi apar yapışdır oğraş kürəkənüvün alnına, qızıvun da başını vur 

onun başına! – dedi. 

Baladadaşın dediyi bu sözlər çox ağır sözlər idi. 




 

159


Gümüş Malikin axırıncı qurtumu boğazında qaldı, sonra Gümüş Malik, elə bil, 

ayıldı və elə bil, kimlə danışdığını, necə danışdığını və harda danışdığını indi başa 

düşdü, başa düşdü ki, indi elə bir məqamdı ki, Baladadaşın sözünün üstündən söz 

demək olmaz, «aerodrom» papağın altından baxan bu gözlərdən bu saat cin yağırdı, 

bu şümal oğlanın bütün bədəni bu saat elə bil yay idi, dartılmışdı və himə bəndiydi; 

Gümüş Malik ətli gözlərini Baladadaşdan çəkib bir-bir çayxanada oturmuş camaata 

baxdı və təkcə bunu dedi: 

 – Nolar, qədeş, sənin də mənə işün düşər!.. 

Baladadaş: 

 – Mənim sənün kimisinə işim düşməz! – dedi. 

Səhərdən bəri səssiz-səmirsiz oturmuş  Ələkbər həyəcandan titrəyən nazik 

barmaqları ilə tutduğu stəkanı  nəlbəkiyə qoydu, Baladadaşı  təpədən-dırnağacan 

süzdü və: 

 – Düşməz deyirsən? – soruşdu. – Yəni heç düşməz? 

 – Heç düşməz. 

 – Nolar... – Birdən-birə  Ələkbərin nazik sifətinə bir rişxənd gəlib qondu. – 

Nolar... Ona işün düşməz, amma mənə işün düşər!.. 

 – Sənə də düşməz. 

 – Baxarıq! 

 – Baxarıq! 

Baladadaş bu «baxarığ»ı elə dedi ki, Ələkbər kimi tədbirli və təmkinli bir adam 

da ürkdü, qorxdu ki, Baladadaş bu saat onun üstünə yeriyəcək, amma Ələkbərin 

kiçik qardaşı  Ağakərim keçən il Bakıda hüquq fakültəsini bitirmişdi və indi 

Mərdəkanda milisdə işləyirdi, buna görə də Ələkbər yenə toxdadı. 

Baladadaş Ələkbərə baxdı, daha tamam-kamal ayılmış Gümüş Malikə baxdı və 

şeytana lənət deyib, güc-bəla ilə çayxanadan çıxdı  və çayxananın təzə  rənglənmiş, 

cır-cır da cırıldayan qapısını ardınca çırpdı. 

Çayçı Qəzənfər rahat nəfəs aldı. 

Çayxanada oturanlar çox yaxşı başa düşdülər ki, Baladadaş niyə özünü saxladı, 

niyə çayxanadan çıxıb getdi, dava-dalaş salmadı. 

Məsələ burasında idi ki, düz altı gündən sonra Baladadaşın toyu idi. 

Çayxanada oturanların hamısı burasını da çox yaxşı başa düşdü ki, Ələkbər niyə 

ikibaşlı danışdı, ürəklə danışdı; təkcə ona görə yox ki, Ələkbərin kiçik qardaşı 

Ağakərim rayon mərkəzində milis işində  işləyirdi – bu öz yerində, hərçənd hamı 

bilirdi ki, Baladadaş da atası Ağababa kimi belə şeyləri vecinə alan oğul deyil; ona 

görə ki, – bax, məsələnin də böyüyü elə bunda idi! – Ələkbər kənd hamamının 

müdiri idi və bu kəndin bütün evlənən cavanları toy hamamına  Ələkbərin müdir 

olduğu bu bircə hamama gedirdi, Ələkbər də kefi istədiyi vaxt ya təmir adıyla, ya 

başqa bir adla hamamın qapısına yekə bir qıfıl vururdu və bu yekə qıfılı açdırmaq 

minnət istəyirdi, yaxşıca bir xələt istəyirdi. 




 

160


Bu kənddə arvadlar arasında birinci sözgəzdirən dəllal Zübeydə idi, kişilər 

arasında da birinci sözgəzdirən çayçı Qəzənfərin özü idi və təbii ki, elə həmin gecə 

Baladadaşla  Ələkbərin çayxanadakı bu «baxarıq»ları bütün kəndə yayıldı; 

Baladadaşın nişanlısı, tibb məntəqəsində tibb bacısı  işləyən Bikənin ürəyində bir 

nigarançılıq yayıldı ki, nə gecələr onu yatmağa qoydu, nə gündüzlər  əməlli-başlı 

toya hazırlaşmağa: birdən toyqabağı Baladadaşın əlindən bir xata çıxar; Baladadaşın 

anası Ağabacı hərdənbir toya hazırlıqdan macal tapıb oğluna yalvar-yaxar elədi ki, 

işin olmasın onlarla, xata-bəladılar başdan-ayağa,  əlləri pulla oynayır; Baladadaşın 

bacıları Nailə, Firuzə, Kəmalə, Amalə, Dilşad və Böyükxanım nigarançılıqdan 

bilmirdilər ki, nə eləsinlər, böyük qardaşları Baladadaşın köynəklərini daha səliqə ilə 

yuyurdular,  şalvarlarını, pencəyini daha cidd-cəhdlə ütüləyirdilər, çayını, xörəyini 

daha səliqə-sahmanla gətirirdilər; Baladadaşın atası Ağababa ilə Baladadaş arasında 

pərdə var idi və Ağababa təkcə bunu elədi ki, bir neçə dəfə mənalı-mənalı öskürdü 

Baladadaşın yanında;  Ələkbərin arvadı Anaxanım gecə soyunub ərinin yanına 

girməzdən  əvvəl başını daraya-daraya bir xeyli müddət Baladadaşın qarasına 

deyindi, xuliqandı, dedi, sən  Ətağanın cəddi,  Ələkbər, dedi, işin olmasın onnan, 

sonra yorğan-döşəyə girib ətli-canlı əndamı ilə ərinin naziksümük bədəninə bir sığal 

verdi və Ələkbəri qollarının arasına alıb dedi ki, toy günü açarı ver Səmədağaya, heç 

özün getmə hamama, istəyirsən bir yerdə kinoya gedək Bakıya; Gümüş Malikin 

bütün günü Bakıda – «Əlvida»da başı qarışıq olurdu, Baladadaş da, Ələkbər də 

yadından çıxırdı, amma elə ki, axşam qırmızı «Jiquli»sinə minib kəndə qayıdırdı, 

birdən Baladadaş gəlib düşürdü yadına və Gümüş Malik tamam dilxor olurdu; kənd 

Sovetinin katibi Suğra Baladadaşın kənddə birinci dostu şofer  Əzizağanı çağırıb 

tapşırdı ki, Baladadaş şuluqluq salsa, milisioner Səfər iş başında olacaq və dedi ki

guya,  Ələkbərə  də belə bir sifariş göndərib, amma Əzizağa Suğranın  Ələkbərə 

sifariş göndərməyinə inanmadı, çünki Suğra öz oğlunu Mərdəkanda milisdə  işə 

düzəltdirmək istəyirdi. 

Bütün kənd Baladadaşın toy hamamını gözləyirdi. 

Belə bir söz gəzirdi ki, guya kəndin ağsaqqalı  qəssab Ağakişi durub gedib 

Ələkbərgilə ki, çoxdandı  kəndin toyları dava-şavasız keçir, Ələkbər təzədən 

dilxorçuluq salmasın ortaya və guya, Ələkbər heç nə deməyib, amma gülümsəyib. 

Kəndin bir qismi adamı Ələkbərin susmağını belə yozurdu ki, toy günü Baladadaşla 

işi olmayacaq, elə də ürəkli adam deyil Ələkbər ki, Baladadaşa sataşsın; bir qisim 

adam da deyirdi ki, Ələkbər elə Ələkbərdi ki, gərək Baladadaşı ayağına gətirsin ki, 

kim kimdi, yoxsa ki, hörmətdən düşərlər  Ələkbərgil, yəni  Ələkbərin özü də 

hörmətdən düşər, Gümüş Malik də hörmətini itirər, çünki camaat baxıb görər ki, 

bunların elə qozqurtmağı var imiş... 

Əmirqulu günortadakı çaxır payını içib otururdu darvazalarının qabağındakı tut 

ağacının altında və kürəyini tutun yoğun gövdəsinə söykəyib hıçqıra-hıçqıra: 

 – Alə, davasız toyun nə ləzzəti?! – deyirdi. – Toyda gərək dava olsun də!.. Mən 

ölüm, – deyirdi, – mən də  bıçağı çoxdandı  işə salmıram. Pasdanıb bıçaq, xoşuma 

gəlmir... 

Eyvanda uşaqların pal-paltarını yuyan Xeyransa Əmirquluya tərəf boylanırdı, 

başqa bir adam eşitməsin deyə bərkdən yox, pıçıltı ilə dedi ki, elə qara yerə soxum 

səni, yaman da bıçaq vuransan... 



 

161


Dəllal Zübeydə Bakıda rayondan gəlib təhsil alan bir tələbə üçün kirayə ev 

tapmışdı və işin tərsliyindən Baladadaşın toy günü Bakıya getməli idi, amma məsələ 

gör hansı mərtəbəyə gəlib çatmışdı ki, Zübeydə bütün həyatında birinci dəfə azı on 

manatından keçdi, Bakıya getmədi ki, görsün bu mərəkənin axırı nə olacaq. 

Qohum-əqrəba bilirdi ki, Baladadaş Əzizağanın xətrini çox istəyir, ona görə də 

Əzizağanı sağdış seçdilər və Əzizağa da Bikəgilə söz göndərdi, Ağabacıya söz verdi 

ki, arxayın olsunlar, Ağababaya da dedi: 

 – Üreyüvü buz kimi elə, Ağababa dayı. Ölmüşəm beyəm?! 

Ağababa  Əzizağaya baxdı, amma bir söz demədi, çünki kəndin cavanları ilə 

arasında pərdə var idi və indi ya hirsini, ya nigarançılığını bildirib yüngülsaqqallıq 

eləmədi. 

Həmin gün qəribə bir gün çıxdı, elə bil, payızın sonu yox, yazın ortaları idi və 

həmin gün elə bil ki, kəndin  ətrafındakı qayalıqlar, üzümlüklər, qumsallıq, dəniz 

qəsdən yaz oyunu oynayırdı, elə bil əncir, nar, tut, heyva ağaclarının payız sarısı 

çıxıb getmişdi, yox olmuşdu, indi bu sarılıqda bir qızılı işıq gəlmişdi kəndə və Bikə 

də evdə başına yığışmış qız-gəlinin arasında oturub pəncərələrindən bu qızılı işıqlı 

kəndə baxırdı və ürəyindəki nigarançılıqla deyirdi: 

 – Allah onun canını sağ eləsin! Baxtından gör necə gün çıxıb bu gün! Ürəyi 

təmizdi Baladadaşın, onnandı... Allah onu başımızın üstündən əskik eləməsin!  

Dəllal Zübeydə belə vaxtlarda yaşa-zada fikir verməzdi, özünü salardı cavan 

qız-gəlinin arasına, bununla bir şit zarafat eləyərdi, o birisinə göz vurardı, o birisinə 

də him eləyərdi, amma bu dəfə dəllal Zübeydə də pəncərədən bu qızılı işıqlı kəndə 

baxdı və yana-yana: 

– Illahamin! – dedi və bu yanğısı ilə Bikənin Baladadaş sarıdan nigarançılığını 

daha da artırdı. 

Cavanlar məhəllədə mağar qurmuşdu, Ağababa Maştağadan xanəndə çağırmışdı 

və bu xanəndə öz dəstəsiylə gəlmişdi, hətta deyirdilər ki, guya, Hacıbaba Hüseynov 

özü gələcəkmiş, amma Bakıda yeyinti sənayesi işçiləri gününə  həsr olunmuş 

konsertə gedəsi olub. Bozbaş bişirməyə uşaq bağçasının aşpazı Hüseynqulunu dəvət 

eləmişdilər və Hüseynqulunun da ki, bozbaşı bütün bu tərəflərdə məşhuri-cahan idi 

və buna görə də kəndin birinci bozbaş yeyəni həkim Ağaəli səhər yerindən durandan 

dilinə bir şey vurmamışdı ki, Hüseynqulunun bozbaşının təmini yaxşı hiss eləsin. 

Və  həmin qızılı  işıqlı payız günü kəndə belə bir xəbər yayıldı ki, Ələkbər 

hamamda özü üçün öz şəxsi xərcinə düzəltdirdiyi kabinetində oturub kağız-kuğuzu 

sayğaca vura-vura deyir: 

 –  Səmədağa icazə alıb mənnən bu gün, həyətindəki güllərlə  məşğuldu. 

Demişəm ona ki, lazım olsa əgər, çağırram səni... 

Səmədağa hamamın ocaqçısı idi. 

Əlbəttə, bu o deyən sözdü ki, Baladadaş, ya da elə  Ağababanın özü ayağıma 

gəlsin, minnətə adam göndərsinlər, üzrxahlıq eləsinlər, onda baxarıq; Baladadaş da 

ki, camaatın içində Maştağada, Buzovnada, ya da ki, Şüvəlanda toy hamamına 

getməyəcəkdi ki; bəy də toy hamamına getməsəydi, bu toy nə Baladadaşa yaraşardı, 

nə də Ağababaya. 



 

162


Tay-tuş Baladadaşın xasiyyətinə yaxşı bələd idi və ona görə də toy hamamının 

vaxtı gəlib çatanda hamı mat-məəttəl qaldı və bilmədilər ki, nə eləsinlər; biri istədi 

gedib Ələkbərin anasından əmdiyi südü burnundan gətirsin, amma dedilər ki, birdən 

xoşu gəlmədi Baladadaşın, o biri istədi gedib bıçağı soxsun Gümüş Malikin qarnına, 

dedilər yaxşı deyil, Baladadaşın toy günü qan salmayaq ortaya, hamı naəlac qaldı və 

hamı baxdı Əzizağaya, Əzizağa da getdi Baladadaşın yanına: 

– Alə, dur gedək hamama! – Əzizağa dedi. – Kimdi, alə, Ələkbər, Allah vurub 

onu! Adamın ömründə bir dəfə toy hamamı olur. Gedək, sənün heç işün yoxdu, mən 

özüm deyərəm ona ki, Səmədağanı çağırtdırıb ocağı yandırtsın. Özüm billəm, necə 

danışaram onnan! 

Baladadaş əli ilə təzə ütülənmiş qara şalvarının dalını çırpıb: 

– Alə, tanımırsan məni sən? – dedi və elə dedi ki, elə bil, doğrudan da, şübhə 

edirdi ki, uşaqlıqdan bir məhəllədə böyüdükləri Əzizağa onu tanımır. 

Əzizağa: 

– Yaxçı! – dedi və doğrudan da, özündən çıxdı. – Sən öləsən, qərdeş canı, bu 

saat gedib Gümüş Maliki tapıcıyəm, özü gedib o əclafa hamamı  işə saldırmasa, 

tökəciyəm bağırsaqlarını yerə!.. 

Əzizağa elə bu sözləri deyib otaqdan çıxmaq istəyirdi ki, Baladadaş  əlini atıb 

divardakı xalçanın üstündən asılmış qoşalüləni götürdü və qundağı döşünə  sıxıb 

lüləsini Əzizağaya tuşladı: 

– Düş qabağıma! 

– Alə, dəli olmusan? 

– Demədim, alə sənə ki, düş qabağıma?! – Baladadaş bu sözləri elə dedi ki, bu 

tüfəng əhvalatının açıq-aşkar ciddiliyinə Əzizağanın heç bir şəkk-şübhəsi qalmadı. 

– Alə, mənə bax... 

– Sən bilirsən ki, mən belə zarafat ələmərəm! Düş qabağıma! 

– Alə, hara axı? 

– Toy hamamına! 

– Qan tökmək istəyirsən, alə? Yazıqdı, alə, Bikə... 

– Düş qabağıma! 

Əzizağa ürəyində  Ələkbərin atabaatasının goruna söydü, bir anın içində 

fikrindən keçirdi ki, əclaf köpəkoğlu  Ələkbər, hamımızı saldı zibilə, təzə-təzə 

özümüzə bir gün ağlayırdıq, təzə-təzə əlimiz çatırdı çörəyə (Əzizağa düz yeddi aydı 

ki, kənddən Bakıya və Bakıdan da kəndə  işləyən marşrut taksisi sürürdü və bu 

sürücü vəzifəsini xətirlər xətrinə Əzizağaya vermişdilər). 



 

163


Əzizağa qabaqda, Baladadaş da əlində tüfəng Əzizağanın dalınca evdən çıxanda 

hamam boğçaları elə-eləcə otaqda qaldı və bütün həyət-bacaya vəlvələ düşdü, aşpaz 

Hüseynqulu tut ağacının altında oturub toy bozbaşının soğanını soyurdu, qabaqda 

Əzizağanı, dalca da əlitüfəngli Baladadaşı görəndə, kişi həyatında birinci dəfə soğan 

əvəzinə barmağını  kəsdi; talvarın altında oturub çay içə-içə, qəlyan çəkə-çəkə 

özlərini axşamın toyuna hazırlayan Maştağa xanəndəsinin bütün dəstəsiylə bir yerdə 

gözü bərələ qaldı, hərçənd bu xanəndə Abşeronda az toy yola salmamışdı; arvadlar 

qışqırıq qopardı, cavanlar, uşaqlar Baladadaşgilin dalına düşdü;  Əmirqulu da 

darvazalarının qabağındakı tut ağacının altında oturub kürəyini söykəmişdi ağacın 

yoğun gövdəsinə və bütün dünya vecinə deyildi, amma qabaqda Əzizağanı, dalca da 

əlitüfəngli Baladadaşı görəndə, kəndin cavanlarının, yeniyetmələrinin, uşaqlarının 

da bunların dalınca getdiyini görəndə durub o da düşdü bu dəstənin dalına, xəbər 

gəlib Ağabacıya çatanda arvad əli ilə üzünü cırıb: «Vaxsey! – qışqırdı. – Evimiz 

dağıldı! – dedi. – Gedib öldürəcək o hamamçı  Ələkbər oğraşı!» Və başı alovlu 

həyətə qaçdı; Ağababa qaşlarını çatdı, heç kimə heç nə demədi, tütündən sapsarı 

saralmış barmaqları arasında tutduğu siqareti əncir ağacının dibinə tulladı, sonra təzə 

siqaret yandırdı; bir göz qırpımında xəbər gəlib Bikəgilə çatanda Bikənin ürəyi 

getdi, dəllal Zübeydə də heyfsilənə-heyfsilənə başını bulayıb dedi ki, axırıncı dəfə 

bu kənddə toy zamanı adam öldürmüşdülər, iyirmi il bundan əvvəl, heyf 

Baladadaşdan, özünü də hökumət güllələyəcək. 

Bütün kəndə səs yayılmışdı ki, Baladadaş sağdışı Əzizağanı da qabağına qatıb 

əlitüfəngli toy hamamına gedir və  təbii ki, bu xəbər gəlib hamamdakı kabinetində 

köhnə kağız-kuğuzları yalandan sayğaca vuran Ələkbərə də çatdı və Ələkbər bircə 

dəqiqənin içində təmkinini də itirdi, tədbirli olmağı da çıxdı getdi işinin dalınca, bir 

istədi ki, qaçıb kənd Sovetinin idarəsindən rayon mərkəzindəki kiçik qardaşı 

Ağakərimə zəng eləsin, amma ürək eləmədi çölə çıxsın, müsibət bir qorxu bürüdü 

canını, öz-özünə: « – Sənin ciyərün yansın, Malik! Tramvay altında qalasan səni! 

Ömründə  sənnən bir köpəkoğlu xeyir görüb ki, mən də saldım özümü bəlaya?» – 

dedi, sonra qışqırıb haray salmaq istədi ki, ay camaat, qoymayın, öldürəcək məni bu 

dəli, amma belə bir məqamda Ələkbər kəndin camaatına da etibar eləmədi, hamamın 

çöl qapısını içəridən bərk-bərk bağladı, sonra öz kabinetinin qapısını içəridən bərk-

bərk bağlayıb hamamın içində  tək-tənha qaldı; Baladadaş  gəlib bu qapıları bir-bir 

sındıranacan yəqin ki, milisioner Səfər özünü yetirəcəkdi bura, amma Ələkbər 

bilmədi ki, xəbər gəlib milisioner Səfərə çatanda camaat bir də baxıb gördü ki, yox, 

balam, Baladadaş hamama tərəf getmir, kənddən çıxıb dəniz kənarındakı qayalığa 

tərəf gedir və  kənddə  də cavan, yeniyetmə, uşaq qalmayıb, hamı düşüb  əlitüfəngli 

Baladadaşın və bu tüfəngin qabağınca yeriyən Əzizağanın dalına. 

– Alə, sal aşağı tüfəngi də!.. Gedirəm də, hara deyirsən gedirəm sənnən də, sal 

aşağı tüfəngi... 

– Səsüvü çıxarma! 

Kənd arxada qaldı və onlar qayalıqdan aşağı düşüb sahilə endilər. 

Həmin qızılı  işıqlı son payız günü dənizin, qumluğun, qayalığın və bütün bu 

tərəflərin üstündə böyük-böyük ağappaq buludlar donub qalmışdı  və bu ağappaq 

topa-topa buludların arasından, burdan, ordan göyün gömgöylüyü görünürdü. Dəniz 

boz-yaşıl idi, bütün üfüq boyu isə göy bir zolaq uzanırdı, elə bil ki, üfüq xəttindən o 

tərəfə  dənizin o biri hissəsi idi, ikinci yarısı idi və  dənizin o uzaq ikinci hissəsi 

tərtəmiz, gömgöy idi. 



 

164


Qayalıqdan qumluğa düşən kimi, Baladadaş əlindəki qoşalülənin qoşa gülləsini 

də havaya sıxdı  və o son payız günü bu sahilin sakitliyi belə pozuldu, sonra 

Baladadaş tüfəngi bir tərəfə tullayıb qaça-qaça və qaça-qaça da soyuna-soyuna 

özünü dənizə vurdu və elə bil ki, ancaq bundan sonra məsələnin nə yerdə olduğunu 

başa düşüb  Əzizağadan tutmuş bütün dəstə hamısı  qışqır-bağır sala-sala, yüyürə-

yüyürə, soyuna-soyuna lüt anadangəlmə olub dənizə atıldı və heç kim payızı vecinə 

almadı, dənizin bumbuz soyuğunu vecinə almadı və bu günəşli son payız günündə 

yəqin ki, sahilboyu sakitcə üzüşən balıqlar da bu qəfil şappaşurupdan, bu qəfil hay-

küydən, bu qəfil dəniz sevincindən hürküb birdən-birə elə bil dəli olmuş bu sahildən 

uzaqlaşdı. 

Birdən qəribə bir əhvalat baş verdi: Əmirqulu var gücü ilə sudan yuxarı atılıb 

var gücü ilə də: 

– Ələkbər! Ay Ələkbər! – deyə qışqırdı və bundan sonra bütün çimənlər hamısı 

bir-bir, sonra hamısı bir yerdə özlərini sudan yuxarı atıb: – Ələkbər! Ay Ələkbər! – 

deyə qışqırmağa başladı. 

– Ələkbər! Ay Ələkbər! 

– Ələkbər! Ay Ələkbər! 

– Ələkbər! Ay Ələkbər! 

Bu hay-küy, əllərin, ayaqların dəniz suyundakı  şappıltısına qarışıb yaydan, 

sentyabrın ortalarından bu yana neçə müddətdi ki, sakitlik içində olan, təkcə küləyin 

vıyıltısını, dənizin gurultusunu eşidən sahilə yayıldı, qağayılar, cüllütlər havaya 

qalxdı  və  yəqin ki, bu qəfil sahil oyanışından bir şey baş açmayıb səs sala-sala 

dənizdə çimənlərin başının üstündə uçdu. 

– Ələkbər! Ay Ələkbər! 

– Ələkbər! Ay Ələkbər! 

– Ələkbər! Ay Ələkbər! 

Dənizdə çimən həmin dəstə, qabaqda Baladadaşla Əzizağa, beləcə hay-küylə də 

kəndə qayıtdı  və artıq bütün bu əhvalatdan xəbərdar olan kənd camaatı da bəylə 

sağdışın dəstəsini beləcə hay-küylə gördü. 

 – Ələkbər! Ay Ələkbər! 

 – Ələkbər! Ay Ələkbər! 

 – Ələkbər! Ay Ələkbər!  

Və onlar gəlib hamamın yanından keçəndə Baladadaş ayaq saxladı, hamı səsini 

kəsdi və Baladadaş bərkdən qışqırdı: 

 –  Alə,  Ələkbər! O sənün hamamun, o da sən! Mən dənizdə çimdim! Özü də 

mənim oğlum... – Əvvəlcə Baladadaş söz tapa bilmədi ki, sözünün dalını  gətirsin, 

amma Baladadaş hiss elədi ki, bu yerdə  nəsə yaxşı, lap əntiqə bir söz deməlidi. – 

Mənim oğlum... – Baladadaş yenə bir söz tapa bilmədi. – Mənim oğlum... – Tapdı 

Baladadaş. – Mənim oğlum dənizə oxşayacaq, day sənün o xosma hamamuva yox! 

Sonra hamı yenə hay-küylə  kəndin aşağı başında qurulmuş toy mağarına tərəf 

getdi. 

Bu dəm Gümüş Malik də  Ələkbərin hamamından xeyli kənarda dayanmışdı, 

çünki Gümüş Malik istəmirdi ki, belə bir gündə camaat onu bu axmaq Ələkbərin 

hamamının yanında görsün. 

O ki, qaldı çayçı Qəzənfərə, çayçı Qəzənfər: 



 

165


 –  Sən öləsən, Nəcəf, düz bir həftə  səni... – Çayçı  Qəzənfər sözünü axıracan 

demədi, çünki gördü ki, Əmirqulu da yanlarında dayanıb ona qulaq asır və çayçı 

Qəzənfər Əmirquluya da müraciət eləyib sözünün dalını dedi: – Alə, Əmirqulu, səni 

də, düz bir həftə sizi çaya qonaq eliyəciyəm. Bir köpük də aldı yoxdu sizdən, mən 

ölüm, qonağımsuz! Alə, alə, tamaşaydı bu e, tamaşa!.. – Çayçı Qəzənfər gülməkdən 

qarnını tutdu. 

Kitabxanaçı  Nəcəf kəndin  ədalət uğrunda  ən birinci mübarizə aparanı idi və 

müftə  şeylə arası yox idi, amma bütün bu əhvalatdan sonra, kitabxanaçı  Nəcəf də 

çayçı Qəzənfərin birhəftəlik çay qonaqlığını qəbul etdi və: 

 – Oldu, qədeş! – deyib güldü. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin